Press "Enter" to skip to content

Aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi

Hal hazırda cəmiyyətdə, fermerlər arasında torpaq analizləri barədə bəzi yanlış subyektiv fikirlər formalaşmışdır. Bu, daha çox məlumatsızlıqdan və eyni zamanda fermerlərin daha çox ehtiyyatla davranmasından irəli gəlir. Lakin torpaq analiziləri bitkilərin və torpağın gübrə ehtiyacını qiymətləndirmək üçün diaqnostik vasitə kimi kənd təsərrüfatının inkişaf etmiş aparıcı ölkələrində uzun illərdir istifadə edilməkdədir. Bu müddət ərzində dünya ölkələrində kənd təsərrüfatı sahəsi kifayət qədər inkişaf yolu keçmişdir.

Xankəndi

Ərzaq təminatı sahəsində təhlükəsizlik ölkəyə qida məhsullarının idxalının tamamilə dayandırılmasına nail olmaq demək deyil. Dünyanın heç bir ölkəsi yerli istehsal hesabına özünü ərzaqla 100% təmin edə bilməz. Xaricdən bu və ya digər növ qida məhsulları gətirmədən daxili bazarı bütün növ yeyinti ilə təmin etmək də əsla real deyil.

Azərbaycan bu gün elə növ ərzaq məhsulları idxal edir ki, bunları özümüz də tam istehsal edə bilərik. Ərzaq təhlükəsizliyi əslində məhz, buna xidmət etməlidir. 2004-2013-cü illərdə kənd əhalisinin sayının təqribən 11% artması fonunda ümumi kənd təsərrüfatı məhsulları istehsalı həcminin 3,3 dəfə artması, bitkiçilikdə əkin sahələrinin 64,2 min hektar genişlənməsi ilə əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsinin yüksəlməsi, heyvandarlıq məhsulları istehsalının da 2004-cü ildə qeydə alınan 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək ümumi kənd təsərrüfatı məhsulları strukturunda 49,5 %-ə çatması özümüzü heç də bu və ya digər növ ərzaq ilə tam təmin etdiyimizi göstərmir.

Üstəlik, idxal da artır. Cari ilin yanvar ayında ixrac məhsulları sırasında xam neft və neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər, yağlar, şəkər, kimya sənayesi məhsulları mühüm yer tutmuşdusa, idxalda qida məhsulları üstünlük təşkil edib. Ümumiyyətlə, 2013-cü ilə dair statistikaya əsasən, ötən il yeyinti məhsullarının idxalı 2012-ci illə müqayisədə 7,34 % artaraq ümumi idxalın 11 %-inə yaxınlaşmışdır ki, ümumi idxalın 1/10 hissəsindən çoxunu ərzaq müəyyən edib. 2013-cü ildə ixrac olunan mallarının çeşidi 2 min ədəddən bir az yuxarı təşkil etdiyi halda idxal olunan mallar bir neçə dəfə çox artaraq 6 mini keçib. Bu isə çeşidin də genişləndiyini göstərir.

Bir sözlə desək, “2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı”na əsasən, 2015-ci ilə qədər özümüzü kənd təsərrüfatı məhsullarının əsas növləri ilə təmin etməli və istehsalın artığını isə xaricə ixrac etməli olduğumuz halda, əks mənzərə hökm sürür. Odur ki, adı çəkilən Proqram da əhəmiyyətini çoxdan itirmişdir desək, yanılmarıq.

Sual yaranır ki, bəs, ərzaq sarıdan təhlükəsizliyi təmin etmək üçün nə lazımdır?

Ərzaq təhlükəsizliyi insanların istənilən vaxt aktiv və sağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir. Bunun əsas elementlərindən birini isə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyini – əsas ərzaq malları üzrə ixracdan asılı olmamasını, etibarlılığı, ərzaq sisteminin mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması, dayanıqlılığı, milli ərzaq sistemi istehsalının genişləndirilməsi rejimində inkişafını nəzərdə tutur.

