Baxın, son 7-8 ildə jurnalistikada önə çıxarılan kimlərdir? – Qulu Məhərrəmli
– Əlbəttə, belə yazılar var, yəni və hər şey tünd rəngdə deyil. Bizdə az da olsa, istedadlı, azad düşüncəli və məsləkli qələm sahibləri, o cümlədən peşə ləyaqətini üstün tutan müstəqil araşdırmaçı jurnalistlər, blogerlər var. Mətbuatda, xüsusən saytlarda yaxşı yazılar da, ictimai rezonans doğuran araşdırma materialları da ara-sıra gözə dəyir. Təəssüf ki, son dövrlərdə məlumat toplamaq və informasiyaya çıxış imkanları məhdudlaşdığına görə, dediyiniz ciddi araşdırma materiallarının sayı azalıb. Ümumiyyətlə, son illərdə vətəndaş cəmiyyəti ilə yanaşı, mətbuatımız da zəifləyib, mövqelərini, ictimai rəyə təsir imkanlarını itirib.
Qulu məhərrəmli radiojurnalistikanın əsasları
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin hansısa bir xoş sorağını, tələbələrin, ya müəllimlərin uğurunu, xüsusən də dövləti təltiflərini və yubileylərini eşidəndə bu müqəddəs ocağın məzunlarının da sevinci birə beş artır.
Harada işləməsindən, hansı vəzifənin sahibi olmasından asılı olmayaraq, onlar sevindirici nailiyyətlərini bir-biri ilə paylaşır, jurnalist kimi yetişmələrində əməyi olan o müəllimlərin şəninə ürəkdolusu xoş sözlər deyirlər. Jurnalistika fakültəsində çalışan gözü-könlü tox, xeyirxah və qayğıkeş müəllimlərin hamısının adını bir-bir sadalasaq, bəlkə də sizləri yormuş olarıq. Xeyirxah və qayğıkeş sözünü təsadüfən işlətmədik. Yəqin ki, fakültənin 1970-ci illər məzunlarının yadındadır. O zaman Jurnalistika fakültəsi indi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyətdə olan binasında yerləşirdi. Azərbaycan dilini tədris edən Rəsul müəllim birinci kurs tələbələrinin ilk dərs gününü təbrik etdikdən sonra xüsusən də oğlanlara xitabən deyirdi: “İçərinizdə Bakıya ilk dəfə gələnlər çoxdur, bilirəm, bu fakültənin tələbələri çalışqan və fədakar olurlar, dərsinizi yaxşı oxuyacaq, universiteti də bitirəcəksiz. Amma bir tövsiyəm var, əli ilə pəncərədən küçəyə tərəf işarə edərək dərsə gələndə, gedəndə bu “Kommunist” küçəsindən (indi “İstiqlaliyyət”) keçəndə tramvaydan ehtiyatlı olun, o yana-bu yana çox baxmayın. ”
Yumor hissi ilə deyilmiş bu fikirlərin arxasında nə qədər böyük səmimiyyət və canıyananlıq olduğunu açıqlamağa yəqin ki, ehtiyac yoxdur. Bax, bu fakültənin saathesabı müəllimlərindən tutmuş laborantına və dekanına qədər hamı tələbələrə özəl qayğıları, təmənnasız münasibətləri ilə fərqlənirdilər. Belə müəllimlərdən biri də bu günlərdə 80 yaşının şöləsi respublikanın bütün mətbuat orqanlarında görünən pedaqoq-alim, ustad jurnalist, professor Yalçın Əlizadədir.
Xatırladaq ki, yubilyar Yalçın Əlizadə 80 il əvvəl, 1940-cı ilin yanvarında qədim Gəncədə dünyaya göz açıb. 1957-ci ildə Bakı şəhəri 132 saylı orta məktəbi bitirib. Özünün dediyi kimi, hələ orta məktəbdə oxuduğu vaxtlardan bu peşəyə könül verib. 1962-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirəndən sonra Azərbaycan radiosunda gənc mütəxəssis kimi jurnalistlik fəaliyyətinə başlayıb. Doqquz il burada müxtəlif vəzifələrdə çalışıb – reportyor, redaktor və şöbə müdiri olub. Yaxşı jurnalist kimi formalaşıb, sonra “Xəbərlər” baş redaksiyasının baş redaktoru vəzifəsinə irəli çəkilib. O illərdə Azərbaycan radiosunda siyasi icmalçı kimi çıxış edən Şirməmməd Hüseynov Yalçın Əlizadənin nəzəri biliyinə, bu peşəyə olan istəyinə, yaradıcılıq potensialına yaxından bələd olaraq onu dekanı olduğu Jurnalistika fakültəsinə müəllim dəvət edib. Bundan sonra Y.Əlizadə jurnalist taleyini birdəfəlik bu fakültəyə bağlayıb.
Y.Əlizadə fakültəyə qədəm qoyduğu ilk günlərdən pedaqoji və elmi fəaliyyəti ilə ona olan etimadı doğrultmağa, fakültənin nüfuzunu yüksəltməyə çalışıb. O zaman Yalçın müəllim bizə “Televiziya və radiojurnalistikasının əsasları”ndan dərs deyirdi. Mühazirələri o qədər maraqlı və canlı keçirdi ki, 90 dəqiqəlik vaxtın nə zaman başa çatdığını hiss etmirdik. Bəzən elə dərsin ortasındaca tələbə-aparıcı tərəfmüqabili – tələbə yoldaşı ilə “verilişi” davam etdirərək televiziya və ya radio üçün müsahibə götürməyin incəliklərini, fərqli cəhətlərini əyani olaraq öyrənirdik. Bu seminarlarda biz tələbələr respublikamızın məşhur televiziya və ya radio aparıcılarının simasında hazırlığımızı, qabiliyyətimizi nümayiş etdirirdik. Çünki Yalçın müəllimin mühazirələrində mövzu ilə bağlı bizə öyrədəcəyi məqamları, problemləri televiziya və radiodan gətirdiyi misallarla o qədər dolğun təhlil edirdi ki, elə bilirdik biz də bu verilişin iştirakçısıyıq. Seminar dərslərimiz bəzən həftənin müəyyən günləri Azərbaycan radiosunun səsyazma studiyasında və müxtəlif şöbələrində davam etdirilirdi. Yalçın müəllimin dəstəyi sayəsində tələbə-jurnalistlərin nəzəriyyə ilə təcrübənin vəhdətindən yaranan verilişləri radioda səslənəndə hamımızda məmnunluq doğururdu. Məhz bu məmnunluğun nəticəsi idi ki, fakültədə, xüsusən də qızlar arasında televiziya jurnalistikasına meyil edənlər çox idi.
O illərdə radio və televiziya ixtisasına ciddi ehtiyac duyulduğundan Şirməmməd Hüseynov ümidlərinin reallaşdığını görüb fakültədə Televiziya və radio kafedrasını yaratmağa nail olmuşdur. Kafedraya əvvəl Tofiq Rüstəmov, sonra isə Yalçın Əlizadə rəhbərlik etmişdir. Xatırladaq ki, Yalçın Əlizadə müəllim, baş müəllim, kafedra müdiri, hətta bu fakültənin dekanı olanda da təvazökar və obyektiv müəllim mədəniyyətinə malik ziyalı olaraq yüksək təşkilatçılıq bacarığı ilə seçilmişdi. Müəllim adını və nüfuzunu həmişə uca tutan Yalçın Əlizadəni tələbələrinə sevdirən həm də sadə, səmimi, mədəni və təvazökar olması idi.
