Press "Enter" to skip to content

Ərtogrul cavid kitab

Məmməd Cəfər Cəfərov: – Yadımdadır, yadımdadır, oxumuşam, qiyməti əla idi. Təkcə mənim fənnimdən yox, onun bütün qiymətləri əla idi. Əlaçı tələbə çox ola bilər, o əlaçı, yaraşıqlı və istedadlı idi.

22 OKTYABR 1919 — ƏRTOĞRUL CAVİD ANADAN OLUB

Ərtoğrul Hüseyn Cavid oğlu 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılımış «9 Variasiya»dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin «Sevgili yar gəlmiş idi» qəzəlinə, Nigar Rəfibəylinin «Eşq olsun», Türkmən şairi Kəminənin «Leylanın vəsfi», T.Rəsizadənin «Səninlə olaydım» və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən «Sərhəddən məktub» simfonik balladasının və marşlar yazmış, «Şeyx Sənan», «Məshəti» operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır.

1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var.

1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, «Xalq düşməni»nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi.

14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

Ərtogrul cavid kitab

Ərtoğrul Cavid

Azərbaycan xalqının böyük dramaturq və yazıçısı Hüseyn Cavidin yeganə oğlu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin fitri istedada malik sevimli tələbəsi, İkinci Dünya müharibəsinin və stalinizmin qurbanı, unudulmaz bəstəkar, gözəl şair, istedadlı rəssam, folklorçu və musiqi tədqiqatçısı Ərtoğrul Cavid – 90 il bundan əvvəl dünyaya göz açmışdı. Ərtoğrul Cavidin oktyabr ayında keçiriləcək 90 illik yubileyi münasibətilə Hüseyn Cavidin ev muzeyi bir sıra silsilə tədbirlər həyata keçirməyi nəzərdə tutur. Bəstəkarın musiqilərindən ibarət audio CD və DVD tərtib olunmuş və işıq üzü görmüşdür. Onu da qeyd etmək lazımdır ki, Ərtoğrul Cavidin arxivi Hüseyn Cavidin ev muzeyində saxlanılır və nümayiş olunur. Yubiley münasibətilə muzey �Ərtoğrul Cavid – şair, yazıçı, tələbə, dramaturq, tədqiqatçı, müəllim, bəstəkar, rəssam� adlı sərgi hazırlayır. Bundan başqa muzeyin arxivində saxlanılan, Ərtoğrula həsr olunmuş video və audio, eləcə də qəzet materialları işlənib oxuculara təqdim olunacaqdır.

Ərtoğrul Cavid Hüseyn Cavid oğlu Rasizadə 1919-cu ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Tusi adına Universitet) bitirdikdən sonra o, elə həmin il Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur. Onun müəllimi – dahi bəstəkar, Konservatoriyanın rektoru Üzeyir bəy �Azərbaycan xalq musiqisinin əsasları�ndan gənc Ərtoğrula dərin bilik vermiş, onun bu sahədə fitri istedadı olduğunu dönə-dönə qeyd etmişdi.

Bəstəkarlıq sahəsində də Ərtoğrulun ilk uğurları sevimli müəlliminin rəhbərliyi altında olmuşdu.

Ölməz müğənnimiz Bülbül tərəfindən konservatoriyada xalq musiqisinin tədqiqatı ilə məşğul olan kabinənin fəaliyyətində də gənc Ərtoğrul böyük həvəslə çalışırdı. O, Bülbül ilə Azərbaycanın bir sıra rayonlarına folklor toplamaq üçün ekspedisiyalarda iştirak etmişdir. Gənc Ərtoğrul qələmini dramaturgiya və poeziya sahəsində də sınamış və uğurlu əsərlər yaratmışdır. 200-dən çox el havalarını nota köçürmüş, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya almış, öz yaradıcılığında onlardan qidalanmış, gözəl əsərlər yaratmışdır. İlk böyük əsəri fortepiano üçün yazılmış �Doqquz variasiya�dır. Skripka ilə fortepiano üçün poema (1941), Nizaminin �Sevgili yar gəlmiş idi� qəzəlinə, N.Rəfibəylinin �Eşq olsun�, türkmən şairi Kəminənin �Leylanın vəsfi�, T.Rasizadənin �Səninlə olaydım� və s. şeirlərinə romans və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlanarkən �Cəbhədən məktub� simfonik balladasını və marşlar yazmışdır, �Şeyx Sənan�, �Məhsəti� operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır.

