Qarın ağrısı
Qarın yağlarını aradan qaldırmaq üçün sehrli üsul yoxdur. Qarın yağlarından xilas olmaq və daha sağlam olmaq istəyirsinizsə, bu məsələdə qərarlı olmalısınız. Həyatınızda etdiyiniz dəyişiklikləri yalnız qarın yağlarını əritmək üçün müvəqqəti bir dövr kimi qəbul etməyin. Şüurlu qidalanmaq və daha çox hərəkətli həyat qarın yağlarından xilas olmağınızı təmin etməklə yanaşı həyat səviyyənizi də yüksəldəcək. Yuxarıda sadalananlar ömrünüzün qalan hissəsində yarana biləcək sağlamlıq problemlərinin riskini azaldan müsbət dəyişikliklərdir.
Qarın piylərini əritmə üsulları
Qarın bölgəsində yığılan yağlardan xilas olmaq təkcə xarici görünüşümüz üçün deyil, eyni zamanda səhhətimiz üçün də son dərəcə mühümdür. Bu hissədə toplanan yağlar əsasən pis təsirli xolesterinin yüksəlməsinə səbəb olur. Qandakı pis xolesterin artdıqca qan şəkərinə nəzarət də çətinləşir və şəkər xəstəliyinin yaranmasına səbəb olur. Yəni, qarın yağlarını yalnız formada olmaq üçün deyil, daha sağlam olmaq üçün də əritməliyik.
Mütəxəssislər kişilərdə rast gəlinən qarın yağlanmasının qadınlara nisbətən daha təhlükəli olduğunu qeyd edirlər. Çünki kişilərdə görülən arterial xəstəliklərin sayı daha çoxdur. Həm də kişilərdə qarın bölgəsi yağlanması qadınlara görə daha erkən yaşlarda başlayır və ürək-damar xəstəliklərindən başqa, 60 yaşından sonra daha çox riskli olur.
Qadınlarda isə daha çox bel bölgəsinin aşağısında qalan bud hissəsi yağlanır. Bu bölgədəki yağlanma bəlkə ürək və damar xəstəlikləri üçün böyük bir risk yaratmır, ancaq bu piylənmənin tamamilə zərərsiz olduğu anlamına gəlmir. Bel hissəsindən yağlanan qadınların müxtəlif xəstəliklərə yaxalanma faizinin statistikası isə heç ürəkaçan deyil. Məsələn, bel bölgəsində çox yağ olan qadınlar digər qadınlara nisbətən 5 qat daha çox ürək xəstəliyi riski ilə qarşı-qarşıya qalırlar. Bu bölgədəki yağlanma sinə xərçəngi riskini 30 faiz, öd kisəsi daşı riskini 50 faiz artırır. Bundan başqa, qarınlı qadınların hamilə qalma nisbətinin aşağı olduğu da araşdırmalarda öz təsdiqini tapıb.
Qarın əritmə üsulları hansılardır?
Bu artıq yağlar niyə qarın bölgəsində yığılıb qalır və bədənin digər hissələrinə yayılmır? Bu sualın cavabı olduqca sadədir: Artıq çəkinin bədənin ortasında (qarın, bud, bel bölgəsi) yığılmasının səbəbi orqanizmin tarazlığı pozmaq istəməməsi və bu yağların daşınmasında bizə asanlıq təmin etməsidir. Bədənimiz bu yağları ac olanda ehtiyat daşıması üçün asan yerlərdə toplanır. Beləlikdə də yağlar ətrafa bərabər paylanır.
Qarın əritmə üsullarına gəldikdə isə tək qarın əritmə üsulu yoxdur. Qarnın əriməsi üçün kompleks yanaşmaya ehtiyac var və bunda israrlı olmaq lazımdır. Məsələn, sağlam qidalanma proqramına əməl etməsəniz, istədiyiniz qədər kardio məşqi edin, ya da idman edin qarın bölgəsində olan yağlardan xilas olmağınız mümkün deyil. Və ya əksinə, istədiyiniz qədər az kalori sərf edin, nizamlı olaraq idman etməsəniz, bu hissədə toplanan yağlardan xilas ola bilməyəcəksiniz.
