Türk xalqlarının tarixinin tdrisinin hmiyyti
Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycanda da bəzən Bartolda istinad edilir və bu da həmin fikri qəbul edən qeyri-azərbaycanlılar tərəfindən guya onun təsdiqi kimi qələmə verilir.
Türk xalqlarının tarixinin tdrisinin hmiyyti
Tanınmış alim Azərbaycan tarixini saxtalaşdırma cəhdlərindən yazdı: “Azərbaycanın adı necə ortaya çıxıb?”
Kərim ŞÜKÜROV,
Tarix elmlərİ doktoru, professor
1. Dünya ictimaiyyətşünaslığında anti-Azərbaycan cərəyanı və əsas iddialarına dair
Qloballaşma dünya elmi həyatını, o cümlədən ictimai elmləri də əhatə etmiş, onların inteqrasiyasına səbəb olmuşdur. Nəticədə dünya ictimaiyyətşünaslığı şəbəkəsinin formalaşması fakta çevrilmişdir. Təəssüf ki, bu sahədə müsbət tendensiyalarla birlikdə, neqativ meyllər də özünü göstərməkdədir. Bu neqativ meyllərin biri kimi anti-Azərbaycan cərəyanını qeyd etmək olar. Bu, özünü onda göstərir ki, əvvəllər bu və ya digər ölkədə monoqrafik tədqiqatlarda problemlə əlaqədar Azərbaycana dair həqiqətlər təhrif edilir və ya saxtalaşdırılırdısa, indi anti-Azərbaycan mövzusu xüsusi kitabların predmetinə çevrilir, bu sahədə ayrıca konfranslar və simpoziumlar düzənlənir, dinləmələr təşkil olunur və s. Hətta demək olar ki, dünya ictimaiyyətşünaslığının anti-Azərbaycan mövzusuna dair xüsusi biblioqrafiya hazırlamaq mümkündür. Onun mərkəzində erməni ictimaiyyətşünaslığı gəlir, yaxud onlar bu prosesin mərkəzinə keçir. Hazırda Ermənistan və erməni diasporu ictimaiyyətşünaslığında anti-Azərbaycan fəaliyyəti xüsusi sənət sahəsinə çevrilmişdir. Bu sahədə fəaliyyəti ilə qartımış və tarixə gömülmüş köhnələrin estafeti daha çox aqressivləşmiş və ideolojiləşmiş yeni nəsilə keçmişdir. Bu sırada A.Şaginyan, Q.Asatryan, T.Vardanyan, V.Tunyan, R.Qaliçiyan, L.Məlikşahnazaryan (1958-2015) və b. əsas yer tutur. Onların ideoloijiləşməsi o dərəcədə özünü göstərir ki, hətta həmin müəlliflərin əsərlərinə müsbət resenziyalar yazan mütəxəssislər də onun üzərindən keçə bilmir. Bunu Q.Asatryanın “İranın etnik kompozisiyası. “Ari məkanından” Azərbaycan mifinədək” adlı kitabına resenziya yazan Y.V.Baxrevski də qeyd etməli olmuşdur. O resenziyasında yazır ki, müəllifin Azərbaycan məsələsinə xüsusi münasibəti aydındır, lakin etiraf etmək lazımdır ki, bu məsələni nəzərdən keçirərkən o, həddindən artıq qərəz nümayiş etdirir, polemika üslubu elmilikdən demək olar ki, ideolojiyə çevrilir. [14,S.219]
İran ictimaiyyətşünaslığının anti-Azərbaycan sahəsində yetişmiş mütəxəssislərinin (əslən azərbaycanlı olan S.Ə.Kəsrəvi (1890-1946)) ənənəsi də sonrakı nümayəndələri tərəfindən (Rza Enayətolla (1920-2010) və b.) inadla davam etdirilib. Bəzi Rusiya alimləri (V.A.Şnirelman, V.A.Zaxarov, G.Y.Trapeznikov, M.İ.Meltyuxov, O.Tarasov və b.) də burada xüsusi fəallıq göstərirlər. Çox maraqlıdır ki, vaxtilə maldarlıqdan dissertasiya yazan Şnirelman Azərbaycan üzrə demək olar ki, ən çox müraciət edilən əsərin müəllifinə çevrilib, çünki bu müəllifin az qala hər bir sətri Azərbaycan tarixinin saxtalaşdırılmasına həsr edilmişdir.
Avropa və Amerikanın bəzi alimləri də bu cərəyanda xüsusi yer tutur. Diqqəti çəkən məsələlərdən biri də ondan ibarətdir ki, əslən erməni olan bir sıra tarixçilər çalışdıqları ölkələrin mütəxəssisləri kimi təqdim olunur. A.Y.Sarkisyans (Rusiya), Corc Burnutyan (ABŞ) və b. bu qəbildəndir. Onların bu adla təqdim edilməsi erməni yanaşmasını nəinki dəyişmir, hətta bu ad altında daha çox saxtakarlıq edirlər.
Yerli etnik millətçilər də fürsətdən yararlanaraq, anti-Azərbaycan cərəyana qoşulmaqdadır. Bu rəngarəng qüvvələr yaxşı koordinasiya olunur, bir-birinin əsərlərini ingilis, rus və s. dillərə tərcümə etməklə oxucu dairəsini genişləndirməyə çalışır, konfrans və simpoziumlar vasitəsilə fəaliyyətlərini tənzimləyirlər. Təəssüf ki, Azərbaycan tarixinin fundamental problemlərini qeyri-peşəkar və populist diskussiyaların müzakirəsinə çevirib, boşboğazlıqla məşğul olan bəzi azərbaycanlı müəlliflər də subyektiv fikirləri ilə onlara dəstək verməkdədir.
Anti-Azərbaycan güruhun fəaliyyətinin ən təhlükəli istiqaməti ondan ibarətdir ki, onlar son zamanlar elmilik adı altında, əslində Azərbaycanın varlığını şübhə altına alan iki mühüm iddia üzrə platforma yaratmağa və bu zəmində daha çox fəallaşmağa başlamışdır. 2013-cü ilin yanvarında İrəvanda R.Enayətollaya həsr edilmiş “Şirvan, Arran və Azərbaycan: tarixi-mədəni retrospektiv baxış” adlı konfransın məqsədi kimi “Azərbaycan Respublikasının əsasının aydınlaşdırılması” elan edilmişdir. Həmin konfransda iştirak edən Böyük Britaniyadan olan Əli Qranheym demişdir ki, Azərbaycan və azərbaycanlı adlanan xalq XX əsrədək tarixlə tanış olmamışdır. Onların tarixi saxtalaşdırılmışdır: bunlar köhnə türklər, yerli müsəlmanlar olub, İranın şimalında yaşayırlar və s. [28]
2. Nə üçün Bartold və Stalin?
“Azərbaycan” və “azərbaycanlı” adına dair konsepsiyalara etibar qazandırmaq üçün hiyləgər bir üsula əl atılır. Görkəmli şərqşünas, akademik V.V.Bartoldun (1869-1930) vaxtilə Bakıda “Azərbaycan” adı haqqında səsləndirdiyi bir fikri təhlil etmədən tutuquşu ağlı və inadkarlığı ilə təkrar edib, “azərbaycanlı” adı haqqında İ.Stalinin (1878-1953) fikirlərini də mifləşdirmişlər. Onların məqsədyönlü fəaliyyəti ilə bu fikirlərə “hökm” statusu tanınıb, “klassikləşdirilib” və Azərbaycan əleyhinə guya tutarlı arqumentlərə çevrilib. Buna əmin olmaq üçün İnternetdə bu məsələ üzrə axtarış vermək kifayətdir. Onların hamısının adını çəkməyə ehtiyac görmədən, bu sahədə xüsusi canfəşanlıq göstərən bir neçəsindən bəhs etmək istəyirəm.
Son dövrlərdə məsləkini Azərbaycan tarixinin saxtalaşdırılmasına həsr edən şərqşünas-tarixçilərin ilk sırasında yer alan Sankt-Peterburq Univesitetinin MDB ölkələri xalqlarının tarixi kafedrasının professoru, tarix elmləri doktoru A.Ş.Şaginyan 1918-ci ilədək Ön Asiyanın xəritəsində yalnız İran (Persiya) hüdudlarında yerləşən bir Azərbaycanın olması haqqında fikrini əsaslandırmaq üçün Brokqauz-Yefron ensiklopedik lüğətinə, Britanikaya və V.F.Minorskinin (1877-1966) Azərbaycan Respublikasının adının İranın qonşu vilayətinin toponimiyasından qəsb edilməsi haqqında fikirlərinə yer verən İslam Ensiklopediyasına, xüsusilə Bartolda geniş yer ayırır [44, S.6-7].
Bartold kimi düşünənlərdən biri də ağqvardiyaçı generallardan olan A.Denikin (1872-1947) olmuşdur. Ona görə də Bartoldun baxışına konseptual xarakter vermək üçün ən çox iqtibas edilənlərdən biridir. O, beş cildlik kitabının 1925-ci ilin sentyabrında çapdan çıxan IV cildində Azərbaycandan bəhs edərkən burada onun adından başlayaraq hər şeyin süni olmasını və s. iddia etmişdir [24]. Azərbaycan Xalq Cümhuriyyəti ilə Denikin arasında düşmən münasibəti nəzərə alsaq, belə bir yanaşmaya hər hansı münasibət tarixi obyektivliyə hörmətsizlik olar ki, bunun isə həmin yolla gedənlər üçün elə bir əhəmiyyəti yoxdur, təki Azərbaycan əleyhinə bir fikir olsun.
Digər bir erməni şərqşünas professoru Q.Asatryan isə obyektivlik ölçüsünü o dərəcədə itirmişdir ki, özünün anti-Azərbaycan əsərləri ilə kifayətlənməyərək, bu sahədə canfəşanlıq etmiş İran alimlərinin əsərlərini rus dilinə tərcümə edib nəşr etməklə də məşğul olmağa vaxt tapmışdır. Asatryan kitabını tərcümə etdiyi iranlı həmməsləki professor Enayetolla Rzanın “Azərbaycan və Arran” adlı kitabına ön söz yazmış, ona və bu mövqedə olan iranlılara təriflər yağdırmışdır. Halbuki bu kitabla tanışlıq göstərir ki, onun bütün müddəaları yanlışdır. E.Rza kitabının səkkizinci fəslini Arranın Azərbaycan adlandırılması tarixinə həsr edərək, Bartolda da səxavətlə müraciət edir və mahiyyət etibarilə anaxronizmə yol verərək onun fikirlərini, ümumiyyətlə, anlamadığını nümayiş etdirir [46]. Bundan əlavə, problemi daha da dərinləşdirmək məqsədilə S.Ə.Kəsrəvi-Təbrizidən iqtibaslar verir. Ş.M.Xiyabaninin 1920-ci il hərəkatı zamanı Azərbaycan adının Azadistan ilə dəyişdirilməsini şimalda Azərbaycan adının qəbul edilməsinə etirazı kimi verilir.
Kəsrəviçiliyin mahiyyət etibarilə tendensiyalı xarakter daşıdığı Azərbaycan tarixşünaslığında sübut edilmiş məsələlərdəndir. Xiyabaniyə gəldikdə isə, onun ölkənin adının dəyişdirilməsinə dəstək verməsi, daha çox Azərbaycanın azad insanların ölkəsi olması kimi dərk edilməsi ilə bağlı olmuşdur. Müasir Azərbaycan tarixşünaslığında da bəzən bu məsələyə kifayət qədər aydın mövqe ifadə edilməməsinə baxmayaraq, belə hesab edirəm ki, motivindən asılı olmayraq, ölkənin adının dəyişdirilməsi siyasəti doğru hesab oluna bilməz. Əksinə, ölkənin şimalında Azərbaycan adlı dövlətin meydana gəlməsi onun İranın tərkibində olan hissəsi üçün də vacib faktora çevrilmişdi. 1941-1946-cı il hadisələri zamanı bu, özünü daha aydın göstərmişdi.
Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycanda da bəzən Bartolda istinad edilir və bu da həmin fikri qəbul edən qeyri-azərbaycanlılar tərəfindən guya onun təsdiqi kimi qələmə verilir.
Anti-Azərbaycan güruhun digər bir ümid yeri isə Stalinin azərbaycanlılar haqqında fikirləri ilə bağlıdır. Bu da elə bir dəb halı almışdır ki, hər kəs mahiyyəti anlamadan ona müraciət etməyi lazım bilir. Bartold məsələsindən fərqli olaraq, burada müəyyən “yaradıcılığa” yol verilir, çünki situasiya fərqlidir, bir iqtibasla kifayətlənmək mümkün deyildir. Əslində elə bu da onları çətin vəziyyətə salır. Stalinin azərbaycanlı adını harada, nə vaxt və necə işlətməsini müəyyən etmək zərurəti ortaya çıxır. Burada daha fəal olan erməni müəlliflər bu məqsədlə Kommunist Partiyasının milli münasibətlər sahəsində əsas nəzəriyyəçilərindən hesab olunan, totalitar rejimi yaradan və onun başında duran Stalinin 1913-cü ildə yazdığı “Marksizm və milli məsələ” əsərinə, onun partiyanın X və XII qurultaylarındakı çıxışlarına və s. əsərlərinə müraciət edərək sitatlar toplayır və bu əsasda özlərinə sərfəli olan konsepsiya formalaşdırmağa çalışırlar. Belə yazılardan birinin başlığında iddia olunur ki, Stalin ilk dəfə 1929-cu ildə azərbaycanlılar haqqında xatırlatmışdır [17]. Digər bir yazıda isə qeyd edilir ki, Stalinin iradi qərarı ilə 1936-cı ildə Azərbaycanın türk qəbilələri azərbaycanlı adlandırılır və bundan sonra respublikanın qeyri-türk xalqlarının assimilyasiyası xüsusilə kütləvi xarakter alır. Azərbaycan tarixçisi isə “Azərbaycan türkləri” və ya “türk” adının dəyişdirilməsi barədə Stalinin 1936-cı ildə fərmanı olduğunu bildirir [30]
Bu mülahizələr ənənəvi hal alaraq, digər işlərdə də bu və ya digər variasiyada təkrar olunur. Ona görə də onları xüsusi xatırlatmağa ehtiyac görmürəm.
Beləliklə, Bartoldun Azərbaycan, Stalinin azərbaycanlı adı haqqında fikirlərinin elmi-tənqidi təhlilinə ehtiyac vardır. Bu, eyni zamanda Azərbaycan və azərbaycanlılar haqqında həqiqətin bərpasını da zəruri edir.
3. Bartoldun səhvi və səhvin cavabı
V.V.Bartold 1924-cü ilin noyabr və dekabr aylarında Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində Xəzərsahili vilayətlərin müsəlman dünyası tarixində yerinə dair mühazirələr oxumuşdur. Bundan əlavə, Azərbaycan tarixinin qısa icmalına dair bir mühazirə də dekabrın 12-də Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin (Azərbaycanı Tədqiq edən və Öyrənən Cəmiyyət – 1923-1929) Tarix-etnoqrafiya bölməsinin açıq iclasında olmuşdur. Mühazirə mətnləri növbəti il nəşr edilmişdir [10].
Mühazirələri nəşrə hazırlayan Cəmiyyətin Tarix-etnoqrafiya bölməsi mühazirə kursunun, əvvəla, universitet tələbələrinə kömək olaraq kursun yazılı şəkildə təqdim edilməsi, ikinci, Tarix-etnoqrafiya bölməsinin yeni açılmış Azərbaycanşünaslıq kursları, həmçinin bölmə üzvlərinə Azərbaycan və Xəzərsahili həmhüdud ölkələrin tarixi üzrə vəsait verilməsi kimi təcrübi məqsəd güddüyünü bildirir [11, c.651].
Hər biri iki hissədən ibarət olan on mühazirə xronoloji baxımdan qədim dövrlərdən başlayaraq XIX əsrin sonlarınadək davam edir. X (19-20) mühazirəyədək hadisələr xronoloji ardıcıllıqla şərh edilir. Sonuncu, X mühazirə isə [11, c.766-772] mənbə və ədəbiyyata həsr edilir.
Bartold bu nəşrə ön sözündə mühazirələrin stenoqrafik yazısına baxılmaq üçün ona verildiyini, şərh formasına toxunmadan, faktik səhvləri düzəltdiyini, üzərinə məsuliyyət götürmədiyini bildirir. Mühazirə mətninin Bakıda Bartoldun imzası ilə nəşri və sonralar Orta Asiya tarixi, Qafqaz və Şərqi Avropa üzrə işlər adı ilə onun əsərlərinin II cildinin 1-ci hissəsinə [11, c.651-772] daxil edilməsi bu qeydin formal xarakter daşıdığını göstərir. IV (7-8) mühazirəyə qeyddə onun müəllif tərəfindən verilən konspekt [11, c.689], X (19-20) mühazirəyə qeyddə isə [11, c.766] müəllif tərəfindən verilən xülasə şəklində çap olunduğunun göstərilməsi də Bartoldun mühazirələrə xüsusi hazırlaşdığını göstərir. Azərbaycanın əsas Xəzərsahili ölkələrdən biri olmasına baxmayaraq, mühazirədə Xəzərin şimal və cənubu, xüsusilə də Orta Asiya tarixi üzərində daha geniş dayanılmışdır.
Görkəmli alimlərin mühazirələrinin təcrübəsindən yaxşı məlumdur ki, mühazirənin ən vacib mərasimlərindən biri sonda baş tutan sual-cavabla bağlı olur. Bartoldun Bakı mühazirəsi də sual-cavabla müşayiət olunmuşdur və əslində elə mühazirələrin ən diqqətəlayiq hissəsi kimi çıxış etmişdir. Belə sual-cavablar I (1-2) mühazirədən [11, c.660-663], həmçinin V (9-10) [11, c.702-705], VI (11-12) [11, c.717-720] və VIII mühazirələrin birinci hissəsindən sonra [11, c.741-744] olmuşdur. Bu suallara verilən cavablar da mühazirənin tərkib hissəsi kim qəbul edilməlidir.
Burada Bartoldun Azərbaycan adı haqqında geniş təbliğ edilən fikri də məhz sual-cavab mərasimi ilə bağlıdır. Bu sual-cavab V (9-10) mühazirənin birinci hissəsindən sonra olmuşdur. Mühazirədə XII-XIII əsrlərin hadisələrindən – Xarəzmşahlar dövləti və Çingiz xanın hakimiyyətə gəlməsi ilə əlaqədar hadisələrdən bəhs edildiyi halda, mühazirə ilə heç bir əlaqəsi olmadan Bartolda belə bir sual verilir: “Azərbaycan adı altında tez-tez Arazın o tayı, baş şəhəri Təbriz olan İran Azərbaycanı nəzərdə tutulur. Bu səbəbdən bizim haqqımız varmı özümüzü Azərbaycan adlandıraq, biz Azərbaycan olmuşuq, yoxsa bu Şirvandır?” [11, c.703]
Bartold bu suala demək olar ki, birnəfəsə, cəmi üç cümlədə, amma 18 sətri (!) əhatə edən üç cümlədə cavab verir. Cavabın strukturunun tam aydın olması üçün onun tərcüməsini tərkib hissələrinə bölərək təqdim edirəm:
– Şirvan heç bir zaman hazırkı Azərbaycan Respublikası ərazisini əhatə etməsi mənasında işlənməmişdir. Şirvan – bu baş şəhəri Şamaxı ilə böyük olmayan hissədir, Gəncə və b. bu kimi şəhərlər heç vaxt Şirvanın tərkibinə daxil olmayıb;
– və əgər hazırda Azərbaycan Respublikasını birləşdirən bütün vilayətlər üçün termin fikirləşmək lazım idisə, daha çox Arran adını qəbul etmək olardı;
– lakin Azərbaycan termini ona görə seçilmişdir ki, Azərbaycanda respublika qurulan zaman düşünülürdü ki, İrandakı və bu Azərbaycan vahid bütöv təşkil edəcək, belə ki, əhalinin tərkibinə görə onlar böyük oxşarlığa malikdir. Bu əsasa görə Azərbaycan adı qəbul edildi;
– lakin əlbəttə ki, indi Azərbaycan sözü İran Azərbaycanı və xüsusi respublika kimi iki mənada istifadə olunur, dolaşıqlıq yaranır və soruşmaq lazım gəlir ki, hansı Azərbaycan nəzərdə tutulur: İran Azərbaycanı və ya bu Azərbaycan;
– onların ümumi taleyi orta əsrlərdə, xüsusilə monqollar gələn zaman təşəkkül tapmışdır ki, İran Azərbaycanı və bu [Azərbaycan] vahid və eyni türk hakimiyyəti altında olmuşdur [11, c.703].
