Press "Enter" to skip to content

Hacıyev T. İ. Azərbaycan ədəbi dilinin tarixi. II hisse

21 Fevral , 2015 13:16

Tofiq Hacıyev: “Dünyanın heç bir yerində 1300 il əvvəlki forması bu qədər mükəmməl olan dil yoxdur” MÜSAHİBƏ

Tofiq Hacıyev: “Dünyanın heç bir yerində 1300 il əvvəlki forması bu qədər mükəmməl olan dil yoxdur” MÜSAHİBƏ Dilin təbliğatı ilk öncə ailədə getməlidir. Analar körpələrinə ana dilində layla desinlər.

21 Fevral , 2015 13:16

https://static.report.az/photo/f3ec2d5b-22f9-476b-a8eb-f1f12fc7c764.jpg

Ana dili deyəndə həm mənim kənddə danışdığım dil, həm də qəzet və jurnalların yazdığı dil nəzərdə tutulur. Ədəbi dil də elə onların əsasında yaranır. Dilin təbliğatı ilk öncə ailədə getməlidir. Uşağa şeir öyrətmək lazımdır. Analar körpələrinə ana dilində layla desinlər. Bakı. 21 fevral. REPORT.AZ/ 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Ana Dili Günü ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev “Report”a müsahibə verib. – Tofiq müəllim, Ana Dili Günü yaxınlaşır, bu günün tarixi haqqında bir daha sizdən eşidək? – Bildiyiniz kimi, 1999-cu ildə YUNESKO-nun göstərişi ilə “Ana dili” haqqında qanun qəbul olunub. Məhz fevralın 21-nin “Ana dili” günü elan olunmasının xüsusi bir tarixi var. 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq 7 nəfər vicdanlı vətəndaş ana dilinin kölgədə qalmasına, dövlət səviyyəsində istifadə olunmamasına etiraz edərək intihar edib. Məhz bu hadisəni nəzərə alaraq, bütün dünyada bu gün “Ana dili” günü kimi qeyd olunur. Bundan əvvəl belə xüsusi bir gün olmayıb. – Bu günün qeyd olunmasının əhəmiyyəti nədir? – Təbii ki, bu da bir təbliğatdır. İnsanlar həmin gün toplaşırlar, dil haqqında söhbətlər edirlər. Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilir. Azərbaycan dilinin ana dilimiz olması ilə qürur duyuruq və çalışacağıq ki, qürur duymalı səviyyədə də saxlayaq. Mən həmişə deyirəm ki, dünyanın heç bir yerində belə bir şey yoxdur ki, həmin dilin 1300 il əvvəlki forması bu qədər mükəmməl olsun, necə ki, bizim Dədə Qorqudun dili – “Qoşa badam sığmayan dar ağızlım, Qar üstünə qan dammıştək al yanaqlım”. – Tofiq müəllim, millətin formalaşmasında ana dilinin əhəmiyyəti. – Bilirsən qızım, elə milləti dil yaradıb. Firudin bəy Köçərli deyir ki, “Milləti hər cür çətinliyə sala bilərsən, çörəyini, suyunu, hətta vətənini əlindən alarsan, o, məhv olmaz, ancaq millətin dilini və musiqisini əlindən alsan, o, məhv olar”. Musiqini niyə qeyd edirəm. Çox qəribədir ki, haradasa 80-ci illər idi, Cənubi Azərbaycanda böyük bir auditoriyada tədbir var idi. Ora Azərbaycandan Ədəbiyyat İnstitutundan, Dilçilik İnstitutundan və başqa yerlərdən da gedən nümayəndələr var idi. Tədbiri rəhmətlik Yaşar Qarayevlə onların mədəniyyət nazirinin müavini təşkil etmişdi. Orada biz azərbaycanca danışırdıq, salon azərbaycanca qulaq asır və çox qəribədir ki, orada fasilələrdə musiqi getdi, Füzulinin, Seyid Əzim Şirvaninin, Əliağa Vahidin sözlərinə muğam oxundu. Həmin vaxt Firudin bəyin sözü yadıma düşdü ki, dil və musiqi. Deməli, dil və musiqi orada yaşayırsa, orada Azərbaycan xalqı, Azərbaycan milləti də yaşayır. Millət dili və musiqisi ilə tanınır. Məşhur