Press "Enter" to skip to content

Sabir əhmədli seçilmiş əsərləri

Ata-anasının sağ olduğu günlərdən başlayaraq Cəbrayıla da çox getmişdik. Onun söhbətləri və əsərləri mənə bu rayonu, onun gözəl insanlarını sevdirmişdi, dağını, düzünü tanıtmışdı; onun sayəsində Araz boyuna enib Xudafərin körpüsünün yanında Araz suyunda yuyunmaq imkanı qazanmışdım. Polşada qardaşlıq məzarında yatan Qəhrəman qardaşı Cəmil Əhmədovun Cəbrayılın mərkəzində büstünün, sonralar muzeyinin açılışında iştirak etmişdik. Onun arzusu ilə Cəmil Əhmədovun şeirlərinin, əsgər məktublarının toplandığı kitaba ön söz yazmışdım. Və nəhayət, bu yaxınlıqlara görə, mənə Cəbrayılın fəxri vətəndaşı adı vermişdilər.

Xalqın unudulmaz yazıçısı — Sabir Əhmədli — 90

Bizim gənclik illərimizdə yeni kitabların müzakirəsi, yazarlarla görüşlər gözəl bir ənənə idi. Kitabxanalarda, yataqxanalarda, ali məktəblərdə tez-tez belə görüşlər keçirilirdi və mən sonralar ölkədə şöhrət qazanmış, bəzisi ilə iş yoldaşı, bəzisi ilə dost olduğum qələm sahiblərinin çoxunu belə görüşlərdən tanımışdım.

Azərbaycanın xalq yazıçısı, romanları ilə böyük oxucu sevgisi qazanmış, görkəmli nəsr ustası Sabir Əhmədlini də mən ilk dəfə tələbə vaxtı, universitet yataqxanasında onun «Görünməz dalğa» romanının müzakirəsi zamanı görmüşdüm. «Görünməz dalğa»nın əvvəli olan «Aran» romanını da oxumuşdum, yazıçını kənardan tanıyırdım, lakin görüşü başqa kursun tələbələri təşkil etmişdilər və mən də ora təsadüfən düşmüşdüm. Sona yaxın müzakirənin səviyyəsindən narazı qaldığıma görə, ya da başqa bir səbəbdən xahiş elədim və mənə də söz verdilər. İndi həmin çıxışımı xatırlamıram, amma romanlara başqa tələbələrdən fərqli bir mövqedən yanaşdığım yadımdadır. Görüş qurtarar-qurtarmaz məni mübahisəyə çəkməsinlər deyə, tez çıxıb getdim. Sonra yazın ildırımlı-yağışlı bir günündə İçərişəhərə, daha doğrusu, universitetin indi İqtisadiyyat Universiteti yerləşən binasının yanına enən avtobusa minəndə tələbələr arasında dayanan yazıçını da gördüm. Əynində qara plaş, başında qara şlyapa, avtobusdakı basabasa fikir vermədən, öz aləmindəcə dayanmışdı. Sonra necə oldusa, gözünü dolandırıb məni gördü, «sən yataqxanada mənim kitablarım haqqında danışan tələbə deyilsən?» — deyə soruşdu və cavabımı gözləmədən, təbəssümlə əlavə etdi: «Həm də deyəsən, mənim adaşımsan». Utana-utana təsdiqlədim. «Mən də buralarda, sizin yataqxanaların qonşuluğunda yaşayıram» — dedi. Əhvalımı, hansı fakültədə, hansı kursda oxuduğumu soruşdu və sözarası çıxışımdan razı qaldığını bildirdi. Universitetə çatan kimi sağollaşıb düşdüm. Üstündən bir-iki ay keçdi, dördüncü kursun axırına yaxın bir təsadüf məni «Ədəbiyyat və incəsənət» qəzetinin o vaxtkı Zevin, İndiki Əziz Əliyev küçəsində yerləşən redaksiyasına gətirdi.

Baş redaktor Hüseyn Abbaszadənin yanına, məni qəzetdə işə götürməsini xahiş etməyə getmişdim. Baş redaktor məni dinləmiş, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ayaz Vəfalını yanına çağırtdırmışdı. Ona tapşırıq vermişdi ki, bu oğlana material ver, oxuyub redaktə etsin, sonra fikrini bildir. Bu vaxt qapı açıldı və artıq mənə tanışı kimi baxan Sabir Əhmədli içəri girdi. Mən onun da bu qəzetdə işlədiyini bilmirdim. Əlindəki kağızları redaktora verəndə söhbətin sonunu eşidib ayaq saxladı və Hüseyn Abbaszadəyə «işə götürsəniz yanılmazsınız, Sabiri mən də tanıyıram, ağıllı oğlandır» — dedi. Bu sözün mənim işə götürülməyimdə nə dərəcədə rol oynadığını bilmirəm, lakin tanınmış yazıçıdan bu rəyi eşitmək çox xoş idi. İki gün sonra mən artıq kiçik ədəbi işçi kimi qəzetdə vəzifəmə başladım, tanımadığım işçilər yaxınlaşıb təbrik edirdilər. Sabir Əhmədli isə artıq «köhnə tanış» kimi danışırdı mənimlə.