1942-ci ildə ordu sıralarına çağırılmış, �xalq düşməni�nin oğlu olduğu üçün, arxa cəbhədə fəhlə batalyonuna göndərilmişdir. Ağır xəstələnərək 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Ərtoğrul Cavidin məzari ölümündən 53 il sonra ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülmüşdür.

1981-ci ildə Ərtoğrul Cavidin xatirəsinə həsr olunmuş ilk televiziya verilişi tamaşaçılara təqdim olundu. Xalq yazıçısı Anarın aparıcılığı ilə araya-ərsəyə gələn bu maraqlı verilişdə vaxtilə Pedaqoji Universitetdə Ə.Cavidə dərs demiş akademik Məmməd Cəfər Cəfərov, xalq artisti, bəstəkar Cahangir Cahangirov, Ərtoğrulun bacısı Turan Cavid və sinif yoldaşı Ətaulla Qasımov onun haqqında unudulmaz xatir ələrini, bənzərsiz istedadı barədə düşüncələrini dilə gətirdilər, pianoçulardan Rauf Qasımov, Roza Şirfin, xalq artisti Xuraman Qasımova və skripkaçı Zülfiyyə Yaqubovanın ifasında əsərlərindən nümunələr səsləndirildi.

Tədqiqatçı Nigar Xan qızı bu günlərdə sözügedən televerilişin mətnini yazıya alaraq redaksiyamıza göndərib. Həmin mətn əsasında hazırlanmış materialı ixtisarla oxuculara təqdim edirik.

Anar: – Ərtoğrul Cavid böyük sənətkarımız, Azərbaycan ədəbiyyatının klassiki Hüseyn Cavidin oğludur. Həyat çox gənc yaşlarından Ərtoğrulu çətin sınaqlar qarşısında qoymuş və o, bu sınaqlardan şərəflə, ləyaqətlə çıxmışdı. Onunla bağlı sənədlərlə tanış olanda Ərtoğrulun işgüzarlığına, zəhmətkeşliyinə, maraq dairəsinin genişliyinə heyran qalırsan. Musiqi təhsili ilə bərabər o filoloji təhsil də almışdı və Konservatoriyaya daxil olmamışdan əvvəl Pedaqoji İnstitutu bitirmişdi. Pedaqoji İnstitutda Ərtoğrulun müəllimlərindən biri bizim görkəmli alimimiz, akademik Məmməd Cəfər Cəfərov olmuşdur.

