Press "Enter" to skip to content

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları etməyəsən. Androloqla MÜSAHİBƏ

– Saqqal insanı filosof etmir axı. Nə deyim?!

Sən demə, kişilər buna görə saqqal saxlayırlar. – Qeyri-adi FAKTLAR

Britaniya alimlərinin son araşdırmalarına görə, hər bir qadın il ərzində orta hesabla 2 sutkasını makiyaja həsr edir. Fikrimcə, bu rəqəm Azərbaycan kimi qadınların bəzəyə çox meyilli olduqları ölkədə 2 və ya 3 qatınadək artır. Eyni göstəricini artıq kişilərimizə də şamil edə bilərik. Çünki son illər “kişi meyk-apı” kimi trendə çevrilən saqqal dəbi əks cinsdən kifayət qədər zaman və qayğı istəyir. Şəhərin, ölkənin, hətta dünyanın hər yerində yeniyetmələrdən tutmuş, orta nəsil nümayəndələrinədək hər kəs saqqalı ilə öyünür. Hətta iş o yerə çatıb ki, azyaşlı oğlum da saqqalının nə vaxt uzanacağını gözləyib, güzgünün önündən çəkilmir. Yəqin ki, sizə də maraqlıdır, zamanın darlığından şikayətlənərək, çox vaxt mesajlarımızı cavabsız qoyan bu kişilər saqqal nazı ilə oynamağa necə zaman tapırlar? Əslində isə məqsədim mövzunu qeyd etdiyim dayaz fakta görə araşdırmaq deyil, bu təbii aksessuarın tarixinə, zərər və faydalarına, ümumilikdə əhəmiyyətinə aydınlıq gətirməkdir.

Tarix boyu saqqal kişini qadından fərqləndirən ikinci cinsiyyət üzvü sayılıb. Buna da tibbi yöndən yanaşsaq, görərik ki, üzdəki tüklər kişi hormonu olan testosteronun dərəcəsilə bağlıdır. Məsələn, Darvin deyirdi ki, erkək heyvanlar dişiləri quyruqları ilə cəlb edirlərsə, kişilər də qadınları öz saqqalları ilə cazibəyə salırlar. Lakin təəssüf ki, bu məsələdə Konçita Vürst kimi istisnalara da rast gəlirik. Yaxud bəzən brutal təsir bağışlayan uzunsaqqallı, cüssəli kişinin cinsi seçimində problem olduğunu öyrənirik. Hormonal pozuntu nəticəsində “saqqallı qadın” kimi tarixə düşən həmcinslərim də olub. Cəmiyyətin qınağına tuş gəldikləri üçün sakit həyat sürə bilməyən bu qadınlar, sirk artisti kimi insanları əyləndirməklə məşğul olublar. Tarixin ən məşhur saqqallı qadını ispanəsilli Maqdalena Ventura olub. Ventura ailə qurub, övlad sahibi olmaq şansını da əldən verməyib. Təbii ki, bu dünyaya bir dəfə gəldiyimizi nəzərə alsaq, seçim azadlığımız da toxunulmaz olmalıdır.

Hipertrixoz adlı xəstələrinsə bütün simalarında tük bitir. Bu xəstəliyə çox az insanda rast gəlinir. Lakin əlacı hələ də tapılmayıb.

Tarixdə saqqal

Qədim xalqlar arasında da saqqal saxlamaq kişilik, müdriklik göstəricisi olub. Hətta kişini alçaltmaq üçün saqqalı kəsilər, “saqqalından utan” kimi ifadələrlə təhqir olunardı. Şekspir bu haqda “saqqallı kişi digərlərindən bir addım öndədir” deyirdi.

Qədim qızıldərililər hesab edirdilər ki, yaşıl və mavi rəngə boyanmış saqqal onlara əvəzedilməz cazibə bəxş edir. Pəncablılarsa saqqallarını buruq dəmir ətrafında fırladaraq, toplayırdılar. Yalnız əlamətdar günlərdə saqqallarını açıb, bayrama qatılırdılar. Qədim monqollar üzlərində az tük çıxmağına baxmayaraq, saqqal sevdasından dönmürdülər. Bu siyahıya qədim çinliləri və yaponları da aid edə bilərik. Misirdə saqqal saxlamaq icazəsi ancaq yüksək vəzifəli məmurlara verilirdi. Fironlar isə mütləq saqqallı olmalı idilər. Çünki üzdəki tük hakimiyyətin rəmzi sayılırdı. Hətta fironun xanımına da rəsmi görüşlərdə xüsusi hazırlanmış saqqal taxılardı. Antik Yunanıstanda da vəziyyət fərqli deyildi. Həddi-buluğa çatan oğlanlar saqqal uzadaraq, seksual zorakılıqdan qurtulur, eyni zamanda, böyüdüyünü sübut edirdi. Afinalılar saqqalsız gəzən kişlərə rişxəndlə yanaşırdılar. Hətta dünya tarixinin ilk kinik (it kimi yaşamağı seçən) filosofu Diogen saqqalsız gənc görəndə, ondan qadın deyil, kişi kimi yarandığı üçün təbiəti məhkəməyə vermək istəyirmi deyə, soruşurdu.

