Press "Enter" to skip to content

Qabil əliyev qafqaz tarixi

– Azərbaycan özü iqtisadi vəziyyətdən çətinlik çəkdiyi halda Dağlı Respublikasına böyük köməklik göstərirdi. O barədə danışmağınızı istərdim.

Qafqaz Evi ideyası: tarixi və bu günü

GİRİŞ: Strateji əhəmiyyətinə görə “Qafqaz Evi” Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının təhlükəsizlik və əməkdaşlıq təşkilatı, GUAM isə Avropaya çıxış yolu, “Qafqaz Evi” ilə “Avropa evi”ni birləşdirən vasitə və ya “körpü” kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, Qafqaz İttifaqı ilə bağlı nəzərdən keçirilən konsepsiyaların heç birində Ermənistan Respublikasının adı “Qafqaz Evi”nin yaradıcıları içərisində vurğulanmır, bu isə təsadüfi deyil, diplomatik dairələr, dünyanın görkəmli siyasətçiləri Ermənistanı Rusiyanın strateji müttəfiqi, onun “Qafqaz dəyənəyi və forpostu” hesab edirlər. Rusiya Federasiyası ilə Ermənistan arasında 1997-ci il avqustun 2-də imzalanmış 12 bənddən ibarət “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım” paktı iki dövlət arasında strateji müttəfiqliyin hüquqi ifadəsidir.

Bu ideyanı ilk dəfə Qafqazda Mirzə Fətəli Axundov irəli sürüb. O illərdə Axundov Qafqazda bu ideyanın üzərində işləyəndə Gürcüstanda İlya Çavçavadze, Ermənistanda isə Xaçatur Abovyan etnik millətçilik ideyası üzərində işləyirdilər.

“Qafqaz Evi” ideyası Axundovun və Mirzə Bala Məmmədzadənin fikirlərində əsas yerlərdən birini tuturdu ki, məhz XIX əsrin sonlarında Qafqaz maarifciləri ilə onlar arasında yazışmalarda bu ideya barədə ilkin müzakirələr gedirdi və onlar ideyanın təbliğini mühüm hesab edirdilər. Bu işin icrasında mühüm rolu isə Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsində təhsil almış Səlim bəy Behbudov oynayırdı. O, Bakı və Qarabağ milli təşkilatları ilə əlaqə qurmaq üçün sualtı gəmi ilə gizlicə Qafqaz sahillərinə gedərək oradan da Azərbaycana keçir. Eyni zamanda, 1915-ci ildə Türkiyədə marşal Fuad paşanın rəhbərliyi altında “Qafqaz Evi” adlanan siyasi təşkilatın Prezidiumunda Azərbaycanı təmsil edirdi.

Qeyd edək ki, o illərdə yaradılan “Difai” partiyasının da əsas qayəsi bu idi. “Difai” partiyası (“Qafqaz Müsəlman İttifaqı”) 1906-cı ilin payızında Ə.Ağaoğlunun başçılığı ilə Bakıda yaradılmışdı. Təşkilatın ilkin özəkləri Qarabağda təşkil olunmuşdu. Partiya əsasən erməni terrorçularının imperiyanın dəstəyi ilə türk-müsəlman əhalisinə qarşı silahlı hücumlarına, qırğınlar törətməsinə qarşı türk-müsəlman əhalisinin mü-qavimətini təşkil etmək zərurətindən yaradılmışdı. Lakin təşkilatın fəaliyyəti bununla məhdudlaşmamışdır. Belə ki, partiyanın qəbul etdiyi 52 maddədən ibarət proqramı da var idi ki, orada Qafqaz müsəlmanlarının milli birliyi və milli azadlığı ideyaları açıq təbliğ olunurdu. Hətta bu dövrdə keçmiş “Difai”çilər tərəfindən müstəqil Qafqaz müsəlman dövlətinin yaradılması ideyası irəli sürülmüş, Aslan xan Xoyski tərəfindən 1915-ci ilin fevralında gizli surətdə Ənvər paşaya belə bir dövlətin yaradılmasının layihəsi təqdim olunmuşdu. Sarıqamış məğlubiyyətindən sonra Ənvər paşa bu layihəni təsdiqləmiş, lakin müharibənin sonrakı gedişi bu ideyanın həyata keçməsinə imkan verməmişdir.

Axundovun birlik üçün maarifləndirici ideyaları təbliğinə baxmayaraq, Qafqaz evinin yaradılması ideyasını rəsmi səviyyədə Qafqaz regionunun müharibə dövründə inteqrasiya maraqlarını və fəaliyyətini ifadə etmək məqsədini daşıyaraq Məmməd Əmin Rəsulzadəyə aiddir. Rusiyada oktyabr inqilabından sonra Qafqazda Ermənistan, Gürcüstan və Azərbaycan daxil olmaqla, qısamüddətli (24 fevral-26 may 1918-ci il) Qafqaz Federasiyası yaradıldı. Bu, “Qafqaz evi”nin yaradılması istiqamətində ilk cəhd idi. Federasiya 26 may 1918-ci ildə Gürcüstanın, iki gündən sonra isə Azərbaycanın və Ermənistanın öz müstəqilliklərini elan etmələri ilə süquta uğradı. Bu barədə Türkiyə Cümhuriyyəti Baş Bakanlığının Osmanlı arxivində Azərbaycan Xalq Cümhuriyyətini yaradanların Osmanlı Türkiyəsinin hərb naziri Ənvər paşaya 1918-ci il mayın 22-si və 23-ü tarixlərində ünvanladıqları müraciət saxlanılır. Müraciətdə deyilir: “Paşa Həzrətləri! . Osmanlı hökumətinin tashihi-hüdud haqqındakı təklifi ilə müttəhid Qafqaz fikri məhv olur”. Buradan bu ideyanın reallaşmasında Osmanlının maraqlı olduğu görünür.