Son 10 ildə qeyri-neft ixracının 4,7, meyvə-tərəvəzin emal məhsullarının ixracının 2,5, ixrac olunan qeyri-neft məhsulları çeşidinin 1,7 dəfə, ixrac ölkələrinin sayının isə 20 vahid artdığı deyilir. Real olaraq, ixrac edilən əsas kənd təsərrüfatı və qida məhsullarına meyvə-tərəvəz, şəkər, bitki yağı, spirtli və spirtsiz içkilər daxildir ki, şəkər və ondan hazırlanan məhsullar sarıdan daha çox imkana sahibik.

Bu məhsulların sayını artırmaq üçün isə daxili bazarı rəqabət qabiliyyətli məhsullarla təmin etməyə ehtiyac vardır ki, aqrar sektorda məhsuldarlıq sırf ixraca xidmət edə bilsin. Ona görə ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazardan xarici analoqlarını sıxışdırıb çıxarmalıdır.

Yuxarıda inkişaf etmiş və ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşmış ölkələri misal çəkdik. Ümumiyyətlə götürdükdə isə hətta, keçmiş Sovet İttifaqı da idxalsız yaşaya bilmədiyindən bəzi məhsulları kənardan gətirirdi.

Birləşmiş Ştatlarda isə bu gün üzərində “Made in China” yazılmış mallar olmadan keçinmək mümkün deyil. Dünyada bir nömrəli iqtisadi güc sayılan ABŞ-da ərzaq da daxil olmaqla avtomobildən tutmuş, pərakəndə satış şəbəkələrində satılan bütün növ istehlak malları başqa ölkələrə məxsusdur: avtomobillər Yaponiya və Cənubi Koreya istehsalına aiddirsə, geyim və digər qeyri-ərzaq, həmçinin ərzaq malları Çin, Hindistan, Pakistan, Tayvan, İndoneziya, Banqladeş, Latın Amerikası ölkələrinin istehsalıdır. Bir sözlə desək, üzərində “Made in USA” yazılan mallara rast gəlmək mümkün deyil.

Ancaq bir cəhət var ki, bunlar keyfiyyətlidirlər. Bizə idxal olunan məhsullar ilə bunları müqayisə etmək əsla mümkün deyil. Ümumiyyətlə, ABŞ-da satışda olan Çin mallarına baxdıqda, bizdə təklif edilən eyni məhsulların həqiqətən Çin istehsalı olduğuna şübhə edirsən. Bu da ondan irəli gəlir ki, Birləşmiş Ştatlarda yerli istehsal o qədər keyfiyyətli və rəqabətqabiliyyətlidir ki, idxal yalnız bundan ucuz məhsullara hesablanıb.

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasında məqsəd bilavasitə buna yönəldilməlidir. Daxili tələbatı yerli istehsal hesabına 80% təmin etsək kifayətdir və bu, böyük nəticədir. Ona görə ki, söhbət ərzaqdan getdiyi təqdirdə iqlim şəraiti və digər bu kimi amillər mütləq nəzərə alınmalı və heç bir halda hətta ən zəruri ərzaq məhsulları ilə də olsa belə, özümüzü 100 % daxili istehsalla təmin edə bilməyəcəyimiz qabaqcadan əsas götürülməlidir.

Bunu taxıl sarıdan da sübut etmək çətin deyil. Düz, 5 ildən çoxdur ki, bu sahədə qarşıya konkret və dəqiq məqsəd qoyulsa da ərzaq buğdasının təxminən 20 %-ini Rusiya ilə Qazaxıstandan, Ukraynadan gətiririk.

Odur ki, ərzaq təhlükəsizliyinə nail olmaq üçün məsələn, bu sahədə 100 % nəticəyə deyil, 20 % çatışmayan hissəni dünya bazarlarında ehtiyac duyulan başqa növ məhsulları daxildə istehsal edərək ixrac etməklə əvəz etməyi qarşıya məqsəd qoymaq lazımdır. Və başlıca hədəf dünya bazarlarında mövcud vəziyyətə əsasən seçilməlidir. Söhbət, yalnız taxıl sarıdan olan vəziyyətdən getmir. Ümumiyyətlə isə, ərzaq təhlükəsizliyi çox geniş anlam kəsb edir.

