Sənan ibrahimov uzaq şərq ədəbiyyatı kitabı
Bir dəfə də başqa nömrə ilə atasına zəng eləyib. Başqa səslə atasına «Mübarizin dostudu danışan. Mübariz ermənilərin üstünə getdi.. döyüşə… ölməyə…» deyib. Dəstəyin bu başında atasının iniltisini eşidib. Ürəyi dayanmayıb. Tezcə: «Ata, mənəm, Mübarizdi! Narahat olma, zarafat eləyirdim… bağışla, bilmirəm, niyə ağlıma belə bir şey gəldi…».
Milli Qəhrəman Mübariz İbrahimovun həyatı haqqında
Jurnalist deyil, oğlunu itirmiş valideynlərə başsağlığı vermək istəyən el adamı kimi getdim Mübarizgilə. Qardaşımla və təsadüfən Biləsuvar rayonunda dincəlməyə gəlmiş yazıçı Pərviz Cəbrayılla. Nə qara, rəsmi paltar geyindim, nə başımı örtdüm. Saxtakarlığın yeri deyildi. Qıvraq şalvarda, qoluaçıq köynəkdə getdim onun evinə. Üzümə baxacaqlarsa, elə bu paltarda baxsınlar. Yox, baxmayacaqlarsa, deməli, mən doğrudan da onun doğmalarının diqqətinə layiq deyil
Əliabad kəndində Mübarizgilin evinin yerini bizə elə onun özü verdi. Yol uzunu bütün darvazalara vurulumuş şəkilləri tutub, getdik və Mübarizgilin evinə çıxdıq.
Kasıb, səliqəsiz həyət. Həyətin yeganə lüksü olan daş hasarın isə Mübarizin ölümündən sonra tələm-tələsik hörüldüyü hiss olunur.
Bu gün düz 39-cu gündür ki, o şəhid olub. Sabah qırxıdır. Sabah yas çadırı, həyət, ev, küçə izdihamla dolacaq. Ağlaşma səsi, vurnuxma bu həyəti, yas çadırını, kəndi başına alacaq. Amma bu gün, Mübarizin ölümünün 39-cu günündə qurulub, hazır dayanmış yas çadırının altında atası Ağakərim kişi, qardaşı Bəhruz tək-təkcənə oturmuşdular, vəssalam.
Həyətə utana-utana keçdim. Camaatın oğlu ölmüşdü, mənsə başsağlığına gəlmişdim. Nə qədər böyük acizlik, nə qədər rəzil bir şeydi doğmasını itirmiş adama başsağlığı vermək. Bacarırdın, xilas eləyəydin, bacarmamısansa, bir qıraqda utan, vəssalam…
Salamlaşan kimi Ağakərim kişinin ürəkdən və əsl qonaqpərvərliklə dediyi «xoş gəlmisiniz» sözü məni şillə kimi tutdu. Pərvizlə qardaşım kişilərin yanında qaldılar. Mənsə biş-düş yerində əlləşən qadınlardan birinə qoşulub, içəri, Mübarizin anasının yanına getdim.
Məni içəri aparan qadın ən yaxın qohumların arasında oturan Şamama xalanı göstərib, «Mübarizin anası odur» dedi. Sakitcə, fağır-fağır oturan qadın başı ilə salamlaşdı. Yaxınlaşıb üzündən öpdum və yas məclisi üçün uyğun olmayan paltarıma görə qadınların hamısından üzr istədim. Tez-tələsik cavab verən isə elə şəhid anasının özü oldu:
– O nə sözdü, a bala?! Yaydı, istidi, hərənin də bir geyimi var, niyə üzr istəyirsən? Balamı istiyib gəlmisən, xoş gəlmisən. Otur, qızım, otur. Ay qız, ordan bir şey gətirin, qız ayağının üstünə örtsün. Otur, qızım, ayağını da uzat, narahat olma.
Məni ağlamaq tutdu. Bu canıyananlığı 22 yaşında oğul itirib, meyitini geri ala bilməyən ana eləyirdi. Kənd qadını, ali təhsil, yüksək cəmiyyət görməyən qadın. Gəl, bundan sonra bu xalqın xislətindən baş aç, başa düş…
Nə jurnalist olduğumu dedim, nə yazmaq fikrimi bildirdim. Qonşu kimi, el adamı kimi danışdıq Mübarizin anası ilə. Hərdən oğlunun artıq həyatda olmadığını unudub, onun barəsində gülə-gülə, cuşa gəlib, əlini dizimə çırpa-çırpa danışırdı. Arabir oğlunun artıq öldüyünü xatırlayıb, qəhərdən boğulurdu, gözünün yaşını saxlaya bilməyib ağlayır, sonra gözünün nəmini yaylığının ucu ilə qurulayıb, təzədən danışırdı.
Hər şeyi danışdı mənə Şamama xala.
Sonra bibisi danışdı, sonra atası, sonra qardaşı…
Mübarizin doğulan günündən şəhid olana kimi keçdiyi bütün ömür yolunu. Əlbəttə, ana, ata, bibi, qardaş kimi bildikləri qədərini. Bir də ki, lap onu tanıyan bütün adamlar danışsın…
22 illik ömrə nə sığdırmaq olardı axı?
Biləsuvar rayonunun Əliabad kəndində, 1988-ci ilin fevral ayının 7-də dünyaya gəlib Mübariz. Ömrünün son illərini yaşayan Sovet İttifaqının kəndində, sovet kolxozunda aqronom işləyən Ağakərim kişinin sadə və kasıb ailəsində. Və həm də seyid ailəsində.
Üç qardaş olublar – Bəhruz, Rəşad, Mübariz. Mübariz kiçiyi olub ailənin. Sarışın, qız kimi utancaq oğlan uşağı. Anası Şamama arvad çöl işinə, tarlaya, sahəyə işləməyə gedəndə böyük qardaşlarının yanında, həyətdəki qum topasının üstündə qoyub gedib Mübarizi. Hər gün də işdən qayıdanda balaca oğlunun elə oradaca oynadığını görüb. Böyüklər qonum-qonşunun həyətinə, qonşu uşaqları ilə oynamağa qaçanda belə, Mübarizin qum topasının üstündən tərpənməyib.
Gələcəyin Milli Qəhrəmanı bütün oğlan uşaqları kimi, boş siqaret qutularından «vaqon» düzəldib, təkbaşına «qatar-qatar» oynayıb.
Bir az böyüyəndən sonra da, bütün kənd uşaqları necə yaşayıbsa, eləcə yaşayıb Mübariz. Qardaşları ilə qoyun-quzu otarıb, həyət-bacadakı işlərə kömək eləyib, çöldə çalınan otu yığıb, kip daşıyıb, su gətirib. Anasının dediyinə görə, iş görəndə balaca olduğuna görə utanırmış. Böyük qardaşlarından daha güclü görünmək üçün, onlar bir kip aparanda Mübariz ikisini aparmağa çalışıb.
