Şərq və qərb
Siz dizaynerlər ailəsində doğulmusunuz. Bu sizin peşəkar inkişafınızda sizə kömək etdi mi? Yoxsa bu sizin üçün bir meydan oxuma idi?
Şərq-Qərb qarşıdurması və Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət kursu
Azərbaycan müstəqillik əldə etdiyi ilk dövrlərdən həm Qərbin, həm də Şərqin siyasi, iqtisadi və hərbi güc mərkəzləri, ayrı-ayrı dövlətləri ilə bərabərhüquqlu əlaqələr qurmaqda maraqlı olub. Ölkəmiz hazırda da həmin balanslı xarici siyasət kursunu davam etdirir.
Azərbaycan Qərbin aparıcı birlikləri olan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Şimali Atlantika Alyansı (NATO) Avropa Şurası (AŞ), Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq etməklə yanaşı, Şərqin Qoşulmama Hərakatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı (İƏT), Ərəb Dövlətləri Liqası (ƏDL), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ayrı-ayrı dövlətlərlə də münasibətlərini yüksək səviyyədə saxlayır.
Şərq-Qərb qarşıdurması və Azərbaycanın müstəqil xarici siyasət kursu
Rəsmi Bakının bu siyasi xətti yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sferasında deyil, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də özünü göstərir.
Prezident İlham Əliyevin sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə qonaq qismində dəvət olunması Bakının Xəzər-Sakit okean-Hind okeanı akvatoryisi üzrə Asiya istiqamətində əhəmiyyətinin artmasının göstəricisidir. ŞƏT-ə üzv olan və dünya iqtisadiyyatında aparıcı rola malik Çin, Hindistan, Rusiya və Pakistanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inşasında maraqlı olması isə Bakının yuxarıda qeyd edilən bölgələrdə əhəmiyyətini daha da artırır.
Məlumdur ki, Şanxay Əməkdaşlığı Təşkilatında yer alan bəzi dövlətlər Qərbin nüfuzlu qurumlarını özlərinə həm hərbi, həm iqtisadi, həm də siyasi cəhətdən rəqib hesab edir. Qərbin aparıcı təşkilatları da şərq təhsisatlarına eyni mövqeyi sərgiləyir. Azərbaycan isə həm Şərq, həm də Qərb təşkilatları ilə yaxından əməkdaşlıq edir, onların bir-birinə qarşı qütbləşdiyi dövrdə balansı qorumağa çalışır.
Məsələn, ölkə başçısının ŞƏT-in iclasında iştirak etdikdən sonra oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısına qatılması və orada ikitərəfli, üçtərəfli və dördtərəfli görüşlər keçirməsi Bakının balanslı xarici siyasət kursundan irəli gəlir.
Aydındır ki, hər dövlət dünyadakı kəskin qütbləşmənin yaşandığı dövrdə Azərbaycan kimi müstəqil siyasət yürüdə bilmir. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına dəvət olunsa da, Azərbaycanla dövlət sərhədində baş verən gərginliyi bəhanə edərək,Səmərqənddə getməkdən imtina etmişdi.
Paşinyan sərhəd gərginliyini bəhanə etsə də, Ermənistanın xarici siyasət kursundan aydın olur ki, baş nazirin Qərblə rəqib mövqedə olan ŞƏT-in iclasına qatılmamasının kökündə Rusiya ilə həmin təşkilatın yaxın münasibətləri və Moskvanın qurumdakı hakim mövqeyi dayanır. Erməni baş nazir göstərir ki, balanslı siyasət yürütməkdə maraqlı deyil və Qərb təşkilatları ilə əməkdaşlığa daha çox üstünlük verir.
Bu səbəbdən, Paşinyan ŞƏT-in iclasında iştirakdan imtina etsə də, Avropa Siyasi Birliyinin Zirvə Toplantısına böyük həvəslə qatılmışdı. Onun Avropa və Asiya təşkilatları arasında fərq qoymasından bir daha aydın olur ki, Qərb təhsisatları Paşinyanın siyasi xəttinə ciddi təsir imkanına malikdir. Prezident İlham Əliyevin həm ŞƏT-in, həm də Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak etməsi isə Azərbaycanın heç bir siyasi təşkilatın diqtəsi ilə hərəkət etmədiyini göstərir.
