Qarabağı da əhatə edəcək “Əli və Nino” beynəlxalq turizm marşrutunun iqtisadiyyata hansı təsirləri olacaq
Turizm marşrutunun iqtisadi mənfəət gətirəcəyinə əmin olan millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirdi ki, müasir turizmdə vacib alətlərdən biri turizmin marşrut olaraq bir neçə ölkəni əhatə etməsidir. Gürcüstanla Azərbaycanı əhatə edəcək turizm marşrutu da daha çox turist cəlb etmək, eləcə də ölkələrin turizm potensialını təqdim etmək baxımından çox əhəmiyyətlidir: “Bu kontekstdən “Əli və Nino” turizm marşrutu daha çox turistin cəlb edilməsi, eyni zamanda iki ölkənin turizm potensialının təqdim edilməsi baxımından diqqət çəkir. Digər tərəfdən, nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizin böyük turizm potensialı var, bu marşrut, təbii ki, Azərbaycana daha çox turistin cəlb edilməsinə imkan yarada bilər”.
Turizm sektorunu yeniliklər gözləyir: Problemlər isə qalmaqdadır
Ölkədə pandemiyanın yayılması, xarici dövlətlərlə sərhədlərin bağlanması, bir sıra iş yerlərinin fəaliyyətini qismən və ya tam məhdudlaşdırması nəticəsində insanların maddi rifahında yaranan geriləmə ölkədəki bir çox sahələr kimi turizm sektoru üçün də arzuedilməz oldu. “Report” turizm sektorundakı mövcud vəziyyət, problemlər, gələcəyə dair proqnoz və planlarla bağlı Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanovla müsahibəni təqdim edir: – Hazırda pandemiyanın təsirləri fonunda turizm şirkətlərinin vəziyyətini necə xarakterizə etmək olar? – Hazırda turizm sektoru dünyada və ölkəmizdə dayanma həddinə gəlib çatıb. Daha sərt karantin rejiminin tətbiq olunduğu dövrlərdə sərhədlərin bağlı olması, bölgələrə gediş-gəlişin dayandırılması turizm şirkətlərininin fəaliyyətlərinin dayanmasına səbəb oldu. Hazırkı vəziyyətdə karantin rejimi bir az yumşaldılıb. İnsanlar artıq bəzi yerlərə gedib istirahət edə bilirlər. Bu baxımdan turizm şirkətləri və otellər bir qədər ayaqda qalmağa nail ola bilir. Lakin bu vəziyyət tam qənaətbəxş deyil. Turizm şirklətlərinin vəziyyəti çox ağırdır. Turizm şirkətləri qazanc əldə edə bilmirlər. Otellərdə yeni qaydalar tətbiq olunur və onlar turizm şirkətləri ilə işləmək istəmirlər. Bu isə şirkətlərə daha çox zərbə vurur. Otellər birbaşa özləri müştərilərlə əlaqə saxlayırlar. Biletlər baha olduğundan insanlar səfər etmək istəmir və ya özləri onlayn şəkildə bilet alırlar.
Bütün bunlar turizm şirkətlərinə böyük zərbə vurur. Bu baxımdan hazırda ölkəmizdə turizmin vəziyyəti ağır olaraq davam edir. Daxili turizmin bir az canlanmasını müşahidə etsək də, əvvəlki illərlə müqayisədə bu göstərici insanların daha yaxşı yaşamasına kifayət etmir. – Turizm şirkətlərində işçi ixtisarına yol verilirmi? – Hazırda şirkətlərin kadrlarını itirməsini müşahidə edirik. İşçilər özləri sahə dəyişikliyinə meyl edirlər. Bir qism şirkətlərin bağlanması səbəbilə, bir qism isə artıq iqtisadi olaraq tab gətirə bilmədiyindən başqa sahələrə üz tutur. Onların da yenidən turizmə qayıtması çətin olacaq. Artıq başqa bir sahədə ixtisaslaşıb o sahəyə öyrəşən işçi geri dönmək istəməyəcək. Bu isə gələcəkdə turizm şirkətlərində, otellərdə, ümumiyyətlə turizm sənayesində kadr qıtlığına səbəb olacaq.
