Press "Enter" to skip to content

İlham Əliyev və iqtisadiyyat

Xarici sərmayələr hesabına açılan yeni müəssisələr də gələcəkdə Azərbaycan üçün böyük perspektivlər açacaq. Ölkəmiz Türkiyədə açdığı “STAR” neftayırma zavodundan hər il yüz milyonlarla dollar gəlir götürəcək. Qeyri-neft sektorunun inkişafı məqsədilə istifadəyə verilən azot gübrəsi zavodu həm daxili tələbatı ödəyəcək, həm də xaricə ixrac ediləcək.

Azərbaycan ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu uğurla davam etdirir

Bu gün Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edəcək nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin tikintisini, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, bundan başqa, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar.

Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir, iqtisadiyyatın qeyri-neft sektoru, xüsusən aqrar sahə son illərdə sürətlə inkişaf edir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inkişafa gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir. Bunu Çin, Cənubi Koreya, Yaponiya, Tayvan kimi ölkələrin təcrübəsi də sübut edib. Məhz bu səbəbdən Azərbaycan son 15 ildə ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu seçdi və hazırda da bunu uğurla davam etdirir. Buna aid yüzlərlə misal çəkərək əyani olaraq aparılan iqtisadi islahatlar nəticəsində dünya iqtisadiyyatına inteqrasiya istiqamətində hər gün bir qədər də irəlilədiyimizi isbat etmək mümkündür.

Bu gün inamla deyə bilərik ki, Azərbaycan proqressiv ölkədir və bizim iqtisadi formulamız uğurludur. Bizim müasir iqtisadiyyatımız var və formalaşır. Azərbaycan zənginləşir, düşmənimiz isə yoxsullaşır, zəif dövlətə çevrilir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan iqtisadi siyasətin nəticəsidir.

Xüsusilə vurğulanmalıdır ki, bütün dünyada iqtisadi inkişaf, qüdrətli dövlət yalnız ictimai-siyasi baxımdan sabit cəmiyyətlərdə mümkün olur. Unutmayaq ki, bu sabitliyi Azərbaycan xalqına Ulu öndərimiz Heydər Əliyev bəxş edib. Heydər Əliyevin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev bu sabitliyi möhkəmləndirdi, xalqın xeyrinə bir sıra qərarlar qəbul edərək həyatın bütün sahələrində inkişafı təmin etdi.

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə biz,

– dövlət quruculuğunun hər gün möhkəmləndirilməsinin;

– kənd təsərrüfatı və sənayenin inkişafının;

– əhalinin sosial müdafiəsinin gücləndirilməsinin;

– hərbi quruculuğun və Azərbaycan ordusunun ən müasir silahlarla təchizatının, hərbi sənayenin əsasının qoyulmasının və Azərbaycan mənşəli hərbi texnikanın istehsalının;

– iqtisadi-struktur islahatların, dünyada sınanmış idarəetmə strukturunun yaradılmasının (təbii ki, bu idarəetmə strukturunun tam formalaşması zaman tələb edən prosesdir);

– beynəlxalq ixtisaslara yiyələnən, xaricdə dövlət hesabına təhsil alan, savadlı, sağlam gəncliyin formalaşmasının;

– yeni modern, müasir səhiyyə, təhsil ocaqlarının yaranmasının;

– ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi addımların atılmasının;

– vergi və gömrük sahələrində yeniliklərin, şəffaflığın, etibarlılığın, qarşılıqlı inamın təmin olunmasının, cəmiyyətin, dövlətin inkişafı naminə atılan digər bir çox real addımların şahidiyik.

Ölkə iqtisadiyyatında tərəqqi heç şübhəsiz ki, digər sahələrin də inkişafına təkan verir. Bunun bariz nümunəsi kimi Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi nailiyyətləri də göstərmək olar. Belə ki, paytaxtımızda İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının son dərəcə yüksək səviyyədə təşkili, Azərbaycanda mütəmadi olaraq bir sıra digər idman yarışlarının keçirilməsi, idmançılarımızın dünya və Avropa çempionatları, Olimpiya Oyunları kimi nüfuzlu yarışmalarda uğurla çıxış etməsi, medallar qazanması Azərbaycanın dinamik inkişaf edən idman ölkəsinə çevrildiyini nümayiş etdirdi. 2020-ci ildə isə UEFA futbol üzrə Avropa çempionatı kimi milyonlarla azarkeşi olan tədbirin bir neçə oyunu Bakıda keçiriləcək. Bütün bunlar Prezident İlham Əliyevin idman sahəsinə diqqət və qayğısının təzahürüdür.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

İlham Əliyev və iqtisadiyyat

Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.

