Press "Enter" to skip to content

Qafqaz xalqlarının xvi-xix əsrin birinci yarısı tarixinin tarixşünaslığı

ELM
· İlk Azərbaycanlı kimyaçı alim Möhsün bəy Xanlarov olmuşdur

XIX əsrin I yarısında Azərbaycan mədəniyyəti

MAARİF
· Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi və burada bu sahənin inkişagı Rusiyadan asılı idi
· Rusiya maairifi Avropa dövlətlərindən geri qalırdı
· Təhsil silki səciyyə daşıyırdı
· Maarifin inkişafına az vəsait buraxılırdı

· Dövlət məktəblərinin açılmasında məqsəd – Hökümət diyarın müxtəlif idarələrində işləmək üçün yerli əhalidən məmurlar hazırlamaq idi
· 1829-cu il Cənubi Qafqaz məktəbləri haqqında nizamnaməyə görə qəza məktəbləri təşkil olunmalı idi (ilk qəza məktəbi 1830-cu ildə Şuşada açılmışdı)
· 1849-cu ildə Şimali Azərbaycanı da əhatə edən Qafqaz Tədris dairəsi yaradılmışdır
· 1853-cü il məktəb nizamnaməsinə görə Şimali Azərbaycanda birsinifli ibtidai məktəblər yaradılmalı idi (ilk belə məktəblər 1854-cü ildə Qubada və Ordubadda yaradılmışdı)
· Dövlət məmurları hazırlamaq məqsədilə 1854-cü ildə Şamaxıda ali dördsinifli məktəb açılmışdı
· İlk dərslikləri yaradanlar: Dementyev və M.Kazımbəy olmuşdur (1839-cu il)
· M.Kazımbəy hazırladığı “Türk-tatar dilinin qrammatikası” dərsliyinə görə Demidov mükafatı almışdır
· Dünyəvi müsəlman məktəblərinin yaradılması haqqında ilk təşəbbüs A.Bakıxanova məxsusdur (1832-ci ildə müsəlman məktəbləri təsis edilməsi haqqında layihə hazırlamışdır, lakin qəbul olunmadı)
· Azərbaycanın işğalından sonra da ibtidai məktəblər mollaxanalarda cəmlənmişdi (1801-ci ildə Şuşada İbrahim xan məscidi nəzdində yaradılmış məktəb bu dövrdə də fəaliyyət görsədirdi)
· Belə məktəblərdə ərəb dili və Quran öyrədilirdi
· Mirzə Şəfi Vazeh belə məktəblərdə dərs keçirdi
· Şimali Azərbaycanda əhalinin qəza məktəblərinə çox ləng cəlb edilməsi və hökümətə sadiq ruhanilər hazırlamaq üçün çarizmi “müsəlman məktəbləri” açmaöğa vadar etdi (ilk belə məktəb Tiflisdə açılmışdı)
§ “Müsəlman məktəbləri” əhalinin hesabına saxlanılırdı
§ Çarizm məqsədyönlü şəkildə şiə və sünni təriqətləri üzrə təşkil olunurdu
§ Hökümətin məqsədini doğrultmadı və tədricən fəaliyyətləri dayandı

MƏTBUAT
· Azərbaycan türkcəsində ilk qəzetlər XIX əsrin birinci yarısında çap olunmağa başlamışdır
· 1832-ci ildə Tiflisdə “Tiflisskiye vedomosti” qəzetinin “Tatar xəbərləri” adlı əlavəsi nəşr olunurdu (burada əsasən qanunlar, sərəncamlar çap olunurdu)
· Bu vərəqin hazırlanmasında A.Bakıxanov da iştirak etmişdir
· 1841-1846-cı illərdə “Zaqafqazski vestnik”in Azərbaycan türkcəsində buraxılışı – “Qafqazın bu tərəfinin əxbarı” nəşr olunurdu
· Bu ayrı-ayrı qəzetlərin əlavələri milli mətbuatımızın yaranması deyildi
· Azərbaycanda ilk mətbəə 1858-ci ildə Şamaxıda açılmışdı

ELM
· Tarixşünaslıq sahəsində əsas yeri müxtəlif Azərbaycan xanlıqlarının tarixinə aid əsərlərin yazılması təşkil edirdi

Şəki xanlığı
Qarabağ xanlığı
Quba xanlığı
Kərim ağa Şəkixanov
Mirzə Adıgözəl bəy
Mirzə Camal Cavanşir
İsgəndər bəy Hacınski

· Mirzə Camal Cavanşirin “Qarabağ tarixi” əsəri Mirzə Adıgözəl bəyin “Qarabağnaməsi”ndən fərqli olaraq bu əsərdə siyasi hadisələrlə yanaşı, xanlığın sosial-iqtisadi həyatına aid də faktlar verilmişdir
· Azərbaycan tarixini ilk dəfə elmi əsaslarla yazan alim Abbasqulu ağa Bakıxanov olmuşdur.
· Ababsqulu ağa Bakıxanov:
§ Rusiyanın İran və Osmanlılarla apardığı müharibələrdə (1826-1829) iştirak etmişdi
§ Türkmənçay müqaviləsində tərcüməçi olmuşdur
§ 1841-ci ildə “Gülüstani-İrəm” əsərini yazmaqla ilk dəfə Azərbaycan tarixini bütöv şəkildə (ilk insanların məskunlaşmasından 1813-cü ilə qədər) yazmışdır
§ “Gülüstani-İrəm” əsəri ilk dəfə 1923-cü ildə “Azərbaycan tarixi” adı ilə Azərbaycan türkcəsində çap edililmişdi
· Bu dövrdə fəlsəfə elmi sahəsində çalışan alimlər – A.Bakıxanov və Mizrzə Şəfi Vazeh olmuşdur
· Coğrafiya sahəsinin alimləri sırasında A. Bakıxanov və Hacı Zeynalabdin Şirvani olmuşdur
· Bakıxanov “Kəşfül-Qəraib” əsəri Kolumbun Amerikanın kəşfinə həsr edilmişdir
· Hacı Zeynalabdin Şirvani 37 il Şərq ölkələrinə səyahət etmişdi
· Bu dövrün şərqşünas alimləri Mirzə Cəfər Topçubaşov və Mirzə Kazımbəy olmuşdur
· Mirzə Cəfər Topçubaşov:
§ Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentində tərcüməçi işləyib
§ Baş Pedaqoji İnstutda (Peterburq Universiteti) kafedra müdiri və professor kimi çalışıb
§ 15 il Rusiya Arxeologiya cəmiyyətinin Şərq sikkəşünaslığı şöbəsinə rəhbərlik edib
§ Bir sıra tarixi əsərlər (“İran xrestomatiyası”, “Monqollardan Teymurləngə kimi” və s.) yazıb
§ Şərqşünaslığın inkişaf etdirməsinə görə Böyük Britaniya Kral Cəmiyyətinin həqiqi üzvi seçilmişdir
· Mirzə Kazımbəy:
§ 17 yaşında “Ərəb dilinin müxtəsər qramatikası” əsəri yazıb
§ Kazan Universitetində dekan vəzifəsində çalışıb
§ 1853-cü ildə Peterburq Universitetində Şərqşünaslıq fakültəsini açaraq onun ilk dekanı olub
§ Bir sıra tarixi əsərlər yazıb (“Müridizm və Şamil”, “Bab və Babilililər”, “Dərbəndnamə” və s.)
§ Rusiya elmlər akademiyasının müxbir üzvi olub
§ Böyük Britaniya Kral Cəmiyyətinin üzvi olub