Azərbaycan Türk Dövlətləri Təşkilatının və Qoşulmama Hərakatının aparıcı üzvü kimi
Azərbaycan Şərq və Qərb təşkilatları ilə əməkdaşlıq etməklə yanaşı, qeyd edilən tərəflərlə münasibətdə balansı qorumağa çalışan, üzv dövlətlərlə xalqımızın tarixi bağları olan Türk Dövlətləri Təşkilatında da aparıcı rola malikdir. Son dövrlər Azərbaycanın təşkilata üzv olan dövlətlərlə də ayrı-ayrılıqda həm siyasi, həm də iqtisadi əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Son 1 ildə Prezident İlham Əliyev Türkiyəyə, Özbəkistana və Türkmənistana, Qırğızıstana, Türkiyə, Qırğızıstan və Qazaxıstanın prezidentləri isə Azərbaycana səfər edib.
Bundan başqa, Prezident İlham Əliyev Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə ŞƏT-in iclasında iştirak etmək üçün Səmərqənd şəhərində səfərdə olub. Bu səfərlərin hər birində Azərbaycanla adıçəkilən ölkələr arasında iqtisadi əlaqələrin, tarixi-mənəvi bağların, dostluğun daha da inkişaf etdirilməsi üçün mühüm ikitərəfli sənədlər imzalanıb, müzakirələr aparılıb.
Prezidentin Qırğızıstana oktyabrın 11-də etdiyi səfəri də həm ikitərəfli əlaqələrin inkişafı, türkdilli ölkələrin, xalqların birliyi, həm də Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Həmçinin Azərbaycan prezidentinin Qırğızıstan səfəri ölkəmizin nəqliyyat imkanlarının təqdimatı baxımından da ciddi önəmə malikdir. Çünki rəsmi Bişkek Qərblə Şərq arasında ən təhlükəsiz və ən qısa ticarət yolu olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün imkanlarından istifadə etməkdə maraqlı olduğunu bəyan edib. Azərbaycan da qeyd edilən dəhlizin inşasında maraqlı olan dövlətlərdəndir. Bu səbəbdən, Prezident İlham Əliyev Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında çıxışı zamanı Azərbaycanın inşası ilə bağlı intensiv danışıqlar aparılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini dəstəklədiyini bəyan edib.
Sitat: Biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində Avropa istehlakçılarına qədər dəmir yolu, avtomobil və hava yolu üzrə geniş nəqliyyat infrastrukturu var”.
Ölkə başçısı bildirib ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta dəhlizin bir hissəsi olacaq:
Sitat: “Bunun indi baş verməsi anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr sinxronlaşdırılmalıdır. Biz Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu planlar əvvəldən mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin bu gün bəzi günlərdə limanda hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirildi – 9 ay ərzində 60 faiz artım. Bu, yüklərin nəqlində əhəmiyyətli göstəricidir”.
Türkdilli dövlətlərin dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivləşməsi xalqlar arasında tarixi köklərə malik əlaqələrin daha da dərinləşməsinə böyük töhvə verir. Ölkə başçısı Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bu məqama toxunub. Söyləyib ki, Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılara, dinləyicilərə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmaq, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmaq imkanı yaradacaq. Məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışıldığını bildirən dövlət başçısı deyib ki, tələbələrimizin ölkələrimizdəki aparıcı ali məktəblərdə təhsil almasına və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. “Çünki onlar köklərimizə, ənənələrimizə gələcəkdə bizim kimi bağlı olmalıdırlar.
Qırğızıstan Prezidenti Sadır Japarovo isə Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində vurğulayıb ki, Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. “Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub”.
Türk dövlətləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsini Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə artan ticarət dövrüyyəsində, siyasi-iqtisadi əməkdaşlıqla bağlı imzalanan sənədlərdən də görmək olar. Məsələn, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi olan ölkələrlə Azərbaycanın ticarət dövrüyyəsi 5 milyad ABŞ dollarından çoxdur. 2021-ci ilin statistik rəqəmlərinə görə, təşkilata üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı təqribən 15 faiz təşkil edir. Təşkilata üzv olan dövlətlər 1995-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın investisiya yatırıb. Azərbaycan isə müvafiq ölkələrin iqtisadiyyatlarına 20,8 milyard dollar sərmayə yönəldib.
