Türkmənçay müqaviləsi
Qraf Karl Nesselrodenin Paskeviçə göndərdiyi təliqə-məktubda o vaxtlar Təbriz şəhərinin dini lideri kimi tanınan Mir Fəttahın I dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunması məsələsindən söhbət gedir. Bir müsəlmanın xristian ordeni ilə təltif edilməsinin onun nüfuzuna xələl gətirəcəyindən narahatlıq keçirən isə Rusiya imperatoru I Nikolay olub.
Gülüstan və Türkmənçay müqavilələrinin acı nəticələri
1801-ci il martın12-də rus imperatoru I Pavel vəfat etdikdən sonra imperiyanın taxt-tacına oğlu I Aleksandr çıxdı. I Aleksandr Gürcüstan ərazilərinin Rusiyaya birləşdirilməsi haqqında 1801-ci ilin sentyabrın 12-də Gürcüstanda daxili idarəetmə orqanlarının təşkili haqda senata göstəriş verildi və general-leytenant Knorrinq Gürcüstana qubernator təyin edildi. Karteliniyada Qori, Lori, Duşeti qəzaları, Kaxetiyada isə Telav və Siqnax qəzaları olmaq şərtilə Gürcüstanda qəza bölgüsü aparıldı. Yüksək məmur vəzifələri – dövlət və iqtisadiyyat, cinayət və mülki işlər üzrə ekspedisiyalardan ibarət Ali Gürcüstan hökuməti yaradıldı.
Gürcüstan əraziləri ilə birlikdə Azərbaycanın Qazax, Borçalı, Şəmsəddin və Pəmbək torpaqları da Rusiyanın tərkibinə qatıldı. Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı ilk dəfə buradan başlandı. Gürcüstanla birlikdə Rusiyanın tərkibinə qatılan Azərbaycan torpaqlarına gürcü knyazlarından və onlara köməkçi kimi təyin olunmuş rus məmurlarından ibarət polis dairə rəisləri təyin edildilər.
Azərbaycan xanlıqlarını özlərinə tabe etmək, Azərbaycanın cənub bölgələrinə yol açmaq, Gürcüstan sərhədlərinin təhlükəsizliyini təmin etmək, Xəzər sahillərinə çıxaraq Həştərxanla əlaqə yaratmaq niyyətinin gerçəkləşdirilməsi üçün rus qoşunları Azərbaycanın içərilərinə doğru irəliləməyə başladılar. 1804-cü ildə Gəncə və Car-Balakən işğal edildi. Rus qoşunları Car-Balakənə general Qulyakovun başçılığı altında hücum etdilər və döyüşlərin birində Qulyakov həlak oldu.
Rus qoşunları Sisianovun başçılığı altında 3 yanvar 1804-cü ildə Ramazan bayramı günü Gəncəni işğal etdilər. Qeyri-bərabər döyüşdə Cavad xan və oğlu Hüseynqulu xan həlak oldular. Gəncənin adını dəyişib Yelizavetpol qoydular.
Azərbaycanın sərvətlərini mənimsəmək, Xəzəri Rusiyanın daxili dənizinə çevirmək, Cənubi Qafqazı tutaraq, Şimali Qafqazı cənubdan mühasirəyə almaq planı əsasında ruslar öz işğalçı siyasətlərini davam etdirirdilər.
Lakin 1804-cü ilin may ayında rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb edən İran dövləti rədd cavabı aldıqdan sonra iyunun 16-da müharibəyə başladı. İlk döyüşlərdə məğlub edilən ruslar geri çəkilməyə məcbur olmuşdular.
1805-ci il may ayının 14-də Rusiya ilə Qarabağ xanlığı arasında Yelizavetpol dairəsinin düşərgəsində Kürək çayı yaxınlığında Kürəkçay müqaviləsi (traktatı) bağlanmışdır. Müqavilənin imzalanmasında qarabağlı İbrahim xan və bütün Rusiya qoşunlarının infanteriya müfəttişi knyaz Pavel Sisianov iştirak etmişdilər.
Müqaviləyə görə, Qarabağ xanı özünün və varislərinin adından İran və ya hər hansı ölkə tərəfindən asılılıqdan həmişəlik imtina edərək rus imperiyasının təbəəliyini qəbul etmişdir. Xanın özündən sonrakı oğlanları da rus hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməli idilər.
Şərtlərlə görə, xan Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və onunla məsləhətləşməyə söz vermişdi.
Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri – məhkəmə və divanxana işləri; bununla yanaşı, ölkədən yığılan gəlir xanın səlahiyyətində qalırdı. Bununla da daxili siyasətdə müstəqilliyini saxlayan xanlıq xarici siyasət hüququndan məhrum edilmişdi.
Xanın və onun sülaləsinin, eləcdə onun xanlığının qorunması üçün Şuşa qalasına 500 nəfərlik qərargah və toplarla təchiz edilmiş rus qoşunları yeridilməli, ciddi müdafiə üçün isə Rusiya imperiyasına məxsus olan bir ərazi kimi hərbi qüvvə ilə müdafiə edilməli idi.
İbrahim xan qoşunları zəruri ərzaqla təmin edəcəyinə, qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracağına, qoşunu lazımi qədər odunla təmin edəcəyinə və Şuşaya gəliş – gediş yollarının səhmana salınacağına söz vermişdi. Rus imperatoru İbrahim xana üzərində rus imperiyasının gerbi olan bayraq verərək, İbrahim xanı general – mayor, Xanlar Ağanı isə polkovnik rütbəsi ilə təltif etmişdi.
İbrahim xan hər il Rusiya xəzinəsinə 8000 çervon bac verməyi öhdəsinə götürmüşdü. İbrahim xan böyük oğlu Məmməd Həsən Ağanın ikinci oğlu Şükürüllahı həmişəlik Tiflisdə yaşamaq üçün girov vermişdi.
Knyaz Sisianovun knyaz Çertoriskiyə ünvanladığı 22 may 1805-ci il tarixli məktubdan bəlli olur ki, 1805-ci il may ayının 21-də Rusiya ilə Şəki xanı Səlim xan arasında da Kürəkçay müqaviləsinin şərtləri əsasında müqavilə imzalanmışdı.
Azərbaycan torpaqlarında öz işğalçı siyasətlərini yeridən Rusiya 1805-ci il dekabrın 27-də Şamaxı xanı Mustafa xanı da Rusiya hakimiyyətini tanımağa məcbur etmişdir.