Jurnalistika fakültəsinin məzunu olmuş peşəkar qələm sahibləri yubilyar müəllimləri haqqında yazmağı, danışmağı özlərinə mənəvi borc bilirlər. Yalçın müəllimin yetirmələrindən olan professor Qulu Məhərrəmli yazır: “Elmi, biliyi, şəxsiyyəti, mənliyi ilə çoxlarına nümunə olub. Buna görə də jurnalistika aləmində, ali təhsil sistemində Yalçın müəllimi nüfuzlu şəxsiyyət və mənəviyyat adamı kimi tanıyır və ehtiram göstərirlər”.
Yazıçı-publisist, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova deyir: “Uşaqlıq illəri Gəncədə keçmiş Yalçın Əlizadə Gəncə ədəbi mühitində, Gəncəbasar jurnalistləri arasında da böyük nüfuza və hörmətə malikdir. Yadımdadır, mən Jurnalistika fakültəsində oxuyanda Yalçın Əlizadə fakültəyə təzə gəlmişdi. Səliqəli geyimi, mədəni davranışı, xoş rəftarı ilə tələbələrin diqqətini çəkirdi. Yalçın müəllimin Gəncəbasar bölgəsində yerli qəzet və jurnallarda, nəşriyyat işində, radio qovşağı və televiziyada çalışan tələbələri çoxdur. Bu çoxluq böyük sevgi ilə ömrünün 80, pedaqoji fəaliyyətinin 49 ilini şərəflə başa vuran müəllimimizi ürəkdən təbrik edir. Çox qürurluyuq ki, professor Yalçın Əlizadənin tələbəsi və bu fakültənin məzunlarıyıq”.
Türkiyədən bu təbriklərə qoşulan Jurnalistika fakültəsinin məzunu, filologiya elmləri doktoru, professor Tamella Əliyeva “facebook” səhifəsində yazır: “Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirə dəvətli idim. Tədbir ərəfəsində məzunu olduğum Jurnalistika fakültəsini də ziyarət etdim, müəllimlərimlə görüşdüm. Biz tələbələrin yanında xətri dünyalar qədər əziz olan professor Yalçın müəllimlə telefonla danışa bildim. Səsini eşitdim, çox sevindim. Bilsəydim, elə onda sevimli müəllimimi yubiley münasibətilə hamıdan əvvəl mən təbrik edərdim. Yalçın müəllimi ürəkdən təbrik edir, ona həyatda ən şirin nemət olan cansağlığı arzu edirəm”.
Xatırladaq ki, 80 yaşını böyük sevgi ilə qeyd etdiyimiz müəllimimiz daim axtarışda olan yenilikçi jurnalist kimi radiojurnalistikanın nəzəri problemləri ilə yaxından maraqlanmış, onun problemlərini tədqiqata cəlb etmiş və bununla da Azərbaycan radiojurnalistikasının nəzəri bazasını daha da zənginləşdirmişdir. Onun ərsəyə gətirdiyi “Radiojurnalistikanın əsasları” (1991), “Azərbaycan efiri – tarix və müasirlik” (professor Qulu Məhərrəmli ilə müştərək) (2006), “Ədəbi redaktə” fənninin proqramı” (bakalavr hazırlığı üçün) (2012), “Radio jurnalistikası: təməl bilikləri” (2013) kimi elmi-nəzəri əsərləri bu gün də bu sahənin tədqiqatçılarının və tələbə-jurnalistlərin stolüstü kitabıdır.
Professor Yalçın Əlizadənin elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 1966-cı ildə “Qızıl qələm” mükafatı laureatına, 1989-cu ildə Əməkdar jurnalist fəxri adına, 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. Dövlətimizin və xalqımızın müstəqilliyinin və işıqlı gələcəyinin tərənnümçüsü olan vətənpərvər və milli ruhlu jurnalist kadrların hazırlanmasında əməyi olan Yalçın Əlizadənin zəngin elmi-pedaqoji fəaliyyəti Prezident İlham Əliyev tərəfindən də yüksək dəyərləndirilmişdir. Prezidentin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı”na da layiq görülmüşdür.
Şəxsiyyət və mənəviyyat nümunəsi kimi tanınan müəllimimizi – professor Yalçın Əlizadəni 80 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
“Baxın, son 7-8 ildə jurnalistikada önə çıxarılan kimlərdir?” – Qulu Məhərrəmli
– Bugünkü mətbuatımız kənardan da, içəridən də eyni cür – yarpaqları saralmış, gövdəsi qurumuş, kölgəsi cəmiyyət üzərinə düşməyən ağac kimi görünür. Bu ağaca baxanda Azərbaycanın hansı havada və necə yaşaması, toplumun hansı problemləri həll etməli olması bilinmir. Yəni bizim mətbuatımız yaşadığımız cəmiyyətin güzgüsü olmaq, onun dərd-sərini demək, millətin gedəcəyi yolu işıqlandırmaq missiyasını yerinə yetirə bilmir, odur ki, bir vilayətin güzgüsü olmaq işini yarıtmayan medianı keyfiyyətli hesab eləmək olmaz.
– Siz konkret nələri mətbuatımızın əsas problemləri hesab edirsiniz?
– Cəmiyyətin ruporu ola bilməməsini, əsas missiyasından uzaq düşməsini, iqtisadi dayaqlarının olmamasını, azadlığın hüdudlarının daralmasını, jurnalistlərin daxili senzuraya məruz qalmasını, peşəkarlığın aşağı düşməsini, müstəqil mətbuatda çalışanların peşə fəaliyyəti ilə bağlı daim maneə və təhlükələrlə rastlaşmasını, eləcə də peşə prinsiplərinin və etik qaydaların tez-tez pozulmasını bugünkü mətbuatımızın əsas problemləri hesab edirəm.
– Bəs bu günə düşməyimizin səbəbi nədir?
– Bunun səbəblərini siz məndən də yaxşı bilirsiniz. Əsas səbəb cəmiyyətdə, ictimai-siyasi həyatda gedən mənfi proseslərdir. Mətbuat içində yaşadığımiz siyasi rejimin rəngini götürdüyündən, onun çərçivəsinə uyğunlaşmağa məcbur olduğundan demokratik dəyərə çevrilə bilimir. Bu halda mənəvi oriyentirlərin dolaşması, redaksiya sərbəstliyinin və jurnalist azadlığının məhdudlaşması, eləcə də ümumi mənəvi mühitin çirklənməsi mətbuatımızın vəziyyətinə ciddi təsir göstərib. Pis odur ki, tənqidçi media qarşısına sədlər çəkilib. Mətbuatın cəmiyyəti doğru-dürüst məlumatlandırmaq və ictimai nəzarətçi olmaq kimi əsas funksiyası, sanki arxa plana keçib, indi üzdə olan media qurumlarının da, jurnalistlərin də əksəriyyəti təbliğat-təşviqatla məşğuldur. Bu səbəbdən də jurnalistlərin ev almaq uğrunda mübarizəsi təəccüblü görünməməlidir.
– Deyəsən, Siz jurnalistlərə ev verilməsinin tərəfdarı deyilsiniz, çünki hələ 2013-cü ildə jurnalistlərə ev verilməsi ilə bağlı açıqlamanızda demişdiniz ki, “bu hal Azərbaycanda müstəqil jurnalistikanı reysdən çıxaracaq, onun inkişafına əngəllər yaradacaq”. İndi necə düşünürsünüz? Eyni fikirdəsiniz, yoxsa.
