Press "Enter" to skip to content

Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? RƏY

Gündüz — hissə-hissədi, şey-şeydi. Gecə isə — tamdı, bütövdü. Elə ona görə də, əslində bir varlıq kimi gündüz yoxdu, amma gecə var!

The Theory Of Everything

Son dövrdəki elmi məlumatlarla, kainatda görünməyən qüvvələrin, görünən qatı maddəni necə meydana gətirib-istiqamətləndirdiyini daha dəqiq və konkret olaraq görməyə başladıq. Bu güclərdən biri də “qaranlıq maddə” ilə “Qaranlıq enerjidir”.Əvvəl kaiantin formasi haqqinda biraz danişim sonra əsas məsələyə keçək.

Kainatda ümumi maddə – enerji miqdarı, zaman-məkan həndəsəsini,zaman-məkan həndəsəsi də maddə və enerjinin necə davranacağını müəyyən edir. Əgər kainatda kifayət qədər maddə varsa cazibə qüvvəsi, kainat genişlənməsini bir gün dayandırıb öz üzərinə çökməsinə səbəb olacaq. Bu cür kainatın həndəsəsi, “Kürə” şəklində öz üzərinə bağlı olub sonlu amma sərhədsiz bir quruluşa malikdir. Buna görə, zaman ölçüsündə, yəni 4. ölçüdə virtual bir radiusu var (kainatı iki ölçülü kürənin səthi olaraq düşünsək, “zaman ölçüsü” kürənin səthindən mərkəzinə doğru gedən ” xətt” olmaqdadır). Hər hansı bir kənarı, mərkəzi, başlanğıc nöqtəsi də yoxdur, eynilə bir şarın səthi kimi. Kainatı, şarın səthi, içindəki ulduzları, qalaktikaları də bu iki ölçülü səth üzərində iştirak edən nöqtələr olaraq düşünsək kainatın, üçüncü (yəni, dördüncü) ölçü olan “zaman ölçüsündə” bağlı olduğunu görərik. Bu kainatın bir nöqtəsindən yola çıxdığımızda (işıq sürətiylə milyardlarla il davam edəcək olsa da) təkrar eyni yerə gəlirsiniz. Belə bir kainatda zamanın, big-bang ilə bir başlanğici olduğu kimi eyni zamanda, kainatın öz içinə doğru büzülməyə başlamasıyla universal bir “qara dəliyə” çevrilərək bir sonu da vardır. Yəni, zamanın bir başlanğıcı və sonu mövcuddur.

Əgər kainatın genişləmə sürəti cazibə qüvvəsinə ekvivalentdisə, o zaman kainatın əyriliyi sıfır olar və şəkli də, “Düz (Evklid)” həndəsəsi şəklində olar. Belə bir kainatda cazibə, kainatı dayandırıb öz üzərinə çökməsinə səbəb olmasa da genişləndirilməsi sürətinin ancaq sonsuz bir zamanda dayanmasını təmin edər. Buna qarşılıq çəkilişə səbəb olan maddənin bir-birlərindən qaçma sürəti, çəkiliş gücündən çox çoxdursa, yəni gənişləməyi dayandıracaq kifayət qədər kainatda maddə yoxdursa, o zaman kainat artan bir sürətlə genişlənəcək ki, bu vəziyyətdəki kainatın zaman-məkan həndəsəsi, kürənin tam tərsi olan “mənfi” əyrilikdə (buna “Hiperbolik” və ya “Lobachevski” modeli də deyilməkdədir) açiq formasında olur (big-banga qarşi duran bu model sonsuzdan gəlib sonsuza gedən 1 kainati təsvir edir). Sahib olduğu bu əyriliyə görə yenə də virtual bir radiusu var (hiperbolik şəklin birdən çox ola biləcək formaları da vardır).

“Hiperbolik” və “Düz(Evklid)” kainatın, sonlu olmadan yenə mərkəzi, sərhədi, kənarı yoxdur və kainatın ucları da sonsuza doğru açıqdır. Heç bir şəkildə ikiyə ya da öz üzərinə bükülə bilməz. Bununla birlikdə “Evklid (Düz)” həndəsəsində iki nöqtə arasında çəkilən xətt düz ikən, “Kürə” ya da “Hiperbolik” həndəsədə iki nöqtə arasındakı düz xətt parçası əyridir.Düz kosmosda bir xəttə, o xətt xaricindəki hər hansı bir nöqtədən tək bir paralel xətt çəkilə bilərkən eyni vəziyyət, bir “Kürə” kosmos üzərində heç bir şəkildə çəkilə bilinməz. “Hiperbolik” kosmosda isə belə bir xəttə, sonsuz sayda paralel xətt çəkmək mümkündür. Əlbəttə bu paralel xəttlər düz xətt deyil, əyri xətlərdir

“Kürə” şəklindəkizaman-məkanda, iki paralel şüa dəstəsi göndərdiyimizdə bu şüalar milyon yada milyardlarla işıq ili uzaqlıqdakı bir nöqtədə birləşir, kesişir. Bu həndəsi kainat səthinə bir üçbucaq ilə (r) radiuslu bir çevrə çəkmiş olsaq üçbucağın daxili bucaqlarının cəmi, 180 dərəcədən böyük (elə ki, hər üç bucaq 90 dərəcə də ola bilməkdədir), çevrənin uzunluğu isə, 2 (pi) r dən kiçik olardı. Buna qarşılıq mənfi əyriliyə sahib hiperbolik zaman-məkan həndəsəsində isə, yenə belə məsafədəki bir nöqtədə, şüalar bir-birlərindən uzaqlaşmağa başlar. Bu həndəsədəki üçbucağın daxili bucaqlarının cəmi da, 180 dərəcədən kiçik, belə bir çevrənin uzunluğu isə, 2 (pi) r dən böyük olardı.Düz kainatda də bu şüalar sonsuza qədər paralellik vəziyyətini qoruyarlar. Buna qarşılıq Evklid (düz) kosmos üzərindəki bir üçbucağın daxili bucaqlarının cəmi, 180 dərəcəni, (r) radiuslu çevrə uzunluğu da 2 (pi) r-i göstərəcək.

