Press "Enter" to skip to content

Qafqaz tarixi.

Güney Qafqazın Rusiya İmperiyasına birləşdirlməsindən sonra dərc olunan ilk xəritələrdən biri 1858-ci ilə aid “Qafqaz diyarının baş xəritəsi”dir. Xəritəni “Hərbi məcmuə” (“Военный сборник”) aylıq jurnalı nəşr edib. 1858-1917-ci illərdə çıxan bu jurnal Rusiya İmperiyasının Hərbi Nazirliyinin rəsmi orqanı idi. İmperator II Aleksandr özü də jurnalın oxuyur və bəyənirdi.

Qafqazda erməni tarixi necə yaradıldı?

“Zati-alilərindən xahiş edirik ki, cənab İvan Fyodoroviç Paskeviçi barışıq vaxtı İran şəhər və kəndlərində yaşayan ermənilərin Rusiya himayəsi altında sərbəst geri qayıtmalarını nəzərdə tutan maddənin sazişə daxil edilməsinə razı salasınız”.

Erməni katolikosu Nerses Aştrakesi 1827-ci ilin noyabrında o vaxt Təbrizdə olan, yeni ələ keçirilmiş Azərbaycan xanlıqlarının ərazisinə İran ermənilərinin yerləşdirilməsinə rəhbərlik etmək üçün rus komandanlığının xüsusi olaraq Peterburqdan dəvət etdiyi çar ordusunun polkovniki Yeqizar Lazaryana (Lazarev) belə yazırdı. İran və Rusiya arasındakı ikinci müharibənin (1826-1828) taleyi artıq həll olunmuşdu və 10 fevral 1828-ci ildə Qacarlar səltənətinin varisi Abbas Mirzə və general İvan Paskeviçin öz möhürləri ilə təsdiqləyəcəkləri sülh müqaviləsinin mətni rus qoşunlarının ələ keçirdikləri Təbrizdə yazılırdı. Ermənilik səbrsizliklə həmin günü gözləyirdi.

Azərbaycanın bölünməsinə və Azərbaycanın şimal xanlıqlarının (İrəvan və Naxçıvan istisna olmaqla) Rusiyanın əlinə keçməsinə səbəb olan Rusiyanın İranla birinci müharibədə (1804-1813) qələbəsi və Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ermənilərin köçürülməsini xeyli irəli çəkdi. 1826-cı ildə ikinci Rusiya-İran müharibəsi başladı. Qacarlar dövləti Rusiyanın birinci müharibədə ələ keçirdiyi Azərbaycanın şimal torpaqlarını geri qaytarmağa hazırlaşırdılar. Müharibə tərəflərin bir-birini əvəzləyən uğuru ilə müşayiət olunurdu. Əvvəlcə Abbas Mirzənin (Fətəli şah Qacarın oğlu və varisi) qoşunları Hüseynqulu xan Bakuvinin, Uğurlu xanın (1804-cü ildə rusların qətlə yetirdikləri Cavad xan Gəncəlinin oğlu) və Mustafa xan Şamaxılının yardımı ilə Qarabağı (Şuşa istisna olmaqla) və Şirvanı öz nəzarəti altına aldılar. Ruslar Qubadan və Şəkidən sıxışdırılıb çıxarıldılar və Lənkəranı tərk etdilər. Lakin Şəmkir ətrafında gürcülərlə birləşən ruslara məğlub olan İran qoşunları geri çəkilməli oldular.

Tezliklə Gəncə yaxınlığında Abbas Mirzənin qoşunları darmadağın edildi. 1827-ci ilin sentyabrında general İ.Paskeviçin qoşunları Naxçıvanı ələ keçirdilər və İrəvanı mühasirəyə aldılar. İrəvanın azsaylı erməniləri burada da öz mahiyyətlərini bir daha nümayiş etdirdilər. İrəvan qalası çox möhkəm idi və hələ uzun müddət layiqli müqavimət göstərə bilərdi. Lakin ermənilər şəhərin şimal qapılarını açdılar və ruslar şəhərə soxuldular. 1827-ci ilin oktyabrında Paskeviçin qoşunları Cənubi Azərbaycana doğru yürüş edərək Mərənd və Xoyu götürdülər, Təbriz qarət olundu.

