Müasir dilçiliyin aktual problemləri” beynəlxalq elmi konfransı keçirilib – FOTO
https://static.report.az/photo/1c130ad9-4caf-4971-a3ef-a3faf4fa0739.jpg
“Afad Qurbanov və ümumi dilçilik” kitabının təqdimatı baş tutub
Bu gün Nəsimi adına Dilçilik Institutu və Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlər mükafatı laureatı, beynəlxalq və milli akademiyaların akademiki Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.
Tədbir zamanı Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nəriman Seyidəliyevin Azərbaycanın tanınmış alimi, elm təşkilatçısı Afad Qurbanova həsr etdiyi “Afad Qurbanov və ümumi dilçilik” monoqrafiyasının təqdimatı keçirilmişdir.
Tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak etmişlər.
Təqdimatı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibəbyli açıq elan edərək görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışdı, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd etdi. Bildirdi ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində ononalogiya və ümumi dilçilik sahələrində elmi məktəbin banisi olan Afad Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının üzvü kimi elmi yaradıcılıq fəaliyyətini Elmlər Akademiyası ilə daim sıx əlaqəli aparmaqla dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməmişdir.
Təqdimat mərasimində Dilçilik İnstitutunun direktoru akademik Mövsüm Nağısoylu çıxış edərək qeyd etmişdir ki, akademik Afad Qurbanovun Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf tarixində saysız xidmətləri olmuşdur. 40 ilə yaxın müddət ərzində Afad Qurbanov bu elm müəssisəsi üçün tarixi işlər görmüş və bir çox komissiya və müdafiə şuralarının üzvü ya sədri olmuşdur.
Eyni zamanda, A.Qurbanov 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyası Sovet Türkoloqları Komitəsinin üzvü, Türk onomastikası bölməsi bürosunun üzvü, Tədris-metodiki bölməsinin rəhbəri, sonradan həmin Komitənin sədr müavini vəzifələrində çalışmış və elmi təşkilatçılığını bütün sovet məkanında da göstərmişdir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
“Müasir dilçiliyin aktual problemləri” beynəlxalq elmi konfransı keçirilib – FOTO
Azərbaycan dilçilik elminin korifeyi akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Müasir dilçiliyin aktual problemləri” beynəlxalq elmi konfransı keçirilib.
Konfransda iştirak etmək üçün Türkiyə, Rusiya, Serbiya, Gürcüstan, Finlandiya, Şimali Makedoniya, Qazaxıstan, Litva və başqa ölkələrdən dilçi-alimlər Azərbaycana səfər etmişlər.
Beynəlxalq elmi konfransın xarici ölkələrdən olan iştirakçıları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər qoyublar.
Beynəlxalq elmi konfransın plenar iclasına başlamamazdan əvvəl 30 il rəhbəri olduğu “Azərbaycan dilçiliyi” kafedrasının önündə xarici və milli dilçi-alimlərin iştirakı ilə Afad Qurbanovun barelyefinin təntənəli açılış mərasimi keçirildi. Barelyef litvalı heykəltaraşlar tərəfindən hazırlandığı üçün həmin mərasimdə Litva Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfəri Valdas Lastauskas iştirak edib.
Beynəlxalq elmi konfransı giriş sözü ilə Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov açaraq görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun yüksək təhsil və elm təşkilatçılığı barədə danışıb. Qeyd olunub ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 70-80-ci illərdə intibah dövrü Afad Qurbanovun adı ilə bağlıdır.
Daha sonra alimin həyat və yaradıcılığı barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar elmlər bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli və Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu çıxış ediblər.
Tədbir zamanı Afad Qurbanovun zəngin elm və təhsil fəaliyyətini, ictimai-siyasi fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olundu.