Azərbaycan Türk Dövlətləri Təşkilatlarına üzv olan və böyük enerji resurslarına malik Türkmənistan və Qazaxıstanın təbii ehtiyatlarının dünya bazarına çıxarılması baxımından cəlbedicidir. Bu məqam həm Avropadakı maraqlı güclərin, həm də Orta Asiyanın aparıcı dövlətlərinin Azərbaycanla əməkdaşlığı genişləndirməsi üçün münbit şərait yaradır. Bundan başqa, Avropanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdəki enerji resurslarına ciddi ehtiyacının yaranması Azərbaycanın da daxil olduğu təşkilatın siyasi təsir imkanlarını daha da artırır.
Məlumdur ki, Qığızıstan və Qazaxıstan Ermənistanın da üzv olduğu KTMT-ya daxildir. Azərbaycanın həm Türk Dövlətləri Təşkilatına, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qırğızıstan və Qazaxıstanla yaxın əlaqələr qurması İrəvanın hərbi blok vasitəsi ilə Bakıya təzyiq imkanlarını neytrallaşdırılması baxımından çox əhəmiyyətlidir.
Həmçinin Azərbaycanın özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatının da təsir gücünün artmasında oynadığı rol xüsusi qeyd edilməlidir. Ölkəmizin təşkilata sədrlik dövrü pandemiyanın türyan etdiyi vaxta təsadüf etsə də, rəsmi Bakı öz sədrlik missiyasını uğurla icra edib, hətta Hərakata 1 il əlavə rəhbərlik etmək hüququ qazanıb.
Azərbaycanın yürütdüyü uğurlu balanslı siyasət kursu və Bakının qlobal siyasətə artan təsir imkanları
Bakı siyasi-iqtisadi münasibətlərdə olduğu kimi, hərbi əməkdaşlıq sahəsində də balanslı xarici siyasət kursunu davam etdirir. Heç bir hərbi bloka üzv olmayan Azərbaycan ötən dövr ərzində həm NATO ölkələri ilə birlikdə Kosovo əməliyyatlarına və Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasına böyük sülhməramlı töhvə verib, həm də Türkiyə, Rusiya, İsrail, İtaliya, Belarus, Pakistan və Gürcüstan kimi dövlətlərlə hərbi əməkdaşlığını inkişaf etdirib.
Ukrayna-Rusiya müharibəsi dünyanın geosiyasi xəritəsində ciddi dəyişikliklər yaratdığı bir zamanda, dövlətlərin seçim qarşısında qaldığı gərgin dövrdə Azərbaycanın Ukrayanın ərazi bütövlüyünə dəstək verməklə yanaşı, Moskva ilə “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni imzalaması Bakının balanslı siyasi manevrlərindədir.
Həmçinin Azərbaycan Qərb-Rusiya qarşıdurmasının kəskinləşdiyi dövrdə Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolla, “köhnə qitə”nin enerji böhranından çıxarmaq üçün üzərinə götürdüyü tarixi missiya ilə müstəqil siyasi xətt həyata keçirdiyini, heç bir güc mərkəzinin təsiri altında olmadığını bəyan etmiş olur.
Təbii ki, Azərbaycanın geosiyasi toqquşmaların gərginləşdiyi dövrdə balanslı xarici siyasət xətt kursunu davam etdirməsi ölkəmizin həm Qərb, həm də Şərq siyasi, hərbi və iqtisadi təşkilatları qarşısında etibarını və təsir imkanlarını daha da artırır. Bu nöqeyi-nəzərdən Azərbaycan Avropanın enerji xəritəsini dəyişməklə “köhnə qitə”nin aparıcı dövlətlərinin Cənubi Qafqaz, xüsusilə Ermənistanla bağlı siyasi mövqeyinə təsir etmək imkanı qazanır. Həmçinin Azərbaycan Çin, Hindistan, Pakistan, İran, Rusiya və digər Asiya ölkələrin maraqlı olduğu dəhlizlərin inşasında açar rol oynamaqla Şərq dövlətlərinin Bakıya qarşı siyasi xəttinə təsir etmək imkanı əldə edir.