Pərviz Heydərov
AzVision.az üçün

Aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi

Əhalinin əsas ərzaq məhsulları ilə etibarlı təmin olunması və ölkənin məşğul əhalisinin böyük hissəsinin çalışdığı aqrar sektorun inkişafı siyasətinin əsası 90-cı illərin ortalarında qoyulub. Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə rəhbərinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı Azərbaycan prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.

Sektorun inkişafına yönələn dövlət proqramları

Aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002—2005-ci illər)», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı”da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır.

“Aqrolizinq” ASC-nin yaradılması, yeni texnologiyaların və müasir texnikanın cəlb olunması

Aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir. Lakin yeni texnologiyaların cəlb edilməsi, müasir kənd təsərrüfatı texnikalarının alınması böyük vəsaitlər tələb etdiyindən dövlətin dəstəyi olmadan bu sahədə dönüş yaratmaq mümkün olmazdı. Bunu nəzərə alaraq Azərbaycan prezidenti 2004-cü ildə “Aqrolizinq” ASC-nin yaradılması barədə sərəncam verib. “Aqrolizinq” ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların ölkəyə gətirilib istehsalçılara çatdırılması və digər funksiyalar həvalə edilib.

“Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verir və ya lizinq yolu ilə satır. İndiyədək “Aqrolizinq” ASC xəttiylə 9452 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikaları alınıb.

Ərzaq təhlükəsizliyi üzrə xüsusi Dövlət Proqramının qəbulu

Dövlət siyasətinin əsas istiqaməti həm də ona yönəlib ki, daxili ərzaq bazarı idxaldan maksimum azaldılsın və ərzaq ehtiyatlarının yaradılması üçün kompleks tədbirlər həyata keçirilsin. 2008-ci ilin mayında isə ölkə prezidenti tərəfindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair ayrıca Dövlət Proqramı qəbul edilib. Bu proqram 2008-2015-ci illəri əhatə edir. Həmin Dövlət Proqramı Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ən mühüm sənəd hesab olunur. Proqramın qəbul olunmasının ardınca orada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək üçün büdcədən kənd təsərrüfatına ayrılan xərclər də 2009-cu ildə əhəmiyyətli ölçüdə-44 faiz artaraq 388.2 milyon manata çatdırılıb. Bu artım tendensiyası sonrakı illərdə də davam edib və gələcəkdə də davam edəcək.

Aqrar sektorun artımını əks etdirən statistika

Əhalinin ərzaqla etibarlı təminatına yönələn dövlət siyasətinin nəticəsi olaraq 2003-cü ildən sonra aqrar sektorda inkişaf davamlı tendensiyaya çevrilib. 2003-2007-ci illər ərzində aqrar bölmədə real artım orta hesabla ildə 4,5 faiz təşkil edirdi. Bu tendensiya sonrakı illərdə də davam edib. 2011-ci ildə bitkiçilik məhsulları istehsalı 9,4 faiz, heyvandarlıq məhsulları istehsalı 3,6 faiz və kənd təsərrüfatının ümumi məhsulu 6,8 faiz artıb. 2012-ci ilin 9 ayın yekunlarına əsasən isə kənd təsərrüfatı sahəsində 6,3 faiz artım əldə olunmuşdu. Həmçinin ötən illə müqayisədə taxıl istehsalı 1,6 faiz, o cümlədən buğda istehsalı 1,7 faiz artıb. Statistik göstəricilərə görə kənd təsərrüfatı Azərbaycana ÜDM-n 5,4%-ni verir. Burada əsas fondların 7,9%-i, məşğul əhalinin isə 38%-i cəmlənib. Hazırda bu sahədə 24000 müəssisə, 2800 fərdi sahibkar, 10000 ailə fermer təsərrüfatı fəaliyyət göstərir və 550 emal müəssisəsi işə salınıb.

