Press "Enter" to skip to content

Qafar cəbiyev azərbaycan tarixi

Konfransın ikinci bölməsində Prof.Dr. Kübra Əliyevanın “Arxeologiya və incəsənət”, Prof.Dr. Osman Kunduracının “Muğla Yatağan çevrəsində Türk dövrü əsərləri”, Dos.Dr. Məhfuzə Zeynalova və Dr. Aygün Məmmədovanın “Ağsu rayonu ərazisində aşkarlanmış yeni numizmatik faktlar (Prof.Dr. Qafar Cəbiyevin rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar əsasında)”, Dr. Əhməd Aytacın “Azərbaycan Qarabağ və Anadolu Türk xalılarının naxış sxemi baxımından müqayisəli qarşılaşdırılması”, Dr. Fariz Xəlillinin “Dini tarixi abidələrin arxeoloji baxımdan öyrənilməsinə yeni çağırışlar”, Prof.Dr. Kamil İbrahimovun “Qafar Cəbiyev 70 – Zəhmət və istedad bir yerdə olanda” Aliyə Adıgözəlovanın “Görkəmli alimlər, nüfuzlu ziyalılar və tanınmış qələm sahibləri Prof.Dr. Qafar Cəbiyev haqqında” məruzələri dinlənilib.

Qafar Cəbiyev: “Lahıcda zərb olunmuş pullar ilk dəfə olaraq bizim tərəfimizdən tapılıb” – ИНТЕРВЬЮ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası apardığı qazıntı işləri zamanı qədim dəfinə tapıb. Həmin dəfinə və ümumilikdə Ağsu rayonu ərazisində aparılan arxeoloji qazıntıların nəticəsi ilə bağlı “Kaspi”nin suallarını Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev cavablandırır.

– Qafar müəllim, Ağsu arxeoloji ekspedisiyası nə vaxtdan fəaliyyət göstərir və əsasən, hansı ərazilərdə qazıntı işləri aparıb?

– Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası 2009-cu ildən fəaliyyət göstərir. Ağsu Arxeoloji ekspedisiyası MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə 2010-cu ilin mart ayından başlayaraq Orta əsr Ağsu şəhər yerində tədqiqat aparır.

Bu ekspedisiya indiyə kimi 15000 kvadrat metrə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıb. 2010-cu ilin mart ayında abidədə geniş miqyaslı arxeoloji tədqiqatlara başlanılıb.

Mart ayı ərzində arxeoloqlar tərəfindən orada 600 kvadrat metr sahədə qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində XVIII əsrə aid çoxsaylı bina qalıqları, istehsalat ocaqları, şəhərin küçə və meydanlarından biri və zəngin maddi mədəniyyət nümunələri aşkar edilib. 300-ə yaxın mis və gümüş sikkə, daş və metaldan qəliblər, külli miqdarda metal külçə və istehsalat çıxarları, metalişləmə sənətində istifadə olunan alətlər tapılıb.

Bütün bunlar həmin ərazidə, əsasən, metalişləmə sənətinin müxtəlif sahələri üzrə ixtisaslaşmış emalatxanaların mövcudluğundan xəbər verir. İçərisində qırmızı və çəhrayı rəngli boya qalıqları olan küplər və toz şəklində boyaq isə həmin ərazidə həm də boyaqçılıq emalatxanasının fəaliyyət göstərdiyinə dəlalət edir.

Əldə edilmiş çoxsaylı şirli və şirsiz saxsı qab nümunələri, daş, sümük və şüşədən olan məişət və təsərrüfat əşyaları dulusçuluq, daşişləmə, sümükişləmə və şüşə məmulatı istehsalı sahələrinin geniş şəbəkəsinin mövcudluğunu təsdiqləyir. Tapıntılar içərisində digər yerlərdən gətirilmiş bir çox məişət əşyaları və bəzək nümunələri də vardır. Bunlar bəhs edilən dövrdə Ağsu şəhərinin dünyanın bir çox şəhərləri ilə ticarət və mədəni əlaqələrinin olduğunu göstərir.

– Arxeoloji qazıntı nəticəsində tapılan maddi mədəniyyət nümunələri Ağsu şəhərinin qədim tarixə malik olduğunu tam əks etdirirmi?

– Ağsu XVIII əsrə aid şəhərdir. 1731-ci ildə Nadir şahın göstərişi ilə salınıb. Azərbayacanın son orta əsr şəhərləri içərisində əhalisinin sayına və tutduğu ərazinin böyüklüyünə görə fərqlənən Ağsu şəhəri 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri olub. Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi kimi xatırlanır. Şəhər 40 hektara qədər sahəni əhatə edir. Kvadrat formalıdır.

Qiblə istiqamətində tikilmiş sırf İslam şəhəridir. Qazıntılar nəticəsində bu şəhərin bir sıra ictimai binaları, sənətkarlıq məhəllələri, emalatxanaları, əsas və ara küçələr, meydanlar, şəhərin su təchizatı və kanalizasiya şəbəkəsinə aid geniş qurğular, möhtəşəm hamam binası, şəhərin 56 sütundan ibarət Cümə Məscidinin qalıqları, iki ədəd nəhəng su anbarı və nəhayət hazırda tədqiqatını apardığımız çox böyük anbar binası aşkar etdik. Anbar 250 kvadrat metr ərazini tutur.

