Türkiy iqtisadiyyatı
Türkiyə iqtisadiyyatının şərqşünas alimlərimiz tərəfindən əhatəli şəkildə tədqiq olunan problemləri sırasında ilk öncə “etatizm” (dövlətçilik yaxud dövlət kapitalizmi) problemi qeyd olunmalıdır. Türkiyənin təsərrüfatçılıq praktikasının başlıca xüsusiyyətlərindən birini təşkil edən etatizm problemi institutda yerinə yetirilmiş bir neçə tədqiqat işinin obyekti olmuşdur. Bunlardan İ.Əlibəyovun “ ГосударственныйкапитализмвТурции ” (Moskva, “ Наука ”, 1966) (“Türkiyədə dövlət kapitalizmi”) adlı monoqrafiyasında Türkiyədə ictimai tərəqqinin müxtəlif mərhələlərində dövlətçilik siyasətinin həyata keçirilməsinin forma və metodları, dövlət kapitalının banklar, nəqliyyat və sənaye sahələrində fəaliyyəti, Türkiyənin sosial-iqtisadi inkişafında etatizmin rolu və s. məsələlər ətraflı təhlil olunmuşdur.
Türkiyənin iqtisadi siyasəti (1980-2005)
Türkiyə dövrün əvvəlindən etibarən yeni bir iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Hələ bir neçə on illər boyunca davam edəcək bu inkişafın təməlində aşağıdakı proqram məqsədləri dayanır: 1) iqtisadiyyatın dövlət tənzimlənməsinə yenidən baxılması və iqtisadi həyatda dövlətin birbaşa iştirakından tədricən imtina edilməsi; 2) iqtisadiyyatın bütünlüklə bazar və rəqabət prinsiplərinə uyğunlaşdırılması; 3) iqtisadi yüksəlişin sürətləndirilməsi və modernləşdirilməsi üçün xarici amillərdən və ehtiyatlardan hərtərəfli istifadə olunması xarici malların və kapitalın ölkədə azad fəaliyyətinə lazımi şərait yaradılması; 4) sənayeləşdirmənin idxal yönümlü modelindən ixrac yönümlü modelinə keçilməsi. Qeyd edək ki, bu məqsədlər 24 yanvar 1980-ci ildə S.Dəmirəl hökumətinin qəbul etdiyi iqtisadi stabilləşdirmə proqramında da öz əksini tapmışdı. Həmin proqramın əsas müəlliflərindən biri baş nazirin yanında və Dövlət Planlaşdırma Təşkilatında müşavir vəzifələrində çalışan T.Özal olmuşdur. Elə o da 12 sentyabr hərbi çevrilişindən sonra ölkədə həyata keçirilən iqtisadi kursun başında durdu və B.Ulusu hökumətində iqtisadi məsələlər üzrə dövlət naziri və baş nazirin müavini, sonralar isə baş nazir kimi iqtisadiyyatın liberallaşdırılması və bazar münasibətlərinin bərqərar olması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə rəhbərlik etdi. Türkiyənin Avropa Birliyində tam hüquqlu üzv kimi təmsil olunması həmin tədbirlərin başlıca qayəsini təşkil edirdi. Belə hesab edilirdi ki, “ümumi bazar”a girməklə ölkə ixrac yönümlü və yüksək keyfiyyətli məhsullar buraxan iri istehsal sahələrini genişləndirmək və dəstəkləmək, müasir texnologiyadan və elektrik hesablama maşınlarından istifadə etmək imkanları qazanar.
Yeni iqtisadi kursla bağlı tədbirlərin görülməsi xronoloji baxımdan iki mərhələni əhatə edir. Birinci mərhələ 1980-1983-cü illərə, başqa sözlə desək, hərbçilərin hakimiyyəti dövrünə düşür. İkinci mərhələ isə 1983-cü ilin sonlarından başlamışdır və başlıca istiqamətlərini bu gün də qoruyub saxlamaqdadır. Onu da deməliyik ki, hər iki mərhələdə tətbiq olunan iqtisadi kurs ümumi cəhətlər baxımından eyni olsa da, bəzi fərqlərə də malikdir.
Birinci mərhələ konseptual baxımdan onunla xarakterikdir ki, bu dövrdə 1981-ci il İzmir iqtisad konfransının qəbul etdiyi müddəalar və istiqamətlər həyata keçirilmişdir. Həmin müddəa və istiqamətlər isə ölkədə qarışıq iqtisadiyyatın inkişaf etdirilməsi, mövcud valyuta nəzarəti sistemindən imtina edilərkən hakimiyyətin ehtiyatlı olması, dövlət bölməsinin məhdudlaşdırılması və s. kimi məsələləri ehtiva edirdi.
İkinci mərhələdə isə hakimiyyətin planları və tədbirləri daha qətiyyətli və daha cəsarətli xarakter daşıyırdı və 1983-cü il hökumət proqramında rəsmi şəkildə elan olunmuş azad bazar iqtisadiyyatına keçilməsi, özəlləşdirmə və s. kimi yeni məsələlərin gerçəkləşdirilməsinə yönəlmişdi.
