Press "Enter" to skip to content

AZƏRBAYCAN ƏRAZİSİNDƏ PALEOLİT DÖVRÜ İNSANLARININ ESTETİK TƏSƏVVÜRLƏRİ

Quruçay mədəniyyətinə aid maddi mədəniyyət nümunələri M.Hüseynov tərəfindən 1974-cü ildə aşkar olunub (4, səh.8). Məhz bu təbəqələrdən tapılmış əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti ilə oxşardır. «Quruçay mədəniyyətinin Azıxda 1,2 milyon il bundan əvvəl başlayıb və 700 min il əvvəl sona çatması müəyyən olunmuşdur» (2, səh.50).

Caxmaqli Dusergesi – Wikipedia

Çaxmaqlı düşərgəsi – Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. Çaxmaqlı düşərgəsi Kiçik Qafqazın aşağı dağlıq ətəyində, İncəsu-Təvədöy çayı hövzələri arasında II Şıxlı kəndindən 7 km cənubda yerləşir. Məmulat yayılan sahə 60×40 m ölçüdədir. Daş məmulatı arasında 365 əşya vardır. Bundan 58-i nüvə, 153-ü alət, 30-u qəlpə və tullantılardır. Düşərgədə boz çaxmaqdaşından istifadə olunmuşdur.

Mündəricat

  • 1 Aşkar edilmiş alətlərin tipləri
  • 2 Alətlərin hazırlanmasında fərqləndirici xüsusiyyətlər
  • 3 Çaxmaqlı düşərgəsinin xarakter əlamətləri
  • 4 Mənbə

Aşkar edilmiş alətlərin tipləri

Alətlər aşağıdakı tiplərdən: belli qaşovlar 10, iri, hündür qaşovlar 6, batıq qaşovlar 10, narın dişəkli qaşov 4, tutacaqlı bıçaqlar 5, gəzli alətlər 10, dişlilər 25, uc qaşovları 39 ədəddən ibarət olmuşdur. Uc qaşovları tip dəyişkənliyi, kamil işlənmələri və aydın seriyaları ilə seçilir.

Uclu qaşovların tipləri: yuxarı ucda olanlar – 15, qaşov ağızlı yanlarla birləşənlər – 4, hündür tiplər – 6, buruncuqlu – 2,iki başlı, dimdik çıxıntılı – 6, vurma səthi üstdə olan – 1. Başqa alət növləri: iskənşəkilli – 6, yarpaqşəkilli itiuclu, iti ucu küncdə olan – 7,deşici – 5, qısa iti çıxıntılar (şiplər) -11, dimdikşəkilli alət – 19, çoxvəzifəli alətlər – 3 və kəsərdən ibarətdir.

Alətlərin hazırlanmasında fərqləndirici xüsusiyyətlər

Nüvələrin abidədə çox işlənməsi ümumən xarakterik xüsusiyyətdir. Digər fərqləndirici cəhət axıradək işlənmiş nüvələrin qaşov, iskənə, uc qaşovu kimi yenidən istifadəyə gətirilməsidir. Nukleusların əksəri qəlpələmə üçün xüsusi hazırlanmış, arxa üzləri yastılanmışdır. Onlar levallua (9) və qeyri-levallua (39) növlərinə ayrılır. Sonuncu qrup nüvələrdə – disşəkilli (20), yarımdisk (3), bir, iki və üç vurma səthli üçbucaq, dördbucaq formalı bir üzü işlənənlər (13), şarşəkilli (2), prizma formalı (4) tiplərə ayrılırlar.

Çaxmaqlı düşərgəsinin xarakter əlamətləri

  • Böyük miqdarda ikinci işlənməyə məruz qalmış daş məmulatının mövcudluğu;
  • Alətlərin ara-sıra dişəklənməsi, bəzən müxtəlif ölçülü dişəklənmə, ikinci dişəklənmənin gah alt, gah da üst üzə keçməsi mütləq çoxluq, düzgün, aramsız pullu dişəklənmə və çox azlığı təşkil edir;
  • Tam tipik mustye alətlərin (qaşov, itiuclu) təmsil olunmaması;
  • Bütün alət tiplərində xüsusi və ya təbii tutacaqlı varlığı;
  • Hazırlıqların küncündə işlənmələrlə xüsusi iş (iti uc, dimdik, biz, sıyırma, kəsmə və s.) elementlərinin ayrılması;
  • İkili və dəyişkən formaların, xüsusilə uclu qaşovun iti uclu çıxıntısı ilə birləşməsi, iti çıxıntının kəsərlə, dişli dimdik və s. birgə çıxış etmələri;
  • İskənəşəkilli alətlərin açıq-aydın mənimsənilməsidir.

