Su pərisi
Bəs real həyatda belə canlılar mövcüd olublarmı?
Su pəriləri haqda həqiqət ÜZƏ ÇIXDI: sən demə. – FOTO
Sizcə su pərisinin qızartması daha dadlı olar, yoxsa şorbası? Maraqlıdır, görəsən bu iki tamamilə fərqli canlını birləşdirmək fikri ilk dəfə kimin ağlına gəlib? Həqiqətənmi tarixdə su pəriləri adlı canlı yaşayıb, yoxsa bu xalq nağıllarının xəyali personajıdır?
Milli.Az bütün bu sualların cavabını araşdırmağa çalışacaq.
Yer kürəsinin böyük hissəsinin səthi su ilə örtülü olduğu üçün qədim əfasənər və nağılların baş qəhrəmanları sudan peyda olurlar. Bu siyahının başında gözəllik ilahəsi Afrodita durur. Əfsanələrə görə, Afrodita dəniz köpüyündən yaranmışdı. Antik ədəbiyyatda dəniz gözəlləri haqda sonsuz sayda əsərlər yazılırdı. Bəzi ədəbiyyatlarda onların adları tritonlar, undinalar, meluzinalar və s. kimi qeyd olunsa da, daha çox su pərisi adlandırılırlar.
Bəs real həyatda belə canlılar mövcüd olublarmı?
Xristofor Kolumb öz yazılarında Cənubi Afrika və Qvineya sahillərində buna bənzər heyvanlara rast gəldiyini qeyd edirdi. Bəlkə də elə bu heyvanlar su pərisi adlı əfsanəvi personajın yaranmasına səbəb olub. Lamantin və dyüqon adlanan bu canlılar zoologiyada su pəriləri sinifinə aid edilir. Onlar əllərinin olması və üz cizgilərinə görə insanı xatırladadırlar. Lakin böyük ehtimalla bu yanaşma tərzi də yanlışdır. Çünki bu əfsanələrin yarandığı ərazilər olan Britaniya adaları və Skandinaviyada həmin heyvanlar yaşamayıb.
Bir çox slavyan miflərində isə ölmüş insanların ruhlarının su pərilərinə keçdiyi iddia olunur.
Su pəriləri ilə bağlı ən qəribə hadisə 1830-cu ilə Şotlandiya sahillərinin birində baş verib. İngilis folklorşünası Aleksandr Karmaykl bu hadisənin canlı şahidi olan, yerli əhalidən belə bir əhvalat eşitmişdi. Belə ki, kəndin kişiləri dəniz yosunları kəsərkən qadınabənzər bir canlının onlara baxdığını sezirlər. Nə qədər çalışsalar da, onu yaxalaya bilmirlər. Uşaqların atdığı daş həmin canlının belinə dəyir və üzüb suyun altında gizlənir. Bir neçə gündən sonra sahildən həmin pərinin cəsədi tapılır. Karmaykl qeydlərində bu canlının vücudunu belə xarakterizə edir: “Onun yuxarı hissəsi 3 yaşında uşağı xatırladan qeyri-adi döşlü qadın bədəni idi. Saçları uzun, ağ dərisi isə zərif və yumşaq idi. Bədəninin aşağı hissəsi pulcuqsuz balıq idi. Deyilənə görə bu pərinin qəbri hələ də, həmin ərazidə qorunub-saxlanılır.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Su pərisi
Biri vardı, biri yoxdu, ucu bucağı görünməyən böyük bir dəniz vardı. Bu dəniz bütün dənizlərdən çox-çox gözəl idi. Dənizin ən dərin yerlərində belə suyun şəffaflığından dənizin dibi görünürdü. Onun sahilləri və dərinlikləri yamyaşıl bitkilərlə əhatə olunduğundan dənizin də rəngi yaşıl idi. Elə buna görə də dənizin adına Yaşıl dəniz deyərdilər.
Camaat arasında bu dənizə sehrli dəniz də deyənlər var idi. Ona görə belə deyirdilər ki, hələ bu dənizdə indiyə qədər heç kəs boğulmamışdı. Lap üzə bilməyən adam da təsadüfən dənizə düşsəydi, huşunu itirər və özünə gələndə özünü sahildə görərdi. Bu hamı üçün açılmaz bir sirr olaraq qalmışdı.
Yaşıl dənizin əsrarəngiz gözəlliyi və sehrli olması həmının diqqətini cəlb edirdi. Onun şöhrəti bütün dünyaya yayılmışdı. Uzaq-uzaq ölkələrdən dövlətli səyyahlar gəlib bu dənizin və onun sahillərinin gözəlliyini seyr edir, bir neçə gün qalandan sonra yenə də yollarına davam edirdilər.