Üzeyir Hacıbəyovun “Biz hamımız Qafqazlı balasıyıq” adlı məqaləsində də ideyanın region üçün əhəmiyyətli olduğu qeyd edilirdi.

“Qafqaz birliyi”nin əsas müəllifilərindən biri olan Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də qafqazlı mühacirlər Azərbaycan Cümhuriyyətinin Paris nümayəndəliyinə yığışaraq “Qafqaz konfederasiyası”nı müzakirə etdilər və beləliklə, Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistan nümayəndə heyətləri arasında müştərək saziş imzalandı. Bolşevizmin Avropada yayılmasının qarşısını almaq üçün Fransa, İngiltərə kimi nəhəng güclər “Qafqaz konfederasiyası”nı müdafiə etdi və bu yöndə aktiv fəaliyyət üçün mühacir liderlərə maliyyə yardımı ayırdı.

Yeni yaranmış dövlətlər cəmi iki ildən sonra bolşeviklər tərəfindən süquta uğradıldı, 1922-ci ilin martından 1936-cı ilədək Leninin təklifi ilə Zaqafqaziya Sovet Sosialist Respublikası yaradıldı. Lakin bu ittifaqın müvəqqəti ideya olması bəlli idi. Bunu mühacirətdə olan ziyalılar bilirdilər. Ona görə də 1927-ci ildə Polşada Müstəqil Qafqaz Komitəsi yaradıldı. Azərbaycan M.Ə.Rəsulzadə və M.Ə.Mehdiyev, Gürcüstan N.Jardaniya, A.Çxenkeli, A.Asantnani, S.Mdivani ilə təmsil olundu. Simali Qafqaz adından isə M.Sunşev və İ.Xumşov üzv idi.

Yeni bir addım 1935-ci ildə Qafqaz Federasiyası Şurası adı altında yaradılan qurum oldu. Şura Azərbaycan, Gürcüstan və Şimali Qafqazın milli təşkilatlarından formalaşmışdı ki, əsas məqsədi respublikaların konfederasiya formasında müstəqil Qafqaz Respublikasının elan edilməsi idi. 1940-cı ildə şuraya Ermənistan da qoşuldu. Lakin yenə də bu, iflasa uğradı. Rəsulzadənin və onun mühacirətdəki gürcü dostlarının fəallığı ilə 1952-ci il dekabrın 11-16-da Almaniyanın Münhen şəhərində Ümumqafqaz konfransı keçirildi və Rəsulzadə orada Qafqazın gələcəyi, eləcə də Rusiyasız Qafqaz ideyası ilə bağlı fikirlər irəli sürdü. 1951-ci il yanvarın 18-də ABŞ-ın dəstəyi ilə SSRİ xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi yaradılanda, orada öz gürcü dostları ilə kommunist rejiminə qarşı ciddi mübarizə aparanlardan biri və birincisi Rəsulzadə idi.

“Qafqaz Evi” ideyasının qızğın tərəfdarı kimi azərbaycanlılar xüsusi fəallıq göstəriblər o illərdə. Sovetlər Birliyi dağılana kimi mühacirlərin yaşadığı ölkələrdə dövlət səviyyəsində mühüm sənədlərin qəbulu zamanı azərbaycanlılar ümumqafqaz maraqlarına əsaslanaraq Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri ilə əlbir fəaliyyət göstərirdi. Təəssüf ki, bizim günlərdə olduğu kimi, həmin dövrdə də ermənilər “Qafqaz evi”nə münasibətdə destruktiv mövqe tutduqlarından, region xalqlarının siyasi-iqtisadi və mənəvi birliyi üçün son dərəcə vacib olan bu ideyanı həyata keçirmək mümkün olmamışdı.