Artıq Bakıya yol açıq idi. Sisianovun başçılığı altında rus qoşunları güclü artilleriya ilə Bakı istiqamətində irəliləyirlər və fevralın 2-də şəhər qapıları yaxınlığında danışıqlar zamanı Sisianov Bakı xanı Hüseynqulu xanın xalası oğlu İbrahim bəy tərəfindən qətlə yetirilir.
Bunu görən ruslar dəniz yolu ilə Sarı adasına çəkilirlər, lakin şimaldan Azərbaycana soxulan rus qoşunları 1806-cı ilin iyununda Dərbəndi, oktyabrında Bakını, sonra isə Qubanı işğal edirlər. 1806-cı ilin sonunda Lənkəran, İrəvan və Naxçıvan xanlıqlarından başqa, Azərbaycanın şimal torpaqları Rusiya hakimiyyəti altına düşdü.
1806-cı ilin iyun ayında İran qoşunları Şuşaya hücum etdilər. Bu zaman Xankəndində olan İbrahim xan həyat yoldaşı (şəkili Səlim xanın bacısı), oğlu, qızı və digər yaxınları ilə birlikdə mayor Lisaneviç tərəfindən qətlə yetirilir. Buna cavab olaraq Səlim xan Şəkidə yerləşən rus qoşunlarını qırır, sağ qalanlar isə Yelizavetpola qaçırlar.
Yelizavetpoldan general – mayor Nebolsinin başçılığı ilə Şəkiyə rus qoşunları yeridilir və 1806-cı ildə Şəki xanlığı tutulur. Səlim xan isə ailəsi ilə birlikdə İrana keçir, onun yerinə isə Cəfər Qulu xan təyin olunur.
1806-cı ildə Osmanlı dövləti Rusiyaya müharibə elan edir və 1807-ci ildə Osmanlı ordusu məğlub olur. 1812-ci ildə bağlanmış Buxarest sülhünə görə osmanlılar cənubi Qafqazın böyük hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdilər. 1812-ci ilin avqust ayında İran qoşunu Lənkəran xanlığını ələ keçirir və oktyabr ayında Rusiya və İran qoşunları arasında həlledici Aslandüz döyüşü baş verir. Bu döyüşdə qalib gələn ruslar Lənkəran qalasını da ələ keçirirlər. Aslandüz və Lənkəran döyüşlərində rus qoşunlarının qələbəsi birinci Rusiya – İran müharibəsinin taleyini həll edir. Rusların bölgədəki uğurlarından və İranın içərilərinə doğru irəliləyəcəyindən qorxan şah sülh razılığına gəlir. Azərbaycan torpaqlarının bölüşdürülməsi uğrunda Rusiya və İran arasında aparılan müharibəyə Gülüstan müqaviləsi ilə son qoyulur.
“Status quo ad prezentem” (yəni tərəflər hazırda tam surətdə hakimiyyətləri altında olan xanlıqlara, əyalətlərə, bir sözlə, ərazilərə sahib çıxa bilərlər) qaydası əsasında, Naxçıvan və İrəvan xanlıqlarından başqa Araz çayından şimalda yerləşən Azərbaycan torpaqları Rusiya imperiyasının, torpaqlarımızın Arzadan cənubdakı hissəsi isə İranın tabeliyinə keçməsi şərtilə 12 oktyabr 1813-cü ildə Gülüstan müqaviləsi (trakt) bağlanmışdır. Müqavilə Qarabağın Gülüstan kəndində, Zeyvə çayı yaxınlığında hər iki dövlətin səlahiyyətli nümayəndələrinin iştirakı ilə imzalanmışdır.
Rusiya tərəfdən imperatorun səlahiyyətli nümayəndəsi kimi: general – leytenant, Gürcüstanda və Qafqaz sərhəd xəttindəki qoşunları baş komandanı, Həştərxan, Qafqaz quberniyaları və Gürcüstan üzrə mülki və sərhəd işlərinə rəhbərlik edən, Kaspi hərbi donanmasının komandanı Nikolay Rtişev iştirak etmişdir. İran tərəfdən isə İngiltərə və Türkiyədə səfir olmuş, şahın məxfi işlər üzrə müşaviri, əslən vəzir şəcərəsinə mənsub olan, şah sarayında ikinci dərəcəli xan, şahın inam və etimadını qazandığına görə brilyant daş – qaşlarla bəzədilmiş xəncər, qılınc, şal, paltar və s. hədiyyələrlə təltif olunmuş şahın yüksək səlahiyyətli nümayəndəsi Mirzə Əbdül Həsən Xan iştirak etmişdir.
Gülüstan sövdələşməsinə görə hər iki dövlət döyüşlərdə əsir düşənləri müqavilənin (traktat) imzalanmasından sonra 3 ay ərzində azad etməsinə, özbaşına mövqelərini tərk edənlərin könüllü vətənlərinə dönməsinə, qayıtmaq istəməyənlərə qarşı isə məcburiyyət tətbiq edilməməsinə, ümumiyyətlə, belə şəxslərə amnistiya tətbiq olunacağına, hər iki dövlətin tacir gəmilərinin Xəzər dənizində hərəkət etməsinə, Rusiya gəmilərinin İran sahillərinə, İran gəmilərinin isə Rusiya sahillərinə yan almasına, gəmi qəzası zamanı bir-birlərinə kömək göstərmələrinə, hərbi gəmilərə gəldikdə isə Xəzər dənizində yalnız Rusiya bayrağı altında hərbi gəmilərin hərəkətinə ixtiyar verilməsinə dair razılıq əldə edilmişdir.
Ticarət əlaqələri çərçivəsində hər iki dövlətin vətəndaşlarının tacir olduqlarını və vətəndaşlıqlarını təsdiq edən sənəd əsasında sərhədi quru, yaxud dəniz yolu ilə keçərək ticarətlə məşğul olmaları və digər şərtlər müqavilədə öz əksini tapmışdır.
Şah ilə dostluğuna və İran dövlətində güclü hakimiyyətin olması arzusunun səmimiyyətinə sübut olaraq, rus imperatoru İran dövlətinin işlərinə digər dövlətlərin müdaxilə etməsinin qarşısını almaqda, şah tərəfindən hökümdar kimi təyin olunmuş oğluna həmişə kömək etməyə, şahın oğlanların arasında baş vermiş mübahisə zamanı hökmranlıq edən şahın xahişi olmadan müdaxilə etməyəcəyinə özünün və davamçılarının adından söz vermişdir.
