Press "Enter" to skip to content

Sahibkarlıq fəaliyyəti

Bakı şəhəri, 15 dekabr 1992-ci il

Sahibkarlıq fəaliyyəti haqqında

Bu Qanun Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.

Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Sahibkarlıq fəaliyyəti

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Maddə 2. Sahibkarlıq haqqında qanunvericilik

Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında” Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir.

Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyi ilə də tənzimlənir.

Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qanunvericilik aktları ilə yanaşı “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri ilə də tənzim edilir.

Maddə 3. Sahibkarlığın subyektləri

1. Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər:

fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;

mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; xarici hüquqi şəxslər.

2. Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

3. Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər.

4. Müəssisəni idarə edən subyektin və əmlakın mülkiyyətçisinin münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını və məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə tənzimlənir.

Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin nizamnaməsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə müəssisənin fəaliyyətinə qarışa bilməz.

Maddə 4. Sahibkarlığın formaları

1. Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

2. Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.

Maddə 5. Sahibkarlıq hüdudlarının hüquqi nizamlanması

1. Yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir.

Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.

2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.

Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin müdaxiləsinə yol verilmir.

SAHİBKARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

Maddə 6. Sahibkarın hüquqları

1. Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:

istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən əldə etmək;

başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;

tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək;

işçiləri işə qəbul etmək və işdən azad etmək;

işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək;

təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək;

öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;

pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfəətin (gəlirin) bölüşdürülməsi qaydası bağlaşmada müəyyən edilir;

məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;

dövlət sosial təminatı sistemindən istifadə etmək;

könüllü sığorta növünü sərbəst surətdə seçmək;

hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər orqanların, təsərrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət etmək;

xarici iqtisadi münasibətlərdə iştirak etmək;

valyuta əməliyyatları aparmaq;

ictimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki məqsədlərə, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım göstərilməsinə ianələr vermək;

həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.

2. Sahibkar bu maddədə göstərilən hüquqlarla yanaşı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqlara malikdir.

Maddə 7. Sahibkarın vəzifələri

1. Sahibkarın vəzifələri aşağıdakılardan ibarətdir:

qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək;

işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq;

işçilərin həmkarlar ittifaqlarında birləşməsinə mane olmamaq;

işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək;

Dövlət Sosial Müdafiə Fonduna, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək;

qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək;

işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq;

qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiyenasının və sanitariyasının təmin edilməsi, arxitektura abidələrinin və digər tarixi abidələrin mühafizəsi sahəsində tədbirlər görmək;

istehsal olunan məhsulların (işlərin, xidmətlərin) rəqabət qabiliyyətliliyinə nail olmaq;

müəlliflik hüququnun qorunmasının qanunvericiliklə müəyyən olunmuş tələblərinə əməl etmək;

əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunvericiliyin tələblərinə əməl etmək;

istehsal etdiyi məhsulları markalaşdırmaq;

qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq;

antiinhisar qanunvericiliyinə riayət etmək;

haqsız rəqabət metodlarından istifadə olunmasına yol verməmək;

öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək;

müharibə şəraitində və ya başqa fövqəladə hallarda səlahiyyətli dövlət orqanlarının göstərişi ilə təsis sənədlərində nəzərdə tutulmayan və ya həmin sənədlərdə qeyd olunan məqsədlərə uyğun gəlməyən hər hansı qanuni fəaliyyət forması ilə məşğul olmaq.

2. Sahibkar bu maddədə göstərilən vəzifələrlə yanaşı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələri yerinə yetirir.

Maddə 8. Sahibkarın əmlak məsuliyyəti

1. Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən sahibkarlar seçilmiş təşkilat formasından asılı olaraq tam və ya məhdud əmlak məsuliyyəti daşıyırlar.

2. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar bu fəaliyyətlə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir.

3. Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır. O, bağlaşmadan irəli gələn öhdəliklərin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi üçün də eyni məsuliyyət daşıyır.

4. Ödəmələr yönəldilə bilməyən əmlakın siyahısı Azərbaycan Respublikasının Mülki prosessual məcəlləsi ilə müəyyən edilir.

SAHİBKARLIĞIN DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ

Maddə 9. Sahibkarlığa dövlət köməyi

1. Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pul-kredit sistemləri vasitəsi ilə tənzimləyir.

Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir.

Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq güzəştlər sistemini müəyyənləşdirir.

Dövlət sahibkarlığa kömək məqsədi ilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı ssudalarının faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.