Sualın kim tərəfindən verildiyini, əvvəlcədən hazırlanıb-hazırlanmadığını və ya intriqa xarakteri daşıyıb-daşımadığını indi müəyyən etmək çətindir. Əksinə, bundan fərqli olaraq, cavaba əsasən Bartoldun başdan belə bir suala hazır olduğunu düşünmək mümkündür. Bartold nəinki suala cavab verir, hətta oxuduğu mühazirələr zamanı bəzi suallara cavablarından fərqli olaraq, burada xüsusi təfərrüatlarla dediklərini qəbul etdirməyə çalışır. Bartoldun cavabını sonralar inadla iqtibas edənlərin və onların əsasında yeni-yeni cəfəngiyyatlar yaradanların dairəsinə az-çox bələdlik bu sual-cavabın pərdə arxasını asanlıqla müəyyən etməyə imkan verir.
Bartoldun cavabını hərtərəfli təhlil etmək üçün onu mühazirəçinin məntiqinə uyğun olaraq eyni ardıcıllıqla nəzərdən keçirmək istəyirəm. O, sualın cavabına sondan, Şirvandan başlayır və bu haqda deyilənlər elmi baxımdan mübahisə yaratmır.
Əsas dolaşıqlıq ikinci hissədən başlayır. O, yazır: “…və əgər hazırda Azərbaycan Respublikasını (o zaman Azərbaycan SSR idi – K.Ş.) birləşdirən bütün vilayətlər üçün termin fikirləşmək lazım idisə, daha çox Arran adını qəbul etmək olardı…”
Hətta mühakimə şəklində də belə bir yanaşma yanlış görünür, çünki Azərbaycanın respublika adı kimi qəbul edilməsi Azərbaycan SSR-ə deyil, Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) aiddir. Azərbaycan Cümhuriyyəti dövründə dövlətin ərazisi Azərbaycan SSR-də olandan daha geniş idi. Cümhuriyyət yaranması ərəfəsində və zamanında bu əraziyə aid termin fikirləşmək kimi məsələ isə (bu barədə aşağıda bəhs edəcəyəm) heç zaman gündəmdə olmamışdı.
Arran/Aran adına gəldikdə isə, dövlətin adı üçün bu, tamamilə səhv fikir idi. Əvvəla, ərəblər tərəfindən tətbiq edilən bu anlayış birmənalı şəkildə və davamlı olaraq ölkəni ifadə etmirdi. Belə ki, Aran anlayışı müəyyən dövrdə Albaniya ərazisini ifadə etsə də, əsasən, Albaniyanın bir hissəsinə (Kür və Araz çayları arasına) şamil olunurdu. Əslində, bu da sabit olmamışdır. Bartoldun özünün yazdığı kimi, monqol dövrünün əvvəllərindən Aranın cənubu türk adı Qarabağla ifadə edilirdi.
Onu da qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan Respublikasının iqtisadi rayonlaşdırılmasında ayrılan Aran iqtisadi regionu cəmi 18 rayon və şəhəri (Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Biləsuvar, Salyan, Yevlax, Mingəçevir, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) əhatə edir. İkinci, yenə də Bartoldun özünün də bildirdiyi kimi, Aran adı müəyyən müddət keçdikdən sonra, monqol dövrünün əvvəllərindən yalnız ədəbiyyat ənənəsində saxlanılmışdı [Daha ətraflı bax: 13]. Üçüncü, Aran sözü Azərbaycan dilində semantik dəyişikliyə uğrayaraq ölkə adından daha çox iqlimi və relyefi bildirən (isti və düzənlik yerlər) məna kəsb etmişdi. Azərbaycan dilinin izahl lüğəti indi də bu sözü “yaylaq yerlərə nisbətən alçaq və isti olan yerlər” kimi şərh edir [1, s.130] Bütün bunlara görə təxminən yeddi yüz ildən sonra Aran adının yenidən dirçəldilib, dövlət adı kimi qəbul edilməsi absurd olardı.
Bartold Aran barədə kobud səhvin ardınca, Azərbaycan adının qəbul edilməsi haqqında versiyasını irəli sürür: “…lakin Azərbaycan termini ona görə seçilmişdir ki, Azərbaycanda respublika qurulan zaman düşünülürdü ki, İrandakı və bu Azərbaycan vahid bütov təşkil edəcək, belə ki, əhalinin tərkibinə görə onlar böyük oxşarlığa malikdir. Bu əsasa görə Azərbaycan adı qəbul edildi…”
Buradan aydın olur ki, Bartold Azərbaycan adının qəbul edilməsini təbii-tarixi proses kimi qəbul etməyərək, məsələni siyasi müstəviyə keçirir. Burada bir incə məqam da ondan ibarətdir ki, “İrandakı və bu Azərbaycanın vahid bütöv” təşkil etməsində başlıca məsələ kimi xalqın deyil, məhz əhalinin tərkibinin oxşarlığına diqqət yönəldilir. Halbuki Yefron və Brokqauzun ensiklopediyasında İran və Qafqaz azərbaycanlıları eyni qrupda birləşdirilir [31, c.345]. M.Ə.Rəsulzadə (1884-1955) də bu barədə yazırdı: “Azərbaycan derkən, qəsdimiz Şimali Azərbaycan və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan ziyadə qövmi bir məna ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə (ki türkcənin bir növüdür) mütəkəllim məxsus bir qövm ədd edəriz. Bu qövmün ismi nə Aran, nə Şirvan, nə də Muğandır. Yalnız Azərbaycandır” [5,S.60].
Çox maraqlıdır ki, Qafqaz tarixinin Rusiya dövründən bəhs edən zaman “Mən siyasət aləminə daxil olmamaq üçün Qafqazın Rusiya hakimiyyəti altındakı həyatı haqqında bəhs etmək istəmirəm” [11, c.782] deyən Bartold bu məsələni siyasi baxımdan izah etməyə üstünlük verir və məlum olur ki, o, bu dövrü kifayət qədər bilmir, halbuki dövrün ümumi mənzərəsi onun təqdim etdiyindən fərqli və daha ziddiyyətli idi.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra xarici siyasətinin bütün istiqamətləri, xüsusilə qonşularından olan İranla konstruktiv əməkdaşlığa başlıca diqqət verir. Buna baxmayaraq, əsas problemlər İran tərəfindən ortaya atılır. Bu problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1) İran Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə qarşı guya tarixə əsaslanan iddia irəli sürür;
2) İran Cənubi Qafqazda gürcü və ermənilərlə eyni zamanda müsəlmanların da dövlət yaratmasını qəbul edir, lakin Azərbaycan adına etiraz edir;
3) Azərbaycan dövlətinin Osmanlı dövlətinin himayəsi ilə yaradıldığını və İran Azərbaycanının da ona birləşdirilməsinin nəzərdə tutulduğunu iddia edir;
4) Azərbaycan dövlətinin İranla birləşəcəyi təbliğ olunur və s.
Bütün bunlara baxmayaraq, bəhs olunan dövrün beynəlxalq münasibətlər sistemi və siyasi mühitini dərindən bilən M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov (1863-1934) və Cümhuriyyətin digər liderlərinin baxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, o cümlədən İranla münasibətlər (İran Azərbaycanı ilə münasibətlər də daxil olmaqla) həm konseptual, həm də praktik baxımdan hərtərəfli əksini tapmışdır. Bu barədə M.Ə.Rəsulzadənin və Ə.M.Topşubaşovun bilavasitə həmin dövrə aid məqalələrində və rəsmi sənədlərdə istənilən qədər fakt vardır. Onlar haqqında geniş bəhs olunduğu üçün yalnız bəzilərinə diqqəti cəlb etmək istəyirəm.
Xronoloji cəhətdən Topçubaşova dair materiallar əvvəl gəldiyinə görə ondan başlayaq. Onlar fövqəladə səlahiyyətli nazir Topçubaşovun İstanbulda İranın Türkiyədəki səfiri Mirzə Mahmud xan və xarici işlər naziri Əliqulu xan ilə görüşlərinə dair qeydlərdir. Bu materialların ən maraqlı cəhətlərindən biri ondan ibarətdir ki, naşirlərin doğru olaraq qeyd etdiyi kimi, onlar diplomatik söhbətlər olmuşdur, yəni fikirlər danışıq dilində kifayət qədər aydın ifadə edilmişdir. 1918-ci il noyabrın 16-dakı görüşdə səfir bildirir ki, əgər erməni və gürcülər Qafqazda azad dövlətlərini yaradırlarsa, onda nə üçün müsəlmanlar da bunu edə bilməz. Buna görə də biz sizin müstəqilliyinizə qarşı ola bilmərik, biz ilk olaraq onu alqışlamalıyıq. Bunun ardınca isə Topçubaşova iki sualla müraciət edir: “Lakin siz dövlətinizi “Azərbaycan” adlandırmısınız, bu nə deməkdir? Bu sizin İranın hüdudlarında olan əsl Azərbaycana iddialarınıza dəlalət edirmi?” Fövqəladə səlahiyyətli nazir ona açıq şəkildə cavab verir: “Qafqaz azərbaycanlılarında belə bir iddia olmayıb və yoxdur. Bu, yalnız coğrafi termindir: Azərbaycan həm Qafqazda, həm də İranda vardır”. Dialoqun sonrakı hissəsi səfirin həyəcanı ilə davam edir. O, Azərbaycanda davam edən hadisələr üçün təkanın buradan, yəni Türkiyədən verildiyini iddia edir. Topçubaşov isə diqqəti ona cəlb edir ki, biz həmişə dost və qardaş olmuşuq və elə də qalacağıq [25, № 15].
Topçubaşovun İranın xarici işlər naziri ilə görüşündə də bu və bir sıra yeni süjetlər üzrə dialoqlar davam edir. 1919-cu ilin 9 yanvar görüşündə Bakıda olarkən Əhməd bəy Ağayev ilə danışıqlarından bəhs edən nazir bildirir ki, o, tarixi məlumatları və bir neçə yüz il əvvəl xanlıqların müstəqil həyat yaşadıqlarını göstərərək, İranla birləşmək imkanına qarşı çıxdı. Topçubaşov da bunun doğru olduğunu təsdiq edir [25, № 31]. 11 yanvar görüşündə isə İran naziri ürəkdən Azərbaycanın müstəqilliyinin tərəfdarı olduqlarını və bunu gələcək Rusiyaya bəzi qarantiya hesab etdiyini bildirir [25, №34].
15 yanvar görüşündə İran nazirinin “sizin Azərbaycan haqqında məsələnin İran ilə ittifaq və birləşmə mənasında həllinin daha uyğun olması” haqqında fikrinə Topçubaşov özünə xas olan diplomatik ustalıqla belə cavab verir: “…birləşməni mən İran və bizim Azərbaycanın müstəqilliyi və maraqlarının qorunması mənasında başa düşürəm. Mən əminəm ki, burada siz bizimlə etibarlı müttəfiq tapacaqsınız”. [25, №35]
Rəsulzadənin “İran və biz” (1918,8 aprel), “Azərbaycan və İran” (1919, 28 aprel), “İran-Azərbaycan” (1919, 26 iyun) və digər məqalələri ilə tanışlıq göstərir ki, müəllif elə bil əvvəldən Bartold və onu kimi düşünənləri görüb və onların iddialarına da cavab verib. Bunların üzərində ətraflı dayanmadan “İran-Azərbaycan” məqaləsindən bir iqtibasla kifayətlənmək istəyirəm: “Cümhuriyyətimizin, cümhuriyyətdən əvvəl Azərbaycan muxtariyyəti həqqindəki davamızın qətiyyən Araz nəhrinin cənubuna aid olmadığını dəfələrlə söyləmiş, bilfel dəxi isbat eləmişiz” [5, s.64].
Bu təkzibedilməz qaynaqlarla yanaşı, tarixşünaslıqdan da bir istinad vermək istəyirəm. Bartolddan fərqli olaraq, dövrün tədqiqatçısı olan T.Svyatoçovski 1918-ci il 28 May İstiqlaliyyət Bəyannaməsini təhlil edərək yazırdı ki, “Bəyannamə öz iddiasını ancaq Arazdan şimaldakı ərazi ilə məhdudlaşdırsa da, Azərbaycan adının işlənməsi çox keçmədən İranın etirazına səbəb oldu. Tehranda şübhələr oyandı ki, Azərbaycan Respublikası Təbriz vilayətini İrandan ayırmaq üçün Osmanlı dövlətinə xidmət edir. Həmçinin Gilandakı Gəngəli milli inqilabi hərəkatı öz qəzetində hər bir müsəlman torpağının müstəqilliyini “fərəh mənbəyi kimi” alqışlayaraq, yeni respublikanın Azərbaycan adını seçməsini onun İrana birləşmək arzusu ilə bağlı olub-olmaması məsələsinə toxunurdu. İrana birləşmək niyyətinin gerçək olduğu təqdirdə, bu niyyət aydın şəkildə ifadə olunmalıdır; əks halda, iranlılar həmin respublikanın Azərbaycan adlanmasına qarşı çıxa bilər. Buna görə də İranın şübhələrinə son qoymaq məqsədilə Azərbaycan hökuməti xaricə göndərilən sənədlərdə Qafqaz Azərbaycanı istilahını işlədəcəkdi”. [6, s.95]
Bartold cavabında Azərbaycan adının qəbul edilməsi haqqında versiyasından sonra problemi daha da dramatikləşdirməyə çalışaraq qeyd edir ki, “…lakin əlbəttə ki, indi “Azərbaycan” sözü İran Azərbaycanı və xüsusi respublika kimi iki mənada istifadə olunur, dolaşıqlıq yaranır və soruşmaq lazım gəlir ki, hansı Azərbaycan nəzərdə tutulur: İran Azərbaycanı və ya bu Azərbaycan…”
Halbuki illər ötməsinə baxmayaraq, bu günün özündə belə Azərbaycan Respublikası ilə, İranda müəyyən inzibati-ərazi islahatlarından sonra yaradılan Şərqi Azərbaycan, Qərbi Azərbaycan və ya Ərdəbil ostanları arasında heç bir dolaşıqlıq hiss edilmir, akademik dairələr və ictimaiyyət də nədən bəhs olunduğunu aydın şəkildə başa düşür. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ümumi əməkdaşlıqla birgə, onun İran Azərbaycanındakı ayrı-ayrı vilayətlərlə də əlaqələri vardır.
Cavabına müasir dövrə dair mühakimələrdən başlayan Bartold fikrinin sonunda tarixin orta əsrlər dövrünə qayıdır və belə bir nəticəyə gəlir ki, “…onların ümumi taleyi orta əsrlərdə, xüsusilə monqollar gələn zaman təşəkkül tapmışdır ki, İran Azərbaycanı və bu [Azərbaycan], vahid və eyni türk hakimiyyəti altında olmuşdur”.
Bu fikir də Azərbaycan tarixinin ümumi inkişaf meyllərini tam əks etdirmir. Azərbaycanın həm şimalı, həm də cənubu III-VII əsrlər dövründə eyni dövlət tərkibində olur, Ərəb Xilafəti dövründə İslamın yayılması ilə mənəvi birlik meydana gəlir, Azərbaycan ərazisində ilk müsəlman dövlətlər yaranır, Sacilər dövləti Azərbaycan ərazisini vahid siyasi hakimiyyətdə birləşdirir, Səlcuqlar və Azərbaycan Atabəylər dövlətinin hakimiyyəti ilə Azərbaycanın cənub və şimalı yalnız eyni ölkənin coğrafi hissələri kimi başa düşülür. Bütün bunlar monqollaradək baş vermişdir.
Bartold V mühazirənin birinci hissəsindən sonra qeyd etdiyim suala verdiyi cavaba xüsusi önəm vermiş, bu fikirlər sonrakı mühazirələrə də təsir göstərmişdir. Belə ki, o, buradək heç bir şərh vermədən Cənubi Azərbaycan və Azərbaycanın cənub hissəsi anlayışlarından istifadə edir: “…bundan başqa, Cənubi Azərbaycanın iri şəhəri Ərdəbilin böyüklüyünə görə Bərdə və Dərbəndə güzəştə getdiyi qeyd edilmişdir…” [11, c.681] və yaxud “…Mosul knyazı Azərbaycanın cənub hissəsinə soxuldu və Mərzban ona qarşı getməli oldu…” [11, c.688]
Mühazirələrin bu hissəsindən sonra isə “Azərbaycan” adının çəkildiyi əksər yerdə irəli sürdüyü mülahizəyə uyğun olaraq, lazım gəldi-gəlmədi, müvafiq şərh verməyi lazım bilmişdir: “…sonra gürcülərin sözün geniş mənasında Azərbaycanın müsəlman vilayətlərinə yürüşləri haqqında xatırladılır” [11, c.707); “Qazan xanın fəaliyyəti şimalda yerləşən və hazırda Qafqaz Azərbaycanı adlanan – məlum olduğu kimi, bu ad əvvəlki zamanlarda onlara aid edilmirdi, – yerlərə toxunmaya bilməzdi” [11, c.715]; “…indi Qafqaz Azərbaycanını təşkil edən vilayət Gürcüstana nisbətən daha az gəlir verirdi” [11, c.721].
Bartold Xəzərsahili vilayətlərin müsəlman dünyasının tarixində yerinə dair mühazirələrində Azərbaycan haqqında baxışlarını Azərbaycan tarixinin qısa icmalına dair mühazirəsində də [12] davam etdirmişdir.
Wikipediya azad ensiklopediyasında Bartoldun faktiki olaraq ilk dəfə Azərbaycan, azərbaycanlı terminlərini elmi dövriyyəyə gətirməsi haqqında fikirlər də səhvdir.
4. Stalin mifi və gerçəklik
Paradoksal vəziyyət yaranıb: Bartold göylərə qaldırılır ki, Azərbaycana “Azərbaycan” adını “verməyib”, əksinə, Stalin isə mifləşdirilir ki, bu ölkənin xalqına azərbaycanlı adı “verib”, Nizamini Azərbaycana “qazandırıb” və s.
Stalinin Azərbaycan tarixinin bir sıra problemlərinin, xüsusilə milli məsələnin təhrif edilməsində mənfi rolu məlumdur. Bu sırada onun X (1921, 8-16 mart, Moskva) və XII (1923, 17-25 aprel, Moskva) partiya qurultaylarında çıxışı ayrıca qeyd edilməlidir. Stalin X qurultayda Bakının Azərbaycandan ayrı olması fikrini irəli sürmüşdür. Bu fikir Stalin totalitarizmi şəraitində müəyyən dövrdə qüvvədə olmuşdur. Hətta görkəmli şərqşünaslar sırasına daxil olan İ.P.Petruşevski (1898-1977) onun tədqiqat dövrünə aid olmadığı halda ciddi səhvə yol verərək, bu tezisi qeyd-şərtsiz qəbul etmişdir [14, c. 61]. Bəzi tarixçilərin də bu səhvi təkrar etməsinə baxmayaraq, o, Stalinin ölümündən sonra təkzib olunmuşdur.
Stalin XII qurultayda da Azərbaycan haqqında yanlış təsəvvürlər yaratmağa çalışmışdır. O, xüsusi olaraq Azərbaycanda millətçilikdən bəhs etmişdir. Bu məsələ də SSRİ MİK sədri olan N.Nərimanovun (1870-1925) “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məktubunda (1923, iyun-1924, 27 may) əsaslı şəkildə araşdırılmış və əksi göstərilmişdir. O yazırdı: “Azərbaycanın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-istəməz şifahi və ya yazılı şəkildə müraciət etdikdə, bu müraciət rus dulində olmalıdır. Belə ki, ruslar, yəhudilər və ermənilər türk dilində danışmırlar. Mən bildirirəm ki, Dövlət Duması olanda, türk əhalisi belə sıxıntıya məruz qalmırdı” və s. [4, S.38].