Şah öz növbəsində isə özünün və taxt – tac varisləri adından Qarabağ, Gəncə, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı xanlıqlarını və Talış xanlığının rus imperiyasının hakimiyyəti altında olan ərazilərini, həmçinin bütün Dağıstan, Gürcüstan (Şuragel vilayətiylə birgə), İmeretiya, Quriya, Minqreliya və Abxaziyaya çəkilmiş sərhəd və Qafqaz sərhəd xətti arasında yerləşən bütün ərazilərin və orada yaşayan millətlərin Xəzər dənizinə qədər rus imperiyasına məxsus olmasına razılığını bildirmişdir.
25 noyabr 1814-cü ildə Tehranda Rusiyaya qarşı İngiltərə — İran sazişi imzalanır. Şərtlərə görə İran öz sərhədləri tərəfindən Hindistanın təhlükəsizliyini təmin etmək, İngiltərə isə bunun əvəzində İrana maliyyə və hərbi yardım verməyi öhdəsinə götürmüşdü. İngiltərənin vasitəçiliyi ilə 1823-cü ildə İranla Türkiyə arasında əməkdaşlıq müqaviləsi imzalanır.
Şimali Qafqazda dağlı xalqlara qarşı müharibə aparan Rusiya İranla müharibədən çəkinirdi, hətta İranı müharibədən çəkindirmək müqabilində Qarabağın və Lənkəran xanlığının müəyyən hissəsini İrana güzəştə getməyə hazır idi.
Lakin 1825-ci ilin dekabr ayında Rusiyada dekabristlər üsyanının baş verməsini görən İran müharibəyə əl atdı.
1826-cı il iyulun 19-da ikinci Rusiya – İran müharibəsi başladı. İran qoşunları əvvəlcə Qarabağ və Gəncəyə hücum etdilər. Gəncə və Şəki ərazilərində Rusiya əleyhinə üsyanlar başladı.
Qarabağı ələ keçirən İran qoşunları Şuşa qalasını mühasirə edir. Qalanın uzunmüddətli mühasirəsi rusların Tiflisə çəkilərək yenidən qüvvə toplayıb əks – hücuma keçmələrinə şərait yaradır. 1826-cı il sentyabr ayının 3-ü Şəmkir, sentyabrın 13-də isə Gəncə döyüşündə İran qoşunları məğlub oldular. İkinci Rusiya – İran müharibəsinin həlledici döyüşü sayılan Gəncə döyüşü müharibənin müqəddəratını həll etdi.
1827-ci ilin iyun ayında Naxçıvan xanlığı, həmin ilin iyul ayında İrəvan qalasını işğal etməklə rus qoşunları Azərbaycanın cənubuna çıxış əldə etdilər. Mərənd, Xoy, Təbriz, Urmiya və Ərdəbilin ruslar tərəfindən işğal olunması İran tərəfini tezliklə sülh müqaviləsi bağlamaq məcburiyyəti qarşısında qoydu.
1826-cı ildə Rusiya və İran arasında başlanan müharibə 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatmışdır. 10 fevral 1828-ci ildə cənubi Azərbaycanın Türkmənçay kəndində Rusiya tərəfindən imperatorun səlahiyyətli nümayəndələri İvan Paskeviç, həqiqi mülki müşavir Aleksandr Obrezkov və tərcüməçi kimi Abbasqulu Ağa Bakıxanov iştirak etmişdilər. İran tərəfini isə Fətəli şahın oğlu Abbas Mirzə təmsil edirdi.
Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan İran və Rusiya arasında yenidən bölüşdürüldü. Gülüstandakı bölüşdürülməyə əlavə olaraq Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasına qatıldı.
Araz çayının hər iki tərəfində daşınmaz əmlakı olan şəxslərə əmlaklarını 3 il ərzində satmaq, yaxud dəyişmək göstərişi verilmişdi. Lakin rus imperatoru İrəvan xanlığının sərdarı (baş komandanı) olmuş Hüseyn Xanı, onun qardaşı Həsən Xanı və Naxçıvan xanlığının başçısı olmuş Kərim Xanı bu imkanlardan məhrum etmişdi.
Türkmənçay müqaviləsinin şərtlərinə görə müharibədə Rusiya imperiyasına dəyən ziyanı İran tərəfi iyirmi milyon manat gümüş pul ilə ödəməyi öhdəsinə götürmüşdü.
Şərtlərə görə ikinci müharibə başlanmazdan qabaq, yaxud müharibə zamanı məcburiyyət qarşısında Çiəri çayı, Urmiya gölü, Cakatu çayı və Qızılüzən çayı xətti boyu ilə Araz çayı arasında yerləşən əraziləri tərk edən azərbaycanlılara geri, öz ocaqlarına dönmələrinə İran tərəfi icazə vermirdi. Ruslar isə öz növbəsində azərbaycanlıların Qarabağ, Naxçıvan və qismən İrəvan xanlıqları ərazilərinə, öz el – obalarına geri dönmələrinə imkan vermirdilər.
Türmənçay müqaviləsi nəticəsində Azərbaycan tam surətdə parçalanmışdı. Rusiya – İran müharibəsi dövründə milyonlarla azərbaycanlı öz el – obasını tərk etmişdi.
Həqiqi mülki müşavir Mogilevski və polkovnik Yermolov tərəfindən tərtib olunmuş Qarabağın 1823-cü ilə dair kameral siyahısında Hüseyn bəy və Şıxəli Ağa ilə birlikdə təkcə Cəbrayıl ərazisində 139 azərbaycanlı ailəsinin doğma yurdlarından didərgin düşməsi bildirilir.
General – mayor Kotlyarovskinin general Rtişevə ünvanladığı 30 sentyabr 1812-ci il tarixli raportundan məlum olur ki, birinci Rus – İran müharibəsi dövründə təkcə Qarabağ xanlığında 4.845 azərbaycanlı ailəsi məcburiyyət qarşısında öz isti ocaqlarını tərk etmişdir.