2. Sahibkarlığa kömək və onun müdafiəsi üzrə dövlətin vəzifələrini və funksiyalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

3. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi vermək məqsədilə müvafiq icra hakimiyyəti orqanının nəzdində Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir.

Maddə 10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.

Maddə 11. Xüsusi razılıq (lisenziya) tələb edən sahibkarlıq fəaliyyəti

1. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

Xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısı və xüsusi razılıq (lisenziya) verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

2. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin

öz ölkələrində müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün aldıqları xüsusi razılıqların (lisenziyaların) Azərbaycan Respublikasında tanınıb tanınmaması dövlətlərarası sazişlərlə müəyyən edilir.

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasında şəhərsalma fəaliyyətini bu fəaliyyətə xüsusi razılığı (lisenziyası) olan Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi ilə müştərək həyata keçirirlər.

Qalan bütün hallarda həmin fəaliyyətlə məşğul olmaq üçün qanunvericiliyə müvafiq qaydada xüsusi razılıq (lisenziya) alınmalıdır.

3. Sahibkarlıq fəaliyyəti növlərinin xüsusiyyətlərindən asılı olaraq razılığın (lisenziyanın) verilmə müddətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Müvafiq dövlət orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar bu məqsədlə ərizə və qanunvericiliyə müvafiq sənədlər təqdim edildikdən sonra 15 gün müddətində çıxarılır.

Xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilməlidir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

4. Xüsusi razılıq (lisenziya) verilməsindən aşağıdakı hallarda imtina edilir:

a) xüsusi razılıq (lisenziya) verilməsi qaydalarında nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

b) ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

v) müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin zəruri şəraiti olmadıqda;

q) müəyyən ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət etmiş ərizəçi, bu fəaliyyət növü ilə məşğul olmaq üçün mütəxəssislərin işə cəlb ediləcəyi nəzərdə tutulan hallarda isə həmin mütəxəssislər müvafiq ixtisasa malik olmadıqda;

ğ) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

5. Xüsusi razılığın (lisenziyanın) alınması üçün təqdim olunmuş sənədlərin qəbulu əsassız gecikdirildikdə, xüsusi razılıq (lisenziya) bu maddədə müəyyən edilmiş müddətdə verilmədikdə və ya sahibkar xüsusi razılığın (lisenziyanın) verilməsindən imtinanı əsassız hesab etdikdə, o, müvafiq mәhkәmәyә müraciət etmək hüququna malikdir.

Sahibkarın hüquqlarının pozulması faktını aşkar edən məhkəmə onun hüquqlarının bərpası, müvafiq hallarda isə sahibkara xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar çıxarır. Xüsusi razılıq (lisenziya) verən orqan məhkəmənin qərarmı aldığı vaxtdan etibarən üç gün müddətində qərarı icra etməlidir.

Eyni zamanda məhkəmə təqsirkar vəzifəli şəxsi qanunla nәzәrdә tutulan qaydada məsuliyyətə cəlb edə bilər.

Maddə 12. Sahibkarın hüquq və qanuni mənafelərinin dövlət tərəfindən müdafiəsi

1. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.

2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xarici dövlətlərin ərazisindəki sahibkarlıq fəaliyyəti sahəsində hüquq və mənafelərinin müdafiəsinə Azərbaycan dövləti təminat verir.

3. Sahibkarlıq fəaliyyətinin yoxlanılmasını həyata keçirən orqanlar, onların hüquq və səlahiyyətləri qanunvericilik aktları ilə müəyyənləşdirilir.

4. Sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər orqanların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar və vəzifəli şəxslər ödəməlidirlər.

5. Qanunda nəzərdə tutulan hallar istisna edilməklə sahibkarın əmlakı toxunulmazdır.

Dövlət ehtiyacları //çıxarılıb// tələb etdikdə sahibkarın əmlakı yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə onun bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər.

Maddə 13. Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti

1. Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Nəzarəti həyata keçirmək hüququna yalnız qanun əsasında bu hüquqlar verilmiş orqanlar malikdir.

Vergi, antiinhisar, sanitariya, ekologiya və s. dövlət nəzarət orqanlarının yoxlamaları yalnız onların səlahiyyətlərinə müvafiq surətdə həyata keçirilir.

2. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən sahibkarlıq fəaliyyətinin yoxlanılması qaydası pozulduğu halda sahibkara dəyən zərərin ödənilməsi məbləğinə yoxlamaya bilavasitə cəlb olunmuş işçilərin yoxlama müddətindəki əmək haqqı, yoxlama ilə bağlı istehsalın məcburi dayandırılması müddətində işçilərin əmək haqqı və əldən çıxmış gəlirlərin əvəzi daxil edilməlidir.