Qoyun-quzunu adətən, böyük qardaşı Bəhruzla otarırmış Mübariz. Bir dəfə örüşdə quzuları başlı-başına buraxıb iki qardaş. Başları çaydan balıq tutmağa qarışıb. Bəhruzun danışdığına görə, həmin gün çayda balıq o qədər bol olub ki, çoxlu balıq tutub, evdəkiləri sevindirmək istəyiblər. Gözdən uzaq qalan quzular da özlərini yulğunluğa verib. Və qardaşlar bir də dəhşətli mələrtiyə ayılıblar. Özünü tez quzulara çatdıran Bəhruz görüb ki, çaqqallar az qala hamısını yaralayıb. Qışqırıb, Mübarizi köməyə çağırıb. Qışqıra-qışqıra gələn Mübarizin səsi çaqqal sürüsünü ürküdüb. İki qardaş çomaq-çomağa verib, quzularını birtəhər xilas eləyə biliblər. Amma əksəriyyətinin yaralandığını görən Mübariz həmin gün ağlayıb:
– Qaqaş, biz niyə balıq tuturduq axı… bax, çaqqal quzularımızı yedi…
Mübarizin həmin vaxt 9 yaşı olub…
Altıncı sinfə qədər yaxşı oxuyub Mübariz. Əlaçı da demək olarmış. Məktəbdə yaxşı oxumağıyla yanaşı, həm də tərbiyəli, abır-həyalı olduğuna görə də seviblər onu. Müəllimlər də, şagirdlər də. Həmişə ən gücsüz, zəif uşaqlarla dostluq eləyib. Güclü uşaq gücsüzü döyəndə dayana bilməyib, qarşısındakıların sayı bir olsun, beş olsun, fərqi yoxdur, davaya qoşulub. Döyüb də, döyülüb də… əsas odu ki, haqsızlığa dözə bilməyib heç vaxt.
Altıncı sinifdən sonra dərsə marağı azalıb. Bu vaxta qədər də çox ünsiyyətcil, deyib-gülən olmayan uşaq daha da qaraqabaq olub, daha çox özünə qapanıb. Dərsdən soyuyub, kənd uşaqları, sinif yoldaşları ilə daha az vaxt keçirib. Anası demiş, yeməyini yeyib, həyət-bacadakı işlərini görüb, vəssalam. Dini kitablardan, hədislərdən başqa kitablara-filan marağı olmayıb. Onsuz da çox get-gəlli olmadığı, qonşuluqda yaşayan bibilərinin də evlərində ayağını kəsib. Sayı üçü keçən bibilərindən biri hətta qardaşı oğlunun artıq həyatda olmadığını unudub, ondan şikayətləndi də: «Böyük qardaşları bizə gəlirdi, amma o ayda-ildə bir dəfə gələrdi. Onda da qapıdan qayıdardı».
Yeniyetməlik çağındakı bütün oğlanlar kimi davalı filmlərə baxıb, Van Dammı, Silvester Staloneni, Brüs Lini kumir bilib, sevib, onlara oxşamaq istəyib. Başqa necə ola bilərdi axı: Bir yanında dünyanı xilas etməyə girişən film qəhrəmanları, bir yanda isə hər gün televizorda göstərilən faciəli kadrlar – Xocalı, 20 yanvar faciələri, qaçqın düşərgələri, çadır şəhərcikləri…
Ömründə bircə dəfə qol qaldırıb, oynayıb Mübariz. Toyda yox, toya gedən, çal-çağıra qoşulan deyilmiş. Ömründəki bircə dəfə oynamağı da birinci sinifdə oxuyanda, «Əlifba» bayramında olub. Qəfil o vaxtlar çox dəbdə olan, dillərdən düşməyən «Əsgər marşı»nı səsləndiriblər. Mübariz hamıdan birinci oynayıb o marşa. Üstəlik, atası Ağakərim kişini də oyuna dəvət eləyib. Zorla yerindən qaldırıb atasını. Məcbur «Əsgər marşı»na oynadıb kişini.
İdmanla uşaqlıqdan məşğul olmağa başlayıb. Qardaşı Bəhruz idmançı imiş. Ona deyib ki, məni də öyrət. Məktəbin idman zalında bir yerdə məşq eləməyə başlayıblar. Aylarla məşq eləyiblər. Sonra Bəhruz əsgər gedib. Və qayıdanda evin sonbeşiyini tanıya bilməyib: sısqa, cılız Mübarizin əvəzinə boy-buxunda, əzələdə özündən qat-qat iri, möhtəşəm bir oğlan çıxarıblar onun qarşısına. Qardaş həvəslənib:
– Bəlkə səni idman institutuna qoyaq? – deyib.
Mübariz isə etiraz eləyib:
– İdmançı, idman müəllimi olmaq üçün də savad lazımdı. Mənim savadım yoxdu axı. Çox da idmançı kimi bədənim var…
Və əsgərliyə də bu görkəmdə, bu gücdə, bu iradədə gedib Mübariz.
Cəbhə bölgəsinə düşmək istəyib. Ordumuzdakı bəzi «qeyri-rəsmi qanun»lardan yaxşı başı çıxan Mübariz evdəkilərə bərk-bərk tapşırıb ki, onun yaxşı yerə düşməyi üçün heç kimdən xahiş eləməsinlər. Heç kimə rüşvət təklif etməsinlər.
Əsgərliyini Bakıda çəkməli olub. Mübariz atasına zəng eləyib, «Məni bura pul verib, saldırdığını bilsəm, heç birinizi bağışlamayacam…» deyib.
Əsgərliyi də rahat keçib gələcək Milli Qəhrəmanın. Heç kimi incitməyib, heç kimdən də şikayətçi olmayıb. Nə evə zəng eləyib, nəsə istədiyi olub, nə bir problemi. Cəmi bircə dəfə də anasıyla atası onun yanına gedib. Bir qıraqda, yerdə süfrə açıb, oturub, hamılıqla bir tikə çörək yeyiblər. Və bir xatirə şəkli çəkdiriblər.
İki dəfə məzuniyyətə gəlib Mübariz əsgərliyini çəkəndə. Biri qanuni məzuniyyəti olub, birini isə ordudakı məşqlər zamanı şübhəli şəxsi uğurla yaxaladığına görə təşəkkür əlaməti olaraq veriblər. Hər iki məzuniyyətini evdə keçirib. Doyunca anası ilə qalıb, bibilərinə baş çəkib. Həyat yoldaşını itirib dul qalmış bibisinin oğlunu qucaqlayıb, cibinə pul qoyub. Və əsgərliyini bitirmək üçün təzədən Bakıya qayıdıb.
Elə əsgərliyi bitirəndən sonra da evə qayıdıb. Anası deyir: «Uşağım qızdan-gəlindən həyalıydı. Evdən başqa heç haranın yolunu tanımırdı». Namaz qılmağından əsgərlikdə də vaz keçməyibmiş. Hətta evə qayıdanda çantasında təzə, qəşəng bir canamaz da tapıb Şamama xala. Gözü düşüb canamaza, «bunu ver, anan namaz qılsın» deyib oğluna. Mübariz canamazını verməyib: «Bunu əsgərlikdə işlətmişəm. Toz-zad basıb, kirlidi. Sənə təzəsini alaram işləyəndə».