Ruslar Cənubi Qafqaz və Azərbaycanın şimal ərazilərini işğalı prosesində müsəlman əhalisi arasında xristianlığı yaymaqdan ötrü missioner xristian cəmiyyətləri yaradırdılar. Rus imperiyasının müstəmləkə siyasətinin əsasını isə köçürülmə prosesləri təşkil edirdi. Gülüstan müqaviləsi imzalandıqdan sonra imperiya Azərbaycan ərazisinə ermənilərin kütləvi surətdə köçürülməsi prosesinə başlamışdır. Lakin Türmənçay müqaviləsinin imzalanmasından sonra ermənilərin Azərbaycan ərazisinə köçürülməsi kütləvi xarakter aldı. Onlar erməniləri ən çox Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarına köçürürdülər, çünki bu ərazilər Cənubi Qafqazı əldə saxlamaqdan və Osmanlı imperiyasına qarşı plasdarm yaratmaqdan ötrü mühüm əhəmiyyətə malik idi. Ermənilərin bu ərazilərə köçürülmələri rusların qədim Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusunu reallaşdırırdı.
Məsələn, Quberniya katibi Zolotnitski tərəfindən tərtib olunmuş Naxçıvan əyalətinin 1831-ci ilə dair kameral siyahısında Naxçıvan şəhərinə 110 nəfərdən ibarət 265 erməni ailəsinin köçürülməsi; Güznüt kəndinə 513 nəfərdən ibarət 96 erməni ailəsinin köçürülməsi; Arazın kəndinə 188 nəfərdən ibarət 39 erməni ailəsinin köçürülməsi; Nuraşin kəndinə 60 nəfərdən ibarət 12 erməni ailəsinin köçürülməsi; Qazançı kəndinə 104 nəfərdən ibarət 23 erməni ailəsinin köçürülməsi; Qaraxanbəyli kəndinə 440 nəfərdən ibarət 101 erməni ailəsinin köçürülməsi faktları öz əksini tapmışdır.
Yuxarıda göstərilən faktlar rus imperiyasının təşkil etdiyi köçürülmə prosesini çox cuzi bir hissəsini təşkil edir. Rus imperiyasına qatılmış İrəvan və Naxçıvan xanlıqlarının bütün sənədləşmələrdə erməni vilayəti kimi adlandırılması haqda 21 mart 1828-ci ildə göstərişin verilməsi və arxiv sənədlərində öz əksini tapmış köçürülmə faktları imperiyanın qədim Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq istəyinə və ermənilərin Azərbaycana sonradan köçürülmələrinə əyani sübutdur.
Türkmənçay müqaviləsinin imzalandığı gündən 6 ay ərzində Naxçıvan və İrəvan xanlıqlarına aid bütün sənədlər və arxiv materialları Rusiya hakimiyyətinə təhvil verilmişdir.
Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədli mənbələr, habelə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktat əyani surətdə gostərir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb gətirilmişlər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya tabeleyinə keçməsi haqqında işarə belə yoxdur.
Məqalənin yazılmasında Dövlət Tarix Arxivində mühafizə edilən 24, 25, 202 nömrəli fondların materiallarından, həmçinin Rusiya ekspedisiya komissiyasının aktları istifadə edilmişdir.
Müəllif: Anar Məmmədov Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin direktoru
Mənbə: milliarxiv.gov.az
- Teqlər:
- Gülüstan müqaviləsi
- , Türkmənçay müqaviləsi
- , Rusiya İran müharibəsi
Xankəndi
“Müsəlman din xadiminin yaxasına xristian ordeni taxmaq peyğəmbər tərəfdarlarının ona inamının itməsinə gətirib çıxarmaz ki. ” Bu sual 1829-cu ilə aid bir rəsmi sənəddən götürülüb. Konkret cavab isə verilməyib. Amma həmin din xadimi xristian ordeni ilə təltif olunub.
Müsəlmanı xristian ordeni ilə təltif etmək olarmı?
1829-cu il iyulun 31-də Rusiyanın xarici işlər naziri qraf Karl Nesselrode Qafqazdakı rus qoşunlarının baş komandanı qraf İvan Paskeviçə 1489 nömrəli təliqə-məktub göndərir:
“Hörmətli Cənab, müsəlman könüllülərinin toplanmasında Mir Fəttahın göstərdiyi yeni xidmətlər barədə göndərdiyiniz sənədi alan kimi mən özümə borc bildim ki, bu məlumatı Əlahəzrətin (imperator I Nikolay nəzərdə tutulur – M.H.) nəzərinə çatdırım.
İmperator Həzrətləri həmin din xadiminin davranışının hökmdarın bu müctəhid üçün xahiş etdiyiniz diqqət və mükafata tamamilə layiq olduğunu nəzərə alaraq buyurdu ki, onun xidmətləri öz dindaşlarının şüuruna xüsusi təsir etməyin sübutudur; Rusiya üçün belə sərfəli təsirə malik sədaqətli müsəlman din xadiminin dəstəklənməsi naminə bizim tərəfimizdən bütün cəhdlər göstərilməlidir; lakin onun yaxasına xristian ordeni taxmaq peyğəmbər tərəfdarlarının ona inamının itməsinə gətirib çıxarmaz ki? Peyğəmbər tərəfdarlarının çoxu belə orden taxmağa cəsarət edənləri dönük hesab edə bilər. ”
Və buna nümunə kimi məktubda I Nikolayın Moskvada keçirilən tacqoyma mərasimində Şəki vilayətindən nümayəndə olan kapitan Sədrəddin bəyə 4-cü dərəcəli Müqəddəs Vladimir ordeninin verilməsi xatırladılır. Sən demə, bu ordenlə təltif olunmaq Sədrəddin bəyə ciddi başağrısı gətirib və nəticədə həmin orden qızıl qılıncla əvəzlənib.
Qraf Karl Nesselrodenin Paskeviçə göndərdiyi təliqə-məktubda o vaxtlar Təbriz şəhərinin dini lideri kimi tanınan Mir Fəttahın I dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunması məsələsindən söhbət gedir. Bir müsəlmanın xristian ordeni ilə təltif edilməsinin onun nüfuzuna xələl gətirəcəyindən narahatlıq keçirən isə Rusiya imperatoru I Nikolay olub.
Bəs I dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilməyə namizəd olan Mir Fəttah kimdir? O, Rusiya hökuməti qarşısında hansı xidmətləri göstərib ki, bu məsələ imperator səviyyəsində müzakirəyə çıxarılıb?
Bu sualların cavabı bir qədər sonra.
Hələlik isə bu hadisələrin cərəyan etdiyi dövr, daha doğrusu,
Türkmənçay müqaviləsi haqqında.
Rusiya ilə İran arasında bir neçə il davam edən müharibənin yekunu kimi 1828-ci il fevralın 9-dan 10-na keçən gecə (yeni təqvimlə fevralın 21-dən 22-nə keçən gecə) – saat 24.00-da Türkmənçay müqaviləsi imzalanıb.