Saqqal məfhumu Spartada daha kəskin anlayış idi. Belə ki, döyüşə gedən spartalı əsgər mütləq üzündəki tükləri qırxmalı idi ki, düşmənə məğlub olarsa, hər kəs onun üzünü görüb, ifşa etsin. Makedoniyalı İskəndər isə öz üzündə tük az bitdiyi üçün döyüşçülərini də bu zövqdən məhrum qoymuşdu. Səbəb kimi isə düşmən əsgərlərinin savaş zamanı saqqaldan yapışıb rəqibini məğlub edə biləcəyini göstərirdi. Görürsünüzmü, paxıllıq yalnız biz qadınlara məxsus hiss deyilmiş.

Qədim Romada yeniyetmələrin ilk saqqalı qırxılıb, tanrılara “qurban” verilərdi. Buna baxmayaraq, eramızdan əvvəl 155-ci ildən etibarən romalılar arasında “filosof saqqalı” deyilən anlayış meydana gəldi. Bu dəbi Aristotelin və Platonun tələbələri Yunanıstandan gətirmişdilər. Gənc filosofların səliqə ilə düzən verilmiş uzun saqqalları romalıların elə xoşlarına gəldi ki, onlar da bu tərzi sınaqdan keçirməyə başladılar. O vaxtdan “filosofun mütləq saqqalı olmalıdır” ifadəsi yarandı. Özü də filosoflar saqqalı fərqli görünmək üçün deyil, həyat tərzi, vücudun ayrılmaz hissəsi kimi qəbul edirdilər. Hətta saraydan qovulan filosof Epiktet deyirdi ki, hökmdar mənim başımı kəsə bilər, amma saqqalıma toxunmağa əsla haqqı yoxdur.

Eramızın ilk illərinə qədər davam edən saqqal dövrü düz 19 əsr sonra elm xadimləri tərəfindən yenidən gündəmə gətirildi. Ç.Darvin, D.Mendeleyev, K.Marks və sadalamaqla bitməyən alimlər öz saqqalları ilə müdrik görünüşlərinə möhür vurdular. Həmin dövrdə uzun saqqal dənizçilər arasında da sürətlə yayılmağa başlamışdı. Lakin suyun səsindən bir-birini eşitməyən dənizçilər üzlərinə baxıb, sözləri anlamaq üçün saqqallarını kəsmək qərarına gəldilər.

Çağdaş “filosoflar”

Bu gün saqqallı kişilər hər yerdədir. Dünyanın hər nöqtəsində yaşayır, istənilən sahədə fəaliyyət göstərirlər. Onların arasında incəsənət nümayəndələrinə, biznesmenlərə, meşəqıranlara, baykerlərə və təbii ki, dindarlara rast gələ bilərsiniz. Hətta 2013-cü ilin “saqqal ili” elan olunduğunu bilirdinizmi? Bu yaxınlarda Avstraliya mütəxəssisləri maraqlı araşdırma aparıblar. 36 könüllüdən ibarət komandanın üzvlərinin saqqalı 1 neçə ay boyunca uzadılıb. Sonra həmin şəxslərin saqqallı və saqqalsız fotoları qadınlara təqdim olunub. Sorğuda iştirak edən xanımlar həmin kişilərin saqqallı vəziyyətdə daha cəlbedici olduqlarını vurğulayıblar. Lakin bu göstərici bütün qadınlara aid deyil. Çoxları saqqallı kişilərin daha müdrik və aqressiv olduqlarını zənn etdikləri üçün onlarla münasibətdən qaçırlar.

Daha bir maraqlı faktı da 2012-ci ildə amerikalı mütəxəssislər üzə çıxarıblar. Onlar hesab edirlər ki, saqqal kişini uşaqlara və ətraf mühitə qarşı daha mərhəmətli edir. Həmçinin üzü tüklə örtdüyü üçün ultrabənövşəyi şüalardan qoruyur, xərçəngin yaranmasının qarşısını alır.

Saqqallı əks cins nümayəndələri moda aləmində lamberseksual adlandırılırlar və sürətlə metroseksualları geridə qoymağa başlayıblar.

Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində “saqqallılar klubu” adlı məkanlar var. Hətta 1999-cu ildən etibarən Avstraliyada bir qrup gəncin iştirakı ilə yaradılmış “Movember” fondu fəaliyyət göstərir. Movember “moustache”, yəni saqqal və “november”-“noyabr” sözlərinin birləşməsindən yaranıb. Belə ki, hər ilin noyabrında dünyanın 21 ölkəsindən olan minlərlə kişi 30 gün ərzində saqqal uzadıb, prostat xərçəngi kimi kişi xəstəliklərinin araşdırılması fonduna maddi və mənəvi yardım göstərirlər. 2008-ci ildə Movemberin nə az, nə çox, 170 min iştirakçısı olub.

Saqqalın keyfiyyətini və qalınlığını təmin edən digidrotestosteron hormonunun da təzadlı cəhətləri var. Testosteronun ən fəal bioloji forması olan bu hormonun çoxluğu bəzən aşırı tüklülüyə, bəzənsə keçəlliyə səbəb ola bilər. Həmçinin elmdə poqonofobiya anlayışı da mövcuddur ki, bu xəstəlikdən əziyyət çəkənlər saqqallı insanlardan çox qorxurlar. Bir də araşdırmalar sübut edib ki, lamberseksuallar 38 faiz daha xəsis, 51 faiz daha qəmgin, 36 faizsə daha məsuliyyətsiz olurlar. Azdan-çoxdan tanıdığım saqqallılarda eyni əlamətlərə rastlamışam.

“Uzun saqqal estetik nöqteyi-nəzərdən zövqümüzü oxşamır” – Bu fikir respublikanın baş dermatoveneroloqu, Tibb Universitetinin dəri-zöhrəvi kafedrasının müdiri, professor Zülfüqar Fərəcova aiddir.

– Bəzi kişilərin dərisi həddən artıq həssas olur. Üzlərini təraş edəndən sonra dərinin tamlığı pozulur. Odur ki, saqqal saxlayaraq, üz dərisinin sakitləşməyini təmin edirlər. Bəzi adamlarda quru sebariya, digərlərində yağlı sebariya olur. Odur ki, saqqal uzadarkən dərinin strukturunu da nəzərə almaq lazımdır. Çox vaxt bizə saqqal tökülməsi problemi ilə müraciət edirlər. Buna endrokrionoloji, qalxanvari ətraf vəzi, ekoloji, sinir gərginliyi və digər faktorlar səbəb ola bilər. Çox vaxt kişilər saqqalda kiçik bir nöqtənin tökülməsinə önəm vermədikləri üçün, problem get-gedə böyüyür. Kipriklərin, qaşın seyrəlməsinə səbəb olur. Bu xəstəliklərin müalicəsi var və həll etmək üçün vaxtında həkimlə məsləhətləşmək lazımdır.

– Doktor, bəs saqqallı kişilər gigiyenaya necə riayət etsinlər?

– Məşədi İbad demişkən, vaxtlı-vaxtında hənasını qoysunlar (gülür). Təbii ki, saqqal gün ərzində bir neçə dəfə xüsusi vasitələrlə yuyulmalıdır. Qıcıqlanma hiss etdiyiniz zaman, mütləq səbəbini araşdırın, quruluq və yağlılıq problemi varsa, ona qarşı məlhəmlərdən istifadə edin. Həmçinin geniş yayılmış göbələk probleminə də rast gəlinə bilər ki, bu zaman mütləq dermatoloqa müraciət olunmalıdır.

Din və saqqal

Tarix boyu bütün dinlər saqqal saxlamağın tərəfdarı olublar. Məsələn, xristianlar Tanrının kişini özünəbənzər yaratdığı üçün mütləq saqqallı olmağını düşünürdülər. Üzünü tamam təraş edənlərsə, dinin düşməni elan olunur və kilsələrə buraxılmırdı. İsa Məsih və digər müqəddəslər saqqallı olduqları üçün üzünü tam təraş edənlər din xadimlərinin qınağına səbəb olur, hətta homoseksuallıqda ittiham edilirdilər.

İslam dinində də saqqal uzunluğu təriqətə görə dəyişir. Sünnülərin daha uzun saqqala üstünlük verdiyi halda, şiələr zahiri gözəlliyə də kifayət qədər önəm verir və saqqalı səliqə ilə kəsib, qulluq etməyi məqbul sayırlar. Məhz bu səbəbdən bu gün dünya klamberseksualları arasında ən gözəl saqqal müsəlmanlardadır. Çünki onlar təbii vasitələrlə saqqallarına da yaxşı qulluq etməyi bacarırlar.

Buddizmdə din xadimi dünyəvi zövqlərdən uzaq olmaq üçün saqqalını və saçlarını tamam təraş etməlidir. Hesab olunur ki, yalnız bu zaman o bütün həvəslərinin, ehtirasının üzərindən xətt çəkmiş olur.

