Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu
Və hər şey həmin tarixdən – iyunun 15-dən başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Birincisi, dövlətçilik ideyası iflasdan qurtuldu. Çünki dövlət idarəçiliyinin nə olduğunu bilməyən naşı adamlar Azərbaycan cəmiyyətində tədricən müstəqillik ideyası ilə bağlı bədbin əhval-ruhiyyə yaradırdılar. Bir-birini əvəz edən məğlubiyyətlər insanlarda belə bir şübhə yaradırdı: “bəlkə biz, heç müstəqil dövlət qurmağa qadir deyilik?” Tarix göstərir ki, bu pessimizm çox təhlükəlidir və faktiki olaraq millətin öz məğlubiyyətini qəbul etməsinin ilk dərin göstəricisidir.
Qızılbaşlar hərəkəti və onun ideoloji mahiyyəti
RÖVŞƏN RZAYEV,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini,
Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin üzvü
Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir
2013-cü ilin 9 oktyabr Prezident seçkilərinin nəticələri Azərbaycan cəmiyyətinin düzgün siyasi kursla inkişaf etdiyini bir daha təsdiq etdi. Azərbaycan xalqı dövlətlə cəmiyyətin konstitusion dəyərlərini, ölkədə aparılan siyasi kursu qorumaq məqsədilə öz seçimini etdi. Bununla Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xətti və onun ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi cəmiyyətdə daha da möhkəmləndi. Azərbaycançılıq ideologiyasının mahiyyəti nədən ibarətdir, hansı dəyərləri əhatə edir, hansı milli, mənəvi ənənələrə köklənir, hansı istiqamətdə inkişaf edir? Bu yazıda qeyd olunan suallara qısa da olsa aydınlıq gətirmək istərdim.
Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü dövlətin inkişafında iştirak etməlidir. Bu, iştirak müxtəlif formalarda özünü göstərə bilər: seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində və ictimai dəyərlərin qorunmasında. Cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir. Azərbaycanda bu dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır.
Dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Hətta totalitar dövlətlər demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra bir müddət əxlaq, mənəviyyat kimi ənənəvi ictimai dəyərlər insanlar tərəfindən fərqli qəbul edilir. Azərbaycanın müstəqilliyinin ilk illərinin təcrübəsi də buna sübutdur. Uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi.
Məhz buna görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir.
Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 90-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır. Ulu Öndər çıxışlarının birində bu barədə belə demişdir: “Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan”.
Cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcud olmalıdır. Onların Əsas Qanunda əks edilməsi ilə bərabər, insanların şüurunda, düşüncələrində, qəlbində olmaları vacibdir.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.
Azərbaycançılığın mahiyyəti
Azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar, ictimai xadim və yazarlar tərəfindən bu mövzuda bir sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər yazılmış, azərbaycançılığın əsasları, mahiyyəti və konseptual tərəfləri şərh edilmişdir. Akademik Ramiz Mehdiyev qeyd edir ki, azərbaycançılıq “ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir”.
Buradan belə nəticəyə gəlmək olar ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir.
Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə qeyd edir ki, “Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır”. Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır.
Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.
Azərbaycançılıq məfhumunun təhlil etmək, onun mahiyyətini dərk etmək, tərkib elementlərini səciyyələndirmək metodoloji cəhətdən çətindir. Bu da təbiidir. Çünki ictimai elmlərdə əksər kateqoriya və anlayışların dəqiq çərçivələrini aşkar etmək çətindir. Neotomizmin yaradıcısı fransız filosofu J.Mariten qeyd edirdi ki, “müasir tarixin faciəsi əsas anlayışların sistematik ümumiləşdirməsindədir”.
İslam nəzəriyyəçiləri də etiraf edirlər ki, İslam dinində əsas anlayışlar fərqli şərh olunurlar, lakin ümumi fəlsəfə kimi təqdim olunur. İctimai elmlərin əsas vəzifəsi sosial reallıq haqqında sistemləşmiş bilik yaratmaqdır. Avstriyalı sosioloq A.Şyus nəzəriyyəsində göstərir ki, “ictimai elmlərdə bir anlayışa vahid yanaşma yoxdur, bu tədqiqatlarda ən əsası elmi məntiqdən çıxış edərkən obyektivliyə doğru getməkdir”. Ona görə azərbaycançılığın mahiyyətinin açıqlanmasında vahid yanaşma olmasa da, elmi məntiqə əsaslanaraq onun tərkib elementlərini müəyyənləşdirməyə cəhd etmək olar.
Hər bir halda politoloji, sosioloji, hətta etimoloji cəhətdən azərbaycançılıq termininə müxtəlif yanaşmalar mövcud olsa da, onun əsas fəlsəfəsi dəyişməzdir. Azərbaycançılıq – özündə “vətəndaşlıq”, “vətənpərvərlik”, “loyallıq”, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.
Beləliklə, Azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik, loyallıq və vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Azərbaycançılıq və konstitusionalizm ideologiyalarının nisbəti
Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir.
Azərbaycançılıq nisbətən yeni ideologiya olsa da, uzun müddət hüquqi dövlət və demokratik rejimin formalaşmasında rol oynayan, azad xalqları birləşdirən, hüquq elmində kifayət qədər təhlil olunan konstitusionalizmin elementlərini cəmləşdirir. Konstitusionalizmin əsas elementlərinə bunları aid etmək olar: demokratik və hüquqi rejim, insan hüquqlarının aliliyi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti, yerli özünüidarə və s. Təbiidir ki, konstitusionalizm ideologiyasının hakimiyyət strukturunda, vətəndaş cəmiyyəti institutlarında dərk edilməsi konstitusiya münasibətlərinin sabit inkişafı ilə bağlıdır. Konstitusionalizmin çox lakonik və əhatəli tərifini macar professoru A.Şayo vermişdir: “konstitusionalizm – ictimai sabitlik məqsədi ilə hakimiyyətin məhdudlaşdırılması prosesidir”.
Bu ideologiyanın əsas məqsədi hakimiyyətin şəffaf və effektiv hüquq çərçivəsində idarəçiliyini təmin etməkdir. Ona görə hüquqi cəmiyyətdə konstitusionalizmin mahiyyəti və Əsas Qanunun fəlsəfəsi aydın təsəvvür olunmalıdır. Cəmiyyətin hər bir üzvü, xüsusilə dövlət qulluqçuları konstitusionalizmin məqsəd və vəzifələrini dərk edərək onları gündəlik fəaliyyətində rəhbər tutmalıdır. Belə olan halda hakimiyyət sistemi, dövlət idarəçiliyi institutları Konstitusiya əsasında sabit fəaliyyət göstərir və cəmiyyətdə ali dəyər olan insan hüquqlarının təminatına real imkan yaradırlar.
Azrərbaycançılığın və konstitusionalizmin məqsədlərində böyük oxşarlıq var. Hər ikisi ideoloji funksiyalarına görə fərdlə dövlət arasında ədalətli bərabərhüquqlu münasibətlər və dəyərlər sistemi yaradır, habelə demokratik və hüquqi dövlətdə idarəçiliyin effektiv təşkilinə xidmət edir. Azrərbaycançılıqla konstitusionalizmin oxşarlığını aşağıdakı fikirlə ifadə etmək olar: azərbaycançılıq ideologiyası hüquqi və demokratik Azərbaycan dövlətini möhkəmləndirməyə, müstəqil Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxarmağa xidmət edir.