Kainatın hərəkətini daha yaxşı təsəvvür edə bilməyimiz üçün, yuxarı doğru atılan bir daş nümunəsiylə belə düşünə bilərik. Birinci vəziyyətdə havaya bir daş atsaq əgər daşın sürəti yerin qaçma sürətindən(1 ci kosmik sürət) çox deyilsə daş yerə düşər. Əgər daşın sürəti, dünyadan qaçma sürətindən(1 ci kosmik sürət) böyüksə o zaman daş (təcilli olaraq) artan bir sürətlə hərəkətinə davam edər. Bununla birlikdə daşın sürəti, dünyadan qaçma sürətinə bərabərsə daş əsla dünyaya geri dönməz. Kainatın davranış formasını da, kainat sıxlığıyla müqayisə da ifadə edə bilərik. Beləcə “Düz Kainatın” sıxlığı, kritik sıxlıqda olar. Bu sıxlığdan yüksək qiymətlərdə, qalaktikaların bir-birlərindən qaçma sürəti kafi olmadığından kainat yuxarida danişdiğimiz “kürə” yəni bağli modelə uyarkən, yox əgər kainat sıxlığı kritik sıxlığdan azdirsa, qalaktikalar bir-birlərindən artan bir sürətlə uzaqlaşacaq yəni hiperbolik kaiant modelini bizə verər.

Keçmişdə isə, Nyutona görə kainat sonsuz və statikdi.Çünk ona görə, kainat sonsuz və homogen olduğundan cisimlərin bir-birlərinə tətbiq gösterdiyi cazibə qüvvəsi səbəbindən, bir-birlərini tarazlaşdirmaqdaydi (bu isə bir çox paradoksa səbəb olmaqdadir). Hətta Einstein belə ilk zamanlarda öz qurduğu tənliklərin əksinə, kainatın “statik ” olduğunu düşündü və daha sonra bunu həyatinin ən böyük səhvi olduğunu dilə gətirdi. Halbuki kainat, “De Sitter” tərəfindən aparılan hesablamalar nəticəsində yalnız boş kosmosda yəni, heç bir maddə və enerjinin olmadığı bir kainat üçün bu statiklik gerçək ola bilərdi ki, əgər maddə varsa mütləq kainat hərəkətli olmaq məcburiyyətində idi. Bu boş kosmosa eyni zamanda “Eynşteyn – De Sitter” kosmosu adı verilməkdədir. Ancaq Edwin Hubble tərəfindən edilən müşahidələrlə kainatın, eynilə şişən bir şar səthi kimi, o səth üzərində düşündüyümüz bütün qalaktikaların bir-birindən sürətlə uzaqlaşdığı yəni, kosmosun genişlənməsi isbat edilmişdir.Həmçinin kainatın genişlənməsi, kosmosun genişləməsi olduğundan, kainat “Planck ölçülərində” (big-bang in 10⁻⁴³ saniyə, 10⁻³³m də) olarkən maddə və enerjinin sıx halda olması, eyni zamanda bildiyimiz kosmosun özünün də o nöqtədə sıxlaşdığı mənasını verər (nəzəri olaraq Planck ölçüləri altinda da zaman-məkan var amma hesablamalara görə bura zaman-məkanin titrəşməsi nəticəsində həndəsəsi tamamilə pozulduğundan, fərqli deyişlə “Kvant Köpüyü” dediyimiz xaotik quruluşa çevrildiyinən bunu “Planck ölçüləriylə” sərhədləndirərək danışdım). Yəni qısacası, “big-bang” olmadan əvvəl, bildiyimiz kosmosun və zamanın özü də yox idi. Bunun bir dəlili də kainatdakı bütün kütlə və bunların hərəkət enerjilərinin toplami ilə cazibə qüvvəsinin meydana gətirdiyi enerjinin bir-birinə bərabər olmasıdır. Yəni, kainatın ümumi enerjisinin sabit olmasıdır.

Bununla birlikdə, geniş bir baxımdan kainata baxdığımızda kainat quruluşunun homogen olduğu ortaya çıxmışdır. Yəni kainatın hər yerində sıxlıq, bərabər olduğundan kainat olduqca düzgündür. Homogen olan kainatın içindəki hər bir cisim (qalaktika), aralarındakı uzaqlıqla doğru mütənasib olaraq genişləndiyindən kainatın hansı qalaktikasına baxılırsa baxılsın kainat, yenə eyni şəkildə görünür (buna İzotrop xüsusiyyəti də deyilir). Və yenə eyni zamanda kainatın hansı nöqtəsindən baxılırsa baxılsın müşahidəçiyə nisbətlə müşahidəçi, özünü kainatın mərkəzində görər. Qalaktikaların bir-birlərindən uzaqlaşma (dolayısıyla da kainatın genişləmə) sürəti isə (tam olaraq bilinemese də təxminən olaraq), 3,26 milyon işıq ili üçün saniyədə 55-70 km dir. 6,52 milyon işıq ili üçünsə bu, 110 – 140 km dir, . və s.