“Azərbaycanlı” məsələsinə gəldikdə, bu məsələnin üzərində ayrıca dayanmaq istəyirəm. Stalin azərbaycanlı adını erməni müəlliflərin iddia etdiyi kimi, ilk dəfə 1929-cu ildə işlətməmişdir. Yeri gəlmişkən, 1929-cu il ona görə xüsusi vurğulanır ki, o, bu dövrdə artıq hakimi-mütləq idi və s. Bununla da Stalinin dediyinin mütləq həyata keçirilməsinə diqqət çəkilir.
Stalin azərbaycanlı adını daha ətraflı şəkildə XII qurultayda (1923, 17-25 aprel, Moskva) çəkir. Həmin dövrdə isə vəziyyət fərqli idi. Stalinin fikrinin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, o, yeni bir anlayış gətirməmiş, sadəcə, real vəziyyətdən çıxış etmişdir. Stalin qurultayın 15-ci iclasında partiya və dövlət quruculuğunda milli məqamlar haqqında məruzəsində bildirir: “Azərbaycan. Əsas milləti azərbaycanlılardır, lakin orada ermənilər də vardır. Azərbaycanlıların bir hissəsinin arasında “biz azərbaycanlılar yerliyik, onlar isə gəlmədir” mövzusunda da bəzən çox da gizli olmayan tendensiya vardır. Bu hala görə olmazmı onları bir az geri itələyib, onların mənafeyi ilə hesablaşmayaq?” [23, c.447]. Bu fikri ötürüb, 1929-cu ilə gedən müəlliflər ciddi səhvə yol verir. Buradan aydın olur ki, Azərbaycanın əsas milləti azərbaycanlılardır, onlar özlərini yerli, erməniləri isə gəlmə hesab edirlər. Stalinin bolşevik məntiqi ilə deyil, normal mühakimə ilə yanaşsaq o, da təsdiq edir ki, azərbaycanlılar özlərini tam şəkildə bu ölkənin sahibi kimi hiss edir, erməniləri gəlmə adlandırıb, öz hüquqlarını müdafiə edir.
Stalinin Karl Radekə (1885-1939) cavabında da çox maraqlı məqamlar vardır. Stalin deyir: “Sonra yoldaş Radekin nitqində olan bir qeyd haqqında iki söz, bu barədə məndən erməni yoldaşlar xahiş edir. Yoldaş Radek burada dedi ki, ermənilər Azərbaycanda azərbaycanlılara zülm edir və zülm edə bilər və ya əksinə, azərbaycanlılar Ermənistanda ermənilərə zülm edə bilər. Mən bildirməliyəm ki, ümumiyyətlə, təbiətdə belə hal olmur. Hal əksinə olur ki, azərbaycanlılar Azərbaycanda çoxluq kimi ermənilərə zülm edir… Ermənilər özlərində, Ermənistanda bütün tatarları doğrayır. Bu Zəngəzurda olmuşdur” [23, c.606]. Burada maraqlı məqam ondan ibarətdir ki, Stalin “erməni yoldaşların” xahişi ilə Radekə cavab verir. Digər bir məqam isə Azərbaycanda azərbaycanlılardan bəhs olunduğu halda, Ermənistanda əvvəllər olduğu kimi tatarlardan danışılır. Aydın şəkildə görünür ki, Stalin adlar fərqli olsa da, eyni xalqı nəzərdə tutur.
Stalin altı il sonra, 1929-cu ildə “Milli məsələ və leninizm: Meşkov, Kovalçuk və digər yoldaşlara cavab” adlı yazısında bir sıra məsələlərə toxunur. Azərbaycanlı milləti ilə əlaqədar bu yazıya müraciət edənlər məsələni dərindən təhlil etmək əvəzinə, azərbaycanlı millətinin adı çəkilən hissəni mexaniki olaraq köçürməklə kifayətlənirlər. Bu yazıdan bizi maraqlandıran hissəni ayrıca şərh etmək istəyirəm.
Stalin millətin iki tipindən – burjua və sovet millətlərindən bəhs edir. O, rus, ukrain, tatar, erməni, gürcü və digər millətləri sovet quruluşu və proletariat diktaturası təsdiq olunanadək Rusiyadakı burjua millətləri adlandırır. Millətlərin adlarının ardıcıllığından aydın olur ki, tatar milləti dedikdə, azərbaycanlılar nəzərdə tutulur. Stalinə görə, sovet quruluşu möhkəmləndikdən sonra köhnə burjua millətlərinin bazasında sovet millətləri inkişaf edir və formalaşır. Bundan sonra Sovet İttifaqındakı millətlərin adı çəkilir və burada onların sırası – rus, ukrain, belorus, tatar, başqırd, özbək, qazax, azərbaycanlı, gürcü, erməni və b. diqqəti çəkir. Əvvəlki sıra ilə müqayisədə tatarların adı başqırdlarla bir yerdə çəkilir, bu dəfə tatarların yerinə azərbaycanlıların adı erməni və gürcülərlə bir yerdə verilir. Burada ən maraqlı məqam ondan ibarətdir ki, Stalin adını çəkdiyi sovet millətlərinin, o cümlədən azərbaycanlıların burjua millətləri bazasında yarandığını bildirir. Bu fikir sovet millətləri haqqında Stalinin formalaşmış baxışı kimi çıxış edir [41, c.338-339].
Stalinin sonrakı baxışları demək olar ki, bu fikrin inkişafına həsr edilib. Bu, öz əksini SSRİ-nin 1936-cı il Konstitusiyasının layihəsi haqqında VIII Ümumittifaq fövqəladə Sovetlər qurultayında (1936, 25 noyabr-5 dekabr) çıxışında da göstərir. Burada isə ayrı-ayrı millət və xalqlar deyil, sonralar geniş təbliğ edilən, sovet xalqı məsələsi gündəmə gəlir. Ona görə də 1936-cı ildə Stalin tərəfindən yeni Azərbaycan millətinin “yaradılması” o zaman həyata keçirilən milli siyasətə də uyğun deyildi. Digər tərəfdən, Stalini Azərbaycan millətinin yaradıcısı hesab edənlər bir ağızdan qeyd edir ki, 1926-cı il Ümumittifaq əhali siyahıyaalınmasında azərbaycanlılar türk kimi verilmişdir. Bu doğrudur, lakin onlar bir məsələni də unudurlar ki, 1937-ci ildə həyata keçirilən növbəti Ümumittifaq əhali siyahıyaalınmasında da azərbaycanlılar türk kimi qeydə alınmışdır [27]. Həmin dövrün tarixindən az-çox xəbəri olan hər kəs bilir ki, 1937-ci ildə Stalin repressiyasının tüğyan etdiyi bir vaxtda Stalinin 1936-cı ildə azərbaycanlı adının tətbiqinə dair göstərişi və ya fərmanı olsaydı, bu, necə nəzərə alınmaya bilərdi? Beləliklə, 1936-cı il mifinin uydurma olduğu aydın olur.
Bəs azərbaycanlı adının rəsmi xarakter alması necə baş verir? Burada üç məsələni xüsusilə fərqləndirmək istəyirəm. Onlardan biri SSRİ-də milli-dövlət quruculuğu prosesinin gedişi ilə bağlı olmuşdur. Məlumdur ki, 1922-ci ildə SSRİ-nin yaradılması haqqında müqaviləni RSFSR, Ukrayna, Belorusiya və ZSFSR imzalamışdır. 1924-1925-ci ildə Özbəkistan və Türkmənistan SSR yaradıldı və SSRİ-nin tərkibinə daxil oldu. 1929-cu ilin oktyabrında Tacikistan SSR təşkil edildi və 1931-ci ildə SSRİ-yə qəbul edildi. 1936-cı ilin iyununda ZSFSR əsasında üç ayrı-ayrı respublika – Azərbaycan, Ermənistan və Gürcüstan yaradıldı. 1936-cı il Konstitusiyası qəbul edilərkən Qazaxıstan MSSR də müttəfiq respublikaya çevrildi və beləliklə, SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaların sayı on bir oldu. Bu müttəfiq respublikaların və RSFSR-in tərkibinə daxil olan muxtar respublikaların yaradılması prosesində titul millətlər ayrılmağa başladı. 1923-cü il çıxışında Stalin azərbaycanlı adı vermir, sadəcə, bu faktı təsdiq edir ki, Azərbaycanın əsas milləti azərbaycanlılardır. Bununla paralel azərbaycanlılar ənənəvi olaraq tatar və türk də adlanmaqda davam edir.
İkinci məsələ, türk və tatar etnonimi ilə bağlıdır. RSFSR-in tərkibinə daxil olan Tatarıstanda rəsmən tatar, 1923-cü ildə təşkil edilmiş Türkiyə Cümhuriyyətində isə türk etnonimi qəbul edildi.
Nəhayət, üçüncü məsələ yaranmış belə bir şəraitdə Azərbaycanın mövqeyinin müəyyənləşdirilməsi ilə əlaqədardır. Bunun nəticəsi idi ki, 1937-ci ildə Azərbaycan Konstitusiyası qəbul edildikdə, onun 2-ci maddəsində qeyd edilirdi ki, “Azərbaycan SSR-in siyasi əsasını mülkədar və qapitalistlərin hakimiyyətinin devrilməsi, proletar diqtaturasının əldə edilməsi, Azərbaycan xalqının çarizm və rus imperialist burjuaziyasının milli zülmündən qurtulması və millətçi qontrrevolyusiyanın darmadağın edilməsi nəticəsində böyümüş və möhkəmlənmiş Əməkçi Deputatlarının Sovetləri təşkil edir (üslub saxlanılmışdır – K.Ş.)”. (Burada da əslində, bir yenilik yox idi, aşağıda göstərildiyi kimi, Azərbaycan xalqına dair müddəa hələ 1918-ci il İstiqlal Bəyannaməsinin birinci maddəsində əks olunmuşdur.) Məhz bunun nəticəsi idi ki, artıq 1939-cu ilin yanvarında keçirilən növbəti Ümumittifaq əhali siyahıyaalınmasında azərbaycanlı etnonimi əksini tapmışdır.
Stalinin azərbaycanlı və Azərbaycan xalqına münasibətdə rolu bu məsələdə deyil, xalqın etnik kökünün saxtalaşdırılmasına yönəlməsində əksini tapmışdır. Stalin azərbaycanlıları hər vasitə ilə türklükdən uzaqlaşdırmağa çalışmışdır. Burada ən azı üç istiqamət ayırmaq olar:
– Birinci, Azərbaycan xalqının etnogenezisinin saxtalaşdırılması. Bu məqsədlə o, Azərbaycan tarixini Midiya tarixi ilə əlaqələndirməyə çalışmışdır. Azərbaycan tarixçiləri arasında məlum olan bir hekayətə görə, o, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası günlərində respublikadan olan nümayəndələrlə görüşü zamanı “Sizin babalarınız midiyalılardır” demiş və Azərbaycan tarixinin bu istiqamətdə tədqiqinə çalışmışdır. Təsadüfi deyil ki, bundan sonra Midiya tarixinin tədqiqi ən dəbdə olan sahələrdən birinə çevrilmişdir.
– İkinci, Azərbaycan türk ədəbi abidələri repressiyaya məruz qalmışdır. Stalinin təsiri ilə Azərbaycan xalqının ən möhtəşəm ədəbi abidələrindən biri – Kitabi-Dədə Qorqud ciddi repressiyaya məruz qalmışdır və s.
– Üçüncü, 1920-1930-cu illərdə Azərbaycan xalqının tarixində dərin iz buraxmış, yeni-yeni ideyaların mənbəyi olan milli elitanın görkəmli nümayəndələri pantürkizm adı altında məhv edilmiş, nəsillərarası varisliyə ciddi zərbə vurulmuşdur.
5. Azərbaycan: ərazisi və siyasi coğrafiyası
Azərbaycan adı barədə obyektiv elmi fikrə gəldikdə, bunu müəyyən etmək üçün ölkə adı kimi Azərbaycanın tarixi coğrafiyası, bu adın siyasiləşməsi prosesi və onun dinamikası üzərində dayanmaq lazımdır.
Azərbaycan coğrafi adının ölkənin cənubu ilə yanaşı, şimalına aid edilməsi Azərbaycanın tarixi coğrafiyasına dair tədqiqatlarda [Bax: 29; 7] elmi baxımdan həll edildiyi üçün burada onları təkrar etməyə ehtiyac görmürəm. Xülasə şəklində bildirmək istəyirəm ki, hələ Sasanilərdən bəri Azərbaycan adı altında onun həm şimal, həm də cənubu nəzərdə tutulurdu və bu baxış bütün sonrakı dövrlərdə də əsas olmuşdur. Mərkəzi Təbriz olan Azərbaycan Səfəvilər dövründə (1501-1736) Gəncə-Qarabağ, Şirvan və Çuxursəəd ilə birlikdə dörd bəylərbəylikdən biri olmuşdur. Səfəvilərin süqutundan sonra hakimiyyətə gələn Nadir şah (1736-1747) bəylərbəylikləri ləğv etmiş, onların əsasında vahid Azərbaycan əyaləti yaratmışdı. Nadir şahın qətlindən sonra Azərbaycan imperiyanın tərkibindən vahid şəkildə çıxa bilməmiş, xanlıqlara parçalanmışdı. Hətta xanlıqlara parçalanma vəziyyətində belə, Azərbaycan adının ölkənin hər iki hissəsinə aid edilməsini rus rəsmisi də təsdiq etmişdir. 1783-cü ildə Gürcüstanla imzalanan Georgiyevsk müqaviləsi üzrə Rusiyanın yerli çar sarayında səlahiyyətli şəxsi olan S.D.Burnaşev Dərbənd, Nuxa, Şirvan və b. torpaqları Azərbaycanın tərkibinə daxil edir [16]. Qacarlar Azərbaycanın cənub hissəsini öz hakimiyyəti altında birləşdirməyə nail olduqdan sonra, Səfəvi ənənəsinə uyğun olaraq, həmin ərazilər Azərbaycan adlandırılır və böyük əhəmiyyətinə görə onun idarəsi vəliəhdə həvalə edilirdi, yəni gələcək Qacar hökmdarları burada idarəetmə məktəbi keçirdi. 1813-cü (Gülüstan) və 1828-ci (Türkmənçay) illər müqavilələri ilə Azərbaycanın bölüşdürülməsindən sonra Rusiya imperiyası və İran ölkənin cənub və şimalının bir-birinə yaxınlaşmasının qarşısını almaq siyasəti həyata keçirirdi. Belə bir şəraitdə Rusiyanın milli əraziləri ümumrusiya inzibati vahidləri (Bakı, Yelizavetpol quberniyası və s.) ilə əvəz etməsinə baxmayaraq, ölkənin şimalının da məhz Azərbaycan olduğu qəbul edilmiş fikir idi. Nazirlər Kabinetinin 1895-ci ilə aid rəsmi nəşrində Rusiya imperiyasında məskunlaşmış xalqların əlifba siyahısında Qafqaz və Azərbaycan tatarlarından bəhs edilir və burada Azərbaycan adı altında Şimali Azərbaycan nəzərdə tutulur [8, c.68-69]. Təsadüfi deyil ki, V.Veliçko (1860-1904) da Qafqazdan bəhs edərkən “Azərbaycan tatarları” adlı xüsusi bölmə ayırmışdır [19, c.153-164].
Azərbaycan ifadəsinin meydana gəlməsi və dövlət adı kimi möhkəmlənməsi Azərbaycanın həm cənub, həm də şimal hissəsinin birgə xidməti olmuşdur. Belə ki, Azərbaycan termini coğrafi anlayış kimi ölkənin cənubunda yaranmışdısa, siyasi anlayış kimi onun şimalında cərəyan edən hadisələrin gedişində təşəkkül tapmışdır. Rəsulzadə 1919-cu ildə yazdığı məqaləsində qeyd edirdi ki, “bundan otuz il əvvəl Petroqrad darülfünunlarında təhsil edən Bakı, Gəncə və İrəvan vilayətlərindən gedən müsəlman tələbələr milliyyət əsası üzrə təşkil elədikləri cəmiyyətlərinə “Azərbaycan cəmiyyəti” demişlərdir…” [5, S.60]
1917-ci ilin fevralında Romanovlar hakimiyyətinin devrilməsindən sonra təşkil olunan Müvəqqəti Hökumət Xüsusi Zaqafqaziya Komitəsini yaratmaqla (1917, mart-noyabr) bu bölgənin birliyini saxlamaq istəsə də, hələ çar hakimiyyətinin qarşısını almağa çalışdığı etno-coğrafi xüsusiləşmə siyasi həyatda əsas amillərdən birinə çevrilməkdə idi. 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının I qurulatayı ərəfəsində Azərbaycan üçün milli-ərazi muxtariyyəti tələbindən bəhs olunurdu. Aprelin 15-20-də Qafqaz müsəlmanlarının Bakıda keçirilən I qurultayı milli-ərazi muxtariyyəti barədə tarixi qərar qəbul etmişdir. H.Z.Tağıyevin təkidi ilə qurultayın qərarından “Azərbaycan” sözünün çıxarılmasına dair T.Svyataçovskinin iddiası da məsələnin mahiyyətini dəyişmir [48, p.90]. Həm burada, həm də 1-11 mayda keçirilən Ümumrusiya müsəlmanlarının Moskva qurultayında ərazi-milli muxtariyyəti irəli sürülərkən ölkənin siyasi xadimləri onu Azərbaycan muxtariyyəti kimi qəbul edirdi. Türk federalistlər partiyasının proqramında siyasi vəzifə kimi Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstanın ərazi muxtariyyəti, Volqaboyu və Krım tatarları və ümumiyyətlə, bütün türk xalqları üçün milli muxtariyyət irəli sürülmüşdü [21,C.80]. Y.V.Çəmənzəminli (1887-1943) 1917-ci il noyabrın əvvəllərində məhz Azərbaycanın muxtariyyətindən bəhs edir [2]. M.Ə.Rəsulzadənin “Azərbaycan paytaxtı” adlı məqaləsi isə daha bir məqama aydınlıq gətirir. Söhbət yalnız Azərbaycandan getməmiş, onun paytaxtı məsələsi də diqqət mərkəzində olmuşdur. O yazırdı ki, “Rusiya inqilabı zühur etdikdə, ilk Zaqafqaziya qurultayı burada (Bakıda – K.Ş.) toplanıb mərkəzi müsəlman komitəsi dəxi burada təsis etmiş, Azərbaycan muxtariyyəti fikri burada möhkəmləşərək muxtariyyətçilər burasını Azərbaycan bədəninin ayrılmaz bir təfləsi, paytaxtı elan etmişlərdir” [5, s.48].
Digər çox maraqlı bir fakta da diqqəti cəlb etmək istəyirəm. N.Nərimanov bolşevik partiyası diyar komitəsinin orqanı olan “Zarya Vostoka” qəzetində yazırdı ki, “mən xatırlayıram, 1917-ci ilin yay günlərinin birində Tiflisdə Ramişvilinin (Noy Vissarionoviç Ramişvili (1881-1930), sonralar Gürcüstan Demokratik Respublikası hökumətinin birinci sədri (1918, 26 may-24 iyun) – K.Ş.) kabinetində menşeviklərin liderləri Jordaniya (Noy Nikolayeviç Jordaniya (1869-1953), sonralar Gürcüstan Demokratik Respublikası hökumətinin ikinci sədri (1918,24 iyun-1921, fevral) – K.Ş.), Gegeçkori (Yevgeni Petroviç Gegeçkori (1881-1954), sonralar Zaqafqaziya Komissarlığının sədri olmuşdur (1917, 27 noyabr-1918,9 aprel) – K.Ş.) və başqaları toplaşmışdı. Erməni millətçilərinin Piterdə “Böyük Ermənistan” ideyasını apardıqları çıxışlarına, başqa sözlə, Azərbaycan, Gürcüstan və Rusiyanın az qala Rostovadək ərazilərinin ələ keçirilməsi istəklərinə necə reaksiya vermək müzakirə olunmağa başladı. Məndən soruşdular: “Sizin fikriniz necədir?” Mən cavab verdim: “Bu, bizimkiləri “Böyük Azərbaycan”, sizi isə “Böyük Gürcüstan” haqqında düşünməyə məcbur edəcəkdir” [26, c.218].
