Səməd vurğunun dram əsərləri yüklə
“Vaqif” əsəri Azərbaycan xalqına onun Molla Pənah Vaqif kimi bir şəxsiyyətini tanıdan əsərdir. Etiraf etməliyik ki, Səməd Vurğunun “Vaqif” əsəri yarananadək Molla Pənah Vaqif xalqın arasında geniş tətbiq olunmamışdı və xalq onu o qədər də tanımırdı. Şübhəsiz ki, ədəbiyyatçılar, ziyalılar, şer pərəstişkarları Vaqifin şerlərini yaxşı bilirdilər. XVIII əsrdə Azərbaycan ədəbiyyatının, şerinin inkişafında Vaqifin xidmətləri haqqında mən dedim. Ancaq Vaqifi geniş tanımaq, onu xalqa daha da yaxınlaşdırmaq, Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa göstərmək və Vaqifi xalqa doğma etmək – bunların hamısını Səməd Vurğun etdi.
Səməd vurğunun dram əsərləri yüklə
Hörmətli xanımlar və cənablar!
Böyük şair Səməd Vurğunun 90 illik yubileyi şer, mədəniyyət bayramıdır, Azərbaycan xalqının bayramıdır. Bu bayram münasibətilə mən sizi, bütün Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm.
Bu bayram mərasimlərində iştirak etmək üçün dost ölkələrdən zəhmət çəkib Azərbaycana gəlmiş hörmətli qonaqlarımıza təşəkkür edirəm.
Azərbaycan bir ildir ki, Səməd Vurğunun 90 illik yubileyini qeyd edir, ölkəmizdə yubiley mərasimləri keçirir. Bu təbiidir, çünki Səməd Vurğun xalqımız, millətimiz üçün o qədər dəyərli bir şəxsiyyət olub, o qədər zəngin bir irs qoyub ki, onun 90 illik yubileyi bir gün, bir ay yox, məhz bir il müddətində keçirilməli idi. Bu müddətdə hər yerdə, hər evdə, hər şəhərdə, hər kənddə Səməd Vurğun yad olunur, onun şerləri oxunur, əsərləri yenidən canlanır və bunlar hamısı müasirlərimizə, gənclərimizə ruh verir, onları sevindirir, şadlandırır.
Səməd Vurğun XX əsrin əvvəllərində dünyaya gəlib və az ömür sürərək 50 ildən sonra dünyasını dəyişibdir. XX əsr bəşər tarixində çox ziddiyyətli, mürəkkəb proseslər dövrüdür. Səməd Vurğunun yaşadığı illər həddindən artıq mürəkkəb, qarışıq, çətin olub. Birinci dünya müharibəsi dünyaya nə qədər ziyanlar vurubdur. Ondan sonra Yer kürəsinin altıda bir hissəsində yeni bir quruluş, yeni ideologiya hökm sürməyə başlayıbdır. Sonra bəşəriyyət üçün təhlükəli olan faşizm meydana çıxıb, İkinci dünya müharibəsi başlanıb, nə qədər insanlar qurban gedib. İkinci dünya müharibəsindən sonra “soyuq müharibə” başlayıb, yer üzündə yenə də gərginlik yaranıb, eyni zamanda sülhü müdafiə etmək üçün qüvvələr yaranıbdır. Bunlar o dövrün ən böyük, tarixi hadisələridir. Belə bir dövrdə yaşamaq, yaratmaq və yüksək yaradıcılıq səviyyəsinə çatmaq hər bir insana nəsib ola bilməzdi.
Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir. Fitri, parlaq istedadı, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda ən gənc yaşlarından yazıb yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın sevimli şairinə çevirmiş və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə tanınmış, sayılan bir insan olmuşdur.
Səməd Vurğunun yaradıcılığı dəryadır, indiyədək yazılanlar bunun hamısını əks etdirə bilməyib. Hesab edirəm ki, onun yaradıcılığı və qoyduğu irs bu gün də, gələcəkdə də tədqiq olunacaq və bu barədə yeni-yeni əsərlər yaranacaqdır.
Səməd Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə ən yüksək hörmətə layiq olubdur. Səməd Vurğun isə öz dövrünün şairlərinin şairi olubdur.
Səməd Vurğun Azərbaycan şerinə çox böyük yeniliklər gətiribdir. Ancaq mən bir məqama toxunmaq istəyirəm. Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şer dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şerləri xalqın bütün təbəqələri həm anlaya, həm qavraya bildi, həm də sevdi. Beləliklə, o, Azərbaycan şerində yeni bir yol açdı. Səməd Vurğun Azərbaycan klassiklərinin ənənələrini davam etdirərək, bizim dövrümüzdə – məhz 20-ci, 30-cu, 40-cı illərdə Azərbaycan şerini daha da yüksək səviyyələrə qaldırdı.
Səməd Vurğunun şeri Azərbaycan dilini zənginləşdiribdir, inkişaf etdiribdir. Azərbaycan dilini hər bir azərbaycanlı üçün doğma, sevimli, şirin edibdir. Bu da Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərdən biridir.
Səməd Vurğun şerinin böyüklüyü, eyni zamanda, gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara vətəni, milləti, torpağı sevməyi öyrədir.
Səməd Vurğunun ədəbi yaradıcılığı çox genişdir, çoxşaxəlidir. Bu gün burada məndən əvvəl çıxış edən natiqlər bu barədə çox gözəl və əsaslı fikirlər söylədilər. Səməd Vurğunun bütün yaradıcılığında ən görkəmli yer tutan onun “Vaqif” tarixi mənzum dramıdır və Azərbaycan milli teatrında onun əsasında yaranmış “Vaqif” tamaşasıdır. Bu gün tam qətiyyətlə demək olar ki, böyük Səməd Vurğunun 60 il bundan əvvəl yaratdığı və teatrımızı daim inkişaf etdirən “Vaqif” pyesi XX əsr mədəniyyət, ədəbiyyat tariximizdə ən görkəmli yer tutubdur.
“Vaqif” əsərinin xüsusiyyəti, şübhəsiz ki, birinci növbədə bu əsərin Azərbaycan xalqının tarixinini müəyyən bir hissəsini əks etdirməkdən ibarətdir. O, eyni zamanda, dərin fəlsəfi fikirləri əks etdirən bir əsərdir, hər bir azərbaycanlının ürəyinə yatan, onu sevindirən şer misralarıdır.
“Vaqif” əsəri Azərbaycan xalqına onun Molla Pənah Vaqif kimi bir şəxsiyyətini tanıdan əsərdir. Etiraf etməliyik ki, Səməd Vurğunun “Vaqif” əsəri yarananadək Molla Pənah Vaqif xalqın arasında geniş tətbiq olunmamışdı və xalq onu o qədər də tanımırdı. Şübhəsiz ki, ədəbiyyatçılar, ziyalılar, şer pərəstişkarları Vaqifin şerlərini yaxşı bilirdilər. XVIII əsrdə Azərbaycan ədəbiyyatının, şerinin inkişafında Vaqifin xidmətləri haqqında mən dedim. Ancaq Vaqifi geniş tanımaq, onu xalqa daha da yaxınlaşdırmaq, Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa göstərmək və Vaqifi xalqa doğma etmək – bunların hamısını Səməd Vurğun etdi.
Xatırlayın, 1937-ci ilədək – “Vaqif” əsəri yaranana qədər Azərbaycanda Vaqif adı daşıyan adam da olmayıb, ya da çox az olubdur. Bəlkə də heç kəs buna fikir verməyib. Bəlkə də hamı güman edir ki, Azərbaycanda geniş yayılmış Vaqif adı elə dövri-qədimdəndir. Amma “Vaqif” əsəri meydana çıxandan sonra insanlar Vaqifi, yəni Səməd Vurğunun yaratdığı Vaqif obrazını o qədər sevdi ki, həddindən çox ailə yeni doğulan övladlarına Vaqif adı verdi.
Bilirsiniz, bu təhlili genişləndirmək, bu barədə daha geniş fikirlər, mülahizələr söyləmək olar. Ancaq mən bu məqamları xatırladıram ki, Səməd Vurğunun yaradıcılığının nə qədər dərin iz buraxdığını bu gün biz bir daha dərk edək.
Yenə də “Vaqif” pyesinə qayıtmalıyam. Azərbaycanın milli teatrı qədim tarixə, böyük ənənələrə malikdir. Biz 1873-cü ildə Şərqdə ilk dəfə yaranmış, Azərbaycan teatrı ilə, onun tarixi ilə həmişə fəxr etmişik, edirik. Ancaq Azərbaycan Dram Teatrının tarixində “Vaqif” pyesi bir inqilab oldu. O illəri yaşayan adamlar xatırlamalıdırlar – bu, mənim də xatirimdədir – həmin tamaşa o vaxt bir inqilab oldu.
Azərbaycan teatrının ən parlaq səhifələrindən biri “Vaqif” pyesidir, onun yaranmasıdır və uzun illər onun teatrımızın səhnəsində olmasıdır. “Vaqif” pyesi, eyni zamanda teatrımızın görkəmli sənətkarlarını daha da yüksəltdi.
Bu gün biz Vaqifin şəkillərini, heykəlini görürük. Amma həqiqətdə Vaqifin fotoşəkli olmayıbdır. Vaqifin şəklini də Səməd Vurğun və Vaqif rolunu oynayan böyük sənətkarımız, aktyorumuz Ələsgər Ələsgərov və Azərbaycan Dövlət Dram Teatrı yaratmışdır.