– Bir sıra xarici ölkələrə reyslərin açılması Azərbaycanın turizm sektorunda canlanma yaradıbmı? – Xarici ölkələrə bəzi reyslərin açılması sektorda müəyyən dərəcədə canlanma yaradır. Bəzi insanların Azərbaycandan xaricə getməsinə təsadüf olunur. Xaricdən isə bura turist gəlmir. Martın birindən Gürcüstan reysi açıldı. Lakin biletlərin baha olması insanların Gürcüstanda istirahət etməsinə maneə olur. Çünki belə olan halda bir nəfərin Gürcüstana 5 günlük normal bir səfər edib qayıtması üçün 2 000 manatdan yuxarı pul xərcləməsi lazımdır. Bu isə istirahət məqsədilə Gürcüstana gedənlər üçün yüksək məbləğdir. Adətən insanlar ucuz olduğu və öz maşınları ilə rahat səyahət edə bildikləri üçün Gürcüstana üz tuturlar. Martın 19-dan Azərbaycanın “Buta Airways” Gürcüstanın paytaxtı Tbilisiyə və əks istiqamətdə xüsusi reyslər həyata keçirəcək. Bu reyslər bir qədər ucuz olacaq. Ümumilikdə yeni reyslərin açılmasının turizm sektorunda tam canlanma yaratdığını demək düz olmaz. Hazırda xarici ölkələrə səfər edənlərin əksəriyyəti iş məqsədilə gedənlərdir. Çox az sayda insan ola bilər ki, istirahət məqsədilə xaricə getsin. – Turizm şirkətlərinin fəaliyyətinə dəstək məqsədilə Assosiasiya tərəfindən hansı addımlar atılır? – Azərbaycan Turizm Assosiasiyası olaraq bir neçə layihə üzərində işləyirik. Layihələrimizə də hər zaman turizm şirkətlərinin cəlb edilməsində maraqlıyıq. Şirkətlərlə danışıqlar aparırıq, onların da təklif və tösiyyələrini dinləyirik və lazımi qurumlara çatdırmağa çalışırıq. Bu gün üçün əsas vacib məsələ turizm şirkətlərinin vəziyyətinin yaxşılaşdırılması, ictimaiyyətə çatdırılması ilə bağlı işlərin görülməsidir.
– Gələcəkdə sektorun inkişafı ilə bağlı hansı layihələrin həyata keçirilməsi planlaşdırılır? – Gələcəklə bağlı layihələrimizin turizmin inkişafına daha çox töhfə verəcəyini düşünürük. Bunlardan ən əsası “Qarabağ Azərbaycandır” layihəsidir. Bir neçə aydır bu layihə üzərində işləyirik. Bunun üçün işçi qrupu da yaratmışıq. Burda bir neçə marşrutların işlənməsi nəzərdə tutulur ki, gələcəkdə vətən müharibəsinin necə keçdiyi turistlərə anlaşıqlı olsun. Bu konsepsiya Qarabağın yeni marşrut növlərinin təsdiq olunması, turistlərə Qarabağdakı abidələri göstərməyi nəzərdə tutan bir konsepsiyadır. Hazırda yeni marşrutların hansı ərazilərdən keçməli olduğunu, hansı bölgələrdə tarixi abidələrin mövcudluğunu araşdırırıq. Eyni zamanda gələcəkdə Qarabağda hansı turizm növlərinin tətbiq olunması məsələləri təhlil edilir və layihə tam hazır olduqda lazımi qurumlara təqdim olunacaq. – Bu il üçün ölkənin turizm sektoru üzrə proqnozlar nələrdən ibarətdir? – Düşünürəm ki, ilin ortasına, hətta ilin sonuna qədər ölkədə daxili turizmin inkişafını görəcəyik. Yay aylarında bu proses daha da canlanacaq. İnsanlar yay tətillərində xaricə gedə bilmədikləri üçün əsasən ölkəmizin bölgələrində istirahət etməyə üz tutacaqlar. Çox güman ki, xarici ölkələrə yeni reyslərin də açılmasını müşahidə edəcəyik. Ümid edirik ki, vaksinləşmə tam tətbiq edildikdən sonra turistlərin sayı artacaq.
Qarabağı da əhatə edəcək “Əli və Nino” beynəlxalq turizm marşrutunun iqtisadiyyata hansı təsirləri olacaq?
“Əli və Nino” məhəbbət romanıdır. Dünyanın 33 dilinə tərcümə olunub. Qurban Səidin müəllifliyi ilə məşhurlaşsa da, ətrafında müzakirələr və mübahisələr bu günədək bitmir.