Konstitusionalizm də dövlət quruculuğunda analoji məqsədləri güdür. Bu iki ideologiyaların fərqli xüsusiyyətləri də var. Təsir etdikləri obyektlərin predmeti eyni olsa da, öz əhatə dairəsinə görə konstitusionalizm qlobal xarakter, azərbaycanşılıq isə konkret bir xalqı birləşdirən lokal xarakter daşıyır.
Azərbaycançılığı neokonservatizmlə də müqayisə edirlər. Neokonservativizm nisbətən yeni ideoloji cərəyandır və Qərbin sivil dəyərlərini təbliğ edir. Neokonservativizmin banisi Leo Ştraus olsa da bu nəzəriyyənin müasir əsasları ətraflı şəkildə Vilyam Kristal və Robert Kaqan tərəfindən 1996-cı ildə şərh edilmişdir.
Neokonservativizmin tərəfdarları hesab edirlər ki, demokratiyanı, bazar iqtisadiyyatını və söz azadlığını cəmiyyətə imperativ şəkildə çatdırmaq lazımdır. Azərbaycançılıq sivil cəmiyyət quruluşunu inkar etmir, əksinə, bunun üçün dəyərlər sistemini yaradır. Beləliklə, azərbaycançılığın müəyyən hallarda neokonservativizm xarakterli imperativ olması, digər hallarda isə qloballaşma baxımından konstitusionalizmin vahid dəyərlər sisteminə inteqrasiyası vacibdir.
Hər bir xalq inkişafa doğru gedir. Bu inkişaf vahid prinsiplərə əsaslanır. Düzdür, sivilizasiya baxımından xalqların inkişaf yolları bir qədər fərqlidir. Məsələn, Şərq sivilizasiyasının adət-ənənələri Qərb sivilizasiyasının dəyərlərindən fərqlidir. Lakin insanlar universal dəyərlərin daşıyıcılarıdırlar. Hər bir kəs arzulayır ki, o yaşadığı cəmiyyətdə hüquqi bərabərlik, hakimiyyətin ədalətliyi, azad bazar iqtisadiyyatı, söz və vicdan azadlığı, işgəncələrə məruz qalmamaq, şəxsi toxunulmazlıq, ədalət mühakiməsi və s. təmin olunsun. Bu dəyərlər insan hüquqları üzrə beynəlxalq standartlarda universallaşıb. Onların təminatı üçün demokratik rejim və hüquqi dövlət quruculuğu tələb olunur.
Hərçənd müəyyən tarixi zaman və şəraitdə hətta Avropada demokratiyanın tənqidçiləri, bu idarəçilik rejiminin mənfi fəsadlarını müşahidə edənlər olub. Məsələn, Uunston Çörçill II Dünya müharibəsindən sonra çıxışların birində qeyd etmişdir ki, “Demokratiya – idarəetmə formasının ən pisidir, ancaq digər formalar ondan da pisdir”.
Zaman göstərdi ki, demokratik rejim və hüquqi dövlət xalqların rifahının artmasına, qlobal konstitusionalizm ideyası isə ədalətli cəmiyyət quruluşuna aparan inkişaf yoludur. Ona görə Azərbaycanda dövlət quruculuğu prosesində konstitusionalizm, azərbaycançılıq ideologiyalarının dəyərləri üstün tutulur.
Azərbaycançılıq və qloballaşma
Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik hissi daha çox vətəndaşlıq, loyallıq və tolerantlıq hissləri ilə əvəz olunur (bu barədə bir qədər sonra). Müəyyən hallarda isə sənayeləşmə, demokratikləşmə, məlumat mübadiləsi dairəsinin genişlənməsi və s. qloballaşma prosesləri etno-milli mənsubiyyətə təsir edərək münaqişələrə də səbəb olur. Bunu nəzərə alan bır sıra təhlilçilər qloballaşmanın milli ideologiya ilə ziddiyyət təşkil etdiyini önə çəkir, onları antaqonist dəyərlər sistemi kimi xarakterizə edirlər.
Məhz ona görə çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir.
İstənilən cəmiyyət dünya iqtisadi məkanın bir hissəsi olmadığı halda ümumi rəqabətə dözümsüz olur. İqtisadi uğursuzluq isə öz növbəsində sosial problemlərin həllini mümkünsüz edir, sosial gərginliyə səbəb olur və nəhayət, insan hüquqlarının həyata keçirilməsini çətinləşdirir. Müasir dünyada ölkələr iqtisadi inkişafa, milli təhlükəsizlik və hüquqi rejimin qorunmasına beynəlxalq iştirakçılıq olmadan tam olaraq zəmanət yarada bilməzlər. Bu baxımdan dövlətlər daha çox qloballaşma proseslərinə üstünlük verərək öz daxili problemlərinin həllini beynəlxalq əməkdaşlıqda görürlər.
Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.
Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını önəmli hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu bu dəyərlərin bərqərar olduğu Avropa məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi göstərir ki, baş verən hər hansı siyasi, iqtisadi kataklizmlərə, hakimiyyətlərin bir-birini əvəzləməsinə, dövlət quruluşunda dəyişikliklərə baxmayaraq, bu ölkələrdə müstəqillik və demokratik inkişaf yolu dönməz və sarsılmazdır. Azərbaycançılıq ideyası da universal dəyər olan insan hüquqlarının qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eyni zamanda ölkələrin ərazi bütövlüyü prinsipi və digər vacib dəyərləri nəzərdə tutaraq qloballaşmanı müasir dünyanın təbii inkişaf prosesi hesab edir.
Vətəndaşlıq azərbaycançılığın əsas elementi kimi
Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Azərbaycan dilində vətəndaşlıq bir neçə məna daşıyır. Məsələn, 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1-ci maddəsinə əsasən vətəndaşlıq hüququ insanın ölkədə hüquqi statusunu müəyyən edən norma kimi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Vətəndaşlıq ölkədə şəxsin hüquqi vəziyyəti ilə bərabər onun ictimai-siyasi münasibətlərə mövqeyini əks etdirən psixoloji vəziyyətidir. İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti və bu münasibətdə mövqeyi maraq kəsb edir. Beləliklə, vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür.
Vətəndaşlıq anlayışının konseptual analizi metodoloji cəhətdən mürəkkəb məsələdir. Ona görə ki, ictimai elmlərdə az tədqiq olunan kateqoriyaların çərçivələrini müəyyən etmək çətindir. Bu kateqoriyalar müxtəlif aspektlərdən təhlil olunur və ictimai münasibətlər kontekstində nisbətən fərqli təqdim olunur. Azərbaycanın müasir inkişaf mərhələsində vətəndaşlıq insanların şüurunun qiymətləndirici əsasını, cəmiyyətdə davranışının motivasiyasını təşkil edən və onların siyasi maraqlarını əks etdirən amildir. Vətəndaşlıq anlayışı nəzəri cəhətdən az təhlil edilsə də, onun praktiki tərəfi insanların ictimai-siyasi proseslərdə iştirakı zamanı asanlıqla müşahidə olur. Məsələn, seçki prosesində iştirak etmə mütləq olmadığından hər bir vətəndaşın bu siyasi prosesdə fəallığına əsasən onun vətəndaşlıq mövqeyi olur.
