Press "Enter" to skip to content

Talas abidələrin yazilisi

Bu tarixi abidə Kosalar kəndində yerləşir və IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusdur. Qəsr kompleksi dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik «müşahidə qalası» var. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə məlumat əldə edilib. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri erməni işğalına qədər olan dövrdə aşkar edilməyib. Amma erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər.

Tarixi abidələr

Bakının Bayıl qəsəbəsi yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.

Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 – ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Qız qalası

Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.

Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.

Şirvanşahlar sarayı

XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

Atəşgah

Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Suraxanı “Atəşgah”ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş hindlilərin planı üzrə yerli ustalar tikmişlər.

Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.

Ramana qalası

Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti döründə qəsr kimi istifadə olunub.

Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Mərdəkan qalası

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qaladır. Qala dörd künc formada XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.

Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti-28×25-dir. İçəridən qala 5 yarusa bölünür.

Şıx qalası

Mərdəkanda 16 metr hündürlüyündə inşa edilmiş qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində onun Məsud oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib.

Qobustan

Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km. aralıda yerləşir. Sahəsi təxminən 3-4 km-dir.

Azərbaycanın ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və s. vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.

Azərbaycan daş plastikası – qədim tarixi abidələr

Azərbaycanda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad (Gəmi qaya), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.

«Ağoğlan» qəsr kompleksi

Bu tarixi abidə Kosalar kəndində yerləşir və IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusdur. Qəsr kompleksi dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik «müşahidə qalası» var. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə məlumat əldə edilib. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri erməni işğalına qədər olan dövrdə aşkar edilməyib. Amma erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər.

Xudafərin körpüləri

Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, hazırda ermənilər tərəfindən işğal edilən Cəbrayıl rayonu ərazisində yerləşir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. H. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var.

Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Əlincə Qalası

Azərbaycan Respublikası ərazisində olan tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri.

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq “Alıncaq”, “Alancıq” , “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir.

Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur.

Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir.

İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir.

Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir.
Möminə Xatun Türbəsi

Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: “. bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz . dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi. “

Bəzz qalası

Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır.

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli azərbaycanlılar qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Ərk qalası

Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib.

“Mədain sarayı”na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Abidə bir-neçə dəfə bərpa edilsə də hazırda məhv olmaq təhlükəsi ilə üz-üzədir. Səbəb qalanın qabağında tikilən böyük bir məsciddir. Yeni tikilən azman məscid “Ərk”i demək olar ki, görünməz edib. Təxminən 3 tərəfdən baxanda Ərk görünməz olur, yalnız dördüncü tərəfdən baxdıqda bu məşhur qala – Təbrizin simvolu görünür.

Şamaxı qalası

Şamaxı qalası – Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş qaladır. XI – XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045 – ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş şəhəri Şamaxıya yonulmuş ağ daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir qapılar qoydurmuşdur.

Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni saray kompleksi inşa edilmişdir. Şamaxının ikinci iç qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.

Koroğlu qalası

Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir. Yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib. Qala yüksək dağlıq ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.

Əsgəran qalası

Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.

Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlının, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Əslində Əsgəran qalaları 1783-1784-cü illərdə tikilmişdir.

Cavanşir qalası

İsmayıllı rayonu ərazisində yerləşir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və “içqala”dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla “içqala” dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən “Qız qalası”na (İsmayıllı rayonu Xanəgah kəndində) yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km məsafəni isə piyada və ya atla qət etmək lazımdır.

Gülüstan qalası

Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır.

Çıraqqala

Şabran rayonunun təqribən 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsindədir. Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. q üçü salamat qalıb.

Azıx mağarası

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.

Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilməmişdir. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, mağara dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

Diribaba türbəsi

Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.

Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.

Gəmiqaya rəsmləri

Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü təsvirlər.

Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5–6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.

Gəncəsər məbədi

Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər I Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”. VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi – Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında “Arşax” və ya “Arsax” adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlanmışdır.

Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.

Kiş məbədi
Azərbaycanın Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən alban məbədi.

Rəvayətə görə İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş kəndində yerləşir.

Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244 – cü ildə alban kilsəsinin arxiadiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur.

Bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd “din, etiqad, pərəstiş” mənasında 2000 ildən artıqdır ki, “Kiş” adlanır.

Yuхarı Gövhərağa məscidi
Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri.

Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah хanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Şəmkir Minarəsi

Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir.

Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün N. Florovski 1899 – cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı təsviri də dəyərlidir. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən biridir.

Qədim türk yazılı abidələri

Qədim türk yazılı abidələri eramızın V yüzilliyində yaranmışdır. Bu yazıların günümüzə qədər gəlib çatan ən əski örnəkləri VII-VIII yüzilliklərə aiddir. Daşlar üzərində Göytürk hərfləri ilə yazılmış bu kitabələr bütün türk xalqlarının tarixində böyük ıdıbi-tarixi əhəmiyyətə malikdir.

Göytürk kitabələrində ilk dəfə olaraq türk millətinin adı çəkilmiş, türkün tarixi ilk öncə bu daşlar üzərində yazılmışdır. Bu daş yazıları türk ədəbiyyatının ilk əsəri, ulu babasıdır, türk dilinin ilk yazılı qaynağıdır.

1721-ci ildə Güney Sibirdə Yenisey çayının sahillərində yerləşən Abakan bölgəsində iki avropalı gəzib dolaşırdı. Bu yerin təbiəti, yerli xalqların dili, adət-ənənəsi onları ciddi maraqlandırırdı. Onlar kim idi, Biri alman alimi Daniel Messerşmidt və digəri isə isveçli İohan fon Stralenberq idi. Bir gün bir yerli kəndli onların yanına gəlib qəribə daş yazısı və heykəllərdən danışdı. 1722-ci ildə Daniel Çarkov kəndində yazılı daşları görüb heyrətə gəlir. Abakana dönüb dostu yüzbaşı İ.Stralenberqlə görüşəndə bu barədə ona da məlumat verir. Hər ikisi bir yerdə gəlib bu əski yazılara tamaşa edir, bəzilərinin sürətini çıxarırlar.

Orxon – Yenisey abidələri adı ilə adlandırılan bu kitabələr Göytürk abidələri kimi məşhurdur. Bu abidələrin yaranması türklərin tarix səhnəsinə çıxması, onların oyanışı və mədəni yüksəlişinin nəticəsidir. VI yüzillikdə Altay, Mərkəzi Asiya və Sibirdə türk tayfaları birləşib bir dövlət yaratdılar. Türk xaqanlığı adını alan bu dövlət VI-IX yüzilliklərdə hökm sürmüşdü. Dövlətin başında xaqan durardı, ali toplantıları qurultay sayılırdı. Qəbilə başçısına bəy, ondan aşağı gələnlərə isə tikinşadi, xalqa isə budun və ya qara budun deyilirdi. Dinləri atəşpərəstlik, şamanilik və s. idi.

Orxon-Yenisey abidələri Tonyukuk,Kül-tikin və Bilgə kağanın şərəfinə yazılmışdır. Çin qaynaqlarında Tonyukukun 710-716-cı illərdə öldüyü göstərilir. Tonyukuk türk millətinin keçmişi və gələcəyini düşünürdü, yanar ürəklə belə yazırdi: “Türk milləti öldü, qurtardı, yox oldu. Türk millətinin yerində dörd boy qalmadı. Meşədə, çöldə qalmış olanlar toplanıb 700 oldular. İki bölüyü atlı, bir bölüyü piyadə idi. Yeddi yüz nəfəri idarə edən beş nəfərin böyüyü şadi idi. Yardımçı mən oldum. Bilgə Tonyukuku qağanmı edəlim, düşündüm. Tanrı bilik verdiyi üçün onu qağan etdim. Çinlini, kitayı, oğuzu çox öldürdük. Yardımçısı mən idim.

Bu sözlər Tonyukukun şəxsiyyətini aşkara çıxarır. Buradan görürük ki, o, bilikli, zirək bir vəzir olmuş, ömrü boyu türk tayfalarının taleyini düşünmüş, onları birliyə çağırmışdı. Eyni zamanda, kitabələrdə düşmənə qarşı birləşib üzərinə yürüyəlim. Hamısını yox edəlim. Türkiş qağanı belə demiş: mənim millətim ordadır. Türk boyu yenə qarşılıqlıq içindədir. Oğuz yenə dardadır. Dar gündə birləşmək türkün müqəddəs, pozulmaz adətidir. Onlar öz səadətini ancaq birlikdə axtarır, birliyi pozanlara qarşı amansız olurlar. Birliyi dirlik sayırdılar.