Bu sözlər Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur və ötən bir ildə onun Azərbaycan iqtisadiyyatında apardığı islahatlar yeni iqtisadi inkişaf modelinə keçidi təmin edib.

2019-cu il aprelin 11-də İlham Əliyevin seçkilərdə inamlı qələbəsindən bir il ötür. Bu yazıda ötən bir ildə ölkə iqtisadiyyatının gündəmini tutan əsas məsələlərə toxunacağıq.

“Kölgə iqtisadiyyatı”na zərbə

Prezident İlham Əliyevin iqtisadiyyatla bağlı verdiyi ilk sərəncam ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı olub. 2018-ci il aprelin 20-də imzalanmış fərmana görə, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi məqsədilə Gömrük Komitəsi ilə yanaşı, idxal-ixrac əməliyyatlarına Vergilər Nazirliyi də nəzarət etməyə başlayıb. Azərbaycana gələn məhsullar, eyni zamanda, daxili uçotun qaydaya salınması ilə bağlı Vergilər Nazirliyinin qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi isə ilk növbədə ölkədəki “kölgə iqtisadiyyatı”nın qarşısını almağa yönəlib.

Prezident bu mövzuda çıxışında bildirib ki, vergi məsələsində heç kimə heç bir güzəşt edilmir və edilməyəcək:

“Vergi orqanlarında ciddi struktur islahatları aparılır. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır”.

Prezident qanunsuz tikililərlə bağlı çox sərt xəbərdarlıq edib və bununla da hər bir vətəndaşı narahat edən əmlak sektorundakı özbaşınalıqların qarşısına sədd çəkib:

“Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz”.

Kadrlar dəyişdi

Qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə hökumətin tərkibinin yenilənməsi fonunda Aydın Əliyev Dövlət Gömrük Komitəsinin rəhbəri, Heydər Əsədov kənd təsərrüfatı naziri vəzifəsindən kənarlaşdırılıb. İnam Kərimov kənd təsərrüfatı naziri, Səfər Mehdiyev Gömrük Komitəsinin, Samir Nuriyev isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Struktur islahatları aparılmağa başlanılıb və Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki strukturlar yenidən formalaşdırılıb. Dövlət Turizm Agentliyi, Turizm Bürosu yaranıb, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərman imzalanıb, Tədarük və Təchizat Agentliyinin hüquqi statusu yenidən formalaşdırılıb, Bakı şəhər İcra Hakimiyyətindən bəzi səlahiyyətlər alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib.

Bundan başqa, ötən ilin mayında Azərbaycan Maliyyə Monitorinqi Xidməti yaradılıb. Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi ilə bağlı fərmana əsasən, Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və Sahibkarlığın İnkişafı Fondu yaranın. Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi və strukturu dəyişib, kadr islahatları aparılıb.

Dünyanın enerji stabilliyində Azərbaycan faktoru

Azərbaycan enerji resurslarına görə Avropanın, Qərbin etibarlı tərəfdaşı imicini qoruyub saxlayıb və ötən bir ildə bu sahədə qlobal layihələrin mərkəzində olmaq hədəfini reallığa keçirmək məqsədilə siyasi iradəsini yenidən ortaya qoyub.

Prezidentin ilk səfərləri bu baxımdan çox faydalı olub. O, aprelin 27-də həyata keçirdiyi səfər çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meylə görüşüb. Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradıb.

Belə ki, İlham Əliyevin və Tereza Meyin iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Azərbaycan prezidenti TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün 2018-ci il iyunun 12-də Türkiyəyə səfər edib. Həmin gün Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə çıxış edən İlham Əliyev bildirib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür:

“Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl – 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.

Azərbaycan neft ölkəsi kimi neftin qiyməti ilə bağlı OPEC+ ölkələri çərçivəsində danışıqlarda iştirakını davam etdirib. Artıq qurumun görüşlərinə ev sahibliyi missiyasını da öz üzərinə götürərək, hasilatla bağlı öhdəliklərinə əməl etdiyini açıqlayıb. Beləliklə, Azərbaycan büdcə gəlirlərinin bir hissəsini formalaşdıran neftin qiymətinin sabitləşməsində öz missiyasını yerinə yetirib.

