Turkiye Edebiyyati – Wikipedia
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da çoxdur. Bayatı dörd misradan ibarət olur: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. Bayatının qafiyə quruluşu bu şəkildə olur: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, “Mən aşiq”, “Mən aşiqəm”, “Əzizinəm”, “Eləmi” sözləri ilə başlanır. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.
Şifahi xalq yaradıcılığı
Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin – folk — xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.
Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Xalqın tarixi ilə sıx bağlı olan folklor onun öyrənilməsi üçün etibarlı mənbədir. Məsələn, ölməz ədəbi-tarixi abidə olan “Kitabi-Dədə Qorqud” dastanları xalqımızın, dilimizin tarixinin çox qədim olduğunu sübut edir. Dastandakı obrazların konkret tarixi şəxsiyyətlərlə bağlılığı haqqında fikirlər vardır. Əsərdə qədim oğuzların tarixinin, coğrafiyasının izləri açıq-aydın görünməkdədir.
Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsi olub, türk xalqlarının yaratdıqları ilə ortaq cəhətlərə malikdir. Qədim türk bədii təfəkkürünün, dildə gerçəkləşən mədəniyyətinin nümunəsi olan miflər, dastanlar və s. türk xalqlarının vahid bir kökə bağlılığını göstərən ortaq dəyərlər sayılır.
Azərbaycan folklorunun həyatı əksetdirmə üsulu baxımından lirik, epik, dramatik növləri vardır. Bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmış, zaman-zaman zənginləşmişdir. Lirik və epik folklor nümunələri daha geniş yayılmışdır. Müxtəlif ədəbi növlərin janrlarında folklora xas olan ortaq cəhətlərlə yanaşı, məzmun və forma baxımından fərqli xüsusiyyətlər də vardır. Həyatı tərənnüm və təsvir yolu ilə əks etdirən lirik növün janrları, əsasən, aşağıdakılardır: nəğmələr (əmək nəğmələri: holavar, sayaçı sözləri; mövsüm nəğmələri; mərasim nəğmələri: toy və yas nəğmələri; məişət nəğmələri: layla, oxşama; qəhrəmanlıq nəğmələri), bayatılar, mahnılar.
Holavarlar və sayaçı sözləri şifahi xalq ədəbiyyatının ən qədim janrları hesab olunur.
Holavarlar əkinçiliklə, sayaçı sözləri heyvandarlıqla, qoyunçuluqla bağlıdır. Əkinçi, cütçü öz ağır əməyini yüngülləşdirmək üçün müəyyən ritmi, ahəngi olan nəğmələr demişdir. Cütçü əkin-biçin zamanı holavar səsləndirərək öküzə müraciət edir, iş prosesində ona güvəndiyindən söz açır:
Öküz, öküz, xan öküz,
Dırnaqları qan öküz,
Sən kotana güc eylə,
Mən də deyim can öküz.
Sayaçı sözləri qoyunçuluqla məşğul olan insanların nəğmələridir. Sayaçı sözlərində kəndli həyatında qoyunçuluğun böyük əhəmiyyəti göstərilir. Çoban ailəsinin rifahını təmin edən qoyuna müraciət edir, onun xeyir, bərəkət gətirməsindən rəğbətlə danışır:
Nənəm, a nazlı qoyun,
Qırqovul gözlü qoyun,
Pendiri kəsmə-kəsmə,
Qatığı üzlü qoyun.
Mövsüm nəğmələri ilin müxtəlif fəsilləri ilə bağlı olub, yaz, yay, payız, qış haqqında təsəvvürləri əks etdirir. Məsələn, günəşi çağırmaq məqsədilə “Gün çıx” mövsüm nəğməsi ifa edilib. “Qodu-qodu” nəğməsi isə uzun zaman yağan yağışın kəsməsi üçün keçirilən mərasimdə ifa edilirmiş. İl quraqlıq keçəndə isə yağışçağırma mərasimi qurular, nəğmələr oxunarmış. Yazın gəlişi el bayramına çevrilmiş, el şənliklərində Novruzla bağlı nəğmələr ifa edilmişdir.