Kalorini nəzarət altında saxlayın
Qarın yağlarından xilas olmaq üçün ilk olaraq gün ərzində nə yediyinizə və içdiyiniz diqqət edin. Əgər gün ərzində qidalardan aldığınız enerji, sərf etdiyiniz enerjidən çox olarsa, bu artıq kalori sizə yağ olaraq geri qayıdacaqdır. Aldığınız kalori sərf etdiyiniz kaloridən az olarsa və bunu müntəzəm olaraq etsəniz, yağ saxlayan orqanizminiz enerji üçün ehtiyat yağları istifadə etməyə başlayacaq.
Təkcə qarın bölgəsini əritməyin
Arıqlayanda bütün bədəninizi nəzərə alın. Diqqəti təkcə qarın bölgəsinə yönəltmək bu bölgədəki yağların çətin əriməsindən dolayı əzminizi sındıra bilər. Arıqlamaq istəyəndə bütün bədəni nəzərə alın və ümumiyyətlə, necə gördüyünüzə və nə qədər arıqladığınıza diqqət yetirin.
Kişilərin daha çox səy göstərməsi lazımdır
Əgər kişisinizsə, qarın yağları sizi ən sonda tərk edəcək. Kişilər əvvəl üz, qol, ayaq və döş hissəsindən arıqlayırlar. İnadkar olsanız, o zaman növbə qarın bölgəsinə də gələcəkdir.
Məşq etməlisiniz
Nə etsəniz edin! İstəyirsinizsə, yediklərinizi azaldın, istəsəniz yalnız salat yeyin, lakin yadda saxlayın ki, nizamlı məşq etmədən düz qarın əldə etmək haradasa qeyri-mümkündür. Bundan başqa, məşqi mütəmadi olaraq etməlisiniz. Bir həftə 5 gün, digər həftə 1 gün idman etmək heç bir işə yaramır. Əlbəttə, indi çölə çıxıb 10 kilometr qaçın demirəm, amma həftədə 4-5 gün, 45 dəqiqə yaxşıca tərləyə biləcəyiniz, nəbzinizi yüksələcəyi məşq proqramına əməl etməlisiniz. Vaxtınız məhduddursa, getməyiniz lazım olan yerlərə templi yerişlə gedin, pilləkənlə çıxın və mümkün olan hər an hərəkət edin. İdman zalına gedəcək büdcəniz və vaxtınız yoxdursa, özünüzə addım ölçən alın və gündə ən az 10.000 addım atmağa çalışın.
Qarın əritməyin asan üsulu yoxdur
Bukinistlərdə “qarın əritmə üsulları” başlığı altında onlarla kitab, apteklərdə “qarnınız asanlıqla ərisin” şüarı altında satılan bir çox dərman tapa bilərsiniz. Bu tip nəşrlər bəlkə sizi motivasiya edə bilər, ancaq qarından xilas olmaq istəyirsinizsə, mütləq hərəkət etməli və daha az kalori istehlak etməlisiniz. Yəni, qarın əritmək üçün sehrli formul, kitab, dərman və ya bitki təəssüf ki, yoxdur.
Yuxu mütləq müntəzəm olmalıdır
Lazım gəldiyindən az yatsanız, gün ərzində azalan enerjini bərpa etmək üçün daha çox yemək məcburiyyətində qalarsınız. Bu şüurlu edilən bir hərəkət deyil, sizi buna bədəniniz istiqamətləndirir. Qarın əritmək və ümumiyyətlə, arıqlamaq üçün yaxşı yatmalısınız.
Klassik məsləhət: Səhər yeməyi çox əhəmiyyətlidir
Şablon olduğunu qəbul edirəm, ancaq şablon olmasının ciddi səbəbləri də var. Zülal baxımından zəngin səhər yeməyi gün ərzində daha çox yağ yandırmağa köməkçi olur. Əgər səhər yeməyini yeməsəniz, metabolizm yuxudan oyanmır və nahara qədər yavaş tempdə çalışır. Bu da daha çox kalori yandırmağa mane olur. Həmçinin səhər yeməyi yemədiyiniz üçün günorta lazım olandan çox yemək yeməyiniz böyük ehtimaldır. Onun üçün səhər yeməyini vaxtında yeyin və zülalla zəngin (yumurta, pendir, tərəvəz, meyvə) səhər yeməyi ilə günə daha enerjili başlayın.
