Qəzəb salxımları
Karandaşın izi ilə
Con Steynbek “Qəzəb salxımları”
Con Steynbek “Qəzəb salxımları” (ingiliscə “The Grapes of Wrath”) Romanda 1930-cu illərdə Coudlar ailəsinin Oklahama ştatından evlərini tərk edib, iş tapmaq ümidilə Kaliforniyaya getməsindən və bu yolda onların başlarına gələlərdən bəhs edilir.
XX əsr Azərbaycan ədəbiyyatında geniş şöhrət tapan və adı tezliklə dünyanın bir çox ölkələrinə yayılan Con Steynbekin “Qəzəb salxımları” romanı ilk dəfə 1939-cu ildə çap olunub və “Bədii kitab” nominasiyası üzrə Pulitser mükafatına layiq görülüb. Roman ABŞ-da kollec və məktəblərin dərs proqramlarına daxil edilib.
Romandakı hadisələr böyük depressiya dövründə baş verir. İcarədar-fermer olan Codu ailəsi iqtisadi çətinliklərə görə doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalaraq, səadət tapmaq ümidi ilə bir çox ailələrə qoşulub Kaliforniyaya üz tutur. Ailənin başına gələn hadisələri qisas və qəzəb hissi ilə təqdim edən, sevgi və nifrət motivlərini böyük ustalıqla verən müəllif oxucunu hadisələrin sehrinə salır.
Karandaşın izi ilə
Və budur, kişilərin üzündəki çaşqınlıq ifadəsi silinir, yerini acığa, hiddətə və inada verir. Onda qadınlar hər şeyin ötdüyünü, bu dəfə kişilərin dözəcəklərini anladılar. Və onlar soruşdular ki, indi bəs nə edək? Kişilər də cavab verdilər ki, bilmirik. Lakin bu, qorxulu deyildi, qadınlar anladılar ki, bu, qorxulu deyil və uşaqlar da bunun qorxulu olmadığını başa düşdülər. Qadınlar və uşaqlar əmin idilər: dözülməz dərd yoxdur, təki bu, kişiləri sındırmasın.
Sahibkarlar və onların müvəkkilləri cürbəcür idi; bəziləri həlim danışırdılar, çünki gördükləri iş onlar üçün ağır idi; o biriləri hirslənirdilər, çünki rəhmsiz olmaq onlar üçün çətin idi; üçüncülər soyuq davranırdılar, çünki onlar artıq çoxdan başa düşmüşdülər: sahibkar özünü soyuqqanlı aparmalıdır, əks təqdirdə, o əsl sahibkar deyil. Və onların hamısı, hər birinin ayrılıqda qüvvəsini üstələyən gücə tabe idi. Bəziləri onları bura gəlməyə məcbur edən riyaziyyata nifrət edir, digərləri ondan qorxurdular; elələri də var idi ki, bu riyaziyyat qarşısında baş əyirdilər, çünki ona arxalanaraq düşünməmək, özündə hər bir hissi boğmaq olurdu. Əgər torpağın sahibi bank, yaxud tret idisə, ortaq deyirdi: banka, trestə filan-filan şeylər lazımdır, trest təkid edir, tələb edir… – Sanki, bank və ya trest düşünmək, hiss etmək bacarığına malik olan hansısa div, onları öz tələsinə salmış əjdaha idi. Müvəkkillər bankların və trestlərin etdiklərinə cavabdeh deyildilər – onlar yalnız insan, qul idilər, bank isə həm maşın, həm də hökmdar idi.
İnsanlar özlərinin yetişdirmədiklərini yeyirdilər, onlarla çörək arasındakı bağlılıq itmişdi.