Niyə gecə saat 24.00-da?
Sənədi İran tərəfindən imzalayan Abbas Mirzənin (İran dövlətinin başçısı olan Fətəli şahın oğlu) münəccimləri müəyyən edib ki, ulduzlar məhz o saatda şahzadə üçün uğur vəd edir.
Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlərin hansı uğuru nəzərdə tutduqlarını indi anlamaq çətindir, amma fakt faktlığında qalır ki, Türkmənçay müqaviləsi gecə yarı imzalanıb.
Sənədə öncə rus generalı İvan Paskeviç, sonra isə Abbas Mirzə qol çəkib.
Rus toplarından 101 yaylım atəş açılıb.
Sənəd imzalanandan dərhal sonra Paskeviçin yanında diplomatik xidmətdə olan yazıçı-dramaturq Aleksandr Qriboyedov müqavilənin mətnini Peterburqa aparıb və martın 14-də müqavilə təntənli şəkildə imperator I Nikolaya təqdim olunub.
Həmin axşam Peterburqdakı Petropavlovsk qalasından atılan top atəşləri İranla sülh bağlandığını xəbər verib.
Qaliblər mükafatlandırılıb.
General İ.Paskeviç Abbas-Abad qalasının alınmasına görə I dərəcəli Vladimir ordeni ilə, İrəvan qalasının alınmasına görə II dərəcəli Georgi ordeni ilə təltif olunub.
I Nikolay general Paskeviçə “İrəvan qrafı” adı verilməsi və İranın ödədiyi təzminatın 20-də birinin – 1 milyon gümüş rublun ona hədiyyə edilməsi barədə də əmr verib.
A.Qriboyedov 4 min gümüş rubl pulla, brilliantla bəzədilmiş müqəddəs Anna ordeni ilə təltif olunub, rütbəsi artırılıb.
Müharibədə iştirak edən əsgər və zabitlərin mükafatlandırılması barədə də qərar qəbul olunub.
Türkmənçay müqaviləsi bağlanandan 2 gün sonra – 1828-ci il fevralın 12-də general İ.Paskeviç Peterburqa göndərdiyi 170 nömrəli təliqədə Təbriz şəhərinin tutulmasında şəhər müctəhidi Ağa Mir Fəttahın da xidmətlərini xatırladıb, onun da mükafatlandırılmasını xahiş edib.
Məlumat üçün bildirək ki, müctəhid müsəlman dünyasında “müstəqil dini fikir yürütmək hüququ olan” ali dini rütbə sayılır, “ayə və hədislərdən hökm çıxaran İslam alimi” hesab olunur.
Bəs bu cür yüksək rütbəli din xadimi öz doğma şəhərini işğal eləyən kafirlərə – rus qoşunlarına niyə və hansı xidmətləri göstərmişdi?
Bu barədə də bir qədər sonra.
Hələlik o dövrün bəzi reallıqlarını da xatırlatmağa ehtiyac var.
1826-cı ilin oktyabrında rus qoşunlarının Şamxor yaxınlığında İran ordusunu darmadağın etməsi ilə iki ölkə arasında müharibənin taleyi, demək olar ki, həll edilmişdi. Ona görə də 1827-ci ilin əvvəllərindən İran-Rusiya sülh danışıqları başlanmışdı. Rusiya Xarici İşlər Nazirliyi hələ o vaxt iki ölkə arasında sərhəd xəttinin Araz çayı boyunca olacağını da müəyyən etmiş, bu barədə ilkin müqavilə şərtlərini Qafqazdakı rus qoşunlarının komandanlığına göndərmişdi. Lakin İran tərəf rusların ağır şərtləri ilə razılaşmır, hər vasitə ilə danışıqları uzadırdı. Nəticədə Paskeviç sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədilə müharibənin davam etdirilməsi qərarına gəlir və ruslar Arazı keçirlər.
1827-ci il oktyabrın əvvəllərində rus qoşunları artıq Təbrizə yaxınlaşır.
Təbrizin ruslar tərəfindən işğalı və.
Qafqaz müharibələrinin tarixi haqqında 5 cildlik fundamental əsərin («Кавказская война») müəllifi, rus hərb tarixçisi Vasili Pottonun kitabından:
“. Oktyabrın 13-də səhər saat 8-də rus qoşunları Təbriz qalasının 2-3 verstliyində – Acı çayın sahilində dayandı.
. Ayın 12-dən şəhərdə ruslara müqavimət göstərməyin mənasızlığı barədə vərəqələr yayılmışdı.
. Onda Təbrizdə Abbas Mirzə tərəfindən şəhərin müdafiəsi üçün saxlanmış 6 min nəfərlik ordu var idi. Orduya Allahyar xan rəhbərlik edirdi. Lakin İrəvanın alınması xəbərinin yayılması, rus qoşunlarının yaxınlaşması, Abbas Mirzənin Xoyda uğursuzluğu barədə xəbərlər orduda ruh düşkünlüyü yaratmışdı.
. Bütün gün şəhərdə cürbəcür şayiələr yayılırdı. Kimi deyirdi ki, artıq ruslar bura çatır, kimi də deyirdi ki, Abbas Mirzə şəhəri xilas etməyə gəlir. Amma oktyabrın 13-də səhər Təbrizin hündür minarələrindən aydınca görünməyə başladı ki, yaxınlaşan rus qoşunlarıdır. ”
Rus qoşunlarının ön hissələrinə rəhbərlik edən Muravyov şəhərin müqavimət göstərmədiyini görüb təəccüblənir və Təbrizin müdafiə edilib-edilməyəcəyini anlaya bilmir. Rus əsgər və zabitləri vahiməli qala divarlarına baxır, döyüşə hazır vəziyyətdə əmr gözləyirlər.
Sonralar Muravyov məktublarından birində yazırdı ki, “mən şəhərdə bizi əhatə edən sükutu görəndə dəhşətə gəlmişdim. ”
Nə qədər qəribə olsa da, Təbrizi tutmağa gələn rus qoşunlarının belə sükutla qarşılanmasının səbəbkarı şəhər müctəhidi Mir Fəttah olmuşdu.
