Press "Enter" to skip to content

Bu gün Beynəlxalq Sülh Günüdür

Bu il Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır.

Xankəndi

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.

Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur” deyə builki müraciətində də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır. Qeyd edək ki, silahların susmasına və qeyri-zorakılığa həsr olunan Beynəlxalq Sülh gününün bu ilki mövzusu diqqəti daha çox aktual sülh və demokratiya məsələsinə cəlb edir.

Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi.

Bu il Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır.

Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. Amma təəssüf ki, tarix boyu, bəlkə də, elə ən çox pozulan bu arzu, bu istək olub.

21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir.

Əsgər Həsənov,
Bakı şəhəri, Nizami rayon prokurorunun köməkçisi

Bu gün Beynəlxalq Sülh Günüdür

Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabrın hər üçüncü çərşənbə axşamı qeyd edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur.

BMT Nyu-Yorkdakı Baş Qərargahındakı Yaponiyanın hədiyyəsi olan “Sülh zəngi” mövcuddur. Zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri qeyd olunub. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. Elə həmin tarixdən də hər 21 sentyabrda “Sülh Zəngi” nin çalınması ilə sülh gününə başlanılır.

Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb, onlarla qardaş kimi davranıb, hər dərdinə-sərinə həyan çıxıb. Ayrı seçkilik salmadan başqa millətdən olan xanımı öz evinə gəlin gətirib, evinin xanımı, körpəsinin anası edib. Azərbaycan xalqı müharibə, dava-dalaş arzulamayıb və özü də müharibə başlatmayıb. Heç kimin torpağında, malında-mülkündə, sərvətində gözü olmayıb. Əziyyət çəkib, çalışıb, vuruşub, ailəsini, balasını dolandırıb, hətta yad millətdən olan qonşusuna da əl tutub, yardım edib. Azərbaycan xalqı özünə bir inək arzulayanda qonşusuna ikisini arzulayıb.

Təəssüflər olsun ki, hər zaman sülh göyərçini timsalında olan xalqımızın qucaq açıb qoynunda bəslədiyi yad millətlər ona düşmən çıxıb. Əllərinə fürsət düşdükcə “sülh göyərçini”nin qanadından, quyruğundan dartmağa, gözünü eşməyə cəhd göstəriblər. Malından-mülkündən pay aldıqca torpağına, yurduna da göz dikiblər. Hələ bu azmış kimi, qoynunda məskən saldıqları türk elinin torpaqlarını da özününküləşdirməyə çalışıblar. “Tarixən buralar bizim ata baba yerimiz olub” deyərək zaman-zaman torpaqlarımızı talayıb, işğal ediblər. Tarixi olmayan, yeri-yurdu bilinməyən törəmələr Azərbaycanla yer, torpaq iddiasına çıxıblar.

Əfsuslar olsun ki, Azərbaycan da hər zamankı kimi sülh missiyasına sadiq çıxıb. Malından, mülkündən hədiyyə verdiyi kimi torpağından da ərməğan edib, günahsız insanlar qətlə yetirilməsin, qan seli axıdılmasın deyə. Zəngəzuru, Qaraqoyunlunu, İrəvan xanlığını ermənilərə, Borçalı mahalını gürcülərə, Dərbəndi ruslara “pay” verib.

Payın ardı gəldikcə azğın yağı daha da şirnikib, lap çox torpağımıza sahiblənməyə çalışıb. 1988-ci ildən başlayan mənfur erməni qoşularımız Azərbaycanın dilbər guşəsi olan cənnətməkan Qarabağa sahiblənmək iddiasına düşüblər. Qarabağ kəndlərinə hücum çəkərək sakinləri qanlarına qəltan ediblər, el-obalarından didərgin salıblar, əsir götürüblər. Azərbaycanın say-seçmə oğulları, kişidən qeyrətli qızlarını şəhid ediblər. Bu gün ən gözəl rayonlarımız, kəndlərimiz erməni işğalı altındadır. Mənfur düşmən bəlkə də elə zənn edir ki, Azərbaycan bu dəfə də torpağından vaz keçəcək, erməniyə peşkək verəcək. Ancaq yanılırlar ki, daha torpaqdan pay olmaz. Azərbaycan ancaq və ancaq sülh tərəfində olduğu üçün qan tökülməsini istəmir. Arzulayır ki, sülh yolu ilə öz torpaqlarına, əsirlikdə əzab çəkən əzizlərinə qovuşsun.

Bu Beynəlxalq Sülh Günündə arzu edirik ki, “Sülh göyərçini” Azərbaycan sülh yolu ilə öz Qarabağına və digər torpaqlarına qovuşsun!

Comments are closed, but trackbacks and pingbacks are open.