Azərbaycan-Avropa əlaqələri – 101 yaşlı əməkdaşlıq – ŞƏRH
Daha sonra 2021-ci ilin dekabrında Azərbaycan, Ermənistan və Aİ liderlərinin Brüssel görüşü zamanı Birlik tərəfindən azərbaycanlı itkin düşmüşlərin müqəddəratının Ermənistan qarşısında qaldırılması, Minsk qrupu və Dağlıq Qarabağ ifadələrindən istifadə edilməməsi, Aİ və Fransanın rəsmi Bakının ortaya qoyduğu şərtləri qəbul etməsi sözsüz Bakı və Qoca Qitə arasında imzalanması planlaşdırılan ikitərəfli Sazişə yeni çalarlar qatmış oldu.
Tərəfdaşlıq və əməkdaşlıq sazişi
Bu gün qlobal dünyada istənilən dövlət üçün xarici siyasət davranışının düzgün qurulması onun gələcək təhlükəsizliyi və inkişafında əsas amillərdən biridir. Ələlxüsus, əgər söhbət Avrasiyanın orta xəttindən gedirsə.
Hazırda II Dünya müharibəsindən sonra formalaşan regionlararası təhlükəsizlik sistemləri ciddi sınaq qarşısında olmaqla yanaşı, bir sıra çağırışlarla üz-üzə qalmaqdadır. Bu gün biz dünyanın siyasi və iqtisadi xəritəsinə nəzər saldıqda, bir neçə geosiyasi mərkəzin planetin ayrı-ayrı bölgələrindəki siyasi proseslərdə fəal iştirak etdiyinin, dövlətlərin həmin oxlarla münasibətlərinin isə xalqların gələcəyində bu və ya digər forma almasında vacib rol oynadığını sezə bilərik.
Bu illər ərzində Azərbaycan xarici siyasət konsepsiyasında soyuqqanlı və onillikləri hədəfləyən baxış bucağı ortaya qoyaraq Rusiya, Anqlosaks, Avropa İttifaqı kimi vacib və bir-birinə rəqib olan geosiyasi mərkəzlərlə balanslı və maraqların qarşılıqlı şəkildə nəzərə alınmasını ehtiva edən münasibətlər qurmağı bacardı. Əlbəttə ki, həmin geosiyasi oxlardan biri də, Avropa İttifaqıdır (Aİ), hansı ki, artıq 70 ildən çoxdur, Avrasiyada baş verən hadisələrdə özünəməxsus yerini qoruyub saxlaya bilib.
Arxada qoyduğumuz 30 il ərzində Azərbaycan Respublikası Avropa İttifaqı və onun ətrafında olan Qərb institutları ilə əməkdaşlıqda daima maraqlı olub, rəsmi Bakı özünün ən vacib siyasi-iqtisadi tərəfdaşı kimi Qoca Qitə ilə bir sıra vacib layihələr həyata keçirib və keçirməkdədir. Aİ ilə TACIS, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və s. kimi proqramlar icra olunub. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minib) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edib. 1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunub. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil olub.
Əlbəttə ki, tərəflər arasında münasibətlərdə rəsmi Bakı həmişə maraqların qarşılıqlı şəkildə icrası tələblərini irəli sürüb və nəticə etibarilə məqsədlərinə çatıb. Ölkəmiz digər Şərq Tərəfdaşlığı dövlətlərindən fərqli olaraq Aİ ilə münasibətlərində müəyyən məsafəni güdməklə praqmatik siyasət aparıb, nəticədə siyasi risklər minimallaşıb, əvəzində isə bölgədəki geosiyasi aktorlar arasında balansın qorunulmasına nail olunub.
Misal üçün, bəzi dövlətlərdən fərqli olaraq, rəsmi Bakı gələcəkdə baş verə biləcək hadisələri qabaqlayaraq Şərq Tərəfdaşlığının praktiki baxımdan ölkəmizə hansı töhfələri verəcəyini, hansı töhfələri verə bilməyəcəyini düzgün hesablayaraq ikitərəfli münasibətlərdəki hazırkı mənzərəni ortaya qoyub.
