Press "Enter" to skip to content

Tibbi sığorta hansı xidmətləri əhatə edəcək

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Belə ki, 2022-ci il yanvarın 1-dək əmək haqqının 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Sinir xəstəlikləri

Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklər olub, bunlardan sonra bədəndə müəyyən ağırlaşmalar qalır. Bəzən də xəstənin ölümü ilə nəticələnir. Bu xəstəliklərə beyinə qansızmanı, beyin damarlarının trombozunu, nevriti, ensefaliti, meningiti, poliomielitləri, sklerozu, beyin şişlərini, sinir sistemi travmalarını, iflicləri, avitaminozları, epilepsiyanı, nevrozları, miqreni və s. göstərə bilərik.
Beyinə qansızma qəfildən, fiziki və emosional gərginlikdən sonra meydana çıxır. Xəstə huşunu itirir və yıxılır. Tənəffüs çətinləşir, nəbz gərginləşir, qan təzyiqi yüksəlir. Sifət qızarır, tərləyir. İflic baş verir, həmin tərəfdə ağız bucağı sallanır.
Bu zaman xəstəyə ilk yardım kimi rahatlıq verilməli, uzandırılmalı, başı bir qədər hündürdə yerləşdirilməli, başa buz, ayaqlara isə isitqac qoyulmalıdır. Venaya qlükoza qarışığı ilə eufillin yeridilir. Ənsəyə tibbi zəli qoyulması, venadan qan götürülməsi (200-300 ml) məsləhətdir. 10-12 gündən sonra iflicləri masajla müalicəyə başlayırlar. Prozerin, dibazol və s. işlədilir.
Kəskin poliomielit. Onurğa beyninin boz maddəsinin iltihabıdır. Uşaq onurğa beyni iflici adlanır. Xəstəliyi virus törədir. Törədici xəstə ilə kontaktda olduqda, qida, hava və həşəratlarla sağlam şəxslərə keçə bilər. Bağırsağın selikli qişasında viruslar artır, çoxalır və qana sorulur. Ən əvvəl temperatur yüksəlir, üşütmə, yorğunluq müşahidə edilir, bağırsaq fəaliyyəti pozulur. Onurğada ağrılar duyulur. Sonra iflic dövrünə keçir. Müxtəlif formalarda ifliclər verir. Bərpa dövrü bir neçə aydan bir neçə ilə qədər uzana bilər.
Müalicəsi ciddi yataq rejimi ilə başlanır. Onurğa sütununun əyilməsinin qarşısını almaq üçün döşək hamar və bərk olmalıdır. Ağrıkəsicilər, qamma-qlobulin, qan köçürülməsi, qlütamin turşusu, C, B1, B12 vitaminləri təyin edilir. Fizioterapevtik müalicədən də istifadə edilir.
Beyin sarsılması. Bu, əsasən, travmatik zədələnmədir. Travmadan sonra qəflətən şüur itir. Yüngül formada bir neçə saat, ağır travmada isə 2-3 günədək davam edir. Ürəkbulanma, qusma baş verir. Yaddaş pozulur. Travmanın aradan qaldırılması istiqamətində müalicə aparılır. Xəstə 10-15 gün yataq rejimində olmalıdır. Simptomatik müalicə aparılır. Ürək dərmanlarından istifadə edilir.
Beyin sərpməsi. Yerli zədələnmələrdən sonra baş verə bilər. Hissiyyat, nitq pozulur. Beynin zədələnmiş yerində sərpmə nəticəsində toxumanın nekrozu baş verir. Ölmüş nahiyənin limfa və qanı sorulmağa başlayır. Xəstəlikdən sonra bir sıra pozulmalar, ağıl zəifliyi qala bilər. Kəskin dövrdə punksiya edilərək, oradakı maye çıxarılır. Simptomatik müalicə aparılır. Daxilə brom preparatları, parez və ifliclərdə masaj, prozerin, dibazol tətbiq edilir.
Epilepsiya. Şüurun itməsi ilə müşayiət olunan qıcolma şəklində xəstəlikdir. Qıcolmalar tutmaşəkilli olur. Xəstəliyin əsas səbəbləri müxtəlif sinir travmaları, doğuş travmaları, sinir xəstəlikləri, infeksion xəstəliklər ola bilər. Xəstəlik ən çox 10-20 yaşlarda təsadüf edir. İrsi olmasa da, meyllik vardır. Epilepsiya tutması həm beyin qabığında yayılmış ləngimə, şüurun itməsi, həm də hərəki analizatorların həddindən artıq oyanması, qıcolma şəklində təzahür edir.
İlk əvvəl xəstə şüurunu itirir, yıxılır, bütün əzələləri gərgin olur, bəbəkləri genəlir, işığa reaksiya vermir, çənəsi sıxılır, tənəffüsü dayanır, sifəti solur, göyərməyə başlayır. İkinci fazada tənəffüs xırıltılı olmaqla bərpa olunur, köpüklü, bəzən qanlı ağız suyu ifraz olunur, qıcolmalar dayanır. Birinci faza yarım dəqiqəyə qədər, ikinci faza 2-5 dəqiqə çəkir. Üçüncü fazada soporoz hal baş verir — halsızlıq, dərin yuxu halı. Sonra xəstə ayılır, şüuru bərpa olur. Tutmaarası dövrdə xəstələr heç də sağlam adamlardan fərqlənmir. Lakin epilepsiya vaxtında düzgün müalicə edilməlidir. Belə ki, ən çox lüminaldan istifadə edilir. Bromidlərdən difenih, trimetin və başqa dərmanlardan istifadə olunur. Bəzən punksiya və ya şüalandırmadan istifadə edilir.
Sinir sisteminin çox yüksək gərginliklərindən müxtəlif pozulmaları baş verir. Bunlara nevrozlar deyilir. Müxtəlif səbəblərdən ola bilər.

