Press "Enter" to skip to content

İsanın iki yazıçısı – Hüseynov və Muğanna” – Şəmil Sadiq

Bildiyimiz qədər İsa Muğannanın çox ağır və məşəqqətli həyatı olub. Həyatı boyunca bir çox çətinliklərlə qarşılaşıb və bu çətinliklər onun əsərlərinə də yansıyıb. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı.

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” – MÜSAHİBƏ – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli sərəncamına əsasən, xalq yazıçısı İsa Muğannanın (Hüseynov) 90 illik yubileyi ölkənin hər yerində qeyd edilməkdədir.

Görkəmli yazıçının yeganə övladı Sevinc Muğanna atası haqqında xatirələri modern.az saytı ilə bölüşüb. Milli.Az onunla söhbəti təqdim edir:

İsa Muğannanın qızı olmaq kim olmaq deməkdir?

Bəlkə də ilk dəfədir ki, belə çətin sualla qarşılaşıram. Bəlkə də çoxlarının maraqlandığı, çoxlarının özündən razı bildiyi, əslində isə həddindən artıq sadə, özünü sıradan biri hesab edən xanımam..

Uşaq yaşlarımdan bu cür sadə olmuşam. Bəlkə də, mənim ən böyük mənfi cəhətim mənim sadə olmağımdır. Başıma gələn çətinliklərin çoxu da sadəliyimdən gəlir. Yalnız son zamanlar dərk edirəm ki, mən kiməm. İndi dərk edirəm ki, mən İsa Muğannanın qızıyam. Təəssüf ki, indi dərk edirəm.

İsa Muğanna kimi yazıçıları zaman və ədəbiyyat çox az yetirir. Çoxları onu ədəbiyyatımızda ilk fəlsəfi romanın müəllifi kimi tanıyır. Bəs siz necə tanıyırsınız?

Az əvvəl dediyim kimi, mən onu itirəndən sonra kimin qızı olduğumu dərk etdim. Başqaları bəlkə bundan istifadə edərlər, amma mən həmişə atamın adından istifadə etməyə utanmışam. Atamla vida mərasimi təşkil olunanda, Milli Dram Teatrının qabağındakı izdihamı görəndə, mən atamın necə böyük və əlçatmaz bir yazıçı olduğunu anladım. Mən tək atamı itirmədim, həm dostumu, həm də qardaşımı itirdim.

Bir oxucu kimi İsa Muğannanın əsərləri ilə tanışlığınız nə vaxta təsadüf edir? İlk oxuduğunuz əsəri hansı olub?

İlk dəfə çox kiçik yaşlarımda atamın əsərləri ilə tanış olmuşam. İlk oxuduğum hekayəsi “Cığırlar” olub. Mən illər sonra bu hekayə haqqında danışanda atam mənə irad tuturdu ki, “Cığırlar”dan danışma. Onun ruhu məni bağışlasın. Bir də ilk oxuduğum hekayələri sırasında romantik əsərləri də var. O, mənə deyərdi ki, “bu hekayələrin üstündən xətt çək. Bir də onlardan danışma”. Mən atamdan səbəbini soruşduqda deyirdi ki, “onlarda insan şəhvəti öndə verilir. Bu da mənə yaddır”. Atam vurğuladı ki, “mənim məhəbbətim Yunus Əmrə məhəbbətidir”. İsa Muğanna məhəbbəti ilahi sevgidir.

“Ədəbiyyat tarix, tarix isə hər şeydir” deyərdi İsa Muğanna. Ədibin ən məhşur tarixi romanlarından biri də “Məhşər” romanıdır. Bu roman haqqında nə deyə bilərsiniz?

Deyərdim ki, İsa Muğanna yaradıcılığının ən çox sevilən və oxunan romanlarından biri idi. Atam tarixi çox sevirdi. Tarixi mövzuda əsər yaratmaq, roman yazmaq çox çətindir çünkü tarix dəqiq faktlara söykənir. İsa Muğanna yaradıcılığının özəlliklərindən biri də, onun iti hafizəyə və güclü yaddaşa sahib olması idi. Tarixi dəqiqliklə incələyir və daha sonra bununla bağlı əsərin üzərində işləməyə başlayırdı. Roman bu gün də sevilərək oxunmaqdadır, sadəcə, bu roman “İdeal” romanı qədər səs-küyə səbəb olmadı.

İsa müəllimin ilk qələm təcrübələri haqqında nə deyə bilərsiniz?