Ayrı-ayrı mənbələrdə əsərin müəllifinin Yusif Vəzir Çəmənzəminli, romanı alman reyesterlerində qeydiyyatdan keçirib “Qurban Səid” təxəllüsünün özünə aid olduğunu iddia edən avstriyalı baronessa Elfrida fon Ehrenfels, əsl adının Məhəmməd Əsəd bəy olduğunu irəli sürən yəhudi mənşəli yazıçı Lev Nissembauma olduğu qeyd edilir. Amma bu mübahisəli fikirlər nə müsəlman Əli Xan Şirvanşirlə gürcü qızı Nino Kipianinin sevgisindən bəhs edən əsərin məşhurlaşmasına, nə Azərbaycanda haqqında eyniadlı filmin çəkilməsinə, nə roman əsasında ilk dəfə virtual dekorasiyalı ritual faciənin səhnələşdirilməsinə, nə də eyniadlı kitab evinin yaranmasına mane ola bilib.
Eləcə də roman Batumi şəhərində Gürcüstanın o zamankı prezidenti Mixael Saakaşvilinin “Gürcü və Azərbaycan xalqlarının dostluq rəmzi” adlandırdığı məşhur “Əli və Nino” abidə-kompleksinin ucaldılmasına təkan verib.
Bundan sonra Əli və Nino bədii qəhrəman və heykəltaraşlıq obrazı çərçivəsindən çıxaraq geniş miqyaslı beynəlxalq turizm marşrutuna – Azərbaycanla Gürcüstan arasında körpüyə çevriləcək. Dünya turistlərinin diqqəti Qarabağı da əhatə edəcək bu marşruta yönələcək.
Mövzu ilə bağlı “Kaspi” qəzetində geniş məqalə yayımlanıb.
Turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edən Azərbaycan dövləti son illər ölkəmizdə bu sahənin inkişafı ilə bağlı islahatlar həyata keçirir. Beynəlxalq turizm bazarına inteqrasiya üçün müxtəlif layihələr üzərində iş gedir. Artıq ölkəmiz dünyada yeni turizm istiqaməti (destinasiya) kimi tanınmağa başlayıb.
Hazırda üzərində tamamlanma işləri gedən “Əli və Nino” da beynəlxalq turizm marşrutu kimi hazırlanır. Bu marşrutun yanvar ayında iki ölkə arasında müzakirə olunan “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi”nin inkişafında mühüm rol oynayacağı da proqnozlaşdırılır. Belə ki, Azərbaycan və Gürcüstanın müəyyən hədəf bazarlar üçün birgə turlar və məhsullarla çıxış etməsi ilə yanaşı, müştərək marketinq və təbliğat kampaniyası aparılmasını, postpandemiya dövründə hər iki ölkənin turizminin bərpası və inkişafını nəzərdə tutur.
Pandemiya dövrü – quru sərhədlərin bağlı olması Gürcüstandan ölkəmizə gələn və gedən turistlərin sayının azalmasına ciddi təsir göstərib. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz rəqəmlər də bunu təsdiqləyir:
2021-ci ildə ölkəmizə gələn ümumi turistlərin cəmi 7.9 faizi Gürcüstanın payına düşüb. Bu isə əvvəlki illə müqayisədə 66 faiz azalma deməkdir. Eyni zamanda, 2021-ci ilin yanvar-oktyabr aylarında Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 65 867 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,1 faiz azdır.
Hesab edilir ki, postpandemiya dövrü yenidən ölkələrimiz arasında turist mübadiləsinin inkişafına yol açacaq. “Əli və Nino” layihəsi isə təkcə iki ölkənin deyil, həmçinin qonşu və Avropa ölkələrinin turistlərini cəlb edəcək.
