23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür
Kitabın üzlüyü inanılmaz dərəcədə vacibdir və bizim kitab almaq qərarımızda mühüm rol oynayır. Biz hamımız kitabın üz qabığına son dərəcə tənqidi yanaşırıq. Pandemiya həmçinin kitabların və oxumağın rahatlıq üçün vacibliyini və reallıqdan qaçış yolu olduğunu bizə xatırlatdı, bizim hamımızın buna keçən il ehtiyacı var idi. Biz həmişə sərlövhənin yaxşı təqdim olunmasından məmnun oluruq, belə ki, yaxşı bir kitab üzlüyüsərlövhə haqqında yaxşı fikri yarada və ya poza bilər.
23 aprel – Ümumdünya kitab günü – Mətanət VAHİD
Bu gün Ümumdünya kitab günüdür – kitabı sevən, dəyər verən hər kəs üçün bu sevgini izhar edə biləcəyi simvolik bir gün. 1996-cı ilin 23 aprelindən qeyd olunan bu bayram maarifçilik və mədəni ənənələrin inkişafı, kitabların həyatımızdakı önəmini vurğulamaq məqsədi daşıyır. 23 aprel tarixinin seçilməsi isə həmin günün M.Valyexo, M.Dryuon, H.Laksnes kimi yazarların doğum; M.De Servantes, U.Şekspir və İ.Q. de la Veqanın vəfat tarixi olması ilə bağlıdır.
“Ümumdünya kitab və müəllif hüquqları günü” təsis edilərkən müxtəlif ölkə və təşkilatların təcrübəsi nəzərə alınıb. Məsələn, İspaniyada hələ 1926-cı ildə kral XIII Alfons İspan kitab gününün keçirilməsi ilə bağlı qərar imzalayıb və hələ o zaman bu məqsədlə Migel De Servantesin vəfat tarixi – 23 aprel günü seçilib. Müasir dövrdə hər il qeyd olunan bu bayram yalnız kitabların şərəfinə tərif yağdırmaq yox, həm də dövrümüzün önəmli problemlərindən olan müəlliflik hüququ məsələsinə diqqət yönləndirmək məqsədi daşıyır.
Biz kitab deyərkən ilk növbədə bədii ədəbiyyatı nəzərdə tuturuq. İnsanın insan kimi formalaşmasında, şəxsiyyət kimi yetişməsində, müstəqil fikrə sahiblənməsində oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır, amma fikrimcə, onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir. Kitab xəyal gücü sərhədsiz olan alternativ dünyadır. Yaxşı kitabın mütaliəsi heç vaxt izsiz ötüşmür, şüurumuzda kəlmələrin “yeri” qalır.
Kitablarla uzun illərin dostluğundan sonra bəzən oxucu üçün ən sevimli kitabını seçmək belə, çətinlik törədə bilir. Kitabla bağlı ən çox qarşılaşdığımız isə “Həyatınızı dəyişən kitab hansıdır?” sualıdır. Hər dəfə onunla qarşılaşanda nədənsə eşidincə üzümüzdə təbəssüm yaradan “Həyata ikinci dəfə gəlsəydiniz, yenə bu sənəti seçərdinizmi?” sualı yadıma düşür. Halbuki bir insanın öz seçimindən həyatını onunla ikinci dəfə də bağlayacaq qədər əmin olub-olmaması kifayət qədər ciddi və düşündürücü sualdır. Onu “gülməliləşdirən” isə harada gəldi və kimə gəldi verilərək bayağılaşdırılmasıdır. Həyatımızı dəyişən kitablar isə həqiqətən, var: söz-söz, sətir-sətir şüurumuza təsir edən, bizi həyatımızı dəyişəcək qərarlar verməyə yönləndirəcək kitablar onlarladır – bir deyil, yüzlərlə kitab bizi dəyişərək bugünkü düşüncələrimizə sahiblənməyə səbəb olub.