İndi əsas mövzumuza gəlsək, bu gün aparilan çox dəqiq ölçmə kainatın artıq artan bir sürətlə genişlənməkdə olduğunu və “Düz” bir həndəsəyə sahib olduğunu göstərməkdədir. Yəni kainatımızdakı maddə, kritik sıxlığa çox yaxindir demək olarki eynidir. Bu səbəblə təcilli bir şəkildə sonsuza doğru genişlənir. Ancaq burada bir problem ortaya çıxmaqdadır. O da, yenə aparilan ətraflı müşahidələrlə kainatdakı ümumi maddə və enerji sıxlığının bu kritik sıxlığdan çox-çox az olmasinin görülməsidi. Yəni kainatımız sahib olduğu sürətə qarşı, bu ankı müşahidə edilən maddə və enerji miqdarına görə çoxdan parçalanıb dağılması lazım idi lakin daha çox maddəyə, daha doğrusu maddə və enerjiyə sahibmiş kimi davranmaqdadır. Bu da, bu anda görünən kainatda genişlənməsini təmin edəcək səviyyədə artıqdan bir maddənin, yəni görünməyən “qaranlıq maddə və Enerjinin” var olduğunu bizə göstərir.Yalnız bu deyil.Aparilan müxtəlif müşahidələrlə də məsələn, bir qalaktika toplusu içərisindəki qalaktikaların ümumi kütləsinin, onları bir yerdə tutan kütlə cazibə qüvvəsini yaradacaq səviyyədə olmadığı göstərilmişdir. Yəni, müşahidə edilən cazibə qüvvəsi, olması lazım olandan çox daha çoxdur. Bu isə qalaktikaların sahib olduqları sürəti hesablanaraq müəyyən edilmişdir. Bunu bir az daha da aydin desəm, kütlə cazibə qüvvəsi, obyektlər arası məsafənin kvadratı ilə tərs, kütlələrin böyüklüyü ilə doğru mütənasibdir.Həmçinin yenə bir riyazi bərabərliyə görə, fırlanma sürəti ilə cazibə qüvvəsi yəni kütlələr arasında da bir əlaqə vardır. Bu səbəblə, cazibə nə qədər yüksəksə, bir cisimin digər bir cisim ətrafındakı və ya iki cismin müəyyən bir mərkəzi nöqtə ətrafındakı dönmə sürətləri də o qədər çox olar. Bu səbəbdən qalaktika çoxluqları üzərində aparilan araşdırmalar, qalaktikaların bir mərkəz ətrafındakı orbit sürətlərinin, olması lazım olandan çox daha yüksək olduqlarını göstərmişdir.
Həmçinin bənzər bir vəziyyət qalaktikaların öz içlərində də müşahidə edilmişdir. Məsələn sarmal qalaktikalar baxıldığında parlayan ulduz miqdarının, qalaktika mərkəzinə yaxın yerlərdə daha sıx, qalaktika mərkəzinin uzaklarında isə, daha az sıx olmaqdadır. Fırlanma sürətinin, cisimlərin sahib olduğu kütlə ilə doğru mütənasib olaraq artması səbəbindən, qalaktika mərkəzinə yaxın bölgələrin fırlanma sürətinin yüksək, mərkəzdən uzaq yerlərin isə, daha yavaş olması lazımdır. Halbuki vəziyyət belə olmayıb qalaktikanın fırlanma sürətinin, qalaktikanın hər yerində eyni olduğu, bu səbəbdən mərkəzdən uzaqlaşdıqca ulduzların olması lazım olandan çox daha sürətli olduqları görülməkdədir. Belə ki, xarici hissəsinə yaxın ulduzlar az qala qalaktikadan ayrılacaq səviyyədə yüksək sürətdə dönməkdədirlər.Bununla birlikdə, mərkəzə yaxın ulduzların da olması lazım olandan çox daha sürətli dönməkdə olduqları, bunların da çoxdan qalaktika xaricinə çıxmaları, fırlamaları lazım idi. Yəni, bunların da görünən kütlələri bu sürətlərdə hərəkət etmələri üçün kifayət deyil. Bu səbəbdən aparilan hesablamalar və müşahidələr nəticəsində qalaktikalarda, “Qaranlıq maddənin” varlığı həmçinin yenə bütün qalaktikalardan hər birinin “qaranlıq maddə” tərəfindən büründüyü ortaya çixmaqdadir. Yəni qalaktikaların ətrafında, o qalaktikaların dağılmasına maneə törədəcək və bərabər sürətlərdə çevirəcək miqdarda “qaranlıq maddə” var (hər bir qalaktikanın dönmə sürətləri də bir-birindən fərqlidir). Nəticə olaraq kainatda bilinən-görünən maddə və enerji, var olanın ancaq 4%-ni təşkil edərkən, 96%-i da görünməyən amma təsirləri ölçülən qaranlıq maddə və enerjidən meydana gəlməkdədir.Geriyə qalan 96%-lıq hissəsinin də 73 % nı “Qaranlıq enerji”, 23% ‘ nı isə “Qaranlıq maddə” təşkil edir.Bir şeyi də deyimki “qaranlıq maddə” ifadəsindəki “maddə” sözü də bildiyimiz mənada maddə deyil. Daha çox kütləsi olan enerji hissəciyi olaraq düşünülməkdədir.