İNCƏSƏNƏT
· Bu dövrün ən məhşur xanəndəsi Səttar olmuşdur (O, italyan skripkaçısı Malaqollinin Tiflisdəki konsertində muğam oxumuşdur)
· 1817-ci ildə “Dərbəndli Fətəlinin İran mahnısı” ilə Azərbaycan xalq mahnısı ilk dəfə nota alındı
· Təsviri sənətin nümayəndəsi rəssam Mirzə Qədim İrəvani olmuşdur (O, ilk zamanlar divar rəsmləri və bədii tikmə sahəsində çalışmışdır. İrəvan xanı Hüseyqulu xanın sarayının bərpasında və çəkdiyi portretlərlə məhşur idi)
· Miniatür rəssamlığın nümayəndəsi isə Məhəmməd Rza İrəvani olmişdur (Onun “Şikəstin sağalması” əsəri hal-hazırda Peterburqda Ermitaj muzeyində saxlanılır)
· Baş memarı olan ilk Azərbaycan şəhəri – Şamaxı olmuşdur (Baş memar Qasım bəy idi. O, Şamaxıda köhnə anbar binasını teatr binasına çevrilməsi layihəsini hazırlamışdır)

XIX əsrin II yarısında Azərbaycan mədəniyyəti

MAARİF
· Bu dövrdə Şimali Azərbaycanda kapitalizmin coşqun inkişafı nəticəsində mədəniyyət inkişaf etdi
· Azərbaycanda Avropa tərbiyyəsi görmüş yeni milli ziyalılar nəsli yetişməyə başladı
· Rusiyada ali təhsil almış ilk azərbaycanlı Ağa bəy Yadigarov olmuşdur
· Qərbi Avropada ali təhsil almış ilk azərbaycanlı Məmmədağa Şahtaxtinski (Almaniyada Leyspiq Universiteti) olmuşdur
· Sankt-Peterburq universitetinin hüquq fakülətisinin ilk azərbaycanlı məzunları – Əlimərdan bəy Topçubaşov, Camo bəy Hacınski və Aslan Səfikurdski olmuşdur
· Rusiyada hərbi məktəbləri bitirənlər isə Əliağa Şxlinski və Səməd bəy Mehmandarov olmuşdur
· 1894-cü ildə Naxçıvan və Ordubadda məktəb partaları, qlobus, yazı taxtası olan Azərbaycan məktəbləri açılmışdı
· Bu dövrdə yeni təlim üsulu – “Üsuli-cədid” təşəkkül tapmışdı
· 1872-ci il 13 may “Əsasnaməsinə” əsasən qəza məktəbləri pullu şəhər məktəbləri ilə əvəz olunmalı idi (ilk pullu şəhər məktəbi 1874-cü ildə Şuşada açılmışdı)
· 1874-cü il 24 may “Əsasnaməsinə” görə xalq məktəbləri yaradılırdı (dövlət məktəblərindən fərqli olaraq, bu məktəblərdə yalnız kəndlilərin uşaqları oxuyurdu və cismani cəza tətbiq edilmirdi). İlk xalq məktəbləri Qazaxı qəzasının Dağkəsəmən, Şuşa qəzasının Cəbrayıl kəndlərində və Göyçay qəza mərkəzində təşkil olunmuşdur.
· 1887-ci ildə Bakıda H.Mahmudbəyov və S.Qənizadə tərəfindən ilk rus-Azərbaycan məktəbi yaradılmışdı
· 1865-ci ildə Bakıda ilk orta təhsil məktəbi (gimnaziya) yaradıldı
· 1874-cü ildə Bakıda “Müqəddəs Nina” məktəbi əsasında ilk qadın gimnaziyası təşkil edilmişdir
· Qafqazda müəllim hazırlayan ilk təhsil müəssisəsi Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutu olmuşdur
· 1876-cı ildə Qori şəhərində (Gürcüstan) Cənubi Qafqaz (Qori) Müəllimlər Seminariyası təşkil olundu (1879-cu ildə onun Azərbaycan şöbəsi açıldı. Şöbənin ilk rəhbəri Çernyayevski olmuşdur)
· İlk kütləvi kitabxana 1868-ci ildə Gəncədə fəaliyyətə başlamışdır
· 1894-cü ildə N.Nərimanov tərəfindən Bakıda ilk kitabxana-qiraətxana yaradılmışdır