despot Stalin millət haqqında deyirdi ki, millət ərazi birliyi, dil ümumiliyi, iqtisadi-siyasi həyat birliyi nəticəsində yaranan insan kollektividi. Millətin millət olmağı üçün dil birliyi lazımdır. Leninin sözü var Avropada kapitalizmin gördüyü işi, Şərqdə mərkəzləşmiş dövlətlər yerinə yetirir. Yəni Avropada kapitalizm, Şərqdə mərkəzləşmiş dövlət, millət və milli dil yaranır. Bizdə mərkəzləşmiş dil və millət Şah İsmayıl Xətainin dövründə yarandı. Milli dilin yaranması üçün iki faktor var: obyektiv və subyektiv. Obyektiv faktor XVI əsrdə Səfəvilər mərkəzləşmiş Azərbaycan dövlətini yaratması, subyektiv isə şəxsiyyətin yetişməsi idi, Füzuli yetişmişdi. Füzulinin dilində başa düşülməyən sözləri nəzərdə tutub deyirlər ağırdı, amma milli Azərbaycan ədəbi dili Füzulinin dövründə formalaşıb, o bu dili formalaşdırıb, bir baxın: Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahımdən, muradım şəmi yanmazmı? Burda axı başa düşülməyən nə var? Füzuli bəzən fars sözlərindən istifadə etsə də, bunu Azərbaycan dilinin qrammatikasına və leksikasına uyğunlaşdırıb. Bilirsiniz, bazar birliyi var idi o vaxt. Təbriz bazarına Şirvandan, Şirvan bazarına Təbrizdən gəlirdilər və onlar bir dildə danışırdılar. Bu ölkənin iqtisadi birliyi deməkdir. Buna görə də millətin formalaşmasında dil həlledicidir. – Dil birliyi dedikdə nəyi nəzərdə tutursunuz, Tofiq müəllim? – Azərbaycan həmişə çoxmillətli dövlət olub, azsaylı millətlər, onlar hamısı dövlət dilini bilib, bir-birini başa düşüb və qazanc götürüblər. Bu gün də elədir. Bu gün dövlət səviyyəsində dilə hərtərəfli diqqət yetirilir . – Dilin indiki vəziyyəti necədir? – Dilin indiki vəziyyəti bir tərəfdən yaxşıdır, o mənada ki, dövlətin qərarları var. 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul olundu, Dövlət Proqramının maddələrinin çoxu Dilçilik İnstitutu və dillə bağlıdır. Dövlət bizə şərait yaratdı. İnstitutumuzda bununla əlaqəli çox işlər görülüb və hazırda görülür. Həmin proqramın əsasında İnstitutun nəzdində Monitorinq şöbəsi yaradılıb. Bu şöbənin işi bilavasitə həmin sərəncamdakı tədbirlərin həyata keçirilməsidir. İkinci tərəfdə isə qəribə çəkişmələr var. Bəzi çətinliklərimiz olur. Digər qurumlarla işbirliyi formasında işləməliyik, bu məsələ bəzən çətinlik yaradır. Mənfi cəhətlərdən biri də odur ki, bizim dilimizdə bəzi sözlər var ki, onların əvəzinə alınma sözlər işlədilir, bu yaxşı hal deyil. Əgər söz dilimizdə varsa, onun başqa dildə olan variantını işlətməyə ehtiyac yoxdur. Bu gün “kreativ” sözü çox işlənir, nəyə görə dilimizdə olan “yaradıcı” sözü işlənməsin. Mətbuatda buna qarşı mübarizə getməlidir. Bütünlükdə mətbuat orqanları bu işi görməlidir. Bu işlə ziyalılar məşğul olmalıdır. – Tofiq müəllim, mətbuat sırf ədəbi dildən istifadə etməlidir? – Mətbuat ədəbi dildən istifadə etməlidir deyəndə bu o məna vermir ki, xalqın dilindən olan ifadələrdən istifadə etməməlidir. Hətta dialektlərdən də sözlər gətirilməlidir, həmin sözlər vətəndaşlıq hüququ qazansın, təbii ki, həmin sözlər işlədilsin, onlara ehtiyacımız var. Ana dili deyəndə həm mənim kənddə danışdığım dil, həm də qəzet və jurnalların yazdığı dil nəzərdə tutulur. Ədəbi dil də elə