– Sizin ekspedisiyanın apardığı qazıntılar nəticəsində əldə etdiyi ən uğurlu nəticələrdən biri də Ağsu rayonu ərazisində dəfinənin tapılmasıdır. Deyə bilərsinizmi, bu dəfinə, əsasən, nədən ibarətdir və neçənci əsrə aid edilir?

– İyunun 22-də səhər saat 08:30-da şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri aparılarkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxdı. Elmi heyətin nəzarəti altında sahə diqqətlə tör-töküntüdən təmizləndikdən və fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürüldü. Sikkələrin ümumi sayı 37 ədəddir.

Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, 31 ədədi isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir. Sikkələr Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qram, forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunub. Sikkələrin aversində latın dilində yazısı olan ornamentli kvadrat lövhə var.

Üzərində qısa olaraq MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP.” yazılıb. Yazının latın dilində açılışı belədir: “MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii”. Yazı tərcümə olunur ki, sikkənin üzərində “İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası hökumətinin sikkəsidir”, sözləri yazılıb. Sikkələrin reversində mərkəzdə zirehli cəngavər təsvir olunub. Cəngavərin sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində ox dəstəsi var. Cəngavərin sağ tərəfində dördrəqəmli miladi tarixin ilk iki rəqəmi, sol tərəfində isə son iki rəqəmi zərb olunub. Üzərində qısa olaraq latın dilində “CONCORDIA.RES.PAR.CRES.HOL.” yazılıb.

Yazının latın dilində tam açılışı belədir: “CONCORDIA RES PARvae CREScunt HOLlandiae”. Yazı hərfi mənada belə tərcümə olunur: “Uzlaşmış kiçik əşyaların çoxalması ilə – Hollandiya”. Yəni “Güc birlikdədir”. Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, o dönəmdə holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi. Bunlarla yanaşı, iyulun 9-da Ağsuda daha bir qızıl nümunə tapılıb. Bu isə qızıl sinəbənddir. Hazırda Ağsuda tədqiqatlar davam edir.

– Deyə bilərsinizmi həmin dəfinə indi harada saxlanılır? Qızıl sikkələri görmək istəyən vətəndaşlar hara üz tutmalıdırlar?

– Biz qazıntıdan sonra dərhal yerindəcə dəfinənin fotosunu çəkdik. Sonra ekspedisiya elmi heyətinin iştirakı ilə akt tərtib olundu. Sikkələr yerindən götürülüb ekspedisiya heyəti tərəfindən iki gün ərzində oxundu. Fotoları gələcək nəşrlər üçün çap olundu.

İki gün ərzində ilkin zəruri tədqiqat işləri başa çatdırılaraq, iyunun 25-də dəfinəni Arxeolgiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verdik. İndi həmin dəfinə Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

– Real bazar qiymətlərinə görə xəzinədəki sikkələrin dəyəri təxminən nə qədərdir?

– Tapılan qızıl pulları iki cür dəyərləndirmək olar. Birincisi tarixi yadigar kimi. O dəyərin həcmini müəyyən etmək olmaz. Çünki bu böyük dəyərdir. Bunu rəqəmlə ifadə etmək olduqca çətindir. İkincisi isə hazırda dünyadakı kommersiya bazarında həmin sikkələrin birinin hardasa 3500-7000 avro arasında dəyəri vardır. Bütövlükdə dəfinənin kommersiya dəyəri 130 min avroya bərabərdir. Ümumiyyətlə, Azərbaycan ərazisində yerli pullar çox tapılıb.

Bundan əvvəllər də belə tapıntılar olub. İlk nümunələr Makedoniyalı İskəndərin pullarına bənzədilərək zərb olunmuş Alban pullarıdır. Bunlar Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qəbələdə də aşkar olunub. Ağsu tədqiqatları zamanı ilk dəfə olaraq Lahıc zərbi ilə olan pullar tapılıb. Yəni, pul hər yerdə deyil, ayrı-ayrı şəhərlərdə zərb olunurdu.

Misal üçün, Şamaxıda, Dərbənddə, Qəbələdə, Bakıda və sair yerlərdə zərb olunmuş pullar var. Amma Lahıcda zərb olunmuş pullar ilk dəfə olaraq bizim tərəfimizdən tapılıb ki, bunlar da Ağsu qazıntılarında aşkar olunanlardır. Bir daha qeyd edim ki, təkcə bu pullar deyil, eləcə də digər çoxsaylı tapıntılar Ağsunun orta əsrlərdə, o cümlədən XVIII əsrdə Avropa şəhərləri ilə intensiv ticarət və mədəni əlaqələrdə olmasını göstərir.