V.Potto: “. Heç kim rusların qarşısına çıxmağa cəsarət eləmirdi. Onda Təbriz ruhanilərinin başçısı Mir Fəttah-Seyid şəhərin xilasını öz üzərinə götürdü. O, Allahyar xana sərt şəkildə bildirdi ki, bu şəraitdə vuruşmağa hər cür cəhd bizə ancaq ziyan gətirəcək. Xana təklif etdi ki, öz vəzifəsini təhvil verib şəhəri tərk eləsin. Allahyar xan onu eşitdi və şəhərdən çıxdı. Şəhərin açarları gizlədilmişdi. Mir Fəttah qapıların sındırılması barədə əmr verdi və bütün din xadimləri ilə birlikdə knyaz Eristovu qarşılamağa hazırlıq gördü. Rusların düşərgəsində bütün bunlardan xəbərsiz idilər”.
Bu, bir rus tarixçisinin Təbrizin tutulması barədə qeydləridir.
İran tarixçisi Əminə Pəkrəvanın (1880-1958) “Abbas Mirzə və Azərbaycan” adlı kitabında da Təbrizin işğalından söhbət açılır. Və qeydlər rus tarixçisinin yazdıqlarından çox da fərqlənmir:
“Təbrizin baş mollası Mir Fəttah fətva vermişdi ki, yalnız bir çıxış yolu var: rus fatehin iradəsinə təslim olmaq.
. Rus ordusunun Təbrizə girişi Gəcil darvazası yolu ilə mümkün idi. Bir neçə top gülləsi də düşmənə tərəf atıldı. Lakin Mir Fəttah fətva vermişdi ki, Təbriz dirənməməlidir. Bu üzdən öz tərəfdarlarını toplayıb, Gəcil darvazasının ağır lənglərini rusların üzünə açdı. Rus fateh Mir Fəttah tərəfdarlarının böyük təntənəli istiqbalı ilə şəhərə daxil oldu”.
Məlumat üçün bildirək ki, Ə.Pəkrəvan Qacarların hakimiyyəti dövründə 20 il diplomatik xidmət göstərmiş Həsənxanın qızı olub, sonralar həyat yoldaşı da diplomat kimi çalışıb. Ə.Pəkrəvan ömrünün son illərində Tehran Universitetində fransız dili və ədəbiyyatından dərs deyib, bir neçə əcnəbi dildə sərbəst danışa bilib.
O dövrün yazışmalarından görünür ki, Mir Fəttah hələ Təbrizin tutulmasından əvvəl də ruslarla, yumşaq desək, əməkdaşlıq edib. Bu faktı qraf Paskeviçin 1828-ci il aprelin 27-də Peterburqa – xarici işlər naziri qraf Nesselrodeyə göndərdiyi məktub da təsdiq edir: “İranın əsas dini liderlərindən biri olan Təbriz müctəhidi bizə öz sədaqətini hələ Rusiya qoşunlarının Təbrizə daxil olmasından əvvəl göstərməyə başlamışdı və bu şəhərin müvəffəqiyyətlə tutulmasında onun təsiri çox olmuşdur”.
Paskeviçə məktublar?
Təbriz tutulandan sonra isə Mir Fəttah Paskeviçi həm də İranın paytaxtında baş verənlərdən hali edib.
Əminə Pəkrəvan: “. Rus baş komandan (Paskeviç – M.H.) Tehranda olanlardan xəbərsiz deyildi. Çünki Təbrizin baş müctəhidi Mir Fəttah əldə etdiyi bütün bilgiləri ona çatdırırdı”.
Tehranda isə vəziyyət gərgin idi. Fətəli şah tərəfindən Rusiya ilə sülh danışıqları aparmağa vəkil edilmiş Abbas Mirzəni şahın gözündən salmaq üçün hətta doğma qardaşları da hərəkətə keçmişdi.
Əminə Pəkrəvan: “Şahzadə Həsənəli Mirzə öz süvariləri ilə bərabər Xorasandan Tehrana gəlmişdi. Süvarilərin əlində isə qara bayraqlar var idi. Şahzadə Həsənəli Mirzə deyirdi ki, İmam Rza Məşhəddə bir din xadiminin yuxusuna girib, bu qara ələmi ona verib və deyib ki, bu ələmi Şahzadə Həsənəli Mirzəyə çatdır. Ona söylə ki, rusları müzakirə ilə deyil, qılınc gücünə Azərbaycandan çıxarsın”.
Məlumat üçün bildirək ki, Əminə Pəkrəvan bu qeydləri Abbas Mirzənin oğlu Cahangir Mirzənin xatirələri əsasında yazıb. Onun sözlərinə görə, bütün bu oyunlar ruslarla danışıqları pozmaq, Abbas Mirzəni şahın gözündən salmaq üçün qurulub. Çünki A.Mirzə əvvəldən bu müharibənin əleyhinə olub, ordunu müasirləşdirib sonra müharibə etmək təklifi vermişdi.
Vasili Potto: “. Paskeviç Təbrizə oktryabrın 19-da çatmışdı. Onun şəhərə girişi zəfər yürüşü idi. Bayram paltarı geymiş bütün ruhanilər – xristianlar və müsəlmanlar, starşinalar, nüfuzlu bəylər və çoxsaylı kütlə onu şəhər kənarında qarşıladı. Keçdiyi yola gül tökdülər, Şərq adətinə uyğun olaraq qalib sərkərdənin ayaqları altında qurbanlar kəsildi.
. Abbas Mirzənin sarayında ona təntənəli otaq hazırlanmışdı. Şəhər nümayəndələrinin başında gələn Knyaz Eristov şəhərin açarını ona təqdim etdi”.
Əminə Pəkrəvan: “. Abbas Mirzə hər gün yeni bir xəyanət xəbəri eşidirdi. Təbrizə girərkən general Paskeviçin qarşısında qurban kəsilməsi Şahzadənin qüruruna toxunmuşdu. Bilirdi ki, bütün bunların hamısını Mir Fəttah etmişdir. Mir Fəttah Marağa, Əhər, Ərdəbil xanlarına məktub yazmış və ilahi iradənin qarşısında təslim olmalarını istəmişdi. Onun fikrinə görə, Abbas Mirzənin kafir ölkələrlə yaxınlaşması və onlar kimi davranması (Abbas Mirzənin Avropalı səfir və hərbi mütəxəssislərlə isti münasibətlərinə işarədir – M.H.) üzündən Tanrı bu torpağı cəzalandırmışdır. O, Tanrının iradəsinə qarşı getmək günahdır, – deyə fitvalar vermişdi”.
Bəs Təbrizin darvazalarını rusların üzünə taybatay açan bu nüfuzlu din xadimi – Mir Fəttah kim idi?