Subsidiya və güzəştli kreditlər

Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə yönələn subsidiya və güzəştli kredit siyasəti yürüdülür. Elmi tədqiqat institutlarında istehsal olunmuş məhsuldar toxumların dəyərinin isə 30-40 faizi dövlət tərəfindən ödənilir. Fermerlərə yanacaq 50% endirimlə satılır, onlar gübrələri dəyərinin 50-75%-nə alırlar. Bu maddi yardımlar kənd təsərrüfatı məhsullarının idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa yardım milli fondu tərəfindən verilən vəsaitlərin əsas hissəsi də kənd təsərrüfatına yönəlib. Həmçinin ət, süd və yağ istehsalında artıma nail olmaq üçün ölkəyə damazlıq heyvanların gətirilməsi üçün xüsusi proqram var. Bu proqram əsasında Kənd Təsərrüfatı Nazirliyi dövlət vəsaitləri hesabına Avropa ölkələrindən indiyədək 5 mindən çox damazlıq heyvan gətirib, proses gələcəkdə də davam edəcək. Gətirilən heyvanların hamısı lizinq yoluyla kəndlilərə verilib. Digər fəaliyyət sahəsi iri fermer təsərrüfatlarının yaradılmasıdır və prezidentin tapşırığına əsasən yaxın illərdə ölkədə 50 iri taxılçılıq təsərrüfatı formalaşdırılmalıdır.

Hazırda Azərbaycanda aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatını (bəzi məhsullara görə artıqlaması ilə, bəzi məhsullara görə böyük ölçüdə) ödəməyə imkan verir və mütəxəssislərə görə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından orta səviyyədə qiymətləndirilir. Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur və ardıcıl xarakter daşıyan dövlət siyasətinin davam etdirilməsi bu sahədə gələcəkdə 2-3 dəfəlik artıma nail olmağa imkan verə bilər. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan – 2020: Gələcəyə Baxış İnkişaf” Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.

Ərzaq təhlükəsizliyi təhlükə altındadır? – FOTO/VİDEO

Son illər dünyada əhalinin sürətlə artımı, iqlimin istiləşməsi, torpaqların çirklənməsi və şoranlaşması qlobal ərzaq təhlükəsizliyi ilə bağlı bizi yeni çağırışlarla üz-üzə qoyur. Bir tərəfdən əhalinin ərzaq məhsullarına tələbatının artması, digər tərəfdən isə torpaqların sıradan çıxması kənd təsərrüfatı fəaliyyətlərinə yeni yanaşma və üsulların tətbiqini vacib edir. Çünki indi biz təkcə davamlı məhsuldarlıq artımını təmin etməli deyil, həm də torpağın daha düzgün emalı ilə onun korlanmasının qarşısını almalıyıq. Müasir kənd təsərrüfatı texnologiyaları bizə imkan verir ki, hər iki problemi elmi-texniki tərəqqinin bizə yaratdığı imkanlar vasitəsilə həll edək.

Qabaqcıl aqrar ölkələr bunun üçün torpaq analizindən geniş istifadə edir. Bəli, məhz torpaq analizi bizə şərait yaradır ki, lokal bir ərazidə torpağın tərkibi, strukturu və tələblərinə uyğun bitki növləri seçib, becərək və yalnız tələb olunan növdə və miqdarda gübrə və ya pestisidlərin tətbiqi ilə torpağın kimyəvilərlə yersiz çirklənməsinin qarşısını alaq.

Torpaq analizinin ölkəmizdə tətbiqi ilə bağlı mövcud şəraiti bu dəfə kənd təsərrüfatı istehsal vasitələrinin Azərbaycanda ən böyük idxalçılarından biri olan və gubre.az ticarət şəbəkəsinin sahibi kimi tanınan “Aqrar İnnovasiya və Təchizat Şirkətində” müzakirə etdik. Müsahibimiz şirkətin direktoru, Tofiq Niftəliyevdir.

Tofiq müəllim, torpaq analizinin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.

Hal hazırda cəmiyyətdə, fermerlər arasında torpaq analizləri barədə bəzi yanlış subyektiv fikirlər formalaşmışdır. Bu, daha çox məlumatsızlıqdan və eyni zamanda fermerlərin daha çox ehtiyyatla davranmasından irəli gəlir. Lakin torpaq analiziləri bitkilərin və torpağın gübrə ehtiyacını qiymətləndirmək üçün diaqnostik vasitə kimi kənd təsərrüfatının inkişaf etmiş aparıcı ölkələrində uzun illərdir istifadə edilməkdədir. Bu müddət ərzində dünya ölkələrində kənd təsərrüfatı sahəsi kifayət qədər inkişaf yolu keçmişdir.

