Qrafika ustaları
Rəssamın Nizaminin “Xəmsə”sinin süjetləri əsasında Buzovna Mədəniyyət Evinin foyesində yaratmış olduğu mozaik təsvirlər olduqca şairanə və lirik notlarla süslənmişdi.
Rəssamlıq sənətimizin əvəzsiz korifeyi – Qəzənfər Xalıqov
Azərbaycan təsviri sənət tarixində iz qoymuş sənətkarlardan biri də odur. Rəngkarlıq və qrafika, həmçinin, teatr dekorasiya və kino rəssamlığı, eləcə də monumental boyakarlıq sahəsində onun yaddaqalan bədii yaradıcılıq fəaliyyəti olub. Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqovdan (16.12.1898-01.03.1981) söhbət gedir.
Çoxşaxəli bədii yaradıcılıq diapazonuna malik Q.Xalıqov Bakı yaxınlığında yerləşən Qobu qəsəbəsində anadan olmuşdu. Atası oğlunu gələcəkdə savadlı görmək istəyirdi. O, oğlunun molla məktəbində təhsil almasını istəmirdi. Atası Q.Xalıqovu “Səadət” məktəbində təhsil almaq üçün Bakı şəhərinə yollayır. Q.Xalıqov burada təhsil alır və sonra Azərbaycan Ali Rəssamlıq Məktəbinə daxil olur. Burada o, M.Gerasimovdan sənətin sirlərinə yiyələnir və gələcəyin tanınmış rəssamları Rüstəm Mustafayev, Əmir Hacıyevlə tanış olur və dostluq etməyə başlayır.
Q.Xalıqov Rəssamlıq Məktəbini (1928) bitirdikdən sonra müstəqil rəssamlıq fəaliyyəti ilə məşğul olmağa başlayır. O, dahi yazıçımız C.Məmmədquluzadənin dəvəti ilə məşhur “Molla Nəsrəddin” jurnalında karikaturalar dərc etdirir. Rəssam həmçinin, “Gənc işçi”, “Yeni yol” qəzetləri, “İnqilab və Mədəniyyət”, “Kirpi” jurnallarında karikaturalar çap etdirmişdi. Rəssam C.Məmmədquluzadə ilə tanışlığı və məşhur jurnalla əməkdaşlığı ilə bağlı “Bakı” qəzetinin 27 may 1967-ci il nömrəsində yazırdı: “Atam “Molla Nəsrəddin” jurnalına abunəçi idi. Onun hər nömrəsi mənim üçün toy-bayrama çevrilirdi. Birinci növbədə jurnalın böyük satirik qüvvəyə malik olan canlı və cəlbedici şəkillərinə baxmaqdan doymazdım. Deyə bilərəm ki, mənim bir rəssam kimi yetişməyimə də əsas səbəb bu olmuşdur. 1924-25-ci illərdə mən “Gənc işçi” qəzetində rəssam işləyirdim. Bir gün işə gələndə mənə dedilər ki, səni “Molla Nəsrəddin” jurnalına çağırırlar. Getdim. Çox sıxıldığımı görən Mirzə Cəlil dedi ki, cavan rəssamsan, gəl bizim jurnalda da qələmini işlət. Dedim ki, sizin jurnalda işləmək üçün kifayət qədər təcrübəm yoxdur. Bunun cavabında Mirzə Cəlil mənə dedi: “Hamı əvvəl təcrübəsiz olur. Heç kəs birdən-birə böyük rəssam olmayıb. Görürsən, bu saat bizim rəssamlarımız azdır. Gərək cavanlardan təzə-təzə rəssamlar yetişsin”. Mirzə Cəlil məni işə həvəsləndirdi. Bir azdan artıq jurnalın əsas rəssamlarından biri oldum. Mövzunu özü verirdi. Bir gün qabaq hadisəni nağıl edir, ya da materialı verir, deyirdi oxu, bunun əsasında karikatura çək. Şəkil hazır olanda Mirzə onu diqqətlə nəzərdən keçirir, bəzən də göstərişlər verir, yenidən işlədirdi. Bəli, “Molla Nəsrəddin” mənim gələcək yaradıcılığım üçün böyük bir məktəb oldu, məndə satiraya xüsusi meyl oyatdı”.