Müdrik yəhudilərsə daim öz adətlərinə dərin hörmətlə yanaşıblar. Bu sayğını simalarında da əks etdirmək üçün saqqal tərzini nəsildən nəsilə ötürürlər.

“Quran”da saqqalla bağlı heç bir ayə, tövsiyə yoxdur”

İlahiyyatçı Elşad Miri mövzu ilə bağlı bildirdi ki, Həzrəti Məhəmməd ona peyğəmbərlik verilməzdən öncə də saqqallı idi və hətta İslama, ona qarşı çıxanlar da uzun saqqal saxlayırdılar. Yəni, belə bir imicin formalaşması sırf İslamla bağlı deyil. Bunlar sonradan ortaya çıxmış məsələnin mahiyyətinə deyil, görünüşünə dəyər verən insanların gəldikləri qənaətdir.

Artıq dünya kinematoqrafiyasının kişi nümayəndələrini da saqqalsız təsəvvür etmək olmur. İstər Hollivud, istər Avropa, istərsə də ölkəmizdə fəaliyyət göstərən aktyorlar bu təbii atributu üstün tutur və saqqalla daha xarizmatik göründüklərini etiraf edirlər.

Tanınmış aktyor Kamran Ağabalayev uzun saqqal saxlamağına belə açıqlama gətirdi:

“Hazırda saqqal saxlamağımın səbəbi ölkəmizdə və Türkiyədə rol aldığım iki filmdir. Birincisi “Son dovşan” psixoloji dramı, ikincisi isə “Tolqa bey” filmləridir. Müqaviləyə görə, saqqalım dağınıq olmalıdır. Bu səbəbdən səliqəyə də sala bilmirəm. Ən başlıcası isə düşünürəm ki, kişinin əsas yaraşığı saqqalıdır”.

Əcnəbi saqqallı kişilərin də fikirlərini öyrənmək üçün səyyah, poliqlot Demi Qrota üz tutdum. Deminin də başı saqqalı ucbatından az dərd çəkməyib.

– 25 yaşım var. 16 yaşımdan bəzi fasilələrlə uzun saqqal saxlamışam. Ailəm və ətrafım seçimimə sərt münasibət bildirirdilər. Çünki mən böyüdüyüm mühitdə bu tərz qəbul olunmur. Bütün sədlərə baxmayaraq, seçimimdən dönmədim. Artıq saqqalsız özümü təsəvvür edə bilmirəm. Bu halımdan olduqca məmnunam və kimə görəsə qırxmağı da düşünmürəm.

– Saqqalla bağlı başqa nə deyə bilərsiniz?

– Saqqal insanı filosof etmir axı. Nə deyim?!

Modada ifrata varan dizaynerlər saqqalla da əndrabadi oyunlar oynamaqdan çəkinmirlər. Hətta fransalı dizaynerlər lamberseksualları qadın kimi meyk-ap edirlər.

Saqqalı ilə son günlər dünya mediasını zəbt edən daha bir şəxs isə instaqramın “willitbeard” adlı istifadəçisidir. Adını bildirmək istəməyən bu saqqallı kişi, məşhurlaşıb, pul qazanmaq məqsədilə saqqal uzatdığını və xanımı ilə birgə, qəribə saqqal bəzəkləri düşünüb, tapdıqlarını vurğuladı.

Tanıdığım ən uzun saqqallı Bakı sakini isə tatu ustası, rəssam Telman Eyzamoğludur.

Telman ətrafdakıların saqqala sərt, bəzən də məntiqsiz reaksiyasını hiss etsə də, bu onu narahat etmir.

– 11-ci sinifdən saqqal saxlayıram. Hətta universitet illərində də üzümü təraş etmədim. Mənim üçün saqqal müvvəqqəti dəb deyil, həyat tərzimdir. Qulluq etməksə, təbii ki, çətindir. Hər gün ən azı bir dəfə yuyub, səliqəyə salmaq lazımdır. Təbii ki, uzun saqqalla yeməyi də tam rahat yemək olmur. İnsanların bəzən məni görəndə qəribə reaksiyasının şahidi oluram. Qarşımdakı qadındırsa, bir o qədər də qəribə görünmür. Amma saqqalıma rişxəndlə baxan kişidirsə, bunu anlaya bilmirəm. Çünki hesab edirəm ki, kişinin mütləq saqqalı olmalıdır. Xanımının təsiri ilə saqqalını qırxan kişilər də tanıyıram.

– Son dövrlər trendə çevrilib. Onkoloji xəstələr üçün nəzərdə tutulan ictimai layihə çərçivəsində kişilər saqqallarını kəsib, sosial hesablarında paylaşırlar. Bunu edərdinizmi?