ELM
· İlk Azərbaycanlı kimyaçı alim Möhsün bəy Xanlarov olmuşdur

MƏTBUAT
· Milli Azərbaycan mətbuatının əsasını Həsən bəy Zərdabi qoymuşdur (1875-1877-ci illərdə Bakıda “Əkinçi” qəzetini nəşr edirdi. Cəmi 56 nömrəsi çap olunub)
· 1879-cu ildə Tiflisdə türk dilində “Ziya” qəzeti nəşr olunmağa başladı (1880-ci ildən “Ziyayi-Qafqaziyyə” adı altında 104 nömrəsi çap olunub)
· 1880-ci ldə Tiflisdə “Kəşkül” qəzeti çap olunmağa başladı (Onun naşiri Cəlal Ünsizadə olmuşdur. Qəzetdə ilk dəfə Azərbaycan milləti sözləri işlənmişdir)
· Bu dövrdə Bakıda rus dilində nəşr edilən qəzetlər – “Kaspi”, “Bakinskoye izvestiye”, “Baku” və s. olmuşdur

İNCƏSƏNƏT
· 23 mart 1873-cü ildə Bakıda “M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” adlı komediyası əsasında H.Zərdbi və N.Vəzirov tərəfindən milli teatrın əsası qoyulmuşdur
· Bakıdan sonra teatr Qubada (1875), Nuxada (1879), Şuşada (1882) və s. təşkil edilmişdir
· Azərbaycan səhnəsində tamaşaya qoyulan ilk xarici əsər N.Qoqolun “Müfəttiş” pyesi olmuşdur
· Tarın yenidən qurulması və ilk dəfə sinə üzərində çalınması tarzən Mirzə Sadıqcanın adı ilə bağlıdır
· 1895-ci ildə “Bakı Artistlər Cəmiyyəti” yaradıldı.
· 1896-cı ildə A.Əliverdibəyovun “Rəsmli musiqi tarixi” əsəri ilə Azərbaycan musiqi tarixi yazıldı.

MEMARLIQ
· Bu dövrün görkəmli memarı Qasım bəy Hacıbababəyov olmuşdur(onun ən böyük tikintisindən biri böyük karvansara – indiki “Araz” kinoteatrı olmuşdur)
· Tikililərdən biri də indiki İncəsənət Muzeyi olan Deburun evi idi
· 1886-cı ildə Bakı qalasının ikinci divarları tikildi (indiki Gənclər meydanı tərəfdən)

RƏSSAMLIQ
· Rəssamlıqda bu dövrün yeniliyi dəzgah rəssamlığı və qrafika idi
· Mir Möhsün Nəvvab və Natəvan (o, həm də xəttat olmuşdur) dövrün tanınmış rəssamları idi
· Təsviri sənətin görkəmli nümayəndəsi isə rəssam Mirzə Qədim İrəvani olmuşdur (“Cavan oğlan”, “Oturan qadın”, “Abbas Mirzə” və s.)

CƏNUBİ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
· Bu dövrdə məşhur təhsil sahəsində xidmətləri olan şəxs, İran maarifinin atası adlandırılan Rüşdiyyənin böyük rolu olub
· 1869-cu ildə Təbrizdə maarif sahəsində ilk qaranquş hesab edilən “Mədrəseyi-Nasiri” adlı məktəb açılmışdı
· 1877-ci ildə Təbriz Dövlət Mədrəsi yaradıldı
· 1878-ci ildə Urmiyada Ali Tibb Məktəbi yaradıldı
· 1887-ci ildə Təbrizdə “Dəbestan” adlı ilk xüsusi yeni tipli Üsuli-cədid məktəbi təsis edildi
· 1858-ci ildə Cənubi Azərbaycanda ilk qəzet – fars dilində “Azərbaycan” qəzeti çap olundu
· İlk mühacir Azərbaycan mətbuatı 1875-ci ildə İstanbulda nəşr edilən “Əxtər” qəzeti idi (İranda söz və mətbuat azadlığı olmadığına görə burada çap olunurdu)
· 1888-ci ildəİstanbulda satirik qəzet “Şahsevən” (Ə.Talıbov tərəfindən) nəşr olunundu.

Mədəniyyət

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədə olmuşdur. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olmuşdur. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanmış, XVIII-XIX əsrlərdə Abbasqulu, Usta Qənbər Qarabaği, Əli Qulu, Qurban Əli, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Sarayın daxili salon və otaqlarında əlvan və şux rənglərlə işlənmiş rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan və quş təsvirləri, müharibə və ov səhnələrini canlandıran çoxfiqurlu, sürətli kompozisiyalar bir-birini əvəz edir. XIX əsrdə Azərbaycanda olmuş rus rəssamlarından Q.Q.Qaqarin və V.V.Vereşşaginin əsərlərində Bakı, Şuşa, İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək mümkündür. Azərbaycan monumental boyakarlığının zəngin ənənələri İrəvanda Sərdar Sarayının (XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilmişdir), Şuşada bir sıra evlərin rəsmlərində davam etdirilmişdir. Azərbaycan dəzgah boyakarlığının təşəkkülü, Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərmiş, “Rəqqasə”, “Dərviş”, “Pəhləvan”, “Süvari” kimi bədii cəhətdən kamil portretlər yaratmışdır.

Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınmış Mir Möhsün Nəvvab rəssamlıq və nəqqaşlıq sahəsində də fəaliyyət göstərmişdir. Onun əsərlərində təbiət motivləri, güllərin, quşların təsviri əsas yer tutur. Bu dövrdə şair Xurşidbanu Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri və dekorativ-tətbiqi sənət nümunələri də diqqəti cəlb edir.

XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. “Molla Nəsrəddin” və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. “Molla Nəsrəddin” jurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur “Yüz tip” rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.Sabirin “Hophopnamə” əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu işlərindəndir.

Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri olan B.Kəngərlinin yaratdığı “İlanlı dağ Ay işığında”, “Günəş batarkən”, “Bahar” mənzərələri, “Qaçqınlar” silsiləsinə daxil olan yurdsuz insanların portretləri, “Elçilik”, “Toy” kimi məişət kompozisiyaları, eləcə də 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuş “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) və b. səhnə əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan rəssamlığının dəyərli örnəklərindəndir.