Ağsu tədqiqatı zamanı biz bir miniatür-kaşı tapmışıq. Miniaturun üstündə təsvir olunmuş süfrədəki əşyalar, qablar qazıntıdan tapdığımız materiallarla uyğunluq təşkil edir. Bunların hamısı isə Avropa istehsalıdır. Bu faktın özü də Ağsu şəhərinin digər şəhərlərlə əlaqələrini bir daha təsdiq edir.

– Apardığınız arxeoloji qazıntılara, gördüyünüz işlərə, o cümlədən son olaraq qızıl dəfinəsini aşkarlamağınıza ictimaiyyətin və müvafiq dövlət qurumlarının diqqəti sizi qane edirmi?

– Bizim fəaliyyətimiz AMEA rəhbərliyi tərəfindən hər zaman diqqətdə saxlanılıb. Son qazıntılar zamanı əldə etdiyimiz nəticə isə daha yüksək qiymətləndirilib. AMEA Rəyasət Heyətinin sərəncamı ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun və Ağsu ekspedisiyasının rəhbərliyinə təşəkkür elan edilib və ekspedissiya üzvlərinə pul mükafatının verilməsi qərara alınıb. Arxeoloji tapıntılarla bağlı keçirilən mətbuat konfransı, bura çoxsaylı jurnalistlərin gəlməsi də bizim fəaliyyətimizə olan diqqətin göstəricisidir.

Uzun illər belə bir praktika mövcud idi ki, arxeoloqlar axtarırlar, tapırlar, yaxud bu barədə yazırlar və bütün bunlar qalır Akademiyanın divarları arasında. Bu tapıntılar, onların Azərbaycan tarixindəki əhəmiyyəti və yeri barəsində isə cəmiyyətin, ümumiyyətlə, məlumatı olmur. Media qurumlarını təmsil edən jurnalistlərin əməyi sayəsində geniş ictimaiyyət bu barədə xəbər tutur. Ən azından Azərbaycan cəmiyyəti bilir ki, harda nə tapılıb və bunun elmi əhəmiyyəti nədir.

Qafar cəbiyev azərbaycan tarixi

Beynəlxalq vebinar-konfrans başa çatıb

25-26 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidməti və onun “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu və İtaliya Yokoku Asossasiyasının təşkilatçılığı ilə “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda beynəlxalq vebinar-konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Memarlıq və İncəsənət İnstitutu, Lənkəran Regional Elmi Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univesiteti, Bakı Slavyan Universiteti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Ağsu şəhəri 1 saylı məktəb-lisey, Türkiyənin Səlcuq Universiteti, Adnan Menderes Universiteti, Het Universiteti, Mövlanə Muzeyi, İtaliya Yokoku Assossasiyası, Kultra təşkilatı, Şimali Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu, Belçika Türk Dərnəkləri Federasiyası, Rusiya Novosibirsk “Rusiya – Tarixim” Tarix Parkı, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunu təmsil edən alimlər və tədqiqatçılar iştirak ediblər.

Konfrans onlayn formatda – “zoom” platformasında baş tutub, “facebook”da canlı yayımlanıb. Konfransın açılış mərasiminin moderatoru “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Dr. Fariz Xəlilli olub. Konfransı Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev açıb. O, bildirib ki, Prof.Dr. Qafar Cəbiyev Ağsuda çoxsaylı qazıntılar aparıb və yeni arxeoloji abidələr aşkarlayıb. Onun tədqiqatları beynəlxalq arenada yaxşı tanınır. Bu tədqiqatların bazasında cənab Prezidentin sərəncamı ilə “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin rəis müavini, rəis səlahiyyətlərini icra edən Könül Cəfərova Prof.Dr. Qafar Cəbiyevlə arxeologiya sahəsində uzun müddətdir birlikdə çalışdıqlarını, beynəlxalq tədbirlərdə birlikdə iştirak etdiklərini xatırladıb. Konfransın ənənəvi hal almasını, digər qoruqların ərazisindəki arxeoloji abidələri araşdıran alimlər haqqında da belə konfransların keçirilməsinin zəruriliyini vurğulayıb. Milli Məclisin deputatı Tahir Kərimli son zamanlar Ağsuda görülən işləri təqdir edib, arxeoloji tədqiqatların geniş miqyasda aparılmasının önəmli olmasını qeyd edib. Prof.Dr. Qafar Cəbiyevin Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ və Kürdəmirdə apardığı tədqiqatların hər birinin kəşflərlə yadda qaldığını, son qazıntısının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ziyarət olunduğunu xatırladıb. Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Mehriban Eyyubova və İsmayıllıdan Əməkdar müəllim Ramiz Baloğlanov Prof.Dr. Qafar Cəbiyevin həmin rayonlarda gördüyü arxeoloji işlərdən danışıblar. Türkiyə Cümhuriyyəti alimləri adından Adnan Menderes Universitetinin müəllimi Əhməd Aytaç danışıb. O bildirib ki, Prof.Dr. Qafar Cəbiyev nəinki Azərbaycanın, həm də Türk dünyası alimlərinin müdrik ağsaqqalıdır. Azərbaycan Texniki Univeristetinin kafedra müdiri, Prof.Dr. Şikar Qasımov “Zəhmətlə yetmiş yaşın zirvəsinə ucalan alim ömrü” mövzusunda açılış məruzəsi edib. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, Dos.Dr. Həbibə Əliyeva söz alaraq Prof.Dr. Qafar Cəbiyevlə bağlı beynəlxalq konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamağı təklif edib.