İlk mətbu əsəri 1947ci ildə yazdığı “Arx” hekayəsi olub. Bununla da yaradıcılığa başlayıb. Sovet dövründə yazılan əsərlər mütləq müsbət sonluqla bitməli, xeyir şərə qalib gəlməli idi. “Arx” hekayəsində yazıçı həyatın özünü göstərmişdi. Güləndəm arvad 150 kiloqramlıq çox kök, yaşlı bir qadın olur. Arvadın qarğıdalıları susuzluqdan yanmağa başlayır. Su verən olmur. Oğlanları və həyat yoldaşı müharibədə olur. Güləndəm arvad gecəylə arxın qabağına gedib onun axarını dəyişir ki, qarğıdalıları yanmasın. Səhər gəlib görürlər ki, Güləndəm arvad can verərək ölüb.

Mən artıq yetkinlik yaşlarında olanda bu əsərlə tanış olmuşdum. Həcmcə kiçik olmasına baxmayaraq, onu çox uğurlu əsər hesab edirəm. Daha sonra “Dan Ulduzu”, “Bizim Qızlar” hekayələrini yazmışdı. Atam bu əsərlərindən imtina etsə də, mən bu imtinalarla barışa bilmirdim.

Bəs bu imtinaların səbəbi nə idi?

Sovet senzurasının tələbi ilə yazılmış əsərlər olması idi. Lakin İsa Muğanna senzuraya sığmayan bir yazıçı idi. Onu bir çərçivəyə salmaq mümkün deyildi. Alimlərdən çox az adam var ki, onu kəşf etsin.

Şair Zəlimxan Yaqub atamın ruhuna çox yaxın idi. Görkəmli elm xadimimiz alim Nizami Cəfərov atamı tam anlamıyla anlayan bir alim idi. Atamın ona məhəbbəti sonsuz idi.

Xalq yazıçısının bütün dövrlərdə məhşur ola biləcək “İdeal” romanı bu gün ədəbiyyatımızın ən nadir incilərindən biridir. Siz ilk dəfə “İdeal” romanını oxuyanda nə hisslər keçirdiniz, özünüzü hansı aləmdə hiss etdiniz?

Çox dəhşətli hisslər keçirdim. Biraz bu romanın doğuluşu haqqında danışmaq istərdim. “İdeal” romanı öncə bir jurnalda “Eşq dəlisi” adı altında çap olundu. Sonra atam onun üzərində bir neçə dəfə işlədi və əsər “İdeal” adı altında çap olundu. Əsərin korrekturası atama çətinlik yaradırdı və bunu mənə həvalə etmişdi. Gecə mətbəxdə oturaraq, əsəri korrektə etməyə başladım. Təbii ki, əsərin Əbədiyyət bölməsinə, əsərin qapalı dünya hissəsinə gəldikdə orada ilişmişdim. Çətinliyə düşmüşdüm. Bu hadisə 1996-1997-ci illərə təsadüf edir.Həmin illərdə mənə çox əziz olan bir insanı – əmimoğlu Mustafanı itirmişdim. Əsərin qapalı dünya hissəsinə çatanda, başıma qəribə bir hadisə gəldi.

Bunu heç bir müsahibədə deməmişəm. İlk dəfədir ki, sizə deyirəm. Bilmirəm bu əsərin təsirindən idi ya yox, bir də gördüm ki, əmimoğlu Mustafa öz sevimli kostyumunda, atamın əsərdə dediyi kimi, qəribə bir işığın içində gəlib qarşımda durdu və mənə baxıb gülümsədi. Mən o zaman çox qəribə bir hiss keçirdim. Durub onun dalınca getdim, qışqırmaq istədim, lakin qışqıra bilmədim. O gözümdən itdi. Əsərin korrektəsi çox çətin gedirdi. Bu hadisədən sonra kosmik surətlə əsərin korrekturasını yekunlaşdırdım.

Bildiyimiz qədər İsa Muğannanın çox ağır və məşəqqətli həyatı olub. Həyatı boyunca bir çox çətinliklərlə qarşılaşıb və bu çətinliklər onun əsərlərinə də yansıyıb. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı.

Bəli, atamın çox keşməkeşli həyatı olub. Tibb Universitetinə daxil olub və oranı yarımçıq qoyub. BDU-ya daxil olub, sonra oradan da çıxıb. Daha sonra Maksim Qorki adına Ədəbiyyat niversitetini bitirib. Orada Salam Qədirzadə və Nəbi Xəzri ilə birlikdə oxuyub və çox yaxın dost olublar.

Çoxuşaqlı ailənin ilk övladı olub. Ailənin bütün çətinlikləri onun üzərində olub. Uzun müddət kirayələrdə yaşayıb. İndi yazıçı Afaq Məsudun yaşadığı kommunal layihəli evdə atamın ailəsi və şair Qabilin ailəsi uzun müddət birlikdə yaşayıblar. Lakin bir dəfə olsun belə dalaşmayıblar.

Oxucu kimi əsərlərində başa düşmədiyiniz məqamlar olurdu? Bu zaman İsa müəllimə müraciət edirdinizmi?