İqtisadiyyatın diversifikasiyasına doğru…

Qarşıda duran mühüm vəzifələrdən biri də ölkənin gəlirlərində neftdən asılılığı azaltmaqdır. Bu məqsədlə “post neft dövrü”nün başlandığını elan edən Azərbaycan ötən bir ildə qeyri-neft sektorunun inkişafına nail olmaq məqsədilə yeni müəssisələr açıb. Nəzərə alsaq ki, neft gəlirlərini miqyasına görə əvəzləyə biləcək ən perspektivli sahələrdən biri ağır sənayedir, üstəlik, bunun üçün yerli xammal var, bu, dəyər zəncirinin formalaşması daha yaxşı nəticələr verəcək, Azərbaycan məhz bu sahədə yeni müəssisələrin əsasını qoyub.

Sumqayıtdakı Kimya Texnologiyaları Parkında açılan müəssisələrin istehsal etdiyi məhsullar bütün dünyada tələbolunandır. Ötən ilin iyulun 18-də Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun, noyabrın 16-da əlvan metallar və ferroərintilər zavodunun, inşaat kimyəviləri zavodunun, bu ilin fevralın 18-də yüksəksıxlıqlı polietilen, karbamid zavodlarının açılışları Azərbaycanı kimya məhsulları sahəsində qabaqcıl istehsalçılar sırasına çıxarmağa hesablanıb.

Xarici sərmayələr hesabına açılan yeni müəssisələr də gələcəkdə Azərbaycan üçün böyük perspektivlər açacaq. Ölkəmiz Türkiyədə açdığı “STAR” neftayırma zavodundan hər il yüz milyonlarla dollar gəlir götürəcək. Qeyri-neft sektorunun inkişafı məqsədilə istifadəyə verilən azot gübrəsi zavodu həm daxili tələbatı ödəyəcək, həm də xaricə ixrac ediləcək.

Eləcə də, artıq kosmik xidmətlər istehsalçısı kimi tanınan Azərbaycan “Azerspace-2” peykini sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxlb. Sayca ikinci olan bu peyk kommersiya məqsədləri üçün istifadə ediləcək və ölkənin gəlirlərinin formalaşmasında əhəmiyyətli yer tutacaq. Üzümçülük və şərabçılığın inkişafı ilə bağlı 2018-2025-ci illər üzrə dövlət proqramını qəbul edən Azərbaycan əhalinin “Məşğulluq strategiyası”nı da təsdiqləyib.

Son bir ildə ölkənin makroiqtisadi göstəricilərində müsbət tendensiyalar artıb və bu müqayisə aşağıdakı cədvəldə öz əksini tapır.

İlhamə Abdullayeva

Vergi və Gömrük Məcəllələrinin yenilənməsi nəyi dəyişdi?

Ötən bir ildə iqtisadiyyatın inkişafı, xüsusən sahibkarlığın stimullaşdırılması məqsədilə Azərbaycan fiskal siyasətində ciddi dəyişikliklər edib. Prezidentin müvafiq qərarları ilə “Vergi Məcəlləsi”nə 300-dən çox əlavə və dəyişikliklərin edilməsi yeni iqtisadi imkanlar açıb. Kiçik və orta sahibkarlığın inkişafına nail olmaq üçün hökumət vergi siyasətində xüsusi yanaşmalar tətbiq edib. Sahibkarlar dörd kateqoriyaya bölündü: işçilərinin sayı 10 nəfərə, illik dövriyyəsi 200 min manata qədər olan sahibkarlar mikro, 11-15 işçisi və üç milyon manatadək dövriyyəsi olanlar kiçik sahibkarlar hesab ediliblər. 51-250 işçi qüvvəsi ilə çalışan və illik dövriyyəsi 3-30 milyon manat olanlar orta, 251 və ondan yuxarı işçi sayına və 30 milyon manat illik dövriyyəyə malik subyektlər isə iri sahibkarlardır. Bununla da, ölkədə xeyli sayda iş adamı mikrosahibkar hesab olunub və gəlir vergisinin ödənilməsində 75 faizlik güzəşt əldə edib.

Bundan başqa, yeni ildən Azərbaycan sahibkarları və vətəndaşlarının sosial sığorta yükü artırılıb, bu sahədə vergilərin yığılmasına nəzarət səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınaraq Vergilər Nazirliyinə verilib.

Gömrük sistemində “Yaşıl Dəhliz”in tətbiq edilməsi isə iş adamlarına imkan verir ki, mal və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə anbarlarına apara bilsinlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir.

Sahibkar-məmur təmasının aradan qaldırılması üçün “Dövlət satınalmaları haqqında” qanunda edilən dəyişikliklər tenderlərin elektron şəkildə keçirilməsi ilə bağlı, həmçinin, prosesin şəffaf aparılmasını tənzimləyən şərtlər ortaya qoyub.