Nəticə etibarilə, hazırda Azərbaycan-Aİ münasibətləri Birliyə daxil olmayan, lakin qoca qitənin qapısında duran bir çox dövlətlərdən daha məhsuldardır.
Aİ üçün Azərbaycan regionda, eləcə də “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan Aİ və üzv ölkələrin enerji şirkətləri ilə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. İkincisi, Azərbaycan tranzit mövqeyinə görə Aİ-nin Şərq-Qərb nəqliyyat dəhlizi konsepsiyasının əsas ölkələrindən biridir. Üçüncüsü isə, müstəqil və suveren siyasət aparan Azərbaycan strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşir.
Son həftələr Ukrayna ətrafında baş verənlər bir daha ölkəmizin Brüssel üçün necə vacib tərəfdaş olduğunun bariz göstəricisi oldu. İttifaqın vacib dövlətlərinin liderlərinin Azərbaycanla son dialoqları, edilən səfərlər Bakının bölgədəki geosiyasi çəkisini daha da artırdı.
Hazırda Avropanın əsas istəklərindən biri Azərbaycandan alınan qazın həcminin bir qədər də artırılmasıdır ki, bu da ölkəmizin qitənin enerji təhlükəsizliyindəki roluna xüsusi qiymətin nəticəsidir.
Təsadüfi deyil ki, fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə aparılmış Azərbaycanın Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib.
Tədbirdən sonra Avropa İttifaqının genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyi iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılması barədə bəyanatla çıxış etdi. Hərçənd, 44 günlük müharibənin bitməsindən sonra Azərbaycana və Ermənistana ayrılması nəzərdə tutulan maliyyə kəskin fərqlənirdi. Həmin vaxt bu ayrı-seçkiliyi şərh edən Azərbaycan prezidenti İlham Əliyev Cənubi Qafqaza səfər edən Aİ Şurasının Prezidenti Şarl Mişellə görüşündə bu ədalətsiz yanaşmanın aradan qaldırılmasının vacibliyini qeyd etmişdi. Nəhayət, ədalətsiz yanaşma aradan qaldırıldı, eyni zamanda Brüssel Cənubi Qafqaza baxış bucağı ilə bağlı ölkəmiz üçün vacib addımlar atmış oldu.
Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirdi ki, Aİ ərazilərin minalardan təmizlənməsi məsələsinə, həmçinin, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə texniki yardım göstərə bilər.
Sözsüz ki, son hadisələr Azərbaycan və Aİ arasında hazırda müzakirə predmeti olan yeni əməkdaşlıq sazişini bir qədər də tezləşdirə bilər. Məlum məsələdir ki, iki tərəf arasında münasibətlərin hüquqi bazasını təşkil edən, 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi artıq köhnədir və hazırda redaktə olunan və hazırlanan yeni saziş tərəflər arasında əməkdaşlıqda yeni səhifənin əsasını qoyacaq.
Əlbəttə ki, Aİ və Azərbaycan arasında münasibətlərdə vacib istiqamətlərdən biri də geosiyasi məsələlərlə bağlıdır. Bakı üçün bütün digər xarici tərəfdaşlarla olduğu kimi, Brüssellə münasibətlərdə də onların Qarabağla bağlı mövqeyi xüsusi həssaslıq təşkil edir.
Qeyd edilməlidir ki, Aİ dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib, müharibəyə qədər 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib.
Müharibədən sonra erməni diasporunun Avropanın bəzi ölkələrinin parlamentlərində anti-Azərbaycan bəyanatlarına nail olmasına baxmayaraq, bir qədər sonra ermənilərin maliyyəsi ilə ədalətsiz mövqe tutan deputatlar reallıq qarşısında gücsüz qalmış, icraedici hakimiyyətlər tərəfindən məkrli erməni planlarından imtina edilmişdi.