Xalqın məişəti, güzəranı ilə bağlı olan mərasim nəğmələri qədim insanlar tərəfindən müxtəlif mərasimlərdə ifa edilmişdir. Elçilik, nişanlanma və toy zamanı şadlıq nəğmələrinin oxunması, yas mərasimlərində ağıların söylənilməsi adəti indi də qalmaqdadır. Toy nəğmələrində xalqımızın ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərindən söz açılır, yeni qurulan ailənin xoşbəxtliyi ilə bağlı diləklər ifadə olunur:
Zülf töküb üzə dilbər,
Çıxıbdı düzə dilbər,
Duvaq salın üzünə
Gəlməsin gözə dilbər.
Mərasim nəğmələrinin bir növü olan ağılar insan ölümü, faciəsi ilə bağlı nəğmələrdir. Bu nəğmələrdə yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm hisləri ifadə olunur:
Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi,
Xəzəl ollam, tökülləm,
Viranə bağlar kimi.
Məişət nəğmələri olan laylalar və oxşamalar folklorun geniş yayılmış janrlarıdır. Layla və oxşamalarda ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı ümid və arzuları əksini tapır:
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
Balam, layla, a layla,
Körpəm, layla, a layla.
Oxşamalar körpəsini əyləndirən, əzizləyib-oynadan ananın oxuduğu nəğmələrdir. Oxşamaya bəzən nazlama da deyilir. Oxşamalar ikilik və dördlük şəklində olur:
Balama qurban inəklər,
Balam haçan iməklər.
Tüstüsüz damlar,
Sarı badamlar,
Tənbəl adamlar,
Bu balama qurban.
Qəhrəmanlıq nəğmələri xalqın igid oğullarını düşmənlə döyüşə, qəhrəmanlığa, mərdliyə səsləyir.
“Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qəhrəmanlıq dastanlarında sərkərdə, xalq qəhrəmanı bu nəğmələr vasitəsilə öz silahdaşlarını tərifləyir, onları bahadırlığa, düşmənlə döyüşdə əzm, mətanət, igidlik nümayiş etdirməyə səsləyir:
Dəlilərim, bu gün dava günüdür,
Müxənnət ordusu talanmaq gərək.
Bayatılar kövrək, həzin duyğuları, səmimiyyəti, məhəbbəti, insanın könül dünyasını əks etdirən lirik folklor nümunələridir. Həcmcə kiçik olan bayatılarda dərin mənalı fikir ifadə olunur. Bu yığcam poetik nümunələrdə vətənin müqəddəsliyi, insanın məhəbbət, vüsal, ayrılıq, həsrət duyğuları, ümid və nisgili ifadə olunur. Mövzu, məzmun baxımından bayatıların, əsasən, aşağıdakı növləri var:
— vətən sevgisi, vətən həsrətindən bəhs edən bayatılar;
— məhəbbət, ayrılıq, həsrət haqqında bayatılar;
— mərdlik, mübarizlik, qorxmazlıq haqqında bayatılar.
4 misradan ibarət olan bayatının hər misrasında 7 heca olur. Birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst olur. Birinci, ikinci misralar sonrakı iki misrada söyləniləcək fikir üçün zəmin olur:
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı.
Lirik növün mahnı janrı nəğmədən özünəməxsus musiqi havası olması ilə fərqlənir. O, nisbətən sonrakı dövrlərdə yaranmışdır. “Qaragilə”, “Apardı sellər Saranı, “İrəvanda xal qalmadı” və digər mahnılarda xalqın ruhu, sevinci, kədəri, ən zərif duyğuları, təbiətə məhəbbəti və s. əksini tapır:
Evimizin qabağından bu gələn arxdı,
Qaragilə, yar gələn vaxtdı.
Yarım gəlib çıxmayır, ovqatım talxdı,
Qaragilə, ovqatım talxdı.
Dərbənd aralı,
Könlüm yaralı.
Bir qız sevmişəm,Qaragilə
Ellər maralı.
Epik növün janrları, əsasən, əfsanə, rəvayət, lətifə, atalar sözü və məsəllər, tapmaca, yanıltmac, nağıllardır.