Konfransın birinci bölməsində Prof.Dr. Tarix Dostiyevin “Orta əsr Qəbələ şəhəri professor Qafar Cəbiyevin tədqiqatlarında”, Prof.Dr. Habil Məmmədovun “Görkəmli arxeoloq Qafar Cəbiyevin “Şəhərgah yaşayış yeri” və “Muradxan dəfinəsi”nin öyrənilməsində rolu”, Prof.Dr. Əsədulla Cəfərov “Azərbaycanın orta əsr arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin fəaliyyəti”, Prof.Dr. Abbas Seyidovun “Tədqiqatçı-alim Qafar Cəbiyevin AAK-dakı fəaliyyətinə dair”, Prof.Dr. Arif Məmmədovun “Azərbaycan arxeologiyasının tədqiqində Qafar Cəbiyevin rolu”, Dos.Dr. Həbibə Əliyevanın “Şirvan abidələrinin aşkarlanmasında arxeoloq Qafar Cəbiyevin rolu”, Dr. Elmira Abbasovanın “Şamaxı rayonu Dəmirçi kəndində Gəgəli yaylağı nekrpolunun bəzək əşyaları haqqında” məruzələri dinlənilib.

Konfransın ikinci bölməsində Prof.Dr. Kübra Əliyevanın “Arxeologiya və incəsənət”, Prof.Dr. Osman Kunduracının “Muğla Yatağan çevrəsində Türk dövrü əsərləri”, Dos.Dr. Məhfuzə Zeynalova və Dr. Aygün Məmmədovanın “Ağsu rayonu ərazisində aşkarlanmış yeni numizmatik faktlar (Prof.Dr. Qafar Cəbiyevin rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar əsasında)”, Dr. Əhməd Aytacın “Azərbaycan Qarabağ və Anadolu Türk xalılarının naxış sxemi baxımından müqayisəli qarşılaşdırılması”, Dr. Fariz Xəlillinin “Dini tarixi abidələrin arxeoloji baxımdan öyrənilməsinə yeni çağırışlar”, Prof.Dr. Kamil İbrahimovun “Qafar Cəbiyev 70 – Zəhmət və istedad bir yerdə olanda” Aliyə Adıgözəlovanın “Görkəmli alimlər, nüfuzlu ziyalılar və tanınmış qələm sahibləri Prof.Dr. Qafar Cəbiyev haqqında” məruzələri dinlənilib.

Konfransın üçüncü bölməsində Prof.Dr. Vəfa Quliyevanın “Prof.Dr. Qafar Cəbiyevin ali məktəblər üçün “Azərbaycan arxeologiyasının əsasları” dərsliyi barədə”, Dos.Dr. Cavid Bağırzadənin “Professor Qafar Cəbiyevin tələbəlik illərinə dair xatirələr”, Dr. Afət Rüstəmbəyovanın “Polixrom üslublu “ay sirgalar” AMEA Milli Azərbaycan Tarix muzeyinin kolleksiyasında” Sənan Nemətovun “Orta əsr şəhərlərində hamamlar” mövzusunda məruzələri təqdim edilib.

Konfransın dördüncü bölməsində Prof.Dr. Luici Skrinzinin “Arxeoloji irsin konservasiyası və Qafar Cəbiyev”, Dr. Laura Rivaroli və Paola Morettinin “Şeyx Dursun türbəsinin konservasiyası”, Prof.Dr. Rubin Zemonun “Prof.Dr. Qafar Cəbiyev və Şimali Makedoniya-Azərbaycan elmi əlaqələri”, Dr. Francedco Borsarinin “Viterbo şəhəri yaxınlığında arxeoloji tədqiqatlar və Azərbaycanla əməkdaşlıq perspektivləri” mövzularında məruzələri dinlənilib.

Konfransın beşinci bölməsində Dos.Dr. Səfər Aşurovun “Şabran şəhər yerində son arxeoloji tədqiqatlar”, Dr. Gülzadə Abdulovanın “Ağsu arxeoloji ekspedisiyasının materialları XVIII əsr Azərbaycan etnoqrafiyasının öyrənilməsində mənbə kimi”, Dr. Günel Seyidəhmədlinin “Azərbaycanın dağ qala istehkamları”, Şəhla Xəlillinin “Prof.Dr. Qafar Cəbiyev və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi”, Dr. Laçın Mustafayevin “Qəbələ şəhərinin Qala abidəsində aparılan son illərin arxeoloji qazıntılarına dair”, Dos.Dr. Sevda Abdullayevanın “Azərbaycanda Səlcuqlular dövründə memarlıq və şəhərsalma mədəniyyəti”, Şəfa Mövsümovun “Qarabağda Kəbirli tərəkəmələrinin yaşayış yerləri və arxeoloji-etnoqrafik tədqiqatlar”, Pərvin Niftəliyevanın “Basqalda arxeoloji irsin qorunması məsələsi” mövzusunda məruzələr dinlənilib.