İcarədar düşüncə içərisində deyirdi: – Çox qəribədir! İnsanın kiçik bir sahəsi var və o, bu yerlə canbirdir, onları ayıra bilməzsən bir-birindən. Əgər sən öz sahəni dolayı zəhmət çəkirsənsə, məhsul pis olanda qəmlənir, vaxtında yağış yağanda sevinirsənsə, demək, sən öz torpağınla bir tam təşkil edirsən və sənə güc gəlir, çünki torpağın var. Qoy uğur səndən qaçsın, onsuz da güclüsən. Bu, həmişə belə olur. Və icarədar ucadan düşünməyə davam edirdi: – Amma əgər sahə böyükdürsə, gözlərin heç vaxt onu görməyibsə, torpağı əlində sıxmamısansa, ayağın ona dəyməyibsə, onda sən yox, o sənin sahibindir. Nə özün, nə də fikirlərin azad deyil. Torpaq isə güclüdür, o, sənin böyüyündür. İnsan isə kiçikləşir. Torpağı böyükdür, özü isə kiçik, yalnız qulluq edir ona. Bu, daima belədir.
Kim deyir ki, işlər pisdir? İnsanlar? Demək, bunu dəyişmək olar.
– Bəlkə, danışmamalıydım belə? Bəlkə, bunu ürəyində saxlamaq yaxşıdır? – Yox, danışmalıydın. Hərdən insan danışdıqca dərdi azalır. Bəzən insan kimisə öldürmək fikrinə düşür, danışır, hirsini tökür və hər şey bununla bitir. Sən düz elədin. Heç kimi öldürmək lazım deyil.
Mənə ən çox əzab verən o idi ki, bütün bunlarda heç bir məna yoxdur. İnəyi ildırım vuranda, ya çölü su basanda burada elə bir hikmət axtarmazsan. Bəladır gəlib, daha nə edəsən. Amma səni dörd il qapalı yerdə saxlamağın bir mənası olmalıdır. İnsan gərək hər şeyə öz ağlıyla çatsın. Hə, məni türməyə basıb dörd il saxlayıb, yedirdiblər. Guya, bu, məni ya düzəltməlidir ki, ikinci dəfə cinayətə getməyim, ya da qorxutmalıdır ki, daha belə şeyə ürək etməyim…
– Məbadə, kitab oxuyasan: əvvəla, bir az da dolaşığa düşəcəksən, hökumətə hörmətin azalacaq. – Mən, onsuz da, ona hörmət etmirəm.
Lakin sakitlik sevincdən daha yaxşıdır. Bu daha etibarlıdır.
– Tommi, səndən soruşmaq istəyirdim… Səni qəzəb boğmur ki? – Qəzəb, ana? – Qəzəb beynini dumanlandırmayıb ki? Bəlkə, sən indi hər şeyə nifrət edirsən? Bəlkə türmədə səni o həddə çatdırıblar ki, tamam dəyişmisən. Tom anasına əyri-əyri, zənlə baxdı, sanki, gözləri “o bütün bunları haradan bilir” soruşurdu. – Y-yox, – dedi o. – Bəlkə, ilk vaxtlar bir az. Mən axı başqaları kimi qürurlu deyiləm. Məndə belə şey gözləmə.
Biz həyatımızı yenidən qura bilərikmi? Yalnız uşaq həyatına başlayır. Bəs biz səninlə… Bizim üçün hər şey arxadadır. Bir anlıq özündən çıxmalar, keçmişlə bağlı min cür hadisə – bu, bizik. Çöllər, kərpici çöllər – bu, bizik; aramsız yağışlar, toz, quraqlıq – bizik bu. Biz həyata daha yenidən başlaya bilmərik. Kəm-köhnələrimizlə bir yerdə alverçiyə satdığımız qəzəbimiz bizimlə qalacaq, bizdən ayrılmayacaq. Xozeyinlərin bizi buradan necə qovduqları da bizimlə qalacaq; traktorun evimizi təpəsi üstə çevirməsi də bizimlə qalacaq, ölənə qədər. Kaliforniyaya, yaxud başqa harasa – biz parad təbilçiləri incikliyimizi, qəzəbimizi özümüzlə aparacağıq. Və gün gələcək ki, bütün səbri daşanlar ordusu bir yolda birləşəcəklər. Onlar bir yerdə addımlayacaqlar və onların gəlişi qorxulu olacaq.
Həyatımızı əlimizdən alarkən necə yaşayacağıq? Keçmişimizi itirdikdən sonra özümüzü necə tanıyacağıq?