Bakıda “İstiqlal” dövlət muzeyi təsis olunur (1919), milli rəmzlər — dövlət gerbi və bayrağı yaranır, tarixi sənət abidələrinin qorunması və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilir. Milli təfəkkürün carçısı sayılan “Füyuzat” jurnalının naşiri görkəmli filosof, jurnalist və rəssam Əlibəy Hüseynzadə “Bibiheybət” məscidi, “Şeyxülislamın portreti” kimi əsərlərini yaradır.

Azərbaycanda 1920-ci ildə kommunist rejiminin 70 illik hökmranlığı bərqərar oldu. Respublikada mədəni quruculuq və yeni tipli incəsənətin təşəkkülü prosesi başlandı. Bakıda ilk rəssamlıq məktəbi açıldı (1920), təsviri sənətin yeni növ və janrları yarandı.

30-cu illərdə qrafika sahəsində Ə.Əzimzadə ilə yanaşı, Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, M.A.Vlasov, K.Kazımzadə, Ə.Məmmədov və b. rəssamlar da fəaliyyət göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah boyakarlığının təşəkkülü 20-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olmuşdur. 1928-ci ildə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin ilk yaradıcılıq sərgisi, 30-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində S.Salamzadə, Q.Xalıqov, Ə.Rzaquliyev və b. müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tuturdu. 1932-ci ildə Azərbaycan rəssamlarının təşkilat komitəsi yaradıldı. Boyakarlıq sahəsində bir sıra uğurlar qazanıldı. S.Şərifzadənin “Üzüm yığımı”, H.Haqverdiyevin “Ə.Əzimzadənin portreti”, Q.Xalıqovun “Nizami Gəncəvinin portreti”, M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev, S.Bəhlulzadə və K.Xanlarovun məişət və tarixi tabloları, kalorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir.

Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 20-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İ.Quliyev, eləcə də Azərbaycanda yaşayan S.D.Erzya, Y.R.Tripolskaya, P.V.Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda M.Ə.Sabirin, M.F.Axundzadənin və b. abidələri qoyulmuş, dekorativ heykəllər, portret və büstlər yaradılmışdır. 30-cu illərdə sovet heykəltəraşlığının banilərindən olan F.Əbdürrəhmanov Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin büst portretlərini (Ə.Haqverdiyev, M.F.Axundzadə, Ü.Hacıbəyov, A.Zeynallı və b.) və ilk monumental əsəri olan “Füzuli” heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində) yaratmışdır. Heykəltəraş C.Qaryağdının dekorativ heykəl və portretləri, M.P.Vaqifin heykəli (1939-40, Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin lociyasında) XX əsr Azərbaycan heykəltəraşlığının qiymətli nümunələrindəndir.

1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayı keçirildi.

İkinci Dünya müharibəsi illərində Azərbaycan rəsamlarının yaradıcılığında siyasi plakat və satirik qrafika əsas yer tuturdu. Siyasi karikaturaların yaradılmasında Ə.Əzimzadə, Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, S.Şərifzadə və b. qrafiklərin mühüm rolu olmuşdur.

XV əsrin sonu – XVII əsrin birinci yarısında Qərbi Avropa ölkələrinin ümumi tarixi inkişaf istiqamətləri

XV əsrin sonundan XVII əsrin ortalarınadək olan dövr mediyevistikada böyük mübahisə doğuran məsələnin – Orta əsrlər tarixinin xronoloji çərçivəsi məsələsinin tərkib hissəsidir. Sovet, həmçinin postsovet tarixşünaslığı üçün daha çox – Erkən Yeni dövrdür.
Əslində hər iki termin əsr yarımlıq dövrün təzadlığından xəbər verir. İstənilən halda, yəni necə adlandırılmasından asılı olamyaraq, XVI-XVII əsrin birinci yarısında Qərbi Avropa dərin sosial-iqtisadi irəliləyişlər, siyasi və mədəni dəyişikliklər, sürətli ictimai inkişafla yanaşı, əvvəlki münasibətlərə və ənənələrə qayıdışın da şahidi olmuşdur. Belə ki, iqtisadiyyatda kapitalist münasibətlərinin rüşeymlərinin ortaya çıxması, manufakturaların yaranması, fermer təsərrüfatlarının qurulması, sexlərə kral hakimiyyəti tərəfindən yeni imkanlar verilməsi, biyar təsərrüfatına qayıdışla bir vaxtda baş verirdi. Sosial münasibətlərdə təbəqələşmənin güclənməsi, burjuaziyanın özülünün qoulması ilə yanaşı, kəndlilərin təhkimçilik asılılığına salınması, iri feodalların öz siyasi hüquqlarını və sosial mövqelərini qoruyub saxlaması cəhdləri də var idi. Siyasi inkaşafın ən böyük yeniliyi mütləqiyyətin və milli dövlətlərin yaranması idi, amma bu milli dövlətlərlə yanaşı, feodal pərakəndəliyinə son qoymağa müyəssər olmayan, imperiyadaxili mərkəzləşməsi çox zəif, amma məhilli mərkəzləşməsi separatçılığa gətirib çıxaracaq qədər sürətli gedən çoxmillətli «Müqəddəs Roma imperiyası» da saxlanmaqda idi. Nəhayət, dünyagörüşündə, bir tərəfdən ictimai fikrin dünyəviləşməsi gedirdisə, digər tərəfdən dindarlığın ifrat dərəcədə artması, heç klassik əsrlər üçün belə görünməmiş səviyyəyə gəlib çatması da dövrün təzadlarından idi.
Bütün bu qeyd olunanlar Erkən Yeni dövrün orta əsrlərlə sıx bağlılığından və əslində, XVI-XVII əsrin birinci yarısının Qərbi Avropa ölkələri üçün keçid dövrü olmasından xəbər verir. Bu səbəbdəndir ki, Vətən tarixşünaslığında adı çəkilən dövr Orta əsrlər tarixinin son dövrü kimi qəbul olunmuşdur. Məlum dövrləşməyə görə, Qərbi Avropa ölkələri üçün Son orta əsrlər Böyük Coğrafi kəşflərlə başlayır. Bu dövrdə avropalılar üçün dünyanın coğrafi çərçivəsi kəskin şəkildə genişlənir, yeni kəşf olunmuş və müstəmləkəyə çevrilmiş torpaqların mənimsənilməsi, xammal mənbələrinin və yerli əhalinin istismarı hesabına Avropanın iqtisadiyyatı üçün yeni imkanlar açılır, ictimai şüurda dönüş baş verir, mədəniyyətin yeni tipi bərqərar olur.
Son orta əsrlər Qərbi Avropa ölkələri üçün 1648-ci il Vestfal sülhü ilə başa çatır. Otuzillik müharibəyə yekun vuran bu sülh əslində, Avropanın gələcək siyasi, eyni zamanda iqtisadi inkişafının əsas konturlarını cızmış olur. Qərbi Avropa yeni sistemə – Vestfal sisteminə daxil olur ki, bu da cüzi dəyişikliklərlə XIX əsrin əvvəllərinədək saxlanır.