Alət tərkibinin yüksək faizi, çoxnövlüyü, cürbəcür əlavə iş elementləri ilə yüklənməsi sakinlərin burada uzun müddət çoxsahəli fəaliyyət göstərdiklərini bildirir.

  • Azərbaycan arxeologiyası. Daş dövrü. I cild, Bakı,2008.
  • Baxşəliyev V.B. Azərbaycan arxeologiyası( Ali məktəb tələbələri üçün vəsait). –Bakı: Elm, 2007,
  • Bünyadov T.Ə. Azərbaycan arxeologiyası oçerkləri. Bakı, 1960.
  • Hüseynov M.M. “Azərbaycan arxeologiyası” Bakı,1975.
  • Hüseynov M.M. Uzaq daş dövrü. Bakı,1973.

AZƏRBAYCAN ƏRAZİSİNDƏ PALEOLİT DÖVRÜ İNSANLARININ ESTETİK TƏSƏVVÜRLƏRİ

Bəşər tarixinin 100 min illərlə davam edən böyük bir zaman kəsiyi ibtidai icma mərhələsinin payına düşür. İbtidai icma quruluşu — digərləri ilə müqayisədə ən uzun mərhələ olub, Daş (qədim, orta, yeni) və Metal (mis, tunc, dəmir) dövrlərinə bölünür.

Tarixçilər Daş dövrünün birinci pilləsi olan Paleoliti, yəni qədim Daş dövrünü «alt», «orta» və «üst», hətta «son» («final») Paleolitə, bu mərhələlərin hər birini isə yenə müəyyən dövrlərə bölürlər. «Alt» Paleolitlə bağlı mövcud olan arxeoloji mədəniyyətlər sırasına «Olduvay» və ya «qalek» («çaydaşı»), «şel», qədim, orta və son «aşel» dövrləri, orta Paleolitə «mustye» dövrü, «üst» Paleolitə «orinyak», «solyutre», «madlen» və digər dövrlər aiddir.

Azərbaycanda da buna uyğun analoji mədəniyyət nümunələri vardır. Ümumiyyətlə, Azərbaycan ərazisində bəşəriyyətin bütün tarixi dövrlərini əhatə edən maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Azərbaycan ərazisində hətta Paleolitin ilk mərhələsi olan Olduvay mədəniyyətinin bənzəri sayılan və 1,5 milyon ildən artıq yaşı olan Quruçay mədəniyyəti mövcuddur.

1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən Azərbaycanın Füzuli rayonunun 16-17 km-də, Quruçayın sol sahilində, Tuğ çökəkliyində yerləşən Azıx mağarasının kəşfi ilə Azərbaycan ərazisində yeni «Olduvay» aşkar edilməsinə şərait yarandı. Bu nadir tapıntının mühüm elmi əhəmiyyəti məhz ondan ibarət oldu ki, tariximiz bir neçə 10 min il də «qocaldı». 1960-86-cı illər ərzində tədqiq edilən Azıx mağarasında arxeoloji qazıntılar zamanı 10 arxeoloji təbəqə qeydə alınıb. Bu təbəqələr Azərbaycanda qədim paleolitin bütün dövrlərini ardıcıl əks etdirir.

Olduvay mədəniyyəti ilə müəyyən ümumi xüsusiyyətlərə malik olan Quruçay mədəniyyəti Azıx paleolit düşərgəsinin VII-X təbəqələrinə aiddir. Azərbaycan ərazisində ibtidai icma quruluşunun ilk mərhələsi də məhz Quruçay arxeoloji mədəniyyəti dövründən başlanır(1, səh.133).

Quruçay mədəniyyətinə aid maddi mədəniyyət nümunələri M.Hüseynov tərəfindən 1974-cü ildə aşkar olunub (4, səh.8). Məhz bu təbəqələrdən tapılmış əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti ilə oxşardır. «Quruçay mədəniyyətinin Azıxda 1,2 milyon il bundan əvvəl başlayıb və 700 min il əvvəl sona çatması müəyyən olunmuşdur» (2, səh.50).