Folklorun qədim janrlarından olan əfsanələrdə ağlasığmaz, möcüzəli, fantastik səciyyəli qeyri-adi hadisələrdən söz açılır. İnsanın daşa, heyvana çevrilməsi, dağların, güllərin dil açıb danışması və s. əfsanələri digər epik əsərlərdən fərqləndirən səciyyəvi cəhətlərdir. Əfsanələrdə müxtəlif planetlər, əşyalar, heyvan və quşlar insana xas olan əlamətlərə malik olur. Əfsanələrin müxtəlif növləri var.
Heyvan və quş adları ilə bağlı əfsanələr zoonimik, yer adları ilə bağlı əfsanələr toponimik, tayfa, xalq, nəsil adları ilə bağlı əfsanələr etnonimik, səma cisimləri haqqında əfsanələr kosmoqonik əfsanələr adlanır.
“Səməndər quşu” əfsanəsində oda inam, quşa tapınma motivləri öz əksini tapıb. Əfsanəyə görə, Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman onun qovdan olan tükü alışır və o yanaraq külə dönür.
Rəvayətlər əfsanələrdən fərqli olaraq, tarixən baş vermiş, bu və ya digər şəxsiyyətlə bağlı real həyat hadisələri zəminində yaranır. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. “Nuh peyğəmbər”, “Astiaq”, “Tomris” və s. rəvayətlərdə tarixi və əfsanəvi şəxsiyyətlərin həyatı, fəaliyyəti ilə bağlı hadisələr əks olunub.
Lətifə cəmiyyətdə, ailə və məişətdə, insan xarakter və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlərdir. Lətifələrdə yumorla yanaşı, satira, sarkazm da mühüm yer tutur. Xalq arasında Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı lətifələr geniş yayılıb.
Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. Bu nümunələr xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Onlara “müdrik sözlər”, “qanadlı sözlər” və s. deyilməsi də bu hikmətli xalq örnəklərinə verilən yüksək qiymətlə bağlıdır. Həm atalar sözü, həm də məsəllər müdrik ifadələr olsalar da, onların arasında fərq də vardır. Atalar sözündə fikir ümumiləşmiş, bitkin şəkildə ifadə edilir. Buna görə də onların izahına ehtiyac duyulmur. Məsələn, “İş insanın cövhəridir”, “Bu günün işini sabaha qoyma”, “Yüz ölç, bir biç” və s. Atalar sözlərindən fərqli olaraq, məsəllər müəyyən əhvalatla bağlı olur. Məsəl müəyyən əhvalatın, hadisənin nəticəsi, yekunu kimi meydana çıxır. Onun mənasını başa düşmək üçün bağlı olduğu əhvalatı bilmək lazımdır. Məsələn, “Dava yorğan davasıdır” məsəli Molla Nəsrəddin lətifəsi ilə bağlıdır. Bu məsəldən, adətən, münaqişənin, mübahisənin əsl səbəbini göstərmək üçün istifadə olunur.
Epik folklorun geniş yayılmış janrlarından olan tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanın məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur. Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə, səhv yoldur. Tapmacanın cavabını tapmaq üçün obrazlı təfəkkür, məntiqi düşüncə tələb olunur.
Epik folklorun janrlarından olan yanıltmaclar səs oyunu üzərində qurulmuşdur. Həm nəzm, həm də nəsr şəklində olan yanıltmaclar eyni səsin, oxşar səslənən sözlərin, söz birləşmələrinin sırası, əvəzlənməsi prinsipinə əsaslanır. Bu janrda olan nümunələr yumoristik məzmuna malik olub, uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir: Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış.
Epik folklorun ən qədim janrlarından biri də nağıllardır. İnsanların qədim dövrlərdən yaratdığı nağıllar dildən-dilə keçərək dəyişmiş, zənginləşmiş, dövrümüzə gəlib çatmışdır. Nağılların özəl xüsusiyyətləri vardır. Bu nümunələrdə bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Qəhrəman əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələrə qalib gələrək öz arzusuna çatır.
Nağıllar mövzu, məzmun etibarilə, əsasən, üç yerə bölünür: heyvanlar haqqında nağıllar, sehrli nağıllar və məişət nağılları. Onların hər birinin səciyyəvi xüsusiyyətləri vardır.
- Heyvanlar haqqında nağıllarda haqsızlıq, ədalətsizliklə mübarizə motivləri mühüm yer tutur. Bu nağıllarda xeyiri və şəri təmsil etməklə, heyvanlar iki qrupa bölünür.
- Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələrlə mübarizə aparmalı olur. Bu mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr (simurq quşu, uçan xalça və s.) kömək edir.
- Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Bu nağılların qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah və fərasətli olurlar. Onlar həyatda çətinliklərlə qarşılaşır, yoxsulluq içində yaşayırlar. Belə nağılların qəhrəmanları öz arzularına çatmaq üçün mübarizə aparır, dara düşən insanların köməyinə yetişir, çətin sınaqlardan üzüağ çıxaraq ağıl və bacarıqları ilə şər qüvvələrə qalib gəlirlər.
Aşıq yaradıcılığı xalq ədəbiyyatının mühüm, həm də zəngin hissəsi olub, tarixin çox qədim zamanlarından baş alıb gəlir. Müəllifin məlum olması aşıq şeirini şifahi xalq ədəbiyyatının digər sahələrindən fərqləndirən əsas cəhətlərdəndir. Qədim dövrlərdə dədə, bəzən də ozan, varsaq adlandırılan aşıqlar yaşadıqları zəmanənin mühüm hadisələrinə əsərlərində münasibət bildirmiş, elin-obanın dərdinin, arzu-istəyinin ifadəçisi olmuşlar. Qoşma, gəraylı, bayatı aşıqların daha çox müraciət etdikləri janrlardır.
Aşıqlar iki qrupa bölünür: bir qismi yaradıcı olub, şeir qoşur, dastan yaradır və onları ifa edir; bir qismi isə daha çox mövcud əsərlərin ifası ilə məşğul olur. Belələri ifaçı aşıq adlandırılır. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan və b. aşıq sənətinin inkişafına, zənginləşməsinə böyük töhfə vermiş yaradıcı aşıqlardır.
Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı və b. ifaçılıq yolunu tutmuş, aşıq sənətinin yaşamasına, yayılmasına əhəmiyyətli xidmət göstərmişlər.
Aşıq yaradıcılığının məhsulu olan dastan epik-lirik əsər sayılır. Dastanda nəsrlə nəzm, epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Aşıq dastandakı əhvalatı nağıl edərkən saz havasının müşayiəti ilə qəhrəmanın hiss və həyəcanlarını əks etdirən şeirlər də söyləyir.
“Kitabi-Dədə Qorqud”, eləcə də “Koroğlu”da vətənin müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizə geniş əks olunduğundan onlar qəhrəmanlıq dastanları adlanır.
“Şah İsmayıl”, “Aşıq Qərib” kimi məhəbbət dastanlarında isə azad məhəbbətdən, bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarət sayəsində qovuşmasından bəhs olunur. Məhəbbət dastanları ustadnamə ilə başlayıb duvaqqapma ilə bitir. Bəzi məhəbbət dastanları faciə ilə bitir, sevgililər şər qüvvələrin yaratdığı maneələri aşa bilmir, bir-birinə qovuşmur. Belə dastanlarda duvaqqapma olmur.
Dramatik növün janrlarına xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Onların hər birinə aid nümunələr dövrümüzə çatmışdır. Məsələn, “Xan oyunu” xalq oyunları növünə aid nümunə hesab edilir. Xalq tamaşalarına meydan tamaşaları da deyilir. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” tamaşasında tənbəlliyin tənqidi, əməyə rəğbət hissinin oyadılması ön plana çəkilir. Şəbihlər dini tamaşalardır. Bu tamaşalar daha çox məhərrəmlik mərasimləri ilə bağlı olur.
Dramatik növün janrlarından olan oyunlar uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyacından yaranmışdır. Lakin oyunlar uşaqlarda təqlidlə yanaşı, düzüb-qoşmaq, yaratmaq bacarığını da üzə çıxarır. O, sənətin bir neçə sahəsini — musiqini, rəqsi, şeiri, aktyorluğu özündə birləşdirir. Kollektiv şəkildə həyata keçirilən uşaq oyunları oturaq və hərəkətli olmaqla iki yerə bölünür. “Lal-dinməz”, “Əl üstə kimin əli”, “Uçdu, uçdu” və s. uşaq oturaq oyunlarına aiddir.
Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunlarda əşyalardan istifadə edilir. “Dəsmalı ver”, “Xəndəyədüşmə”, “Dəyirman” və s. bu qəbildəndir.
- Teqlər:
- şifahi xalq ədəbiyyatı
- , folklor
- , şifahi xalq yaradıcılığı
- , ədəbiyyat nəzəriyyəsi
- , ədəbiyyatşünaslıq
Turkiye Edebiyyati – Wikipedia
Türklərin ana vətəni Orta Asiyadakı mədəni yaradıcılığının hamısı bu günə qədər gəlib çıxmayıb. Türk dilində ilk yazılı əsərləri 6-cı əsrdən qaldığını nəzərə alsaq bu dövrün ədəbiyyatı ilə bağlı əsas sənədlərin əldə olmadığını deyə bilərik.
Şifahi ədəbiyyat
Mahmud Kaşğari nin 11-ci əsrdə yazdığı “Divanü Lüğat-it-Türk” (Türk dilləri Sözlüyü) adlı kitabında dövrün şifahi əsərləri yazılı şəkildə özünə yer tapıb. Şifahi ədəbiyyat ənənəsində şeir ilk yerdə durur. Kam, baksı, ozan, şaman adlandırılan ilk şairlər qopuz deyilən simli bir alətin müşayiəti ilə şeirlərini səsləndirirdi. Aprınçur Tigin, Çuçu, Kül Tarkan, Çisuya Tutunq, Asıq Tutunq Sunqku Seli və Kalim Keyşi əsərlərindən nümunələr olan ilk şairlər arasındadır.
Yazılı ədəbiyyat
İlk türkcə yazılı əsərlər 6-cı əsrdən qalan Yenisey yazıları və 8-ci əsrdən qalan Orxun yazılarıdır. Xüsusi ilə Şer dilində yazılmış olan Orxun yazıları türk dünyasının ümumi yaşamı, mədəniyyət və sənət sahəsində müxtəlif istiqamətlərdən əngin bilgilərlə boldur.
İslamın təsirindən meydana gələn türk ədəbiyyatı
Qaraxanlı hökmdarı Satuk Uğra xanın 10-cu əsrdə İslam dinini qəbul etməsindən sonra türk dünyası yeni bir mədəniyyət mühitinə daxil olmağa başladı. Qərbə köç edən türk tayfaları bu mədəniyyətin təsirlərini ədəbiyyat dünyasına da gətirdilər. Mahmud Qaşqarlı Divani Lüğətit Türkü ərəblərə türkcə öyrətmək məqsədi ilə hazırladı. Yusif Has Hacib İslam ölkələrini ehtiva edən bir dövlət fəlsəfəsini Kutadqu Bilik (11-ci əsr) adlı əsərində işləyib hazırladı. Əlişir Nəvai cığatayca zəngin bir mədəni və sənət dili yaratdı. Anadoluya gələn türk tayfaları burada yeni bir ədəbiyyat ənənəsinin formalaşmasında böyük rol oynadılar. Anadoluda ilk nümunələrini 13-cü əsrdən başlayaraq yarcndığı qəbul edilən bu ədəbiyyat ənənəsi iki sahədə inkişaf etmişdir:divan ədəbiyyatı və xalq ədəbiyyatı.