Redaksiyanın iyirmidən çox işçisinin demək olar ki, hamısı öz sahəsinin tanınmış adamaları idilər: şair, nasir, publisist, rəssam, teatr tənqidçisi, musiqişünas…

Sabir Əhmədli öz təmkini, məsələlərə ayıq yanaşması, tələbkarlığı, düzlüyü, heç bir müəllifə güzəştə getməməsi, yüksək ədəbi zövqü ilə xüsusi hörmət qazanmışdı; ən yaxın dostu olsun, hekayəsini bəyənməsə heç bir xahişə baxmaz və yazının çapına icazə verməzdi. Qəzetin sağlam, halal, tələbkar mühitini yaradan adamlardan biri o idi.

Bundan sonra tam on il bir yerdə çalışdıq, sonra qəzetdən ayrıldım, lakin Sabir Əhmədli ilə yaxınlığımız ildən-ilə möhkəmləndi və onun ömrünün sonunadək davam etdi. Sərt təbiətli adam olsa da dosta, yoldaşa münasibətdə çox diqqətli, ardıcıl və etibarlı idi. Az adamla oturub-durardı. İsmayıl Şıxlıya, Ənvər Məmmədxanlıya xüsusi hörməti vardı. Əli Kərimli ilə, Gəncədə yaşayan Altay Məmmədovla, Məmməd Arazla dost idilər. Şübhəsiz, bu siyahılar yarımçıqdır, mən bildiklərimi, yadıma düşənləri deyirəm. Əli Kərimli tez getdi, lakin Altayla hər görüşündə hökmən onunla keçirdikləri vaxtları xatırlardılar. O da, Ənvər Məmmədxanlı da Yazıçılar İttifaqının ən yaxşı şahmatçıları sayılırdılar…

Qırx il davam edən dostluğumuzu indi kədər qarışıq qürurla xatırlayıram. Məni ən çox heyrətləndirən onun işgüzarlığı idi. Bizimlə birgə hər gün işə gələr, bütün məclislərimizi öz zarafatları ilə bəzəyər, amma hər gün də yazardı. Əlindəki yeni əsəri barədə danışmağı xoşlamazdı. Nadir hallarda bəzi işarələrdən təxminən hansı mövzu üzərində işlədiyini sezmək olardı. Sabir Əhmədlinin ən yaxşı əsərlərindən biri 1969-cu ildə dərc olunmuş «Dünyanın arşını» romanı idi. O, hekayələrindən, «Aran» və «Görünməz dalğa» romanlarından başlanan dərin sosial əhəmiyyətli mövzunu davam etdirirdi. Kolxoz, şişirdilmiş rəqəmlər, adamları əzən saxtakarlıq mühiti, həyatla yazılanlar arasındakı ziddiyyət, kütləni əzən yalan mühiti… Sonralar dünyanın böyük bir parçasını iqtisadi cəhətdən çökdürən bəlaları Sabir Əhmədli hələ o vaxt yazırdı. Roman yuxarı dairələrdə yaxşı qarşılanmadı, rəsmi çıxışlarda pisləndi, qərarlara düşdü. Yazıçı «Yamacda nişanə» povestinə kimi mətbuatda susdu və ya susduruldu.

22 roman yazdı və nəşr olunan hər romanının sevincini onunla birlikdə biz də yaşadıq. «Qanköçürmə stansiyası», «Toğana», «Yaşıl teatr», «Yasamal gölündə qayıqlar üzürdü», «Axirət sevdası» və s. Bu əsərlərin hər biri nəşr olunan kimi yaxın dostlarının müzakirəsindən keçirdi. Cəbrayıla gedəndə bu söhbətlərə qardaşı Vaqif də qarışırdı. Sabir Əhmədlinin güzəştsiz tənqidçilərindən biri elə öz qardaşıydı… Bəzi qohumların, rayon adamlarının bu əsərlərdə özlərini tanıması Vaqifi narahat edirdi. Yazıçı qardaşına «daha dərin ümumiləşdirmələr aparmağı, adamları, süjetləri konkretlikdən çıxarıb ümumbəşəri bir səviyyəyə qaldırmağı» məsləhət görürdü. Partiya işçisi olan qardaşın dilindən bu sözləri eşitmək maraqlı idi.