Azıx mağarasının VI təbəqəsində artıq qədim Aşel mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, həmçinin ocaq yeri aşkar edilib. Qədim Aşel mədəniyyətinə aid təbəqədən tapılmış 2 mindən çox daş məmulatı içərisində əsas yeri kobud çapma alətlər, əl çapacaqları, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri, diskşəkilli nukleuslar (nüvələr) və qaşov tipli alətlər tutur (2, səh.50-51).

Alimlər güman edir ki, məhz qədim aşel dövründə insan ilk universal əmək aləti olan əl çapacaqlarını yaradıb. Bu, «eyni tipologiya əsasında və eyni üsullarla hazırlanmış ilk “standartlaşdırılmış əmək aləti” idi… mücərrədləşdirmənin heyvan üçün mümkün olmayan yüksək səviyyəsini tələb edən bu əmək alətini yalnız “tanıma”, ”təkrarlama” və digər hərəkətlər əsasında əldə etmək mümkün deyildi. Belə nəticə hasil olur ki, “standartlaşdırılmış əmək aləti”ni hazırlamış fərddə həmin alət haqqında mücərrəd təsəvvür vardır. Bu aləti hazırlayan insanın beynində alətin hazırlanmasından əvvəl onun forması, nümunəsi mövcud idi. Nümunənin təsəvvürə gətirilməsi, onun haqqında biliyin olması o deməkdir ki, bu bilik cəmiyyət tərəfindən mühafizə olunur və ötürülür (Q.Çayld)» (1, səh.246; 2, səh.58).

Bu təcrübə sonralar insanların bədii yaradıcılıqla bağlı qabiliyyətlərinin meydana çıxmasına yol açdı. Əmək alətlərinin yaranması zamanı mövcud olan proseslər incəsənətin meydana gəlmə mərhələlərini xatırladır. «Eyni tipologiya və eyni üsul» incəsənətdə «metod, cərəyan, üslub» anlayışlarına bənzəyir. Sənət əsəri yaradan insan da əvvəlcə yaradacağı məhsulun nəticələrini təsəvvür edir, təsəvvür materialları isə real həyatdan götürülmüş detalların «tanınma və təkrarlanması» əsasında baş verir. Bədii yaradıcılıqla məşğul olan insan da müəyyən bilik sahibi olmalı, mövcud bədii ənənələrə riayət etməlidir. Əmək alətlərinin də yaranması bədii əsərlərdə olduğu kimi fantaziyasız ötüşməyib. Sonralar bu «fantaziya vərdişi» incəsənətin yaranmasına gətirib çıxarıb.

Dünya alimləri belə hesab edir ki, insanın ilk estetik təsəvvürləri də qədim Aşel dövründə yaranıb. Həmin dövrə aid olan əl çapacaqlarının «ritmə və simmetriyaya malik olması… insanlarda bəsit də olsa, ilk estetik vərdişlərin təşəkkül tapmasından, sadəcə olaraq zəruri, faydalı əşyaların deyil, eyni zamanda gözəl əşyaların hazırlanmasına tələbatın yaranmasından xəbər verir… Deməli, əmək prosesinin özündə artıq emosional məqam vardı və sonralar incəsənətin rüşeymləri həmin məqamdan başlanğıc aldı… əmək ritminin ardınca rəqsin, mahnının, …sadə rəsmlərdə xətlərin ritmik sıralanması meydana çıxır» (1, səh.247; 10, səh.7; 2, 1-ci c. s.58).

Azərbaycanda Aşel dövrünə aid bu qəbil ehtimallara Azıx düşərgəsindən tapılan maddi mədəniyyət qalıqları qismən də olsa şərait yaradır. Qədim Aşel dövrünün orta Aşellə əvəz edildiyi V təbəqədən «cəmi 289 ədəd daş məmulatı qeydə alınmışdır. Daş məmulatı arasında müxtəlif klekton tipli alətlər də vardır» (2, 1c., səh.50).