Sovetlər Birliyi dağılandan sonra -1989-cu ildə Qafqaz xalqları birlik üçün yenidən cəhdlər etməyə başladılar. Bu istiqamətdə ilk addım olaraq 1989-cu ildə Qafqaz Dağlı Xalqları Assambleyası quruldu və 1991-ci ildə bu təşkilat çeçenləri, kabardinleri, adıgeyləri, abazinləri, abazaları və Qafqazın digər xalqlarını birləşdirən bir Konfederasiyaya çevrildi. 1992-ci ilin sentyabr ayında Çeçenistanın ilk prezidenti Cövhər Dudayev Qroznıda “Ümumi Qafqaz Evi” təşkilatının üzvləri üçün dəyirmi masanın təşəbbüskarı oldu. “Ümumi Qafqaz Evi” forum kimi qeydiyyata alındı və onun başçısı prezident Cövhər Dudayev təyin edildi. Qafqaz evinin ümumi forumunun yaradılması ideyası Çeçenistanda müharibənin başlanması ilə dayandı. Sonralar bu missiyanı Gürcüstan və Azərbaycan qəbul etmişdir və bu, Bakıda keçirilən konfransda öz əksini tapmışdır. Konfransda Qafqaz xalqlarına regionda etnik konfliktlərin baş verməməsi üçün Ümumi Qafqaz Evinin yaradılması ilə bağlı çağırış səslənmişdir. Artıq mətbuatda “Qafqaz Evi”, “Qafqaz Xalqları Federasiyası”, “Qafqaz Konfederasiyası” kimi ideyalar ortaya atılırdı ki, Tiflis, Bakı, Nalçik, Mahaçqala, Qroznı kimi iri şəhərlərdə bir sıra qurultaylar da keçirildi.

Lakin bu ideyanın gerçəkləşməsinin qarşısını alan iki qüvvə – Rusiya və Ermənistan birgə hərəkət edirdilər. Çünki Ermənistanın qorxusu Qarabağda planlarının baş tutmayacağı idi. Onlar Rusiyaya müraciət edib iddia etdilər ki, çeçenlər Azərbaycana döyüşçü yardımı edib Qarabağdan onları çıxaracaq. Hətta Cövhər Dudayevin Bakıya gəlməsi, sonra Şevarnadze ilə görüşməsi onları qorxuya salmışdı. Onlar Qarabağda və daha sonra Samse Cavaxetiyada torpaq iddialarının əllərindən çıxacağından ehtiyat edirdilər.

Ermənilər o dərəcədə narahat olmuşdular ki, hətta “Nyu-York Tayms” qəzetində Azərbaycana Əfqanıstan və Çeçenistandan çoxsaylı muzdlu döyüşçülər gətirilməsi barədə məqalə də dərc etdirmişdilər.

Rusiya isə bunu bilirdi. Hətta gizli dairələrdə çeçenlərlə azərbaycanlılar arasında qarşıdurma yaratmaq istəkləri var idi. Buna görə bir müddət Rusiyadan Azərbaycana gələn nəqliyyat vasitələrinin çeçen hərbi geyimli dəstələr tərəfindən qarşısı alınırdı.

Bundan sonra onlar bu ideyanın gerçəkləşməsində öz maraqlarını irəli sürdülər. Buna görə də Rusiya tərəfindən təklif edilən “3÷1” modeli ortaya atıldı. Buna görə Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyanın yanında Çeçenistan istisna olmaqla, “Qafqaz Evi” yaradılmalı idi.

Daha sonra “3 ÷ 3 + 2” (Azərbaycan, Gürcüstan, Ermənistan + Rusiya, Türkiyə, İran + ABŞ, AB) modeli gündəmə gətirildi. Bu gün də ideyanın reallaşması üçün iki model üzərində təkliflər var. Lakin ortaq məxrəc əldə etmək çətindir. Çünki “Qafqaz Evi”nə daxil olacaq dövlətləri müxtəlif coğrafi və altmədəniyyətlər quruluşlarına aid olmaları il təsnif edirlər (Rusiyaya arxalanan erməniləri “Böyük Ermənistan”a, azərbaycanlıları türk dövlətlərini bir arada saxlayacaq Turana və gürcüləri Amerika və Avropanın təsiri altında olacaq Qafqazın özünə).

1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı 2 dövlət başçısının imzaladığı birgə Bəyannamə “Ümumi Qafqaz Evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcı oldu. Lakin Ermənistanın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması “Ümumi Qafqaz Evi” ideyasının həllini xeyli çətinləşdirdi.

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Xankəndi

Ərazi mübahisəsində ən güclü arqumentlərdən biri sözsüz ki, toponimlərdir. Bəs toponimlər özləri total şəkildə dəyişdiriliblərsə, onda necə?! Bu zaman onların əvvəl necə olduğunu görmək üçün tarixi xəritələrə baxmaq lazımdır. Belə də edəcəyik.

AzVision.az Rusiya İmperiyasının, eləcə də SSRİ dövrünün müxtəlif vaxtlara aid xəritə və atlaslarını oxucularına təqdim edəcək. Bunlar müxtəlif təyinatlı xəritələr olacaqlar (hərbi, topoqrafik, fiziki, inzibati). Amma bizə lazım olan məqsəd – toponimlərin necə dəyişməsini izləmək üçün hamısı yarayır.

Güney Qafqazın Rusiya İmperiyasına birləşdirlməsindən sonra dərc olunan ilk xəritələrdən biri 1858-ci ilə aid “Qafqaz diyarının baş xəritəsi”dir. Xəritəni “Hərbi məcmuə” (“Военный сборник”) aylıq jurnalı nəşr edib. 1858-1917-ci illərdə çıxan bu jurnal Rusiya İmperiyasının Hərbi Nazirliyinin rəsmi orqanı idi. İmperator II Aleksandr özü də jurnalı oxuyur və bəyənirdi.

