Sosial sahələrin iqtisadiyyatı
Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir.
Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər
Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.
Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.
Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
1. DAYANIQLI ARTAN RƏQABƏTQABİLİYYƏTLİ İQTİSADİYYAT
Uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün aşağıdakı iki məqsəd təmin olunmalıdır:
– davamlı və yüksək iqtisadi artım;
– daxili və xarici təsirlərə dayanıqlıq.
1.1. Davamlı və yüksək iqtisadi artım
İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.
İqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir.
İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.
Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.
İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir. Milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətirilməli, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılmalıdır.
Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.
Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.
Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.
1.2. Daxili və xarici təsirlərə dayanıqlıq
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.
Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.
Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Məcmu borc makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinə xidmət etməlidir. Daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.
Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir. Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır. Qiymətlərin sabitliyi daha effektiv lövbər vasitəsilə təmin edilməlidir. Makroiqtisadi sabitliyin digər mühüm meyarı olan dayanıqlı maliyyə sabitliyi maliyyə bazarlarının daim effektiv və səmərəli fəaliyyət göstərməsini, maliyyə dərinliyinin artmasını və maliyyəyə çıxışın genişlənməsini şərtləndirməlidir. Makroiqtisadi və maliyyə sabitliyini təmin edən idarəetmənin institusional çərçivəsi təkmilləşdirilməlidir.
2. DİNAMİK, İNKLÜZİV VƏ SOSİAL ƏDALƏTƏ ƏSASLANAN CƏMİYYƏT
Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet aşağıdakı üç məqsəd əsasında uğurla reallaşa bilər:
– inkişafdan hər bir vətəndaşın bəhrələnməsi;
– yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət;
– paytaxt və regionların tarazlı inkişafı.
2.1. İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi
Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.
Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır.
Məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalı, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payı üstünlük təşkil etməlidir.
İqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.
2.2. Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət
Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.
Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır.
Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün tələb olunan sosial reabilitasiya infrastrukturu əlçatan olmalı, bu şəxslərin məşğulluğuna dəstək proqramları genişləndirilməli, sosial təminatı gücləndirilməlidir. Sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin olunmalıdır.
2.3. Paytaxt və regionların tarazlı inkişafı
Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.
3. RƏQABƏTLİ İNSAN KAPİTALI VƏ MÜASİR İNNOVASİYALAR MƏKANI
Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaqdır.
Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.
Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalıdır:
– XXI əsrin tələblərinə uyğun təhsil;
– yaradıcı və innovativ cəmiyyət;
– vətəndaşların sağlam həyat tərzi.
3.1. XXI əsrin tələblərinə uyğun təhsil
Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir.
Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır.
Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir.
İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır.
Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.
3.2. Yaradıcı və innovativ cəmiyyət
Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır.
Yeni dövrdə qurulacaq ekosistem (müvafiq təşviqlər, inkubasiya və akselerasiya mərkəzləri, dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə modelləri, vençur və kraudfandinq institutları və s.) iqtisadiyyatın texnoloji tutumluluğunun artırılmasına yönləndirilməlidir. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır. Bu məqsədlə emal sənayesinin inkişafı dərinləşdirilməli, elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafı təmin edilməlidir. Nəticəyönümlü elmi tədqiqatların təşviqi üçün rəqabətli maliyyələşdirmə mexanizmləri formalaşdırılmalıdır.
3.3. Vətəndaşların sağlam həyat tərzi
Vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzi təmin edilməlidir. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün mühümdür. Sağlamlıq və uzunömürlülük ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacaqdır. Müasir innovasiyaların səhiyyədə tətbiqi sahəsində yüksək nəticələr əldə edilməklə, keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payı artırılmalıdır.
Keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olunmalıdır.
4. İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ BÖYÜK QAYIDIŞ
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.
Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.
Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.
Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı iki məqsədə nail olunmalıdır:
– iqtisadi fəaliyyətə reinteqrasiya.
4.1. Dayanıqlı məskunlaşma
Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaratmışdır. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.
Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.
4.2. İqtisadi fəaliyyətə reinteqrasiya
İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir.
Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir.
