Press "Enter" to skip to content

Azərbaycanda ilk fəlsəfi təlimlər

Идеи просвещения были отражены в работах и философских идеях многих педагогов в Азербайджане. С этой точки зрения, результаты просветительских идей для Азербайджана были очень эффективными.

Qədim hind fəlsəfəsi

Bəşəriyyətin fəlsəfi fikri qəbilə– tayfa münasibətlərinin dağılması ilk sinfi cəmiyyətlərin və dövlətin əmələ gəlməsi ilə eyni dövrdə formalaşmağa başlamışdır. Bəşəriyyətin çoxminillik təcrübəsini ümumiləşdirən ayrı– ayrı fəlsəfi ideyalara Qədim Misirin və Qədim Babilistanın ədəbi abidələrində rast gəlmək mümkündür.
Qədim Şərq ölkələrində yaranan fəlsəfə ən qədim fəlsəfə hesab olunur. Bunlar Misir, Babilistan, Hindistan və Çində yaranmışdır. Lakin bir sıra tarixi səbəblər ucbatından Qədim Babilistan və Misirdə fəlsəfi məktəblər yarana bilməmişdi. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəb və ənənələr Qədim Hindistanda yaranıb inkişaf etmişdir.
Hind fəlsəfi mədəniyyəti abidələrində qeyd edildiyi kimi, II və I minilliyin başlanğıcında orada fəlsəfi məktəblər yaranmışdır. Həmin dövrdə maldar tayfalar olan ari tayfaları şimal– qərbdən Hindistana soxulmuş və yerli əhalini əsarət altına almışdır. Burada ibtidai– icma cəmiyyətinin süqutu sinifli cəmiyyətin və dövlətin yaranmasına gətirib çıxarmışdır. Hər bir belə dövlətin başında torpaq sahibkarlığı aristokratiyasına və nəsli kahin (Brəhmən) hakimiyyətinə arxalanan racələr dururdu.
Qədim Hindistan cəmiyyəti varna– qruplarına bölünürdü ki, bu da sonralar kasta sisteminin əsasını təşkil etmişdir. 4 varna var idi: 1. Kahinlər varnası (brəhmən); 2. Hərbi aristokratiya varnası (kşatrilər); 3. Əkinçilər, sənətkarlar, tacirlər varnası (vayşilər); 4. Aşağı varna (Şudralar). Şudralar brəhman, kşatri və vayşilərin tabeliyində idilər. Onları icmaya üzv qəbul etmirdilər və icmanın problemlərinin həllində onlar iştirak etmirdi. Əməyin ən ağır növləri onların payına düşmüşdü. Çox vaxt həmin varna arilərin müharibələrdə əsarət altında aldığı tayfalardan təşkil olunurdu. Varnalara bölgü din tərəfindən işıqlandırılırdı… Tanınmış kahin ailələri cəmiyyətə böyük təsir göstərir. Onlar təhsil daşıyıcıları, xüsusi biliklərə yiyələnənlər hesab olunurdular. Eyni zamanda dini ideologiyanın inkişafına mühüm təsir göstərirdilər.
Qədim hindlilərin ilk fikir abidəsi Vedlər hesab olunur. Vedlər II və I minilliklər qovşağında yaranmışdır. Ümumiyyətlə, vedlər bəşəriyyətin ədəbi abidələri içərisində ən qədimi kimi qəbul olunmuşdur. Vedlər qədim Hind cəmiyyətinin mənəvi mədəniyyətinin inkişafında böyük və müəyyənedici rol oynamışdır. Buraya fəlsəfi fikrin inkişafını da daxil etmək olar.
Ved sözü sanskritdən tərcümədə bilik mənasını verir. Lakin bu bilik xüsusi bilikdir. Vedlər himnlərdən, dualardan, qarğışlardan, qur­banvermə formalarından və s. ibarətdir. Obrazlı dildə vedlərdə ən qədim dini dünyagörüşü– dünya, insan və mənəvi həyat haqqında ilkin fəlsəfi təsəvvürlər ifadə olunmuşdur. Vedlər 4 qrupa, yaxud hissəyə bölünür. Onlardan ən qədimi samhitlərdir (himnlərdir). Sa­m­hitlər 4 məcmuədən ibarətdir. Onlardan ən qədimi– Riqveda– dini himnlər məcmuəsidir (təxminən b.er.əv. 1,5 min il əvvəl). Vedlərin ikinci hissəsi Brəhmənlərdir (ritual mətnlər məcmuəsi). Brəhmənizm dini onlara əsaslanmışdır (məlum olduğu kimi, brəhmənizm bud­dizmə qədər Hindistanda hakim din olmuşdur). Vedlərin üçüncü his­səsi– Aranyakilər (tərkidünya adamlar üçün davranış qaydaları) adlanır. Dördüncü hissə Upanişadlardır. Əslində Upanişadlar b.er əv­­vəl 1 minillikdə yaranmış sırf fəlsəfi hissədir. Artıq bu za­man fəl­səfi şüurun ilk elementləri yaranır və ilk fəlsəfi təlimlərin formalaş­ması müşahidə olunur (buraya həm dini– idealist, həm də materia­list təlimlər daxildir). Qədim Hind fəlsəfəsinin səciyyəvi cəhəti mü­əy­yən sistem və məktəb çərçivəsində iki böyük qrupa bölünməsidir.
Bu və ya digər istiqamət bir sıra məktəblərdə tez– tez dini–etik forma altından materialist tendensiyalarla müşahidə olunurdu. Məsələn, qədim Hind materialist məktəbi olan vayşeşiklər onlara misal ola bilər. Bu məktəbin adı vişeşa– xüsusiyyət sözündən əmələ gəlmişdir. Gerçəkliyi izah edərkən vayşeşiklər üçün substansiyanın, atomların, ruhların kateqoriyalarının xüsusiyyətləri birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu ilk atomizm məktəbidir. Onun məqsədi həqiqi idrak vasitəsilə iztirabdan, əzab– əziyyətdən qurtulmağa nail olmaqdır. Onlara görə substansiya 5– dir. Bunlar Su, Torpaq, İşıq, Hava və Efirdir. Onlar əbədi, bölünməz atomlardan ibarət olan fiziki elementlərdir. Atomların bütün hərəkətləri Allahın iradəsinə gedib çıxır. Digər məktəb çarvaka– lokayata hesab olunur. Bu da ənənələrə əsaslanan qədim materialist təlimdir. Bu məktəb maddi dünyadan başqa digər dünyaların mövcudluğunu inkar etmişdir. Dünya maddidir, biz onu hiss orqanları vasitəsilə hiss edirik. Bizim hisslərimiz yeganə həqiqi hesab olunmalıdır. Etiqad yalandır, sübutedilməzdir. Din ancaq kasıblara lazımdır.
Hind mədəniyyətinin mifoloji mərhələsi qədim Hind abidəsi «Riqveda»da əks olunmuşdur. Qədim Hind mifologiyasında ilk insan Puruşadan danışılır. Həmin puruşadan kosmosun elementləri, dün­ya ruhu «Mən» yaranmışdır. Puruşa kainatın maddi «tamamla­yıcısı» rolunda çıxış edir. Böyük ölçüsünə görə, o, hər yerdə var, hər ye­ri doldurur. Eyni zamanda Puruşa– kosmik ağıldır. O, «vedlərin bilicisidir». Onda «fikir vardır». Sonralar Upanişadlar (hərfi tərcüməsi: müəllimin ayağları önündə oturmaq deməkdir, ona gizli, müqəddəs bilik də deyirlər). Hind mədəniyyətinin metafizik mərhələsinə aiddir. Formasına görə Upanişadlar müəllimin şagirdlərlə dialoqudur. Orada ilk səbəb, ilk başlanğıc problemi göstərir ki, onun vasitəsilə də təbiətin bütün hadisələri və insanın mənşəyi izah olunur. Upanişadlarda əsas yeri varlığın ilk səbəbi və ilk əsası kimi mənəvi başlanğıc brəhmən, yaxud atman, nadir hallarda puruşa haqqında təlim tutur. Brəhmən və atman adətən sinonim kimi işlədilsə də, brəhmən çox vaxt allahın hər yerdə olan ruhunu ifadə edir. Upanişadlardan başlayaraq brəhmən və atman bütün hind fəlsəfəsinin (hər şeydən əvvəl vedenta təliminin) mərkəzi anlayışlarına çevrilir.
Ümumiyyətlə, qədim Hindistanda aşağıdakı fəlsəfi məktəblər mövcud olmuşdur:

Ortodoksal
(Vedlərin nüfuzunu
qəbul edənlər)

Qeyri– ortodoksal
(Vedlərin nüfuzunu qəbul etməyənlər)

1.Vedanta (b.er.əv IV– II əsrlər)
2.Mimansa (b.er. əv. VI əsr)
3. Sankhya (b.er.əv.VI əsr)
4.Nyaya (b.er.əv.III əsr)
5.Yoqa (b.er.əvII əsr)
6.Vayşeşika (b.er.VI– V əsrlər)

1.caynizm
(b.er. əv IV əsr)
2.Buddizm
(b.er. əv.VII—VI əsr)
3.Çarvaka– lokayata

Brəhmən və atman Upanişadların müxtəlif mətnlərində müxtəlif şəkildə şərh olunur. Bəzilərində yaradıcı– allah və dünyanın hakimi, digərlərində panteist (dünyanın maddi ilk səbəbi ilə, yemək, nəfəs, ilk maddi element və s. ilə) ruhda dünya ilə eyniləşdirilir. Brəhmən mənəvi mütləq və onun bütün təzahürlərinin, proseslərinin daxili mahiyyəti kimi göstərilir. Upanişadın mərkəzi ideyası bu mənəvi mahiyyəti insanda və təbiətdə eyniləşdirməkdir.
Bir sıra mətnlərdə brəhmən– atmanın üçlü, triadik təbiəti təsdiq olunur. Digər mətnlərdə isə real gerçəkliyin yaranmasının və sonralar məhv olmasının, brəhmən– atmanda əriməsinin dövri olaraq tsiklik təkrarından söhbət açılır. Varlığın bu tsiklik simvolu adətən əbədi fırlanan təkər (çakra) obrazında çıxış edir. Dünya qanunauyğunluğu prinsipi mənəvi–etik rəngə malik olan dharma konsepsiyası ilə ifadə olunur. Upanişadın idrak nəzəriyyəsində mərkəzi məsələ biliyin iki– aşağı və ali növə bölünməsi ilə səciyyələnir. Aşağı– empirik gerçəklik haqqında bilikdir (o həqiqi deyil, qırıq– kəsik, fraqmentardır). Ali isə– mənəvi mütləq biliyidir. Varlığın bütövlüyü ilə qəbul edilməsidir. Ona nail olmaq mistik praktikanın, yoq praktikasının köməyilə mümkündür. Yalnız bu bilik dünya üzərində ağalığa imkan verər.
Etika sahəsində Upanişadlarda dünyaya münasibətdə passiv– seyrçi mövqeyin təbliği mühüm yer tutur. Ali xoşbəxtlik ruhun dün­yaya hər hansı bağlılıqdan xilas olması (mokşa, mukta) kimi qiy­mətləndirilir. Lakin, eyni zamanda, fəal həyata çağırışlar da eşidilir. Upanişadlarda maddi və mənəvi dəyərlər arasında fərq qoyulur.
İlk dəfə olaraq Upanişadlarda ruhun köçürülməsi (keçməsi) (Sansara) və keçmiş əməllər üçün əvəz edilməsi (karma) haqqında konsepsiya göstərilir. Orada insanın əməlləri zəncirində səbəb– nəticə əlaqələrinin müəyyənləşdirilmək cəhdi ifadə olunur. İnsanın davranışı– dharma mənəvi qanunlarla müəyyən edilir. Həmin qanunların yerinə yetirilməsi isə hər bir varna və həyat mərhələsi (varnaşrama) üçün zəruridir.
Bir sözlə, upanişadlar sonrakı fəlsəfi baxışlar üçün bir növ fundament rolunu oynamışdır. Burada əsas dünyagörüşü ideyaları və konsepsiyaları sonralar daha dəqiq və hərtərəfli işlənilmişdir.
Epik dövrün hind fəlsəfəsinə gəldikdə isə həmin dövrün fəlsəfi fikrinin əsas mənbəyi 18 kitabdan ibarət olan geniş epik «Mahabharata» poemasıdır. Fəlsəfə nöqteyi– nəzərindən az– çox maraq doğuran əsər «Bhaqavat– Gita»dır. Upanişadlarda ayrı– ayrı fikirlərdə və deyimlərdə ifadə olunan fəlsəfə «Mahabharata»da dünyagörüşü problemlərinin traktovkasına həsr olunmuş bütöv konsepsiyalar şəklində özünü göstərir. Həmin konsepsiyalar içərisində sank­h­ya və onunla sıx əlaqədar olan yoqa təlimləri mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, həmin təlimlərin başlıca prinsip­lərinə biz epizodik olsa belə Upanişadlarda rast gəlirdik. Konsep­siyaların əsasını praktiki (materiya, təbiət) haqqında baxışlar tutur. Həmin baxışlarda bütün varlığın (o cümlədən psixikanın, şüurun) mənbəyi kimi, həmçinin ondan asılı olmayan saf ruh (Puruşa) (o, bəzən brəhmən, atman da adlanır) haqqında da söhbət açılır. Be­ləliklə, burada dünyagörüşü dualistdir və iki başlanğıcın etiraf edilməsinə əsaslanır.
«Bhaqavad– Gita» (hərfi tərcüməsi «İlahi nəğmə») əsəri iki qohum nəsil– Pandav və Kaurav ailələri arasında döyüşdən əvvəl Pandav qoşununun sərkərdəsi Arcunanın bu qardaş qırğınının düzgün olub– olmaması haqqında şübhələri ilə başlanır. Arcunanın şübhələri və tərəddüdlərini allah Krişna dağıdır. Onun fikrincə, ədalətli döyüşdə əl titrəməməlidir. Onun nəsihət və göstərişləri ««Bha­qavad– Gita»nın əsas məzmununu təşkil edir.