Cəmiyyətdə vətəndaşlıq fenomeninin zəif inkişaf etməsi ictimai-siyasi cəhətdən təhlükəlidir. Hər bir vətəndaş dövlət quruculuğunda iştirak edir. Bu onun aktiv və passiv seçki hüququ vasitəsi ilə həyata keçirilə bilər. Seçki hüququ vətəndaşın hüquqi vəzifəsi deyil. Hər bir kəs öz seçki hüququndan istifadə edə bilər. Seçki hüququnun istifadəsində fərd öz vətəndaşlıq mövqeyini nümayiş etdirməlidir. İctimai-siyasi proseslərə biganə qalmayaraq seçkilərdə fəal iştirak etməlidir. Vətəndaşın bu mövqeyindən dövlətin gücü, dövlət quruluşunun sabitliyi, fərdlə dövlət, cəmiyyətlə hakimiyyət arasındakı sıx əlaqə, nəhayət insanların sosial rifahı asılıdır.
Vətəndaşlığın əsas elementlərinə mənəvi və hüquqi mədəniyyəti, fərdin öz şəxsiyyətini dərk etməsi, daxili azadlığı, dövlət hakimiyyətinə münasibəti, cəmiyyət və dövlət qarşısında məsuliyyəti və ən əsası öz vəzifələrini yerinə yetirmək bacarığını aid etmək olar. Beləliklə, demək olar ki, vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.
Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir. Vətəndaşlıq kollektiv qərarların qəbul olunmasında vacib amildir. O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına xidmət edir. Vətəndaşlıq mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata keçirilən uzunmüddətli sosial proqramların, irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır.
Azərbaycançılığın daşıyıcısı olan vətənpərvərlik
Vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Pedaqoji baxımdan hesab olunur ki, “siyasi mədəniyyət, hüquqi mədəniyyət, vətənpərvərlik və millətlərarası münasibətlər mədəniyyəti dövlətin hər bir üzvünə məxsus olan vətəndaşlıq əhəmiyyətli keyfiyyətdir”. Ona görə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Vətənpərvərlik öz vətənini sevmək, onu qorumaq deməkdir.
Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Ulu öndər milli ideologiya barədə çıxışlarının birində bu fikri çox aydın şəkildə ifadə etmişdir: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.
Deməli, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edir. Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Dağlıq Qarabağ məsələsində həmrəydir.
Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlığının göstəricisidir.
Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bildirmişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”.
Qeyd edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən daha çox vətəndaşlıq, loyallıq və tolerantlığa üstünlük verirlər. Əksər halda “vətənpərvərliyi” kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək kimi göstərirlər. Ancaq azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir.
Dövlət quruculuğu prosesində loyallıq prinsipi
Azərbaycançılıq ideologiyası dövlət quruculuğu prosesində vətəndaşın siyasi loyallıq mövqeyini təbliğ edir. Siyasi loyallıq “dövlətin sabitlik faktoru” kimi də göstərilir. Loyallıq maddi və psixoloji maraqlara qulluq edən mübadilə prosesidir. İlk növbədə insan özü özünə loyal yanaşır, sonra isə onun maraqlarını təmin edən dövlətə. Müasir dövlət insanın təhlükəsizliyini və sosial rifahını təmin edirsə, deməli hər bir kəs dövlətə hörmətlə yanaşaraq ona qulluq etməyə hazırdır. Məsələn, ABŞ vətəndaşlarının 70 % özlərini “dünya vətəndaşları” sayırlar. Bilmək olmaz, onların torpaqlarında münaqişə baş verdikdə onlar özlərini necə aparacaqlar. Ancaq ölkənin inkişafı, dövlət quruluşunun və siyasi vəziyyətin sabitliyi, sosial rifahın artması üçün onlar siyasi loyallıq mövqeyini tuturlar.
Azərbaycançılıq ideologiyası çərçivəsində siyasi loyallıq cəmiyyətin hakimiyyətlə münasibətlərinin keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu münasibətlər cəmiyyətin və dövlətin sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında yaranan vətəndaş-dövlət münasibətləri hörmət və inam əsasında qurulur. Rus mütəfəkkiri İ.İlin qeyd edir ki, “güclü hakimiyyət – aşağıların ləyaqətli və düzgün yuxarılara azad loyal münasibəti əsasında qurulur”. Azərbaycanda hakimiyyətin güclənməsi xalqın ona inamının artması ilə bağlıdır.
Loyallıq ingiliscə “loyal” sözündən yaranıb, qanuna riayət edən, qanuna sadiqlik kimi tərcümə edilir. Loyallıq prinsipi J.J.Russo, Ş.Monteskye, T.Hobss və digər Qərb mütəfəkkirlərin əsərlərində təhlil edilib. Loyallıq mövqeyi müəyyən bir sosial qrupun və ya ümumilikdə xalqın hakimiyyətə münasibəti kimi göstərilir. Ancaq müəyyən zamanlarda loyallıq prinsiplərindən çəkinmə vətəndaşlıq mövqeyini heç də inkar etmir, hətta bu mövqeyə sadiqliyi göstərir. Heç bir xalq dövlətinin ərazi bütövlüyünə, müstəqilliyinə təhlükə yarandığı halda loyal qala bilməz. Azərbaycançılıq kontekstində vətəndaşlıq, vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə və dövlətə vahid yanaşma sistemdir. Bu üçlüyün vəhdətində birlik və sabit dövlət quruluşu mümkündür.
Vətəndaşlıq məsuliyyəti
Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyətini hüquqi məsuliyyətin bir növü kimi də nəzərdən keçirirlər. Hər bir kəs hüquq münasibətlərin iştirakçısı olduğuna görə, mülki hüquq münasibətlərində mülki məsuliyyət, cinayət hüquq münasibətlərində cinayət məsuliyyəti, inzibati münasibətlərin subyekti kimi isə inzibati məsuliyyət daşıyır. Məsuliyyət hüquqi xarakter daşıdığı halda fərd qarşısında tələblər vəzifə olaraq qoyulur. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində göstərilir ki, “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”. Konstitusiyanın bu tələbi Vergi Məcəlləsində də öz əksini tapmışdır. Beləliklə, vergi ödəməkdən yayınma inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.
Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyətinin formaları və xüsusiyyətləri müasir konstitusiya hüququ elmində aktualdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin hüquqdan kənar sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır.
Vətəndaşlıq məsuliyyəti isə daha çox mənəvi məsuliyyətlə bağlıdır. Mənəvi məsuliyyət hüquq çərçivəsində olmadığına görə fərdin mənəvi, əxlaq tələblərini pozduğuna görə onun üçün ictimai tənqiddən başqa digər mənfi nəticələr yaranmır. Hətta müəyyən hallarda əxlaqsız hərəkətlər ictimai tənqidə məruz qalmır. Bu, cəmiyyətdə vətəndaşlıq məsuliyyətinin aşağı olduğunu göstərir.
Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.
Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu
Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi! Heydər Əliyevin fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac hiss edirik.
Dahilər ölməz: dövlətçiliyin qurtuluşunun üç aspekti
Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək, dünyanın ən dahi siyasi liderlərindən birinin “siyasi portreti” alınar. Və hər kəs də onu dərhal tanıyar: “Bu, Heydər Əlirza oğlu Əliyevdir. Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən yüksək qiymətləndirilən nadir bir şəxsiyyət”!
Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər araşdırılacaq. Və hər dəfə də yeni bir incəlik tapılacaq. Bu proses sonsuzdur.
1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu. Elə həmin anda da düşmən düşərgəsində təcrübəli bir siyasətçi “biz batdıq” naləsini çəkdi. Həyat həmin erməni kommunist siyasətçinin haqlı olduğunu sübut etdi!