Maliyyə sektorunda yeni mərhələ

Ötən bir ildə Azərbaycanda maliyyə sektoru ətalət vəziyyətindən inkişafa keçib və bu müsbət tendensiyada dövlətin yürütdüyü siyasət mühüm rol oynayıb. Belə ki, uzun müddət bank sektorunun və əhalinin “boynundan asılan problemli kredit” məsələsi prezident İlham Əliyevin “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə ədalətli həllini tapıb.

Fərmanda göstərilir ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Artıq fərmanla bağlı qaydalar təsdiqlənib və aprelin sonundan fərmanın son mərhələsinin icrasına başlanacaq.

Eyni zamanda, ölkədə banklara inam bərpa olunur və əhalinin depozitlərinin həcminin getdikcə artması bunu təsdiq edən faktdır. Əgər statistikaya baxsaq, 2017-ci ilin sonunda bank sektorunda əmanətlərin həcmi 20 milyard 599 milyon manat olmuşdusa, 2018-ci ilin sonunda bu rəqəm 21 milyard 870 milyon manata yüksəlib.

Azərbaycanda əmanətlərin tam həcmdə qorunması haqqında prezident fərmanının müddəti 2020-ci ilə qədər uzaldılıb və bu da əhalinin əlindəki vəsaitləri bank sisteminə cəlb etməkdə mühüm rol oynayır. Azərbaycan “2018-2020-ci illər üzrə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nı qəbul edib və bu sahədə görülən tədbirlər vahid proqram əsasında həyata keçirilməyə başlanılıb.

Kreditləşməyə ayrılan vəsaitin həcmi artıb. 2017-ci ilin sonunda kredit portfeli 4 milyard 804 milyon manat olmuşdusa, 2018-ci ilin sonunda artıq 4 milyard 947 milyon manata yüksəlib.

Kredit almaq üçün girov sisteminin əhatəsinin genişləndirilməsi məqsədilə yaradılan “Daşınar əmlakın yüklülüyü reyestri” də bu sahədə yeni imkanlar açıb.

Regionların inkişafına yönələn yeni bir sənəd imzalandı

Azərbaycanın regionlarında sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasını və nəticədə, əhalinin məşğulluğunun artırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını hədəfləyən daha bir dövlət proqramı qəbul edilib. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilib.

Qeyd edək ki, dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.

Bu müddətdə həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

P.S. Məntiqi nəticə olaraq, “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib. Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə, 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Resusların və məhsulları iqtisadiyyat

Elşən NƏSİBOV,

siyasətşünas-alim

I yazı

Yığım, ehtiyat toplama prosesi əməyin tətbiqində meydana gəlir. Əməklə şüurun vəhdəti təyinatı meydana gətirir. Maraqlar və ehtiyaclar kompleksi təyinatı formalaşdırır. İqtisadiyyat sistemi elə maraqların təyinatı sistemi kimi xarakterizə oluna bilir. Burada iqtisadiyyatda maraqlı tərəflər öz mənafelərinə uyğun şəkildə iqtisadiyyat əlaqələri və münasibətləri təşkil edirlər. İqtisadiyyatın aktivləri, passiv və aktiv hərəkətdə olan elementləri yığım və dövriyyə proseslərini təmin edirlər. Yığım ehtiyatları kütləvi olaraq, miqdarca baza iqtisadiyyatı, “arxayın iqtisadiyyatı” meydana gətirir. Baza kapital həm də passiv sərmayə olaraq aktiv sərmayə üçün ehtiyat rolunu oynayır. Baza kapitalın dövriyyəsi özlüyündə miqdarca böyük kapitalı hərəkət vəziyyətində saxlayır.

Ardıcıl əmək prosesləri ehtiyatların toplanmasını şərtləndirir. Ehtiyatlar öz-özünə yarana bilir. Əmək proseslərinin nəticəsi olan məhsullar ehtiyacları üstələdikdə ehtiyat öz-özünə toplanır. Bazarda məhsul mübadiləsi (bazarın məqsədi məhsulu ticarət yolu ilə paylamaqdan ibarətdir. Tarazlı iqtisadiyyat bazarda nəticələnir. Bazar iqtisadi vəsaitlərin tarazlı ruhunu meydana gətirir. Bazar özü vərdiş olunmuş iqtisadiyyatdan keçidlər edir, sistemi yeni sistemlə əvəzləyir) iqtisadiyyatın tarazlı ehtiyat fəlsəfəsini meydana gətirir. Bazarda ehtiyacların müxtəlifliyi birləşir, eyniləşir. Eləcə də ehtiyaclar aşkarlanır. Bu baxımdan da bazar ümumiləşdirici, təhliledici və birləşdirici, tarazlayıcı funksiyalar daşıyır. Bazar istehlakı və istehsalı mərkəzləşdirici funksiya kəsb edir. Bazar öz elə fövqəladə iqtisadiyyatın, ehtiyat iqtisadiyyatın əsaslarını əks etdirir. Bazar hərəkətlər yaradır, məhsulların istehsalını və realizə olunmasını təmin edir.