Nevroz
— psixi travma nəticəsində psixi fəaliyyətin geri dönən pozulması olub, bu zaman real aləmin inikası pozulur və şəxs xəstəliyini dərk edir. Nevrozun əsas əlamətləri təşvişdən (həyəcandan) və həmin təşviş hissindən qurtarmağa yönəldilmiş həddən artıq nəzərə çarpan davranışdan ibarətdir. Nevrozlar müxtəlif sinir — psixi əlamətlər, o cümlədən, emosional davamsızlıq, psixi və fiziki yorğunluq, bədən ağrıları və s. ilə təzahür edir. Nevrozların təsnifatı indiyədək mübahisəli qalır. Müxtəlif müəlliflər bunlara nevrozların 3 klassik forması olan nevrasteniya, sarışan hallar, histeriyadan başqa, ipoxondrik, depressiv nevroz, qorxu nevrozu, vegetonevroz və s. kimi nevrotik halları da aid edirlər.
Nevrozların ən geniş yayılmış forması nevrasteniyadır. Sənayenin sürətli inkişafı ilə əlaqədar yaranan gərginlik xəstəliyin etiologiyasında mühüm amil hesab edilir. Xəstəliyin əsas simptomokompleksi isə asteniyadır. Ən adi iş belə xəstəni yorur, əhvalını pisləşdirir. Cüzi bir qıcıq şiddətli affektiv reaksiya törədir, yuxunu pozur. Beyin qabığı ilə qabıqaltı mərkəzlər arasındakı neyrodinamikanın pozulması vegetativ sinir sisteminin normal fəaliyyətini dəyişdirir və bu, daxili orqanlarda funksional patologiyaya səbəb olur. Başağrısı, başgicəllənməsi, təngnəfəslik, ürəkdöyünmə, ürək ağrısı, iştahanın, cinsi fəaliyyətin pozulması müşahidə edilir.
Nevrasteniyalı şəxslər öz xəstəliklərini şişirdir, tez-tez müxtəlif tibbi müayinələrdən keçməyə cəhd edirlər.
Sarışan hallar nevrozu olan şəxsləri əsasən qorxular, hərəkətlər, fikirlər, xəstəliklər və s. şəklində sarışan hallar narahat edir. Xəstə həmin hiss və fikirlərin lüzumsuz olduğunu başa düşsə də, onlardan yaxa qurtara bilmir. Sarışan halların nozofobiya (ağır xəstəliyə tutulmadan qorxma), psixofobiya (psixi xəstəliyə tutulmaqdan qorxma), akrofobiya (yüksəklikdən qorxma), aqorafobiya (geniş küçə və meydanlardan keçməkdən qorxma), monofobiya yaxın adamlarını itirib evdə tək qalmaqdan qorxma), sarışan fikirlər (məzmunsuz, qeyri-sağlam müdriklik) və s. kimibir çox formaları vardır.
Histeriyanın əsas xüsusiyyəti hərəkətin və hissiyyatın (emosiya) funksional pozulmaları, xəstənin asanlıqla təlqinə və özünütəlqinə məruz qalmasıdır. Xəstələr, bir tərəfdən, müalicə üçün həkimə müraciət edir, digər tərəfdən isə sanki öz hərəkətlərindən zövq alaraq, xəstəlik halından çıxmaq istəmirlər. Xəstəliyin klinik əlamətlərinə isterik qıclıq, vegetativ və hərəki funksiyaların isterik pozulması, isterik psixi pozulmalar aiddir.