5. TƏMİZ ƏTRAF MÜHİT VƏ “YAŞIL ARTIM” ÖLKƏSİ
Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır.
Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır:
– yüksək keyfiyyətli ekoloji mühit;
– yaşıl enerji məkanı.
5.1. Yüksək keyfiyyətli ekoloji mühit
Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.
Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır.
İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.
5.2. Yaşıl enerji məkanı
Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.
İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 21 mart 2023
18:35
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə.
XƏBƏRLƏR 18 mart 2023
19:10
XƏBƏRLƏR 18 mart 2023
19:10
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:05
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm.
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:00
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər 18 mart 2023, 19:00
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
18:55
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda tam orta məktəbində yaradılan şəraitlə tanış olublar 18 mart 2023, 18:55
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
18:50
İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib 18 mart 2023, 18:50
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:21
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu.
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:19
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti.
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:17
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti.
SƏNƏDLƏR Müraciətlər 17 mart 2023
19:15
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Azərbaycan torpağında çox qədim kökləri olan Novruz.
SƏNƏDLƏR Sərəncamlar 17 mart 2023
15:28
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra.
© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.
- FAQ
- Sayt haqqında
- 2007-2010-cu illərin materialları
Sosial sahələrin iqtisadiyyatı
“Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi – bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar aparılır. Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir və təbii ki, Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı “İnkişaf Konsepsiyası”nın əsas prioritetlərindən biridir. Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin potensialının və idmanın inkişaf etdirilməsi bu prioritet çərçivəsində əsas istiqamətlərdir. BMT- nin ekspertləri tərəfindən işlənmiş və 1990-cı ildə təqdim olunmuş insan inkişafı konsepsiyası davamlı inkişafın əsas və yeganə məqsədini – əhalinin rifahını vurğulayır. Eyni zamanda, sosial-iqtisadi inkişaf yolunda əhalinin rifahının təminatı hər bir dövlət üçün əsas məqsəd kimi hesab olunur. Beləliklə, insan inkişafı və sosial-iqtisadi inkişaf qarşılıqlı əlaqəlidir və bir-birini şərtləndirirlər.İnsan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, ömür uzunluğu, əhalinin yaşlaşması, doğum, reproduktiv sağlamlıq və digər geniş sahəli məsələləri özündə cəmləşdirir.
Bəşəriyyətin inkişaf tarixi əhalinin təkrar istehsal dinamikasının dəyişməsi ilə sıx bağlıdır. Müasir dövrün qlobal problemləri arasında demoqrafik problemlərin həllinin vacibliyi və mühümlüyü bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Əhalinin qocalması prosesinin güclənməsi ictimayyətin qarşısında ciddi sosial – iqtisadi, sosial-psixoloji, tibbi-sosial və etik problemlər qoyur. Bunların arasında işçi qüvvəsi, ictimaiyyətin iqtisadi yükünün artması, istehlak səviyyəsinin xarakterinin dəyişməsi, ahılların sağlamlığı və tibbi-sosial kömək üçün vəsaitlərin artırılması və s. ilə bağlı problemləri göstərmək olar. Qlobal və milli səviyyədə davamlı insan inkişafı iqtisadi, sosial və demoqrafik inkişafla birlikdə qarşılıqlı əlaqələrin mürəkkəb sistemini təşkil edir.
Son zamanların demoqrafik tədqiqatları göstərir ki, doğumun ümumdünya səviyyəsi, yəni qadının reproduktiv yaşı müddətində dünyaya gətirdiyi uşaqların orta sayı XXI əsrin əvvəlində 2,9 –a qədər düşmüşdür. Onu da qeyd etmək lazımdır ki, 1985-ci ildə bu səviyyə 4,2 təşkil edirdi. Müasir dövrdə bir çox ölkələrdə ailələr bir və ya iki uşaqla kifayətlənirlər. Bu gün dünya əhalisinin 44%-nin yaşadığı 61 ölkədə doğum səviyyəsi əhalinin indiki sayını saxlamaq üçün zəruri olan 2,2-dən aşağıdır. 30-dan çox ölkədə əhalinin sayı sabitləşib və uzun illər ərzində dəyişilmir.