Krişnanın mülahizələrinin nəzəri əsasını monist, teist sankhayalar təşkil edir ki, bunlar da etik– sosial baxışları ifadə edir. Krişna həyatın mənasını allahı dərk etməkdə görür və özünü allah kimi qələmə verirdi. Allahı dərketmə üsullarından biri ona sədaqətli məhəbbət bəsləməkdən ibarətdir. İnsanın sevən ürəyi olmalıdır. O, ürəyi vasitəsilə biliyə sahib olmağa, çətinlikləri keçib allahı dərk etməyə qabildir. Allaha məhəbbət göstərən və onu dərk edənlərə həyatda xüsusi imtiyazlar bəxş edilir.
Yuxarıda qeyd etdik ki, hind fəlsəfəsində elə sistemlər olmuşdur ki, onlar bilavasitə vedlərə əsaslanmışdır. Bu sistemlərdə Vedlərin mətnlərinə Qədim yəhudilərin Bibliyası və xristian ədəbiyyatının Əhdi– cədidi kimi, müqəddəs kitab kimi baxılırdı.
Vedantlar üçün Vedlər misilsiz avtoritet olmuşdur. Vedant fəlsəfəsi b.er.əv. IV– II minilliklərə aiddir. Vedant təsəvvürlərinə gö­rə dünya həyat məktəbidir. Şagird bütün hallarda müəllimin dediklərinə əməl etməlidir. Vedant fəlsəfəsinin ən böyük nümayəndəsi Şankara (Şankaraçayra, VIII–IX əsrlər) olmuşdur. O, «Atmabadha» traktatında vedant təliminin əsas prinsiplərini şərh edir və brəh­man atman substansiya kimi varlığın məcmusu kimi təsdiq edilir, cis­mani fiziki ruhla «ruhani ruh» arasındakı qarşılıqlı münasibət haqqında, həqiqi bilik haqqında, atmanlığın karma və sansaradan xilas olmağın yeganə yolu olması barədə danışılır (bütün bunları isə biz artıq həm Upanişadlarda, həm də «Bhaqavad–Gita»da gör­müşük).
Vedanta həmçinin maddi dünyanın illyuzorluğu (mayya) olması haqqında təlimi hazırlanmış və illyuzanın (mayya) real varlıqdan fərqləndirilməsi zərurətini qeyd etmişdir. Reallığın yeganə yolu həqiqi biliyə (brəhmənə) nail olmaqdır.
Qədim hind təfəkkür sistemində yoqa təliminin, yəni xilasolmanın fərdi yolunun da böyük əhəmiyyəti olmuşdur.
Qeyd etmək lazımdır ki, Yoqa Vedlərə əsaslanır və ona görə də vedlər fəlsəfi məktəbinin biri hesab olunur.
«Yoqa» «cəmlənmə», «mərkəzləşmə» mənasını verir. Bu təlimin əsasının müdrik Patancali (b. er. əv. II– əsr) tərəfində qoyulduğu ehtimal olunur. Yoqa sistemində allaha etiqad nəzəri dünyagörüşün elementi kimi, iztirablardan azad olmağa yönəldilmiş, praktik fəaliyyət şəraiti kimi başa düşülür. «Yeganə» ilə birləşmə şəxsi vəhdətin dərk edilməsi üçün zəruridir. Yoqa fəlsəfə və praktikadır. Yoqanın fəlsəfi sitemi sankhya– yoqadır. O, meditasiya şüurunun formalaşması metodikasını verir. Allah obrazına meditasiyanı tövsiyə edir. Uğurlu meditasiya samadhi vəziyyətinə (bir sıra cəmləşmənin fiziki və psixik tapşırıqları sayəsində tam intraversiya vəziyyəti) aparıb çıxarır. Yoqa praktikası xilasolmanın fərdi yolu olub, hisslər və fikirlər üzərində nəzarətə nail olmağa yönəldilmişdir. O, yemək qəbul qaydasını da müəyyən edir. Bunun özü isə maddi təbiət qunlarına müvafiq olaraq üç kateqoriyaya bölünür. Nadanlıq və ehtiras qunlarındakı yemək əzab– əziyyəti, bədbəxtlikləri, xəstəlikləri artıra bilər (buraya, hər şeydən əvvəl, ət daxildir). Yaxşılıq qunlarındakı yemək (ağartı məhsulları, tərəvəz, dənli bitkilər və s.) şən əhval– ruhiyyə, xeyirxahlıq yaradır.
Yoqa təliminin müasir təbliğatçıları digər təlimlərə pis münasibət bəsləməyin əleyhinə çıxırlar. Məsələn, Ramakrişna bu məqsədlə «Fil haqqında ibrətli hekayə»ni misal gətirir.
Onun da mənası budur ki, «Allah çoxlu aspektə malikdir və hərə onu bir cür görür» «Dörd nəfər kor filə yaxınlaşır. Biri ayağına əl gəzdirir və deyir: «Fil dirəyə bənzəyir». İkincisi xortuma əl gəzdirir və deyir: «Fil dəyənəyə bənzəyir». Üçüncüsü «Fil çəlləyə bənzəyir». Dördüncüsü, filin qulaqlarına əl gəzdirir və deyir: «Fil böyük zənbilə bənzəyir». Mübahisəyə başlayırlar və heç biri fili görmür. Hamı üçün o müxtəlifdir. Əslində isə fil dörd nəfərin «gördüyü» bütün cəhətləri birləşdirir. Ramakrişna, Ramaçarağa və digər Yoqa müəllimləri digər təlimlərə dözməyi və onlara düşmən münasibəti bəs­ləməməyi məsləhət görürlər. Yuxarıda göstərdiyimiz ibrətamiz hekayədə belə bir həqiqət ifadə olunur ki, Allah vahiddir, lakin çoxlu aspektlərə malikdir. Müxtəlif xalqlar allaha müxtəlif adlar ve­rir və müxtəlif formalarda təqdim edirlər. Allah adlıdır və həmçinin adsızdır. Onun adı və forması var, eyni zamanda onun nə adı var, nə də forması var. Budur, Yoqa təliminin fəlsəfəsi və praktikası.