“Əli və Nino” Qarabağı əhatə edən turizm marşrutu olacaq. Azərbaycan Turizm Assosiasiyası Bürosunun sektor müdiri Şərifə Həsənova marşrutun Qarabağı əhatə etməsi planının xüsusi önəm daşıdığını qeyd edir: “Əli xan Şirvanşirin Qarabağa, Şuşa şəhərinə böyük rəğbəti olub. Əsərdə “Onların diyarında hər şey gözəldir. Ancaq bu diyarın ən gözəli Qarabağ atıdır” fikirləri təsadüfən yer almayıb. Ona görə də turizm marşrutuna Şuşa şəhəri, Cıdır düzü, xanlıq dövrü abidələri və digər görməli yerlər daxil edilib. Layihəni həyata keçirməklə biz Avropadan gələn turistlər üçün həm Azərbaycana, həm də Gürcüstana səyahət etmək imkanı yaratmaq istəyirik. Çünki avropalı turistlər adətən bir turizm marşrutu üzrə Qafqaz ölkələrinə səfər etmək istəyirlər. Həmçinin turistlər Bakı, Gəncə və Şuşanı görmək imkanı qazanacaq, Qarabağın digər rayonlarına səfər edəcəklər”. Sektor müdirinin sözlərinə görə, Gürcüstanda gəzməli yerlərin siyahısını gürcü həmkarları hazırlayır. Əsas istiqamət isə Tbilisi və Batumi olacaq: ”Əli və Nino” əsəri Avropada da məşhurdur. Hesab edirik ki, belə bir tur təqdim etməklə avropalı turistlərin diqqətini cəlb etmək olar. Əsas məqsəd əsərdə qeyd edilən bütün regionlara turistləri cəlb etməkdir”. Ş.Həsənova bildirir ki, bərpa işləri bitdikdən, infrastruktur formalaşdıqdan sonra yerində ətraflı araşdırmalar da aparılacaq: “İndiki şəraitdə marşrutun Bakı-Şəki, Gəncə-Qazax, ordan da Gürcüstana keçməklə davam etdirilməsini planlaşdırırıq. Əli xan Şirvanşirin Dağıstana, Qarabağa və İrana səyahətlərindən söhbət açıldığından marşrutun bu ölkələr tərəfindən də maraqla qarşılanacağı istisna edilmir”.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakişiyev “Əli və Nino”nun daxili və qonaq turizminin inkişafında müsbət rol oynayacağına şübhə etmir: “Bu marşrut üzərində hərtərəfli iş görmək lazımdır. Hər bir yeni marşrut turizmin inkişafına təkan verir və turistləri cəlb edir. İlk növbədə bu marşrutun təbliğatı hərtərəfli təşkil olunmalıdır ki, insanlar xəbərdar olsunlar və maraqları artsın. Hesab edirəm ki, “Şərab marşrutu”, “Alman məskənləri” və “Aleksandr Dümanın Azərbaycanda olduğu yerlər” marşrutları kimi bu marşrut da turistləri cəlb edəcək. Sadəcə, təbliğatına, təqdimatına və yüksək səviyyədə təşkilinə ehtiyac var”.
Turizm marşrutunun iqtisadi mənfəət gətirəcəyinə əmin olan millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirdi ki, müasir turizmdə vacib alətlərdən biri turizmin marşrut olaraq bir neçə ölkəni əhatə etməsidir. Gürcüstanla Azərbaycanı əhatə edəcək turizm marşrutu da daha çox turist cəlb etmək, eləcə də ölkələrin turizm potensialını təqdim etmək baxımından çox əhəmiyyətlidir: “Bu kontekstdən “Əli və Nino” turizm marşrutu daha çox turistin cəlb edilməsi, eyni zamanda iki ölkənin turizm potensialının təqdim edilməsi baxımından diqqət çəkir. Digər tərəfdən, nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizin böyük turizm potensialı var, bu marşrut, təbii ki, Azərbaycana daha çox turistin cəlb edilməsinə imkan yarada bilər”.
Marşrutun iki ölkə arasında turizm əlaqələrinin, dostluq münasibətlərinin inkişafı ilə yanaşı, işğaldan azad olan Qarabağ turizminin tanıdılmasında da böyük rol oynayacağını Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Arzu Nağıyev də vurğulayır: “Belə bir turizm marşrutunun yaradılması ümumən region üçün mühüm əhəmiyyət kəsb edəcək, turizm infrastrukturunun inkişafında rol oynayacaq. Burda həm iqtisadi, həm də regional məsələlər var”. Millət vəkilinin fikrincə, “Əli və Nino” marşrutunun Qarabağı əhatə etməsi bu bölgənin tanıdılmasında müsbət irəliləyişə səbəb olacaq: “İşğaldan azad edilən ərazilərimizdə hava limanlarının tikilməsi, beynəlxalq marşrutların yaradılması çox ciddi məsələdir. Artıq Laçın və Zəngilan istiqamətində də hava limanlarının açılması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə Zəngəzur dəhlizinin açılışı ilə Avropadan Türkiyə və Naxçıvan vasitəsilə o əraziyə keçmək məsələsi də gündəmdədir. Bu gün Qarabağın tanıdılması, bu bölgənin gələcək inkişafı üçün turizm marşrutlarının açılması zəruridir”.