V təbəqə «yalnız əmək alətləri ilə deyil, həm də Azıx adamının mənəvi inkişafı haqqında danışmaq imkanı yaradan mədəniyyətlə kifayət qədər zəngindir» (1, səh.250). «Bu dövrdə insanların ilk dini təsəvvürləri, ibtidai incəsənət, ibtidai tikililər» (1, səh.256) meydana çıxır. Mağaradan tapılan oyulmuş ayı kəllələri «ilk ibtidai dini görüşlər barədə məlumat verir» (y.o.). Ayı kəllələrinin üzərində çəkilmiş xətləri isə bəzi tədqiqatçılar ibtidai insanlarda ilk incəsənət təsvirlərinin meydana çıxması əlaməti olduğunu bildirir. «Professor Stolyarın fikrincə, ayı kəlləsi üzərində olan xətlər ibtidai insanların ilk incəsənət təsəvvürlərinin meydana çıxmasını göstərir və təsvirlər qaya təsvirlərindən olduqca qədimlərdə meydana çıxmışdır» (y.o. səh.258).

Azıx mağarasının orta Aşel dövrünə aid V təbəqəsində ocağın yanında əhəng daşlarından qurulmuş divar qalıqlarını memarlıq tariximizin ilk səhifəsi hesab edirlər. Təsadüfi deyil ki, dünya memarlıq tarixi də orta Aşel dövründən başlayır. Bu, Fransa ərazisində mövcud olan Terra-Amata düşərgəsindəki tikinti yeri ilə əlaqədardır. «Azıx və Terra-Amata mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı qeydə alınmış ibtidai tikinti yeri hazırda ən qədim tikili yeri sayılır və ilk memarlığın tarixi də bu zamandan, yəni orta Aşel mədəniyyəti dövründən hesab olunur» (1, səh.259-260).

«M.Hüseynovun 1953-cü ildən başlayaraq apardığı arxeoloji tədqiqat işləri nəticəsində Damcılı, Daşsalahlı və dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələri kəşf olunmuşdur» (1, səh.52-53). Qazax rayonunda Avey dağının qoynunda olan hər 2 mağara — dağın cənub-şərqindəki Damcılı və cənub-qərbindəki Daşsalahlı mağaraları, 1960-cı ildə Qarabağda aşkarlanan Azıx mağarasının 3-cü təbəqəsi, Tağlar mağarası, eləcə də Naxçıvanda Qazma, Lerikdə Buzeyir mağaraları orta Paleolit dövrü olan Mustye mədəniyyətinin ilk təmsilçiləridir.

Azərbaycanda tapılan ilk Paleolit nümunəsi Mustye mərhələsini təmsil edən Damcılı mağarası oldu. «Damcılı düşərgəsində aparılan arxeoloji tədqiqatlar nəticəsində qırmızı boya aşkar olunmuşdur. Lakin Damcılı düşərgəsinin stratiqrafiyası qarışıq olduğu üçün onun hansı dövrə aid olmasını müəyyən etmək qeyri-mümkündür» (1, səh.265). Məhz bu faktlar tədqiqatçılara əsas verir ki, Azərbaycanda Mustye dövrü insanlarının gözəllik hissinə, incəsənət elementləri haqqında təsəvvürlərə və s. malik olmaları, rəng və rənglər simvolikasını dərk etmələri barədə fikir yürütsünlər (10, səh. 23).

Azıx mağarasının 3-cü təbəqəsinin «Azərbaycanın orta Paleolit düşərgələri içərisində ən qədim Mustye məkanı olmasını» əl çapacaqlarının məhz bu təbəqədən tapılması sübut edir (1, səh. 207).

Tağlar mağarasında əmək alətləri hazırlamaq üçün toplanan materiallar müxtəlif rənglərdə olması ilə diqqəti cəlb edir: qırmızı, qara, qəhvəyi, boz, ağ və onların müxtəlif çalarları. Mustye dövrünə qədər isə insanlar rənglərin mahiyyətini dərk etməyə qadir deyildilər. Rənglər və onların çalarlarının emosional gücünü dərk edən insan heç bir utilitar əhəmiyyəti olmayan rəngli daşlar toplamağa və bu daşların müxtəlif növlərindən özünə əmək alətləri düzəltməyə başladı (10, səh.24).