Kül-tikinin şərəfinə yazılmış abidə də çox dəyərli bir sənət əsəridir. Kül-tikin 732-ci ildə qırx yeddi yaşında döyüşlərin birində öldürülmüşdür. On altı yaşında döyüşlərə atılan bu igid sərkərdə çoxlu döyüşlərdə iştirak etmiş, yağıya qarşı amansız olmuşdur. Kül-tikin böyük nüfuz sahibi olduğuna görə onun dəfnində Çindən, Gidan, Buxara, Soqda, Tibet və s yerlərdən qonaqlar gəlmişdir. Onun abidəsi Yoluq-tikin tərəfindən tikilmişdir. Ancaq kitabədə sözlər təbii olaraq ölən adamın dilindən verilir, onun xidmətləri sayılır, igidlik və gözəl xasiyyətindən danışılır.Kül-tikin türk millətinə belə deyirdi: Mən tanrı tək göydə yaranmış bilici türk xanı bu taxtda oturdumş Sözlərimi axıradək eşidin. İrəlidə Şantun çölünə qədər qoşun çəkdim, dənizə çatmağıma az qaldı. Yağılar şirin sözü, zərif hədiyyələri ilə aldadıb topladılar. Ey türk xalqı, yağıların şirin sözünə, zərif hədiyyəsinə aldanıb çox məhv oldun”.

İyirmi beş döyüşə çıxıb on üç dəfə döyüşən Kül-tikinin adı ilgidlik rəmzinə çevrilmiş, dillərə düşmüşdür. Hələ cavanlığında qardaşı Magilyan qağanı (Bilgə kağan) taxda oturtduran və on üç il onun baş sərkərdəsi sayılan Kül-tikini qardaşı çox sevirdi: “Humay kimi qadın anamın şərəfinə kiçik qardaşıma qəhrəman Kül-tikin adı verildi. On altı yaşında ikən kiçik qardaşım qağan əmimin el birliyini belə ələ aldı. Altı Cub saqdilərə tərəf qoşun çəkdik, onları məğlub etdik. Kül-tikin piyada qoşunla hücuma keçdi. O qoşunu orada məhv etdik. İyirmi bir yaşı olanda Çaça Senün ilə vuruşduq. Döyüşün lap əvvəlində Boz atını minib hücuma keçdi. Silahına, paltarına yüzdən artıq ox vurdular. Ordu başçısına bir ox dəymədi”.

Abidələrin 3-cüsü Magilyanın yəni Bilgə kağanın şərəfinə hazırlanmışdı. “Bilgə kağan abidəsi” kimi məşhur olan bu kitabələr Yolluq –tikin tərəfindən yaradılmışdır. Burada göstərilir ki, magilyan güclü dövlət yaratmış, hər tərəfə qoşun çəkərək yağılara qalib gəlmiş, həyatın son günlərində nəqqaş gətirərək bütün bu başına gələnləri daşlarda həkk etdirmişdi. Orxon-Yenisey abidələrinin sayı 3 deyil, 3-dən daha artıqdır. Dil, üslub və məzmçun baxımından kitabələr bir-birini xatırladır.

Əski kitabələr bu baxımdan bədii sənət nümunəsi kimi də səciyyəvidir. Kitabədə bədii düşüncə və ifadələr mətnə bir təravət gətirir, onun bədii gözəlliyini təmin edir. Hətta “Kitabi-Dədə Qorqud”un dili deyim və ifadə tərzi baxımından əski türk abidələri ilə səsləşməsi də çox təbii və qanunauyğundur. Bu yaxınlıq və səsləşmə cümlənin quruluşunda tarixi adlarda, türk həyatının ifadəsi olan anlayış və ifadələrdə özünü göstərməkdədir. Məsələn “Kül-tikin abidəsində” belə deyilir: “ Sağdakı şadapıt bəylər, soldakı tar kanlar, buyuruq bəyləri! Oğuz tatarı, doqquz oğuz bəyləri, milləti”.

“ Dədə Qorqud”da isə belə deyilir: “ Sağdakı oturan bəylər, sol qolda oturan sol bəylər, eşikdəki inaqlar, dibdə oturan xas bəylər, qutlu olsun dövlətimiz”.
Əski türk abidələri türk xalqlarının ortaq ədəbi tarixi abidəsi kimi böyük əhəmiyyət kəsb eləmiş, türk xalqlarının milli oyanış və inkişafına nəcib təsir gəstərmişdir.Əski kitabələr türk xalqlarının dil və ədəbiyyatının ilkin qaynağı, özülü kimi məşhur olmuş, yaşamış, türk dünyasının təməl daşına çevrilmişdir.