Və hər şey həmin tarixdən – iyunun 15-dən başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Birincisi, dövlətçilik ideyası iflasdan qurtuldu. Çünki dövlət idarəçiliyinin nə olduğunu bilməyən naşı adamlar Azərbaycan cəmiyyətində tədricən müstəqillik ideyası ilə bağlı bədbin əhval-ruhiyyə yaradırdılar. Bir-birini əvəz edən məğlubiyyətlər insanlarda belə bir şübhə yaradırdı: “bəlkə biz, heç müstəqil dövlət qurmağa qadir deyilik?” Tarix göstərir ki, bu pessimizm çox təhlükəlidir və faktiki olaraq millətin öz məğlubiyyətini qəbul etməsinin ilk dərin göstəricisidir.
Əgər cəmiyyətdə dövlət quruculuğuna inam yoxdursa, onu başqa heç bir ideya ilə ayaqda durmağa məcbur etmək mümkün deyildir. Düşmənlər tərəfindən aparılan təxribatçı ideoloji fəaliyyət yaranmış vəziyyəti daha da acınacaqlı edirdi. Bu məqamda siyasət səhnəsinə Heydər Əliyev çıxdı və xalqda dövlət quruculuğuna dərin inam yaratdı! Buna necə nail oldu? Hər şeydən əvvəl, təmkinli, ölçülü-biçili, inamlı və real siyasəti ilə vəziyyəti dəyişdi. Heydər Əliyev müxtəlif bölgələrə səfərləri zamanı siyasi qruplar arasındakı ziddiyyətləri yumşalda bildi və onlara dövlət üçün çalışmağın əsas vəzifə olduğunu anlatdı. Bu zaman Ulu öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu.
Xaricdəki düşmənlər və ölkənin daxilində at oynadan naşı siyasi qruplar anladılar ki, Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq! Bu, ilk qələbə idi!
Dövlətçilik ideyası Azərbaycanda bu cür xilas edildi – xalq müstəqil dövlət qurmağın zəruriliyini tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdi. Və qısa bir müddətdə cəmiyyət Ulu öndərin ətrafında birləşdi. Onun bir çağırışı ilə milyonlarla insanlar meydanlara axışmağa başladılar. Bu məqamda isə bütün dünya anladı ki, Azərbaycana təcrübəli, güclü iradəli və uzaqgörən bir lider başçılıq edir. Onu yolundan döndərmək mümkün deyildir.
Sanki bütün bunları ümumiləşdirərək, məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı.
İkincisi, Heydər Əliyev Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan qurtardı. Bu, böyük və inqilabi bir nailiyyət idi. Məsələ ondan ibarətdir ki, xalq hərəkatı dalğası üzərində siyasətə atılanlar bir tərəfdən, köhnə kommunist nomenklaturasının Kremldən asılı olan qrupları, digər tərəfdən, Azərbaycanda siyasi təfəkkürü məhdud məhəlli çərçivəyə salaraq ondan çıxmasına ciddi maneələr törədən qüvvələri təmsil edirdi. Cəmiyyət ifrat milliyətçiliklə imperiyapərəstlik arasında sıxışdırılıb qalmışdı. Azərbaycanı həqiqi mənada müstəqil edə biləcək və “qızıl orta xətti” təşkil edəcək siyasi təfəkkürün formalaşdırılması həyati tələbata çevrilmişdi. Bunu isə yalnız konkret praktiki addımlarla etmək mümkün idi.
Heydər Əliyev daxildəki radikal qrupları zərərsizləşdirməklə məsələnin bir qismini həll etdi. Bir neçə il siyasət meydanında at oynadanlar artıq arxa plana keçmişdi və xalq onları lider kimi qəbul etmirdi. Lakin Ulu öndər çox gözəl başa düşürdü ki, bu, işin bir qismidir. Ona görə də paralel olaraq siyasi mühitdə ciddi islahatlar aparırdı. Onu üç aspektdə bir-biri ilə uyğunlaşdıraraq həyata keçirirdi – sosial-siyasi sabitlik yaradır, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə çıxarır və neft strategiyasını dövlət quruculuğuna təkan verən faktora çevirirdi.
Sosial-siyasi sabitlik cəmiyyətin siyasi təfəkküründə nizam-intizam yaradırdı. Ona belə bir inam aşılayırdı ki, azərbaycanlılar öz ölkəsində siyasi sabitlik yarada bilərlər. Bu proses günbəgün daha geniş vüsət alırdı. Ermənistanın Azərbaycana təcavüzünün BMT-də müzakirə edilməsi isə dünyaya bu münaqişənin əsl simasını anlatmağa geniş imkanlar yaradırdı. Heydər Əliyev böyük ustalıqla ermənilərin əsl niyyətlərini bütün dünyaya göstərdi. Ancaq Ulu öndər bununla kifayətlənmirdi. Heydər Əliyev 1994-cü və 1995-ci illərdə BMT Baş Assambleyasının yüksək tribunasından Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual parametrlərini dəqiqliklə geniş auditoriyaya çatdırdı.
Ümummilli lider BMT-dəki nitqlərində Azərbaycanın xarici siyasətinin prioritetlərini ifadə etdi, müstəqil dövlətimizin strateji məqsədlərini açıqladı və bütövlükdə qlobal geosiyasəti necə təsəvvür etdiyini lakonik şəkildə bəyan etdi.
Ulu öndər Azərbaycanın xarici siyasətinin qayəsinin sülh, əməkdaşlıq və barış olduğunu yüksək tribunadan bəyanladı. Bu, təcavüzə məruz qalmış bir dövlətin sivil, demokratik mahiyyətindən və vətəndaş cəmiyyətinin formalaşdırılmasının başlıca məqsədlərdən biri kimi tanınmasından xəbər verirdi. Dünya bunu gördü və qəbul etdi.
Heydər Əliyev BMT-dəki çıxışlarında dünya siyasətinin trendlərini çox gözəl təhlil edərək, onlarda məzmun dəyişikliyinin aparılması zərurətini qətiyyətlə vurğulayırdı. O cümlədən böyük dövlətlərin üzərinə dünya nizamını qorumaq kimi müqəddəs bir vəzifənin düşdüyünü xüsusi vurğulayırdı. Ulu öndər İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminin ciddi islahatlara ehtiyacı olduğunu açıq bildirirdi. Bu bağlılıqda Ümummilli lider BMT Təhlükəsizlik Şurasında köklü islahatların aparılması zərurətini vurğulayırdı. Ulu öndər bütün dünya dövlətlərini barış, əməkdaşlıq və sülhə dəvət edir, Azərbaycanın xarici siyasətində bu məqamların əsas yer tutduğunu qeyd edirdi. Bütün bunlar aydın göstərirdi ki, Azərbaycan siyasi təfəkkürü məhdud məhəlli dairəni çoxdan tərk edib və qlobal miqyasda dünyəvi dövlətçiliyin formalaşdırılmasının başlıca prinsiplərini çox gözəl təqdim etməkdədir.
Təbii ki, bu, çox ciddi geosiyasi yenilik idi. Təsadüfi deyil ki, sonralar dünyanın bir sıra aparıcı liderləri Heydər Əliyevlə bağlı müəyyən etirafları etdilər. ABŞ-ın sabiq prezidentlərindən olan Bill Klinton deyəcəkdi: “Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur”.
Birbaşa Heydər Əliyevə müraciətlə isə ifadə etmişdi: “Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Fransanın sabiq Prezidenti Jak Şirak da Heydər Əliyevə olan heyranlığını gizlətmirdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
. Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.
ABŞ-ın keçmiş prezidentlərindən olan Corc Buş isə açıq demişdi: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.