Amma baxır kimə necə təsir edir. Məgər azdırmı Mövlananın “Məsnəvi”sindən parçaları, İblisin monoloqunu əzbər deyib, “Sergiy ata”dan, “Səfillər”dən sitat gətirə-gətirə hər cür şərəfsizliyə qol qoyan, M.Ə.Sabirin qəhrəmanı olub şairə rəhmət oxuyan? Demək, kitab daha çox insanın içində gizli qalan dəyərləri üzə çıxarmaq, daha da cilalamaq, doğru yolu göstərmək xüsusiyyətinə malikdir həm də.
Adətən, “pis kitab yoxdur, pis oxucu var” deyirlər. Amma məncə, bu, “çirkin qadın yoxdur” kimi pafos xətrinə deyilmiş ümumi bir fikirdir. Hər birimizin evində, iş yerində kitab adına hörmətdən nə ata, nə də sata bildiyi xeyli kitab olduğundan, onları kiməsə hədiyyə edib can qurtarmaq istədiyindən əminəm. Pis kitablar, təəssüf ki, var və Oskar Uayld hətta onları qorunmağı vacib biləcək qədər zərərli hesab edirdi. “Oxumaq, yoxsa oxumamaq” adlı məqaləsində o, oxumağı tövsiyə etdiyi yüz kitabla yanaşı, həm də oxumamağı məsləhət gördüyü kitabların siyahısını verir. İngiltərəli yazar düşünürdü ki, pis kitablardan insanları qorumaq işini hətta universitetlərin missiyaları sırasına daxil etmək vacibdir.
Mütaliə bizim həyat tərzimizə çevrilib, yazmaq kimi oxumaq da mənəvi aclığımızdır, gündəlik ehtiyaclarımız sırasındadır. Lakin ətrafımızda ömründə, bəlkə də, bircə kitab da oxumayan xoşbəxt insanlar var. Çünki bəzən bilgisizlik ən böyük xoşbəxtlik və hüzurdur. Məncə, insan daha çox öyrəndikcə narahatlığı da artır, əzabları da; xəyal gücünün sərhədsizliyi qaçışı olmayan real dünyanı daha darıxdırıcı və maraqsız edir. Bu hüzurun qaçması naminə olsa belə, heç birimizin kitabsız dünyanı arzulamayacağını bilirəm.
Kitablar bizim ömrümüz boyu yaşatdığımız ilk sevgimizdir. Yəqin ki, hər bir yaxşı oxucunun öz kitablı dünyası ilə bağlı saysız-hesabsız xatirəsi, arzusu var. U.Eko və J.K.Karyerin (J.C.Carriere) “Kitablardan qurtula biləcəyinizi sanmayın” kitabında deyilir: “Kitab eynilə qaşıq, çəkic, təkər və ya qayçı kimidir. Bir dəfə icad etdikdən sonra daha yaxşısını düzəldə bilməzsiniz.” Texnoloji inkişaf bizə kağız kitabların alternativlərini təqdim edir və əlbəttə, onların da üstünlüklərini danmaq olmaz. Kitab oxumaq texnologiyanın yeniliklərinə qapalı olmaq yox, əksinə, ona bir az da yaxın olmaq deməkdir. Məsələn, deyək ki, ictimai nəqliyyatın sıxlığında kitab oxumaq imkanından məhrum olduğumuz vaxt telefondan səsli kitab dinləməyin nəyi pisdir ki? Yaxud kitabxana və mağazalarda tapa bilmədiyimiz kitabları internetdən endirib oxumaqla nə qədər irəli düşdüyümüzü necə dana bilərik? Bununla belə, insanın təbiətən sevdiyinə toxunmaq, yaxud toxunduğunu daha çox sevmək kimi bir cəhəti də var – vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca qoxusunu hiss etdiyimiz kitablar bizə daha əzizdir. Oxuyub kiməsə, yaxud kitabxanaya qaytarmalı olmadığımız kitablar isə özündə mütaliə zamanının enerjisini, ruhunu, xatirələrini daşıyır. Onları müəyyən müddət sonra götürüb vərəqləyəndə sanki eyni hadisələri, hissləri təkrar-təkrar yaşamış oluruq.