Qeyd edək ki, hər iki mərhələdə son məqsədə çatılması üçün bir sıra başlıca şərtlərin bərqərar olmasına xüsusi önəm verilmişdir və onları belə qruplaşdırmaq olar:
birincisi, inflyasiyanın artmasını aşağı salmaq üçün əmək haqqının olduğu səviyyədə saxlanılması, sərt maliyyə və kredit siyasəti tətbiq edilməsi, bank faizlərinin xeyli artırılması, iqtisadi dövlət təşkilatlarına ayrılan xərclərin ixtisar edilməsi, vergi islahatının keçirilməsi;
ikincisi, ixracın gücləndirilməsi üçün daxili bazarı daraltmaq hesabına əmtəə bolluğu yaradılması və onun xarici bazara çıxarılmasının təmin edilməsi, xarici ticarətlə məşğul olan şirkətləri dəstəkləmək və həvəsləndirmək məqsədilə əlverişli maliyyə-kredit siyasəti yürüdülməsi, türk mallarının rəqabətə dözümlü səviyyəyə qalxmasına nail olunması, sənayenin ixrac malları istehsal edən sahələrində yeni və modern müəssisələr qurulması;
üçüncüsü, valyuta əldə edilməsinin yeni yollarını aramaq və dövlət büdcəsindəki kəsiri ləğv etmək üçün xaricdə işləyən türk vətəndaşlarının pullarının ölkəyə gəlməsinə əlverişli maliyyə şərtləri yaradılması, xarici turizmə hərtərəfli dəstək verilməsi, xaricdə müxtəlif tikinti və podrat işlərinə yardım göstərilməsi, xarici kapitalın ölkəyə daha çox cəlb edilməsi, türk vətəndaşlarının xarici banklarda saxladığı valyutanın ölkəyə gətirilməsi məqsədilə lazımi tədbirlər görülməsi;
dördüncüsü, sənayedə struktur dəyişiklikləri etmək və açıq iqtisadiyyat qurmaq üçün idxalın liberallaşdırılması, başqa sözlə, proteksionist tədbirlərin tədricən aradan qaldırılması və daxili bazarda azad rəqabət şəraitinin yaradılması, sərt maliyyə siyasəti, yüksək bank faizləri və s. vasitəsilə yerli şirkətlərin rəhbərlərində daxili bazarın daralması şəraitində istehsal prosesinin təşkili və idarə olunmasının daha səmərəli formalarını aramasına həvəs yaradılması, daha çox ixrac malları istehsalına və iqtisadiyyatın ixrac sahələrinə kapital qoyuluşuna iqtisadi marağı artırmaq məqsədilə əlverişli və etibarlı şəraitin formalaşdırılması, yeni şəraitdə rəqabət dözümlü olmayan şirkətlərin uyğun istehsal sahələrində uğur qazanmış şirkətlərlə birləşməsinə dəstək verilməsi;
beşincisi, dövlət bölməsini yenidən qurmaq üçün dövlətin maliyyə imkanlarının başlıca infrastruktur sahələrinə yönəldilməsi, energetika, nəqliyyat, rabitə və s. kimi iqtisadi dövlət təşkilatlarının yeniləşdirilməsi, onlardan bəzilərinin özəlləşdirilməsi, bürokratik idarə aparatında çalışanların çox sayda ixtisar edilməsi;
altıncısı, özəl bölmənin gəlir və investisiyalarını gücləndirmək üçün əmanətlərin artım faizinin inflyasiya səviyyəsindən yuxarıda saxlanılması, bank sisteminin rəqabət dözümlülüyünə təminat yaradılması, kapital bazarının genişləndirilməsi, vergi islahatı aparılması, daşınmaz əmlak və qızıl ticarətində möhtəkirliyin qarşısını almaq məqsədi ilə lazımlı tədbirlərin görülməsi.
Deməliyik ki, sadalanan bu tədbirlərin gerçəklənməsi üçün kifayət qədər çoxlu əməli addımlar atıldı və biz də onların bəziləri haqqında məlumat vermək istərdik.
1980-1983-cü illər dövründə ilk olaraq güzəştli qiymətlər sistemindən imtina edildi. Kəndlilərə gübrə və digər aqrotexniki vasitələr alınması üçün verilən dotasiya ləğv olundu. Əlbəttə, bu tədbirlər heç də hamı tərəfindən normal qarşılanmırdı. Təsadüfi deyildir ki, 1982-ci ilin yanvarında T.Özal hökumət adından qəti olaraq bildirdi ki, “güzəştli qiymətlər sistemi siyasəti, bəzi istisnalar saxlanılmaqla, ləğv olunmuşdur”.
Sənaye məhsullarına qiymət qoyulması liberallaşdırıldı. Qiymətlərə Nəzarət Komitəsi ləğv olundu və onun funksiyası Sənaye və Texnologiya Nazirliyinə verildi. Yeni qaydaya görə öz məhsuluna qiymət qoyan hər hansı müəssisə lazımi deklarasiyanı həmin nazirliyə təqdim etməli idi. Nazirliyin narazılığı olmazdısa, qiymət qüvvəyə minirdi. Tədqiqatçıların müşahidələrinə görə bu tədbir qısa zaman kəsiyində müəssisələrin gəlirlərinin artmasına zəmin yaratdı və istehsal xeyli canlandı. Bu, ilk növbədə iqtisadi dövlət təşkilatlarında birləşən müəssisələrə aid idi.
Sənaye kapitalın gəlirinin artmasına dövlət tərəfindən dəstək verilirdi. Bank faizləri üzərində nəzarət bir qədər yumşaldı. Bu, imkan verdi ki, banklarda saxlanılan əmanətlərin məbləği artsın.
İqtisadi dövlət təşkilatlarında birləşən müəssisələrin yenidən qurulmasının müxtəlif variantları hazırlandı. Onların holdinqlərdə birləşməsi və ştatların ixtisar edilməsi bu qəbildən olan tədbirlər idi. İqtisadiyyatda dövlət bölməsinin inhisarı tədricən aradan qaldırılır, yalnız bu bölmənin əlində cəmləşmiş sahələrə özəl bölmənin daxil olmasına hüquqi imkan yaradılırdı. Bütün bunların nəticəsi kimi 1983-cü ilin oktyabrında iqtisadi dövlət təşkilatları haqqında qanun qəbul edildi. Qanuna görə həmin təşkilatlar muxtariyyət və qarışıq iqtisadiyyat prinsipləri əsasında fəaliyyət göstərmək hüququ qazanardılar. İqtisadi tələbat, istehsalın səmərəliliyi və rentabellik isə həmin fəaliyyətin məzmununu təşkil etməli idi.
Dövlət müəssisələri aşağıdakı qaydada təsnif olunurdu. Onlardan birincisi “iqtisadi dövlət təşkilatları” adlanırdı və bura Etibank, Sumerbank və s. kimi iri dövlət müəssisələri daxil idi. Kapitalı bütünlüklə dövlətə məxsus olan həmin müəssisələr iqtisadiyyatın kommersiya prinsiplərinə əsaslanan sahələrində fəaliyyət göstərirdi. İkincisi “ictimai iqtisadi quruluşlar” idi. Onlar sayca az olub, iri inhisar birliklərinin, dəmir yollarının və s. idarə edilməsi sahəsində və istisnasız olaraq dövlət kapitalı əsasında fəaliyyət göstərirdilər. Üçüncüsü isə müəyyən səhmdar müəssisələr idi. Onların fəaliyyəti dövlətin və digər səhmdar təşkilatların kapitalına əsaslanırdı. Kapitalının 50%-i dövlətə məxsus olan bu cür müəssisələr dövlət səhmdar təşkilatları hesab olunurdu.