Görürsünüz, Səməd Vurğun bir əsərlə bizim milli mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza aid nə qədər böyük məsələləri həll edibdir. Səməd Vurğun xalqımıza nə qədər böyük xidmətlər göstəribdir. Biz də Səməd Vurğunun yolu ilə gedərək Vaqifin adını əbədiləşdirməyə çalışdıq, onun ölümündən 200 il sonra Şuşada, Cıdır düzündə Vaqifin qəbri üzərində böyük məqbərə yaratdıq. Həmin məqbərədə Səməd Vurğun, Azərbaycan teatrı və Ələsgər Ələkbərov tərəfindən yaradılmış Vaqif surətinin heykəlini qoyduq.
Səməd Vurğunun digər dram əsərləri də yüksək qiymətə layiqdir. “Fərhad və Şirin”də, “Xanlar”da, “İnsan”da Azərbaycan ədəbiyyatına, şerinə, teatrına böyük töhfələrdir. Onlar əbədi yaşayacaqlar.
Səməd Vurğun həddindən çox şerlər, poemalar yazıbdır. Bütün bu poemalarının, şerlərinin və pyeslərindəki şerlərinin hamısı məhz Səməd Vurğuna məxsusdur. Bütün bunlar onu göstərir ki, Səməd Vurğun ana dilimizi – Azərbaycan dilini təkmilləşdirib, inkişaf etdiribdir. Bu, Səməd Vurğunun ən böyük xidmətlərindən biridir. Bizim hazırkı dilimiz 70, 80, 90 il bundan əvvəl olan dil deyil. İndiki dilimiz – türk dilləri qrupuna məxsus olan Azərbaycan dili türk dillərinin kökündən gələn Azərbaycan dili məhz Səməd Vurğun kimi şəxsiyyətlərin yaradıcılığı nəticəsində, onların şerlərinin, əsərlərinin nəticəsində bu qədər gözəllişib, bu qədər zənginləşib, səlisləşib, şirinləşibdir. Biz bu dilimizlə fəxr edirik və fəxr edə bilərik.
Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.
Səməd Vurğunun bütün əsərləri Vətənə məhəbbətlə, Azərbaycana, xalqımızın dilinə, milli ənənələrinə məhəbbətlə doludur. Səməd Vurğunun şəxsiyyətini ifadə edən, onun əsərlərinin əsas mənası və məzmunu bax, budur.
Şübhəsiz ki, Səməd Vurğunun əsərləri öz dövründə yazılıbdır. O dövrün hökmü, tələbləri Səməd Vurğunun əsərlərində də öz əksini tapıbdır. Bu gün heç kəs buna görə Səməd Vurğunun əvəzindən üzr istəməməlidir. Səməd Vurğunun bütün əsərləri ilə Azərbaycan xalqı əvvəldən axıradək fəxr edir, bundan sonra da fəxr edəcəkdir.
Səməd Vurğun komsomola həsr etdiyi poemasında da, Kommunist Partiyasına həsr etdiyi “Zamanın bayraqdarı” poemasında da öz əqidəsinə xidmət edib, öz əqidəsinə sadiq qalıbdır, eyni zamanda yüksək şer sənətini nümayiş etdiribdir.
Şərqdə həmişə şer böyük hörmətə layiq olubdur və hər bir şair öz dövrünün aşiqi olubdur, öz dövrünü yazıbdır. Biz buna görə keçmiş əsrlərin heç bir şairinə hər hansı bir mənfi münasibət göstərə bilmərik və kimisə qınaya bilmərik. Səməd Vurğunu da heç kəs qınaya bilməz ki, o şerləri, poemaları yazıbdır.
Səməd Vurğun öz xalqına, millətinə sadiq insan olubdur. O, öz millətinin oyanışına, milli dirçəlişinə xidmət edibdir. Məhz Səməd Vurğunun şerləri, poemaları, pyesləri, dramları – hamısı birlikdə xalqımızı xırda-xırda bu yüksək səviyyəyə çıxarıbdır.
Səməd Vurğunun yaradıcılığının əsas xüsusiyyətləri bax, budur. Məhz buna görə Səməd Vurğun qiymətlidir. Səməd Vurğun bütün yaradıcılığı boyu öz xalqını azad görmək istəyibdir. Səməd Vurğun həmişə azadlıq, müstəqillik tərəfdarı olubdur. Səməd Vurğun Üzeyir Hacıbəyovla, Cəfər Cabbarlı ilə çiyin-çiyinə gedibdir. Onlar – Səməd Vurğun da, Üzeyir Hacıbəyov da, Cəfər Cabbarlı da Azərbaycanı azad, müstəqil, sərbəst görmək istəyiblər.
Biz bu günümüzə görə – xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin bu mərtəbəyə qalxmasına görə Səməd Vurğuna minnətdarlığımızı bildirməliyik.
Bilirsiniz, hər bir insanın özünəməxsus taleyi vardır. Az ömür yaşamasına baxmayaraq, Səməd Vurğunun taleyi xoşbəxt taledir. Ona görə xoşbəxt taledir ki, Səməd Vurğun 50 il yaşasa da, amma 40 ildir Azərbaycan xalqının dilindən və dünyanın çox xalqlarının dilindən düşmür.
Bu gün biz azad, müstəqil ölkəmizdə yaşayarkən keçmiş nəsillərə minnətdar olmalıyıq, bizdən qabaq yaşamış, yaratmış insanlara daim minnətdarlığımızı bildirməliyik. Çünki bugünkü Azərbaycan əzəmətli, böyük bir binadır. Bu binanı kərpic-kərpic qoyan indiyə qədər yaşamış, yaratmış nəsillərdir. Bu binaya hərə öz payını qoyubdur – kimi çox, kimi az. Amma bu insanların tam əksəriyyəti Azərbaycanı qurmağa, yaratmağa və inkişaf etdirməyə çalışmışdır. Onlardan da ən görkəmlisi böyük şairimiz Səməd Vurğundur.
Səməd Vurğun öz yaradıcılığı, əsərləri, ictimai-siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biri olubdur. Biz Səməd Vurğun ilə fəxr edirik. Çox sevindirici haldır ki, biz bu yubileyi dostlarımızla – Türkiyə Cümhuriyyətinin, Qazaxıstan, Rusiya, Gürcüstan, Dağıstan respublikalarının nümayəndələri ilə bir yerdə keçiririk. Bu da təbiidir. Buradakı çıxışların hamısı çox səmimidir və Səməd Vurğunun yaradıcılığına, onun qoyduğu irsə böyük hörmət hissi ilə doludur.
Burada şəxsi xatirələr də söylənildi. Mənim də şəxsi xatirələrim vardır. Biz gənclər vaxtilə Səməd Vurğunu sadəcə olaraq görməkdən özümüzü xoşbəxt hesab edirdik. Biz özümüzü xoşbəxt hesab edirdik ki, Səməd Vurğunu haradasa gördük, dinlədik, eşitdik. Biz o illərdə bax, belə yaşamışdıq.
Xatirimdədir, 1952-ci ildə Opera və Balet Teatrının binasında Azərbaycan ziyalılarının iclası keçirilirdi. Azərbaycanın o vaxtkı rəhbəri də ziyalılara çox təzyiq edirdi. Səməd Vurğuna söz verildi. Onun o çıxışı qulağımda bugünkü kimi səslənir. Səməd Vurğuna söz veriləndə salona toplaşanlar onu çox böyük hərarətlə qarşıladılar. Səməd Vurğun çox dərin məzmunlu və həyəcanlı bir nitq söylədi. Həmin nitq yəqin, haradasa dərc olunub və onu oxuyanlar bunları bilirlər. Onun o nitqi də məhz Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, ziyalılarına aid qayğılarla dolu idi. O vaxt ona iki-üç dəfə replika verdilər, amma Səməd Vurğun heç bir dəfə də əyilmədi, sınmadı, iradəsini itirmədi, öz nitqini mərdi-mərdanə, böyük iftixar hissi ilə başa çatdırdı.
Səməd Vurğun o vaxt bizim hamımız üçün nümunə – xalqına, millətinə, ölkəsinə, vətəninə sədaqətlikdə nümunə idi. Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır. Səməd Vurğun əgər bu günləri – Azərbaycanın müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir. Mən hesab edirəm, onun ruhu bu gün həddindən artıq şaddır ki, Azərbaycan xalqı azaddır, sərbəstdir və Azərbaycan Respublikası müstəqildir.
Səməd Vurğunun “Azərbaycan” şeri dillərdə əzbər olubdur. Bilirsiniz, o qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini, sevgisini, sədaqətini ifadə edir:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. Bu gün mən bir daha bəyan edirəm ki, biz Səməd Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik. Müstəqil Azərbaycan yaşayacaq. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaqdır. Xalqımız daim sərbəst, öz taleyinin sahibi olacaqdır.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Səməd Vurğun yaradıcılığı!
Səməd Vurğuna eşq olsun!
Səməd vurğunun dram əsərləri yüklə
Həyatı və fəaliyyəti. Səməd Vurğun Azərbaycanın ən böyük milli şairidir. O, azərbaycanlılıq qürurunu şeirə gətirən, xalqımızın milli hisslərini və milli varlığını öz poeziyasının leytmotivi edən ilk sənətkardır. Səməd Vurğun poeziyası ana dilimizin şah əsəridir, onun doğmalığının və şirinliyinin parlaq abidəsidir.
Səməd Vurğun Azərbaycanın Qazax bölgəsindən çıxmış qədim və qollu-budaqlı bəy nəslindən – Vəkilovlardandır. Şairin atası Yusif ağa Vəkilov yoxsullaşmış bəy olsa da, bölgənin tanınmış və hörmətli şəxslərindən, öz dövrünün savadlı ziyalılarından sayılırdı. Onun gözəl saz çalıb oxumaq qabiliyyəti vardı. Səməd 1906-cı ildə, mart ayının 21-də Yusif kişinin Yuxarı Salahlı kəndindəki evində anadan olmuşdur.