Konfransın yekun iclasında bölmə moderatorlarının məruzələri dinlənilib. Bütün məruzlərin səsləndirilən düzəlişlərdən sonra çap edilməsi məqsədəuyğun bilinib. Prof.Dr. Qafar Cəbiyevlə bağlı beynəlxalq konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət səsləndirilib və qəbul edilib. “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlilli konfransın keçirilməsində bütün əməyi olanlara minnətdarlıq edib.

SEVGİSİ BOYDA OLAN İNSAN.

Bəzən deyirlər ki, hər bir insan yaşadığı ömür tarixini özü yazır. xeyirxah əməlləri ilə, onu tanıyanların, xatırlayanların qəlbində buraxdığı isti, məhrəm izlərlə. Gedişindən, gərdişindən baş açmağın, baş saxlamağın çox çətin iş, bəlkə də bir qəhrəmanlıq olduğu indiki qarğaşalı zamanda kimlərəsə örnək ola biləcək bir həyat yaşayaraq tarix yazmağın özü də bir ayrı fədakarlıq və insan hünəridir.

Elə içində olduğumuz dünyanı mənalandıran, bizlərin yaşamaq şövqünü alovlandıran da ətrafımızda bu cür insanların olmasıdır. Qeyri-ixtiyari düşünürsən ki, dünyanın ləngərini saxlayan, insan adına xəlq olunmuş dəyərlərin səfini-sahmanını qoruyan, həqiqət tərəzisinin ədalət daşını qəribçiliyə düşməyə qoymayan tanıdığımız bu cür insanlardır.

Onların sırasında respublikanın böyük ziyalılarından, Əməkdar jurnalist, görkəmli arxeoloq-alim, tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyevin yeri xüsusilə görünür. Söz adamı haqqında söz demək bir ayrı məsuliyyətdir.

Sözün lütfü

Allahın öz yaratdıqlarına, xəlq etdiklərinə böyük lütfüdür.

Cümlə aləm Rəbbimizin “Ol!” kəlməsi ilə yaranmadımı?

İnsan öz şüurunun, düşüncələrinin məhsuludur, söz isə İnsanın kimliyidir.

Aristotel nahaq yerə demirdi ki, ey insan, danış, səni görüm!

Bizim Qafar Cəbiyev də məhz sözə mehr salmaqla, sözlə ömürlük əhd-peyman bağlamaqla onun könül həmdəminə çevrilməyi bacarmış qələm sahiblərindəndir. Başımı qaldırıb baxışlarımla ölkənin “söz təsərrüfatı”nın bügünkü səfini “darayıram”; əfsuslar olsun ki, onun kimi düşünənlərin, yazanların, sözün qəhrini, cəfasını çəkməyi ilahi lütf sayanların sırası seyrəlir. Və bu bizi ağrıdır.

İnsan cəmiyyətində yaşayırıq və heç şübhəsiz, hər birimizin bu sosiumdakı yerini, mövqeyini, müvazinətini, qiymətini müəyyənləşdirən əmsallar, dəyər kateqoriyaları mövcuddur. hardasa lap elə Rəsul Rzanın “Mən hansı bir insana bənzədim ki. ” rədifli şeirinin ideya-qayəvi konteksti kimi, yaxud sovet məktəblərində “Mən kimə oxşamaq istərdim?!” adlı sərbəst inşa yazılarının qəhrəmanı kimi. Yarış, müsabiqə, mübarizə, savaş, məqsədyönlülük insanı hədəflədiyi ünvana, gözaltı elədiyi zirvəyə, çatmaq istədiyi mənsəbə stimullaşdıran sosioloji drayverlərdir:

– Sən kimə bənzəmək istəyirsən? Nəçi olmaq istəyirsən?

Bu cür sualların cavabını toplumdakı seçkin insanlar öz fəaliyyətləri, həyat idealları, nailiyyətləri, davranışları, prinsipləri . ilə verirlər. Bu mənada Qafar Cəbiyev həm də keçdiyi həyat yolu ilə, jurnalistika və elmi fəaliyyəti ilə, kişiliyi, ləyaqəti, mövqe və əqidəsi ilə nəinki örnək olmağa layiq, bütövlükdə örnək yaratmış bir insandır.

O, məslək kimi jurnalistikanı seçməmişdi; –Həyatımın ən böyük arzusu jurnalist olmaqdı! – deyib də yaradıcılığı bir reportaja dəyməyənlərdən fərqli olaraq, yolunu dəqiq bəlirləmişdi – tarixçi olmaqdı istəyi. Həm də arxeoloq! Torpağın dərin qatlarında gizlənmiş sivilizasiyalara “artezian” vurmaq, insanı əcdadlarının tarixi, məişəti ilə tanış etmək, Azərbaycan ərazisinin unikal və müstəsna mədəniyyətlərə beşiklik etdiyini ortaya qoymaq! Ancaq tale dediyimiz də zaman və məkan imperativlərinə bağlı bir ali ədalət, ilahi bəsirətdir. Qafar müəllimin həyat yolunu aldığı təhsil deyil, istedadı, içindəki yaradıcılıq təşnəsi müəyyənləşdirdi. Öz rayonunda – İsmayıllıda bir illik müəllimlikdən sonra “Zəhmətkeş” qəzetində çalışmağa başladı.