“Qaranlıq maddə və enerji” ətrafa nə işiq yayir nə də ətrafdan işiq sovurur. Yəni, işıqla və digər elektromaqnit dalğalarla heç bir şəkildə qarlılıqlı təsirə girməməkdədir. “Qaranlıq maddə”, eyni anda həm öz cinsi olan “qaranlıq maddə” ilə, həm də görünən (bilinən) maddəylə yalnız Kütlə cazibəsi (Qravitasiya qüvvəsi) olaraq təsirə girir. Kainatın hər yerində homogen (düzgün dağılmış) olaraq olan “Qaranlıq Enerjinin” hissəcikləri də, bir-birlərini itələyir beləcə, kainatı genişlətməkdədirlər. Beləcə digər hisseciklər kimi Big-Bang ‘lə yaradılan “qaranlıq maddə”, bilinən maddə ilə təsirlənə bildiyindən qalaktikalar meydana gəlmişdir. Çünki kainat ilk zamanlarında hidrogen və heliumdan ibarət olan tək bir qaz buludu halında idi. Buna görə əgər “qaranlıq maddə” olmasaydı, kainat o qədər homogen olardı ki planetlər, ulduzlar, qalaktikalar meydana gələ bilməzdi.Halbuki tam tərsinə və də mükəmməl bir şəkildə, işıq sürətindən az yavaş hərəkət edən “Qaranlıq maddənin” hissəcikləri eynilə bir inşaatın quruluş skeleti kimi, “kainatın skeletini”meydana gətirmişdir.Sanki bir hörümçək toruna bənzər şəkildə bütün kainatı bürümüş və bilinən maddəni əhatə edərək incə nizamlı olan kainatdakı nizamı meydana gətirmişdir. Nəticə olaraq, “qaranlıq maddə” ulduzların, planetlərin və yer üzündəki həyatın meydana gəlməsi üçün həyati bir əhəmiyyət təşkil etmiş və hələ də etməkdədir.

“Qaranlıq maddənin” hissəcikləri, insan bədənindən, obyektlərin və planetlərin, ulduzların içindən maddə atomları və hissəcikləriylə təsirlənmədən onlarla toqquşmadan keçib gedirlər, eynilə görünməz bir insanın divarın o biri tərəfinə keçməsi kimi. Belə ki, bu hissəciklər bir iynə ucu qədər yerdən on, yüz milyardlarla sayda keçirlər. Əgər əlimizdə bir ovuc “qaranlıq maddə” tutmuş olsaydıq onun bir ağırlığa sahib olduğunu hiss edər, barmaqlarımızın arasından, əlimizin dərisi içindən keçərək yerin içinə girdiyini, heç bir şeylə (torpaqdakı saysiz-hesabsiz zərrəciklərlə) təsirlənmədən və onlarla toqquşmadan dünyanın digər tərəfindən çıxıb getdiyini

Çoxunuz deyə bilərsizki bəlkədə “Qaranliq” maddə hansisa elmin tapa bilmədiyi 1 makroobyekt hissələridi.Amma elə deyil.Kainatdaki bütün atom sayini bilirik.Bunlar hesaba qatılsa belə, yenə də kainatdaki kritik kütlə dəyərindən çox uzaq qalar.Həmin kritik kütləni tamamlayan isə “qaranliq maddə” və “Qaranliq enerjidir”.Həmçinin bildiyimiz-tanidiğimiz bəzi hissəciklərin, “qərarsız” olmalarından ötəri müəyyən bir müddət sonra “protana” dönüşürlər. Halbuki “Qaranlıq maddə hissəcikləri” bütünlüyüylə qərarlı olub heç bir şeyə çevrilmirlər. Bu səbəblə “Standard Model” içində bilinən heç bir hissəciyə bənzəmir.

Bu gün “Qaranlıq maddəyə” ola biləcək ən böyük namizəd olaraq, onunla mükəmməl səviyyədə ortaq xüsusiyyətlərə sahib olan “WIMP” deyilən dənəciklər göstərilməkdədir. Bu hissəciklər “Standart Modelin” xaricində nəzərdə tutulan (xaricində olmasa belə “uc nöqtələrində” düşünülən) və “protonun” kütləsindən böyük amma maddəylə çox zəif qarşılıqlı təsirdə olan (hardasa yox deyiləcək qədər ) zərrəciklərdir. Zəif Nüvə və Qravitasiya ilə təsirlənsələrdə, Güclü Nüvə və Elektromaqnit qüvvəsi ilə qarşlılıqlı təsirə girmədiyindən teleskoplarla təsbit edilməsi imkansız hisseciklerdir. Ancaq yenə də bu zerreciklerin varlığı qəti deyil, yalnız fərziyyə olaraq düşünülməkdədir.Qaranlıq mədəninin təsiri, zaman-məkani, bu səbəbdən yanından keçən (bu zaman-məkanda hərəkət edən) işığı bükdüyündən ötəri “lupa təsirinə” səbəb olmaqdadir. Bu da alimlərə “Qaranlıq maddənin” kosmosdakı mövqelərinin xəritəsini rahatlıqla çıxardılmasını təmin etməkdədir.

Alimlər “Qaranlıq maddənin” varlığını konkret olaraq isbat etmək üçün müxtəlif üsullarda istifadə edirlər.Bir üsul da, torpağın 700 metr altında, sıfırin altinda temperaturda çox sıx “Germanyum” atomlarından meydana gəlmiş lövhələr (kristallar) yerləşdirilərək, “qaranlıq maddə” zərrəciklərinin bu kristallara toqquşmasini, qarşlılıqlı təsirə girmələrini müşahidə etməkdir. “Qaranlıq maddə” hisseciyi çox az təsirə girmiş olsa da, əgər bir dənəsi bu atom nüvələriylə təsirə girmiş olarsa ortaya çıxacaq olan istilik, mühitdə istilik fərqliliyini ölçən alətlər köməyiylə təsbit edilə biləcək. Ancaq on ilə yaxın bir müddətdir aparilan araşdirmalar nəticəsində belə hissəcik müşahidə edilə bilinməmişdir.

Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? – RƏY

Bakı. 31 avqust. REPORT.AZ/ “Report” Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axundu, ilahiyyatçı hacı Fəxri Sadiqovun Qurban bayramının yaranma tarixi, müsəlman aləmində yayılması və qurban kəsmənin vacib şərtlərinə dair məqaləsini təqdim edir: “Uca Allahın rəhmət və mərhəmətinə yaxınlaşma bayramı” İslam dinində olan bayramlardan biri də müqəddəs Qurban bayramıdır. “Qurban” ərəb dilində “Qurb” sözündən olub, Allahın rəhmətinə yaxınlaşma anlamına gəlir. Qurban bayramı Həzrət İbrahim və onun oğlu İsmayılın adı ilə adlansa da, əslində “Qurban” sözünə Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə rast gəlinir. Allah müqəddəs Quranda deyir – “Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər” – Maidə surəsi, 27-ci ayə. “Qurban bayramı əsl mahiyyətindən çıxmışdı” Bu ayədən açıq aşkar görünür ki, ilk qurbanı həzrəti Adəmin ə.s oğlanları Allah dərgahına aparmışlar. Sonradan bu adət halını alıb həqiqi mahiyyətindən çıxıb, şeytanın vasitəsi ilə müəyyən zaman ərzində vəhşi bir qanuna çevrilib. İnsanlar təsərrüfatından hər hansı bir şeyi (əkindən və ya heyvanlardan) qurban etmə əvəzinə öz övladlarını ilahələrə (bütlərə) qurban edirdilər. Həzrət İbrahim ə.s. zamanında isə bu ilahi nemət onun vasitəsi ilə, qarışıqlıq və bidətlərdən təmizlənərək əsl mahiyyətini tapır. Həzrət İbrahim ə.s və oğlu İsmayıl ə.s vasitəsi ilə Allah bu qanunu kamil olaraq yenidən öz gözəlliyinə qaytarır. Hacı Fəxri Sadiqov “Məhəmməd peyğəmbərin zamanınıda Qurban bayramı” Sonradan Həzrət Muhəmməd ə.s-ın peyğəmbərlik dövründə isə bu, islamda Həcc mərasimində vacibat və müsəlmanlar arasında kütəvilik halını alır. Qurban kəsmək yalnız Həcc mərasimini icra edən Hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə vacib deyil, ixtiyari hökmdədir. “Qurbanı kəsərkən nəyə diqqət etməliyik?” Qurban kəsərkən bir neçə məsələyə diqqət vermək lazımdır. “Qurani-Kərim”də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam (davarlar) cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər)” – Həcc surəsi 34-cü ayə. Qurban bayramında kəsilən qurbanlar üç növə bölünür: 1. İbil (dəvə cinsi) 5 yaşı tamam olmalıdır. 2. Bəqar (inək və camış cinsləri) 1-dən artıq yaşı tamam olmalıdır. 3. Qoyun (qoyun və keçi cinsləri) 7 və ya 8 aylığından artıq olmalıdır. “Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır” Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Daha yaxşı olar ki, xırda buynuzlu heyvan fərdi qaydada, iri buynuzlu heyvanı həm fərdi, həm də müştərək qaydada kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda kəsilmə və bölünməsində müsəlmanlar şəriət prinsiplərindən kənar çıxmamalıdırlar. Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətlərini bildirən məsələlər də İslamda öz əksini tamışdır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islam əxlaqı cəhətdən icazəli deyil. Qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da, olar. Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir. Yaxşı olar ki, bayram namazı qılınandan sonra Qurban kəsilsin. “Fərdi və müştərək qaydada kəsilən heyvanların bölüşdürülməsi qaydaları” Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır. Həzrət peyğəmbər ə.s. və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir. 1. Qurban kəsənin ailə üzvlərinin payı; 2. Onun “sileyi-rəhm”, yəni qohum əqrəbadan olan ehtiyaclıların payı; 3. Ona qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəmanın payı. Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Uca Allah bu bayramın mahiyyətinə işarət edərək buyurur: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” – Həcc surəsi, 37-ci ayə. Bu il müqəddəs Qurban bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya uyğun olaraq 1 və 2-Sentyabrda qeyd ediləcək. Qurban bayramının namazı isə sentyabrın 1-də saat 09:00-dan etibarən məscidlərdə qılınmağa başlanacaq. Allah kəsilən qurbanları, edilən ibadət və dualları qəbul etsin, bayramınız mübarək olsun!

Qaranliq. Felsefe ve biraz da Poetika..

Çox adam Qaranlığın nə olduğunu heç bilmir, o, yalnız gecəni tanıyır və gündüzdə yaşayır. O, gecəyə düşüb, amma Qaranlıqla heç üz-üzə gəlməyib, Qaranlığı heç düşünməyib, Qaranlığa heç baxmayıb da. Onun Qaranlıqla bircə alış-verişi var: QORXU

Qaranlıqdan qaçıb, daim aydınlığa can atan insan əslində özündən qaçır, öz şəxsiliyindən, öz içindən qaçır; o, özündən qıraqdakı dünyaya, öz içindən bayıra, əşyalara, nəsnələrə sarı qaçır. Burada o, yalnız qəfil gecəyə düşəndə, dara düşəndə öz daxilinə çəkilir, Qaranlığına qərq olur.
Çox adamın yalnız gündüzü var, gecəsi yoxdu. Amma hər kəsin öz Qaranlığı var. Çünki hərkəs öz yuxusunu yatır.