Bir aydan da az müddətdə dincəlib evlərində. Yenə həyət-baca, çöl-bayır işlərindən yapışıb, atasına, qardaşlarına kömək eləyib. Sonra keçmiş komandirinin vasitəçiliyi ilə Bakıda işə düzəlib. Banklardan birində mühafizəçi. Və 11 ay mühafizəçi işləyib.
600 manat maaş alırmış Mübariz. Tən yarısını özü xərcləyirmiş, tən yarısını evə göndərirmiş. Bir neçə dəfə rayona, doğmalarının yanına gəlib işləyəndə. Anasına söz verdiyi canamazı, bir dənə də jaket alıb. Atasına isə araqçın. Anasına aldığı jaket bir az dar olub. Məyus olub, amma anasını yenə sevindirmək istəyib: «Eybi yoxdu, pul verərəm, özün əyninə olanını alarsan» deyib. Dul bibisinin özünə, uşağına şirniyyat gətirib, pul verib. Bir dəfə də kəndə gələndə dindar xanımlar üçün baş örtüyü alıb anasına. Ana-balanın arasında yarıgerçək, yarızarafat dialoq belə olub:
– Namaz qılanda bunu örtərsən.
Anası bir tüllü-ipəkli baş örtüyünə, bir özünə, bir Mübarizə baxıb, gülüb:
– Qadan alım, bu incə-mincə qızlar üçündü, mənə yaraşmaz ki… neynək, saxlayaram, namaz qılan qız alarsan, ona verərəm.
– Yox, ana. Bunu yadından çıxart. Mən heç kimin qızın alıb, bədbəxt eləyə bilmərəm.
– Bıy, qadan alım, bədbəxt niyə eləyirsən? Nolub ki, sənə?
Mübariz susub. Və bir azdan:
– Mənim yolum ayrıdı… – deyib.
Bu söhbətdən bir az sonra qəfildən ərizəsini yazıb, könüllü işdən gedib. Evə qayıdıb, ata-anasına gizir olmaq niyyətini bildirib. Nə Ağakərim kişi, nə Şamama xala razı olmayıblar. İkisi də inad eləyib, fikrindən daşındırmağa çalışıblar. Mübariz gizir olmaq fikrindən dönüb, amma işinə qayıtmayıb:
– Mən orada demişəm ki, gizir olmağa gedirəm. İndi tüpürdüyümü nətəhər yalayım? Lap fəhləlik də eləyərəm, amma həmin işə qayıtmayacam.
Dediyi kimi də eləyib. Bir müddət tikintidə fəhlə işləyib. Sonra idman zallarının birində məşqçi kimi çalışıb. Sonra da Bibiheybət məscidində bağban işinə düzəlib. Qardaşı Bəhruzla bir yerdə.
Qadın-qız məsələsində inanılmaz dərəcədə möhkəm biri olub Mübariz. Deyilənə görə nə məktəbdə, nə sonralar başını qaldırıb, bir qızın üzünə də baxmayıb. İş yerində, şəhərdə, kənddə qızlar nə qədər ona tərəf boylansalar da, özünü o yerə qoymayıb. Qardaşı Bəhruzun dediyinə görə sevdiyi bir qız da olmayıb. Hətta Bibiheybət məscidində nəzir qoymağa, dua elməyə gələn qızlar onu cırnadırmışlar utancaqlığına görə. Danışdırmaq, zarafatlaşmaq istəyirmişlər. O isə qulaqlarına qədər qızarıb, uzaqlaşır, qızlar çıxıb gedənə qədər hücrələrdən birində gizlənirmiş. Bir dəfə qardaşı ilə birlikdə metro ilə harasa gedirmişlər. «Sahil» stansiyasında çox gözəl bir qız minib qatara. Mübarizə bir dəfə baxıb və gözünü çəkməyib. Bəhruz deyir ki, «Mübariz qızın ona baxdığını heç görmürdü də. Heç vaxt başını qaldırmırdı axı». Bir neçə stansiyadan sonra hövsələsi tükənən qız özü yaxınlaşıb Mübarizə. Tanış olmaq istədiyini deyib. Mübariz yenə qulaqlarına qədər qızarıb:
– Bacı, çıx get, mən sən deyən adamlardan deyiləm. Məni günaha batırma.
Qız pərtliyindən, heyrətindən və hirsindən min rəng alıb, çıxıb gedib.
– Qızlarla tanış olub, aldadan, gün keçirən oğlanlara yazığım gəlir. O dünyada bunun cavabını necə verəcəklər? – deyib qardaşına.
Altı aydan sonra yenə kəndə qayıdıb Mübariz. Gizir olmaq istədiyini deyib, valideynlərinin razılığını istəyib. Bu dəfə anası yumşalıb. Kişini də o dilə tutub:
– Ta görürsən ki, əl çəkmir. Qoy getsin. Bəlkə elə naxışı bunda gətirəcək?
Və bununla da gələcək Milli Qəhrəmanın gələcək şücaətinin bəxti açılıb.
Altı ay gizirlik kursu oxuyub. Altı aydan sonra evə zəng eləyib:
– Ata, yuxuda sənin əl-ayağını öpdüyümü görmüşəm. Deyəsən yaxşı yerə düşəcəm axı.
Evdə hamı sevinib. Onun «yaxşı yer» deyəndə nəyi, haranı nəzərdə tutduğunu heç kim bilməyib. Və bir neçə gündən sonra Mübarizin cəbhə bölgəsinə düşdüyü məlum olub.
İşinə başlayandan bir ay sonra evə gəlib Mübariz. Anası boynunu qucaqlayıb. Sonra çantasını alıb, özü aparıb evə. Ana-bala qol-boyun getdikləri yerdə Mübariz anasının ağladığını görüb.
– Ay ana, sən niyə ağlayırsan?
– Heç, ay Mubu, darıxmışdım səndən ötrü, Allah haqqı elə ona görə… vallah, başqa heç nə yoxdu…
Səhəri gün anası onun paltarlarını günə sərib:
– Biti-birəsi dağılsın. Sən təmizlik xoşlayansan, bala.
– Təmizlik xoşlayanda bit-birə olar? Əziyyət çəkmə bit-birə yoxdu. Amma yenə sən bilən məsləhətdi, nə qədər istəyirsən, günə sər.
Sonra evdəkilərlə söhbət eləyib, deyib ki, nəyi gözləyirsiniz, böyük qardaşlarımı evləndirin. Məndən sizə haray yoxdu, məni bilmək olmaz. Atası özünü tox tutub:
– Neynək? Üç oğlum var, qoy biri də vətənə fəda olsun…
Mübariz heyrətə gəlib:
– Nə? Nə dedin? Onu bir də de!
Və atasına həmin cümləni bir dəfə də dedizdirib. Bu dəfə telefona yazıb atasının «bəyanatı»nı. Və əlində sübut kimi saxlayıb.