Sonrakı tarixi hadisələr – Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi və ZDFR zamanı Azərbaycan coğrafi adı yenə də tamamilə siyasi anlamda istifadə edilir [Bax: 37]. Beləliklə, bəzən qeyd edilidyi kimi, bilavasitə Azərbaycan Cümhuriyyəti yarananda deyil, hələ onadək “Azərbaycan” sözü siyasi coğrafiyanı ifadə edirdi. Ona görə də Azərbaycan Milli Şurası tərəfindən 1918-ci il mayın 28-də müstəqillik elan edildikdə yalnız mövcud hal təsdiq edilmişdir. İstiqlal Bəyannaməsinin əhəmiyyəti ondan ibarət idi ki, artıq siyasi anlama malik olan Azərbaycanın dövlət kimi ərazisi də orada əksini tapmışdır. İstiqlal Bəyannaməsinin birinci maddəsində deyilirdi: “Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənubi və Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir”.
Ən vacibi, Azərbaycan dövləti öz ərazisini müəyyən etməklə qalmamış, qonşu Gürcüstan və Ermənistan dövlətləri ilə münasibətdə ərazi bütövlüyünü müdafiə etməyə çalışmışdır. Osmanlı dövləti ilə eyni zamanda Gürcüstan və Ermənistan da Cənubi Qafqazda Azərbaycan adlı dövlətin yaradılmasını təbii-tarixi proses kimi qəbul etmiş, bu məsələdə heç bir etiraz bildirməmişdir. 1918-ci il 30 oktyabr Mudros müqaviləsindən sonra Azərbaycana gələn və Şərqi dərindən bilən ingilislər də Azərbaycan Cümhuriyyətini tanıyır. Azərbaycan Cümhuriyyəti bu adla Paris sülh konfransında de-fakto tanınır. Sovet Rusiyası rəsmən Azərbaycanı tanımasa da, bu onun adı ilə bağlı olmamışdır. Yuxarıda qeyd etdiyim kimi, yalnız İran tərəfindən müəyyən gərginlik yaradılmışdı ki, bu da diplomatik yolla həll edildi və 1920-ci ilin martında hər iki dövlət arasında bir sıra müqavilələr bağlandı.
Cümhuriyyətin süqutundan sonra onun ideoloji düşmənləri olan həm yerli, həm də Sovet Rusiyası rəhbərləri də birmənalı şəkildə dövlətin adını müzakirə predmetinə çevirməmişdi. Lenin Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Bakıya göndərdiyi 1920-ci il 5 may teleqramında onu müstəqil Azərbaycan Sovet Respublikası kimi tanımışdı [33, c.119].
6. Azərbaycanlılar: etnik adının xüsusiyyətləri və identifikasiyasına dair
Dünya üzrə xalqların etnik adının formalaşması və mənası üzrə ümumi tendensiyalar məlumdur. Bəzi xalqların adları qədim dövrlərdə meydana gəlmiş, bu adları onlara ya özləri vermiş (endoetnonim), ya da xaricdən (ekzonim) verilmişdir. Xalqın etnik adı ilə onun identifikasiyası arasındakı əlaqə də mühüm elmi problemlərdəndir. Bu məsələləri şərh etmək üçün dünya tarixi təcrübəsinə nəzər salmaq və ya analogiyalar aparmaq olar və lazımdır, lakin Azərbaycan üçün onların nümunə olması zəruri deyil. Bu, hər şeydən əvvəl Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri ilə bağlıdır.
Azərbaycan qədim insanın məskənlərindən biri olmuş, insan birliyinin ilkin formalarının bütün mərhələlərini keçmiş və bu, yerli etnik proseslərlə müşahidə olunmuşdur. Dini-siyasi hadisələr, xüsusilə Azərbaycan uğrunda qüdrətli Şərq imperiyalarının mübarizəsinin bir tərəfdən əhali itkilərinə səbəb olması, digər tərəfdən geniş miqrasiyalara gətirib çıxarması da ciddi təsirə malik olmuşdur.
Azərbaycan xalqının tarixində ayrı bir dövr kimi qəbul edilən İslamaqədərki dövr tarixini ümumiləşdirsək, qeyd edə bilərik ki, burada bir sıra etnosların (alban, atropaten və s.) mövcud olmasına baxmayaraq, ümumi etnik prosesləri özündə əks etdirən və davam etdirərək növbəti mərhələyə keçirən türklər olmuşdur. Təsadüfi deyil ki, IX əsrin 20-ci illərinə aid bir mənbədə Azərbaycan qədim zamanlardan türk torpağı adlandırılır [15, c.5]
Atropatena və Albaniyanın son mərhələsinə nəzər salsaq, görərik ki, o, İslam dininin yayılması ilə əlamətdar olur. Bununla Azərbaycan İslam sivilizasiyanın tərkib hissəsinə çevrilir, onun Qafqazda qonşusu olan erməni və gürcülər isə xristian dinində qalır. İslam ənənəsinə görə Azərbaycanda da konfessional mənsubiyyət etnik mənsubiyyəti üstələyir, lakin onu tam aradan çıxara bilmir. “Kitabi-Dədə Qorqud” bu prosesin ilk mərhələsini özündə əks etdirir.
Türklərin Xilafətdə rolunun artması, Səlcuq fəthləri nəticəsində isə onların İslam dininin müdafiəçisinə çevrilməsi ilə türklük və müsəlmanlıq sıx konsolidasiya olunur. Konfessionimin – müsəlmanın tədricən etnonimə çevrilməsi prosesi müşahidə olunur. Bu dövrdə imperiyaların həyata keçirdiyi köçürmə siyasəti nəticəsində Azərbaycanda müxtəlif tayfaların məskunlaşması nəticəsində hər hansı tayfaya mənsubiyyət də etnonimə çevrilir. Azərbaycan ərazisini işğal edən imperiyaların süqut etməsi ilə Azərbaycan dövlətlərinin meydana gəlməsi ərazi (qarabağlı, şirvanlı və s.) və ya həmin dövlətlərin şəhərlərinə (bakılı, gəncəli və s.) mənsubiyyətlə ifadə edilməni də genişləndirir.
Səfəvilər dövlətinin (1501-1736) meydana gəlməsi ilə yeni dövr başlanır. Bu dövrədək Azərbaycan dövlətləri imperiyaların dağılması nəticəsində meydana gəlirdisə, Səfəvilər dövləti Şirvanşahlar və Ağqoyunlu dövlətlərinin ərazisi əsasında formalaşır və 1538-ci ildə mərkəzləşmiş dövlətə çevrilir. Mərkəzləşmiş dövlətin meydana gəlməsi ilə formalaşmış etnik adın ümumi dövriyyəyə keçməsi üçün şərt yaranır, lakin dini-siyasi faktor yenidən özünü göstərir. Səfəvi-Osmanlı ziddiyyətləri kəskinləşir, dini zəmində ilk dəfə olaraq türk dünyasında ciddi fərqlilik meydana gəlir, şiəlik Səfəvilərin rəsmi baxışına çevrilir. Bu özünü etnik adda da göstərir. Səfəvi dövlətinin türk əhalisi qızılbaş adlandırılmağa başlayır, lakin bu, etnik mənsubiyyətin məzmununa təsir etmir. Sarayda türk dili tətbiq edilir, türk etnik faktoru dövlətdə həlledici rol oynayır. Səfəvilər dövlətinin süqutu ilə Qızılbaş ideologiyası da tədricən aradan qalxır. Yeni yaranan Əfşarlar dövlətinin banisi Nadir şah (1736-1747) dini təfriqəni aradan qaldırmağa cəhd etsə də, Osmanlı dövləti ilə ziddiyyətlər davam edir.
Nadir şahın ölümündən sonra xanlıqlar meydana gəlir və nəticədə yenidən ərazi və ya şəhərlərin adı ilə adlandırılma üstün yerə keçir. Mərkəzləşdirilmiş dövlətin meydana gəlməsi uğrunda mübarizənin süqutu ümumi etnik adın yalnız rəsmiləşməsinə mane olur.
Xanlıqlararası mübarizə və xarici təsir ölkənin müdafiə qabiliyyətini zəiflədir, nəhayət, Azərbaycan torpaqları Rusiya və İran arasında bölüşdürülür. Yeni tarixi şərait nəticəsində ölkənin şimalı ilk dəfə xristian dövlətin – Rusiyanın hakimiyyəti altına düşür, cənub isə İranın hakimiyyətinə keçir. Bu vaxtdan etibarən Rusiya və İran arasında Azərbaycan üzrə davam edən siyasi rəqabət xalqın etnik adına və mənsubiyyətinə münasibətdə də özünü göstərir. Bu mübarizənin əsas tendensiyaları Rusiya imperiyasında özünü daha kəskin şəkildə büruzə verir. Rusiya imperiyasının rəsmi dairələri bir tərəfdən Azərbaycanın şimal hissəsində yaşayan əhalinin, digər tərəfdən cənubda yaşayan əhalinin etnik cəhətdən ayrılığına nail olmağa çalışırdı. Dövrün mənbələrində cənubi azərbaycanlılar İran təbəəsi, tat və s. adlar ilə adlandırılırdı. Rusiya imperiyasının azərbaycanlı əhalisinə də müxtəlif adlar verməklə etnik eyniliyin inkar edilməsinə cəhd edilirdi. Bu ekzonimlər içərisində Qafqaz (və ya Zaqafqaziya) müsəlmanları, yaxud Qafqaz (və ya Zaqafqaziya), ya da Azərbaycan tatarları üstünlük təşkil edirdi.
Bununla yanaşı, Rusiya imperiyası dövründə Azərbaycan türkü endoetnonimi əsas yer tuturdu. Bu da təsadüfi deyildi. Nəinki türk-müsəlman aləmində, eləcə də müsəlman etnosları arasında Azərbaycanda da birincilər sırasında milli mənsubiyyət dini mənsubiyyətdən ayrılmağa başlanmış, milli dövlət quruculuğu ideyası yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyəti bunun nümunəsi oldu. M.Ə.Rəsulzadə yazırdı ki, “Azərbaycan Cümhuriyyəti müstəqil bir həyati-milliyyə ilə yaşamaq istəyən və milliyyətlərini dərk etmiş bulunan Azərbaycan türk millətinin təsis elədigi bir hökumətdir…” [5, s.64] Azərbaycan Xalq Cümhuriyyətini devirən və sərt anti-milli siyasət yeridən sovet hakimiyyəti də bu milli özünüdərki məhv edə bilmədi.
Azərbaycan milləti və ya azərbaycanlı endoetnonimi bu irsin inkarı və ya yeni etnik kimlik yaradılması deyil, Azərbaycan türk milləti ilə eyni məzmuna malik olub, bu sahədəki tarixi irsin tam hüquqlu sahibi və varisi idi.
“Azərbaycan milləti” anlayışının ilk dəfə “Kəşkül” qəzetində (1890, №115) işləndiyi məlumdur. Rəsulzadə sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına dəfələrlə qayıtmış və yuxarıda qeyd edilən fikri belə ifadə etmişdi: “28 mayıs 1918-ci il Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir”.
“Azərbaycanlı” anlayışına gəldikdə, o, “Azərbaycan” adının meydana gəlməsi ilə yaşıddır və onun xalqının etnik adının təşəkkülü tarixinin tərkib hissəsidir. Burada söhbət əsasən, azərbaycanlı adının ümumi prosesdəki yerindən gedir. Burnaşev yuxarıda qeyd edilən əsərində azərbaycanlı anlayışından istifadə etmişdir. Brokqauz və Yefronun ensiklopedik lüğətinə görə, bəzi alimlər (Yadrintsev, Xaruzin, Şantr) somatoloji münasibətdə türklərlə az ümumiliyə malik olan bir sıra türk-tatar xalqlarının terminologiyasının dəyişdirilib, məsələn, Azərbaycan tatarlarının (iranlı tipi kimi) azərbaycanlı, Altay tatarlarının (türklərdən daha çox finləri) altaylı və s. adlandırılmasını təklif edirdilər [32, c.347-350]. Belə yanaşma elmi baxımdan doğru deyildi. Daha doğru yanaşmanı Azərbaycan publisisti M.Şahtaxtinski irəli sürmüşdü. Onun məqaləsi belə də adlanırdı: “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” [45] Bu məqalədə yeni bir ad yaradılmasından deyil, sadəcə, Rusiya imperiyasının rəsmi leksikonunda əsas yer tutan Zaqafqaziya müsəlmanlarının azərbaycanlı adlandırılmasından gedir. Brokqauz və Yefronun ensiklopedik lüğətinin 1898-ci ildə nəşr edilən XXIII (45) cildindəki məqalədə azərbaycanlı anlayışından istifadə edilirdi [47, c.401]. Veliçko da azərbaycanlı anlayışından Azərbaycan tatarları və ya türklərinin sinonimi, yəni etnik ad kimi istifadə edir [19].
Təxminən yüz qırx il ərzində (XIX əsr-1930-cu illər) Azərbaycanın şimalında endoetnonim və ekzonimə dair tərtib edilmiş tarixi-xronoloji cədvəl də bu fikri təsdiq edir. Cədvəldən göründüyü kimi, Rusiya və sovetlərin imperiya siyasətinə baxmayaraq, xalqın etnik adının müəyyən edilməsində endoetnonim həlledici yerə malik olmuşdur.
Azərbaycanlılar: əsas endoetnonim (xalqın özünə verdiyi ad) və ekzonimə (xaricdən xalqa verilən ad) dair (XIX əsr -1930-cu illərin sonları)
XIX-XX əsrin əvvəlləri
1918-1930-cu illərin sonları
1930-cu illərin sonlarından
Endoetnonim
Türk xalqlarının tarixinin tdrisinin hmiyyti
XX əsrin əvvəllərində ölkəmizdə milli dövlətçiliyin formalaşması və milli mədəniyyətin inkişafı Azərbaycan tarixinin qızıl səhifələrindən hesab edilir. Tədqiqatçı alimlərin, tarixçi siyasətçilərin əsrin intibah dövrü adlandırdıqları həmin dövr həm də illərlə yaranmaqda olan milli türkologiyanın təşəkkül mərhələsidir.
Tarixi müstəqilliyinə qovuşmuş Azərbaycanda son illər milli mənəvi dəyərlərə, xalqımıza, dövlətimizə, elmimizə başucalığı gətirən tarixi hadisələrə hər zaman dəyər verilir. Azərbaycançılıq ideyasının təbliğində rolu olan şəxsiyyətlərin yubileyləri və bu sahədə yeni-yeni səhifələr açan tarixi hadisələr dövlət səviyyəsində qeyd edilir. Bu önəmli yaşantılardan, hadisələrdən biri də 90 il bundan əvvəl, 1926-cı il fevralın 26-dan martın 5-dək Bakıda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin binasında (indiki AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi ünvan) keçirilən Birinci Türkoloji Qurultaydır.
Bu tarixi qurultayın o zaman Moskvada keçirilməsi nəzərdə tutulurdu. Lakin Moskva “Qurultay iştirakçılarını qəbul etməyə imkanımız yoxdur” deyə buna razılıq verməmişdi. Bir müddətdən sonra türkologiyanın beşiyi hesab olunan Bakı ikinci dəfə mərkəzə müraciət etmişdi. Bu zaman Moskva qurultayın Leninqrad (indi Sankt-Peterburq) şəhərində keçirilməsinə qərar verir. Buna baxmayaraq, Leninqradın rəsmi dairələri qurultayın keçirilməsi üçün maddi imkanlarının olmadığını bildirərək tədbiri əngəlləyirlər. Amma zaman özü diktə edirdi ki, ayrı-ayrı coğrafi ərazilərdə yaşayan türk xalqlarının maddi mədəniyyət abidələri, xalqların tarixi, etnoqrafiyası, dilin öyrənilməsi sistemə salınmalıdır. Türk xalqlarının ortaq tarixini, türk dillərinin ortaq ədəbiyyatını yazmaq lazımdır. Bir sözlə, qurultayda ortaq tarixdən milli dilə qədər olan dövrün dil mənzərəsi yaradılmalı idi. Bu zaman Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin sədrı professor Vəli Xuluflunun və Yeni Əlifba Komitəsinin sədri Səməd Ağamalıoğlunun birgə təşəbbüsü ilə mərkəzə ünvanlanan məktub-müraciətə əsasən Moskvanın razılığı ilə qurultayın Bakıda keçirilməsi reallaşır.
Qurultayın işində 600 alim iştirak etmişdi ki, bunun da 131 nəfəri keçmiş SSRİ məkanında türkdilli xalqlar yaşayan bölgələrdən, habelə xarici ölkələrdən dəvət olunanlar idi. Bu nümayəndələrin bir qismi mütəxəssislər, türkoloqlar, tarixçilər, bir qismi də ictimai-siyasi xadimlər olub. Fevralın 26-dan martın 5-dək davam edən bu tarixi qurultay günlərində 17 iclas keçirilib, türkdilli xalqların tarix və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk dillərinin tədrisi problemlərinə həsr olunan 37 məruzə dinlənilir. Bütün bunlarla bərabər, qurultay dünya mədəniyyəti tarixində türk xalqlarının payının az olmadığını bir daha sübuta yetirib.
Birinci Türkoloji Qurultayın proqramı, orada müzakirə olunan məsələlər bu gün də türkoloqlarımızın qarşısında duran ən vacib məsələlərdəndir. Bu mənada türk xalqlarının tarixinin öyrənilməsinin vəziyyəti ilə bağlı akademik V.V.Bartoldun məruzəsi dinlənilib və bu məruzə əsasında qətnamə qəbul edilib. Qətnamədə qeyd edilir ki, türk xalqlarının yazılı abidələrinə ciddi şəkildə fikir vermək lazımdır. Yazılı abidələrin siyahısı tutulmalı və onlar qorunmalıdır. Hətta onlardan ən iriləri qoruq yeri elan olunmalıdır. Müqayisə üçün təkcə onu qeyd etmək kifayətdir ki, indi Ermənistan adlanan ərazidə Azərbaycan türklərinə aid yazılı abidələr ermənilər tərəfindən məhv edilib, dağıdılıb. Məsələn, Cücəkənd yazılı abidələri, Nüvədi yazılı abidələri və s. Hələ gizli qalan, aşkarlanan neçə-neçə yazılı abidəmiz ermənilərin əlindədir, daha doğrusu, erməni vandallarının işğalı altındadır.
Türk xalqlarının tarixində əhəmiyyətli rola malik Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi barədə Prezident İlham Əliyev cari il fevralın 18-də sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2016-cı ildə Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi tamam olur: “Türkoloji qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı”.
Mənbələrdən məlumdur ki, qurultayın diqqət mərkəzində olan əsas məsələ türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi. Burada bütün sahələrdə, o cümlədən terminologiya, orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemləri meydana çıxarmış və onların həlli yollarını göstərmiş qurultay türkdilli xalqların həyatında böyük rol oynayıb, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi və inkişaf etdirilməsi sahəsində yeni üfüqlər açıb.
Bütün bunlara baxmayaraq, təəssüf ki, birinci qurultayda müzakirə edilən məsələlərin bir çoxu postsovet məkanının türkdilli xalqlar yaşayan bəzi bölgələrində hələ də həllini tapmayıb. Orfoqrafiya sahəsindəki problemlərin bəziləri 1966-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 40 illiyi münasibətilə keçirilən Ümumittifaq Türkoloji Konfransının qərar və tövsiyələri kağız üzərində yazılmaqdan o yana gedə bilməyib.
Türkoloq və dilçi alimlərin araşdırmalarına görə, Birinci Türkoloji Qurultayın gedişini ittifaq mərkəzində izləyirmişlər. Qurultay iştirakçılarının “Növbəti türkoloji qurultayın iki ildən gec olmayaraq Səmərqənd şəhərində keçirilməsi haqqında” qərarı Moskvanı əməlli-başlı narahat etmişdi. Odur ki, türk xalqlarının ədəbiyyatla, dillə, əlifbayla birləşməsinin qarşısını kəsmək üçün bütün vasitələrdən istifadə etməyə başlanılıb. Stalinin əldə etdiyi qurultay iştirakçılarının tam siyahısına əsasən postsovet məkanından olan türkoloq alimlərin hamısı bir-bir repressiyaya məruz qalıb, yaxşı halda qarlı Sibirin gedər-gəlməzlərinə sürgünə göndərilib.
