Tofiq haciyev azerbaycan edebi dil tarixi
Bakı, “Elm və təhsil”, 2012, 686 səh.
Tofiq Hacıyev: “Dünyanın heç bir yerində 1300 il əvvəlki forması bu qədər mükəmməl olan dil yoxdur” MÜSAHİBƏ
Tofiq Hacıyev: “Dünyanın heç bir yerində 1300 il əvvəlki forması bu qədər mükəmməl olan dil yoxdur” MÜSAHİBƏ Dilin təbliğatı ilk öncə ailədə getməlidir. Analar körpələrinə ana dilində layla desinlər.
21 Fevral , 2015 13:16
https://static.report.az/photo/f3ec2d5b-22f9-476b-a8eb-f1f12fc7c764.jpg
Ana dili deyəndə həm mənim kənddə danışdığım dil, həm də qəzet və jurnalların yazdığı dil nəzərdə tutulur. Ədəbi dil də elə onların əsasında yaranır. Dilin təbliğatı ilk öncə ailədə getməlidir. Uşağa şeir öyrətmək lazımdır. Analar körpələrinə ana dilində layla desinlər. Bakı. 21 fevral. REPORT.AZ/ 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Ana Dili Günü ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev “Report”a müsahibə verib. – Tofiq müəllim, Ana Dili Günü yaxınlaşır, bu günün tarixi haqqında bir daha sizdən eşidək? – Bildiyiniz kimi, 1999-cu ildə YUNESKO-nun göstərişi ilə “Ana dili” haqqında qanun qəbul olunub. Məhz fevralın 21-nin “Ana dili” günü elan olunmasının xüsusi bir tarixi var. 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq 7 nəfər vicdanlı vətəndaş ana dilinin kölgədə qalmasına, dövlət səviyyəsində istifadə olunmamasına etiraz edərək intihar edib. Məhz bu hadisəni nəzərə alaraq, bütün dünyada bu gün “Ana dili” günü kimi qeyd olunur. Bundan əvvəl belə xüsusi bir gün olmayıb. – Bu günün qeyd olunmasının əhəmiyyəti nədir? – Təbii ki, bu da bir təbliğatdır. İnsanlar həmin gün toplaşırlar, dil haqqında söhbətlər edirlər. Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilir. Azərbaycan dilinin ana dilimiz olması ilə qürur duyuruq və çalışacağıq ki, qürur duymalı səviyyədə də saxlayaq. Mən həmişə deyirəm ki, dünyanın heç bir yerində belə bir şey yoxdur ki, həmin dilin 1300 il əvvəlki forması bu qədər mükəmməl olsun, necə ki, bizim Dədə Qorqudun dili – “Qoşa badam sığmayan dar ağızlım, Qar üstünə qan dammıştək al yanaqlım”. – Tofiq müəllim, millətin formalaşmasında ana dilinin əhəmiyyəti. – Bilirsən qızım, elə milləti dil yaradıb. Firudin bəy Köçərli deyir ki, “Milləti hər cür çətinliyə sala bilərsən, çörəyini, suyunu, hətta vətənini əlindən alarsan, o, məhv olmaz, ancaq millətin dilini və musiqisini əlindən alsan, o, məhv olar”. Musiqini niyə qeyd edirəm. Çox qəribədir ki, haradasa 80-ci illər idi, Cənubi Azərbaycanda böyük bir auditoriyada tədbir var idi. Ora Azərbaycandan Ədəbiyyat İnstitutundan, Dilçilik İnstitutundan və başqa yerlərdən da gedən nümayəndələr var idi. Tədbiri rəhmətlik Yaşar Qarayevlə onların mədəniyyət nazirinin müavini təşkil etmişdi. Orada biz azərbaycanca danışırdıq, salon azərbaycanca qulaq asır və çox qəribədir ki, orada fasilələrdə musiqi getdi, Füzulinin, Seyid Əzim Şirvaninin, Əliağa Vahidin sözlərinə muğam oxundu. Həmin vaxt Firudin bəyin sözü yadıma düşdü ki, dil və musiqi. Deməli, dil və musiqi orada yaşayırsa, orada Azərbaycan xalqı, Azərbaycan milləti də yaşayır. Millət dili və musiqisi ilə tanınır. Məşhur despot Stalin millət haqqında deyirdi ki, millət ərazi birliyi, dil ümumiliyi, iqtisadi-siyasi həyat birliyi nəticəsində yaranan insan kollektividi. Millətin millət olmağı üçün dil birliyi lazımdır. Leninin sözü var Avropada kapitalizmin gördüyü işi, Şərqdə mərkəzləşmiş dövlətlər yerinə yetirir. Yəni Avropada kapitalizm, Şərqdə mərkəzləşmiş dövlət, millət və milli dil yaranır. Bizdə mərkəzləşmiş dil və millət Şah İsmayıl Xətainin dövründə yarandı. Milli dilin yaranması üçün iki faktor var: obyektiv və subyektiv. Obyektiv faktor XVI əsrdə Səfəvilər mərkəzləşmiş Azərbaycan dövlətini yaratması, subyektiv isə şəxsiyyətin yetişməsi idi, Füzuli yetişmişdi. Füzulinin dilində başa düşülməyən sözləri nəzərdə tutub deyirlər ağırdı, amma milli Azərbaycan ədəbi dili