Müharibənin yekunu Təbrizdən 50 km məsafədəki Türkmənçay kəndində imzalanan, İrəvan və Naxçıvan xanlıqlarının Rusiyanın tərkibinə keçdiyini təsdiqləyən müqavilə oldu. İran çox böyük təzminat ödəməli oldu (o vaxtkı pulla 20 milyon rubl). İstisnasız olaraq yalnız Rusiyanın Xəzərdə donanma saxlamaq hüququ təsdiq edildi. Müqavilənin imzalanması Araz çayı ilə ikiyə bölünən Azərbaycan xalqının faciəsinin başlanğıcı oldu.

Türkmənçay müqaviləsinin XV maddəsində erməni katolikosunun yuxarıda qeyd edilən xahişi öz əksini tapdı: “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst köçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir.”

Eyni zamanda müqavilənin XIV maddəsinə uyğun olaraq yeni hakimiyyətə “uyğun gəlməyən” Azərbaycan zadəganları və ruhaniyyətin nümayəndələri zorla İranın dərinliklərinə sürgün edilirdilər. Onların əmlakları isə ya xəzinəyə, ya da köçürülən ermənilərə keçirdi. Ermənilər dərhal azərbaycanlıların əmlak və torpaqlarını ələ keçirdilər. İş o yerə çatdı ki, hətta katolikos Nersesin “erməni xalqının sadiq müdafiəçisi” adlandırdığı A.S.Qriboyedov da general İ.Paskeviçə məktubunda azərbaycanlı əhaliyə, o cümlədən zadəganlara qarşı törədilən özbaşınalığı və onların təbii narahatçılıqlarını çatdırmışdı.

20 mart 1828-ci ildə çar I Nikolay bu müqaviləni ratifikasiya etdi, daha sonra isə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Erməni vilayətinin yaradılması haqqında fərman imzaladı. 1849-cu ildə bu vilayət İrəvan quberniyasına çevrildi. 24 dekabr 1829-cu ildə polkovnik Lazarev köçürülmənin nəticələri ilə bağlı Paskeviçə yazdığı məktubda köçürülmə işlərinin 26 fevral 1829-cu ildə başladığını, 11 iyun 1829-cu ildə sona çatdığını göstərirdi.

Bu dövr ərzində 8200 erməni ailəsi (50 min nəfər) İrəvan, Naxçıvan və Qarabağ əyalətlərinə köçürülmüşdü. Tezliklə (1829-cu ildə) Rusiya və Osmanlı imperiyası arasındakı müharibənin nəticələrinə görə müqavilə bağlandı. Həmin müqaviləyə əsasən, Türkiyədən Azərbaycan torpaqlarına 90 min erməni köçürüldü. Erməniləri əsas etibarilə Qarabağ, İrəvan, Naxçıvan, Göycə və Zəngəzur vilayətlərində yerləşdirirdilər. Ruslar Azərbaycanın bu vilayətlərini təsadüfən seçməmişdilər. Bu gələcəkdə boş yerdə Qafqaz ermənilərinin tarixini yaratmaq üçün lazım idi.

Azərbaycanın məhz göstərilən vilayətlərində çoxlu qədim alban məzarlıqları, məbədləri, digər tarixi və mədəni abidələr var idi. Çar hakimiyyəti ermənilərin Qafqaz Albaniyasının bütün tarixi və mədəni abidələrini mənimsəmələri üçün bütün şərtləri yaratdı. Rusiya imperiyasına Qafqazda ermənilərin şəxsində forpost lazım idi. Azərbaycan torpaqlarına erməni axını Rusiya imperiyasının süqutuna kimi davam etdi.

Day.az saytının materialı əsasında Gündüz Nəsibov hazırladı

Qafqaz tarixi.