Cərrahi metodlar
Daha sağlam qidalanma proqramı və nizamlı məşqlə arıqlamaq hər bir mütəxəssisin ilk tövsiyəsidir. Məncə də belə arıqlamaq daha təsirlidir. Ancaq bəzi hallarda artıq çəki insanın ümumi sağlamlığını təhdid edən həddə çata bilər. Belə vəziyyətlərdə xəstənin özü arıqlaya bilmirsə və ya pəhriz saxlasa da, arıqlamaq sürəti istənilən səviyyədə deyilsə, yağları almağa və insanın daha az yeməsinə yönələn bəzi cərrahı əməliyyat variantları da var. Orqanizmin piy örtmüş bölgələrindən yağ alma prosesi olan “liposuction” – liposaksiya (yağların əməliyyat yolu ilə götürülməsi) və yemək borusunun altındakı mədənin üst hissəsinə lent taxılması olan “mədə qandalı” bu sahədə ən sıx tətbiq olunan əməliyyatlardır. Bu əməliyyatları etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin danışın və əməliyyat haqqında ətraflı məlumat əldə edin.
Nəticə olaraq
Qarın yağlarını aradan qaldırmaq üçün sehrli üsul yoxdur. Qarın yağlarından xilas olmaq və daha sağlam olmaq istəyirsinizsə, bu məsələdə qərarlı olmalısınız. Həyatınızda etdiyiniz dəyişiklikləri yalnız qarın yağlarını əritmək üçün müvəqqəti bir dövr kimi qəbul etməyin. Şüurlu qidalanmaq və daha çox hərəkətli həyat qarın yağlarından xilas olmağınızı təmin etməklə yanaşı həyat səviyyənizi də yüksəldəcək. Yuxarıda sadalananlar ömrünüzün qalan hissəsində yarana biləcək sağlamlıq problemlərinin riskini azaldan müsbət dəyişikliklərdir.
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Qarın ağrısı
Qarın ağrısı – qastroenteroloji, cərrahi, ginekoloji, uroloji, proktoloji və infeksion xəstəliklərin tipik əlamətidir. Həmçinin yayılmış qarın ağrısı onurğa və döş qəfəsi orqanlarının xəstəlikləri ilə əlaqədar ola bilər. Ağrının differensial diaqnostikası üçün laborator, rentgenoloji, ultrasəs, endoskopik və az invaziv cərrahi üsullardan istifadə edilir. Müalicə ağrını törədən səbəb nəzərə alınmaqla aparılır: bir sıra hallarda konservativ, medikamentoz, digərlərində isə cərrahi müdaxilə (planlı və yaxud təcili) göstərişdir.
Qarın ağrısı haqqında ümumi məlumat
Qarın ağrısı – əksər xəstəliklərin «çoxsimalı» müşayiətçisidir. Bu əlamət həm kəskin, o cümlədən təcili cərrahi yardım tələb edən təxirəsalınmaz vəziyyətlər, həm də lənggedişli xroniki xəstəliklər üçün xarakterikdir. Qarın ağrısı qida zəhərlənməsindən tutmuş, qarındaxili qanaxma və peritonit kimi həyat üçün təhlükəli vəziyyətlərdən xəbər verə bilər. Bu səbəbdən ona laqeyd yanaşmaq olmaz.
Qarın ağrısının növləri
Qarın ağrısı lokalizasiyasına, intensivlik və xarakterinə görə fərqlənir. Ağrı lokal (epiqastral nahiyə, göbək, qarnın aşağı hissəsi, qabırğaaltı və qalça nahiyəsi) və bütün qarına yayılmış ola bilər. Bəzən ağrı kəmərləyici xarakter daşıyaraq, eyni zamanda qarın və bel hissəni əhatə edir.