Nəyisə izah etmək onun üçün böyük zövq idi. Lakin iş görəndə ona yaxınlaşmaq olmurdu. Evdə onun xüsusi rejimi vardı. Axşam saat 10-11-də mənimlə anam artıq yatırdıq. Atam bu zaman mətbəxə keçərdi və yazmağa başlardı. Mütləq mətbəxdə çaydan mığıldamalı idi. Çayını yalnız armudu stəkanda içərdi.Səhər saat 5-də yazı masasından qalxıb yatardı. Gün ərzində cəmi 4-5 saat yatardı.

İsa Muğannanın müasir ədəbiyyatımızda yerini necə görürsünüz?

Atam ədəbiyyatımızın əlçatmaz yazıçılarından biri olub. Bununla bərabər ədəbiyyatımızın ən çox döyülən yazıçısı olub. Həmişə də ona qarşı olan əks və yersiz münasibətə gülərək keçib .Heç kimə reaksiya verməyib.

İsa Muğanna iri həcmli romanlar müəllifi olmaqla yanaşı, həmçinin görkəmli ssenarist və kinoredaktor olub. “Tütək səsi”, “Nəsimi” kimi ekran əsərləri məhz onun ssenariləri əsasında çəkilib. Filmlərlə bağlı İsa müəllimin sizə söylədiyi xatirələri olubmu?

– “Nəsimi” filminin ssenarisini İsa müəllim ulu öndər Heydər Əliyevin istəyi ilə yazmışdı. Rejissor Həsən Seyidbəyli ilə atam çox yaxın olublar. Anam deyirdi ki, “Nəsimi” filminin çəklişi zamanı bir yay atamın üzünə həsrət qalıb. Atam öz ssenarisi əsasında çəkilən bütün filmlərdə əvvəldən sonadək iştirak edib. Bircə “Nizami” filmindən başqa.

Onun bir oxucu kimi ədəbi zövqü kimlərin üzərdə qurulmuşdu? Sizə oxumaq üçün hansı əsərləri məsləhət görürdü?

Üstünlüyü rus ədəbiyyatına verərdi. İlk növbədə Dostayevski. Dostayevskinin “Bəyaz gecələr”ini mənə oxutdurdu. Tolstoyun, Turgenevin, Çexovun hekayələrini mütamadi olaraq mənə oxutdurardı. Fransız ədəbiyyatını və antik ədəbiyyatı çox sevərdi və oxutduaradı. Şekspri oxuyurdum və bu zaman atam mənə əsərləri anlamaq, aydınlaşdırmaq üçün istiqamət verərdi.

Atanız müasir ədəbi gəncliyimizdən kimləri bəyənirdi?

Gənc nəsildən tənqidçi Əsəd Cahangiri çox bəyənirdi. Gənc və istedadlı yazıçı Şamil Sadiqi hər zaman vurğulayırdı.

Bəs musiqimizlə bağlı düşüncələri necəydi? Bilirik ki, aşıq sənətini çox sevdiyindən saz havası ilə dəfn olunub.

Bəli, öz vəsiyyətinə görə “Ruhani” havasıyla dəfn olundu. Xalqımıza, cənab prezidentimizə təşəkkür edirəm ki, “Xalq yazıçısı”, atam İsa Muğannanın dəfnində mənə yaxından kömək göstərdilər. Onu Birinci Fəxri xiyabanda dəfn etdilər.

İfaçılara gəlincə isə Aşıq Kamandarı çox sevərdi. Kamandar oxuyan zaman bəzən atam ağlayardı. Estrada ifaçılarından İlhamə Quliyevanın bütün ifalarını bəyənirdi. Gənclərdən isə müğənni Röya Ayxanın səsini və ifalarını xoşlayırdı.

Sevinc xanım, heç ədəbi yaradıcılıqda özünüzü sınamısınız?

1991-ci ildə Bakı Dövlət Universitetini bitirmişəm. 1992-ci ildən həmin Universitetdə çalışıram. Hazırda Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimiyəm.

Yaradıcılığa gəlincə, bu qabiliyyətim var, sadəcə onun üzərində işləməmişəm. Uzun illər atam və anam xəstə oldular. Tək övlad olduğum üçün onların bütün çətinliklərini həll etmək, onlara qayğı göstərmək mənim üzərimdə idi. 1994-1995-ci illərdə atam ard-arda infakt keçirdi. Lakin biz onun iniltisini bircə dəfə olsun belə, eşitmədik.

Həyatda ən böyük çətinliyiniz nə vaxt olub?

