Qlobal təhlükəsizlik və təhlükəsizliyə verilən töhfələr
Ancaq Alyans bunun səbəbi kimi Moskvanın qonşu ölkələrə qarşı aqressivliyini artırmasını göstərir. Yəni, Qərbin mövqeyinə görə, aqressivliyin mənbəyi NATO deyil, o, yalnız cavab tədbirləri görür. O cümlədən Şimali Atlantika Alyansı Moskvanın Baltik dənizində riskli hərəkətlər etdiyini və Baltikyanı ölkələrə qarşı təcavüzkar davrandığını ifadə edir.
Prezident İlham Əliyev: Müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri ən aktual məsələlərdəndir
Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına məktubunda yer alıb.
Məktubda deyilir: “Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir”.
Dövlətimizin başçısı qeyd edib ki, bugünkü tədbirin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə eyni vaxtda keçirilməsi əlamətdar hadisədir və öz yubileyini dost siyasi partiyalarla birlikdə qeyd edən YAP-ın beynəlxalq əməkdaşlığa, xarici tərəfdaşlara verdiyi önəmin göstəricisidir.
“Ümidvaram ki, Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə keçirilən bu konfrans çərçivəsində faydalı və məhsuldar müzakirələr aparılacaq, bölgədə, eləcə də dünyada sülhün, təhlükəsizliyin təşviqində siyasi partiyaların fəallığının artırılması sahəsində səmərəli istiqamətlər müəyyənləşdiriləcəkdir”, – deyə məktubda vurğulanır.
Qeyd edək ki, ICAPP Asiya regionunda 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq təşkilat olaraq, dövlətlərin aparıcı siyasi partiyaları səviyyəsində aktual regional və qlobal məsələlərin müzakirə edildiyi, fikir və təcrübə mübadiləsinin aparıldığı əhəmiyyətli platformadır.
Qlobal təhlükəsizlik və təhlükəsizliyə verilən töhfələr
İndi bəşəriyyətin sabitliyə və sülhə böyük ehtiyacı vardır. Dünyanın müxtəlif guşələrində axan qanın dayandırılması üçün ölkələrin səfərbər olması gərəkdir. Bu barədə elmi və siyasi dairələr çoxdandır ki, danışırlar. Lakin real proseslər göstərir ki, burada vəziyyət heç də ürəkaçan deyil. Böyük dövlətlərin başçılarının verdikləri bəyanatlar, atdıqları konkret addımlar qlobal miqyasda təhlükəsizliyə heç bir təminat verilmədiyi təəssüratını yaradır. Sanki supergüclər yeni dünya müharibəsinə hazırlaşırlar. Bunun fonunda bütövlükdə təhlükəsizliyə tərksilah olunmanın necə təsir etdiyini araşdırmağa ehtiyac yaranır. Faktlar göstərir ki, bununla əlaqəli bir neçə müqavilə imzalanmasına baxmayaraq, reallıq fərqli məqamlardan xəbər verir. Həmin müstəvidə dünyada baş verən və təhlükəsizliyə birbaşa aidiyyəti olan faktorlara nəzər salmaq maraqlı olardı.
Putinin xəbərdarlığı: vəziyyət nəzarətdən çıxırmı?
Belə görünür ki, beynəlxalq təhlükəsizliyə olan təhdidlərin azaldılması üçün supergüclər təsirli addım atmaq fikrində deyillər. Əksinə, gərginliyi yüksəldə biləcək və qlobal miqyasda problemləri kəskinləşdirəcək addımlar atılır. Bunu, əsasən, Qərb dövlətlərinin etdiyini indi açıq ifadə edirlər. Təbii ki, başqa supergüclərin saf olduğu barədə danışmaq da risklidir. Lakin reallıq ondan ibarətdir ki, ABŞ başda olmaqla, Qərb ölkələri güclüdürlər və bütün istiqamətlərdə hücum xarakterli hərəkətlər edə bilirlər.
Bu tezisi təsdiq edəcək konkret faktlar mövcuddur. Onlardan çıxış edərək, belə nəticəyə gəlmək olar ki, qlobal səviyyədə təhlükəsizliyin təmini məsələsi xeyli çətinliklərlə üzləşib. Onlar haqqında ümumi kontekstdə Rusiya prezidenti Vladimir Putin Almaniyanın SSRİ-yə hücumunun 75-ci ildönümünə həsr edilmiş Duma müzakirələrindəki çıxışı zamanı toxunub (bax: Putin: “Şartlar II. Dünya Savaşı öncesini hatırlatıyor” / “tr.euronews.com”, 22 iyun 2016).