Mən onlara gedən gün bölmədən Mübarizin paltarlarını, şəxsi əşyalarını gətirmişdilər. Əşyalarının arasında onun telefonu, telefonda da həmin yazı vardı…
Bir dəfə də başqa nömrə ilə atasına zəng eləyib. Başqa səslə atasına «Mübarizin dostudu danışan. Mübariz ermənilərin üstünə getdi.. döyüşə… ölməyə…» deyib. Dəstəyin bu başında atasının iniltisini eşidib. Ürəyi dayanmayıb. Tezcə: «Ata, mənəm, Mübarizdi! Narahat olma, zarafat eləyirdim… bağışla, bilmirəm, niyə ağlıma belə bir şey gəldi…».
Sonra könüllü şəkildə ərizə yazıb, sərhəd bölgələrindən ermənilərlə ən yaxın olanına salınmağını xahiş eləyib… və… və gerisi hamınıza məlumdu…
Şamama xala Mübarizlə çəkilən bütün şəkillərini göstərdi mənə. Bircə-bircə, yorulmadan, arada gülüb, arada ağlaya-ağlaya, bütün şəkillərin tarixçəsini izah eləyə-eləyə. Beşini seçdim o şəkillərin arasından. Uşaqlıq şəkli, yeniyetməlik vaxtı, əsgərlik illərindən, məşq vaxtından çəkilmə və xidmət başında olan beş şəkil. Ömrünün beş dövrünün şəkillərini.
22 ilə bu beş dövrdən başqa nə sığışdırmaq olardı ki?
Söhbətimizi bitirəndən sonra gözüm həyətdə, Mübarizin böyüdülmüş şəklinin altındakı masanın üstünə qoyulmuş xatirə dəftərinə sataşdı. Yasa gələnlər ürək sözlərini yazmışdılar. Dəftəri vərəqlədim. Gözümə tanış ad dəymədi. Hərbçilərin, dindarların, kənd camaatından kimlərinsə ürək sözləri idi…qələmi götürdüm…
Bayaq, evdə, Şamama xalanın yanında bir şəklin keçmişdi əlimə, Mübariz. 19 yaşının, əsgərlik vaxtının şəkli. Hələ çox əzələli, hələ belə nəhəng görünmədiyin şəklin. O şəkildə gözəl olan, cazibədar olan ancaq sənin üzün, baxışlarındı. Üzündəki təmizlik, saflıqdı. Şəklinə baxıram: bütün ölkəyə, bütün doğmalarına qısqanası üzün varmış o yaşda. O şeyləri ki, sənin barəndə mənə danışıblar, onlardan bildiyim, gəldiyim bir qənaət var: yeddi yaş balaca idin məndən, amma yeddi yaş böyük olsan da, sevməzdin məni. Yeddi ömür qarşına çıxıb, yeddisində də sənə vurulsaydım, yenə sevməzdin. Sənə zəng eləməkdən yeddi telefon köhnəltsəm, yetmiş min sevgi məktubu yazsam, yenə sevməzdin. Sənin yolun başqa idi, sənin həsrətin, sənin sevgin başqa idi. Bəzən elə şeylər olur ki, sən onu dəyişməkdə aciz qalırsan. Sənə başını aşağı salıb, yaşamaqdan başqa heç nə qalmır, vəssalam. Ən çətini də elə budur. Yaşamaqdan başqa heç nə eləyə bilmədiyini bilə-bilə yaşamaq. Sən başını aşağı salıb, yaşaya bilmədin, başını dik tutub, həlak oldun.
Bizim mübarizələrimiz çox fərqliydi, bəlkə də bir-birinə düşmən idi, Mübariz. Amma üsul nə olur-olsun, nəticə nə olur-olsun: hər zaman şanlı mübarizələrdə!
İçimdən gələnlərin hamısını bura, sonuncu cümləni isə atan Ağakərim kişinin həyətində, sənin şəklinin altında qoyulmuş dəftərə yazdım.
Mübarizin şücaət və ölüm xəbərini eşidəndə mən Biləsuvar rayonunda idim. Tiflis səfərimdən bəri qırsaqqız olub, yaxasından qopmadığım və elə bu günə qədər də özümlə ora-bura sürüdüyüm rəfiqəm, gürcü qızı Natia ilə mərkəzi aranın qorabişirən istisində yanıb qovrula-qovrula yaşamaqla məşğul idik. Mübarizin xəbərini isə şəhidin xəbəri çıxar-çıxmaz «Mübariz olaq!» şüarını çeynə-tüpürə çevirmiş telekanallarımızın birindən eşitdim. Və ağlıma ilk gələn sual bu oldu: «Görəsən, Mübarizin adı Sakit olsa idi, bu kanalın devizi necə olacaqdı? »
- Teqlər:
- milli qəhrəman Mübariz İbrahimov
TəRTİBÇİLƏRDƏN
Filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 illiyinə həsr olunan bu kitaba onun yaradıcılığı haqqında yazılan məqalələr, əsərlərinin biblioqrafiyası, bəzi tanınmış şəxslərə yazdığı məktublar və onlardan aldığı cavablar, vaxtilə mətbuatda çap olunan üç yazısı (bir məqalə, bir müsahibə və bir təəssürat), həmçinin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotoşəkillər daxil edilmişdir.
Fərman Xəlilov, Ömür yolu. Naxçıvan-2013, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi. 280 s.
MÜNDƏRİCAT
TƏRTİBÇİDƏN . 5
Fərman Xəlilov – 60. Azərbaycan Yazıçılar Birliyinin təbriki . 7
Fərman Yunis oğlu Xəlilovun həyat və fəaliyyətinin əsas tarixləri . 11
İsa Həbibbəyli. Çətinliklərin işiqlı nöqtələri . 29
Əbülfəz Əsgərov. Elmin çətin yollarında . 37
Kamran Əliyev. Dəyərli dissertasiya . 42
Möhsün Nağısoylu. Naxçıvanın yaxın və uzaq keçmişi tarixi sənədlərdə . 50
Teymur Kərimli. Tanınmış möcüzşünas . 56
Adil Bağırov. Müəllim-alim . 61
Alxan Bayramoğlu. Qiymətli tədqiqat əsəri . 67
Bilgehan A. Gökdağ. Mirze Eli Mocuz
hakkında üç eser . 78
Məmmədəli Niqabi. Dostum Fərman
Xəlilovun doktorluq tezi haqqında . 85
Dövri mətbuat, kitab, jurnal və məcmuələrdə dərc olunmuş məqalələri
Azərbaycan dilində . 90
Rus dilində . 102
RƏSMİ OPPONENTLİK ETDİYİ DİSSERTASİYALAR . 105
HAQQINDA BƏHS EDƏN MƏNBƏLƏR . 106
AVTOQRAFLARDA XOŞ ARZULAR, XATİRƏLƏR . 124
F.Xəlilova yazılan məktublar . 128
F.Xəlilovun yazdığı məktublar . 157
BİR MƏQALƏ, BİR MÜSAHİBƏ və
M.Ə.Möcüzün “tərcümeyi-hal”ının mətni ilə
bağlı təhriflər və həqiqətlər. 201
Dilimiz varlığımızdır (Jurnalist C.Nəbiyevanın F.Xəlilovla müsahibəsi). 212
Təbriz görüşləri . 218
F.Xəlilovun kitab və məqalələrinin
sərlövhələrinin əlifba göstəricisi . 241
F.Xəlilov haqqında bəhs edən müəlliflər və mənbələr . 246
TƏRTİBÇİDƏN
Bu kitab filologiya üzrə elmlər doktoru Fərman Yunis oğlu Xəlilovun anadan olmasının 60 illiyinə həsr olunub.