İndi isə Qədim Hindistanın ortodoksal olmayan fəlsəfə məktəbləri haqqında söhbətimizi davam etdirək. Onlardan biri b. er. əv. VI əsrdə yaranmış caynizm fəlsəfi məktəbidir. Bu məktəb «müdriklər» təliminin inkişafı nəticəsində əmələ gəlmişdir. caynizmin əfsanəvi banisi cina (sanskritdə– qalib) təxəllüsü olan Mahavira Vardhavana olmuşdur. cina və onun ardıcılları haqqında əhvalatlar kanonik, caynist ədəbiyyatını (siddahanta) təşkil etmişdir. caynizmə görə cina 5 həqiqəti təbliğ etmişdir: adam öldürmək, yalan danışmaq, oğurluq etməmək, dünyəvi şeylərə bağlanmamaq, bakirliyini, saxlamaq (rahiblər üçün).
Ümumiyyətlə, caynist fəlsəfəsinin əsas məzmunu onun etikası, yəni insanın ehtiraslardan azad olması təlimidir.
Bilik geniş mənada başa düşülür. O, mənəvi müəllimlər tərəfindən verilir. Bilik təkcə müəllimə qulaqasma deyil, həm də düzgün əxlaq, davranış və hərəkət tərzidir, caynizm etikası asketizm etikasıdır.
caynizm kimi, buddizm fəlsəfəsi də qeyri– ortodoksal məktəblərə aiddir. O, b.er.əv. VII– VI əsrlərdə meydana gəlmişdir. Buddizmdə əsas yeri dörd müqəddəs həqiqət göstərişi tutur: «yaşamaq əzab çəkməkdir», «əzabların səbəbi arzulardır», «əzablardan xilas olmaq üçün arzulardan çəkinmək lazımdır», «arzulardan çəkinməyin çarəsi Buddanın təliminə riayət edilməsidir». Bu təlim hər bir buddisti öz mövcudluğunun başlıca məqsədinə– Nirvanaya çatdıra bilər, yəni həyata bağlılıqdan tamamilə ayrılıb, ilahi ilə qovuşub əbədi səadətə nail ola və mütləq sakitlik vəziyyətinə düşə bilər.
Gündəlik həyatla əlaqədar nə varsa o buddizmdə iztirab hesab olunur. İztirab varlığın qanunudur.
Buddizmdə fəlsəfi– nəzəri və mifoloji planda münasibətdə də spesifiklik özünü göstərir. Abstrakt– nəzəri və mifopoetik təfəkkür arasındakı fərqi görən buddist filosoflar da mifopoetik təfəkkürün vacibliyini inkar etməmişlər. Elə buna görə də buddist fəlsəfəsinin və psixologiyasının nəzəri ideya və konsepsiyaları mifoloji məzmunla zənginləşdirilmişdir. Digər tərəfdən, mifologiyanın bir sıra xüsusiyyətləri bəzi nəzəri müddəaların simvolik təsvirində köməkçi rolunu oynamağa əsas vermişdir. Buddizmdə ümumi dəyişkənlik haqqında, ruhun mövcudluğunun inkarı haqqında fikirlər fəlsəfi cəhətdən maraqlıdır. Bizim eranın əvvəllərində hazırlanmış buddizm kitablarından olan «Dxammanada»da maraqlı fəlsəfi fikirlərə rast gəlmək mümkündür.
Tədqiqatçıların əksəriyyətinin fikrincə, dünyada ilk fəlsəfi abidə hind Upanişadları olmuşdur. Sual oluna bilər, nəyə görə dünya fəlsəfəsinin tarixini hind fəlsəfəsindən başlamaq lazımdır? Hər şeydən əvvəl, ona görə ki, Hindistan ən qədim mədəniyyət ölkəsidir. İkincisi, məsələ budur ki, Hindistan mədəniyyəti sırf, tipik Şərq mədəniyyətidir. Üçüncüsü, qədim dövrlərdə yalnız hinduslar müstəqil, ardıcıl fəlsəfə ilə məşğul olmuşlar.
Qədim Hindistan bərabərsizlik, qulçuluq, kasta sisteminin hökm sürdüyü cəmiyyət olmuşdur. Aşağı kastadan olanlar ən murdar heyvandan belə aşağı səviyyədə qəbul edilmişdir. İnsanın taleyi onun hansı kastada doğulmasından asılı olmuşdur. Lakin quldarlıq və bərabərsizlik ölkəsində eşidilməyən bir şey elan edilir: «hər şey birdir. Bütün varlıqlar Yeganənin təzahürüdür».
Hər şey birdir– bu, fəlsəfədə ilk söz idi ki, bəşəriyyətə onun birliyi, vahidliyi, azadlığı elan olunurdu. Bu ümumbirliyin elan edilməsi ideyası insaniyyətçiliyin başlanğıcı idi. Hər bir insan hətta allahın köməyi olmadan hər şey edə bilər. Qeyd etmək lazımdır ki, heç bir fəlsəfə Qərb dünyasına Hind fəlsəfəsi qədər təsir göstərməmişdir. Bu, təkcə ekzotika deyil, insanın yaşaması üçün müalicə reseptidir. Təsadüfi deyildir ki, çox vaxt görkəmli alim və yazıçılar hind xalqını filosof xalq adlandırmışdır.
Həmçinin bax:
Qədim Hindistan
Qədim Hindistan mədəniyyəti
Ellora məbədləri-fotoalbom