Amma Sabir Əhmədli ardıcıl bir şəkildə öz zamanını, o dövrün Azərbaycan insanının taleyini və üzləşdiyi sosial ədalətsizlikləri yazırdı. Onun nəsr dili haqqında çox yazılıb, bu dilin yetərincə sığallı olmadığına işarələr vurulub. Lakin, əslində, onun bədii dili seçdiyi mövzulara uyğun idi. Cəbrayılın, Arazboyu Qarabağın bədii dildən kənarda qalmış bir sıra kəlmələrinə ədəbi həyat verməklə nəsr dilimizi zənginləşdirirdi…

Hər dəfə yaxın dostu Altay Məmmədov Gəncədən gələndə biz köhnə «İnturist»də üçümüz görüşürdük. Altay bu oteldə qalmağı sevirdi. Bəzən məclislərimizin başqa qonaqları da olurdu. Bu görüşlər ölkədə gedən siyasi proseslərin, yeni ədəbi əsərlərin müzakirəsinə çevrilərdi, dostlar xatırlanardı. Ara-sıra Gəncəyə də gedirdik. Altay Məmmədovun pyeslərinin ilk tamaşasında, Nizamı əsərlərindən hazırladığı teatr tamaşalarına baxmağa, müxtəlif yubileylərdə. Yadımdadır Altay müəllimin yubileyində Gəncəyə Yazıçılar İttifaqından İsmayıl Şıxlının, Sabir Əhmədlinin, Əkrəm Əylislinin, Azər Mustafazadənin daxil olduğu bir nümayəndə heyəti ilə getmişdik. Belə səfərlərdə Sabir Əhmədlinin «ağır xasiyyəti»ndən əsər-əlamət qalmaz, onun həyat eşqi ilə, yumorla, atmacalarla dolu olan başqa bir xasiyyəti önə çıxardı.

Ata-anasının sağ olduğu günlərdən başlayaraq Cəbrayıla da çox getmişdik. Onun söhbətləri və əsərləri mənə bu rayonu, onun gözəl insanlarını sevdirmişdi, dağını, düzünü tanıtmışdı; onun sayəsində Araz boyuna enib Xudafərin körpüsünün yanında Araz suyunda yuyunmaq imkanı qazanmışdım. Polşada qardaşlıq məzarında yatan Qəhrəman qardaşı Cəmil Əhmədovun Cəbrayılın mərkəzində büstünün, sonralar muzeyinin açılışında iştirak etmişdik. Onun arzusu ilə Cəmil Əhmədovun şeirlərinin, əsgər məktublarının toplandığı kitaba ön söz yazmışdım. Və nəhayət, bu yaxınlıqlara görə, mənə Cəbrayılın fəxri vətəndaşı adı vermişdilər.

Ürək dostluğu onu Yardımlının çətin yolları ilə bizim Hamarkənddəki balaca evimizə aparmışdı.

Yazıçılar İttifaqında baş vermiş bir əhvalat Sabir Əhmədlinin xarakterini, yüksək insani keyfiyyətlərini göstərmək baxımından çox maraqlıdır. «Ədəbiyyat və incəsənət» qəzetində işlədiyimiz günlərdi. Qəzetin redaktoru Yusif Əzimzadə məzuniyyətdə olarkən, 100 illik yubileyi ərəfəsində Nəriman Nərimanov haqqında iri bir məqalə verilmiş və qəzetin üz qabığında hələ açılışı olmamış heykəlinin şəkli çap edilmişdi. Bu o vaxtlar idi ki, Bakıdakı bolşevik-daşnak törəmələri Nərimanovun iri heykəlinə qısqanclıqla yanaşır, «bu heykəl Kirovun heykəlini kölgədə qoyacaq» — deyə Moskvaya məktublar yazır və Heydər Əliyevi Azərbaycanda «nərimanovşinanı» qızışdırmaqda günahlandırırdılar. Qəzet çıxandan sonra Yusif Əzimzadə işə qayıtdı, Məmməd Araz məzuniyyətini götürüb respublikadan kənara, yaradıcılıq evinə getdi. Bir neçə gün sonra qəzetin işçilərini gözlənilmədən Yazıçılar İttifaqına çağırdılar.

