Milli Məclis Sosial xidmət haqqında qanunu qəbul etdi
25.2. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir.
Sosial xidmt haqqında qanun
Respublika Qəzeti (Dərc olunma tarixi: 16-03-2012, Nəşr nömrəsi: 061), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-03-2012, Nəşr nömrəsi: 62), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2012, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 191)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201112300275
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Sosial xidmət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. sosial xidmət – çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər;
1.0.2. çətin həyat şəraiti – şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi hal;
1.0.3. sosial xidmət göstərən subyektlər – sosial xidmətə tələbatın müəyyənləşdirilməsi və sosial xidmət göstərilməsi sahəsində fəaliyyət göstərən dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər (sosial xidmət müəssisəsi, sosial işçi, sosial xidmətçi);
1.0.4. sosial xidmət müəssisələri – mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq əhaliyə sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər;
1.0.5. sosial işçi – bu Qanunla müəyyən olunmuş qaydada sosial xidmətə olan tələbatı qiymətləndirən və müəyyən edən, eləcə də sosial xidmət göstərən şəxs;
1.0.6. sosial xidmətçi – sosial-məişət xidmətləri göstərən şəxs;
1.0.7. sosial xidmətə götürülmüş şəxs (ailə) – çətin həyat şəraiti ilə əlaqədar sosial xidmət göstərilən şəxs (ailə);
1.0.8. ahıl – yaşı 70-ə çatmış şəxs;
1.0.9. sosial xidmətin göstərilməsi üzrə standartlar – normativ hüquqi aktlarla sosial xidmət göstərilməsinin keyfiyyətini və həcmini müəyyən edən şərtlər;
1.0.10. sosial yadırğama (dezadaptasiya) – şəxsin (ailənin) sosial mühitə uyğunlaşma qabiliyyətinin itirilməsi;
1.0.11. sosial məhrumiyyət (deprivasiya) – şəxsin (ailənin) əsas həyati tələbatlarını müstəqil şəkildə ödəmək imkanlarının məhdudlaşması və (və ya) ondan məhrum olması;
1.0.12. sosial mühit – şəxsin (ailənin) yaşaması, formalaşması və fəaliyyət göstərməsi üçün iqtisadi, sosial, siyasi və mənəvi şərtlərin məcmusu.
Maddə 2. Sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Qanunun əhatə dairəsi
Bu Qanun sosial xidmətə ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunur.
Maddə 4. Sosial xidmətin məqsədi
Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.
Maddə 5. Sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri
5.0. Sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
5.0.1. insan hüquq və azadlıqlarına riayət olunması;
5.0.2. humanizm, könüllülük, məxfilik, tolerantlıq, ünvanlılıq, ədalətlilik və əlçatanlıq;
5.0.3. diskriminasiyaya və stiqmatizasiyaya yol verilməməsi;
5.0.4. çətin həyat şəraitində olan şəxslərin (ailələrin) sosial xidmətə götürülməsində bərabər imkanların təmin edilməsi;
5.0.5. sosial inteqrasiya və əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılması;
5.0.6. ictimai iştirakçılığın təmin olunması.
Maddə 6. Sosial xidmət sahəsində dövlətin vəzifələri
6.0. Sosial xidmət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:
6.0.1. sosial xidmət sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən həmin sahədə normativ hüquqi aktların və dövlət standartlarının qəbul edilməsi;
6.0.2. sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsi sahəsindəki fəaliyyətdə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin iştirakının dəstəklənməsi;
6.0.3. vahid sosial xidmət təsnifatının hazırlanması;
6.0.4. sosial xidmətin təmin edilməsi üçün zəruri infrastrukturun və şəraitin, o cümlədən maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi;
6.0.5. sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmətin bu Qanunla müəyyən edilmiş forma və növləri üzrə sosial xidmət göstərilməsinin təmin edilməsi;
6.0.6. sosial xidmət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması;
6.0.7. sosial xidmət sahəsində digər tədbirlərin həyata keçirilməsi.