Ümumdünya kitab günündə kitabçılıq və kitabxanaçılıq sahəsindəki qüsurlarımız daha qabarıq görünməkdədir. Bu gün oxucunun onsuz da az olduğu, vaxtının çoxunu televiziya və internet qarşısında keçirənlərin sayı getdikcə artdığı bir zamanda kitab mağazalarının və şəhər kitabxanalarının bağlanması ürək ağrıdır. Bunların qarşısını almaq üçün müvafiq tədbirlər görmək, kitaba daha çox oxucu qazandırmağa çalışmaq lazımdır. İnkişaf etmiş ölkələr kitaba diqqət və marağı artırmaq üçün bu simvolik gündən istifadə edərək müxtəlif tədbirlər, sərgi və yarmarkalar keçirir. Bizim ölkəmizdə də hər il kitabla bağlı tədbirlər keçirilir, amma arzu edərdim ki, bu, protokol məqsədli deyil, daha kütləvi və intensiv xarakterli olsun.
Yəri gəlmişkən, Ümumdünya kitab günü ilə bağlı dünya təcrübəsindən bir məqamı da paylaşmaq istəyirəm: 2001-ci ildən etibarən hər il bir şəhər bir il müddətinə Dünyanın kitab paytaxtı elan olunur. Dünya kitab sənayesinin üç əsas bölməsini təmsil edən nüfuzlu beynəlxalq təşkilatlar (Beynəlxalq Naşirlər Assosiasiyası, Beynəlxalq Kitab Ticarətçiləri Federasiyası və Beynəlxalq Kitabxana Assosiasiyaları və idarələri Federasiyası) və YUNESKO nümayəndələrinin daxil olduğu komitənin ilk seçimi Madrid (İspaniya) olmuşdur. Növbəti illərdə isə müvafiq olaraq, İsgəndəriyyə (Misir), Yeni Dehli (Hindistan), Anvers (Belçika), Monreal (Kanada), Boqota (Kolumbiya), Beyrut (Livan), Lyublyana (Sloveniya), Buenos Ayres (Argentina), Yerevan (Ermənistan), Banqkok (Tayland), Port-Harkort (Nigeriya) və İnçxon (Cənubi Koreya) seçilmişdir. 2016-cı ilin Dünya kitab paytaxtı isə həmin il həm də Avropanın mədəniyyət paytaxtı elan olunan Vroslav (Polşa) şəhəri olub. Doğrusu, neçə ildir ki, bu siyahıda Bakının da yer almasını arzulayıram. Çox istərdim ki, növbəti kitab bayramlarında oxucular yeni kitab mağazaları və kitabxanaların açılması xəbərinə sevinsinlər, kitaba kütləvi maraq oyadan tədbirlər sıxlaşsın və ənənəvi hal alsın.
Kitab bayramında kitabçılıq sahəsindəki qüsur və problemlər üzərindən ötəri keçməyi daha uyğun bildim. Kaş ildə iki dəfə beynəlxalq və milli sevgililər gününü kütləvi bayrama çevirən gənclərimiz kitab bayramında da eyni fəallığı nümayiş etdirsinlər. İnsanlar bir-birlərinə kitab, ya heç olmasa, əlfəcin hədiyyə etsinlər. Bu gün də ilin digər bayram günləri kimi hər kəs üçün önəm daşısın, yaddaşlarda qalsın. 23 aprel günü də bir-birimizə təbriklər yağdıraq, İ.Quttenberqi sayğı ilə anaraq kitablı bir dünyada yaşadığımıza sevinək. Bayramınız mübarək olsun, əziz kitablılar!
İllüstrasiya: Van Qoq “Sarı kitablar”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür
1995-ci il noyabrın 15-də YUNESKO Parisdə keçirilən 28-ci sessiyasında aprel ayının 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir. Ölkəmizdə 1997-ci ildən etibarən hər il aprel ayının 23-ü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd olunur. Azərbaycan həm də 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür.
