TÜRKÜN DİLİ
Deyilənləri ümumiləşdirərək deyə bilərik ki, bu kitab Naxçıvan şivələrinin tarixi-müqayisəli tədqiqinə həsr olunmuş ən sanballı mənbələrdən biridir. Burada nəinki Azərbaycan dialektologiyası, həm də ədəbi dil tariximiz, türk dillərinin tarixi üçün çox maraqlı və tutarlı dil faktları müəyyən edilmişdir ki, onların ümumtürkoloji müstəvidə öyrənilməsi olduqca əhəmiyyətlidir. Qalibə Hacıyevanın uzun illərin gərgin elmi araşdırmalarının məhsulu, Naxçıvan şivələrinin tədqiqinə verdiyi növbəti töhfə olan bu dərs vəsaiti həm bu sahənin tədqiqatçıları, həm də ali məktəb tələbələri, oxucular üçün dəyərli bir mənbədir.
Qıpçaq qrupu türk dilləri
Azərbaycan dilinin dialekt və şivələri xalqın tarixini, həyat tərzini, təfəkkürünü, etnoqrafiyasını özündə yaşadan çox dəyərli bir mənbədir. Bu mənbənin öyrənilməsinə XX əsrin əvvəllərindən başlanmış, günümüzə qədər bu sahədə bir çox işlər görülmüşdür. Bu gün artıq bütün elm sahələrində olduğu kimi, dilçilik, o cümlədən onun bir hissəsi olan dialektologiyada da müasir çağırışlara cavab verən araşdırmalara daha çox ehtiyac vardır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin dosenti Qalibə Hacıyevanın yenicə çapdan çıxan “Çağdaş türk dilləri və Naxçıvan şivələrinin ortaq leksikası” adlı dərs vəsaiti öz elmi sanbalına görə seçilir. Əsər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda işıq üzü görmüşdür. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, rəyçiləri professorlar Məhərrəm Məmmədli, İbrahim Bayramov və Qara Məşədiyevdir. Burada Naxçıvan şivələri leksik cəhətdən ilk dəfə olaraq həm qədim yazılı abidələrimizin dili ilə, həm müasir türk dilləri səviyyəsində müqayisəli tədqiqata cəlb olunmuşdur. Əsərin ən çox diqqətçəkən xüsusiyyəti isə aparılan müqayisələrə Azərbaycanın tarixi ərazilərində, bu gün ölkəmizin sərhədlərindən kənarda qalan, lakin Azərbaycan dilinin danışıldığı qədim torpaqlarımızın sakinlərinin şivələrinə də istinad edilməsidir.
Kitabın ilk bölməsi “Azərbaycan dilinin areal baxımından təcrid olunmuş dialektləri ilə Naxçıvan şivələrinin ortaq leksikası” adlanır. Burada Naxçıvan bölgəsinə məxsus dialekt vahidləri vaxtilə Azərbaycan torpaqları olmuş, günümüzdə də azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan şivələri, Güney Azərbaycan şivələri, Dərbənd şivələri, Axısqa türklərinin şivələri, İraq-Türkman şivələri, Suriya türkmanlarının şivələri, Əfqanıstandakı əfşarların şivələri ilə müqayisəli araşdırmaya cəlb olunmuşdur. Müəllif öz araşdırmasında bu bölgələrə türklərin gəlişi, onların buranın yerli əhalisi olması məsələsinə də tarixi qaynaqlara istinad edərək münasibət bildirmiş, dialektlərin dilimizin tarixən mövcud olduğu coğrafiyanın müəyyənləşdirilməsində müstəsna rolunu da vurğulamışdır.
Əsərin ikinci bölməsi “Oğuz qrupu türk dilləri və Naxçıvan şivələrinin ortaq xüsusiyyətləri” adlanır. Burada Naxçıvan şivələri Türkiyə türkcəsi, türkmən, qaqauz dilləri, Balkanlardakı, Kosovadakı, Bolqarıstandakı türk şivələri ilə müqayisəli şəkildə araşdırılmışdır. Tədqiqat göstərir ki, Naxçıvan şivələri bu dillər və dialektlərlə müəyyən fərqli cəhətlərə malik olsa da, bütün linqvistik parametrləri ilə onlarla olan tarixi bağlılığını və kök birliyini qoruyub saxlamışdır. Burada çoxsaylı ortaq dil vahidləri vardır ki, 200 ildən artıq bir müddətdə siyasi-coğrafi sərhədlərin bir-birindən təcrid etdiyi xalqların yaddaşında mühafizə olunaraq günümüzə gəlmişdir.