2. Qərbi Avropa ölkələrinin iqtisadi inkişaf meylləri.

Bu dövrdə Avropa iqtisadiyyatında aqrar sahə yenə də aparıcı idi. Texniki irəliləyişlərin və ixtiraların artmasına baxmayaraq əl əməyi həm kənd təsərrüfatında, həm sənayedə aparıcı qüvvəni təşkil edirdi. Belə bir şəraitdə işçi qüvvəsi, əmək bazarının miqyası, işçinin peşəkarlıq səviyyəsi böyük əhəmiyyət kəsb edirdi. Demoqrafik proseslər də iqtisadiyyatın inkişafına təsir göstərən amillərdən idi.
Avropanın əhalisi XV əsrin ortalarından XVII əsrin ortalarınadək təx. 2 dəfə artmışdı. Hesablamalara görə, 1500-cü ildən 160-cü ilədək Avropa ölkələrinin əhalisi 80-100 milyon nəfərdən 180 milyonadək artmışdı. Şəhələrdə əhalinin sıxlığı da yüksək idi.
XVI əsrin ortalarından başlayaraq ümumavropa miqyası alan miqrasiya proseslərinə təsir edən amillər sırasında – demoqrafik, təsərrüfat, siyasi və dini amillər xüsusi yer tuturdu. Əhalinin miqrasiyası, bir tərəfdən, istehsal təcrübəsi mübadiləsini genişləndirirdi, texnoloji yeniliklərə yol açırdı, digər tərəfdən, siyasi, sosial təlatümlər də doğururdu.
Maraqlıdır ki, iqtisadi inkişaf dinamikası da öz növbəsində əhali artımına təsir göstərirdi. İqtisadi tərəqqinin əsas şərtləri indi – istehsal təcrübəsinin artması, əmək bölgüsünün dərinləşməsi, əmək alətlərinin təkamülü və istehsal texnologiyasının inkişafı idi. Kənd təsərrüfatının və sənayenin əksər sahələrində texniki irəliləyişlər baş verirdi. metallurgiyada bu irəliləyişlər xüsusilə hiss olunurdu. Burada su çarxının tətbiqi, domna peçinin ixtirası, domnalarda daş kömürdən istifadə olunması, metal əridilməsində yeni texnoloji üsulların meydana çıxması ən böyük yeniliklər idi. Metallurgiyanın coğrafi ixtisaslaşması prosesi də sürətlə gedirdi. Gümüş, sink, qurğuşun, mis əridilməsi Almaniyada və Macarıstanda cəmlənmişdi. Dəmir filizi yataqlarının istismarı və dəmir əridilməsinin əsas mərkəzi isə Fransa, İngiltərə və İsveç idi.
Metallurgiyanın nailiyyətləri təkcə silahsazlıqda deyil, sənayenin ən müxtəlif sahələrində (o cümlədən gəmiqayırma işində), həmçinin kənd təsərrüfatında geniş tətbiq olunurdu.
Son orta əsrlərdə toxuculuq sənayesində də əhəmiyyətli dinamika baş verirdi: yeni sahələrin yaranması ilə yanaşı, toxuculuq mərkəzləri də yenilərilə əvəz olunurdu.
Toxuculuq istehsalında ən böyük yenilik – yeni konstruksiyalı məkiki olan üfiqi toxucu dəzgahının tətbiqi idi. XV əsrin sonu çarxlı cəhrə meydana çıxır: Əyirici çarxı fırladırdı və bunun sayəsində ipi həm əyirirdi, həm də sarıyırdı. XVI əsrin əvvəllərindən İngiltərədə pedalı olan çarxlı cəhrə geniş yayılır. Parçaların boyanmasının yeni üsulları meydana gəlir.
XVI-XVII əsrin birinci yarısında sənayenin ənənəvi sahələrinin – filiz hasilatı, metallurgiya, toxuculuq, gəmiqayırma sahələrinin inkişafı ilə yanaşı, yeni sahələrin – kitab çapı, sabunbişirmə, şüşə istehsalının genişlənməsi də baş verir.
Son orta əsrlərdə Avropanın sənaye inkişafının daha bir özünəməxsusluğu ticarət kapitalının sənətkarlığa və sənayeyə nüfuz etməsi idi. Bu da öz növbəsində istehsalın təşkilinin yeni, daha bir rentabelli formalarının yaranması üçün imkanlar açırdı. Erkən kapitalist sahibkarlığının belə forması manufaktura idi; o əl əməyinə əsaslansa da, maksimum ixtisaslaşmışdı. Manufakturanın iqtisadi bazasını sahibkarın istehsal vasitələri üzərində mülkiyyət hüququ, məhsulun hazırlanması və onun istehlakı prosesinin təşkili və nəzarəti, muzdlu əməkdən istifadə təşkil edirdi.
Manufakturaların 3 əsas tipi yayılmışdı: dağınıq, qarışıq və mərkəzləşmiş. Dağınıq manufaktura sənətkarlığın elə sahəsində yaranır ki, sahibkar (bu tacir və ya sex ustası da ola bilərdi) xammalın və yarımfabrikatların bölüşdürülməsi və hazır məhsulun istehlakını təşkil edirdi. İstehsal prosesi sənətkarların öz emalatxanalarında həyata keçirilirdi. Başqa sözlə desək, dağınıq manufaktura sənət istehsalının ənənəvi xarakterini, demək olar ki, dəyişmirdi – o yenə də xırda idi və əl əməyinə əsaslanırdı.
Qarışıq manufaktura iqtisadi baxımdan daha effektli idi, çünki istehsal prosesinin bir hissəsi artıq sahibkarın emalatxanasında həyata keçirilirdi. Bu halda sahibkar xeyli sərbəst olub texnoloji yeniliklərin təşəbbüskarı kimi çıxış edirdi və bəzən sex qanunvericiliyini belə pozmaq iqtidarında olurdu. Qarışıq manufakturalar daha çox kitab çapı və saatsazlıq işində meydana gəlirdi.
