Vaqif səmədoğlu şeirləri
Bəlkə yer altına qaçan Xəzərdən,
Vaqif səmədoğlu şeirləri
Mən burdayam, İlahi – VAQİF SƏMƏDOĞLU / 80
Manera.az Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibəti ilə seçilmiş şeirlərini təqdim edir:
***
Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar.
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm.
Uzaq yaşıl ada
Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata.
Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada.
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada.
Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə.
Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada.
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada.
Günaha batmağım gəlib, ay Allah
Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.
Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.
Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.
Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.
Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.
Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!
1996
Sevgilim, mən öləndə
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…
Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…
Polyak qızı
Polyak qızı, mən sənə
Nəfəs deyim, ah deyim?
Çıxar xaçı sinəndən,
Mən bir bismillah deyim.
Əllərim bekar qalıb,
Saçlarını bəri ver,
Dodaqlarım sıyrılıb,
Sinən üstdən dəri ver.
Burnumdan əsirgəmə,
Duyacağım son ətri,
Bir eşq boyu yubansın,
Son şeirimin son sətri…
***
Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
***
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm.
***
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər.
Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk.
İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar.
Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur.
1963
***
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin.
1963
***
Qağayı, axtar məni,
Bu yerdən apar məni,
Ölüm köksümü döyür,
Qorxuram açar məni.
İçim qara gecədir.
Səkisiz dar küçədir.
Qağayı, dəniz üstdə
Söylə, saat neçədir?
1964
***
Birlikdən və tənhalıqdan,
Ucuzluqdan, bahalıqdan.
Taxta oyuncaq ayıdan
Tək yatdığım çarpayıdan
Utanıram, utanıram.
Çağaların ilk səsindən,
köhnə daxma kölgəsindən,
Ölülərin daş qəbrindən,
Dirilərin daş səbrindən
Utanıram, utanıram.
Bütövlükdən, bölümdən də,
Yersiz, vaxtsız ölümdən də.
1964
***
Eşidirsənmi?
Amma necə eşidəsən.
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış.
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən.
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış.
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən.
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış.
1964
***
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm.
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq.
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!
***
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb.
***
Nifrətin yatan yerini,
Qəzəbin batan yerini,
Duaların göy üzündə
Allaha çatan yerini,
Gözlə, bilib gələcəyəm.
Çiynindən atma daşımı,
Dizinə qoyum başımı,
Bilsəm ki, gözləyənim var,
Bir daş ilə göz yaşımı,
Gözlə, silib gələcəyəm.
***
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi.
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir.
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa.
***
Sən mənim doğma anamsan, Azadlıq,
mən sənin yad qapısında böyümüş balan.
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni yellədən külək.
***
Məzara bənzəyir yaxşı insan.
Məzar kimi
yaya, qışa dözümlü,
məzar kimi dinməz.
Gözə az-az görünür yaxşı adam
ildə bir-iki kərə baş çəkilən
məzar kimi.
Yaxşı insanın yanında
susmaq olur
o da danışdırmır heç kəsi,
sirr almır adamdan
məzar kimi.
Yaxşı insan da
bir yerə bağlanıb
məzar kimi.
Uzaqdan başdaşına
bənzəyir yaxşı insan
yaxından ağlaşmaya.
***
Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək
Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək
Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı…
***
Saxlayın Yer Kürəsini,
Mən düşmək istəyirəm.
. Ay işığının
sapsarı ipi
düşmüş sularına dənizin
O ipi
boynuma dolayıb
asmaq istəyirəm özümü aydan,
ayağım altından
bir kənara itələyərək
Yer kürəsini..
***
Bu ayrılıq dəniziylə
Səni aparan gəmi,
Yuxumdan keçdi bir gecə,
Moskvadan may kimi.
Ondan sonra küçə gördüm,
Getdim aptekə sarı,
O gün ilk dəfə səsləndi,
Ömrün son akkordları.
Ömrün sonuna az qalıb,
Düzsayıramsa əgər,
Bəlkə beş il, bəlkə yüz il,
Bəlkə qapıya qədər.
***
İlahi,
hansı dildə yalvarım sənə?
Bir dua yetər
yoxsa sənə də
ağız açmaq gərəkdir dönə-dönə?
Sənə yox, dünyaya yox,
özümə gülürəm.
çünki yaratdığın neçə min dildən
cəmi ikisini bilirəm.