Səməd 12 yaşınacan Yuxarı Salahlıda yaşamış, yaxınlıqdakı Göyəzən dağının, ətraf oylaqların misilsiz gözəlliyini burada sevib duymuşdu. Anası Məhbubə xanımı şair altı yaşında itirmişdi. Onun sonrakı tərbiyəsi ilə diribaş, sağlam düşüncəli qadın olan nənəsi Ayişə məşğul olmuşdur.
Yuxarı Salahlı dövrünə görə iri bir kənd idi, burada 1874-cü ildən beş illik rus-tatar məktəbi də vardı. Həmin məktəb bütün Gəncə quberniyasında qabaqcıl məktəb sayılırdı. Səməd ilk təhsilini bu məktəbdə aldı. Belə məktəblərdə təhsil rusca olsa da, burada ana dili dərsləri də keçilirdi. Gələcək şairin uşaqlıq və gənclik illəri Azərbaycanda milli şüurun və hərəkatın yüksəlişi, Demokratik Cümhuriyyətın yaranması və iflası, burulğanlı siyasi dəyişikliklər dövrü idi.
1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi görkəmli maarifçi və ədəbiyyatşünas Firudin bəy Köçərlinin rəhbərliyi altında Qazaxa köçdü. Beləliklə, əsas təhsil dili ana dilində olan ilk Azərbaycan Müəllimlər Seminariyası fəaliyyətə başladı. 1918-ci ilin sentyabrında nənəsi Ayişə Səmədi seminariyaya, Firudin bəy Köçərlinin yanına gətirir. Səməd uğurla imtahan verir və seminariyaya daxil olur.
Müəllimlər Seminariyası pansion tipli təhsil ocağı idi, seminaristlərin yemək və yaşayışla bağlı bütün xərcləri dövlətin hesabına idi. Buradakı ciddi daxili qaydalar, pedaqoji intizam sərbəst təbiətli Səmədin tərbiyəsinə və inkişafına müsbət təsir göstərdi. Seminariyada dram dərnəyi vardı, burada musiqi dərsləri də keçilirdi. Səməd skripka qrupunda məşğul olur, dram dərnəyində Məcnun rolunda çıxış edir, daxili tədbirlərdə gözəl şeir deklamasiya etməsi ilə fərqlənirdi.
Səmədin ən çox sevdiyi şairlər sırasında ilk növbədə Vidadi, Vaqif, Zakir kimi xalq poeziyası üslubunda şeirlər yazmış sənətkarlar vardı. Bundan başqa, o klassik şairləri də oxuyur, xüsusilə M.Ə.Sabiri, o zaman populyar olan türk romantiklərindən Tofiq Fikrəti, Rza Tofiqi, Namiq Kamalı həvəslə mütaliə edirdi. Rus dilini gözəl bildiyindən A.S Puşkin və M.Lermontov kimi rus klassiklərini orijinaldan oxuyurdu.
Səməd seminariya illərində imkanlı ailədən çıxmış Dürrə adlı bir qızı bütün varlığı ilə sevmişdir. Lakin gənc şairin bu çılğın məhəbbəti cavabsız qalmış və onun mənəvi aləminə sarsıdıcı təsir göstərmişdi. Onun məhəbbəti dillərə düşmüşdü, adını da bəzən «Dəli şair» çağırırdılar.
Şair sevgi iztirablarını soyutmaq üçün bir müddət Dilicandakı Qaraqoyunlu rayonuna gedir. Bu yerlər Səmədin uşaqlıqdan yaxşı tanıdığı yaylaq obaları idi, burada çoxlu uşaqlıq dostları və tanışları vardı. 1920-ci illərdən komsomola daxil olmuş Səməd Qaraqoyunluda ictimai həyata qoşulur, kəndsayağı komsomol hərəkatında iştirak edir. Sonralar bu dövr həyatını «Komsomol poeması»nda təsvir etmişdir.
Seminariyada təhsilini bitirdikdən sonra Səməd İkinci Şıxlı kəndinə ədəbiyyat müəllimi, bir qədər sonra isə direktor yerinə təyinat alır. Bu illərdə Səməd romantik və sərt bir ovqat içində idi. 1926-ci ilin qışında müəllimlərin rayon konfransında o, raykom katibini və RİK sədrini çox sərt tənqid edir və baş götürüb Qazaxdan çıxır, Qubaya gəlir. Şair burada 1926–1927-ci illərdə müəllimlik edir.
1925-ci ildə Səməd o zaman mədəniyyət mərkəzi olan Gəncəyə gəlir. Burada şair bibisi qızı və himayədarı olmuş Xanqızı Vəkilovanın evində qalır. 1928-ci ilin sentyabrından 1929-cu ilin iyun ayına qədər Gəncədə partiya məktəbində və orta məktəbdə müəllimlik edir. Mədəni İnqilabın dalğasında ədəbiyyata gələn Mir Cəlal, Seyfulla Şamilov, Həmid Araslı, Əhməd Cəmil kimi cavan ədiblərlə şair Gəncədə tanış olmuşdu. Burada çıxan «Qızıl Gəncə» jurnalında onun şeirləri çap olunurdu.
1927–1929-cu illərdə Səməd Vurğun artıq ədəbi aləmdə istedadlı bir şair kimi tanınır. Şeirləri Bakı mətbuatında çap olunmağa başlayır. 1929-cu ildə uğurla imtahan verərək İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Şair böyük həvəslə rus və dünya ədəbiyyatını daha yaxşı öyrənməyə çalışır.
1931-ci ilin yayında Bakıya qayıdan şair Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ədəbiyyat üzrə aspiranturasına daxil olur. Lakin ədəbi istedadının hamılıqla etiraf edilməsi onu elmdən soyudur və şair özünü bütünlüklə yaradıcılığa həsr etməyi qərara alır. «Şairin andı» (1930), «Fənər», (1932), «Könül dəftəri» (1934) kimi ilk şeir kitabları ona şöhrət qazandırır.
1934-cü ildə Səməd Vurğun Azərbaycan Sovet Yazıçılar İttifaqının məsul katibi, 1935-ci ildə isə ZSFSR İcraiyyə Komitəsinin üzvü seçildi. 1936-cı ildə Sovet hakimiyyətinin 15-ci ildönümü münasibətilə Moskvada, Kremldə başqa nümayəndələrlə birlikdə İ.V.Stalinin qəbulunda oldu, ona həsr etdiyi «Rəhbərə salam» şeirini oxudu. Şeir Stalinin xoşuna gəldi.
Bakıya qayıdan otuz yaşlı Səməd Vurğunun o zaman Azərbaycana rəhbərlik edən Mircəfər Bağırovla da isti münasibətləri yarandı. Dövrünün ən qüdrətli və istedadlı şairi olan Vurğun hamının qorxub ehtiyat etdiyi Mircəfər Bağırovun böyük etimad və rəğbət bəslədiyi, yaxından ünsiyyət saxladığı bir neçə şəxsdən biri olmuşdur.
Səməd Vurğun öz ədəbi uğurlarının ən yaxşı çağında, 1934-cü ildə görkəmli yazıçı Abdulla Şaiqin baldızı Xavər Mirzəbəyova ilə evləndi. Böyük şairin Yusif, Vaqif və Aybəniz adlı üç övladı dünyaya gəldi.
Böyük Vətən müharibəsi başlanan kimi şair müharibənin ilk günlərində qələbə inamını ifadə edən parlaq şeirlərini yazdı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis ediləndə Səməd Vurğun bu elm məbədinin ilk üç akademikindən biri oldu. Burada ictimai elmlər üzrə vitse-prezident vəzifəsində çalışarkən Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı tarixlərinin ilk layihələrinin yaradılmasında yaxından iştirak etdi, onların redaksiya heyətinin üzvü oldu. Səməd Vurğun Azərbaycanın keçmişinə münasibətdə həm elmi, həm də milli mövqedən çıxış edirdi.
1955-ci ilin noyabrında Pekində səfərdə olarkən böyük şair xəstələnib yatağa düşdü. O, sağalmaz xəstəliyə – ağciyər xərçənginə düçar olmuşdu. 50 yaşının tamam olması münasibətilə ona ilk olaraq «Xalq şairi» adı verildi. Mayın 12-də şairin 50 illik yubileyi böyük təntənə ilə Opera Teatrında qeyd edildi. Ona Lenin ordeni verilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı oxundu. Amma ağır xəstəliyi ucbatından S.Vurğun bu məclisdə iştirak edə bilmir, ancaq radio-reportaja qulaq asırdı.
Səməd Vurğun 1956-cı il mayın 27-də vəfat etdi. Şairi bütün xalq – on minlərlə insan son mənzilə yola saldı. S.Vurğunun məzarı Fəxri xiyabandadır.
Yaradıcılığının ilk dövrü. Milli şeir üslubu uğrunda mübarizə. Böyük şairin yaradıcılığının ilk çağları 1920-ci illərin əvvəllərinə təsadüf edir. Bu illər poeziyamızda həm klassik, həm də xalq şeiri üslubunun işlənməsi ilə səciyyələnirdi. Klassik üslubun qədim tarixi vardı və əruz vəzninə, ərəb və fars dillərindən alınmış sözlərin üstün olduğu bir leksikona əsaslanırdı. Xalq şeiri üslubu isə heca vəzninə, canlı danışıq dilinə və aşıqsayağı poeziya ənənəsinə söykənirdi.
20-ci illərdə hələ ədəbi fikir klassik şeir üslubuna, əruza üstünlük verirdi və bu yöndə, romantik türk şairləri ruhunda yazılan poeziya nümunələri əsl mədəni və savadlı ədəbiyyat sayılırdı. Gənc Səməd də bu üslubda bir sıra romantik ruhlu lirik şeirlər yazmışdı. Onun 1926-cı ildə Dürrəyə həsr olunmuş şeirlərindən biri bu qəbildəndir:
Fikrim düşünür o əski anı,
Dürrə! Səni sevdiyim zamanı.