Burada olan balıqlar dünyanın heç bir dənizində yox idi. Biri-birindən gözəl və maraqlı böyük köpək balıqları, nərə, durna, qulaqlı xanılar, çökə balıqları, ilanbalıqları, dəniz şeytanı adlanan balıqlar və cürbəcür başqa balıqlar bu dənizdə saysız hesabsız qədər idi. Suyun içərisinə girən kimi bu balıqlar adamdan qorxmadan onun ayaqlarına sürtüşərək üzürdülər. Amma sehrli dənizdən balıq tutmaq gedib göydən ulduz gətirmək kimi bir şey idi. Balıq tutmağa hazırlaşan balıqçıların bütün zəhmətləri hədər gedər, toru çəkəndə görərdilər ki, tor kəsik-kəsik olub və bütün tora düşən balıqlar üzüb canlarını qurtarıblar. Bəlkə də bəziləri qarmaqla bir-iki balıq tutardılar. Bu çox da qorxulu deyildi. Vay o gündən ki, həmin adam bir az çox balıq tutaydı. Onda dənizdə bir dalğalar əmələ gəlirdi ki, az qalırdı qayıq yaxud da gəmi çevrilə.
Sehrli dənizin bir də çox qəribə yazılmamış qanunu var idi. Dənizə çox yaxın yerdə koma qurmaq, ev tikmək olmazdı. Bu hamıya bəlli idi. Ona görə də heç kəs buna çalışmırdı. Hamı bilirdi ki, kim orada bir tikili tiksə, yaxud adi balıqçı torları assa, o saat dənizdə böyük-böyük dalğalar əmələ gələcək və həmin anda dalğalar həmin şeyləri dağıdacaqlar. Baş bilənlər danışırdılar ki, dəniz, öz balıqlarının dənizdə qorxusuz üzmələri üçün belə edir.
Yaşıl dənizə yaxın olan bir obada Şahnur adında bir cavan oğlan yaşayırdı. Şahnur nənəsi ilə bir yerdə qalır, qocalmış nənəsinə hər işdə kömək edirdi. O, dəniz qırağından balıqqulağılar yığır və onlardan cürbəcür naxışlı bəzək əşyaları düzəldir, sonra da onları sataraq nənəsi ilə dolanırdı. Hər dəfə də o balıqqulağı yığmaq üçün sahilə gələndə dəniz ləpələri ona sahildə olmayan biri-birindən gözəl balıqqulağılar gətirirdi. Şahnur bu haqda heç kəsə bir söz deməmişdi, qorxurdu ki, inanmasınlar, onu lağa qoysunlar. Biri-birindən gözəl balıqqulağılarından düzəldilmiş bəzək şeylərini qızlar, gəlinlər çox böyük həvəslə alırdılar. Şahnur və nənəsinin güzəranı get-gedə yaxşılaşırdı.
Bununla belə Şahnura dənizin sirrləri rahatlıq vermirdi. O ürəyində bütün günü götür-qoy edir, özü-özünə cürbəcür suallar verir və heç birisinə cavab tapa bilmirdi. «Görəsən dənizdə boğulanı kim xilas edir? Balıqçı torlarını kim deşir, balıqları xilas edir? Sahildə ev tikəndə, niyə dənizdəki dalğalar həmin evi tikməyə imkan vermirlər? Bütün bunlara kim əmr verir və onu kim yerinə yetirir? hansı qüvvə dənizdəki balıqları daima qoruyur?» Bütün bu suallar gecə də gündüz də Şahnura rahatlıq vermirdi.
Beləcə bikef gəzdiyi günlərin birində, Şahnur bir sirrin açılması yolunu fikirləşib tapdı. Özü-özlüyündə sevincək oldu. Şahnur qərara gəldi ki, dənizin içərisində suya atılsın və özünü elə göstərsin ki, güya boğulur. Ondan sonra bütün boğulanları xilas edən kimdisə, yəqin onu da xilas edəcək. Heç olmasa onu görsə bilər ki, qalan işlər də ona məxsusdur.
Belə fikirlə gəldi qayığı olan bir tanışının yanına. Dedi ki, dənizə çıxır ona qayıq lazımdır. Həmin adam da Şahnuru yaxşı tanıdığından, ona etiraz eləmədi.