Prezident sərəncamında bildirilir ki, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və türkoloji qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Sənəddə “Bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçildi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı. Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkili işinə töhfələr vermiş totalitar rejim qurbanı görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir”, – deyə vurğulanır.
Sərəncamda qeyd edildiyi kimi, böyük Sovet imperiyası dağılandan sonra Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri də ana dilimizin dövlət dili statusu qazanması, bütün sahələrdə geniş inkişaf yoluna çıxmasıdır. Hələ sovetlər dönəmində, 1978-ci ildə ümummilli lider Heydər Əliyev Konstitusiyamıza Azərbaycan dilinin dövlət dili olması barədə ayrıca maddə salınmasına nail olmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqında” sərəncamında qeyd edildiyi kimi, Heydər Əliyev tərəfindən imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilməlidir. Bütün bunlar Birinci Türkoloji Qurultayın qərarlarının məntiqi davamı olmaqla, həmin qərarların tarixi əhəmiyyətini təsdiq edir və onların obyektiv zərurətdən meydana gəldiyini göstərir.
Türk xalqlarının tarixində ən böyük hadisələrdən biri hesab edilən Birinci Türkoloji Qurultayın 80 illik yubileyi on il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 9 noyabr tarixli sərəncamına əsasən böyük təntənə ilə qeyd olunub. 23 aprel 2006-cı ildə isə Bakıda Birinci Türkoloji Qurultayın 80 illiyinə həsr edilən elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birgə keçirdiyi konfransda Azərbaycan türkoloqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Tatarıstan, Qaqauz Yeri, İran, Gürcüstan və Moskva alimləri, səfirlər iştirak edib. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi barədə böyük dəyərə malik sərəncamından irəli gələn tədbirləri AMEA Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə paytaxt Bakıda və respublikamızın digər şəhər və rayonlarında, texnikum, institut və universitetlərdə, eləcə də aidiyyəti qurumlarda böyük təntənə ilə həyata keçirəcəkdir.
TÜRKLÜYÜN VƏ TÜRKÇÜLÜYÜN İTTİHAMI, YAXUD XALİD SƏİD XOCAYEV
Önündə hansı rəqəmlərin (min altı yüz, min yeddi yüz. min doqquz yüz və sair) gəlməsindən asılı olmayaraq “37-ci il” dedikdə ilk öncə yada düşən repressiya olur. 37-ci il repressiyanı özündə simvollaşdırıb, milli ziyalıya, milli təfəkkürə, milli mənəvi sərvətlərə yönələn qəsd kimi yadda qalıb. İdarə və iş üsulu repressiya olan sovet totalitarizmi əvvəl milli mənəvi dəyərləri, sonra isə milli təfəkkürün daşıyıcılarını, yəni milli ziyalını məhv edib. Belə ziyalılardan biri də türk-Azərbaycan dilçiliyinin bir elm sahəsi kimi formalaşmasında müstəsna xidmətləri olan Xalid Səid Xocayev idi. Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd dairəsinin Kaşkorqan kəndində anadan olmuşdur. İlk təhsilini Kaşkorqan kəndindəki molla məktəbində alan gənc Xalid bir qədər sonra Daşkəndə gedərək təhsilini mədrəsədə davam etdirir. Mədrəsə təhsilini yarımçıq qoyan Xalid Səid Xocayev İstanbula getmək və təhsilini orada davam etdirmək istəyirdi. Lakin ailənin maddi durumu buna imkan vermirdi.
Xalid Səidin 26 aprel 1934-cü ildə yazdığı tərcümeyi-halında bu xüsusda oxuyuruq: “Mən 1888-ci ildə Daşkənd şəhərindən 25 km aralıda yerləşən Koşkurqan kəndində anadan olmuşam. Kənd məktəbini bitirdikdən sonra məni Daşkənd şəhərindəki mədrəsəyə yolladılar, çünki o vaxt rus məktəbini “kafirlərin məktəbi” hesab edirdilər. Mədrəsədə beş-altı il oxudum, 1905-ci ildə inqilab baş verdi, bu inqilabdan doğan və bütün Şərqi əhatə edən hərəkat mənə də təsir göstərdi və məndə belə bir fikir yarandı ki, həyatımı yenidən qurum; ancaq ətraf mühit hələ də konservativ olduğundan rus təhsil müəssisəsində təhsilimi davam etdirmək mümkün deyildi. Mən də başqa bir çıxış yolu axtarırdım. Ətrafımdakı molla və hacılardan Konstantinopol haqqında o qədər şirin, əfsanəvi söhbətlər eşitmişdim ki, bu şəhəri görmək arzusunda idim. Ancaq mənim maddi imkanlarım yox idi arzuma yetim. Atam isə mənə lap az kömək göstərirdi, mənə qarşı çox xəsis, qıyımsız idi. Çıxış yolu təsadüfən tapıldı. Yaxınlıqdakı kəndlərin birində kənd üçün təyin olunmuş vergilərin ümumi hesabına uyğun olaraq onlar arasında bölünəcək torpaqların sahəsini ölçmək lazım idi. Mədrəsədə oxuyarkən ərəb kitablarından torpağı ölçmək texnikası ilə tanış idim və öz qulluğumu təklif edib, beş-altı aya kifayət qədər pul qazandım. Pul əldə edəndən sonra daha bir maneəni aşmalı idim. O zaman general-qubernatorun əli ilə türküstanlılara xarici pasport verilməsi qadağan olunmuşdu. Onda bir tanışımın məsləhəti ilə mən təqribən dörd-beş manata bir Çin pasportu aldım ki, onda nə tarix, nə də yiyəsinin adı aydın yazılmışdı və bu pasportdan hökumət qarşısında istifadə etmək olardı. Bu pasportla mən Konstantinopola gəldim. Konstantinopolda fikrim var idi səyahətimi Misirə və Suriyaya davam etdirim. Lakin təsadüfən qəzetdə Konstantinopol Universiteti nəzdində ikiillik hazırlıq kursları açılması haqqında elan oxudum. Fikrimi dəyişdim və qərara gəldim ki, qalım Konstantinopolda kurslara hazırlaşım. Bu kurslara sınaq kursu üzrə 430 nəfər qəbul edirdilər. Sınaq müsabiqəsinə buraxılan 1750 nəfərin içərisində mən də vardım. Universitetə qəbul olub altı-yeddi il Konstantinopolda qaldım, təhsilimi başa vurdum (Xalid Səid Xocayev. “Müxtəsər tərcümeyi-hal” Əli Şamil. Xalid Səid. “Filologiya araşdırmaları”, 2003, sayı 19)
Beləliklə, 1914-cü ildə Türkiyəyə gedən və tibb fakültəsinə daxil olan gənc Xalid 1918-ci ildə İstanbul Universitetinin tarix-filologiya fakültəsini bitirir. Daha doğrusu, ədəbiyyata olan marağı ona üstün gəldiyindən, tibb fakültəsini tarix-filologiya fakültəsi ilə əvəzləməli olur. Onu da qeyd etməliyik ki, İstanbul Universitetinin tələbəsi olan Xalid Səid Xocayev İstanbul mətbuatında, eləcə də Krımda İsmayıl bəy Qaspiralının nəşr etdiyi “Tərcüman” qəzetində məqalələrlə çıxış edir. Şübhəsiz ki, onun İstanbul və Krım mətbuatındakı çıxışları hələ o qədər də formalaşmayan gənc tələbənin baxışları idi.
1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi ordu ilə Azərbaycana gələn Xalid Səid Xocayev Gəncə şəhərindəki gimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, pedaqoji fəaliyyətini 1920-1921-ci illərdə Daşkənddə davam etdirir. X.S.Xocayev “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsərində göstərirdi ki, 1921-ci ildə Daşkənddə ali darülmüəllimində müdir idim (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s. 11).
Bəzi mənbələrin verdiyi məlumata görə Türküstanın havası Xalid Səid Xocayevə düşmədiyindən o, 1922-ci ildə Bakıya qayıdır və bir müddət Özbəkistanın daimi nümayəndəliyi yataqxanasının müdiri, sonra isə orta və ali təhsil ocaqlarında müəllim vəzifəsində işləyir.
Yeni Əlifba Komitəsinin fəallarından biri kimi X.S.Xocayev 1924-cü ildə S.Ağamalıoğlunun rəhbərliyi ilə yaradılmış nümayəndə heyətinin tərkibində Daşkənd, Krım, Simferopol, Orenburq, Ufa, Kazan və başqa şəhərlərdə yeni əlifbanın tərəfdarları və əleyhdarları ilə keçirilən görüşlərdə yaxından iştirak edir.
X.S.Xocayev 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayında fəal iştirakçılardan olur. O, Birinci Türkoloji Qurultayın nümayəndələri ilə görüşlər keçirir yeni əlifbanın qəbul edilməsi istiqamətində aktiv təbliğatçılardan birinə çevrilir.
Müxtəlif ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olan, gənc nəslin maariflənməsində və formalaşmasında mühüm rol oynayan Xalid Səid Xocayev SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında öz elmi fəaliyyətini də davam etdirir. 1934-cü ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının direktoru, 1924-cü ildən yeni əlifbanın qəbul edilməsi istiqamətində birgə fəaliyyət göstərdiyi və yaxından tanıdığı Vəli Xulufluya müraciətlə yazırdı: “Mən, əsasən, Özbəkistanın Daşkənd şəhərindən olub orta və ali təhsilimi İstanbulda ikmal etmişdim. 1918-ci ildən indiyədək Azərbaycanda orta və ali məktəblərdə türk dili və ədəbiyyatı tədrisi ilə məşğul olmaqdayam; hal-hazırda dəxi ictimai-iqtisadi institutun hüquq fakültəsində, türk dili və ali pedaqoji institutunda ərəbcə və farsca tədrislə məşğulam. Azərbaycan Elmi Tədqiqat İnstitutunda dəxi – ilk təsis edildiyi gündən bağlanan zamana qədər – məşğul olmuşdum; hal-hazırda Akademiyada müqavilə ilə lüğət işlərində çalışıram; ancaq bu elmi idarə ilə daha yaxın və daha sıx surətdə əlaqədar olaraq, elmi sahədə məşğul olmaq arzusundayam. Ona görə və 16 illik xidmətimə bir mükafat olmaq üzrə məni də əsas qulluqçular sırasına daxil etmənizi rica edirəm. Üçü mətbu, dördü qeyri-mətbu olmaq üzrə yeddi əsərə malik olduğumu da ayrıca ərz edirəm. Xocayev Xalid, Bakı, 26 mart 1934”.
Vəli Xuluflu Xalid Səidin bu ərizəsinin üzərinə aprelin 14-də belə bir dərkənar yazır: “Heyət rəyasətə xahiş edirəm, birinci dərəcəli elmi işçi təyin edəsiniz. Əməkhaqqının aylıq üç yüz manat olması daha münasibdir. Vəli Xuluflu”.
Vəli Xuluflunun dərkənarından sonra Xalid Səid Xocayev sentyabrın 1-dən etibarən İnstitutun tarix sektoruna birinci dərəcəli elmi işçi kimi qəbul edilir.
Bir ildən sonra, yəni 1935-ci ildə görkəmli türkoloq alim B.Çobanzadə Xalid Səidin elmi fəaliyyətini yüksək qiymətləndirərək ona heç bir dissertasiya işi yazmadan və müdafiə etmədən elmi dərəcə verilməsi təşəbbüsü ilə çıxış edirdi: “Xalid Səid Xocayev yüksək səviyyəli linqvist şərqşünaslardandır. O, türk, ərəb, fars, rus. dillərini də mükəmməl bilir.
Xocayev 10 il ərzində tələbə və aspirantura kurslarında türk dilinin üslub və qrammatikası, qədim abidələrin oxunması və başqa sahələri uğurla tədris edir. Bütün bunları nəzərə alıb Xalid Səid Xocayevə dissertasiya müdafiə etmədən elmi dərəcə verilməsinin vaxtı çatmışdır. Professor Bəkir Çobanzadə, 1935-ci il” (Azər Turan. Xalid Səid Xocayev. Şəhid türkşünas. Bakı, 2009, s.39. AMEA RHA, fond 39, siyahı 313, s.16).
Böyük alim B.Çobanzadə bilmirdi ki, iki ildən sonra onun X.Səidə verdiyi bu elmi qiymət özünə qarşı yönələcək və onların hər ikisini pantürkist-millətçi təşkilatın üzvü olmaqda ittiham edəcəklər.
X.S.Xocayevin elmi fəaliyyəti onu “əksinqilabi pantürkist-millətçi təşkilatın üzvü kimi” 1920-ci illərin sonu və 30-cu illərin əvvəllərindən etibarən sovet təhlükəsizlik orqanlarının diqqət mərkəzinə salır. Dövri mətbuatda nəşr olunan sifarişli yazılar və Azərbaycanın “pantürkist” ziyalıları ilə birgə ittihamlar onu qəzet səhifəsindən məhbəsə gətirib çıxarır.
X.S.Xocayev türkdilli xalqlar arasında ortaq əlifba ilə yanaşı, “bütün türklərin bir-birlərini anlamaları üçün ortaq ədəbi bir dil olmalıdır” ideyasını irəli sürür və ortaq türk ədəbi dilinin yaradılmasının qaçılmaz olduğunu bildirirdi. Türkdilli xalqların gen qohumluğunu, ortaq mədəniyyətə və etnoqrafiyaya malik olduqlarını elmi dəlillərlə sübut etmək, ortaq türk əlifbasını, eləcə də ortaq türk ədəbi dilini qurultay səviyyəsində müzakirə predmetinə çevirmək, əslində, Turançılıq düşüncəsinin reallaşması ideyasına xidmət edirdi. Turançılığa aparan yol isə bolşevik məhbəsindən keçirdi. Elə də oldu, Azərbaycanın bir çox görkəmli simaları – H.Cavid (DTX-nin arxivi. H.Cavidin istintaq işi. № PR 18845), Ə.Cavad (DTX-nin arxivi. Ə.Cavadın istintaq işi. № PR 22316), M.Müşfiq (DTX-nin arxivi. M.Müşfiqin istintaq işi. № PR 22290), Hacı Kərim Sanılı (DTX-nin arxivi. Hacı Kərim Sanılının istintaq işi. № PR 20888) kimi Xalid Səid Xocayevdə 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə həbs edildi.
O gecə bolşevik müstəntiqlərinin apardıqları axtarış zamanı Xalid Səidin evindən ona məxsus olan pasport, Az. FAN-ın əməkdaşı olduğunu təsdiq edən 59 saylı vəsiqə, Türkiyədə nəşr olunmuş 5 dərgi, 1933-cü ildə yenə də Türkiyədə nəşr edilən “Cümhuriyyət” qəzeti, 2 ədəd fotoşəkil, “Əlifba” kitabı, 27 ədəd müxtəlif adda kitab və xeyli sayda əlyazma götürülərək müsadirə edilmişdir.
SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutu rəhbərinin əmrinə əsasən Xalid Səid Xocayevin adı iyunun 4-də institutun elmi əməkdaşlarının siyahısından çıxarılır. Maraqlıdır ki, yuxarıda adlarını sadaladığımız böyük şəxslərin hamısı 1937-ci il iyunun 5-də ilk istintaq dindirməsinə cəlb edilir. Bu mütəfəkkir şəxsiyyətlərin hamısı birinci dindirmədə əksinqilabi millətçi təşkilatın üzvü, xalq düşməni və vətən xaini olmaları ilə bağlı ittihamları rədd edir. Məsələn, X.S.Xocayev ilk dindirməsi zamanı müstəntiqin suallarını belə cavablandırırdı.
Sual: Siz yataqxananın müdiri vəzifəsindən tələbələr arasında əksinqilabi, millətçi təbliğat apardığınıza görə qovulmusunuz?
Cavab: Mənə belə ittiham verilməmişdir.
Sual: Siz əbəs yerə verilən suala cavab verməkdən çəkinirsiniz. İstintaqa məlumdur ki, siz əksinqilabi pantürkist təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi?
Cavab: Qəti rədd edirəm (DTX-nın arxivi. Xalid Səid Xocayevin istintaq qovluğu. PR – № 26762).
Lakin 1937-ci il iyunun 21-də aparılan ikinci dindirmə zamanı X.S.Xocayev birinci dindirməsinin əksinə ifadə verərək deyirdi: “Bəli, mən etiraf edirəm ki, 1916-ci ildən həbs olunanadək pantürkist mövqedə dayanmışdım”.
Sual: Əksinqilabi pantürkist təşkilata nə vaxt daxil olmusunuz?
Cavab: 1925-ci ildə məşhur pantürkist Ə.S.Qubaydulinin Bakıya gəlişindən sonra.
Sual: Pantürkist təşkilatında sizin praktik əksinqilabi fəaliyyətiniz nədən ibarət idi?
Cavab: Mən tələbə-gənclər arasında pantürkist təbliğat apararaq Sovet hakimiyyətinə qarşı pantürkist kadrlar hazırlayırdım.
Müstəntiqlərin X.S.Xocayevdən zopa və dəyənək gücünə əldə etdikləri bu “etiraflar” istintaqa “daha ciddi mətləbləri üzə çıxarmağa və cinayətkar ünsürləri ittiham etməyə” imkan verirdi. Daha doğrusu, vahid ssenariyə uyğun olaraq “etiraflardan” sonra fiziki-psixoloji işgəncə yolu ilə müttəhimin növbəti “cinayətlərini” üzə çıxarmaq lazım idi. İstintaqın bu mərhələsi müttəhim ifadəsindən daha çox müttəhim özünüşərləməsinə bənzəyir. Eyni metod Xalid Səidə də tətbiq edilir. Müttəhim 1937-ci il iyul ayının 7-si və 9-da verdiyi ifadəsində müstəntiqə aşağıdakıları deməyə, yəni özünü və özgələrini ittiham etməyə məhkum edilmişdi: “1926-1928-ci illərdə Bakıda təhsil alan özbək tələbələri arasında əksinqilabi iş aparmışam”, “Bəli, etiraf edirəm ki, 1935-ci ildə APİ-nin tələbəsi, milliyyətcə özbək olan Səlimsakovu əksinqilabi millətçi istiqamətə yönəltmişəm”, “Mən pantürkist təbliğatını öz əsərlərimdə əks etdirmişəm, xüsusilə Mahmud Qaşqarinin “Türk sözləri lüğəti” kitabının tərcüməsində”, “Etiraf etməyə məcburam ki, Vəli Xuluflu, Qulam Bağırov, Artur Zifeld, Cabbar Məmmədzadə, Hənəfi Zeynallı və aspiraturadan Çobanzadə (o zaman B.Çobanzadə aspirant deyil, professor idi – C.Q.), Hüseynzadə və Dəmirçizadə ilə əksinqilabi əlaqədə olmuşam”, “Bu şəxslərlə mən pantürkist söhbətlər edirdim və onlar da əksinqilabi pantürkist mövqedən danışırdılar. Bundan başqa, Vəli Xuluflu və Zifeld Mahmud Qaşqarinin pantürkist kitabını tərcümə etdiyim üçün məni müdafiə edirdilər”.
Əvvəla, bir müəllimin öz həmyerlisi (həm də qürbətdə tapışdığı həmyerlisi) ilə yaxınlıq etməsi və həmin tələbəyə dəstək olmasının adı millətçilik yox, vətənpərvərlik və insanpərvərlikdir. Əgər Xalid Səid Xocayev milliyyətcə özbək olan Səlimsakova türk xalqlarının dilini, mədəniyyətini, tarixi köklərini öyrədir və bu qərib tələbəyə diqqət və qayğı ilə yanaşırdısa, bu, millətçilik deyil, kökə, yaddaşa, şəcərəyə bağlılıq idi. İmperiyanın maraqlarından çıxış edən bolşeviklər beynəlmiləlçilik adı altında türkləri kökdən, şəcərədən uzaq salır, türk kökənli olduqlarını unutdurmağa çalışırdılar. “Bütün ölkələrin proletarları, birləşin!” çağırışı ilə dünyaya səs salan bolşevik beynəlmiləlçiliyi mahiyyət etibarilə riyakarlıqdan başqa bir şey deyildi. Bu təlim sovet idarə üsulunu dəstəkləyən hər kəsi mütərəqqi, beynəlmiləlçi elan edirdisə, bu təlimə qarşı çıxanları millətçi, mürtəce adlandıraraq məhv edirdi.
