Press "Enter" to skip to content

Tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub

Köçəri heyvandarlıq Qafqaz regionunda yaşayan xalqların həyatında mühüm rol oynayan əsas məşğuliyyət növüdür. Bu məşğuliyyət əsrlər boyu köçəri xalqların mədəni kimliyinin əvəzolunmaz hissəsinə çevrilmişdi. Köçəri yaşam tərzi onların adət-ənənələrində, dil və inanclarında öz əksini tapıb.

Bu qoruqlar Dövlət Turizm Agentliyinə verildi – SİYAHI

“Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması məqsədilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi” yaradılıb.

Mərkəzin Nizamnaməsi təsdiq edildiyindən Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarını idarəetmə səlahiyyəti həmin Mərkəzə verilib. Buna uyğun olaraq “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya Qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət Qoruğunun, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq Qoruğunun və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət Qoruğunun əsasnamələrində müvafiq dəyişikliklər edilib.

Bu qərarların qəbul olunması ilə bağlı Mərkəz aşağıdakı səlahiyyətlər əldə edir:

– Qoruqların idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır;

– Qoruqlar tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir, təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir;

– Qoruqların inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər ilə Qoruqları maliyyələşdirir və toplanılan gəlirdən Qoruqların inkişaf etdirilməsi məqsədilə Qoruqların ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə edir.

Tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub

Zəngin turizm potensialı və qonaqpərvərlik ənənələri ilə seçilən ölkəmizdə turistlərin maraq göstərdiyi məkanlar sırasında tarix-mədəniyyət qoruqları xüsusi yer tutur. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən 21 qoruq ölkəmizdə mədəni turizmin inkişafı üçün geniş imkanlar yaradır. Təsadüfi deyil ki, bayram günlərində bu məkanlarda qələbəlik, izdiham yaşanır. Həmçinin tarix-mədəniyyət qoruqlarında təşkil olunan müxtəlif tədbirlər adi günlərdə də çoxlu ziyarətçi cəlb edir.

AZƏRTAC xəbər verir ki, yerli vətəndaşların və xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu ön sırada dayanır. Qoruqdan verilən məlumata görə, 2017-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya 80 min 126 turist gəlib. Onların 39 min 561-i xarici ölkə vətəndaşlarıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər.

Qeyd edək ki, 2016-cı ildə qoruğu 65 min nəfərdən çox turist ziyarət etmişdi.

Turistləri hər zaman cəlb edən məkana son illərdə marağın daha da artmasının səbəblərindən biri burada yaradılan şəraitdir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi ən müasir dünya standartlarına cavab verir. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.

Qədim tarixin, əski dini inancların yadigarı – “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da ötən il turistlər üçün cəlbedici məkanlardan olub. Burada aparılan konservasiya işlərindən sonra turistlərin sayı ildən-ilə artmaqdadır. Ötən il “Atəşgah”ı ziyarət edən turistlərin sayı 30 min 751 nəfər olub. Onların 25 min 346-sı xarici vətəndaşlardı. “Atəşgah”ı ziyarət edən xarici ölkə vətəndaşlarının çoxunu Rusiya və ərəb ölkələrindən gələn turistlər təşkil edib.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan verilən məlumata görə, hər zaman olduğu kimi, ötən il də bu məkana ziyarətçi marağı böyük olub. İl ərzində qoruğa gələn 63 min 574 nəfərdən 54 min 717-sini xarici turistlər təşkil edib. Bu məkana da daha çox Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və başqa ölkələrdən turistlər gəlib.

Ölkəmizin regionlarında fəaliyyət göstərən mədəniyyət qoruqları, tarixi məkanlar da il ərzində çoxlu sayda ziyarətçi qəbul edib.

Quba Soyqırımı Memorial Kompleksini ötən il 77 min 856 nəfər, Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunu 56 min 742 nəfər ziyarət edib. Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğuna (İsmayıllı) 40 min 182, Kiş Tarixi-Memarlıq Qoruğuna (Şəki) 25 min 850, Zaqatala Tarix-Mədəniyyət Qoruğuna 20 min 700 nəfər baş çəkib.

Qeyd edək ki, 2016-cı ildə tarix və mədəniyyət qoruqlarını 356 min nəfər ziyarət etmişdisə, 2017-ci ildə bu rəqəm 486 min 273 nəfər olub. Onlardan 166 min 153 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür.