– Bu məqsədlə edərdim, amma sonra gərək evdən bayıra çıxmayım. Bunun əvəzinə saçlarımı kəsməyi üstün tuturam.

– Saqqallı kişilərin xarakteri barədə nə deyə bilərsiniz?

– Həddən artıq ağıllıları da var, yüngül həyatı seçənləri də. Elə sevilən rəssamlarımızın çoxu saqqallıdır. Arzum var ki, yaxın gələcəkdə bərbər salonu açıb, yalnız saqqallı müştəriləri qəbul edim.

Stilist Şahmarsa Azərbaycanda saqqal dəbinin “Möhtəşəm yüzyıl” serialından sonra vüsət aldığını qeyd edir.

– Serialdan öncə saqqal saxlayan insanlardan qorxurdular. Bir növ terrorçu kimi baxırdılar. Ancaq sonra saqqal saxlamaq istəyənlərin güclü axını başladı. Gələnlər daha çox Kris Milinqton və Omar al Qalanın tərzində saqqal istəyirdilər. Amma yavaş-yavaş uzun saqqallıların sayı da azalır. Saqqal bizim oğlanlara çox yaraşır. Onları daha yaşlı və zəhmli göstərir. Buna görə də hamısı həvəs göstərir.

– Xasiyyətləri barədə nə deyə bilərsiniz?

– Çox təmizkar və tələbkar olurlar. Əsasən də bığlarını səliqəyə salanda diqqətli olmağımı tələb edirlər. Bir də, bildiyiniz kimi, lazer üsulu ilə saqqalın kənarlarındakı tüklər təmizlənir. Bir vaxtlar bu hal kişi üçün anormal sayılsa da, indi bu xidməti də göstəririk. Ali məktəblərin bir çoxunda saqqala icazə verilmədiyi üçün tələbələr saqqallarını qırxmaq məcburiyyətindədirlər. Son vaxtlarsa kişilərimiz saqqallarını rəngləmək üçün müraciət edirlər. Çoxu qara xınaya üstünlük verir ki, saqqal daha qalın görünsün.

Saqqallılar sırasında həmkarım Ömər Xəyyam da var.

– Ömər sən niyə saqqal saxlayırsan? Məqsəd Ömər Xəyyam prototipi yaratmaqdır?

– Saqqalla 10 illik yoldaşlığım var. Kədərli anlarıma da, sevinclərimə də şahidliyi var. Aclığımı da, toxluğumu da görüb. Bir sözlə, çox doğmadır. Özümü onsuz təsəvvür etmirəm. Saqqal mənim həyat tərzimdir, orqanlarımdan biri kimidir, məsələn, gözüm kimi. Birbaşa məqsədim yox idi, 2007-də uzatdım, sonra “dostlaşdıq”, “doğmalaşdıq”.

Düzdür, zamanla dəb oldu, hər 10 nəfərdən beşi saqqal uzatdı. Müxtəlif formalarda. Bəziləri rəng də qoydu, xına da vurdular. Mənim saqqalım təbiidir. Üstündə xüsusi işləmirəm. Olduğu kimi sevirəm. Mən saqqala görə xeyli vəzifə itirmişəm. Dəvət ediblər, təklif ediblər ki, saqqalımı qırxım, bəs filan vəzifə sənindir. Amma bacarmamışam. Bunu xəyanət kimi qəbul edirəm.

Növbəti həmsöhbətim Niyazi Qasımov isə uzun saqqalına rəğmən, bir neçə dövlət əhəmiyyətli və özəl şirkətlərdə digital sahə üzrə rəhbər vəzifələrdə çalışıb. Lakin ilk zamanlar iş tapmaqda çətinlik çəkdiyini də gizlətmir.

– Əsgərlikdən dönəndən sonra iş görüşməsinə getmişdim. Şirkət rəhbərliyi məni işə götürməkdən imtina etdi. Yəqin ki, mənim yerimə üzünü səliqə ilə təraş etmiş başqa birini götürdülər. Hazırda isə saqqalım işimə heç bir maneə yaratmır. Çünki istənilən şirkət öz əməkdaşının zahiri görünüşünə deyil, məhsuldarlığına önəm verir.

– Saqqal uzatmağa başlayanda ətrafınızın sizə münasibəti necə idi?

– Öncə vəhhabi damğası vurulmuşdu (gülür). Sonra qohumların, tanışların mənfi təsirini hiss etməyə başladım.

– Bəs valideynlərinizin reaksiyası necə oldu?

– Onlar da qarşı idilər. Sadəcə, atam bu mövzuda fikirlərini anam vasitəsilə mənə ötürürdü. Yəni özü desəydi, qırxmaq məcburiyyətində qalacaqdım. Hətta bir neçə ay öncə sırğa taxmaq istəyimi deyəndə, anam cavab verdi ki, heç olmasa, saqqalını bir az qısalt. Təbii ki, insanların saqqallı kişilərə reaksiyası tam fərqli və təzadlıdır.