Hərbi jurnalın ilk dərc etdiyi xəritələrdən birinin Qafqaza həsr olunması təsadüfi deyil. Rusiya İmperiyasının yenicə özünə birləşdirdiyi regionun müfəssəl xəritəsinə ehtiyac vardı.

Göründüyü kimi, Güney Qafqazın (Zaqafqaziya) qərbi 3 quberniyanın arasında bölünüb: Şamaxı, Tiflis və İrəvan quberniyaları. Onların inzibati sərhədləri qalın tünd-yaşıl xətlə göstərilib (Şamaxı quberniyasının ortasından axam Kür çayını sərhəd xəttilə qarışdırmayın). Hazırda “Qarabağ” kimi tanınan ərazi indiki Ermənistanın cənub-şərqi ilə birlikdə (yəni Zəngəzur mahalı olaraq) Şamaxı quberniyasının tərkibindədir. Orada Ermənilərə aid hansısa inzibati izdən söhbət də gedə bilməz.

Bir qədər də yaxından baxanda bölgənin iri mərkəz şəhəri kimi Şuşanı və onu Gəncə (Yelizavetpol) ilə birləşdirən yolu görürük. Şuşanın yanında daha kiçik yaşayış məntəqəsinin adı qeyd olunub: “Ханъ-кенды”. Azca yuxarıda isə “Ходжалинская”.

Bir də xatırladaq ki, bu xəritə 1858-ci ildə Rusiyanın Hərbi Nazirliyinin jurnalı tərəfindən dərc olunub. Əgər Qarabağdakı Rusiya Sülhməramlı Missiyası həqiqətən də “toponimlərə hörmət edirsə” (Volkov) “Stepanakert” sözündən birdəfəlik imtina edib, oranın adını əslində olduğu kimi “Xankəndi” yazmalıdırlar. Necə ki, 1858-ci ildə sələfləri yazıblar. Bu, həm də öz babalarına hörmət olardı.

İndiki Ermənistan ərazisinə nəzərə salanda isə aradan keçən müddətdə toponimlərin başına hansı oyunun gətirildiyini daha yaxşı görmək olur. Göyçə gölünün adı əvvəlcə Azərbaycan versiyasında yazılıb. Alagöz dağı ancaq Azərbaycan variantında verilib.

Bu, hazırkı Ermənistan ərazisində ən hündür zirvədir (4095 metr). Ermənilər ona “Araqaç” deyir və aparıb Urartu çarı Argiştiyə bağlayırlar. Halbuki, 160 il əvvəl dağın bircə adı var idi, o da Azərbaycan dilində (Üstəlik, necə də gözəl addır: “Alagöz”).

Göyçə gölünün yanındakı “Yeni Bəyazid” adlı yaşayış məntəqəsi dərhal diqqəti çəkir. Xəritənin işarələnmə sistemindən onun həmin dövr üçün kifayət qədər iri yaşayış məntəqəsi olduğu aydınlaşır. Hazırda Ermənistan ərazisində həmin yerdə heç bir yaşayış məntəqəsi yoxdur. İndi həmin ərazinin yaxınlığında Kəvər (“Gavar”) kiçik şəhəri var (sovet vaxtı “Kamo” adlanırdı).

1858-ci ilə aid xəritədə İrəvanın bütün ətrafı Azərbaycan-türk toponimləri ilə doludur. Onlar saymaqla qurtarmaz: Uluxanlı, Kəmərli, Qarabulaq, Sərdarabad, Gözəldərə, Bulaqbaşı. Hamısı da xəritədə açıq-aydın görünür!

Mövzu ilə daha dərindən maraqlananlar və xəritəni müstəqil şəkildə araşdırmaq istəyənlər onun böyük şəklini (10499*8642, 142 mb) əldə etmək üçün redaksiya ilə əlaqə saxlaya bilərlər.

Növbəti materialda sizi daha bir maraqlı tarixi xəritə ilə tanış edəcəyik.

Qabil Əliyev: “Azərbaycan Xalq Cümhuriyyəti ölkədə yaşayan bütün xalqlara münasibətdə demokratik mövqe nümayiş etdirirdi.”

– Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də Ermənistan Respublikasının qurulması Tiflisdə gerçəkləşib. Bu o dövrün reallıqlarından doğmuşdu. Çünkü Çar Rusiyası zamanı Tiflis Qafqazın inzibati mərkəzi idi. Qafqazın idarəçilik orqanları da həmin şəhərdə yerləşirdi. Öncə canişinlik, sonra xüsusi komitə, Zaqafqaziya Komissarlığı, Seym yarandı. Fevral inqilabından sonra Rusiyanın gələcəyi ilə bağlı ölkənin ictimai dairələrində ciddi fikir ayrılığı var idi. Konstitusiyalı monarxiya, respublika, federativ respublika, yoxsa unitar respublika olacağı ilə bağlı qəti fikir yox idi. Diqqət yetirirsinizsə, fevral inqilabından sonra yaranmış hökumət də bunların heç biri ilə bağlı qərar verə bilmədiyindən, adını müvəqqəti hökumət qoydu. Rusiyanın gələcəyini seçiləcək Müəssislər Məclisi həll etməliydi. Oktyabr çevrilişindən sonra bolşeviklər hakimiyyətə yiyələndi. Amma hakimiyyətdə olan menşevik, eser və kadetlər, digər siyasi dairələr tələb etdi ki, Müəssislər Məclisi çağırılsın. Noyabrın sonunda Müəssislər Məclisinə seçkilər keçirildi. Qafqaza da bəlli kvota ayrıldı. Qafqazdan, eləcə də Rusiyanın müxtəlif yerlərindən seçilənlər Petroqrada yığışıb, Rusiyanın gələcəyini müəyyənləşdirməli idilər. Yanvarın 5-də Rusiyadakı deputatlar Petroqrada yığışdı. Qafqazdan olan deputatlar isə Şimali Qafqazda – Dağıstan, Terek vilayətlərində anarxiya, dəmir yollarındakı basqınlar nəqliyyatın işini iflic etdiyindən, Petroqrada gedə bilmədilər. Əslində isə onların bəxti gətirdi. Petroqraddakı Müəssislər Məclisi cəmi bir gün fəaliyyət göstərdi. Çünkü seçkilərdə menşevikler, eserlər çoxluq qazanmışdı. Hakimiyyətdə isə bolşeviklər idi. Bolşeviklər bildirdilər ki, onlar hakimiyyətə gəliblər, xalqı da təmsil edirlər. Əgər onları tanımayacaqlarsa, Məclisi qovacaqlar. Qovdular da. Müəssislər Məclisi yalnız bir gün fəaliyyət göstərdi. Qafqazdan olan deputartlar gedənə kimi teleqram aldılar ki, artıq məclis qovulub. Qafqazdan olan deputartlar 11 gürcü nümayəndəsi idi ki, bunlar da əsasən menşeviklər idi, Azərbaycandan 10 müsavatçı, 2 nəfər bitərəf idi, 9 nəfər erməni nümayəndəsi isə əsasən daşnaklardan ibarət idi. Beləcə onlar bir araya gəldilər ki, Qafqazda Sovet Rusiyasını tanımırlar, amma idarə etmək üçün bir qanuni baza yaradılmalı idi. Fevralın 10-da üç qat artırılmış heyətlə Parlament – Zaqafqaziya Seymi işə başladı. Seymin də əsas işi o zaman Osmanlı dövləti ilə münasibətləri qaydaya salmaq idi.

– Amma Osmanlı ilə münasibətlər qurulanda şübhəsiz ki, ümumi Qafqaz mənafeyi ilə yanaşı, Seymə daxil olan deputatlar öz milli mənafelərini də önə çəkirdilər…