Ehtiyatsız ailə, cəmiyyət, dövlət və dünya məhvə məhkumdur. Ehtiyat kapital insanın maddi-mənəvi aləmi arasında körpü yaradır, vəhdəti meydana gətirir. İnsanın maddi-mənəvi dünyası vəhdət şəkilində tarazlı maddiyyata, ölçülüb-biçilmiş qazanclara və məsrəflərə, bu baxımdan da iqtisadiyyata bağlıdır. Ehtiyat iqtisadiyyatının məqsədləri də onun vəzifələrindən irəli gələrək gələcək kapital yığımına bağlı olur. Baza kapital fövqəladə vəziyyətlərin idarə olunması üçün lazımi sərmayələri, aktivləri meydana gətirir.

Dünyanın mövcud kapital sistemi və onun idarə olunması sistemi və mexanizmisi özü elə ehtiyatdır, fonddur, yığımdır. Bunlar maddiyyata söykənən ictimai, mədəni, siyasi və bəşəri əsaslı fonddur. Fonddur, ona görə ki, insanlar qaydalarla (təcrübədə sübut olunmuş və tətbiq edilən qaydalarla) vəsaitlərdən istifadə edirlər. Təsərrüfat əlaqələrinə və münasibətlərinə daxil olurlar. İnsanlar istehsal, təkrar istehsal, xammalın və vasitələrin (formaların) istehsalı ilə, həm də şəbəkəli istehsalı ilə mövcud və gələcək ehtiyatlarını yaradırlar. Sərmayələrin gələcəyi idarə etmək funksiyaları zamanı qabaqlayır. Fövqəladə iqtisadiyyat gələcək itkiləri sığortalayan iqtisadiyyat sistemi kimi önəm kəsb etməyə başlayır.

Dövlətlər iqtisadi sistemə məsuliyyət daşıyan tərəflər olaraq, bütün iqtisadi risqləri, iqtisadiyyatı dağıdıcı ünsürləri (böhranları, təbii fəlakətləri, iqtisadiyyatın tarazlı əsaslarını iflic edən müharibələri) nəzərə alaraq, gələcək üçün ehtiyat fondları təsis edirlər, vəsaitlər toplayırlar. Ümumiyyətlə, insanlar rahat iqtisadiyyat içərisində “Fövqəladə iqtisadiyyat” (“Ehtiyat iqtisadiyyatı”) təşkil edirlər. Bu, iqtisadiyyatın öz daxilində, yəni normal proseslərdə, axarda özünü göstərir. Eyni zamanda yığımda büruzə verir. Deməli, “Fövqəladə iqtisadiyyat” iki prosesdə özünü göstərir: normal iqtisadi axarda, ikincisi, yığımda, məsuliyyətli addımlarda, ehtiyat bazalarında. Vəsaitlərin toplanmasında əsas məqsədlər lazımi anlarda vəsaitlərin pozulmuş tarazlığı bərpa etmək üçün istifadə prinsiplərini əsas götürməkdən ibarət olur. Ehtiyat iqtisadiyyatı “Gələcək iqtisadiyyat” (“Arxayın iqtisadiyyat”, “Zəmanətli iqtisadiyyat”) kimi də adlandırıla bilər. Bu ehtiyatlardan çatışmazlıqları doldurmaq üçün istifadə etmək olar. Çatışmazlıqlar və risqlər, böhranlar anında boşluqlar əlavə resurslarla təmin edilə bilər. Bu təminat da özlüyündə təkrar kapitalı, kapitalın törənməsini şərtləndirə bilər.