Üçüncüsü, Heydər Əliyev milli ideyanı iflasdan qurtardı. Milli ideya hər bir cəmiyyət üçün mayakdır, onu gələcəyə aparan əsas qüvvədir. O, yalnız cəmiyyət özünün vahid məqsədini müəyyənləşdirdikdə real məzmun kəsb edir. Milli ideya heç zaman boş yerdə yaranmır. Onun konkret prinsipləri olmalıdır. Heydər Əliyev milli ideyanı konkret ideoloji konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun çalarları verdi. Burada vətənsevərlik, vətənpərvərlik və milli dəyərlərin qorunması müasirlik və demokratik cəmiyyətin formalaşması prinsipləri ilə vəhdət təşkil etdi. Bu aspektdə milli ideya ənənə ilə müasirliyin, milli ilə beynəlmiləlin sintezi kimi özünü göstərə bildi. Bütün bunlar isə dövlətçilik şüurunun inkişaf etdirilməsi fonunda konkret məzmun kəsb edə bilər. Heydər Əliyev milli ideyaya XXI əsrin tələblərinə uyğun dövlətçilik şüuru çalarları verməklə sözün həqiqi mənasında inqilabi yenilik edə bildi. Bu baxımdan Heydər Əliyev milli ideyanın həm nəzəri aspektlərini, həm də praktiki reallaşma mexanizmlərini işlədi.
1993-cü ilin birinci yarısına qədər isə milli ideya ciddi təhlükə qarşısında qalmışdı. Cəmiyyətdə dövlətçilik şüuru çox zəif idi və onun inkişaf etdirilməsi üçün heç bir iş görülmürdü. Əksinə, məhdud ideoloji baxışlar cəmiyyəti müxtəlif qruplara parçalamaqda idi. Bu proses davam etsəydi, Azərbaycan cəmiyyətinin bütövləşməsi olduqca çətin bir prosesə çevriləcəkdi. Heydər Əliyev azərbaycançılıqla nəinki cəmiyyətdə deqradasiya prosesinin qarşısını aldı, hətta dövlətçilik şüurunun yeni şəraitə uyğunlaşdırılması istiqamətində ciddi addımlar atdı. Bu bağlılıqda Türkiyənin Baş naziri olmuş, mərhum Bülənd Ecevitin bir fikri çox maraqlıdır. O, ifadə etmişdi: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer isə açıq söyləmişdi: “. Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya hökuməti tərəfindən diqqətlə izlənilir və alqışlanır”.
Yeni demokratik Avrasiya quruculuğu: Heydər Əliyev imzası
Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun Ulu öndər haqqında dedikləri də diqqəti çəkir: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir. Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.
Bu fikirlərdə aydın şəkildə göstərilib ki, Heydər Əliyev tarixi və əfsanəvi bir şəxsiyyət kimi müasir dövrün ən aktual çağırışlarına hazır olub. O cümlədən cəmiyyətin ideoloji cəhətdən hazırlanmasını təşkil edə bilib. Nəticədə, Azərbaycanda başqa yeniliklərlə yanaşı, mədəniyyət və maarifçilik də tərəqqi edib. Daha geniş miqyasda isə Heydər Əliyev demokratik Avrasiyanın yeni tarixinin qurucularından biridir.
Sonuncu məqam Heydər Əliyev şəxsiyyətinin bütün dünya üçün əhəmiyyətini əks etdirir. Avrasiya kimi geniş və ziddiyyətli bir məkanda yeni tarixin yaradıcılarından olmaq böyük qüdrət tələb edir. Heydər Əliyev həyata keçirdiyi siyasətlə bunu yüksək səviyyədə dünyana nümayiş etdirib. Həmin bağlılıqda Ulu öndərin Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilişində göstərdiyi müdrikliyi, təmkini, qətiyyəti və aktivliyi ayrıca vurğulamaq lazımdır. Hələ həmin qanlı-qadalı illərdə Ümummilli lider daim vurğulayırdı ki, Bakı-Ceyhan layihəsi bütövlükdə Avrasiyanın geosiyasi dinamikasını dəyişəcək. Bu layihə geniş bir məkanda inkişafa, əməkdaşlığa və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə xüsusi töhfə verəcək. O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət dəyişikliyi edəcək. Təcrübə Ulu öndərin tam haqlı olduğunu təsdiq etdi. İndi Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır. “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin reallaşdırılmasının fəal üzvüdür, “Yeni İpək Yolu” layihəsində aktiv iştirakçıdır. Bunlar məcmu halında Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə təkan verməkdədir. Bu barədə dünyanın aparıcı siyasi liderləri dəfələrlə fikir bildiriblər. Bugünkü mövqeyə gəlib çıxmaqda Ulu öndərin qlobal miqyasda irəli sürdüyü əməkdaşlıq prinsipləri həlledici rol oynayıb.
Beləliklə, Heydər Əliyevin milli qurtuluş fəlsəfəsinin əsas prinsipləri bütövlükdə dövlətimizi yeni inkişaf səviyyəsinə çıxarmış, onu mühüm geosiyasi oyunçuya çevirmişdir. Təbii ki, bu prosesdə Heydər Əliyevin xarici siyasət kursu ciddi rol oynamışdır. Bu bağlılıqda Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun bir fikrini xatırlamaq tam yerinə düşərdi. O ifadə etmişdi: “. Zənnimcə, Heydər Əliyev dünya siyasətində çox mühüm rol oynamışdır və oynayacaqdır. Bu gün mən onun daha bir keyfiyyətini – bir sıra nəsillər üçün nəzərdə tutulmuş mühüm layihələrə qoşulan böyük dövlət xadimi keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə tarixi fürsət olan İpək Yolunu nəzərdə tuturam. Ən başlıcası, öz xalqından istifadə etmək deyil, əksinə, öz xalqına xidmət etməkdir”. Bu sözlərdə birbaşa Heydər Əliyevin xarici siyasət kursunun yüksək səmərəliliyi əksini tapıb. Ulu öndər böyük ustalıqla Azərbaycanın milli maraqlarını xarici siyasətin hər məqamında ifadə edir və həmişə müsbət nəticəyə nail olurdu.
Xarici siyasət strategiyasının üç aspekti: mükəmməl kurs
Mütəxəssislər Ümummilli liderin xarici siyasət strategiyasının uğurunu üç faktorla izah edirlər. Birincisi, Heydər Əliyev dövrün çağırışlarına cavab verən xarici siyasi strategiyanı müəyyən etdi. Məsələ ondan ibarətdir ki, keçən əsrin 90-cı illəri ümumən qlobal siyasətdə müxtəlif ziddiyyətli məqamlarla xarakterizə olunurdu. Sosialist düşərgəsinin dağılması ilə geosiyasi mənzərənin sadələşəcəyinə və liberalizmin tam qələbə çalacağına ümid edənlərin gözləntiləri özünü doğrultmadı. Meydana daha mürəkkəb problemlər çıxdı. Onların sırasında müstəqilliyini əldə etmiş dövlətlərin suverenliyini, ərazi bütövlüyünü qorumasını və beynəlxalq münasibətlər sistemində həqiqi yerini müəyyənləşdirməsini qeyd etmək olar. Məhz belə bir şəraitdə Ulu öndər Azərbaycanın xarici siyasətini qlobal geosiyasi reallıqları diqqətə alaraq müəyyənləşdirdi.