Torpaq analizi vasitəsilə torpaq sahələrinin gübrə ehtiyacı öyrənilir, aqrotexniki tələbləri müəyyənləşdirilir, hansı gübrə və ya dərmanların verilməli olduğu dəqiqləşdirilir. Həmçinin, torpaq analizi fermerlərə sahələrin bitki qoruma vasitələrinə ehtiyaclarını, suvarma ehtiyaclarını və digər aqrotexniki tələblərini öyrənməyə də imkan vermiş olur.

Torpağın məhsuldarlığı torpağın bioloji, kimyəvi və fiziki xüsusiyyətləri ilə müəyyən edilir. Quruluş, torpaq toxuması və rəng kimi xüsusiyyətlər gözlə görünür. Lakin torpağın kimyəvi tərkibini görmək çətindir. Bu səbəbdən torpaq analizinə ehtiyac var. Torpaq testləri torpaqda qida elementlərinin miqdarını və pH səviyyəsini təyin etmək üçün geniş istifadə olunur. Müəyyən bir sahəni təmsil edən torpaq nümunəsi, tərkibindəki bitki qida miqdarını tapmaq üçün laboratoriyalarda analiz edilir. Bu şəkildə yaxşı bir məhsul vermək üçün əkilən bitkiyə hansı gübrələrin veriləcəyi məlum olur.

Torpaq analizi aparılmadan əkilən əkin sahələrini və torpağı nə gözləyir?

Torpaq analiz etmədən əvvəl torpağımızı gübrələsək, böyük bir səhv etmiş olarıq. Belə ki, torpağın tərkibini bilmədən verilən gübrələr həm məhsula, həm də təsərrüfat sahibinin büdcəsinə ziyandır.

Hər bir torpaq tipində əkiləcək bitkinin əkin strukturunun planlaşdırılması və gübrə normalarına olan tələbatı müəyyən edilir. Əgər bu tələbat yanlış müəyyən edilərsə, yəni:

• Çox gübrə istifadə olunarsa, torpağa və bitkilərə zərər verər;

• Məhsula təsir edə biləcək səhv gübrə növü istifadə olunar;

• Gübrə lazımi vaxtda verilməsə, istədiyiniz miqdarda məhsul ala bilməzsiniz;

• Torpaq yararsız vəziyyətə gətirilə bilər.

Torpaq analizinin nəticəsi, adətən, bizə azot, fosfor, kalium və digər gübrələrin tətbiqi barədə müvafiq tövsiyələr verir. Fermer torpaq analizi sayəsində, həmçinin, bitkinin mikroelementlərə olan ehtiyacını müəyyən edə, eyni zamanda təsərrüfat torpağının mövcud sağlamlığı və onu necə yaxşılaşdıracağı barədə məlumat əldə edə bilir.

Torpaq analizinin torpaq üçün faydaları və torpağa nə kimi müsbət təsirlərini qeyd edə bilərsiniz?

Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin əsas prioritetidir. Hazırda ölkə əhalisinin yarısı kənd yerlərində yaşayır və əmək ehtiyatlarının 35-40 faizi kənd təsərrüfatı ilə məşğuldur. Torpağın aqrokimyəvi tərkibini bilmək hər bir fermer üçün vacib amildir. Bu analizin aparılması və onun əsasında torpağa edilən qulluq nəticəsində bol məhsulun əsasını qoymaq mümkündür. Yüksək məhsuldarlıq isə fermer üçün əlavə qazanc deməkdir. Bundan başqa, torpağın gübrə tələbatını düzgün müəyyən etməklə, fermer aqrokimyəvi qulluq xərclərini azaldır və torpaqların məhsuldarlığını artırmış olur.