Qaranlığımız özümüzdür, aydınlığımız Mənimiz. Öz Məndən həmişə daha böyükdür. Mən Özün gündüzüdür, aydın olan üzüdür. Öz isə Mənin gecəsidir, Qaranlıq dibidir.

Keçmiş də, gələcək də Qaranlıqdır, aydın olan yalnız indidir.

Sonsuz Qaranlıqdan gəlib, sonsuz Qaranlığa gedən biz biranlıq aydınlıqlardan keçirik.

Sabah Qaranlıqdır, işıqlı olan səhərdir.

Günəşin aydınlığı ilə, ayın aydınlığı fərqlidi. Ayınkı aydınlıqdı, günəşinki apaydınlıq.

Günəşsizliyin Qaranlığı ilə aysızlığın Qaranlığı da fərqlidi. Aysız-ulduzsuz Qaranlıq zülmətdi, qapqaranlıqdı, orada heç nə görünmür və yaxud da «heç nə»nin özü görünür. Heçnənin, Yoxluğun qucağında hərkəs tənhadı.

«Heçnə» Qaranlıqdı. Aydınlığın «Hər şey»i Qaranlıqda «Heç şey»ə çevrilir. Çox Birə dönür Qaranlıqda.

Gündüz — hissə-hissədi, şey-şeydi. Gecə isə — tamdı, bütövdü. Elə ona görə də, əslində bir varlıq kimi gündüz yoxdu, amma gecə var!

Gündüz cismlər aydınlığı örtür və aydınlığın özü görünmür, gecə isə əksinə, Qaranlıq cismləri örtür və cismlər görünmür, amma Qaranlıq özü görünür.

Qaranlıqda görünməyən — cismlərdir, Qaranlığın özü isə görünəndir.

Buna görə də Qaranlıq görünməmək deyil, göstərməməkdi.

Qaranlıqda bizə Dünya verilir, aydınlıqda dünyadakı əşyalar.

Qaranlıqdakı dünya ayrı dünyadır, aydınlıqdakı dünya ayrı.

Qaranlıq — cismləri gizlədərək, örtərək onları «yox edir»: sankiboşluq, sankiyoxluq yaradır. Boşluq və yoxluq isə insanı qorxudur və təfəkkürü qamçılayır. Buna görə də, elm gündüzü, fəlsəfə, poeziya və din gecəni sevir.

Qaranlıq — insanı özünə, öz içinə baxmağa çağırır. Obyektiv elmilikdə insanın subyektiv daxililiyi yoxdur.

Qaranlıq passivdir, buna görə də Qaranlıqdakı insan aktiv; aydınlıq aktivdir, buna görə də aydınlıqdakı insan passiv.

İrrasionallığın simvoludur Qaranlıq, həm də azadlığın. Daim düşünə, uydura, yarada, xəyal edə bilərsiniz Qaranlığı. Aydınlığın bu şansı yoxdur. Gündüz hər tərəf aydınlananda gecə xəyalları elə bil daşa dəyir. Aydınlıq realizmdir, Qaranlıq romantizm. Romantik şair Novalis deyirdi ki, «Gerçəkliyi qaranlıqlaşdırın, onda o, daha aydın görünəcək».

Aydınlıq mənə sarı gələn yoldur, Qaranlıq məndən gedən yol. Aydınlıq dünyanın mənə yoludur, Qaranlıq mənim dünyaya yolumdur.

Gündüzün dünyası kosmoloji dünyadır, az qala insansız dünyadır. Dünya «olduğu kimi»dir gündüz. Gecənin dünyası isə antropoloji dünyadır, insanın yaratdığı dünyadır. Dünya — insanın məhsulu kimidir gecə.

Qapalı qutuda Qaranlıq var. Biz işığı söndürmədən də, yalnız onun qarşısını kəsərək Qaranlığı yarada bilərdik, qapalı qutu düzəldərdik. Amma qutunu açıb Qaranlığı görmək istəsəydik, Qaranlıq — qutunun açdığımız yerindən uçub gedərdi.

Zvank Tse (Çjuan Çjı) belə bir məsəl çəkir. Yatıb yuxuda gördüm ki, kəpənəyəm. Oyanıb / Yuxulayıb («jiao» çin dilində iki mənalıdır) gördüm ki, Zvank Tseyəm. İndi görəsən, mən Zvank Tseyəm, yuxuda kəpənək olduğumu görürdüm, yoxsa, kəpənəyəm, yuxuda Zvank Tse olduğumu görürəm. Sualım budur: Qaranlıq işığın yoxluğudur, yoxsa, aydınlıq işığın varlığı?

Əslində dünyamızın fonu Qaranlıqdı, günəş işığı, ay işığı, ulduzların işığı, şimşəyin işığı, şam işığı — bunlar hamısı Qaranlıq fonda parıldayırlar. Sadəcə günəşin işığı güclü olduğuna görə, bütün Qaranlıq fonun özünü müvəqqəti olaraq görünməz edir və bizdə elə bir duyğu yaradır ki, sanki keçici olan Qaranlıqdı, qalıcı olan aydınlıq. Halbuki, işıq Qaranlığa qonaq gəlir. İnsan Qaranlıqdadı. Buna görə də, o işığı sevir.

Yaxud belə də deyə bilərəm: İnsan işıq saydıqlarını sevir. Aydınlığın səbəbi günəşdir, bəs Qaranlığınkı nədir? Qaranlığın günəş kimi bir səbəbkarı olmadığı üçün, aydınlıq qalıcı, Qaranlıq ötəri hal sayılıb. Əslində isə günəş dünyanı işıqlandırır, dünya özü Qaranlıqdır.