Məmməd Cəfər Cəfərov: – Əslində gözəl hisslər, duyğular, düşüncələr oyadan mənəvi amillərdən biri də xatirələrdir. Elə bir adam tapmaq olmaz ki, onun qəlb aləmində bir xatirələr tarixçəsi, bir xatirə kitabçası, bəlkə də, bir neçə cildlik kitabçası olmamış olsun. Xatirələrin hər bir fərdin mənəvi aləminin formalaşmasında da böyük tərbiyəvi əhəmiyyəti olur və təsadüfi deyildir ki, xatirə bədii yaradıcılıqda da, ümumiyyətlə, yaradıcılıqda mühüm bir tərbiyəvi əhəmiyyəti olan janrlardan biridir . Xatirələrdən hər kəs öz xatirələrinə dönə-dönə qayıdır və oradan həyat üçün lazım olan gözəl nəticələr də çıxarır. Xatirələr heç bir zaman unudulmur. Xüsusən ağıllı, istedadlı, fərasətli, nəcib, ləyaqətli insanlar haqqında xatirələr daimi olur və yaddan çıxmır. Onlar, elə insanlar yada düşəndə də göz önündə nəinki onların zahiri, nəinki gözəl simaları, xoş nəzərləri, hətta rəftarları, hərəkətləri də canlanır. Sanki onların səsini də eşidirsən, onların nəfəsini də duyursan. Mənim saydığım bu gözəl mənəvi, əxlaqi keyfiyyətlərə malik olan, çox yaxından tanıdığım tələbələrimdən biri Ərtoğrul Cavid idi. Mən Ərtoğrulu ilk dəfə onun Pedaqoji İnstitutda dil və ədəbiyyat fakültəsində təhsil aldığı illərdə, sinif otağında görmüşəm. �Sinif otağında görmüşəm� sözünü də təsadüfi işlətmirəm. Ona görə ki, Ərtoğrul tənəffüslərdə də həmişə sinif otağında olur, qarşısında kitab, dəftər, əlində qələm nəsə oxuyur, düşünür, yazırdı. Müəllimlər arasında onun çox böyük hörməti var idi. Mən müəllimlər otağında həmişə ona dərs deyən müəllimlərdən �Ərtoğrul təmkinli, ağıllı, çalışqan, istedadlı oğlandır� sözünü tez-tez eşidərdim.

Tələbələr, sinif yoldaşları, hətta başqa sinfin tələbələri də onu çox sevir, ona xüsusi hörmət bəsləyirdilər. Həmin ağırtəbiətli, təmkinli oğlanı ki, onun o qədər də çox yaşı yox idi, 20-21 ola-olmaya idi. – Demək olar ki, hamının, – onu tanıyanların hamısının məhəbbətini qazanmışdı. Mən də o vaxt təbii ki, çox yaşlı deyildim, aspiranturanı təzəcə qurtarmışdım. Dünya ədəbiyyatı kafedrasında o zaman mütəxəssis, təcrübəli müəllimlərimiz olmadığından mənə müstəqil bir kurs tapşırmışdılar və ixtisasım olan kursdan başqa mən estetik fikir tarixi kursunu da aparırdım.