Türkmənçay müqaviləsi Azərbaycan tarixinin ən faciəvi müqavilələrindən biridir
Tarixçi Əminə Pakrəvan yazır: “Şahzadə bir tərəfdən Şahın iradəsi üzərə, digər tərəfdən, çevrəsinin təlqini nədəni ilə öncə Şuşaya hücum etməklə razılaşdı. Ordu Şuşaya doğru hərəkət etdi. Şuşanın mühasirəsinin uzun sürəcəyi düşünüldüyü üçün böyük sursat və ərzaq daşınmaqda idi. Heç şübhəsiz ki, bu hərəkətlilik Şuşada olan rus ordusunun gözündən qaçmırdı. Günlər keçdi, ancaq möhkəm qalalarla qorunan bu şəhərdəki ruslardan Azərbaycan ordusuna qarşı heç bir hərəkət və top atəşı görünmədi. Şahzadə Şuşaya hücum etmək üçün tələsmirdi. Düşünürdü ki, Şuşa əhalisinin də daxildə uyğun zamanda üsyan qaldırması şəhərin fəthini asanlaşdıracaqdır. Bu səbəbdən də dayısı Əmir xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona qatılacaq olan dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu səkkiz min nəfərlik piyadanın sərkərdəsi olan Əmir xanın yardımçılığına təyin etdi. İki min ordu ilə Şahzadəyə qatılan Mərəndin hakimi Nəzərəli xana Gəncəyə hücum etmək üçün hazır vəziyyətdə gözləməsini əmr etdi. Ruslardan qalmış doqquz topun dərhal təmir edilib hazır vəziyyətə gətirilməsini istədi. Bu üç kişini önəmli postlara təyin etməsi müxtəlif səbəblər üzündən yaxşı nəticə verməyəcəkdi. Lakin bu nəticələr haqda Şahzadə öncədən tədbir görməmişdi. Digər tərəfdən, tərcih ediləcək başqa şəxslər yox idi. Hacı Bəylərin (Ağaların) yaratdığı Şuşa əhalisinin üsyan umudu yavaş-yavaş suya düşürdü. əhalinin üsyan qaldırma məsələsindən heç əsər əlamət yox idi. Bu üzdən Şahzadə Şuşanın tam mühasirəsinin gerçəkləşməsi məqsədilə şəhərin ətrafında xəndək qazılmasını əmr etdi”. Tarixçi Mirzə Yusif Qarabaği yazir: “Xülasə, birinci sərdar Əmir xan Mehdiqulu xanla Xoy şəhərindən hərəkət edərək Naxçıvana varid oldu və Araz çayının kənarında dayandı, bir-birilə məsləhətləşdilər ki, onlar hərgah qoyulan şərt və işarələri gözləmədən bu qoşun və atlılar ilə Şuşa qalasının üzərinə hücum etsələr, ehtimal ki, qala əhli darvazanı açmasın, Mehdiqulu xana tabe olan adamlar da onların yanına getməsin; belə olduqda onların işi çətinləşəcəkdir və ixtiyarlarında olan qoşun və ordunun vəziyyəti pərişan olub dağılacaqdır. Nəticədə belə qərara gəldilər ki, Abbas mirzəyə ərizə yazsınlar və ondan qoşun göndərilməsini və əlavə olaraq iki alay sərbaz və iki top verməsini xahiş etsinlər. Bu niyyətlə ki, əgər çətinlik baş verərsə, heç olmasa özlərini saxlaya bilsinlər. Abbas mirzə cavabında yazmışdı: “Sərbaz və top sizə lazım deyil, Qarabağın bəyləri mənə yazıblar ki, bizim qoşunumuz Xəlifəli darvazasına yetişən kimi, onlar darvazanı açacaqlar və bizim dövlətimizə itaət edəcəklər. Bu barədə də göstəriş verilmişdir. Siz birbaşa Naxçıvandan Sisyan dağı yolu ilə heç yerdə dayanmadan Şuşa qalasına gedərsiz, onlar sizə kömək etməyə hazırdılar və bizim qoşunumuzun köməyini gözləyirlər. əgər siz əsgər və top götürsəniz, tez hərəkət edə bilərsiz. Rusların əsgərləri ilə bizim böyük və çətin müharibəmiz olacaqdır. əgər sizə sərbaz, top verilərsə, sizin üçün dava çətin olar. Bir də yazmışdı: “Sərdar, qarşıda böyük işlər nəzərdə tutulmuşdur. Döyüşlər qabaqdadır, vuruşmalıyıq, irəliləməliyik, əgər qalib olsaq, uzun illər istirahət edəcəyik, əgər müvəffəq olmasaq, səhrada yorulmuş qədəmlərimiz əziyyət, zəhmətdə olub məşəqqətə düçar olacağıq” Qalada üsyan olmadı, qapılar da açılmalı. Faktiki olaraq Şuşanın mühasirəsinə 48 gün vaxt itirildi. Bu isə istər taktiki, istərsə də strateji baxımdan itki demək idi.
O dövrün müəlliflərindən Nasir Nəcmi Qacar ordusunun ard-arda fəlakətə düçar olmasını qərargahda çalışan ingilislərin Rusiyaya məlumat ötürməsi ilə əlaqələndirir. Çünki Qacar ordusunun bütün planları əvvəldən Rusiya komandanlığına məlum olurdu. Məsələn, Şəmkir yaxınlığında Qacarları məğlub edən erməni mənşəli general Mədətov bilirdi ki, üzərinə çoxsaylı Qacar ordusu gəlir və yalandan belə bir məlumat yayılmışdı ki, guya Mədətovun ordusunda yalnız Tiflisdən gəlmiş 200-300 erməni var. Ancaq Mədətov bütün topxananı meşədə gizlətmişdi. Bu yalan məlumatlar səbəbilə Qacar ordusu əvvəl Şəmkirdə, sonra Gəncədə məğlub olur. Hətta bu döyüşlərdə Abbas Mirzə ayağından yaralanır. Onunla bir səfdə döyüşənlər biri də təəssüf ki, Laçın ağa (gürcü dilində adı məlum deyil) idi. O eyni zamanda Osmanlı-Qacar müharibəsində də iştirak etmişdi. Çobandağı döyüşündə Abbas Mirzə onu itirdi. Sonradan onun sevimli rus əsirlərindən təşkil olunmuş əsgərləri, məsələn qacarların tərəfində döyüşən ingilis Neyts məhv edildi. Rus mənbələrinin yazdığına görə, ruslar onun ingilis olduğunu biləndə ağaca sarıyıb, güllə ilə deşik-deşik etmişdilər. Həmin döyüşdə korpusun digər üzvləri də məhv edildi. Bu dəfə Abbas Mirzə bütün gücünü İrəvanı qorumağa yönəltdi. Lakin Abbasabad, Sərdarabad döyüşlərindəki məğlubiyyətdən sonra İrəvan qalası da çökür. Onu da deyim ki, Rusiya İrəvanı tutarkən hətta Napoleona qarşı istifadə etmədiyi ağır mərmilərdən istifadə etmişdi. İrəvanın çöküşü faktiki olaraq, şimal tərəfdən Osmanlı-Qacar sərhədlərinin bağlanmasına, digər tərəfdən Naxçıvan və Güney Azərbaycana yol açılmasına səbəb olur. Nəticədə yenə də Fətəli şahın oğluna zamanında yardım etməməsi nəticəsində Azərbaycanın böyük bir hissəsi işğal edilir.