Belə ki, artıq 2021-ci ilin yay aylarından başlayaraq Aİ tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tanınaraq Bakının tezisləri qəbul edildi. Bu reallıq isə Aİ rəsmilərinin regiona səfərləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutan görüşlərdən sonra baş verdi.
Misal üçün, ötən il iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Auresku, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev çıxışında Avropa İttifaqının regionla bağlı yeni baxış bucağının formalaşması üçün vacib fikirlər səsləndirmişdi.
Dövlət başçısı Ermənistanla hazırkı vəziyyətə toxunaraq qeyd etmişdir ki, “hazırda biz münaqişədən sonrakı inkişaf vəziyyətindəyik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bununla bağlı danışıqlar aparası heç nə yoxdur”.
Təsadüfi deyil ki, Prezidentin bu çıxışından sonra avropalı nümayəndələr Bakıdan sonra digər region dövlətlərinə səfərləri zamanı “Qarabağ problemi”, “danışıqlar” kimi ifadələrdən istifadə etməyərək, erməni və ermənipərəst qrupları pərişan etdilər.
İyulun 8-də isə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekunları ilə bağlı fikirlərini bölüşdü. Avropa Komissiyasının rəsmi saytında yerləşdirilən bu fikirlərdə komissar səfərinin Azərbaycanla Aİ arasında tərəfdaşlıq əlaqələrinə yeni təkan verdiyini qeyd etmişdi. Xüsusilə Qarabağ mövzusunda geniş fikir mübadiləsi aparıldığını deyən Oliver Varhelyi Aİ olaraq müharibənin nəticələrini aradan qaldırmaq və bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin post-konflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirə aparıldığını bildirmişdi.
Daha sonra 2021-ci ilin dekabrında Azərbaycan, Ermənistan və Aİ liderlərinin Brüssel görüşü zamanı Birlik tərəfindən azərbaycanlı itkin düşmüşlərin müqəddəratının Ermənistan qarşısında qaldırılması, Minsk qrupu və Dağlıq Qarabağ ifadələrindən istifadə edilməməsi, Aİ və Fransanın rəsmi Bakının ortaya qoyduğu şərtləri qəbul etməsi sözsüz Bakı və Qoca Qitə arasında imzalanması planlaşdırılan ikitərəfli Sazişə yeni çalarlar qatmış oldu.
Ümumilikdə, məlumdur ki, Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Mərkəzi Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Aİ-nin Azərbaycandakı maraqlarının başlıca iqtisadi faktorları onun transregional kommunikasiya imkanları ilə əlaqədardır. Qərb üçün Xəzər dənizi və Mərkəzi Asiyanın zəngin enerji resurslarına uzunmüddətli maneəsiz çıxış Azərbaycansız mümkün deyil. Cənubi Qafqazda bir sıra xarici qüvvələrin və ölkələrin maraqlarının toqquşmasına və bu regionda münaqişələrin mövcud olmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olub. Bu isə Azərbaycana Aİ ölkələri ilə münasibətləri ölkənin milli maraqları əsasında qurmağa imkan yaradır.
Hazırda razılaşdırılma mərhələsində olan Yeni Saziş Avropa İttifaqının Şərq Tərəfdaşı olan digər dövlətlərlə ikitərəfli sənədlərindən tamamilə fərqlənən və mühüm məsələlərin nəzərə alındığı, ölkəmizin prinsipial olaraq üzərində dayandığı sahələrin həkk ediləcəyi sənəd olacaq.
Fevralın 4-də Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson ilə görüşən Azərbaycan Prezidenti Aİ ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu, Bakı və Brüssel arasında yeni saziş üzrə danışıqların uğurla aparıldığını bilmirmiş, bu danışıqların da tezliklə başa çatdırılacağına ümidvar olduğunu ifadə etmişdi.