İnsan həyatı elədir ki, ətrafı (onun daxili mahiyyətini, gerçəklikləri, həqiqətləri) öz şüuruna bağlı şəkildə dərk edərək, zamanı imkanlarla, şəraitlə əlaqələndirir. Şəraiti imkanlarla və həyatın tələbatları ilə uyğunlaşdırır, əlaqələndirir. Əksər hallarda şərait elə tələb edir ki, insanların tələbatları, ehtiyac meyarları ilə qazancları arasında kəskin uyğunsuzluq, uçurum, ahəngsizlik yaranır. Belə halda tarazlı sistem qeyri-tarazlı sistemə keçidlər edir. Belə vəziyyətlərdə insanların ruhu da sarsılır. İqtisadi fəalllıq, iqtisadi passionarlıq (aktivlilk, enerji dolu potensial, güc) aşağı enir. İnsanlar çətin günlərdən ehtiyat edərək gələcək üçün yığım, ehtiyat strategiyasını və taktikasını seçirlər. Qazanclarla xərclər arasında uyğunluq yaratmağa çalışırlar. Ehtiyacların ödənilməsi üçün əvəzləyici elementlər əldə etməyə çalışırlar. İnsan həyatı sistem və tərkiblərdən, mexanizm və strukturlardan ibarət olduğundan, bu tərkiblərin hərəkəti üçün əvəzləyici, hərəkətləyici elementlər tələb olunur. İnsanlarda imkanlar, vəsaitlər azaldıqda həyatın normal sistemi öz miqyasını, tərkib miqdarını və kəmiyyətini itirir. Ölçülər azalır. Balanslı kəmiyyət itir. Bu anların yaşanmasının qarşısını almaq üçün insanlar kollektiv, birgə təsərrüfata üstünlük verirlər. İmkanlarını birləşdirirlər və əmək bölgüsünə gedirlər. Bu halda vəsaitlərin paylanılması prosesləri baş verir. Birgə zəka, birgə düçüncə və əmək fəaliyyəti insanların ehtiyat fondlarını yaradır. Belə deyək ki, iqtisadiyyat bir sistem olaraq öz-özlüyündə elə ehtiyatları və yığımları təşkil edir. İqtisadiyyatın mərkəzi strukturları və trayektoriyaları təşkil edən xətlər iqtisadi elementlərlə yüklənir. Sistemin dövriyyədə olan ehtiyatı, dövriyyəni yaradan elementlər cəmi, kapital və onun dövriyyəsi məhz ehtiyatları yaradan amil kimi çıxış edir.

İnsanlar daima ehtiyatlı və azuqəli yaşamaq məqsədlərini güdürlər. İnsanlarda təbiətə inamla yanaşı, inamsızlıq da mövcud olur. İnsanların fəaliyyəti onların güzaranlarını təmin etməyə yönəlir. İqtisadiyyat sistemi bu məqsədlə təşkil olunur. İqtisadiyyat sistemi insanların mövcud və gələcək zaman üçün azuqələrinin toplanması məqsədilə təşkil olunur. Bu azuqələr ehtiyata ona görə verilir ki, lazımi zamanlarda çatışmayan məkanları doldura bilsin. İqtisadiyyat ehtiyatlar (makrodan mikroya qədər) üçün təşkil olunur. İnsanlar öz ehtiyatlarını vəsaitlərin çatışmazlığı anına yığırlar, toplayırlar.

İqtisadiyyatın planlaşdırılması və proqnozlaşdırılması məhz gələcək ehtiyat yığımı prinsiplərinə əsaslanır. İqtisadiyyatın proqnozlaşdırılması ehtiyatların yığılmasına (şərait, məkan və zaman uyğunluğunda) söykənir. Proqnozlaşdırılma istehsalın, istehlakın və bütün iqtisadi elementlərin tələb və təklif əsasında şərtləndirilməsinə söykənir. Proqnozlaşdırılma və planlaşdırılma uyğunluğun və vəhdət halında iqtisadi sistemin yaranmasına görə müəyyən edilir.

Dövlət özünün strukturlarını, cəmiyyəti və xalqı, eləcə də dünya üzrə iştirak və məqsədlərini təşkil etmək və təminatını həyata keçirmək üçün büdcə formalaşdırır. Dövlət büdcəsi vergi fəlsəfəsinə uyğun şəkildə formalasdırılır. Dövlət büdcəsi dövlətin və xalqın resurslarının, qazanclarının tarazlı əsaslarla yığılmasına və paylanılmasına əsaslanır. Dövlət büdcəsinin məqsədi iqtisadi sistemin bütövlüyünün tərkib elementlərinin fəaliyyəti üçün qarşılığı (əvəzləməni) verməkdən ibarətdir. Deməli, iqtisadi sistemin və bütün digər sistemlərin elementlərini hərəkət etdirmək məqsədilə qarşılıqlı şərtlər lazım gəlir. Qüvvə tələb olunur. Bu baxımdan da iqtisadi sistemin elementləri enerji ilə hərəkət vəziyyətində olur. Qüvvə enerjini yaradır, enerji də qüvvəni tətbiq edir. Ehtiyat fondlarının, cari fondların məqsədi məhz hərəkəti təmin etməyə əsaslanır.