Şahnur elə həmin saat gəlib nənəsi ilə öpüşüb görüşdü və dənizə çıxdı. Nənə nə qədər harayladısa, bala hara gedirsən, oğlan heç nə demədi. Dənizdən bir xeyli aralanmışdı ki, atıldı suya çimməyə. Çimib qurtarandan sonra güya ki, qayığa qalxmaq istəyəndə qayığı bilə-bilə çevirdi. Bir xeyli suyun içərisində əllərini yuxarı qaldırıb «kömək eləyin, boğuluram» deyə qışqırdı. Bundan sonra isə hərəkətsiz halda yavaş-yavaş suyun dibinə düşməyə başladı. Gözlərini də yumdu ki, qıraqdan ona fikir verən olsa görsün ki, boğulan adam huşunu itirib. Bir xeyli belə qalandan sonra Şahnur az qaldı ki, doğrudan da boğulsun. Bu vaxt kim isə onun burnundan tutdu və ağzından ona nəfəs verə-verə üzərək sahilə doğru apardı. Şahnur gözünün birini qorxa-qorxa azca açdı. O qorxdu ki, fırıldağının üstü açılar, onu xilas edən onu bu dəfə doğrudan boğar. Yaxşı görə bilmədiyindən əvvəlcə elə bildi ki, bu gözəl bir balıqdır. Onun gözəlliyini görmək üçün gözlərini geniş açdı.
Kaş ki, Şahnur onda gözlərini heç açmayaydı və ilahinin yaratdığı bu nadir gözəlliyi görməyəydi. Onu xilas edən dünyanın ən gözəl qızı idi. Bədənindən də uzun qıvrım sarı saçları, dəniz kimi yamyaşıl gözləri, süd kimi ağ-appaq bədəni gözəlliklər içində itmişdi. Amma gözəlin bədəni yarıdan aşağı balıq idi. Şahnur başa düşdü ki, bu Su pərisidir. Amma qız su pərisi olsa da, Şahnurun ağlını başından çıxartmışdı. Şahnur su pərisinin yanında heç olmasa bir az artıq qalmaqdan ötrü pərini bərk-bərk qucaqlamışdı. Su pərisi oğlanı sudan çıxarıb sahilə qoymaq istədi. Amma ona zəli kimi yapışdığını görəndə artıq öz sirrinin açıldığını başa düşdü. Pəri öz gözəl, su kimi axar səsi ilə Şahnura dedi:
-İgid, sən birinci insansan ki, mənim sirrimi öyrəndin. İstəyini de, mən yerinə yetirməyə hazıram, amma mənim sirrimi heç kəsə açma.
Şahnur pərinin gözəlliyinə vurulmuş, onun danışığına heyran olmuşdu. O hannan-gecdən özünə gəlib pəriyə cavab verdi:
-Gözəl pəri, mən sənə söz verirəm ki, mən sənin sirrini heç kəsə açmaram. Amma sən də gəl məni sənin gözəlliyini görməkdən məhrum eləmə. Heç olmasa hərdən gəlim, sənin bu füsunkar gözəlliyini bircə dəfə görüm, çıxım gedim.
Su pərisi «bəçeşm» deyib dalğaların arasında gözdən itdi. O da Şahnurla görüşündən sonra elə bil ki, suda üzmür, göydə uçurdu. Özünü çox bəxtiyar hiss edirdi. Dəniz səltənətinə çatıb, atasının taxtı-tacı ətrafında üzə-üzə bir neçə dəfə fırlandı. Sular şahı qızındakı bu dəyişikliyi o saat hiss elədi. Səbəbini soruşdu. Dəniz səltənətində heç kəs, heç bir vaxt yalan danışmazdı. Ona görə də Su pərisi olanları atasına olduğu kimi danışdı. Atasının çox qəmgin olduğunu görən pəri çox narahat oldu:
-Böyük sultan! Bəlkə mən nəyi isə səhv etmişəm. Yol göstər, mən səhvimi düzəltməyə hazıram.
Ata fikirli-fikirli cavab verdi:
-Mənim ağıllı qızım, mən sənə həmişə öyüd-nəsihət vermişəm ki, sən həmişə quruda yaşayan insanlara yaxşılıq et, amma onlardan uzaq gəz. Sən bu vaxta qədər çox balıqları insan torundan xilas etmisən. Amma bu gün özün onların toruna düşmüsən.
-Ata sən yanlış fikirləşirsən –deyə pəri atasını sakitləşdirdi. Mən heç kəsin toruna düşməmişəm. Mən həmişəki kimi azadam. Mən öz dənizimizi həmişə qorumağa hazıram. Heç kəs mənə mane ola bilməz.