Ərazi mübahisəsində ən güclü arqumentlərdən biri sözsüz ki, toponimlərdir. Bəs toponimlər özləri total şəkildə dəyişdiriliblərsə, onda necə?! Bu zaman onların əvvəl necə olduğunu görmək üçün tarixi xəritələrə baxmaq lazımdır. Belə də edəcəyik. AzVision.az Rusiya İmperiyasının, eləcə də SSRİ dövrünün müxtəlif vaxtlara aid xəritə və atlaslarını oxucularına təqdim edəcək. Bunlar müxtəlif təyinatlı xəritələr olacaqlar (hərbi, topoqrafik, fiziki, inzibati). Amma bizə lazım olan məqsəd – toponimlərin necə dəyişməsini izləmək üçün hamısı yarayır.

Güney Qafqazın Rusiya İmperiyasına birləşdirlməsindən sonra dərc olunan ilk xəritələrdən biri 1858-ci ilə aid “Qafqaz diyarının baş xəritəsi”dir. Xəritəni “Hərbi məcmuə” (“Военный сборник”) aylıq jurnalı nəşr edib. 1858-1917-ci illərdə çıxan bu jurnal Rusiya İmperiyasının Hərbi Nazirliyinin rəsmi orqanı idi. İmperator II Aleksandr özü də jurnalın oxuyur və bəyənirdi.

Hərbi jurnalın ilk dərc etdiyi xəritələrdən birinin Qafqaza həsr olunması təsadüfi deyil. Rusiya İmperiyasının yenicə özünə birləşdirdiyi regionun müfəssəl xəritəsinə ehtiyac vardı.

Göründüyü kimi, Güney Qafqazın (Zaqafqaziya) qərbi 3 quberniyanın arasında bölünüb: Şamaxı, Tiflis və İrəvan quberniyaları. Onların inzibati sərhədləri qalın tünd-yaşıl xətlə göstərilib (Şamaxı quberniyasının ortasından axam Kür çayını sərhəd xəttilə qarışdırmayın). Hazırda “Qarabağ” kimi tanınan ərazi indiki Ermənistanın cənub-şərqi ilə birlikdə (yəni Zəngəzur mahalı olaraq) Şamaxı quberniyasının tərkibindədir. Orada Ermənilərə aid hansısa inzibati izdən söhbət də gedə bilməz.

Bir qədər də yaxından baxanda bölgənin iri mərkəz şəhəri kimi Şuşanı və onu Gəncə (Yelizavetpol) ilə birləşdirən yolu görürük. Şuşanın yanında daha kiçik yaşayış məntəqəsinin adı qeyd olunub: “Ханъ-кенды”. Azca yuxarıda isə “Ходжалинская”.

Bir də xatırladaq ki, bu xəritə 1858-ci ildə Rusiyanın Hərbi Nazirliyinin jurnalı tərəfindən dərc olunub. Əgər Qarabağdakı Rusiya Sülhməramlı Missiyası həqiqətən də “toponimlərə hörmət edirsə” (Volkov) “Stepanakert” sözündən birdəfəlik imtina edib, oranın adını əslində olduğu kimi “Xankəndi” yazmalıdırlar. Necə ki, 1858-ci ildə sələfləri yazıblar. Bu, həm də öz babalarına hörmət olardı.

İndiki Ermənistan ərazisinə nəzərə salanda isə aradan keçən müddətdə toponimlərin başına hansı oyunun gətirildiyini daha yaxşı görmək olur. Göyçə gölünün adı əvvəlcə Azərbaycan versiyasında yazılıb. Alagöz dağı ancaq Azərbaycan variantında verilib. Bu, hazırkı Ermənistan ərazisində ən hündür zirvədir (4095 metr). Ermənilər ona “Araqaç” deyir və aparıb Urartu çarı Argiştiyə bağlayırlar. Halbuki, 160 il əvvəl dağın bircə adı var idi, o da Azərbaycan dilində (Üstəlik, necə də gözəl addır: “Alagöz”).