Ümumiyyətlə 1980-1983-cü illərdə həyata keçirilən liberallaşdırma kursunu belə dəyərləndirmək olar: tətbiq olunan qarışıq iqtisadiyyat konsepsiyası müasir iri istehsal sahələrində, infrastrukturda, bank sistemində dövlət bölməsinin üstünlüyünü qanuni əsaslarla möhkəmlətməklə yanaşı bu bölməyə daxil olan müəssisə və təşkilatların öz fəaliyyətlərində daha çox daxili bir muxtariyyət qazanması və onların təşkilati quruluş baxımdan özəl bölmə, o cümlədən xarici şirkətlərlə daha çox yaxınlaşmasını nəzərdə tutmuşdur.
Deməliyik ki, məhz bu kurs T.Özal hökumətinin 1984-cü ildən sonrakı dövrdə daha ciddi addımlar atmasının əsası oldu. İqtisadi liberallaşdırma siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu və onun da məzmununuda özəlləşdirməyə geniş meydan verilməsi dururdu. Bu baxımdan qəbul olunan bir sıra qanunları sadalamaq və onların mahiyyətini qısa şəkildə açıqlamaq istərdik.
T.Özal hökumətinin ilk qanunu 1984-cü ilin fevralında qəbul edildi və o da iqtisadi dövlət təşkilatları haqqında idi. Qanun dövlət müəssisələrinin yeni fəaliyyət prinsiplərini təsbit etdi. Burada dövlət müəssisələrinin özəl kapitalla əməkdaşlığına önəm verilir, onların tədricən özəlləşdirilməsi üçün təşkilat-maliyyə üsulu və metodları müəyyənləşdirilirdi. Özəl kapitala hüquq verilirdi ki, dövlət müəssisələrini, o cümlədən səhmdar qurumları müəyyən şərtlərlə müəyyən müddətə istismara götürsün, yaxud onların istismarında iştirak etsin.
1984-cü ilin iyununda qəbul edilən qanun yeni yaranmış Koordinasiya Şurasına hüquq verirdi ki, bütün növlərdən dövlət müəssisələrin “ləğv edilməsi, başqasına verilməsi, satılması və istismara verilməsi haqqında” qərar qəbul edə bilər. Bunun ardınca 1986-cı ildə bir sıra qanunlar verildi və onlar artıq birbaşa özəlləşdirmə ilə bağlı idilər. Onlara əsasən iqtisadi həyatda dövlət inhisarı tədricən aradan çıxır, özəl kapital iri istehsal sahələrinə girə bilirdi. Çay və siqaret istehsalında özəl bölmənin yaranması, bir sıra özəl avia-şirkətlərin qurulası buna misaldır. Artıq 1990-cı ildə iri dövlət şirkətlərinin özəlləşdirilməsinə başlanıldı. Beləliklə də ölkə iqtisadiyyatı bazar münasibətlərinə uyğunlaşdırılır və bu da nəticə etibarilə məhsuldarlığı və rəqabəti artırırdı. T.Özalın sözləri ilə desək, bu siyasət ona gətirirdi ki, 1) iqtisadi qərarların çox böyük hissəsi bazar tərəfindən qəbul olunurdu; 2) kapital xalq kütləsinə diffuziya edir, onlar öz passiv əmanətlərini iqtisadiyyata qoyur və ondan gəlir əldə edirdilər; 3) dövlət ehtiyatları yeni infrastrukturların qurulmasına yönəldilirdi; 4) istehsal dinamizmi artırdı, əsl iqtisadi rəqabət yaranır, daha ucuz və daha keyfiyyətli mal istehsal olunurdu; 5) yeni texnologiya tətbiqi ixrac mallarının rəqabət qabiliyyətini artırırdı və s. və i.a.
Artıq 80-ci illərin sonlarında T.Özal bildirirdi: “qarışıq iqtisadiyyat” adlı söz oyunu qurtardı. İndi qarışıq iqtisadiyyat yoxdur, azad bazar iqtisadiyyatı rejimi var və həm də orada oyun qaydaları dəqiq müəyyən edilmişdir. Hər kəs həmin qaydaları bilir. Dövlətin roluna gəlincə, o, bu qaydalara əməl olunmasını izləməlidir. İzləməlidir ki, bu sistem azad işləyir və ya müəyyən müdaxilə nəticəsində azadlıq pozulur..”
Tədqiqatçıların rəyinə görə, qısa zaman ərzində -cəmisi altı ildə,Türkiyə iqtisadiyyatında misilsiz dəyişikliklər baş verdi ki, bu, dünyanın heç bir ölkəsinin təcrübəsində görünməmişdi. Artıq bundan sonra T.Özalın fikrincə Türkiyə liberallaşdırmanın üç növünə ehtiyac duyurdu: 1) düşüncənin liberallaşdırılması; 2) vicdan azadlığının liberallaşdırılması; 3) işgüzarlığın liberallaşdırılması.
Qeyd edək ki, yürüdülən iqtisadi siyasətin Türkiyə üçün çox uğurlu olduğunu tarixçilər yekdilliklə təsdiqləyirlər. Təkcə bunu göstərmək kifayətdir ki, həmin dövrdə ümumi milli gəlirin illik artımı orta hesabla 8% idi. Elektrik enerjisi və polad hasilatı, avtomaşın, məişət texnikası, paltar və ayaqqabı istehsalı bir neçə dəfələrlə artmışdı. Dənli və texniki bitkilər, ət və süd istehsalının artım sürəti əhalinin artım sürətindən xeyli yüksək idi. Bu da imkan verirdi ki, ölkə kənd təsərrüfatı məhsulları ixracını artırsın. Həmin dövrdə Türkiyənin müasir sənaye ölkəsinə çevrilməsi prosesi faktik olaraq başa çatdı. Hakimiyyət orqanlarının təsərrüfat mexanizmi ilə əlaqələr sistemi bütünlükdə yenidən quruldu, iqtisadi proseslərə hər cür bürokratik müdaxilələrə və köhnəlmiş nəzarət formalarına son qoyuldu.