  • Teqlər:
  • qədim Hindistan
  • , Hindistan tarixi
  • , Hindistan
  • , fəlsəfə tarixi

Azərbaycanda ilk fəlsəfi təlimlər

Azərbaycanda yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik olmuşdur. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə zaman, bəzi hallarda zaman ilə məkan varlığın yaradıcısı kimi təqdim edilir. Allahı, ruhun ölməzliyini, cənnət və cəhənnəmi inkar və yalnız maddəni real hesab etdiyinə görə zərvanilik öz dövründə tənqid olunmuşdur.


Maniçilik
Zərdüştlüyün, xristianlığın və buddizmin ayrı-ayrı ünsürlərini özündə toplayan maniçilik təlimi III əsrdə Azərbaycanda, İranda və Orta Asiya ölkələrində yayılmışdır. Onun banisi Mani (216-276) xalis dualizm mövqeyindən çıxış edərək göstərirdi ki, aləmin başçısı iki varlıqdır: birincisi işıq, ikincisi qaranlıq. Maninin fikrincə xeyir, mürvət, fayda, sevinc, nizam birlik-işığın, şər, əksiklik, zərər, kədər isə qaranlığın işidir. Maniçilik feodal istismarına qarşı kəndlilərin və şəhər əhalisinin etirazını, mübarizəsini ifadə edən bidətçi təlim olduğu üçün Mani öldürülmüşdür. Lakin maniçiliyin təlimi uzun müddət yaşamış və V əsrin sonunda məzdəkilərin ideya mənbəyi olmuşdur.

Məzdəkilər təlimi
Bu təlim maniçiliyə yaxın olsa da, nikbinliyi və inqilabi əhvali ruhiyyəsi ilə ondan seçilirdi. Məzdək deyirdi ki, maddi nemətlər hamıya bərabər düşməlidir. Lakin insanlar bir-birinə ədalətsizlik edib qeyri-bərabərlik yaratmışlar. Buna görə də əmlak varlılardan alınıb yoxsullar arasında bölüşdürülməlidir. Onların ideyaları Xürrəmilər tərəfindən inkişaf etdirilir.

Maqlar təlimi
E.ə. I minilliyin birinci yarısında Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən olan maqların təlimi mühüm yer tutur. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət tarixində “maqlar dini”ndən deyil, daha çox “maqlar təlimi” və “maqlar elmi”ndən bəhs edilmişdir. Buna səbəb isə maqlar təliminin mənəvi mədəniyyətin müxtəlif sahələrini ehtiva etməsidir. Maqların dünyagörüşü o dövrün yüksək inkişaf etmiş elmlərinə – astronomiya, riyaziyyat və təbabətə əsaslanırdı. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində “maq” anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Şərqdə indi də “pir-i muğan” anlamı alim, müəllim, müdrik mənasında işlənir.


Xristianlıq
I əsrin ikinci yarısında meydana çıxan xristianlığın da şərq xalqlarının fikir tarixinə müəyyən təsiri olmuşdur. Xristianlıq Yaxın və Orta Şərqin bir sıra ölkələrində, Azərbaycanda nəstorilik və yaqubilik formalarında yayılmışdır.
Nəstorilik məzhəbinin banisi Konstantinopol patriarxı Nəstor (380-440) göstərirdi ki, ilahi və insan iki substansiyadır. Tam ilahi ilə insan birləşərək çevrilib vahid xristianlıq, vahid təbiət olmuşdur.
Yəqub Bərdəi (- 578) və onun tərəfdarları isə xristianlıq və insani təbiətinin insanda təzahür etməsinə inanırdılar. Lakin yaqubilərin fikrincə insanın ilahiyə çevrilməsi məntiqi çevrilmə deyildir. Bunu ona bənzədirlər ki, kömür alova dönür, ancaq alov kömürə çevrilmir, Əslində, alova atılmış kömür nə mütləq alov, nə də mütləq kömürdür, daha doğrüsü o yanar oddur.
Xristianlıq Albaniya dövründə əsas dini təlim olmuşdur və sonralar islamla əvəz olunmuşdur.

İnzibati İdarəetmə fakultəsi

Açar sözlər: maarifçilik, fəlsəfə, Azərbaycan, ziddiyyətlər, inkişaf.

Bildiyimiz kimi, maarifçilik – bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə bağlı olan fəaliyyətdir. Maarifçilik XVIII əsrdən başlayaraq geniş vüsət almışdır. Əslində isə maarifçilik ideyaları, fəlsəfi görüşləri ta qədim zamanlardan mövcud olmuşdur. Maarifçilər cəmiyyətdəki avamlığın, savadsızlığın, nöqsanların, ziddiyyətlərin aradan qaldırılması üçün daim çalışmışdılar və buna da nail olmuşdular.

Maarifçilik ideyaları Azərbaycanda bir çox maarifçilərin gördüyü işlərdə və fəlsəfi ideyalarında özünü göstərirdi. Bu baxımdan maarifçilik ideyalarının Azərbaycan üçün nəticələri çox təsirli olmuşdur.

ПРОСВЕТЛЕНИЕ ФИЛОСОФИЯ В АЗЕРБАЙДЖАНЕ

Ключевые слова:просвещение, философия, Азербайджан, противоречия, развитие.

Резюме

Как известно, просвещение – это деятельность, связанная с передачей и распространением знаний и культуры. Просвещение набирало обороты с 18-го века. На самом деле идеи просветления и философские взгляды существовали с древних времен. Педагоги avamlıgın общества, неграмотность, отсутствие противоречия постоянно пытались снять его и смогли добиться этого.

Идеи просвещения были отражены в работах и философских идеях многих педагогов в Азербайджане. С этой точки зрения, результаты просветительских идей для Азербайджана были очень эффективными.

ENLIGHTENMENT PHILOSOPHY IN AZERBAIJAN

Key words: enlightenment, philosophy, Azerbaijan, contradictions, development.