– Necə fikirləşirsən, ana, bacararıq? – İş onda deyil – bacararıq, yoxsa yox. İstəyib istəməməyimizdədir. Bacarmağa qalsa, heç nə bacarmayacağıq.
Belə ki, selitra və fosfotlar hələ bütöv torpaq demək deyil; pambıq saçağının uzunluğu da hələ torpağın hamısı demək deyil. İnsan karbon, duzlar, su və kalsiumdan ibarət deyil. Bunların hamısı var onda, lakin o, nə isə daha böyük, çox-çox böyük bir şeydir və torpaq da – onun kimyəvi tərkibindən dəfələrlə mühümdür. İnsan, orqanizmini təşkil edən kimyəvi maddələrdən qat-qat üstün olan kimi, ayağını torpağa basan, kotanın ağzını daşa vurub sındırmamaq üçün yönəldən, qayalıq yerdə onu azca dikəldən, səhər naharını etmək üçün ləkdə oturan insan da tərkibindəki kimyəvi maddələrdən daha mühüm olan torpağı tanıyır.
Evlər bomboş idi; boşalmış ev isə sürətlə məhv olur.
Acla toxa yer azlıq edir bir yerdə.
Biri mənə deyirdi ki, cibində pul nə qədərdirsə, azadlığın da o qədərdir.
Alverçilərin bir məqsədi var: fırıldaq və kəf gəlmək, amma iş onlarda başqa cür adlanır. Elə məsələ də bundadır. Təkəri oğurlasan – sən oğrusan, o isə sənin dörd dollarını oğurlamaq istəyirdi və buna icazə var. Bu, kommersiyadır.
İnsanlar arxada qoyduqları dəhşətdən qaçırlar və həyat onlarla qəribə davranır – bəzən qəddarcasına, bəzən isə o qədər yaxşı ki ümid çırağı yenidən alışır ürəklərdə və daha heç zaman sönmür.
Haqsızlıq çox şey edə bilər. Ona tuş gələn insan qızğındır, öz haqqı yolunda döyüşməyə hazır olur.
Ümidsizliyə qapılmağa qürurumuz yol vermir.
“Biz torpağımızdan məhrum olmuşuq”. Bax təhlükə burada gizlənir; belə ki, iki nəfər artıq bir nəfər kimi tənha deyil. Bu ilk “biz”dən daha təhlükəli bir şey yaranır: “Məndə bir az çörək var”, üstəgəl “məndə heç nə yoxdur”. Əgər cəmdə “bizim bir az çörəyimiz var” alınırsa, deməli, hər şey öz yerini alır və hərəkət istiqamətlənir.
Amma axı çəpərlər müxtəlif olur. İnsanlar da müxtəlifdir; məsələn, mənim kimiləri: çəpər hələ qoyulmayıb, onlar isə gözləməyib artıq dırmaşırlar.
– Çörəkpulunu hamı qazanmalıdır. – Düzdür. Amma yaxşı olar ki, elə qazanasan, başqalarının çörəyi əlindən çıxmasın.
Orada hər kərsin üzündən sənə necə nifrət etdiyi yazılıb. Bəs təxmin edirsiniz niyə? Çünki qorxurlar. Axı onlar bilirlər: əgər ac adam bir tikə çörəkdən məhrumdursa, o, oğurluq da edər.
Qorxudan əsirlər, ona görə də qəddardırlar.
Hamının günahı var. Bizə görə günah nədir? O şeydən ki əmin deyilik, onu günah sayırıq.
Bəs səncə, ölmək yaxşıdır, yoxsa belə yaşamaq? Torpaq altda yatmaq yaxşıdır, yoxsa cındır evcikdə sülənmək? Hansı yaxşıdır: uşaqların üçün indi ölmək, ya iki ildən sonra, həkimlər demiş, doyunca yeməməkdən?
Aclıqdan əziyyət çəkən, hələ bir balalarının da köpmüş qarınlarını görən insanı nə ilə qorxutmaq olar? Beləsini qorxuda bilməzsən – o, dünyada ən dəhşətli şeyi görüb.
