Press "Enter" to skip to content

Sahibkarlıq fəaliyyəti nədir

Qanunvericiliyin göstərilən tələblərinin yerinə yetirilməməsi şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ola bilər.

VERGİLƏR

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrinin dispozisiyasına əsasən, qanunsuz sahibkarlıq dedikdə aşağıdakı formada göstərilən fəaliyyətlər nəzərdə tutulur:

  • Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan göstərilən fəaliyyət;
  • Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan göstərilən fəaliyyət;
  • Lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə göstərilən fəaliyyət;
  • Xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi.

Mövzunu vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi uçotuna alınmaq üçün ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları isə qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu ilə siyahısı müəyyən edilən fəaliyyətlər üzrə sahibkarlıq fəaliyyəti göstərəcək şəxslər vergi uçotuna (dövlət qeydiyyatına) alındıqdan sonra lisenziya vermək səlahiyyətinə malik olan müvafiq dövlət orqanına müraciət etməklə həmin fəaliyyəti həyata keçirmək hüququ verən sənədi əldə etdikdən sonra sahibkarlıq fəaliyyətinə başlaya bilərlər.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı isə Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-IIQ nömrəli “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunu ilə müəyyən edilmiş hər hansı əşyanın istifadəsi üçün icazə vermək səlahiyyətinə malik olan inzibati orqana müraciət etməklə müvafiq rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə və s.) əldə edilməlidir.

Qanunvericiliyin göstərilən tələblərinin yerinə yetirilməməsi şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ola bilər.

İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə görə, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulur. Əgər qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində şəxsin vurduğu ziyan (əldə etdiyi gəlir) iyirmi min manatdan artıqdırsa, həmin əməl cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 192-ci maddəsinə görə isə yuxarıda göstərilən əməllərin vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurmaqla (xeyli miqdarda gəlir əldə etməklə) törədilməsi – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə, altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzalarını nəzərdə tutur. Eyni əməllər külli miqdarda (yüz min manatdan yuxarı, beş yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla (gəlir əldə etməklə), həmçinin mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı) ziyan vurmaqla (gəlir əldə etməklə) törədildikdə isə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vergi Məcəlləsinin 66-cı maddəsində göstərilir ki, qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Yəni həmin gəlirə uyğun olaraq hesablanan vergilər dövlət büdcəsinə ödənilməlidir.

Onu da qeyd edək ki, qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ilk dəfə törədilən əməl inzibati xəta tərkiblidirsə, vurulmuş ziyan ödədikdə və ya əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə, şəxs inzibati məsuliyyətdən azad olunur.

Həmin əməl cinayət tərkibi yaradırsa, vurulmuş ziyanı ödəmiş və ya əldə edilmiş gəliri tam məbləğdə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Sahibkarlıq fəaliyyəti nədir?

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda sahibkarlıq fəaliyyəti belə təyin edilir:

Maddə 1. Sahibkarlıq fəaliyyəti

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Bu fəaliyyətlə məşğul olanlar sahibkar adlanır. Sahibkarlıq fəaliyyəti nə, nə üçün, kimin üçün istehsal etmək, təsərrüfat qanunlarının qəbul olunması, məhdud resurslardan istifadənin daha mütərəqqi üsullarının axtarılıb tapılması, daha az xərclə daha keyfiyyətli məhsul istehsalı, yeni xidmət üsullarını tapılması, satışın səmərəli təşkili, istehlakçıların araşdırılması, rəqiblərin hərtərəfli öyrənilməsi və s. ilə bilavasitə bağlıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs sahibkarlıq mühitini qiymətləndirməyi bacarmalıdır. Qeyd etmək lazımdır ki, sahibkarın öhdəsində olan bir neçə funksiya vardır:

• Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün resursları bir yerə toplayır (bu resurslara təbii, investisiya və əmək resurslarını aid etmək mümkündür).
• Sahibkar ən əsas iqtisadi məsələlər üzrə qərarlar qəbul edir.
• Sahibkar yenilikçidir.
• Sahibkar öz vəsaiti, iş vaxtı və iqtisadi mühitdəki nüfuzu ilə risk edir.

Sahibkarlıq hər şeydən öncə iqtisadi fəaliyyətdir. Bu fəaliyyəti isə 3 tipə ayıra bilərik:

• Öz yaşayışını təmin etmə zərurətinə görə fəaliyyət.
• Rahatlıq və əlavə gəlir əldə etmək mülahizələrinə görə fəaliyyət.
• Sahibkar mülahizələrinə görə fəaliyyət.

Ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin bir neçə səbəbi vardır: pul qazanmaq, ictimaiyyətin rifahına töhfə vermək, azad fəaliyyət göstərmək, cəmiyyətdə özünü təsdiq etmək və s. bu fəsiləyə aid edilə bilər ki, burada saydıqlarımızdan asılı olmayan başlıca məqsəd gəlir, mənfəət əldə etməkdir.

Sahibkarlıq öz miqyasına görə kiçik, orta və iri sahibkarlığa ayrılır. Bazar iqtisadiyyatına keçid ölkələrində, o cümlədən də Azərbaycanda kiçik sahibkarlıq xalq təsərrüfatının inkişafını, əhalinin məşğulluğunu, ümumiyyətlə iqtisadiyyatın inkişafını müəyyən edən əsas iqtisadi amil hesab olunur.

Kiçik və orta sahibkarlığın əhəmiyyəti hər bir ölkə üçün əvəzsizdir. Onlar iri müəssisələrin istehsal edə bilmədiyi məhsulları və ya məhsulların istehsalatı üçün tələb olunan hissələri istehsal edir, müxtəlif xidmətlər göstərirlər. Bu növ sahibkarlar kiçik pərakəndə ticarətçidirlər, iş yerləri məhdud olan yerlərdə işsizliyi qismən aradan qaldırır, istehlakçıları məhsulla təmin edir, eləcə də qanunvericilikdə müəyyən olunmuş vergiləri ödəməklə dövlət büdcəsinin gəlirini atırırlar. Əhalinin müəyyən hissəsinin gəlir mənbəyi hesab olunan kiçik və ya orta sahibkarlıq müəssisələri iri müəssisələrə nisbətən daha çevikdir.

Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi kiçik və orta sahibkarlıq fəaliyyəti ümumi həyat səviyyəsinin yüksəlməsində kifayət qədər əhəmiyyətli rol oynayır.

Comments are closed, but trackbacks and pingbacks are open.