Sonra xarici ölkələrdən olan fəxri qonaqlar – Rusiya Elmlər Akademiyasının üzvü, Rusiya Türkoloqlar Komitəsinin sədr müavini, akademik Dıbo Anna Vladimirovna, Türk Dil Qurumunun sabiq sədri, Həcətəppə Universitetinin Sözlükçülük Mərkəzinin sədri professor Şükrü Halük Akalın, 1995-1998-ci illərdə Başqırdıstanın milli təhsil naziri professor Firdaus Xisamitdinova, Tbilisi Dövlət Universiteti Türk dili və ədəbiyyatı kafedrasının müdiri professor Marika Jikia, Serbiya Elmlər və İncəsənət Akademiyasının Serb Dili İnstitutunun İdarə heyətinin üzvü professor Marija Dindic və başqaları yer alıb və onlar Afad Qurbanovun dilçilik elminə verdiyi töhfələrdən danışıblar.
Tədbir zamanı Afad Qurbanovun fəaliyyətini əks etdirən yeddi dildə olan internet səhifəsinin nümayişi keçirildi. Bununla yanaşı, Afad Qurbanovun Ümumi dilçilik və Onomalogiyanın əsasları adlı çoxcildli monoqrafiyalarının ingilis, rus, türk, fransız dillərində nəşrlərinin təqdimatı aparıldı.
Qeyd edək ki, konfrans ümumilikdə dörd bölmədə – “Ümumi dilçilik”, “Türkoloji dilçilik”, “Onomalogiya” və “Praktik dilçilik/Azərbaycan ədəbi dili” (Müasir Azərbaycan Əlifbası) işini davam etdirib. Konfransın bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim edilib.
Afad Qurbanovun geniş fəaliyyətinə həsr olunmuş xüsusi stendlər və zəngin məhsuldarlığını əks etdirən kitabların fotokollaji ilə tanış olmaqları üçün qonaqlara şərait yaradılıb.
Xatırladaq ki, Afad Qurbanov 1929-cu il yanvarın 10-da Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində ziyalı ailəsində anadan olub. O, pedaqoji fəaliyyətə 16 yaşında kənd orta məktəbində direktor və Azərbaycan dili müəllimi kimi başlayıb.
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının, digər beynəlxalq akademiyaların üzvlüyünə və SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini vəzifəsinə qədər şərəfli bir yol keçən A.Qurbanov dilçiliyin bir sıra sahələrinin əsasını qoyub, Azərbaycan dilçiliyi, onomalogiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair elmi məktəb yaradıb.
Afad Qurbanov tanınmış təhsil təşkilatçısı kimi 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini kimi ilk dəfə ali məktəblərdə tədris olunan dilçilik fənlərini qruplaşdırmış və onların tədrisində bir sistem yaratmağa nail olub.
İyirminci yüzilliyin 70-80-ci illərdə rektor və Azərbaycan SSR Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini işlədiyi müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin intibah dövrü, onun tamamilə yenidənqurulması, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedaqogika üzrə o zaman yeganə olan respublika müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır.
1990-cı ildən Azərbaycan Parlamentinin deputatı, Azərbaycan Əlifba Komissiyasının sədri, Müasir Azərbaycan Əlifbasının müəllifi A.Qurbanovun ölkədə əlifba islahatının aparılmasında misilsiz xidmətləri olub.
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, 1979-2009-cu illərdə ADPU-nun Azərbaycan Dilçiliyi kafedrasına rəhbərlik etmiş professor Afad Qurbanovun çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitləri dünya və milli dilçilik xəzinəsinin ən kamil, dəyərli incilərindəndir. Görkəmli alimin müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan dilçilərinin yaradıcılığının inkişafına güclü təsir göstərməkdədir.