ÇƏTİN HƏYAT ŞƏRAİTİNDƏ OLAN ŞƏXSƏ (AİLƏYƏ) SOSİAL XİDMƏT GÖSTƏRİLMƏSİNİN TƏŞKİLİ
Maddə 7. Şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin əsasları
7.1. Şəxs (ailə) aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab edilir:
7.1.1. uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması;
7.1.2. uşaqların əlilliyinin olması; [1]
7.1.3. yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması;
7.1.4. xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək qohumların olmaması müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;
7.1.5. şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması;
7.1.6. insan alverinin qurbanı olması;
7.1.6-1. uşağın cinsi istismar və ya cinsi zorakılıq qurbanı olması; [2]
7.1.7. məişət zorakılığından zərər çəkməsi;
7.1.8. müəyyən yaşayış yerinin olmaması;
7.1.9. valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması;
7.1.10. şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması.
7.2. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Çətin həyat şəraitində olan şəxsin (ailənin) hüquqları
8.0. Çətin həyat şəraitində olan şəxsin (ailənin) aşağıdakı hüquqları vardır:
8.0.1. bu Qanunun 7-ci maddəsi ilə müəyyən olunmuş əsaslar olduqda sosial xidmət göstərən subyektlər tərəfindən təqdim edilən sosial xidmətdən bu Qanuna uyğun olaraq istifadə etmək;
8.0.2. sosial xidmət göstərilməsi üçün müraciət etmək;
8.0.3. sosial xidmət göstərilməsinin mümkünlüyü, qaydası və şərtləri, sosial xidmətin forma və növləri, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq;
8.0.4. sosial xidmətə olan tələbatın müəyyən edilməsi və qiymətləndirilməsində iştirak etmək;
8.0.5. sosial xidmətə olan tələbatın xarakteri nəzərə alınmaqla sosial xidmət göstərən müəssisəni seçmək;
8.0.6. sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmət göstərilməsindən imtina etmək;
8.0.7. sosial xidmət göstərən subyektlər tərəfindən şərəf və ləyaqətlərinə hörmət olunmasını və humanist münasibət bəslənməsini tələb etmək, habelə onların hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət etmək;
8.0.8. sosial xidmət müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə təmin olunmaq;
8.0.9. sosial xidmət müəssisələrində daxili intizam qaydalarını pozmamaq şərti ilə dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq;
8.0.10. kütləvi informasiya vasitələri ilə təmin olunmaq;
8.0.11. şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb etmək;
8.0.12. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq. [3]
Maddə 9. Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri
9.0. Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri aşağıdakılardır:
9.0.1. sosial xidmət göstərilməsinə tələbatın müəyyən edilməsi və qərar qəbul edilməsi üçün tam və düzgün məlumatları vermək;
9.0.2. sosial xidmət göstərilməsinə təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektləri dərhal məlumatlandırmaq;
9.0.3. sosial xidmət müəssisələrinin daxili intizam qaydalarına əməl etmək;
9.0.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 10. Sosial xidmət göstərilməsi üçün müraciət edilməsi
10.1. Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə və ərizəyə əlavə olunmaqla, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq əsası təsdiq edən digər sənədlərlə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər.
10.1-1. Sosial xidmət g ö stərilməsi üçü n m ü raciət edilməsi ilə əlaqədar tələb olunan sənədlərin və ya məlumatlarin Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə m ü vafiq d ö vlət orqanından (qurumundan) əldə edilməsi m ü mk ü n olduqda, həmin sənədlər və ya məlumatlar m ü raciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatlar ı n Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə əldə edilməsi m ü mk ü n olmad ığı hallarda onlar ı n təqdim edilməsi m ü raciət edənin raz ı l ığı ilə sor ğ u əsas ı nda m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) tələb olunur və ya m ü raciət edən tərəfindən təmin edilir. [4]
10.2. Çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.
10.3. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr çətin həyat şəraitində olan və sosial xidmətə ehtiyacı olan şəxslərin müəyyən edilməsi və bu şəxslərin sosial xidmətə götürülməsi üçün onlar barəsində məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərirlər.
10.4. Bu Qanunun 10.2-ci və 10.3-cü maddələrinə uyğun olaraq çətin həyat şəraitində olan şəxsə (ailəyə) sosial xidmət göstərilməsi barədə digər şəxslərin müraciətləri zamanı bu Qanuna uyğun olaraq sosial xidmət göstərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Maddə 11. Sosial xidmətlərə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi qaydası
11.1. Sosial xidmətin göstərilməsi çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial xidmətlərə olan tələbatının sosial işçi tərəfindən qiymətləndirilməsi və müəyyən edilməsi əsasında həyata keçirilir.