Röyamı, nədir bu gördüyüm, ah?!
Xülyamı, nədir bu aləm, ey vah?!
Lakin Səmədin yaradıcılığında əruz vəzni keçici bir hal oldu. Tezliklə o bu üslubun öz istedadına yad olduğunu anladı və həmişəlik heca vəzninə, doğma xalq şeiri üslubuna qayıtdı. Lakin Bakı ədəbi mühitində Səməd Vurğunun öz fərdi üslubunun sabitləşməsinə mane olan bir cərəyan da vardı: bu, yeni proletar üslubu kimi qələmə verilən qafiyəsiz şeir idi. Əslində isə Fransa modernist poeziyasından gələn, elitar və eksperimental bir mahiyyət daşıyan sərbəst şeirin proletar ədəbiyyatına heç bir dəxli yox idi. Qafiyəsiz olduğundan belə şeiri az savadlı fəhlə kadrları da yaza bilirdi. S.Vurğun böyük bir sənətkar fəhmi ilə həm əruzun, həm də sərbəst şeirin müasir Azərbaycan milli şeir təfəkkürünə və öz şair təbiətinə yad olduğunu anladı. Sovet gerçəkliyini öz şair dəsti-xətti ilə tərənnüm etməyi qərara aldı. Bu, əsl milli şeir köklərimizə qayıdış idi. S.Vurğun üçün həmin köklərin poeziya tarixində ən parlaq təzahürü Molla Pənah Vaqifin yaradıcılığı idi. Ona həsr etdiyi «Şairin ölümü» (1935) şeirində Vaqifin xalq şeirinə münasibəti barədə Vurğun yazırdı:
Dedin ki, el dili, el şeiri, gərək,
Böyük bir ölkəyə qanad gərərək,
Üfüqdən-üfüqə çapsın atını.
Əziz bir ölkənin xatiratını
Verməyək dağıdan, vuran əllərə,
Doğma sənət gərək bizim ellərə.
Bu dönüşün həm Səməd Vurğunun öz yaradıcılığı baxımından, həm də Azərbaycan şeir dilinin tarixi üçün çox böyük əhəmiyyəti var idi. Heca vəzni Azərbaycan xalqının öz doğma dilinə əsaslanırdı və min illik tarixi olan xalq şeirinin vəzni idi. Ona görə Səməd Vurğunun şeir dilinin və üslubunun misilsiz gözəlliyi sayəsində heca vəzninin və onunla birgə formalaşmış poeziya dilinin alternativsiz olduğu bir daha aydınlaşdı.
Heca vəzni şəriksiz olaraq və həmişəlik Azərbaycan poeziyasının əsas vəzni kimi öz təsdiqini tapdı və ədəbi fikirdə onun ikinci dərəcəli olması barədə təsəvvürlər aradan çıxdı. Əlbəttə, S.Vurğuna qədər də heca vəznində böyük poeziya irsimiz var idi. Lakin məhz S.Vurğunun poetik üslubu və onun yazdığı əsərlər sayəsində hecanın milli şeir düşüncəmizin ən gözəl və ən qüdrətli ifadə tərzi olduğu aydınlaşdı. Bu həqiqətin sübutu Səməd Vurğunun öz yaradıcılıq şöhrəti idi.
Bu, həm də dünya xalqlarının təcrübəsinə uyğun idi: bütün xalqların poeziyası xalqın öz dilinə söykənir və folklor şeirinin əsasını təşkil edən vəzn əsasında tərəqqi edib yüksəlir. Səməd Vurğun da müasir şeir dilini, bir növ, yenidən yaratmış oldu. Ötən əsrin 20-30-cu illərinin mürəkkəb ədəbi axtarışları dövründə Azərbaycan poeziyasına düzgün yol tapmaqda kömək etdi, ədəbiyyatımıza misilsiz xidmət göstərdi. Bunlar böyük şairin milli şeir üslubu uğrunda böyük mübarizəsi idi. O öz şair missiyasını gözəl dərk edir və üslubu haqqında uzaqgörənliklə yazırdı:
Bu odlar yurdunun şeir bayrağı,
Mənim sənətimlə yüksələcəkdir.
Belə də oldu: Böyük Vətən müharibəsindən sonra Bəxtiyar Vahabzadə, Adil Babayev, Atif Zeynallı, İslam Səfərli, Qasım Qasımzadə və başqa şairlər nəsli ədəbiyyata Vurğun üslubuna məhəbbət və pərəstiş hissləri ilə gəldilər.
İkinci Azərbaycan Sovet Respublikasının tərənnümü. 1920-ci ilin 27 aprelində Milli hökuməti təhvil alan Azərbaycan bolşevikləri qanlı bir daxili siyasət aparsalar da, özlərini Azərbaycanın təəssübkeşi və dövlətçisi sayırdılar. N. Nərimanov, M.C.Bağırov, R.Axundov, Ç.İldırım və başqaları belələrindən idi. Sovet Azərbaycanı 1920-ci ildən 1990-cı ilədək 70 il yaşadı, müasir dövlətçilik ənənələrini formalaşdırdı, böyük iqtisadi və mədəni nailiyyətlər qazandı.
Lakin Demokratik Cümhuriyyətlə Azərbaycan Sovet respublikasının ideoloqları və tərəfdarları arasında həmişə ziddiyyətli polemika, hətta qarşılıqlı düşmənçilik hissləri olmuşdur. Buna baxmayaraq, hər iki cəbhənin içində xalqımızı sevən, ona böyük xidmətlər göstərən insanlar var idi. Ona görə də bu gün, müstəqil Azərbaycan dövləti qurulduqdan sonra biz hər iki tərəfə xalqımızın və milli taleyimizin, tariximizin doğma, ayrılmaz dəyərləri və parçaları kimi baxmalıyıq. Çünki həmin dövrlərin dövlətçilik tarixi Azərbaycanın tarixidir. Bu baxımdan Səməd Vurğunun (o cümlədən digər şairlərin) Sovet Azərbaycanının nailiyyətləri haqqında yazdığı qiymətli əsərlərin üzərindən xətt çəkmək olmaz. Bir də ona görə ki, Vurğunun bu qəbildən olan əsərləri yüksək bədii-estetik dəyərə və keyfiyyətə malikdir, onlar Azərbaycan ədəbiyyatının zəngin milli sərvətidir.
Şairin gəncliyində rəğbət bəslədiyi Hüseyn Cavid, Əhməd Cavad kimi görkəmli ədiblərin ünvanına söylədiyi iradlar da bu mübarizə ilə bağlı idi. Biz bunlara ədəbi keçmişimizin faktları kimi yanaşmalı, hər iki tərəfi anlamağa çalışmalıyıq. Lakin bunları qarşı-qarşıya qoymaq səmərəsiz və yanlış bir mövqe olardı.
Poetik azərbaycançılığın yaradılması. 1932-ci ildə bolşevik partiyasının ədəbi təşkilatları yenidən qurmağı tələb edən qərarı çıxmışdı. Bu qərarda burjua millətçiliyi və kosmopolitizm meylləri tənqid olunurdu. O zaman burjua millətçiliyi deyəndə əsasən müsavatçılıq nəzərdə tutulurdu. Digər tərəfdən, Azərbaycanda əruz vəzninin nüfuzu həm də romantik və millətçi türk inqilabi poeziyasının təsiri ilə bağlı idi. Azərbaycan şeirində milli hisslərin güclənməsində böyük xidmətləri olan həmin şairlərə bolşeviklər düşmən kəsilmişdilər. Bu siyasi kampaniyadan Səməd Vurğun ustalıqla istifadə etdi; türk millətçiliyinin əvəzinə Azərbaycan millətçiliyinin poeziya bayrağını qaldırdı. Bu, azərbaycançılıq, vətənpərvərlik məfkurəsi idi. Şair Azərbaycan xalqının böyük qəhrəmanlıq və mədəniyyət tarixini vəsf edib ucaltmağa başladı. Azərbaycanın öz milli şeir üslubu uğrunda mübarizəsi də bu tarixi missiyanın bir hissəsi idi.
Səməd Vurğun o zamanlar çoxlarına məlum və aydın olmayan Azərbaycan sevgisinə, azərbaycanlının milli qürur hisslərinə müraciət etdi və öz poeziyasında bunlara geniş meydan verdi. Millətçiliyi mahiyyətcə ondan az fərqlənən xalqçılıqla, el sevgisi, xalqın varlığına, sadə, köçəri həyat ukladına, el ruhuna pərəstiş hissləri ilə əvəz etdi. Xalqçılıq ideyaları bolşevizmə zidd deyildi və Səməd Vurğun bundan da istifadə etdi. Azərbaycanın öz varlığını axtarmaq və poeziyanın əsas tərənnüm obyektinə çevirmək o zaman çoxlarının ciddi əhəmiyyət vermədiyi, lakin tarixi mənaca böyük bir məfkurə idi. Şair «Komsomol poeması»nda yazırdı:
Nədən şeirimizin baş qəhrəmanı,
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Budur mən açdığım yarış meydanı,
Gəlsin Verxarnı yamsılayanlar,
Çoxdan danışmayan sevgilim hanı?
Belə bir sualın qoyuluşu təkcə ədəbiyyat tarixi üçün yox, xalqımızın milli və dövlətçilik düşüncəsinin tarixi baxımından da mühüm hadisə idi. Artıq 30-cu illərdə S.Vurğun azərbaycanlı kommunistlərin qurduğu ikinci Azərbaycan Sovet Respublikasını bütün mənfi cəhətlərinə baxmayaraq, xalqın milli nailiyyəti, onun varlığının təsdiqi, dünya xəritəsində öz yerini tutması kimi qəbul edirdi. Tarixi gedişat göstərdi ki, Səməd Vurğun bu qənaət və hissiyyatlarında haqlı idi. Çünki himni, bayrağı, sərhədləri, qanunları olan Azərbaycan Sovet Respublikası bir çox faciəli məqamlara baxmayaraq, xalqımızın müasir dövlətçilik şüurunun formalaşmasında mühüm rol oynadı. Şairin bu dövləti tərənnüm edən əsərlərinin əhəmiyyəti böyükdür və onları şübhə altına almaq səhv olardı. Həm də bu səhv 30-cu illərdə Səməd Vurğun xəlqiliyinə mənfi münasibət bəsləyən xırda görüşlü nihilistlərin səhvlərinin təkrarı olardı.