“Qıpçaq qrupu türk dillərinin Naxçıvan şivələri ilə ortaq xüsusiyyətləri” bölməsində tədqiqatçı türk dilləri ailəsinin qıpçaq qrupuna daxil olan qazax, qırğız, noqay, karaim, Krım tatarlarının dili və Naxçıvan şivələrinin ortaq xüsusiyyətlərini müəyyən etməyə çalışmışdır. Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxil olsa da, ədəbi dil qatında olduğu kimi, dialekt qatında da qədim qıpçaq dilinin güclü təsiri aydın görünür.
Dördüncü bölmədə müəllif “Bulqar qrupu türk dillərinin Naxçıvan şivələri ilə ortaq xüsusiyyətləri” məsələsinə münasibət bildirmişdir. Burada Kazan tatarlarının və qumuq türklərinin dili ilə Naxçıvan şivələrinin ortaq cəhətləri üzə çıxarılmışdır. Qeyd edək ki, bu dillər indiyə qədərki müqayisəli tədqiqatlardan, demək olar ki, kənarda qalmışdır. Ona görə də Qalibə Hacıyevanın bu bölmədə apardığı araşdırma ilk hesab oluna bilər.
Əsərin “Karluq-uyğur qrupu türk dilləri və Naxçıvan şivələrinin ortaq leksikası” adlanan bölməsində yenu uyğur və sarı uyğur, özbək, qaraxanlı, Tuva dilləri ilə Naxçıvan şivələri müqayisə olunur. Naxçıvan şivələri ilə coğrafi baxımdan və canlı dil əlaqəsi olmayan bu dillərdə işlənən pütün, pıçax, pitik, icəşmək kimi maraqlı ortaq leksik vahidlər bu bölgələrdə danışılan dilin tarixi kök birliyindən xəbər verir. Eyni zamanda, xalqın tarixinin ən yaxşı şahidi olan toponimik vahidlərdəki paralellər də bu birliyinin ən tutarlı göstəricisidir. Məsələn, Tuva ərazisindəki Azas, Erzin, Kunqar-Tuk etnotoponimləri Naxçıvandakı Araz, Ərəzin, Kəngərli etnotoponimlərinin fonovariantları hesab edilə bilər.
Kitabın “Naxçıvan şivələri və qədim türk abidələrinin dili” bölməsində türk xalqlarına məxsus qədim yazılı abidələrlə Naxçıvan şivələri arasında maraqlı müqayisələr aparılmışdır. Burada Orxon-Yenisey yazıları, “Oğuznamə”, “Divanü-lüğai-it türk”, “Kitabi-Dədə Qorqud”, “İbn Mühənna lüğəti”, “Kitab əl-idrak li-lisan əl-ətrak” əsərlərində Naxçvan şivələri ilə ortaq xüsusiyyətlər müəyyən edilmiş və tədqiqata cəlb olunmuşdur. Aparılan bu əhatəli araşdırma bir daha sübut edir ki, hansı coğrafi arealda və hansı siyasi müstəmləkə basqısı altında yaşamağa məhkum edilməsinə baxmayaraq, heç bir yad dilin təsiri türk dilini öz tarixi kökündən ayıra bilməmişdir.
Əsərin “Klassik ədəbi əsərlərin dili və Naxçıvan şivələri” adlı son bölməsində bədii ədəbiyyatda Naxçıvan şivələrinin işlənmə məqamlarına toxunulmuşdur. Burada Nəsimi, Eynəlibəy Sultanov, Aşıq Ələsgər, Məmməd Araz kimi ədəbi şəxsiyyətlərimizin, həmçinin Güney Azərbaycan şairlərinin, Anadoluda yaranmış klassik əsərlərin dili ilə Naxçıvan şivələri müqayisəli leksik tədqiqata cəlb olunmuşdur. Qalibə Hacıyevanın da qeyd etdiyi kimi, orta əsrlərdə istər Azərbaycanda, istərsə də Anadoluda vahid bir dildə qələmə alınmış bu ədəbi əsərləri müasir mərhələdə coğrafi sərhədlər çərçivəsində tanıdıb qəbul etsək də, bu əsərlərin dili vahid bir dilin, qədim türk dilinin yazılı nümunələri olaraq tarix boyu bütövlüyümüzü şərtlənidrən və inkar edilməsi mümkün olmayan yazılı tarixi sənədlərdir. Bu nümunələr həm də Naxçıvan şivələrinin türk dilləri arasındakı tarixi mövqeyini də müəyyənləşdirməyə xidmət edir.