Bu haqda danışmaq mənə çox çətindir. 2014-cü ildə atam dünyasını dəyişdi. Ondan sonra isə anam yatağa düşdü. Atamdan sonra anam bir dəfə də olsun gülmədi.
2016-cı ildə həyat yoldaşım qəfildən dünyasını dəyişdi. Elə həmin ildə də anamı itirdim. Ailənin bütün çətinlikləri mənim üzərimdədir. İki övladımla birlikdə yaşayıram. Tək qadına iki övlad böyütməyin nə qədər çətin olduğunu yəqin ki bilirsiniz.

İsa Muğanna ölməzdən öncə sizə nə vəsiyyət etdi? Ürəyində qalan arzusu oldumu?

Mənim ən yaralı yerimə toxundunuz. Atamın ən böyük arzusu Ağstafadakı evində ev-muzeyinin yaradılması idi. O arzu ilə də İsa Muğanna bu dünyadan köçdü. Mənə vəsiyyət etdi ki, həmin evdəki heç bir əşyaya toxunmayım. Sınıq əşyalar belə olsa saxlayıb, muzeyə təhvil verim. Ən böyük arzum, atamın vəsiyyəti üzərinə Ağstafada ev-muzeyinin yaradılmasıdır.

Atanızın 90 illik yubileyinin dövlət səviyyəsində keçiriləcəyini eşitdikdə hansı hissləri keçirdiniz?

Çox sevindim. Bunun üçün öncə Azərbaycan mədəniyyəti və incəsənətinin himayədarı, qoruyucusu olan cənab prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İsa Muğanna sağlığında həmişə cənab prezidentimizin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Mən çox istərdim ki, onun təqaüdünün müəyyən bir qismi ailəsinə verilsin. Çünkü təkbaşına iki övlad böyütmək mənə çox çətindir. Kanallarımızda ara-sıra İsa Muğannanın ssenari müəllifi olduğu filmlər nümayiş olunur, lakin heç bir kanal filmlərin nümayişi ilə bağlı onun ailəsinə qonorar təqdim etmir.

İsa Muğanna sevərlərə buradan nə demək istərdiniz?

İsa Muğanna yaradıcılığı özü bir məktəbdir. Bütün oxuculara təşəkkür edirəm. Çox xoşdur ki, Modern.az saytı, incəsənətlə bağlı belə bir rubrika açıb. Qələminiz hər zaman iti olsun. Bu rubrikada İsa Muğannanın həyat və yaradıcılığını işıqlandırdığınız üçün çox sağ olun. Ümüd edirəm ki, İsa Muğanna yaradıcılığı Azərbaycan ədəbiyyatı var olduqca, yaşayacaq və bütün dövrlərdə sevilərək xatırlanacaq.

Yubiley çərçivəsində hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

Noyabrın 20-də Azərbaycan Dövlət Filarmoniyasıda 90 illik yubileylə bağlı tədbir keçiriləcək. İsa Muğannanı sevən hər kəs dəvətlidir.

Milli.Az

“İsanın iki yazıçısı – Hüseynov və Muğanna” – Şəmil Sadiq

Bu möcüzəli yazarın mistik, magik həyatı maraqlı olduğu qədər, yaradıcılığı da maraqlıdır. “Məhşər” romanından sonra yeni bir yaradıcılq yolu başlayan sənətkar ədəbiyyatımızda iki ayrı düşüncəli, üslublu, fərqli baxış sərgiləyən iki yazarı bir bədəndə yaşatdı. Amma birini qəddarcasına öldürüb, ikincisinə ilahi nəfəs verdi. Birinci yazarın – Hüseynovun yaradıcılığı nə qədər çox oxunsa da, təhlil edilsə də, danışılsa da, Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəblərini, İsa Muğannanın bir postmodernist və magik realizmin banisi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikası ədəbiyyatşünaslıq tərəfindən bir o qədər az diqqət çəkdi.

Bunun müxtəlif səbəbləri ola bilər, yəqin ki, gələcək yazılarımızda buna toxunacağıq. Bu yazıda isə Muğanna yaradıcılığının “İdeal”dan sonra əsərlərinin yazılma tarixi və Muğannanın onlara dəfələrlə qayıtmasının səbəblərindən danışacağıq.

İsa Muğanna 1986-cı ildə ilk dəfə “İdeal” romanı çap olunanda əsərin ön sözündə qeyd edir ki, “Müəllif belə qərara gəldi ki, bütün ömrünü bir kitaba həsr edəsi olsa da, “örtüyü” qaldırıb əcdadının hikmətindən xəbər tutmalıdır”. Bəli, belə də oldu, o, 70-ci illərdən başlayaraq ömrünü sadəcə bir kitaba “İdeal”a və “İdeal”ın şərhinə həsr etdi. 1970-ci illərdə İsa Hüseynovu İsa Muğannaya çevirən “İdeal” romanından başlanan ədəbi-fəlsəfi yol 2014-cü ildə “Mənim məhəbbətim” adlı yarımçıq əlyazması ilə dayandı.