Səyahətçi bloqer, telejurnalist Mirsəməd Cəfərli hesab edir ki, marşrut Qərbdən regiona marağı artırmaq baxımından maraqlı ideyadır: “Təsəvvür edin, turistlər Tbilisini gəzdikdən sonra avtobusla sərhədi keçir və Azərbaycan turu başlayır. Və yaxud Bakını, Gəncəni gəzəndən sonra Tiflisə gedirlər. Bu, çox yaxşı düşünülüb”. Səyahətçi ölkəmizlə müqayisədə Gürcüstanda turizmin inkişafının daha yüksək olduğunu da qeyd edir: “Pandemiyadan əvvəl Gürcüstana gələn turistlərin sayı Azərbaycandan iki dəfə çox idi. Mən həmişə Gürcüstanda olanda “bu marşrutu necə Azərbaycana tərəf yönləndirmək olar?” deyə düşünürdüm. Tiflisdən bizim sərhədə 40-50 km dir. ATA-nın orda turizm bürosu açılsa, turizm şirkətləri turist mübadilələri etsələr, yaxşı nəticə olar”. Səyahətçi gediş-gəliş zamanı sərhəddə problemin mövcud olduğunu da qeyd edir: “Qırmızı körpü sərhəd məntəqəsində Gürcüstan tərəfini sürətlə keçirsən, Azərbaycan tərəfində isə saatlarla dayanırsan. Sərhədçilərin, gömrük işçilərinin yoxlamaları həddən artıq uzun vaxt aparır. Bu proseslərin də asanlaşdırılmasına ehtiyac var”.
Gürcüstanda yaşayan azərbaycanlı iş adamı Fərid Süleymanov qonşu ölkənin turizminə böyük maraq olduğunu təsdiqləyir: “Hazırda pandemiya turistlərin gəlməsinə mane olur. Bununla belə, qonşu ölkələr, avropalılar, xüsusən Azərbaycandan gələn turistlər bu ölkəyə böyük maraq göstərirlər. Liman şəhəri Batumi isə Qara dənizin çimərlikləri ilə turistləri daha çox cəlb edir. Bu baxımdan hesab edirəm ki, “Əli və Nino” marşrutu da hər iki ölkəyə turist cəlbində mühüm rol oynayacaq”.
Qeyd edək ki, dünya turizmində “Əli və Nino” kimi analoji marşrutlar çoxdur. “Dünyada Romeo və Cülyettanın hekayəsindən daha kədərli hekayə yoxdur” deyə turistləri qarşılayan İtaliyanın Verona şəhərinə insanlar kədərlənmək üçün deyil, dünyanın ən romantik şəhərlərindən birinə baş çəkmək üçün gedirlər. Burada Verona tikişçiləri turistlərin adlarına romantik bir yastıq və ya dəsmal tikir, suvenir dükanı izdihamla dolub boşalır. “Əli və Nino”nun izi ilə də belə bir turist axınını yaratmaq mümkündür. Sadəcə, marşrut üzərində planlı işləmək, tanıtmaq, qiymətin münasibliyini təmin etmək və digər süni əngəlləri aradan qaldırmaq lazımdır.