Yeni iqtisadi kursun uğurunun başqa bir göstəricisidir ki, 90-cı illərdə iqtidarda olmuş digər siyasi partiyalar da ondan imtina etmədilər və həmin kursun davamçısı oldular. Ancaq bununla yanaşı artıq iqtisadi siyasətin bəzi sahələrində tədricən müəyyən sıxıntıların yaranması da aşkara çıxırdı. Bunlar hər şeydən əvvəl ölkənin hüquq və maliyyə sistemində olan bəzi boşluqlardan irəli gəlirdi. Ən sonda dövlət borclarının sürətlə artması, qısa müddətli sərmayələrin istehsala yox, tez gəlir gətirən sahələrə yönəldilməsi, sənaye oliqarxlarının öz gəlirlərini daha çox artırmaq cəhdləri 1994-cü ilin yanvarında ölkə iqtisadiyyatında böhranlı vəziyyət yaratdı. Təbiidir ki, həmin vəziyyətin yaranmasında bir sıra digər daxili və xarici amillər də güclü rol oynamışdır. Qiymətlərin və inflyasiyanın artması korrupsiya və rüşvətxorluğun genişlənməsi, borcların böyüməsi, daxili səbəblərin önündə gəlirdi. Xarici amillərdən ən mühümü postkommunist, xüsusilə də postsovet məkanı ilə sistemsiz ticarətin yaranması, ölkəyə külli miqdarda pul daxil olması nəticəsində istehsalın sistemsiz genişlənməsi və bu sahədə qayda -qanun yaradılmasının istehsalda və ticarətdə bir boşluq doğurmasını göstərə bilərik. Bu sırada Körfəz müharibəsi nəticələrinin ölkə iqtisadiyyatına vurduğu zərərləri də qeyd etmək lazımdır. Günümüzdə, yəni 2001-ci ildə bu zərərin 30 mld dollar məbləğində olduğu söylənilir.
Yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün T.Çillər hökuməti 1994-cü ilin aprelində “sərt iqtisadi siyasət” kursuna başladı. Bu siyasətin əsas qayəsi ondan ibarət idi ki, istehsalatda və maliyyə sistemində itkilərə və məqsədsiz xərclərə yol verilməsin. Nəzərdə tutulan planların həyata keçirilməsi üçün beynəlxalq maliyyə mərkəzləri, ilk növbədə Avropa İttifaqı üzvü olan ölkələr Türkiyəyə kömək göstərdilər. Artıq 1995-ci ildən böhrana son qoyulması və ölkənin yeni inkişaf dövrünə girməsi reallıq oldu. Belə ki, əgər 1994-cü ildə ümumi milli gəlirin artımı 5,5%-ə enmişdisə, bu rəqəm 1995-ci ildə 6,7%, 1996-cı ildə isə 6,7% oldu. Bu artım tempi sonrakı illərdə əsasən yüksələn xətlə getmişdir və iqtisadiyyatın normal inkişafı 2001-ci ilin əvvəllərinədək davam etmişdir. Ancaq bu hələ irəlidə haqqında danışdığımız neqativ halların aradan qaldırılması demək deyildi. Elə bu səbəbdən idi ki, həmin neqativlərin kökünü kəsmək üçün B.Ecevit hökuməti 2000-ci ildə hücuma keçdikdə yenə də maliyyə mərkəzləri, ilk növbədə banklar qanunlarda olan boşluqlardan yararlanaraq onu çıxılmaz vəziyyətə sala bildilər. Türkiyə 2001-ci ilin fevralında güclü bir böhranla üz-üzə qaldı. İnflyasiya və qiymətlər artdı, maaşlar aşağı düşdü, işsizlik çoxaldı, sosial narazılıq baş verdi.
Lakin hökumət öz kursundan geri çəkilmədi. Yaranmış vəziyyətdən çıxmaq üçün özəlləşdirmənin daha sürətlə və daha geniş miqyasda aparılmasının və qanunlarda olan boşluqların aradan qaldırılması məqsədi ilə konstitusiyada bir sıra düzəlişlərin edilməsini nəzərdə tutan tədbirlər paketi hazırlandı.
Qeyd etmək lazımdır ki, həmin tədbirlərin icrası böyük məbləğdə pul tələb edirdi. Odur ki, yenə də Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi iri maliyyə mərkəzləri, eləcə də ABŞ və Avropa İttifaqı üzvü olan dövlətlər Türkiyəyə maddi yardımlar göstərməyə boyun oldular. Bununla yanaşı bir sıra qeyri-istehsal sahələri üzrə dövlət xərclərinə xeyli dərəcədə qənaət edilməsi planlaşdırıldı. Hökumət tədbirlər planının icrasına başladı. Atılan ilk addımlar böhranın qarşısını tam almasa da onun artmasını dayandırdı, aprel ayından etibarən ölkədə nisbi bir stabillik yarandı. Bu sahədə ən böyük uğur isə konstitusiya düzəlişlərinin işlənib hazırlanması və 25 sentyabr 2001-ci ildə TBMM-ə təqdimi və qəbul edilməsidir.
- Teqlər:
- Türkiyə tarixi
- , Türkiyənin iqtisadi siyasəti
- , Türkiyə iqtisadiyyatı
Orientalstudies.az
Azərbaycan türkologiyasının əsas istiqamətlərini Türkiyənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının mühüm məsələlərinin elmi tədqiqi təşkil etmişdir. Müasir problemlərlə əsaslı sürətdə məşğul olan türkoloq alimlərimiz cumhuriyyət dövrü türk cəmiyyətinin inkişafının bütün sahələrində dərin iz qoymuş Atatürk ideologiyasının və ya “kamalizm” təliminin öyrənilməsinə xüsusi diqqət yetirmiş, onun cumhuriyyətçilik, dünyəvilik (laisizm), dövlətçilik (etatizm), xalqçılıq, millətçilik kimi təməl prinsipləri ilə bağlı problemlərin hərtərəfli araşdırılmasına böyük əmək sərf etmişlər.
Tarix problemlərinə həsr olunmuş tədqiqatlar istər orta əsrlər, istərsə də yaxın tarixi keçmiş və Türkiyə tarixinin ən yeni dövrünü əhatə etmişdir. Tarixçi alimlərimiz Türkiyədə inqilabi və milli-azadlıq hərəkatı, Türkiyə Respublikasında dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin inkişafı, müasir Türkiyədə din və dövlət münasibətləri problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirmişlər.