Əziz xanımlar, sonda üzümü sizə tutmaq istəyirəm. Saqqallı kişilərimizin çoxu sizdən şikayətçidirlər. Əsas ricam, kişilərlə zaman keçirib, sonra valideynlərim səni qəbul etməz, mən saqqalsız xalam oğlu ilə ailə quracam deyib, qəlblərini qırmayın. Küçədə görəndə, məhəllənizdən keçəndə toplaşıb, arxasınca nömrənizi deməyin, fit çalıb hürkütməyin. Unutmayın, onlar da sabah bir ailənin kürəkəni olacaqlar. Bəs sizin gender bərabərliyi anlayışınız harda qaldı?

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları etməyəsən. – Androloqla MÜSAHİBƏ

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir.

Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cinsi fəaliyyətin normada olmasının bir kişinin sağlamlığı, psixoloji durumu üçün önəmini söyləməyə isə yəqin ki, ehtiyac yoxdur. Ona görə bu problemi zamanında aradan qaldırmaq vacibdir.

Leyla Şıxlinskaya klinikasının həkim-androloqu Bəhruz Ağayev Modern.az-a müsahibəsində son dövrlərdə cinsi zəiflik hallarının daha çox artdığını söylədi.

Kişidə qadın hormonlarının miqdarı artarsa.

“Cinsi zəiflik kişidə cinsi akta həvəsin olmaması, onu arzuladığı müddətdə davam etdirə bilməməsi ilə müşahidə olunur. Əvvəlki performansı aşağı düşür, əlaqə müddəti azalır, erkən boşalma halları baş verir və ya ereksiya baş vermir. Bəzi hallar da olur ki, psixoloji olaraq cinsi əlaqəyə həvəs var, amma ereksiya baş vermir və cinsi əlaqədə ola bilmir. Cinsi zəifliyin səbəbləri müxtəlifdir. Neyrogen cinsi zəiflik işemik insult, onurğa, kəllə-beyin travması almış şəxslərdə rast gəlinir. Sinir mənşəli pozğunluqlarla bağlı cinsi zəiflik olur. Hormonal mənşəli cinsi zəiflik də var. Bildiyimiz kimi, kişilərdə testesteron deyilən kişi hormonları ilə yanaşı, qadın cinsi hormonları da var. Bəzi insanlarda endokrin pozuntular nəticəsində bu hormonların da balansı pozulur. Bunlar arasındakı balans, nisbət pozulanda isə kişidə qadın cinsi hormonlarının və prolaktinin yüksəlməsi fonunda cinsi zəiflik özünü göstərir.

Damar mənşəli cinsi zəiflik isə cinsiyyət orqanının qan təchizatının pozulması zamanı baş verir. Ereksiya vaxtı areterial qan təchizatı güclənir, venoz qan axını saya əzələlər fonunda yığılaraq bağlanır. Bir növ klapan rolunu oynayır. Geriyə qan axını dayanır, qan təchizatı güclənir. Damar xəstəlikləri zamanı isə qan təchizatı ya zəifləyir, ya da ümumiyyətlə olmur ki, nəticədə cinsi zəiflik və impotensiya yaranır. Orqanizmdə baş verən digər xəstəliklər, şəkərli diabet, iltihabi xəstəliklər, ürək-damar sistemində baş verən xəstəliklər, böyrək çatışmazlığı və sair xəstəliklər də cinsi fəaliyyətdə özünü göstərir”.

“Stress yaşadım, cinsi akta həvəsim itdi!”

Bəhruz Ağayev psixoloji faktorların da cinsi fəaliyyətdə çox önəmli rol oynadığını deyir: “Xüsusən də gənc yaşda olan kişilərdə psixoloji faktorla bağlı cinsi zəiflik hallarına çox rast gəlinir. Müayinəyə geəlib “stress, qorxu, həyəcanlı anlar yaşayandan sonra hiss etdim ki, cinsi həvəsim itdi, ereksiya baş tutmadı” deyən gənclər çox olur. Uşaq vaxtı necə bir cəmiyyətdə yetişdiyi, mühit, aldığı tərbiyə də kişinin gələcək cinsi həyatında önəmli rol oynayır. Uşaq yaşlarda aldıqları psixoloji travmalar gələcəkdə cinsi zəifliyə səbəb ola bilir. Gündəlik yaşadıqları problemlər də cinsi zəifliyə səbəb ola bilər. Məsələn, hansısa bir psixoloji travma alır, işində uğursuz olur, bu, özünü cinsi əlaqədə göstərir. Həmin problem aradan qalxdıqdan sonra cinsi həvəs də bərpa olunur. Bəzən isə bu, qalıcı olur. Bunun üçün mütləq həm psixoloq, həm də uroloq-androloqla konsultasiya edib müştərək müalicə metodunu seçmək lazımdır.