Mirzə İbrahimovun otağına girəndə hələ heç birimiz bura niyə çağırıldığımızı bilmirdik. Mirzə İbrahimov dilxor idi, rəngi qaralmışdı, hiss olunurdu ki, edəcəyi söhbət onun da ürəyindən deyil və bizi də bura məcburən yığıb. Sən demə, Nəriman Nərimanov haqqında yazılmış məqalə yuxarılarda narazılıqla qarşılanıb, heykəlinin şəklinin verilməsi isə böyük bir səhvdir. Bunun nəyi səhv sayılmalıdır? Heykəl qoyulub, bircə üstündəki ağın götürülməsi qalır. Başqa bəhanə tapılmamışdı, xəbərimiz yoxmuş, hələ açılışı olmamış heykəlin şəklinin qəzetin üzünə çıxarılması günah sayılırmış. Yusif Əzimzadə nə deyəcəyini bilmirdi. Bəlli oldu ki, vəziyyətdən çıxış yolu kimi Məmməd Araz işdən çıxarılır. Biz etiraz etdik. Məmməd özü Bakıda deyil, onun iştirakı olmadan bu məsələnin müzakirəsi doğru deyil.

Mən çıxışımda Rəssamlıq şöbəsinin müdiri işlədiyim vaxtda dəfələrlə buna bənzər hadisələr olduğunu, rəssamların emalatxanalarından, hələ heç emalatxanadan çıxmamış heykəllərin şəklini çap etdiyimizi misal çəkib burada ciddi bir yanlışlıq olmadığını söylədim. Mirzə müəllimin fikri qəti idi və hiss olunurdu ki, məsələ tək Bakı ilə bağlı deyil. Söhbət bu yerə çatanda Sabir Əhmədli ayağa qalxdı. Rəngi ağarmışdı. Dedi: «Mirzə müəllim, indi 1937-ci il deyil ki, bir tapşırıqla bir insana qara yaxılsın, bu otağa girənə kimi nə üçün çağırıldığımızı bilməyək. Belə ədalətsizlik olmaz». Bunu deyib döndü və otağı tərk edib getdi. Sabir Əhmədli ədalətsizliklə barışan adam deyildi: həm həyatda, həm əsərlərində.

Mən onun zövqünə və tələbkarlığına sayğıyla yanaşırdım. Şeirlərimə, publisistik yazılarıma münasibətinin yaxşı olduğunu bilirdim , bu barədə çox danışığımız olmuşdu. Orta məktəbdən başlayaraq seyrək-seyrək balaca hekayələr də yazırdım, ancaq bunları üzə çıxarmırdım. Bunlar nəsr şöbəsindən keçməliydi; «Birdən adaşım bir yerdə işlədiyimizə və yaxınlığımıza görə üzə düşər, bəyənməyə-bəyənməyə hekayəmin çapına icazə verər», — deyə düşünürdüm. Bütün bunları nəzərə alıb «Daş rəngi» adlı hekayəmi başqa bir imza ilə qəzetə gələn hekayələrin arasına qoydum. Bir də baxdım Sabir Əhmədli hekayənin müəllifi ilə maraqlanır. Bəyəndiyi hekayələrin müəllifləri ilə söhbət edər, xırda kəm-kəsir varsa düzəltdirərdi.

«Bəlkə, bu hekayəni gətirəni tanıyırsan? — deyə soruşdu — Burda telefonu yazılmayıb. Amma hekayəsi yaxşıdır, bu nömrə vermək istəyirəm».

Onun rəyini biləndən sonra gizlənməyin mənası yox idi. Güldüm. «Hekayə mənimdir, — dedim — mənə sizin fikriniz maraqlı idi. Çapı vacib deyil…»

Hekayəni həvəslə təhlil etdi və həmin nömrə «Daş rəngi» çap olundu. Bu mənim nəsr həyatımın başlanğıcı idi…

Böyük yazıçımız uzun müddət Yasamalda, Akademiyanin yataqxanasına yaxın bir evin beşinci mərtəbəsində yaşayırdı. Ara-sıra kefinin kök vaxtında təkidlə məni evə dəvət edərdi. Mənzili də onun özünə bənzəyirdi. Səliqəli, bər-bəzəksiz. İş masası Yasamal gölünə və yataqxanaya, yataqxananın o üzündəki qəbiristana baxan pəncərənin qabağında qoyulmuşdu. Bu, üstü müşənbəli, balaca bir məktəb-müəllim masasıydı. Bakıda da müəllimlikdən qopmaq istəməmişdi. Yemək gələndə makinasını masanın üstündən götürərdi, həyat yoldaşı Şaban bacı süfrəni onun iş masasının üstündə açardı. Bu evdəki yeməklərin şahı yarpaq dolması idi.