Beləliklə, Azərbaycan ərazisində insanların ilk estetik təsəvvürlərinin yaranmağa başlamasını Mustye dövründən hesab etmək olar. «Mustye dövründə təsviri incəsənətin, zərifliyin, simmetriyanın rüşeymləri özünü göstərir. Sümüklər üzərində kəsmələr, oxradan istifadə, qaşov, itiuclu və çapma tipli alətərdə mütənasiblik, onlar üzərindəki neqativlər, dişək düzümündəki incəlik bu daxili və zahiri kamillikdən xəbər verir» (1, səh.293).

Mustye mədəniyyətini üst (son) Paleolit dövrü əvəz edir. Azərbaycanda bu dövr e.ə.40/30-12 minilllikləri əhatə edir.

Azərbaycanın üst Paleolit dövrü, əsasən, Tağlar (II təbəqə), Damcılı mağarası, Yataq yeri (Qazax rayonu), Zar açıq yaşayış məskənləri, Qobustan («Qayaarası») düşərgələri ilə təmsil olunur.

Bu dövrdə insanların «memarlıq», «təsviri sənət» və «dekorativ-tətbiqi sənət» anlayışları haqqında hələ təsəvvürləri olmasa da, onların istifadə üçün yaratdığı müəyyən əşyalar və yaşayış yerləri mövcud idi ki, bunların da sənət əsəri səviyyəsinə çatmasına kifayət qədər vaxt tələb edildi.

Bu dövrdə insanların istifadə etdikləri əşyalar, əsasən, utilitar funksiya daşısa da, bəzən estetik məqamdan da yan keçilmirdi. «Göz» və «gözəllik» sözləri eyni kökdən olduğundan, insan gözünün gözəlliyi görmək istəyi formalaşmağa başladı. Əmək alətlərinin materialı və forması ilə bağlı dəyişikliklər buna misaldır. Məsələn, bu dövrdə hazırlanmış alətlərin çoxunun «sümükdən və ya ağacdan dəstəyi olurdu… daş alətlərlə yanaşı sümükdən hazırlanmış… alətlərdən də istifadə edilirdi» (1, səh.266). Dəstək və ya saplağın utilitar məqsədlə hazırlanmasına baxmayaraq, o, əmək alətinə həm də müəyyən yaraşıq verir. Ümumiyyətlə kobud sayılan daşlardan fərqlənən sümük isə hamar, müəyyən qədər parıltılı və zərif olduğundan daha gözəl görünür. Bütün bunlar insanlarda gerçəkliyə estetik münasibət formalaşdırmağa başlayır, insanlar «daşdan və sümükdən daha incə və universal əmək alətləri hazırlamağı» öyrənir, məhz üst Paleolit dövründən başlayaraq «daş və heyvan sümükləri üzərində incəsənət nümunələri meydana gəlir» (2, səh.56, 1, səh.266).

Müxtəlif müəlliflər bu dövrdə incəsənətin inkişafı barədə müəyyən fikirlər söyləyirlər. Məsələn, Əsədulla Cəfərovun yazdığına görə o dövrdə «incəsənət xüsusi diqqət cəlb edir. Matriarxat dövründə qadına sitayişlə əlaqədar çoxlu qadın təsvirləri yaranıb» (5, səh.58). M.Hüseynov qeyd edir ki: «sümükdən qadın heykəlcikləri, sümük üzərində müxtəlif cizgilər, mağaraların qaya divarlarında boyalarla heyvan şəkilləri çəkilirdi» (7, səh.51). O dövr insanlarının dünya haqqında təsəvvürlərində animizm, totemizm və magiyanın üstünlük təşkil etməsi onları müəyyən hərəkətlərə sövq edirdi. Məsələn, «insanlar sitayiş etdikləri heyvanların dişlərini deşib, muncuq kimi boyunlarından asırdı. P.İ.Borisovskiyə görə, son Paleolitdə olan heyvan təsvirlərinin hamısını totemləşdirmək düzgün deyil, çünki bu təsvirlərin əksəriyyəti insanların estetik tələblərindən doğmuşdur» (y.o., səh.52).

Bundan əlavə, «bu dövrdə kollektiv qəbiristanlıq, geyim, silah və bəzəklə dəfnetmə, ölünü oxrayla boyama adəti mövcud olmuşdur. Yuxarı Paleolit dövrünə aid (Sungir) qəbirlərin açılması bunu sübut edir. Son Paleolitdə ictimai şüur formasının yüksək növü incəsənət – heykəlciklər, yonma, kəsmə, oyma, naxışaçma, kəmər düzəltmə, asmalarda oyuq açma meydana gəlmişdir» (1, səh.321).

Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində üst Paleolitə aid ən çox daş alətlər Tağlar düşərgəsinin II təbəqəsindən (170 ədəd) və Qobustanın “Qayaarası” düşərgəsindən tapılmışdır.

Qobustan Azərbaycanın üst Paleolit dövrünü təmsil edən ərazilər işərisində mühüm yer tutur.

Qobustanda daş alətlərlə yanaşı, qayalarda və daşlarda həm insan, həm də heyvan rəsmlərinə təsadüf olunur. Qobustanı dünyada məşhur edən də elə onun o vaxtkı sakinlərinin yaratdığı qədim qayaüstü təsvirlər və müxtəlif abidələrdir. Qobustanın qayaüstü təsvirlər kolleksiyası özünün «mövzu müxtəlifliyi, müxtəlif dövrlər üçün həyat səhnələrinin əks etdirilməsi, təsvirlərin müxtəlif texniki üsullarla real çəkilməsi cəhətdən tayı-bərabəri olmayan qədim abidələr kompleksidir»(8, səh.42).

Qobustanda qədim insanların «15-20 min il bundan əvvəl məskunlaşması, əmək alətləri hazırlamaları, qayaüstü rəsmlərin burada məskunlaşmış yerli sakinlər tərəfindən yaradılması və burada maddi mədəniyyətin köklərinin hələ üst Paleolitdən başlanması müəyyən edilmişdir» (1, səh.239, 242).

Alimlərin fikrincə, «Qayaarası» düşərgəsindən əldə edilmiş daş alətlərin «arxaik səciyyəsi, qədim təsvirlər arasında daş dövrü qadın rəsmlərinin çoxluğu və s. «Qayaarası» düşərgəsində yaşayışın yuxarı Paleolit dövrünün sonlarına aid olmasını göstərir» (9, səh.12).

Ümumiyyətlə, yazıyaqədərki dövrün tarixi «maddi mədəniyyət qalıqları — qədim düşərgə və yaşayış yerləri, buradakı insan yaşayışının qalıqları, təsərrüfat və məişətə aid tapıntılar (alətlər, silahlar, qablar, bəzək əşyaları və s.) vasitəsilə öyrənilir. Bu kimi maddi mədəniyyət qalıqları elmdə tarixi abidələr, arxeoloji materiallar adlanır. Tarixi abidələrin ən maraqlı və sirlilərindən biri də qayaüstü təsvirlərdir» (8, səh.5).

Azərbaycanda qədim qayaüstü təsvirlərin varlığı ilk dəfə 1939-cu ildə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İ.M.Cəfərzadəyə məlum olmuşdur» (9, səh.3). Qobustanda arxeoloji tədqiqat işlərini 1965-ci ilədək davam etdirən İ.Cəfərzadə 750 daş üzərində 3500-dən artıq qayaüstü təsvir qeydə ala bilmişdir. Bunlar «insan və heyvan rəsmləri, müxtəlif mövzulu həyat səhnələri, qayıq təsvirləri, işarə, damğa, yazı, yalaq, dəlmə və s. kimi insan əlinin izi olan abidələr» idi (9, səh.4).

Qobustanda İ.M.Cəfərzadədən sonra aparılmış arxeoloji qazıntılar nəticəsində «üzərində insan əli ilə yaradılmış daha 400-ə yaxın təsvir olan daş və qaya qeydə alınmışdır».

«Qobustanda təxminən 1000-dən çox daş üzərində 6000-dən çox şəkil» qeydə alınmışdır (9, səh.9).

Qobustan qayalarında insan təsvirləri ilə bərabər, heyvan təsvirləri də mühüm yer tutur. Heyvan təsvirləri içərisində ən qədimi və sayca çox olanı öküz rəsmləridir.