Partnyorunun yanında “başıaşağı” olanlar.

Bəzi problemlərin dilə gətirilmədiyi, bunu açıb-ağartmaq ayıbdır düşüncəsinin hökm sürdüyü bir cəmiyyətdə yaşayırıq. Bəs, görəsən, kişilər cinsi zəifliklə bağlı rahat şəkildə həkimə müraciət edirlərmi?

“Hazırda cinsi zəifliklə bağlı müraciətlərin sayı çox artıb. Xüsusən də psixogen mənşəli cinsi zəifliklə müraciət edən pasiyentlər daha çox olur. Bu da cəmiyyətdə baş verən hadisələrdən, gənclərin həyat tərzindən də asılıdır. Həmçinin ekoloji problemlər, qidalanma, iş rejimi də bu gün cinsi zəifliklə bağlı müraciətlərin həddən artıq çoxalmasına səbəb olur. Bəzi pasiyentlər isə özünə sığışdırmır, ya da utanır həkimə müraciət etməyi. Amma müəyyən müddətdən sonra çarəsini tapmadığı üçün, partnyorunun yanında “başıaşağı” olmamaq üçün məcbur gəlir həkimə. Bir çox xəstəliklərdə, patologiyalarda erkən diaqnoz çox önəmlidir. Cinsi zəifliklə bağlı da eyni vəziyyətdir. Bu problemin üstünə nə qədər erkən düşülərsə, vaxtında müalicə olunarsa, bir o qədər yaxşı nəticə alınar. Gecikdirildikcə həm psixoloji olaraq, həm də xəstəlik olaraq vəziyyət daha da dərinləşir. Psixoloji olaraq özünəgüvən itir. Travma aldıqları üçün bir “birdən yenə də alınmaz” qorxusu ilə tamamilə cinsi əlaqədən qaçmağa başlayırlar. Bu da xəstəliyin dərinləşməsi ilə yanaşı, hormonal balansın pozulmasına da səbəb olur. Normal həyat tərzi keçirən, heç bir psixoloji travması olmayan, fiziki yorğunluq, gərginlik yaşamayan, temperetaur dəyişikliyi keçirməyən, hər hansı başqa bir xəstəlik yaşamayan sağlam bir insanda cinsi istəksizlik halları bir həftədən artıq davam edirsə, mütləq həkimə müracət etməlidir”.

Cinsi fəaliyyət qabiliyyəti hansı yaşda tamamilə bitir?

Androloq cinsi aktın tamamilə bitməsinin də insandan-insana dəyişdiyini vurğulayır: “Bir də baxırsan 70-75 yaşı var, prostatdan əməliyyata gəlir, normal cinsi həvəsi də var, əlaqə də yaşaya bilir. Hətta 80 yaşında da cinsi əlaqədə ola bilən kişilər var. Bəzən isə insanlar olur ki, 55-60 yaşdan sonra, ümumiyyətlə, cinsi aktın olmamasından şikayətlənirlər. Bu, orqanizmin fizioloji xüsusiyyətlərindən asılıdır. Orta hesabla isə cinsi aktın tamamilə bitməsi halları 55 yaşdan yuxarı götürülür. Ümumiyyətlə, yaş artdıqca gənc yaşlara baxanda cinsi həvəs zəifləyir. Bu da yaşla bağlı orqanizmdə baş verən dəyişikliklərdən, testesteronun miqdarının aşağı düşməsindən və sair səbəblərdən qaynaqlanır. Bəzən elə hallar da olur ki, müalicənin, dava-dərmanın heç bir köməyi olmur. Məsələn, damar mənşəli cinsi zəifliyin bəzi formaları var ki, məsələn, cinsiyyət orqanında arterial qan təchizatının tamamilə itməsi, bu, müalicə olunmur. Bu zaman cərrahi üsullara müraciət olunur, implant qoyulur. Post travmatik hallarda da yalnız cərrahi üsul tələb oluna bilər. İnsanda psixoloji olaraq cinsi akta həvəs varsa, amma erkesiya baş vermirsə, bu, impotensiyadır”.

“Düşünməsinlər ki, pomidor yeyib cinsi zəiflikdən qurtulacaqlar!”

Uroloq-androloq Bəhruz Ağayev cinsi gücü artıran dərmanların həkim məsləhəti olmadan istifadəsini də düzgün hesab etmir.