Dilçilik İnstitutunun direktoru professor Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə məqalə yazıb
Dilçilik İnstitutunun direktoru professor Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə məqalə yazıb Bakı. 10 yanvar. REPORT.AZ/ “Azərbaycan” qəzetində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Dilçilik elmimizin parlaq siması” adlı məqaləsi dərc olunub. “Report” həmin məqaləni təqdim edir:
10 Yanvar , 2019 09:21
https://static.report.az/photo/1c130ad9-4caf-4971-a3ef-a3faf4fa0739.jpg
Bakı. 10 yanvar. REPORT.AZ/ “Azərbaycan” qəzetində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Dilçilik elmimizin parlaq siması” adlı məqaləsi dərc olunub. “Report” həmin məqaləni təqdim edir: Bu günlərdə Azərbaycanın görkəmli dilçi alimi, əməkdar elm xadimi, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyası nın müxbir üzvü, filologiya elmlər doktoru, professor Afad Qurbanovun anadan olmasının 90 ili tamam olur. Afad Qurbanov çoxcəhətli və geniş diapazonlu elmi yaradıcılığı ilə ölkəmizdə dilçilik elmini zənginləşdirən, ona öz dəyərli töhfələrini verən nadir istedad və zəka sahiblərindən, öz dəst-xətti ilə seçilən elm xadimlərindən biri kimi tanınır, böyük ehtiramla və hörmətlə xatırlanır, yad edilir. Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan bu görkəmli alim “Azərbaycan ədəbi və danışıq dili”, “Müasir Azərbaycan ədəbi dili”, “Ümumi dilçilik” (I, II cildlər), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cilddə), “Azərbaycan dilçiliyi problemləri” (3 cilddə), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi”, “Poetik onomastika”, “Azərbaycan dilinin onomalogiyası”, “Azərbaycan onomastika məsələləri”, “Dünyanın dilailələri”, “Müasir Azərbaycan ədəbi dili”, “Azərbaycan dilçiliyi problemləri”, “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə) və digər monoqrafiya və dərsliklərin müəllifidir. Gərgin elmi axtarışların uğurlu nəticəsi olan bu sanballı əsərlərdə dilçiliyin aktual məsələləri araşdırılır, elmi anlayışlar dəqiqləşdirilir, dil və dilçilik tarixi ilə əlaqədar yeni müddəa və elmi təsniflər verilir. A.Qurbanovun əsərlərində Azərbaycan dilçiliyinin inkişafı və perspektivləri, dilçiliyin linqvistik və fəlsəfi nəzəri əsaslar üzərində təşəkkül tapması, eləcə də elmlərin təsnifi və dilçilik tarixinin müəyyənləşdirilməsi problemlərinə aydınlıq gətirilmişdir. Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqat yolu keçən A.Qurbanov 1962-ci ildə görkəmli dilçi alim, professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə “S.Vurğunun “Vaqif” pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Afad Qurbanov 1965-ci ildə dosent, 1970-ci ildə isə professor elmi adına layiq görülmüşdür. O, 1959-cu ildən ömrünün sonuna qədər – əlli il Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, 1981-1989-cu illərdə isə bu ali təhsil ocağının rektoru olmuşdur. Professor A.Qurbanov 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, həmçinin dünyanın bir sıra beynəlxalq və milli akademiyalarının fəxri akademiki, o cümlədən Türk Dil Qurumunun fəxri üzvü olmuşdur. 