Q.Xalıqovun uğurlu rəngkarlıq işlərindən “Qadınlar şöbəsi” (1930), “Firdovsinin dəfni” (1934), “Çoban Cümşüdün portreti” (1937), “Həyat yoldaşının portreti” (1939), “Nizaminin portreti” (1940) və başqa əsərlərini xüsusi qeyd etmək olar.
Q.Xalıqov mədəniyyət tariximizdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını yaradan sənətkar kimi əbədi qalacaq. 1939-cu ildə şairin bədii obrazının yaradılması ilə bağlı rəssamlar arasında müsabiqə elan edilir. Müsabiqədə Xalq rəssamı Q.Xalıqovla yanaşı, Xalq rəssamları Kamil Xanlarov, Tağı Tağıyev, Əməkdar incəsənət xadimləri Reyhan Topçubaşova, Mürsəl Nəcəfov və başqaları iştirak etmişdilər. Müsabiqəyə Azərbaycan rəssamları ilə yanaşı, keçmiş SSRİ məkanının mərkəz şəhərləri Moskva, Sankt-Peterburq, Tbilisi və başqa şəhərlərdən 30-a qədər portret təqdim olunmuşdu.
Müsabiqənin birinci mərhələsində iştirak etməyən Q.Xalıqov, buna baxmayaraq, mütəfəkkir şairin dərin bədii əhəmiyyətə malik, dolğun portret cizgilərini yaratmağa müvəffəq olmuşdu. Məşhur şərqşünas və Nizami irsinin araşdırıcısı Yevgeni Bertels bu portret haqqında qeyd edirdi ki, “portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi”. Akademiklər – şərqşünas Y.Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı öz elmi məsləhətləri ilə portretin ərsəyə gəlməsində rəssama yaxından kömək etmişdilər. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu portret müsabiqəyə təqdim edilmiş və birinciliyə layiq görülmüşdü. Beləliklə, şairin bundan sonra rəssamlar tərəfindən yaradılacaq bütün obrazlarında rəssam Q.Xalıqovun yaratmış olduğu Nizaminin surəti prototip kimi qəbul edildi.
Q.Xəlilov qrafika sahəsində də uğurlu əsərlər müəllifi kimi diqqəti cəlb edir. Onun müstəqil qrafika işləri və kitab qrafikası sahəsində yaratmış olduğu sənət nümunələri özünün professional işlənilmə ustalığı və bədii sənətkarlıq xüsusiyyətləri ilə tamaşaçını valeh edir. Rəssam “Koroğlu” (1943), “Koroğlu at belində” (1944), “Xaqani Şirvani” (1953), “Xaqani zindanda” (1954), “Məhəmməd Füzul” (1958) kimi, kömür və avarel texnikasında işlənilmiş qrafik portretləri ilə estetik zövq bəxş edən, yadda qalan bədii surətlər yaradıb. Q.Xalıqov şair və yazıçılarımızın əsərlərinin süjetləri əsasında illüstrasiyalar çəkmiş və kitablarının bədii tərtibatını hazırlamışdı.
Rəssamın kitab illüstrasiyaları özünün məna-məzmun dolğunluğu ilə seçilir və müstəqil əsər təəssüratı bağışlayır.
Qeyd olunanlara örnək olaraq, rəssamın M.Seyidzadənin “Nərgiz” poemasına (1935), N.Gəncəvinin “Xosrov və Şirin” (1940), “İsgəndərnamə” (1953) poemalarına çəkdiyi illüstrasiyaları və Ş.Rustaveli “Pələng dərisi geymiş pəhləvan” (1937), Ə.Vahid “Qəzəllər” (1938), S.Rəhimov “Aynalı” (1942), A.Şaiq “Qoçpolad” (1946), S.Vurğun “İstiqbal təranəsi” (1947) kitablarına verdiyi bədii tərtibatı göstərə bilərik.