Aydınlığın boyu cismlərin boyu qədərdir, Qaranlıq isə cismlərin o tayına keçib gedir, cismlərdən böyük görünür. Aydınlıq cismlər boydadı, Qaranlıq isə hüdudsuzdur. Ona görə də, aydınlıqda cismlər adamı sehrləyə, cəzb edə, düşündürə bilər, Qaranlıqda isə Qaranlığın özü. Əslində aydınlıq yoxdur, cismlər var, aydınlıqda görünən cismlər. Qaranlıq isə özü var!

Qaranlıq göydür, aydınlıq yer.

Qaranlıq aydınlıqdan daha böyük, daha dərindir, daha tutumludur. «Qaranlıq» sözünün hərfi mənası da böyük deməkdir. Gecə gündüzdən daha anlamlıdır. Aydınlıq sərhədli, Qaranlıq sonsuzdu. Qaranlıqda yazılmış əsərlər var, onları Qaranlıqda oxumaq lazımdır.

Şair Qaranlığı duyur, bəstəkar Qaranlığı eşidir, rəssam Qaranlığı görür, filosof Qaranlığı düşünür, dindar Qaranlığı uydurur.

İnsanların Qaranlığını iki cür tanıya bilərsiniz: Onları Qaranlıqdan işığa çıxararaq, günə çıxararaq, onlara imkanlar, səlahiyyətlər, bir sözlə, onlara güc bəxş edərək. Amma “İnsanların üzünü işıqda, xarakterini Qaranlıqda tanıya bilərsən”, deyir qədim bir kəlam. Çünki insanın Qaranlığı Qaranlıqda üzə çıxır həm də; adamın Qaranlığını o, dara (gecəyə!) düşəndə da tanımaq olur.

Qaranlıqda hər şey gizlənə bilər, Qaranlığın boynuna hər şeyi yıxmaq olar. Buna görə də, Qaranlıq üzüyola, feminin, təslim olandır. Qaranlıq amorf yumşaqlıqdır. Görünür, qədim Çin filosofları Qaranlığın cinsiyyəti qadındır deyəndə yanılmayıblar.

Qaranlıq qara, qaramat deyil, əksinə, Qaranlıqda apaydın, işıqlı düşüncələrə gəlib çıxmaq olar. Qapqaranlıqda apaydınlıqda oturmaq olar. Gündüzün anası gecədir.

Divlər, oğrular, əqrəblər Qaranlıqda gizlənə-gizlənə Qaranlığı bədnam etdilər. İndi Qaranlığı təmizə çıxarmaq Qaranlığı aydınlatmaqdan daha çətindir. Amma Qaranlıq qara qüvvələrin gizlənməsi üçün deyil.Necə ki, şairlər deyiblər: «Qəfəslər quşlar üçündür, amma quşlar qəfəslər üçün deyil».

Aydınlıq ağ rəng kimi qaytararaq göstərir, Qaranlıq isə qara rəng kimi udaraq gizlədir. «Duman ağ Qaranlıqdı» (Alov E.).

İşıqla da örtmək olar. Günəş ulduz qardaşlarını öz işığıyla kölgədə qoyduğu kimi.

Hind fəlsəfəsinin ustadlarına Quru adı verirdilər. Quru Qaranlıqdan çıxardan deməkdir. Müəllim tələbəsini Qaranlıqdan çıxardandır. Əbədi gündüz ola bilmədiyi kimi, əbədi aydınlıq da illüziyadır. Yeni cavabların işığı yeni Qaranlıqları göstərmirsə, o, tələdir.

Biz dahilərə ona görə borcluyuq ki, onlar bizə görmək üçün aydınlıq, düşünmək üçün Qaranlıq verib gediblər.

Fəlsəfədə işıq yeni Qaranlıqları göstərmək üçündür. Filosof üçün hər aydınlığın Qaranlığı vardır, kütlə üçün «hər gecənin gündüzü» olduğu kimi. Apaydınlıqda görmək olmaz, kölgə də gərəklidir.

Kölgə Qaranlığın (ikiölçülü) şəklidir, özü deyil.

Qnostisizmə görə insan dünyada həbsdədi, başqa sözlə, Qaranlıqda çıxış yolu bilikdir (qnosis), bu bilik işıqdır.

Hər zaman doğru bilik işıq sayılmışdır. Yalan yalançı işıqdır.

İnsanı düşündürən — Qaranlıqdı. Həqiqətin tapılması gecənin qurtarması, səhərin açılmasıdır. Bilik hərfi mənada da yolgöstərici işıq kimidir.

Aydınlıqda özünü itirən insan, Qaranlıqda özünü tapır. İnsan Qaranlıqdan doğulur.

Biz yalnız gecələr özümüzünük. Gündüzlər həm də başqalarınınıq.

Qaranlıqda biz gözləyirik, aydınlıqda isə axtarırıq.

Qaranlıq ümidlərimizin və qorxularımızın ana bətnidir. Ümidin və qorxunun birləşdiyi hər şey Qaranlıqdır.

Qaranlığın qorxululuğu onun gözlənilməzliyindədir. Gözlənilməz hər bir şey bizim üçün Qaranlıqdır. İnsanlara gözlənilməz sürprizlər edin, onda onlar Qaranlığı sevəcəklər, gələcəklərindən daha az qorxacaqlar.