“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu

“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılıb.

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda mədəniyyət və turizm əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir.

“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun əsas fəaliyyət istiqamətləri qoruq ərazisində dövlət nəzarətini həyata keçirmək, tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdır.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərar layihəsinə uyğun olaraq Xınalıq kəndi dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur.

Qubanın 60 km-liyində yerləşən Xınalıq regionun ən yüksək yaşayış məntəqələrindən biridir – bu kənd dəniz səviyyəsindən 2200 metrədək yüksəklikdə yerləşir. Kənd qədim tarixə malikdir.

KƏNDİN TARİXİ

Kəndin adının yaranması ilə bağlı bir neçə versiya var. Rəvayətlərə görə, Günəş çıxdıqda kəndi əhatə edən dağ xına rənginə boyandığından, kəndə Xınalıq adı verilib. Ehtimallardan biri isə kəndin adının yalnız burada bitən və xına rəngində olan bir bitkinin adından yaranması ilə bağlıdır. Bəzi fərziyyələrə əsasən, Xınalıq adı ilə XI əsrin Albaniyasındakı Xeno (Xena, Xeni) şəhərinin adı arasında əlaqə var. Hazırda bu şəhərin qalıqları Rusiyanın Dağıstan tərəfində Azərbaycanla sərhəddə yerləşir.

Xınalıq yer adına ilk dəfə XV(1457-1459) əsrdə Mahmud Əl Xinaluqinin “Şirvan və Dağıstan hadisələri“ əlyazmasında rast gəlinir. Mahmud özünə Xınalıqlı təxəllüsünü götürüb. Bu da Xınalıq adından istifadə olunan ilk yazılı mənbədir.

Tarixçilər Xınalıq kəndinin eramızdan əvvəl salındığını ehtimal edirlər. Hətta kənd haqqında məlumatlara Strabon və Plininin əsərlərində rast gəlmək olar.

Xınalıq ərazisində ilkin məskunlaşmaya aid faktlar erkən tunc dövrünə (e.ə IV minilliyin sonu) aiddir. 2010-2012-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində burada “Zangar (Xınalıq)” adlı qədim yaşayış məskəni aşkar edilib.

VIII əsrdə Xınalıqlılar Dərbənd hakimi Hişamın qardaşı Abu Müslüm vasitəsilə İslam dinini qəbul edirlər. Bu ərazidə ən qədim məscid də məhz Xınalıqda elə Abu Müslümün əmri əsasında tikilib.
XII – XVIII əsrlərdə bu ərazilərdə çoxlu türbələr və məscidlər inşa edilib.

ƏHALİSİ

Azərbaycanın yükləklikdə yerləşən dağ kəndlərindən birində məskunlaşan Xınalıq əhalisi özünəməxsus unikal dili olan kiçik etnik qrupdur. Xınalığın öz dili olduğu kimi, özünəməxsus folkloru — dastanları, rəvayətləri, nağılları, bayatıları, tapmacaları da var.

Maraqlıdır ki, yerli sakinlər Xınalığa öz dillərində Kətiş deyirlər. Xınalığın sakinləri ənənəvi həyat tərzini qoruyub saxlamışlar. Toy, yas və digər mərasimlər, bir nəsildən digərinə miras qalan ayinlərlə ciddi şəkildə keçirilir.

Xınalıq həm də uzunömürlülər məskəni hesab edilir.

Xınalıq əhalisi Xınalıq kəndi ilə yanaşı Quba rayonunun digər kəndlərində də yaşayır. Təbiətin onlara verdiyi resurslardan istifadə etməklə sərt iqlim şəraitində yaşayan Xınalıqlılar tarix boyu köçəri heyvandarlıqla məşğul olublar.

KÖÇ YOLU

Köçəri heyvandarlıq Qafqaz regionunda yaşayan xalqların həyatında mühüm rol oynayan əsas məşğuliyyət növüdür. Bu məşğuliyyət əsrlər boyu köçəri xalqların mədəni kimliyinin əvəzolunmaz hissəsinə çevrilmişdi. Köçəri yaşam tərzi onların adət-ənənələrində, dil və inanclarında öz əksini tapıb.

– Köç Yolunun uzunluğu 200 km-dir;
– Köç Yolu 5 inzibati rayonun (Qusar, Quba, Şamaxı, Qobustan, Hacıqabul) ərazisindən keçir;
– Köç Yolundan hər il 10,000-dən artıq insan və 300,000-dən artıq mal-qara istifadə edir.