Sonralar Qarabağ savaşında şəhid olan oğlu Məhəmməd də bu evdə doğulmuşdu. İkinci oğlunun dünyaya gəlməsinə çox sevinir, Məhəmmədin necə sürətlə böyüməsi barədə həvəslə danışır, onun simaca gözəl olmaqla yanaşı, həm də ağıllı olması ilə qürur duyurdu. Sonra günlərin birində bu evin qarşısında çadır quruldu. Soyuq qış gününün sazağı çökmüşdü şəhid Məhəmmədin atasının üzünə. Yanında oturmuşdum. Ağlamırdı, bəlkə də, gözünün yaşı qurumuşdu… Üzündəki kədərə sözlə deyilə bilməyən, bəlkə də, ona dözüm verən, sınmaz bir qürur qarışmışdı. Sevimli qardaşını bir müharibə aparmışdı, sevimli oğlu da bu müharibədə şəhid olmuşdu. Bir qardaş, bir ata müdrikliyi ilə o, bu faciənin həm də şərəfli bir tale işi olduğunu bilirdi. Kim istəyir oğlunu qoltuğunda gizlətsin. Amma Sabir Əhmədli bunu bacarmazdı. Nə qədər şax otursa, dərdini içində boğmağa çalışsa da dizləri əsirdi. Əlimi dizinə qoysam da bu əsintini saxlaya bilmirdim. Tək bircə dəfə dodaqaltı «yazıq Məhəmməd!» — deyə pıçıldadığını eşitdim. Sanki bu qış günü oğlunun cansız bədəninə işləmiş soyuğu hiss edirdi…

Sabir Əhmədli müstəqillik uğrunda mübarizənin sevincini yaşayan böyük vətəndaş idi. Bu baxımdan İsmayıl Şıxlının, onun, Hüseyn Abbaszadənin, Yusif Səmədoğlunun, Rüstəm Behrudinin və bir sıra başqa yazıçılarımızın xidmətini, mövqeyini heç vaxt unutmaq olmaz.

Ömrünün axırına yaxın evini Mətbuat prospektinə, Baş Arxivlər İdarəsinin yaxınlığındakı yeni binalardan birinə dəyişmişdilər. Genişliyə çıxdığına sevinirdi. Zəng vurub gedirdim. Bir dəfə özü çağırdı: «Vacib işin yoxdursa axşam bizə gəl!». Getdim. Gördüm Sirus da ordadı. O arada MM-də bizim Sirusla sərt mübahisəmiz olmuşdu. Küsülüydük. Niyə çağırıldığımı bildim. Üçümüz bir yerdə işləmişdik, həmişə xoş münasibətlərimiz olmuşdu, qəzetin ən sərt yazıları bizim əlimizdən çıxardı, redaktorlarla münaqişələrdə eyni mövqedən danışmışdıq… İndi böyük dostumuz bizim küsülü qalmağımızı istəmirdi. Bütün incikliklər, mövqe fərqləri töküldü ortaya. Amma Sabir Əhmədlinin səbri və ona olan sayğımız üstün gəldi. Evdən Sirusla bir yerdə, arada inciklik olmayıbmış kimi çıxdıq, Bir saat da küçədə gəzə-gəzə danışdıq…

Arada baş çəkirdim, zəngləşirdik. Bir dəfə zəng vurdu ki, gərək görüşək, sənə deyiləcək sözüm var… Amma vaxt danışmadıq. Qaçhaqaç, bir-birini əvəz edən yığıncaqlar. «Bu gün keçdi, sabah gedərəm…».

İndi də ürəyimdə ağrı kimi qalıb: «Sabir müəllim mənə nə deyəcəkdi?».

Onun dəfni barədə heç nə yazmıram. Bu barədə «Dövlətçilik əxlaqı və ya bizim olmayan adamlar» adlı ayrıca bir yazım var…

Sabir Əhmədli Cəbrayılda ev tikmişdi. Ara-sıra «bəlkə də, köçüb orda yaşadım» — deyirdi. Ora köçə bilmədi. Oxucularının, sevənlərinin ürəyinə köçdü…/edebiyyatqazeti.az/

10.12.2018

Xalq yazıçısının oğlu Etibar Əhmədli: “Atam haqq dünyasında onları gözləyir”

Etibar Əhmədli

Bu gün Azərbaycanın xalq yazıçısı Sabir Əhmədlinin anadan olduğu gündən 86 il ötür. 86 il bundan əvvəl Cəbrayıl rayonunda anadan olan Sabir Əhmədli Azərbaycan nəsri tarixində ən çox roman yazan yazıçıdır. (Burada söhbət təbii ki, ciddi ədəbi nümunələrdən gedir). O, 1984-cü ildə əməkdar incəsənət xadimi, 1992-ci ildə xalq yazıçısı fəxri adlarına layiq görülüb. 2009-cu il aprelin 17-də vəfat edib. Binəqədi qəbiristanlığında dəfn edilib. Yazıçı ömrünü bədii yaradıcılıqla bərabər, həm də “Ədəbiyyat qəzeti”nə həsr edib. Özü demişkən, qırxdan bir əskik-39 il orada çalışıb və uzun müddət də qəzetin baş redaktoru olub. Ağır vaxtlarda qəzeti öz çiyinləri üzərində saxlayıb. Bir növ onu ölməyə qoymayıb. Lakin vəziyyət düzələndən sonra təəssüf ki, Sabir Əhmədlinin bu zəhmətinə o qədər də yaxşı qiymət verilməyib. Sabir Əhmədli yazıçını yoran, yaradıcılığına xələl gətirən, mənasız iclaslardan bezərək özü oranı tərk edib.