Summary

As we know, enlightenment is an activity related to the transmission and dissemination of knowledge and culture. Enlightenment has gained momentum since the 18th century. In fact, the ideas of enlightenment and philosophical views existed from ancient times. The educators have always worked hard to eliminate society’s illiteracy, illiteracy, contradictions, and have succeeded.

The ideas of enlightenment have been reflected in works and philosophical ideas of many educators in Azerbaijan. From this point of view, the results of enlightenment ideas for Azerbaijan have been very effective.

XIX əsr Azərbaycan fəlsəfəsi qədim və zəngin ictimai-fəlsəfi fikir tariximizdə, mədəniyyətimizdə millilik və müasirlik meyilləri əsasında yaranan, mahiyyətcə köklü bir dönüş, məzmunca yeni bir dövr kimi əvəzsiz yer tutur və mühüm əhəmiyyət kəsb edir.

Bir həqiqət kimi o da məlumdur ki, XIX əsr Azərbaycan xalqının tarixinə ən faciəli, ziddiyyətli və həm də təzadlı bir dövr kimi daxil olmuşdur. Bu xalqın 1828-ci ildə Rusiya ilə İran arasındakı Türkmənçay müqaviləsi ilə torpaqlarının bölüşdürülməsi və milli-müstəmləkə zülmünə məhkum edilməsi bu günün özündə belə izsiz qalmamış və öz təsirini hələ də göstərməkdədir. Lakin tariximiz, eləcə də mənəvi irsimiz haqqında əsl həqiqətləri üzə çıxarıb geniş ictimaiyyətə tam obyektivliyi ilə çatdırmaq bizə indiki milli müstəqillik dövründə nail ola bilmişdir. Bu baxımdan zəruri elmi araşdırmaların aparılması həmişə mühüm məsələlərdəndir.

XIX əsrdə Avropada baş qaldıran maarifçi fəlsəfi fikir tədricən Azərbaycana yayılmağa və təsir göstərməyə başlamışdır.XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Azərbaycanda da maarifçilik ideyaları təşəkkül tapmağa başlamışdır. Qərb ölkələrinə və Rusiyaya nisbətən Azərbaycanda maarifçilik ideyalarının bir qədər gec meydana çıxması o zamankı Azərbaycanın konkret siyasi-iqtisadi, sosial-mədəni mühiti ilə əlaqədar olmuşdur.

Azərbaycan maarifçiliyi Azərbaycan ictimai mühitində yarandığından və təkcə Qərbin və Rusiyanın deyil, həm də Şərqin mütərəqqi ideya-fəlsəfi ənənələrindən istifadə etdiyindən, o, özünəməxsus spesifik xüsusiyyətlər kəsb etmiş, orijinal inkişaf yolu tuta bilmişdir. Məhz buna görə də, Azərbaycan maarifçilik ideyaları Azərbaycan xalqının milli intibahına, mədəni tərəqqisinə güclü təsir göstərmişdir.

XIX əsr Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir dövrdür. Belə ki, XIX əsrdə ictimai və siyasi həyatda baş verən canlanma sosial ziddiyətlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərdən ibarət idi. XIX əsr Azərbaycanın tarixinə daxil olmuş ən dərin məna kəsb edən dövr olmuşdur. XIX əsrdə taleyüklü məsələlərin həll olunması yeni dövr üçün mühüm rol oynamışdır. XIX əsrin başlanğıcından Azərbaycanda sosial-tarixi tərəqqi müxtəlif ziddiyyətlərdən ibarət bir dövr başlamışdır.

XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsində azadlıq ideyalarının təşəkkülünün əsasında milli maarifçilik fəlsəfəsində rolu yüksək qiymətləndirilmişdir. Azərbaycan ziyalıları təhsil almaq üçün xarici ölkələrə üz tuturdular. Bu ölkələrdə təhsil alarkən həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə yiyələnərək vətənə qayıdırdılar. Vətənə qayıdarkən isə bu dəyərləri öz milli dəyərləri ilə sintez edərək Azərbaycan xalqının ideologiyasının, fəlsəfəsinin, dünyagörüşünün təşəkkül tapmasına şərait yaradırdılar.

Nəticə etibarilə isə Azərbaycanda universallığı ilə seçilən maarifçilik cərəyanı yaranmağa başladı. Azərbaycan maarifçiləri ictimai böhrandan azad olmağın yolunu məhz xalqın maariflənməsində görürdülər. Bu baxımdan da XIX əsrdə Azərbaycan gerçəkliyinin sosial-mədəni inkişafının tələblərinə cavab verən və universallığı ilə səciyyələnən maarifçilik hərəkatının ideologiyası və fəlsəfi görüşləri təşəkkül tapırdı.

Azərbaycanmaarifçilik fəlsəfəsində mədəni bazanın və ölkənin sosial-siyasi vəziyyətinin Qərb və Rusiya maarifçiliyindən bir sıra fərqli xüsusiyyətləri mövcud idi. İlk növbədə bu dövrün maarifçilərinin dinə münasibəti çox fərqli idi. Bu fərqi yaradan real obyektiv səbəb rus çarizminin Azərbaycan xalqını dinindən, dilindən və milli mədəniyyətindən ayırmaq və onu etnik assimilyasiyaya uğratmaq siyasəti idi. Çünki etnik varlığını qoruyub saxlamaq xalq üçün öz din, dil və mədəniyyəti ilə bağlılığını itirməmək demək idi. Dil və mədəniyyətdən fərqli olaraq, Azərbaycan maarifçiləri dinə münasibətdə müxtəlif mövqelərdə dururdular. Bu münasibət din xadimlərinin Rusiya müstəmləkə sisteminə münasibətindən və maarifçi ideoloqların şəxsi dünyagörüşlərindən asılı idi.

Yuxarıda qeyd edilən məsələlər, proseslər Azərbaycanın elmi-fəlsəfi görüşlərinin inkişaf edib formalaşmasına da təsirsiz ötüşməmişdir. Bu dövrdə Azərbaycanda maarifçilik ideyalarının, fəlsəfi görüşlərinin yaranmasında maarifçilərin, mütəfəkkirlərin böyük xidmətləri olmuşdur. Bunlardan M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçi mütəffəkirlər özlərinin maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər.