Dövlətin ehtiyat fondlarının əsas məqsədləri dövlətin vəsaitlərindən səmərəli istifadə etməkdən və onları gələcək nəsillərin mənimsəməsinə layiqincə təqdim etməkdən ibarət olur. Dövlət büdcəsi dövlət hakimiyyətinin aparatlarının və digər siyasət institutlarının saxlanılması məqsədlərinə də sərf olunur. Hakimiyyətin, idarəetmə qrupunun formalaşması məqsədilə lazımi vəsaitlər, hərəkətəgətirici elementlər lazım gəlir. Ehtiyat fondları və büdcələr məhz bu kimi funksiyaları yerinə yetirirlər. Dövlət büdcəsi və dövlət fondları baza kapital rolunu oynayır. Dövlətin fondları həm əvəzləyici qiymətli metallar, həm iqtisadiyyat məhsulları (strateji məhsullar-xammal və istehsal məhsulu şəkilində), həm də milli və beynəlxalq valyutalar ola bilər.

Dövlət fondunun məqsədləri haqqında düşüncələr

Dövlət humanitar siyasət tərəfidir. Qayğı göstərəndir. Yardım mənbəyidir. Dövlət maddi-mənəvi kapital fondudur. Dövlət aktiv və passiv kapital yığım mənbəyidir. Dövlətin ehtiyat fondları onun yardım mənbəyi kimi formalaşmasını şərtləndirir. Dövlət ona görə humanitar qurumdur ki, özünün tərkib elementlərini qorumaq funksiyasını yerinə yetirir. Dövlət özü elə sosial, mədəni və iqtisadi fonddur. Dövlət cəmiyyətdə özünə yer tapmaq iqtidarında olmayan tərəflər üçün ehtiyat, yığım fondlarını, kapital mənbələrini formalaşdırır. Lazımi anlarda yardım göstərmək vəzifələrini icra edir. Dövlətin fondları onun humanitar məqsədlərinin icrasını təmin etmək üçündür. Dövlət fondunun məqsədləri təyinatı baxımından çoxaspektlidir, əhatəlidir, genişdir. Ehtiyat fondları lazımi anlarda dövriyyəyə elementlər buraxır ki, iqtisadi kapitalın ardıcıl axın səviyyəsi aşağı düşməsin, çatışmazlıqlar üzərə çıxmasın. Ehtiyat fondları iqtisadi başlanğıcla artım tempini müəyyən etmək funksiyasını yerinə yetirirlər.

Dövlət cəmiyyət, xalq, əhali, sakin, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üzərində nəzarət funksiyasına malikdir. Onların hərəkətləri dövlət tərəfindən istiqamətləndirilir. Haqları, vəzifələri müəyyən edilir. Dövlət insanların ümumi və məxsusi hüquqlarını başlıca olaraq onların cəmiyyətdə olan mövqeləri ilə müəyyən edir. Cəmiyyətin mövqeyinin müəyyən olunmasında dövlət özü də iştirak edir. Dövlətə bu funksiyanı xalqın özü bəxş edib, eləcə də dövlətin qoşulduğu beynəlxalq hüquq, dövlətlərin yaratdıqları beynəlxalq hüquq bu vəzifəni, hüquqları bəxş edib. Xalq dövləti öz cəmiyyətini himayə etmək üçün təşkil edib. Nəzarət edən, bu baxımdan idarə edən tərəfə çevirib. Cəmiyyət ümumilikdə dövlətin himayəsindədir, dövlət də cəmiyyətin əmanətidir.

Dövlət cəmiyyətin maddi-mənəvi irsi olan iqtisadiyyat üzərində nəzarətə sahiblik hüququna malikdir. Dövlət insanların təsərrüfat hüquqlarını müəyyən edir, əmək hüquqlarını formalaşdırır. Bu hüquqlar ilə hərəkətlərin miqdarı, ölçü və sferası müəyyən olunur. İnsanların təsərrüfat fəaliyyəti genişləndikcə, subyektlərin və obyektlərin sayı çoxaldıqca dövlətin də himayəçilik fəaliyyəti böyüyür. Dövlətin iqtisadiyyatda tənizmləmə və sahiblik hüquqları, bunlardan irəli gələrək sərəncam vermək və vərəsəlik hüquqları da böyüyür.