İkincisi, bu kurs ölkəmizi əhatə edən geosiyasi reallığı dəqiqliklə nəzərə alırdı. Regionda baş verən proseslər və böyük dövlətlərin onda iştirakı olduqca mürəkkəb vəziyyət yaratmışdı. Azərbaycanın bu reallıqları nəzərə alaraq hərəkət etməsi lazım idi. İlk növbədə regionun nüfuzlu dövlətləri olan Rusiya, Türkiyə və İran istiqamətində səmərəli və obyektiv reallığı nəzərə alan kurs müəyyənləşdirilməli idi. Bunların fonunda Dağlıq Qarabağla bağlı süni olaraq yaradılmış münaqişənin xarici siyasət kursundakı yeri və rolu təyin edilməli idi. Həmin faktorları Heydər Əliyev böyük ustalıqla diqqətə aldı və onları zamanın tələblərinə uyğunlaşdırdı.
Üçüncüsü, Ulu öndər xarici siyasət strategiyasını hazırlayarkən xalqımızın zəngin dövlətçilik tarixinin başlıca məqamlarını zərgər dəqiqliyi ilə nəzərə ala bildi. Bu, müasir mərhələdə xarici siyasətdə olduqca mühüm məqamı əks etdirir. Belə ki, bu, milli dövlət quruculuğunun geosiyasi dinamika ilə bağlı əlaqələrinin məzmununu təşkil edir. Həmin səbəbdən Azərbaycan xalqının dövlətçilik tarixindən nəticələr çıxarmaqla xarici siyasət kursunun prinsiplərinin müasir şəraitə uyğunlaşdırılması strateji əhəmiyyət daşıyır.
Bununla da müasir Azərbaycan dövlətçiliyi tarixində xarici siyasətin mükəmməl konsepsiyasının başlıca prinsiplərinin formalaşdırılması imkanı meydana gəldi. Həmin kontekstdə Heydər Əliyevin xarici siyasət strategiyasında bir sıra faktorları baza prinsiplər olaraq müəyyən etməsi vurğulanmalıdır. Onlar aşağıdakılardan ibarətdir.
Hər şeydən əvvəl, Ulu öndər ölkəmizin təbii-coğrafi şəraitini, geosiyasi amilləri və yerləşdiyimiz ərazinin geostrateji əhəmiyyətini xarici siyasət kursunun əsas faktorları sırasına daxil etdi. Digər prinsip tarixi reallıq və ondan çıxarılan nəticələrlə bağlı idi. Növbəti faktor olaraq tarazlaşdırılmış və çoxqütblü xarici siyasət zərurətini qeyd etmək gərəkdir. Sonra, Ulu öndər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazimizin 20 faizinin işğalı faktını incəliklə xarici siyasət kursunun məzmununa daxil etdi. Bu kontekstə başqa bir vacib faktoru – erməni lobbi dairələrinin ölkəmizə qarşı apardığı düşmənçilik və qarayaxma siyasətinə qarşı sistemli mübarizə xəttinin də xarici siyasətdə yerini tapmasına nail oldu.
Növbəti çox əhəmiyyətli məqam ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat-logistika imkanlarına malik olmasının xarici siyasət strategiyasının mərkəzi punktlarından biri statusuna gətirilməsi ilə əlaqəlidir. Bu məsələ yalnız Azərbaycanın diplomatiya tarixində deyil, ümumiyyətlə, bütün dünya üçün əhəmiyyətli olan incə siyasətlə bağlıdır. Dünyanın aparıcı ölkələrinin siyasi liderləri həmin məqamı daim vurğulayırlar. Bu bağlılıqda Bill Klintonun Heydər Əliyevə xitabən dediklərinin bir fraqmentini xatırlamağa dəyər. ABŞ-ın sabiq Prezidenti ifadə etmişdi: “Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır”. Təcrübə bu tezisin doğruluğunu tam təsdiqləmişdir.
Digər məqam xarici siyasətdə müasir tələblər səviyyəsində Azərbaycanın insan resursları və iqtisadi potensialının dəqiqliklə nəzərə alınması ilə əlaqəlidir. İndiki mərhələdə bu reallığın nəzərə alınmaması müstəqillik və suverenlik üçün ciddi təhlükədir. Bunu Ukrayna və Gürcüstanın timsalında aydın görmək mümkündür. Azərbaycan isə Ümummilli liderin uzaqgörənliyi sayəsində həmin ziddiyyətləri yaşamadı. Ölkənin insan resursları və iqtisadi potensialı ustalıqla xarici siyasət kursunda istifadə edildi və bu proses indi də uğurla davam etdirilir.
Nəhayət, xarici siyasət strategiyasında xalqımızın zəngin tarixi, mədəniyyəti və multikultural ənənələri lazımi səviyyədə diqqətə alındı. Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqının tarixi, mədəni və multikultural ənənələrinə daim diqqət və qayğı göstərib. Hələ sovet dönəmində yüksək vəzifələrdə çalışarkən bu məqama ayrıca önəm verib. Deyək ki, SSRİ zamanında milli kadrların yetişdirilməsi xətti ilə yanaşı Azərbaycanın böyük ədibləri, mədəniyyət xadimləri, milli bayramları, dili ilə bağlı çox əhəmiyyətli addımlar atırdı. Məhz bu kimi faktorların sayəsində Azərbaycan öz milli-mədəni varlığını qoruya bildi. Müstəqillik mərhələsində isə həmin faktorlar tamamilə yeni məzmunda xarici siyasət kursunun prinsipləri sırasına daxil edildi. Heydər Əliyevin siyasət dahisi olmasının əsas göstəricilərindən biri məhz bununla bağlıdır. Bu baxımdan bir müddət ziddiyyətli münasibətlərimiz olmuş İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəminin Ulu öndər haqqında dedikləri ibrətamizdir. O, vurğulamışdı: “Heydər Əliyev yenicə ayağa qalxan Azərbaycan Respublikasının sabitlik və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı, asayişi naminə səy göstərmiş təcrübəli və məşhur siyasət xadimi olmuşdur. Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir”. Buradan aydın görünür ki, Heydər Əliyev böyük ustalıqla Azərbaycan xalqının milli-mədəni özünəməxsusluğu ilə regional miqyasda sülh və əmin-amanlığın təmin edilməsi arasında uğurlu əlaqə yarada bilmişdi.
Təbii ki, Heydər Əliyevin xarici siyasət kursundan bəhs edərkən bu böyük şəxsiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində atdığı addımları vurğulamamaq mümkün deyildir. Müasir müstəqillik tarixində ilk dəfə olaraq Heydər Əliyev bu məsələni konseptual formada Azərbaycanın xarici siyasət kursunun prioritet məsələləri sırasına daxil etdi. Bu, mövcud geosiyasi reallıqlar kontekstində asan məsələ deyildi. Çünki bir tərəfdən qlobal geosiyasətin özü müxtəlif problemlərlə üzləşmişdi. Böyük dövlətlər xüsusi maraqlarını daha üstün tutaraq ədalət hissini tamamilə itirmişdilər. Digər tərəfdən isə təcavüzkar Ermənistanı havadarları aktiv şəkildə müdafiə edirdilər və bu, indi də davam etməkdədir.