İsa Muğanna “İdeal” romanının ilk nəşrinin ön sözündə “Hüseynov”dan “Muğanna”ya keçməsini bu cür izah edir: “Ulularımızdan irs qalmış tərki-dünyalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib o mənanı və hikməti ifadə eləməyə çalışdım. İş qurtaranda isə qeyri-rəsmi daşıdığım “Muğanlı” familiyası əvəzinə, dünyadan üzüörtülü gedən əzabkeşlərimin şərəfinə “Muğanna” oldum”.

“İdeal” əsəri ilk dəfə “Yazıçı” nəşriyyatı tərəfindən 1986-cı ildə nəşr edilmişdir. Ona qədər isə bu roman “Yanar ürək” adı ilə ilk dəfə 1956-cı ildə yazılmış, 1965 və 1979-cu illərdə çap edilmişdir. “Yanar ürək” romanından “İdeal”a keçidi müəllif “Həyatımdan səhifələr” adlı xatirələrində bu cür izah edir: “Bir gün dərin sükut içərisində, balaca stolumun arxa­sında oturub “Yanar ürək” romanının yeni variantı üzərində işlə­yirdim. Birdən başımda səs eşitdim: “Nə yazırsan?” Bu səsi sarsıntılar içində, sükunətli çardaqda tək-tənha oturmağımla bağ­­ladım; güman etdim ki, beynimdə nə isə qeyri-adi dəyişiklik olub. Amma bir az sonra səs təkrar olunduqda başa düşdüm ki, səs uzaqlardan – qeybdən gəlir. İstər-istəməz diqqət kəsildim. Səs dedi: “Bir romanın neçə variantını yazmaq olar?! Sizin xalqın həyatındakı ictimai-siyasi fəsadlar yalnız siyasi quruluş­da, kommunist partiyasının siyasəti ilə bağlı olsaydı, mən sənin “Yanar ürək” romanının təzə variantına etiraz eləməzdim. Xalqın həyatındakı təhriflərin tarixi çox qədimdir. Yer plane­tində insan həyatının üç tarixi məlumdur. Birinci tarix irəli sa­nanan əlli minillik, ikinci tarix geri sananan əlli minillik tarix, üçün­cüsü yeni era adlandırdığınız tarixdir. Mən sənə bu ta­rix­lərdə Yer planetində baş vermiş hadisələri danışacam, bu mə­lu­mat əsasında “İdeal” adında roman yazacaqsan”.

Əslində, İsa Hüseynovun yaradıcılığının ikinci mərhələsi “Məhşər” romanının yazılması ilə başlayır. Bu isə XX əsrin 60-cı illərinin sonuna təsadüf edir. Düzdür, “Məhşər” romanı ilk dəfə 1978-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap edilsə də, bunun əsası 1971-ci ildə Heydər Əliyev tərəfindən “Nəsimi” filminin ssenarisinin yazılması sifarişi ilə qoyulmuşdur. İsa Muğanna həmin hadisəni bu cür izah edir: “1971-ci ildə mənə Mərkəzi Komitədən zəng vuruldu, de­dilər: – “Heydər Əliyev səni çağırır.” Sevincək getdim və qəbul ota­ğına girəndə sevincim da­ha da artdı: Ulu öndər məni gülərüz­lə qarşıladı və dərhal mətləbə keçib:

– Nəsimi haqqında ssenarini sənə tapşırıram, – dedi. Sonra əlavə etdi: – Bilirsən də, bu, dövlət sifarişidir. Filmin çəkilişinə nə qə­dər lazımdı, o qədər pul buraxılacaq.

Mən bir qədər fikrə getdim, dedim:

– Mən Nəsimi haqqında heç nə bilmirəm.

Məlum oldu ki, xalq şairi Rəsul Rza Hələb şəhərinə bir aylıq məzuniyyətə göndərilib ki, Nəsimi haqqında Suriyada möv­cud olan materialların hamısını yığıb gətirsin. Rəsul Rza Hə­ləbdən qayıdanda məni yenə Mərkəzi Komitəyə çağırdılar. Nəsiminin iki “Divan”ı əsasında çap olunmuş böyük şeirlər kitabını və azərbaycancaya tərcümə olunmuş bir aləm material – məqalələr, jurnal məlumatları verdilər və mən Nəsimini öy­rən­məyə girişib, əvvəlcə roman yazmağa başladım. Bir neçə ay sonra isə ssenarinin ilk epizodlarını fil­min rejissoru Həsən Seyidbəyliyə oxudum. Həsən bircə kəlmə: – Yaxşıdı, – dedi. Bun­dan sonra mən, demək olar ki, hər gün Həsənin evinə təzə epizodlar aparıb oxuyurdum və Həsəndən eyni cavabı: – Yaxşıdı, – eşidirdim”.