A.A.Bakıxanov 1794 -cü ildə Əmircan qəsəbəsində anadan olmuşdur. Azərbaycanın maarifçi mütəfəkkiri, alimi, şairi, yazıçısı və tərcüməçisidir. Azərbaycan və onun tarixi üçün önəmli yerə malik olan bir sıra əsərlər qələmə almışdır. Əsərlərini “Qüdsi” təxəllüsü ilə yazmışdır. Əsərlərində vətənpərvər, tarixçi, maarifçi bir ictimai xadim mövqeyindən çıxış etmişdir.

A.A.Bakıxanov “Əxlaqın İslahı”, “Gülüstani – İrəm”, “Kəşfül – Qəraib”, “ Qanuni – Qüdsi” və s. kimi əsərlər qələmə almışdır. “Əxlaqın İslahı”, “Gülüstani – İrəm” əsərlərində məntiq, əxlaq və fəlsəfədən bəhs etmişdir. Onun fikrincə, fəlsəfənin əsas məqsədi təhsillənməkdən ibarətdir. Bakıxanov ağlı, təhsili, maariflənməyi həyatda hər şeydənyüksəkdə tutmuşdur. Onun fikrincə, Allahın verdiyi bilik, ideya insanın işığı, nurudur.

XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi olan Abbasqulu Ağa Bakıxanov təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlər qələmə almışdır. Onun Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası” və s. əsərlərində, bununla yanaşı məşhur “Gülüstani-İrəm”, “Qüdsinin bağı”, “Qüdsinin qanunları” əsərlərində ifadə olunmuşdur.

A.Bakıxanovun fəlsəfi dünyagörüşünün formalaşmasında onun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları onun fəlsəfi fikrinin formalaşmasında mühüm rol oynamışdır. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət formalaşdırmaq, ədalətli cəmiyyət yaratmaq olmuşdur.

A.A. Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı əql, elm kimi iki yolu göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə nəzəriyyəsi üçün bünövrə idi.

O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, nəzəriyyə ilə praktikanın əlaqəliliyinə və mövcudatın rasional dərkinə xüsusi önəmvermişdir. A.Bakıxanovun fəlsəfi və etik fikirləri, əsasən “Əxlaqın islahı” və “Nəsihət kitabı” əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət, inkişaf və qanunauyğunluğun problemlərindən bəhs olunur. Bu problemlərin rasional dərkini onların kamilləşən insan tərəfindən həll edilməsi əsası kimi təsəvvür edən A.Bakıxanov məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən A.Bakıxanovun sufizm təmayüllü dünyagörüşünə görə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə) qovuşmaqdır. İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir.

Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə əlaqədar olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr meydana gələrək, milli şüurun formalaşmasına güclü təkan vermişdir.

Astonomiyada isə iki nəzəriyyəyə münasibətini bildirərkən Bakıxanov N.Kopernikin heliosentrik sisteminin tərəfdarı olmuşdur. Bakıxanova görə, xeyirxahlıq, yaxşılıq, müsbət əxlaqi keyfiyyətlər insanın ədalət və insafının ölçüsüdür.

“Təhzibül-əxlaq” əsərində Bakıxanov fəlsəfi görüşlərini irəli sürmüşdür. Əsərdə başlıca məqsəd gəncləri mənfi əməllərdən uzaqlaşdırmaq, onlarda nəcib əxlaqi keyfiyyətləri formalaşdırıb tərbiyə etmək olmuşdur.

Bakıxanov hər bir insanda, şəxsiyyətdə vicdani saflığa, doğruluq və düsrüstlüyə, mərdliyə, ədalətliliyə önəm vermiş vəonu yüksək qiymətləndirmişdir. Gəncləri şöhrətpərəstlikdən əl çəkməyə, təvazökarlığa meyl etməyə, hər bir insanla xoş rəftar etməyə, ədalətsizliyə yol verməməyə, əməyi sevməyə, əmək adamlarına hörmət bəsləməyə, vətənə məhəbbət dolu olmağa səsləmişdir. Onun əxlaq nəzəriyyəsində insanlığa verilən dəyər, vətənə və xalqa olan məhəbbət, demokratik dünyagörüşü öz əksini tapmışdır.

Mirzə Fətəli Axundov 1812-ci ildə anadan olmuşdur. Axundovun fəlsəfi görüşləri onun yaradıcılığında mühüm yerə malikdir. Onun fəlsəfi görüşlərinin mənbələrinin əsasında rus, şərq və Azərbaycan fəlsəfəsi mədəniyyəti durur. Axundov qədim Yunan fəlsəfi fikri və mədəniyyəti ilə yaxından tanış olmuşdur. Axundova görə, fəlsəfənin başlıca vəzifəsi bütün kainatda baş verən real faktlara əsasən insan zəkasının rolunu yüksəltməkdən ibarətdir. Onun fəlsəfi təliminə görə, dünya öz təbiəti etibarı ilə maddidir, təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.

Ruhun ölməzliyi fikrinə qarşı çıxmışdır. O sübut edirdi ki, şüur, ruh materiyadan asılıdır, onun məhsuludur. M.F. Axundov idrakıətraf aləmin insan şüurunda inikası adlandırmışdır O, təbiəti idrakın predmeti hesab etmişdir. O, dünyanın dərk edilməsində bilavasitə hissi qeyri-müəyyənliyə üstünlük vermiş, duyğularsız, hiss üzvləri olmadanidrakı qeyri-mümkün saymışdır. Axundova görə, görülməyən, duyulmayan, müşahidə olunmayan heç bir şey yoxdur.

M.F.Axundovun fəlsəfi irsində dinin tənqidi təhlili xüsusi yer tutur. O, fəlsəfi görüşlərinə görə ateist olmuşdur. O, dinlə elmin bir yerdə ola bilməyəcəyini, birinin yalan, digərinin doğru olduğunu göstərmiş, dinin struktur vahidlərinin təhlili əsasında onun mahiyyətini ortaya çıxarmışdır. O dinin mahiyyətini maarifçilik mövqeyindən izah edərək göstərmişdir ki, din fövqəltəbii qüvvələrin mövcudluğuna əsasən yaranmış və məqsədi sadə adamları aldatmaqdan ibarətdir. [2;s.120]

Azərbaycanda maarifçilik fəlsəfəsinin yüksək mövqedə dayanmasının əsas səbəbkarı olan Axundovun (M.F.Axundzadə) “Kəmalüddövlə məktubları”, “Mollayi Ruminin və onu təsnifinin babında”, “Həkimi-ingilis Yuma cavab”, “Yek kəlmə haqqında” və s. əsərlərində onun yüksək fəlsəfi ideyaları öz əksini tapmışdı.