Türkiyə inqilabı və milli-azadlıq hərəkatı mövzusu üzrə yerinə yetirilmiş və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş tədqiqatlar içərisində, ilk növbədə, H.Əliyevin “ Турциявпериодправлениямладотурок (1908-1918)” (“Türkiyə gənc türklərin hakimiyyəti dövründə (1908-1918)”) ( М oskva, “ Наука ”, 1972) adlı monoqrafiyası, Y.Bağırovun “Türk xalqının imperialist işğalına və sultanlığa qarşı respublika uğrunda mübarizəsi (1917-1924-cü illər)” adlı tədqiqatı, habelə həmin müəllifin “Türkiyə Lozan konfransında” (Bakı, “Elm”, 1957) kitabı, N.Əfəndiyevanın “ БорьбатурецкогонародапротивфранцузскихоккупантовнаюгеАнатолии ” (“Anadolunun cənubunda fransız işğalçılarına qarşı türk xalqının mübarizəsi”) (Bakı, “Elm”, 1966) adlı əsəri qeyd olunmalıdır. Türk xalqının antiimperialist mübarizəsi mövzusu İ.Axundovun “ СовременнаяТурция : борьбапротивимпериализма ” (“Müasir Türkiyə: imperializm əleyhinə mübarizə”) (Bakı, “Elm”, 1977) kitabında, “Müasir Türkiyədə tərəqqipərvər qüvvələrin demokratiya və müstəqillik uğrunda mübarizəsi. 1945-1960-cı illər” tədqiqatında da işıqlandırılmışdır. H.Əliyevin “Türkiyə birinci dünya müharibəsi dövründə” (Bakı, Azərb.SSR EA nəşriyyatı, 1965) kitabında Osmanlı İmperiyasının tam iflası dövründə Türkiyədə daxili vəziyyət və s. məsələlər tədqiq olunmuşdur.
XX əsrdə Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılması şöbənin mühüm elmi istiqamətlərindən biri olmuşdur. Kamalist dünyəvilik (laisizm) prinsipi, onun mahiyyəti, Türkiyənin dövlət quruluşu, ictimai-siyasi və mədəni həyatının dünyəvi prinsiplər əsasında yenidən qurulması, dünyəvilik və islam dəyərləri və s. problemlər türkoloq alimlərimiz tərəfindən ciddi şəkildə və uğurla öyrənilmiş məsələlərdəndir. Laisizm mövzusunda institutda xüsusi tədqiqatlar yerinə yetirilmişdir: Ş.Tacıbov. “Türkiyə Respublikasında laisizmin bərqərar edilməsi” (1966), E.Həsənova. “ ЛаицизмиисламвреспубликанскойТурции ” (“Cumhuriyyət dövründə Türkiyədə dünyəvilik və islam”) (Bakı, 2002). E.Həsənovanın gənc türklərin ilk ictimai-siyasi mətbu orqanı olan “Türk yurdu” jurnalının materialları əsasında hazırladığı “ ИдеологиябуржуазногонационализмавТурции ” (“Türkiyədə burjua millətçiliyi ideologiyası”) (Bakı, “Elm”, 1966) əsərində Türkiyədə 1908-ci il gənc türklər inqilabı dövründə vüsət tapmış millətçilik cərəyanı tədqiq edilmişdir. Türkiyənin ictimai-siyasi fikrində “islam sosializmi” ideyaları eyni müəllifin 1994-cü ildə nəşr etdirdiyi monoqrafiyasında (« Идеи « исламскогосоциализма » вобщественно – политическоймыслиТурции ») ətraflı təhlil edilmişdir. E.Zamanova Türkiyədə mədəniyyət və incəsənətin inkişafının müxtəlif aspektlərinə həsr olunmuş kitabında (“ Влияниемарксистко – ленинскойэстетикинаразвитиепрогрессивнойэстетическоймысливсовременнойТурции ”. Баку , “ Элм ”, 1987) Türkiyədə marksist ictimai bədii-estetik fikrin yaranması və inkişafının başlıca mərhələlərini işıqlandırmışdır.
Şöbə əməkdaşları Türkiyə Respublikası ilə keçmiş SSRİ arasında münasibətlərin öyrənilməsinə də xeyli əmək sərf etmişlər. Bu baxımdan Y.Bağırovun 1965-ci ildə çap olunmuş “Sovet-türk münasibətləri tarixindən” (1920-1922-ci illər) adlı əsəri diqqəti cəlb edir. Başlıca olaraq Azərbaycan SSR materialları əsasında yazılmış bu kitab yeni Türkiyənin varlığının ilk çağlarında Sovet-türk münasibətlərinin tərkib hissəsi kimi Azərbaycan-Türkiyə əlaqələrinin öyrənilməsi sahəsində Sovet tarixşünaslığında edilmiş ilk uğurlu təşəbbüs olmuşdur.
Türkiyənin XX əsrdə xarici ölkələrlə siyasi-diplomatik münasibətləri, daxili siyasi vəziyyəti və digər tarixi problemlərinə dair şöbədə yerinə yetirilmiş tədqiqatlar içərisində aşağıdakıları da qeyd etmək olar: “30-cu illərdə Türkiyə Respublikasının daxili vəziyyəti” (M.Səidov), “İkinci dünya müharibəsi illərində Türkiyə hökumətinin daxili siyasəti” (V.Hüseynov), “60-80-ci illərin əvvəllərində Türkiyənin Yaxın və Orta Şərqdəki siyasətinin əsas istiqamətləri” (S.Məcidova), “ABŞ və Türkiyə: Trumen doktrinasından Atlantik İttifaqına (1947-1952)” (A.Rəsizadə), “İnqilabdan əvvəlki Azərbaycan dövri mətbuatında Türkiyəyə dair materialların qısa şərhli göstəricisi” (Z.Sultanova) və digərləri.
Şöbənin türkoloq alimləri (H.Əliyev, İ.Əlibəyov, F.Şabanov) Moskvada “Nauka” nəşriyyatı tərəfindən 1967-ci ildə nəşr edilmiş “ НовейшаяисторияТурции ” (“Türkiyənin ən yeni tarixi”) monoqrafiyasının hazırlanmasında fəal iştirak etmişlər. Türkiyə tarixinin müxtəlif məsələləri şərqşünaslarımız tərəfindən hazırlanıb nəşr edilmiş “Türkiyənin tarix məsələləri” toplusunda da (Bakı, “Elm”, 1972) öz əksini tapmışdır. 1988-ci ildə alimlərimizin nəşr etdirdikləri “Müasir Türkiyənin aktual problemləri” məqalələr toplusunda Türkiyənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının bəzi mühüm aspektləri üzrə institutda aparılmış tədqiqatların nəticələri işıqlandırılmışdır.