“Nəsimi” filmi 1973-cü ildə çəkilmişdir, lakin İsa Muğannanın qeybdən səs eşitməsi və bu təlatümlü hadisələrin başlanğıcı isə 1968-ci ildə baş vermişdi. Müəllifin həyat yoldaşı Firuzə Muğanna bunu uzun müddət çap olunmasında problem yaşanan “Türfə” romanının nəşrə təqdim olunması üçün AMEA-nın müxbir üzvü Nizami Cəfərova yazdığı məktubda daha aydın təsvir edir: “1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir). Hotelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” – Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan “Türfə” əsəri də bu qəbildəndir”.

Məhz buna görədir ki, İsa Muğanna hələ 1978-ci ildə “Məhşər” romanını bitirdikdə bundan sonra yazacağı əsərləri “Karvan”silsiləsi adlandırır və yerdəki ömrünün sonuna qədər bu karvanın mənzilə çatması üçün bir anlıq da yolundan sapmır. Ötən əsrin 80-ci illərindən bu tərəfə həm ölkənin həyatında baş verən ictimai-siyası, həm də özünün həyatında baş verən iki infarkt onu bu idealdan ayırmır.

1990-cı illərdə çap olunan yazılarının hamısında oxucuya onun bu silsilədən olan əsərlərini hansı ardıcıllıqla oxumasını israrla tövsiyə edirdi: “Yaxın və uzaq keçmişimizin tarixi hadisələr, bədii süjetlər iç­in­də verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asan­laş­dır­maq məqsədilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə iş­lə­dim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil edilmiş ro­man­larda SafAğ elminin təfsilatını dərk edə bilməz. Həmin ro­man­lar – “Məhşər” (Ənşər -mən şər”) “Qəbiristan” “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, burada göstərilən xrono­lo­­giya əsasında oxunmalıdır ki, lazımınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş Saf­Ağ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə fay­da versin. Muğanna, 27.01. 2013”.

Gördüyümüz kimi, müəllif xronoloji baxımdan “Məhşər”i birinci yazsa da, məhz onu “Karvan” silsiləsinin başlanğıcı kimi qeyd etsə də, öz sağlığında “Hədəf” nəşrlərində çap olunan son əsərlərində “Məhşəri” ideya baxımdan “İdeal”ın izləyicisi hesab edir.

İsa Muğanna əsərlərinin yazılma və nəşr tarixini araşdırarkən xeyli problemlərlə qarşılaşırıq. Bu, əlbəttə ki, müəllifin bir əsərə dəfələrlə yenidən qayıtması, yenidən qayıdandan sonra həmin əsəri artıq yeni bir əsər kimi təqdim etməsindən irəli gəlir. Bunu “İdeal” romanının nəşr tarixlərini araşdırarkən də görürük, sonrakı əsərlərində də. Ehtimalımıza görə “İdeal” əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə “Yanar ürək” adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə “İdeal” adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə “Peyğəmbərin möhürü” hissəsi əlavə edilərək çap edilərkən (bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilməmişdir. Yəqin ki, Peyğəmbərin möhürünə verilən yeni yozumun yarada biləcəyi narahatlıqdan qaynaqlanır. Hətta əsərdə hansısa bir redaktor və ya tərtib edən də yoxdur. Məhz bu baxımdan nadir nəşrlərdən hesab edilir və çox da tapılmır), 2009-cu ildə “Avrasiya” nəşriyyatında 6 cildlik seçilmiş əsərləri çap edilərkən və ən nəhayət, 2013-cü ildə redaktorluğumla hazırlanan nəşrlərdə. Özünün də qeyd etdiyi kimi son nəşr mükəmməl və bitmiş nəşrdir. Çünki nöqtə-vergülünə qədər yenidən baxıb, “EySar Çarmıxda” adlı bölməni əlavə edərək nəşrə təqdim etmişdir. Hətta əvvəlki bölmələrin arasına xeyli əlavələr də etmişdi. “İdeal” romanından sonra həm yazılma tarixi, həm də ideoloji cəhətdən “Qəbiristan” romanı gəlir. Bu əsərin əmələ gəl­məsi də mənim bioqrafiyamla bağlıdır. L.N.Tolstoy deyir: “La­martin yazır ki, yazıçı yaşadığı mühitdən yazır.” Doxsan beşinci ildə mən arada infarkt keçirsəm də, demək olar ki, gözlə­nil­mə­dən ağır xəstələnib reanimasiyaya düşdüm. Beyin işemiyası nəticəsində yaddaşımı itirmişdim. Çox uzun – doqquz dəqiqə sü­rən klinik ölümün nə olduğunu bildim. Mərhum atam ölü­mün­dən qırx üç il sonra ətrafında beş nəfər adamla ağ ge­yim­də pa­lataya gəldi, divar dibində, kresloda oturub gözlərini mənə dik­di. Mən, demək olar ki, heç nə hiss etmirdim. Yalnız onu fikirləşdim ki, əlli üçüncü ildə öldürüləndə qırx üç yaşı olan atamın, hesabla, indi səksən beş yaşı olsa da, sifətində, qədd­-qa­mə­tində heç bir dəyişiklik yoxdur. Gözlərini mənə diksə də, do­daq­ları tərpənmədi. Səssiz təlqinli ünlə dedi ki, yanımdakılar əmi­lərindi. Biz OdAğÜz BağOdƏrdən heç yana çıxmamışıq. Ha­mımız canlı insan qədər canlı işıqdan ibarətik. Sənin beynini sa­ğaltmağa, yaddaşını bərpa eləməyə, klinikadan çıxandan son­ra təzə roman yazmaq üçün kömək eləməyə göndərilmişik. Sən Ey­Ər planetində bizim BağÜn EvƏrimizsən (Bağ Ünü – Ev işığımızsan). “İdeal” romanında SafAğ elminin əsasını yazmı­san, amma hələ kifayət qədər geniş izahını verməmisən. Buna gö­rə də romanın davamını “Qəbiristan” adında romanda yaz­malısan”. Özünün qeydinə görə bu hadisə 1995-ci ildə baş vermişdir. Lakin “Qəbiristan” romanının yazılma tarixini son nəşrində 2004-2005 yazdı. Diqqət çəkən məqamlardan biri də bu əsərin yazılma tarixini və xronoloji ardıcıllığını fərqli göstərməsidir. Biz “Məhşər” romanını “İdeal”dan sonra oxunmasını tövsiyə etməsində də görmüşdük bu cür yanaşmanı, halbuki “İdeal” romanından daha öncə yazılmışdır. “Həyatımdan səhifələr” adlı biblioqrafiyasında isə biz görürük ki, “GurÜn” və “Cəhənnəm” romanları “Qəbiristan romanından öncə yazılmışdır. Yəqin burda da müəllif sonradan işlədiyi variantı nəzərdə tutaraq bu cür qeyd etmişdir.