Füzulinin dövründə formalaşıb, o bu dili formalaşdırıb, bir baxın: Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahımdən, muradım şəmi yanmazmı? Burda axı başa düşülməyən nə var? Füzuli bəzən fars sözlərindən istifadə etsə də, bunu Azərbaycan dilinin qrammatikasına və leksikasına uyğunlaşdırıb. Bilirsiniz, bazar birliyi var idi o vaxt. Təbriz bazarına Şirvandan, Şirvan bazarına Təbrizdən gəlirdilər və onlar bir dildə danışırdılar. Bu ölkənin iqtisadi birliyi deməkdir. Buna görə də millətin formalaşmasında dil həlledicidir. – Dil birliyi dedikdə nəyi nəzərdə tutursunuz, Tofiq müəllim? – Azərbaycan həmişə çoxmillətli dövlət olub, azsaylı millətlər, onlar hamısı dövlət dilini bilib, bir-birini başa düşüb və qazanc götürüblər. Bu gün də elədir. Bu gün dövlət səviyyəsində dilə hərtərəfli diqqət yetirilir . – Dilin indiki vəziyyəti necədir? – Dilin indiki vəziyyəti bir tərəfdən yaxşıdır, o mənada ki, dövlətin qərarları var. 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul olundu, Dövlət Proqramının maddələrinin çoxu Dilçilik İnstitutu və dillə bağlıdır. Dövlət bizə şərait yaratdı. İnstitutumuzda bununla əlaqəli çox işlər görülüb və hazırda görülür. Həmin proqramın əsasında İnstitutun nəzdində Monitorinq şöbəsi yaradılıb. Bu şöbənin işi bilavasitə həmin sərəncamdakı tədbirlərin həyata keçirilməsidir. İkinci tərəfdə isə qəribə çəkişmələr var. Bəzi çətinliklərimiz olur. Digər qurumlarla işbirliyi formasında işləməliyik, bu məsələ bəzən çətinlik yaradır. Mənfi cəhətlərdən biri də odur ki, bizim dilimizdə bəzi sözlər var ki, onların əvəzinə alınma sözlər işlədilir, bu yaxşı hal deyil. Əgər söz dilimizdə varsa, onun başqa dildə olan variantını işlətməyə ehtiyac yoxdur. Bu gün “kreativ” sözü çox işlənir, nəyə görə dilimizdə olan “yaradıcı” sözü işlənməsin. Mətbuatda buna qarşı mübarizə getməlidir. Bütünlükdə mətbuat orqanları bu işi görməlidir. Bu işlə ziyalılar məşğul olmalıdır. – Tofiq müəllim, mətbuat sırf ədəbi dildən istifadə etməlidir? – Mətbuat ədəbi dildən istifadə etməlidir deyəndə bu o məna vermir ki, xalqın dilindən olan ifadələrdən istifadə etməməlidir. Hətta dialektlərdən də sözlər gətirilməlidir, həmin sözlər vətəndaşlıq hüququ qazansın, təbii ki, həmin sözlər işlədilsin, onlara ehtiyacımız var. Ana dili deyəndə həm mənim kənddə danışdığım dil, həm də qəzet və jurnalların yazdığı dil nəzərdə tutulur. Ədəbi dil də elə onların əsasında yaranır. – Ortaq türk dilinin yaranması və formalaşması barədə işlər gedirmi? -Təbii ki o barədə işlər görülür. Sovet dövründə Daşkəndə gedirdim, özbək dilini başa düşmürdüm, onlar da mənim dilimi başa düşmürdülər. Rusca danışırdıq. Rus dili ümumi ünsiyyət dili idi. İndi çox yerdə ünsiyyət dili ingilis dilidir. Bu gün türk respublikaları müxtəlif türk şəhərlərində elmi yığıncaqlarda olur, türk dillərindən biri seçilsin, bütün türk respublikaları öyrənsin və tədbirlərdə həmin dildə danışılsın. Təzə dil yaratmağa ehtiyac yoxdur. Mövcud dillərdən birini götürüb rəsmi, beynəlxalq tədbirlərdə məhz o dildən istifadə olunması məqsədəuyğundur. Mən üstünlüyü Türkiyə türkcəsinə verirəm. Çünki Türkiyə televiziyası hər birimizin evində var, bütün türk respublikalarında, hətta başqa respublikalarda da onların gimnaziyaları, məktəbləri açılıb. Tədris edirlər. Onların imkanları daha genişdir. Bu məsələdə dövlətin imkanları nəzərə alınmalıdır. Türkiyə televiziyası Kamçatkada da, Kazanda da, Bakı da var. Yəni iqtisadi, siyasi, mədəni cəhətdən hansı dövlət o işi görə bilərsə, imkanı çatarsa, ona da həvalə olunmalıdır. Əvvəllər tədbirlər Rusiya şəhərlərində keçirilirdisə, indi Ankarada, İstanbulda keçirilir. Bu məsələdə sadəcə razılıq lazımdır. Nə üçün mən Daşkənddə məruzəmi ingiliscə etməliyəm? Türkiyə türkcəsində edərəm. Maraqlıdır ki, 1996-cı ildə Ankarada Türk Dili Qurultayında Özbəkistandan gələnlər danışıq mətnlərini rusca yazmışdılar, onu tərcümə edirdilər, 2000-ci ildə Türkiyə türkcəsində yazmışdılar və onu oxudular. 