O vaxt ali məktəblər üçün dərsliklər az olduğundan tələbələrin bir qismi mühazirələri nöqtəbənöqtə yazırdılar. Ərtoğrul çox diqqətlə qulaq asar və bütün mənbələri, zəruri tapşırıqları kitabları oxuyardı, ancaq mühazirələri yazmazdı. Bu da mənim çox xoşuma gəlirdi. fərqlənən tələbələrimdən, xüsusilə Ərtoğruldan çox razı idim. Onun əlində mən həmişə kitablar görər və etiraf edirəm ki, elə kitablar görərdim ki, mən onları oxumamışdım. Əlbəttə, o vaxt belə idi ki, kitabxanalarda ancaq müəllimlərə evə kitab aparmağa icazə verərdilər. Elə də olurdu ki, mən aldığım kitabları, yəni Ərtoğrulun çətin əldə etdiyi kitabları az-çox ona verirdim. Bizim sözümüz-söhbətimiz onunla ancaq daha çox imtahanda və yoxlama saatlarında olurdu. Onun Azərbaycan ədəbiyyatı, rus ədəbiyyatı, Qərbi Avropa ədəbiyyatı, xüsusən estetik fikir tarixi – bu predmeti də dediyim kimi, müəllim olmadığı üçün mən aparırdım və incəsənət tarixi haqqında biliyi qibtə ediləsi idi. Mən ona qibtə edirdim. O yaşda o qədər geniş biliklərə malik olması təqdiredici idi. Əlbəttə, yaşla biliyi ölçməzlər. Amma, hər halda o, heyranedici idi, onun çalışqanlığı, mütaliəsi və hərtərəfli inkişaf etmiş adam olması çox yaxşı təəssürat yaradırdı. Əlbəttə, Ərtoğrulun bizim böyük ədibimiz, şair və dramaturqumuz Hüseyn Cavidin oğlu olduğunu bilirdim. Cavidi mən necə olmuşdusa, bir dəfə Azərbaycan sovet yazıçılarının qurultayında uzaqdan görmüşdüm. Onun əsərlərini elə texnikumda ikən oxumuşdum. Demək olar ki, çap olunan əsərlərinin hamısını mütaliə etmişdim. Və təkcə mən yox� O vaxt Hüseyn Cavidi sevməyən, oxumayan kim idi ki! Onun hər sözü, hər cümləsi dillərdə əzbər gəzirdi. Mənim bir çox tələbə yoldaşlarım var idi ki, onlar bütün bir bədii əsəri, dramı, məsələn, �İblis�i əzbərdən deyirdilər. Çoxları çap olunmayan əsərləri köçürürdülər, verirdilər. Mən texnikumda ikən Cavidin əsərlərini mənə onun böyük qardaşı verirdi. O da ədəbiyyata, sənətə bağlı ədəbiyyat müəllimi idi. O, tələbələrin hamısı ilə fərəhlənərdi ki, yetişdirsin, əsərlərini çap etdirsin. Və mənim ilk yazımı yadımdadı ki, onun böyük qardaşı Məhəmməd çap elətdirmişdi. Bütün bunların hamısı, – bunlar da şərtdi də, – Cavid, onun əsərləri, qardaşı, bu mühit məndə Ərtoğrula qarşı xüsusi məhəbbət oyatmışdı. Mən Ərtoğrulun iki il müəllimi olmuşam. Onun dili xüsusilə, referatlarda çox yaxşı idi. İndi bilmirəm, ali məktəblərdə necədir, o təcrübədən istifadə olunur, yoxsa yox, əvvəllər, məsələn, Ərtoğrul tələbə yoldaşlarına mövzu verir, onlar da həmin mövzu üzrə referatlar yazıb gətirirdilər. Bu da tələbələrdə yazı qabiliyyətinin, fikirlərini ifadə etmək tərzinin inkişafına çox böyük kömək edərdi. Ərtoğrulun referatları çox mənalı idi, yadımdadır, gətirərdi ki, oxuyaq, biz də oxuyarduq. Mən Ərtoğruldan 40-cı ildə ayrılmışam. Ayrılandan sonra bir tələbə-müəllim kimi olmasa da, xüsusi mənəvi bir yaxınlığımız olub. Əlbəttə, ondan xəbər tuturdum. Sonra bildim ki, o Konservatoriyaya daxil olub. Bu da onun dünyagörüşünün genişliyidir ki, hərtərəfli inkişaf etmiş bir cavan olmaq istəyirdi.

Sonra onun ailəyə kömək etmək üçün tərcümə ilə məşğul olduğunu mənə ara-sıra danışırdılar.

Turan Cavid: – Sizin Ərtoğrula dərs dediyiniz fənn üzrə iki dəftər qalıb. Baxın görün, bunlar sizə tanış gəlirmi – �Gülən adam� və �Qorkinin həyatı�.

Məmməd Cəfər Cəfərov: – Yadımdadır, yadımdadır, oxumuşam, qiyməti əla idi. Təkcə mənim fənnimdən yox, onun bütün qiymətləri əla idi. Əlaçı tələbə çox ola bilər, o əlaçı, yaraşıqlı və istedadlı idi.

Turan Cavid: – Tutduğu siyahıdan hiss olunur ki, ədəbiyyatdan çox geniş istifadə edirdi.