Mərkəzləşmiş manufakturalara gəlincə, o, erkən kapitalist sahibkarlığının ən mütərəqqi tipi idi: bütün istehsal prosesi bir emalatxanada həyata keçirilirdi, sahibkar sexdən çəkinmədən, iş normasını və məvacibi təyin edirdi. Mərkəzləşmiş manufakturalarda texniki və texnoloji yeniliklərin tətbiqi daha sürətlə gedirdi, əmək bölgüsü maksimum olduğundan, istehsalın rentabelliyi də yüksək idi.
Sənayedə baş verən mütərəqqi yeniliklər kənd təsərrüfatının davamlı inkişafı fonunda baş verirdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Son orta əsrlərdə də Avropa əhalisinin böyük bir hissəsi kəndlərdə yaşayırdı və kənd təsərrüfatı ilə məşğul idi.
Aqrar sahədə texnoloji irəliləyiş o qədər də güclü hiss olunmurdu; istehsalda da kardinal dəyişiklik yox idi. Amma genişlənən bazar münasibətlərinin təsiri altında kənd landşaftı da dəyişirdi: bir çox rayonlarda taxıl əkini sahələri ixtisar olunmuşdu, əvəzində texniki bitkilərin – kətan, çətənək, marena, zəfəran öecərilməsi geniş yayılmışdı. Avropa şəhərləsinin rasionunda indi ənənəvi tərəvəz bitkiləri ilə yanaşı, kartof, pomidor, kələm də daxil olmuşdu və onların ərzaq tələbatı bostan bitkilərinin əkinini genişləndirmişdi.
Torpaq münasibətlərində təkamül gedirdi: qısa müddətli icarə formaları geniş yayılmışdı. Orta kəndli təbəqəsi öz təsərrüfatını bazara sıx bağlamışdı. Bu təbəqə üçün muzdlu əməkdən istifadə səciyyəvi idi. Fermer təsərrüfatları əmtəə xarakteri almışdı. Erkən kapitalist münasibətləri kənd iqtisadiyyatına sürətlə nüfuz etməkdə idi.
Maldarlıq bazar münasibətlərinə daha tez daxil olurud. Mahudçuluğun inkişafı İngiltərədə, İspaniyada, Fransada, almaniyada qounçuluğun genişlənməsinə təkan verirdi. Bu sahə təkcə yerli deyil, xarici tələbatı da ödəyirdi. Ticarət kapitalının ən çox nüfuz etdiyi aqrar sahə məhz heyvandarlıq (daha çox qoyunçuluq idi).
Kapitalizmin genezesi prosesinin mühüm tərəflərindən biri – «kapitlanın ilkin yığımı» deyilən hadisə idi. Onun əsasını ticarət, bank-sələmçi və sənaye formaları təşkil edirdi. Ticarət sahəsində kapital yığımına inhisarlar sistemi əlverişli şərait yaratmışdı. Avropanın bir çox ölkələrində sıravi tacirlərin azad ticarət haqqında tələbləri və inhisarlarla mübarizəsi cəhdləri boşa çıxmışdı. İnhisarlar çox vaxt kral hakimiyyəti tərəfindən dəstəklənirdi (İngiltərədə, Fransada, İspaniyada). Kapitalın ilkin yığımı prosesi «müstəmləkə» mallarına olan qiymətlərdəki böyük fərq hesabına da sürətlənirdi. Belə ki, İndoneziyadan, Hindistandan, Ərəbistandan gətirilən ədviyyat Avropa bazarlarında 100 və daha çox dəfə baha satılırdı. Ucuz işçi qüvvəsi kimi mühüm iqtisadi amil də kapital yığımında əhəmiyyətli rol oynayırdı.
Bank-sələmçilik sahəsində kapital yığımının əsas mənbələri dövlət və xüsusi borc sistemləri, iltizamlar, sələm kreditləri, istiqrazlar idi. Ən geniş yayılmış forma isə kəndlilərə yüksək faizlə borc verilməsi idi.
XVI-XVII əsrin birinci yarısından ticarət bank kapitalının bir funksiyası kimi sənaye kapitalı müstəqil maliyyə sahəsinə çevrilməyə başlayır. Manufakturaların yaranması bunun üçün əlverişli şərait yaradırdı; əmək məhsuldarlığının texniki və texnoloji yeniliklər hesabına artırılması; işçi bazarında rəqabətin demək olar ki, yoxluğu; bir çox ölkələrdə kral hakimiyyətinin apardığı proteksiya siyasəti gəlirlərin artımında böyük rol oynayırdı.
İri kapital yığımı kapitalizmin genezisinin çox mühüm, lakin yeganə şərti sayılmamalıdır. Belə ki, ticarət-bank sahəsində toplanan iri pul kütlələri heç də həmişə sənayeyə axmırdı. Çox vaxt bu kapital parazit idxalata (titul və torpaq mülkiyyətinin alınmasına, zəngin həyat tərzinin təmin olunmasına) sərf olunurdu, ya da teravrasiya edilirdi. Məhz bu fakt bəzi ölkələrdə (İspaniya, Almaniya) kapitalizmin genezisini ləngidirdi.
Kapitalizmin genezisində muzdlu işçi qüvvəsinin olması, əmək bölgüsünün yüksək səviyyəsi, texniki irəliləyişlər, ixracatın həcmi də vacib şərtdlərdən idi.
Son orta sərlərdə erkən kapitalizmin bir çox elementləri artıq əksər Avropa ölkələrinin iqtisadiyyatının əsasında dururdu. Onun inkişaf dinamikası isə hər bir ölkənin həm iqtisadi, həm də geosiyasi xüsusiyyətlərindən asılı idi. Ümumilikdə isə erkən kapitalizm Avropanın sonrakı yüzilliklərdə iqtisadi tərəqqisinin aparıcı istiqamətinə çevrilir.