Göyçə gölünün yanındakı “Yeni Bəyazid” adlı yaşayış məntəqəsi dərhal diqqəti çəkir. Xəritənin işarələnmə sistemindən onun həmin dövr üçün kifayət qədər iri yaşayış məntəqəsi olduğu aydınlaşır. Hazırda Ermənistan ərazisində həmin yerdə heç bir yaşayış məntəqəsi yoxdur. İndi həmin ərazinin yaxınlığında Kəvər (“Gavar”) kiçik şəhəri var (sovet vaxtı “Kamo” adlanırdı).

1858-ci ilə aid xəritədə İrəvanın bütün ətrafı Azərbaycan-türk toponimləri ilə doludur. Onlar saymaqla qurtarmaz: Uluxanlı, Kəmərli, Qarabulaq, Sərdarabad, Gözəldərə, Bulaqbaşı. Hamısı da xəritədə açıq-aydın görünür!

Mövzu ilə daha dərindən maraqlananlar və xəritəni müstəqil şəkildə araşdırmaq istəyənlər onun böyük şəklini (10499*8642, 142 mb) əldə etmək üçün redaksiya ilə əlaqə saxlaya bilərlər.

Növbəti materialda sizi daha bir maraqlı tarixi xəritə ilə tanış edəcəyik.

TARİX İNSTİTUTU

“Qafqaz tarixi” şöbəsi 2002-ci ildən fəaliyyətə başlamışdır. Şöbənin rəhbəri tarix elmləri doktoru İradə Bağırovadır. Şöbədə 8 nəfər elmi əməkdaş çalışır. Tarix İnstitutunda qafqazşünaslıq sahəsində yüksək ixtisaslı mütəxəssislərin olmamasına baxmayaraq, qısa müddət ərzində şöbənin daxili potensialı hesabına tədqiqatçılar kollektivi formalaşdırılmışdır. Şöbə işçiləri tərəfindən qafqazşünaslığa və qonşu ölkələrin tarixinə aid müvafiq elmi ədəbiyyat, arxiv materialları və mətbuat məlumatları toplanılmışdır. Bu istiqamətdə iş davam etdirilir. Şöbənin perspektiv planına əsasən XVIII əsrdən müasir dövrədək Qafqaz tarixi üzrə fundamental kollektiv monoqrafiyanın hazırlanması, ilk dəfə olaraq Qafqazda türk etnoslarının tarixinin tədqiqi nəzərdə tutulur. Tədqiqat mövzularının bir hissəsi Cənubi Qafqaz ölkələrinin tarixini, xüsusilə də Gürcüstan-Azərbaycan tarixi əlaqələrini əhatə edir ki, bu problemin də orta əsrlər dövrü qismən tədqiq olunmuşdur. Bu tədqiqatların nəticəsi olaraq, “Azərbaycan – Gürcüstan münasibətləri tarixi (XVIII – XXI əsrin əvvəlləri)” adlı monoqrafiya işıq üzü görmüşdü.

Bununla yanaşı, şöbənin fəaliyyətində XVIII əsrdən başlayaraq Azərbaycanın Şimali Qafqazla münasibətlərinin və Azərbaycan Respublikasının şimal-qərb regionunun tarixinin tədqiqinə də xüsusi yer ayrılmışdır. Bununla əlaqədar “Şimal-qərbi Azərbaycan tarixi” adlı kollektiv monoqrafiya nəşr edilmişdir. Ümumiyyətlə, şöbənin tədqiqat planlarında 50-dən çox mövzunun araşdırılması nəzərdə tutulur. Bu həm Qafqazın keçmiş tarixinin öyrənilməsinə, həm də gələcək inkişafı üçün proqnozlar verməyə imkan yaradacaqdır. Bu isə perspektivdə, həm də, şöbənin regionda tanınmış elmi-tədqiqat mərkəzinə çevrilməsinə ümid verir. 2007-ci ildən başlayaraq şöbənin elmi təklifləri əsasında institut Elmi Şurasının qərarı ilə bir sıra fundamental əsərlər nəşr olunmuşdur. Şöbə əməkdaşları 7 cildlik “Azərbaycan tarixi”nin V cildinin hazırlanmasında yaxından iştirak etmişlər

Comments are closed, but trackbacks and pingbacks are open.