Sular şahı başını mənalı-mənalı bulayıb, dərindən ah çəkdi və doğma pərisinə balaca bir balıqqulağı verərək dedi:
-Al bu balıqqulağını, nə vaxt insanlar sənə pislik etmək istəsələr, onu üfləyərsən, mən həmin an sənin köməyinə gələcəyəm.
Su pərisi atasının verdiyi balıqqulağını onun xətrinə dəyməsin deyə, boynundan asdı. Amma əslində isə o insanlardan heç vaxt pislik gözləmirdi.
O Şahnura söz verdiyinə baxmayaraq bir neçə gün sahilə getmədi. Amma axırda özü də hiss elədi ki, özü də oğlanı görməkdən ötrü darıxır. Üzə-üzə sahilə gəldi. Gördü Şahnur bikef-bikef oturub sahildə, gözləri yol çəkir. Bu bir neçə gündə o çox arıqlamışdı. Suyun içərisindən ona tərəf üzən Su pərisini görəndə sevincindən gözləri yaşardı. Onlar beləcə dostlaşdılar.
Şahnur hər gün dənizin qırağına gəlir, Su pərisi ilə görüşürdü. Onlar şirin-şirin söhbət edir, Şahnur pəriyə quru həyatda baş verənlərdən, pəri də ona su altında baş verən hadisələrdən danışırdı. Onlar bir-birlərinin danışıqlarından doymurdular.
Pəri söz arasında atasının insanlardan qorxduğunu dedi. Amma Şahnur pəriyə başa saldı ki, bu heç də belə deyil, dünyada ən xeyirxah məxluq insanlardır. Onlar hamıya kömək etməyə çalışırlar. Bu vaxt Su pərisində insanlarla bir yerdə yaşamaq arzusu oyandı. O bu fikrini Şahnura açıb dedi. Şahnur ona dedi:
-Axı sən yarıdan aşağı balıqsan, sən quruda necə yaşaya bilərsən?
Su pərisi bunu eşidəndə yavaş-yavaş sudan çıxmağa başladı. O sudan quruya çıxdıqca bədəni insan bədəninə çevrilir və pərinin gözəlliyi daha da çoxalırdı.
Şahmar bu gözəllik qarşısında elə bil göylərdə uçurdu. Amma insan arasına çıxmamış bu qızı birdən birə paltarsız camaatın arasına çıxarmaq olmazdı. Camaat onu daşa basardı. Şahmar əvvəlcə qıza paltar alıb gətirməliydi. Buna görə də o qıza hər şeyi başa salıb dedi:
-Sən mənimlə bir yerdə olsan mən dünyanın ən xoşbəxti olaram. Amma bizim öz qayda-qanunumuz var. Sən əyninə paltar geyməlisən. Bunun üçün mən bazardan sənə əyin-baş almalıyam. İzn ver, həm gedim sənə paltardan- zaddan alım, bazarlıq edim, həm də ev-eşiyi sahmana salım ki, sən orada rahat yaşaya biləsən. Düz üç gündən sonra səhər ertə səni burada gözləyəcəyəm.
Onlar danışıb, görüşüb ayrıldılar.
İndi sizə kimdən danışım, kimdən xəbər verim, Şahnurun ekiz qardaşı olan Mahnurdan. Amma qardaşların biri-birlərindən xəbərləri yox idi.
Mahnurla Şahnur anadan olanda anaları uşaqların ekiz olmasına çox təəsüflənmişdi. O qorxurdu ki, gələcəkdə iki qardaş bir-birinə taxt-tac üstündə düşmən olalar. Buna görə də uşaqlar anadan olan kimi xəlvətcə onlardan birini götürdü heç kimə bir söz demədən saxlamaq üçün onu yaxşı tanıdığı bir arvada aparıb verdi. Həmin arvad da indi Şahnurun nənəsi sayılırdı.
Həmişə Şahnur nənəsindən ata-anası haqda bir şey soruşanda nənəsi ona deyərdi ki, tələsmə vaxt gələr, hər şeyi özün bilərsən.
Mahnur isə şah atasının qəddar xasiyyətlərini götürə-götürə böyümüş, atası öləndən sonra isə taxtı-taca sahib olmuşdu. Cavan olmasına baxmayaraq artıq üç dəfə evlənmişdi. Onun üç gözəl arvadı var idi. O rəiyyətinin qayğısına qalmaqdan çox gəzməyi, kef çəkməyi üstün tutardı.