F.Xəlilovun həyat və fəaliyyəti haqqında bütöv təsəvvür yaratmaq üçün kitabın tərtibində əsas diqqət bir neçə istiqamətə yönəldilmişdir. Əvvəlcə F.Xəlilovun həyat və fəaliyyətinin əsas tarixləri və tanınmış mütəxəssislərin onun haqqında söylədiyi fikir və mülahizələr, sonra isə əsərlərinin biblioqrafiyası verilmişdir.
“Biblioqrafiya” bölməsində F.Xəlilovun Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Kanada və Rusiyada çap olunan kitab və məqalələri, tərtibçiliyi, opponentliyi haqqındakı məlumatlar, həmçinin haqqında bəhs edən mənbələr xronoloji qaydada öz əksini tapmışdır.
Kitabın “Dəyərləndirmə” və “Avtoqraflarda xoş arzular, xatirələr” adlandırdığımız bölmələrində F.Xəlilov haqqında məqalələr və ona hədiyyə edilən kitablara yazılmış avtoqrafların mətnləri təqdim olunur.
İctimai əhəmiyyətini nəzərə alaraq kitabın “Məktublar” bölməsinə F.Xəlilovun bir sıra tanınmış şəxslərə yazdığı və onlardan aldığı bəzi məktubları da daxil etmişik. F.Xəlilovun bir məqalə, bir müsahibə və bir təəssüratını təqdim etməkdə isə məqsədimiz onun qələmindən çıxan müxtəlif məzmunlu və istiqamətli yazılarla oxucuları tanış etməkdir.
“Biblioqrafiya” bölməsindən istifadəni asanlaşdırmaq məqsədi ilə kitabın sonundakı “Köməkçi göstəricilər”də F.Xəlilovun kitab və məqalələrinin, eyni zamanda onun haqqında yazan müəlliflərin və mənbələrin əlifba göstəricisi verilmişdir.
F.Xəlilovun həyat və fəaliyyətinin bəzi anlarını hifz edib saxlayan və onunla bağlı olan bəzi fotoşəkilləri də kitaba əlavə etməyi məqsədəuyğun hesab etdik.
Ümid edirik ki, F.Xəlilovun 60 illik həyat yolunu və 40 illik elmi-pedaqoji fəaliyyətini əks etdirən bu kitab Azərbaycan ədəbiyyatşünaslığı və həmin sahədə çalışan mütəxəssislərin xidmətləri ilə maraqlanan oxucular üçün faydalı ola bilər.
FƏRMAN XƏLİLOV – 60
Hörmətli Fərman müəllim!
Sizi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik!
Siz elmi yaradıcılığa hələ tələbə ikən başlamısınız. XIX əsrin sonu, XX əsrin əvvəllərində Nehrəmdə yaşayıb-yaradan “Nadim” təxəllüslü şairə həsr olunan ilk məqaləniz 1971-ci ildə “Şərq qapısı” qəzetində dərc edilmişdir. Sonralar “H.Cavidin həyatının İstanbul dövrü”, “Naxçıvanda ilk teatr tamaşaları”, “Məşrutə dövrü ədəbiyyatı”, “Dilimiz varlığımızdır”, “Təbriz görüşləri”, “Unudulmaz sənətkar Ə.Qəmküsar”, “Qocaman rəssam Şamil Qazıyev”, “Azərbaycan dili” dərsliklərindəki tərif və qaydalar haqqında” və başqa elmi, publisistik məqalələriniz, bir çox monoqrafiya və kitablar haqqında rəyləriniz respublikamızın müxtəlif qəzet və jurnallarında çap olunmuşdur. Siz ilk dəfə olaraq Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsinin 41 protokolunu və bu Cəmiyyətin fəaliyyəti, onun yaradıcılarının xidmətləri ilə bağlı bir çox arxiv sənədləri və dövri mətbuat materiallarını aşkara çıxararaq 2005-ci ildə “Naxçıvanı öyrənən elmi cəmiyyət” adlı kitabınız vasitəsilə oxuculara təqdim etmisiniz. Sizin elmi yaradıcılığınızın əsas istiqamətini isə Cənubi Azərbaycan ədəbiyyatı problemləri, xüsusilə XX əsr Azərbaycan satirik poeziyasının görkəmli nümayəndəsi Mirzə Əli Möcüzün mühiti, həyatı, yaradıcılıq yolu, müasirləri, ədəbi irsinin nəşri və tədqiqi məsələləri olmuşdur. Dörd cildlik “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın ikinci cildinin tərtibçilərindən biri də sizsiniz. Keçən əsrin 90-cı illərində Təbriz, Ərdəbil, Urmiya və Qaşqay şairlərinin şeirlərini mətbuatda dərc etdirməklə siz adları Şimali Azərbaycanda bəlli olmayan Azərbaycan dilində yazan şairlər haqqında da oxucularda müəyyən təsəvvür yaratmağa səy göstərmisiniz.
Siz AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin ilk dissertantı kimi 1982-ci ildə akademik Mirzə İbrahimovun rəhbərliyi ilə “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz. Sonralar bu istiqamətdə araşdırmalarınızı davam etdirərək “M.Ə.Möcüz. Biblioqrafiya”, “Mirzə Əli Möcüzün əlyazmaları” və ”Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz” kitablarını çap etdirmisiniz. Sizin M.Ə. Möcüzə həsr olunan məqalələrinizin bir qismi Türkiyə, İran, Rusiya, Qazaxıstan və Kanada mətbuatında da dərc olunmuşdur. “Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” mövzusunda müdafiə etdiyiniz doktorluq dissertasiyası isə M.Ə.Möcüzə aid çoxillik araşdırmalarınızın uğurlu nəticəsidir.