3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 14. (Çıxarılıb)

Maddə 15. Sahibkarın məsuliyyəti

Sahibkar Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi, öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanuna uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır.

SAHİBKARLIQ FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ ONA XİTAM VERİLMƏSİ

Maddə 16. Sahibkarlıq fəaliyyətinin dayandırılması

Sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında qərarı sahibkarın özü qəbul edə bilər. Antiinhisar fəaliyyəti, vergi, lisenziya verilməsi, ekologiya, sanitariya, arxitektura, texniki təhlükəsizlik və yanğından qorunma məsələləri üzrə səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırılması barəsində təqdimat vermək hüququna malikdirlər. Bu məsələlər üzrə mübahisələr məhkəmə yolu ilə həll edilir.

Maddə 17. Sahibkarlıq fəaliyyətinə xitam verilməsi

1. Sahibkarlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı sahibkar (mülkiyyətçi) özü və ya məhkəmə qəbul edə bilər.

2. Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər.

3. Sahibkar vəfat etdikdə onun əmlakı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.

4. Bağlaşma əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

bağlaşmanın müddəti başa çatdıqda;

tərəflərin qarşılıqlı razılığı ilə;

məhkəmənin qərarı ilə;

bağlaşmada və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 15 dekabr 1992-ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 6 fevral 1996-cı il tarixli 18-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, № 1, maddə 6)

2. 5 noyabr 1996-ci il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, № 3, maddə 226)

3. 24 dekabr 1996-cı il tarixli 214-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 280)

4. 16 may 2000-ci il tarixli 882-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 489)

5. 12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 686)

6. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

7. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)

8. 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 1)

9. 14 may 2002-ci il tarixli 321-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 248)

10. 3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16)

11. 4 noyabr 2003-cü il tarixli 509-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 673)

12. 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657)

13. 1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29)

14. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)

15. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

16. 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)

17. 1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)

18. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

19. 22 oktyabr 2013-cü il tarixli 767-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2013-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1283)

20. 4 aprel 2014-cü il tarixli 927-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 aprel 2014-cü il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 333)

21. 30 sentyabr 2014-cü il tarixli 1036-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1156)

Sahibkarlıq fəaliyyəti

Bazar iqtisadiyyatının formalaşdığı hər bir cəmiyyətdə sahibkarlıq fəaliyyəti bu prosesin əsas hərəkətverici qüvvəsidir. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra sahibkarlıq fəaliyyəti ölkədə bazar münasibətlərinin inkişafının, ölkə əhalisinin maddi rifah halının və sosial – mənəvi səviyyəsinin yüksəldilməsinin, cəmiyyətin sosial sabitliyinin, ölkənin iqtisadi suverenliyinin və siyasi müstəqilliyinin, yeniliklərə əsaslanan istehsalın inkişafının təmin edilməsinin, bazar prinsipləri üzərində qurulan iqtisadi mexanizmin yaradılmasının vacib amillərindən birinə çevrilmişdir.

Sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Sahibkarlığın dinamik inkişaf etdirilməsi və genişləndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, ölkədə güclü özəl sektor formalaşmış, biznes və investisiya mühiti daha da yaxşılaşmış, sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olmuşlar.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi” haqqında Fərmanı ilə ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, mikro, kiçik və orta sahibkarlığın (bundan sonra – KOB) ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOB subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” yaradılmışdır.

Eyni zamanda son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da güclənmiş, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verilmişdir.

Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapmışdır. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə, Azərbaycan əvvəlki illə müqayisədə reytinqdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatordan 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdıran Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş azad sahibkarlıq hüququ hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə sahibkarlıq və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilməsini ehtiva edir. Konstitusiyaya görə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə isə inhisarçılığa və haqsız rəqabətə yol verilmir.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq fəaliyyəti dedikdə, şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət nəzərdə tutulur.

Dünya təcrübəsi göstərir ki, azad sahibkarlıq dövlətin və cəmiyyətin gələcək inkişafında mühüm rol oynayır. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daim qayğı göstərilir. Bu məqsədlə sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli məhsulların istehsalı ölkə prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir.

Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ hüquqi aktlar bütövlükdə sahibkarlığın, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsinə təkan vermişdir. Mütərəqqi islahatların həyata keçirildiyi şəraitdə sahibkarlığın dəstəklənməsi sahəsində bələdiyyələrin iştirakının aktivləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq təcrübədə bələdiyyələrin fəaliyyətinin mühüm istiqamətlərindən biri bələdiyyə sahibkarlığının inkişaf etdirilməsidir. Qərbi Avropa ölkələrində (Böyük Britaniya, Fransa, Almaniya, Norveç, İsveç və s.) bələdiyyə sahibkarlığının inkişafı məhz kiçik sahibkarlığın hesabına təmin olunur. Kiçik iqtisadiyyatda kapital daha sürətlə dövr edir. Kiçik bələdiyyə müəssisələrində kapitalın passiv hissəsinin xüsusi çəkisi aşağı olur. İşçi qüvvəsi daha çox yüklənir və əmək məhsuldarlığı yüksək olur.

Həmçinin beynəlxalq təcrübədə bələdiyyə müəssisələrinin üstünlüklərindən biri də sosial sahədə gərginliyin azaldılmasında böyük rol oynamalarının nəzərə alınmasıdır. Belə ki, müəyyən səbəblərdən və ixtisar olunmaqla işsiz qalan mütəxəssislər kiçik müəssisələrdə işə cəlb olunurlar. Həmçinin yerli şəraitə uyğun kiçik müəssisələrin təşkili həm yerli xammaldan, həm də əmək ehtiyatlarından səmərəli istifadəyə münbit şərait yaradır.

Bələdiyyə müəssisələrinin və o cümlədən xidmət sahələrinin yaradılması bizim ölkədə də vacib məsələlərdəndir. Bu istiqamətdə inkişafın təmin edilməsində yerli büdcə vəsaitləri, qrant və kreditlərdən istifadə oluna bilər. Yerli maliyyə vəsaitlərinin az olması daha optimal variantların seçilməsini, daha az kapital qoyuluşu tələb edən layihələrin həyata keçirilməsini zəruri edir.

Bələdiyyə müəssisələri, o cümlədən xidmət sahələrinin yaradılması məqsədilə ilk növbədə ərazilərin malik olduqları təbii və iqtisadi potensial öyrənilməlidir. Təbii potensial dedikdə torpaq, su, meşə, relyef, enerji mənbələri, otlaqlar, biçənəklər, bulaqlar, mineral sular, iqlim və digər təbii sərvətlər (daş, qum, əhəng, gil) nəzərdə tutulur. İqtisadi potensial dedikdə isə ərazinin infrastrukturu, istehsal və emal müəssisələrinin mövcudluğu, texniki vasitələr, qurğular və digər istehsal vasitələri, əmək ehtiyatları, mədəni-məişət və idman obyektləri və sair nəzərdə tutulur.

Yerli özünüidarə orqanlarının bələdiyyə mülkiyyəti sahəsində səlahiyyətləri bələdiyyə mülkiyyətinin artırılması və inkişaf etdirilməsi məqsədinə xidmət etməlidir. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiya və subvensiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun inkişafına imkan yaradır. Bütün bunlar imkan verir ki, bələdiyyə təsərrüfatı səmərəli şəkildə idarə olunsun, bələdiyyə qurumlarına əhalinin tələbatını təmin etməsi üçün zəruri şərait yaradılsın.

Bazar iqtisadiyyatının formalaşması şəraitində regionların sosial-iqtisadi inkişaf problemlərinin həlli dövlət, yerli özünüidarəetmə orqanları və özəl sektorun səylərinin əlaqələndirilməsinin nəticəsindən, habelə bələdiyyə qurumlarının dayanıqlı sosial-iqtisadi vəziyyətindən asılıdır.

Bələdiyyələr regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından, əmək ehtiyatlarından, yerüstü və yeraltı sərvətlərindən, su və torpaq ehtiyatlarından səmərəli istifadə etməklə müvafiq ərazinin inkişafını və əhalinin rifahını yüksəltmə imkanlarına malikdirlər. Bu baxımdan, bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yaratmaqla öz təsərrüfat subyektlərini təşkil edərək bölgə iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.

Məlum olduğu kimi, bələdiyyə qurumlarının əhatə etdikləri şəhərlər, qəsəbələr və kəndlər özünəməxsus ərazi istehsal və təsərrüfat kompleksləridir. Bələdiyyələrin kompleks inkişafı yerli təsərrüfatların səmərəliliyinin artırılması, sosial-mədəni və ekoloji məsələlərin həlli, habelə əmək, təbii və digər yerli ehtiyatlardan istifadə etməklə vətəndaşların həyat və istirahəti üçün zəruri şərtlərin yerinə yetirilməsi məqsədlərinə xidmət edir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda bələdiyyələrin bu istiqamətdə məqsədli proqramların tərtib edilməsi hüquqları müəyyən edilmişdir. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında məqsəd yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər. Yerli iqtisadi inkişaf proqramlarında bələdiyyə torpaqlarından və onların mülkiyyətində olan əmlakdan səmərəli istifadə yolları göstərilməlidir.