Mülkiyyət bir ovuc insanın əlində cəmləşəndə onu alırlar. Başqa bir həqiqət də birinciyə yoldaşlıq edir: əgər çoxluq acdırsa və soyuqdan donursa, o, lazım olanı zorla alır. Daha bir həqiqət tarixin hər səhifəsindən bağırır: zülm istismar edilənləri birləşdirir, onlara güc verir.
Bizim xalq yaxşı xalqdır; bizim xalq ürəyiaçıq xalqdır. Allah qoysa, gün gələr, yaxşı adamlar yoxsul olmaz. Allah qoysa, gün gələr, uşaqların yeməyə bir şeyi olar. Və mülkiyyətçilər bilirdilər ki, duaların susacağı gün gələcək. Və onda iş bitəcək.
Tanrı da heç kimə maaş vermir. İnsanlar adam kimi yaşamaq, oğul-uşaq böyütmək istəyirlər. Hamı qoca yaşlarında artırmada oturub günəşin batmasına baxmaq istəyir. Cavanlar isə oynayıb, oxuyub sevişmək həvəsindədirlər. Hamı yemək, içmək, işləmək arzusundadır.
– Tom, sən ki özün mənə demişdin… Söz vermişdin ki, hirslənməyəcəksən. Söz vermişdin. – Yadımdadır, ana. Özümü saxlayıram. Amma bu şerif işçiləri… Heç bunların yanbızı yekə olmayanını görən olub? Enli yanbızlarını burcudurlar, gülləni tapançadan hara gəldi yağdırırlar… Ana, əgər onlar qanunla hərəkət etsəydilər, biz onlara qarşı çıxardıqmı? Amma qanun belə deyil axı. Onlar bizim iradəmizi sındırmaq istəyirlər. İstəyirlər ki, biz onların dabanlarını yalayaq, döyülmüş qancıq kimi sürünək. Ana, vallah, iş o yerə çatıb ki, bu əclafları şil-küt etməsən, özünü ləyaqətli adam saya bilmirsən. Onlar isə onu istəyir ki, biz öz ləyaqətimiz haqda düşünməyi belə unudaq.
İşinlə məşğul ol. Elə matah şey, elə bir günah sahibi deyilsən ki, Tanrı sənə görə narahat olsun.
Heç qırqovul görmüsünüz? Qürurlu, gözəl, əlvan lələkli, qələmqaşlı qırqıvul. Part güllə açılır! Qaldırıb görürsən, qan içindədir… Və hiss edirsən ki, səndən yaxşı olanı məhv etmisən; istədiyini elə, bununla belə, rahatlıq tapmırsan, çünki həqiqətən, nəyisə məhv etmisən və heç vaxt bunu geri qaytara bilməyəcəksən.
– Hə. Sən iyirmi sentə razılaşacaqsan. Mənə isə iyirmi beş verirlər. Sən mənim işimi əlimdən aldın. Sonra aclıq güc gələcək mənə. Mən də onu səndən on beşə alacağam. Hə! Get, işlə. – Nə edim bəs? Sənə iyirmi beş sent versinlər deyə mən ac qala bilmərəm.
İnsanların gözündə məğlubiyyət həkk olunub; gözlərdə hiddət alovlanır. İnsanların qəlblərində qəzəb salxımları qalaqlanır və yetişməyə başlayır, bunların tam yetişməsinə isə artıq çox qalmayıb.
– Halım yaxşı deyil, hiss edirəm, yenə günah işləyəcəm. – İşlətməzsən. Pulun ki yoxdur. Özünü ələ al. Günah, ən azı, iki dollara başa gələcək, indi bu qədər haradan tapasan? – Hə, düzdür… Amma mənim düşüncələrim də yaramazdır. – Neynək. Bu, pulsuz da başa gələr. – Bununla belə, günahdır. – Amma ucuzdur.
Bir şeyi möhkəm əxz eləmişəm. Daim, gündən-günə buna əmin oluram. Əgər sənə dərd üz veribsə, ehtiyac içindəsənsə, incidiblərsə səni – yoxsullara üz tut. Yalnız onlar əl tutar; başqa heç kəs.