Turizmin sosial-mədəni əhəmiyyəti
Turizm sahəsi bir növ ayrı-ayrı sahələrin birləşməsi nəticəsində formalaşan bir sahədir, yəni bir neçə ayrı peşələrə sahib olan insanların bir sahədə çalışması deməkdir. Bu da, turizmin səyahət olunan ərazidə yerləşən digər obyektlərə də müsbət təsirlərindən xəbər verir. Əraziyə gələn səyahətçi sayısındakı artma yeni yerləşmə, yiyəcək-içəcək, rekreasiya obyektlərinə, alış-veriş sahələrinə və digər sahələrə sərmayələrin qoyuluşuna olan gərəyi də artırır. Bütün bu fəaliyyətlər üçün özəl sektor, yerli idarəetmə orqanları və dövlət görüləcək işlər doğrultusunda yeni sərmayələrin qoyuluşunu hədəfə alırlar. Buna görə, turizmin iqtisadi təsiri sadəcə sektor içində özünü göstərmir. Turizm sektorunda qoyulan bir yatırım digər sektorlar üçün də bir iqtisadi fəaliyyəti bərabərində gətirir və yeni məşğuliyyət sahələrinin yaradılmasına kömək göstərir. Yaradılan vahid gəlir isə həm turizm sektorunda həm də digər sektorlardakı yatırımlara müsbət təsir göstərir. Məsələn, turizm sektorundakı bir yatırım, inşaat sektoruna da təsir göstərir; əraziyə artan turist axınları isə bərabərində hava yolu, dəniz yolu və dəmir yolu nəqliyyatını da canlandırır. Turizmin digər sektorlar ilə olan əlaqələri səbəbiylə ortaya çıxa biləcək müsbət və ya mənfi dəyişikliklər, qısa müddətdə və dəyişən ölçülərdə digər əlaqəli sektorlara da əks olunur. Bir turist getdiyi ərazidəki oteldə yerləşir, restoranda yemək yeyir, alış-veriş edir, nəqliyyat vasitələrindən istifadə edir, ərazinin əhalisi ilə ünsiyyətdə olur və müxtəlif obyektlərə baş çəkir. Bu səbəblə, unudulmamalıdır ki, regional turizm sektoru ilə dolayı və birbaşa əlaqəsi olan hər bir fərd dominant təsiri səbəbiylə, keyfiyyətli xidmətin təqdim edilməsində və nəticədə turistin təmin olunub-olunmamasının meydana gəlməsində, ya da, turistin təkrar eyni regiona səyahət edib-etməmə meylində müəyyən formada rol oynayır. Turizmin bir sıra növlərinin səyahət olunan ərazinin əhalisi üçün böyük gəlir mənbəyi olduğu şübhəsizdir. Bu gəlirlərin əhalinin yaşayış səviyyəsinin inkişafına çox böyük təsiri olur. Hər gələn turist həmin ərazidə müəyyən miqdarda pul xərcləyir ki, bu turistin tələbatını təmin edir, yerli əhali üçün də yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, maddi rifahın və sosial-mədəni səviyyənin artmasına səbəb olur. Turizmin inkişaf etməsi yeni iş yerlərinin açılması deməkdir. Yüksək işsizlik səviyyəsi olan ölkələr üçün bu böyük əhəmiyyət kəsb edir. Yerlərdə sakinlərin miqrasiyası baş verir. Yeni yaşayış məskənləri yaranır. Bu isə ölkədə infrastrukturun və müvafiq xidmət sahələrinin təkmilləşməsini tələb edir. Turizm müəssisələrində bəzi iş yerləri mövsümi xarakter daşıyır və müəyyən hallarda daha çox qadın əməyinin (xadimə, paltaryuyan, mətbəx işçisi və s.) istifadəsini tələb edir. Bu isə qadınların da iş fəaliyyətinə cəlb olunması deməkdir. Ərazidə turizmin inkişafı yeni iş yerlərinin açılması ilə nəticələnir. Yerli sakinlərdə əlavə gəlir mənbəyi əmələ gəlir, bununla da ailələrdə sosial vəziyyəti yaxşılaşdırmaq imkanı yaranır. Yeni məişət texnikasının əldə edilməsi, istirahətlərini ölkənin başqa regionlarında və ya xaricdə keçirmək imkanı yaranır. Turizmin inkişafı əhali arasında ölkədaxili sosial-mədəni mübadilənin baş verməsinə səbəb olur. Xarici turistlərin gəlməsi isə xarici vətəndaşların yerli mədəniyyətlə tanış olmağa, mədəniyyət nümunələrinin özləri ilə vətənlərinə aparmağa və burada öz mədəniyyətlərinin bir hissəsini qoymağa imkan yaradır. Turizmin əhalinin yaşayış səviyyəsinə təsiri nəticəsində ərazidəki evlərin, ticarət obyektlərinin, istirahət obyektlərinin tikintisi və müasirləşdirilməsi, əhalinin