Epilepsiya tutmasından fərqli olaraq, isteriya tutması daha mülayim və düşüncə tam pozulmadan keçir, xəstənin şıltaqlığını əks etdirən məzmunda olub, əslində nümayiş xarakteri daşıyır. Xəstə ehtiyatla, astaca və münasib yerə (yatağa, xalça üstünə və s.) yıxılır, bədəni, həmçinin dil-dodağı zədələnmir. Bəbəklərin işığa qarşı reaksiyası pozulmur, sidik ifrazı müşahidə edilmir.
Nevrozun səbəblərini və klinikasını akad. İ.P.Pavlov dərindən öyrənmiş, həm də nevrozun eksperimental modelini yaratmışdır. Müəyyən edilmişdir ki, eyni psixogen amillərin təsirindən I siqnal sisteminin üstünlük təşkil etdiyi şəxslərdə (bədii tip) daha çox isteriya, II siqnal sistemi üstün olanlarda (təfəkkür tipi) sarışan hallar, hər iki siqnal sisteminin tarazlıq vəziyyətində olduğu (orta tip) şəxslərdə isə nevrasteniya törənir. Eksperimentdə də heyvanların nevroz törədən qıcıqlara qarşı reaksiyası ali sinir fəaliyyətinin tipindən asılı olmuşdur. Məsələn, zəif və qüvvətli — müvazinətsiz tipə məxsus heyvanlarda nevroz yaratmaq daha asandır.
Nevrozların bütün növlərində ali sinir fəaliyyətində İ.P.Pavlovun hipnotik fazalar adlandırdığı mərhələlər müşahidə edilir:
1. Bərabərləşdirici faza — zəif və qüvvəli qıcıqlar eyni qüvvəli cavab reaksiyası törədir.
2. Paradoksal (təəccüblü) faza — qüvvəli qıcığın törətdiyi reaksiya zəif qıcığa qarşı alınan reaksiyadan da zəif olur.
3. Ultraparadoksal (həddən artıq təəccüblü) faza müsbət (oyadıcı) qıcıq ləngimə, mənfi (ləngidici) qıcıq isə oyanma törədir.
4. Ləngimə fazası — heç bir qıcığa qarşı reaksiya alınmır.
Mərkəzi sinir sisteminin pozulmalarına əsmə iflic, miopatiya və s. vegetativ sinir sisteminin xəstəliklərinə övrə (məxmərək), ödemlər, miqren və s. aiddir.
Miqren vaxtaşırı başağrısı tutmaları ilə meydana çıxır. Xəstəlik adətən cinsi yetişkənlik dövründə törənir və irsi yolla yayılır. Patogenezi tam izah edilməmişdir. Miqrenin səbəbi damar innervasiyasının pozulması hesab edilir.
Başağrısı tutmasının meydana çıxmasına həyəcanlanma, yuxusuz gecə, bürkülü hava, ağır zehni iş, sərxoşluq, siqaret çəkmə və s. səbəb ola bilər. Şiddətli başağrısı əmələ gəlir. Ağrı başın müəyyən bir hissəsində (çox vaxt bir yarısında) ola bilər. Ürəkbulanma, qusma olur. Bir neçə saat davam edir və keçir. Hər hansı gərginlik ağrını gücləndirir. Ona görə də xəstə sakit, qaranlıq bir yerdə uzanmaq istəyir.
Müalicədə xəstənin həyat rejimi düzgün qurulmalıdır. Qlükoza və lüminal inyeksiyası kursu, su müalicəsi, ultrabənövşəyi şüalanma və s. təyin edilir. Kofein tutmanı yüngülləşdirir. Ayağı isti su ilə vanna etmək olar.