Rəssamın plakat yaradıcılığından bir nümunə olan “Molla Pənah Vaqif” plakatı da diqqəti cəlb edir. Plakatda sağ tərəfdə ölməz şairimiz Vaqifin profildən aydın cizgilərlə çöhrəsi, sol tərəfdə bir bənd şeiri və mərkəzdə mürəkəb qabında lələk təsvir olunub.
Q.Xalıqov eyni zamanda, teatr dekotasiya və kino rəssamlığı sahəsində çalışaraq, Ü.Hacıbəylinin “Koroğlu” (1938), R.Qlierin “Şahsənəm” (1938) operalarının, həmçinin, “Sehrli xalat” (1964), “İstintaq davam edir” (1966) kinofilmlərinin geyim eskizlərini incə bədii zövqlə hazırlamışdı.
Rəssamın Nizaminin “Xəmsə”sinin süjetləri əsasında Buzovna Mədəniyyət Evinin foyesində yaratmış olduğu mozaik təsvirlər olduqca şairanə və lirik notlarla süslənmişdi.
Rəssamın Nizaminin əsərlərinə yaratmış olduğu məşhur eskizlər əsasında tanınmış xalçaçı-alim Lətif Kərimov süjetli xalçalar, medal sənətinin tanınmış nümayəndəsi P.Xryunov Bakıdakı Nizaminin heykəlinin postamentinə tuncdan barelyeflər hazırlamışdı.
Q.Xalıqovun çoxşaxəli bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1973) fəxri adlarına layiq görülüb, xüsusi mükafat və medallarla təltif olunub. Rəssamın əsərləri ölkəmizin ən nüfuzlu muzeylərində saxlanılır, mühafizə və nümayiş olunur.
Əsəd QULİYEV
Sənətşünas, AMEA-nın dissertantı
Qrafika ustaları
Qəzənfər Xalıqov (1898-1981)
Qəzənfər Xalıqov Azәrbaycan Dövlәt Rәssamlıq Texnikumunda təhsil almışdır. “Molla Nəsrəddin” jurnalında karikaturaçı kimi çalışmışdır. Həmçinin teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərmişdir, qrafika ilə məşğul olmuşdur. 1973-cü ildən Azərbaycan Xalq rəssamıdır.
İsmayıl Axundov (1907-1969)
İsmayıl Axundov 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat fakültəsinə daxil olmuşdur. 1932-ci ildən Azərbaycan Dövlət Nəşriyyatın qrafika bürosuna rəhbərlik etməyə başlamışdır.
İ. Axundov 1937-ci ildən 1940-cı lə qədər Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru, 1940-cı ildən Nizami adına Ədəbiyyat Muzeyinin direktoru və baş rəssamı olmuşdur.
O, 1937-ci ildən M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında və respublikanın başqa teatrlarında işləmiş, bir sıra tamaşalara tərtibat vermişdir. C. Cabbarlının «Yaşar» (1932 – 1933), M. F. Axundovun «Hacı Qara» (1938), S. Vurğunun «Vaqif» (1938), A. N. Ostrovskinin «Günahsız müqəssirlər» (1943) İ. Axundovun ən yaxşı işlərindəndir.
O, siyasi plakat sahəsində də geniş fəaliyyət göstərmiş, xüsusilə Böyük Vətən müharibəsi illərində «Agit-pəncərə» üçün 100-dən artıq antifaşist plakat çəkmişdir. İ. Axundov 1952-ci ildən satirik «Kirpi» jurnalında əməkdaşlıq etmişdir.
İ. Axudov Ümumittiaq Kənd Təsərrüfatı Sərgisində Azərbaycan SSR pavilyonunun baş rəssamı olmuşdur. Bir sıra yubiley sərgilərinin bədii tərtibatı da İ. Axundova təpşırılmışdır.
Təsviri incəsənət sahəsindəki xidmətlərinə görə ona Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940), SSRİ Dövlət mükafatı layreatı (1944), Azərbaycan SSR Xalq rəssamı kimi (1960) fəxri adlar verilmiş, «Şərəf nişanı» və “Qırmızı Əmək Bayrağı” ordeni ilə (1967) təltif olunmuşdur.
