Press "Enter" to skip to content

Sosrealizm: Azərbaycan modeli – Süleyman Rəhimov – Elnarə QARAGÖZOVA

XX əsr Azərbaycan ədəbiyyatının əsas simalarından olan Süleyman Rəhimovun yaradıcılığı nəinki qeyd edilən dövrün, ümumən Azərbaycan ədəbiyyatı tarixinin ədəbi tendesiyalarının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdən baxdıqda Süleyman Rəhimovun yaradıcılığını və Azərbaycan ədəbiyyatında yerini aşağıdakı qısa tezislərlə vurğulaya bilərik:

Şamo (roman)

“Şamo” — xalq yazıçı Süleyman Rəhimovun romanı.

Şamo
Şamo
Müəllif Süleyman Rəhimov
Orijinalın dili Azərbaycan dili
Orijinalın nəşr ili 1931 (I cild)
1940 (II cild)
1964 (III cild)
1978 (IV cild)
Növ kitab

Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri “Şamo”dur. O “Şamo” ki, bütün ömrü boyu onun üzərində işləyib. Doğrudur, arada yeni əsərlər də yazıb: “Aynalı”, “Qardaş qəbri”, “Su pərisi”, “Uğundu” və sairə. Lakin ədibin özü üçün də ən əziz əsər “Şamo” olub. Düz əlli ilə yaxın onun üzərində işləməkdən doymayıb. Maraqlıdır ki, elə ilk çap əsəri də “Şamo”dur. Böyük ədib tənqidi məqalələrinin birində yazırdı:

“Yazıçılıq – istedad, zəhmət, bir də cəsarətdir. Bu cür olmasa, yazıçı olmaz. Yazıçılıq əsl qəhrəmanlıqdır. Həyatda qorxaqdan kişi çıxmayan kimi, yazıçılıqda da qorxaqdan kişi yazıçı çıxa bilməz. Yazıçılıq xarüqəladə cəsarətdir”.

Yazıçı bu əsərini həqiqətən çox sevirdi. Yaratdığı qəhrəmana o qədər dərindən bağlanmışdı ki, hətta övladlarından birinin adını Şamo qoymuşdu. Süleyman Rəhimov geniş nəfəsli, çox sanballı yazıçı idi. Xalq həyatının incəliklərinə dərindən bələdliyi yaratdığı epik lövhələrə canlılıq gətirmişdi.

Azərbaycan nəsrində Süleyman Rəhimov əslində roman-epopeya yaratmışdı. Amma bugünün prizmasından bu əsərlərə diqqət yetirəndə böyük yazıçıların da zamanın təzyiqindən kənara çıxa bilməməsi diqqət çəkir. Süleyman Rəhimov seçdiyi ədəbi qəhrəmanlara təkcə istedadının deyil, həm də dövrün prinsipləri əsasında yanaşmaq məcburiyyətində olub. Ermənilərə qan udduran, milli mənafe uğrunda savaşa qalxan, bu gün də haqqında nəinki təkcə Zəngəzurda, bütövlükdə Azərbaycanda danışılan qeyrtəli vətən oğlunun – Sultan bəyin “Şamo”da mənfi obraza çevrilməsi dövrün tələbi idi. Sovet quruluşu yazıçıdan məhz əsl bəylərin üstündən qara xətt çəkib guya xalq içindən çıxmış süni qəhrəman yaratmağı tələb edirdi. Buna görə də Sultan bəylər xalqa çox eybəcər şəkildə təqdim edilir, süni surətdə uydurulmuş obrazlar zirvəyə qaldırılırdı. Bu ziddiyyətlərin qovuşuğunda Süleyman Rəhimovun xalqa bağlılığı, vətən sevgisi onun bu əsərdə yeni müsbət obrazlar yaratmasına imkan verirdi. Süjet xətlərini genişləndirmək, oxucunun rəğbətini qazanmaq, bəlkə də daha çox ədəbiyyatda əbədi qalmaq üçün Süleyman Rəhimov əgər bir tərəfdən Lenin ideyalarını alqışlayırdısa, digər tərəfdən də milli kökə, adət-ənənəyə sadiq, qorxmaz, namuslu, cəngavər, orijinal qadın obrazlarını qələmə alırdı. Çünki belə anaların bətnindən ancaq igid və mərdlər doğula bilər. Milli şüura başqa cür xidmət etmək mümkün deyildi.