onların əsasında yaranır. – Ortaq türk dilinin yaranması və formalaşması barədə işlər gedirmi? -Təbii ki o barədə işlər görülür. Sovet dövründə Daşkəndə gedirdim, özbək dilini başa düşmürdüm, onlar da mənim dilimi başa düşmürdülər. Rusca danışırdıq. Rus dili ümumi ünsiyyət dili idi. İndi çox yerdə ünsiyyət dili ingilis dilidir. Bu gün türk respublikaları müxtəlif türk şəhərlərində elmi yığıncaqlarda olur, türk dillərindən biri seçilsin, bütün türk respublikaları öyrənsin və tədbirlərdə həmin dildə danışılsın. Təzə dil yaratmağa ehtiyac yoxdur. Mövcud dillərdən birini götürüb rəsmi, beynəlxalq tədbirlərdə məhz o dildən istifadə olunması məqsədəuyğundur. Mən üstünlüyü Türkiyə türkcəsinə verirəm. Çünki Türkiyə televiziyası hər birimizin evində var, bütün türk respublikalarında, hətta başqa respublikalarda da onların gimnaziyaları, məktəbləri açılıb. Tədris edirlər. Onların imkanları daha genişdir. Bu məsələdə dövlətin imkanları nəzərə alınmalıdır. Türkiyə televiziyası Kamçatkada da, Kazanda da, Bakı da var. Yəni iqtisadi, siyasi, mədəni cəhətdən hansı dövlət o işi görə bilərsə, imkanı çatarsa, ona da həvalə olunmalıdır. Əvvəllər tədbirlər Rusiya şəhərlərində keçirilirdisə, indi Ankarada, İstanbulda keçirilir. Bu məsələdə sadəcə razılıq lazımdır. Nə üçün mən Daşkənddə məruzəmi ingiliscə etməliyəm? Türkiyə türkcəsində edərəm. Maraqlıdır ki, 1996-cı ildə Ankarada Türk Dili Qurultayında Özbəkistandan gələnlər danışıq mətnlərini rusca yazmışdılar, onu tərcümə edirdilər, 2000-ci ildə Türkiyə türkcəsində yazmışdılar və onu oxudular. 2004-cü ildə isə artıq Türkiyə türkcəsində danışırdılar. Bu yaxınlarda “Sələflər və Xələflər” beynəlxalq konfransı keçirildi, Qazaxıstandan gələn adam Türkiyə türkcəsində danışdı. Hamı da onu anladı. Yəni sadəcə olaraq cəhd etmək lazımdır. Doğurdanmı Türkiyə türkcəsini öyrənmək, ingilis dilini öyrənməkdən çətindir? – Dövlət proqramı üzrə işlər davam edirmi? – Bu işlər ömürlükdü. Yadınızdadır dil haqqında dövlət qanunu çıxdı. Orada ciddi şeylər var idi. Hansı qəzet, radio, televiziya dil qanunlarını pozursa, o cəzalandırılsın, sonra unuduldu, amma bu qərar tamamilə ayrıdı, bunun üçün İnstitutda şöbə yaradılıb. Şöbənin işçiləri onunla məşğul olmağa görə maaş alırlar. Bu iş, nəzarət daimi getməlidir. Heç bir təxirə salmaq, yaddan çıxmaq, ikinci plana keçmək söhbəti yoxdur. – Qədim dillər araşdırılır, bu dillərin öyrənilməsində məqsəd nədir? – Dövlət Proqramında ölkədə qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi bəndi ayrıca qeyd olunub. İnstitutda Qədim dillər və mədəniyyətlər şöbəsi yaradılıb. Bu ildən etibarən magistratura təlimi üçün bizim İnstitut məhz qədim dillər üçün yer verib. Çünki ehtiyac var. Biz Qədim yəhudi, pəhləvi (fars) və erməni dilinin öyrənilməsini nəzərdə tuturuq. Qədim erməni dili üzrə mütəxəssis yetişdirmək istəyərdik, amma mütəxəssis tapılmır. Magistratura elədir ki, gərək onun bakalavr təlimi olsun. Bakalavr bazası olmadığına görə erməni dili üzrə adam götürə bilmirik, amma fikirləşirik ki, gələcəkdə o sahədə də mütəxəssis hazırlayaq. Məqsəd dedikdə isə bu dilləri öyrənmək çox vacibdir, qədim Azərbaycan, qədim türklər haqqında məlumat