Bu gün də belə günlərdən biri idi. Şah nəşələnmiş və yaxın saydığı adamlardan bir neçəsini götürüb, Yaşıl dənizə səyahətə gəlmişdi. İki gün idi ki, yaşıl suların arasında səyahət edir, çalıb oynayırdılar. Şah içgidən başı dumanlı halda ləpələrə, onların ay işığından bərq vurmağına tamaşa edirdi. Gəmidəkilər hamısı keflənmiş və yatmışdılar. Təkcə şah özü oyaq idi. Birdən ləpələrin arasından bir gözəl qız başını çıxarıb şaha gülümsündü. Mahnur şah elə bildi ki, keflidir, gözünə qara görünür. Tez ovcunu su ilə doldurub, vurdu üzünə. Amma həmin qız suların arasından ona baxıb gülür və nə isə deyirdi. Qızın gözəlliyi şahı lap çaşdırmışdı. Bir istədi qışqırsın, hamını oyatsın, sonra fikrindən vaz keçdi. Fikirləşdi ki, bu lap yuxu da olsa çox maraqlı yuxudur. Belə yuxudan oyanmaq da düzgün deyil. Yox əgər bu ruhdursa, eybi yox qoy məni də özü ilə hara istəyir, aparsın.
Bu fikirlərlə şah əlini qıza uzatdı. Su pərisi ekiz qardaşları səhv salmışdı deyən, əlini uzatdı Mahnura. Mahnur onu sudan çəkib çıxartdı. Tez ona əyninə geyməyə paltar tapıb verdi. Kişi paltarı olsa da qızın paltardan başı çıxmadığından onu təriflədi:
-Şahnur, sən mənə necə qəşəng paltar almısan. Amma mən heç bilmirdim sən belə tez məni axtarmağa gələrsən? Sən nə tez qayıtdın?
Amma qız nə soruşurdusa, şah heç birinə düzgün cavab vermirdi. Su pərisi çox ağıllı idi. O bütün bunlardan bir az şübhələndi. Mahnur başa düşdü ki, qız onu kiminləsə, Şahnur adlı bir oğlanla dəyişik salıb. Amma hər şey olduğu kimi qalsın deyə o susdu və heç nə danışmadı. Şah başa düşdü ki, bu qız su pərisidir. Bircə onu qıza tapşırdı ki, bu haqda heç kəsə bir söz deməsin.
Mahnur qızı saraya gətirdi. O qızdan xəlvəti bütün şəhərə hay saldırıb Şahnur adlı neçə nəfər vardısa, onları tutdurub saraya gətizdirdi. Hamısını bircə-bircə danışdırdı. Doğma qardaşı Şahnur gətiriləndə isə o əmin oldu ki, onun ekiz qardaşıdır. Şahnurun da gözləri kəlləsinə çıxdı. Onlar şahla bir-birlərinə necə də oxşayırdılar? İstədi bir söz desin, cürət eləmədi.
Mahnur şah öz anasını yanına çağırtdırdı və öyrəndi ki, həqiqətən də Şahnur onun əkiz qardaşıdır. Şahnurdan da öyrəndi ki, onun Su pərisi sevgilisi var. Əvvəlcə Şahnur açığını demək istəmədi. Mahnur ona doğma qardaş olduğunu deyəndən sonra Şahnur hər şeyi açıb şah qardaşına söylədi. O özünü xoşbəxt sayırdı. Bir tərəfdən Su pərisi kimi sevgilisi var idi, digər tərəfdən şah qardaşı olduğunu öyrənmişdi.
Bütün bunlardan sonra Mahnur şah heç kəsə bir söz demədən vəzirə əmr etdi ki, Şahnuru ən gizli zindanlardan birində saxlasın. Və bu barədə heç kəsə bir söz deməsin.
Özü isə bütün saray əhlinə tapşırdı ki, toy tədarükü görsünlər.
Səhərisi gün bütün şəhərə yayıldı ki, Şahnur gecə ilə yoxa çıxıb.
Sarayda isə şah Su pərisinin otağından heç bir yana çıxmır, bütün günü ona tamaşa edirdi. Şahın arvadları bundan yaman qəzəblənmişdilər. Onlar məqam axtarırdılar ki, qızın üstünə cumub onu döysünlər.
