Press "Enter" to skip to content

Qasım bəy Zakirin lirikası inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz

Zakirin yaradıcılığında satiraları daha qiymətlidir. Bu qəbildən əsərləri ilə realizmin ədəbi cərəyan kimi təşəkkül və inkişafına töhfə verən şairin satiranın bir cərəyan kimi formalaşmasında böyük xidməti olmuşdur.

Qasım bəy Zakir

Qasım bəy Zakir Qarabağ mahalının Şuşa şəhərində bəy ailəsində dünyaya gəlmişdir. Mollaxanada təhsil almış, ərəb və fars dillərini öyrənmişdir. Çox sevdiyi aşıq poeziyası ilə bərabər, Şərqin böyük klassiklərinin əsərlərini də sevə-sevə oxumuş, ilk şeirlərini Füzuli yaradıcılığının təsiri altında yazmışdır.

Firidun bəy Köçərli xatirələrə əsaslanaraq Zakiri “xoşsurət, xoşsima… uca qamətli… rəhmli və mürüvvətli bir adam” kimi səciyyələndirir, onun sadə, nəcib təbiətə malik insan olduğunu yazırdı. Şair ömrünün çoxunu Xındırıstan kəndində yaşamış, təsərrüfatla məşğul olmuşdur. O, bu kəndin cüzi gəliri ilə sadə həyat sürmüşdür.

Zakir Qarabağ mahalında baş verən bütün mühüm hadisələri izləyir, haqsızlığın baş alıb getməsinə dözə bilmirdi. Elə buna görə də çar hakimiyyətinin rüşvətxor məmurları, ədalətsiz bəy və mülkədarlar, ikiüzlü ruhanilər onun amansız satirasının tənqid hədəfinə çevrilirdilər.

Şairin düşmənləri çoxalır, o, müxtəlif bəhanələrlə günahlandırılır, həbsxana, sürgün həyatı yaşayır. Dostlarının, xüsusən də M.F.Axundzadənin səyi ilə sürgündən azad olub Şuşaya qayıdır, lakin sonrakı həyatını polisin nəzarəti ilə yaşamalı olur.

Keçirdiyi mənəvi sarsıntılar, çəkdiyi əzab-əziyyət şairi əldən salır. O, 1857-ci ildə Şuşada vəfat edir və Mirzə Həsən qəbiristanlığında dəfn edilir.

Q. Zakir lirik və epik növdə yazdığı əsərlərlə zəngin bədii irs yaratmışdır. Onun lirikası klassik və aşıq şeiri üslubunda yazdığı qoşma, gəraylı, təcnis, qəzəl, müxəmməs, müstəzad və s. ibarətdir. Poeziyamızı mövzu və ideya cəhətdən zənginləşdirən bu şeirlərin bir qismində insan gözəlliyi və həqiqi aşiqin təmiz məhəbbətindən söz açılır, digər qismində isə dövrün ictimai eyibləri, əxlaqi-mənəvi qüsurlar tənqid olunur.

Zakirin yaradıcılığında satiraları daha qiymətlidir. Bu qəbildən əsərləri ilə realizmin ədəbi cərəyan kimi təşəkkül və inkişafına töhfə verən şairin satiranın bir cərəyan kimi formalaşmasında böyük xidməti olmuşdur.

Şairin yaradıcılığında mənzum hekayələr də mühüm yer tutur. Bu əsərlərin bir qismində (“Məlikzadə və Şahsənəm”, “Aşiqin təam bişirməyi” və s.) məhəbbət, evlilik məsələlərindən danışılır, digər qismi (“Dəvəsi itən kəs”, “Tərlanlar və elçilər” və s.) tərbiyəvi, bəziləri isə (“Dərviş ilə qız”, “Həyasız dərvişlər haqqında” və s.) satirik-tənqidi mahiyyət daşıyır. İctimai eyibləri, insan təbiətindəki qüsurları bir sıra hallarda üstüörtülü şəkildə əks etdirən şair maraqlı təmsillər (“Tülkü və Qurd”, “Aslan, Qurd və Çaqqal” və s.) yaratmışdır. Bu əsərlərdə o, zülm və zorakılığın əleyhinə çıxır, hiylə, satqınlıq, mənəm-mənəmlik kimi cəhətləri pisləyir. Şairin təmsilləri gənclərə mərdlik, fədakarlıq, sədaqət kimi gözəl sifətlər aşılayan qiymətli nümunələrdir.

Q. Zakirin yaradıcılığı həm də onunla qiymətlidir ki, ana dilimizin gözəlliyini, imkanlarını dolğun əks etdirir. Bu baxımdan o, “Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirən və incələşdirən sənətkar” (F.Köçərli) kimi dəyərləndirilir.