11.2. Sosial xidmətlərə tələbatın qiymətləndirilməsi və müəyyən edilməsi üçün meyarlar aşağıdakılardır:
11.2.1. sosial yadırğama (dezadaptasiya);
11.2.2. sosial məhrumiyyət (deprivasiya);
11.2.3. uğursuz sosial mühit.
11.3. Sosial xidmətin göstərilməsi barədə müraciət müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən sonra 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin daxil olduğu gündən sonra 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir.
11.4. Sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabat və şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.
Maddə 12. Şəxsin (ailənin) sosial xidmətə götürülməsi və ya ondan imtina edilməsi barədə qərar
12.1. Şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən sonra 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar 3 iş günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). Sosial xidmətin göstərilməsindən imtina barədə qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli müraciət edən şəxsə qaytarılır.
12.2. Şəxsin (ailənin) sosial xidmətə götürülməsindən imtina üçün əsaslar aşağıdakılardır:
12.2.1. bu Qanunun 7-ci maddəsində göstərilən əsaslardan azı birinin olmaması;
12.2.2. təqdim edilmiş məlumatların və sənədlərin düzgün olmaması.
12.3. Dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi barədə qərar qəbul edildiyi gündən şəxs (ailə) sosial xidmətə götürülür.
12.4. Şəxsə sosial xidmətin göstərilməməsinin onun həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradacağı hallarda şəxs dərhal müvəqqəti sosial xidmətə götürülür. Şəxsin sosial xidmətə götürülməsi barədə qərar qəbul edildikdə müvəqqəti sosial xidmətin müddəti dayandırılmır və şəxs daimi sosial xidmətə götürülür.
12.5. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
12.6. Bu Qanunun 12.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sosial xidmət şəxsin (ailənin) yaşayış yeri üzrə göstərilir.
12.7. Şəxsin (ailənin) zorakılığa məruz qaldığı və ya sosial yadırğama (dezadaptasiya), habelə sosial məhrumiyyət (deprivasiya) təhlükəsi yarandığı hallarda sosial xidmət yaşayış yerindən asılı olmayaraq göstərilir.
Maddə 13. Çətin həyat şəraitində olan şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsi
13.1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslər onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri olduğu hallarda, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən dövlət sosial xidmət müəssisəsinə yerləşdirilə bilər. Şəxsin dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi zamanı bu Qanunun 8-ci maddəsində müəyyən olunmuş hüquqları nəzərə alınır.
13.2. Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
SOSİAL XİDMƏT GÖSTƏRƏN SUBYEKTLƏR
Maddə 14. Sosial xidmət sahəsində fəaliyyət göstərən fiziki şəxslər
14.1. Ali təhsili və uyğun peşə hazırlığı olan şəxslər sosial işçi qismində sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.
14.2. Ümumi orta təhsili olan şəxslər sosial xidmətçi qismində fəaliyyətə cəlb oluna bilər.
Maddə 15. Sosial işçinin hüquqları və vəzifələri
15.1. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin hüquqları aşağıdakılardır:
15.1.1. işə qəbul olunarkən işəgötürənin vəsaiti hesabına tibbi müayinədən keçmək;
15.1.2. peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə işəgötürənin vəsaiti hesabına əlavə təhsil almaq;
15.1.3. xidməti vəzifəsini yerinə yetirərkən işəgötürənin vəsaiti hesabına zəruri geyim və avadanlıqlarla təmin olunmaq, nəqliyyat xərcləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul kompensasiyası almaq;
15.1.4. zəruri məlumatların əldə edilməsi üçün sorğu göndərmək;
15.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
15.2. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri aşağıdakılardır:
15.2.1. sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planı tərtib etmək;
15.2.2. çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına yardım etmək;
15.2.3. sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına əməl etmək;
15.2.4. sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək;
15.2.5. xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
15.2.6. sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verməmək;
15.2.7. sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırması üçün mövcud olan imkanlar haqqında məlumatlandırmaq;
15.2.8. öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların konfidensiallığını təmin etmək;
15.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
15.3. Bu Qanunun 15.1-ci maddəsində (15.1.4-cü maddə istisna olmaqla) nəzərdə tutulmuş hüquqlar və 15.2-ci maddəsində (15.2.1-ci və 15.2.7-ci maddələr istisna olmaqla) nəzərdə tutulmuş vəzifələr sosial xidmətçiyə də şamil edilir.