3. Mütləq monarxiya.

XV-XVI əsrlərin hüdudunda Qərbi Avropa ölkələri ilə öz siyasi inkişaflarının yeni mərhələsinə daxil olur. Bu mərhələ üçün mərkəzləşmənin görünməmiş uğurları, kral hakimiyyətinin siyasi zəfəri və yeni dövlət hakimiyyəti tipinin – mütləqiyyətin meydana çıxması səciyyəvidir. Əvvəlki feodal münasibətlərinin – süzeren-vassal əlaqələrinin dağılması, həmçinin maliyyə-kredit strukturlarının geniş yaılması kralın öz hakimiyyətini möhkəmləndirməsinə və təbəələri arasında nüfuzunun artmasına imkan yaratdı.
Ən iri feodal maqnaflarının hər gür müqavimət cəhdlərini boğan kral hakimiyyəti o qədər güclənir ki, bir çox hallarda silki nümayəndəlik orqanlarını çağırmaqdan belə imtina edir. Kralın qeyri-məhdud idarəçilik rejimi meydana gəlir ki, bu da tarixşünaslıqda «mütləq monarxiya», «mütləqiyyət», «personal monarxiya» və ya «renessans monarxiyası» adlandılır.
Avropanın ali zadəganları siyasi qüvvələr nisbətindəki bu diyişikliklə barışmalı idilər. Onlar müstəqilliklərini və ya muxtariyyatlarını qorumaq cəhdlərinlən əl çəkib monarxiyada və onun ayrı-ayrı təsisatlarında mövqe əldə etmək siyasətinə keçməli oldular. Hərçənd ki, bütün Son orta əsrlər boyu monarxiya ilə ali zadəganlar arasında ixtilaflar qalmaqda idi.
Digər silklər də mütləqiyyətin mövcudluğu ilə razılaşmışdılar və hətta bu rejimdə maraqlı idilər. Belə ki, katolik kilsəsinin mövqeyinin zəifləməsi, dünyəvi hakimiyyətin onu üstələməsi, Reformasiyanın uğurları, milli kilsələrin formalaşması ruhani təbəqəsini həm iqtisadi, həm də siyasi baxımdan monarxdan asılı edirdi. Şəhərli silki, xüsusilə onun sahibkar təbəqəsi əvvəllər də möhkəm kral hakimiyyəti ilə ittifaqa meylli idi, çünki iqtisadi tərəqqi, milli istehsalın və ticarətin himayəsi ondan çox asılı idi. İri istehsalı təşkil etmək, beynəlxalq ticarət əməliyyatları aparmaq, bank sistemi qurmaq üçün kralın dəstəyi çox vacib idi. Yeni yaranmaqda olan burjuaziya dövlətdən iqtisadi və siyasi güzəştlər və dəstək müqabilində gəlirlərin bir hissəsini kralla bölüşməyə hazır idi.
Silklərin maraqlarını nəzərə alıb onların arasındakı ziddiyyətlərdən istifadə edən monarxiya öz hakimiyyətində bürokratik apparatı dayaqlanırdı. XVI əsrin sonuna doğru Qərbi Avropa ölkələrinin əksəriyyətində təkmil, mərkəzi və yerli idarəçilik orqanları qəti şəkildə təşəkkül tapır. Onun əsas aparıcıları isə kraldan məvacib alan və ona sadiq məmurlar idi. Sosial mənşəyindən asılı olmayaraq məmurlardan yüksək təhsil və peşəkarlıq tələb olunurdu.
XVI-XVII əsrin birinci yarısında bürokratik idarələrin sayı artır, onların ixtisaslaşması güclənir. Xəzinədarlıq, dövlət dəftərxanası və məhkəmə palataları ilə yanaşı, admirallıqlar, ticarət palataları, müstəmləkə işləri üzrə idarələr də meydana gəlir. Onların özülündə ilk nazirliklər təşəkkül tapır, diplomatik xidmət və kəşfiyyat digər ayrılır və peşəkarlaşır.
Real hakimiyyət isə ali dövlət məmurlarının – kralın yanında təşkil olunan «gizli» şuraların üzvlərinin əlində cəmlənir. Xarici və daxili siyasət, ordu, donanma, maliyyə onların səlahiyyətinə keçir: mütləqiyyət dövrünün dövlət şuraları özünəməxsus nazirlər kabineti olur.
Əgər orta əsr nəzəriyyəsi və praktikası ölkə idarəçiliyini kral malikanəsinin idarəçiliyi olaraq nəzərdə tuturdusa, XVI-XVII əsrlərdə inzibati aparat və onun funksiya göstərməsi üsulları hüquqi və ümummilli xarakter alır. Bu öz əksini «dövlət marağı» və «milli rifah» prinsiplərində tapır.
Dövlətin ən vacib təsisatlarından olan ordu XVI-XVII əsrlərdə böyük dəyişikliklərə məruz qalır. XV əsrin sonlarından odlu silahın geniş yayılması həm texniki, həm sosial nəticələrə səbəb olub, hərb işində böyük çevriliş yaratmışdı. artilleriyanın tətbiqi əvvəlki orta əsr istehkamlarını, odlu silah isə – cəngavər silah-sursatını effektsiz etmişdi. Cəngavərlərin ənənəvi orduları peşəkar qoşunlara qarşı durmaq iqtidarında deyildi. Feodal qəsrləri yeni artilleriyanın hücumlarını gərə bilməzdi. Krallar hətta ən qüdrətli vassallar qarşısında belə böyük üstünlüyə sahib idilər.
Mütləqiyyətin möhkəmlənməsi dövlət maliyyəsini də təkmilləşdirir. Əvvəla, vergi yığımı sistemi xeyli mürəkkəbləşir: birbaşa vergilərlə yanaşı, əlavə vergilər, hərbi yığımlar tətbiq olunur, vergilərin iltizam sistemi geniş yayılır. Monarxlar bank əməliyyatlarına, beynəlxalq borc sisteminə fəal müdaxilələr etməyə başlayır. Gömrük rüsumları və müstəmləkələrdən gələn gəlirlər dövlət maliyyəsini möhkəmləndirir. Kral lisenziyalarının və potentlərinin satışı xəzinənin yeni gəlir mənbələri olur.
Mütləqiyyət dövründə Avropanın dünyəvi və dini hakimiyyətləri arasında çoxəsrlik münaqişə öz həllini tapır. Bir çox hallarda dünyəvi hakimlər onların işinə qarışan Roma katolik kilsəsinin hüquqlarını məhdudlaşdırır və milli kilsələrin imtiyazlarını genişləndirir. Reformasiyanın qalib gəldiyi ölkələrdə isə kilsə tamamilə dövlətə tabe etdirilir və o, dövlət təsisatları sisteminə qatılır.
Beləliklə, mütləqiyyətin təşəkkülü Qərbi Avropanın milli dövlətlərinin inkişafında vacib addım olur.