Meningit
beyin qişasının iltihabı olub, infeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu yerdə iltihabi proses inkişaf edir. Selikli qişanın ödemi baş verir, selik əmələgətirmə yüksəlir, badamcıqlar və yuxarı tənəffüs yollarının selikli qişasındakı limfatik düyünlər çox böyüyür.

Meningitlər müxtəlif formalarda olur. Bütün formalarda aşağıdakı əlamətlər təzahür edir: 1) ənsə əzələlərinin gərginliyi — xəstə başının daim dala dartınmasını hiss edir; 2) baldırın bükücü əzələlərinin reflektor gərginliyi; 3) başı bükdükdə ayaqlar da dala bükülür, qarına dartılır; 4) bir ayağı bükdükdə o biri də qeyri-iradi bükülür.
İnkubasion dövrün müddəti 5-7 gündür. Başlıca olaraq alın-təpə nahiyəsində başağrısı, boğazda ağrı və acışma, quru öskürək, burun tutulması, az hallarda burundan selikli-irinli ifrazatın axması xəstələrin səciyyəvi daimi şikayətləri sayılır. Bu simptomlarla bərabər, əksər təsadüflərdə xəstənin ümumi əhvalının pisləşməsi: kefsizlik, süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər yüksəlir. Lakin bəzən orta dərəcədə və hətta yüksək (39°C-dən yuxarı) qızdırma baş verir. Qızdırma 1 — 3 gündən artıq olmur. Dəri örtükləri solğun olur: konyunktiva və skleranın damarları infeksiyalaşır. Burunun selikli qişası hiperemiyalaşmış, şişmiş olur.
Onurğa beyni mayesi dəyişilir, başağrısı, qusma, psixikanın pozulması və s. müşahidə edilir. Xəstələr səs-küyü, ucadan danışığı, işığı sevmirlər. Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokalizasiyası müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur, bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir. Çox vaxt xəstələr başağrısından inildəyirlər. Meningitdə qusma ürəkbulanmasız, qida ilə əlaqədar olmadan qəflətən baş verir, xəstəyə rahatlıq vermir, o bollu, «fəvvarə ilə», təkrar olur və bəzən başağrısının şiddətləndiyi vaxt meydana çıxır.
Müalicədə əsasən antibiotiklər (levomisetin, tetrasiklin, eritromisin və s.) təyin edilir. Müalicə müddəti 3-5 gündür.
Bütün xəstələrə udlaqlarını antiseptiklərlə (0,02 %-li furasilin məhlulu, 2 %-li bor turşusu məhlulu, 0,05 — 0,1 kalium-permanqanat məhlulu) yaxalamağı məsləhət görmək lazımdır. İntoksikasiya zamanı çoxlu ilıq maye içməyə göstəriş vardır.
Penisillinlə müalicənin adətən, 5-8 gün müddətində aparılması vacib və kifayətdir.
Ağır təsadüflərdə ampisillinin bir hissəsini venaya yeridir, sutkalıq dozanı isə 400 mq/kq qədər artırırlar. Oksasillin və metisillin sutkada 300 mq/kq dozada, inyeksiyalar arasında 3 saat fasilə olmaqla işlədirlər.

  • Teqlər:
  • sinir xəstəlikləri
  • , poliomielit
  • , epilepsiya
  • , nevroz
  • , meningit
  • , sinir sistemi xəstəlikləri
  • , sinir sisteminin xestelikleri
  • , baş xəstəlikləri
  • , baş beyin xəstəlikləri

Tibbi sığorta hansı xidmətləri əhatə edəcək?

Məlum olduğu kimi, bu il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Ölkənin Gəncə, Şirvan, Qazax, Lənkəran, Salyan da daxil olmaqla daha 36 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulub.

1 aprel tarixindən isə tibbi sığorta bütövlükdə ölkə ərazisini əhatə edəcək. Bu sonuncu – üçüncü mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta sisteminə cəlb olunacaq.

Artıq ölkə ərazisinin böyük hissəsini əhatə etsə də, hələ də icbari tibbi sığorta ilə bağlı əhali üçün qaranlıq məqamlar var.

Tibbi sığorta nədir? Hansı xidmətləri əhatə edəcək? Sığortalı vətəndaşlar dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrin xidmətlərindən də istifadə edə biləcəklərmi?

İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edəcək. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.

Xidmətlər zərfinə nə daxildir?

Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, artıq tibbi sığorta ölkənin böyük hissəsini əhatə edir və vətəndaşlar əlçatan şəkildə tibb müəssisələrinə müraciət etməklə, ödəniş etmədən bu xidmətlərdən istifadə edə bilirlər:

“İcbari tibbi sığortanın tətbiq olunduğu keçən il ərzində xidmətlər zərfinə 2 550-yə yaxın tibbi xidmət daxil idi. Bura stasionar şəraitdə aparılan bütün tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, stasionar şəraitdə dərman təminatı, təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti və bundan başqa, açıq və qapalı ürək əməliyyatları, kardioinvaziv müdaxilələr və sair kimi bahalı və qiyməti yüksək olan əməliyyatlar daxil idi. Bu ildən isə Agentliyin hədəfi odur ki, bu tibbi xidmətlərin sayını və çeşidini artırsın. Bununla bağlı Nazirlər Kabinetinə öz təkliflərimizi təqdim etmişik. İcbari tibbi sığorta ölkə üzrə tam əhatə olunanda 3 550-dən çox xidməti əhatə edəcək. Bu xidmətlər də dəyərindən asılı olmayaraq, həyat üçün vacib olan, sağlam həyat sürmək üçün lazım olan tibbi xidmətlərdir”.