Maddə 16. Sosial xidmət sistemi
Sosial xidmət sistemi sosial xidmət sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanından, dövlət, bələdiyyə və özəl sosial xidmət müəssisələrindən, sosial işçilərdən və sosial xidmətçilərdən, eləcə də öz vəsaitləri və ya cəlb edilmiş vəsaitlər hesabına sosial xidmət göstərən qeyri-hökumət təşkilatlarından, könüllülərdən ibarətdir. Respublika Qızıl Aypara Cəmiyyətinin strukturları bu sistemin tərkib hissəsidir.
Maddə 17. Sosial xidmət müəssisələri
17.1. Çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmətin göstərilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada sosial xidmət müəssisələri (ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün internat evləri, psixonevroloji internat, insan alveri qurbanları üçün yardım mərkəzləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün sosial adaptasiya mərkəzləri, günərzi qayğı mərkəzləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri, sosial-psixoloji yardım mərkəzləri, müvəqqəti sığınacaqlar, peşə istiqamətləndirmə mərkəzləri, palliativ yardım mərkəzləri, hospislər, icma əsaslı reabilitasiya mərkəzləri, himayədar ailə, kiçik qrup evləri, müvəqqəti qayğı xidmətləri, sosial mağazalar və yeməkxanalar və digər müəssisə və xidmətlər) yaradılır və fəaliyyət göstərir. [5]
17.2. Xeyriyyəçilik məqsədilə sosial xidmətlərə vəsait ayıran fiziki və hüquqi şəxslər və bu fəaliyyəti ödənişsiz şərtlərlə həyata keçirən sosial xidmət müəssisələri üçün qanuna uyğun olaraq güzəştlər müəyyən edilə bilər.
SOSİAL XİDMƏTİN FORMALARI VƏ NÖVLƏRİ
Maddə 18. Sosial xidmətin formaları
18.0. Sosial xidmətin formaları aşağıdakılardır:
18.0.1. evdə (səyyar) sosial xidmət;
18.0.2. yarımstasionar (günərzi) sosial xidmət;
18.0.3. stasionar sosial xidmət;
18.0.4. sosial-məsləhət yardımı.
Maddə 19. Evdə (səyyar) sosial xidmət
19.1. Evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, “ əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara , xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir. [6]
19.2. Evdə (səyyar) sosial xidmətə aşağıdakılar aiddir:
19.2.1. dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa köməklik göstərilməsi;
19.2.2. istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində köməklik edilməsi;
19.2.3. tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi, tibb və təhsil müəssisəsinə müşayiət olunması;
19.2.4. yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması;
19.2.5. hüquqi məsləhət alınmasına köməklik göstərilməsi;
19.2.6. əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara reabilitasiya xidmətinin göstərilməsi. [7]
Maddə 20. Yarımstasionar (günərzi) sosial xidmət
Yarımstasionar (günərzi) sosial xidmət özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi, mədəni və başqa xidmətlər göstərilməsindən, asudə vaxtın səmərəli təşkil olunmasından, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir. [8]
Maddə 21. Stasionar sosial xidmət
21.1. Stasionar sosial xidmət, bu məqsədlə yaradılmış müəssisədə sosial xidmət göstərilən şəxslərin (ailələrin) fiziki durumuna və səhhətinə uyğun həyat şəraitinin yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsindən, qulluğun təşkilindən ibarətdir.
21.2. Sosial xidmət müəssisəsində yaşayan ailənin üzvləri ayrıca yaşayış sahəsi ilə təmin olunurlar. Sosial xidmət müəssisəsinin rəhbərliyi müəssisədə yaşayan çətin həyat şəraitində olan şəxslərin (ailələrin) şəxsi və qiymətli əşyalarının mühafizəsini təmin edirlər.
1.3. Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan şəxslər qanunla müəyyən edilmiş qaydada xüsusi stasionar müəssisələrdə yerləşdirilirlər.