Hörmətli Fərman müəllim! Siz 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirdikdən sonra Culfa rayonunun Milax kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamış, 1975-1996-cı illərdə Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli orta məktəbdə, eyni zamanda Naxçıvan Türk Liseyində (1992-2004) milli dil və ədəbiyyatımızın tədrisi ilə məşğul olmusunuz. 1992-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasında test üsulu ilə sınaq imtahanlarının təşkili və keçirilməsində fəal iştirak etmisiniz. Siz 1988-1989-cu illərdə ərəb əlifbasını öyrətmək məqsədi ilə işlədiyiniz 5 nömrəli orta məktəbdə şagirdləriniz, həmçinin muzey və kitabxana işçiləri üçün pulsuz kurslar təşkil etməklə də faydalı bir təşəbbüsü həyata keçirmisiniz. Sizin təşəbbüsünüz və fəal iştirakınızla Naxçıvan MR Dövlət Arxivində yerli ədəbiyyat, incəsənət və maarif xadimlərindən bir çoxunun şəxsi fondu yaradılmışdır. Həmin arxivdə özünüzün şəxsi fondunuzda isə Azərbaycan, Türkiyə və İranda ayrı-ayrı şəxslərdən, həmçinin müxtəlif arxiv və kitabxanalardan əldə etdiyiniz nadir sənədlər, fotoşəkillər, məktublar, əlyazmalar, xüsusilə M.Ə.Möcüzün həyatı və fəaliyyəti ilə bağlı olan zəngin tədqiqat materialları mühafizə olunmaqdadır.
Hörmətli Fərman müəllim, anadan olmağınızın 60 illiyi münasibətilə sizi bir daha təbrik edir, sizə uzun ömür, cansağlığı və elmi yaradıcılığınızda uğurlar arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
FƏRMAN YUNİS OĞLU XƏLİLOVUN HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ
1952-ci il – 31 martda Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur.
1956-1958 – Naxçıvan şəhərindəki 1 nömrəli uşaq bağçasına getmişdir.
1959-cu il – 01 sentyabr Naxçıvan şəhər Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuşdur.
1960-1962 – Azərbaycan Radiosunda uşaqlar üçün nəzərdə tutulan Azərbaycan Respublikasının xalq artisti Hüseynağa Sadıqovun apardığı “Xoruz baba” verilişinə göndərdiyi məktubların bəzisindən istifadə olunmuşdur.
1963-1966 – Naxçıvan şəhər Pionerlər evində rəssam Həmid Qasımovun rəhbərliyi ilə fəaliyyət göstərən rəsm dərnəyinin üzvü olmuşdur.
– Bakıda çıxan “Göyərçin” jurnalında dərc olunmuş “Ayının qış yuxusu” adlı hekayəyə verdiyi bədii tərtibat əsasında Naxçıvan televiziyası ilə veriliş hazırlanmış və həmin verilişdə çəkdiyi rəsmlər haqqında çıxış etmişdir (1966).
1967-1969 – Naxçıvan şəhər Uşaq və Gənclər idman məktəbində gimnastika üzrə məşqlər keçmiş, həmin idman növü üzrə Naxçıvan yığma komandasının tərkibində Azərbaycan məktəblilərinin çempionatlarında iştirak etmişdir.
– Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbdə keçirilən ədəbi-bədii gecələrdə müxtəlif şairlərin şeirlərini bədii qiraət etmişdir.
– Naxçıvan şəhər 9 nömrəli orta məktəbin X sinfinə dəyişilmişdir (yanvar 1969).
– “Mədənə ekskursiya” adlı ilk məqaləsi “Şərq qapısı” qəzetində (29.III.1969) dərc olunmuşdur.
– Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Pedaqoji İnstitutu Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyat fakültəsinin birinci kursuna qəbul olunmuşdur (1969).
1970-1973 – Azərbaycan Pedaqoji İnstitutu Naxçıvan filialının Tələbə Elmi Cəmiyyətinin üzvü kimi cəmiyyətin keçirdiyi konfranslarda Naxçıvan teatrı və maarif tarixi ilə bağlı məruzələr etmişdir.
– Kiçik təmsillər yazmış, Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin nəzdində yaradılan “Arazın səsi” ədəbi birliyinin fəal üzvlərindən olmuşdur (1970).
– “Nadim” (27.VII.1971), “Maarif fədaisi” (9.X. 1971) adlı elmi-publisist xarakterli məqalələri “Şərq qapısı” qəzetində dərc olunmuşdur.
– M.S.Ordubadi adına Naxçıvan Respublika kitabxanasında S.Vurğunun anadan olmasının 65 illiyi münasibəti ilə keçirilən tədbirdə (mart 1971) “Səməd Vurğunun əsərlərinin dili” mövzusunda məruzə etmişdir.
– Azərbaycan Respublikasının xalq artisti İsa Musayevin anadan olmasının 60 illiyi münasibəti ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında keçirilən təntənəli yubiley gecəsində (27 noyabr 1972) çıxış etmiş, İ.Musayevin həyatı və səhnə fəaliyyətinə aid tərtib etdiyi albomu aktyora təqdim etmişdir.
– “Qocaman rəssam”, “Yubiley gecəsi” adlı məqalələri “Şərq qapısı” (5.I.1973) və “Ədəbiyyat və incəsənət” (2.VI.1973) qəzetlərində dərc olunmuşdur.
– “Ədəbiyyat və incəsənət” qəzetinin ştatdankənar müxbiri kimi Naxçıvanda ədəbiyyat və incəsənət sahəsində keçirilən tədbirlər haqqında qəzetin redaksiyasına xəbərlər göndərmişdir (1973).
– Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovla Naxçıvan oxucularının görüşündə (8 mart 1973) yazıçının yaradıcılığı haqqında çıxış etmişdir.
– Təyinat üzrə Culfa rayonun Milax kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamış, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris etmişdir (sentyabr, oktyabr 1973).
1974-cü il – Hərbi xidmətdə olmuşdur.
1975-ci il – Naxçıvan şəhərindəki H.Cavid adına 5 nömrəli orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir.
– Naxçıvanda yaşayan Heydər Təhməzbəyov, Dilbər Sultanova, Nazlı Tahirova, İsa Musayev, İbrahim Həmzəyev, Nəsir Sadıqzadə, Mirhəsən Mirişli, Əkbər Qardaşbəyov, Usta Qənbər (nehrəmli), Bakıda yaşayan Rza Təhmasib, Əli Xəlilov, Nağı Nağıyev, Kərim Kərimov, Əyyub Hüseynov, Rüxsarə Ağayeva, Əliheydər Həsənzadə kimi müxtəlif peşə sahələrində çalışan ziyalıların Naxçıvanın maarif və mədəniyyət tarixi, ədəbi mühiti, aktyorları, şair və yazıçıları və başqa məsələlərlə bağlı məlumat və xatirələrini qeydə almışdır.
– Naxçıvan şəhərinin tarixi abidələri və qədim tikililərin ümumi görünüşünü fotolentə köçürmüşdür.
– Azərbaycanın tanınmış ədəbiyyatşünasları akademik Feyzulla Qasımzadə, Mir Cəlal, Əkrəm Cəfər, Məmməd Məmmədov, Xeyrulla Məmmədov, Kamran Məmmədov, tədqiqatçı Qulam Məmmədli, Teymur Əhmədov və Əbülfəz Hüseyni ilə tanış olmuş, namizədlik dissertasiyası üçün maraqlandığı “XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühiti”, “Naxçıvan teatrının tarixi”, “Əliqulu Qəmküsar və mətbuat”, “Mirzə Əli Möcüzün sənətkarlığı” “Sabir ədəbi məktəbi”, “Əbdürrəhim bəy Haqverdiyev və “Molla Nəsrəddin” jurnalı” mövzuları ilə bağlı onlardan elmi məsləhətlər almışdır.