Belə mürəkkəb şəraitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin incəliklə xarici siyasət kursuna mühüm faktor kimi daxil edilməsi böyük diplomatik ustalıq tələb edirdi. Heydər Əliyev onun ən səmərəli üsulunu tapa bildi. Nəticədə, beynəlxalq təşkilatlar sürətlə həqiqəti öyrəndi, müxtəlif sənədlərdə Ermənistanın təcavüzkarlığı vurğulandı, regionun böyük dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər, BMT erməni təcavüzünə son qoyulması ilə bağlı dörd qətnamə qəbul etdi və ATƏT münaqişəni sülh yolu ilə həll etmək üçün xüsusi qrup (ATƏT-in Minsk qrupu) yaratdı. Çoxillik gərgin fəaliyyət Ermənistanın təcavüzkarlığını bütün dünyaya nümayiş etdirməyə imkan yaratdı. Prezident İlham Əliyev sonrakı mərhələdə bu istiqamətdə dalbadal uğurlu addımlar ataraq, Ermənistanın küncə sıxışdırılması prosesini yeni səviyyəyə yüksəltdi. Artıq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağın mövcud statusunun dəyişilməz qalmasının mümkün olmadığını bəyan edirlər. Bu o deməkdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə öz ədalətli həllini tapa bilər.
Bunlardan başqa, Heydər Əliyevin xarici siyasət strategiyasında yeni demokratik Avrasiya quruculuğu aspekti “Böyük İpək Yolu” layihəsinə verdiyi önəmdə də ifadə olunmaqdadır. Hələ keçən əsrin 90-cı illərinin ortalarında postsovet məkanında liberalizmin dəbdə olduğu bir zamanda Heydər Əliyev Çinə səfər etdi. O vaxt bu səfərin strateji əhəmiyyətini çox az adam anlaya bildi. Lakin təcrübə göstərdi ki, Ulu öndər olduqca uzaqgörən addım atıb. Belə ki, Çin coğrafi olaraq Azərbaycandan uzaq olsa da, geosiyasi olaraq çox yaxındır və yeni Avrasiyanın inşasında Pekin faktorunu nəzərə almadan heç bir iş görmək mümkün deyildir. İndi bütün dünya ağızdolusu Çinin təşəbbüskarı olduğu “Bir Qurşaq, Bir Yol” qlobal layihəsinin perspektivindən danışır. Yüzlərlə ölkənin bu layihəyə qoşulmaq istəyi haqqında informasiyalar yayılır. Hətta Ermənistan belə bundan yararlanmağa çalışır. Ancaq faktdır ki, keçən əsrin 90-cı illərində bu günü görənləri barmaqla saymaq olardı. Onların önündə Azərbaycanın lideri Heydər Əliyev gedirdi. Onun əsasını qoyduğu Çin siyasəti özünün bəhrəsini yüksək səviyyədə verməkdədir. Xarici siyasətin digər prioritetləri ilə birgə Çin siyasəti Azərbaycanı Cənubi Qafqazın geosiyasi “düyün nöqtəsi” statusuna qədər yüksəldib. Hazırda ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin qovuşma məkanı, “Yeni İpək Yolu” layihəsinin fəal iştirakçısı və bir neçə əhəmiyyətli enerji layihələrinin təşəbbüskarıdır. TAP, TANAP, “Cənub Qaz Dəhlizi” və başqa layihələr qlobal enerji təhlükəsizliyinin mərkəzi bəndlərini təşkil edir. Nəqliyyat layihələri isə ümumiyyətlə, geosiyasi əhəmiyyətli hadisələrdəndir.
Azərbaycan faktiki olaraq xarici siyasətin bütün istiqamətlərində uğur qazanan və onları bir-biri ilə uyğunlaşdıra bilən perspektivli dövlətdir. Ölkəyə etibarlı tərəfdaş kimi yanaşırlar. Buraya xarici iş adamları külli miqdarda sərmayə yatırmaqdan çəkinmirlər. Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Və həmin irəliləyişim memarı Ulu öndər Heydər Əliyevdir.
Beləliklə, Heydər Əliyevin Azərbaycana, regiona və dünyaya ciddi töhfələr verdiyi hamılıqla tanınan faktdır. Onun dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Ümumiyyətlə, Ulu öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük siyasət xadimini yetişdirməsi idi. Bu, əslində, Heydər Əliyevin Vətən sevgisindən, siyasi peşəkarlığından, milli dəyərlərə ciddi bağlılığından qaynaqlanır. Yəni Ulu öndər müstəqil Azərbaycan naminə yalnız yaşadığı dövrü deyil, gələcəyi də düşünüb! Buna görə də Ulu öndər ümummilli lider kimi həmişəyaşardır, xalqın qəlbində, dövlətin bütün istiqamətlər üzrə aparılan uğurlu siyasətinin ruhundadır.
Novruz Məmmədov,
Azərbaycan Respublikası Prezidentinin
xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
İnsanın mahiyyəti
Müasir elmin nailiyyətinə əsaslanaraq təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur. Burada bioloji amillərlə yanaşı sosial amillər də mühüm rol oynamışdır və yenə də oynamaqdadır. Bununla əlaqədar insanın yüksək səviyyədə inkişaf etmiş heyvanlardan əsas fərqini, fakt və proseslərin elmi izahı ilə göstərmək vacibdir.
Homo Sapiens (ağıllı insan) evolyusion inkişafın müəyyən mərhələsində heyvanlar aləmindən ayrılmışdır. Bu proses nə qədər davam etmişdir, bu cür çevrilmənin mexanizmi necə olmuşdur– suallarına müasir elm tam dəqiqliklə cavab verə bilmir. Bu da təəccüblü deyildir. Çünki canlının cansızdan əmələ gəlməsini izah etməkdən ötrü elm hələ də kifayət qədər faktlara malik deyildir. Kifayət qədər faktların olmaması, yeni kəşflərin indiyə qədər insana olan baxışları alt– üst etməsi insanın mahiyyəti və təbiəti haqqında müxtəlif konsepsiyaların yaranmasına gətirib çıxarmışdır. Həmin konsepsiyaları şərti olaraq rasionalist və irrasionalist adlandırıb iki qrupa bölmək olar. İrrasionallıq qrupuna: eksiztensializm, neotomizm, freydizm cərəyanları daxildir. Onların baxışlarına görə, insanın fəaliyyəti, daha geniş şəkildə götürsək, insanın varlığı izahedilməz daxili motivasiya, arzu, istək və s. təzahürü mövqeyindən təhlil edilməlidir. Bu zaman bir qayda olaraq bu hadisələr yalnız qeyd olunur. Birinci sıraya fəaliyyətinin şərtləri deyil, onun təbiəti və məzmunu deyil, guya insanın mahiyyətini müəyyən edən bir sıra xassələrinin xarakteristikasının təsviri çıxır. Bəzi müəlliflərin fikrincə, həmin konsepsiyalarda səbəb– nəticə əlaqələrini axtarmaq faydasızdır. İnsanın mahiyyəti haqqında ancaq çoxsaylı təzahürlər, manifestasiyalar, daha dəqiq desək insanın hisslərinin qəbul etdiyi kimi mühakimə yürütmək olar. Belə çıxır ki, insanın daxili aləmi haqqında onun hərəkəti, əməli, arzusu, fikri və istəklərinə əsasən danışmaq mümkündür. Bütün bunlarda arqumentli bir izah kimi qəbul edilə bilən qanun halında bir əsas tapmaq qeyri– mümkündür. Əgər belədirsə, onları axtarmaq lazımdır, ancaq faktları, hadisələri, prosesləri etiraf etmək (qeydə almaq) kifayətdir. Məsələnin bu cür qoyuluşu və həlli praktiki olaraq insanın fəaliyyətini determinə edən əlaqələrini, yaxud qanunları izah etməyi istisna edir. Nümunə kimi biz ekzistensialist filosofların fikirlərinə müraciət edə bilərik. Məsələn, fransız filosof– ekzistensialist yazıçısı Alber Kamyu (1913– 1960) həyata irrasional absurd bir proses kimi məna və qanunauyğunluğa malik olmayan bir proses kimi baxmışdır. Burada başlıca rol təsadüfə məxsusdur. A.Kamyu yazırdı: «İnsan dünyanın irrasionallığı ilə toqquşur. O, hiss edir ki, xoşbəxtlik və ağıllı olmağı arzu edir. Bu toqquşmada insanın qabiliyyəti (həvəsi) ilə dünyanın ağılsız susmağı arasında absurd yaranır. İntellekt nöqteyi nəzərindən mən deyə bilərəm ki, absurd insanda deyil, dünyada deyil, onların birlikdə olmağındadır».