– Yox, məsələni belə kateqorik qoymaq və mətləbləri bir-birinə qatmaq doğru olmazdı. Baxın, dünənə qədər mətbuat adamlarına ev verilməsi barədə danışmaq jurnalist etikası və mənəviyyat məsələsi idi, amma bu gün artıq o, məişət söhbətinə çevrilib. Mən imkansız adamlara ev verilməsinə, xüsusən gənc ailələrin sevindirilməsinə humanitar aksiya və savab iş kimi baxıram. Belə vəziyyətdə adam arzulayardı ki, təkcə jurnalistlərin yox, hamının – fəhlələrin, müəllimlərin, həkimlərin, gənc şair və yazıçıların da evi olsun.
– Amma söhbət jurnalistlərə pulsuz mənzil verilməsindən gedir.
– Hə. Bax, burada bir neçə incə nüans var ki, o barədə susmalı və özümüzü bilməzliyə vurmalı deyilik. Əvvəla, Azərbaycan jurnalistlərinin Etika kodeksinə görə, jurnalist fəaliyyətini işıqlandırdığı qurumdan, ilk növbədə isə hökumətdən heç bir bəxşiş, heç bir pay ala bilməz. İkincisi, sizcə, hökumətdən ev alan jurnalist bu hökumətin fəaliyyətini necə obyektiv işıqlandıra bilər, onun işində olan nöqsanları necə tənqid edə bilər? Belə şey ağlabatandırmı?
Digər tərəfdən, yaşadığımız cəmiyyətdə başqa peşə sahibləri bu məsələdə sosial ədalətin pozulduğunu zənn edərək soruşurlar ki, hansı qeyri-adi xidmətlərinə görə jurnalistlərə ev verilməlidir? Deyirlər ki, niyə bu cəmiyyətə daha çox töhfə verən ibtidai sinif müəllimlərinə, maarif-mədəniyyət işçilərinə, kirayədə yaşayan gənc alimlərə, qocaman universitet professorlarına, mühəndislərə, insan həyatını xilas edən cərrahlara, tibb bacılarına ev vermirlər, amma jurnalistlərə belə bir iltifat göstərilir?
– Demək istəyirsiniz ki, jurnalistləri tənqiddən çəkindirmək üçün onlara ev verirlər?
– Mən demirəm ki, indiki şəraitdə bizim jurnalistlər həqiqəti yazmaq hissi ilə alışıb-yanırlar, heç bu fikirdə də deyiləm ki, ev məsələsi həqiqətin ağzına daş basmaq, adamları tənqid yazmaqdan çəkindirmək, onları hökuməti vəsf etməyə həvəsləndirmək üçündür. Amma təbii ki, başqa maddi ehtiyac və umacaqlar kimi, ev söhbəti də adamlarda əvvəlcə yarınmaq hissini gücləndirir, sonra isə uzunmüddətli asılılıq yaradır. Bu asılılıq isə gerçəyi görməyə, onu dilə gətirməyə mane olur. Yazılmamış bir qayda var: sən bu konfeti məndən almısansa və bunu almaq üçün çalışmısansa, deməli, yanımda dilin qısadır və sənin üzərində mənim müəyyən bir üstünlüyüm var. Bu mənada jurnalistlər üçün növbəti binanın bünövrəsinin qoyulması xəbərinin yayılması ev almayanları ruhdan düşməməyə, özlərini “yaxşı” aparmağa çağırışdır.
– Yaxşı, bəs bu yazıq jurnalist normal yaşamaq üçün nə etməlidir?
– Cəmiyyətin digər “yazıq” üzvləri kimi jurnalist də insandır, onun da evi, yaşamaq üçün normal şəraiti olmalıdır. Yaxşı olardı ki, qəzetlər bol reklam bazarı şəraitində çalışsın, jurnalist yaxşı maaş, yüksək qonorar alsın, bahalı layihələrdə iştirak etsin, səs-küylü araşdırmalar aparıb pul qazana bilsin, sonra da o pulnan ev, maşın alsın və heç kimdən də asılı vəziyyətə düşməsin, heç kimin yanında gözükölgəli, dili qısa olmasın. Bunun üçün jurnalist vəzifə adamlarına, rüşvətxor məmurlara, oliqarxlara deyil, həqiqətə və dəyərlərə xidmət etməlidir, gerçəyi yazmaqla ləyaqətli cəmiyyətin qurulmasına öz töhfəsini verməlidir. Mən bunu arzulayıram.
– Jurnalistin “yaxşı araşdırmaları olsun, yaxşı yazıları olsun” deyirsiniz. Umumiyətlə, son 3-5 ildə Azərbaycan jurnalistikasında yaxşı yazıya, araşdırmaya rast gəlmisiz?
– Əlbəttə, belə yazılar var, yəni və hər şey tünd rəngdə deyil. Bizdə az da olsa, istedadlı, azad düşüncəli və məsləkli qələm sahibləri, o cümlədən peşə ləyaqətini üstün tutan müstəqil araşdırmaçı jurnalistlər, blogerlər var. Mətbuatda, xüsusən saytlarda yaxşı yazılar da, ictimai rezonans doğuran araşdırma materialları da ara-sıra gözə dəyir. Təəssüf ki, son dövrlərdə məlumat toplamaq və informasiyaya çıxış imkanları məhdudlaşdığına görə, dediyiniz ciddi araşdırma materiallarının sayı azalıb. Ümumiyyətlə, son illərdə vətəndaş cəmiyyəti ilə yanaşı, mətbuatımız da zəifləyib, mövqelərini, ictimai rəyə təsir imkanlarını itirib.
– Yəqin buna görədir ki, jurnalistikamız heç də nikbin görünmür?
– Bu danışdıqlarımızdan sonra media necə nikbin görünə bilər? Yəni nikbinlik üçün əsaslar ciddi şəkildə zəifləyib. 10-15 il əvvəl həqiqətə xidmət və qürur mənbəyi olan jurnalistika indi cazibəsini və cəmiyyətin ona olan inamını itirib. Bu sahənin dəyərli təmsilçilərinin çoxunun fəaliyyəti müxtəlif yollarla məhdudlaşdırılıb, mediada diletantlar və əxlaqsız adamlar çoxalıb. Baxın, son 7-8 ildə jurnalistikada önə çıxarılan kimlərdir? Əksəriyyətinin şəxsi yaradıcılığı, cəmiyyətdə nüfuzu və gerçək liderlik keyfiyyəti yoxdur, çoxu təsadüfi adamlardır. Redaktorların rayon icra hakimiyyətləri ilə davamlı kollektiv təmaslarından belə təsəvvür yaranır ki, mediamız məmurlara xidmət etməyə başlayıb, jurnalistlər daha çox piar və təbliğat işlərinə cəlb olunub. Halbuki, bunların heç biri bilavasitə jurnalistikanın vəzifəsi deyil. Bu proseslərə baxanda jurnalistikamızın sabahı ilə bağlı necə nikbin düşünmək olar?
– Qulu müəllim, bir neçə gün əvvəl mətbuatda qəzetlərə dövlət yardımı ayrılması barədə KİVDF-nin məlumatı yayıldı. Çoxları bu maliyyə bölgüsünü ədalətsiz hesab edir, siz buna necə baxırsız?
– Dövlətin medianın inkişafı üçün maliyyə ayırması yaxşı haldır, amma təəssüf ki, bu pul azad medianı inkişaf etdirmir. Bu yardımlar, onsuz da çoxu lövbərsiz gəmi kimi yırğalanan qəzetlərin asılılığını artırır. Pis odur ki, bu gün bizdə satış və azad reklam bazarı da yoxdur və bu səbəbdən qəzetlər yalnız dövlət yardımının ümidinə qalıb.