Qanunvericiliyə uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunla qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Yerli özünüidarə orqanları bələdiyyə müəssisə, təşkilat və idarələrinin idarə olunmasında geniş hüquqlara malikdirlər. Bələdiyyələrin təsis etdiyi kommersiya hüquqi şəxsləri mənfəət vergisini yerli büdcəyə ödəyirlər.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi yerli vergilərin tərkibinə daxildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 105.1-ci maddədə isə göstərilir ki, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər.

Hazırkı dövrdə bələdiyyələr mütərəqqi idarəçilik metodlarından istifadə edərək cəsarətli və təşəbbüskar addımlar atmaqla bələdiyyə müəssisələrinin, xidmət sahələrinin yaradılması istiqamətində müsbət nəticələr əldə edə bilərlər. Bu məqsədlə şəhər və qəsəbə bələdiyyələri kiçik həcmli istehsal və xidmət sahələrinin yaradılması, kənd bələdiyyələri isə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən hazır məhsulun digər şəhər və qəsəbə bələdiyyələri ilə qarşılıqlı müqavilə əsasında realizə edilməsi sahəsində müəssisələrin yaradılmasını həyata keçirə bilərlər.

Şəhər və qəsəbə bələdiyyələri bu məqsədlə inzibati ərazidə bərbərxana, dərzixana, kiçik avtotəmir və yuyucu sexləri, plastik və digər materiallardan qapı və pəncərələrin düzəldilməsi və sair xidmət obyektlərinin təşkilini həyata keçirə bilərlər.

Kənd bələdiyyələri isə öz ərazilərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kiçik sexlər yarada, təbii sərvətlərdən (ağac, çınqıl, qum, gil və sair) istifadə edərək xammal, yarımfabrikat və hazır məhsul istehsalı üzrə sexlər təşkil edə bilərlər.

Q eyd olunanlarla yanaşı, turizm sektorunu inkişaf etdirməklə də ölkənin iqtisadiyyatına gəlir təmin edilə, məşğulluqla yanaşı, sahibkarlığın inkişafına da dəstək verilə bilər. Bununla əlaqədar bələdiyyələr öz hüdudları çərçivəsində turizmin inkişafına müsbət təsir göstərən müxtəlif xidmətlər həyata keçirə bilər. Bu xidmətlər yerli vəsaitə uyğun olaraq, bələdiyyənin səlahiyyətləri və maliyyə imkanları çərçivəsində həyata keçirilməlidir. Müxtəlif sahələri əhatə edən bu xidmətləri təşkil etmək üçün, əslində bir o qədər də maliyyə resursu tələb olunmur. Bələdiyyə daxili imkanlarla və könüllülərin, xüsusilə gənclərin dəstəyi ilə bu layihələri həyata keçirə bilər. Misal olaraq, kənd yerlərində çoxsaylı ailə fermer təsərrüfatları vardır ki, onların istehsal etdiyi kiçik həcmli kənd təsərrüfatı məhsullarını bazarlara çıxarmağa imkanları məhduddur. Nəticə etibarı ilə, ailə özünü lazımi qədər məhsulla təmin etdikdən sonra artıq qalan məhsul istifadə edilmir ki, bu da ailə büdcəsinə ziyan vurur. Yerli özünüidarəetmə orqanları öz xidmətlərini göstərməklə, bu problemin həllinə qismən də olsa yardımçı ola bilər. Əhalidən məhsulu toplamaq məqsədilə kiçik tədarük məntəqəsi yaradılmaqla, burada yığılan məhsul müvafiq müştərilərə çatdırıla bilər. Artıq qalan məhsulu bələdiyyə hüquqi şəxs təsis etməklə öz ərazisində kiçik bazar yaradaraq sata bilər. Bu xidməti göstərməklə bələdiyyə yerli əhali və turizm obyektləri ilə yanaşı, buraya gələn turistlərin məmnunluğunu da təmin etmiş olar.