Anar: – Mənə belə gəlir ki, Ərtoğrulun ədəbiyyata marağı bir tərəfdən onun ailə mühiti ilə bağlı idisə, ikinci tərəfdən, görünür, Pedaqoji İnstitutda siz və başqa müəllimlər ona bu marağı aşılaya bilmişdiniz. Çünki o həm bizim klassik şairlərin sözlərinə mahnılar yazıb, həm də �Məhsəti� operası yazmaq fikrində olub. Hətta türkmən klassiki Kəminənin sözlərinə romans yazıb, romanslarından biri də böyük Azərbaycan şairi Nizaminin sözlərinə yazdığı �Sevgili yar gəlmiş idi� romansı idi. 40-cı ildə Ərtoğrul Konservatoriyaya daxil olur və 42-ci ilə qədər – ordu sıralarına çağırılanadək təhsilini davam etdirir. Və Pedaqoji İnstitutda oxuduğu kimi əla qiymətlərlə Konservatoriyada da oxuyur. Mən Ərtoğrul haqqında məqalə yazarkən, onun sənədləri ilə tanış olarkən, zaçot kitabçasına baxdım, bəzi qeydlər elədim. Harmoniyadan Çubakov olub müəllimi, �əla�, musiqi tarixi üzrə müəllimi Xurşud xanım olub, �əla�, bəstəkarlıqdan (Zeydman) �əla� və Azərbaycan musiqisinin əsasları (Ü.Hacıbəyov), �əla�. Cahangir Cahangirov da bu gün bizim bu görüşdə iştirak eləyir. Cahangir müəllim də Ərtoğrulla bağlı xatirələrini bizimlə bölüşsün.

Cahangir Cahangirov: – 1940-cı ildə Azərbaycanın dahi bəstəkarı, bizim müəllimimiz Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Dövlət Konservatoriyasının nəzdində hazırlıq kursu açılmışdı. Üzeyir bəy Ərtoğrulun bir sıra əsərlərini, mahnılarını, instrumental musiqilərini, bəstələrini eşitdikdən sonra onu sinfinə qəbul etmişdi. Xatirimdədir, respublikamızın məşhur bəstəkarı fikrət Əmirov, mərhum Andrey Babayev və Ərtoğrul birgə dərs oxuyardılar. Mənə sonra dedilər ki, Ərtoğrul Azərbaycanın dahi dramaturqu, şairi Hüseyn Cavidin oğludur. O, özü bu barədə qətiyyən bir söz deməzdi. Ərtoğrul tələbələrin içərisində ən yüksək mədəniyyətlisi, təvəzökarı, sakiti idi. Çox gözəl piano, fortepiano çalırdı. Tənəffüs vaxtı, boş vaxtlarımızda bir-birimizə öz əsərlərimizi ifa edirdik. Çox böyük ehtirasla öz əsərlərini, musiqi parçalarını bizə təqdim edirdi. Bu gün eşitdiyimiz skripka üçün variasiyalar, Rauf müəllimin oxuduğu romans onu sübut eləyir ki, Ərtoğrul bir bəstəkar kimi, musiqiçi kimi Azərbaycan musiqi tarixində, Azərbaycan musiqisi qarşısında öz vəzifəsinin öhdəsindən gələ bilərmiş, o sənətimiz üçün, incəsənət üçün böyük işlər görərmiş.

O, skripkanı bir alət kimi çox gözəl duyurdu. Onun bütün imkanlarından istifadə edirdi. Ümumiyyətlə, Ərtoğrul yaşasaydı, indi bir sənətkar kimi yaradıclığının çox parlayan bir vaxtında olardı. İndi o çox böyük formalı əsərlər yaza bilərdi. Əfsus ki, belə bir talantı, belə bir qabiliyyətli müsiqiçini vaxtsız itirdik.

Anar: – Mən Ərtoğrul barədə Fikrət müəllimlə də söhbət eləmişdim. O da deyirdi ki, Üzeyir bəy də tələbəsi Ərtoğrulu yüksək qiymətləndirirmiş. Ərtoğrul da Üzeyir bəyə çox bağlı tələbələrdən biri idi.