Əslində dövlət yardımı ucdantutma hamıya yox, cəmiyyət üçün gərəkli olan qəzetlərə, plüralizmi genişləndirən media qurumlarına verilməlidir. Bu mənada sonuncu bölgüdə mən də bəzi ölçülərin aşkarca pozulduğunu gördüm. Məsələn, “Mövqe” qəzetini “Yeni Müsavat”, yaxud “525”-lə eyniləşdirmək doğru deyil. Yaxud, qəzetdən çox daha çox pinti təşviqat vərəqinə oxşayan “Səs”ə informativliyi və materiallarının keyfiyyəti ilə fərqlənən “Bizim yol” və “Şərq”dən xeyli çox vəsait vermək mənə ədalətsizlik kimi göründü. Həftəlik olsa da, “Türküstan” kimi cəmiyyətə fayda verən, “Reytinq” kimi ara-sıra tənqidi materiallar dərc edən həftəlik qəzetlərlərə dəstək daha çox lazımdır. Bir də region mətbuatı tamamilə unudulub. Bəyəm Masallıda çıxan və kifayət qədər nüfuz qazanmış “Cənub xəbərləri”nə maliyyə ayırmaq KİVDF-ni kasıb salacaqdı?
– Son dövrlərdə elektron mətbuata, saytlara da dövlət yardımı ayrılması məsələsi gündəmdədir. Buna münasibətiniz necədir?
– Mən saytlara maliyyə yardımı ayrılmasının əleyhinəyəm, çünki yazılı mətbuatla bağlı tendensiya eynilə burada da gedəcək. Yəni, birinci il digərləri ilə yanaşı, bir-iki müstəqil sayta da pul ayrılacaq, sonra əsas maliyyə hökumətyönlü portallara və oliqarxlara məxsus “lazımlı” saytlara yönəldiləcək, adı da olacaq ki, dövlət bu sahəyə yardım edir. Bundansa, dövlətin puluna qənaət etmək lazımdır, bu maliyyəni informasiya müharibəsində Azərbaycanı irəli çıxaracaq yeni elektron resursların yaradlmasına və bu sahə üçün ixtisaslı mütəxəssislər hazırlanmasına yönəltmək daha yaxşı olardı.
– Belə çıxır ki, bu yardımlar medianı düzgün istiqamətə aparmır və heç bir ciddi problemini həll etmir?
– Bəli, mən bu fikirdəyəm ki, cəmiyyətdə səsi, media platformasında mövqeyi olmayan qəzetlərə maliyyə ayrılması, vəsaitin “hər kəsə xidmətinə və hər kəsə münasibətə görə” prinsipi ilə paylanması mətbuatın heç bir ciddi problemini həll edə bilməz. Bu gün KİVDF-dan vəsait alan çox mənasız qəzetlər var, yazdıqları heç kimdə maraq doğurmur, köşklərdə ağzıgünə yatıb qalır və onları heç kim alıb oxumur. Bəs dövlət niyə onlara ildə 100-120 min manat pul xərcləməlidir? Təbii ki, yardım əhəmiyyətsiz də deyil və jurnalilistlərin maaş məsələlərinin həllinə qismən kömək edir.
– Reklam medianın ən ağrılı yeridir. Reklam bazarı olsaydı bu gün Azərbaycan daha fərqli mətbuata sahib olardımı?
– İllüziyalarla yaşamaq çətindir, amma əlbəttə, yaxşı reklam bazarı və ölkədə azad bazar iqtisadiyyatı olsaydı, medianı biznes sahəsi kimi irəlilətmək, maddi problemlərini həll etmək mümkün idi. Mən 1998-ci ildə ABŞ-a səfər zamanı “NyuYork tayms”da da olmuşdum. Orda bizə deyəndə ki, qəzetin büdcəsi üç milyard dollardan çoxdur və bunun xeyli hissəsi reklamın hesabınadır, heyrətlənmişdim, çünki onda heç Azərbaycanın büdcəsi o qədər deyildi. Yəni sərbəst bazar və yaxşı qurulmuş iqtisadiyyat azad medianı da yaşadır və onu cəmiyyətin həqiqi gücünə çevirir.
Təəssüf ki, bizdə reklam bazarı çox kasaddır. Baltikyanı ölkələrdə media üçün bir miyarda yaxın reklam pulu var. Mən hələ Türkiyə təcrübəsindən danışmıram, çünki orda reklam bazarı təxminən 5-7 milyard dollard həcmindədir. Bizdə isə bazar kiçikdir. Bu rəqəm hardasa 20 milyon civarındadır. Bunun da 70-80 faizini televiziyalar götürür. Qəzet və saytlara qəpik-quruş qalır.
– Sosial şəbəkələrdə ixtisaslı və qeyri-ixtisaslı jurnalistlər mövzusu gündəmdədir.
– Peşə təhsili məsələsi hansısa rakursda dartışma mövzusu ola bilər, lakin bu medianın problemi deyil. Media üçün əxlaqlı, vicdanlı və mənəviyyatsız jurnalist problemi var. Bu sahəyə təsadüfən düşmüş və yaxud elə buranın bataqlığında böyümüş natəmiz adamlar jurnalistika üçün ciddi problemlər yaradır. Ola bilər ki, kimsə heç universitetdə peşə təhsili almayıb, amma medianın bütün prinsiplərini gözləyir, dürüstdür və yaxşı da qələm sahibidir. Bunun əksi də mümkündür, amma bütün hallarda vicdanlı və dürüst insanlar bir yerdə olanda mətbuat öz prinsiplərinə sadiq qalır, eyni zamanda vəzifə sahiblərinin, məmurların deyil, Vətənin və dövlətin maraqlarını da qoruya bilir. Dövlət marağı başqa şeydir. Üzeyir bəy nə deyirdi? Mİllət, dövlət , Vətən marağı olan yerdə digər söhbətlər aradan qalxır.
– Mətbuat Şurasının fəaliyyətini necə dəyərləndirirsiz?
– Mətbuat Şurasında yaxın dostlarımız var, amma ölkədə söz və mətbuat azadlığına cavabdeh olan, cəmiyyət maraqları ilə medianın maraqlarını uzlaşdıran bir qurum kimi bu təşkilatın effektli çalışdığını söyləmək çətindir. Düzdür, mediaya yardım və ev bölüşdürülməsi kimi məsələlərdə MŞ və onun sədri diqqət mərkəzində olur, fəqət azad mətbuatı qorumaqda bu qurum gücsüzdür.
– Son vaxtlar Mətbuat Şurası, sanki tənqid yazan jurnalistləri deyil, məmurları, vəzifəli şəxsləri müdafiə edir.
– Bu, ciddi problemdir, belə yanaşma MŞ-ya başucalığı gətirmir, onu gözdən salır, vəzifəli şəxslərin mətbuatın, jurnalistlərin üzərinə yeriməsini stimullaşdırır. AzTV sədri məni məhkəməyə verəndə MŞ rəhbərliyində bu tendensiyanı sezmişdim, amma nahaq yerə. Şura da, məmurlar da bilməlidir ki, jurnalistika, media, cəmiyyət adından ictimai nəzarəti həyata keçirir. Bu, onun əsas missiyasıdır. Ona görə də mediaya bir az həssas və dözümlü yanaşılmalıdır.
– Qulu müəllim, məsələ onadır ki, bir məmuru və ya deputatı tənqid edən kimi Mətbuat Şurasına zəng edirlər. Şura da, az qala, onların vəkili kimi çıxış edir.