Bununla yanaşı, bələdiyyə öz ərazisində turizm marşrutlarına yaxın bir yerdə tələbatdan və turizm növündən asılı olaraq, müxtəlif turizm əşyalarının kirayəsini təşkil edə bilər. Məsələn: meşəlik və dağlıq ərazilərdə bu velosiped, çadır, manqal və s. dənizkənarı turizm zonalarında çətir, tilov, üzgüçülük vasitələri və s. ola bilər. Bələdiyyə bunları təşkil etmək və ərazini turistlər üçün daha da cəzbedici etməklə, həm də əlavə gəlir mənbəyi əldə etmiş olur.

Bəllidir ki, hər bir turist getdiyi yerdən kiçik də olsa, suvenir və ya həmin regionun məşhur bir məhsulunu almağa cəhd edir. Ölkəmizdə bəzi bölgələr öz “brend” turizm məhsulları ilə məşhurlaşa bilsələr də turizm potensialına malik bir çox yerlər hələ də turistləri cəlb etmək baxımından rəqabətdə geri qalırlar. Ərazinin turizm cəhətdən təşviqinə böyük təsir göstərən belə “brend” məhsullar, adətən kənd təsərrüfatı məhsulu, sənətkarlıq nümunələri və s. ola bilər.

Ölkəmizin bir çox bölgələri özünəməxsus kənd təsərrüfatı məhsulları ilə tanınır. Həmin məhsulları turizmi təşviq etmək məqsədilə regionun kənd təsərrüfatı brendinə çevirmək mümkündür. Daha çox məhsul yığımı zamanı müxtəlif maraqlı tədbirlər təşkil etməklə, yerli və beynəlxalq turistlər regiona cəlb oluna bilər. Belə tədbirlərdə təkcə bir məhsulu deyil, eyni zamanda həmin brenddən hazırlanmış digər məhsulları da gələn qonaqlara təqdim etmək fürsəti yaranır. Bu məhsulların satışından ilk növbədə, yerli əhali və sahibkarlar faydalanır ki, bu da yerli iqtisadi inkişafa kifayət qədər öz töhfəsini verir. Sözsüz ki, belə geniş miqyaslı tədbirlərin təşkili təkcə bələdiyyələrin işi deyil, lakin onlar müəyyən təşəbbüslərlə çıxış edərək belə tədbirlərin təşkilində yaxından iştirak edə bilərlər. Bələdiyyələr tələb və təklifə uyğun olaraq qeyd olunanları həyata keçirməklə, turizmin inkişafına öz töhfələrini verə bilər. Belə layihələr bələdiyyə büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, ölkəmizə gələn turistlərin göstərilən xidmətlərdən razı qalmasını da təmin edə bilər.

Yerli özünüidarəetmə orqanları turizmin, eləcə də tibbi turizmin inkişafında mühüm rola malikdir. Bələdiyyələr əhali ilə bilavasitə təmasda olduğundan, onların maraqlarının, arzu və təkliflərinin nəzərə alınmasını təmin etməklə yerli və regional səviyyədə turizmin inkişafında müstəsna xidmətlər göstərə bilərlər. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən istifadə edərək mülkiyyətində olan torpaq sahələrində müəyyən infrastruktur yaratmaq və ya hər hansı tibbi turizm obyektini inşa etmək məqsədi ilə investorları cəlb etməklə yerli büdcə üçün davamlı gəlir mənbəyi əldə edə bilərlər.

H esab edirik ki, bu tədbirlər nəticəsində bələdiyyələrin sahibkarlığın inkişafında iştirakı ölkədə baş verən urbanizasiya proseslərinə də öz təsirini göstərə bilər. Belə ki, səmərəli fəaliyyət göstərən kənd və qəsəbə bələdiyyələri nəinki öz ərazilərində yaşayan əhali üçün məşğulluq sahələrini genişləndirməklə insanların şəhərlərə axınının qarşısını ala bilər, hətta şəhərdən kəndə axının güclənməsinə səbəb olar.

Ölkəmizdə 2025-ci ilədək olan dövr üçün yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair milli iqtisadiyyatın demək olar ki, bütün sektorlarını əhatə edən strateji yol xəritələri hazılanmış və hədəflər müəyyənləşdirilmişdir. Belə ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyini və insan kapitalından istifadənin səmərəlliliyini artırmaq, idxaldan asılılığı azaltmaq, gələcək iqtisadi inkişafı təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə 12 istiqamət üzrə Yol Xəritəsi təsdiq olunmuş, cari, orta və uzunmüddətli dövr üçün milli iqtisadiyyatın inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmişdir.