“Cinsi zəiflik mütləq müayinə olunub diaqnozu qoyulmalıdır. Ona uyğun müalicə aparılmalıdır. Həkim məsləhəti olmadan cinsi istəyi artıran dərmanlardan qaçmaq lazımdır. Dərmanların əvəzinə sağlam həyat tərzi, normal yuxu rejimi, normal qidalanma ilə cinsi həvəsi artırmaq olar. Təbii qidalardan istifadə etməyən insanlarda da cinsi zəiflik özünü göstrərir. Düzdür, bəzi qidalar var ki, cinsi həvəsi artırır, cinsi aktın müddətini uzadır. Belə qidalardan keçibuynuzu deyilən bitkidən hazırlanan doşab cinsi həvəsi artırır. Pomidorun tərkibindəki maddələr həm prostat vəzinə, həm cinsi həvəsə müsbət təsir edir. Bu qidalar müalicə deyil. Cinsi zəifliyi olmayan kişilər üçündür belə qidalar, bir növ profilaktik xarakter daşıyır. Yoxsa çox ciddi cinsi zəiflik problemləri olan kişilər düşünməsinlər ki, pomidor yeyib cinsi zəiflikdən qurtulacaqlar. Vitaminlərlə zəngin olan qidalar yemək, təmiz havada gəzmək lazımdır. Oturaq həyat sürməyən, aktiv insanlarda cinsi istək yüksək olur”.

“Evdəki”nə maraq yoxdur, “çöldəki”nə maraq var?!

Bəhruz Ağayev cinsi zəifliyə səbəb olan bir sıra xəstəliklərin kökündə çoxpartnorluluğun olduğunu da bildirdi: “Elə kişilər var ki, həyat yoldaşları ilə cinsi əlaqədə ola bilmirlər. Qadının istifadə etdiyi bir ətir, geyimi, gigiyenasına önəm verməməsi kişi psixologiyasına təsir edə və onda qadınına qarşı cinsi istəksizlik yarada bilər. Amma kənarda başqa bir qadınla əlaqədə olarkən heç bir istəksizlik yaşamırsa, burada cinsi zəiflikdən söhbət gedə bilməz. Bu, artıq psixoloji problemdir. Bunun səbəbini tapmaq lazımdır. Və ya “uşaqların anası” ilə yaxınlıq zamanı müəyyən çərçivələrin gözlənməsi də “evdəki”nə marağı azalda, “çöldəki”nə cinsi istəyi artıra bilir. Amma nəzərə almaq lazımdır ki, bu, normal fiziloji prosesdir, psixoloji baxımdan hər hansı tabu olmamalıdır. Sağlamlıq baxımından yanaşdıqda isə bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları etməyəsən. Məsələn, anal seksdən sonra normal cinsi əlaqədə olmaq düzgün deyil. Bu, bağırsaq mikroblarınun yayılmasına, infeksiyanın yaranmasına səbəb olur. Özü də həm qadında, həm də kişidə fəsad törədir. Qadınlarda, borulara, uşaqlıq yoluna infeksiyalar düşə bilər, kişilərdə isə uretrit, prostatit baş verə bilər. Çox partnorluluqla bağlı bir məqamı da qeyd etmək istəyirəm. Hər bir qadının özünəxas mikroflorası var. Çoxpartnyorluluq zamanı bir qadınla əlaqdə olduqdan sonra kişi həmin qadının uşaqlıq yolunun mikroflorasını əlaqədə olduğu ikinci bir qadına daşımış olur. Bu da həmin qadına patogen təsir edir. Baxmyaraq ki, hər iki qadın tam sağlamdır, heç bir virus və infeksiya daşıyıcıları deyillər. Sadəcə kişinin bir qadına başqa qadının mikroflorasını ötürmüş olması həmin qadının mikroflorasını pozur. Mikrobların yaranması nəticəsində qadınlarda qoxular, axıntılar baş verir. Amma bu, yalnız qadınlara təsir etmir. Kişilərin özündə də problem yaratmağa başlayır. Uretrit, prostatit, xayaların iltihabı, sidik kanalında iltihab kimi ağır nəticələrə gətirib çıxara bilər.

Bəzi infeksiyalar da var ki, illərlə həm qadında, həm kişidə gizli qala bilir. İmmunitet güclü olanda heç bir patologiya yaratmır. İmmun sistemi düşdükdə isə başlayır öz işini görməyə. Ona görə çoxpartnyorluluqdan qaçınmaq lazımdır. Son olaraq, kişilərin özlərini cinsi zəiflik hallarından sığortalamaları üçün normal həyat tərzi sürmələrini, təsadüfi cinsi əlaqələrdən uzaq olmalarını, idmanla məşğul olmalarını, aktiv həyat sürmələrini, qidalanmalarına fikir vermələrini məsləhət görürəm”.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.