«Azərbaycan» şeiri. Səməd Vurğuna qədər bizim poeziyamızda azərbaycançılıq məfkurəsi, Azərbaycan xalqının öz varlığı ilə fəxarət hissləri, demək olar ki, yox idi. Poeziyada Azərbaycan çox zaman Qafqazın bir parçası kimi təsəvvür edilirdi. Bu da rus şairlərindən gəlmə idi. Hətta Səməd Vurğun özü də əruz vəznində Qafqaz adlı bir şeir yazmışdı: burada hələ üç xalqın yurdu olan Qafqaz obrazı vətən anlayışına yaxındır:
İndi üç qardaşın olmuş vətəni.
Üçü bir yerdə düşündükcə, məni
Anacaqlar, sevəcəklər, bilirəm.
Şair tezliklə anlayır ki, azərbaycanlıların heç kəslə müştərək vətəni yoxdur, bizim vətənimiz Azərbaycandır. Şairin bu nəticəsi Azərbaycan ədəbi və milli düşüncəsi üçün misilsiz əhəmiyyəti olan bir məfkurə idi. Bu məfkurənin əsasını isə böyük azərbaycançılar – A.A.Bakıxanov, M.F.Axundov, N.Nərimanov, C. Məmmədquluzadə, M.Ə. Sabir, M.Ə.Rəsulzadə, C.Cabbarlı qoymuşdu. Bu böyük şəxsiyyətlərin əsl xələfi kimi çıxış edən Səməd Vurğun 1935-ci ildə azərbaycançılığın poetik manifestini – «Azərbaycan» şeirini yazdı.
Azərbaycan vətənpərvərliyinin pasportu olan bu əsər çox sadə bir hissin tərənnümü üzərində qurulub: bu, Səməd Vurğunun azərbaycanlı olması ilə fəxarət hissləridir. Hər bir xalqın poeziyasında bu hissləri qələmə alan ilk şair ən böyük milli şair sayılır. Rus poeziyasında bu şəxs A.S.Puşkindir. Azərbaycanın ən böyük milli şairi isə Səməd Vurğundur.
«Azərbaycan» şeirinin misilsiz ədəbi əhəmiyyəti vardı. Bu, Azərbaycan vətənpərvərliyinin poetik zirvəsidir. Ən ali vətənpərvərlik hissi doğma vətənin varlığı – onun torpağı, suyu, havası, duzu, çörəyi, bir sözlə, hər şeyi ilə səmimi bir fəxarət hissidir, öz xalqına mənsubluqdan qürur hissi keçirməkdir:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır,
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
«Azərbaycan» şeirindəki milli iftixar hissləri təsadüfi bir hal deyildi. Səməd Vurğun özünü xalqımızın əvəzsiz milli şairi kimi dərk edirdi və bunu öz şeirlərində də dəfələrlə ifadə etmişdi. O, hələ 30-cu illərin əvvəllərində otuz poemadan ibarət bir «Azərbaycan» epopeyası yazmaq istəmişdir. Şair bu niyyətlə bir neçə poema yazsa da, layihəsini həyata keçirə bilməmişdir, amma cəsarətlə demək olar ki, Səməd Vurğunun poeziyası bütövlükdə milli qürur hisslərimizi tərənnüm edən epopeyadır.
«Ölən şeirlərim». «Komsomol poeması». Ədəbi dil və sənətkarlıq məsələləri ilə bağlı Səməd Vurğun doğru mövqe tutsa da, proletar poeziyasının fikir platformasına münasibətdə şairin hakim ideologiyadan doğan bəzi səhvləri olmuşdur. Mədəni İnqilab dövründə bütün qədim ədəbiyyat «əski ədəbiyyat» deyə mənfi bir rənglə damğalanmışdı. Proletkultçular yeni proletar mədəniyyəti yaratmağa çağırır, bədii keyfiyyətindən asılı olmayaraq həmin çağırışlara səs verənləri öz qəzet və jurnallarında səxavətlə çap edirdilər. Bu, ədəbiyyatın mahiyyətinə zidd bir yol idi.
Qısa bir dövrdə şair belə ifrat fikirlərin təsirinə düşmüş, 1923–1927-ci illərdə Dürrəyə məhəbbəti ilə əlaqədar yazdığı şeirlərin, yaradıcılığının bu dövründəki kədər, məyusluq, bədbinlik motivlərinin poeziyaya yad olması barədə yanlış qənaətə gəlmişdi. Halbuki bu hisslər hər bir həqiqi poeziyanın mayasını təşkil edir, bunlarsız heç bir böyük şair və poeziya yoxdur. Təəssüf ki, səhv qənaətlərin təsiri ilə şair özünün həmin dövr şeirlərinin böyük əksəriyyətini yandırmış və nəticədə bu, ədəbiyyatımızın böyük itkisi olmuşdur. Bu, həm də böyük şairin öz yaradıcılıq təbiətinə qarşı qəddarlığı, öz yaradıcılıq fərdiyyətini zamanın sifarişinə görə inkar etməsi cəhdi idi.
«Komsomol poeması» göstərdi ki, hər bir şair öz daxili aləminə sadiq qaldıqda, fərdi həyat materialına və müşahidələrinə söykəndikdə daha qüdrətli olur. Bu poema ilə şair «ölən şeirlər»ini, bir növ, bərpa edirdi. Təsadüfi deyil ki, əvvəlcə şair bu əsəri «Dəli şair» adı ilə yazıb Dürrəni sevdiyi vaxtları qələmə almaq istəmişdir. Səməd Vurğun ilhamının ən parlaq əsərlərindən biri olan bu poemada şair Dürrəni sevdiyi 1923-cü ildə Qazaxdan baş götürüb Dilican qəzasına, Qaraqoyunluya getdiyi vaxtların canlı müşahidələrini gözəl bir epik süjetdə birləşdirdi. Əsər komsomol hərəkatının ilk dövrlərində dağ kəndində fəaliyyət göstərən yeddi nəfərlik komsomolçu gəncdən bəhs edir. Şair onların hər birini bitkin xarakter səviyyəsinə qaldırırdı.
Poemadakı Cəlal obrazının prototipi şair özü, sevdiyi Humayın prototipi isə Dürrədir. Bu əsərdə S.Vurğun öz nakam məhəbbətindən bəhs edir: hər iki sevgili köhnəpərəst qüvvələrin qurbanı olaraq öldürülürlər. Faciə, kədər, tənhalıq, bədbinlik motivləri poemada şairin poetik fərdiyyətinin və ilhamının ayrılmaz və qiymətli keyfiyyətləri kimi bir daha təsdiqini tapdı.
Bu poema şeiriyyət baxımından şairin ən gözəl əsəridir, şairin yaradıcı ruhunu ən parlaq əks edən bir abidədir. Burada şair sanki ölən şeirlərinə abidə qoydu, patetik siyasi lirikadan dincəlməyə çalışdı.
Dramaturgiyası. Səməd Vurğunun pyeslərinə qədər Azərbaycan ədəbiyyatında mənzum pyeslər, H.Cavid yaradıcılığında gördüyümüz kimi, əruz vəznində yazılırdı. Böyük xalq şairi bu sahədə də bir novator kimi hərəkət etdi və 30-cu illərin ikinci yarısında bir-birinin ardınca heca vəznində üç mənzum pyes yazdı: «Vaqif» (1937), «Xanlar», (1939), «Fərhad və Şirin» (1941). «İnsan» (1945) dramı isə Böyük Vətən müharibəsindən sonra yazılmışdır.
S.Vurğunun ilk üç pyesi tarixi mövzudadır: bu əsərlərdə biz şairi C. Cabbarlı ənənələrinin davamçısı kimi görürük. Şair öz sələfi kimi, tarixi mövzulardan xalqımızın qədimlərdən gələn taleyi barədə görüşlərini ifadə etmək üçün istifadə edirdi. «Xanlar» pyesində o, Azərbaycan bolşeviklərinin, inqilabçı Xanlar Səfərəliyevin obrazını yaratmışdı. Bu əsərdə İ.V.Stalinin də Koba adı ilə obrazı verilmişdir. Şair başqa əsərlərində olduğu kimi, o dövrdə «xalqlar atası» sayılan Stalini böyük rəğbətlə tərənnüm etmişdir. «Fərhad və Şirin»də S.Vurğun hökmdar və zəmanə, zəhmət, məhəbbət, ideal kimi məsələlərə toxunur.
«İnsan» pyesi şairin müharibə və sülh problemləri barədə fəlsəfi dramı idi. İkinci dünya müharibəsində təkcə SSRİ 30 milyon insan itirmişdi. Bu müharibə bəşəriyyət tarixində ən böyük və dəhşətli fəlakətlərdən biri idi. Müharibənin isti izləri ilə yazılmış romantik və fəlsəfi ruhlu əsərdə şair müharibənin səbəbləri barədə düşünür, insanlığın müharibələr erasından birdəfəlik uzaqlaşmasını arzulayırdı. Çünki dünya müharibələri artıq bəşər sivilizasiyası üçün real bir təhlükə şəklini alırdı.