– Naxçıvanda göstərilən ilk teatr tamaşası haqqında “İlk tamaşanın tarixi” adlı məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində (23.VIII.1975) dərc edilmişdir.
– Azərbaycan Pedaqoji İnstitutu filologiya fakültəsinin Elmi Sovetinin qərarı ilə (19 noyabr 1975) həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dissertantı kimi “Mirzə Əli Möcüzün sənətkarlığı” adlı namizədlik dissertasiyasının mövzusu təsdiq olunmuşdur.
1976-cı il – Azərbaycan Respublikasının müxtəlif arxiv və kitabxanalarında M.Ə.Möcüzlə bağlı mənbələri araşdırmaqla məşğul olmuşdur.
– Azərbaycanın tanınmış ədəbiyyatşünasları akademiklər Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, professorlar Əziz Mirəhmədov, Kamal Talıbzadənin tövsiyə və məsləhətlərini nəzərə alaraq tədqiqatlarını M.Ə.Möcüzün yaradıcılıq yolunun öyrənilməsi istiqamətinə yönəltmişdir.
1977-ci il – Azərbaycan Pedaqoji İnstitutundakı dissertantlığından imtina edərək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun İxtisaslaşdırılmış Şurasının təsdiq etdiyi (20 iyun 1977) “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamışdır (akademik Mirzə İbrahimovun rəhbərliyi ilə) .
1978-ci il – Pedaqoji fəaliyyət və namizədlik dissertasiyası üzərində işləməklə yanaşı Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin çapa hazırladığı “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” üçün materiallar toplamaqla məşğul olmuşdur.
1979-cu il – Bakıda bir aylıq ixtisasartırma kursunda professorlar Əkrəm Cəfər, Fərhad Fərhadov, Əziz Əfəndizadə, Bəşir Əhmədov və başqa mütəxəssislərin mühazirələrini dinləmişdir.
– Akademik Məmməd Cəfər Cəfərovun anadan olmasının 70 illiyi münasibəti ilə Naxçıvanda keçirilən yubiley tədbirlərində fəal iştirak etmiş və bu yubiley tədbirlərinə həsr olunan foto-albom tərtib edərək yubilyara təqdim etmişdir.
1980-cı il – “Mirzə Əli Möcüzün avtoqrafları”adlı məqaləsi “Azərbaycan EA-nın Xəbərləri”ndə (ədəbiyyat, dil, incəsənət seriyası, 1980. -№2) dərc olunmuşdur. Məqalədə Azərbaycan mətnşünaslığında ilk dəfə olaraq M.Ə.Möcüzün əlyazmaları üzərində apardığı araşdırmaların nəticələri əks etdirilmişdir.
1982-ci il – Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu İxtisaslaşdırılmış Şurasında “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1983-cü il – Tərtibçilərindən biri olduğu “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın ikinci cildi Bakıda “Elm” nəşriyyatı tərəfindən çap olunmuşdur.
1984-1985 – Qabaqcıl iş təcrübəsi əvvəlcə işlədiyi Naxçıvan şəhərindəki 5 nömrəli orta məktəbdə (noyabr 1984), sonra isə Naxçıvan Muxtar Respublikasının bütün orta məktəblərində (aprel 1985) yayılmışdır.
– Azərbaycan Respublikası maarif nazirinin əmri ilə metodist-müəllim adına layiq görülmüşdür (noyabr 1985).
– Azərbaycan Respublikası Maarif Nazirliyi, Ali Orta İxtisas Təhsil Nazirliyi və Azərbaycan Respublikası EA-nın birgə hazırladığı “Məktəb islahatının həyata keçirilməsi şəraitində Azərbaycan dili təliminin vəziyyəti və onun daha da təkmilləşdirilməsi yolları” mövzusunda Bakıda keçirilən elmi-praktik konfransda “V-VIII siniflər üçün Azərbaycan dili dərsliklərindəki tərif və qaydalar” mövzusunda məruzə etmişdir (noyabr 1985).
1986-cı il – Azərbaycan Respublikası EA Nizami adına Ədəbiyyat İnstitutu və Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun C.Məmmədquluzadənin anadan olmasının 120, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 80 illiyi münasibəti ilə keçirdiyi elmi konfransda “C.Məmmədquluzadənin aktyorluq fəaliyyətini təsdiq edən bir sənəd” mövzusunda məruzə etmişdir.
– “Naxçıvan teatrına aid məqalə, xatirə və sənədlər toplusu” üzərində çapa hazırlıq işlərini başa çatdırmışdır.
1987-ci il – Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda M.Ə.Sabirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Mirzə Ələkbər Sabir və “Molla Nəsrəddin” ədəbi məktəbi” mövzusunda keçirilən elmi konfransda “XX əsr Azərbaycan şeirində Sabir ənənələri” mövzusunda məruzə etmişdir.
1988-1989 – Ərəb əlifbasını öyrətmək məqsədi ilə işlədiyi H.Cavid adına 5 nömrəli orta məktəbdə şagirdlər, həmçinin muzey və kitabxana işçiləri üçün pulsuz kurslar təşkil etmişdir.
1990-cı il – Naxçıvan televiziyası ilə Cənubi Azərbaycan tamaşaçıları üçün də nəzərdə tutulmuş “Ayrılıq” və “Axtarış” verilişlərinə İrandan göndərilən məktubların bəzisini ərəb əlifbasından müasir Azərbaycan əlifbasına çevirmiş, bir qismini fars dilindən Azərbaycan dilinə tərcümə etmiş, eyni zamanda adı çəkilən verilişlərin fəal iştirakçılarından biri olmuşdur.
– İran İslam Respublikasına səfər etmiş, 11 günlük səfər müddətində Cənubi Azərbaycanın Təbriz, Mərənd, Ələmdar, Gərgər, Sofyan, Dizəcxəlil və Şəbüstər kimi şəhər, qəsəbə və kəndlərində olmuşdur.
– Cənubi azərbaycanlı möcüzşünaslardan Y.Şeyda, M.Niqabi və M.T.Zehtabi ilə tanış olmuş, həm onlardan, həm də Şəbüstərdə M.Ə.Möcüzü tanıyanlardan və onun pərəstişkarlarından şair haqqında xeyli tədqiqat materialları toplamışdır.
– Təbrizdə Y.Şeyda H.Fəzlullahi (Ulduz), Aşıq Əli, Əlirza Miyanalı və başqa yaradıcı ziyalılarla Şimali və Cənubi Azərbaycandakı ədəbi proses və müasir anadilli mətbuat haqqında fikir mübadiləsi aparmışdır.
