AZƏRBAYCAN MUZEYLƏRİ
Böyük bəstəkarın əsərləri məktəblilərin ifasında
Q.Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbinin kollektivi də görkəmli bəstəkar və pedaqoqun anadan olmasının 93-cü ildönümünü qeyd ediblər. Musiqi Mədəniyyəti Dövlət Muzeyində təşkil edilmiş tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Kamal Paşazadə və müəllim Elmira Pənahova dünya şöhrətli bəstəkar Q.Qarayevin həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, bəstəkar “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması, simfoniyaları, kamera-instrumental və vokal janrlarında yaratdığı əsərlər, teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqilərlə dünya mədəniyyəti xəzinəsinə böyük töhfə verib.
Qara Qarayev böyük bəstəkar olmaqla yanaşı, ensiklopedik biliyə malik musiqiçi-alim və istedadlı pedaqoq olaraq milli bəstəkarlıq məktəbinin bir çox görkəmli nümayəndələrini yetirib. Tədbirdə musiqi məktəbinin şagirdləri Qara Qarayevin və onun tələbələrinin əsərlərini səsləndiriblər.
Qara Qarayevin həyat və yaradıcılığı Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında
Fevralın 5-də böyük bəstəkar Qara Qarayevin anadan olmasının 93 ili tamam oldu. Bu münasibətlə keçirilən tədbirlərdən biri M.F.Axundov adına Milli Kitabxanada “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabının təqdimatı idi. Təqdimatda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirdi.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycan musiqisinə dünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayevin xüsusi yer tutduğunu qeyd etdi, böyük bəstəkar, pedaqoq və ictimai xadimin sənətdə daim axtarışda olduğunu vurğuladı.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli bəstəkarın yaradıcılığına həsr olunmuş belə bir maraqlı kitabın nəşrinə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi. Kitabın elmi redaktoru, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova kitabın məziyyətlərindən danışdı. Qeyd etdi ki, kitab Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan materiallar əsasında ərsəyə gəlib. Muzeydə 50 mindən artıq eksponatın saxlanıldığını, onların arasında Qara Qarayevin və onun sənət dostlarının, yaxınlarının fotoşəkillərinin, not və mətnlərin əlyazmalarının, afişalar, proqramlar, təsviri sənət nümunələri, bəstəkarın şəxsi kitabları və əşyalarının yer aldığını dedi.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov və başqaları çıxış edərək bəstəkarın yaradıcılığından, onun gözəl müəllim olmasından, neçə-neçə gözəl bəstəkarlar yetişdirməsindən danışdılar.
Tədbirdə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Qara Qarayevin əsərlərindən nümunələr səsləndi.
Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Qara Qarayevin əsərləri” və “Qara Qarayev. Elektron məlumat bazası” adlı disklər nümayiş etdirildi və tədbir iştirakçılarına təqdim olundu. “Qara Qarayevin əsərləri” adlı diskdə bəstəkarın əsərləri, “Qara Qarayev. Elektron məlumat bazası” adlı diskdə isə sənətkarın həyat və yaradıcılığı, fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin onun haqqında dediyi fikirlər, Qara Qarayevə həsr olunmuş musiqi əsərləri, elmi əsərlər, fotoqalereya və s. yer alıb.
Böyük bəstəkarın əsərləri məktəblilərin ifasında
Q.Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbinin kollektivi də görkəmli bəstəkar və pedaqoqun anadan olmasının 93-cü ildönümünü qeyd ediblər. Musiqi Mədəniyyəti Dövlət Muzeyində təşkil edilmiş tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Kamal Paşazadə və müəllim Elmira Pənahova dünya şöhrətli bəstəkar Q.Qarayevin həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, bəstəkar “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması, simfoniyaları, kamera-instrumental və vokal janrlarında yaratdığı əsərlər, teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqilərlə dünya mədəniyyəti xəzinəsinə böyük töhfə verib.