– Çox nahaq yerə. Sizin tənqidiniz əsaslıdırsa, məqsədiniz təmizdirsə, heç kimdən çəkinməli deyilsiniz. MŞ isə mətbuat üçün direktiv orqan deyil ki, sizə göstəriş versin. Məsələn, qanuna görə, deputat bizneslə məşğul ola bilməz, amma necə olur ki, onların az qala yarıdan çoxunun biznes şəbəkəsi var? Yaxud, məmur bizneslə məşğul ola bilməz. Amma baxın, görün nə qədər yüksək vəzifəli məmur öz vəzifəsini əmtəəyə çevirərək ondan bəhrələnir. Jurnalistlər belə qanun pozuntularını tənqid etməlidir. Biz dövlətimizin qüdrətini zəiflədə biləcək bütün nöqsanları tənqid etməliyik. Tənqid edilmək istəmirsənsə dürüst olmalısan, dəqiq işləməlisən, xalqın cibinə girməməlisən, büdcəni soymamalısan, oğurluq etməməlisən, rüşvətə və korrupsiyaya qurşanmamalısan.
Baxın, M.Ə.Rəsulzadə hələ 1919-cu ildə “Azərbaycan” qəzetində yazırdı ki, tarix gələcəkdə alimləri tənbəlliyinə görə qınayacaq, hərbçiləri zəruri müdafiə tədbirləri ala bilmədiklərinə görə, kütləni nadanlığına və məsləksizliyinə görə, jurnalistləri isə nöqsanları görüb yazmadıqlarına görə qınayacaq. Ona görə də biz tarixin qınağına məruz qalmamaq üçün nöqsanları tənqid etməliyik ki, cəmiyyət onu görsün, bilsin və bundan nəticə çıxartsın.
Söhbətləşdi Fəridə CƏFƏR
Qulu Məhərrəmli: “Jurnalistika ruh, vicdan və ləyaqət tələb edir…”
– Qulu müəllim, Azərbaycan jurnalistikasının dünəni, bu günü, sabahı haqqında sizin fikirlərinizi bilmək maraqlı olardı. O vaxt baş verənlər mətbuatda necə təqdim olunurdu, bu günkü təqdimat nə dərəcədə qənaətbəxşdir, sabaha gedən yol nələr vəd edir?
– Çox geniş sualdır, cavab ciddi təhlil tələb etsə də, bəzi şeyləri demək olar. Jurnalistikanın dünəni bəllidir və 140 illik tarixə rentgenlə baxanda mətbuatımızın mənzərəsi aydın görünür. Dünənə münasibətdə bunu deyə bilərəm ki, Azərbaycan mətbuatı həqiqəti və xalqın ictimai ideallarını ifadə etdiyi dövrlərdə güclü olub. Bu gücün mənbəyi azadlıqda və xalq ideallarına bağlılıqda idi. Xüsusən, XX əsrin 20-ci illərinə qədər mətbuat, həqiqətən xalqın ictimai tribunası rolunu oynayıb. Bəlkə də xəbərçilik istiqaməti aktiv və differensial olmayıb, amma fikir, ideya, milli axtarış və əhalini maarifləndirmək baxımından cəmiyyətin önündə dayanıb.
28 may işğalından sonra bolşeviklər milli mətbuatın azadlığını və gücünü əlindən alaraq onu ideoloji alətə çevirdilər. Sovetlərin totalitar sistemi üçün qəzetlər, daha sonra radio və televiziya təbliğat-təşviqat vasitəsi idi. Amma o dövrdə cəngəllik içində çiçək kimi görünən “Qobustan” jurnalı da çıxırdı. M.S.Qorbaçovun “yenidənqurma”sı və aşkarlıq siyasəti başlayanda xalq hərəkatı geniş vüsət alanda, qadağanlar üzərinə işıq seli düşəndə mətbuat yenidən xalqın sözünü deməyə, ölkənin və cəmiyyətin üst-üstə yığılıb qalmış problemlərini çözməyə başladı. Həmin dövrdə cəmiyyətin informasiya aclığı, medianın həmin aclığı ödəmək üçün çalışması, ictimai müzakirələrin və tənqidin artması, medianın sosial-mədəni gücə çevrilməsi göz qabağında idi.
– Bəs mətbuatımızın həmin gücü indi niyə yoxdur?
– Bunun min bir səbəbi var. Ötən əsrin 90-cı illərinin ortalarına qədər Azərbaycanda müstəqil mətbuat, demək olar ki, özünün ən yaxşı dövrünü yaşayıb və media Azərbaycanın müstəqilliyinin, eləcə də demokratiyanın real, göz qabağında olan konkret nailiyyəti kimi qiymətləndirilib. Vəziyyətin dəyişdiyi 2000-ci ilə qədər media özünü birtəhər saxlaya bilib. Amma o tarixdən sonra mediada ciddi böhran da başlayıb və bugünədək davam edir. Mətbuat Şurası və KİVDF kimi xoş niyyətlə yaradılmış qurumlar həmin böhranın qarşısını ala bilməyiblər. Bu böhranın acınacaqlı nəticələrinin ortada olduğu bir vaxtda mətbuatımızın gələcəyi ilə bağlı nikbin nəsə düşünmək və demək gülünc olardı.
– SSRİ dövründə Azərbaycan mətbuatı tam olaraq sözünü deyə bilirdimi?
– Mən bir az əvvəl sovet dövründə xalqın düşüncəsindəki işığı uzun müddət saxlaya bilmiş “Qobustan” jurnalının adını çəkdim. Mədəniyyət və incəsənət toplusu olmasına baxmayaraq, burada qoyulan problemlərə yanaşma tərzi, dil, üslub, mövzu məsələsi digər sovet nəşrlərindən ciddi şəkildə fərqlənirdi. 1988-ci ildən sonra Azərbaycanda azadlıq yelləri əsməyə başladı. Bu yenilik havası daha çox Məmməd İsmayılın rəhbərlik etdiyi “Gənclik” jurnalında, fəaliyyətinin yüksək dövründə “Molodyoj Azerbaydjana” və 80-ci illərin axırlarında gözəl yazıçımız Bayram Bayramovun rəhbərlik etdiyi Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” qəzetlərində hiss olunurdu. Sabir Rüstəmxanlının redaktorluq etdiyi həmin qəzet xalqın düşüncəsinə vurulmuş köləlik zəncirlərini qırmaqda ciddi rol oynadı.
– Hər halda bu nəşrlərdə çalışanlar Sovet mətbuatının peşəkarlıq məktəbini keçmişdirlər…
– Ruh, vicdan, milli təəssübkeşlik olmasa, dediyiniz o peşəkarlıgın bir qəpiklik əhəmiyyəti yoxdur. Bəli, Sovet mətbuatı müəyyən mənada peşəkar idi, amma azad deyildi. Mətbuat yalnız azad, müstəqil olduğu halda cəmiyyətə, ictimai düşüncəyə fayda verə bilər. Partiyanın əlində təbliğat aləti olan sovet mətbuatı daha çox kommunizm ideyalarını yayırdı, imkan verilmiş səviyyədə tənqid də edə bilirdi. Ayrı-ayrı adamlara deyil, mücərrəd də olsa ümumi maraqlara xidmət edirdi, hətta bəzi faydalı işləri də vardı. Məsələn, o dövrdə elm, mədəniyyət, sənət, təhsil məsələləri yaxşı işıqlandırılırdı. Azərbaycan dilinin inkişafına, ədəbi normaların qorunmasına ciddi diqqət göstərirdi, ədəb qaydaları və etik ölçülər sərt şəkildə qorunurdu. Amma bunlarla yanaşı, sovet dövrünün mətbuatına azad, xalq iradəsinin ifadəçisi demək olmazdı.
– Sizcə, bu gün bizdə mətbuat azadlığı varmı? Vardırsa, bəs niyə ötən həftə Dünya İqtisadi forumu Azərbaycanı mətbuat azadlığı reytinqinə görə 140 ölkə arasında 133-cü yerdə olduğunu elan edib.