İkincisi, Xalid Səid Xocayevi məcbur edirdilər desin ki, Mahmud Qaşqarinin “Divani-lüğət-it türk” əsəri millətçi əsərdir və o, bundan yararlanaraq əksinqilabi, pantürkist-millətçi fəaliyyətini davam etdirmişdir. Xalid Səid Xocayev bu əsəri tərcümə etməklə türklərə məxsus olan belə bir möhtəşəm ədəbi abidə ilə türkdilli xalqların hamısını tanış etmək kimi nəcib və qədirşünaslıq işini məqsədə çevirmişdi. X.Səid “Divani-lüğət-it türk” əsərini tərcümə etməklə türk xalqlarının tarixin qədim çağlarından boy alan əzəmətli bir abidə yaratdıqlarını dünyaya bəyan etmək istəyirdi.
Və nəhayət, Vəli Xuluflu, Artur Zifeld və başqalarının bu nəcib və xeyirxah əməli dəstəkləməsi millətçiliyin deyil, hər şeydən öncə ziyalı vətəndaş mövqeyinin ifadəsi idi. Fikrimizcə, nə o illərdə, nə də bu gün elə bir vətəndaş, elə bir ziyalı, elə bir alim tapmaq olmaz ki, o, belə bir möhtəşəm ədəbi abidənin tərcüməsinə etiraz etsin.
Xalid Səid Xocayevin dilindən eşitdiyimiz “etiraf etməyə məcburam”, “etiraf etməliyəm ki”, “məcburam deyim ki”, “bəli, etiraf edirəm ki” kimi söz və ifadələr müttəhimin hansı şəraitdə dindirildiyini və ifadə verdiyini aydın şəkildə göstərir. Elə müstəntiqin dediyi “siz düz danışmırsınız”, “bəsdirin, bizə müqavimət göstərməyin”, “siz yenə də yalan danışırsınız”, “siz düzgün ifadə vermirsiniz”, “istintaqı aldatmağa davam edirsiniz” kimi ifadələr də sözdən daha çox qamçı, qırmac, dəyənək və işgəncə təsiri bağışlayır. Bütün bunlar istintaqın nə dərəcədə obyektiv olduğunun əməli göstəricisidir.
Azərbaycan ziyalılarının bir çoxu kimi, Xalid Səid Xocayevi də Türkiyəyə casusluq etməkdə ittiham edirdilər. Tanınmış tədqiqatçı alim Azər Turan “Xalid Səid Xocayev. Şəhid türkşünas” kitabında yazır: “Qılman İlkinin bir xatirəsindən oxumuşam ki, üslubiyyatdan dərs desə də, Füzulini Xalid Səid kimi bilən ikinci bir adam yox imiş. Hətta Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə, о, bizi Xocayevin yanına göndərirdi. O, Füzulinin bəzən ən sadə görünən misralarında elə dərin mənalar açırdı ki, ağzımız açıla qalırdı. Buna görə də sevirdik onu. Tez-tez ona müraciət edərdik. Sonra ondan uzaqlaşmalı olduq. Çünki deyirdilər ki, o, İstanbulda təhsil alıb, xəta çıxa bilər. Doğrudan da belə oldu. ” (Azər Turan. Xalid Səid Xocayev. Şəhid türkşünas. Bakı, 2009, s.42).
O illərdə yalnız İstanbulda təhsil almaq, oxumaq yox, hətta İstanbulda olmaq və onun adını rəğbətlə çəkmək də kimisə ittiham, eləcə də mühakimə etmək üçün kifayət qədər yetərli idi. Qəribə məntiqdi – SSRİ-nin mövcudluğu dövründə Türkiyədə olmaq və türk həyatından yazmaq millətçilik, Kubada olmaq və orada yaşayanların həyatından yazmaq beynəlmiləlçilik kimi dəyərləndirilirdi. Deməli, ölkələrin deyil, izmlərin (sosializmlə kapitalizmin) mübarizəsi gedirdi.
Dindirmə protokollarına müraciət edək:
Sual: Türkiyə kəşfiyyatındakı işiniz haqqında danışın.
Cavab: Mən Türkiyə kəşfiyyatında işləməmişəm.
Sual: Siz düz demirsiniz! Bu sualla əlaqədar sizin etirafınızı tələb edirik!
Cavab: Etiraf etməyə məcburam ki, 1918-ci ildə mən İstanbul Universitetinin bir qrup tələbəsi ilə birlikdə Nuru Paşanın rəhbərlik etdiyi türk ordusu ilə Azərbaycana göndərilmişdim (DTX-nın arxivi. Xalid Səid Xocayevin istintaq işi. PR – № 26762).
Nuru Paşanın rəhbərlik etdiyi türk ordusunda Azərbaycana gəlmək millətçilikdirmi? Məsələnin mahiyyəti də bundadır. Yəni bunlar əsas verir deyək ki, əslində, bolşeviklərin qurduğu bu total istintaq mühakimələri türkün və türkçülüyün mühakiməsi idi. Azərbaycan SSR CM-nin 63-1, 68, 73 və 70-ci maddələri ilə təqsirli bilinən Xalid Səid Xocayevi də elə bunda – türk və türkçü olmaqda, antisovet pantürkist, təxribatçı-terrorçu təşkilatla əlaqədə, xarici dövlətə casusluqda, Sovet hakimiyyətini devirməkdə, vahid türk-tatar burjua dövləti yaratmaqda suçladılar və onu 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyasının hökmü ilə ən ağır cəzaya – güllələnməyə məhkum etdilər. İstintaq qovluğundakı güllələnmənin icrası ilə bağlı arayışdan aydın olur ki, Xalid Səid Xocayevin barəsində çıxarılmış güllələnmə hökmü 13 oktyabr 1937-ci ildə (təxminən bir gündən sonra) yerinə yetirilmişdir.
NKVD-nin yazılmamış belə bir qanunu vardı: “Günahlarını” etiraf edib birinci kateqoriya (güllələnmə) ilə məhkum edilmiş şəxslərin həyat yoldaşları bir qayda olaraq 8 il müddətinə azadlıqdan məhrum edilirdisə, fiziki-pisixoloji işgəncələrə duruş gətirərək ikinci kateqoriya (8 il və ondan yuxarı) ilə ittiham olunanların ailə üzvlərini həbs edib mühakimə etmirdilər. Məsələn, R.Axundov, S.Hüseyn, Ə.Cavad, M.Müşfiq, V.Xuluflu, B.Çobanzadə, Ə.R.Şamçızadə, T.Şahbazi və başqaları güllələndiyindən onların həyat yoldaşları da həbs edilmiş, Qazaxıstana, Sibirə və başqa yerlərə göndərilmişdir. Lakin H.Cavid, S.Mümtaz və digərləri ikinci kateqoriya ilə mühakimə olunduqlarına görə onların həyat yoldaşlarını həbs etməmişdilər.
X.S.Xocayev güllələndiyindən onun həyat yoldaşı Sara Rza qızı Xocayeva da 13 oktyabr 1937-ci ildə (əri X.Səid güllələndiyi gün) həbs edilmişdir. O illərdə müstəntiqlər xalq düşmənlərinin həyat yoldaşlarına ənənəvi olaraq bir, ya da iki sual verirdilər:
NKVD müstəntiqi: Siz həyat yoldaşınızla nə vaxtdan bir yerdəsiniz?
Müttəhim: Evləndiyimiz gündən o, həbs olunana kimi.
Sual: Sizin ərinizin əksinqilabi-millətçi fəaliyyətindən xəbəriniz varmı?
Cavab: Xeyr.
Bununla da istintaq başa çatır və müttəhim xalq düşməninin həyat yoldaşı kimi azadlıqdan məhrum edilirdi. Həmin ssenariyə uyğun olaraq Sara Rza qızı Xocayeva da həbs edildi və 1941-ci ilə kimi həbsxana düşərgələrində olmazın müsibətlərlə üz-üzə, göz-gözə qaldı. Sara xanım azadlığa buraxıldıqdan sonra həyat yoldaşının harada olması ilə əlaqədar müxtəlif yerlərə müraciət etdi, lakin onun səsinə səs verən tapılmadı. İ.V.Stalinin ölümündən sonra Sara xanım müxtəlif instansiyalara yenidən ərizə ilə müraciət edir. Bir neçə müraciətdən sonra – 1955-ci il aprelin 16-da S.R.Xocayeva həyat yoldaşının işinə yenidən baxılmasını hüquq-mühafizə orqanlarının rəhbərlərindən və siyasi xadimlərdən təkidlə xahiş edir. 1955-ci ildə yazılmış şikayət ərizəsinə nəhayət ki, 1957-ci ildə rəsmi reaksiya verilir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il qərardadına görə, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1937-ci il oktyabrın 12-də çıxartdığı hökm ləğv olunur və X.S.Xocayevin əməllərində cinayət tərkibi olmadığına görə iş xətm edilir.
Xalid Səid Xocayevin istintaq qovluğuna, eləcə də bio və biblioqrafiyasına əsaslanaraq, təkrardan qorxmadan cəsarətlə deyə bilərik ki, Xalid Səid Xocayevin ittihamı türklüyün və türkçülüyün mühakiməsi idi.
Heç kəsə sirr deyildir ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın əsas təşkilatçılarından biri də Xalid Səid idi. Maraqlıdır ki, qurultaya gələnlərin bir çoxu onun evində qonaq olub. Bunu Qəmər Salamzadə belə xatırlayırdı: “Xalid əfəndi Türkiyədən gələn qonaqları evinə dəvət etmişdi. Təsadüf elə gətirmişdi ki, mən də həmin qonaqlıqda oldum. Qonaqların arasında Əli bəy Hüseynzadə, Fuad Köprülüzadə, Rzaqulu Nəcəfzadə, Hüseyn Cavid, Xalid əfəndinin qonşusu, Türkiyədə təhsil almış bakılı doktor Orxanbəyli var idi. ”.
X.S.Xocayev müsafirlər arasında təbliğat aparır latın əlifbasının türk xalqlarının taleyində xüsusi rol oynayacağını, onların bu yolla dünyaya inteqrasiya edəcəklərini bildirirdi.
Yeri gəlmişkən qeyd etməliyik ki, X.S.Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” (1929) əsəri kitabın üz qabığında da qeyd edildiyi kimi, yeni türk əlifbası ilə yazılan ilk kitab idi. Araşdırmalar göstərir ki, Xalid Səidin əlyazma əsərləri onun mətbuu əsər və kitablarından qat-qat çox olmuşdur. Təəssüf ki, həmin əlyazma və kitabların böyük əksəriyyəti Xalq Daxili İşlər Komissarlığı (XDİK) və onun milli-mənəvi dəyərlərimizə qənim kəsilmiş əməkdaşları tərəfindən məhv edilmişdir. Xalid Səid Xocayevin elmi yaradıcılığından bəhs edən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov qeyd edirdi ki, məlumatlara görə, Xalid Səid Xocayevin “Üslubiyyat nəzəriyyəsi”, “Sintaksis”, “Türk dillərinin tarixi qrammatikası” adlı kitabları da olubdur. Ancaq bu əsərlərin hər biri yoxa çıxıbdır. Onun 14 çap vərəqi həcmində “Sintaksis” adlı əsərinin redaktoru Bəkir Çobanzadə olmuşdur. Bu əsər redaktə olunub mətbəəyə verildikdən sonra çap edilməmiş, daha doğrusu, itirilmişdir. Xalid Səidin 1936-cı ilin ortalarında çapa hazır olan 14 çap vərəqi həcmində olan “Üslubiyyat nəzəriyyəsi”, 12 çap vərəqi həcmində olan “Türk dillərinin tarixi qrammatikası” adlı əsərləri də yoxa çıxıbdır. Xalid Səidin yoxa çıxmış, it-bata düşmüş əsərləri barədə Azər Turanın verdiyi müsahibələrin birində deyilir: ““Divan”dan başqa, 11 böyük elmi əsəri (Xalid Səid Xocayevin elmi əsəri nəzərdə tutulur – B.X.) müsadirə olunub: “Orxon kitabələrinin izahlı tədqiqi”, “Türk dilinin tarixi qrammatikası”, “Cığatay ədəbiyyatı haqqında mühazirələr”, “Türküstan tarixinin qısa icmalı”, “Müfəssəl sintaksis” və s”.
A.Turan “Xalid Səid Xocayev. Şəhid türkşünas” kitabında göstərir ki, türkcəylə yanaşı, ərəb, fars, rus, ingilis və alman dillərinin də mükəmməl bilicisi kimi tanınan Xalid Səidin yaradıcılıq bioqrafiyasının, bizcə, tam olmayan siyahısında “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi”, “Yeni əlifba yollarında əski xatirə və duyğularım”, “Müxtəsər üslubiyyat”, “Müfəssəl sintaksis”, “Üslubiyyat nəzəriyyəsi”, “Türk dilinin tarixi qrammatikası”, “Cığatay ədəbiyyatı haqqında mühazirələr”, “Türk ədəbiyyatının nəzəriyyəsi”, “Türküstan tarixinin qısa icmalı”, “İran dillərinin qrammatikası”, “Mahmud Kaşqarlı “Divan”ı mətninin izahlı, elmi tərcüməsi”, “Orxon kitabələrinin izahlı tədqiqi”, “Türk məktəbi üçün rus dili” kimi bir qismi məlum mətbu, bir qismi isə yağmalanıb zəbt olunmuş dəyərli kitablar, əsərlər (və itkin əlyazmalar) var. ”
A. Turan Xalid Səidin şəxsi qeydlərinə (“Elmi əsərlərimin siyahısı və onların müxtəsər xarakteristikası” 19 noyabr 1934-cü il tarixli əlyazma), əldə olan kitablarına və əlavə bilgilərə istinad edərək həmin əsərlərin yığcam təsvirini belə səciyyələndirir:
“1. “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi”. 1926-cı ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti nəşriyyatında çap olunub. 108 səhifədir. Xalid Səidin bildirdiyinə görə, kitab Birinci Türkoloji Qurultayın təklifi ilə yazılıb. Ancaq əlimizdəki nəşrdə bunun belə olduğunu bildirən hər hansı bir qeyd yoxdur. Əksinə, müəllif əsərini “Bakıda toplanacaq olan türkşünaslar qurultayının qarşısında” duran bir sıra mühüm məsələləri aydınlaşdırmaq üçün yazdığını ifadə etmişdi. “Türkologiyada Mirzə Kazım bəyin əsərindən sonra ən dəyərli müqayisəli qrammatika” (Əsgər Quliyev) adlandırılan bu kitabı Əli Sultanlı “qohum dillərin müqayisəli qrammatikası sahəsində çox qiymətli” (Adil Babayev) qaynaq hesab edirdi.
2. “Yeni əlifba yollarında əski xatirə və duyğularım”. Əziz Ubeydulinin ön sözüylə 1929-cu ildə Krım Xalq Maarif Komissarlığının Simferopoldakı mətbəəsində “birləşmiş yeni türk əlifbası ilə Azərbaycan ləhcəsində” nəşr olunmuş ilk kitabdır.
8 çap vərəqi həcmində – 145 səhifədən ibarətdir.
3. “Müxtəsər üslubiyyat”. Kitab Azərbaycan Pedaqoji İnstitutunda dillər kafedrasının müdiri, bəlkə də elə bu kitabın həmmüəllifi olduğu üçün 1937-ci ildə qətlə yetirilmiş Abdulla Tağızadə ilə birlikdə yazılıb. Bakıda iki dəfə – 1933-1934-cü illərdə Çobanzadənin redaktorluğu ilə “Azərnəşr”in tədris-pedaqoji şöbəsi tərəfindən nəşr olunub. 91 səhifədir. Xalid Səidin bildirdiyinə görə, A.Tağızadə kitabın əlifba tarixi bölümünün yazılmasında iştirak edib. “Orta məktəb müəllimləri və ali məktəb tələbələrinin uzun müddət yeganə dərs vəsaiti” (Əli Sultanlı) olan “Müxtəsər üslubiyyat” “dilçilik tariximizdə bu barədə yazılmış ilk kitab” (Əlövsət Abdullayev) və “. Azərbaycan dilinin üslubiyyatına həsr olunmuş ilk əsər olaraq filologiyamızın o zamankı inkişafı nöqteyi-nəzərindən irəliyə doğru bir addım” (Əbdüləzəl Dəmirçizadə) sayılmaqdadır.
4. “Türk məktəbi üçün rus dili”. 1934-cü ildə Bakıda nəşr olunmuşdur. Xalid Səidin məlumatı: “Orijinal əsərdir. Azərbaycan Xalq Maarif Komissarlığının tapşırığına əsasən Pedaqoji İnstitutun dosenti Yablonko ilə birgə tərtib olunub”.
5. “Müfəssəl sintaksis”. Xalq Maarif Komissarlığının təklifi ilə hazırladığı 14 çap vərəqi həcmində olan “Müfəssəl sintaksis” haqqında müəllif bildirirdi ki, kitabda yeni metod və sintaksisin müasir quruluşu da tətbiq edilir. Xalid Səidin xatırlatmasına görə, o vaxta qədər türk dilində belə bir əsər olmayıb. Professor Bəkir Çobanzadə tərəfindən redaktə işi tamamlanan kimi X.Səid kitabın mətbəəyə təqdim ediləcəyini bildirirdi. Bəkir Çobanzadə isə Xalid Səidin “Türk dilinin sintaksisinə dair” əsərini xüsusilə qeyd edərək yazırdı: “Bu əsərdə S.Xocayev Şərq və rus dilçiliyinin sintaksis nəzəriyyəsi sahəsindəki fikirlərinin hamısından istifadə etmiş, türk dilinin sintaktik quruluşuna dair zəngin materiallar toplamışdır”.
6. “Üslubiyyat nəzəriyyəsi”. 14 çap vərəqi həcmində olan “Üslubiyyat nəzəriyyəsi” Ali Pedaqojı İnstitutunun təklifi ilə tərtib olunmuşdu. Həmin institutda üslubiyyat kursu Xalid Səidin bu əsəri əsasında aparılırdı. Müəllif üslubiyyatın nəzəri və praktiki məsələlərinə həsr olunmuş kitabın nəşrə hazır olduğunu xatırladırdı.
7. “Türk dilinin tarixi qrammatikası”. Müəllif kitab barədə belə məlumat verir: “12 çap vərəqi həcmində əlyazma şəklindədir. Çapa hazırlanır. Bu kitab XI əsr ümumtürk dilinin tarixi qrammatikasıdır. Mahmud Kaşqarlının tarixi əsəri əsasında hazırlanıb. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının tapşırığına əsasən yazılıb”.
8. “Cığatay ədəbiyyatı haqqında mühazirələr”. Xalid Səidin bildirdiyinə görə, əlyazma 5-6 çap vərəqi həcmindədir. Azərbaycan Dövlət Universitetində Orta Asiya ədəbiyyatı mövzusunda oxuduğu mühazirələrin əsasında hazırlanıbmış. Sufizmin ümumşərq ədəbiyyatına, o cümlədən, cığatay ədəbiyyatına təsiri məsələlərini işıqlandıran əsər “Giriş”, “Ərəb ədəbiyyatının icmalı” və “Ərəb ədəbiyyatının cığatay ədəbiyyatına təsiri” bölümlərindən ibarət olub.
9. “Türk ədəbiyyatı nəzəriyyəsi”. “Əlyazma 18-19 çap vərəqi həcmindədir. 1928-29-cu illərdə yazılıb”. Bu mövzuda nəşr olunmuş kitablar olmadığından otuzuncu illərə qədər Azərbaycan Pedaqoji İnstitutunun tələbələri əsas vəsait olaraq Xalid Səidin həmin əsərindən istifadə ediblər.
