Press "Enter" to skip to content

Rəssamlar

Pablo Pikasso

Məşhur rəssamlar haqqında naməlum faktlar

Məşhur rəssamlar haqqında külli miqdarda informasiya tapmaq mümkündür –onlar necə yaşayıb, öz misilsiz əsərlərini necə yaradıblar. Bir çoxları əksər hallarda rəssamların xarakterlərinin və sürdükləri həyat tərzinin özünəməxsus xüsusiyyətləri haqqında o qədər də düşünməyib. Halbuki, rəssamın tərcümeyi-halından və ya bu və ya digər rəsm əsərinin yaranma tarixindən xəbər verən bəzi faktlar olduqca maraqlı və diqqət çəkici ola bilər.

Pablo Pikasso

Yaxşı rəssamlar sürət çıxardır (kopiyalayır), dahilər isə oğurlayır.

– Parisdəki həyatının ilkin illərində Pikasso o qədər kasıb idi ki, bəzən odun əvəzinə öz rəsmlərini doğramalı olurdu.

– Pikasssonun tam adı 23 sözdən ibarətdir. Pablo- Dieqo-Xose-Fransisko-de-Paula-Xuan-Nepomuseno-Maria-de-los-Remedios-Kipriano-de-la-Santisima-Trinidad-Martir-Patrisio-Klito-Ruiz-i-Pikasso.

Vinsent van Qoq

Səhv etməkdən qorxmayın. Bir çoxları hesab edir ki, əgər pis heç nə etməsələr yaxşı insan olacaqlar.

-Özünün qayğı ilə dolu həyatı ərzində van Qoq dəfələrlə psixiatriya xəstəxanalarına düşmüş, ona şizofreniyadan tutmuş, maniakal-depressiv psixoza qədər ən müxtəlif diaqnozlar qoyulmuşdur. Özünün ən məşhur “Ulduzlu gecə” əsərini van Qoq 1889-cu ildə San-Remi şəhərindəki xəstəxanada çəkmişdir.

– Bütün həyatı boyu van Qoq aşağı özünüqiymətləndirmədən əziyyət çəkmişdir. O, sağ olduğu müddətdə özünün cəmi “Red Vineyard at Arles” adlı əsərini satmışdır. Məşhurluq isə onu ölümündən sonra yaxalayıb. Kaş ki, van Qoq onun işlərinin nə dərəcədə məşhur və sevimli olacağını bilsəydi.

– Van Qoq öz qulağını bütünlüklə deyil, yalnız onun sırğalıq hissəsini kəsmişdir, bu isə praktiki olaraq, o qədər də ağrılı deyil. Amma rəssamın öz qulağını bütünlüklə amputasiya etdiyi haqqında əfsanə olduqca geniş yayılıb. Bu əfsanə hətta özü-özünü əməliyyat edən və ya əməliyyat olunmasında israr edən xəstələrin davranışında da əks olunub – bu davranışı van Qoq sindromu adlandırırlar.

Leonardo da Vinçi

Qorxu içində yaşayan kəs, qorxudan da məhv olur.

– Leonardo səmanın nəyə görə mavi rəngdə olduğunu izah edən ilk şəxs olub. “Təsviri incəsənət” haqqında kitabında yazır ki, səmanın göy rəngdə olması Yer və yuxarıdakı qaranlıq arasında yerləşən işıqlanmış hava hissəciklərinin yoğun qatı sayəsində mümkün olur.

– Leonardo ambidekster idi – yəni o hər iki əlindən eyni dərəcədə istifadə edə bilirdi. Hətta deyirlər ki, o eyni zamanda hər iki əli ilə fərqli mətnlər yaza bilirdi. Amma ki, əksər yazılarını o sol əli, sağdan sola doğru yazmışdır.

– Leonardo da Vinçi qatı vegeterian idi və o heç zaman inək südü içmirdi, çünki bunu əsl oğurluq hesab edirdi.

Salvador Dali

Əgər düşmənlərim olmasaydı, onda mən bu gün olduğun insan olmazdım. Amma şükür Allaha ki, düşmənlərim kifayət qədər olub.

– 1934-cü ildə Nyu-Yorka gəldikdə o, aksessuar qismində əlində uzunluğu 2 metr olan baton çərək gəzdirirmiş. Sürrealistlərin Londondakı yaradıcılıq sərgisinə baş çəkəndə isə o, əyninə dalğıc kostyumu geyinmişdi

– Dali «Yaddaşın daimiliyi» («Yumşaq saatlar») tablosunu Eynşteynin nisbilik nəzəriyyəsinin təəssüratları altında çəkmişdir. Bir qaynar avqust səhərində o, «Kamamber» pendir tikəsini nəzərdən keçirəndə bu ideya onun beynində formalaşmışdır.

– Hələ sağlığında ikən dahi rəssam vəsiyyət edir ki, onu elə dəfn etsinlər ki, insanlar qəbirdə rahat gəzə bilsin. Ona görə də onun cəsədini Fiqeras şəhərində Dali muzeyində divara hörmüşlər. Bu otaqda fotoaparat qığılcımı ilə şəkil çəkmək olmaz.

– «Çupa-Çups» konfetlərinin loqotipi Salvador Daliyə məxsusdur. Bir az dəyişilmiş şəkildə o, bu günə qədər öz formasını qoruyub saxlamışdır.

Anri Matiss

Çiçəklər onları görmək istəyən hər kəs üçün, hər bir yerdə açılır

– 1961-ci ildə Nyu-Yorkun müasir incəsənət muzeyində sərgiyə qoyulmuş Anri Matissin «Qayıq» (“Le Bateau”) əsəri 47 gün ərzində baş-ayaq vəziyyətdə asılı qalıb. Rəsm əsərini oktyabrın 17-də qalereyada asıblar və yalnız dekabrın 3-də kimsə bu səhvdən xəbər tutub.