1990-1994-cü illərdə Milli Məclisin deputatı olan Afad Qurbanov Azərbaycan Əlifbası Komissiyasının sədri olmuşdur. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Professor A.Qurbanovun elmi yaradıcılığı zəngin və çoxşaxəli, istiqamətli, mövzu dairəsi baxımından olduqca geniş və əhatəlidir. Alimin tədqiqat və maraq dairəsinə müasir Azərbaycan ədəbi dili, türkoloji dilçilik, dil universiyaları, ümumi dilçilik, onomalogiya, leksikologiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələr daxildir. Məlum olduğu kimi, dilçiliyin son illərdəki inkişafının mühüm nailiyyətlərindən biri yeni bir dilçilik sahəsinin – onomastikanın yaranması və formalaşmasıdır. Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin sistemli şəkildə uğurlu həlli və geniş tədqiqi A.Qurbanovun adı ilə bağlıdır. Qeyd edək ki, onomastika bir elm sahəsi kimi xüsusi adları (insan adları, coğrafi adlar, tayfa adları və s.) öyrənir və tədqiqat obyektindən asılı olaraq antroponimika, toponimika, etnonimika və s. bölmələrə bölünür. Azərbaycan dilindəki şəxs adlarının özəl xüsusiyyətləri, onların mahiyyəti, sistemi, yaranması, mənşəyi, məna əsası, yayılma regionu, quruluşu, inkişaf tarixi, təkmilləşməsi, üslubi imkanları, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri məhz onun əsərlərində araşdırılmışdır. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişaf dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dilfaktları ilə əsaslandıran da A.Qurbanov olmuşdur. A.Qurbanovun onomalogiya məsələlərinə dair 100-ə yaxın məqaləsi, eləcə də “Antroponim nəzəriyyəsi”, “Azərbaycan onomastikası” və “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə) adlı monoqrafiyaları orijinallığı ilə diqqəti cəlb edir. Bu əsərlərdə xüsusi adların qrupları və yarımqrupları türkologiyada ilk dəfə müəyyənləşdirilmiş, onomalogiyanın elmi-nəzəri əsasları hazırlanmışdır. Cəsarətlə demək olar ki, bədii əsərlərdəki antroponimlər, toponimlər, onların üslubi xüsusiyyətləri, bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, ad yaradıcılığı, poetik onomastikanın ilk tədqiqatçısı AMEA-nın müxbir üzvü Afad Qurbanovdur. Azərbaycanşünaslıqda onomastik tədqiqatların geniş şəkildə aparılması türkologiyanın uğurlarındandır. Onomastik vahidlərin hər biri xüsusi sosial işarədir. Onları öyrənmək, tədqiq etməklə xalqın tarixi, dili və çoxsahəli həyatının bir sıra mühüm məsələlərini aşkara çıxarmaq, dilin lüğət tərkibinin bütövlükdə xarakteristikasını vermək, dil tarixi, dialektologiya və üslubiyyata dair mühüm qanunauyğunluqları aşkara çıxarmaq, tarix, etnoqrafiya, sosiologiya, coğrafiya və başqa elmlərin bəzi mühüm problemlərinin açılmasına yeni istiqamət verməsi müəyyənləşdirilir. Bununla yanaşı, onomastik vahidləri düzgün təhlil etmək, onları qorumaq, nəsildən-nəslə ötürmək ümumi mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan dili onomalogiyasının müstəqil bir nəzəri dilçilik şöbəsi kimi formalaşması bilavasitə professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin bu sahə ilə bağlı ən böyük uğuru “Azərbaycan dilinin onomalogiyası” adlı monoqrafiyasıdır. Bu əsər Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik təhlilinə həsr olunmuşdur. A.Qurbanov şəxs adları, ad və insan anlayışı, eləcə də onların sistemini ümumi dilçilik baxımından təhlil etmiş, əsl şəxs adlarının yaranma səbəbini, onların leksik-semantik qruplarını müəyyənləşdirmişdir. Professor A.Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur. Qeyd edək ki, alimin “Azərbaycan dilinin onomalogiyası” kitabı Dövlət mükafatına layiq görülmüşdür. Akademik Məmmədağa Şirəliyev yazırdı ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Onomastik problem laboratoriyası”nın yaradılması, Azərbaycan onomastikası problemlərinə həsr edilmiş respublika konfranslarının mütəmadi olaraq keçirilməsi bilavasitə Afad Qurbanovun gərgin əməyi sayəsində baş tutmuşdur. Məhz Afad Qurbanovun rəhbərliyi ilə onomalogiyanın problemlərinə dair müxtəlif mövzularda onlarca namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. Onomastika sahəsində məktəb yaratmış görkəmli dilçi alimin elmi yaradıcılığında təkcə Şimali Azərbaycandakı onomastik vahidlər deyil, həm də Cənubi Azərbaycan və Qərbi Azərbaycandakı, eləcə də Gürcüstan və Dağıstandakı türkmənşəli onomastik vahidlər, xüsusilə toponimlər tədqiqat obyektinə çevrilmişdir. AMEA-nın müxbir üzvü A.Qurbanovun onomastika sahəsindəki fəaliyyəti respublikamızda və ölkəmizdən kənarda yüksək qiymətləndirilmişdir. 1989-cu ildə İstanbulda nəşr edilmiş “Türk dünyası araşdırmaları” adlı sanballı elmi toplunun bir neçə səhifəsi məhz bu dəyərli əsərin elmi təhlilinə həsr olunmuşdur. Azərbaycan dilçiliyində bədii əsərlərin onomastikasının sistemli şəkildə tədqiq edilməsində A.Qurbanovun “Poetikonomastika” kitabının böyük rolu və əhəmiyyəti danılmazdır. A.Qurbanov “Müasir Azərbaycan ədəbi dili”, “Azərbaycan onomastikası”, “Azərbaycan onomalogiyası məsələləri” kitablarında poetik onomastikanın ayrı-ayrı sahələrinin tədqiq edilməsinin dilçiliyimiz üçün təxirəsalınmaz vəzifə olduğunu xüsusi olaraq vurğulamışdır. Müəllif “Poetikonomastika” kitabında bu problemləri sistemli şəkildə araşdırmışdır. Kitabda bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, onomastik vahidlərin obrazlılığı, bədii əsərlərdə xüsusi ad yaradıcılığı kimi məsələlərdən bəhs edilmiş, onomastik vahidlərin üslubi imkanları, şifahi ədəbiyyatda onomastik vahidlərin üslubi xüsusiyyətləri aydınlaşdırılmışdır. Yazıçının onomastik vahidlərdən əsərin süjetinə, quruluşuna, ideya və məzmununa uyğun şəkildə istifadə etməsinin istiqamətləri müəyyənləşdirilmişdir. Müəllif göstərmişdir ki, yazıçılar real adlardan satirik və yumoristik ifadə vasitəsi kimi obrazlılıq, yüksək bədii keyfiyyət yaratmaq üçün istifadə edirlər. Ümumu dilçiliyin problemlərinin tədqiqində Afad Qurbanovun öz dəst-xətti, xüsusi çəkisi və konsepsiyası vardır. Bu ondan irəli gəlir ki, A. Qurbanov bir müəllim kimi 20 ilə qədər bu fənni tədris etmiş, ümumi dilçiliyin konsepsiyalarına dərindən bələd olmuşdur. 