Bir sözlə, Prezident İlham Əliyev ölkəmizin enerji resurslarından, yerləşdiyi əlverişli coğrafi mövqedən, böyük tranzit potensialından, yenilənmiş infrastrukturundan, habelə təşəbbüsümüz və iştirakımızla həyata keçirilən regional layihələrdən istifadə edərək həm Avropa, həm də Asiya təşkilatlarının Bakının balanslı xarici siyasət kursuna təsir imkanlarını neytrallaşdırmağı bacarır. Başqa dillə desək, Bakı həm Şərqi, həm də Qərbi Azərbaycanın balanslı siyasi xətti ilə hesablaşmaq məcburiyyətində qoyur. Bu isə ölkəmizin milli maraqları, Ermənistanla sülh prosesi, sərhədlərimizin toxunulmazlığı, ölkəmizin inkişafı və əhalinin rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan göstərir ki, balanslı xarici siyasət kursu yürütməklə ölkə iqtisadiyyatını gücləndirmək, hərbi sənayeni inkişaf etdirmək, enerji resurslarını maneəsiz ixrac etmək, dostluğu və sıx əməkdaşlığı qorumaq, Şərqlə Qərb arasında körpü rolunu oynamaq mümkündür.
Ümumilikdə Azərbaycanın yürütdüyü balanslı xarici siyasət kursu, ölkəmizin enerji resursları, həmçinin həm Şərqin, həm də Qərbin güc mərkəzləri üçün etibarlı tərəfdaş olması Azərbaycanı Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində və Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyətli dövlətə və nüfuzlu oyunçuya çevirir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın qlobal siyasətə təsir imkanlarının artmasında 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbənin böyük rolu var.
Şərq və Qərb
Şərqdə bərabərliyin torpağı sevgi və inancdır, Qərbdə faydalılıq və güvənmək düşüncəsi insanları birləşdirir.
Böyük sözləri Şərqdə yaşlılar, Qərbdə elm adamları və filosoflar söyləyirlər.
Şərqdə sevgi düşüncədən öndədir, Qərbdə isə əksinə.
Qərbli böyük işlərini peşəsi daxilində yaradır, Şərqli isə peşəsi xaricində yaratmağa çalışır.
Şəqlinin təbiiliyi Qərbliyə bir şəlalə qarşısında imiş kimi təsir edir. Qərblinin mədəni olmağı isə Şərqlini bir böyük su anbarı qarşısındaki heyranlığa sürükləyir. Birinin görünüşü o birinin işləməsi digərinə xoş gəlir.
Şərqli sevsə, Qərbli isə inansa fədakarlıq göstərir.
Qərbli əvvəlcə edlməsi lazım olan şeyləri öyrənir, Şərqli isə edilməməsi lazım olanları.
Qərbli öz ağlı ilə duyğularını tarazlayır. Şərqli isə öz duyğuları ilə ağlına yol göstərmək sevdasındadır.
Şərqli təbiətin ulu gücünə o qədər heyrandır ki, özünü ona təslim edir, Qərbli isə təbiətin gücünü bildiyi üçün ona hakim olmağa çalışır.
Şərqli keçmişinə bağlıdır, Qərbli özünü keçmişə bağlı saymır, ancaq ondan ibrət almağı bilir.
Şərq ölkələrində liderlər fikirlərə liderlik edir, Qərbdə fikirlər liderlərə yol göstərir.
Qərbdə fədakarlığın ən gözəl örnəklərini cavabdeh olanlar göstərir, Şərqdə fədakarlığı sadə vətəndaşdan, yoxsul xalqdan gözləyirlər.
Mənbə: Mümin Sekman «Hər şey səninlə başlayar» kitabı
ŞƏRQ VƏ QƏRB ARASINDA
Mrs. Keepa brendi moda tendensiyalarından asılı olmayan zərifliyi və artistliyi birləşdirir. O, rəngarəng naxışları və mürəkkəb siluetləri birləşdirərək, ani moda tendensiyalarından uzaq durmağı üstün tutaraq, lakin özünə xas tərzini qoruyub saxlayaraq səyahətə olan sevgisinə əsaslanır. Ərəb dünyasının ən nüfuzlu 50 qadınından biri, gənc geyim dizayneri və iki uşaq anası Məryəm Yahya oxuculara biznes-ledi, ana və qərb baxışlı şərq qadını kimi üç əsası özündə necə birləşdirdiyi barədə danışdı.