Təbiət istedad paylayanda Ərtoğrula səxavətlə, pay vermişdir. Çünki o, musiqi sahəsindən başqa, bədii yaradıcılıqda, yəni ədəbi yaradıcılıqda da qələm sınamışdır. �Eqoistin taleyi� adlı pyes yazmışdır. Bundan başqa, Ərtoğrul çox yaxşı şəkil də çəkirdi.

Ümumiyyətlə, adam sənədlərlə tanış olanda mat qalır ki, o, hardan bu qədər vaxt tapırdı müxtəlif işlərlə, müxtəlif sahələrlə məşğul olmağa. Hətta belə bir kiçik detal da var. O, şahmat oynayarkən partiyalarının belə hamısını qeydə alırmış və şahmatı əsasən yaxın dostu, məktəb yoldaşı Ətaulla Qasımovla oynayarmış.

Ətaulla Qasımov: – . Ərtoğrul Cavidlə Bakıda 3 nömrəli məktəbdə 8-ci sinifdən 10-cu sinfədək bir yerdə oxumuşuq. Məktəbin binası Karl Marks bağının yanında, indiki Nizami küçəsində birmərtəbəli binada yerləşirdi. Ərtoğrulun atası Hüseyn Cavid mənə belə gəlir ki, öz arzu etdiyi kimi bir oğul böyüdə bilmişdi. Ərtoğrul nəinki zəkalı, istedadlı, hazırcavab, mərd, dərin düşünən, eyni zamanda, ədəbiyyata böyük meyli olan bir adam idi. Orta məktəbdə, ali məktəbdə yoldaşları içərisində Ərtoğrul Cavid ən zəkalısı, ən istedadlısı olmuşdu.

Turan Cavid: – Təxminən 2 il bundan əvvəl Akademiyanın İncəsənət və Memarlıq İnstitutunun musiqi şöbəsinin müdiri Zemfira xanım Səfərova tədqiqat işi apararkən 40-ci illərə aid bir neçə materiala rast gəlib. Bu materialların müəllifinin kimliyi sadəcə olaraq �Ərtoğrul� imzası ilə göstərilib. Bu şəxsin kimliyini araşdırarkən bəlli oldu ki, həmin müəllif Ərtoğrul Cavid imiş və 40 ildən sonra ilk dəfə Zemfira xanım və yazıçı Anar onun arxivinə baxdılar. Bir qədər keçdikdən sonra 80-ci ilin noyabr ayında �Ədəbiyyat və incəsənət� qəzetində Anarın böyük bir yazısı çıxdı. Bu, son dərəcə böyük bir ürək ağrısı ilə, həssaslıqla, məhəbbətlə, səmimiyyətlə yazılmış bir yazı idi. Əgər Zemfira xanım Ərtoğrulun yazılarına rast gəlməsəydi və sonralar onun gördüyü işlərin qiymətinin nə dərəcədə yüksək olduğu bəlli olmasaydı, kim bilir, bəlkə mən də bunu uzun illər aşkar etməyə çəkinər və göstərməzdim. Buna görə də mən Zemfira xanıma və Anara öz sonsuz minnətdarlığımı bildirirəm. Hüseyn Cavidin anadan olmasının 100 illiyi münasibətilə Bakıda, sənətkarın ev muzeyi açılacaqdır. Heç şübhəsiz ki, bu muzeydə otaqların biri Hüseyn Cavidin sənətkar oğluna, onun yaradıcılığına həsr ediləcək, onun qısa müddətdə gördüyü işlər tamaşaçılara təqdim olunacaqdır.

Anar: – Sənətkarın cismani ömrü nə qədər qısa olsa da, onun sənət ömrü, yəni onun əsərlərinin ömrü uzun olacaqdır. Ərtoğrulun sənət ömrü mənə belə gəir ki, indi başlanır.

Gülbəniz Babaxanlı

Ədəbiyyat qəzeti.-2009.-11 sentyabr.-S.4.

Comments are closed, but trackbacks and pingbacks are open.