Bu Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yerli özünüidarəetmə orqanlarının kəndlərin inkişafı, orada əhalinin məşğulluğunun təmin edilməsi, mədəni irsin ötürülməsi, kənd həyatı ənənələrinin saxlanılması və ənənəvi həyat tərzinin qorunması sahəsində təşəbbüslərinin dəstəklənməsi, kəndin sosial-iqtisadi inkişafı ilə bağlı bələdiyyələrin öhdəliklərinin artırılması məqsədi ilə tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. Bu tədbirlər nəticəsində kənddə bələdiyyələrin açdığı iş yerlərinin sayının 30 faiz, qadınların və gənclərin inkişafına yönəldilmiş proqramların sayının 3 dəfə artırılması və kəndin sosial-ictimai həyatında onların fəal iştirakı hədəflənmişdir.

Qeyd etməliyik ki, geniş resurs və imkanlara malik yerli özünüidaretmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramlarının gerçəkləşməsinə bələdiyyə müəssisələrini və bizneslərini quraraq töhfələrini verə bilərlər. Bələdiyyələrin inkişafı və əlavə maliyyə mənbələrinin əldə edilməsi baxımından gəlir gətirən bələdiyyə müəssisələrinin təsisinə ciddi ehtiyac vardır. Bələdiyyələrin iqtisadi fəaliyyəti kənd təsərrüfatı, istehsalat, xidmət və qanunla qadağan edilməyən bütün sahələri əhatə edir.

Azərbaycanda 1606 bələdiyyə var və kifayət qədər böyük rəqəmdir. Bələdiyyələr iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edirlər. Bu isə böyük imkanlar deməkdir.Bələdiyyə müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması, əhalinin sosial rifahının yüksəlməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı, yoxsulluğun daha da azadılması, idxalın daha da azalması və ixracın artması deməkdir.

Bələdiyyələrin bu qədər geniş imkan və resurslara malik olmaqlarına baxmayaraq maliyyə imkanlarının zəif olması və biznes təcrübələrinin olmaması bələdiyyə müəssisələrinin yaradılmasına və iqtisadi fəaliyyətlə məşğul olmaqlarına imkan vermir. Bu səbəbdən bələdiyyələr iqtisadi fəaliyyətə başlamazdan əvvəl üç əsas problem həll edilməlidir:

1. Maliyyə qaynağının əldə edilməsi.

2. Hansı sahələrə kapital qoyulması n ı n müəyyənləşdirilmə si .

3. Bələdiyyə işçiləri üçün biznes təlimlərinin keçirilməsi.

Maliyyə məsələsi həllini tapdıqdan sonra ikinci məsələ kapital qoyulacaq sahələrin dəqiqləşməsidir. Bunun üçün ilk növbədə hər bələdiyyə öz ərazisində sənaye, kənd təsərrüfat, turizm və digər sahələrdən hansılarla məşğul olmağın mümkünlüyünü öyrənməlidir.Bunun üçün aşağıdakı faktorlar önəmlidir:

Ərazinin iqtisadi-coğrafi mövqeyi;

Ərazinin təbii şəraiti və ehtiyatları;

Ərazi üzrə əhalinin məskunlaşma səviyyəsi;

Ərazinin sahə və quruluşu;

Ərazinin tarixən iqtisadi inkişaf xüsusiyyətləri.

İlk növbədə daxili bazarın təlabatı nəzərə alınaraq Azərbaycana idxal edilən ərzaq məhsullarının siyahısı çıxarılmalı və hansı bölgədə idxal edilən kənd təsərrüfatı məhsullarının hansının istehsalı və emalının mümkünlüyü planlaşdırılmalıdır.

Yerli tələbatın ödənilməsi ilə yanaşı, ixrac yönümlü məhsulların istehsalı, xidmət sahələrinin təşkili bələdiyyəyə xarici valyuta ilə gəlir əldə etməsinə kömək edə bilər.

Növbəti mərhələdə bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün biznes bacarıqlarının və biliklərinin artırılması məqsədilə qabaqcıl təcrübələrə əsaslanan keyfiyyətli biznes təlimləri təşkil edilməlidir. Təlimlərin keçirilməsində məqsəd yaranacaq bələdiyyə müəssislərini və bələdiyyə biznesini idarə edə biləcək peşəkar və bacarıqlı biznes idarəçilərinin yetişdirilməsidir.

Görüləcək işlərdə bələdiyyə assosiasiyalarının rolu və iştirakı da müsbət nəticələr verə bilər. Bələdiyyə assosiasiyaları bu istiqamətdə görüləcək bütün işləri yaxından monitorinq edərək, onların səmərəliliyini və müvafiq yenilikçi təşəbbüsləri, təklifləri, gətirəcəyi faydaları müəyyən edə, maneələrin aradan qaldırılmasına kömək etmək üçün təkliflə çıxış edə, habelə bələdiyyələrin təşəbbüslərini dəstəkləyə bilərlər.

Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları bələdiyyələr tərəfindən bu sahədə göstəriləcək təşəbbüsü, ediləcək müraciət və təklifləri dəstəkləməklə, onlara yaxından hərtərəfli yardım göstərməlidir. Bununla yanaşı, bir neçə bələdiyyənin, o cümlədən şəhər, qəsəbə və kənd bələdiyyələrinin qarşılıqlı müqavilələr əsasında birgə istehsal və xidmət sahələrinin yaradılması təşəbbüsünə də əlaqələndirici yardımlar edə bilər.

Hazırda sahibkarlığın inkişafında və yerli turizmin təşkilində bələdiyyələrin iştirakının genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hazırlanmış “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” kitabı bələdiyyələrə paylanılmış, Ədliyyə Nazirliyi kollegiyasının qərarına uyğun olaraq hazırlanmış “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin maliyyə yardımı ilə çap edilərək təqdimatı keçirilmişdir. Həmçinin Nazirliyin regional ədliyyə idarələri ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün Gəncə-Qazax iqtisadi rayonunda “Subvensiya layihələrinin hazırlanması və idarə edilməsi”, “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı” mövzularında regional təlim və seminarlar keçirilmişdir.

Bələdiyyələrlə İş Mərkəzi tərəfindən yerli özünüidarə orqanlarının dayanıqlı gəlir mənbələrinin əldə edilməsi məqsədi ilə bələdiyyələr tərəfindən sahibkarlıq qurumlarının yaradılması vəziyyətinin, həmçinin yaradılmış müəssisələr barədə zəruri məlumatların öyrənilərək təhlil edilməsi və nəticəsinə uyğun əməli və metodik kömək göstərilməsi barədə bir sıra tədbirlər həyata keçirilsə də, nəticələr hələlik qanedici deyildir.

Təqdim olunan məlumatlar göstərir ki, bələdiyyələr tərəfindən yaradılmış müəssisələrin sayı olduqca azdır və yaradılmış müəssisələrin böyük hissəsinin fəaliyyətə başlaması üçün lazımi təşəbbüs göstərilmir. Hazırda bu sahədə işlərin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bununla yanaşı, bələdiyyələr tərəfindən fəaliyyət göstərən müəssisələrin mənfəət vergisinin düzgün hesablanmasına və yerli büdcəyə ödənilməsinə diqqət yetirilmir. Bir sıra hallarda isə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrə ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüquqları tanınmamış və həmin torpaq sahələrinin müəssisəyə ayrılması ilə bağlı sənədləşmə işləri aparılmamışdır.

Qeyd olunan bu problemlər bələdiyyə müəssisələrinin qanunauyğun fəaliyyət göstərməsinə maneçilik törədir. Bələdiyyə müəssisə təsis edərkən ilk növbədə onun yaradılması qaydalarını bilməli və müəssisənin fəaliyyətini qanunauyğun qurmalıdır. Bələdiyyələr tərəfindən təsis edilən hüquqi şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericilyində nəzərdə tutulmuş qaydalarla yaradılması və fəaliyyəti üçün aşağıda qeyd olunanlara xüsusi diqqət yetirilməsi zəruridir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən bələdiyyələr tərəfindən təsis edilən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir.Hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.Bələdiyyənin yaratdığı hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir.

Bələdiyyə tərəfindən təsis edilən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.

Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər.

Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərin dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciəti aşağıdakı formada olmalıdır:

– Bələdiyyə təsis etdiyi hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət etməlidir.

– Ərizə bələdiyyə və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

Ərizədə aşağıdakılar göstərilir:

təsisçi bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi.

– ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.

– müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

– təsis sənədləri – bələdiyyə və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə bələdiyyə tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);

– dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

– təsisçi bələdiyyənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.

– qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

Yeni müəssisələrin yaradılması və bələdiyyə sahibkarlığının genişləndirilməsi istiqamətində bələdiyyələrlə aparılan işin gücləndirilməsi zəruridir. Təhlillər göstərir ki, bələdiyyələrdə, onların vəzifəli şəxslərində təşəbbüskarlıq, habelə işgüzarlıq olduqda nəticə əldə etmək mümkündür.

Bələdiyyələrlə iş mərkəzi

İnzibati nəzarət idarəsinin

Comments are closed, but trackbacks and pingbacks are open.