MEMARLIQ VƏ ETNOQRAFİYA ABİDƏLƏRİ

Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, gil və mis qablar, daş kitabələr, kitablar və daha bir çox əşyalar var. XII əsr məscidi, XV əsr məscidi və bir neçə qədim qəbiristanlıq kimi tarixi yerlər var.

Maraqlı faktlardan biri də odur ki, Xınalıqda evləri bir-birinə çox yaxın inşa edirlər. Ərazi dağlıq olduğundan, çox zaman bir evin qapısı o biri evin damına açılır. Binaların belə tikilməsi şaxtalı-çovğunlu günlərdə mənzillərin soyuqdan mühafizəsi üçün əhəmiyyətlidir.

Xınalıqdakı memarlıq abidələri arasında məscidlərin xüsusi yeri var. Kəndin ən yüksək yerində Cümə məscidi yerləşir. Bundan başqa, kənddə Şeyx Salbuz məscidi, Əbu Müslüm Cümə məscidi, Cabbar baba piri, İsrafil baba türbə-məscidi, Möhüc baba piri, Xıdır Nəbi piri və Qüllə pirləri vardır. Pirə Comərd türbə-məscidi var. Ümumilikdə Xınalıq ərazisində 31 türbə və ziyarətgah var.

Xınalığın ətrafındakı sərt qayalıqlarda qədim qəbiristanlığın qalıqları var. Bu qəbristanlıqdakı 5 pilləli daş qəbirlər onun tarixinin çox qədimlərə gedib çıxdığını təsdiqləyir.

Avqust ayı Xınalıqda bal mövsümünün başlanğıcı qeyd edir. Yerli bal unudulmaz dadı və iyi ilə fərqlənir. Yerli insanlar deyirlər ki, Xınalıq balı bir çox xəstəliklərin müalicəsi üçün vasitədir. Payızda isə sakinlər keçi əti mövsümünü xüsusi zövqlə qeyd edirlər.

BƏNZƏRSİZ TƏBİƏTİ

Bu məkanın özünəməxsus gözəlliyi var. Avropanın ən yüksək yaşayış məskənlərindən olan Xınalığın başının üstü, demək olar ki, ilboyu buzlaqlarla örtülü olur.

Xınalığın yayı sərin, qışı isə çox sərt keçir. İlin çox vaxtı Xınalığa getmək mümkün olmur. Çox zaman qar artıq payızda, sentyabr ayında yağmağa başlayır.

Sərt hava şəraiti nəticəsində təkcə yol bağlanmır, həm də icmanın iqtisadi baxımdan əsas sütununu təşkil edən çobanlar qoyun-quzularını aşağı, daha isti ərazilərə köçürməli olurlar.

Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500 metr hündürlüyündə 3 müxtəlif göl yerləşir.
Xınalıq 2001-ci ildə “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”, 2007-ci ildə isə Dünya Abidələr Fondunun siyahısına daxil edilmişdir.

Xınalıq kəndi alp və subalp çəmənlikləri səviyyəsində yerləşir. Bazardüzü (4466 m), Tufandağ (4191 m), Şahdağ (4243 m) və Qızılqaya (3722 m) zirvələri ilə əhatə olunmuşdur.

Yaylaq və qışlaqlar arasındakı ənənəvi Köç Yolu ölkədə müşahidə olunan 9 iqlim tipindən 7-sini əhatə edir:
• Alp çəmənlikləri;
• Subalp çəmənlikləri;
• Dağ meşələri;
• Dağ çölləri;
• Yarım-səhra.

Ərazinin YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi

Xınalıq kəndi 2020-ci ildə YUNESKO-nun Dünya İrsi Ərazisinin ilkin siyahısına daxil olub. Hazırda Xınalıq kəndi və əhalisinin həyatında mühüm rol oynayan yaylaq, qışlaq və Köç Yolunun “Xınalıq kəndi və Köç Yolu Mədəni Landşaftı” adı altında YUNESKO-nun Dünya İrsi Ərazisi kimi tanınması üçün namizədlik sənədi hazırlanıb və quruma təqdim olunub.

“Xınalıq kəndi və Köç Yolu Mədəni Landşaftı” adı ilə bu ərazinin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olması onun dünyada tanınması və qorunması üçün böyük bir addım ola bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.