Dövlətin iqtisadiyyat hüquqlarının tərkibini iqtisadiyyatda maddi yığım və ehtiyat normaları, ideyaları, fəaliyyətləri təşkil edir. Dövlət daima kapitalının ardı kəsilməyən ehtiyat fondları yaradır və onları iqtisadi gedişata müvafiq olaraq artırır. Ehtiyat fondlarının baza məqsədi dönərli və artan iqtisadi tempə dəstək verməkdən ibarət olur. Dövlət özü iqtisadi kapital yığımını əks etdirən dövlət və özəl fondların yaranmasında maraqlı olur. Özəl fondların formalaşdırılması mikro və makro iqtisadiyyata dəstək amalına xidmət edir. İqtisadiyyatda arxayınçılığı və sərbəst dönərliliyi yaratmaq üçün özəl fondlar lazım gəlir. Özəl fondlar həmçinin iqtisadi sahədə yığımın müstəqil və sərbəst olmasına söykənir. Dövlətə məxsus olan fondlar isə (bu fondlar sahəvi və ümumi ola bilər) daha çox sosial-iqtisadi mahiyyət kəsb edir. Eləcə də siyasi məzmunu özündə əks etdirir. Dövlət ehtiyat fondlarını iqtisadi mərkəzlər üçün şərt edir. Ehtiyat fondları iqtisadi dalğalanmalar üçün, eləcə də iqtisadi müstəvilərin zənginləşməsi üçün çatışmayan və artması zəruri olan elementlərin təminatı funksiyasını yerinə yetirir. Ehtiyat fondları şəbəkələr üçün şərt olur və şəbəkələnmə funksiyasına malik olur. İqtisadi resursların paylanılmasında və mərkəzləşməsində ehtiyat fondlarının rolu həlledici olur. İqtisadi resursların paylanılması isə özlüyündə güclü olan tarazlı iqtisadiyyatın yaranmasını şərtləndirir. Tarazlı iqtisadiyyat da tarazlı sosial siyasətin təminatını yerinə yetirir. Ehtiyat fondlarının başlıca funksiyası sosiallığın yüksək səviyyəsini müəyyən etməkdən ibrarət olur. Yüksək sosiallıq isə öz növbəsində iqtisadi sabitliyin əsaslarını formalaşdırır.

Dövlət ehtiyat fondları passiv və aktiv olmaqla iki baza funksiya daşıya bilirlər. Dövlət büdcəsi və sosial fondlar əsasən aktivdir. Onların aktivləri daima hərəkətdə olur. Mədaxil və məxaric arasında balans daima hərəkətdə olur. Dövlət büdcəsinə yığım sürətli olur, aktivlər sürətlə daxil olur. Dövlət büdcəsindən məxariclər də sürətlə həyata keçirilir. Digər fondlar isə passiv ola bilir. Burada yığım sürəti yuxarı ola bilir. Məxaric isə aşağıdır. Bu fondlara transfertlər sürətlə daxil olur. Passiv fondlar daha çox “Fövqəladə iqtisadiyyatı”ın dayağı hesab oluna bilər. Ona görə ki, bu fondlardan köçürmələr üçün zaman amili çox uzundur. Təyinatın zamanı, məqsədlərin zamanı çox uzundur. Məsrəflər isə az-az, aramla həyata keçirilir. Makro təyinatlı və məqsədli fondlar əsasən passiv fondlar ola bilir. Ona görə ki, bu fondların vəsaitləri daha çox fövqəladə günlər üçün saxlanılır. Passiv makro fondlardan aktiv fondlara köçürülmələr ona görə aparılır ki, iqtisadi passionarlıq təmin edilə bilsin. Passiv fondların vəsaitləri mikro və makro iqtisadiyyatdan formalaşa bilir. Makro passiv fondların idarəçiliyi daha çox ali siyasətə xidmət edir. Dövlətin ümumi dayaqlarını təşkil edir. Passiv makro fondlar pul, qiymətli kağızlar, qiymətli metallar, strateji təyinatlı məhsullar, beynəlxalq bazarlarda strateji məqsədlər üçün satılan məhsullar şəkilində ola bilər. Makro passiv fondlar dövlətin uzun müddət saxlanılmasına xidmət etmək funksiyalarını da özündə daşıya bilər. Passiv ehtiyat fondlarının özləri aktiv iqtisadiyyatdan formalaşır.

Yüksək əmək haqları, gəlirlər, makro və mikro istehsalat müəssisələrinin özləri də fondları təşkil edir. Bunlar daha çox aktiv fondları əks etdirirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.