– Beləliklə, bəzi şeylərdən baş çıxarmağa başladım. Türməyə hər cür adam düşür – biri əyyaşlığa görə, o biri oğurluq üstə – belələri daha çoxdur. Əksəriyyət ehtiyac üzündən oğurluq edir. Başa düşürsən? – Yox. – Axı bunların hamısı yaxşı adamlardır, anlayırsan? Bəs onları nə məhv edib? Ehtiyac. Yavaş-yavaş başa düşürdüm ki, bütün pislikləri ehtiyac doğurur.
Bir parça çörək xətrinə səhərdən axşamacan işləyirlər. Məhsulu qəbul eləyənə deyirəm: “Belə də pul ödəyərlər?! – yeşiyə iki sent yarım?” Deyir: “Nə olar, çıxın gedin. Başqaları tapılar”. Deyirəm: “Özlərinə gələn kimi onlar da atıb gedəcəklər”. Cavabında deyir: “Gör ha! Onlar özlərinə gələnə kimi bütün şaftalılar yığılacaq”.
Daha kilsə doldu. Daşı onu tərəzinin yanına. Mübahisə elə. Tərəziçi deyir, guya, sən altdan daş qoymusan. Heç özündən danışmır! Tərəzilər tamam fırıldaqdır. Olur ki, haqq onun tərəfindədir – kilsəyə daş qatılıb. Olur ki, sən haqlısan – fırıldaq tərəzidir. Bəzən isə olur ki, ikiniz də haqlısınız: daş da var, tərəzi də fırıldaqdır. Mübahisə həmişə mübahisədir, döyüşsüz təslim olma. Onda özünü əməlli-başlı insan sayırsan. O da özünü insan sayır.
Yıxılarkən qaldırmağa adamı olmayan kəsin isə dərdi böyükdür.
– Qəribədir. Qadın ailəni idarə edir. Qadın əmr edir: bunu eləyək, ora gedək. Mənim isə tüküm də tərpənmir. – Qadın asan dəyişir. – Qadının bütün həyatı əllərindədir. Kişinin isə beynində.
Mən fikir vermişəm, kişi sıçrayışlarla yaşayır: uşaq doğulur, kimsə ölür – budur sıçrayış; ferma alır, itirir fermasını – daha bir sıçrayış. Qadında isə həyat çay kimi rəvan axır. Bəzən burulğana da düşsə, daşlıqdan da yuvarlansa, rəvan axıb gedəcək. Qadın bu sayaq düşünür.
Tərcümə: Ülfət Kürçaylı
Qəzəb salxımları
“QƏZƏB SALXIMLARI” ƏSƏRİNDƏ SOSİAL MƏSƏLƏLƏRİN TƏHLİLİ
Xülasə
Məqalə cəmiyyətdə və ailədə qadınların rolundan bəhs edir. Qadın və kişilər bərabər hüquqlu kimi görünsələr də, onlar arasındakı hüquq bərabərsizliyi həllini tapmayan problemə çevrilib. Əlbəttə, əvvəllər qadınlar kişilərlə eyni hüquqlara sahib deyildilər. Amma onların kişilər üzərində böyük rolu var idi. Buna nümunə olaraq Ana Coud obrazını göstərmək olar. O güclü və iradəli qadınları təmsil edir. Məqalə qadınların kişilərlə bərabər niyə eyni hüquqa sahib olmadığını və digər tərəfdən də onların bütün çətinliklərə qarşı necə güclü dayandığını araşdırır.
Açar sözlər: Böyük Böhran, miqrant, fermer, torpaq, sahibkar, sosial, iş
Chinara Ilham Huseynli
Analyzing the social relations in the “the grapes of wrath
Summary
This article deals with how migrants and farmers were affected as a result of the Great Depression. People had to leave their lands and begin a new journey hoping to find new places to get by and to work. Along this journey, they experienced lots of troubles due to the difficulties caused by the landowners. The novel shows us how cruel a man can be to another man. In the novel, several issues are highlighted, but this article mostly focuses on the social discrimation and its effects.