Dünyanın sürətlə artan əhalisinin məhsul ehtiyacının qarşılanması üçün münbit torpaqlara ehtiyac var. Torpaq analizi torpaq idarəçiliyində ilk addımdır: nəticədə bu, sağlam torpaqlar və sağlam məhsul deməkdir.

Torpaq analizlərini tətbiq edən ölkələrin təcrübəsi barədə nə qeyd edə bilərsiniz?

Torpaq, su, hətta bitki analizləri praktikası kənd təsərrüfatında yüksək məhsuldarlıq müşahidə edilən bütün inkişaf etmiş ölkələrdə tətbiq edilir. Həmin ölkələrdə fermerlər özləri torpaq, bitki və su analizinin tətbiq edilməsi və diaqnozun əldə edilməsində maraqlıdırlar. Böyük fermer təsərrüfatlarında torpağın öyrənilməsi, laborator analizlər, məlumatların emal edilməsi, şərh edilməsi, xəritələşməsi və əldə edilmiş məlumatların uğurlu, həmçinin səmərəli istifadə edilməsi üçün xüsusi proqram təminatlarından istifadə edirlər.

Niderland dünyada kənd təsərrüfatı üzrə ən yüksək məhsuldarlığa malik ölkələrdən biridir. Bu ölkə məhsuldarlıq səviyyəsinə nəzarət məqsədilə torpaq analizi tətbiqi üzrə 90 illik təcrübəyə sahibdir. Hal-hazırda verilənlər bazasında 5 milyondan çox torpaq analizi qeydinin olduğu bildirilir. Niderland bu göstərici üzrə digər ölkələri qabaqlayır.

Dünya miqyasında kənd təsərrüfatında çalışan hər üç nəfərdən biri investisiyaların optimallaşdırılması, torpaqların məhsuldarlığının artırılması, məhsuldarlığın yüksəldilməsi, tədarük zəncirinin təhlükəsizliyinin təmin edilməsi və əhalinin artan ərzaq tələblərinin qarşılanması üçün çalışır.

Sizin şirkətiniz torpaq analizi sahəsində hansı işlər görür?

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” olaraq, biz ilk növbədə gübrə, toxum və pestisidlərin satışı ilə bərabər fermerlərin düzgün maarifləndirilməsi də bizi maraqlandırır. Bununla əlaqədar olaraq, biz keçən il sosial yönümlü kampaniya da həyata keçirdik. Kampaniya çərçivəsində gubre.az satış nöqtələrindən ammofos gübrəsi alan fermerlərə ödənişsiz qaydada torpaq analizi xidməti alınması üçün şərait yaradıldı. Analiz xidmətinin icrasını isə Aqrar Xidmətlər Agentliyinin dəstəyi ilə reallaşdırdıq. Bunu da öz növbəsində “Aqrar İnnovasiya və Təchizat Şirkətinin” fermerlərin maarifləndirilməsi və torpaq analizi vərdişlərinin təşviq edilməsi yönündə şirkətimizin bir töhfəsi kimi qiymətləndirmək olar.

Azərbaycanda hal-hazırda bu istiqamətdə aparılan işlər barədə nə deyə bilərsiniz?

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda Kənd Təsərrüfatı sahəsində geniş miqyaslı islahatlar aparılır və dövlət tərəfindən sektorun inkişaf etdirilməsi üçün kifayət qədər yatırımlar edilməkdədir. Bu, ilk növbədə ölkə başçımızın bu sahəyə olan diqqəti və qayğısı, həmçinin onun tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə qoyulan tapşırıqların icra edilməsinin göstəricisidir. Bunlara misal olaraq, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar və son informasiya texnalogiyalarının tətbiqi ilə görülən işləri qeyd etmək olar. Əlavə olaraq, son zamanlar ölkə fermerlərinə torpaq analizlərinin aparılması üçün yaradılan imkanları da qeyd etmək lazımdır.

Son olaraq, ölkənin kənd təsərrüfatı sektorunun inkişafına olan xüsusi diqqətinə və fermerlərimizə olan dəstəyinə görə Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Biz onun zəhmətini və qayğısını yüksək qiymətləndirir, ona uğurlar və növbəti qələbələr arzulayırıq!

Comments are closed, but trackbacks and pingbacks are open.