iş yerlərinin və iş şəraitlərinin inkişafı sürətlənir. Turizmin ərazinin infrastrukturuna təsiri xüsusi qeyd olunmalıdır. Belə ki, ərazidə tikilən obyektlər turistlərə xidmət etməklə yerli əhaliyə də xidmət göstərirlər. Nəticədə isə yerli əhali üçün olduqca faydalı və rahat şərait yaranır. Yaradılan infrastruktur ərazinin iqtisadi inkişafında eləcə də, yerli əhalinin həyat səviyyəsinin yüksəlməsində böyük rol oynayır. Həmin infrastrukturun ərazidə qalması və istifadə olunması buna münasib şərait yaradır. Turizmin inkişafı yeni iş yerlərinin açılmasına və artmasına, yerli əhalinin işlə təmin olunmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Yerli əhalinin maddi rifahı yüksəlir. Pul gəlirlərinin səviyyəsi artır. Təsadüfi deyil ki, World Travel & Tourism Council (WTTC) təşkilatının məlumatlarına görə dünyada turizm və səyahətlər sahəsində çalışanların sayı 1993-cü ildə 130 mln. nəfər (və ya ümumi məşğulların 7%-i), 2005-ci ildə isə 221,6 mln. nəfər olmuşdur. Turizmin vacib xüsusiyyətlərindən biri ondadır ki, turizmdən əldə olunan gəlir əhali arasındakı müxtəlif təbəqələr üzrə nisbətən bərabər bölünür. Belə ki, turizm xidmətlərini hazırlayan da, suvenirlər hazırlayan və satan da, öz mənzilini kirayə verən də, yeyinti məhsullarını hazırlayan da turizmdən gəlir götürə bilir. Turizmin əhalinin maddi rifahının artmasına müsbət təsiri ilə yanaşı olaraq ölkənin sosial səviyyəsinə də müsbət təsiri olur. Çünki maddi rifahın artması nəticəsində təhsilin, mədəniyyətin, incəsənət növlərinin və həyat tərzinin müsbət inkişafı ölkənin sosial səviyyəsinin də yüksək inkişafına səbəb olur. Sosial nöqteyi-nəzərindən turizm regionların inkişafına böyük təsir göstərir, regionlarda minlərlə iş yerləri açılır, kommunikasiya inkişaf edir, yerli əhalinin mədəniyyət, savad və dünyagörüş səviyyəsi yüksəlir. Regionlarda turizmin inkişafı işsizlərin paytaxta axınının qarşısını alır. Sadaladığım bu təsirlər turizmin müsbət təsirləridir. Amma turizmin mənfi təsirləri də vardır. Səyahət zamanı turistlərin yerli xalqın mədəni və əxlaqi dəyərlərinə hörmətsiz davranmaları (dini və ənənəvi dəyərlərə, yerli geyim nümunələrinə, əyləncə formalarına və s.), yerli mədəni əsərlərə və ekologiyaya qeyri-mühafizəkar davranmaları bu qəbildəndir. Turizmin regional inkişafa təsirlərini aşağıdakı kimi görmək olar: Kənd rayonlarında yeni iş yerləri; Kənd təsərrüfatı mallarının sərfəli satışı; Kənd əhalisinin həyat səviyyəsinin artması; Yerli büdcəyə əlavə daxilolmalar; Mənfi təsirləri. Ümumdünya Turizm Təşkilatı (ÜTT) mütəxəssislərinin proqnozlarına görə 2020-ci ildə 2000-ci ilə nisbətən səyahət edən turistlərin sayı 1,6 milyard nəfərə qədər artacaqdır. O cümlədən, turizmdən əldə olunan gəlirlərin miqdarı 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaqdır. 2020-ci ildə ən çox turist axını olan ölkə Çin, dinamik inkişaf edən turizm ölkəsi isə Türkiyə olacaqdır. Bu da turizmin yuxarıda sadaladığım müsbət və mənfi təsirlərinə səbəb olacaqdır. Turizmin təbii turizm növü ilə əlaqədar yaranan və çox yayılmış bir problemi onun mövsümi xarakter daşımasıdır. Turizm fəaliyyətinin pik və zəif mövsümi dövrləri vardır. Bu da o deməkdir ki, otellər, nəqliyyat və digər infrastruktur obyektləri, həmçinin iş personalı ilin əhəmiyyətli hissəsində məşğuliyyətsiz qalır. Bundan başqa kəndlərdə turist mövsümünün pik dövrü məhsul yığımı və digər vacib işlərlə eyni vaxta düşür. Lakin, turizm, xüsusən də əgər turist mövsümünün pik dövrü ilə kənd təsəttüfatı işləri ilin ayrı-ayrı vaxtlarına uyğun gələrsə, yerli əhalinin bütün növ fəaliyyət növlərinə uğurlu əlavə ola bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.