Rayon qəzetlərinin bir xüsusiyyəti var ki, burada konkret ixtisaslaşma yoxdur; ideoloji işdən tutmuş təhsil, mədəniyyət, istehsalat, kənd təsərrüfatı, bir sözlə, qəzetin “üyüdə” bildiyi bütün mövzularda yazmağı bacarmalısan, yəni universal olmalısan. Zəhmətkeşliklə, hər bir mövzuya daha dərindən sirayət edib peşəkarlığını artırmaqla, yanaşı, jurnalist Qafar Cəbiyevin prinsipiallığı, haqsızlığa qarşı döyüşkənliyi, neqativlərə qarşı barışmazlığı da bu illərdə özünü göstərdi.

Sonralar bir müddət Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində elmi işçi kimi çalışsa da, həm ölkədəki, həm də elmdəki durğunluq onu yenidən qəzetə qayıtmağa sövq etdi. Bu dəfə səviyyə də, miqyas da, məsuliyyət də bir özgə idi. Q.Cəbiyev 1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışdı. Və bu mərhələni təkcə Qafar müəllimin deyil, onun yaradıcılığı timsalında Azərbaycan jurnalistikasının peşəkar qolunun ölkə tarixi üçün əhəmiyyətli bir dövrünün publisistik mənzərəsi, xülasəsi, müntəxabatı adlandırmaq mümkündür. Həmin illərdə bəndənizə onunla eyni kollektivdə işləmək qisməti nəsib olmuşdu və qürurla etiraf edirəm ki, qəzet səhifələrində “mismar”a çevrilmiş bir çox oxunaqlı yazıların, daşı-daş üstündə qoymayan dişli tənqidlərin, sərt məqalələrin müəllifi məhz Qafar Cəbiyev idi. O, bu cür yazıları ilə həm bir yaradıcılıq, peşəkarlıq məktəbi idi, həm də kişilik, ləyaqət, cəsarət, əqidə nümunəsi!

Həmişə sevə-sevə təkrarladığım bir yaradıcılıq prinsipi var: Əgər söz demək cəsarətdirsə, o sözü zamanında, məqamında söyləmək bir ayrı fərasətdir, məharətdir, bir özgə istedaddır. Bu yolda çox “mənəm-mənəm” deyənlər sındı, əridi, boyun əydi, uyğunlaşdı, boz bir möhtəviyyata çevrildi. Amma Qafar müəllimi həmişə başı dik, alnı açıq, ötkəm, şəstli və bütün bunların fövqündə hörmətli-izzətli gördük. Onun qələmində ustalıq zəngin həyat təcrübəsi və illərin məhək daşında ovxarlanıb cilalanmış müdrikliklə çulğaşaraq mövzusundan, janrından asılı olmayaraq bütün yazılarına ötkəmlik, inandırıcılıq, aktuallıq bəxş edir. Onunçün çətin mövzu yoxdur. Yalnız etik prinsiplər və dövlətçilik mənafeyi var. Bu gün cəmiyyətdə çoxlarının üstünə ayaq açdığı “şər qüvvə”lərin qulbeçələri zamanında onu qəzetdən perik salsa da, mətbuatdan küsmədi, içindəki yaradıcılıq şövqünü yenə bilmədi, yenə də yazdı, yaratdı, düşündürdü, çoxlarının yerinə qor saldı.

Respublikanın Əməkdar jurnalisti Qafar Cəbiyevin mövzusundan asılı olmayaraq qələmə aldığı hər bir yazısına təfəkkür dərinliyi ilə yanaşı, təhlil genişliyi, professional səriştə, üslub orijinallığı hakimdir. Bu isə yalnız illər boyu səbrlə toplanıb cilalanmış təcrübə sayəsində ərsəyə gələn keyfiyyətdir.

Sevilən və yolu gözlənən müsahibdir Qafar müəllim. Siyasət, elm, yaradıcılıq ətrafında xatirələrin körpü saldığı şirin söhbətlər onu çevrəsindəkilərə təkcə dövrümüzün ustad qələm sahiblərindən biri kimi deyil, həm də qayət səmimi, alicənab, dostluqda vəfalı və bir də Vətənini, millətini, dövlətini hədsiz məhəbbətlə sevən bir insan kimi tanıdıb. Dostları, iş yoldaşları, tanışları onu səbirsizliklə gözlədikləri hər bir görüşdə bir daha və yenidən kəşf edirlər.

Professor Qafar Cəbiyev Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 16 il Milli Tele-Radio Şurasının üzvü və sədr müavini kimi səmərəli fəaliyyət göstərmiş, obyektiv, prinsipial və peşəkar mövqeyi ilə yadda qalmışdır.