– Təbii ki, Osmanlı dövləti ilə danışıqların gedişində hər xalqın nümayəndəsinin dediyiniz kimi, ümumi Qafqaz mənafeyi və öz milli mənafeyi var idi. Və öz milli mənafelərini də ümumi Qafqaz mənafeyindən üstün tuturdular. Bu da parçalanmanı labüd etdi. Məsələn gürcülər, ermənilər, azərbaycanlılar Batum sülh konfransında üç fərqli mövqedən çıxış edirdilər. Osmanlı dövləti o zaman Brest sülhünə əsasən Qars, Ərdəhan, Batum bölgələrinin ona verilməsinə nail olmuşdu. Tarixi ədaləti bərpa etmişdi. 1877-1878-ci illər müharibəsi zamanı müsəlmanlardan ibarət bölgələr Rusiyaya keçmişdi və indi Osmanlı həmin bölgələri Rusiyadan geri almışdı. Cənubi Qafqazda yeni yaranmış dövlətlər də Osmanlı dövləti ilə dostluq münasibətləri qurmaq və gələcəkdə Osmanlının Rusiya ilə onlar arasında sabit bufer dövlət olmasını istəyirdilər. Osmanlı dövləti Qafqazda yaranmış hökumətlə əlaqələr qurub, öncə onları Brest müqaviləsində iştiraka dəvət etdi. Qafqazın o zamanki erməni, gürcü siyasi xadimləri, liderləri buna getmədilər. Çünki Brest sülhünün şərtlərini qəbul etmək istəmirdilər. Onlar Osmanlı dövləti ilə yeni danışıqlara gedib, Trabzonda ərazi məsələlərində güzəştə nail olmaq istəyirdilər. Osmanlı dövləti də normal əlaqələr qurmaq xatirinə onlarla ən müxtəlif məsələlərin müzakirəsinə hazır olduğunu bildirdi və konfrans işə başladı. Konfransın gedişində nə ermənilər Qarsın verilməsinə razı oldular. Onlar Qarsı “Ermənistan dövləti”nin tarixi mərkəzi adlandırırdılar. Nə də gürcülər Qara dənizin ən mühüm limanlarından olan Batumun Osmanlıya verilməsində güzəştə getdilər. Nəticədə Osmanlı tərəfi hərbi əməliyyata başlayıb onlara müqavilə ilə çatan əraziləri götürdü. Sonra isə hərbi əməliyyatı davam etdirib, əlavə ərazilər də götürdülər ki, bunlar əsasən müsəlmanların yaşadıqları bölgələr idi. Yeri gəlmişkən, Osmanlı dövlətinin irəliləməsi ermənilərin həmin bölgələrdə müsəlman əhaliyə qarşı törətdiyi qırğınların qarşısını aldı. Erməni qüvvələri tərəfindən möhkəmləndirilmiş Qarsın Kazım Qarabəkir tərəfindən götürülməsi Qafqazda siyasi vəziyyəti və müharibə ritorikasını dəyişdi. O vaxt 30 minlik gürcü korpusu və 40 minlik erməni hərbi korpusu var idi. Qarsın türklər tərəfindən alınmasından sonra, Qafqazın müharibə tərəfdarı olan siyasi xadimləri anladılar ki, Osmanlı ilə hərb dili ilə danışmaq nəticə verməyəcək. Akaki Çxenkeli Osmanlı dövləti ilə sülh yolu ilə anlaşmanın tərəfdarı idi. Əvvəlcədən də təkid edirdi ki, müharibə dövlət mənafeyi baxımından sərfəli deyil, ordunun vəziyyətini də daha real qiymətləndirirdi. A.Çxenkelinin başçılığı ilə yeni hökumət yaradıldı və Osmanlı dövləti ilə danışıqları asanlaşdırmaq üçün Azərbaycan nümayəndələri Çxenkeli hökumətində daha çox təmsil olundu. Batum konfransı işinə başladı, Seym daha öncədən elan etmişdi ki, Osmanlı dövlətinin tələbləri ilə razılaşır. Amma Osmanlı dövləti Batum konfransında bildirdi ki, bu tələblər Trabzon konfransı üçün keçərli İndi daha ciddi tələblər var. Onu da deyim ki, Osmanlının Qafqazdakı fəaliyyəti Almaniyanın planlarına cavab vermirdi. Çünki Almaniya Qafqazın sərvətlərini, nəqliyyat imkanlarını, xüsusən Bakı neftini ələ keçirməyə çalışırdı. Ona görə gürcülər təkidlə təklif edirdilər ki, onlara yardım olunacaq, müstəqilliklərini elan etsinlər. Onlar da Almaniya ilə razılaşmadan sonra mayın 26-sı müstəqilliklərini elan etdilər. Tiflisdə müsəlman Azərbaycan Milli Şurasının iclasında mayın 28-də isə Azərbaycanın müstəqilliyi elan edildi. Bu, həmin dövrün çox sürətlə cərəyan edən çox mürəkkəb hadisələrinin nəticəsi və Azərbaycanın böyük uğuru idi. Həmin vaxt Azərbaycan cəmiyyətində də bu hadisə birmənalı qarşılanmırdı. Bu nə müstəqillikdir, ordusu yox, maliyyəsi yoxdur deyirdilər. Ancaq başlamaq hər zaman ağrılıdır və çox yaxşı ki, həmin vaxt başlandı. Azərbaycanın müstəqilliyinin bünövrəsi qoyuldu.

– Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında münasibətləri necə xarakterizə edirsiniz?

– Azərbaycanla Gürcüstan bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə get­məklə həll etməyə müvəffəq olmuşdular. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, “xristian qonşulardan Gürcüstan Cümhuriyyəti ilə çox dostanə münasibət” yaradılmışdı. Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağlamışdılar. Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında sa­ziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mül­­­kiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gən­cə­yə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə dip­lomatik nümayəndəsi təyin etdi. O və diplomatik nümayəndəliyin digər işçiləri iki ölkə arasında çeşidli, o cümlədən də iqtisadi sahədə əlaqələrin yaradılması və inkişaf etdirilməsində çox böyük rol oynadılar. Bakı azad edildikdən sonra isə Gürcüstan hökuməti öz diplomatik nümayəndəsi Nikolay Kartsivadzeni Azərbaycana göndərdi. Gürcüstan Respublikasının diplomatik nümayəndəliyi 1918-ci il oktyabrın 2-də Bakıda fəaliyyətə başladı. Tiflisdəki Azərbaycan diplomatik nümayəndəliyi və Batumdakı konsulluq bölgədə türk və müsəlman əhalinin problemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, diplomatik nümayəndəlik Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu il aprelin 5-də Axalsix qəzasının zərər çəkmiş müsəlman əhalisinə 200 min rubl, konsulluq isə 1919-cu ilin mart ayında Batum vilayətindəki Azərbaycan təbəələrinə 10 min rubl, 1919-cu ilin mayında normal fəaliyyət göstərməsi üçün Batumdakı türk məktəbinə 10 min rubl yardım etmişdi. Azərbaycan və Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq hər iki respublikanın Versal sülh konfransındakı nümayəndə heyətlərinin fəaliyyətində də öz əksini tapmışdı. Həm Azərbaycan, həm də Gürcüstan nümayəndələri keçmiş Rusiya siyasi xadimlərinin və çar generallarının «vahid və bölünməz Rusiya» iddialarına qarşı ardıcıl mübarizə aparmış, bu istiqamətdə atılacaq addımları müntəzəm müzakirə edərək, əksər hallarda yekdil mövqedən çıxış etmişdilər.

– Qeyd olunan dövrdə İranda düzdür, daha çox ingilislər at oynadırdılar. Amma hər halda İran Azərbaycanın müstəqilliyini necə qəbul etdi?