– Bu, çox məyusedici statistikadır, çünki istənilən ölkədə mətbuat azadlığı demokratiya və insan haqlarının vəziyyətinin göstəricisidir. Bu gün Azərbaycanda mətbuat azadlığı sahəsində ciddi problemlərin olduğunu danmaq olmaz, 10-15 il əvvəllə müqayisədə bu sahədə hüdudlar daralıb. Görünür, dediyiniz qurum son illərdə ölkədə müstəqil və tənqidçi qəzetlərin qapadılmasını, bir neçə jurnalistin və blogerin həbs ediloməsini, bəzi saytların bloklanmasını əsas götürərək mətbuat azadlığı indeksinə görə Azərbaycanın gerilədiyini bildirib. Amma bu sahədə vəziyyət ümidsiz də deyil, internetin geniş imkanları və sosial şəbəkələr bu sahədəki boşluqları hələlik doldura bilir.
Bir də sizə deyim ki, əslində dünyanın çox yerlərində söz və mətbuat azadlığına gizli və ya aşkar basqılar var. Yəni istər avtoritar, istərsə də demokratik hakimiyyət olsun, heç biri öz üzərindəki icimai nəzarətçi olan medianı sevmir. Xüsusən korrupsiyaya bulaşmış hakimiyyətlər müstəqil və “hər şeyə başını soxan” jurnalistlərdən zəhləsi gedir. Ona görə də baxın, son ildə qonşuluğumuzdakı ölkələrdə, eləcə də Avropada nə qədər jurnalist öldürülüb, nə qədər qələm adamı başqa ittihamlarla həbsxanalara atılıb. Yəni korrupsiya artdıqca, hakimiyyət hərisliyi çoxaldıqca, ictimai nəzarəti qəbul eləməmək iddiası da artır və belədə jurnalistika üçün problemlər də çoxalır.
– Belə iddia var ki, mətbuat söz azadlığından sui-istifadə edir, buna görə də azadlığı məhdudlaşdırmaq lazımdır. Belə yanaşmaya necə baxırsız?
– Belə yanaşmanı, sadəcə rədd edirəm. Belə iddialar öz işinin öhdəsindən gələ bilməyən, hakimiyyətdən sui-istifadə edən, dövlət pulunu oğurlayan, xalqın nəzarətindən qorxan, rüşvətə və korrupsiyaya qurşanmış əliəyri məmurlardan qaynaqlanır. Həqiqi media qurumunun bir amalı olmalıdır: cəmiyyəti düzgün məlumatlandırmaq, insanları olaylardan agah etmək, nöqsanları tənqid etmək, toplumdakı fərqli düşüncələrə yer verməklə sosial harmoniya yaratmaq. Görün, hələ yüz il əvvəl dahi Üzeyir Hacıbəyli mətbuat səhifələrində yer almalı olan mövzuları necə gözəl müəyyənləşdirib: Vətən abadlığı, millət səlamətliyi və dövlət intizamı. Siz deyin, bu həyati vacib mövzuların hansı bizim mətbuatda prioritetdir? Əlbəttə, heç birisi. Ona görə də cəmiyyəti dürüst məlumatlandıran, geniş mənada dövlətçiliyə, azərbaycançılığa, millətətə, onun əxlaqına, düşüncəsinə, ictimai ideallarına xidmət edən media qurumlarının olmaması çox kədərlidir.
– Konkret olaraq hazırda Azərbaycan mətbuatında mövcud problemlər nədən ibarətdir?
– Problemlər çoxdur və onları təxminən belə qruplaşdırmaq olar. Əvvəla, dediyimiz kimi mətbuatda azadlığın sərhədləri daralıb, ikincisi, peşəkarlıq aşağı düşüb, üçüncüsü, adamlarda vicdanla işləmək həvəsi sönüb. Dördüncü, adi xəbərdən tutmuş reportaja qədər hiss olunur ki, çox həvəssiz işlənib, axtarış eşqi yoxdur, o cümlədən, materialın təqdimatı haqqında fikirləşməyiblər. Beşincisi, iqtisadi çətinliklər içində boğulan jurnalistika mənəvi cəhətdən də zədələnib, əxlaq pozulub, indi bu platforma çoxları üçün pul qazanma və başgirləmə yerinə çevrilib. Və ən ciddi nöqsanlardan biri media qurumlarının jurnalistika ilə deyil, təbliğatla məşğul olmasıdır. Xüsusən TV və saytlar təbliğat və piar vasitəsinə çevrilib. Jurnalistlər hadisə yerlərinə getmir, mətbuat konfranslarında canlı iştirak etmirlər, suallar verə bilmirlər. Yaxşı jurnalistlərimiz var, amma bütövlükdə mediamızda dovşan kimi qorxaq reportyorlar dəstəsi yetişib, yalnız təbliğat aparır, amma tənqid etməyə, araşdırmaya girişməyə qorxurlar. Dediklərimin hamısını birləşdirəndə təəssüf ki, göz önündə bizim jurnalistikanın çox kədərli mənzərəsi canlanır.
– Uzun illər Azərbaycan televiziyasında çalışmısınız. Televiziyadakı fəaliyyətinizi necə şərh edərdiniz?
– İndi mən özüm haqqında nə deyim ki? Bəli, uzun illər dövlət televiziyasında çalışmışam, reportyorluqdan başlayıb oranı siyasi icmalçı və departament rəhbəri kimi tərk etmişəm. Babat verilişlərim, canlı reportajlarım, maraqlı layihələrim, sənədli filmlərim olub. Bundan başqa həmin TV və radionun tarixini yazmışam. Məncə, geri boylananda hər halda jurnalistikaya və o televiziyanın inkişafına müəyyən töhfələrim olub.
Hesab edirəm ki, televiziya sözün həqiqi mənasında, bu xalqın ictimai düşüncəsinin inkişafında çox böyük rol oynaya bilər. ABŞ, Avropa TV-lərinin, xüsusən Böyük Britaniya televiziyasının təcrübəsi bunu aşkar şəkildə sübut edir. TV bəzilərinin düşündüyü kimi, zövqsüz, əyləncə və bayağı şoular üçün deyil. Yaxşı düşünülmüş proqram siyasəti olan televiziya milləti, xalqı, dəyərləri formalaşdırır.
– Amma təəssüf ki, bu gün bizim televiziyalar həmin missiyanı yerinə yetirə bilmir.
– Təəssüflənmək lazımdır ki, bizim telekanallar, o cümlədən də mənim vaxtilə çalışdığım, indi adicə günün proqramını belə düzgün qura bilməyən dövlət televiziyası bu ideallardan çox uzaqlaşıb. Televiziyanın əvvəlki cazibəsi qalmayıb, standartlar itib, peşəkarlıq aşağı düşüb. Adam hətta ən maraqlı mövzuların belə cılız təqdimatına heyfsilənir. Özəl telekanalların işi isə Allaha qalıb, onların ekranı, sanki yaxşı tərbiyə almamış adamlar yığnağına çevrilib. Şou proqramlardakı həngamələr, nəzakətsiz davranışlar, kobud danışıqlar az qala normaya çevrilib. Bunların hansı məqsədə xidmət etməsi anlaşılmır. Təəssüf ki, büdcədən maliyyələşən TV-lər özəllərə münasibətdə effektli rəqabət yarada bilmir. Axı dövlət hər il AzTV-yə 40-50 milyon, ictimai televiziyaya 15-18 milyon manat pul xərcləyir, amma onun muqabilində televiziyalar bu cəmiyyətə nə verir, hakimiyyətə hansı dividenti gətirir? Məqsəd hakimiyyətin fəaliyyətini işıqlandırmaqdırsa, fikrimcə, televiziyalar bunu çox bayağı şəkildə edir, yəni müasir tamaşaçının qavrayıb-qəbul etmədiyi bir tərzdə təbliğat aparır. Anlamırlar ki, yeni təqdimat, cazibədar yanaşma olmadığı üçün verlişlərin çoxu darıxdırıcıdır. Bu səbəbdən də bizim auditoriya öz marağını başqa telekanallara – həm də başqa ölkələrin telekanallarına baxmaqla ödəməyə çalışır. Söhbət peyk və kabel televiziyalarından, transmilli kanallardan gedir. Bizdə ingilisdilli auditoriya genişlənir, hər beş-altı gəncdən biri bu dili bilir və bu adamlar AzTV də daxil olmaqla kif basmış kanalların bayağı verilişlərinə deyil, Avronyusa, BBC-yə, CNN-ə baxırlar.