Maddə 22. Sosial-məsləhət yardımı
22.1. Sosial-məsləhət yardımının məqsədi çətin həyat şəraitində olan şəxslərin (ailələrin) cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir.
22.2. Sosial-məsləhət yardımına aşağıdakılar aiddir:
22.2.1. qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi;
22.2.2. çətin həyat şəraitində olan şəxslərin (ailələrin) problemlərinin həllinə dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının cəlb olunması məqsədilə zəruri tədbirlərin görülməsi;
22.2.3. sosial xidmət üzrə məsləhətlərin verilməsi.
Maddə 23. Sosial xidmətin növləri
23.0. Təyinatından asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünür:
23.0.1. sosial-məişət xidmətləri – şəxslərin (ailələrin) məişət şəraitinin, yaşayış vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
23.0.2. tibbi-sosial xidmətlər – şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
23.0.3. sosial-psixoloji xidmətlər – şəxslərin cəmiyyətə adaptasiyası məqsədilə psixoloji yardımı nəzərdə tutur; [9]
23.0.4. sosial-pedaqoji xidmətlər – yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir;
23.0.5. sosial-iqtisadi xidmətlər – şəxslərin həyat səviyyəsinin qorunmasına və möhkəmlənməsinə yönəlmişdir;
23.0.6. sosial-hüquqi xidmətlər – hüquqi yardım göstərilməsi, şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir;
23.0.7. palliativ xidmətlər – müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsinə yönəlmişdir.
SOSİAL XİDMƏTİN MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ SOSİAL XİDMƏT HAQQI
Maddə 24. Sosial xidmətin maliyyələşdirilməsi
Sosial xidmət qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinin vəsaiti, ödənişli əsaslarla sosial xidmət göstərilməsindən əldə olunan vəsaitlər, hüquqi və fiziki şəxslərin ianələri, qrantlar, eləcə də qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
Maddə 25. Sosial xidmət haqqının ödənilməsi
25.1. Sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir.
25.2. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir.
25.3. Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydası və sosial xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
25.4. Ödənişli sosial xidmətlər çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
25.5. Bələdiyyə sosial xidmət müəssisələri gəlir əldə etmək məqsədi güdmür və sosial xidmət haqqı sosial xidmət göstərilməsi ilə bağlı xərclərin, əməkdaşların əmək haqlarının və digər cari xərclərin həcminə uyğun olaraq bələdiyyə tərəfindən müəyyənləşdirilir. Özəl sosial xidmət müəssisələrində sosial xidmət haqqı müəssisə ilə sosial xidmətə götürülmüş şəxs arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
Maddə 26. Sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsi
Sosial xidmət sahəsində dövlət sifarişləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilə bilər.
YEKUN MÜDDƏALARI
Maddə 27. Sosial xidmət sahəsində könüllü fəaliyyət
Sosial xidmət sahəsinə könüllü fəaliyyətin iştirakçılarının (könüllü fəaliyyətin təşkilatçılarının və könüllülərin) cəlb edilməsi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 28. Sosial xidmət göstərilməsinə nəzarət
Sosial xidmət göstərən subyektlər tərəfindən göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 29. Sosial xidmət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
29.1. Bu Qanunun pozulması ilə nəticələnən aşağıdakı hallar məsuliyyətə səbəb olur:
29.1.1. dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsi;
29.1.2. bu Qanuna uyğun dövlət tərəfindən sosial xidmət göstərilməsinin dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmaması;
29.1.3. sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq bu Qanuna uyğun dövlət tərəfindən sosial xidmətə götürülməsi və ya sosial xidmət göstərilməsi üçün əsaslar olduqda şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsi;
29.1.4. sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina barədə qərar haqqında bu Qanunla müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsi;
29.1.5. sosial xidmət göstərilməsi ilə bağlı əldə edilən məlumatların konfidensiallığının təmin edilməməsi;
29.1.6. sosial xidmətin göstərilməsinin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən tələblərin pozulması.