Key words: Great Depression, miqrant, farmer, land, landowner, social, work
MƏQALƏNİ YÜKLƏ [127,75 Kb] (yüklənib: 23)
Qəzəb salxımları
Klassik ədəbiyyat bədii ədəbiyyatın təməl daşı, nüvəsi, mayasıdır. Oxuduğum yüzlərlə kitabın arasında nə qədər müasir yazıçıları oxusam da, üstünlüyü yenə klassik ədəbiyyata verirəm. Bu dəfəki kitabımız XX əsr Amerikan ədəbiyyatına damğasını vurmuş, qısa vaxtda bir çox ölkələrdə yayılmış, böyük söhrət qazanmış və dünya klassikasına çevrilimiş “Qəzəb salxımları” romandır.
Con Steynbek yazıçı olana qədər bir çox kiçik işlərdə işləmiş, daim aşağı təbəqədən olan insanların əhatəsində yaşamışdır. Bu, onun yaradıcılığına da öz təsirini göstərmişdir. “Qəzəb salxımları” Böyük böhran dövründə kapitalizmin səbəb olduğu yoxsullaşma, müflisləşmə zamanı sadə insanların həyat mübarizlərindən bəhs edir.
Əsər geniş təbiət təsvirləri ilə başlayır. Coudlar ailəsinin böyük oğlu Tom həbsdən çıxmış, evinə yollanır. Qarşılaşdığı mənzərə qarşısında sarsılır. Kənd boşalmış, evlər sökülmüş, əkin sahələri bomboşdur. Artıq bu torpaqlar onların deyil, bankındır. Bank isə insanları öz ev-eşiklərindən qovur. Torpaq onun üçün alın təri tökən insanlardan alınaraq ruhsuz traktorlara, dəmir əjdahalara verilmişdir. İndi tərk etmək növbəsi Coudlarındır. Onlar hər şeylərini sataraq 6 nəfərlik köhnə yük maşını alıb 12 nəfərlə yeni həyata doğru Kaliforniyaya yola düşürlər. Kaliforniya haqqında bildikləri isə yalnız iş elanlarından oxuyub gördükləridir. Portağal, üzüm, şaftalı bağları, bəyaz evlər, bolluq, yaxşı gəlirli iş.
Yük maşını 66-cı şose ilə yoluna davam edir. Yol boyu insanların aclıq, səfalət dolu çadırlarını, alaçıqlarını görürlər. Bəlli olur ki, iş dalınca qərbə gedən təkcə Coudlar deyil, minlərlə insandır. 66-cı şose onlardan ailə böyüklərini, doğulmayan uşaqlarını, sağlamlıqlarını, ümidlərini, qürurlarını almışdır.
Qərbə doğru getdikcə köçəriliyə daha çox uyğunlaşmış, təcrübəli ailələr bir-birilərinə kömək edir, kofelərini, çörəklərini, aclıqlarını, qorxularını bölüşürlər. Əkilməmiş torpaqlar onların qaşıq səsinə yığışan uşaqlarına qarşı cinayətdir.
Əsərdə ayrı-ayrılıqda bir çox məsələyə toxunulmuşdur. Azadlıq, mübarizlik, insan hüquqları, ailə məfhumu, qürur anlayışı, din və s. Həmçinin, əsərdə hər bir obraz orijinaldır: öz torpaqlarından çıxmaq istəməyən qoca nənə, baba, mübariz və ədalətli Tom, insanlara duaları ilə ümid verən, fikirləri ilə yol göstərən vaiz Keysi, daim narazı, ərkəsöyün Roza, dəliqanlı El və s. Mənə ən çox təsir edən isə Missis Coud, yəni, Ana obrazı oldu. Biz burada bir qadının, bir ananın ailə üçün nə demək olduğunun şahidi oluruq. Ən çətin anda belə ailəsini bir arada tutan, hər şəraitdə onları yedirən, geydirən, yeri gələndə ağır işlərdə kişilərə kömək edən, ağıllı qərarlar verən, çətinliklərdə məğrurluğunu itirməyən Ana. Missis Coudun cüssəsi kimi xarakteri də əzəmətlidir. Ölən ailə böyüyünün yanında səhərə qədər oturarkən, Tom üçün gizlincə yemək apararkən, doğuş zamanı Rozaya ürək-dirək verərkən onun gücünə heyran olmamaq mümkün deyil.