– İran İslam Respublikasına səfərinin təəssüratlarını əks etdirən “Təbriz görüşləri” adlı irihəcmli məqaləsi “Şərq qapısı” qəzetində (30.X. 1990) dərc olunmuş və bu məqalədə Cənubi Azərbaycandakı bəzi mətbuat orqanları, şair, yazıçı və ədəbiyyatşünaslar haqqında şimali azərbaycanlı oxucular üçün bir çox yeni məlumatlar verilmişdir.
1991-ci il – Cənubi Azərbaycan möcüzşünası M.Niqabinin M.Ə.Möcüzə həsr olunmuş qeyri-mətbu kitabının müqəddiməsini, Təbriz, Ərdəbil, Urmiya və Qaşqay şairlərinin bəzi şeirlərini Şimali Azərbaycan oxucularına təqdim etmişdir.
1992-ci il – Azərbaycan dili və ədəbiyyat fənlərini tədris etmək üçün Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Türk liseyinə dəvət olunmuşdur.
1993-2004 – Naxçıvan Muxtar Respublikasında test üsulu ilə sınaq imtahanlarının təşkili və keçirilməsində fəal iştirak etmişdir.
– Naxçıvan Türk liseyinin müəllimləri ilə birlikdə pedaqoji təcrübə mübadiləsi aparmaq məqsədi ilə Türkiyə Respublikasında səfərdə olmuşdur (1995).
– Naxçıvan Türk liseyinin Hazırlıq Kurslarında Azərbaycan dili və ədəbiyyat fənlərini tədris etmiş, çap olunan sınaq kitabçalarının tərtibçilərindən biri olmuşdur (1996-1997).
– Naxçıvanda qonağı olan Cənubi Azərbaycanın tanınmış möcüzşünası Məmmədəli Niqabini muxtar respublikanın bir sıra muzey, arxiv, kitabxana, təhsil müəssisələri və bəzi yaradıcı ziyalıları ilə tanış etmiş və Naxçıvan televiziyası ilə M.Ə.Möcüzə həsr olunan xüsusi bir verilişdə M.Niqabinin şairlə bağlı araşdırmalarının nəticələri haqqında məlumat verməsinə şərait yaradılmışdır (2002).
– Şəbüstərdə Şeyx Mahmud Şəbüstərinin məzarını ziyarət etmiş və orada “Xatirə kitabı”na yazmışdır: “Dostum ağayi-Niqabi ilə birlikdə böyük alim və mütəfəkkir Şeyx Mahmud Şəbüstərinin məzarını ziyarət etdik. “Gülşəni-raz”, “Səadətnamə” kimi əsərlərin müəllifi Şeyx Mahmud Şəbüstərinin fəlsəfi fikirləri bu gün də bizim üçün qiymətlidir. Şeyx Mahmud Şəbüstərinin türbəsini göz bəbəyi kimi qoruyan və onu təbliğ edən şəbüstərli dostlarımıza eşq olsun. 2.VIII.2002”.
– Təbriz Mərkəzi Kitabxanası və Tərbiyət kitabxanasında Azərbqycan ədəbiyyatı, xüsusilə M.Ə.Möcüzlə bağlı mənbələrlə tanış olmuş, Azərbaycanda çap olunan klassiklərin kitablarından bir qismini Təbriz Mərkəzi Kitabxanasına hədiyyə etmişdir (2003).
– Pedaqoji fəaliyyət sahəsində müvafiq xidmət illərinə görə təqaüdə çıxmış, elmı yaradıcılığını isə davam etdirmişdir (2004).
– Türkiyə Respublikası Ərzurum Universitetinin kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatına aid tükdilli mənbələri araşdırmaqla məşğul olmuş, ədəbiyyatşünaslığa aid bəzi monoqrafiyaları həmin kitabxanaya hədiyyə etmişdir (2004).
2005-ci il – Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətinə həsr olunan “Naxçıvanı öyrənən elmi cəmiyyət” adlı kitabı Bakıda “Nurlan” nəşriyyatı tərəfindən çap olunmuşdur.
2006-2007 – Uzun illər üzərində işlədiyi M.Ə. Möcüzün “Biblioqrafiya”sının çapa hazırlıq işlərini başa çatdırmış və “Biblioqrafiya” Bakıda “Nurlan” nəşriyyatında çap olunmuşdur (2007).
– Cənubi Azərbaycanın məşhur alimlərindən Əziz Dövlətəbadi və Əbdülhüseyn Nahidi Azərlə tanış olmuş, söhbət zamanı onların ədəbiyyatşünaslıq sahəsindəki araşdırmalarının istiqamətləri haqqında ətraflı məlumat almış, Şimali Azərbaycan ədəbiyyatşünaslarının son illərdəki elmi araşdırmaları barəsində isə onları məlumatlandırmışdır.
2008-ci il – AMEA Naxçıvan Bölməsi Rəyasət heyətinin qərarı ilə İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin doktorantı qəbul olunmuş və “Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləməyə başlamışdır.
– Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur.
– “Mirzə Əli Mocüzün əlyazmaları” adlı kitabı Bakıda “Nurlan” nəşriyyatında çap olunmuşdur.
2009-2010 – M.Ə.Möcüzə həsr olunan 20-dək məqaləsi Azərbaycan, Türkiyə, İran, Rusiya və Kanada mətbuatında dərc edilmişdir.
– İranda (Xoy) çap olunan “Əndişeyi-fərhəngi” məcəlləsində elmi yaradıcılığı və Cənubi Azərbaycan ədəbiyyatına aid araşdırmaları haqqında iranlı oxuculara məlumat verilmişdir (2010).
– “Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz” monoqrafiyası Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur (2010).
– Türkiyə Respublikası Ordu Universitetində Güney Qafqaz xalqları dil, tarix, mədəniyyət əlaqələri beynəlxalq elmi konfransında (25-28 noyabr 2010) “Türk ədəbiyyatının Mirzə Əli Möcüzün yaradıcılığına təsiri” mövzusunda məruzə etmişdir.
– İyirmi ildən artıq bir müddətdə Naxçıvan MR Dövlət Arxivində yerli ədəbiyyat, incəsənət və maarif xadimlərinin bir çoxunun şəxsi fondlarının yaradılması sahəsindəki fəaliyyətini genişləndirərək Azərbaycan, Türkiyə və İranda ayrı-ayrı şəxslərdən, həmçinin müxtəlif arxiv və kitabxanalardan əldə etdiyi nadir sənədləri, fotoşəkilləri, məktubları, əlyazmaları, xüsusilə M.Ə.Möcüzün həyat və fəaliyyəti ilə bağlı zəngin tədqiqat materiallarını 1986-cı ildə həmin arxivdə yaradılan 701 nömrəli şəxsi fonduna daxil etmişdir.
2011-ci il – “M.Ə.Möcüz. Biblioqrafiya”, “Mirzə Əli Mocüzün əlyazmaları” və “Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz” kitabları haqqında Türkiyə ədəbiyyatşünası dosent-doktor Bilgehan A.Gökdağın “Mirzə Əli Möcüz haqqında üç əsər” adlı məqaləsi Ankarada çıxan “Karadeniz araştırmaları” dərgisində dərc olunmudur.
– Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında ”Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.