İTSDA-nın məlumatına görə, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək.

Əlavə olaraq, hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.

Həmçinin xidmətlər zərfinə 1 100-dən çox cərrahi əməliyyat salınıb. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında, həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları var.

Bir sıra xidmətlər var ki, bunlar İTSDA tərəfindən təminata alınmır. Bura poliklinik şəkildə dərman təminatı, stomatoloji xidmətlər, estetik-kosmetik əməliyyatlar daxildir.

Rayonda yaşayıb Bakıda müayinə olunmaq istəyiriksə…

İTSDA-nın rəsmisi Vüqar Qurbanov bildirib ki, sığortalı vətəndaş əvvəlcə yaşadığı ərazidəki tibb müəssisəsinə müraciət etməlidir. Əgər müayinə və müalicəsi orada mümkün deyilsə, Agentliklə müqaviləsi olan bütün tibb müəssisələri – həm dövlət, həm də özəl tibb müəssisəsinə yönləndirilir və tam şəkildə ödənişsiz müalicə və ya əməliyyat edilir. Vətəndaşın şikayəti, onun göndəriləcəyi müayinələr proqram vasitəsilə tibb müəssisəsinə göndərilir.

Bəzi hallarda isə regionda yaşayan vətəndaş paytaxtda olarkən təcili şəkildə tibb müəssisəsinə müraciət etməli olur. Bu halda ona hazırda olduğu ərazidə ilkin tibbi yardım göstərilir:

“Əgər şəxs sığortalıdırsa, onun hansı regionda olmasından aslı olmayaraq, dövlət və ya özəl tibb müəssisəsində Agentliyin ödənişi hesabına tibbi xidməti tam şəkildə ala bilər. Təcili və təxirəsalınmaz hallarla bağlı da xidmət tam şəkildə əhatə olunur və buna görə heç bir ödəniş tələb olunmur. Məsələn, miokard infarktı özü də təcili təxirəsalınmaz tibbi yardım hesab olunur. Bu zaman xəstəyə ilkin tibbi yardım göstərilir. Sonra əməliyyat üçün ixtisaslı tibbi yardımla bağlı müqaviləmiz olan tibb müəssisələrinə və ya TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edərək ödənişsiz şəkildə tibbi xidməti əldə edəcək. Təcili hallar üçün heç bir məhdudiyyət yoxdur. Planlı hallar üçün bütün dünyada olduğu kimi növbəlilik halları var. Ola bilər ki, bəzi vətəndaşların yaşadığı yerdə hansısa xidmətə müraciət çoxdur və orada növbə gözləməyə ehtiyac var. Biz çalışırıq ki, belə hallar olmasın”.

İcbari tibbi sığortanın tətbiqindən tibb işçiləri nə qazanacaq?

İTSDA dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini öz tabeliyinə alıb və həm tibbi xidmətin təşkili, həm də ödənişlərini həyata keçirən qurumdur. Agentlik rəsmisinin sözlərinə görə, hər tibbi xidmətə görə həkimlər həm əmək haqqı, həm də bonuslar alırlar. Orta və kiçik tibb işçiləri göstərilən tibbi xidmətin qarşılığında yalnız əmək haqqı alacaqlar. Lakin bu əmək haqqı əvvəlki kimi deyil, bura həm də həvəsləndirici ödənişlər daxildir:

“Bu qaydalar artıq tənzimlənib. Ölkənin 23 bölgəsində həkimlərə tibbi xidmətə görə bonuslar verilir. Ötən il 9 ixtisas növü üzrə həvəsləndirici nəzərdə tutulurdusa, bu il bu ixtisasların sayı 16-ya çatdırılıb. Məsələn, hemodializ şöbəsində işləyən həkimlərin əmək haqqına 360 manat həvəsləndirici əlavə olunacaq və bu proses daim yenilənəcək. Tibb müəssisələri nə qədər çox və keyfiyyətli xidmət göstərəcəksə, aldıqları vəsait də çox olacaq. Artıq Azərbaycanda yeni maliyyələşmə metodu ortaya çıxır. Xəstəxanalar onlara ayrılan vəsaiti xərclədikdən sonra yerdə qalan məbləği tibb işçilərinin dəyərləndirilməsi üçün də istifadə edə bilərlər”.

Nə qədər tibbi sığorta haqqı ödənilməlidir? Kimlərin sığorta ödənişlərini dövlət qarşılayır?