Moderator.az yazıçının oğlu Etibar Əhmədovla müsahibəni təqdim edir:

— “Ədəbiyyat qəzeti”ndə neçə il çalışdı? O qəzetin uğurlarında Sabir Əhmədlinin, onun yazı masasının rolu nə qədərdir?

— Seyran Səxavətin “Qaçhaqaç” romanında atamın iş rejimi çox yaxşı əks olunub. Roman avtobioqrafikdir. Orada Seyran müəllim yazır ki, Yazıçılar İttifaqında makinaçılara yazı vermək üçün uzun növbələr olardı. Amma “Ədəbiyyat qəzeti”ndə iki nəfər üçün növbə yox idi.Biri baş redaktor Yusif Əzimzadə, o biri isə Sabir Əhmədli. Atam yaradıcılığını heç vaxt işi ilə qarışdırmazdı. Evdəki yazı masası, iş otağı ancaq ədəbi yaradıcılığına xidmət edib.

— Sabir Əhmədli “Ədəbiyyat qəzeti”ndən ayrılandan sonra bir daha o redaksiyaya getdi?

— Heç vaxt getmədi. İşdən ayrıldığı günün səhərisi elə mənimlə köhnə “Kommunist” nəşriyyatındakı redaksiyaya getdik. Şəxsi əşyalarını, kitablarını yığıb gəldik. Bir daha ora ayaq basmadı.

— Bəs Yazıçılar Birliyinə necə, gedib-gəlirdi? Ora ilə də incik düşmüşdü…

— Ora da getmirdi. Nə işi olurdusa, məni göndərirdi.Bir-iki dəfə arayış üçün getmişəm.

— Sabir Əhməlinin kifayət qədər nüfuzu var idi. Bəs necə oldu ki, işdən ayrılandan sonra kimsə zəng vurub, ora qayıtmasına cəhd göstərmədi?

— İşdən çıxandan sonra, elə ondan qabaq da zənglər olunurdu, təkliflər edilirdi. Amma həmin hadisədən sonra çox incimişdi. “Ədəbiyyat qəzeti”ndən ayrılması ilə nəticələnən məşhur iclasdan əsəbi halda evə gələndən sonra ondan nigaran qalan Famil Mehdi və Yaşar Qarayev ardınca bizə gəldilər. Xeyli təskinlik verən sözlər dedilər. Amma o, özü iclasdan durub çıxmışdı. Qanqaraldıcı sözlərdən sonra “keçmə namərd körpüsündən qoy aparsın sellər səni” deyib oranı tərk eləmişdi.

— O məşhur iclasdan danışaq…

— O məşhur iclas Yazıçılar İttifaqında olub. Qəzeti müzakirə ediblər. Nə irad tutublarsa, atam da möhkəm əsəbləşmişdi. Birbaşa işdən çıxara bilməyəndə o cür üsullara əl atılırdı. Yəni üstünə-üstünə gedib, hər şeydə qüsur axtarmaqla. Sabir Əhmədli də vəziyyətin belə olduğunu görüb ordan özü uzaqlaşdı. Halbuki, o, qəzetdə 39 il işləmişdi. Uzun müddət çox ağır vaxtlarda qəzeti öz şəxsi nüfuzu hesabına yaşatdı. Qəzeti təkbaşına, heç bir dayaq olmadan çap etdirdiyi vaxtlarda demək olar ki, Yazıçılar Birliyinin tərkibindən çıxarıb əmək kollektivinin mülkiyyətinə tabe etmişdi. Yəni, qanuna qalsa, heç çıxara da bilməzdilər. Ordan uzaqlaşandan sonra da heç işsiz qalmadı. “Azərnəşr”də bir dostu onu məsləhətçi kimi dəvət etdi. O, da qəbul etdi. Kabinet də verdilər, məsləhətçi kimi çalışırdı.

— Sabir Əhmədlinin bəzi əsərləri çox səs-küyə, qalmaqala səbəb oldu. Bu səs-küyün içində özünü necə toparlaya bilirdi?