Bütövlükdə irrasionalist idrakda ağılın rolunu inkar edən) konsepsiya bəzən insanın bir sıra xassə və cəhətlərini çıxarsa belə, məntiqi şəkildə işlənmiş nəzəriyyə vermir, hətta insanın mənşəyi haqqında hipotezlər belə deyə bilmir.
İnsan haqqında müasir təsəvvürlər irrasionalist mütəfəkkirlərin nəaliyyətlərini nəzərə alsa da, ən rasionalist– materialist və idealist baxışlara əsaslanır. Onların arasında insanın təbiətinin izahı haqqında marksist nəzəriyyəsini də qeyd etmək lazımdır. Özlərinə qədərki nəzəri və empirik fikrə dərindən yiyələnmiş marksizm klassikləri «Alman ideologiyası» əsərində yazırdılar: «İnsanları heyvanlardan şüura görə, dinə görə– ümumiyyətlə istənilən hər şeyə görə fərqləndirmək olar. Onların özləri bədənlərinin quruluşundan asılı olan addımı ataraq, özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməyə başlayan kimi özlərini heyvanlardan fərqləndirməyə başlamış olurlar. İnsanlar özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməklə öz maddi həyatlarının özünü də dolayı yolla istehsal edirlər.
İnsanlar özləri üçün zəruri olan həyat vasitələri istehsal edərkən işlətdikləri üsul, hər şeydən əvvəl, onların hazır şəkildə tapdıqları və yenidən hasil edilməsi lazım gələn həyat vasitələrinin özünün xassələrindən asılıdır» . Burada bir şey daha tez diqqəti cəlb edir ki, maddi istehsal insanın heyvan vəziyyətindən çıxmasında, onun mədəniləşməsində başlıca kriteriya rolunda çıxış edir. Əslinə qalanda istehsalsız hətta primitiv insan birliyinin yaranması da qeyri– mümkündür. Əgər müasir insan cəmiyyətlərindən söhbət gedərsə, nə milli dövlət çərçivəsində, nə planetar miqyasda birgə fəaliyyət olmadan onun mövcudluğu qeyri– mümkündür. Homo sapiens– in əsas fərqləndirici cəhəti, əlaməti kimi istehsal fəaliyyəti çıxış edir. İnsanın sosial– bioloji (antropososiogenez) təkamülündə mühüm yeri F.Engels tərəfindən irəli sürülən, sonralar isə sovet antropoloqları və arxeoloqları tərəfindən inkişaf etdirilən «meymunun insana çevrilməsi prosesində əməyin rolu» hipotezidir. Əvvəlcə əmək, sonra isə onunla birlikdə səhih nitq elə iki ən başlıca amil olmuşdur ki, bunun nəticəsində insan beyni daha da inkişaf etmişdir. Beyin və ona tabe olan hisslərin, getdikcə daha çox aydınlaşan şüurun, mücərrədləşdirmə və əqli nəticə çıxarmaq bacarığının inkişafı əməyə və dilə əks təsir göstərərək, bunların hər ikisinin daha da inkişafına getdikcə yeni– yeni təkanlar vermişdir.
Müxtəlif xalqlarda və müxtəlif dövrlərdə dərəcəsi və istiqaməti müxtəlif olan bu inkişaf yerli və müvəqqəti hərəkətlər üzündən bəzən hətta kəsilmişsə də, hazır insanın peyda olması ilə əlavə bir yeni ünsürün– cəmiyyətin yaranması sayəsində, bir tərəfdən yeni– qüvvətli bir təkan, digər tərəfdən isə daha müəyyən bir istiqamət alaraq, bütünlükdə qüdrətli addımlarla irəliləmişdir. Lakin insanlar heyvanlardan nə qədər çox uzaqlaşırlarsa, onların təbiətə göstərdikləri təsir bir o qədər müəyyən, qabaqcadan məlum olan məqsədlərə çatmaq üçün aydın niyyətlə və müntəzəmliklə icra edilən hərəkətlər xarakteri alır. Qısasını desək, heyvan xarici təbiətdən ancaq istifadə edir və sadəcə olaraq özünün mövcud olması ilə bu təbiətdə dəyişikliklər əmələ gətirir, insan isə öz yaratdığı dəyişikliklərlə təbiəti öz məqsədlərinə xidmət etməyə məcbur edir. Onun üzərində hökmranlıq edir. Bu insanın heyvanlardan sonuncu fərqidir və bu fərqə də insan yalnız yenə əmək sayəsində nail olmuşdur.
Hələ XIX əsrin 2– ci yarısında F.Engels indiki ekoloji böhran təhlükəsini görərək təbiət üzərindəki qələbələrlə öyünməməyi məsləhət görmüşdür ki, hər bir qələbə üçün təbiət bizdən intiqam alacaqdır.Onun fikrincə, təbiət üzərində heç də istilaçının özgə xalq üzərində hökmranlıq etdiyi kimi, təbiətdən kənarda olan kimsənin təbiət üzərində hökmranlıq etdiyi kimi hökmranlıq etməməliyik. Əksinə, biz bütün canımız, qanımız və beynimizlə təbiətə mənsubuq, onun daxilindəyik və təbiət üzərindəki, bütün hökmranlığımız ondan ibarətdir ki, bütün başqa vücudlardan fərqli olaraq, biz təbiət qanunlarını dərk edib bunları düzgün tətbiq edə bilərik.(F.Engels). Əgər biz təbiət üzərindəki hökmranlığımızın mahiyyətini dərk ediriksə, istehsal sahəsindəki fəaliyyətimizin nəticələrini nəzərə ala biliriksə, bu isə bir fakt olaraq nə qədər qəti şəkil alırsa, insanlar bir o qədər artıq dərəcədə özlərinin təbiətlə birliyini yenidən nəinki yalnız hiss edəcək, habelə dərk də edəcəkdir, beləliklə də ruhla materiya, insanla təbiət, canla bədən arasında nə isə bir əksliyin olması haqqında mənasız və təbiətə zidd təsəvvür bir o qədər qeyri– mümkün olacaqdır, bu təsəvvür isə klassik qədim dünyanın tənəzzülü zamanından bəri Avropada yayılmış və xristianlıqda ən yüksək inkişafını tapmışdır (F.Engels).
Əməyi təhlil edərkən görürük ki, əməyin özü təbii prosesdir. Çünki o, insanın mövcudluğunun təbii şəraitini təmin edir. Əvvəllər sosial cəhət o qədər də nəzərə çarpmasa da, müəyyən dövr keçdikdən sonra əməyin sosial əhəmiyyəti daha çox özünü büruzə verir. Əməklə bərabər nitq də insan psixikası və təfəkkürünün yaranması və inkişafına mühüm təsir göstərir.
K.Marks və F.Engels. Üç cildlik seçilmiş əsərləri, 1– ci cild, s.9.
Comments are closed, but trackbacks and pingbacks are open.