İcbari tibbi sığorta layihəsi dövlət tərəfindən həyata keçirilən layihədir. Biznes layihəsi olmadığına görə, onun həyata keçirilməsində gəlir əldə etmək məqsədi güdülmür. Burada həm də vətəndaşın ala biləcəyi xidmətlər zərfi var. Vətəndaşlara ayrı-seçkilik qoyulmur. Onun hansı işdə işləməyindən, hansı miqdarda sığorta haqqı ödəməsindən asılı olmayaraq, xidmətlər zərfindən eyni qaydada istifadə edə bilər.

Dövlət sığorta haqqı məsələsində daha rahat təkliflə çıxış edib. Belə ki, hamilə qadınlar, uşaqlar, işləməyən pensiyaçılar, ali təhsil alan tələbələrin sığorta haqqı dövlət tərəfindən ödəniləcək.

Beləliklə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulması nəzərdə tutulur.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Belə ki, 2022-ci il yanvarın 1-dək əmək haqqının 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Xidməti müqavilə ilə çalışan vətəndaşlardan da sığorta haqqı əmək haqqı 8 000 manata qədər olan hissəsindən 1% və 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% sığorta haqqı tutulacaq.

Bundan başqa, bir kateqoriya insanlar da var ki, onlar fərdi sahibkar kimi VÖEN-lə fəaliyyət göstərirlər. Onlar üçün də sığorta ödənişi minimal əmək haqqının 4 % həcmindən müəyyənləşib. Yanvarın 1-dən etibarən onlar da ödəniş edəcəklər.

İcbari tibbi sığorta özəl klinikalara da aiddirmi?

İcbari tibbi sığorta təkcə dövlət deyil, Agentliyin müqavilə bağladığı özəl klinikalarına da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası verə bilmir, ancaq özəl klinikalarda mümkündür. Ona görə də özəl tibb müəssisələriylə müqavilələr imzalanır. Bu klinikaları seçərkən də müəyyən kriteriyalar nəzərə alınır. Məsələn, belə klinikalar daha geniş spektrda xidmət təklif edən klinikalar olmalıdır ki, vətəndaş bütün xidməti əldə edə bilsin.

Vətəndaş ərazisi üzrə dövlət tibb xidmətinə daxil olan tibb müəssisəsinə müraciət edir, əgər həmin tibb müəssisəsində ona lazım olan xidmət mövcud deyilsə, İTSDA-nın, həmin tibb müəssisənin göndərişi əsasında özəl tibb müəssisəsində bu xidməti əldə edə bilər.

Qeyd edək ki, gələcəkdə icbari tibbi sığorta xarici ölkələrdə də keçərli olacaq. Artıq qarşılıqlı tibbi sığortanın tətbiqi ilə bağlı bir neçə ölkə ilə danışıqlar aparılır.

Ukrayna

AzVision.az maraqlı peşə sahibləri ilə silsilə müsahibələri davam etdirir. Növbəti həmsöhbətimiz Namin Bunyatovdur. Əvvəllər ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant kimi xidmət edən Namin hazırda neft platformalarında ip işləri üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirir.

– 1983-cü ildə Şəmkirdə andan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə uşaqlıqdan böyük həvəs göstərdiyim Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldum. Orada 3 il oxuduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbində təhsilimi davam etdirdim. Orda 4 il kəşfiyyat ixstiası üzrə təhsil almışam.

Kəşfiyyatçıları bildiyiniz kimi orduya qəbul etməzdən əvvəl seçirlər, kimliyini təyin edirlər. Haradasa 100-200 nəfərin içindən bir neçə nəfər kəşfiyyata seçilir.

Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra ixtisasım üzrə təlim-tədris mərkəzində ixtisaslaşma kursu keçməyə başladım. Artıq leytenant hərbi rütbəsini aldıqdan sonra xidmətə hazır idim.

-Kəşfiyyatçı olmaqda məqsədiniz nə idi? Niyə məhz kəşfiyyatçı?

– Bu sahəyə böyük marağım var idi. Hər adam kəşfiyyatçı ola bilməz. Xüsusi Təyinatlı Qüvvələr elə bir yerdir ki, orada bilik, bacarıq, istedad, fərasət tələb olunur. Xüsusi seçimlərdən keçdikdən sonra ora qəbul olmaq mümkündür.

İlk növbədə insanın tərcümeyi- halına baxılır. Yəni, kimdir, haradandır, ailəsi necədir? Bundan sonra fiziki hazırlıq, idman göstəriciləri yoxlanılır. Xüsusi Təyinatlı Qüvvələrə yalnız könüllüləri götürürlər, sonradan onları sorğudan keçirirlər.