Müstəqillik illərində də şöbə əməkdaşları Yaxın Şərq bölgəsində yaranmış yeni vəziyyət və Türkiyənin bu sahədə siyasəti ilə əlaqədar tədqiqatlara xüsusi diqqət yetirmişdilər. Belə ki, Y.Məsimov “Səddam rejimi devrildikdən sonra Şimali İraqda etnik münasibətlər və Türkiyənin siyasəti”, A.Məhərrəmzadə “Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” problemləri üzrə maraqlı tədqiqat işləri aparmışdılar. Türkiyə ilə Azərbaycanın tarixi əlaqələri sahəsində M.Quliyevin “1918-ci ildə Qafqaz-islam ordusunun Naxçıvan əyalətində və Quba qəzasında xilaskarlıq missiyası” mövzusunda son illərdə hazırladığı elmi araşdırması da əhəmiyyətli əsərdir.
İnstitutda yeni dövrdə Türkiyənin ictimai-siyasi inkişafı məsələlərinin hərtərəfli öyrənilməsi sahəsində də xeyli iş görülmüşdür. Burada ilk növbədə F.Şabanovun “ ГосударственныйстройиправоваясистемаТурциивпериодТанзимата ” (“Tənzimat dövründə Türkiyənin dövlət quruluşu və hüquq sistemi”) ( Баку , « Элм », 1967) adlı sanballı tədqiqatı qeyd olunmalıdır. Əsərdə sovet şərqşünaslığında ilk dəfə olaraq XIX əsrin ortalarında Türkiyədə dövlət hakimiyyəti və idarə sisteminin təşkili, tənzimatın hüquqi aktları və institutları hərtərəfli işıqlandırılmışdır.
Orta əsrlər Türkiyə tarixi məsələləri alimlərimizi daim maraqlandıran mövzulardandır. Bu sahədə türkoloq tarixçilərimiz Səlcuq dövrü, bəyliklər dövrü və Osmanlı imperiyası dövrü Anadolu tarixinin müxtəlif aspektlərinin öyrənilməsi sahəsində önəmli nəticələr əldə etmiş və bir sıra dəyərli tədqiqat əsərləri hazırlamışdılar. Bu qəbildən olan əsərlər içərisində R.Hüseynovun “Suriyalı Mixailin “Salnamə”si Ön Asiyada türklərin XI-XII əsrlər tarixinin öyrənilməsinin mənbəyi kimi” və “Səlcuqlar Zaqavqaziyada”, H.Musayevin “İbn-Bibinin “Əl avamir əl-əlaiyyə fil umur əl-əlaiyyə” əsəri Anadolu Səlcuqlarının tarixi üzrə mənbə kimi”, H.Məmmədovun “XVIII əsrin 20-30-cu illərində Azərbaycanda Osmanlı vergi siyasəti”, Ş.Mustafayevin “Ağqoyunludan Osmanlı imperiyasına qədər Şərqi Anadolu” ( М oskva, “ Наука ”, 1994) (“ ВосточнаяАнатолия : отАк – КоюнлукОсманскойимперии ”) və həmin müəllifin “Anadolunun türk mühitində etno-siyasi proseslər (XI-XV yüzilliklər)” (Bakı, “Elm”, 2010) adlı tədqiqatları diqqəti cəlb edir.
Azərbaycanın və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün mühüm mənbə olaraq Osmanlı təhrir (vergi) dəftərlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan şərqşünaslıq elmində bu istiqamətin başlanması, ilk növbədə, akademik Z.M.Bünyadovun adı ilə bağlıdır. Bu dəftərlərin tədqiqi, tərcüməsi və nəşri son illərdə Şərqşünaslıq İnstitutunun və onun nəzdində Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əsas elmi istiqamətlərindən birinə çevrilmişdir. Nəşr edilən mühüm mənbələrdən aşağıdakıların adlarını çəkmək lazımdır: “İrəvan əyalətinin icmal dəftəri” (Hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı, 1996), “Naxçıvan sancağının müfəssəl dəftəri” (Hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı, 1997), “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” (Hazırlayan H.Məmmədov; Bakı, 2000), “1728-ci il Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax)” (Hazırlayan Ş.Mustafayev; Bakı, 2001), “Lori vilayətinin icmal dəftəri” (Hazırlayan Ş.Mustafayev; Bakı, 2004), “Ərdəbil livasının müfəssəl dəftəri” (Hazırlayan E.Arıklı; Bakı, 2004). Hal-hazırda şöbənin mediyevistləri Ş.Mustafayev, Y.Nəsirova, F.Məmmədova tərəfindən qeyd edilən istiqamətdə bir neçə Osmanlı dəftəri üzərində iş davam edir.
Qarabağ tarixinə aid Osmanlı sənədlərinin tərcüməsi və nəşrə hazırlanması da mühüm elmi iş olaraq Z.Vəliyeva tərəfindən aparılmaqdadır. Son illərdə C.Qasımovun Osmanlı imperiyasında ictimai-siyasi islahatlar layihələri və M.Ənsərlinin dünya türkologiyasının mühüm simaları mövzuları üzərində apardıqları tədqiqat işləri də təqdirə layiqdir. B.Bəşirovanın “Övliya Çələbinin “Səyahətnamə” əsərinin tərcüməsi və tədqiqi”, M.Ənsərlinin “Ə.Zəki Vəlidi Toğan və Türkiyə tarixşünaslığı” şərqşünaslıq elmimizdə müvafiq boşluqları doldurmaq məqsədini izləyir.