Rusiya dövlət başçısı bütün problemlərin, dövlətlərə eyni mövqedən yanaşan bir təhlükəsizlik sisteminin olmamasından qaynaqlandığını ifadə edib. O deyib: “Hər dövlətə bərabər yanaşan bir təhlükəsizlik sisteminə ehtiyac var” (bax: əvvəlki mənbəyə). Fikrimizcə, bu tezis müasir mərhələdə qlobal təhlükəsizliyin fundamental problemini əks etdirir.
Konkret olaraq, İkinci dünya müharibəsindən sonra yaradılan təhlükəsizlik modelinin artıq yetərli olmaması fonunda yeni, obyektiv və bərabərhüquqluğu saxlaya biləcək yanaşma təklif edilməyib. Əslində, bu, Rusiya da daxil olmaqla, dünyanın böyük dövlətlərinə olan iradı ifadə edir. Bu mövqeni təsdiqləyən çoxlu sayda hadisələr, demək olar ki, hər gün dünyanın müxtəlif regionlarında baş verir.
Biz, sadəcə, Cənubi Qafqazda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri, Yaxın Şərqdə Suriya məsələsində yaranmış mürəkkəb durumu və Ukrayna böhranını xatırlada bilərik. Bunların hər birinin qlobal miqyasda təhlükəsizliklə birbaşa əlaqəsi vardır. Nümunə kimi Ukrayna məsələsi ilə əlaqədar Qərb-Rusiya münasibətlərinin son vəziyyətini yada salaq.
Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forumda Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker açıq bildirib ki, Minsk razılaşmalarına əməl edilməsə, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirəcək. Buraya Ukraynanın şərqindəki böhranın aradan qaldırılması və Krım məsələsi daxildir (bax: Juncker: Rusya’nın Minsk Anlaşması şartlarına uyması gerekiyor / “tr.euronews.com”, 17 iyun 2016). Deməli, bu istiqamətdə gərginlik qalacaq.
Digər tərəfdən, NATO Rusiyanın sərhədləri yaxınlığında hərbi gücünü artırır, hətta yeni təlimlər də keçirir. Bu, birbaşa təhdiddir. V.Putin deyir: “Dialoqa açığıq, fəqət İkinci dünya müharibəsi öncəsində də olduğu kimi hər hansı real addım, ya da cavab görə bilmirik. Tam əksinə, NATO təcavüzkar mövqeyini inkişaf etdirir və sərhədlərimiz yaxınlığındakı aqressiv hərəkətlərini artırır”(bax: Путин: “НАТО усиливает агрессивные действия вблизи наших границ” / “ru.euronews.com”, 22 iyun 2016).
Ancaq Alyans bunun səbəbi kimi Moskvanın qonşu ölkələrə qarşı aqressivliyini artırmasını göstərir. Yəni, Qərbin mövqeyinə görə, aqressivliyin mənbəyi NATO deyil, o, yalnız cavab tədbirləri görür. O cümlədən Şimali Atlantika Alyansı Moskvanın Baltik dənizində riskli hərəkətlər etdiyini və Baltikyanı ölkələrə qarşı təcavüzkar davrandığını ifadə edir.
NATO-nun baş katibi Yens Stoltenberq bu kontekstdə bəyan edib: “Gərginliyin yüksək olduğu bir zamanda NATO ilə Rusiya arasındakı dialoq mühitinin qoruna bilməsi önəmli olan özəllikdir. Bir araya gəlməyimiz, danışmağımız, gərginliyi azaldacaq hər nə lazımdırsa, onu etməyimiz və yanlış hesabların, yanlış anlaşmaların önünə keçməyimiz əhəmiyyətlidir” (bax: əvvəlki mənbəyə).