BMT-nin proqnozlarına görə, bir sıra Avropa ölkələrində əhalinin ümumi sayının azalmasına baxmayaraq, dünyada əhalinin ümumi sayı 2025-ci ildə artacaq və 8 milyard nəfərdən çox olacaqdır. Məlumdur ki,əhalinin nəzarət olmadan artımı ilə mübarizə aparan ölkələr üçün hələ bunun universal həlli mövcud deyil, lakin bir sıra regionların təcrübəsi göstərir ki, bu problem həll olunandır. Bunun üçün hər bir ölkənin spesifik xüsusiyyətlərini nəzərə alan uzunmüddətli kompleks proqramların həyata keçirilməsi vacibdir. Bir daha qeyd etmək lazımdır ki, demoqrafik problemlər iqtisadi, sosial, siyasi, ekoloji və başqa problemlərlə sıx bağlıdır.
Yuxarıda göstərildiyi kimi, demoqrafik siyasət əhalinin say və struktur dinamikası meyllərini dəyişdirmək və ya saxlamaq üçün əhalinin təkrar istehsalı proseslərinin tənzimlənməsi sahəsində dövlət orqanlarının və digər sosial institutların məqsədyönlü fəaliyyətidir. Başqa sözlə, bu, doğum, ölüm, nikah, boşanma proseslərinə və əhalinin yaş strukturuna təsir edən siyasətdir.
Əhalinin təbii artımının çox da yüksək olmayan göstəriciləri ilə xarakterizə olunan təkrar istehsalın birinci tipinə aid olan ölkələrdə aktiv demoqrafik siyasət aparılır. Onun məqsədi doğumu və təbii artımı yüksəltməkdədir. Əsasən iqtisadi vasitələrin istifadə olunduğu(uşaqlara qulluq üçün yardım, gənc ailələrə güzəştli kreditlərin ayrılması, doğumdan sonrakı ödənişli dövrün uzadılması və s.)demoqrafik siyasətin həyata keçirildiyi ölkələrə Fransa, Çexiya, Macarıstan, Avstriya, Danimarka aiddir.
Təkrar istehsalın ikinci tipinə aid olan, yəni doğum, ölüm və təbii artımın yüksək göstəriciləri olan ölkələrdə isə, doğumu və təbii artımı azaltmağa çalışırlar. Əhalinin artımından ən çox Çin, Hindistan, Banqladeş, Nigeriya və Vyetnam kimi ölkələr narahat olurlar. Bu ölkələrdə güclü ailə planlaşdırılması siyasəti həyata keçirilir.
Azərbaycan Respublikasının müasir demoqrafik tarixi 1990-2002-ci illər və 2003-cü ildən başlanan dövrlərə bölünə bilər. 1990-cı ilin əvvəllərində Azərbaycan Respublikası Sovet İttifaqının müstəqillik yoluna qədəm qoymuş bir çox keçmiş ölkələri kimi, bazar iqtisadiyyatı və demokratiyanın inkişafı istiqamətində bir çox dəyişikliklərə məruz qalmışdır. Keçid dövrünün bir sıra iqtisadi və sosial problemlərinin qarşıya çıxması ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Belə ki, nəticədə 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür. 4 minə yaxın müəssisə və 30 min iş yeri itirilmiş, bir milyondan çox qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların sosial problemləri ağır yük kimi gənc müstəqil dövlətin üzərinə düşmüşdür. Belə şəraitdə inkişafın sosial aspekti daha çox əhəmiyyət kəsb edir. Bu dövrdə ictimai gərginliyi aradan qaldırmaq üçün yerinə yetirilən tədbirlər – mütəmadi olaraq əmək haqqının 2-3 dəfə artırılması, çoxsaylı imtiyazların tətbiqi və s. tədbirlər ölkənin real iqtisadi imkanları ilə uyğun gəlmədiyinə görə əks effekt göstərdilər və inflyasiya proseslərini sürətləndirdilər. Bütövlükdə ölkəni bürüyən böhran 90-cı illərdə başladı və əhalinin həyat səviyyəsinin aşağı düşməsi ilə müşayiət olundu ki, bu da ölkənin demoqrafik inkişafına da mənfi təsirini göstərdi. Beləliklə, 1990-2002-ci illər dövründə Ümummillli Lider Heydər Əliyevin bu sahədə atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı. Ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yaratmışdı. 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunmuş davamlı makroiqtisadi sabitlik, əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi, yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yüksəlməsi demoqrafik inkişafa da müsbət təsir göstərmişdir. Bu dövr ərzində əhalinin sağlamlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölüm səviyyəsinin azalması, xüsusən körpə ölümünün, doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artması, ölkədən miqrasiya axınının azalması və müsbət miqrasiya saldosuna tədricən keçid müşahidə olunur.