– İran ilk gündən Azərbaycan adına qarşı çox kəskin etiraz etdi ki, dövlət bu adı götürə bilməz. Çünki Azərbaycan İranın bir bölgəsinin adıdır. Əslində dövlətin adının Azərbaycan seçilməyi müstəqil respublikanın ictimai-siyasi xadimlərinin çox böyük uzaqgörənliyi Çünkü İranın iddia etdiyinin əksinə olaraq “Azərbaycan” adı artıq monqol dövründən – XIII-XIV əsrlərdən Dərbəndə qədər bütün Azərbaycanı əhatə edən coğrafi anlam idi. Bu coğrafiya şimallı, cənublu Azərbaycandır. İndi isə bu ərazinin şimal hissəsində, Rusiya İmperiyasına daxil olan ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdu. İranın bu təkidləri müqabilində bir ara diplomatik yazışmalarda “Qafqaz Azərbaycanı” ifadəsi işlədildi, sonra isə buna ehtiyac olmadı. İranın özündə o zaman vəziyyət ağır idi, şah hakimiyyəti zəifləmişdi, üstəlik də siyasi reallıqları anlayırdılar ki, Müstəqil Azərbaycanın bütöv Azərbaycan iddiası yoxdur. Yeni respublika Rusiya İmperiyası hüdudlarındakı Azərbaycan torpaqlarının idarə edilməsi, oranın mənafeyinin qorunması ilə məşğuldur. İrandakı o xof tədricən götürüldü və sonra da düzdür, bir qədər gec olsa da normal münasibətlər bərqərar oldu.

– Azərbaycan özü iqtisadi vəziyyətdən çətinlik çəkdiyi halda Dağlı Respublikasına böyük köməklik göstərirdi. O barədə danışmağınızı istərdim.

– 1918-ci il mayın 11-də isə dağlı nümayəndə heyəti Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının (Dağlı Respublikası) yaradılması haqqında İstiqlal bəyannaməsi qəbul etdi. Osmanlı dövlətinə və onun müttəfiqlərinə bu haqda rəsmi nota verdilər. Əbdülməcid Çermoyevin və Heydər Bammatovun imzaladığı bu sənədlər Osmanlı dövləti rəhbərliyi tərəfindən məmnunluqla qarşılandı. Alman nümayəndə heyəti isə bu qurumun bütün Şimali Qafqazı əhatə etməsinə qarşı çıxdı, Kuban vilayətində kazaklarla münasibətləri daha önəmli saydığını nümayiş etdirdi. Mayın 24-də Ə.Çermoyevin başçılıq etdiyi Dağlı Respublikası hökuməti Gəncəyə köçdü. Dağlı Respublikası nümayəndə heyəti 1918-ci il iyunun 8-də Batumda Osmanlı dövləti ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. Bu müqaviləyə əsasən, Osmanlı dövləti Dağlı Respublikasına hərbi yardım etməyi və xarici təhlükələrdən müdafiə etməyi öhdəsinə götürdü. Azərbaycan Xalq Cümhuriyyəti də Şimali Qafqazda Dağlı Respublikası yaradıldıqdan sonra dağlı xalqlarına davamlı şəkildə maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları göstərməyə başladı. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 50 milyon manat həcmində maliyyə yardımı göstərdi ki, bu da 1919-cu il üçün AXC-nin dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi. Azərbaycan xalqının Şimali Qafqazın yerli dağlı əhalisi ilə çoxəsrlik siyasi, iqtisadi və mənəvi əlaqələri 1917-1920-ci illərdə milli müstəqillik uğrunda mübarizə dövründə daha da gücləndi və çoxşaxəli oldu. Azərbaycanın qabaqcıl ziyalıları, ictimai-siyasi xadimləri bəhs olunan dövrdə Şimali Qafqaz xalqlarının milli-azadlıq hərəkatını rəğbətlə izləyir və bütün mümkün vasitələrlə onlara yardım edirlər.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası (Dağlı Respublikası) yaradıldıqdan sonra Azərbaycanın dağlı xalqlarına maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları davamlı və sistemli xarakter aldı. Oktyabrın 13-də Ə.Çermoyevin başçılığı ilə Dağlı Respublikası hökuməti Dərbəndə, oktyabrın 24-də isə Temir-xan-Şuraya köçdü. Azərbaycan hökuməti onun normal fəaliyyətə başlaması üçün oktyabrın 8-də 1 milyon manat faizsiz kredit ayırdı. 1 ay sonra Dağlı hökumətinin maliyyə naziri Vassan Gəray Cabagiyev Bakıya gələrək, Azərbaycan hökumətindən yeni – bu dəfə 500 min manat həcmində maliyyə yardımı aldı. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyəti Dağlı Respublikasına həmçinin təmənnasız olaraq yanacaq, silah-sursat və s. göndərirdi. Nəhayət, 1918-ci il noyabrın 28-də Azərbaycan xalq Cümhuriyyəti ilə Dağlı Respublikası arasında müqavilə bağlandı. Müqaviləni Azərbaycan tərəfindən ticarət və sənaye naziri Behbud xan Cavanşir və maliyyə naziri Məmməd Həsən Hacınski, Dağlı hökumətinin səlahiyyətli nümayəndələri – sənaye və ticarət naziri Bahadur bəy Malaçixan və yollar, poçt və teleqraf naziri İbrahim bəy Heydərov imzaladılar. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlı hökumətinə 10 milyon manat məbləğində faizsiz kredit verdi. Bütün bu faktlar aydın göstərir ki, Azərbaycan, 1918-1920-ci illərin ağır şəraitində də Şimali Qafqazın yerli dağlı xalqlarına arxa durmuş, bütün mümkün vasitələrlə Dağlı Respublikasına sonadək yardım göstərmişdi.