Bağlanmış müqavilələr: kağız parçasına çevrilmiş sənədlər
Tərəflərin bir məsələ ilə bağlı ifadə etdikləri mövqelərin müqayisəsi əsasında qlobal təhlükəsizlik aspektində hansı nəticəni çıxarmaq olar? Maraqlıdır ki, hər iki tərəf bir-birini aqressiyada və dialoqdan qaçmaqda ittiham edir. Kim haqlıdır? Onu biz deyə bilmərik, lakin reallıq ondan ibarətdir ki, böyük güclərin bu cür mövqeyi qlobal təhlükəsizliyə töhfə vermir, əksinə, daha gərgin vəziyyətin yaranmasına səbəb olur. Dünya üçün önəmli olanı budur.
Həmin səbəbdəndir ki, kimlərinsə dialoqdan və əməkdaşlıqdan gözəl sözlərlə danışmasına baxmayaraq, qlobal miqyasda dünya təhdidlərdən müdafiəsizdir. Bu təhlükəli tendensiya, təəssüf ki, getdikcə özünü daha qabarıq surətdə göstərir. Bu müstəvidə V.Putinin İkinci dünya müharibəsi öncəsindəki vəziyyəti xatırlatması çox düşündürücüdür. Belə çıxmır ki, dünya növbəti qlobal savaşın qapısı ağzındadır? Və gözlənilməz kiçik bir hadisə-təxribat bütövlükdə bəşəriyyəti dəhşətli müharibənin ağuşuna ata bilər?
Nəzəri olaraq bu ssenarilərin heç biri istisna deyil. Bununla yanaşı, acınacaqlıdır ki, praktiki aspektdə də vəziyyət ürəkaçan deyil. V.Putin bəyan edir ki, NATO-nun hərəkətlərinə cavab olaraq, Rusiya hərbi tədbirlər görməlidir. Deməli, silahlanma prosesi faktiki olaraq yeni mərhələyə qədəm qoya bilər. Qlobal təhlükəsizlik sistemində də tərksilah məsələsi xüsusi yer tutur. Buradan avtomatik olaraq belə qənaətə gəlmək olar ki, indiki mərhələdə qlobal təhlükəsizliyin tərk-silah kimi vacib bir elementinə əməl edilmir. Bu faktorsuz isə bəşəriyyətin sabitliyi olduqca böyük risk altına atılmış olur.
Məsələ ondan ibarətdir ki, dünyanın güclü dövlətləri o dərəcədə təkmil silahlara malikdirlər ki, onların mövcudluğu belə hər kəs üçün təhlükədir. Tərksilah məsələsini bir neçə dəfə Vaşinqton və Moskva aktuallaşdırıb. Hətta nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilələr də imzalanıb (bax: məs., Переговоры об ограничении стратегических вооружений / “Wikipedia” və Договор ОСВ-2. Справка / “РИА Новости”, 18 iyun 2009).
Strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan ilk müqavilə ABŞ-la SSRİ arasında 1972-ci ildə imzalanıb (“ОСВ-I”). 1979-cu ildə “ОСВ-II” meydana gəlib və nəhayət, 90-cı illərin əvvəllərindən başlayaraq bu müqavilələrin əsasında strateji hücum silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan “CHB-I” (1991), “CHB-II” (1993) və “CHB-III” (2010) sazişləri imzalanıb (bax: Переговоры об ограничении стратегических вооружений / “Wikipedia”).
Bunlardan başqa, 1990-cı ildə Avropada adi silahların məhdudlaşdırılması ilə bağlı NATO ilə Varşava Müqaviləsi Təşkilatı (VMT) arasında saziş əldə edilib (bax: Договор об обычных вооруженных силах в Европе / “osce.org”). Ancaq 2014-cü ildən başlayaraq Moskva bu müqavilənin formal xarakter daşıdığını və orada iştirak etməyin mənasız olduğunu bəyan edir. Hətta xarici işlər naziri Sergey Lavrov həmin il bu barədə açıq fikir də bildirib. O deyib ki, “bu müqavilə artıq ölüdür” (bax: Лавров заявил о смерти ДОВСЕ / “Lenta.ru”, 19 noyabr 2014). Nəhayət, 2015-ci ilin mart ayında Rusiya rəsmi olaraq həmin müqavilədən çıxdığını bəyan edib (bax: Россия вышла из Договора об обычных вооруженных силах в Европе / “Lenta.ru”, 10 mart 2015).