2004-cü ildə isə artıq Türkiyə türkcəsində danışırdılar. Bu yaxınlarda “Sələflər və Xələflər” beynəlxalq konfransı keçirildi, Qazaxıstandan gələn adam Türkiyə türkcəsində danışdı. Hamı da onu anladı. Yəni sadəcə olaraq cəhd etmək lazımdır. Doğurdanmı Türkiyə türkcəsini öyrənmək, ingilis dilini öyrənməkdən çətindir? – Dövlət proqramı üzrə işlər davam edirmi? – Bu işlər ömürlükdü. Yadınızdadır dil haqqında dövlət qanunu çıxdı. Orada ciddi şeylər var idi. Hansı qəzet, radio, televiziya dil qanunlarını pozursa, o cəzalandırılsın, sonra unuduldu, amma bu qərar tamamilə ayrıdı, bunun üçün İnstitutda şöbə yaradılıb. Şöbənin işçiləri onunla məşğul olmağa görə maaş alırlar. Bu iş, nəzarət daimi getməlidir. Heç bir təxirə salmaq, yaddan çıxmaq, ikinci plana keçmək söhbəti yoxdur. – Qədim dillər araşdırılır, bu dillərin öyrənilməsində məqsəd nədir? – Dövlət Proqramında ölkədə qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi bəndi ayrıca qeyd olunub. İnstitutda Qədim dillər və mədəniyyətlər şöbəsi yaradılıb. Bu ildən etibarən magistratura təlimi üçün bizim İnstitut məhz qədim dillər üçün yer verib. Çünki ehtiyac var. Biz Qədim yəhudi, pəhləvi (fars) və erməni dilinin öyrənilməsini nəzərdə tuturuq. Qədim erməni dili üzrə mütəxəssis yetişdirmək istəyərdik, amma mütəxəssis tapılmır. Magistratura elədir ki, gərək onun bakalavr təlimi olsun. Bakalavr bazası olmadığına görə erməni dili üzrə adam götürə bilmirik, amma fikirləşirik ki, gələcəkdə o sahədə də mütəxəssis hazırlayaq. Məqsəd dedikdə isə bu dilləri öyrənmək çox vacibdir, qədim Azərbaycan, qədim türklər haqqında məlumat o dillərdə olan mənbələrdədir. Biz həmin dillərdə olan materialların vasitəsilə qədim Azərbaycan haqqında məlumat alırıq. Bizdə şərqşünaslıqda müasir yəhudi dili keçirilir, amma biz qədim yəhudi dili üzrə mütəxəssislər də yetişdirmək fikrindəyik. Çünki türklər haqqında ən qədim materialların çoxu yəhudi dilindədir. – Cavan dilçilərdən razısınızmı? – Əlbəttə, çox istedadlı cavanlarımız var. Amma arada uçurum yaranıb. Məsələn, bu institutda vaxtilə Azərbaycanın adlı-sanlı insanları olub, indi onların yerinə cavanlar gəlir, amma bu, birdən-birə ola bilməz. Hazırda institutda iş gedir, çox savadlı doktorantlarımız var. – Ana dilinin bu gün tədrisi sizi qane edirmi? – Xeyr, razı deyiləm. Bu gün təzə sistemlə gedir. Mənim bu sistemdən heç xəbərim yoxdur. Deyirlər ana dili bir növ krasvorda dönüb. Mən hazırda o işlə məşğul olmuram. Amma deyirlər ki, bizim ana dili ki, indiyə kimi tədris olunurdu, onunla ziddiyyət təşkil edir. Bizim İnstitutda Tətbiqi dilçilik şöbəsi var, biz bu işlə məşğul olacağıq. – Hər yeniliyi dilimizə gətirmək olarmı? – Ehtiyac varsa, təbii ki, gətirmək lazımdır. Beynəlxalq sözləri işlətmək olar, amma Azərbaycan dilində onun qarşılığı varsa, elə sözləri gətirməyə və işlətməyə ehtiyac yoxdur. Əvvəllər nəfəsliyə fortuçka deyilirdi, artıq dilimizdə bu söz öz yerini alıb. Tormuza əyləc deyilir. Bax belə yenilənmə işi getməlidir. – Tofiq müəllim, dilin təbliğatı necə getməlidir? – Təbliğat ilk öncə ailədə getməlidir. Uşağa şeir öyrətmək lazımdır. Analar körpələrinə layla desinlər. Məktəblərdə tədrisi gücləndirmək lazımdır. Radio və televiziya diqqətli olmalıdır. Ən dəhşətlisi odur ki, bu gün kitab oxunmur, hamı seriallara baxır. Ana dilinin təbliği üçün ən əsası ana dilində bədii ədəbiyyat oxunsun. Bədii əsər də təbliğ olunmalıdır. Bu gün cavan nəslin nümayəndələri var, o qədər gözəl hekayələr, şeirlər yazırlar, adam ləzzət alır ki, bizim dilimizi bu gün bədii ədəbiyyatda təbliğ edirlər. Təbii ki, yaşlı nəsil də var, onlar bizim klassiklərimizdi, onlar Səməd Vurğunu, İlyas Əfəndiyevi, Süleyman Rəhimovu əvəz edirlər.
Tofiq haciyev azerbaycan edebi dil tarixi
Bu gün mərhum akademikTofiq Hacıyevin doğum günüdür.Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir .
27 noyabr 2015-ci ildə dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Türkçülüyü türklüyə şöhrət Akademik
Nə gündüzün günəşindən qaçmaq mümkündür, nə gecənin qaranlığından. Hər ikisi bütün insanların hamısının eyni miqdarda bölünmüş şərikli qismətidir və hər kəs bu mühiti, bu qisməti yaşamağa məhkumdur. Bu taleyi məcburi surətdə yaşamağa məhkum olsaq da, heç kəs gecənin qaranlığını səbirsizliklə gözləmək arzusunu sinəsində yaşatmır (Yarasalardan və gecənin qaranlığından yararlananlardan başqa)
Günəş şüaları dilsiz torpağı cana gətirir. İnsan ruhunu oxşayan bütün güllər, çiçəklər baharın gətirdiyi yaz günəşinin hərarətindən sönüklüyün daş yuxusundan oyanıb günəşə sarı boylanır, çiçək açır, ürək oxşayır. və sabah üçün bol məhsulun təməlini qoyur. Bunları nə üçün xatırladım, bilmirəm, ancaq nə vaxt günəş çıxır, günəşin işığına qərq oluram, həmin an böyük insan, əyilməz şəxsiyyət, dilinin və elinin mənafeyini özünün və özününkülərin mənafeyindən uca tutan, əziz müəllimim, filologiya elmləri doktoru, akademik Tofiq İsmayıl oğlu Hacıyev gözlərim qarşısında canlanır. Əgər yaşasaydı, bu il onun 82 illiyini ürəyinə yatan dostları, tanışları və yetirmələri ilə birlikdə qeyd edəcəkdik. Çox təəssüflər olsun ki, bu il üçüncü dəfədir ki, bu böyük türkoloqun ad gününü onsuz, bir tərəfdən kədərlə, digər tərəfdən isə fəxarətlə qeyd edirik. Bu görkəmli şəxsiyyətin ad günü gələndə nədənsə, onun sağlığında yaşadığım sevinc, gülüş duyğuları kədərə dönür, aha, həsrətə, niskilə çevrilir.
Dünyaya bu gün erməni işğalı altında inləyən Cəbrayıl torpağının Soltanlı kəndində 1936 – cı ilin mayın 1 – də göz açan, lakin dünya türklərinin yurd bildiyi bütün əraziləri özünə doğma vətən sayan bu məğrur insanın yoxluğu ilə barışmaq indi də qeyri – mümkündür.
Adı Mahmud Kasqari, Mikayıl Baştu ibn Şəms Təbir, Mirzə Kazım bəy, Bəkir Çobanzadə, İsmayıl bəy Qaspıralı və digər görkəmli şəxsiyyətlərlə bir sırada çəkilməyə layiq olan bu elm fədaisinin qələmindən çıxan hər hansı bir əsərini türk dilinə, türkçülüyə xidmətdən kənarda təsəvvür etmək çətindir. 1962 – ci ildə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik, 1969 – cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə edən alimin bundan sonrakı yaradıcılığı daha da genişlənir. Elmi yaradıcılığa dilçi – dialektoloq kimi başlasa da, sonrakı elmi yaradıcılığının sahəsini genişləndirir və daha çox dil tarixi və ədəbi dil məsələləri ilə məşğul olmağa başlayır.
Görkəmli alim və pedaqoq peşəkar pedoqoji fəaliyyəti ilə yanaşı, Azərbaycan türkçəsinin keçdiyi yol, onun tarixi inkişaf dövrləri, qonşu xalqların dilinə olan təsiri ilə bağlı məsələlərin həllinə aid onlarla kitab, monoqrafiya yazıb çap etdirir.
Lakin bütün bunları görkəmli alim bu dildən istifadə edən hər kəsin müqəddəs vəzifəsi sayır. Tutduğu yol, sahib olduğu titullar onun yaradıcılıq arenasını daha da genişləndirir. Beynəlxalq aləmdə şöhrət qazanmış türkoloqların belə tərəddüd etmədən
qəbul etdikləri fikirlərini türkologiyanın qarşısında duran əsas məsələ kimi şərh edən alim öz baxışlarını və düşüncələrini məqalələr və əsərlər formasında ortaya qoyur.
“Azərbaycan dilinin Cəbrayıl şivəsi”ndən elm dünyasına aspirant kimi boylanan vətən oğlu son ana qədər öz dilinin qayğıkeşi kimi, yəni Azərbaycan türkçəsinin qayğıkeşi kimi yox, bütün dünyada yaşayan türkdilli xalqların danışdıqları dillərin müdafiəçisi kimi “Türklər üçün ortaq ünsiyyət dili” ideyasını irəli sürdü və akademikin bu məsələ ilə bağlı fikirləri 2013 – cü ildə “Təhsil” nəşriyyatı tərəfindən çap edilən “Türklər üçün ortaq ünsiyyət dili” kitabında öz əksini tapdı. Kitabın ilk səhifəsində yazılır: “Türkcə otuza qədər xalqın ana dilidir. Bu gün qloballaşma dövründə siyasi – iqtisadi – mədəni əlaqələri sıxlaşdırmaq üçün bu xalqların bir ortaq ünsiyyət (ilətişim) dilinə ehtiyacı var. Bu təcrübə tarixən olub. Zamanında Altaydan Dunaya qədər coğrafiyada yaşayan türklərin yerli təzahürləri ilə yanaşı, bu gün Orxan kitabələrinin dili kimi götürdüyümüz vahid ədəbi dili ümumi ünsiyyət dili olub. Bu anlaşmanın bu gün də olması imkan verir ki, türkçələrdən birini ortaq ünsiyyət (ilətişim) dili kimi işlədək”.