Eyni zamanda, qeyd edilməlidir ki, Aİ və Dünya Bankı Azərbaycanla münasibətlərdə daha bir yeniliyə imza atıb. Tərəflər Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə saziş proqramını təsdiqləyib. Həm Aİ, həm də DB-nın ötən illərdə Azərbaycan hökuməti ilə birgə gerçəkləşdirdiyi institusional islahatlar və biznesə təşəbbüslər layihələrinə əsasən, infrastrukturların və kommunikasiyaların bərpası, logistika və bazar infrastrukturunun idarə olunması, ekologiya, yol, nəqliyyat, eləcə də dövlət idarəetmə sistemlərində yeni texnologiyaların tətbiqi və biznesə dəstək istiqamətləri üzrə birgə əməkdaşlıq edib və əhəmiyyətli nəticələr əldə edilib. İndiki saziş isə əsas etibarilə yeni rəqəmsal iqtisadiyyat quruculuğuna töhfə verməyə fokuslanıb. Saziş proqramının hədəf çərçivəsi kifayət qədər genişdir, sosial-iqtisadi həyatın təkamül yollarını müəyyənləşdirməklə post-neft iqtisadiyyatına əsaslanan biznes cəmiyyətinin quruculuğunun prioritetlərini elan edir. Belə ki, dövlət müəssisələrinin idarəçiliyinin sağlamlaşdırılması, dövlət satınalmalarının təkmilləşdirilməsi, rəqəmsal inkişaf, inklüzivlik kimi geniş spektrli prioritetləri birbaşa Azərbaycan hökumətinin hədəf seçdiyi şəffaflıq və hesabatlılıq prinsipləri ilə üst-üstə düşür.
Beləliklə, Prezident İlham Əliyev növbəti qlobal platforma və dünyanın ən böyük siyasi-iqtisadi güc mərkəzlərindən olan Aİ ilə münasibətlərdə ölkəmizin maraqlarının maksimum şəkildə nəzərə alınmasına nail olaraq gələcək aylar və illər ərzində Cənubi Qafqazdakı prinsipial məsələlərdə bir çox qütbün Bakının ortaya qoyduğu reallıq üzrə hərəkət edəcəyi konturları cızmış oldu.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov
Azərbaycan-Avropa əlaqələri – 101 yaşlı əməkdaşlıq – ŞƏRH
Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin, əməkdaşlığın yüz illərlə yaşı var. Məhz 101 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhurriyyətinin bayrağındakı qırımız rəng də müasirləşmək, avropalaşmaq anlamını daşıyır. Bu o deməkdir ki, Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. İndiki dövrdə də Avropa İttifaqı (Aİ) daha çox Avropanı təmsil edir. Bu baxımdan, Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi, ticari, mədəni, siyasi və sosial əlaqələr davam etməkdədir. Azərbaycan müstəqilliyini, respublikanın bərpasını elan etdiyi vaxtdan bəri bir sıra sahələrdə, xüsusilə enerjidaşıyıcları məsələsində İttifaqla əməkdaşlığını genişləndirir. Hətta onun bu istiqamətdə təhlükəsizliyinin təmin olunmasında aparıcı yerlərdən birinə malikdir. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair bəzi razılaşmalara nəzər yetirək. Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra 1991-ci ildən Aİ ölkə iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Bu müddət ərzində İttifaqla münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib. Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerjidaşıyıcları istiqamətində əməkdaşlıq və danışıqların davamlı aparılması təşkil edir. Bu çərçivədə 2006-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev in Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratdı. Bu Memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir. 2007-ci il yanvarın 1-dən TACİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunub. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA AQS Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə alətidir. AQTA üç başlıca strateji məqsədi ehtiva edir: demokratiya və insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı. “Yeni İpək Yolu” adlandırılan TRACECA proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) Brüsseldə 1993-cü il mayın 3-də keçirilmiş 8 təsisçi dövlətin – 5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri ticarət və nəqliyyat nazirlərinin konfransında təsis olunub. Proqramın məqsədi qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 2008-ci il mayın 26-da Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Hazırda 2014-2020-ci illər üzrə Aİ-nin yardımları Avropa Qonşuluq Aləti üzrə davam etdirilir. Bu çərçivədə illik maliyyə yardımları hər il Azərbaycanla imzalanan Fəaliyyət Proqramları vasitəsilə həyata keçirilir. 