Türkiyə iqtisadiyyatının şərqşünas alimlərimiz tərəfindən əhatəli şəkildə tədqiq olunan problemləri sırasında ilk öncə “etatizm” (dövlətçilik yaxud dövlət kapitalizmi) problemi qeyd olunmalıdır. Türkiyənin təsərrüfatçılıq praktikasının başlıca xüsusiyyətlərindən birini təşkil edən etatizm problemi institutda yerinə yetirilmiş bir neçə tədqiqat işinin obyekti olmuşdur. Bunlardan İ.Əlibəyovun “ ГосударственныйкапитализмвТурции ” (Moskva, “ Наука ”, 1966) (“Türkiyədə dövlət kapitalizmi”) adlı monoqrafiyasında Türkiyədə ictimai tərəqqinin müxtəlif mərhələlərində dövlətçilik siyasətinin həyata keçirilməsinin forma və metodları, dövlət kapitalının banklar, nəqliyyat və sənaye sahələrində fəaliyyəti, Türkiyənin sosial-iqtisadi inkişafında etatizmin rolu və s. məsələlər ətraflı təhlil olunmuşdur.
İqtisadçı şərqşünas alimlərimiz Türkiyənin hakim siyasi partiyalarının iqtisadi platformaları və iqtisadi siyasətinin öyrənilməsinə ciddi əhəmiyyət verirlər. Bu mövzu “Türkiyədə Cümhuriyyət Xalq Partiyası hökumətinin iqtisadi siyasəti (1923-1939-cu illər)” (Ə.Şirinov), “1980-ci il dövlət çevrilişdən sonra Türkiyə hökumətinin iqtisadi siyasəti” (B.Hacıyev), “Türkiyə Ədalət Partiyası hökumətinin iqtisadi siyasəti (1965-1971)” (T.Qurbanov) adlı tədqiqatlarda öz əksini tapmışdır.
Türkiyə Respublikasının xarici iqtisadi əlaqələri, xüsusilə xarici ticarət və xarici ticarət siyasəti, Türkiyənin sosialist ölkələri və başlıca olaraq SSRİ ilə iqtisadi və texniki əməkdaşlığı məsələləri ətraflı öyrənilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatlar sırasında Ə.Bijenin “Türkiyənin xarici ticarət siyasəti (1920-1980)”, (Bakı, “Elm”, 1987), “Sovet-Türkiyə iqtisadi münasibətləri (1923-1939-cu illər)”, İ.Əlibəyovun “Sovet İttifaqının inkişaf etməkdə olan ölkələrlə iqtisadi-texniki əməkdaşlığı” (Bakı, “Azərnəşr”, 1974) kitabları, K.Səmədovun “İkinci dünya müharibəsindən sonra Türkiyənin xarici ticarəti və xarici ticarət siyasəti” araşdırmaları qeyd edilə bilər.
Alimlərimiz müasir Türkiyənin iqtisadiyyatında xarici kapitalın fəaliyyəti ilə bağlı məsələlərin öyrənilməsinə böyük maraq göstərirlər. Bu mövzuda iki sanballı tədqiqat hazırlanıb çap olunmuşdur: H.Əliyev “Müasir Türkiyədə xarici kapital” (Bakı, Azərb.SSR EA nəşriyyatı, 1962) və İ.Əlibəyov “ ИностранныйкапиталвТурции ” (Bakı, “Elm”, 2002) (“Türkiyədə xarici sərmayə”).
İnstitutun türkoloqları tərəfindən işlənib tamamlanmış mövzular içərisində “Türkiyədə şəhərləşmənin sosial-iqtisadi problemləri” (B.Bəşirova), “Türkiyədə regional inkişaf və regional planlaşdırma” (A.Kərimov), “Türkiyə Respublikasında sənaye kadrlarının hazırlanması problemi” (G.Əlibəyova) tədqiqatları da vardır.
Müasir türk iqtisadiyyatının müxtəlif məsələləri alimlərimiz tərəfindən hazırlanmış topluda “İran və Türkiyənin iqtisadi inkişafı” (“ ВопросыэкономическогоразвитияИранаиТурции ”) toplusunun iki buraxılışında öz əksini tapmışdır (I buraxılış – Bakı, “Elm”, 1978. II buraxılış – Bakı, “Elm”, 1988).
Türkiyənin iqtisadi inkişaf problemləri ilə əlaqədar elmi araşdırmalar son illərdə də şöbə əməkdaşları tərəfindən davam etdirilmişdir. Bu sahədə İ.Əlibəyovun “Türkiyə iqtisadiyyatının dövlət sektorunda bazar islahatları”, A.Şimiyevanın “Müasir Türkiyənin xarici iqtisadi siyasəti (1980-ci ildən müasir dövrədək)”, N.Məmmədovun “Müasir Türkiyənin neft problemi” adlı monoqrafik tədqiqatlarını qeyd etmək lazımdır.
Ümumiyyətlə, türkoloqlarımızın son illərdəki araşdırmalarının tematikası müxtəlif mövzuları əhatə edir. Bu sıraya Osmanlı dövründə Anadolunun tarixi inkişafı, Türkiyə, Azərbaycan və Orta Asiya respublikaları arasındakı münasibətlər, Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyatın dövlət tənzimlənməsinin Türkiyə təcrübəsi, Türkiyə iqtisadiyyatının dövlət bölməsində bazar islahatları və sairə bu kimi problemlər daxildir.
Şərqşünas mütəxəssislərimiz tərəfindən Türkiyənin tarixinə və iqtisadiyyatına dair yuxarıda qeyd olunanlarla yanaşı ölkə daxilində və xaricdə onlarla monoqrafiya və kitab, müxtəlif mətbu orqanlarda 400-dən artıq müxtəlif həcmli elmi məqalə və digər yazılar nəşr olunmuşdur. Alimlərimizin bir sıra işlərinin nəticələri məruzə şəklində müxtəlif beynəlxalq elmi toplantılarda dinlənilmiş, onların materiallarında çap olunmuşdur.
TÜRKİYƏ İQTİSADİYYATI ZƏLZƏLƏDƏN NƏ QƏDƏR TƏSİRLƏNƏCƏK? – İqtisadçıların rəyi
Fevralın 6-da Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən dəhşətli zəlzələlər Türkiyənin 10 vilayətində böyük dağıntılara və insan tələfatına səbəb olub. Hazırda Türkiyə hökumətinin əsas məqsədi dağıntılar altında qalan insanların xilas edilməsi və zəlzələ nəticəsində baş verən fəlakətin tezliklə aradan qaldırılmasıdır.