Ora kimini boyuna görə, kimini isə başqa bir xüsusiyətinə görə seçirlər. Hamı hündürboy olmalıdır, deyə qayda yoxdur. Təcrübələr göstərir ki, boy həmişə önəmli rol oynamır. Əsas tələblərdən biri də xarici dil biliyidir.

– Siz özünüz neçə dil bilirsiniz ?

-Azərbaycan və türk dili ilə yanaşı, ingilis və rus dilində sərbəst danışıram. İngiltərədə ingilis dili ilə bağlı təkmilləşdirmə kursu keçmişəm. Fars dilindən də anlayışım var, müəyyən qədər danışa bilirəm. Alman və ispan dillərini də müəyyən qədər öyrənmişəm. Hazırda bu istiqamətdə üzərimdə çalışıram.

-Xüsusi təyinatlılara seçilmək üçün əsas şərtlərdən biri də idmandır. Siz hansı idman növü ilə məşğul olmusunuz?

– Üzgüçülük, güləş, qaydasız döyüş növləri ilə məşğul olmuşam. Amma profesional şəkildə hansısa bir idmanın dalınca getməmişəm.

Qeyd edim ki, Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursu var. 6 aylıq kursu keçə bilərsənsə, səni qəbul edirlər. Kurs ərzində bizə havada, quruda, suda, səhrada, meşədə döyüş hazırlığı və digər təlimlər keçirilir. Bundan əlavə dənizdə, quruda desantlaşma, vertolyotda desantlaşma, paraşut atlayışları sınaqdan keçirilir. İstənilən hava şəraitində, istənilən ərazidə döyüş qabiliyətini yüksək saxlamaq əsas şərtlərdəndir.

-Orada neçə müddət xidmət etdiniz?

– Demək olar ki xidmətimin hamısı XTQ-də keçdi . Mən başqa yerdə xidmət etmədim. 5 il orada oldum. Sonra sağlamlığımla əlaqədar, zədə aldığımdan xidməti davam etdirməyi münasib bilmədilər. Təlimlər ağır olduğundan zədə və ölüm halları qaçılmaz olur. Zədə almaq normal haldır.

Hazırda da XTQ düşmən təxribatının qarşısını almaq üçün ordumuzun demək olar ki, əsas güc mənbəyidir, kifayət qədər nüfuza və gücə malikdir.

Bildiyimiz kimi ölkəmiz müharibə şəraitindədir. Atəşkəs rejimi müntəzəm olaraq pozulur. Bu, bizim ziyanımıza olsa da, müsbət cəhətləri də var ki, döyüş təcrübəsi toplayırıq. Hər ölkənin xüsusi təyinatlısı belə bir təcrübə keçmək iqtidarında deyil. Bizim təyinatlıların xüsusi döyüş təcrübəsi var. XTQ dünyada seçilən birliklərdən biridir.

-Daha hansı ölkələrdə təcrübə keçmisiniz?

-İsveçrədə olmuşam. Orada qışdağ kursunu keçmişəm. Xizək sürməkdən tutmuş, şiddətli soyuqlarda həyatda qala bilmək kimi təlimlərə qatılmışam. Bəzi ərazilər ola bilər ki, orada xizəkdə daha sürətli hərəkət etmək olar. Dünya təcrübəsində bu artıq öz sübutunu tapıb. Dağ hazırlığı keçən qoşunlarda xizək kursunu keçirlər.
Ümumi götürsək xüsusi təyinatlılar universal əsgərlər olur. Onların da içində döyüş isitiqamətində xüsusi hazırlanmış birliklər olur ki, onlar həmin istiqamətdə daha aktiv fəaliyyət göstərirlər, daha peşəkar olurlar.

– Neçənci ilə qədər XTQ-da xidmət etmisiniz?

– 2006-cı ildən 2011-ci ilə qədər xidmətimi davam etdirdim.

– Bir qədər öncə zədələrinizə görə XTQ-dan ayrıldığınızı qeyd etdiniz. Hazırda hansı zədələriniz var?

-Bir çox zədələrim var. Ayağımdan və belimdən zədə almışam. Belimdən zədəni atlayışlardan, ağır, fiziki hərəkətlərdən, hündür yerlədən atlayıb maneələr zolağını keçərkən almışam. Əsasən belimə görə xidmətimi davam etdirə bilmədim. Çiynim isə dağ hazırlığı zamanı zədələnib.

XTQ-dən tərxis olunandan sonra nə işlə məşğul oldunuz?