Bu günün ölkəmizdə qeyd olunmasında əsas məqsəd kitabların insan həyatındakı önəmini, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək, eləcə də davamlı iqtisadi inkişaf və informasiya cəmiyyətinin formalaşması üçün zəngin mütaliə ilə bilik əldə etməyin əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan ehtiramı nümayiş etdirmək, həmçinin diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir. Ümumdünya Kitab və Müəllif Hüquqları Günü insanları, xüsusən gənc nəsli kitab oxumağa, bəşəriyyətin sosial və mədəni tərəqqisinə xidmət edən şəxslərin əvəzedilməz əməyinə hörmət edilməsinə çağırış kimi də dəyərləndirilir.
“Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, o cümlədən kitab nəşri və müəlliflik hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər görmüşdür. Ulu öndərin qayğısı ilə Azərbaycanda mətbəə və nəşriyyatlar yenidən qurulmuş, kitab nəşri ilə əlaqədar nəşriyyatların maddi-texniki bazası yaxşılaşmış, yaradıcı insanlara qayğı və diqqət artırılmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə ümummilli liderin rəhbərliyi ilə kitab nəşri və müəlliflik hüququ sahəsində zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüququ qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi bu sahənin inkişafına öz təsirini göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli Fərmanı müəllif hüquqları sahəsində uğurlu və sistemli tədbirlərin həyata keçirilməsinə səbəb olmuşdur. Bu gün xalqımızın tarixi, mədəniyyəti, folkloru, ədəbiyyatı, musiqisi, muğamları, yallıları, memarlığı, milli mətbəxi, geyimləri, mədəni irsi haqqında bir-birindən maraqlı kitablar nəşr olunur, məqsədyönlü tədbirlər həyata keçirilir. Xalqımızın min illər boyu yaratdığı zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Ötən il YUNESKO-nun Təcili Qorunma Siyahısına salınmış “Tənzərə” və “Köçəri” yallıları bu qədim və nadir sənətin də xalqımıza məxsusluğunun bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük nailiyyətdir.
Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunmasına ciddi diqqət yetirilir, bu sahədə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. “Kitabxanaya və kitablara olan diqqət hər bir ölkənin inkişaf və tərəqqisində başlıca şərtdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondlarının yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin olunması geniş mütaliə imkanları yaratmaqla yanaşı, həm də kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə şərait yaratmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamış, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurularaq elektron kitabxana sistemi istifadəyə verilmişdir.
Qədim diyarımızda təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanaların istifadəyə verilməsi bunun göstəricisidir. Muxtar respublikanın paytaxtında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmiş, müvafiq kateqoriyadan olan insanların mütaliəsi üçün lazımi şərait yaradılmışdır.
Bu gün muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən, muxtar respublikanın kitabxanalarına yüz minlərlə elmi və bədii ədəbiyyat paylanmışdır. Ötən il muxtar respublikanın mədəniyyət ocaqlarına 2 minə yaxın kitab və çap məhsulu daxil olmuşdur.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağının artmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, ‘‘Uşaqlar və Günəş”, “Naxçıvan mətbəxi”, ‘‘Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan muzeyləri”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”, “Nemətullah Naxçıvani: taleyi və sənəti”, “Pedaqoji fikir tarixindən”, “Naxçıvanın xüsusi mühafizə olunan təbiət əraziləri”, “Yallılar dünəndən bu günə”, “Ərtoğrol Cavid – 100. Natamam ömrün 100 illik təntənəsi”, “Məmməd Məmmədov – 100” və başqa kitablar tariximizin və milli dəyərlərimizin, eləcə də ədəbi şəxsiyyətlərimizin həyat və yaradıcılığının öyrənilməsində əvəzsiz rola malik dəyərli mənbələrdir.