Bu akademik Tofiq Hacıyevin dünyada yaşayan türkdilli xalqları bir bayraq altında – bir dil ətrafında birləşdirmək arzusu idi. Çox təəssüflər olsun ki, o həmin günün şahidi ola bilmədi və mən inanıram ki, bu müqəddəs birliyi – dil birliyini biz görməsək də, bizdən sonra gələnlər onun bəhrəsindən faydalana biləcəklər. Tarix sübut edir ki, xalqların hərtərəfli əlaqələrinin bünövrəsi əsasən dil birliyindən başlayır. Bu ideyanı əsas götürən Krim türkü İsmayıl bəy Qaspıralı hələ XIX əsrin axırlarında Rus imperiyası ərazisindəki türklərin bir ədəbi dildən istifadə etməsi fikrini irəli sürmüş, üzünü bütün türk dünyasına tutub demişdir: “İşdə, fikirdə, dildə bir”. İsmayıl bəy Qaspıralının mənəvi və ideya davamçısı olan akademik Tofiq Hacıyev Qaspıralının bu şüarını nəzərdə tutub yazırdı: “İsmayıl bəyin bu müraciətini dünyəvi siyasi məzmununa görə mükəmməllikdə K. Marks və F. Engelsin məşhur “Bütün dünyanın proletarları, birləşin!”şüarı ilə müqayisə etmək olar. XIX əsrin sonu və XX əsrin əvvəllərində bu iki şüar – müraciət qədər populyar üçüncüsü yoxdur. (Tofiq Haciyev “Türklər üçün ortaq ünsiyyət dili. Bakı, “Təhsil”, 2013, səh. 11)
Akademiki Krım türkü İsmayıl bəy Qaspıralı ideyalarının davamçısı adlandırsaq,bu, bəlkə də, daha gerçək görünər. Əgər bu həqiqətdirsə, onda hörmətli müəllimim Tofiq Hacıyevin İsmayıl bəy Qaspıralı haqqında işlətdiyi ifadəni onun özünə də aid etsək, elə bilirəm ki, heç də yanılmarıq.
Görkəmli akademik türklər üçün ortaq ünsiyyət dili məsələsini gündəmə gətirəndə o, bütün türkdilli xalqların dillərinin aradan çıxarılıb, ümumi dil yaratmaq ideyasını irəli sürmür, o, türkdilli xalqların hər birinə hörmətlə yanaşaraq onların da inkişafına şərait yaradılmasını əsas sayır, lakin bununla bərabər bütün türkdilli xalqların hamısının bir ortaq türk dilini əsas götürüb onunla anlaşmasını mümkün sayır və bununla bağlı yazır: “İmperiya yaradılması boş xəyal olduğu kimi, həmin yolla ümumi dil yaratmaq da bir heçdir. Heç bir türkcənin hüququna toxunmadan, hər birinin tarixi inkişaf yolunu davam
etdirməsi şərti ilə elə bir məxrəcə gəlmək olar ki, bütün türklər bir dildə danışsınlar”(Yenə orada, səh. 9)
Akademik türklər üçün ortaq ünsiyyət dili məsələsini ortaya atmaqla təkcə müxtəlif türkdilli xalqların bir – birini tam anlama məsələsini qarşısına qoymurdu. O göstərirdi ki, “ . türk birliyinin yolu dil birliyindən keçir. Bu dil birliyi duyğusu məhəbbətdir, türk birliyinə sevgidir” (Yenə orada, səh. 11)
Türk dilinə, türk ədəbiyyatına, türk xalqlarının ortaq ünsiyyət dilinin varlığına can atması bu böyük insanın yaradıcılığının əsasını təşkil edir. Heç təsadüfi deyildir ki, akademikin “Kitabi – Dədə Qorqud” dastanına aid yazıb çap etdirdiyi 7 kitab və 30 – a yaxın məcmuə, jurnal məqalələrinin həcmi 1000 səhifələrlə hesablanır. Məşhur türkoloqun təkcə “Kitabi – Dədə Qorqud” dastanları ilə bağlı yazdığı yeddi kitabın həcmi 2067 səhifə təşkil edir.
Görkəmli türkoloq öz ömrünü türkologiyanın, türk dili tarixinin tədqiqinə həsr etsə də, bunu yetərli saymamış, rastına çıxan, tanış olduğu hər bir xüsusi istedad və qabiliyyətə malik kadrları bu sahəyə cəlb etmişdir. O bu təəssubkeşliyi sayəsində Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışdığı 2013 – 2015 – ci illərdə “Naxçıvan Muxtar Respublikasının Dialektoloji Atlası”nın nəşr olunması və böyük türkoloq Mirzə Kazım bəyin 1946 – cı ildə yazıb nəşr etdirdiyi “Türk – tatar dilinin ümumi qrammatikası” kitabının müəllifin öz doğma ana dilində işıq üzü görməsinin təəssübkeşi və rəhbəri kimi çıxış etmişdir. Çox təəssüflər olsun ki, professor İdris Abbasovun tərcümə, tədqiq və şərhi ilə nəşr olunan bu kitab Tofiq müəllimin ölümündən sonra çap olundu və o bu əsərin Azərbaycan dilində çapdan çıxma sevincini yaşaya bilmədi. Akademik bunların ardınca Qarabağın dialektoloji lüğətinin də nəşrinin hazırlıq işlərinə başlamışdı, lakin bu işi tam başa çatdırmağa ölüm imkan vermədi. Akademik təkcə Azərbaycanda deyil, bütün türkdilli ölkələrdə də böyük türkoloq kimi tanınırdı. Heç təsadüfi deyildir ki, elə bu keyfiyyətlərinə görə onu bütün türklər, o cümlədən türkiyədə yaşayan türkoloqlar özlərinin ağsaqqalı sayır, bu sahə ilə bağlı irəli sürdüyü bütün təklifləri tərəddüd etmədən həyata keçirməyə çalışırdılar. Türkiyə türkoloqları və öz dilinə sevgisi olan insanların bu millət, dil sevdalısına olan münasibətini sözlə ifadə etmək o qədər də asan deyil.