Qeyd edək ki, təbii fəlakət insan tələfatıyla yanaşı, Türkiyənin iqtisadiyyatına da böyük ölçüdə ziyan vurub. Hələlik dəymiş ziyanın dəqiq məbləği bəlli olmasa da, Türkiyənin Ekologiya və Şəhərsalma Nazirliyi zəlzələdə dəymiş zərəri qiymətləndirmə işlərinə başlayıb. 6 min personalın iştirakı ilə aparılan qiymətləndirmənin bir sıra nəticələri məlum olub. İndiyə qədər 10 əyalətdə 171 min 882 bina araşdırılıb. 24 min 921 binada 120 min 940 sayda ayrı-ayrı müstəqil seksiyaların söküldüyü, təcili sökülməsi tələb olunduğu və ya ciddi şəkildə zədələndiyi müəyyən edilib. 10 vilayətdə araşdırılan binalar arasında 122 min 279 binanın yüngül zədələndiyi və zədəsiz olduğu təsbit edilib.
Türkiyə Statistika Komitəsinin məlumatına görə, zəlzələnin baş verdiyi bölgədə toplam 13.5 milyon insan yaşayır. Bu, ölkə əhalisinin 15.7 faizi deməkdr. Bölgədə dəmir-polad, neft-kimya, tekstil, enerji, qida və içki sektorlarında fəaliyyət göstərən yüzlərlə şirkət mövcuddur. Rəsmi məlumatlara görə, Türkiyədədəki Ümumi Daxili Məhsulun (ÜDM) formalaşmasında zəlzələ bölgələrinin payı 9.3 faiz, kənd təsərrüfatı və daşınmaz əmlak sahəsində payı isə müvafiq olaraq 14 və 12 faiz təşkil edir.
Bölgədə dağıntılar və xilasetmə işləri hələ də davam etdiyindən dəyən zərərin tam hesablanması indiki halda mümkün görünmür. Ancaq ABŞ-ın nüfuzlu “Bloomberg” nəşrinin Sahibkarlar Konfederasiyasının və respublikanın işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadla dərc etdiyi məqalədə bildirilib ki, baş verən zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollardan çox ziyan vura bilər.
Həmçinin bildirilir ki, konfederasiyanın hesablamaları digər iqtisadçıların hesablamalarından daha yüksəkdir. Bir çox ekspertlər isə təbii fəlakətin yekun nəticələrini ümumiləşdirməyin hələ tez olduğu qənaətindədirlər.
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, 13 milyondan artıq vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir.
”İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyə iqtisadi artım tempini 2.0 faiz bənd azalda bilər”, – o, əlavə edib.
V. Bayramov vurğulayır ki, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə qardaş dövlətin bu sınaqdan da zəifləmədən çıxacağını göstərir: “Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10 faizinin cəmləşdiyi coğrafiyanı əhatə edib. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada isə bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır. Türkiyənin güclü olması Türk dünyasının daha güclü olması anlamına gəlir. Bu baxımdan, Türkiyə iqtisadiyyatının zəifləməməsi, güclənməsi həmçinin Türk dövlətlərinin inkişafı üçün də stimuldur”.
Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli isə “AzPolitika.info”-ya şərhində bildirib ki, zəlzələ nəticəsində Türkiyə iqtisadiyyatına dəymiş ziyanın 50-100 milyard dollar aralığında olacağını proqnozlaşdırmaq olar: “Çünki açıqlanan rəqəmlərə nəzər salsaq, zəlzələ nəticəsində 6544 bina dağılıb, 25 minə yaxın bina isə qəzalı vəziyyətə düşüb. Təbii ki, bunların hamısı böyük yaşayış binaları deyil. Digər tərəfdən, dağılan binaların əksəriyyəti köhnə, 40-50 ilin tikililəri idi. Lakin buna baxmayaraq, bu binalara dəyən ziyan 45-50 milyard dollardan az deyil”.
Ekspert qeyd edib ki, müsbət məqam odur ki, Türkiyə dövlətinin xarici borcu ÜDM-a nisbətdə kritik həddə deyil: “Türkiyənin dövlət borcu ÜDM-a nisbətdə 35-36 faizdir. Müqayisə üçün bildirmək istəyirəm ki, bu göstərici İnkişaf Etmiş Ölkələrdə 65 faizdən yuxarıdır. Ona görə də Türkiyədəki göstərici kifayət qədər normal hesab oluna bilər. Bu o deməkdir ki, Türkiyə hökuməti zəlzələ bölgəsində aparacağı bərpa və yenidənqurma işlərini həyata keçirmək üçün xaricdən borc ala bilər. Bunun üçün kifayət qədər imkanlar mövcuddur”.
Ekspert hesab edir ki, Türkiyə iqtisadiyyatı və sahibkarlar bu prosesə tez adaptasiya ola biləcəklər:“Xarici borclanma ölkə iqtisadiyyatına əlavə yük olsa da, Türkiyə iqtisadiyyatı olduqca çevikdir. Digət tərəfdən Türkiyənin tikinti sektorunda canlanma baş verəcək ki, bu da iqtisadiyyata müsbət təsir göstərəcək. Sadəcə baş verən prosesi uğurla idarə etmək, məsələyə sistematik formada yanaşmaq lazımdır. Bu zaman Türkiyə qitisadiyyatı bu problemin üstəsindən gələ biləcək”.
“Zəlzələnin baş verdiyi bölgə Türkiyə iqtisadiyyatının təxminən 10 faizini təşkil edir. Bu bölgədən olan ixracın dəyəri isə 20 milyard dollardır. Lakin buna baxmayaraq, baş verən təbii fəlakət Türkiyə iqtisadiyyatı üçün uzunmüddətli dönəmdə problem yaratmayacaq. Nəticə etibarilə, bu, Türkiyə dövlətinin həll edə biləcəyi iqtisadi problemdir. Zəlzələnin nəticələri var, dövlər bura vəsait cəlb etməlidir və xərcləmələr olmalıdır. Bunun üçün də Türkiyə hökuməti həm büdcə ehtiyatlarından istifadə etməli, həm də xaricdən borc almalıdır”, -deyə ekspert bildirib.
Xatıraladaq ki, Türkiyə hökuməti təcili yardım fəaliyyətinə, ilkin olaraq, 100 milyard türk lirəsi (təxminən 9 milyard manat-red.) dəyərində büdcə ayırıb.
E. Bəyməmmədli
“AzPolitika.info”
Comments are closed, but trackbacks and pingbacks are open.