29.2. Bu Qanunun tələblərini pozan şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 30. Qanunun qüvvəyə minməsi
30.1. Bu Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minir.
30.2. Bu Qanunun qüvvəyə mindiyi gündən “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 518; 2007-ci il, № 5, maddə 401) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2011-ci il
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685 )
2. 19 may 2020-ci il tarixli 113-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 12 iyun 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 831 )
3. 22 iyun 2021-ci il tarixli 349-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 895 )
4. 20 dekabr 2022-ci il tarixli 744- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30 )
5. 27 dekabr 2022-ci il tarixli 776-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23 )
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 22 iyun 2021-ci il tarixli 349-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 895 ) ilə 7.1.2-ci maddədə “ sa ğ laml ı q imkanlar ı n ı n məhdud ” s ö zləri “ əlilliyinin ” s ö z ü ilə əvəz edilmişdir.
[2] 27 dekabr 2022-ci il tarixli 776-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23 ) ilə yeni məzmunda 7.1.6-1-ci maddə əlavə edilmişdir.
[3] 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685 ) ilə 8.0.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 8.0.12-ci maddə əlavə edilmişdir.
[4] 20 dekabr 2022-ci il tarixli 744- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30 ) ilə yeni məzmunda 10.1-1-ci maddə əlavə edilmişdir.
[5] 19 may 2020-ci il tarixli 113-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 12 iyun 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 831 ) ilə 17.1-ci maddədə “əlillər və sağlamlıq imkanları məhdud olan” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilmişdir.
22 iyun 2021-ci il tarixli 349-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 895 ) ilə 17.1-ci maddədən “ , o c ü mlədən sa ğ laml ı q imkanlar ı məhdud 18 ya şı nadək u ş aqlar ” s ö zləri çı xar ı lmışdır.
[6] 19 may 2020-ci il tarixli 113-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 12 iyun 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 831 ) ilə 19.1-ci maddədə “əlillərə və sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilmişdir.
22 iyun 2021-ci il tarixli 349-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 895 ) ilə 19.1-ci və 19.2.6-c ı maddələrdən “ , o c ü mlədən sa ğ laml ı q imkanlar ı məhdud 18 ya şı nadək u ş aqlara ” s ö zləri çı xar ı l mışdır.
[7] 19 may 2020-ci il tarixli 113-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 12 iyun 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 831 ) ilə 19.2.6-cı maddədə “əlillərə və 18 yaşadək sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilmişdir.
[8] 19 may 2020-ci il tarixli 113-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 12 iyun 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 831 ) ilə 20-ci maddədə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilmişdir.
[9] 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685 ) ilə 23.0.3-cü maddədə “psixoloji vəziyyətinin reabilitasiyasını” sözləri “psixoloji yardımı” sözləri ilə əvəz edilmişdir.
Milli Məclis “Sosial xidmət haqqında” qanunu qəbul etdi
Azərbaycan Milli Məclisi “Sosial xidmət haqqında” qanunu qəbul edib.
Trend-in məlumatına görə, Parlamentin cümə günü keçirilən iclasında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İkinci oxunuşdan sonra qanun layihəsində sosial xidmət sahəsində fəaliyyət göstərən subyektlərin siyahısına könüllülər də əlavə olunub. Həmçinin sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi ictimai iştirakçılığın təmin olunması qeyd edilib.
Parlamentin Sosial siyasət komətisinin sədri Hadı Rəcəbli iclasda bildirib ki, qanun sosial xidmətin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Onun sözlərinə görə,
bu qanunun müddəalarından irəli gələn məsələlər sosial müdafiəyə ehtiyacı olan insanların həyatında mühüm yer tutacaq.
Azərbaycanda bu qanun ölkədə qeydə alınan 4308 kimsəsiz uşağın, 410 min əlilin, 400 mindən çox yaşlı insanın müdafiəsinə xidmət edəcək.
Qanun layihəsi xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb.
Yeni qanunla sosial yardıma ehtiyacı olan vətəndaşların kateqoriyaları, sosial yardımın növləri (dövlət stasionar müəssisələrdə, özəl müəssisələrdə, evlərdə) müəyyənləşdiriləcək. Azərbaycanda sosial xidmətlərlə bağlı qanunvericilik yaradıldıqdan sonra sosial işçilərin
statusu, onların hüquq və vəzifələri müəyyən ediləcək.
Sosial işçilər öz əməklərinə görə dövlətdən əməkhaqqı alacaqlar.
Comments are closed, but trackbacks and pingbacks are open.