Qara Qarayev böyük bəstəkar olmaqla yanaşı, ensiklopedik biliyə malik musiqiçi-alim və istedadlı pedaqoq olaraq milli bəstəkarlıq məktəbinin bir çox görkəmli nümayəndələrini yetirib. Tədbirdə musiqi məktəbinin şagirdləri Qara Qarayevin və onun tələbələrinin əsərlərini səsləndiriblər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
Azәrbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildә yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir. Muzeyin fondunda 60 minə yaxın çox eksponat toplanmışdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildən 1996-cı ilə qədər İçərişəhərdə, Karvansarayda, Həqiqət Rzayeva küç., 9, 1996-cı ildən 2015-ci ilə qədər Rəşid Behbudov küç., 7 ünvanında fəaliyyət göstərmişdir. 2015-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzinə, Neftçilər prospekti, 49 ünvanına köçmüşdür.
Muzeyin zəngin kolleksiyalarında 60 minə yaxın eksponat saxlanılır.
Muzeydə cəmi 297 ədəd musiqi aləti qorunub saxlanılır. Bunlardan 211-i Azərbaycan, 86-i isə qeyri-Azərbaycan alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu mühafizə olunur. Bununla yanaşı muzeydə Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhram Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun, Ramiz Quliyevin,Valid Fərzəliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazlarını, Qılman Salahovun kamançası və s. saxlanılır.
Muzeydə 800-dən çox şəxsi arxiv var. Bunlar Azərbaycan bəstəkarlarından Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Zakır Bağırovun, Əşrəf Abbasovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Xəyyam Mirzəzadənin və başqa mədəniyyət xadimlərinin arxiv materiallarıdır.
Muzeydə toplanan bu zəngin arxiv materialları Azərbaycanın musiqi tarixini daha da dərindən öyrənilməsinə və araşdırılmasına imkan yaradır.
Muzeyin 4 filialı var:
– Niyazinin Mənzil Muzeyi
– Vaqif Mustafazadәnin Ev-Muzeyi
– Qara Qarayevin Ev-Muzeyi
– Xalq çalğı alətləri şöbəsi
Muzeyin nәzdindә 15 musiqiçini özundә birlәşdirәn Qәdim Musiqi Alәtlәri Ansamblı fәaliyyәt gostәrir.
Musiqi və teatr Bəstəkarlar
Q.Qarayev dünya musiqi mədəniyyətinin nadir simalarındandır. Onun dərin məzmunlu, zəngin, milli gercəklik hüdüdlarından kənara çıxan, böyük ümumiləşdirmə qüvvəsinə malik musiqisi XX əsr ümumbəşər mədəniyyətinin ən nadir səhifələrindən biri kimi əhəmiyyətlidir.
Q.Qarayevin həyata müasir baxışı, həyat həqiqətlərini əsl vətəndaş mövqeyindən tərənnüm etmək, ona müdaxilə etmək bacarığı, milli mötivlərə müasir münasibət, onun sənət qayəsinə xas olan əsas cəhətlərdir. Ənənəyə sadiqlik və müasirlik Qarayev yaradıcılığında ülvi vəhdət təşkil edir. Bəstəkar özündən əvvəl gələn sənətkarların yaradıcılıq irsinə yeni baxışla yanaşmış, incəsənətdə öz yolunu tapmağa nail olmuşdur.
Bəstəkarın “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürləri, III simfoniyası, skripka və orkestr üsün əsərləri musiqi salnaməsinin ən qiymətli səhifələridir.
Q.Qarayev milli musiqimizə yeni məzmunla yanaşı müasir ifadə vasitələri, yeni janrlar gətirmişdir. Bəstəkar həm klassikaya arxalanır, həm də klassik ənənələri daxilən dinamik şəkildə dəyişdirir, müasir məzmüna tabe edir. Məsələn, E.Rostanın “Sirano de Berjerak” komediyasının motivləri əsasında “Çılğın qaskoniyalı” müziklində müasir estrada musiqisinin səciyyəvi xüsusiyyətləri intibah dövrünün üslübü ilə uzlaşdırılır, II simfoniyada İ.S. Bax yaradıcılığının dəsti-xətti, simli kvartetdə V.A. Motsartın, baletlərin dramatürji kompozisiyasında P.İ.Çaykovsiki və S.Prokofyevin, orkestr çalarlarında isə impressionizmin təsiri duyulur.