Bunların birindən
yer də, göy də xəbərsiz.
Odur o birində
yalvarıram sənə indi:
Qospodi, pomoqi, Qospodi.
***
Sol əlimlə sağ əlimin
Arasında duman, dağ,
Hansı əlim qürbətdədir?
Hansı ölü, hansı sağ?
Sol əlimlə sağ əlimin
Arasıyla çay axır
Hansı əlim batır suda?
Hansı sahildən baxır?
Sol əlimlə sağ əlimin
Arasında yağar qar
Hansı əlim istidədir?
Hansı çöllərdə donar?
Sol əlimlə sağ əlimin
Arasında qapı var,
Hansı əlim döyər onu?
Hansı görəsən açar?
Sandıq şeirləri
Bu dünya, bir də sən olmasaydınız,
Harada, kiminlə mən tək qalardım,
Başqa bir yalqızın sığınmağıyçün
Yəqin ki, həm dünya, həm sən olardım.
***
Saral yolum, qaral, yolum,
Çox genəldik , daral, yolum,
Sevinc bizi daşa vurdu,
Sevinc qəsdimizə durdu.
Daral, yolum, gedə bilək,
Gedə-gedə itə bilək,
Sağ-salamat adam kimi,
Göz yaşına yetə bilək.
Yoxsa sevinc çatar bizə,
Quru diş tək batar bizə,
Ömrün-günün yalanını
Şeirə büküb, atar bizə.
Gedək, mənim oğul yolum,
Sola-sağa burul, yolum,
Salıb məni dolaylara,
Öz-özünlə boğul, yolum.
***
Şam sönəndə
qaranlıq çöksə yaxşıdır.
Mənim yüzlərlə şam içində
sönən tənha şama
yazığım gəlir.
Hər insan o tənha şamdır.
1986
***
Hər uca bir dağın dərin
Dərəsi var, deyiblər.
Ölümdən başqa hər dərdin,
Çarəsi var, deyiblər.
Bəlkə də hər uca dağın
Zirvəsi dərəsidir,
Bəlkə də ölümün özü
Hər dərdin çarəsidir.
1998
***
Yer üzünün məscidlərində,
kilsələrində
neçə milyard şam yanır
hər gün?
Amma yenə
hər yan qaranlıq.
1998
***
Daşlar isti, divar isti,
Deyəsən yenə yay gəlib.
Ya iyundur ya avqustdur,
Hər halda isti ay gəlib.
Böyüyüb küçə səsləri,
Daha açıqdır pəncərə,
Yenə bağ həsrəti gəlir,
Bəlkə də nahaq yerə.
Quşlar da zildən oxuyur,
Tər şehlı yay səhərləri,
Amma hayıf, artır yayda
Ölüm-itim xəbərləri.
1998
***
Dünya qoymur yavaş-yavaş yaşayım,
Həzin-həzin payız bağına dönüm,
Şığıyan qatardan görünən ev tək,
Uzaqda görünüm, uzaqda sönüm.
Dünya qoymur divarlardan ayrılıb,
Ağac kölgəsiylə oturub-durum,
Bir süfrə başında otla, çiçəklə,
Bir az Günəş yeyim, bir az Ay vurum.
Dünya qoymur buludların köçünə
Qoşulub, ən ucqar yaylağa gedim,
Ömür səhrasının lap o başından
Ölüm yellədiyi yaylığa gedim.
1997
***
Səssiz-səmirsiz olmaq,
Bayquş uçuşu kimi,
Yer üzündə ən sakit
Dəlinin huşu kimi.
Gündüz gün işığından,
Gecə ulduzlardan qaç,
Qəlbinin qapısını
Yalnız yalqızlığa aç.
Səni düşündürməsin
Sabah nə olacağı,
Kimlərin öləcəyi,
Kimlərin qalacağı.
Sev, sevil, ancaq çalış,
Lap yavaş çıxsın səsin,
Bir də vətən sevgisini
Azərbaycan bilməsin.
***
İlahi,
saat əqrəbləriylə
12-yə qalxıb, 6-ya enirəm.
İlahi,
3-ə sarı sağa,
9-a doğru sola dönürəm.
İlahi,
bu da Sənin əməlin,
burda da Sənin əlin!
Səni tapacaqlar, İlahi,
yuvan istər dayaz olsun, ya dərin.
Hər yanda, hər şeydə
Sənin barmaq izlərin.