XX əsrin 20-ci illərindən başlayan repressiyalar qara caynaqlarını Azərbaycanın hər yerinə ilişdirmişdi. Şamo adi çoban oğlundan məşhur inqilabçıya qədər bir ömür yolu keçir. Guya haqq-ədalət uğrunda mübarizəyə qoşulur. Amma söykənəcəyi nə olur – bolşeviklərin müraciətləri. Cəngavər bir igidin inandığı yanlışlıq onun nakam ölümü, həlak olması ilə nəticələnir. Müəllif əslində qəhrəmanını öldürməyə də bilərdi. Bəlkə də böyük sənətkarımızın uzaqgörənliyi idi ki, bütün çarpışmaların, inqilabların sonu uçurumdur, məğlubiyyətdir. Müsbət qəhrəmanlar – partizanlar, inqilabçılar müxtəlif vaxtlarda həlak olurlar. “Mənfi” surətlər, məsələn, elə Sultan bəy xaricə qaçır.

Maraqlı fakt Redaktə

“Şamo” romanının ilk variantı dərc olunduğu vaxt müəllifin oğlu dünyaya gəlmişdir ki, Süleyman Rəhimov ona əsərinin qəhrəmanı Şamo adını vermişdir. [1]

Sosrealizm: Azərbaycan modeli – Süleyman Rəhimov – Elnarə QARAGÖZOVA

Sosrealizm XX əsrin ədəbi cərəyanları içərisində məkan məhdudiyyəti və siyasi-avtoritar mənşəyi ilə seçilən cərəyan kimi ədəbiyyatşünaslığa daxil olmuşdur. Məkan məhdudiyyəti bu cərəyanın sırf keçmiş SSRİ və sosializm ideyasının dəstəkləndiyi ölkələrdə rəvac tapmasından qaynaqlanırdı. Siyasi-avtoritar mənşəyi isə cərəyanın müəyyən, qapalı bir siyasi rejimin ideologiyasının əsas atributlarından birinə çevrilməsinə və həmin rejimlə assosiasiya olunmasına gətirib çıxarmışdır. Tarixin göstərdiyi kimi məkan məhdudiyyəti və siyasi – avoritar mənşə bu cərəyann zaman baxımından da məhdud çərçivədə inkişafına və qəfil bitməsinə səbəb oldu. Cərəyanların mahiyyəti və genezisi ilə bağlı apardığımız bugünəqədərki araşdırmalarımıza əsasən cərəyanın dalğavarı proses olduğunu deyə bilərik. Fikrimizcə, ədəbi cərəyanın inkişaf spektrini simvolik olaraq süjetin elementləri ilə ifadə etmək mümkündür. Hər bir cərəyan ədəbi qanunlara uyğun şəkildə ilkin, kulminasiya və sönmə fazalarından keçir. Bəli, cərəyanın sönmə fazası uzunmüddətli ola, müəyyən elementləri növbəti cərəyanla qarışaraq müəyyən bir müddət varlığını qoruyub saxlaya bilər. Lakin istənilən halda bu sönmə mütləqdir və ən əsası ədəbi qanunların təbiətinə uyğun şəkildə baş verir. Lakin sosrealizm cərəyanı ədəbi deyil, siyasi mənbədən qaynaqlandığı, plan əsasında, proyekt şəklində yaradıldığı üçün rejimin bitməsi cərəyanın da sönmə fazasını tam keçmədən qəfil ədəbi gündəmdən silinməsi ilə nəticələndi.