Ümumi sosial siyasətin bir hissəsi kimi demoqrafik siyasət hazırda Azərbaycan Respublikasında xüsusi aktuallıq daşıyır. Bununla əlaqədar olaraq, demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə 1999-cu ildə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” qəbul edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli Sərəncamı ilə “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqram əhalinin optimal təkrar istehsalına nail olunması, ölüm səviyyəsinin azaldılması, orta ömür uzunluğunun artırılması, ana və uşaqların müdafiəsinin gücləndirilməsi, ailənin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi üçün zəruri tədbirləri özündə əks etdirir. Əhalinin demoqrafik quruluşunda ən vacib göstəricilərdən birincisi əhalinin yaş-cins strukturudur. Əhalinin yaş-cins strukturu 3 əsas prosesin təsiri altında formalaşır:Doğum;Ölüm;Əhalinin miqrasiyası.
Demoqrafik inkişaf kontekstində insan inkişafının davamlılığı dedikdə əhalinin optimal artımı, əhalinin təkrar istehsalının optimal tipi nəzərdə tutulur. Bununla bağlı vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək olar. Müxtəlif ölkələrə nəzər salaraq bunu daha aydın görürük. Məsələn, Rusiyada 1980- cı illərin sonu 1990-cı illin əvvəlindən doğumun səviyyəsi aşağı düşmüşdür. Avropada isə doğumunsəviyyəsi 1960-1970-ci illərdən azalmağa başlamışdır. Avropada ən aşağıümumi nəsilvermə əmsalı Rusiyadadır. (1,35) Müqayisə üçün qeyd edək ki, İsveçdə ümumi nəsilvermə əmsalı 1,65, Böyük Britaniya və Finlandiyada doğumun ümumi əmsalı 1,71, Niderlandda – 1,73, Danimarkada 1,74, Norveçdə – 1,80, Fransada 1,89, ABŞ-da isə 2,01-dir. Əlbəttə,ümumi nəsilvermə əmsalının Rusiyadan da az olduğu ölkələr vardır. Buraya Ukrayna (1,06), Çexiya (1,18), Slovakiya (1,19), İtalya (1,20), Moldova (1,21), Sloveniya (1,21), Belorusiya (1,22), Polşa (1,22), Latviya (1,23), Litva(1,23), Rumıniya (1,24), Bolqarıstan (1,29), Yaponiya (1,29), Macarıstan (1,30), İspaniya (1,30) və digər ölkələri aid etmək olar.
Ümumiyyətlə, bu və ya digər ölkənin demoqrafik vəziyyətini öyrənərkən vacib məsələlərdən biri doğulan uşaqların cinsi və yaş qrupları, eyni zamanda, uşaq ölümü üzrə olan rəqəmlərdir. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Körpə ölümü hər 1000 nəfər diri doğulana 1991-ci ildə 25,3-dən 11,1-ə düşmüşdür. 1991-ci ildə 5 yaşadək uşaqlar arasında hər 1000 nəfər diri doğulana 40,1 idisə, 2017-ci ildə bu göstərici 13,7-ə qədər azalmışdır. Doğulanda gözlənilən ömür uzunluğu 1991-ci ildə 71.1 idi. Yəni kişilər arasında 67, qadınlar arasında 74.8 idisə, 2010-cu ildə bu uyğun olaraqyəni 73.6 , kişilər arasında 70.9, qadınlar arasında 76.2 olmuşdur. 2011-ci ildə isə doğulanda gözlənən ömür uzunluğu cəmi əhali üzrə 73,8, yəni kişilər arasında 71,2, qadınlar arasında isə 76,5 olmuşdur. Bununla belə, ölkədə doğulanlar arasında cins nisbətinin pozulması narahatedici məqamlardan birinə çevrilmişdir. Diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 115 oğlan düşür. Halbuki bioloji norma göstəricisi 105-107 təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər. Bu meylin davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə tədbirlərin davam etdirilməsinə və daha da gücləndirilməsinə ehtiyac var. Bununla bağlı olaraq, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Fəaliyyət Planı hazırlanır, yaxın müddətdə qəbul olunması nəzərdə tutulur.