– Mən aktiv həyat sürməyi xoşlayıram. XTQ-da xidmətim axıra qədər alınmadı, ancaq yenə də aktiv həyat sürməyi davam etdirirəm.

İndi alpinizmlə məşğul oluram. Eyni zamanda dənizdə, neft platformalarında hündürlük üzrə ip işləri mütəxəssisi kimi çalışıram.

Məsələn, platformanın müəyyən yerləri var ki, orada zədələr, borularda hansısa paslanmış hissələr ola bilər, oranın təmizlənməsi, yenidən rənglənməsi, müəyyən yerlərdə elektrik naqillərinin dəyişdirilməsi işlərini görürəm. Hansı ki, həmin yerlərdə krandan istifadə etmək mümkün deyil.

Dənizdə 5 aydır işə düzəlmişəm. Buna qədər də işimi şəhərdə davam etdirirdim. Şəhərin hündür binlarında, məsələn, `Alov qüllələri`ndə işləmişəm. Oranın şüşələrinin təmizliyində, ən üst qatında çalışırdıq.

O yerlərə ki, hündür kranlar girmir və yaxud girməsi qadağandır, biz iplə qalxıb, həmin yeri bərpa edirik.

– Alpinist kimi fəaliyyətinizdən danışaq.

-Alpinizmə yeni başlayıram. Dağa çıxmaq heç də asan iş deyil. Asan dağlar olmur, dağlar təhlükə mənbəydir.
Xarici ölkələrə, İrana, Gürcüstana, Rusiyaya səfərlərimiz tez- tez olur. Yaxın gələcəkdə Avropa ölkələrinə getməyi planlaşdırıram. Gürcüstanda 5033 metrlik zirvəni, Elburus zirvəsini (eyni zamanda bu Avropanın ən hündür zirvəsidir), İranın cənubunda 4500 metrlik Hezar zirvəsini fəth etmişik.

Azərbaycanın bütün yüksək dağlarında olmuşam. İranın ən hündür zirvəsi olan Dəmavənd (5671m) dağına da çıxmışam. Dəmavəndin üzərində passiv vulkan var, yaxınlaşmaq çətindir. Orada küləyin surəti saatda 95 km-dir, tempuratur mənfi 20-30 dərəcə dəyişir.

– Yürüşlər zamanı hansı qeydi-adi hadisələrlə də rastlaşmısınız.

-Əlbəttə qeyri-adi hadisələr çox olub, təhlükələrlə rastlaşmışam. İlandan tutmuş, dağ keçisinə qədər maraqlı heyvanlar görmüşəm.

Biz getdiyimiz ərazilərdə bəzən ayılar olur. Bildiyimiz kimi ayı, canavar normalda toplu halında insana hücüm etmir. İz olan yerdən ehtiyatlı keçirik. Ancaq bir az hündürə qalxdıqdan sonra heyvanlarla qarşılaşma təhlükəsi azalır.

Mən təhlükəni xoşlayan insanam. Bir çox insanların qalxa bilmədiyi dağlara çıxmışam.

Dəmavənd dağında bundan da təhlükəli hadisə ilə qarşılaşdım. Dəmavəndə çıxan zaman hava şəraiti pis idi. Buna görə də zirvəyə yalnız iki nəfər azərbaycanlı çıxdıq. Hətta bizə xəbərdarlıq etdilər ki, hava şəraiti pisdir, çıxmaq olmaz. Biz yürüşü təxirə salmadıq. Çətin də olsa zirvəni fəth etdik. Qayıdan zaman sürətim azaldığından anlaşılmazlıq nəticəsində öndə gedən yoldaşdan aralı düşdüm. Üstümdə olan su və yemək tükənmişdi. Yolumu qısaltmaq üçün digər marşurutu seçdim. Ancaq yolumun səhv istiqamətdə olduğunu gördüm. Məcburən əsas marşuruta qayıtdım. Bu, ölümlə nəticələnə bilərdi. Səhərə qədər yol gəldim, Artıq məni ölmüş bilirdilər. Hətta xəbər Azərbaycana da çatmışdı.Vəziyyət o yerə çatmışdır ki, cibimdə götürdüyüm donmuş almanı dişləyirdim ki, dodaqlarım susuzluqdan çatlamasın. Şükürlər olsun ki, bu dəfə də şanslı oldum. Yeri gəlmişkən, qışda dənizdə çimməyi, paraşutla atlanmağı, işimlə əlaqədar şəhərin yüksək binalarından Bakını seyr etməyi də çox sevirəm. Bir sözlə, yüksəkliklər hər zaman məni xoşbəxt edir.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Comments are closed, but trackbacks and pingbacks are open.