10. “Türküstan tarixinin qısa icmalı”. Müəllifin Azərbaycan Dövlət Universitetində cığatay ədəbiyyatına dair mühazirələri əsasında hazırladığı əlyazma 6-7 çap vərəqi həcmindəymiş.
11. “İran dillərinin qrammatikası” 7 çap vərəqi həcmində olub. Xalid Səid bildirirdi ki, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının aspirantları və Ali Pedaqoji İnstitutun tələbələri İran dilləri kursunu bu kitaba əsasən keçiblər. Azərbaycan Sovet Ensiklopediyasında Xalid Səidin rəhbərlik etdiyi kurslarda da bu kitabdan istifadə olunurmuş.
12. “Mahmud Kaşqarlı “Divan”ı mətninin izahlı, elmi tərcüməsi”. 80 çap vərəqi həcmindədir.
13. “Orxon kitabələrinin izahlı tədqiqi”. Xalid Səid Orxon mətnlərini şəxsən özü tərcümə etmişdi və tədqiqat işində hələlik bir sıra əlavələrin zəruri olduğunu xatırlatmışdı.
Əlbəttə, bütün bunlar linqvistika sahəsində X.Səidin gördüyü böyük elmi işlərin yalnız bir qismi barədə təsəvvür yaradır. Ancaq, hətta bu müstəvidə də Xalid Səid kitablarının və təəssüf ki, yalnız qısa icmalları qalan itkin əsərlərinin mündəricəsinə görə dövrünün bənzərsiz alimləri ilə bir sırada dayanır. Təmsil olunduğu elmi çevrədə onu müasiri olduğu hər hansı bir alimlə də müqayisə etmək çox çətindir. Bəkir Çobanzadədən sonra X.Səid 30-cu illərin elmi mühitində nadir təsadüf olunan böyük alimlərimizdən biriydi”. (Azər Turan. Xalid Səid Xocayev. Şəhid türkşünas. Bakı, 2009, s.8-12).
Yuxarıdakı qeydlərdən bir daha aydın görünür ki, sovet totalitar rejiminin bolşevik qurşunu latın əlifbasının Azərbaycan, eləcə də digər türk respublikalarında yayılmasında əvəzsiz xidmətləri olan Xalid Səid Xocayevin də təmsil olunduğu türkoloji düşüncəmizi, türkçülük baxışlarımızı, bütövlükdə isə türkləşmək təfəkkürümüzü hədəfə almışdı. Sevindirici haldır ki, siyasi repressiyalar zamanı X.S.Xocayevə qarşı yönəlmiş təqib və təzyiqlər onu fiziki olaraq məhv etsə də, türkoloq alimin elmi-bədii yaradıcılığını axıradək məhv edə bilməmişdir. Belə ki, onun yuxarıda xatırlanan “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” (1926), “Yeni əlifba yollarında əski xatirə və duyğularım” (1929), Abdulla Tağızadə ilə həmmüəllif olduğu “Müxtəsər üslubiyyat” (1933) adlı kitabları günümüzə qədər gəlib çıxmış, bu gün də aktuallığını və elmi dəyərini itirməmişdir.
Alimin əlimizdə olan ilk irihəcmli mətbu əsəri “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” kitabıdır. XX əsrin əvvəllərində işıq üzü görən bu əsər zamanında türkdilli xalqların qrammatikasında mövcud olan elmi boşluğu aradan qaldıran sanballı bir araşdırmadır. Bu kitab yalnız Osmanlı, özbək, qazax dillərinin deyil, sonrakı illərdə digər türkdilli xalqların dilçilik elminin yaranmasında və formalaşmasında öz töhfəsini verməklə mühüm elmi mənbələrdən birinə çevrildi. Beş qisimdən və 110 səhifədən ibarət olan bu kitabda müəllif yazırdı: “Bakıda toplaşacaq olan türkşünaslar qurultayının qarşısında bir kaç mühüm vəzifələr var. Bunlardan biri türk uruğları arasında ədəbi bir dil yaratmaq məsələsidir. Bu məsələ xeylidən xeyli zehnimizi işğal ediyor. Bu məsələni əsas etibarilə hər kəs arzu ediyor. Çünki bir dil ətrafında toplananlar nə qədər çox olursa, o dildə olan ədəbiyyat, mətbuat o qədər geniş, o qədər əsaslı olur. Bu bir həqiqətdir. Bu xüsusda düşüncəyə və münaqişəyə yer yoxdur. Binaye-əliye 70-80 milyon xalq tərəfindən oxunacaq olan bir ədəbi türk dilinin yaradılmasına qarşı duran kimsə bulunamaz. Bunu hər kəs ürəkdən istər, ancaq burada zehnimizə bir sual gəlir:
Əcaba türk oruğları arasında böylə bir dil yaratmaq mümkünmüdür? Mümkün olduğu təqdirdə bu dil təbii bir dilmi olacaq və yaxud yapma bir şeymi olur? Sualımızı bir az daha aydınlaşdıralım:
Türk dillərinin müxtəlif şivələri arasında öylə bir dil düzəlinə bilirmiyiz ki, onu bütün türk oruğları anlasınlar və yaxud düzəltiləcək ədəbi dil bütün türk oruğlarına yabancı olaraq hər biri tərəfindən ayrıca öyrənməyə lüzumlu olacaq” (Xocayev X.S. “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi”, Bakı, 1926, s. 3).
Əsərdən məlum olur ki, Xalid Səidin əsas istəklərindən biri türk dillərinin şivələri arasında vahid bir dilin bütün türk dünyasında anlaşılmasıdır. Yəni istər Qərbdə, istərsə də Şərqdə yayılan türkcə əsərlər hər bir türk tərəfindən eyni şəkildə başa düşülsün. Türk türkün dayağı olmalıdır. Bunun üçün isə ortaq bir dilin qəbul edilməsi çox vacib amildir.
Beş hissədən ibarət olan kitab ilk olaraq, “Osmanlı, özbək və qazax dilləri arasında sərfcə münasibət” adlı giriş hissəsi ilə başlayır. Daha sonra göstərilən üç ləhcə arasındakı münasibətdə isim, sifət, əvəzlik, feil və ədat arasında olan müştərək nöqtələr haqda məlumat verilir. Kitabda əsasən özbək və qazax ləhcələrinin müqayisəsi təsvir olunmuşdur. Müəllif osmanlı və Azərbaycan şivələrinin eyni olduğunu söyləyərək, o səbəbdən Azərbaycan ləhcəsi ilə müqayisəyə çox yer vermədiyini qeyd edir. O, üç ləhcənin müqayisəsini aparmış olsa da, digər ləhcələr, məsələn, uyğur, türkmən və s. ləhcələrə gələcək tədqiqatlarında toxunacağını qeyd edir. İsim adlı birinci hissədə bir-birindən uzaq yaşayan müxtəlif türk oruğlarında qeyri-müştərək məxsusi isimlərin çoxalması müqayisəli şəkildə vurğulanır. Osmanlılarda, əsasən, türkcə olan bir çox isimlər unudularaq yerinə ərəb və ya farsca sözlər daxil edilmişdir. Bu hal özbəklər və azərbaycanlılarda da vardır. Alınma isimlərin eyni nisbətdə və bəzən bir kəlmə alınmadığından dildə ayrılıq meydana gətirmişdir. Ləhcələrin bir-birinə olan yaxınlığını mühafizə edən türkcə müştərək və ümumi kəlmələrin dilə gətirilməsini təklif edən müəllif bununla dilin əcnəbi sözlərdən təmizləyəcəyini vurğulayır.
Müştərək isimlərə belə nümunələr göstərir:
anadolu özbəkcə qazaxca
boyun boyun moyun
Daha sonra müəllif ismin halları, tək və cəm, izafət, müxtəlif şəkilçilər – çak, çek, ikə, la, lə, da, də və s. ilə düzələn isimlərdən danışır və bunların hər birini müqayisəli şəkildə nümunələrlə izah edir:
osmanlıca özbəkcə qazaxca
qaralaməq qaralaməq qaralamaq
otlamək otlamək otlamaq
İkinci bölmə sifət bəhsinə həsr olunmuşdur. Sifətin hissələri izah olunur, əsli, qiyasi və səmai başlıqları ilə bölünür. Sifətin mənalarındakı dərəcələri, yəni adi, müqayisə və üstünlük dərəcələrini ətraflı müqayisə ilə göstərir:
osmanlıca özbəkcə qazaxca
ən yaxşı adam ən yaxşı adam ən cağşı adam
Elə sözlər vardır ki, hər üç ləhcədə eyni və ya əksinə, fərqli tələffüz olunur. Məsələn, müəllif təkid sifətləri bəhsində göstərir:
osmanlıca özbəkcə qazaxca
qapqara qarqara ğadğara
Şəxs əvəzliyinin cəmdə ifadə forması müqayisə olaraq bu şəkildə verilir:
osmanlıca özbəkcə qazaxca
bizim biznən bizdən
bizə bizgə bizğə
bizi bizini bizini
bizdə bizdə bizdə
bizdən bizdən bizdən
bizimlə biziylən bizsamən
bizim üçün biz üçün biz uşun
Sual əvəzliyinə nəzər yetirək:
osmanlıca özbəkcə qazaxca
hənki? qaysi? qaysi?
Dördüncü bölmə feillər bəhsidir. O biri bölmələrdə qeyd olunduğu kimi, hər üç ləhcədə yetərincə alınma sözlər yer almışdır ki, bu da, əsasən, türkcə olan bir çox sözlərin unudularaq yaddan çıxmasına səbəb olmuşdur. Bu hal Azərbaycan və özbək dillərində daha çox nəzərə çarpır. Feillər bəhsində də öncəki bölmələrdə olduğu kimi, müqayisələr mövcuddur:
osmanlıca özbəkcə qazaxca
gülmək gülmək gülyək
Kitabda dilçilik baxımından bir sıra xırdalıqlara toxunulur və feillərin “ağır” (səğil) və “yüngül” (xəfif) olaraq qruplaşdırılmasından danışılır və bu şəkildə izah olunur: “Axırında mək (bək, pək) olan məsdərlərə yüngül məsdər (məsələn, getmək), baq, moq, maq olan məsdərlərə ağır məsdər deyilir (məsələn, asmaq)”.
Digər açıqlama təxfifi “yüngülləşdirilən” məsdərlər haqqındadır. “Məsdər-e təxfifi”ni əmələ gətirmək üçün məsdərlərin axırındakı ədatların yerinə “mə” (ma) şəkilçilərinin gətirilməsi vurğulanır. Bu quruluş əsasən osmanlıcaya aiddir.
Bundan əlavə, elə məsdərlər var ki, onlar hər üç ləhçədə yer alır:
osmanlıca özbəkcə qazaxca
Hasel-e məsdər, esm-e məsdər, yardımçı məsdər başlıqları altında da feil haqqında ətraflı məlumat verilir. Məsələn, məsdər-i motəədded (yəni müxtəlif, çoxlu, saysız) bəhsində müəyyən qaydaya əsasən məsdərlərin bəzi ədatlar sahəsində çoxalması qeyd olunur. Təbii ki, burada da müəllif öz araşdırmasına ciddi yanaşmış, həm hər üç ləhcədə olan müştərək məsdərləri, həm də yalnız bir və ya ikisinə aid olan məsdərləri seçib göstərmişdir.
osmanlıca özbəkcə qazaxca
aparmaq, apartmaq apartməğ ağartməğ
Azmaq-azdırmaq feili isə hər üç ləhcədə azdırmaq kimi işlənmişdir.
Müəllif məlum və məchul məsdərlərdən danışarkən də ətraflı elmi şərh verir və yenə də hər üç ləhcədən nümunələr gətirir. Feillər bəhsində maraq doğuran bölmələrdən biri də tək (bəsit) qoşma, mürəkkəb məsdərlər bölümüdür. Bəsit məsdər tək bir kəlmədən ibarət olan məsdərdir (getmək, gəlmək və s.). Mürəkkəb məsdər isə hər hansı bir məsdərin müştəğlərindən biri ilə yaranan məsdərlərdir. Eynilə feillərin də bu şəkildə iki yerə ayrıldığı söylənilir.
İltizami (yəni feilin şəkillərini ifadə edən forma) siğəsi (siğə, yəni qrammatikada zamanlara görə dəyişən feilin müxtəlif formalarından biri) adlı başlığa nəzər yetirdikdə, müəyyən sözlərin, məsələn, osmanlılarda yazayım, azərbaycanlılarda yazayın, qazaxlarda cazayın kimi ifadə olunmasına rast gəlinir. Yazalar, yazasınız, yaza, yazsan ifadəsinin isə yalnız osmanlı variantı göstərilmişdir.
Feilin keçmiş zamanı bütün şəkilləri (mazi-ye nəğli, mazi-ye bəid və s.) ətraflı işlənmiş və yetərincə misallarla ifadə olunmuşdur.
Kitabda hərflərə uyğun olaraq da bölgü aparılmışdır, yəni hərfin səsli və ya səssiz (sait və samit) olmasından asılı olaraq göstərilmişdir.
Beşinci hissə ədat haqqındadır. Ədatın tərifini müəllif belə söyləyir: “Kəndi başına, yalnız bulunduqda, bir məna ifadə etməyibdə, başqa kəlmə ilə birlikdə bulunduğu surətdə bir məna ifadə edən ləfzlərə “ədat” deyilir”.
Ümumiyyətlə, kitabda ədatlara çox yer ayrılmamışdır. Müəllif ədat barəsində ayrıca bir tədqiqat əsəri yazacağını vurğulayır.
Son olaraq onu söyləyə bilərik ki, Xalid Səidin “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” adlı əsəri gələcəkdə də türkdilli xalqların müqayisəli dilçilik sahəsində tədqiqat aparan alimlərimiz üçün hər zaman dəyərli mənbə olaraq qalacaqdır.
Xalid Səid əsərini sonda belə ümumiləşdirir: “Ümumiyyətlə, türklərdə feilin siğələri çoxdur, biz burada əsas şəkil və nöqtələri göstərməyə eqtefa etdik, təfərrüata girişmədik. Bu kitabçayı yazmaqdan əsas məqsədimiz, bu ləhcələrə vaqif olmayanlara bunların arasındakı sərfcə olan münasibəti qısa bir surətdə göstərmək idi. Zənnimizə görə, buna tamamən olmasa belə, qismən müvəffəq olduq. Bu kitabçayı bir az diqqətlə oxuyanlar üçün bu ləhcələrin sərfcə bir-birinə pək yaxın olduqlarına dair qənaət hasil olacağından əminiz”.
Əsərlə tanışlıqdan belə bir fikir hasil olur, yaxşı ki, bizim ziyalılar türkdilli xalqların dilini və mədəniyyətini dərindən mənimsəmiş, bolşeviklərin yasaq və qadağalarına, türkdilli xalqları biri-birindən uzaq salmaq cəhdlərinə baxmayaraq, özlərində cəsarət tapıb onu geniş oxucu kütlələrinə mənimsətməyə çalışmışlar.
Xalid Səid Xocayevin ikinci mətbu kitabı 1929-cu ildə Bakıda nəşr etdirdiyi “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəridir. Professor Əziz Qubaydullin “yeni əlifbanın mübarizlərindən” adlandırdığı Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsərinin əhəmiyyətini yüksək qiymətləndirərək yazırdı: “Xalid Səid yoldaşın oxucularımıza təqdim edilməkdə olan əsəri bir çox cəhətdən əhəmiyyətlidir. Bu “Səyahətnamə” bir cəhətdən yeni əlifba yolundakı böyük mədəni və inqilabi hərəkətin ilk dövrünü göstərdiyindən türk-tatar xalqı tarixinin mühüm bir səhifəsidir. İkinci tərəfdən, bu əsər ədəbiyyatımızda bu dövrdəki türk-tatar ziyalılarının halət ruhiyyələrini göstərən birinci “xatirə-memuar”dır”. Azərbaycan ədəbiyyatında janr etibarilə “səyahətnamələr”in azlığından şikayətlənən Əziz Qubaydullin göstərirdi ki, Azərbaycan türk ədəbiyyatında “səyahətnamələr” yoxdur demək mümkündür. Bunun üçün bu əsəri mətbuat meydanına çıxararaq Azərbaycan türk ədəbiyyatının hər iki növünə başlanğıc material veririz (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.3).
Həqiqətən də Ə.Xaqanidən M.F.Axundzadəyə, M.F.Axundzadədən İ.Qurtqaşınlıya, İ.Qurtqaşınlıdan Z.Marağaiyə, Z.Marağaidən Ə.Haqverdiyevə qədərki ədəbi yolda səyahətnamə janrında əsərlər yazılmışdır. Xalid Səid Xocayevə qədərki səyahətnamələr əsasən bədii səyahətnamələr hesab olunursa, “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri yalnız bədii deyil, eyni zamanda elmi, tarixi və publisist bir əsərdir. Xalid Səid Xocayevin bu əsəri sovet dövründə Azərbaycanda yazılmış ilk elmi-tarixi səyahətnamədir. Bu əsər X.Səidin yazıçı, vətəndaş mövqeyini və alim kimliyini ortaya qoyur.
Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri Birinci Türkoloji Qurultaya aparan yol, qurultay və qurultaydan sonra görülən işlər, eləcə də dilçilik (xüsusilə də əlifba) tarixi barədə günümüzə kifayət qədər ciddi informasiya daşıyan qiymətli və etibarlı bir mənbədir.
Tərəddüd etmədən demək olar ki, indiyədək Birinci Türkoloji Qurultayın keçirilməsi, Azərbaycan ziyalılarının yeni əlifba uğrundakı fədakarlığı barədə “Yeni əlifba yollarında əski xatirə və duyğularım” qədər geniş və müfəssəl bilgi verən ikinci bir əsər yazılmamışdır.
Yeri gəlmişkən qeyd etməliyik ki, “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri ədəbiyyat tariximizdə elmi təsdiqini tapmamış bəzi fikirlərin təshih edilməsinə də yardım edir. Belə ki, indiyədək ədəbiyyat tariximizdə belə bir fikir formalaşmışdı ki, guya Həsən Səbri Ayvazov qurultayda olarkən B.Çobanzadənin çıxışından təsirlənərək yeni əlifba tərəfdarına çevrilmişdir. Bu məsələlərə aydınlıq gətirən Xalid Səid Xocayev “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı kitabında göstərir ki, əlifba məsələsi Krımda müzakirə edilərkən (bu müzakirə B.Çobanzadənin Bakıya gəlməsindən əvvəl idi – C.Q.) S.Ağamalıoğlunun çıxışından sonra Həsən Səbri Ayvazov ayağa qalxdı həyəcansız, təlaşsız, gülə-gülə sözə başladı: “Yoldaşlar, mən söz alırkən ehtimal ki, sizə qarşı yeni etirazlar edəcəyimi təxmin etdiniz, ehtimal ki, yeni əlifbanı çürütmək üçün söz aldığımı zənn etdiniz, ehtimal ki, ərəb əlifbasını bütün qüvvətimlə müdafiə edəcəyimi düşündünüz; halbuki, məqsədim heç də öylə deyildir. Mən bu dəqiqələrə qədər əski əlifbanı mühafizə etmək tərəfdarı idim. Bu onun nöqsanlarını bilmədiyimdən dolayı deyil, onun nöqsanlarını mən də hər kəs qədər bilirdim, yenə mühafizə tərəfdarı idim. Səbəbini yuxarıda ərz etmişdim. İndi gərək möhtərəm Ağamalıoğlunun sözlərindən və gərəksə başqa yoldaşların sözlərindən mənə qənaət hasil oldu. Mənim qorxularım bərtərəf oldu. Bundan sonra, artıq qəti surətdə yeni əlifba tərəfdarı olduğumu elan edirəm. İştə onun üçün söz aldım. Səməd Ağa sözündə, məsləkində sabit bir adam olduğundan, verdiyi sözləri də yerinə gətirəcəyindən əminəm” (Xalid Səid Xocayev. “Yeni əlifba yollarında əski xatirə və duyğularım”, Bakı, 1929, s.30).