– Anri Matiss depressiya və yuxusuzluqdan əziyyət çəkib, bəzən o yuxuda hönkürür və öz səsinə yuxudan göz yaşı içində ayılırdı. Birdən heç bir səbəbsiz onda, kor qalmaq qorxusu əmələ gəlirdi. O, hətta skripkada ifa etməyi öyrənir ki, əgər gözləri tutulsa, küçə musiqiçisi qismində yaşamaq üçün pul qazana bilsin.

Edvard Munk

Öz incəsənətimlə mən özümə həyatı və onun mənasını izah etməyə, həmçinin digərlərinə də öz həyatının mənasını aydınlaşdırmağa kömək etməyə çalışdım.

– Onun “Qışqırıq” əsəri dünyada, açıq hərracda satılmış ən bahalı incəsənət nümunəsidir.

– O, işinə dəlicəsinə aludə olmuşdu və özü bu haqda belə deyirdi: «Rəsm mənim üçün xəstəlik və sərxoşluq kimidir. Bu elə xəstəlikdir ki, mən ondan qopmaq istəmir və elə sərxoşluqdur ki, ondan ayılmaq istəmirəm»

Pol Qoqen

İncəsənət –abstraksiyadır, onun təbiətindən nəisə öyrənin, onun əsasında fantaziya qurun və daha çox yaradıcılıq prosesi haqqında düşünün, nəinki onun nəticəsi barədə.

– Rəssam Parisdə anadan olsa da uşaqlıq illəri Peruda keçib. Tropik ölkələrə, ekzotikaya yaranan maraq məhz bu səbəbdən qaynaqlanır.

– Qoqen asanlıqla texnika və materialı dəyişə bilərdi. O, həmçinin ağaclara naxış vurma işi ilə də maraqlanırdı. Əksər hallarda maddi çətinliklər çəkir, boya almağa imkanı çatmırdı. Bu zaman o, əlinə bıçaq götürür və ağacların canına düşürdü. Markiz adalarında yerləşən evinin qapılarını doğrama panellərlə bəzəmişdi.

Renuar Pyer Oqyust

40 yaşımda mən kəşf etdim ki, bütün rənglərin şahı –qaradır.

– Təxminən 1880-ci ildə Renuar ilk dəfə sağ qolunu sındırır. Baş verən hadisəyə görə təəssüflənmək və kədərlənmək əvəzinə o fırçanı sol əlinə alır və müəyyən müddət keçəndən sonra, artıq heç kəsdə şübhə qalmır ki, o hər iki əlləri ilə şedevr yaratmağa qadirdir.

Rəssamlar

Çağdaş İncəsənət əslində ənənəvi qaydalara və üsullara qarşı üsyandır. Müasir İncəsənətin infrastrukturunu təşkil edən cərəyan və üslubların ortaq nöqtəsi həyata reaksiyanı əks etdirməyə hesablanıb.

Bəzi sənət tarixçiləri deyirlər ki, fotoqrafiyanın ixtirası ilə rəsmin reallığı canlandırmaq səlahiyyətinə son qoyulub. Onlar üçün bundan sonra reallığın şəklini çəkmək köhnəlmişdir. Kameranın ixtirası, şübhəsiz ki, sənətin bu klassik formal prinsiplərdən qopmasını sürətləndirdi.

Müasir rəssamlıq Van Qoq, Qoqin və Sezan ilə başlayıb. Bəşəriyyətin ilk əsrlərdən bəri davam etdirdiyi mimesis (bənzətmə) bu sənətkarların əlində tamam başqa bir şeyə çevrilir. İlk impressionistlərin işıq və rənglə bağlı eksperimental işlərini saymasaq, təbiətdə obyektin formasından və rəngindən asılı olmayaraq rənglənməsi məhz bu üç rəssamdan başlayıb. Sezan (1839 – 1906) məzmun və forma baxımından əşyaların konkret reallığına müdaxilə etdiyi halda, Van Qoq (1853 – 1890) mənəvi enerjisi üstünlük təşkil edən rənglə bu realizmi qırdı. Qoqen (1848 – 1903) isə obrazların vizuallığına təsirli müdaxilə olan gözəlliyin ideal konkret prinsiplərinə qarşı çıxaraq vəhşi estetika yarada bildi.

İmpressionist rəssamların fikrincə, rəsm təəssüratların əksidir. İmpressionistlər obyektlərin statik və konseptual mənalarından əlavə, işıqdan asılı olaraq cisimlərin anında dəyişən görünüşünü tutmaq və onları hiss etdikləri kimi tamaşaçılara çatdırmaq üçün real forma deyil, görünən formanı kətana çatdırdılar. . İmpressionist rəssam birbaşa həqiqətə deyil, gördüklərinin onda oyatdığı hiss və düşüncələrə əsaslanır.

Pop Art Dada və Abstrakt Ekspressionizmə reaksiya olaraq ortaya çıxdı. Amerikanın gündəlik həyatının yerli və regional simvolları ilə dolu olan bu yeni sənət hərəkatı geniş şəkildə əhatə olunur. Kütləvi informasiya vasitələri bu hərəkatın atası kimi qəbul edilir. Pop Art sənaye cəmiyyətinin gündəlik istehlak mallarını kütləvi kommunikasiya əsrinin texnikaları ilə təsvir edir. Bu cür obyektlər öz ətraflarından təcrid olunmuş şəkildə, şişirdilmiş ölçülərdə və çox vaxt qrafik roman və ya reklam üsullarından istifadə edilərək təsvir edilir.

Hazırladı : Bünyamin Bünyadzadə

Visiontv.az

Comments are closed, but trackbacks and pingbacks are open.