— Əsərlərin yaratdığı səs-küydən sonra özünü asanlıqla toparlaya bilirdi. Çox adi hal kimi qəbul edirdi. “Dünyanın arşını” əsərini siz indi oxusanız, orada o qədər də qeyri-adi nəsə görməyəcəksiniz. Amma o dövr üçün bu tamamilə yad məsələ idi.Yadıma gəlir, uşaq idim, qatarda Cəbrayıla gedəndə şahidi olurdum ki, hamı atamın əsərlərindən danışır. O əsərlərin yaratdığı səs-küyü müzakirə edirdilər. O cümlədən, universitetdə oxuyanda da, görürdüm ki, müəllimlər, tələbələr Sabir Əhmədlini müzakirə edirdilər. Heç bilmirdilər ki, mən onun oğluyam. Onun romanları yaxşı mənada səs-küyə səbəb olurdu. Bəziləri özü üçün yaxşı fikir formalaşdırmasa da o, yazıçı borcunu şərəflə yerinə yetirdiyi üçün çox sevinirdi. Odur ki, bu səs-küyləri təmkinlə qarşılayırdı.

— Çox təəssüf ki, yazıçının həyatında faciəli illər də az olmadı. Qarabağ vuruşmasında oğlu gənc yaşında şəhid oldu. Sabir Əhmədlinin o günlərdəki portretini necə yaradardınız?

— Oğlu vətən uğrunda şəhid oldu. O bu səbəbdən özünü toxtaq tuta bilirdi. Özü həmin günlərdə nələr olubsa hamısını bircə-bircə yazıb. “Əsgər atası” filminə yəqin ki, baxmısınız. Orada necə idisə, atamda da elə oldu. Oğlunun arxasıyca getdi. Geri qayıdanda isə onun yas çadırı ilə qarşılaşdı. Özü də xatirələrində yazırdı ki, çadırı görməyənə qədər inanmırdım. Təbii ki, həm onun üçün, həm də ailəmiz üçün böyük faciə idi. Amma o, özünü adamların yanında ələ ala bilirdi.

— Bu faciə Sabir Əhmədlinin yazıçılıq fəaliyyətinə necə təsir etdi?

— Ondan sonra da yazdı. Bütün bu hadisələr “Axirət sevdası” romanında öz əksini tapıb. Müharibə illərində Qarabağ haqqında yazırdı. Mən düşünürəm ki, bu yaxınlarda onun publisistikasını çap etdirim. Çox maraqlı məqalələri var. O illərin həm Qarabağ, həm də meydan hadisələrinin hamısını çox vacib detalları ilə birlikdə yazıb. Meydan hadisələrinin səbəbləri, qüsurları “Kütlə” romanında əks olunub.

— Onun meydan hərəkatlarına münasibəti necə idi?

— Meydan hadisələri xalq hərəkatı idi. Həmin il — 1988-ci ildə Azərbaycan xalqı dünya xalqı elan edildi. Odur ki, xalqın bir araya gəldiyi bu hadisələrə atamın, eləcə də mənim münasibətim çox yaxşı idi. Gündüz o, gedirdi, axşamlar isə mən. Atam gələndən sonra Sabir Rüstəmxanlının, Xəlil Rza Ulutürkün meydanda yüz minlərlə insanın qabağında necə çıxış etməsi barəsində rəğbətlə danışırdı. Deyirdi ki, şəxsən mən kütlənin qabağında o cür çıxış edə bilmərəm.

— Meydan hərəkatlarından sonra qanlı 20 Yanvar hadisələri yaşandı. Sabir Əhmədli də “Yanvar hekayələri” adlı kitabı ilə o hadisələrin alt qatını göstərməyə çalışdı. O, həmin vaxt hadisələrin görünməyən tərəfini necə müəyyən edə bilmişdi?

— 1990-cı ilin 20 Yanvar hadisələri haqqında bir neçə hekayə yazdı. Həmin hekayələr “Yanvar hekayələri” adı altında kitabça halında çap edildi. Onlardan biri – “Dənizdən gələn səda” hekayəsi ABŞ-da da yayımlandı. Orada meyitlərin sonradan dənizə atılması və bir çox gizli məqamlar qeyd olunmuşdu. Sabir Əhmədlinin o zaman yazdıqları sonradan öz təsdiqini tapdı. Sonradan 20 Yanvar hadisələri zamanı meyidlərin dənizə atılması, yandırılması, eləcə də başqa bilinməyən faktlar etiraf edildi.

— Sabir Əhmədlinin əsərlərində bir neçə qat var. Yalnız intellektual oxucu xüsusi şifrələrlə həmin qatları aça bilər. Özü də bildiyini qənaətlə işlədirdi. Sualım odur ki, Sabir Əhmədli özü ilə nələri, hansı bilgiləri apardı?