Siz dizaynerlər ailəsində doğulmusunuz. Bu sizin peşəkar inkişafınızda sizə kömək etdi mi? Yoxsa bu sizin üçün bir meydan oxuma idi?
Bu əlbətdə ki, üstünlükdür. Biz bacımla geyim yaratmağın gündəlik həyatın bir parçası olduğu bir atmosferdə böyümüşük, modaya olan sevgi həyatımıza elə “nüfuz” etmişdi ki, biz bunun heç fərqində deyildik. Və budur, indi hər birimiz bacardığımız kimi anamızın yolunu davam etdiririk.
Hesab edirsinizmi ki, tərz gendə olmalıdır? Uşaqlarınızın sizin yolunuzu davam etməsini istərdinizmi?
Tərzin genetik olaraq keçdiyini deməzdim. Amma düşünürəm ki, uşaqların valideynlərindən ilham alıb onu mənimsəmə ehtimalı çox böyükdür. Bundan əlavə, bu, əlbəttə ki, xarakterin xüsusiyyətləri ilə bağlıdır. Mən uşaqlarımın moda sənayesində karyera qurmaları ilə bağlı bir şey demək istəmirəm. Amma unikal tərz hissinə sahib olmalarını əlbəttə çox istəyərdim.
Mrs. Keepa brendinin tərzini necə təsvir edərdiniz?
Öz stilimi təsvir etmək çox çətindir. Bu çox şəxsi, spontan, plansız bir şeydir. Mən müxtəlif tərzdə geyinirəm və yaradıram: vintaj, bohema, klassik, seksual. və bu tam siyahı deyil. Mənim şəxsi tərzimi fərqləndirən müxtəlif tərzləri, naxışları və parçaları qarışdırmağımdadır, həmçinin brendimin tərzi də digərlərindən fərqlənir. Mrs. Keepa brendi əbədi qadınlıq mühitini təcəssüm etdirən cəsur strukturlaşdırılmış siluetlərlə məşhurdur. Bizim markamız özünə güvənən qadınlara qayğısız yüngüllük barədə bəhs edir.
Sizcə, bir qadın özünü bu brendin geyimlərində necə hiss edir?
Bizim brendin geyimlərini geyinən qadınlar özünü unikal və sevincli hiss etməlidir. Ümumiyyətlə, hesab edirəm ki, moda – əyləncəlidir, onu çox ciddi qəbul etmək lazım deyil, buna görə bütün kolleksiyalarımda yaradıcı rənglər seçirəm və maraqlı naxışlar əlavə edirəm.
Mrs. Keepa brendinin daimi müştəriləri kimlərdir?
Bu qabaqcıl modabazlardır – nə istədiklərini dəqiq bilən, modadan anlayan auditoriyadır. Onlar əsasən onlayn alış-veriş edirlər, qərarları tez və asanlıqla qəbul edirlər, müntəzəm olaraq onlayn platformamızı ziyarət edirlər. Amma elə müştərilər də var ki, brendimi yaratmazdan əvvəl mənim moda yolculuğumu izləyiblər və alış-verişi birbaşa salondan edirlər, çünki onlar mənimlə şəxsən görüşmək və kolleksiyamdakı geyimləri bir-biri ilə uyğunlaşdırmaqda məsləhətləşmək istəyirlər.
Bal ayında işləməkdən imtina edərək işdən ayrıldınız. Müasir texnologiyaların nəinki bizə kömək etdiyi, həm də iş və şəxsi həyatın bir araya gəlməsini çətinləşdirdiyi ilə razısınız?
Tamamilə doğrudur! Bəli, texnologiya brendimizin inkişafını sürətləndirməyə kömək etdi. Amma mən bu qədər tələb olunan virtual dünyadan uzaq yaşadığımız dövrlərə dönmək istərdim.
Belə bir fikir yayılıb: hər kəs istədiyi işlə məşğul olsun. Bu fikrin hər kəsə aid olduğunu düşünürsünüz?