– Bir də əyləncə və şoular artıb bizim telekanallarda…
– Adam şou aparıcılarının ədəbsizliyi və savadsızlığı haqqında danışmaqdan lap yorulur. Ekranlarda nə qədər əyləncə göstərmək olar? Nə qədər köhnə, primitiv formada konsertlər təqdim edilə bilər? Nə zamana qədər eyni tip şoular vermək olar? Bunlar hamısı tamaşaçının zövqünü korlamaq, onun düşüncəsini gərəksiz və zərərli mesajlarla yükləməkdir. Ona görə də hesab edirəm ki, televiziyalarımızın da, mediamızın da ciddi problemləri sistemli və düşünülmüş şəkildə yenidən qurulmalıdır. Cərrahi müdaxilə daha effektli olardı, başqa variant yoxdur.
– Vaxtilə, dövlət əhəmiyyətli tədbirlərdən canlı yayımlar aparırdınız, bunun öhdəsindən gəlmək çətin deyildi ki?
– Ümumiyyətlə, televiziyada asan iş olmur, hər şey peşəkarlıq və yüksək hazırlıq tələb edir, dediyiniz canlı yayımlar da o cümlədən. Mənim jurnalist təcrübəmdə belə yayımların ayrıca yeri var. Yəqin ki, çoxlarının yadında olar. 90-cı illərin ortalarından başlayaraq AzTV-də canlı yayımlar çoxalmışdı, beynəlxalq simpoziumlar, konfranslar keçirilirdi və bunların əksəriyyəti canlı translansiya edilirdi. Təbii ki, belə yayımı aparmaq ciddi məsuliyyət, hazırlıq, həssaslıq, duyum tələb edir. Problemlə bağlı dərin məlumatın olmalıdır, həm də iqtisadiyyatı, siyasəti, mədəniyyəti yaxşı bilməlisən, şəxsiyyətləri tanımalısan. Təbii ki, həm də yaxşı psixoloji hazırlığın, aydın nitqin, fiziki möhkəmliyin də olmalıdır.
– Fiziki möhkəmlik deyəndə nəyi nəzərdə tutursunuz?
– Elə sözün birbaşa mənasında yaxşı fiziki sağlamlıq ona görə lazımdır ki, bəzən saatlarla sürən canlı yayıma dözə biləsən. Məsələn, bir dəfə 20 yanvar günü nəzərdə tutulurdu ki, dövlət başçısı Heydər Əliyev gəlib Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra canlı yayım dayandırılacaq. Bu da təxminən bir saat çəkməli idi. Lakin prezidentin ziyarəti bitdikdən sonra sədrdən tapşırıq gəldi ki, translyasiya şərhlə yaxşı alınır, ona görə canlı yayımı davam etdirməliyik. Onda səyyar TV stansiyasının kabinəsində oturub bu reportajı fasiləsiz apardım, təxminən 7 saata yaxın ayağa durmadan, fasilə vermədən danışdım. Arada işarə etdim ki, mənə bir stəkan çay versinlər, çünki hava çox soyuq idi və mən artıq üşüyürdüm. Eləcə də “İpək yolu” ilə bağlı Gülüstan sarayında keçirilən konfransdan, Roma papasının, E.Şvardnadzenin Azərbaycana səfərinin maraqlı canlı yayımı da yadımda qalıb. AzTV-dən gedəndən sonra mənim üçün maraqlıydı ki, görəsən belə canlı yayımlar necə veriləcək. Bir dəfə 20 yanvarda translasiyaya ötəri baxdım, gördüm ki, aparıcı kağızı qoyub qarşısına asta-asta oxuyur. Onun cümlələri görüntü ilə, kadrda olanlarla heç bir əlaqə yarada bilmirdi, çünki belə yayımlarda söz-təsvir kontrapunktunun nə demək olduğunu bilməyən sədr ona deyib ki, bu vərəqdəki mətndən kənara çıxma. Belə olmaz, axı bu yaradıcılıqdır. Kameranın önündə bəzən maraqlı hadisələr baş verir, gərək onlara münasibət bildirəsən. Belə inzibati yanaşma isə reportajı öldürür, tədbirin təqdimatına xələl gətirir. Şərhçinin səsi əlavə bir məlumatdır. Və o məlumat görüntü ilə birləşib yeni məna yaradır. Təbii ki, belə translyasiyalarda şərhçinin peşəkarlığı ilə yanaşı, həm də yaxşı rejissor və zövqlü operator işi tələb olunur.
– Jurnalistikada “zirvə nöqtəsi” varmı? Məsələn, Qulu Məhərrəmli deyə bilərmi ki, mətbuatda əlindən gələni etdi, fəxri titula, mükafatlara layiq görüldü, bir sözlə zirvəyə çatdı?
– Jurnalistikada hansısa zirvə yoxdur, istedad, duyum, üslub, peşəkarlıq var. Fərqli görmə, yanaşma, fərqli düşünmə, bunları fərqli formada təqdim etmə var. İndiki şəraitdə bizdə nə fəxri ad, nə orden-medal, nə də başqa mükafatların heç biri peşəkarlıq və nüfuz göstəricisi deyil və ola da bilməz. Hansısa münasibətə görə əməkdar jurnalist adını almış şəxslər var ki, iki cümləni dalbadal yaza bilmir.
Fəxri ad fərqləndirmək üçündürsə, ən layiqlilərə verilməlidir, amma təəssüf ki, həmişə elə olmur. Mən indi də təəssüflənirəm ki, vaxtilə “Azərbaycan gəncləri” qəzetində bir-birindən gözəl materiallar yazmış, daha sonra başqa media qurumlarında vicdanla çalışmış mərhum Möhləddin Səməd kimi peşəkar, klassik jurnalistə ad vermədilər, çünki özünü gözə soxan, kiməsə yarınan, kiminləsə alver edən deyildi.
Bu gün tanıdığımız çox istedadlı jurnalistlər var ki, yazılarını oxuyur, verilişlərinə baxırlar, amma bəzi məmurların zövqünü oxşamadığı üçün onlara layiq olduğu diqqər göstərilmir. Amma yaxşı jurnalist belə mənasız şeylərə görə ruhdan düşməməlidir. Bütün vicdanlı qələm sahibləri bilir ki, jurnalist dünyada yeganə peşə sahibidir ki, ondan insanlara, cəmiyyətə yalnız doğrunu, həqiqəti söyləmək tələb olunur. Bu prinsiplə fəaliyyət göstərirsənsə, həm də öz şəxsiyyətini, ləyaqətini qoruyub təmsil elədiyin peşəyə nüfuz qazandırıb onu şərəfləndirsənsə, sən ən böyük peşəkarsan.