Əhalinin sayının və quruluşunun dəyişilməsi ümumi əmək yükünün yenidən bölüşdürülməsinə və yaş-cins qrupları üzrə əhalinin məşğulluq səviyyəsinin dəyişilməsinə gətirib çıxarır. Belə ki, cavanların və orta yaşlıların əhalinin ümumi sayındakı xüsusi çəkisinin azalması ən böyük əmək yükünün yuxarı yaşlı əhali qrupunun üzərinə düşməsinə səbəb olur. İnsanların əmək aktivliyi isə çox vaxt onların yaş həddindən asılı olur.Normal iqtisadi inkişaf üçün gənclərin sayı kifayət qədər olmalıdır. Belə ki, gənclər fəal, mobil işçi qüvvəsi kimi, bilik və peşələrə sürətlə yiyələnərək bu bilikləri praktiki işdə istifadə etmək qabiliyyətinə malikdirlər. Ölkə əhalisinin 2,5 milyon nəfərini vəya 25,5 faizini gənclər təşkil edir. Gənclərin 50,6 faizi şəhər yerlərində, 49,4 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir. 2017-ci ildə 15-29 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 115,5 min nəfər olmuşdur və bütövlükdə doğulan körpələrin 80,2 faizi gənc anaların payına düşmüşdür.Ötən il ölkədə nikaha daxil olanların 77,9 faizini gənclər təşkil etmişdir. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,6,qadınların isə 23,7-dir.
Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı azalmışdır. Belə ki, əgər 1991-ci ildə əhalinin hər 1000 nəfərinə 6,2 idisə, 2017-ci ildə bu göstərici 5,5-ə düşmüşdür. Əmək qabiliyyətli yaşda ölənlərin sayı da 1991-ci illə müqayisədə azalaraq 2017-ci ildə əhalinin hər 1000 nəfərinə 2,6 olmuşdur. Bu gün bizi düşündürən məsələlərdən biri də pensiya və müavinat alan əlillərin saydır, Belə ki, 2018- ci ilin əvvəlinə bu şəxslərin sayı 625 640 nəfər olmuşdur. Bu isə iqtisadi fəal əhalinin sayına təsir edir. Xüsusi ilə sağlamlıq imkanları məhdud olan 18 yaşadək olan uşaqların sayının artması da (2018-ci ilin əvvəlinə bu rəqəm 71 783 olub) əmək qabiliyyətli insanların sayına öz mənfi təsirini göstərə bilər. Bu insanlar üçün iş yerlərinin yaradılması və məşğulluğunun artırılması üçün dövlət proqramları qəbul edilir və həyata keçirilir. Qeyd etmək lazımdır ki, ölkə başçımız cənab İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu sahədə mühüm qanunların qəbul edilməsi və önəmli layihələrin reallaşdırılması ilə bu məsələyə xüsusi diqqət ayırırlar.
Digər vacib məsələlərdən biri də odur ki, əhalinin sayının stabil saxlanılması üçün təbii olümlə miqrasiyanın sayı eyni saxlanılmalıdır. Məsələn, Rusiyada immiqrantların hesabına əhalinin sayının saxlanılması prosesi daha sürətlidir. Lakin immiqrantların hesabına əhalinin sayının artması heç də müsbət hal deyil. Rusiyada bu problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları qəbul olunmuşdur.