Akademikin hər çıxışı, hər məqaləsi, hər kitabı, hər tezisi onun doğma dilinin zənginləşməsi, inkişafı, bütün türkdilli xalqların ortaq ünsiyyət dilinin yaranması ideyasının üzərində köklənib. Sovet dönəmində və ondan sonrakı müstəqillik illərində müxtəlif ölkələrdə və şəhərlərdə, o cümlədən Moskva, Tbilisi, Alma – Ata, Düşənbə, Tehran, Antalya, Ankara, Urmiya və başqa şəhərlərdə keçirilən beynəlxalq konfrans, simpoziumlarda Azərbaycanı ləyaqətlə təmsil etmiş və çıxışları rəğbətlə qarşılanmışdır. Onun bu sevgisi təkcə Azərbaycanda deyil, dünyanın bir çox türkdilli ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumdakı çıxışlarının da əsas ideyasını təşkil etmişdir. Akademikin türk dilinin inkişafı, onun təsir dairəsinin genişlənməsi uğrunda apardığı
böyük iş Bilkent Universitetində keçirilən Türk Dil Bayramı günlərindəki çıxışında daha qabarıq şəkildə özünü göstərməkdədir.
Həmin unuversitetdə olarkən bu təhsil ocağında tədrisin ingilis dilində aparıldığını eşidən dəyərli insan çıxışına aşağıdakı cümlələrlə yekun vurur: “Universitetinizdə kolaydan zora, yakından uzağa, genelden özele və sarmallıq ilkesinə uyğun ingilizce öğretimi gerçekleştiriyorsunuz. Bunu yeni araç və gereçlerle gücləndiriyorsunuz. Burada bütün bölümlər var. Acaba bu güzel universitedə Türkce oğretmeni yetiştirecek bir Enstitü açamazmısınız? Ben burada, bu ilim yuvasına Türk dili ve Edebiyatı, veya türkce bölümlərindən hərhangi birini açmanızı canü gönüldən bir Türkoloq olarak sizdən istiyorum”.
Akademikin çıxışını eşidən o zaman universitetin rektoru işləyən Prof. Dr. Ali Doğramacı kürsüyə qalxaraq bu təklifi universitetin qurucusu İhsan Doğramacıya ərz edəcəyini bildirir. Qısa zamanda məsələ həll olunur və universitetdə Türk dili və ədəbiyyatı bölümü açılır. Sonradan bunu eşidən dil sevdalısı akademik Tofiq Hacıyev Bilkent universitetinin rektoru Ali Doğramacıya öz təbriklərini göndərir.
Akademik Tofiq Haciyev üçün dil məsələsi tale məsələsi, birlik məsələsi idi. Dünya türklərini bir araya gətirmək, birləşdirmək, bir – birlərini anlamaqlarına şərait yaratmaq üçün yollar axtarmaq onun həyat idealı idi. Tələbələrinin uğurlarını öz uğurları sayan akademikin tələbəsi, Azərbaycan elmində öz dəsti – xətti ilə seçilən akademik, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor, Azərbaycanda Atatürk Mərkəzinin başqanı hörmətli Nizami Cəfərov öz müəlliminin yaradıcılığının aşağıdakı sahələri əhatə etdiyini göstərir: “I.Dialektologiya, II. Dil ( xüsusilə ədəbi dil tarixi), III. Türkologiya, IV. Yazıçı dili, V. Proqram və dərsliklər, VI. Ədəbiyyatşünaslıq, VII.Tərcümələr, VIII. Publisistika”. Alimin yaradıcılıq sahələri geniş olduğu qədər də zəngin və qiymətlidir. O, elmin hansı sahəsi ilə maraqlanır maraqlansın, axtarışlar aparır aparsın, həmişə yüksək müvəffəqiyyətlərin sahibi kimi çıxış edirdi. Onun bu çıxışlarını nəzərə alan akademik Nizami Cəfərov akademik Tofiq Hacıyev yaradıcılığının türkologiya sahəsindən danışarkən yazır: “Tofiq Hacıyevin türkoloji marağının (və araşdırmalarının) ilk mərhələsini Azərbaycan dilinin xüsusi ilə qədim dövrünün ümumtürkoloji kontekstdə təqdim etməsi təşkil edir ki, sovet dövründəki antitürkiyə ideoloji şəraitdə bunun nə qədər çətin olduğu barədə geniş söhbət açmaq, yəqin ki, artıqdır. Və yalnız belə bir faktı xatırlamaq kifayətdir ki, hələ 70 – ci illərdən onun elmi metodoloji mövqeyini “pantürkçü sayırdılar” (Respublika elmi konfransının materialları, 2 noyabr 2016, səh. 4)
Akademikin yaradıcılığının sahələri ilə tanış olanda onun akademik Nizami Cəfərovun qeyd etdiyi bütün sahələrdə uğurları bir – birindən o qədər də fərqlənmir və bu sahələrlə bağlı yazdığı məqalə və kitabların sayı bir – birilə az qala bərabərlik təşkil edir. O hansı sahəyə müraciət edibsə, uğurları sonsuzdur, hansı mövzunu qələmə alıbsa, həmin mövzuda öz əksini tapan tələblər türk xalqının mənafeyinə uğur gətirən məsələlər kimi türk dünyasını təmsil edən mətbuat səhifələrində böyük əks – səda doğurub. Bununla bağlı
filologiya üzrə elmlər doktoru professor Elbrus Əzizov yazır: “Tofiq Hacıyevin elmi fəaliyyətində ümumtürkoloji məsələlərin tədqiqi də geniş yer tutur. Alimin “Türk dillərində geminatın mənşəyi haqqında” (1971, rus dilində), “Türk dillərində sözün morfoloji inkişafı” (1981), “Türk dillərində qədim morfemlərin bərpası” ( 1987 rus dilində), “Orxan – Yenisey kitabələri: janr xüsusiyyətləri” ( 2004)məqalələri və “Türklər üçün qrtaq ünsiyyət dili” (2013) kitabı irəli sürülən fikir və mülahizələrin yeniliyi ilə fərqlənir. Tofiq Hacıyev türkologiya üçün xüsusi əhəmiyyət daşıyan bir sıra əsərləri – B.A.Şerebrennikov və N.Z.Hacıyevanın “Türk dillərinin müqayisəli – tarixi qrammatikası”nı, M. Adçının “Qıpçaq çölünün yovşanı”, “Dünya və türk: munis tariximiz” əsərlərini bulqar – tatar şairi Mikayıl Baştunun “Şan qızı dastanı” poemasını, Seyid Cəmaləddin İbn Muhənnanın “Hilyətül – insan və həlbətül lisan” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir.( Respublika elmi konfransının materialları, 2 noyabr 2016 – cı il, səh. 7).