Divan ədəbiyyatı: Osmanlı dövründə xüsusilə mədrəsədə təhsil alanların ərəb və daha çox fars ədəbiyyatı nümunəsində inkişaf etdirdikləri ədəbiyyat ənənəsi ümumi olaraq “Divan ədəbiyyatı” adı ilə öyrənilir. Buna “zümrə ədəbiyyatı”, “ümməti çağı türk ədəbiyyatı” adını verənlər də var. Divan ədəbiyyatının yarandığı dövrdə (13-15-ci əsrlər) fars təsirləri üstünlük təşkil edirdi. İlk şairlər (Əhmədi Dai, Kadi Bürhanəddin, Şeyxi) əsasən dini şeirlər yazırdı. Keçid dövründə (15-16-cı əsrlər) saray və onun ətrafında olanlar bu növ ədəbiyyatı xüsusi ilə dəstəkləmirdi. Divan ədəbiyyatının inkişaf dövründə (16-18-ci əsrlər) təsir dövründən müstəqil yaradıcılıq dövrünə qədəm qoyulduğu müşahidə olunur. Klassik formalara yerli əsasların uyğunlaşdırılmasına cəhd göstərilir,yeni tərzlər, xüsusilə də “Şebki Hindi” adlanan bir şeir tərzi yaradılmışdı (Məhəmməd Füzuli, Baqqi, Bağdadlı Ruhi, Yusif Nabi, Nəfi,Nədim, Şeyx Qalib, Övliya Çələbi, Naima, Veysi, Nərgisi)
Xalq ədəbiyyatı: Müəllifləri məlum olmayan və ya bilinməyən xalq hekayələri, nəğmələri, maniləri, atalar sözləri, tapmacalar, oyunlərı xalq ədəbiyyatının bir hissəsini yaradır. Təkkə ədəbiyyatı xalq ədəbiyyatının dini formalı növüdür. Təkkə şeirləri ilahi, nəfəskim xüsusi bəstələrlə oxunurdu. Bu ədəbiyyatın dili ərəb və farsca olsa da asan başa düşülürdü. Dördlük nəzm forması və heca ölçüsü sonuna qədər istifadə olunmuşdur. Bu ədəbiyyatın ən önəmli nümayəndələri Yunus Əmrə, İmadəddin Nəsimi, Qayğusuz Abdal, Hacı Bayram Vəli, Şah İsmayıl Xətai, Pir Sultan Abdal dır.
Xalq ədəbiyyatının bir başqa sahəsi olan aşıq ədəbiyyatı 16-cı əsrdən günümüzə qədər olan bir dövrü əhatə edir. Aşıq deyilən xalq ozanları adətən sazları ilə Anadolunu gəzərək həm bir ənənə yaratmış, həm də var olmağa çalışmışdılar. Qaracaoğlan, Aşıq Ömər, Gövhəri, Dərdli, Ərzurumlu Əmrah, Bayburdlu Zehni, Rühsəti, Sümmani, Aşıq Veysəl, Əli İzzət Ozkan ı onlara nümunə göstərmək olar.
Qərb təsiri nəticəsində formalaşan türk ədəbiyyatı
Türk (Osmanlı) toplumunda 18-ci əsrdən sonra qərb mədəniyyətini mənimsəmək istiqamətində bir sıra işlər görülmüşdür. Hərbi və siyasi sahədəki inkişaf bir müddət sonra ədəbiyyata də təsir göstərməyə başladı. Xüsusən də qərbi görən və bura ilə yaxından tanış olan ədəbiyyatçılar yeni bir ədəbiyyatın ilk müjdəçiləri oldular. Qərb təsiri nəticəsində formalaşan türk ədəbiyyatının başlanğıcı kimi Tərcümani Əhval (1860) qəzetinin nəşri qəbul edilməkdəir. Çünki bu qəzet rəsmi, ya da yarı rəsmi bir orqan deyil, özəl şəkildə dərc edilən ilk türk qəzeti idi. Belə bir şəkildə başladığı qəbul edilən yeni dövr ədəbiyyatı aşağıdakı dövrlər üzrə öyrənilir: Tanzimat dövrü, Sərvət-i Fünun dövrü, Fecr-i Ati dövrü, Milli ədəbiyyat dövrü, Cümhuriyyət dövrü və sonrakı dövr.
- 1. Tanzimat ədəbiyyatının aparıcı nümayəndələri
- 2. Sərvət-i Fünun ədəbiyyatının aparıcı nümayəndələri
- 3. Fecr-i Ati ədəbiyyatının aparıcı nümayəndələri
- 4. Milli ədəbiyyatın aparıcı nümayəndələri
- 5. Cümhuriyyət və sonrakı dövr ədəbiyyatının aparıcı nümayəndələri
Şifahi xalq ədəbiyyatında ədəbi növlər və janrlar
İstər şifahi xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda üç ədəbi növ vardır: lirik, epik, dramatik.Folklorun lirik növünün janrları: nəğmələr, mahnılar, bayatılar, ağılar, vəsfi-hallar, laylalar, oxşamalar, yanıltmaclar və s.Folklorun epik növünün janrları: nağıllar, əfsanələr, lətifələr, dastanlar.Folklorun dramatik növünün janrları: xalq oyun-tamaşaları, kukla teatrı tamaşaları.