o dillərdə olan mənbələrdədir. Biz həmin dillərdə olan materialların vasitəsilə qədim Azərbaycan haqqında məlumat alırıq. Bizdə şərqşünaslıqda müasir yəhudi dili keçirilir, amma biz qədim yəhudi dili üzrə mütəxəssislər də yetişdirmək fikrindəyik. Çünki türklər haqqında ən qədim materialların çoxu yəhudi dilindədir. – Cavan dilçilərdən razısınızmı? – Əlbəttə, çox istedadlı cavanlarımız var. Amma arada uçurum yaranıb. Məsələn, bu institutda vaxtilə Azərbaycanın adlı-sanlı insanları olub, indi onların yerinə cavanlar gəlir, amma bu, birdən-birə ola bilməz. Hazırda institutda iş gedir, çox savadlı doktorantlarımız var. – Ana dilinin bu gün tədrisi sizi qane edirmi? – Xeyr, razı deyiləm. Bu gün təzə sistemlə gedir. Mənim bu sistemdən heç xəbərim yoxdur. Deyirlər ana dili bir növ krasvorda dönüb. Mən hazırda o işlə məşğul olmuram. Amma deyirlər ki, bizim ana dili ki, indiyə kimi tədris olunurdu, onunla ziddiyyət təşkil edir. Bizim İnstitutda Tətbiqi dilçilik şöbəsi var, biz bu işlə məşğul olacağıq. – Hər yeniliyi dilimizə gətirmək olarmı? – Ehtiyac varsa, təbii ki, gətirmək lazımdır. Beynəlxalq sözləri işlətmək olar, amma Azərbaycan dilində onun qarşılığı varsa, elə sözləri gətirməyə və işlətməyə ehtiyac yoxdur. Əvvəllər nəfəsliyə fortuçka deyilirdi, artıq dilimizdə bu söz öz yerini alıb. Tormuza əyləc deyilir. Bax belə yenilənmə işi getməlidir. – Tofiq müəllim, dilin təbliğatı necə getməlidir? – Təbliğat ilk öncə ailədə getməlidir. Uşağa şeir öyrətmək lazımdır. Analar körpələrinə layla desinlər. Məktəblərdə tədrisi gücləndirmək lazımdır. Radio və televiziya diqqətli olmalıdır. Ən dəhşətlisi odur ki, bu gün kitab oxunmur, hamı seriallara baxır. Ana dilinin təbliği üçün ən əsası ana dilində bədii ədəbiyyat oxunsun. Bədii əsər də təbliğ olunmalıdır. Bu gün cavan nəslin nümayəndələri var, o qədər gözəl hekayələr, şeirlər yazırlar, adam ləzzət alır ki, bizim dilimizi bu gün bədii ədəbiyyatda təbliğ edirlər. Təbii ki, yaşlı nəsil də var, onlar bizim klassiklərimizdi, onlar Səməd Vurğunu, İlyas Əfəndiyevi, Süleyman Rəhimovu əvəz edirlər.

Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. II hisse

Azərbaycan ədəbi dilinin yazıyaqədərki dövrünə aid xeyli material verilir. Ədəbi dilin zənginliyini, kamilliyini və milli məzmununu daha çox əks etdirdiyinə görə, dilçilikdəki ənənə də nəzərə alınaraq, bədii üsluba daha geniş yer ayrılır.

  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация
  • Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
  • Сколько стоит заказать работу?

Смотри также

Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. I hisse

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Universitetlərin filoloji fakültələri üçün dərslik. — Bakı: Elm, 2012. — 476 s. — ISBN: 9789952453430 Azərbaycan ədəbi dilinin yazıyaqədərki dövrünə aid xeyli material verilir. Ədəbi dilin zənginliyini, kamilliyini və milli məzmununu daha çox əks etdirdiyinə görə, dilçilikdəki ənənə də nəzərə alınaraq, bədii üsluba daha geniş yer ayrılır.

  • 4,20 МБ
  • добавлен 17.01.2017 23:35
  • описание отредактировано 29.08.2021 00:25

Comments are closed, but trackbacks and pingbacks are open.