Qobustan qayaları üzərindəli qədim təsvirlər «harada gəldi çəkilməyib. Qədim qobustanlıların yaşayışını, təsərrüfat həyatını və dünyagörüşünü əks etdirən bu incəsənət abidələri ən çox qədim insan düşərgələrinin divarlarında, ora yaxın olan daş və qayaların üzərində döymə, qazma, sürtmə, cızma üsulu və palitra ilə rəngli (Böyükdaş, Qayaaltı) çəkilmişdır»(9, səh. 5). Belə təsvirlər hələ bədii əsər rolunu oynamasa da, incəsənətdə olduğu kimi onların da həm estetik, həm də idraki funksiyasından danışmaq olar. Məsələn, rənglərdən istifadə edilməsi, şəkillərə müəyyən forma verilməsi, təsvirləri yaradan insanların proporsiya, simmetriya, harmoniya, kolorit və s. anlayışlar haqqında təsəvvürlərinin olması onlarda gerçəkliyə estetik münasibətin mövcudluğundan xəbər verir ki, bu da həmin əsərlərin estetik funksiya daşımasına səbəb olur. Qədim insanların yaratdığı əşya və təsvirlərin həmin dövrün məişəti, yaşayış tərzi, hər hansı sahədə nə dərəcədə məlumatlı olması, adət-ənənələri və s. barədə müəyyən informasiya verməsi bu əsərlərin idraki funksiyaya malik olduğunu göstərir. Hətta arxeoloji materiallar tapılmasaydı da, təkcə elə qayaüstü təsvirlər bizə o dövr barədə kifayət qədər məlumat verə bilərdi. «Ona görə də Qobustanın qədim qayaüstü təsvirlərini xalqımızın qədim mədəniyyətinin və tarixi inkişaf yolunun güzgüsü saymaq olar» (9, səh.5).

Məhz təsvirlərdən bəlli olur ki, «Qobustada hələ yuxarı paleolit dövründə «Qayaarası» düşərgəsinin sakinlərinin əsas ov obyekti ceyran, dövrün sonu və orta daş dövründə «Anazağa» sakinlərinin əsas ov obyekti isə ceyran və gur» olmuşdu (9, səh.6). «Yuxarı Paleolit mağaralarından məlum olan şir təsvirləri və heykəlcikləri» də bu dövrdə Qobustanda həmin heyvanın varlığından xəbər verir.

Beləliklə, istər Azərbaycanda, istərsə də dünyada üst Paleolit dövrü elə də yaxşı öyrənilməsə də, gətirilən misallara əsasən bu dövrdə insanların estetik təsəvvürlərinin bir qədər də genişləndiyini müşahidə etmək olur.

Ədəbiyyat

  1. Azərbaycan arxeologiyası. 6 cilddə, I cild. Bakı, “Şərq-Qərb”, 2008.
  2. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən — b.e. III əsri). Bakı. «Elm». 2007.
  3. Azərbaycan tarixi. Dərslik. B., 1994 (Z.Bünyadov, Y.Yusifovun red. ilə)
  4. Baxşəliyev Vəli. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). –Bakı: Elm, 2007.
  5. Cəfərov Əsədulla. İnsanlığın səhəri. B., 1994.
  6. Göyüşov Rəşid. Azərbaycan arxeologiyası. B., 1986.
  7. Hüseynov M. Uzaq daş dövrü. B., 1973.
  8. Rüstəmov Cəfərqulu. Qobustan dünyası. B., 1994.
  9. C.Rüstəmov, F.Muradova. QOBUSTAN. Kiçik daş dağı abidələri. “E.L.” Nəşriyyat və Poliqrafiya şirkəti MMC, Bakı, 2008, səh., 316.
  10. История Азербайджана с древнейших времен до начала XX в. (Под редакцией чл. — корр. АН Азербайджана И. Алиева) — Баку: Элм, 1995 — 432с.

Резюме

В статье рассматривается проблема зарождения эстетических представлений первобытных людей на территории Азербайджана. Приводятся примеры на материале Азыхской и других пещер, как Дамджылы, Таглар, также наскальных изображений Гобустана.

Ключевые слова: эстетические представления, первобытные люди, Палеолит Азербайджана, Азыхская пещера, Гобустан.

Summary

The article considers the problem of the emergence of aesthetic

ideas of primitive people in the territory of Azerbaijan. There are some examples

on the materials of Azikh, Damjili, Taghlar and other caves, and rock

carvings of Gobustan.

Keywords: aesthetic ideas; primitive people; Paleolithic Azerbaijan; Azikh

Comments are closed, but trackbacks and pingbacks are open.