Yuxarıdakı informasiyaları ümumiləşdirsək, belə nəticə çıxara bilərik ki, iki böyük güc tərksilahla bağlı real olaraq 5 strateji müqavilə imzalayıblar, ayrıca Avropa ilə əlaqədar 16 NATO və 6 Varşava Müqaviləsi Təşkilatı üzvü daha geniş spektrdə silahların məhdudlaşdırılmasını və ixtisarını nəzərdə tutan böyük müqaviləyə imza atıblar. İndi məlum olur ki, bütün bunların konkret nəticəsi yoxdur.
Yəni bütövlükdə dünya ölkələri tərksilahla bağlı əməli nəticəyə gələ bilməyiblər. Bunun fonunda isə NATO və Rusiya bir-birini ittiham etməkdə davam edirlər və yeni silahlanmaya start vermiş kimi davranırlar. Belə olan halda hansı mənada qlobal təhlükəsizlikdən danışmaq olar? Bizcə, yalnız ehtimali nəsə demək olar. Ehtimal isə reallıq deyil, onu çevik dəyişmək olar. Bu səbəbdən qlobal təhlükəsizlik sisteminin çox həssas məqama, hətta “qırılma nöqtəsi”nə gəldiyini demək mümkündür.
Newtimes.az
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
Azərbaycan paytaxtında general T.Volters ilə general V.Gerasimov arasında aparılan danışıqlar ekspertlərin bir neçə aspektdə marağına səbəb olub. Dünyanın iki çox böyük hərbi gücünün Bakıda qlobal əhəmiyyətli məsələləri müzakirə etməsi adi hadisə deyil. Bu baxımdan ekspertlər ABŞ və Rusiyanın görüş yeri kimi məhz Bakını seçməsinin səbəbləri ilə bağlı müxtəlif analizlər aparırlar. Aydın olur ki, burada bir sıra faktorlar rol oynayır. Azərbaycan müstəqil dövlət kimi böyük nailiyyətlər əldə etməkdədir. Beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycanın sabit ölkə və etibarlı tərəfdaş olması da dünya tərəfindən qəbul edilir. Bütün bunların fonunda Amerika və Rusiyanın mühüm məsələləri Bakıda müzakirə etmələri normal görünür. Həmin kontekstdə iki generalın Bakı görüşünün geosiyasi təsiri üzərində geniş dayanmağa ehtiyac görürük.
Ənənə: Bakı vacib beynəlxalq məsələlərin müzakirə məkanı kimi
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı general Tod Volters ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun növbəti görüşünün Bakıda keçirilməsi müəyyən mənada yaxşı bir ənənənin davamıdır. Artıq dördüncü dəfədir ki, bu növ görüşlər keçirilir. Tərəflərin məhz Bakını müzakirə yeri kimi seçməsi də təsadüfi sayılmır. Bu o deməkdir ki, ABŞ və Rusiya üçün ən uyğun məkan Azərbaycandır. Səbəbi haqqında müxtəlif fikirlər deyilir. Onların hər biri əhəmiyyətlidir. Çünki söhbət müstəqil dövlət quruculuğu kursuna dünyada olan münasibətdən gedir. Şübhə yoxdur ki, Amerika və Rusiya kimi qüdrətli dövlətlər danışıqlar üçün təsadüfi yer seçməzlər. Onlar daha çox inandıqları, əmin olduqları, etibarlı saydıqları ölkədə danışıqlar apararlar.
Cənubi Qafqazda məhz Azərbaycanın müzakirə məkanı kimi seçilməsi böyük məna daşıyır. Hər şeydən öncə, Azərbaycan müstəqil və dinamik inkişaf edən, daxili sabitliyə nail olmuş bir dövlətdir. Uzun müddətdir ki, Azərbaycan regionda bu sabitlik səviyyəsinə görə digər ölkələrdən fərqlənir. Daxili sabitlik sürətli islahatlarla müşayiət olunur. Bu iki faktor Azərbaycanı Cənubi Qafqazın geosiyasi qovşağına çevirib. Bunun əlamətləri əsasən beynəlxalq layihələrdə, irimiqyaslı tədbirlərdə və davamlı inkişafda özünü göstərir.