1976-cı ildə nəşr olunan “Dilçiliyin sistemi” əsərində dilçilik elmi, dilçiliyin sahələri, dilçiliyin şöbələri və onların aktual problemləri araşdırılır. Xüsusilə dilçilik elminin obyekti, nəzəri və tətbiqi dilçilik, ümumi dilçiliyin aktual problemləri konseptual səviyyədə tədqiq edilmişdir. Aydın şərh, zəngin dil faktları, təhlil və ümumiləşdirmələr baxımından orijinal olan bu dərslikdən tələbələr uzun illərdir dəyərli mənbə kimi faydalanır, ədəbi dilimizin formalaşma tarixi, səs sistemi, orfoepiyası, leksika və frazeologiyası, semasiologiyası barədə biliklərə yiyələnirlər. Akademik Ağamusa Axundov yazırdı ki, Azərbaycan dilçiliyinin parlaq siması A.Qurbanovun ümumi dilçiliklə bağlı tədqiqatları bütövlükdə dilçiliyimizin uğurudur. Bununla yanaşı, türk dilləri qrupunun dəqiqləşdirilməsində yeni mülahizə və konsepsiyalar irəli sürülmüşdür. 1977-ci ildə çap olunmuş “Ümumi dilçilik” dərsliyi Azərbaycan pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük əhəmiyyətə malikdir. Ali məktəblərin filologiya fakültələrində tədris olunan “Ümumi dilçilik” fənni filoloq kadrların hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Geniş elmi-nəzəri ümumiləşdirmələr aparma, dilçiliyin dinamik inkişafı prosesinə dialektik və obyektiv münasibət bəsləmə, şərh olunan hər bir dil hadisəsini konkret faktlarla əsaslandırma, orijinal fikirləri qətiyyətlə müdafiə etmə, tarixiliklə müasirliyi vəhdətdə götürmə və s. keyfiyyətlər bütün əsər boyu gözlənilmişdir. A.Qurbanov dünya dilçiliyinin ən vacib problemlərindən biri olan dil ailələrinin dəqiq müəyyənləşdirilməsi məsələsinə aydınlıq gətirmək üçün XVIII əsrdən sonra meydana gəlmiş tədqiqatları nəzərdən keçirərək, Altay dillər ailəsini altı qrupa – 1. Türk dilləri (23 dil), 2. Monqol dilləri qrupu (3 dil), 3. Tunqus dilləri qrupu (3 dil), 4. Mancur dilləri qrupu (5 dil), 5. Koreya dili (1 dil), 6. Yapon dili (1 dil) ayırmışdır. Müəllif doğru olaraq Altay dilləri ailəsinin tərkibində olan dillərin 64 faizini türk dillərinin təşkil etdiyini xüsusi qeyd etmişdir. A.Qurbanov Altay dilləri ailəsində 23 türk dilinin olduğunu qeyd edərək, tarixi inkişaf və linqvistik əlamətlər əsasında beş yarımqrupa – oğuz dilləri, qıpçaq dilləri, bulqar dilləri, qarluq dilləri, tukyuy dilləri yarımqruplarına bölərək təsnif etmişdir. Azərbaycan ədəbi dilinin materialları əsasında funksional üslubların növləri və adları (ədəbi danışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi üslub, publisistik üslub, epistolyar üslub) dəqiqləşdirilmiş və fonetik, lüğəvi, qrammatik və s. cəhətlərinə görə bir-birindən fərqləndirilmişdir. Bu, əslində, Afad Qurbanovun ilk kitabdan ümumi dilçilik sahəsində öz dəst-xətti, konsepsiyası olduğunun təsdiqi idi. Dilin əmələ gəlməsi nə qədər çətin və mürəkkəb olsa da, bunu dilçiliyin problemləri sırasından xaricdə düşünmək olmaz. Çünki dil dilçilik elminin obyektidir, dilin əmələ gəlməsinin tam həqiqi və elmi şərhinin məhz müvafiq elmlərin qarşılıqlı tədqiqatları əsasında mümkün olması onun yaradıcılığında xüsusi qeyd edilir. Bütün bunlar göstərir ki, akademik Afad Qurbanov Azərbaycanda ümumi dilçilik problemlərinə dair fundamental araşdırmalar aparan ilk alimlərdən biridir. Dərslikdə geniş yer verilən bölgü və təsnifatlar da yenidən işlənmişdir. Müəllif ümumi dilçilik problemlərinə və dünya dillərinin təsnifatına dair yeni fikirlər söyləmişdir. Xüsusən Altay dilləri ailəsi ilə