Nəğmələr – Lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir.
Qara kəlim aranda,
Çıxar gün qızaranda.
Xodaq murada çatar,
Kəlindən bar alanda.
Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş, qoyun.
Yağından plov olar,
Quyruğundan aş, qoyun.
Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır. Toy mərasimlərində oxunan nəğmələr də mərasim nəğmələridir. Mövsüm nəğmələri daha çox qışın bitməsi və Yeni ilin – Novruzun gəlişi ilə bağlıdır. Qəhrəmanlıq nəğmələrinə, əsasən, Koroğlu, Qaçaq Nəbi haqqında yaranan nəğmələr daxildir.
Mahnılar. Bəzən nəğmələr də adlanan mahnılar nisbətən sonrakı dövrlərdə yaranmışdır. Mahnılar nəğmələrdən fərqli olaraq, musiqi ilə ifa olunur. “Qaragilə”, “Evləri var xana-xana”, “Apardı sellər Saranı”, “Ay bəri bax, bəri bax”, “Küçələrə su səpmişəm”, “Buleyli”, “İrəvanda xal qalmadı”, “Aman nənə”, “Ay lolo”, “Sona bülbüllər”, “Süsən sünbül” və s. ən məşhur xalq mahnılarıdır.
Bayatı. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:
Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da çoxdur. Bayatı dörd misradan ibarət olur: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. Bayatının qafiyə quruluşu bu şəkildə olur: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, “Mən aşiq”, “Mən aşiqəm”, “Əzizinəm”, “Eləmi” sözləri ilə başlanır. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.
Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir. Vəsfi-hal da bayatı şəklində olur. Fala baxdırma, bəxti, taleyi müəyyənləşdirmə ilə bağlı oxunan mərasim nəğməsidir.
Layla. Ananın və ya nənənin körpə uşağı yatırmaq üçün beşik başında oxuduğu nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqarət hissəsi də əlavə edilir. Məsələn:
Layla beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Oxşamalar. Ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya “nazlama” da deyilir. Məsələn:
Tüstüsüz damlar,
Sarı badamlar,
Tənbəl adamlar,
Bu balama qurban.
Tapmacalar. İnsanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan janrdır. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir və onun tapılması qarşı tərəfdən tələb olunur. Nəsrlə olan tapmacalar da var. “Mən getdikcə o da gedir”(Kölgə).
Atalar sözləri və məsəllər. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin “Divanu lüğət-it-türk”, “Kitabi-Dədə Qorqud” kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları – “Oğuznamə”lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.
Məsəllər yığcamlığına və hikmətli məzmununa görə atalar sözlərinə oxşasa da, ondan fərqlənir. Atalar sözlərindən fərqli olaraq, məsəllərdə fikir bitkin olmur və müstəqil işlənə bilmir. Məsəl müəyyən bir hadisə və lətifə ilə bağlı olur və məzmunu yalnız müəyyən izahatdan sonra aydınlaşır. Məsələn: “Sən çaldın”, “Qələt yağ küpəsindədir” məsəlləri Molla Nəsrəddin lətifələri ilə bağlıdır.
Əfsanələr. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət – onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Epik növün bu janrı daha çox xalqın tarixini, dünyagörüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır:
1. Heyvanlar, quşlar haqqında
2. Güllər, çiçəklər, ağaclar haqqında
3. Yer adları haqqında
4. Tayfa, el, xalq, nəsil haqqında
5. Səma cisimləri haqqında
6. Tarixi şəxsiyyətlər haqqında
7. Nizami mövzuları haqqında
8. Ailə-məişət məsələləri və dini baxışlar haqqında.
Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır.
Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını – ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır.
Nağıllar. Şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və daha çox yayılmış janrıdır. Nağıllarda xalqın həyatı və məişəti dünyagörüşü və inancları, arzu və xəyalları əks olunmuşdur. Nağıllar mövzu və məzmunca iki növə bölünür: əfsanəvi nağıllar və realist nağıllar. Əfsanəvi nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli papaq, sehrli tütək, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Realist nağıllar daha çox inandırıcı, real hadisələrdən bəhs edir və ailə-məişətlə bağlı olur. Nağılların çoxu “biri varmış, biri yoxmuş” sözləri ilə başlanır və rəvayət şəklində söylənilir. Bəzən nağılların əvvəlində gülməli məzmunlu və qaravəlli adlanan giriş hissəsi də olur.