Göründüyü kimi, X.S.Xocayevin haqqında bəhs açdığımız bu əsəri Birinci Türkoloji Qurultay, eləcə də ədəbiyyat tariximizlə bağlı faktların dəqiqləşdirilməsi istiqamətində də olduqca əhəmiyyətli və etibarlı elmi-tarixi mənbədir.
Məlumdur ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1924-cü il 27 iyun tarixli qərarı ilə yeni türk əlifbası Azərbaycan əlifbası kimi qəbul edildi. Yeni Türk Əlifbasına keçmək başqa türk-tatar xalqlarının da qarşısında duran ümdə vəzifəyə çevrildi. Xalid Səid Xocayev bu xüsusda yazırdı: “Zatən osmanlılar, qazaxlar, özbəklər arasında da bu məsələ yox deyildi; ancaq onlar bu məsələni ortaya atmağa cəsarət etməyirlərdi. Yeni əlifba vasitəsilə əldə edilən müvəffəqiyyət komitəyə (Yeni Türk Əlifba Komitəsi nəzərdə tutulur – C.Q.) daha artıq cəsarət verdi. O, müvəffəqiyyətlərin yekununu göstərməyə və qonşu türk cümhuriyyətlərinin fikrini almağa qərar verdi. Bunun üçün bir konfrans çağırmaq lazım idi. Komitə bundan əvvəl onlar ilə xüsusi surətdə görüşməyi daha müvafiq gördü. 1924-cü ilin sentyabr ayında bir heyət səfəriyyə təşkil edildi. Bunlar Şuralar ittifaqında olan bütün türk cümhuriyyətlərinin mərkəzlərinə gedəcək, səlahiyyatdar adamlar ilə görüşəcəklərdi”.
Xalid Səid Xocayevin dediyi kimi, “qonşu türk cümhuriyyətlərinin fikrini almaq” və təbliğat işini gücləndirmək məqsədi ilə Səməd Ağamalıoğlu, Cəlil Məmmədquluzadə, Vəli Xuluflu və Xalid Səid Xocayevdən ibarət xüsusi nümayəndə heyəti yaradıldı. Həmin nümayəndə heyəti 1924-cü il sentyabr ayının 7-dən oktyabr ayının 10-dək Dağıstan, Daşkənd, Krım, Simferopol, Orenburq, Ufa, Kazan və başqa şəhərlərdə yeni əlifbanın tərəfdarları və əleyhdarları ilə görüşlər keçirərək onun türk-tatar xalqlarının ədəbi-mədəni həyatında mühüm hadisə olacağını faktlı, predmetli şəkildə əsaslandırmağa çalışdılar. Nümayəndə heyəti Dağıstana getməkdən vaz keçdi. Bu məsələyə aydınlıq gətirən X.S.Xocayev yazırdı: “Yeni əlifba ilə əlaqədar olan qonşu cümhuriyyətin mərkəzində bulunurduq. Burada qalmadıq, qalmağa da lüzum yox idi. Çünki Dağıstan çoxdan öz fikrini bildirmişdi. Burada yeni əlifba xüsusunda müzakirə ediləcək heç bir şey yox idi. Dağıstan Azərbaycan ilə həmrəy idi. Buna görə boş vaxt keçirmək istəmədik” (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.12).
Bu səfər zamanı Azərbaycandan gələn nümayəndə heyəti Krım Universitetinin professoru, tanınmış dilçi alim Bəkir Çobanzadə ilə tanış olur. Səməd Ağamalıoğlu Krımda nümayəndə heyətinə bələdçilik edən B.Çobanzadəni daha yaxından tanıyır. Onun təşkilatçılıq qabiliyyətini, yüksək erudusiyasını və intellektual səviyyəsini nəzərə alan Səməd Ağamalıoğlu professoru Bakıya dəvət edir. Səməd Ağamalıoğlunun dəvətini məmnunluqla qəbul edən B.Çobanzadə 1924-cü ildə Bakıya gəlir.
Səməd Ağamalıoğlunun əsas amalı yalnız Azərbaycan deyil, bütövlükdə türkdilli xalqları yeni əlifba ilə təmin etmək və onları sivil xalqların sıralarına gətirmək idi. Bu S.Ağamalıoğluna həm də ümumtürk, ümumislam dünyasının vahid əlifbasını yaratmaqla onların ortaq mədəniyyətə, ortaq kültürə və ortaq dilə malik olduqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün lazım idi.
Bu böyük amallara çatmaq üçün S.Ağamalıoğlu “bütün qüvvətilə türkoloji qurultayı çağırmağa çalışırdı. Nəhayət, o, ümumittifaq mərkəzi idarələrinin nəzər-diqqətini bu məsələ üzərinə cəlb etdi, qurultayın çağırılması xüsusunda qərar qəbul etdirdi” (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.87).
Xalid Səid Xocayev göstərirdi ki, qurultay çağırmaq, vahid əlifba sistemi yaratmaq heç də asan məsələ deyildi. Əvvəla, bir çox türk xalqları mənəvi-ideoloji cəhətdən buna hazır deyildi. Onlar hesab edirdi ki, yeni əlifbaya keçməklə biz dini dəyərlərimizdən, hətta “Qurani-Kərim”dən uzaq düşəcəyik. Bəzi yerlərdə xurafat kifayət qədər güclü olduğundan ziyalıların çoxu bu prosesə qoşulmaq istəmir və ya təqib və təzyiqlərdən qorxurdu. Bəzi ziyalılar yeni əlifbaya keçməyin perspektivlərini görmür, əski əlifbanı dəyişdirməyi məqsədəuyğun hesab etmirdilər. Səməd Ağamalıoğlu mövcud çətinlikləri aradan qaldırmağın yolunu türkoloji qurultayın çağırılmasında görürdü. Onun fikrincə, türkoloji qurultaya gedən yol türk dövlətləri arasında aparılan təbliğatdan, onların mənəvi-ideoloji birliyindən keçir. Təbliğat işi nə qədər yüksək səviyyədə aparılarsa, məqsədə də bir o qədər asan çatmaq olar.
Daşkənddə fikir mübadiləsi aparmaq mümkün olmasa da, keçirilən toplantılardan, müzakirələrdən belə nəticəyə gəlmək olardı ki, “özbək və türkmən mütəxəssisləri yeni əlifba tərəfində idi. Qazaxlar isə yeni əlifbanı qəti surətdə qəbul etməyəcəklərini bildirmişlərdi, lakin məsələnin ümumi türkoloji qurultayında həll edilməsinin əleyhinə deyildilər. Belə bir qurultay çağırıldığı təqdirdə iştirak edəcəklərinə dair söz verdilər. Qurultayda ərəb əlifbasının qələbə çalacağına əmin kimi idilər”.
Nümayəndə heyətinin Daşkənd, Orenburq və Kazandan narazı qayıtmasına baxmayaraq, bu səfər onlar üçün kifayət qədər əhəmiyyətli olmuşdur. Belə ki, bu səfər bir tərəfdən türk xalqlarının yeni əlifbaya münasibətlərini, digər tərəfdən isə türkoloji qurultayın keçirilməsi zərurətinin qaçılmaz olduğunu ortaya qoyur. Birinci Türkoloji Qurultayın türkdilli xalqların taleyində oynadığı rolu yüksək qiymətləndirən Xalid Səid Xocayev yazırdı: “Bu qurultay Şərq aləmindəki mədəni inqilabın ən mühümü olan əlifba inqilabının rəsmi surətdə təməl və əsasını qoymuş olduğu kimi, əsrlərcə ərəb əlifbasının muşkulatı altında əzilən xalqlar ilə əlifbadan məhrum olan bir çox ibtidai halda yaşayan xalqlar üçün elmi, fənni əsaslar üzərinə qurulan bir əlifba verdi” (yenə orada. s.147).
Təbliğat işinə önəm verən S.Ağamalıoğlu nümayəndə heyəti ilə yanaşı, ayrı-ayrı türkdilli xalqların mütərəqqi fikirli, yerli-ziyalı nümayəndələrini də bu işə cəlb edirdi. B.Çobanzadə, Xalid Səid Xocayev və başqaları belə ziyalılardan idi. Doğrudur, Xalid Səid onunla birlikdə təbliğat aparırdı. Lakin S.Ağamalıoğlu Xalid Səidin nüfuzunu, ziyalı mövqeyini, türkçülüyünü, milliyyətini nəzərə alaraq özbəklərlə, qazaxlarla, hətta Türkiyə türkləri ilə dil tapmağın onun üçün daha asan olacağını görürdü. Maraqlıdır ki, təbliğat işi yalnız 1924-cü ildə həyata keçirilən rəsmi səfərlə yekunlaşmır, qurultay ərəfəsində, hətta qurultaya gəlmiş nümayəndələr arasında da aparılırdı. Xalid Səid Xocayev bu xüsusda yazırdı: “Səməd ağa məni yanına çağırdı. Xalid, – dedi sən özbəklərinlə danış, hər halda onların müəyyən bir fikirləri olacaq. Fikirlərini açıq, aydın söyləsinlər. Biz də ona görə iş görək. Bir də Köprülüzadə Fuad yoldaşla da görüş, gör onların fikirləri nədir?” (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s. 88).
Xalid Səid Xocayev əski Avropa otelində yaxşı tanıdığı Bekcan Rəhmanovla və Qazi Alimcan Yunusovla görüşür. Özbəkistan nümayəndə heyəti ərəb əlifbasının dəyişdirilməməsində israrlı olduqlarını bir daha qeyd edirlər. Lakin Xalid Səidin elmi-məntiqi söhbəti, inandırıcı dəlilləri Özbəkistan nümayəndə heyətini öz fikirlərindən daşındırır və onlar da yeni əlifbanı dəstəkləməyə başlayırlar. Xalid Səid Özbəkistan nümayəndə heyətinin üzvü Bekcan Rəhmanovla qurultayqabağı günlərdəki söhbətlərindən birini belə xatırlayırdı: “Arxamdan – Ortaq! Ortaq, Xalid, ortaq! – səsini eşitdim. Bu Bəkcan idi. Gülərək mənə yaxınlaşdı, Qazini gördünüzmü? – sualını verdi.
– Xeyr. Bir şeymi var? – dedim.
– Bəli, bir şey var.
– Xeyirdir: bu sabah öz aramızda iclas yapdıq, əski qərarımızı dəyişdirdik, artıq yeni əlifbanı müdafiə etmək, onun lehinə səs verməyə qərar verdik. Doğrudan da, xeyirli bir xəbər idi” (yenə orada. s.93).
Yeni Avropa otelində Fuad Köprülüzadə və Əlibəy Hüseynzadə ilə görüşən Xalid Səidin xatirə və duyğularını şərhsiz və müdaxiləsiz verməyi daha məqsədəuyğun bildik. Xalid Səid yazırdı: – “. Sabah oldu. Mənim üzərimə qoyulan vəzifəni əda etməli idim. Bunun üçün “Yeni Avropa” otelinə getməli idim, çünki türk ədəbiyyatının iki böyük alimi. burada yerləşdirilmişdi. Fuad bəylə birinci dəfə tanış olmayırdım. Fuad bəy zəif və nazik vücudu ilə masa arxasında oturmuş, dodaqları arasında sıxışdırılan papirosundan həlzunlu dumanlar buraxaraq, əlindəki jurnal ilə məşğul idi. Məni görər-görməz “ay əfəndim, buyurunuz, buyurunuz, rica edirəm, buyurunuz”, – deyə ayağa qalxdı. Bir neçə addım irəliləyərək bərk-bərk əllərimi sıxdı. Hənuz əllərimi buraxmamış, masanın о biri tərəfındə, pəncərə önündə kitab mütaliəsi ilə məşğul olan gözü çeşməkli, ağsaqqallı, bəyaz saçlı, ixtiyarca bir adamın yanına qədər gətirdi:
Əli bəy, – dedi, sizə əski dostlarımızdan Xalid Səidi təqdim ilə şərəfyab olmaq istəyirəm, – dedi.
Aman əfəndim, məhcub ediyorsunuz, – deyə müqabilə etdim. Əli bəy əlindəki kitabı buraxaraq, ixtiyarlara məxsus bir tövr ilə yavaş-yavaş ayağa qalxdı, sevimli çöhrəsinə xüsusi bir əda verən təbəssümlə mənə əllərini uzadaraq: – «Müşərrəf oldum», – dedi. Əli bəy. mənim üzərimə dərin bir təsir buraxmış, Azərbaycan ədəbi həyatında mühüm işlər görmüş məşhur Hüseynzadə Əli bəy idi. Əlini iki əlimlə tutmuş, bir dürlü buraxmaq istəmirdim.
Əli bəy oxumaqda olduğu kitabın arasına çeşməklərini qoydu, stulunu masa yanına çəkdi. Otaqda üç adamdan başqa kimsə yoxdu, necə gəldiklərindən, yolda əziyyət çəkib-çəkmədiklərindən bəhs edən ufaq bir müqəddimə müsahibəsindən sonra mövzunu yeni əlifbaya çevirməyə tələsdim, çünki gəlib-gedənlər çoxalırsa, bu barədə müsahibə etmək, bəlkə, mümkün olmayacaqdı.
– Fuad bəy, – dedim, – təbii, yeni əlifba məsələsindən dolayı təşrif etdiniz. Bu xüsusda Türkiyə əfkari-ümumiyyəsilə, siyasi dairələrinin fikirləri, sizcə, məlum olduğundan şübhə yoxdur.
Fuad bəy yanındakı qurşun qələmi əlinə alaraq, masa üzərindəki bloknotuna bir taqım işarələr qoyduqdan sonra:
Əfəndim, Türkiyənin bugünkü vəziyyəti həpimizə məlumdur; məğlubiyyətlə nəticələnən ağır və uzun müharibələrdən çıxdıq, iqtisadi vəziyyətimiz bizi məmnun edə biləcək bir halda deyil, bilxassə, böyük bir inqilab həyatı yaşayırız, zehnimiz hənuz daha mühüm məsələlər ilə məşğuldur. Bununla bərabər, elmi müəssisələrimiz, Azərbaycan tərəfındən ortaya atılan yeni əlifba məsələsinə də biganə deyillər. Bu yaxınlarda Maarif Nəzarəti tərəfındən xüsusi bir komision təşkil edildi. Bu komision imla və hürufatı tətbiq ilə məşğul olur, hənuz qəti bir fikir və qərara gəlmədilər. Zənn edərəm, bu tətbiqat yenə bir kaç ay davam edəcəkdir.
Şu halda – dedim, – qurultayda Anadolu türkləri namına yeni əlifbanın lehinə və ya əleyhinə bir fıkir verəmiyəcəksiniz?
Təbii, deyilmi? Ancaq şurasın ərz edəlim ki, yeni əlifbanın əleyhinə rəy vermək üçün əlimizdə bir əsas yoxdur, lehinə rəy vermək üçün də – maaləsəf -hənuz hazırlığımız olmadığı kibi, hökumət tərəfındən də bu xüsusda əlimizdə bir təlimat yoxdur.
Çox gözəl, bu xüsusdakı öz fikrinizi öyrənə bilərmiyəm?
Əfəndim, əsas etibarilə mənim fikrim yeni əlifbanın lehindədir, ancaq ümumi vəziyyətimizlə hesablaşmaq məcburiyyətindəyəm. Bizim halımız başqa, Şərqdə yaşayan ayrı türk xalqlarının vəziyyəti bambaşqadır. Türkiyə ədəbiyyatı – təbii, Avropa ilə müqayisə etməyirəm, о qədər fəqir deyildir, yeni əlifbaya keçdiyimiz təqdirdə bir çox kitablarımızı yeni əlifbaya keçirməyə məcbur qalacağız, bunun üçün iqtisadi vəziyyətimiz müsaid olmadığını yuxarıda ərz etmişdim. Əlifba məsələsi bizdə çox əskidir, bunun üçün müxtəlif zamanlarda müxtəlif komissiyalar təşkil edildi, hətta cahan hərbi zamanında Ənvər paşa tərəfındən də əsgəri işlərdə bir yeni əlifba təcrübəsi yapıldı, ancaq həyata keçiriləmədi. Mən də bu nöqteyi-nəzərdən öz fıkrimdən də ehtiyatla davranmağa məcburam.
Fuad bəy, müsaidə edərsəniz, yenə bir şey də soruşmaq istəyirdim.
Xəfif bir təbəssümlə:
Rica edirəm, yenə bir şey deyil, daha bir çox suallar verə bilərsiniz, vaxtımız da müsaiddir.
Dediyiniz kibi, biz Şərq türkləri yeni əlifbaya daha kolay surətdə keçə biləriz, keçməyə də şiddətli surətdə lüzum görüyoruz. Şayəd Şərq türkləri yeni əlifbaya keçərlərsə, Anadolu türkləri yenə əski əlifba üzərində qala bilərmi?
Fuad bəy bir az düşündü.
Zənn edərəm, bu iş mümkün olmayacaq.
Fuad bəy təsdiq etdi:
Əvət, о halda bütün çətinliklərə, iqtisadi ağırlıqlara qatlanaraq yeni əlifbaya keçməyə məcbur olacağız (bu, təbii, mənim öz fıkrimdir. Hökumət dairələrinin bu xüsusda nə düşündüklərinə aid bir şey deyəməm). Çünki əsrimizdəki mətbuat mədəniyyəti geniş sahələr, çox miqdarda oxucular istəyir. Bundan dolayı Şərq türkləri ilə mədəni münasibətimizi saxlamaya məcburuz, vaqiən hürufatın ayrı olması dilcə olan münasibəti kəsməz, ancaq çocuqlarımıza, gənclərimizə, ayrı-ayrı hərfləri öyrətməyə məcbur qalacağız, bu da bir çox vaxtımızı boş yerə sərf etməyə səbəb olacaq. Bugünkü texnika da yeni əlifbaya keçməyi tələb edir. Ərz etdiyim kibi, buna bizim iqtisadi şəraitimiz hənuz müsaid deyildir. Bu xüsusda çalışmaqda olan komision lazım görürsə, bizim də keçməmiz ehtimaldan uzaq deyildir, ancaq hənuz rəsmi, qəti bir şey deyəməm. » (yenə orada. s.91-92).
Alimlərin bu səmimi dialoqundan aydın olur ki, Türkiyənin elmi dairələri Azərbaycanın qəbul etdiyi yeni əlifbaya biganə deyildir. Mövcud reallığı və Türkiyənin iqtisadi vəziyyətini nəzərə alan alim gələcəkdə bu işin qaçılmaz olduğunu da diqqət mərkəzinə çəkirdi.
Türkiyə nümayəndələrinin fikirlərinə münasibət bildirən Səməd Ağamalıoğlu qeyd edir ki, Anadolu türklərinin yeni əlifbaya keçməsinə arxayınam. Ona görə ki, Mustafa Kamal böyük inqilabi işlər aparır. Həmin inqilabi işlərdən biri də əlifba inqilabıdır.
Xalid Səid göstərirdi ki, məruzələrdən sonra münaqişələr şiddətləndi. Hər iki əlifbanın məziyyətlərilə nöqsanlarının ən incə, ən gizli nöqtələrinə qədər təhlil və tənqid edilirdi, münaqişə bütün şiddətilə, bütün hərarətilə bir neçə gün davam etdi; nəhayət, Dağıstan mürəxxəsi Qorxmazov yoldaşın rəyasəti altında təşkil edilən komision tərəfindən tənzim edilən qərar böyük bir əksəriyyətlə qəbul olundu. Bu qərara görə, latın əsası üzərində qurulan yeni türk əlifbasının ərəb əlifbasından hər cəhətdən üstün olduğu qəbul edildi (yenə orada. s.94-95). X.S.Xocayev eyni zamanda bildirirdi ki, “Türkoloji qurultay sayəsində Anadolu türkləri bitərəf, qazaxlar ilə kazanlılar tamamilə qarşı oldu; qalan türk-tatar ölkələrinin isə qəti olaraq yeni əlifbanı qəbul etmiş olduqlarına hökm edilə bilərdi” (yenə orada. s.96).
Yeni əlifbanın qəbulu və yeni əlifbaya keçid türkdilli xalqların taleyində tarixi bir hadisə oldu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.