Düşünürəm ki, bu, hər kəsə aid olan yeganə variantdır! Biz hər şeyə və hər kəsə təsir göstərə biləcək kanalları olan sosial şəbəkələr dövründə yaşayırıq. Fərqinə varılması üçün spesifik DNT ilə nəsə çox özəl bir şey təklif etməlisən. Əks halda siz sadəcə başqa bir Instagram səhifəsi olacaqsınız. Təkrarolunmaz məhsul işinizə yalnız ürəyinizi, istedadınızı və iradənizi qoyduğunuzda əldə edilir.
Instagramda növbəti bir dizayner olmamaq üçün nə etmək lazımdır?
Yaradıcı bacarıq və individuallıq – uğurlu dizayner statusunu almaq yolunda ilk addımdır. Əgər bu keyfiyyətlər varsa, texniki tərəfləri yaxşı bilmək –ideyalarınızı interpretasiya etməyə və yaradıcılığınızı geyimlərə ötürməyə imkan verən növbəti şərtdir.
Peşəkar təhsil almağa qərar vermisiniz. Niyə? Gördüyünüz işin dərinliklərini bildiyinizə hər kəsi inandırmaq üçün?
Bilmirəm bu yaxşıdır, yoxsa pis. Lakin bütün həyatım boyu məni başqalarının fikri maraqlandırmayıb. Karyeramı dəyişdirməyi qərara aldıqdan sonra, uğursuzluğa uğramamaq üçün əlimdən gələn hər şeyi etdim. Uğursuzluğa nifrət edirəm! Və mən dizayn məktəbinə daxil oldum, çünki zəif nöqtəm modanın texniki tərəfini bilməmək idi. Uğur əldə etmək və özümü göstərmək üçün bu boşluğu doldurmalı idim.
ESMOD-da öyrəndiyiniz ən vacib şey nədir?
ESMOD-da öyrəndiyim ən vacib şey – yaxşı dizayner və ya kreativ direktor mütləq ən yaxşı eskiz rəssamı ya da dərzi olmaq deyil. Ancaq şablon və tikiş prosesini yaxşı bilmək – yaxşı dizayner üçün fikirlərini biçiciyə və dərziyə çatdıra bilməsi üçün əsasdır. Bu, yüksək keyfiyyətli məhsul almaq üçün yeganə yoldur.
Siz iki uşaq anasısınız, inkişaf edən bir biznesiniz var. Bu qədər məsuliyyəti necə idarə edirsiniz?
Ho-ho! Çalışan ana – uşaqlar qarşısında bitməyən günahkarlıq hissidir! Buna görə də, uşaqlar, xüsusilə də İzabel, əksər vaxtımı onların yanında olduğuma alışıblar. Mənim indiki işimdə isə qısa müddətlik də ayrıldığımızda və yaxud işgüzar səfərə getdiyimdə uşaqları bir qədər qorxudur. Həmişə çalışan analara deyirəm: mükəmməl tarazlıq yoxdur. Həyat o qədər sürətli və rəqabətlidir ki, qrafiklə işləsəniz belə ona yetişmək mümkün deyil. Çalışan ana olmaq isə bütün çətinliklərin öhdəsindən gəlmək üçün çoxlu fiziki və emosional güc tələb edən asan seçim deyil.
Adi gününüz neçə keçir?
Mən hansısa müəyyən bir cədvələ əməl etmirəm. Yeni fikirlərlə dolu oyana bilərəm, bütün planları ləğv edib atelyeyə qaçaraq, musiqini açıb və bütün bu ideyaları həyata keçirməyə başlaya bilərəm. Ertəsi gün isə yemək bişirmə əhvalı ilə oyanıb və İzabel məktəbdən gələnə kimi evdə kiçik oğlum Noy ilə birlikdə dincələ bilərəm.
Bizim zəmanəmizdə qadın karyera və ailə arasında seçim etməlidirmi, yoxsa hər ikisini uğurla birləşdirə bilər? Bunun üçün, sizcə, nə lazımdır?
Doğru və yanlış cavab yoxdur – bu, müəyyən bir şəxsin xarakteri ilə bağlıdır. Ailəni seçərək qadın daha az uğurlu bir insan olmayacaq: bütün öhdəlikləri və məsuliyyətləri ilə evdar qadın olmaq çox vaxt və səy tələb edən çətin işdir. Ailə və işi uğurla bir arada tutmaq üçün qadının mütləq güvənli dəstəyə ehtiyacı var. Və burada həyat yoldaşının köməyi tam yerinə düşür.