— Özü ilə heç nəyi aparmadı, nəyi bilirdisə hamısını yazdı. Əsərlərində hər şeyi qeyd edib. Sadəcə onları düzgün təhlil etmək və nəticə çıxarmaq lazımdır.

— Amma o mənalara varmaq, onları düzgün təhlil etmək üçün açar yeri qoymayıb…

— Açar yeri qoyub. Amma o açarın özünü tapmaq lazımdır. Düzdür, bu məsələlər barəsində onun özü daha yaxşı danışa bilərdi. Mən ədəbiyatçı deyiləm. Amma o, bu cür məsələlər barəsində danışmağı çox xoşlayırdı və çox gözəl də izah edirdi. Məsələn, əsərlərinin birində soxulcanla balığın söhbəti var. Qarmağa keçirilən soxulcan suyun altında onu yemək istəyən balığa deyir ki, bu səhvə yol vermə. Mən onsuz da qarmaqdayam, sən də məni yesən, qarmağa keçəcəksən və bu sənin sonun olacaq. Balıq isə ona inanmaq istəmir. Bax bu kiçik hekayədə dövlətlərarası münasibətlər, mövcud siyasi durum çox gözəl əks olunub.

— Sabir müəllimin çap olunmamış yazıları çoxdu. Son illərdə iki kitabını çap etdiniz. Gələcəkdə hansı əsərlərinin çapı gözlənilir?

— Əlbəttə, çap olunmamış yazıları bu gün də çoxdur. Onun publisistikası və müsahibələrindən ibarət kitab buraxdırmaq fikrimiz var. Həmçinin, makinada yazdığı iki roman bir povest və bir qovluq hekayələri də gələcəkdə işıq üzü görəcək. Anam hazırda o yazıların üzərində işləyir, redaktə edir.

— Etibar müəllim, bu gün Azərbaycan ədəbi caməəsinin, ziyalı kütəsinin Sabir Əhmədli şəxsiyyətinə olan münasibətindən razısınız?

— Bəli, razıyam! Narazı olmağın nə mənası var ki?!

— Amma mən bir narazılığımı bildirmək istəyirəm. Təəssüf ki, yazıçının romanları, əsərləri demək olar ki, heç yerdə tapılmır…

— Kitablar dövlətin xətti ilə çap olunmalıdır. Sağlığında Sabir müəllim, Qılman İlkin və Hüseyn Abbaszadə bu məsələni qaldırdılar, düşdülər qabağa. O ikisinin kitabları çap edildi, amma atamın yox. Elə mənim özümdə onun kitablarının hərəsindən bir nüsxə qalıb. Kiril əlifbasında olan kitablarını kitabxanalardan tapmaq olar. Amma təəssüf ki, kiril əlifbasını bilən bilən gənclər azdı. Yenə deyirəm, bu işlər dövlət xətti ilə görülməlidir. Yəqin ki, nə vaxtsa olacaq…

— Bu gün xalq yazıçısının ad günüdür. Kimlərdən zəng gözləyirsiniz?

— Vallah, gözləmirik. Amma zəng edənlər də edir. Özümüz, qohum-əqraba qeyd edir. Borcumuzdan belə çıxırıq. Biz zəng etməyənlərdən də incimirik. İndi elə bir vaxtdır ki, hərənin başı öz işinə-gücünə qarışıb. Amma vallah, mən elə bu gün onun kitablarını götürüb oxuyanda elə bil onunla söhbət edirəm. Yəni atamı ölmüş bilmirəm. Hər gün axşam düşəndə atamın iş otağına gəlirəm. Hərdən yazı masasının arxasında, hərdən də bu divanda oturub keçmişlə salamlaşıram. Atamla söhbət edirəm. Bu rəfdə atamın öz oxuduğu və yazdığı kitablardı. Onun əsərlərini oxuya-oxuya atamla dərdləşirəm. “Dünyanın arşını”ndan başlayıb “Yazılmayan yazı”ya qədər bütün yazdıqlarını ardıcıllıqla oxuyuram. Elə bilirəm ki, atam mənimlə danışır. Əvvəlki kimi öyüd-nəsihət verir…

— O zaman Sabir müəllimə qarşı gələn insanlara onun adından nə demək istərdiniz?

— Sabir müəllim haqq dünyasında onları gözləyir.

— Sonda bir oğul olaraq Sabir müəllimə Cəbrayılın, vətənin, yaxınlarının bu günü ilə bağlı nə demək istərdiniz?

— Bu yaxınlarda doğma Cəbrayılımızda olacağımıza əminliyimizi ona çatdırardım.

Elmin Nuri/2016-cı il/

Sabir əhmədli seçilmiş əsərləri

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Seçilmiş əsərləri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.