Beynəlxalq layihələr də başlıca olaraq enerji təhlükəsizliyi, regional və qlobal əməkdaşlıq, nəqliyyat dəhlizlərinin formalaşması və mədəniyyətlərarası dialoqun təşkili ilə əlaqəlidir. Bu, faktiki olaraq, Azərbaycanı bütün istiqamətlərdə Cənubi Qafqazın lider dövləti mövqeyinə çıxarıb. Hazırda burada istənilən mövzuda yüksək səviyyəli müzakirələr təşkil etmək mümkündür.
Nüfuzlu beynəlxalq tədbirlər kimi Azərbaycan sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqun təşkili ilə bağlı çox vacib mövzularda müzakirələr təşkil edir. İndi bütün dünya Bakı Beynəlxalq Humanitar Forumundan, “Bakı prosesi”ndən və başqa yeni tədbirlərdən bəhs edir. Hər kəs bilir ki, bu möhtəşəm layihələrin və uğurla təşkil edilən tədbirlərin təşəbbüskarı Azərbaycan rəhbərliyidir. Bunlara beynəlxalq idman yarışlarının təşkilini də əlavə etmək gərəkdir. Azərbaycan hər kəsə sübut edib ki, bu növ tədbirləri də yüksək səviyyədə keçirə bilir.
Nəqliyyat dəhlizlərinin formalaşmasında Azərbaycanın oynadığı aktiv rol ayrıca mövzudur. İndi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır. Bu, yalnız yük daşımaq imkanı deyil, həm də mədəniyyətlərin, sivilizasiyaların dialoqunu, ünsiyyətini təşkil etmək deməkdir. Dünyanın onlarla ölkəsinin nümayəndələri bu dəhlizlər vasitəsilə təmasda olur və səmərəli fəaliyyət göstərirlər. Deməli, Azərbaycan çox sayda ölkələrin səmərəli və qarşılıqlı faydalı əməkdaşlığını ən yüksək səviyyədə təşkil edə bilir.
Bütün bunlarla yanaşı, Azərbaycan Cənubi Qafqazda əməkdaşlığın yeni formatları ilə bağlı ən çox təşəbbüs irəli sürən ölkədir. Prezident İlham Əliyevin ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqla ilgili təklif və təşəbbüsləri artıq özünün yüksək səmərəsini göstərib. Bu baxımdan Bakının Rusiya-İran-Azərbaycan əməkdaşlıq formatını böyük uğurla reallaşdırması ekspertlərin diqqətini daha çox çəkib. Çünki tarixən Azərbaycan Rusiya və İranda imperiya dövründə onların tərkibində olub. İndi isə müstəqil dövlət kimi bu iki böyük dövlətin əməkdaşlığına yeni təkan verir. Bu mənada İlham Əliyevin əməkdaşlıq formatı təklifi son dərəcə böyük maraq doğurur və Azərbaycan dövlətinə etibarlılıq qazandırır.
Geosiyasi kontekst: perspektivli proses
Əlbəttə, söhbət əməkdaşlıqdan düşərkən Türkiyə və Qərb istiqamətini unutmaq olmaz. Türkiyə Azərbaycana ən yaxın, qardaş dövlətdir. Onunla əməkdaşlıq avtomatik və aksiomatik bir işdir. Ancaq məsələ eyni zamanda müstəqil dövlət kimi qarşılıqlı faydalı və etibarlı əlaqələrin yaradılmasından gedir. Azərbaycan bu istiqamətdə də bir sıra müstəqil dövlətlər üçün səciyyəvi olan “böyük-kiçik qardaş” sindromunu aşmış ölkədir. İndi onun Türkiyə ilə sabit, bərabərhüquqlu, qarşılıqlı faydaya əsaslanan münasibətləri mövcuddur. Deməli, Azərbaycan özünün çox güclü qardaşı ilə belə əməkdaşlığını müstəqil dövlət kimi konstruktiv müstəvidə qura bilir.
Bu baxımdan Bakının dünyanın ən inkişaf etmiş hissəsi olan Qərb dövlətləri ilə münasibətləri çox maraqlıdır. Bu istiqamətdə Azərbaycan rəhbərliyinin yüksək nailiyyətlər əldə etdiyi danılmaz faktdır. İki məqam üzərində dayanaq. Əvvəla, Azərbaycan-ABŞ əlaqələri müasir beynəlxalq hüquq və konstruktiv əməkdaşlıq şərtlərinə tam uyğun inkişaf edir. Amerika Prezidentinin İlham Əliyevə ünvanladığı məktublarda həmin məqam aydın olaraq öz ifadəsini tapıb.