“Qəbiristan” romanından sonra mən 1993-cü ildə “Dünya” jurnalında çap etdirdiyim “GurÜn” və “Cəhənnəm” əsərlərini yenidən işləmə­yə başladım. Daha sonra köhnə əsərlərə yenidən qayıtmaq vər­dişimi davam etdirərək “Doğma və yad adamlar” romanının da yeni variantını yazıb adını da dəyişdirdim: “İsahəq, Musahəq” adlan­dırdım. Gördüyümüz kimi, həm 93-cü ildə ilk variantı çap olunan “GurÜn” və “Cəhənnəm” romanlarını, həm də 93-cü ildə yenidən üzərində işlənməsinə baxmayaraq, hələ 1958-1960-cı illərdə “Doğma və yad adamlar” adı ilə yazılan “İsahəq, Musahəq” romanlarını xronoloji ardıcıllıq baxımından birinci Qarabağ müharibəsinə həsr etdiyi “Qəbiristan” romanından sonra göstərir müəllif. Təəssüflər olsun ki, bir çox əsərlərinin yazılma tarixi bu qarma-qarışıqlıqda it-bata düşdüyündən izi tam istədiyimiz kimi apara bilmirik.

“Qəbiristan” romanın ilk mətbu variantına 2006-cı ildə “Azərbaycan” jurnalının 3-cü nömrəsində rast gəlirik.

Müəllifin təqdim etdiyi xronoloji ardıcıllığa sayğı ilə “GurÜn” romanın nəşr tarixini araşdırmaq istəsək də, təəssüflər olsun ki, “Həyatımdan səhifələrdə” 1993-cü il “Dünya” jurnalında çap olunması ilə bağlı qeyddən sonra nə vaxt tamamlandığı haqqında dəqiq məlumat əldə edə bilmirik. Nə 2009-cu ildəki 6 cildliyində, nə də sağlığında “Hədəf” nəşrlərinin çap etdirdiyi kitablarda romanın yazılma tarixi haqqında məlumat yoxdur. Ola bilsin hansısa mətbu orqanda çap edilib və ya məlumat gedib, lakin biz əldə edə bilmədiyimizdən, düşünür ki, son və tam variantı 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır.

1958-1960-cı illərdə yazılan “Doğma və Yad adamlar” romanının müəllif xatirələrində “İsahəq, Musahəq” adı ilə yenidən işlədiyini qeyd edir: – “Mən “İsahəq, Mu­sa­həq” romanına da, “Qəbiristan”dakı, “GurÜn”dəki, “Cəhən­nəm”dəki kimi təzə əsər həvəsi ilə girişdim və nəticəsini gör­düm”.Halbuki ilk dəfə birinci hissəsi 1962-ci ildə və sonra “Yanar ürək”lə birgə 1979-cu ildə çap edilmişdir. Bu əsərin də yazılma tarixi 90-cı illər olsa da, ilk dəfə kitab şəklində çapı 2009-cu ildə 6 cildliyində görünür.