4. Avropa mədəniyyətinin əsas inkişaf istiqamətləri.

XVI-XVII əsrin birinci yarısı – mədəniyyətdə də ənənəvi ilə yeninin mürəkkəb qarşılıqlı əlaqəsi dövrü sayılır. Onun inkişafında üç əsas mərhələ ayrılır:
1) XV əsrin sonu – XVI əsrin birinci yarısı;
2) XVI əsrin ikinci yarısı;
3) XVII əsrin birinci yarısı.
Birinci mərhələ Avropanın bir çox ölkələrində Renessans öz mövqelərini hələ saxlasa da, artıq böhran yaşayır. Bu mərhələdə Reformasiya və Əksreformasiya ideyalarının ictimai-siyasi fikrə, fəlsəfəyə, incəsənətə təsiri baş verir. Üçüncü mərhələ erkən barokko dövrü hesab olunur, hərçənd ki, bəzi ölkələrdə (Fransada, Hollandiyada) bu üslubla yanaşı, klassik üslub inkişaf tapır və yayılır.
Renessans mədəniyyəti öz parlaq mərhələsini XV əsrin sonu – XVI əsrin birinci rübü İtaliyada yaşamışdır; o, xüsusi mədəni fenomen kimi Avropanın digər ölkələrində də bərqərar olmaqla, ümumavropa məsələsinə çevrilmişdir. Renessans mədəniyyəti XVI əsrdə naturfəlsəfəyə, təbiəthünaslıq elminə, teart sənətinə və musiqiyə də yol tapır. Mədəniyyətin tarixi tipi kimi Renessansın başlıca xüsusiyyəti humanist dünyagörüşü olmuşdur. Yeni dünyagörüşü antroposentrizm prinsipləri üzərində qurulmuşdu, insanı dünyanın mərkəzi kimi görürdü. Humanizm, eyni zamanda, insanın və təbiətin harmoniyası ideyalarına əsaslanırdı. Həyati problemlərin dünyəvi izahı Renessans dünyagörüşünün bir çox sahələri, o cümlədən əxlaq, iqtisadiyyat, siyasət üçün səciyyəvi idi.
Renessans mədəniyyəti əsasında Avropada yeni ziyalı təbəqəsi formalaşır, onun sıralarında ilk növbədə humanistlər, həmçinin yazıçılar, rəssamlar, memarlar, alimlər dururdu. Renessans ziyalıları müxtəlif cəmiyyətlər, akademiyalar, emalatxanalar qurur və burada disputlar keçirirdilər, bu da Renessans dünyagörüşünün daha sürətlə yayılmasına şərait yaradırdı.
Son orta əsrlərdə Renessans mədəniyyəti ilə yanaşı, ənənəvi istiqamətlər də mövcud idi. Bu, ilk növbədə, katolik universitetlərində hakim olan sxolastikaya aid idi. Sxolastika Trident kilsə yığıncağından sonra (bax: növbəti bölməyə) xeyli dəyişikliklərə məruz qalır.
Ənənəvi xalq yaradıcılığında, xüsusilə folklorda da saxlanılırdı: kütləvi bayramlar, karnavallar, mərasim və adətlər bir neçə əsr ərzində çox az dəyişmişdi.
Çoxəsrlik ənənələrin, Renessans irəinin və yeni yaradıcılıq axtarışlfrının sintezi öz əksini Barokko mədəniyyətində tapır. Bu üslubun təşəkkülü XVI əsrin sonu İtaliyada baş verir və XVII əsrdə Avropanın digər ölkələrində yayılır.
Barokko üçün ansambllara meyl, təmtəraq, möhtəşəmlik, bayram əhval-ruhiyyəsi səciyyəvidir. Bu mədəniyyət kübar həyat tərzini, xüsusilə saray həyatını üstün tutur. Renessans dünyagörüşündən fərqli olaraq, burada insan öz mərkəzi mövqeyini itirir. Barokko nümayəndələrinin diqqət mərkəzində harmoniya deyil, əksinə disharmoniya əsas amilə çevrilir. Bu üslüb daha çox memarlıqda, dekorativ təsviri sənətdə və heykəltaraşlıqda geniş yayılır.

Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

  • Teqlər:
  • orta əsrlər
  • , Avropa tarixi
  • , Qərbi Avropa

Comments are closed, but trackbacks and pingbacks are open.