Bəstəkarın yaradıcılığında diqqəti cəlb edən daha bir cəhət onun başqa xalqların musiqi və mədəniyyətinə böyük marağıdır. Bu maraq onun vətəndaşlıq pozisiyası, onun bir sənətkar kimi dünyada baş verən hər bir hadisəyə öz münasibətini bildirmək məsuliyyəti ilə bağlı meydana gələn bir maraq idi. Bu cəhətdən onun “Vyetnam suitası”, “Alban rapsodiyası”, “İldırımlı yollarla” baleti, “Don Kixot” qravürləri diqqəti cəlb edir.
Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə Bakıda həkim ailəsində anadan olmuşdur. O, ilk musiqi təhsilini musiqi məktəbində Kozlovun başçılığı altında alır, 30-cu ildə isə Bakı musiqi texnikumunda yüksək professional keyfiyyətlərə malik müəllim Şaroyevin sinfində təhsilini davam etdirir.
Bəstəkarlığa olan meyl onu Konservatoriyaya gətirib çıxarır. Hələ tələbə ikən o, öz qələmini simfonik və kamera əsərlərində sınayır. 1937-ci ildə onun “Tsarskoye selo heykəli” fortepiano əsəri, orkestr üçün yazılmış” Nəğmələr” əsəri meydana gəlir.
Bəstəkar 1939-cu ildə Moskva Dövlət Konservatoriyasına daxil olur. Burada təhsil illərində Cövdət Hacıyevlə birgə “Vətən” operası üzərində işləyir.
Bu dövrdə yazdığı əsərlər artıq onun fitri istedada malik olduğunu nümayiş etdirir. Bu, fortepiano üçün yazılmış “üçsəsli fuqa” (1939), simfonik orkestr üçün “Passakaliya və üçmövzulu fuqa” (1941), nəfəsli alətlər üçün “İdman” süitası (1938), “Ömər Xəyyamın sözlərinə 6 rübai” (1946) romanslar məcmuəsi idi.
1943-cü ildə bəstəkar 2 hissədən ibarət olan si-minor simfoniyasını başa çatdırır. Bu əsər S.Hacıbəyov və C.Hacıyevin simfoniyaları ilə yanaşı milli simfonizmin yaranmasına zəmin yaradır.
1946-cı ildə bəstkar Do-major tonallıqlı II simfoniyasını başa çatdırdı. 5 hissədən ibarət olan bu əsərdə Böyük vətən müharibəsinin qurtarması ilə əlaqədar olaraq insanların keçirdiyi həyacan hissi təsvir olunmuşdur.
1947-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar Q.Qarayev “Leyli və Məcnun” simfoinik poemasını yazır. Bu əsər bir hissəli simfonik poema üçün ənənəvi olan sonata formasında, lakin yeni traktovkada yazılmışdır.
Nizami obrazlarından ruhlanan bəstəkar 1949-cu ildə “Yeddi gözəl” simfonik süitasını yazır. Musiqimizin ən məşhur əsərlərindən olan bu süita dünyanın bir çox guşələrində dinləyicilərin rəğbətini qazanmışdır. Onlardan “Yeddi gözəl” baletinə daxil olan məşhur “Vals”, “Brilyant” xalq rəqsi əsasında yazılmış “Təlxəklərin rəqsi”, “Yeddi gözəl”in ayrı-ayrılıqda portreti məhz ilk dəfə süitada səslənmişdir.
Görkəmli rejissor G.Hidayətzadənin təklifilə bəstəkar Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında “Yeddi gözəl” baletini yazır (baletmeyster P.Qusev). Balet 1952-ci ildə Azərbaycan opera teatrının səhnəsində tamaşaya qoyulur və o gündən ayaq açıb bütün dünyanı gəzir. Əgər “Leyli və Məcnun” simfonik poemasında bəstəkar etiraz səsini ucaldıb, xeyirlə şərin toqquşmasını verirsə, “Yeddi gözəl” baletində xalqın taleyi ilə ayrılmaz tellərlə bağlı olan insanın orta əsrlərin zülm və əsarətinə qarşı mübarizəsini açıqlayır.