Bundan sonra isə “Azərbaycan” jurnalının 2007-ci il 2-ci sayında “Cəhənnəm” romanının çapını görürük. Romanın ilk variantının 1993-cü ildə “Dünya” jurnalında çap edildiyini qeyd etmişdik. Ondan sonra isə deyəsən, sadəcə “Azərbaycan” jurnalında nəşr edilmişdir. Əlbəttə ki, müəllifin əsərlərinin çapının bu cür ara ilə çap olunmasının səbəblərindən biri də 90-cı illər hadisələri olmuşdur. “Cəhənnəm” romanı da 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır ki, burda da əsərin tarixini müəllifdən dəqiqləşdirərək yazmaq diqqətdən qaçmışdır.

Nədənsə müəllif heç bir müsahibəsində, çıxışında son yazdığı povest və romanları “İdeal” silsiləsinə aid etməmişdir. Halbuki “İdeal” romanına ön sözü 2013-cü ildə yenidən işləmişdir ki, bu zaman həm “Türfə” romanı (müəllif povest adlandırır), həm də “Qırx kisə qızıl”, “İlan Dərəsi”, “Söz yarası” povestlərini həmin zaman yazıb yekunlaşdırmışdır. Həmin bu adlarını çəkdiyimiz əsərlər də SafAğ elmi əsasları üzərində qurulmuş, “İdeal” romanında verilmiş tezis xarakterli fikirlərin izahı öz əksini tapmışdır. “Türfə” romanının yazılması tarixini müəllif öz əlyazması ilə 2009-cu ilin fevral ayının 20-si qeyd edir. Bəzi müsahibələrində bu romanın çap olunmamasından gileylənsə də, nədənsə əsərinin çapına sanki özü də tərəddüdlü idi. Hətta söhbətlərimizdə bu romana görə fanatiklər tərəfindən sui-qəsdə uğrayacağından da qorxduğunu qeyd edirdi. Nizami Cəfərova inandığından və hörmət etdiyindən, onun “hələ vaxtı deyil” deməsi də müəllifin bir az geri çəkilməsinə səbəb olmuşdur. “Türfə” romanı ilk dəfə 2015-ci ildə ölümündən bir il sonra “Hədəf” nəşrləri tərəfindən mənim redaktorluğumla çap edilmişdir.

Digər üç povesti “Qırx kisə qızıl”, “İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası” isə müxtəlif zamanlarda “Azərbaycan” jurnalında nəşr edildikdən sonra üçü bir kitabda “İlan dərəsi” adı ilə 2013-cü ildə “Hədəf” nəşrləri tərəfindən çap olunmuşdur. Müəllifin “İdeal”dan sonra bədii əsər adına 5 romanı: “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, “Türfə”, üç povesti; “Qırx kisə qızıl”, “İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası”, bir səhifəlik “Mənim məhəbbətim” adlı simvolik romanı və bir də bir səhifəlik yarımçıq əlyazması oxuculara bəxş etmişdir. Maraqlıdır ki, İsa Muğanna son və “Yarımçıq əlyazma”sı haqqında danışarkən söyləyirdi ki, “EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir… Amma deyir gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az”. 27.03.2014.”

Yuxarıda qeyd etdiyim fikirləri o, 27 mart tarixində onunla son görüşümüzdə demişdi. Və 2014-cü ilin 31 mart – 1 aprel tarixinə keçən gecə dünyasını dəyişdi. Mistik bir hadisə isə burda baş verir ­­­­– “Sirr qoxuyan kişi” taleyində. Yaradıclığının üçüncü dövrünü başlayacağını demişdi ona EySar… O, doğrudan da, yeni yaradıcılığa başladı, amma bu dünyadan çox-çox uzaqda…

Muğannanın müstəqillik dövrü ədəbiyyatımıza gətirdiyi yeni üslub, yeni era, yeni məktəb təkcə onun bədii əsərlərində deyil, publisistik yazılarında və müsahibələrində də davam edirdi.

Məhz bu səbəbdən araşdırmamızı İsa Muğannanı İsa Hüseynov yaradıcılığından tam ayrı bir şəkildə, əlaqə yaratmadan təhlil etməyi qarşımıza məqsəd qoyub, romanları və povestləri üzərində işləməyi daha vacib sayır, gələcək yazılarımızda və monoqrafiyada bu məsələləri geniş şəkildə araşdırmağı düşünürəm.

Comments are closed, but trackbacks and pingbacks are open.