Deyilənləri ümumiləşdirərək deyə bilərik ki, bu kitab Naxçıvan şivələrinin tarixi-müqayisəli tədqiqinə həsr olunmuş ən sanballı mənbələrdən biridir. Burada nəinki Azərbaycan dialektologiyası, həm də ədəbi dil tariximiz, türk dillərinin tarixi üçün çox maraqlı və tutarlı dil faktları müəyyən edilmişdir ki, onların ümumtürkoloji müstəvidə öyrənilməsi olduqca əhəmiyyətlidir. Qalibə Hacıyevanın uzun illərin gərgin elmi araşdırmalarının məhsulu, Naxçıvan şivələrinin tədqiqinə verdiyi növbəti töhfə olan bu dərs vəsaiti həm bu sahənin tədqiqatçıları, həm də ali məktəb tələbələri, oxucular üçün dəyərli bir mənbədir.
Nuray Əliyeva,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
TÜRKÜN DİLİ
Türk dillərinin təsnifi içərisində məşhur türkoloq N.A.Baskakovun bölgüsü daha geniş yayılmışdır. N.A.Baskakov türk dillərinin tarixi inkişaf mərhələlərinin diqqətlə izləmiş və məhz bu mərhələlərdə baş verən dəyişmələri səciyyələndirərək, onları iki böyük qrupa bölmüşdür:
1) qərbi hun qrupu dilləri;
2) şərqi hun qrupu dilləri.
Qərbi hun qrupuna öz növbəsində dörd dil ailəsi daxil edilir:
1. Bulqar qrupu: qədim bulqar, qədim Xəzər və çuvaş dilləri.
2. Oğuz qrupu öz növbəsində oğuz-türkmən (qədim oğuz, türkmən və turuxmen dilləri), oğuz-bulqar (qədim peçeneq, uz və qaqauz dilləri) və oğuz-səlcuq (Səlcuq, qədim osmanlı, Azərbaycan və türk dilləri) yarımqruplarına bölünür.
3. Qıpçaq qrupu. Bu qrupa 3 yarımqrup daxildir: qıpçaq-polovets (qədim qıpçaq, kuman və ya polovets, karaim, Qaraçay-balkar, Krım tatarları və qumuq dilləri), qıpçaq-bulqar (Qızıl Orda ədədbi dili, başqırd və tatar dilləri) və qıpçaq-noqay (noqay, Qaraqalpaq, qazax və özbək dilinin qıpçaq dialektləri) yarımqrupları.
4. Karluq qrupu. Karluq-uyğur və karluq-Xarəzm yarımqruplarına bölünən bu dil ailəsinə bir neçə qədim (Qaraxanlılar dövlətinin dili, Qızıl Ordanın (şərqi) dili, Cağatay, qədim özbək) və iki müasir (özbək və yeni uyğur dilləri) daxil edilir.
Şərqi hun qrupuna iki böyük dil ailəsi – uyğur-oğuz və qırğız-qıpçaq dil ailələri daxil edilir. Uyğur-oğuz ailəsinə üç dil qrupu aiddir: uyğur-tukyuy (Orxon-Yenisey abidələrinini dili-qədim oğuz dili, qədim uyğur dili, Tuva və karaqas dilləri), yakut (yakut dili) və xakas (xakas, şor, kamasin, küyerik, çulım-tatar dilləri) qrupu.
Türk dillər ailəsindən Oğuz dil qrupu
Türkologiyada oğuz sözünün mənşəyi haqqında vahid fikir yoxdur. Türkoloqların əksəriyyəti bu sözü qəbilə, tayfa mənasını bildirən ok və kəmiyyət şəkilçisi -uz şəkilində şərh etmişlər.