Onun fikrincə, zaman ilə məkan vacib atributlardır. Maddi varlıq həmişə hərəkətdədir, qanunauyğunluğa əsaslanır. Bu baxımdan kainat həm yaradılan, həm də yaradandır. Onun fəlsəfi fikirləri rasionalizmə əsaslanırdı.

Kainatda qarşılıqlı əlaqə, asılılıq, səbəb və nəticə, hissə ilə tamın vəhdətini görən M.F.Axundzadə hərəkəti yerdəyişmə və təkcə kəmiyyət dəyişiklikləri kimi qəbul etmişdir, zaman daxilində kəmiyyət dəyişikliklərinin isə dairəvi hərəkət daxilində baş verdiyini qeyd etmişdir. Başqa sözlə, M.F.Axundzadə yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etmirdi. Onun fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi və müdafiəsi idealizm, teologiya və aqnostisizm prinsiplərinin tənqidi ilə birlikdə verilir. Axundovun maarifçilik ilə bağlı atdığı addım məhz onun əlifba islahatı olmuşdur.

XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir çox Avropa dillərini bilən, rus şərqşünaslığının banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və Avropanın elmi dairələrində şöhrət qazanmışdı.

Mirzə Kazım bəyin mədəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri, çoxşaxəliliyi və orijinallığı ilə fərqlənir.

Mirzə Kazım bəy xürafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək qiymətləndirmişdi. Onun “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs olunur.

Onun “Firdövsiyə görə mifologiya”əsərində müxtəlif bölgə mifləri, “Şamil və müridizm”,“Bab və babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüşlərinin elmi şərhi verilmişdir.

XIX əsrdə Azərbaycanda maarifçilik fəlsəfəsinin yaranması və inkişafında özünəməxsus yerləri ilə seçilən şair və mütəfəkkirlərdən olan Mirzə Şəfi Vazeh və Seyid Əzim Şirvanidir. Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi “Divani Hikmət” ədəbi məclisi, Seyid Əzim Şirvaninin maarifçiliyin inkişafı və cəhalətin, avamlığın tənqidi baxımından qələmə aldığı satiraları özünəməxsusluğu ilə seçilir.

XIX əsrin birinci yarısında ədəbi fəaliyyətlə məşğul olan Azərbaycan şairi Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun şərq və qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.

S.Ə.Şirvani xalqı din arxasına sığınaraq aldadan yalançı mollaları, ruhaniləri satiralarında tənqid etmişdir. Onun “Müctəhidin təhsildən qayıtması” satirası məhz bunun açıq-aydın ifadəsidir.

S.Ə.Şirvaninin yaradıcılığında ictimai mahiyyət daşıyan satiraları mühüm yer tutur. Şairi öz dövrünün dahi realist şairi kimi məşhurlaşdıran da məhz bu satiralardır. Seyid Əzimin dövrün ictimai eyiblərinə qarşı ifşaedici münasibəti satiralarında aydın bir şəkildə ifadə edilmiş, xalqın qanını soran istismarçı siniflər, bəy və mülkədarlar, çar çinovnikləri, xalqı avamlıq və fanatizm girdabında saxlayan ruhanilər tənqid obyekti kimi götürülərək ifşa edilmişdir. Şairin “Əkinçinin hadisəsi”, “Padşah və əkinçi”, “Şamaxının yeni bəyləri haqqında həcv”, “Köpəyə ehsan”, “Yerdəkilərin göyə şikayəti” və s. kimi əsərləri maraqlı satirik parçalardır.

XIX əsrdə maariçilik ilə əlaqədar xidməti olmuş növbəti mütəfəkkirimiz Həsən bəy Zərdabi olmuşdur. Azərbaycanda ilk dəfə milli mətbuatın əsasının qoyulması məhz onun adı ilə bağlıdır. Belə ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti fəaliyyət göstərməyə başlamışdır. Xalqın qəzet oxuyaraq maariflənməsini düşünmüş bunun üçün də əlindən gələni əsirgəməmişdir.

Yuxarıda qeyd olunanlar Azərbaycanda XIX əsrin ortalarından başlayan milli oyanış, milli özünüdərk və mədəni yeniləşmə prosesini, dünyəvi-elmi biliklərin yayılmasını, o cümlədən milli-ictimai və fəlsəfi fikrin yeni məcrada inkişafını və bu inkişafı şərtləndirən başlıca amilləri ilkin mənbələr əsasında izləmək baxımından olduqca dəyərlidir. Buradan da göründüyü kimi, bəhs edilən dövrdə Azərbaycanda mövcud olan bütün çətinliklər, çar üsul-idarəsinin törətdiyi maneələrə baxmayaraq, ictimai inkişafın başlıca meyilləri olan milli oyanış və mədəni yeniləşmə qarşısıalınmaz olub. Bu prosesdə isə başda A.A.Bakıxanov, M.F.Axundov olmaqla milli ziyalı təbəqəsinin aparıcı və hərəkətverici qüvvə kimi həm ideya-nəzəri, həm də əməli cəhətdən müstəsna rolu olmuşdur.

Mütərəqqi maarifçilik ideyalarının, elmi biliklərin, milli oyanış və qurtuluş məfkurəsinin əsas daşıyıcısı bir çox ilklərin müəllifi və icraçısı olaraq bu ziyalı təbəqə özünün çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan ictimai-fəlsəfi fikir tarixində də yeni dövrün başlanğıcını qoyaraq, əsaslı dönüş yarada bilmişdilər.

İstifadə olunan ədəbiyyat

  1. Bünyadov Z. Azərbaycan tarixi. I cild. Bakı: Azərnəşr, 2010.
  2. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 2010.
  3. İsayev N., Rüstəmov F. Azərbaycan maarifçiliyinin milli-mədəni yeniləşmə ideyaları və müasirlik. // 2016, №1.
  4. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: İrşad, 1994.
  5. Vəlixanlı N. Abbasqulu ağa Bakıxanov – Azərbaycan xalqının böyük mütəfəkkiri. // Abbasqulu ağa Bakıxanov və azərbaycanşünaslığın inkişafı. Bakı, 2001.

Comments are closed, but trackbacks and pingbacks are open.