Tom ailənin böyük oğludur. O da anası kimi böyük iradə və güc sahibidir. Kaliforniyada bütün günü işləyən ailənin yalnız bir şam yeməyinə yetəcək qədər pul qazana bilməsi onu dərindən sarsıdır. İşçilərin aldadılması, iş verənlərin onları alçaltması, təhqir etməsi, ərzağın baha satılması, günbəgün azalan əmək haqqı. Tom üsyana qalxmaq istəyən işçilərə qoşulur. Lakin asayişi qoruyan, əslində isə çaxnaşma yaratmaqdan başqa işləri olmayan polislər onlara hücum edir. Tomun anası ilə son görüşündə dediyi sözlər isə bütün əsərin ideyasını, canını ifadə edir: “Hara baxsan, oradayam mən. Ac-yalavaclar bir parça çörək naminə ayağa qalxsa, mən onlarlayam. Polismen harada dəyənəyə əl atsa, mən oradayam. Uşaqlar acıb evə qaçan vaxt mən də onlarla birlikdə sevinəcəyəm ki, şam yeməyi hazırdır. Xalqımız özü əkib-becərdiyi çörəyi yeyib, özü tikdiyi evdə yaşadığı zaman mən də orada olacağam”.
Orijinallığı ilə seçilən digər obraz isə vaiz Keysidir. Coudlar onu da özləri ilə Kaliforniyaya aparırlar. Baba ilə nənə canlarını tapşıranda, kimsəsizlər kimi dəfn ediləndə Keysi ailənin ən böyük dəstəkçisi idi. Yeri gələndə öz duaları, moizələri ilə insanlara ümid verən, onlara yol göstərən Keysi yeri gələndə əlinə silah alır, bu insanların hüquqlarını müdafiə edirdi.
Müəllif əməyi və əməyə sevgini, insanın torpağa, ailəyə bağlılığını elə gözəl təsvir etmişdir ki. “İnsan karbon, duzlar, su və kalsiumdan ibarət deyil. Bunların hamısı onda var, lakin o nə isə daha böyük, çox-çox böyük bir şeydir və torpaq da – onun kimyəvi tərkibindən dəfələrlə mühümdür.”
Torpaq insan üçün nədir? Onun evidir, məbədidir, ruzisidir, azadlığıdır, gələcəyidir, ailəsidir, soy köküdür. Torpağı əlindən alınan Coudlar ailəsi kimi minlərlə insan torpaqsız yollara sürüklənmişdir. Minlərlə insanın timsalında Coudların Kaliforniyada qarşılaşdıqları acı reallıq, onların çətinlikləri və mübarizələri sizə çox təsir edəcək.
Con Steynbekin 1939-cu ildə işıq üzü görən, Amerikada böyük səs-küyə səbəb olan “Qəzəb salxımları” romanı “Bədii kitab” nominasiyası üzrə Pulitzer mükafatına layiq görülmüşdür. Roman hazırda ABŞ-da kollec və məktəblərin dərs proqramlarına salınan nadir kitablardandır. Roman mənim də çox sevdiyim, hər kəsə tövsiyə etdiyim 10 klassik kitabdan biridir. Kitabı “Mənbə” kitab evindən əldə edə bilərsiniz.
Tükəzban Məmmədli
Ən son xəbərlər
Əyləncə
Fikir üçbucağı
DÜŞÜNCƏNİN İNSANA TƏSİRİ
Hikmət Çələngi
DÜNYA ÇEMPİONATI: FUTBOL BU İL KİMİN BORCUNU QAYTARACAQ?
Məramımız təhsil, ictimai və elmi fikir, ədəbiyyat və mədəniyyətdə mövcud cərəyan və təmayüllər, elm dünyasında baş verən yenilikləri oxuculara çatdırmaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.