«Vaqif» pyesi. Əsərin əsas mövzusu Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici qəsbkarlara qarşı mübarizəsidir. Pyesin süjeti tarixdə həqiqətən olmuş hadisələrdən götürülmüşdür. İstilaçı İran şahı Ağaməhəmməd şah Qacar öz qoşunu ilə Azərbaycana soxulmuş, ölkənin bir çox yerlərini qarət edib dağıtmışdı. Şuşa şəhərini alıb orada qərargah qurmuş Qacar elə oradaca öz xidmətçiləri tərəfindən öldürülmüşdür. Tarixdən məlum olan bu hadisələri Səməd Vurğun öz yaradıcı təxəyyülü ilə yenidən işləmiş, xalq qəhrəmanlığını göstərən monumental bir dram yaratmışdır.
Şair tarixdən məlum olan bəzi hadisələrə sərbəst yanaşmışdır. Məsələn, Qarabağ xanlığının başçısı İbrahim xanı mənfi planda vermişdir. Vaqif surətinin özü də tarixdə olduğundan fərqlənir. Lakin buna görə şairi tənqid etmiş mütəxəssislərə haqq qazandırmaq mümkün deyil. Hər sənətkar tarixi süjetlərə öz yaradıcılıq niyyətinə uyğun, öz ideyalarını ifadə etmək üçün müraciət edir.
Konfliktin əsasını istilaçı şah Qacar və ona qarşı duran Azərbaycanın vətənpərvər qüvvələri arasında azadlıq və müstəqillik uğrunda mübarizə təşkil edir: vətənpərvərlər Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif, Eldar, Kürd Musa və başqalarıdır. S.Vurğunun müsbət surətlərinin hamısı Azərbaycanı təmsil edirlər, elə buna görə də şair onların tarixdəki mövqelərinin necə olmasına əhəmiyyət verməmiş, hər şeyi vətənpərvərlik ideyalarının bədii təsdiqinə tabe etmişdir.
Vaqif surəti. Azərbaycanın böyük şairi Molla Pənah Vaqifə şairin uşaqlıqdan böyük məhəbbəti vardı. Vaqif poeziyamız tarixində xalq şeiri üslubunda yazmış ən qüdrətli sənətkar kimi Vurğun üçün xəlqilik rəmzi idi. Elə buna görə də xalqımızın tarixi qəhrəmanlığı mövzusunda yazdığı əsərin baş qəhrəmanı kimi Vaqifi seçdi. Əsərdə Vaqif müdrik vəzir, Azərbaycanın şərəfini təmsil edən qorxmaz bir insandır. Eyni zamanda, Vaqif sarayda yaşasa da, xalqa dərindən bağlı olan bir insandır. Onun gücü həm də el mühiti ilə, xalq içində yaşadığı zaman tanıdığı insanlarla əlaqələrindədir. Vidadi, Eldar kimi xalq nümayəndələri İbrahim xanın sarayına ancaq Vaqifin üzünə gəlirlər.
İbrahim xan – Vaqif qütbləşməsində də Vaqif xalqın, İbrahim xansa pozulmuş zadəganlığın nümayəndəsi kimi verilir. Vətənin ağır günündə xan ancaq özünü, öz varidatını qorumaq barədə düşünür. Vaqif isə vətəni, onu istilaçılardan necə qorumağı düşünür. Ona qarşı duran ikinci mühüm qüvvə Şeyx və satqın müsəlman ruhaniyyətidir. Lakin Vaqif onların hamısından yüksəkdir, ilk növbədə öz zəkası, uzaqgörənliyi ilə. O, vətənin ancaq bugünü haqda yox, həm də sabahı barədə düşünür və bununla saray mühitinin fövqündə durur.
Xalqla dərin əlaqələri Vaqifə imkan verir ki, vətəni yadelli Qacar şahın hücumundan xilas etmək üçün qüvvələri səfərbər etsin, birləşdirsin, müqavimət yarada bilsin. Arvadı Xurmanın xəyanəti ona artıq dərd olur. Amma Vaqif sınıb qəzəblənmir, Xuramanın peşman olub özünü öldürdüyünü eşidəndə humanist bir insan kimi ona acıyır, öz məhəbbətini xatırlayır.
Vaqif İran şahı Qacarla görüşəndə ona baş əymir, şahın iradlarına qarşı deyir:
Dayan, bu bağçanın hər bir budağı,
Üstündə min çiçək, min gül bitirmiş,
Sizin güldüyünüz çoban torpağı,
Nizamilər, Füzulilər yetirmiş!
Əsərin baş qəhrəmanı olan Vaqif Azərbaycanın qürurunun timsalıdır, onun əyilməzlik rəmzidir. Böyük şairin Qacara dediyi sözlərin hamısı Azərbaycanın adındandır. Vaqifin xarakterində romantik monumentallıq vardır. O, şair Vidadiyə deyir:
Yalvarma, yalvarma o cəllada sən!
Hələ baş əyməmiş bu böyük vətən.
Vaqiflə Qacarın deyişməsi səhnəsi əsərin ən maraqlı, ən qüvvətli və təsirli yeridir. Şah Qacarın əsiri kimi səhnəyə gətirilən Vaqif misilsiz, romantik bir cəsarət nümunəsi göstərir, öz xalqının qürurunu şərəflə müdafiə edir. Bu səhnədə Vaqif ölümdən belə qorxmayan, ən çətin vaxtda soyuqqanlı düşüncəsini qoruya bilən bir insandır. O, Azərbaycanı ayağı çarıqlı balaca ölkə adlandıran Qacara layiqincə cavablar verir, onu susdurur. Düşmənlə söz güləşində olsa da, Vaqif qalib çıxır, məhəbbət və rəğbət qazanır.
Azərbaycan xalqının azadlıq mübarizəsi. «Vaqif»də xalqımızın xarici istilaçılara qarşı mübarizə mövzusu xüsusi bədii qüvvə ilə səslənirdi. Kürd Musa, Eldar kimi xalq qəhrəmanlarının obrazları şair tərəfindən xüsusi rəğbətlə yaradılmışdır. El gücünü göstərən kütləvi səhnələr dramın fikir leytmotivində mühüm yer tutur. Bu əsərində S.Vurğun böyük Cabbarlının «Od gəlini» əsərində qoyduğu Azərbaycan xalqının tarixi taleyi mövzusunu inkişaf etdirir. Ədəbiyyatımız üçün yeni və qiymətli olan bu mövzu həm də milli mənlik şüurunun inkişafında bir addım idi.
Əsərdə xaricilərə qarşı başlıca, əsas qüvvə xalqın özüdür. Qoca şair Vidadi surəti xalq köklərini təmsil edən, el gücünə söykənmiş, xalqa güvənən bir obrazdır. O, Vaqifin dostu və yeri gələndə ağsaqqalıdır. Vidadi saray mühitinə qarşı əks qütb olan xalqın timsalıdır. O sarayı və siyasəti qan və bədbəxtlik mənbəyi kimi dərk edir, elə buna görə Vaqifin taleyi üçün narahatlıq keçirir.
Pyesdə müəllifin xəlqilik ovqatı qabarıq əksini tapmışdır: xalq fonu üç səviyyədə verilir. Xalq və kütlə obrazı, el ağsaqqalı Vidadi obrazı, xalqın dövlətini təmsil edən Vaqifin özü. Onlar bir-birini tamamlayır və Azərbaycan xalqının ümumiləşmiş obrazını yaradır. Eldar, Kürd Musa kimi obrazlar həm xalqın oğulları, həm də qılınc vuran qəhrəmanlarıdır. Onlar vətəni qoruyan döyüşçü surətləridir, xalqın sipərləridir. Şair demək istəyirdi ki, xalqın qüdrəti həm də onun özünü müdafiə edə bilməsindədir, torpaq yolunda qanından keçməyi bacarmasındadır.
«Vaqif» pyesi xalq zəfəri ilə, yadellilər üzərində qələbə ilə, Vaqifin şəxsində müdrik başçı ətrafında birləşməklə bitir. Bu sonluq, əslində, xalqın öz ixtiyarını öz əlinə alması, öz mənliyini təsdiqləməsi, müstəqil dövlət və güc kimi birləşməsi demək idi. Əsərdə bu fikirlər aydın səslənə bilməzdi, bolşevik rejimi şəraitində bu, mümkün deyildi. Lakin məhz bu müstəqillik şairin idealı idi.
Qan və terror mövzusu. Şair əsərini 1937-ci ildə, ölkədə qırmızı terrorun tüğyan etdiyi, Azərbaycanın bir çox yazıçı və ziyalısının güllələndiyi vaxtda qələmə almışdır. Dərin qatda «Vaqif» pyesinin o zaman hökm sürən ölçüsüz repressiyalarla müəyyən fikir əlaqəsi var idi. Qan, ölüm, qəddarlıq mövzusu pyesdən qırmızı xətt kimi keçir. Pyesin əsas surətlərindən olan İran şahı Qacarın surəti hakimiyyət və qan, istila və ölüm mövzusunu rəmzi şəkildə ifadə edirdi. Qacarın hakimiyyət fəlsəfəsi belədir:
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır.
Burada şair təkcə müstəbid, tiran Qacara istehza etmir. Çeka zindanlarında on beş dəqiqəyə mühakimə edilib bir neçə saat sonra edam olunan repressiya qurbanları da bolşeviklərin öz hakimiyyətini möhkəmlətmək istəyindən irəli gəlirdi. Şair bunu gözəl başa düşürdü və əsərdə bunu ifadə etməklə misilsiz vətəndaşlıq hünəri, cəsarət göstərirdi. «Vaqif» pyesi böyük şairin 1937-ci il gerçəkləri haqqında ağır düşüncələrinin və həyəcanlarının məhsulu idi.