– Deməyinizdən belə çıxır ki, jurnalistikada xarakter, şəxsiyyət böyük rol oynayır?
– Təkcə jurnalistikada yox, bütün sahələrdə – siyasətdə, elmdə, təhsildə və s. şəxsiyyət ciddi rol oynayır. Jurnalistika bir sistemdir, cəmiyyətin bir elementidir, ona görə çox vaxt bu sahə içərisində olduğu rejimin rəngini, xarakterini özünə hopdurur. Amma rənglər tündləşəndə şəxsiyyətlər buna müqavimət göstərə bilir. Bu mənada hər jurnalistika məhsulu öz rəhbərinin xasiyyətini daşıyır. Məsələn, “Əkinçi” H.B.Zərdabinin, “Molla Nəsrəddin” Mirzə Cəlilin, “Füyuzat” Ə.B.Hüseynzadənin, “Həyat”, “İrşad” Ə.Ağoğlunun və Ü.Hacıbəylinin xarakterinin məhsulu idi. Bu gün də hər bir qəzet öz rəhbərinin yaxşı və ya naqis xarakterini ifadə edir.
– Adamların çoxunda sual yaranır: axı necə olur ki, adətən, mənfi imicin daşıyıcısı olan bir telekanalda sizin kimi böyük mütəxəssis və parlaq şəxsiyyət yetişir?
– Əvvəla, onu deyim ki, AzTV haqqında bu cür düşünənlər ciddi yanlışlığa yol verirlər. Bu televiziya xalqımızın ümumi mədəniyyətinin bir parçası olub və onun tarixində o qədər parlaq şəxsiyyətlər yetişib meydana çıxıb ki, biz onlarla heç müqayisə edilə bilmərik. Belə yanaşmasaq biz Rauf Kazımovski, Kərim Kərimov, Firudin Ağayev, Hacı Hacıyev, Nuhbala Quliyev, Bünyad Məmmədov, Mailə Muradxanlı, Əhməd Xaspoladov, Valid Sənani, Bəhram Gözəlov, Rauf İsmayılov, Eldar Baxış, Tariyel Vəliyev, Valid Sənani və başqa yaradıcı şəxsiyyətlərin ruhunu incitmiş olarıq.
Teleradio tarixində önəmli yer tutmuş bu insanlar heç vaxt unudulmaz. O ki qaldı mənə, həmin telekanalda qeyri-adi heç nə eləməmişəm. Sadəcə həmişə peşə prinsiplərini üstün tutmağa, ləyaqəti qorumağa, bir də daxili azadlığımla vəzifə borcum arasında tənasübü qorumağa çalışmışam. Təbii ki, hadisələrin bir az mürəkkəb dövründə çalışanda tamaşaçılar ekrandan tanıdıqları insanların davranışlarına daha həssas və tələbkar yanaşırlar.
– Qulu müəllim, bütün dünyada “frilanserlər” adlandırılan müstəqil jurnalistlər var. Bizdə bu sahədə vəziyyət necədir?
– Bizdə də sayları az olsa da belə müstəqil jurnalistlər var. Seymur Kazımov, Aynur Elgünəş, İzolda Ağayeva, Gülər Mehdiyeva, Aytən Fərhadovanın yaradıcılığına bələdəm. Jurnalistikanın gələcəyi müstəqil mətbuatla, həm də həmin dediyimiz frilanserlərlə bağlıdır. Çünki bu jurnalistlər peşəkarcasına xəbər toplaya bilir, hər hansı bir problemlə bağlı müstəqil araşdırma apara bilirlər.
Frilanserlər xaricdə qəzet və saytlarla müqavilə əsasında çox ciddi araşdırmalar aparırlar. Təəssüf ki, bizdə bu sahə axsayır. Qəzetlər indi elə vəziyyətdədir ki, tənqid yazmaqdan, xüsusən araşdırma aparmaqdan qorxurlar. Halbuki bəzən buna ciddi ehtiyac olur. Məsələn, Beynəlxalq bankın rəhbəri C.Hacıyevin Böyük Britaniya şirkətlərinə pul axıtmasını bizim jurnalistlər vaxtında araşdırıb üzə çıxarsaydılar ölkəmizin büdcəsinə xeyli xeyir vermiş olardılar. Başqa misal: bir müddət əvvəl AzTV sədri A.Alışanovun qaldırdığı məhkəmə iddiası ilə bağlı prosesdə keçmiş biznes şəriki onu qətldə günahlandırmışdı. Adam məhkəməyə verdiyi ifadədə hansısa xanımın harda və necə, kimin iştirakı ilə öldürülməsi barədə ittiham irəli sürmüşdü. Məhkəmə bəlli səbəblərdən bu ittihama əhəmiyyət verməyə bilər. Amma yaxşı jurnalist qrupu lazımıydı ki, bunu araşdırsın, doğru və yalanı üzə çıxarsın, bilmirəm, bəlkə də gizli araşdıranlar var.
Deməyim odur ki, bu gün heç kimdən asılı olmayan müstəqil jurnalistlərə, ciddi ehtiyac vardır. Hazırda internet jurnalistlərin yaradıcılığını stimullaşdırır. Yollarını kəsməsələr gələcəkdə həmin müstəqil qələm sahibləri Azərbaycan jurnalistikasının ləyaqətli simasına çevrilə bilərlər.
– Neçə illərdir BDU-da dərs deyirsiniz. Pedaqoji fəaliyyət sizin üçün nə deməkdir?
– Dərs demək mənim üçün jurnalist peşəsinin bir başqa formada uzantısıdır. Futboldakı oynayan məşqçi kimiyəm, həm GünAz TV-də proqram aparıram, həm də tədrislə məşğulam. Tələbələrə televiziya jurnalistikasının əsaslarını öyrədirəm. Yəni indiyə qədər TV yaradıcılığı sahəsində az-çox qazandığım təcrübəni, auditoriyada tələblərəçatdırmağa çalışıram. Pedoqoji iş həm də tələbələrlə, gələcək jurnalistlərlə ünsiyyət deməkdir. Hiss edirəm ki, tələbələr praktikadan gəlmiş müəllimlərə bir az fərqli yanaşırlar. Onların dediklırinə daha çox önəm verirlər. Onlarla daha çox sual-cavab edir, daha çox öyrənmək istəyirlər. Bu mənada özümü auditoriyada müəllim kimi yaxşı hiss edirəm.
– Tələbələrinizin bilik səviyyəsi sizi nə dərcədə qane edir, aralarında jurnalist kimi ümid verənlər varmı?
– Tələbələr müxtəlif kurslarda müxtəlif cür olur. Jurnalist peşəsini canı-dildən sevib gələnlər də var, bu sahəyə təsadüfən düşənlər də. Mənim işim jurnalistikaya maraq göstərib gələnlərlədi. O biriləri birtəhər oxuyub dörd ili yola verirlər, bilirlər ki, jurnalistikada olmayacaqlar. Həm də görürlər ki, jurnalistika təkcə yaradıcılıq deyil, həm də ruh, vicdan, ləyaqət məsələsidir. Yəni yaradıcılıqla bunları birləşdirəndə sən jurnalistikada nüfuzlu şəxsə, peşəkara çevrilirsən. Bunlar olmayanda birtəhər başını girələyirsən. Jurnalistikada həmin keyfiyyətləri birləşdirmək hər adamın işi deyil. Ona görə də tələbələrin hamısının parlaq jurnalist olacağını güman etmək sadəlövhlük olardı. Tutaq ki, auditoriyada 30 nəfər var, onlardan 5-i yaxşı jurnalist olsa, bizim üçün yaxşı nəticədir. İndi əsas məsələ həmin kiçik sayı artırmaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.