İntensivliyinə görə abdominal (qarın) ağrılar zəif, mülayim və ifadəli olur. Güclü ağrılar dözülməz olub, xəstəni məcburi vəziyyət almağa vadar edir. İlkin diaqnostika aparan klinisist üçün qarında ağrının yaranma vaxtı və şərti (acqarnına, yemək vaxtı və yaxud ondan sonra, gecə saatlarında baş verməsi) mühüm əhəmiyyət kəsb edir.
Xarakterinə görə qarın ağrısı kəskin, küt, sızıltılı, dartılan, tutmaşəkilli, kəsici, deşici, yandırıcı formalara bölünür.
Qarın ağrısının səbəbləri
Ağrını törədən bütün səbəblər şərti olaraq, bir neçə qrupda cəmləşdirilmişdir. Bu amillər istənilən yaş dövrü və hər 2 cinsin nümayəndələri üçün səciyyəvidir:
- qastroenteroloji patologiyalar: qastrit, xolesistit, öd daşı xəstəliyi, pankreatit;
- yoğun bağırsağın xəstəlikləri: kolit, qıcıqlanmış bağırsaq sindromu, divertikulit;
- kəskin cərrahi vəziyyətlər: appendisit, peritonit, bağırsaq keçməməzliyi;
- infeksion xəstəliklər: helmintozlar, virus hepatitləri, dizenteriya, rotavirus infeksiyası;
- uroloji xəstəliklər: sistit, sidik daşı xəstəliyi;
- digər patologiyalar: kökcük sindromu, ürəyin işemik xəstəliyi, alt paycığın pnevmoniyası.
Qarın ağrısı kişi və qadınlarda müxtəlif səbəblərdən baş verə bilər. Gender fərqi ilk növbədə daxili cinsiyyət orqanlarının zədələnməsi ilə bağlıdır. Belə ki, qadınlarda qarnın aşağı hissəsindəki ağrılar cinsiyyət sisteminin iltihabi xəstəlikləri (adneksit, endometrit), şiş patologiyaları (yumurtalığın kistası), kəskin qarın sindromu (uşaqlıqdan kənar hamiləlik, yumurtalığın burulması) üçün xarakterikdir. Kişilərdə isə qarın ağrısı vezikulit və qasıq yırtığının əlaməti kimi formalaşa bilər.
Qarın ağrısının diaqnostikası
Qarında ağrı heç bir xəstəliyin yeganə əlaməti olmur. Adətən bu narahatlıq digər klinik təzahürlərlə müşayiət olunur. Yanaşı simptomlar differensial-diaqnostik əhəmiyyətə malikdir. Abdominal ağrı əksər hallarda qıcqırma, gəyirmə, iştahsızlıq, qarında köp, ishal və yaxud qəbizliklə müştərək formada rast gəlinir. Qızdırma, qusma (xüsusən qan qarışıqlı), bayılmaönü hal həyəcan siqnalı sayılır.
Buna baxmayaraq, yalnız klinik əlamətlərə əsasən ağrının səbəbini müəyyənləşdirmək mümkün deyil. Bütün hallarda əlavə müayinələrə ehtiyac yaranır:
- fiziki: qarnın palpasiyası, küylərin auskultasiyası, perkussiya;
- laborator: qan və sidiyin ümumi analizi, biokimyəvi göstəricilərin (qaraciyər sinaqları, mədəaltı vəzinin fermentləri, kəskin faza zülalları);
- instrumental: qarın boşluğu və sidik-cinsiyyət sisteminin USM, qastroskopiya, rentgenoqrafiya və s.;
- invaziv: diaqnostik laparoskopiya, laparosentez.
Qarın ağrısına qarşı nə etməli?
Ağrı qəfildən yarandıqda, intensivliyi yüksək olduqda və xəstənin vəziyyətini pisləşdirdikdə təcili yardım çağırmaq lazımdır. İlkin yardım qismində:
- xəstəni uzandırmaq;
- qarnına soyuq kompress qoymaq;
- həkimin təyin etdiyi dərman varsa, onu içirtmək lazımdır.
Aşağıdakıları isə etmək qadağandır:
- həkim məsləhəti olmadan dərman vermək;
- qarına istiqac qoymaq;
- yemək yemək;
- imalə və işlədicilərdən istifadə etmək.
Comments are closed, but trackbacks and pingbacks are open.