Akademik Tofiq Hacıyevin böyük bir vəzifə kimi qarşısına qoyub həll etmək istədiyi Türklər üçün ortaq ünsiyyət dili məsələsi öz başlanğıcını əsrlərlə bundan əvvəl Mahmud Kaşqari nəhrindən götürsə də, bu məsələ bu gün də öz həllini tapmamışdır. Bu başlanğıcı nəzərə alan böyük türkoloq yazır: “Müxtəlif coğrafiyadan olan türkün türklə türkcə danışmasında xüsusi bir mənəvi – psixoloji hissiyyat doğmalığı duyulur. Mahmud Kaşqari deyərdi ki, “Türkün ürəyinə girmək üçün onun dilində danışmaqdan başqa yol yoxdur” (Türklər üçün ortaq ünsiyyət dili, səh. 4) Mahmud Kaşqarinin bu ifadəsini öz amalına çevirən böyük türkoloq bunu iki cəhətdən əsas sayırdı: 1 – cisi, ortaq türk dilinin yaranması nəticəsində bütün türkdilli xalqlar bir – birinin ədəbiyyatını, düşüncəsini, ideyasını tərcümansız və izahsız anlayacaq, 2- cisi isə, dil birliyi əsasında birləşən bir xalq dünyanın super güclərindən birinə çevrilmə şansını əldə edəcəkdir.
Akademik Tofiq Hacıyev Azrbaycan prezidenti İlham Əliyevin çıxışlarının birində söylədiyi: “Türkün dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır” fikrini əsas götürərək bilirdi ki, müxtəlif dil fərqlərinə malik olan türk xalqlarının birliyinin yolu onların dil birliyindən başlanmalıdır.
Tofiq Hacıyev ortaq türk dili ideyasının davamçılarından biri kimi əksər əsərlərində dolayısı ilə də olsa, bu işin genişlənib həyata keçirilməsinə çalışır və bu yolda böyük zəhmət çəkib uğur qazanmağa çalışan insanların arxadaşına çevrilirdi.
O öz ideyadaşlarının bu yolda apardıqları mübarizənin detallarını saf – çürük edərək yazırdı: “İsmayıl bəy Qaspıralı Mirzə Kazım bəyin pedoqoji iş kimi başladığı təcrübəni inkişaf etdirərək siyasi hərəkata çevirmişdi. O bu türkçülük hərəkatında Məcnun qatına qalxmışdı. O, zamanının Mahmud Kasğarisi oldu. Türk olaraq qalsın deyə türk mədəniyyəti islam mədəniyyətinin içində əriməsin deyə türk öz əcdadının kimliyini yaşatsın deyə, XI əsrin sonlarında türklüyün yenidən dirçəlişinə gur işıq salmaq üçün
Mahmud Kasgari türk tarixinin təzə bir möcüzəsini – möhtəşəm “Divani – Lüğat – it – türk” əsərini yazdı” (Yenə orada, səh. 14)
Min illərin dolaylarından keçib gələn bu ideyanın həyata keçməsi üçün mübarizə aparan hər bir kəsdə Mahmud Kaşgari uzaqgörənliyi, Mirzə Kazım bəy dünyagörüşü və İsmayıl bəy Qaspıralı yanğısı olması birinci dərəcəli tələb kimi qarşıda durmasına baxmayaraq, akademik Tofiq Hacıyev XX əsrin sonlarından bu məsuliyyəti öz üzərinə götürdü və həmin ideyanın təcəssümü olan “Türklər üçün ortaq ünsiyyət dili” əsərini ortaya qoydu. Bu ideyanı həyata keçirmək istəyi, bəlkə də, bəzi dillərin dünyanın hegomon dillərinin basqısı nəticəsində yorulub yolda qalma qorxusu olmuşdur. Çünki bu gün də dünya dillərinin sırasından çıxıb tarixin arxivinə qoyulan dillərin olduğuna şahidik. və bu iş yenə də davam etməkdədir. Bütün bu təsirləri nəzərə alan böyük dilçi hələ 1997 – ci ildə keçirilən Azərbaycan yazıçılarının X qurultayındakı çıxışında dilimizin taleyini düşünərək Bakı şəhərindəki reklamlarda və müxtəlif obyektlərə verilən adlarda əcnəbi təsirlərin artdığını və bu təsirlərdən vaxtında azad olmağın vacibliyini qarşıda duran əsas və vacib məsələ kimi nəzərə çatdıraraq bu cür işlərə son qoyulmasının vaxtı çatdığını günün vacib məsələsi kimi gündəmə gətirmişdi.