Qan və siyasi terror motivi Vidadi ilə Vaqifin dialoqlarından da qırmızı xətt kimi keçir. Vidadi dostunu xalq içinə qayıtmağa, sarayı tərk etməyə çağıranda Vaqif də siyasətdə və saraylarda qan məsələsindən danışır. Burada, əslində, Vaqifin dili ilə danışan Səməd Vurğunun özüdür: şair həm M.C. Bağırovla yaxın əlaqələrinə haqq qazandırır, həm də humanist bir sənətkar kimi siyasi və hakimiyyət problemlərinin qan tökmək, kütləvi qətllər aparmaqla həll edilməsinə etirazını bildirir. Vaqifin sarayda vəzifə tutması barədə aşağıdakı sözlərində Vurğunun humanizmi, insan dəyərlərinə, əxlaqlı siyasətə sədaqəti əksini tapır:
Mən orda olmasam, qan çıxar dizə,
Quşlar da ağlayar ellərimizə.
Xan məndən utanır, çəkinir bir az,
Mən getsəm, qırğının hesabı olmaz.
O, bəzən hirslənib quduran zaman
Mənəm zəncirini dartıb saxlayan.
Vaqifin İbrahim xan haqqında, onun sarayı barədə dediyi bu sözlər pyesin mühüm fikir motivlərindən birini ifadə edir. Saraya, qanlı siyasətə, hakimiyyət hərisliyindən doğan qəddarlığa mənfi münasibətini Vaqif həbs olunandan sonra Qacarla görüş səhnəsində də ifadə edir, saray mühitini ahu-zar və bədbəxtlik mənbəyi kimi lənətləyir. Bunların hamısı şairin bolşevik terroruna mənfi münasibətini ifadə edirdi.
Bu baxımdan Qacar surəti də amansız qaniçən kimi təsvir edilməklə pyesin antiterror mövzusunu açan vasitələrdən biridir. O, bədbəxt bir insandır, uşaq ikən siyasi mübarizələr zəminində şikəst edilib axtalanmışdır. Bu şikəstlik onun təbiətində qəddarlıq doğurur. Təbii üsulla özünü təsdiqləyə bilməyən Şah Qacar ölkələrə və xalqlara divan tutmaqla, şəhər və kəndləri dağıtmaqla, insanları heyvan kimi qırdırmaqla təskinlik tapmaq istəyir. Lakin Qacarın bütöv xalqlara, ölkələrə, şəhərlərə, kəndlərə tətbiq etdiyi terror sonda onun özünə qarşı yönəlir: o, öz mühafizəçisi tərəfindən qətlə yetirilir. Qacarın belə sonluğu böyük bir həqiqəti ifadə edir: qan və terrorla, insan qırmaqla nə mənəvi rahatlıq, nə də siyasi təhlükəsizlik mümkündür.
«Vaqif» Azərbaycan ədəbiyyatının ən qiymətli əsərlərindən biridir və 1938-ci ildə Akademik Dram Teatrında səhnəyə qoyulan kimi misilsiz müvəffəqiyyət qazanmışdı. Balaca, ayağı çarıqlı Azərbaycanın böyük Firdovsilər vətəni olan İran imperiyasına qarşı mübarizə motivi şairin yaradıcılığının əsasını təşkil edən alovlu azərbaycançılıq ideyası ilə bağlı idi.
Bədii xüsusiyyətləri. «Vaqif» pyesi Azərbaycan şeir və dram dilinin nadir incisidir. Şairin verdiyi dramatik replikalar isə nəsrlə yazılan dramatik replikalardan daha yığcamdır, həm də yüksək şeiriyyətə malikdir. Poetik şəkildə olsa da, şair Vidadinin, Eldarın, Qacarın, Vaqifin nitqini ustalıqla fərdiləşdirib.
«Vaqif» pyesinin görünməmiş müvəffəqiyyət qazanmasına iki əsas səbəb vardı: bunlardan birincisi əsərin qızğın vətənpərvərlik ruhu, ikincisi isə S.Vurğun poeziyasının misilsiz gözəlliyi idi. Vaqifin səhnədə İran şahı Qacarla üz-üzə gələrək dediyi vətənpərvər monoloqları tamaşaçıların ürəyindən xəbər verir və onların milli qürur hisslərini oxşayırdı. Qacarın Azərbaycanda, Şuşada öldürülməsi faktı şair üçün xüsusi rəmzi məna daşıyırdı.
Əsərin fabulası böyük ustalıqla qurulmuş, monumental, məişət və şəxsi səhnələr üzvi şəkildə əlaqələnib. Bir-birini dinamik şəkildə əvəz edən hadisələr əsərin fikir qayəsini açır, həm də oxucunu gərginlikdə saxlayır. Əsəri yazanda Səməd Vurğun öz sənətkar müdrikliyinin yüksək nöqtəsinə çatmışdı. Əsərdə ən incə siyasi, diplomatik, əxlaqi və fəlsəfi fikirlər yığcam misralarda ustalıqla verilir. Pyesin bir sıra deyimləri: «Soyuq məzara da zinətdir insan», «Dünyada qalacaq yalnız yaradan», «Günəşdən gizlənən yarasalardır» kimi aforizmlərlə işlənmişdir.
Böyük Vətən Müharibəsi dövrü yaradıcılığı. Alman faşizminin vətənə hücumu barədə xəbər verilən gün – 1941-ci il iyunun 22-də Səməd Vurğun «Vətən keşiyində» şeirini yazdı və böyük sənətkara məxsus uzaqgörənliklə faşistlərin öz yurdlarında məğlub ediləcəyini bildirdi:
Bu ellər gecəni qatıb gündüzə,
Faşist ordusuyla gəlib üz-üzə,
Dastanlar yazacaq öz hünəriylə,
Ordular basacaq öz zəfəriylə.
Müharibə illərində şair hərbi paltar geymiş və müharibənin sonunacan cəbhələrdə olmuş, vətənin müdafiəçiləri ilə görüşmüş, onlara xalqımızın azadlıq mübarizələri tarixindən söz açmışdır. Bu dövrdə ədibin «Rəhbərin çağırışı», «Qəhrəmanın hünəri», «Partizan Babaş», «Təzə il sovqatı», «Gözaydınlığı» kimi şeirlərində faşizmə sovet adamının nifrətini, müharibənin tezliklə bitəcəyinə inamını ifadə edir. Ölkənin şöhrətli şairinin belə mərdanə mövqeyi sıravi adamlar, balalarını cəbhəyə yola salan minlərlə ata-ana üçün böyük təskinlik idi. «Şəfqət bacısı» şeirində şair ana və bacılarımızı da səngərlərə, igid əsgərləri qoruyub xilas etməyə çağırır:
Gəl çıxaq cəbhəyə, əmr edir Vətən,
Sən də bu meydanda kükrəyib çağla!
Düşmənin gülləsi dəysə sinəmdən,
Mehriban əlinlə yaramı bağla!
Bu şeirlərin çoxunda şair cəbhədə vuruşan döyüşçünün obrazını yaradır, onun mətinliyini, vətənə sədaqətini, qələbə əzmini tərənnüm edir. Bu döyüşçü sadə bir ailənin övladıdır, xalqın bir parçasıdır. Arxa cəbhədə qalanların hamısı onun haqqında düşünür, ona bir sovqat, yardım, insani təskinlik yollamaq arzusu ilə yaşayırlar.
Şair tərənnüm etdiyi döyüşçülər içərisində azərbaycanlı şahinləri-təyyarəçiləri xüsusi məhəbbətlə sevir və şöhrətləndirirdi. İlk təyyarəçi Azərbaycan qadını haqqında yazdığı «Leyla» şeiri xeyli əvvəl yazılsa da, əsgər nəğməsi kimi səslənirdi. Böyük şair azərbaycanlı döyüşçülərin Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad alması barədə xəbərləri hədsiz bir sevinc və fəxrlə qarşılayır, onlar barədə şeirlər yazırdı. Hərbi mövzu şairin vətənpərvər ruhuna yaxın və doğma idi.
«Muğan» poeması Azərbaycana – ana torpaqlarımıza və doğma ellərimizə həsr olunmuş ən gözəl poemalardan biridir. Əsər böyük tikintiyə həsr olunsa da, lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Müdrik bir sənətkar olan S.Vurğun sosializm quruculuğundan yazsa belə, öz sənətkar fərdiyyətinə sadiq qalır, oçerkçiliyə meyl göstərmir. Əksinə, «Muğan»ı öz ilhamına xas olan romantika ilə dolu nəğmələr şəklində yazır. On doqquz nəğmədən ibarət olan bu əsər şairin Muğana, Kür sahillərinə səyahətinin təsviri ilə başlanır. Azərbaycan təbiətini dərindən duyan və sevən şair üçün Muğan və Kür doğma, müqəddəs adlardır. Hələ poemanın «Təbiət ilhama çağırır məni» leytmotivi ilə açılan proloqunda şair öz poetik niyyətini açır: «Muğan» Azərbaycan təbiəti haqqında bir dastandır və bu dastanın baş qəhrəmanı Muğan təbiətinin özüdür. Burada tərənnüm olunan ilk obrazlardan biri Muğan düzünün gözəli olan qaragöz ceyrandır:
Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran.
On addım kənarda yatmayır təkə,
Gəzinir oylağa baş çəkə-çəkə,
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran.
Poema boyu şair özü əsərin əsas obrazlarından birinə çevrilir. O, gah sürücüsü, gah qoca çobanla, bəzən hətta kosmopolit tənqidçilərlə söhbət və polemika edir. Məlumdur ki, milli şair kimi Səməd Vurğunun böyük, misilsiz, heç bir müasiri ilə müqayisəyə gəlməz şöhrəti bəzi istedadsızlarda paxıllıq hissləri yaradırdı . Onları nəzərdə tutaraq şair yazır:
Kosmopolit tənqidçilər ömrü boyu dandı məni,
Dedi: «Əsl şairlərin nə yurdu var, nə vətəni»
Dedi: – bütün yer üzüdür sənətkarın ana yurdu,
Bizim çoban şairi də saz üstündə şeir qurdu.