Lətifələr. Qaravəlli kimi yumoristik, satirik məzmun daşıyır.Lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor,həm də acı istehza və kinayə şəklində olur. Lətifələrin çoxu Molla Nəsrəddinin adı ilə bağlıdır. Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə ilə bağlı yaranmışdır. Lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir.
Dastanlar. Azərbaycan folklorunun özəlliklərindən birini – onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında “Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun “Divanu lüğət-it-türk” (“Türk dilinin divanı”) əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.
Şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrıdır. Ədəbiyyatşünaslıqda dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr,həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şe”r parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bə”zən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir.Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları “Kitabi-Dədə Qorqud”, “Koroğlu”,və “Qaçaq Nəbi”dir. Qəhrəmanlıq dastanları, əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər. “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl” dastanları ən çox yayılmış məhəbbət dastanlarıdır. Məhəbbət dastanları, ən”ənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə-hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könül açan, şən məzmun daşıyır və müxəmməs şəklində olur.
Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır: Ü.Hacıbəyov -“Koroğlu”, Z.Hacıbəyov – “Aşıq Qərib”, M.Maqomayev – “Şah İsmayıl” və s. Məhəbbət dastanlarından fərqli olaraq, “Koroğlu” müxtəlif qolların toplusu olmaqla “Dədə Qorqud” dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. “Koroğlu” eposunun süjetində konkret tarixi hadisə – XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.
Xalq dramları. Xalqın qədim adət və ənənələri ,mərasim və ayinləri əsasında yaranmış və bayramlarda, el şənliklərində icra edilmişdir. Xalq dramlarına xalq oyun- tamaşaları da deyilir. Ən qədim xalq oyun tamaşalarından biri “Kilimarası”dır. “Kosa-Kosa”, “Qodu-qodu”, “İki qardaş”, “Xəsis”, “Keçəl” oyun-tamaşaları da xalq dramlarıdır. Xalq dramlarında, adətən, nəsr və nəzm hissələri olur. Ailə-məişət mövzusunda da xalq oyun – tamaşaları vardır.
Aşıq yaradıcılığı. Azərbaycan şifahi xalq ədəbiyyatının ayrıca bir sahəsi-qolu da aşıq yaradıcılığıdır. Qədim dövrlərdə “ozan”, “dədə”, “varsaq”, “yanşaq” adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. Aşıq həm də şifahi xalq ədəbiyyatı nümunələrinin ifaçısı, söyləyəni və yayanı kimi tanınır. Özləri şeir qoşub yazdıqları şerləri oxuyan aşıqlar ustad – yaradıcı aşıq adı ilə tanınırlar. Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər belə ustad – yaradıcı aşıqlardır. Ustad aşıqların sənətini ifa edən, yayan aşıqlara isə ifaçı aşıq deyilir.
Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Əslən Qarabağın Cəbrayıl bölgəsindən olan aşıq Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və “Qurbani” dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür. Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır.
Aşıq yaradıcılığında qoşma, gəraylı, təcnis, cığalı təcnis, divani, müxəmməs kimi janrlar daha çox yayılmışdır. Aşıq şerinin əsas mövzuları saf məhəbbət və təbiət mənzərələrinin təsviri və tərənnümüdür. Azərbaycan şifahi xalq yaradıcılığı, xüsusən aşıq sənəti qonşu xalqların ədəbiyyatlarına da dərin təsir göstərmiş, bir sıra gürcü və erməni şairləri türk dilində yazıb-yaratmışlar. XVIII əsr erməni şairi Sayat Nova şeirlərinin əksəriyyətini indi onun nəvələrinin bəyənmədiyi türk (Azərbaycan) dilində qələmə almışdı.
Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində (e.ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar – qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr “Astiyaq”, “Tomris” və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. “Tomris” əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi – qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, yeriklədiyi qandan “doyunca içsin. “
“Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu – Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.