bağlı fikirlər türkoloji dilçilikdə yeni və orijinaldır. Afad Qurbanovun dünya dilçiliyinə və türk dillərinin mövqeyinə dair yeni elmi konsepsiyaları Azərbaycan dilçiliyi ilə yanaşı, dünya və türkoloji dilçiliyin inkişafına da öz töhfəsini vermişdir. Alimin dilçiliyin müxtəlif sahələri ilə bağlı 10-a yaxın monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunmuşdur. Afad Qurbanovun çoxcəhətli yaradıcılığında bədii əsərlərin dilinin tədqiqi qırmızı bir xətt kimi keçir. O, elmi yaradıcılığa başladığı ilk günlərdən böyük şairimiz Səməd Vurğunun dramaturgiyasının, eləcə də bir çox klassiklərin poeziya nümunələrinin dilini tədqiq etmiş və onların sənətkarlıq xüsusiyyətlərini incəliyinə qədər müəyyənləşdirmişdir. Alimin “Bədii dilin linqvistik təhlili” əsəri dil hadisələrinin təhlilinə, onun elmi nəticələrinə əsaslanır. Afad Qurbanovun yaradıcılığında dialektologiya məsələləri də müəyyən araşdırma predmeti kimi diqqəti cəlb etmişdir. O, dialektoloji axtarışlarda öz sözünü demiş, bu sahədə düzgün araşdırmanın yeni istiqamətini müəyyənləşdirmişdir. Alimin 2001-ci ildə çap olunmuş “Cücəkənd şivəsi” və 2007-ci ildə işıq üzü görmüş “Qərbi Azərbaycanın Cucikənd şivəsi” kitablarında Cucikənd şivəsi təhlil olunaraq onun səciyyəvi xüsusiyyətləri açıqlanmış, bu şivəyə məxsus özəl dialektizmlərdən nümunələr verilmiş, həmin şivənin fonetik dil xüsusiyyətləri, leksik səciyyəsi aydınlaşdırılmışdır. A.Qurbanov nitq mədəniyyəti məsələlərindən də ayrıca olaraq bəhs etmiş və dilin ictimai funksiyasını, nitqin fərdi xüsusiyyətlərinin spesifikasını müəyyənləşdirmişdir. Görkəmli alim düzgün nitqdən danışarkən onun fonetik, orfoepik, leksik, onomastik, semantik, frazeoloji, dervitoloji, morfoloji, sintaktik və üslub normalarının hər birinin fərdi xüsusiyyətlərini təhlil etmişdir. AMEA-nın müxbir üzvü Afad Qurbanovun elmi yaradıcılığında müasir dilçilik problemləri ilə yanaşı, Azərbaycan dilinin tarixi ilə bağlı yazılar da xüsusi maraq doğurur. Dilimizin ulu türk – ilk türk dili bünövrəsi Azərbaycan ədəbi dilinin formalaşması və inkişafı, sabitləşmə dövrü, ədəbi dil tarixi, konkret dil faktları əsasında araşdırılmışdır. A.Qurbanovun altayşünas, türkoloq kimi fəaliyyəti sovet dövründə əhatəliyi ilə diqqəti cəlb edir. O, 1984-1989-cu illərdə SSRİ Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Türk Onomastika Bölməsi bürosunun üzvü, Tədris Metodiki Bölməsinin rəhbəri, sonradan həmin komitənin sədr müavini vəzifələrində çalışmışdır. Həmin dövrdə məşhur akademiklər: A.Kononov, E.Tenişev, A.Şerbak və digərlərinin sırasında A.Qurbanov da türk dünyasında tanınmış türkoloq kimi qəbul olunurdu. Türkoloji dilçiliyin inkişafındakı xidmətlərinə görə A.Qurbanov Türk Dil Qurumunun fəxri üzvlüyünə ilk azərbaycanlı kimi qəbul edilmişdir. Eyni zamanda o, Azərbaycan Milli Elmlər Akademiyasının tədbirlərində fəal iştirak edirdi. Afad müəllim AMEA-nın Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, İctimai elmlər üzrə Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunun Elmi və Müdafiə şuralarının üzvü olmuşdur. Görkəmli alim Beynəlxalq Pedaqoji Elmlər, Rusiya Pedaqoji və Sosial