Oğuz qrupu dillərini səciyyələndirən bir sıra qədim yazılı abidələr mövcuddur. Hər şeydən əvvəl Orxon abidələrini misal çəkmək olar. Belə ki, bu qədim abidələrdə bütün müasir türk dillərinin az və ya çox dərəcədə payı vardır. Lakin oğuzların tarixi inkişaf prosesini əks etdirmək baxımından, eləcə də faktiki dil materiallarına uyğunluğu baxımından bu abidələr onlara daha yaxındır. Orxon abidələrindən başqa, oğuz qrupu dillərini səciyyələndirən daha bir neçə yazılı abidənin adını qeyd edə bilərik. Onlardan “Dədə Qorqud” dastanları, “Divani-hikmət”, “Oğuznamə” kimi əsərləri göstərə bilərik. F. Zeynalovun fikrinə əsasən, bunlar daha çox müştərək oğuz abidələri hesab oluna bilər.
F. Zeynalov türk dillərini belə təsnif etmişdir:
- Oğuz qrupu – Azərbaycan, türk, türkmən, qaqauz və Krım-tatar dilləri.
- Bulqar qrupu – tatar, başqırd, qumuq, qaraçay-balkar, karaim dilləri.
- Qıpçaq qrupu – qazax, qaraqalpaq, qırğız, Altay, noqay dilləri.
- Karluq-uyğur qrupu – özbək, yeni uyğur, sarı uyğur, salar dilləri.
- Uyğur-oğuz qrupu – tuva, karaqas, xakas, kamasin, şor, tobol, kuyerik, barabin dilləri.
- Çuvaş dili.
- Yakut dili.
A. Qurbanov bu bölgüyə öz münasibətini bildirmiş, F. Zeynalovun təsnifinin öz dəqiqliyi və obyektivliyi ilə seçildiyini vurğulamışdır. Həmçinin, F. Zeynalovun təsnifində dillərin qohumluq dərəcəsi daha çox nəzərə alındığını A. Qurbanov vurğulamışdır.
Oğuz dil qrupuna aid türk dillərində 140 milyona yaxın insan danışır. Qrupa aid edilən dillər arasında ən çox danışılanları Türk dili və Azərbaycan dilidir. Hal-hazırda oğuz dil qrupuna daxil olan dillər bunlar hesab edilir:
Türk dili, Azərbaycan dili, Türkmən dili, Qaqauz dili, Xorasan-türk dili, Qaşqay dili, Aynalu dili, Əfşar dili, Salar dili
Oğuz qrupu dillərinin ortaq fonetik, leksik, qrammatik xüsusiyyətlərinə nəzər saldıqda dillərin ümumi oxşarlığını rahatlıqla seçə bilirik. Oğuz qrupu dilləri arasında türkcə, türkməncə və azərbaycanca bir-biri ilə oxşarlıqdan ziyadə, bir çox məqamda eynilik təşkil edir deyə bilərik. Kiçik bir müqayisəyə nəzər salaq:
Azərbaycanca: bir, iki, üç, dörd, beş, altı, yeddi və s.
Türkcə: bir, iki, üç, dört, beş, altı, yedi vb.
Türkməncə: bir, iki, üç, dört, bäş, alty, ýedi we ş.m.
Qeyd etdiyimiz sözlər hər üç dildə fonetik tərkib baxımından, demək olar ki, fərqlənmirlər (yalnız beş sözü azərbaycanca və türkcə eyni səslənərkən, türkməncə sözdəki sait səs ö və e saiti aralığında olan səs kimi duyulur. Yeddi rəqəmi isə türkmən və türkcədən fərqli olaraq azərbaycanca iki d ilə tələffüz olunur).
Yazar: Türkan Nağıyeva
- Nəriman Seyidəliyev – Afad Qurbanov və Ümumi dilçilik (Bakı.2019)
- Fərhad Zeynalov – Türkologiyanın əsasları (Bakı. Maarif. 1981)
- Afad Qurbanov – Ümumi dilçilik (II cild)
- ← Hunlara qarşı qurulan Mayi pusqusu
- Botulizm Nədir? →
Comments are closed, but trackbacks and pingbacks are open.