2014-2017-ci illər üzrə maliyyə yardımının əsas istiqamətləri belə olub: regionların və kənd yerlərinin inkişafı, ədliyyə sahəsində islahatlar, təhsil və bacarıqların inkişafı prioritetləri. Eyni zamanda Azərbaycan və Avropa İttifaqı arasında insan hüquqları və demokratikləşdirmə sahəsində əməkdaşlığa dair çoxsaylı görüşlər, toplantılar keçirilib. Məsələn, 2015-ci ilin avqust-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Avropa İttifaqı ilə birlikdə Milli Məclisə seçkilərdə namizədlərin qeydiyyat prosedurunun daha da gücləndirilməsi və seçkilərlə bağlı müraciətlərə baxılmasına dair genişmiqyaslı təlim və seminarlar təşkil edib. Enerji sahəsində əməkdaşlığa gəldikdə isə Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5 faizini ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. 2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoyub. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirib: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi. Azərbaycan-Aİ enerji əməkdaşlığı, sadəcə, Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Prezident İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdı. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynaya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusilə “Şahdəniz-2” yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Nəticə etibarilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Nəhəng “Şahdəniz-2” yatağı ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz nəql edəcək. Tərəflər arasında ticarət əlaqələri hazırda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. 2016-cı ilin yanvar-sentyabr ayı göstəricilərinə əsasən, Aİ-nin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 37,12 faiz (4 milyard 730 milyon dollar) olub. Aİ Azərbaycanın ixracatında da 45,87 faiz, idxalında isə 27,89 faiz payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı, əsasən, maşınqayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı, əsasən, neft və təbii qaz olub (ümumi ixracın 98 faizi). Azərbaycanın Aİ ölkələri arasında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard dollar, 30,5 faiz), Almaniya (768 milyon 70 dollar, 16,25 faiz) və Britaniyadır (449 milyon 71 dollar, 9,5 faiz). Tərəflər arasında elmi-mədəni əlaqələrin də genişlənməsi istiqamətində görülmüş işlər var. Aİ-nin “Erasmus+” proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. Bu layihə Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ-yə üzv ölkələrin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir. 2015-ci ildə Azərbaycandan, təxminən, 250 tələbə və müəllim heyəti bu proqram çərçivəsində Avropada olmuş, 85 avropalı tələbə və müəllim Azərbaycana gəlmişdi. Ümumiyyətlə, Azərbaycan Avropa ilə əməkdaşlığı genişləndirmək üçün daha böyük potensiala malikdir. Ancaq Azərbaycanın Dağlıq Qarabağ toprpaqlarının işğal altında saxlanılması bu potensialın reallaşmasına mane olur. İttifaq ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir, Dağlıq Qarabağdakı separatçıları tanımamaqla münaqişənin həllinə töhfə verməyə çalışır. Ancaq bu istiqamətdə daha böyük işlər görməyə hər cür imkanı var. İlk növbədə, təcavüzkara təzyiq etmək kimi imkana malikdir. Göründüyü kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bundan başqa, Azərbaycan İttifaqdan humanitar və ya başqa yardımlar almır. Odur ki, respublika İttifaqla bütün məsələlərin müzakirəsində azad və müstəqildir. Bu baxımdan, tərəflər arasında əlaqələri və əməkdaşlığı başqa dövlətlər, o cümlədən Gürcüstan, Moldova və Ukrayna ilə müqayisəsi qüsurludur. Azərbaycanın qarşılıqlı ticarət sahəsində əməkdaşlıq etdiyi sahələrdə bu ölkələr Avropa İttifaqından yardımlar alır. Beləliklə, Azərbaycanla Avropa arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi istisna edilmir. Üçrəngli bayrağın qırmızı boyası da 101 ildir bunu təsdiqləyir.
Comments are closed, but trackbacks and pingbacks are open.