Elmlər, Nyu York akademiyalarının akademiki, Türk Dil Qurumunun fəxri üzvü, Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın Fin-Uqor Cəmiyyətinin həqiqi və fəxri üzvü olmuşdur. Görkəmli azərbaycanşünas alim, dünya şöhrətli türkoloq Afad Qurbanov Azərbaycan dilçiliyi sahəsində səmərəli və dəyərli araşdırmalarını ömrünün sonuna qədər (2009) davam etdirmiş, beynəlxalq elmi məclislərdə, konfrans və simpoziumlarda yaxından iştirak etmişdir. O, dünyanın bir çox ölkələrində keçirilmiş dil qurultaylarında, konfrans, simpozium və konqreslərdə iştirak etmiş, həmişə doğma vətənimizi təmsil etmişdir. Xüsusilə Amerika, Türkiyə, Rusiya, İran və başqa xarici ölkələrdə elmi səfərlərdə olmuş, Türkiyənin Ankara, İstanbul, İzmir, Adana, Qeysəriyyə, Konya, Trabzon və başqa şəhərlərində uluslararası toplantılarda türkoloji dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələr etmişdir. Alim 1992-ci ildə Azərbaycan dövlət nümayəndə heyətinin üzvü kimi Yunanıstanda olmuş və Afinada keçirilən Beynəlxalq konqresdə elmi məruzə ilə çıxış etmişdir. AMEA-nın müxbir üzvü Afad Qurbanov çoxşaxəli və ardıcıl elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı gənc kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Alimin səmərəli elmi-pedaqoji fəaliyyəti sayəsində püxtələşən elmi pedaqoji kadrlar hazırda nəinki Azərbaycanın, eləcə də Türkiyənin, Almaniyanın, Gürcüstanın, Türkmənistanın, Qazaxıstanın təhsil və elm ocaqlarında uğurla çalışırlar. A.Qurbanov 50-dən çox elmlər namizədi və doktorunun elmi rəhbəri olmuşdur. Azərbaycanda dilçilik elminin inkişafında və yüksəkixtisaslı elmi kadrların hazırlanmasında xidmətlərinə görə A.Qurbanov dəfələrlə dövlət başçısının, respublika Ali Sovetinin, Azərbaycan Elmlər Akademiyası və Təhsil Nazirliyinin fəxri fərmanlarına, 1981-ci ildə isə Azərbaycan SSR-in əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Görkəmli şəxsiyyətlər, böyük alim və mütəfəkkirlər elə insanlardır ki, onlar aparıcı qüvvə kimi daim cəmiyyətin, ictimai həyatın problemləri ilə yaşayır, xalqının, vətəninin rifahını əsas götürərək bu problemlərin həllində yaxından iştirak etməyə çalışırlar. Əsl vətəndaş, alim xalqın arzu və istəklərinin həyata keçməsində heç vaxt əməyini əsirgəmir, var qüvvəsi ilə işin həllinə xidmət göstərir. Bu cəhətlər məhz dilçilik elmimizin görkəmli siması Afad Qurbanovun başlıca keyfiyyətlərindən idi. Onun mənalı həyat yolu əsl ziyalılıq təcəssümüdür, öz biliyi, elmiliyi, alicənablığı, təmənnasız qayğısı, vətəninə xidmət göstərməsi ilə yaddaşlara həkk olmuşdur. Adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, türk və Avropa dilçiləri tərəfindən orijinal konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan təhsilinə, elminə həsr etmiş, ana dilimizin inkişafına, ümumiyyətlə dilçiliyə, əlifbamızın təkmilləşdirilməsinə dair sanballı, mükəmməl əsərlərlə töhfələr vermiş, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimlərimizdən biri olmuşdur. Dilçilik elmimizin bu parlaq simasının işıqlı xatirəsi onu tanıyanların, həmkarları və yetirmələrinin qəlbində əbədi yaşayacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.