  • Teqlər:
  • yazılı abidələr
  • , qədim türk yazılı abidələri

ABİDƏLƏRİN SƏSİ

Bu gün işğal altında olan Qarabağın dağlıq hissəsindəki abidələrin bir qismi albanlara məxsusdur. Ermənilərin iddialarına baxmayaraq, bu monastrlar zaman-zaman alimlərimiz tərəfindən araşdırılmış və aparılan tədqiqat işləri birmənalı şəkildə kilsələrin, monatsrların albanlara məxsus olduğunu təsdiqləmişdi. Hətta elmi ədəbiyyatlarda bu barədə geniş bilgilər yayılmışdı. Çox təəssüf ki, biz zamanında bu cür addımların atılacağını, düşmənin abidələrimizi özününküləşdirmək cəhdlərini edəcəyini düşünməmişik, nəzərə almamışıq. Məhz bunun nəticəsidir ki, sonda düşmən həmin monatsr və kilsələrdə təmir işləri adı altında müəyyən dəyişikliklər etməyə, hətta bu abidələrin üzərindəki albanlara məxsus olduğunu sübut edən xaç işarələrini dəyişib onu ermənilərə məxsus olan xaçlarla əvəz etməyə başlayıblar.

Bunu konkret faktlarla göstərmək və hətta onların şəkillərini də izləmək mümkündür. Çox təəssüf ki, bu gün düşmən nəzarəti altında olan həmin ərazilərdəki ərazilərimiz birmənalı şəkildə dağıntılara “yeniləşməyə” məruz qalır. Düşmən abidələrimizi özününküləşdirməkdə davam edir. Amma tarixi saxtalaşdırmağın mümkünsüz olduğunu unudan düşmən bilmir ki, bu abidələrin hər biri zamanında yazıya köçürülmüş və bu faktlar da təkcə Azərbaycan tarixində deyil, həm də dünyanın yaddaşında öz əksini tapmışdı.

Yazımızın birinci hissəsində biz Xocavənd rayonu ərazisində olan həmin monastrlar barəsində də bilgilər verəcəyimizi vurğulamışdıq. İndi bu sözümüzə əməl edərək öncə rayon ərazisindəki Amaras monastrı barəsində müəyyən bilgiləri diqqətə təqdim edirik. Burda xüsusi vurğulamaq yerinə düşər ki, həmin monastr Qarabağ hadisələrinin ilk illərində düşmənin daha çox sığınacaq kimi istifadə etdiyi, toplandığı yerlərdən biri olmuşdur. Hətta hadisələrin ilk illərində burada dəfələrlə pasport rejimi yoxlanılarkən kifayət qədər silah-sursat aşkarlanmış, eləcə də erməni silahlıları yaxalanmışdı. Bunun əsas səbəbi həmin monastrın nəzarətsiz qalması və ermənilərin də buradan ziyarətgah kimi istifadə etməsi olmuşdur. Doğrudur, bu monastr həqiqətən tarixdə bir müqəddəs ünvan kimi qeydə alınıb. Yəni IV əsrə aid olan Amaras monastrı alban yepiskoplarının oturduğu bir ziyarət yeri olub və həmin bu ziyarətgah da bir neçə otaqdan ibarət olmaqla bir məbəd kimi tikilmişdir. Həmin ziyarətgahın kompleksinin 6 otaqdan ibarət olması, eyni zamanda bu otaqların alt qatlarının da bir zirzəmi və sığınacaq kimi nəzərdə tutulması onun həm mahiyyətini, həm də dözümlülüyünü xeyli artırmışdı. Heç də təsadüfi deyil ki, bu məbədin içərisində IV əsrin alban yepiskoplarından birinin də məzarı var. Məhz bu məzarda məbədin davamlı ziyarətgah olmasına stimul veribdi.