Uşaq və gənclərdə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəzsiz xəzinədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Siyahıda adları qeyd edilən kitablar yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, tarixi keçmişə, milli kökə bağlılığına və siyasi dünyagörüşünün möhkəmləndirilməsinə, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsinə xidmət edir.
Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır. Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. Bütün bunlar bir daha muxtar respublikada müəllif hüquqlarına və kitab işinə göstərilən qayğının bariz nümunəsidir.
Nəsillərin sanki bir-birinə vəsiyyəti olan kitablar bəşəriyyətin mənəvi qidası kimi bütün zamanlarda gərəkli olacaq, tərəqqi və intibaha xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
Ümumdünya kitab və müəllif hüquqları günü
23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 Aprel – Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.
UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.
Ənənəvi olaraq, hər il UNESCO bu gün münasibətilə geniş ictimaiyyətə müraciət eidr. Bu ilki müraciət kitablara həsr olunub.
UNESCO-nun yaydığı məlumatda aşağıdakılar qeyd olunub:
“Oxuyun. Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz
Nə üçün oxumaq indiki zamanda həmişəkindən daha vacibdir?
Dünyanın əksər məktəblərinin bağlandığı və insanların bayırda keçirdikləri vaxtları məhdudlaşdırmaq məcburiyyətində qaldıqları bir dövrdə, eyni zamanda zehnimizi və yaradıcılığımızı stimullaşdırarkən. kitabların gücü həmişəkindən daha çox təcridlə mübarizə, insanlar arasındakı əlaqələri gücləndirmək, görüş dairəsini genişləndirmək üçün istifadə olunmalıdır.
Aprel ayı və bütün il boyu təkbaşına və ya uşaqlarınızla birlikdə oxumağa vaxt ayırmaq vacibdir. Kitab oxumağın vacibliyini qeyd etmək, uşaqların oxucu kimi böyüməsinə şərait yaratmaq və ömür boyu ədəbiyyata sevgi və iş dünyasına inteqrasiyanı təşviq etmək vaxtıdır.
Oxumaqla və 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü qeyd etməklə, məsafəyə baxmadan başqalarına açıq ola bilərik və təxəyyül sayəsində səyahətə çıxa bilərik.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə hazırlaşarkən, UNESCO özünüzə çağırış etməyi, yeni mövzular, formatlar və ya qeyri-adi janrları araşdırmağı təşviq edir. Məqsədimiz insanları oxumağa cəlb etmək və bundan həzz almaqdır! İndi fürsət budur: Bu il Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə, UNESCO “bookface challenge” yaratdı.
Kitabın üzlüyü inanılmaz dərəcədə vacibdir və bizim kitab almaq qərarımızda mühüm rol oynayır. Biz hamımız kitabın üz qabığına son dərəcə tənqidi yanaşırıq. Pandemiya həmçinin kitabların və oxumağın rahatlıq üçün vacibliyini və reallıqdan qaçış yolu olduğunu bizə xatırlatdı, bizim hamımızın buna keçən il ehtiyacı var idi. Biz həmişə sərlövhənin yaxşı təqdim olunmasından məmnun oluruq, belə ki, yaxşı bir kitab üzlüyüsərlövhə haqqında yaxşı fikri yarada və ya poza bilər.
Belə bir şəraitdə biz tələbələri, müəllimləri, dünyanın müxtəlif yerlərindən olan oxucuları, eləcə də kitab sənayesi nümayəndələrini və kitabxana xidmətlərini bu çağırışa qatılaraq oxumağa olan sevgilərini ifadə etməyə dəvət edirik.”
Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq həl il qeyd edilir.
Bu il aprelin 26-da Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi bu günə həsr olunan “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinar keçiriləcək.
Tədbirin aktuallığını diqtə edən amil əsrlər boyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə Azərbaycan xalqının torpağına, mədəni irsi və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir.
Vebinarda ölkəmizin dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları və digər şəxslərin onlayn rejimdə qoşularaq iştirak edəcəyi nəzərdə tutulur.
Comments are closed, but trackbacks and pingbacks are open.