Şairin xalq danışıq dilindəki söz və ifadələrdən ardıcıl, həm də məharətlə istifadə etməsi əsərlərinə xüsusi bir rəng, ayrıca təravət vermişdir. O, atalar sözü və məsəllərdən yerli-yerində istifadə etməklə aydın, axıcı, şux qoşmalar yaratmışdır. Bütün bunlar onun şeirlərini bədii cəhətdən qüvvətləndirdiyi kimi, məna dərinliyinə də səbəb olmuşdur.

Əsərlərində qoşa sözlərə ( “sallana-sallana”, “baxa-baxa”, “xumar-xumar” və s.), daxili qafiyələrə geniş yer verən şair epitet, bənzətmə, təzad, mübaliğə kimi təsvir və ifadə vasitələrinə tez-tez müraciət etmiş, yüksək obrazlılığa, mükəmməl bədiiliyə nail olmuşdur.

Şair həm heca, həm də əruz vəznində yazdığı əsərlərdə yüksək sənətkarlıq nümayiş etdirmiş, böyük uğur qazanmışdır.

Araşdırma şairin yaradıcılığı ilə bağlı özəlliyi, sənətkarlıq məharətini əhatəli öyrənməyə və dəyərləndirməyə imkan verir.

Badi-səba, mənim dərdi-dilimi
Ol büti-zibayə dedin, nə dedi?
Ahü naləm asimanə yetdiyin
Gərdəni minayə dedin, nə dedi?

Düşüb ayağına sən o zalımın
Söylədinmi necəliyin halımın?
Onun həsrətindən rəngi-alımın
Döndüyün heyvayə dedin, nə dedi?

Görsə idin, varmı məni bimarə
Nüsxeyi-hüsnündə onun bir çarə;
Dildə iztirabə, təndə buxarə,
Sərimdə sevdayə dedin, nə dedi?

Qəm əlindən payi-bəstə olduğum,
Hal pərişan, dil şikəstə olduğum,
Bəstəri-möhnətdə xəstə olduğum,
Gözləri şəhlayə dedin, nə dedi?

Sərasər fələyin şəmsü mahına,
Tamam yer üzünün qibləgahına,
Zakirin əhvalın xublar şahına
Ağlaya-ağlaya dedin, nə dedi?

Qoşma maraqlı məzmunu ilə diqqəti dərhal cəlb edir. Lirik qəhrəman badi-səbaya (səhər yelinə) müraciətlə sözə başlayır, öz kövrək duyğularını bölüşür, arzularını çatdırır. Fikrin ardıcıl olaraq sual şəklində ifadə edilməsi onun təsir gücünü daha da artırır və məzmuna bir həzinlik gətirir.

Şeir boyu təzaddan məharətlə istifadə edən şair aşiqin kədər və həyəcanı ilə sevgilinin gözəlliyini qarşılaşdırır. Bu, oxucuda gah fərəhli, gah da kədərli duyğuların yaranmasına, güclü emosionallığın baş qaldırmasına səbəb olur. Digər maraqlı məcazlardan istifadə aşiqin çarəsizliyi, sevgilinin gözəlliyi barədə yaranmış təsəvvürü daha da zənginləşdirir.

Lirik qəhrəmanın səciyyəvi xüsusiyyətlərinin aydınlaşdırılması şeirdəki başlıca fikri — ideyanı müəyyənləşdirməyə imkan yaradır. Zakirin bu qəbildən qoşmaları barədə mənbələrdəki fikirlərin əhatəli öyrənilməsi doğru nəticələrin çıxarılmasına səbəb olur.

  • Teqlər:
  • Qasım bəy Zakir

Qasım bəy Zakirin lirikası inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz

XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Qasım bəy Zakirdir. Ədəbiyyatımız tarixində satirik üslubun yaranması onun adı ilə bağlıdır. Satiranın bir yaradıcılıq sahəsi kimi təşəkkül tapmasında və inkişafında Qasım bəy Zakirin mühüm rolu olmuşdur. Qasım bəy Zakir, hər şeydən əvvəl, incə ruhlu bir poetik şəxsiyyət, Füzuli və Vaqif şeiri ənənələrini davam və inkişaf etdirən görkəmli lirik şairdir. Onun zəngin ədəbi irsinin böyük bir qismini lirik şeirlər təşkil edir. Bu lirik şeirlərin bir hissəsi klassik şeir üslubunda yazılmış qəzəl, müxəmməs, müstəzad, tərcibənd və tərkibbəndlərdən, digər hissəsi isə heca vəznində yazılmış qoşma, gəraylı və təcnislərdən ibarətdir.
Qasım bəy Zakirin lirikasının bir hissəsi məhəbbət, qalan hissəsi isə ictimai mövzudadır. Onun məhəbbət mövzusunda yazılmış şeirlərinin əsasını insan gözəlliyinin, ülvi məhəbbət hisslərinin, insanın daxili-mənəvi aləminin tərənnümü təşkil edir. Bu əsərlərdə həyat sevgisi, mənalı və insani ömür təbliğ olunur.
Qasım bəy Zakirin gözəlliyə dair baxışları onun lirik qəhrəmanının dili ilə ifadə olunur. Bu lirikada insan gözəlliyini qiymətləndirən əsas surət Aşiqdir. Bu Aşiq özünün bir sıra xüsusiyyətlərinə görə sələflərindən seçilir. O, həyatın mənasını təmiz, saf məhəbbətdə, dərin insani duyğularda görən və yüksək dəyanətə malik olan bir şəxsdir. Məhəbbətdə yüksək vəfa və sədaqət nümayiş etdirir. Aşiq gecə-gündüz sevgilisinin xəyalı ilə yaşayır, ona səcdə etməyi, hətta Kəbə ziyarətindən üstün sayır:

Aşiqə məşuqun didarını görmək
Ziyadədır Kəbə ziyarətindən.

Zakirin lirik-romantik qəhrəmanı sevgi yolunda nə qədər əzab və iztirab çəkirsə də, bədbinləşmir, məşuqəsinin vüsalı onu ruhlandırır. Bu aşiq gündə yüz dəfə sevgilisinin başına dolanmağa hazırdır, hətta eşq oduna yanmaqda özünü pərvanədən daha cürətli və daha dözümlü sayır:

Sürmə çəksin gözlərinə, qaşına,
Gündə yüz yol mən dolanım başına.
Zakir tək yanmağa eşq atəşinə,
Cürəti var isə, pərvanə gəlsin.

Zakir lirikasının böyük bir qismini onun gözəllərin təsvir və tərənnümünə həsr edilmiş şeirləri təşkil edir. Bu şeirlərdə təsvir olunan gözəllərin çoxu Zakirin özünün şəxsən gördüyü, tanıdığı gözəl qız və gəlinlərdir. Şair bu gözəlləri quru, cansız deyil, mənəvi keyfiyyətləri, özünün onlara bəslədiyi yüksək münasibəti, adət və ənənələri ilə birlikdə təsvir edir.
Zakir lirikasının ən yaxşı nümunələrindən biri «Durnalar» qoşmasıdır. Bu qoşmada lirik qəhrəmanın vətən sevgisi, qürbət sıxıntısı dərin bir səmimiyyətlə tərənnüm olunur. Bu qoşma həm də özünün ictimai məzmunu ilə fərqlənir:

Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin, səsiniz anlar.
Qorxuram toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!

Şair bu parçada «yırtıcılann» bir anlıq nəşə üçün durnaların səfini dağıdacağından qorxur, onlara yavaş-yavaş getməyi məsləhət görür. Çünki şairin özünü də məhz bu «yırtıcılar» elindən didərgin salmışlar.
Yüksək ideya-bədii məzmuna malik «Durnalar» qoşması formaca da qabil sənət əsəri, poetik yaradıcılıq nümunəsidir.
Zakir lirikası XIX əsr Azərbaycan həyatının, təbiət və insan gözəlliyinin ən parlaq dəyər ölçüsü, qiymətləndirmə meyarıdır. Onun lirik əsərləri həssas və incə qəlbli bir insanın könül duyğuları, qəlb çırpıntılarıdır. Məhz buna görədir ki, bu lirik şeirlər heç zaman öz təravətini itirmir, oxucular tərəfindən sevilə-sevilə oxunur.

Qasım bəy Zakir “Seçilmiş Əsərləri” PDF

XIX əsr Azərbaycan realist poeziyasının görkəmli yaradıcılarından olan Qasım bəy Zakir aşiqanə-lirik şeirləri, dövrünün ictimai eyiblərini ifşa və tənqid edən əsərləri ilə ümumxalq şöhrəti qazanmışdır. Bu kitabda şairin ədəbiyyatımızın qızıl fonduna daxil olmuş ədəbi irsinin böyuk bir qismi qoşma, gəraylı, təcnis, qəzəl, bayatı, müxəmməs, müstəzad, təmsil. mənzum hekayələr tərcibənd və tərkibbəndləri, satiraları toplanmışdır.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Qasım bəy Zakir “Seçilmiş Əsərləri” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Mir.az-q_-b_-zakir-secilmis-eserleri.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.