… Sizin kimi nökər olub yad ocağı qalamadım,
Vətənimin vüqarı tək vüqarlıdır mənim adım.
Bu sətirlərdə öz poeziyası, məqalə və çıxışları ilə ərsəyə gətirdiyi azərbaycançılıq məfkurəsinin əleyhdarları ilə S.Vurğun arasında daxili bir polemika vardır. Vurğun özünü böyük Azərbaycan məfkurəçisi və böyük milli şair kimi dərk edirdi. Lakin bunu qəbul etmək istəməyənlər – dargözcəsinə şairi «çoban şairi» adlandıranlar yanılırdılar. Səməd Vurğun üçün isə Azərbaycana məxsus hər şey kimi «saz», «çoban şairi» anlayışı da müqəddəs idi. Şair opponentlərini vətənsiz adlandırırdı, çünki Vurğun miqyaslı milli poeziyanı duymamaq ancaq vətən hissindən məhrumluqdan irəli gələ bilərdi.
«Aslan qayası» poeması. Şairin bəzi poemalarında əfsanəvi və tarixi faktlar vəhdətdə verilir. «Aslan qayası» poeması (1938) da belədir. Poemanın süjeti iki elementdən ibarətdir. Birinci element Ağ at, ağ çuxa barədə el əfsanəsidir. Bu, xalq içindən çıxmış kasıb, amma qoçaq və igid Aslan haqqında rəvayətdir. Ağ at şah qızının mindiyi atdır. Bu at şah qızından başqa heç kəsi yaxına qoymur. Şah elan edir ki, kim Ağ atı minib cıdırda qalib gəlsə, qızını ona verəcəkdir. S.Vurğun bu əfsanəni 1806-cı il fevral ayının 8-də İçərişəhərin Qoşa qala qapıları ağzında rus generalı Sisianovun şəhərin açarını təhvil alma mərasimi zamanı qətlə yetirilməsi haqqında tarixi faktla birləşdirmişdi.
Böyük şairin bu mövzuya müraciəti böyük ədəbi cəsarət idi: general Sisianovun öldürülməsi xalq yaddaşında həmişə balaca xalqın böyük rus imperiyasından intiqamı, böyük mənəvi qələbəsi fikri kimi yaşamışdır. «Aslan qayası»nda 1806-cı ildə Bakı xanı olmuş Mehdiqulu xan əfsanəvi xanın, onun qızı Mahnigar xan qızının, əfsanəvi qəhrəman Aslan isə tarixdə Sisianovu öldürmüş tarixi şəxsin yerini tutur.
Mehdiqulu xan özünə arxa axtararaq cıdırda qonşu xanların oğlanlarının iştirakına imkan yaradır ki, qızı Mahnigar onlardan birinə qismət olsun və bu yolla öz hakimiyyətinə dayaq qazansın. Lakin onların heç biri Ağ atı ram edib onu minə bilmir. Ağ atı ancaq Aslan minə bilir və cıdırda qalib gəlir. Şair Aslanı el qəhrəmanı, dastan qəhrəmanı kimi tərənnüm və təqdim edir:
Baş əymədin xanlara,
Sığındın ormanlara.
Yurdun oldu yaylaqlar,
Durna gözlü bulaqlar.
Adın düşdü dillərə,
Bayraq oldun ellərə.
Cütçülərin ağzında,
Aşıqların sazında
Dinlədik dastanını,
Ellər qəhrəmanını.
Şair o dövrün tələbinə uyğun olaraq qəhrəmanlarını sinfi əlamət üzrə qütbləşdirir: Bakı xanı Mehdiqulu xan və Sisianov hakim sinfin nümayəndələri kimi mənfi planda verilir. Onların hər ikisi qəddar və öz hakimiyyətlərini hər şeydən yüksək tutan adamlardır. Mehdiqulu xan Bakının açarlarını Sisianova verməyə hazırdır, bu barədə əmr verir:
– Hardadır açar?
Aparın! Aparın, verin knyaza,
Güvənsin Rusiya böyük Qafqaza.
Qeyd edək ki, Mehdiqulu xan xalq yaddaşında müsbət bir şəxs idi, xalqın intiqamını almış bir şəxs kimi qalmışdı. Poemada belə verilsəydi, şübhəsiz ki, o zaman şairi millətçilikdə günahlandırardılar. Şair tarixi faktları bolşevik ideologiyasına uyğunlaşdırsa da, onun bu poeması barədə o vaxtlar ədəbiyyatçılar belə fikir söyləməyə ehtiyat etmişdilər.
Poemaları. Şairin müxtəlif illərdə yazdığı poemalarını mövzu baxımından üç qrupa ayırmaq olar. 1. Əfsanəvi mövzulara həsr olunmuş poemalar. 2. Tarixi mövzulara həsr olunmuş poemalar. 3. Sovet həyatını əks edən poemalar.
30-cu illərdə poeziyada folklora, xalq ədəbiyyatının toplanmasına və nəşrinə xüsusi diqqət yetirilirdi. Keçmiş əsrlərin ədəbiyyatına inkarçılıqla baxan bolşevik ideoloqları xalq ədəbiyyatına zəhmətkeş siniflərin ədəbiyyatı kimi yüksək qiymət verir, oradakı dastan, nağıl, əfsanə, mif süjetlərindən istifadəyə xəlqilik kimi baxırdılar. Səməd Vurğunun da poemalarının bir qismi xalq əfsanə və süjetləri əsasında yazılmışdı. Bunlardan «Bulaq əfsanəsi», «Qız qayası», «Aslan qayası», «Ayın əfsanəsi», «Hörmüz və Əhrimən» kimi poemaları qeyd etmək olar.
Əfsanəvi süjetlər S.Vurğunu ən çox xəlqi ruhu, el xarakterini və mənəviyyatını tərənnüm etmək imkanı ilə cəlb edirdi. O biri tərəfdən, folklor süjetlərinin özünəməxsus romantikası da şairi cəlb edirdi: təmiz və uca insan arzuları, şair xəyalı üçün geniş meydan açılması, uca xalq ideallarını tərənnüm etmək imkanı şairə doğma idi. S.Vurğun poeziyasının romantikası bu süjetlər vasitəsilə pərvazlanır, azadlıq və xoşbəxtlik, xeyir və şər, ədalət və zülm, sədaqət və xəyanət, məhəbbət və gözəllik haqqında parlaq nəğmələr qoşmasına imkan yaradırdı.
Səməd Vurğunun tarixi mövzularda qələmə aldığı poemaları onun müasir, sovet mövzulu poemalarına yaxındır: bu yaxınlıq, ilk növbədə, şairin həmin mövzuya münasibəti, tərənnüm etdiyi ideya və motivlərlə şərtlənirdi. «Zamanın bayraqdarı», «Dar ağacı», «26-lar», «Üsyan», «Macəra» kimi poemaları bu qəbildəndir.
«Aygün» mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Azərbaycan qadınlarının ağır taleyi onun çoxlu şeir və poemalarında özünü büruzə verən motivdir.
Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini «Aygün» romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır. Aygün məhz bu cür bir qadındır. Romanın əvvəlində o, ərinə və ailəsinə görə öz sənətini, bəstəkarlıq təhsilini yarıda qoyub aqronom olan əri ilə kəndə gedir.
Lakin onların ailəsi həyatın sınaqlarına dözə bilmir: Aygün öz qızını tək böyütməli olur. Bakıya qayıdıb bəstəkarlıq təhsilini davam etdirir, ölkənin tanınmış bir bəstəkarı kimi yetişir. Lakin o, ilk sevgisinə sadiqdir, yenidən ailə qurmaq üçün bütün təklifləri rədd edir. Roman Aygünün Əmirxanla yenidən birləşəcəyi ehtimalı ilə bitir. Şair sevimli qəhrəmanı olan Aygünü romantik cizgilərlə səciyyələndirir. Aygün romantik sədaqət rəmzidir, şairin qadın idealıdır.
Tərcümələri. Səməd Vurğunun parlaq istedadı onun tərcümələrində də özünü büruzə verirdi. O öz yaradıcılıq təbiətinə yaxın olan şairləri çevirməyə daha artıq üstünlük vermişdir. Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan», A.S. Puşkinin «Yevgeni Onegin», Nizaminin «Leyli və Məcnun», A.M.Qorkinin «Qız və ölüm» poemalarını, İ.Çavçavadzenin «Şair», «Vətən», C.Cambulun «Ellər baharı» şeirlərini ana dilinə çevirmişdir. Şairin tərcümələri öz orijinal əsərlərindən bədii keyfiyyət baxımından, demək olar ki, fərqlənmir. Bu tərcümələrdə Azərbaycan şeir dilinin imkanları Səməd Vurğunun istedadı sayəsində daha da genişlənmişdir.
«Yevgeni Onegin» poemasının tərcüməsi şairin yaradıcılığında xüsusi hadisəyə çevrilmişdir. A.S.Puşkin poeziyasını uşaqlıqdan sevən, onu özünə nümunə sayan S.Vurğun bu əsərin tərcüməsinə bütün istedadını sərf etmiş və böyük uğur qazanmışdır. Şair A.S.Puşkin poemasının formasını da olduğu kimi saxlamış, poemanın hər sətrindəki fikirləri heyrətamiz bir dəqiqliklə Azərbaycan dilinə çevirmişdir. Maraqlıdır ki, bu əsərin tərcüməsini oxuyanda onun sətirlərində tərcümə üslubunun əlamətlərini duymaq mümkünsüzdür. Çünki S.Vurğun sanki rus poeziyasında ayrıca yeri olan bu böyük əsəri yenidən öz əsəri kimi yazmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.