Gündüz hamının dünyası bir və eynidir, gecə hərənin öz dünyası var. Qaranlıq danışır, aydınlıq göstərir. Aydınlığı görə bilirsən, Qaranlığı isə dinləməlisən. Görünür, qədimdə peyğəmbərlər allahı elə buna görə məhz «eşidirdilər».

Qaranlıq təkcə alıb aparan deyil, həm də gətirib verəndi. Qaranlıq — başlanğıcın anasıdır.

Hər halda Qaranlıq haqqında aydın danışmaq olmaz. Qaranlığa işıq salmaq olmaz. Çünki onda Qaranlıq yox olar.

Əslində, ümumiyyətlə Qaranlıqdan qıraqda — yəni aydınlıqda dayanıb, Qaranlıq «haqqında» da danışmaq olmaz, gərək Qaranlığın «içində» olasan, gərək Qaranlıqda dayanıb, Qaranlıq«dan» danışasan.

Qaranlıqdan gərək yarımqaranlıq, mistik stildə danışasan. Qaranlıq özü bunu bizdən tələb edir.

Susa bilmək brilliantdı. Brilliant — danışa bilməmək deyil, danışmaq istəməmək deyil, danışacaq sözü olmamaq deyil. Əksinə, min dəfə əksinə! Məhz danışmaq istəyəndə, deməyə sözü olanda susmağı bacarmaq lazımdı. Brilliant susmaq budur. O biri susmaqlar heç gümüş də deyil.

Qaranlığın bir adı var, aydınlığın min adı. Amma mən onun adını sizə deyə bilmərəm. Gərək susmağı bacarasan. O, sən susanda yalnız sənin olur…

Onun adını heç Məcnun da bilmirdi, sadəcə Leyli adı vermişdi ona.

Lao Tsenin Dao işarəsi kimi, Leyli də Qaranlığın adı deyil, simvolik işarəsidi eləcə.

«Leyli» — Qaranlığın simvollarından biridir.

Qeysi dəli Məcnun eləyən Qaranlıq Leylidi.

Qaranlığın aşiqi gündüz üçün dəlidir. Qeysə Məcnun adı gündüz verilib, aydınlıqda, aydınlığın gözü ilə, aydınlığın işığında.

Aydınlıq adamı dəli eləməz, ağıllı eliyər. Aydınlığın ağıllısı da Qaranlığı sevməz.

Məcnunun (dəlinin) dəyərini bilən bircə nəfər var — Leyli (Qaranlıq).

Qaranlıqda insan dış dünyanı qavramaq üçün ən güclü vasitəsini, görmə qabiliyyətini itirir. Qaranlıqda adam kor olur. Aşiq Məcnun kor idi, çünki o, Leylidə idi, Qaranlıqda. Aşiqlik kor olmaqdı, eşq — Qaranlığı sevməkdi. Bütün sevilənlərin adı Leylidi.

Qaranlıqda ilk dəfə qulaqlar gözlərdən daha əhəmiyyətli olurlar. Qaranlıqda bayquş ulartısı da işıqdır.

«Minervanın bayquşu Qaranlıq çökəndən sonra uçmağa başlayır» (Hegel). Çünki fantaziya öz qanadlarını yalnız Qaranlıqda aça bilər. Gündüz fantaziyanın uçuşu üçün çox dardır.

«Gecə yatmaq üçündür», o deməkdir ki, xəyallar oyaqlıqda ağlın yuxusudur.

Bizə gecə verilən dünya ilə gündüz verilən dünya fərqlidir: Görünən (vizual) dünya ilə eşidilən (auditiv) dünya. Fəlsəfədə bu belə ifadə edilir: qavranan dünya (perceptiv), düşünülən (intelligible) dünya. Düşünülən dünya həmişə qaranlıqdır. İnsan — Qaranlıq dünyanın günəşidir. Qaranlıq — bir dünya kimi yalnız insan üçün var.

Atəşpərəstlikdə Qaranlıq şər mənbəyidir, qədim Çin dünyagörüşündə sirr mənbəyi. Bəlkə də şeytan allahdan daha sirrlidir.

Qərb gündüzsevərdir, Şərq gecəsevər. Qaranlıqda dünya böyüyür. Elektriklə işıqlandırılmış dünya kiçildi.

Gecə zehin boşalır və bir nöqtəyə zillənir, qadaqlanır. Gündüz bolluqda olan şüurumuz dağınıqdı, gecə isə yoxsulluqda diqqətli.

Hər gecə — bir gündüzün gecəsidir.

Hər gündüz də — bir gecənin açılışıdır.

Biz gecəni keçiririk, bəs gecə nəyi keçirir? Dünənki bizi. Görünür, gecə ilə «gec»ikmək və «keç»mək arasında əlaqə olub. Gecə geyimlidi, gündüz çılpaq. «Geyim-keçim»də də gecəyəbənzər nəsə var. Gecə gündüzdən cazibədardı, hicab çimərlik paltarından daha çox cazibə oyatdığı kimi.

Gecələr adamın varı yadına düşmür, yoxu yadına düşür. Daha doğrusu, varının yoxluğu. “Şəbi-hicran” deyən Füzulini anlaya bilirik yavaş-yavaş.

Gündüz hamınındı, gecə hərənin. Hamının eyni gündüzü var, hərənin öz gecəsi. Gecələr hamımız öz vətənimizdəyik.

Gecələr cümlələrarası intervallar kimidir. Hər nöqtə bir gündüzün sonudur.

Qaranlıq iki üzlüdür. O, ya səhərə açılır, ya da heç vaxt öz səhərini tapa bilmir… Ölüm — gündüzü gəlib çıxmayan gecəyə bənzəyir.

Comments are closed, but trackbacks and pingbacks are open.