İki yaşında olan “üçüncü övladınız” – biznes sizə nə öyrədib?
Bir qadın çalışmağı seçirsə, uğur qazanması və ən əsası gördüyü işdən zövq alması üçün uşaqlarını və ailəsini sevdiyi qədər işini də sevməlidir.
Siz yarı fransız, yarı misirlisiniz. Bu ikililik Sizin şəxsiyyətinizə və peşəkar fəaliyyətinizə təsir edirmi?
Bəli, sənəd üzrə mən həm fransız, həm də misirliyəm. Amma əslində daha çox qan qarışığım var. Anam tərəfindən nənəm – fransız, babam isə – Albaniyadan olan mərakeşlidir. Atam tərəfdən nənəmin türk kökləri var, babam isə Səudiyyə Ərəbistanındandır. Bu genetik kokteylə bir də livanlı ilə evli olduğum və son 15 ili Dubayda yaşadığımı əlavə edin. Özümü şəxsi düşüncəmin və mədəniyyətlərin, dinlərin interpretasiyasının təsir göstərdiyi dünya vətəndaşı kimi hiss edirəm. Yaşadığımız dünyanın Şərqə və Qərbə ayrıldığını düşünmürəm. Sosial şəbəkələr bizi universal bir dildə danışan böyük bir cəmiyyətə çevirib.
Sizin üçün hansı daha vacibdir: özünü ifadə etmək, yoxsa başqalarını ruhlandırmaq?
Özünü ifadə etmək. Çünki özünə sadiq olan hər bir kəs öz auditoriyasından ilham alır və öz növbəsində başqalarını da ilhamlandıra bilir.
Bu gün modada nə çatışmır, öz brendinizlə nə əlavə etmək istərdiniz?
Modada zamansızlıq çatışmır. Bu gün moda əsasən sürətlə dəyişən tendensiyalardan asılı qalır, məsələn geyimlər bir mövsümdən çox geyinilməməlidir – onlar bu qədər sürətlə dəbdən düşür. Ancaq Mrs. Keepa brendi mövsümün rəngləri və ya parça dəbini təqib etmir: hesab edirəm ki, moda təlimatlara əməl etməməlidir.
Brendinizlə bağlı ən böyük arzunuz?
Arzum brendimin müştərilərinin modadakı yeniliklərə qarşı həssas hissiyyatları olan konseptual mağazalarda, mümkün qədər çox şəhərlərdə yayılmasıdır.
Biznes ledi və Şərqdə ən tərzli qadınlardan biri olmaq necə hissdir?
Bu özün olmaq deməkdir. Hər şey tamamilə təbii şəkildə baş verdi. İndi isə məsələ eyni istiqamətdə qalmaq, yayınmamaq və getdikcə artmaqda olan auditoriyanın təsiri altına düşməməkdir.
Cəmiyyət tərəfindən təzyiq hiss edirsiniz?
Cəmiyyət tərəfindən deyil, öz tərəfimdən təzyiq hiss edirəm. Özümə qarşı o qədər sərtəm ki, ictimaiyyətin rəyi o qədər də mənə təsir etmir.
Yaxın Şərq və Körfəz ölkələrindəki qadınlara münasibətiniz dəyişdi? Bu dəyişiklikləri özünüzdə hiss edirsiniz?
Şəxsən mən dəyişiklikləri hiss etmək üçün Yaxın Şərqdəki qadınlara qarşı xüsusi münasibət hiss etməmişəm. Amma digər tərəfdən indi biz hamımız bu planda qlobal, amma ciddi irəliləyişlərin şahidiyik və bu, əsrlər boyu mühafizəkar təcrübəmizi nəzərə alarsaq Orta Şərqdə yaşayan qadınlar üçün vacibdir.
Bəs Qərb hələ də Şərq qadınlarına qarşı mənfi fikirdədir? Bunu necə dəyişmək olar? Və bunu dəyişməyə ehtiyac varmı?
Özümə və hərəkətlərimə inancım sayəsində başqalarının düşüncələri məni maraqlandırmır. Belə deyim: yox, ehtiyac yoxdur.
Müsahibə: Nigar Oruceva
Foto: Mox Santos
Material əlli dördüncü buraxılışda dərc olunmuşdur.
Comments are closed, but trackbacks and pingbacks are open.