O, bir neçə il Azərbaycan Rəssamlar İttifaqının sədri və məsul katibi vəzifəsində çalışmış, Bakı şəhər sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Ələkbər Rzaquliyev (1903-1974)
Ələkbər Rzaquliyev Azərbaycan məişətinin xarakterik səhnələri təsvir olunan boyakarlıq əsərləri çəkmişdir («Azərbaycanlı qadın», 1926; «Pəhləvanlar», 1926; «Mollaxana», 1927).
Rzaquliyev qrafika sahəsində daha geniş fəaliyyət göstərmiş, «Köhnə Bakı» silsiləsi (1958-72), «M. Ə. Sabir» (1963), «Bakılılar Berlində» (1968), «V. İ. Lenin və Azərbaycan rəhbərləri» (1970), «Çaybecərənlər» (1972), «Azərbaycan madonnası» (1973) və s. linoqravüralar yaratmışdır.
Əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), R. Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Şəkil Qalereyası və digər muzeylərdə saxlanılır
Maral Rəhmanzadə (1916-2008)
Maral Rəhmanzadə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1930-1933) və Moskva Rəssamlıq İnstitutunda (1934-1940) təhsil almışdır.
Dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, 1940, “Qadınlar müharibə illərində”, 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır.
Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Bir sıra xarici ölkələrdə olmuş, həmin ölkələrin həyatından silsilə qravüralar yaratmışdır (“Çexoslovakiyada”, 1959-1960).
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilmişdir. Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Cəmil Müfidzadə
Cəmil Müfidzadə Xarkov Rəssamlıq İnstitutunda təhsil almışdır. 1957-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Milli təsviri sənətin inkişafındakı xidmətlərinə görə Respublikanın Əməkdar (1982) və Xalq rəssamı (2002) fəxri adlarına layiq görülmüşdür. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasının müdiridir.
Qezenfer Xaliqov – Wikipedia
Qəzənfər Ələkbər oğlu Xalıqov ( 16 dekabr 1898 , Bakı , Bakı quberniyası , Rusiya imperiyası – 1 mart 1981 , Bakı ) — Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı (1973). [1]
| Qəzənfər Xalıqov | |
|---|---|
| Doğum tarixi | 16 dekabr 1898 |
| Doğum yeri | Qobu, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
| Vəfat tarixi | 1 mart 1981 (82 yaşında) |
| Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Milliyyəti | azərbaycanlı |
| Vətəndaşlığı | Rusiya imperiyası AXC SSRİ |
| Fəaliyyəti | rəssam |
| Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Texnikumu |
| Janr | qrafika |
| Tanınmış işləri | “Nizaminin portreti” “Firdovsinin dəfni” |
| Mükafatları | 1973 1959 |
Mündəricat
Qəzənfər Xalıqov 16 dekabr 1898-ci ildə Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumundan məzun olmuşdur.
1929–1930-cu illərdə “Molla Nəsrəddin”, 1953–1958-ci illərdə “Kirpi” jurnallarında, “Gənc işçi” qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir. [1] 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi sərgisi üçün “Firdovsinin dəfni” əsərini yaratmışdır [2] . 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı “Nizaminin portreti” əsərini ərsəyə gətirərək şairin portretini yaratmış ilk rəssam olur. “Leyli və Məcnun”, “Əsli və Kərəm” kimi tamaşaların səhnə və geyim tərtibatını vermişdir. O, bir sıra plakat, teatr eskizləri, qrafik silsilələrin (“Neft”) müəllifidir.
Q. Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat etmişdir. Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılmışdır. [3] “Xosrov və Şirin” (1940), “İsgəndərnamə” (1953) akvarel işləri Azərbaycan Milli İncəsənət Muzeyində, “Nizaminin portreti” Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, 17 əsəri isə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.
Mükafatları
- “Azərbaycan SSR xalq rəssamı” fəxri adı — 12 oktyabr 1973 [⇨]
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — 23 aprel 1940 [⇨]
- “Qırmızı əmək bayrağı” ordeni
- “Şərəf nişanı” ordeni — 9 iyun 1959 [4]
Comments are closed, but trackbacks and pingbacks are open.