Akademik Tofiq Hacıyevin yaradıcılığı ilə bağlı yığcam bir yazı yazmaq qeyri- mümkündür. O, beş yüzdən artıq qiymətli elmi məqalə, on bir monoqrafiya və əlliyə yaxın kitab müəllifidir. Otuzdan artıq dilçi onun elmi rəhbərliyi altında elmlər namizədi (o cümlədən 4 – ü xarici ölkələrin vətəndaşı), altısı isə doktorluq dissertasiyası müdafiə edib elmi dərəcə sahibi olmuşlar.
Əlliyə yaxın elmi işə opponent olmuş akademik Tofiq Hacıyevin elmi fəaliyyətinə yüksək qiymət verilmiş, o, 2001 – ci ildə AMEA – nın müxbir üzvü, 2014 – cü ildə isə həqiqi üzvü seçilmişdir. O, 1984 – cü ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetindəki Türkologiya kafedrasının müdiri, 1993 – cü ildə Azərbaycan Maarif Naziri, 2013 – 2015 – ci illərdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Bütün ömrünü Azərbaycan türkcəsinin inkişafı və tədqiqinə, eyni zamanda Türkçülüyə həsr etmiş bu müqəddəs insanın əməyi həm Azərbaycan Dövləti, həm də Türkiyə Cumhuriyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqillik illərində – 1999 – cu ildə dövlətimiz tərəfindən əməkdar elm xadimi adına layiq görülmüş, 2004 – cü ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Görkəmli türkoloqun Türkologiya ilə bağlı apardığı tədqiqat işləri və yaratdığı əsərlər ilk dəfə Türkiyə Cumhuriyyəti tərəfindən yüksək qiymətləndirilmiş, o 1995 – ci ildə Türkiyə Cumhuriyyəti Atatürk Dil Tarix və Kültür Qurumunun fəxri üzvü seçilmiş, 1998 – ci ildə isə Türkiyə Cumhuriyyətinin “Ləyaqət nişanı” ilə təltif olunmuşdur. Eyni zamanda, Türkiyə Sanatçılar və Yazarlar Vakfının 2002 – ci il üzrə “Türk Dünyasına Hizmət” medalının sahibi olmuş, 2004 – cü ilin mayında Qaraman Türk Dili Ödülünə, həmin ilin iyulunda isə Atatürk Dil, Tarih Yüksək Kurumunun üstün Hizmet Baratına
layiq görülmüşdür. Tofiq İsmayıl oğlu Hacıyev 27 noyabr 2015 – ci ildə canından əziz bildiyi Azərbaycan torpağını özünə səngər seçmiş və bu torpağın bir parçası olan II Fəxri Xiyabanda dövlət rəhbərliyinin qərarı ilə dəfn edilmişdir.
Türkologiyanın ən uca zirvəsinə öz imzasını əbədi həkk edən bu böyük insan, görkəmli dilçi, adı dünya türkoloqları tərəfindən həmişə birincilər sırasında çəkilən, doğulduğu yurdu hələ də erməni tapdağı altında qalan bu şəxsiyyətin məzarından baxanda geniş düzənlər, görünən şümşad yollar ayaq altında qalır.
Özü kimi, məzarı da ucalıqlarda yaşayan akademik Tofiq İsmayıl oğlu Hacıyevin adı qəlbimizin, əsərləri isə evimizin əbədi yaraşığına və ümid yerinə çevrilib və gələcəkdə də belə olacaqdır.
Ruhuna hər gün dəfələrlə rəhmət oxuyan və anadan olduğu qədim türk torpağı olan Cəbrayılın erməni tapdağından azad olması arzusu ilə yaşayan tələbəsi Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü filologiya üzrə elmlər doktoru
Sərdar Zeynal
Ana səhifəyə qayıt Baxış: 1 296 Tarix: 1-05-2018, 00:11
N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik
Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik.
Bakı, “Elm və təhsil”, 2012, 686 səh.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş proqram əsasında yazılmışdır. Kitabda mənbələr əsasında
Azərbaycan ədəbi dilinin çoxəsrlik tarixi və inkişaf dövrləri şərh olunur.
Dərslik “Azərbaycan ədəbi dilinin təşəkkül dövrü” (qədim dövrlərdən XIII
əsrə qədər), “Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması
və inkişafı dövrü” (XIII əsrdən XVII əsrə qədər) və “Azərbaycan ədəbi
dilinin milli dil əsasında formalaşması və inkişafı dövrü” (XVII əsrdən bu
günə qədər) kimi üç mühüm bölümdən ibarətdir.
Dərslik universitet və institut tələbələri üçün nəzərdə tutulmuşdur.
Ondan müəllimlər, aspirantlar, elmi işçilər, eləcə də dilimizin tarixi ilə
maraqlananlar istifadə edə bilərlər.
Comments are closed, but trackbacks and pingbacks are open.