Azərbaycanda miqrasiya məsələləri xüsusi olaraq diqqətdə saxlanılır. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. Daha dəqiq əgər 1991-ci ildə daimi yaşamaq üçün Azərbaycandan gedənlərin sayı 106 399 nəfər idisə, 2017-ci ildə bu rəqəm 1901 nəfərə düşmüşdür.
Azərbaycanın müstəqilliyi dövründən bu günədək baş verən miqrasiya proseslərinin 3 istiqamətini müşahidə edə bilərik: 1-ci mərhələ Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində etnik və hərbi xarakter daşıyan məcburi miqrasiya dövrü kimi qiymətləndirilir. Ölkədə bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onların dörd yüz mindən çoxunu qadınlar, üç yüz mindən çoxunu isə uşaqlar təşkil edirdi. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işləri daha da gücləndirilir. Qeyd etmək lazımdır ki, bütün çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Və Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində aktiv iştirak etməyə başladılar. Azərbaycan Hökuməti həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi üçün bütün qüvvəsini səfərbər etmişdir. Hazırda bu qadınlar arasında milliət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar vardır. Qaçqın və məcburi köçkünlərin, eyni zamanda, atəşkəs dövründə ziyan dəymiş evlərin inşası, sosial obyektlərin təmiri ilə sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan Hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınmış, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilmiş, müasir tələblər əsasında infrastruktur yaradılmışdır. Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara qayıtmaq. Azərbaycan Respublikası Prezidentinin “ İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncam hər birimizdə, xüsusilə, evlərindən, ata – baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızda böyük ümidlər yaradır.
Miqrasiya proseslərinin 2-ci istiqaməti əsasən iqtisadi amillərin təsiri ilə formalaşırdı. SSRİ dağıldıqdan sonra, bir sıra zavod və fabriklər bağlanmış, məşğulluğun səviyyəsi aşağı düşmüşdü. İşsizlik və əmək haqlarının aşağı olması çoxlu sayda azərbaycanlı miqrantın iş axtarışı üçün qonşu ölkələrə üz tutmasına səbəb olmuşdur. Mövcud miqrasiya proseslərində əsasən kişilər iştirak edirlər, qadınlar isə öz uşaqlarını böyütmək və onlara təhsil vermək, həmçinin ailənin yaşlı üzvlərinə baxmaq üçün ölkədə qalmalı olurlar. 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması ilə, dövlət quruculuğunun inkişafında yeni mərhələ başladı. 90-cı illərin ortalarından başlayaraq, dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, torpaq islahatlarının keçirilməsi sayəsində sabitləşdirmək mümkün olmuş və əhalinin məşğulluğu sahəsində müsbət dəyişikliklər baş vermişdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində, Azərbaycanın hərtərəfli inkişafı üçün ölkədə bütün şərait yaradılmışdı və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regionun lider dövlətinə çevrilmişdir. Miqrasiyanın 3-cü istiqaməti 2001-ci ildən bu günədək davam edir. Bu dövrdə əsas tendensiya immiqrasiya axınlarının stabilləşməsidir. Ölkəmizin iqtisadi inkişafı, neft sektorunda, eləcədə qeyri-neft sektorunda artmaqda olan iqtisadi fəallıq immiqrasiya axınlarının intensivləşməsilə nəticələnmişdir.Tədricən Azərbaycan əcnəbi işçilərin təyinat ölkəsinə çevrilməkdədir. Bunu statistik göstəricilər də təsdiq edir. Son illər ərzində aparılan davamlı və uğurlu siyasət öz müsbət töfhələrini vermişdir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı, ildən-ilə artmaqdadır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və bu istiqamətdə işlər davam etdirilir. Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadınların sosial – iqtisadi vəziyyətini yaxşılaşdırılması üçün qəbul olunmuş bir sıra dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. Əhalinin hərtərəfli inkişafına kömək etməyə yönəldilmiş tədbirlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif dövrlərdə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı, Yoxsulluğun azaldılması və davamlı sosial-iqtisadi inkişafı, Məşğulluq Strategiyası, Məşğulluq Strategiyasının həyata keçirilməsi, Miqrasiya, Azərbaycan Gəncliyi, Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı, Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması, Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə və digər Dövlət Proqramlarında da əksini tapmışdır. Xüsusi ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir. 14 il əvvəl (2004-cü ilin əvvəllərində) qəbul edilmiş birinci proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Keçən müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə 35-ci yerdədir. Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi dəyərləndirilib. Dünya İqtisadi Forumu ölkəmizlə bağlı daha bir hesabatını açıqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi – 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Bu hesabatda Azərbaycan 7 mümkün baldan dörd tam yüzdə altmış doqquz (4,69) bal toplayıb. 2018-ci ildə Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları genişlənir və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə artmasına səbəb olur. Bu gün artıq Azərbaycan özünü dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində Cənab Prezidentin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqlik, güclü siyasi iradə, gərgin əmək, yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır. Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilmişdir. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrində biridir. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub və bu maraqları təmin etmək üçün bütün imkanlar səfərbər olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”. Biz bunu daim görürük, vətdandaşlarımız görürlər. Ölkə başçısının imzaladığı hər bir Fərman və Sərəncam onların rifah halının yaxşılaşdırılmasına səbəb olur. Çox önəmli faktdır ki, hər il ölkə başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosial yönümlüdür. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ən nümunəvi layihələrdən biri ASAN-dır. Bu, Azərbaycanın brendidir. Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması əhali arasında yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. Ölkədə vətəndaşlara daha tez və operativ xidmətlərin göstərilməsi sahəsində davamlı olaraq yeni layihələr reallaşır. Bunlardan biri də DOST-dur. Onun əsas məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Digər layihələrdən biri də icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı yeni yaradılacaq TƏBİB-dir.
Cənab Prezident çıxışlarında qeyd edir ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Belə bir dövlətin əsasını isə ailələr təşkil edir. Baxmayaraq ki, Ermənistanın aqressiv işğalçı siyasəti bu gün də davam edir, bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var, qloballaşmanın mənfi təsirləri var, ölkəmizə qarşı ikili standartlar tətbiq olunur. Bu gün sosial-mənəvi inkişafı təmin edən, fəal, güclü ailələrin formalaşması üçün dövlət tərəfindən bütün imkanlar yaradılır. Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olmuşdur. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiq etməsində və inkişafında ailənin rolu böyükdür. Bu institutun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. Ölkəmizdə aparılan sosial-iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini vermişdir. Bu islahatların nəticəsi olaraq qaçqın və məcburi köçkün, şəhid ailələri, təqaüdçülər, aztəminatlı, çoxuşaqlı, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlayan Mehriban xanım Əliyevanın elə ilk atdığı addımlar da məhz belə həssas qruplardan olan ailələrə yönəlmişdir. Belə ki, müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələr mənzillə təmin edilmişdir. Eyni zamanda, uşaq evlərində böyüyən və internat həyatı başa çatan qızlar və oğlanlar üçün yaşayış binası tikilmiş və onların istifadəsinə verilmişdir. Və bu proses davam etməkdədir.
Ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Həmçinin, qloballaşma şəraitində dünyada gedən proseslər və çağırışlar, xüsusilə də ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasını zəruri edir. Bununla bağlı “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasından irəli gələrək Azərbaycan Respublikasının Ailə strategiyası layihəsi hazırlanır və bu il həmin sənədin qəbul edilməsi nəzərdə tutulur. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi – bütün bunlar bütövlükdə Azərbaycan Respublikasının inkişafı deməkdir.
Azərbaycan Respublikası sürətlə inkişaf etməkdədir. Ölkənin qısa zaman kəsiyində iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, ümumbəşəri humanitar problemlərin, XXI əsrin çağırışlarının həllinə yönəldilmiş dünya əhəmiyyətli təşəbbüsləri, gündən-günə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirmişdir. Bu fakt bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapmışdır. Əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası durur.İnsan Kapitalının inkişafı hər bir ölkənin, o cümlədən də Azərbaycanın qarşısında dayanan əsas məqsəddir. Çünki, insan kapitalına qoyulan investisiya bütövlükdə insanların rifahı, dövlətin inkişafı deməkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova
Comments are closed, but trackbacks and pingbacks are open.