Sosialist realizmi ideoloji sifarişə əsaslanan ədəbiyyat olduğundan “ədəbiyyatın partiyalılığı” dövrün tələbi və əksər hallarda əsərin işıq üzü görə bilməsinin yeganə yolu idi. Sosrealizm ədəbiyyatı əslində olanı deyil, olması gərəkəni əks etdirirdi. Bu səbəbdən sosrealizm sosial realizmdən daha çox, sosial utopiyaya yaxın idi. Lakin ideologiya bu ədəbi cərəyanın romantik sosial utopiya şəklində deyil, sxematik sosial utopiya formasında olmasını tələb edirdi. İdeologiyanın tələb etdiyi sxematikliyin, quruluğun, şüar xəttinin bədii həllini ədəbiyyatımızda ən gözəl şəkildə Sara Oğuz təqdim etmişdir. Sara Oğuzun müstəqillik illərində qələmə aldığı “Beton evdən yazılar” povestinin qəhrəmanı sosrealizmin təmsilçilərinin ironik şəkildə təsvir edilmiş prototipidir. Əsərin qəhrəmanı bütün əsərlərini sözün əsl mənasında çərçivələr cədvəlinə əsasən qurur: əvvəlcə çərçivə çəkilir, daha sonra onun əsasında cansız, ruhdan məhrum “sənət əsəri” yaradılır. “Böyük və məşhur heykəltəraş” təsadüfən çərçivələr cədvəlinə diqqətsiz yanaşanda, “cızığından çıxanda” konfuz yaşanır, onun yaratdıqlarını sistem qəbul etmir: “Min həngamə ilə poladəridən gəlib çıxdı at sarayının qabağına. Burda məlum oldu ki, at sarayının darvazası “Poladəridən”ə dardı. Ümumiyyətlə, ölkədə bu monumentin sığacağı qapı yoxdur. Bədbəxtliyin yekəliyinə bax. Sən demə, çərçivələr cədvəlini quranda ölçülərini dəyişib böyütmüşəm. Odur ki, başıma bu müsibət gəlib. Ay mənim zay başım! Gör nəyin ölçüsünə biganə qalmışam? Çərçivələr cədvəlinə, güzəranımızın təməl daşına yaradıcı yanaşmaq fikrinə düşmüşəm. Ay mənim zay başım!”. Təsadüfi deyil ki, obrazın örnək aldığı “çərçivələr cədvəli”ni ona məhz hərbi hissədə qulluq edərkən komandiri olmuş zabit öyrətmişdi. Əsərində kütləvi mədəniyyət anlayışını obrazın vasitəsilə guya lakonik əslində isə ironik şəkildə “kütmədəniyyət” adlandıran Sara Oğuz bu elementlə sosrealizmin əsas keyfiyyətlərini vurğulamağa nail olmuşdur. Dəqiqlik, əmrə tabelik, lakoniklik, sərtlik, çərçivə daxilində fəaliyyət göstərmək kimi keyfiyyətlər rejimin ədəbiyyata tətbiq etmək istədiyi və ondan gözlədiyi özəlliklər idi.

Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının 70 ilə yaxın, SSRİ ilə bağlı olan dönəmi sosrealizm cərəyanının hakim olduğu ədəbi arealın bir hissəsidir. Dövr “sovet ədəbiyyatı dövrü” adlandırılsa da, həmin zaman çərçivəsində fəaliyyət göstərən ədiblərin hamısı sırf sosrealizm ədəbi cərəyanını təmsil etmirdilər. Bəli, dövrün və rejimin tələbinə uyğun olaraq bədii mətnlərdə sovet ideologiyasına uyğun elementlərin əksi mütləq idi. Lakin sırf sosrealizm ədəbi cərəyanının təmsilçiləri özəl bir pleyada təşkil edirdilər. Həmin pleyadanın və dövrün parlaq ədəbi imzalarından biri Süleyman Rəhimovdur. Onun “Şamo”, “Saçlı” romanları, “Məhtəban”, “Mehman”, “Kəsilməyən kişnərti” povestləri, müxtəlif səpkili hekayələri Azərbaycan sosrealizminin tanınan nümunələridir. Elçinin “Sosrealizm bizə nə verdi” monoqrafiyasında qeyd etdiyi kimi “. biz sosrealizmin XX əsr Azərbaycan ədəbiyyatının inkişafına vurduğu zərərdən qətiyyən sərf-nəzər etməməli, həmin ədəbi zərərin nəticəsində itirdiklərimizi müəyyənləşdirməli və bu boşluqları doldurmağa çalışmalıyıq. Eyni zamanda, sosrealizm dövründə Azərbaycan ədəbiyyatının inkişafı bu ədəbiyyatın tarixində çox mühüm və prinsipial mərhələ təşkil edir və biz bunu da görməli, tədqiq etməli, elmi-nəzəri təsnifatını verməli, əldə edilmiş bədii-estetik dəyərləri qiymətləndirməyi bacarmalıyıq”.

XX əsr Azərbaycan ədəbiyyatının əsas simalarından olan Süleyman Rəhimovun yaradıcılığı nəinki qeyd edilən dövrün, ümumən Azərbaycan ədəbiyyatı tarixinin ədəbi tendesiyalarının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdən baxdıqda Süleyman Rəhimovun yaradıcılığını və Azərbaycan ədəbiyyatında yerini aşağıdakı qısa tezislərlə vurğulaya bilərik:

1. Süleyman Rəhimov yaradıcılığı sosialist realizminin – sosrealizmin ədəbi kanonlarının bədii təzahürünün bariz, diqqətəlayiq nümunələridir. Onun yaradıcılığı sosrealizmin bir ədəbi cərəyan kimi tədqiqi üçün yetərli, spesifik bədii mənbədir.

2. Süleyman Rəhimov “Şamo” əsəri ilə Azərbaycan ədəbiyyatında roman-epopeya janrının seçilən nümunəsini meydana qoymuşdur.

3. Süleyman Rəhimovun “Şamo”, “Saçlı”, “Mehman” əsərləri dövrün, sosrealizmin tələblərini ümumi, sxematik şəkildə təsvir etməklə mədudlaşmır. Əsərlərin adından da göründüyü kimi, yazıçının əsas diqqət yönəltdiyi, vurğulamaq istədiyi məqam tarixin keçməkeşlərindən keçən insan-dır.

4. Süleyman Rəhimovun mövzu dairəsi yalnız sosrealizmin tərənnümü ilə bağlı deyil. Onun folkor süjetləri və motivləri əsasında qələmə aldığı “Güzgügöl əfsanəsi”, “Arpaçay əfsanəsi”, “Gülən balıq”, “Ovqan və ilan”, “Kəsilməyən kişnərti” əsərləri yazıçının yaradıcılığında mühüm mövqeyə malikdir. Bu əsərlərdə yazıçının yazı manerası, bədii dili, ümumən yaradıcılığı fərqli aspektdən açılaraq sosrealizm çərçivələrini aşır.

5. Süleyman Rəhimovun əsərlərində milli-etnoqrafik məqamların təzahürü onun yaradıcılığını sırf sosrealizmin tərənnümü kimi qəbul etməyə imkan vermir. Yazıçı istifadə etdiyi ifadələr, ibarələr, deyimlər, təsvir etdiyi etnoqrafik lövhələrlə milli-etnik məqamları vurğulamağa, əsərin canlı həyat lövhəsi kimi qavranılmasına nail olur.

Beləliklə, Süleyman Rəhimovun əsərləri proyekt xarakterli, siyasi ideologiyaya əsaslanan bir cərəyanı təmsil etsə də, ədəbiyyat tariximizin bəlli dövrünün və sosrealizmin Azərbaycan modelinin öyrənilməsi üçün əhəmiyyətlidir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.