1958-ci ildə bəstəkarın 2-ci baleti səhnəyə qoyulur. Bu, Leninqrad (indiki Sankt- Peterburq) opera və balet teatrının sifarişi ilə yazılmış “İldırımlı yollarla” baleti idi. (Quruluşçu rejissor G.Sergeyevdir, librettosu Slonimskinindir). Burada bəstəkar XX əsrin irqi ayrı-seçkilik, müstəmləkəçiliyə qarşı mübarizə kimi mühüm problemlərini təcəssüm etdirmişdir.
Onun simfonik əsərləri arasında “Alban rapsodiyası”, “Vyetnam süitası”, “İldırımlı yollarla” baletindən 2 süita, “Klassik süita”, “Don Kixot” qravürlərinin adını çəkə bilərik.
Q.Qarayevin kamera orkestri üçün yazılmış III simfoniyası müasir dövrün emosional və fəlsəfi fikrini ifadə edir. Əsərin II hissəsində aşıq ritmləri eşidilir. Simfoniya “Segah” muğamının başlıca intonasiyası ilə bitir. Simfoniyanın mərkəzində intellektual cəhətdən zəngin, mürəkkəb dünyagörüşlü insan durur.
Bəstəkar konsert janrı sahəsinə də müəyyən yeniliklər gətirmişdir. Onun görkəmli sovet skripkaçısı L.Koqana həsr etdiyi skripka və simfonik orkestr üçün konsertində (1968, ilk dəfə Koqan ifa edib) və fortepiano ilə orkestr üçün konsertində (1978) novatorluq axtarışları öz əksini tapmışdır.
Q.Qarayev F.Şopen, D.Şostakoviç, K.Debüssi ənənələrini də milli zəmində təkrar etmişdir. Bu mənada onun 4 dəftərdən ibarət 24 prelüdünü göstərmək olar. Hər dəftər öz məzmunu, ideyası ilə bəstəkarın müxtəlif dövrlərdə yazdığı əsərlərlə səsləşir.
Q.Qarayevin vokal əsərlərini bir neçə qrupa bölmək olar. 1.Lirik romanslar 2.Xor üçün yazılmış əsərlər 3.Kütləvi və estrda janrlarında olan əsərlər Bu mənada onun xor və simfonik orkestr üçün yazılmış “Fokstrot”, “Sülh haqqında mahnı”, A.S.Puşkinin 150 illiyinə həsr edilmiş “Gürcüstan təpələrində”, “Mən sizi sevirdim” romansları, Lenqston Hyuzun şeirlərinə səs və caz orkestri üçün 3 noktürn əsərlərini qeyd etmək lazımdır.
Q.Qarayev yaradıcılığının ən mühüm və parlaq səhifələrindən birini də onun kino və dram tamaşalarına yazdığı musiqi təşkil edir. Bu mənada onun “Uzaq sahillərdə” (rej. T.Tağızadə), “Don Kixot” ( rej. Kozintsev), “Qoyya” (rej. Volf), “Bir məhəlləli iki oğlan” (rej. Qurun və Ə.İbrahimov) bədii filmlərinə, “Xəzər neftçiləri haqqında dastan”, “Vyetnam”, “Dənizi fəth edənlər” sənədli filmlərinə, “Nikbin faciə”, “İnsan məskən salır”, “Kral IV Henrix”, “Otello”, “Qış nağılı”, “Ölülər”, “Antoni və Kleopatra” tamaşalarına yazdığı musiqi qeyd olunmalıdır.
Q.Qarayev həm də gözəl pedaqoq idi. O, 35 illik müəllimlik fəaliyyəti dövründə (Azərbaycan Dövlət Konservatoriyasında) 70 nəfərə yaxın professional, indi adları dünyanın hər tərəfindən eşidilən bəstəkarlar nəsli yetişdirmişdir. R.Hacıyev, F.Əlizadə, A.Məlikov, H.Xanməmmədov, V.Adıgözəlov, X.Mirzəzadə, O.Zülfüqarov, T.Bakıxanov və başqaları məhz Q.Qarayevin yetirmələridir.
Ölməz sənətkar ictimai işlərdə də fəal çalışmışdır. Uzun illər SSRİ Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikası EA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. Bəstəkar iki dəfə Dövlət mükafatına layiq görülmüşdür. Q.Qarayev 1982-ci ildə Moskvada vəfat edib. Onun yaradıcılığı və sənətə, həyata münasibəti gələcək nəsillərə örnək olmuş və olacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.