Şahnurun nənəsi yer qalmamışdı ki, gəzib uşağını axtarmasın. Axırda əlacı kəsildi, gəldi Şahnurun doğma anasından oğlunun yerini soruşmağa. Düzdü ana oğlunun yerini deyə bilmədi, amma başa düşdü ki, bu onun qəddar oğlu Mahnurun işidir. Düz getdi Mahnurun yanına. Ondan Şahnurun yerini soruşdu. Mahnur and-aman elədi ki, onun bundan xəbəri yoxdur. Amma anası ona inanmadı. Gedib sakit oturdu yerində başladı fikirləşməyə. Fikrinə gəldi ki. Bəlkə Mahnur onu öldürtdürüb? Özünə yer tapa bilmədi. Durub Mahnurun gətirdiyi qızın – Su pərisinin yanına getdi. Dedi bəlkə, bu qız nəsə bilər.
Mahnur toy mərasiminə başı qarışmışdı deyə, qızın yanında yox idi. Şah anası qızın yanına gəlib özünü gəlinə tanıtdı. Gəlin sevincək onun əlindən öpüb- «Şahnurun necə nurani anası var» -dedi. Qadın bu sözlərdən şübhələndi və dedi:
-Gözəllər gözəli, mənim oğlumun adı Mahnurdur. Sən ona Şahnur niyə dedin?
Qız əvvəlcə heç nə demək istəmədi, amma yadına salanda ki, şah onun heç bir sualına düz əməlli cavab verə bilməyib, o da şübhələndi.
Hər şeyi anaya danışdı. Ana su pərisinin yanından çıxıb getdi Şahnuru axtarmağa. O çıxan kimi şahın arvadları özlərini soxdular qızın yanına. Onun göz yaşlarına məhəl qoymadan, qəddarcasına onun gözəl saçlarını dibindən kəsdilər. Sonra da onu huşu gedincəyə qədər döyüb otaqdan çıxdılar. Özləri də qəhqəhə ilə güldülər ki, indi şah öz gözəlçəsini tanımayacaq.
Ana əyninə kişi paltarı geyinib, bir xəncər götürdü. Düz getdi vəzirin üstünə. Xəncəri dirədi vəzirin böyrünə ki, Şahnurun yerini deməsən, bu saat bu qılıncı sənin qarnıva soxacağam. Vəzir canının qorxusundan Şahnurun yerini xanıma göstərdi. Şahnurun anası onu zindandan xilas etdi və özünü oğluna tanıtdı. Şahnur doğma anasını tapdığına sevinsə də, baş verənləri eşitcək çox qəmgin oldu. Ana oğlunu saraydan çıxartdı və gizli bir yerdə saxlayıb, Su pərisini oğlu Şahnurla qovuşdurmaq üçün saraya tələsdi. Amma o gecikmişdi. Su pərisi otağında üz-gözü qan içərisində bihuş halda uzanmışdı. Ana qızı birtəhər özünə gətirdəndə pəri ona dedi:
-Mehriban ana, apar məni dəniz kənarına, sal məni suyun içərisinə. Əgər bir az geciksən, mənim gərək ölümü dənizə aparasan.
Ana nökərlərin köməyi ilə Su pərisini gətirib saldı suyun içərisinə. Pəri suya girən kimi atası ona verən balıqqulağını üfürdü. Dəniz şahına bəlli oldu ki, onun qızı fəlakətə düşüb. Özünü tez ona çatdırdı.
O gündən Su pərisinin gözəlliyi soldu. Onun gücü də əvvəlki kimi qalmamışdı. İnsanları sevən və həmişə onlar üçün gözəllik yaratmağa çalışan Su pərisi daha təbiətin gözəlliyinə fikir verə bilmirdidi. Dənizin dibində həmişə yamyaşıl olan yosunlar saraldı, böyük balıqlar kiçik balıqları yeməyə başladı, balıqçıların balıq tutmağına heç kəs mane olmadı. Yaşıl dəniz döndü oldu adi dəniz.
Həmin gündən Şahnur adında bəxtsiz bir cavan bütün günü dənizin qırağında oturaraq Su pərisini gözləməyə başladı.
Amma insanlardan küsmüş Su pərisi, daha heç vaxt onların yanına qayıtmadı. O, dənizin dibindəki su yosunları kimi saralıb-solmuşdu və heç vaxt suyun dibindən suyun üzünə qalxmırdı.
Deyirlər həmin dənizin qırağında dizi üstə oturmuş daşdan bir oğlan var. Əfsanəyə görə bu həmin Şahnurdur ki, suyun qırağında Su pərisini gözləyə-gözləyə daşa dönüb.
Comments are closed, but trackbacks and pingbacks are open.