Donald Tramp Azərbaycanın etibarlı, perspektivli tərəfdaş olduğunu dəfələrlə vurğulayıb, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələri ayrıca qeyd edib, əlavə olaraq, daha geniş geosiyasi məkanda bu missiyanı reallaşdıra biləcəyini ifadə edib. Bu onu göstərir ki, Vaşinqton Azərbaycanın etibarlı, sabit və perspektivli müstəqil dövlət olduğunu, beynəlxalq təhlükəsizliyə qiymətli töhfələr verdiyini etiraf edir. Bu kontekstdə Azərbaycan Prezidentinin bir fikri çox maraqlıdır. İlham Əliyev ifadə edib: “Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik”.
Nəhayət, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələri formalaşıb. Bu, təhlükəsizlik məsələlərini, beynəlxalq terrorla mübarizəni, enerji layihələrini əhatə edir. Brüssel Azərbaycana perspektivli tərəfdaş kimi baxır. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun regiona son səfəri zamanı ifadə etdiyi fikirlər bunu bir daha təsdiq edir.
Beləliklə, dünyanın iki böyük hərbi gücünün vacib və aktual qlobal məsələləri Bakıda müzakirə etməyə qərar verməsi səbəbsiz deyil. Azərbaycan bütün parametrlərinə görə bu cür yüksək səviyyəli müzakirələrə uyğun bir məkandır. Amerika və Rusiya generallarının Bakıda rəsmi şəxslərlə görüşləri zamanı ifadə etdikləri fikirlər bir daha sübut edir ki, bu dövlətlərin hərbi, təhlükəsizlik və müdafiə sahələrində Bakı ilə əməkdaşlığa maraqları az deyil. Hər iki ölkə bundan sonra da Azərbaycanla həmin istiqamətdə əlaqələri gücləndirmək niyyətindədir.
T.Volterslə V.Gerasimovun Bakıda Suriya, Əfqanıstan ixtilaflarını, beynəlxalq terror, qaçaqmalçılıq və digər aktual məsələlərlə bağlı apardıqları müzakirələr göstərir ki, tərəflər hazırda bütün dünya üçün əhəmiyyətli problemlərin nəzərdən keçirilməsində maraqlıdırlar. Bakı görüşü ayrıca göstərdi ki, hələ Vaşinqton və Moskva ortaq mövqeyə gələ bilmirlər. Lakin qlobal miqyasda aktual olan və dünyanın təhlükəsizliyi üçün əhəmiyyət daşıyan məsələlərin Bakıda müzakirə edilməsi konkret məna daşıyır.
Beləliklə, ABŞ və Rusiyanın Bakıda yüksək səviyyədə müzakirələr aparması Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə daha da artdığını nümayiş etdirir. Qərb və Rusiya üçün önəmli olan hərbi-müdafiə xarakterli mövzuların Azərbaycan paytaxtında müzakirə edilməsi həm də regional münaqişələrin ədalətli həlli üçün bir şansı ifadə edir. Bu cür görüşlərdə Azərbaycanın məsələyə münasibəti haqqında daha dolğun informasiyalar alan generallar, əlbəttə, həqiqəti bilməklə daha qətiyyətli mövqe tuta bilərlər. Xüsusilə onlar digər məsələlərlə yanaşı, həm də separatizm və terrorla mübarizəni də müzakirə edirlər.
Bunlar onu göstərir ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi beynəlxalq nüfuzunu sürətlə yüksəldir və daha etibarlı tərəfdaş kimi qəbul edilir. Bu keyfiyyətdə Azərbaycanın müxtəlif beynəlxalq proseslərdə iştirakı daha intensiv xarakter alır. Bu prosesin yeni səviyyəyə yüksəlməsi, əlbəttə, regionda bir sıra çətinliklərin aradan qaldırılmasına yardım edəcəkdir. İki generalın Bakıdakı son görüşünə bu prizmadan baxdıqda, onun növbəti mərhələnin başlanğıcı olduğu qənaəti yaranır. Yəni ABŞ-Rusiya münasibətlərində konstruktiv bir mərhələ başlaya bilər.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.