Azərbaycan arxeoloqları 1970-ci ildə bu məbədi, yəni Amaras monastrını tətbiq etməyə başlayıblar. Və aparılmış tədqiqat işləri zamanı o da məlum olmuşdu ki, XIX əsrdə də bu monastr təmir edilmiş, sonrakı yüzilliklərdə də zaman keçdikcə də dəfələrlə aparılan təmir-bərpa işləri Amaras monastrının ömrünü uzatmışdır. Təbii ki, aparılan həmin bərpa işləri ermənilərin ixtiyarına veriləndən sonra alban monastrını erməni kilsəsinə çevirməyin və erməni mətbuatında onu ermənilərin inanc yeri kimi təbliğ etməyə başlamışdılar.

Bu gün Xocavənd rayonunda mövcud olan alban kilsələri içərisində rayonun Haxullu kəndində IV əsrə aid kilsə, Sos kədində IV əsrə aid məbəd, Vəng kəndində 900-cu ilə aid məbəd, Hadrud qəsəbəsində 1147-ci ilə aid məbəd, eləcə də Tuğ kəndində, Muğanlı kəndində və digər ərazilərdə 23-dən artıq məbəd, kilsə mövcuddur. Onun hər birinin təkcə tikilmə, yəni inşa, memarlıq üsulu özü-özlüyündə bir tarixi ənənənin göstəricilərindəndir. Yaşadığım Tuğ kəndində mövcud olan alban kilsəsinin öyrənilməsi ilə bağlı aparılan araşdırmalar bu gün də yaddaşımda qalır və təəssüf hissiylə qeyd etməliyəm ki, kəndin yuxarı hissəsində yerləşən və XIII əsrə aid edilən həmin abidəni Yerevandan gəlmiş guya arxeoloq-tarixçi olan bir qrup insan çox qısa zamanda içərisini qazıb oradan gərəkli olacaq əşyaları, tarixin danışan faktlarını özləriylə Yerevana apardılar. Hətta həmin məbədin içərisində olan qəbirdən də nələrisə apardıqları barəsində kənd sakinləri arasında hələ 1970-71-ci illərdə söz-söhbət gəzirdi. Çox təəssüf ki, Ermənistanın icazəsiz Qarabağın dağlıq hissəsində apardıqları bu cür qanunsuz qazıntıların, axtarışların qarşısını almağa yerli hakimiyyət orqanları cəhd göstərmədi. Əksinə, onlar buna şərait yaradır və hətta əlbir olaraq onlara dəstək verir və tariximizi dağıtmağa, saxtalaşdırmağa israrla çalışan düşmənə, saxta tarixçilərə kömək etdilər. Bu gün coğrafi şəraiti daha çox dağlıq hissədən ibarət olan Xocavənd rayonu tarixi abidələri içərsində Tuğ kəndindəki 3 alban kilsəsinin adı xüsusilə qeyd olunmalıdır. Həmin alban kilsələri I-V, XII-XVII əsrlərə aiddir. Maraqlı burasıdır həmin alban kilsələrinin adı, hətta yerləşdiyi ərazi tarix kitablarında bütün dəqiqliyi ilə göstərilsə də, sonradan onların erməniləşdirilməsinə qarşı ciddi təpkilər göstərilməmişdir. Ümumiyyətlə, Xocavənd rayonu ərazisindəki, xüsusilə rayonun Salakətin kəndindəki Dəmirov ocağı, Dağdağan ocağı, Qaradağlı kəndindəki alban qəbiristanlığı, Yel piri, Xocavənd kəndindəki Cicim ocağı və digər ziyarətgahlar, abidələr, məbədlər bütün zamanlarda insanların inanc yerləri kimi də fəaliyyət göstəribdir.

Bu ziyarətgahlara ümid, şəfa ünvanı kimi üz tutanlar təbii ki, öz inanclarına söykənmişdilər. Bu inancların əsl mahiyyətinə varanda, onda bəlli olur ki, göstərilən ünvanlar həm qədimliyi, həm də tarixiliyi baxımından zaman-zaman özünün ilkin əhəmiyyətini, mahiyyətini yaşatmasına baxmayaraq, müəyyən deformasiyalara da məruz qalmışdır.

Bəli, düşmən nə qədər cəhd edir etsin, Qarabağın dağlıq hissəsindəki abidələrimizin mahiyyəti də. mövcudluğu da, onun kimə məxsusluğu da dünya tərəfindən tanınır və qəbul olunur. Biz də gec-tez onların əsirlikdən xilas olmasına nail olacağıq.

Comments are closed, but trackbacks and pingbacks are open.