– Əlbəttə, Azərbaycan dağlı xalqlarının Denikin ordusuna qarşı mübarizəsinə də yardım göstərirdi…

– Məmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində qeyd edir: “Biz çox yaxşı bilirdik ki, Şimali Qafqazın, dağlı xalqlarının milli hüqüqlarının qorunması, Azərbaycanın milli hüquqlarının qorunmasının eynidir. Əgər ruslar bolşevik qırmızı ruslar, istər ağ köhnə Rusiya tərəfdarları qarşısını biz Petrovskidə kəsməsək, onlar səhər yeməyini Petrovskidə (indiki Mahaç Qala), günorta yeməyini Bakıda yeyəcəklər”. 1919-cu ilin payızında Şimali Qafqazda dağlı xalqlarının hərbi dəstələrinin Denikin ordusuna qarşı silahlı mübarizəsi geniş miqyas aldı. Azərbaycandan və Türkiyədən gəlmiş könüllülərin fəal iştirak etdiyi hərbi əməliyyatlarda denikinçilərə ağır zərbələr vuruldu. AXC hökuməti bu hərbi əməliyyatların bütün xərclərini ödəyirdi. Hökumət başçısı Nəsib bəy Yusifbəyli Gürcüstanlı həmkarına ünvanladığı məktubda bu məqsəd üçün 30 milyon manat vəsait xərcləndiyini və daha 10 milyon manat ayrıldığını bildirmişdi. Dağlı Respublikası fəaliyyət göstərənə qədər Azərbaycan tərəfi bütövlükdə əlli milyona qədər ona yardım edib. Bu rəsmi sənədlərdə əks olunub. Bundan əlavə tibbi personal, yanacaq göndərilib. Dağlı hökuməti süquta uğrayanda da Azərbaycan çox çalışdı ki, hökumətin və parlamentinin üzvləri sağ-salamat Azərbaycana keçə bilsinlər. Azərbaycanda onlara qucaq açdılar. Azərbaycan hökumətinə daxil etdilər. Məsələn, Nəsib bəy Yusifbəyli baş nazir olandan sonra dağlı hökumət üzvlərindən biri olan Rəşid xan Qaplanov bizim maarif naziri oldu. Bakı Dövlət Universitetinin açılmasında da Rəşid bəy Qaplanovun xidmətləri var.

– Azərbaycanda ingilis hərbi missiyası fəaliyyət göstərirdi. Azərbaycanın Böyük Britaniya ilə münasibətləri necə qurulmuşdu?

– 1918-ci ilin noyabrın 17-də ingilis generalı Tomson Bakıya gələndə Azərbaycan hökumətini tanımaq istəmirdi. Hətta Azərbaycan bayrağını da endirməyi tələb etmişdi ki, belə bir dövlət tanımır. Azərbaycan nümayəndələri İngiltərə ilə münasibətləri çox qısa müddətdə normal məcraya yönəldə bildilər. Fətəli xan Xoyski çox böyük səy göstərdi və həm Tomsonu, həm də İngiltərə hökumətini inandıra bildi ki, Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı ilə dost olsa da, müstəqil respublikadır. Azərbaycan Xalq Cümhuriyyəti ölkədə yaşayan bütün xalqlara münasibətdə demokratik mövqe nümayiş etdirirdi. 1918-ci il dekabrın 7–də Parlament fəaliyyətə başlayanda 80 yer əhalinin əsas çoxluğu olan azərbaycanlılara, 20 yer ermənilərə, 9 yer ruslara, 1 yer polyaklara, 1 yer də yəhudilərə verilmişdi. Halbuki, nə Gürcüstan, nə də Ermənistan parlamenti əhalinin bütün təbəqələrini təmsil etmirdi. Bunlar hamısı ona imkan verdi ki, Fətəli xan Xoyskinin hökumətini İngilərənin buradakı qoşunlarının komandanlığı qəbul etsin. Nəticədə ingilislər bütün Azərbaycan ərazisində, Qarabağdan Andronikin dəstəsinin kənarlaşdırılmasında, Naxçıvanla bağlı məsələdə obyektivliyə daha yaxın mövqe tutmağa başladılar. Azərbaycan nümayəndə heyəti də Denikinə münasibət istisna olmaqla bütün məsələlərdə İngiltərə ilə münasibətləri normal şəkildə yürüdüb.

Gündüz Nəsibov, 1905.az

Müsahibə ilk dəfə 18 oktyabr 2018-ci ildə dərc olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.