Elmin kəraməti

Yuxarıda sözün sehrindən bəhs etmişdik. Bəs elm?!

Elm Xaliqin öz övladına kərəm etdiyi ən qiymətli bəxşişdir.

Bir var insanın tarixi. Bu, daha çox yaddaşla bağlı bir hadisədir.

Bir də var tarixin yaddaşı, Sivilizasiyanın tərcümeyi-halı.

Bu “sivi” torpağın dərin qatlarında, suxurlarında gizlənib.

Qafar Cəbiyev, dediyimiz kimi, həm də əlində qazma tarixlə müasirlik arasında əlaqə yaradan arxeoloq-alimdir.

Cəsarətlə söyləyə bilərik ki, Qafar müəllim söz sənətində ucaldığı yüksəkliyi elmdə də fəth etmiş bəxtəvər insanlardandır. O heç vaxt elmdən ayrılmayıb, 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun Elmi Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Bakıya qayıtdıqdan sonra Qəbələ, Ağsu-İsmayıllı arxeoloji ekspedisiyalarının apardığı çöl tədqiqatlarında iştirak edib, bir müddət həmin ekspedisiyanın rəis müavini və Qəbələ ekspedisiyasının dördüncü dəstəsinin rəisi olub. Həm yaradıcılıq, həm də ictimai sahədə işlərinin başından aşmasına baxmayaraq, Q.Cəbiyev elmi tədqiqatlarını davam etdirərək 2007-ci ildə ölkə tarixşünaslığı üçün müstəsna əhəmiyyət kəsb edən bir mövzuda – Girdiman tarixindən doktorluq dissertasiya müdafiə etmişdir.

Arxeologiya sintez elm sahəsidir, multidissiplinar tədqiqatlara əsaslanır, tarixin məkan və zaman üfüqlərini əhəmiyyətli dərəcədə genişləndirir. Yazı beş min ildir ki, mövcuddur. Həmin dövrə qədər bəşər tarixinin təxminən iki milyon illə ölçülən tarixi var və onun öyrənilməsi məhz arxeologiyanın inkişafı sayəsində mümkün olmuşdur. Bu elm öz predmetini antropologiya, tarix, etnologiya, coğrafiya, geologiya, linqvistika, semiotika, sosiologiya, mətnşünaslıq, informatika, paleontologiya və b. elmlərlə əlaqədə öyrənir. Görünür, Qafar müəllimin universallığının bir səbəbini də elə məhz elmi məsləyində axtarmaq lazımdır. Bəzən bizim diqqətimizi cəlb etməyən adi daş, dəmir, saxsı parçası belə onun əlində dil açıb tarixin bütöv bir mərhələsindən xəbər verə bilir.

Professor Qafar Cəbiyevin tədqiqatları Azərbaycan ərazisində qədim mədəniyyətlərin, dövlət quruluşlarının üzə çıxarılması, onların mənsubiyyətinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. 2010-cu ildə görkəmli arxeoloqun “Girdiman tarixi (IV-IX əsrlər)” adlı fundamental tədqiqat əsəri işıq üzü görmüşdür. Ölkə tarixşünaslığı üçün müstəsna əhəmiyyət kəsb edən həmin əsər bu il “Elm və təhsil” nəşriyyatı tərəfindən rus dilində nəşr edilmişdir (Girdiman. Tarixi və tarixi coğrafiyası).

Məlum olduğu kimi, uzun illər ərzində qədim Azərbaycan dövləti olan Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında aparıcı mövqe tutan Girdiman vilayətinin siyasi tarixi və ərazilərinin lokalizəsi ilə bağlı tədqiqatçılar arasında çox ciddi fikir ayrılıqları mövcud olub. Girdiman vilayəti ərazilərinin lokalizəsi ilə bağlı olan bu yanlış versiyanı ilk dəfə elmi dövriyyəyə gətirən uzun illər SSRİ EA Şərqşünaslıq İnstitutunun Qafqazşünaslıq şöbəsinə rəhbərlik etmiş akademik S.T.Yeremyan olub.

İlk dəfə məhz professor Q.Cəbiyev Girdman vilayətinin Şirvan bölgəsində, daha konkret desək Ağsuçay-Girdimançay-Göyçay çayları hövzəsində lokalizəsinə dair mülahizələri bir sıra çox ciddi elmi dəlillər əsasında sübuta yetirməyə çalışıb və buna müvəffəq olub.

Alim bu gün də ciddi arxeoloji tədqiqatlarla məşğuldur. Prezident İlham Əliyevin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri bərpa və konservasiya işləri aparmaq üçün ilkin olaraq arxeoloji tədqiqatlara ehtiyac yaranmışdı. Bu məqsədlə Dövlət Turizm Agentliyinin müraciəti əsasında məhz prof. Q.Cəbiyevin rəhbərliyi ilə Qoruq ərazisində arxeoloji tədqiqat işləri aparılır.

“Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə bağlı 2019-cu il 22 oktyabr tarixli Prezident sərəncamının işıq üzü görməsində Qafar müəllimin zəhməti misilsizdir. Özünün də etiraf etdiyi kimi, Orta əsr Ağsu şəhərinin Dövlət Qoruğu elan olunması Mustafa xanın hakimiyyəti dövründə Şirvanın paytaxt şəhərinə çevrilən, Rusiya və İran ordu birləşmələrinin aramsız hücumlarına mərdliklə sinə gərən bir Azərbaycan şəhərini arxeoloji cəhətdən tədqiq edərək üzə çıxarmış olan elmi heyətin rəhbəri kimi həyatının ən əlamətdar hadisələrindən birinə çevrilmişdir.

Elə həmin il oktyabrın 29-da Qafar Cəbiyev ölkə Prezidentinə müraciət ünvanlayaraq yazırdı: “Sizin yeni qoruqların yaradılması ilə bağlı sərəncamınız Azərbaycan ziyalısı olaraq şüurlu ömrünü bütünlüklə tarixi-mədəni irsimizin tədqiqi və təbliği işinə həsr etmiş bir alim kimi məni qəlbən sevindirdi. Bu, Azərbaycan dövlətinin, cənab Prezident şəxsən Sizin tarixi-mədəni irsimizə olan hərtərəfli diqqət və qayğınızın bir bariz nümunəsidir”.

Şamaxının Avaxıl kəndində “Pir Ömər Sultan” ziyarətgahı adı ilə tanınan pirin məhz xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə Mədəniyyət Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə layihəsi əsasında prof. Q.Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya cari ilin mart ayının əvvəlindən etibarən tədqiqatlara başlayıb və maraqlı elmi-tarixi nəticələr əldə edilməkdədir.

Jurnalist-arxeoloqun elmi-publisistik irsi onun saysız kitablarında toplanıb. “Azərbaycan arxeologiyasının əsasları”, “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, “Girdiman tarixi”, “Yazılan qalacaq” və digər kitabları onun oxucusuna çatdırmaq istədiyi söz, mətləb olmaqla yanaşı, həm də elmi yanaşma ilə publisistik təhkiyənin uğurlu xəlitəsidir, fikir möcüzəsidir, oxucunun eşitmək istədiyi və heç bir zaman unuda bilməyəcəyi nağılvari həqiqətdir.

Ona görə də Qafar müəllimin bir jurnalist və arxeoloq-alim kimi uğurlarının, müvəffəqiyyətinin səbəblərini məhz onun universallığında axtarmaq doğru olardı. Həm söz sənətində, həm də elmi məsləyindəki o tədqiqatçı səbri, hər şeyin ən yaxşısına nail olmaq inadı onu seçdiyi hər iki yolda uğura qovuşdurub.

“Adam kimi adam”

Türk qardaşlarımız əməlini, kişiliyini, insaniyyətini bəyəndikləri adamı bu cür öyürlər, üstəlik əlavə də edirlər: On numara beş yıldız adam!

Qafar Cəbiyev haqqında da hamı birmənalı olaraq zəhmətkeş, halallığı əldən verməyən, təvazökar, xeyirxah adam kimi danışır. Bir adamın bu qədər qiymətli keyfiyyətləri öz şəxsində birləşdirməsi hər nə qədər çətin olsa da, mümkünsüz də deyil. Ancaq əsas şərt odur ki, bu məziyyətləri bütövlükdə həyat tərzinə, yaşam meyarına çevirməyi bacarasan.

Bu yaxınlarda V.Hüqonun “Kromvel” romanını təkrar gözdən keçirəsi oldum. Müqəddiməsində yazırdı: “Adilik – yaradıcılığın ölümüdür!” Qafar Cəbiyevin adiliklə, eklektika ilə, ehkamçılıqla . arası yoxdur. Həyatda da, yaradıcılıqda da, münasibətlərində də sıradan biri deyil, “sıradışı”, müstəsna, fərqli olmağa çalışır və bunu bacarır.

Şərq fikir tarixinin babalarından Əbu Turxanın maraqlı bir ifadəsi var; deyir ki, hər bir insan öz sevgisi qədərdir. Qafar müəllim də bu cür, ən azı Talıstanın sığındığı dağlar qədər böyükdür – Vətənə, millətə, dövlətə, sözə, elmə, insanlara, dostluğa, gözəlliyə … sevgisi ilə!

70 yaş az deyil! Nə etmək istədiyini, həyatda məqsəd və məramını bilən üçün çox da deyil. Bir də deyirlər ki, gülün ən gözəl ləçəkləri sonuncu töküldüyü kimi, həyatın axşam saatları da ən gözəl ola bilir. Elə isə gözəl axşamlara doğru, Qafar müəllim!

Xalid Niyazov,

Əməkdar jurnalist

Şərhlər

Akif m 2020-09-01 20:53:10

Biz Qafar müəllimi belə də tanımışıq. Onun Milli Televiizya Şurasından uzaqlaşdırılması doğru münasibət deyildi. Bu gün ideoloji qayğılarımızı məhz belə ziyalılara etibar etmək lazımdır. Xalid müəllim, yazıya görə təşəkkürlər.

Comments are closed, but trackbacks and pingbacks are open.