Tarixçi Kərəm Məmmədli bildirir ki, bu zaman xəyanət yolunu tutan adamların əksəriyyəti ruhani din xadimləri idi. Məsələn, Təbrizin tutulan zaman Təbriz dini icmasının başçısı – qapıların açdırmış, hətta ruslara qurban da kəsdirmişdi. Hətta demişdi ki, Allah qələbəni kimə lazımdırsa, ona da verəcək. Ona görə də Abbas Mirzənin hər zaman irticaçı mollalardan zəhləsi gedib. Faktiki olaraq, Təbrizdən sonra Tehrana yol açıldı. Abbas Mirzə ruslarla danışığa gedir. Mərdlik göstərərək, həyatını riskə ataraq Paskeviçi təkbətək görüşə dəvət edir. Tufarqan kəndi yaxınlığında özü ilə cəmi 500 atlı götürən Abbas Mirzə 4 minlik rus qoşununun içərisinə gedir. Abbas Mirzənin məqsədi paytaxt Tehranı qorumaq idi. O, Paskeviçə deyir ki, “təəssüf ki, öz ölkəmdə məni qonaq kimi qarşılayırlar” . Hələ də müdafiə olunan Ərdəbilin verilməsi müqabilində rus qoşunlarının Tehran üzərinə yürüşü dayandırılır. Bu dəfə əsas danışıqlar Türkmənçay kəndində aparılmışdı. Burada imzalanan müqavilə Azərbaycan tarixinin ən faciəvi müqavilələrindən biridir.
Abbas Mirzə özündən sonra kimi qoymuşdu? Onun övladlarından bütün döyüşlərdə atasını müşayiət edən Cahangir Mirzə “Tarixi nou”, yəni “Yeni tarix” adlı əsər yazmışdı. O, eyni zamanda cəngavər idi. Tehranda Qriboyedov öldürülərkən Azərbaycan ordusunun mübarizə aparmaq gücü qalmamışdı. Abbas Mirzə məcburiyyətdən 500 əsgər və 30 topla ruslara qarşı heç olmasa 2 gün mübarizə aparmağa çalışdı. Bu zaman digər oğlu Xosrov Mirzəni belə bir zamanda Sankt-Peterburqa danışıqlara göndərdi. Bundan əvvəl Xosrov Mirzə Paskeviçlə danışıqlarda da iştirak etmişdi. Paskeviç ona atasına çox bənzədiyi üçün gülə-gülə “yarım Abbas” demişdi. Nikolayın qəbuluna gedəndə Xosrov Mirzədən qılıncı çıxarmağı xahiş edirlər, lakin imtina edir və deyir ki, “biz silahla gəzməyə öyrəşmişik”. Nikolayın qəbulunda o qılıncın qəbzəsini yerə, ucunu isə ürəyinə dirəyir. Sanki bununla üzrxahlıq edirdi ki, yenidən müharibə başlamasın. Rusiya da sanki həqiqətən Qriboyedov məsələsini unudur.
Rusiyaya verilən bəxşişlər içərisində vaxtilə Nadir şahın Dehlidən gətirdiyi böyük moğol xəzinəsinin ən böyük almazlarından biri də vardı. Bundan sonra Rusiyanın digər bölgələrində, xüsusilə Qərbi Avropa ölkələri ilə münasibətlərinin kəskinləşməsi istər-istəməz ruslar və Qacarlar arasında isti münasibətin yaranmasına gətirib çıxarır. Bu zaman Azərbaycanın şərq hissəsində – Kirman, Yəzid və Xorasanda üsyanlar qalxır. Mənbələrin yazdığına görə, o üsyanları Azərbaycan ordusu yatırdır. Məhz Azərbaycan ordusu, çünki o zaman düşmən də, dost da bu ordunu Azərbaycan ordusu adlandırırdı. Bu, onun göstəricisi idi ki, indiyə qədər Rusiya-İran müharibəsi adlandırdığımız müharibə məhz Rusiya-Azərbaycan müharibəsi idi. Çünki müharibə Azərbaycanın ərazisində gedirdi, ruslara qarşı döyüşənlər də Azərbaycan ordusu idi. Bu, həm də Qacar dövlətinin, Qacariyənin Azərbaycan dövləti olduğunu göstərir. Çünki bu ölkənin “naibü səltənəti” Təbriz şəhərində otururdu. Ölkənin paytaxtı isə ondan bir az aralıda olan Tehran şəhəri idi. Ölkənin bütövlüyünü təmin edən Azərbaycan ordusu idi. Deməli, Qacarlar dövlətinə tam mənada Azərbaycan dövləti deyə bilərik.
Abbas Mirzə son günlərini fəth etdiyi Xorasanda keçirir. Gözlənilirdi ki, Herat istiqamətində hərəkətə keçib ingilislərlə döyüşəcək, lakin uşaqlıqdan onu tutan xəstəlik artıq onun yaşamasına imkan vermədi. Ömrünün sonuna yaxın, yəni 1833-cü ildə kiçik qızının xatirələrində qeyd olunub ki, Abbas Mirzə ömrünün son anlarında sayıqlayırmış. Qızı yazır: “Mən ona yaxınlaşanda bu sözləri eşitdim: “Azərbaycan”. Atam dünyaya “Azərbaycan” deyərək göz yumdu.
Comments are closed, but trackbacks and pingbacks are open.