***
Dünyamızın bir sifəti,
Bir sifətdə min yönü,
Üfüqlərin sonsuzluğu,
Sonsuzluğun düyünü..
Hər an çıxmaq arzusuyla
Əbədisən an içində,
Əbədisən dövr eləyən,
Laxtalanan qan içində.
Günün daima bu gündür,
Sabahın yox, dünənin yox,
Nə bir irəli gedənin,
Nə də geri dönənin yox.
Qapı hardan bağlanırsa,
Üz olur arxası, önü,
Üfüqlərin sonsuzluğu,
Sonsuzluğun düyünü.
2000
***
Hamıdan yorğun
kimdir bu dünyada?
Sənmi?
Mənmi?
Başqa bir kəsi
sala bilmirəm yada.
Bəlkə o yalçın qaya?
Yox,
bu dünyanın ən yorğunu
elə bu dünyadır, bu dünya.
2000
***
Dönməyə yer yox.
Belə düz yol
olmamalıdır yer üzündə.
Dönmək arzusundan
dönməməlidir insan.
Hərdən hətta burulmalısan
doğru yoldan,
bu yolda lap gülləylə vurulmalısan.
Amma mütləq dönməlisən!
Ya sağa – eşqə aparan bir dalan,
Ya sola – bir şirin yalan.
1999
***
Bir qadın qaməti var,
çınara bənzər.
Bir qadın yerişi var,
meh kimi gəzər.
Bir qadın baxışı var,
dibi görünən dəniz.
Bir qadın nəfəsi var,
Allah nəfəsiylə əkiz.
1999
***
Nə yaxşı ki, oyaq idim,
Sən yuxuma girəndə,
Nə yaxşı ki, ayıq idim,
Səni o gün görəndə.
Bir divara söykənmişdim,
Sən qarşıma çıxanda,
Nə yaxşı ki, kor deyildim,
O gün sənə baxanda.
Bilmədim, səni buraya
Meh ya duman gətirdi,
Onu bildim ki, o yerdə
Baxtım yaman gətirdi.
Kim deyir ki, yerdən göyə
Dualar boşa gedir?
Göylə bulud, yerlə o qız,
Dualar qoşa gedir.
Sevinməyə anlar varmış,
Allah, şəhər içində,
Fəqət canım duz bağlayıb,
Qanım şəkər içində..
1999
***
Bənövşə də məni görüb,
Qarşımda boyun əymədi.
Sevincin böyründən ötdüm,
Çiynim də ona dəymədi.
Görən sabah nə olacaq?
Nə olursa, olan olsun,
Gündüz Günəş, gecəsə Ay,
Lap dəniz də yalan olsun.
Heyranlıq kar olub daha,
Marağın tutulub gözü,
Çat vermərəm göy üzündən,
Yoxam desə Allah özü.
1999
***
Barmaqlar arasından
axıb, gedir ömür.
Nə barmaqlar səninmiş,
nə ömür sənin.
Ovcumda narın qum,
barmaqlarımın arasından
süzülür yerə.
Əlvida,
birrəngli
ağ və qara günlərim.
1999
***
Gözlərində
boş yer varmı?
Varsa,
izn ver, görünüm,
gözlərinin
qarasına bürünüm.
***
Bu bir sərin xatirədir,
Dağdan gələn meh deyil,
Keçmiş bütöv ödənilib,
Dağdan gələn beh deyil.
Ayaq üstə qalıb dağlar,
Dərələr üzüqoylu,
Törəməmiş illərimdən
Cəmi beş-on gün boylu.
Yağış çilər göy üzündən,
İslanar yaşıl eyvan,
Arxadakı otağımda
Boş döşəmə, boş tavan.
Günəş yaman aram batır,
Sürünüb gəlir axşam,
Bu beş pillə yaman çoxmuş,
Deyəsən qocalmışam.
1997
***
Ömrüm nisyə getdi,
ölümüm də nisyə olsun.
Elə bir bazarın varmı, İlahi?
Məni yuxuda öldür,
ağrısız, əzabsız.
Elə bir azarın varmı, İlahi?
Mənə bu dünyaya baxmaqçün
bir kiçik pəncərə ver.
Elə bir məzarın varmı, İlahi .
***
Hərdən mənə elə gəlir ki,
mən yox,
şeirlər məni yazır.
Oxunuram, oxunmuram,
kimi bəyənir məni,
başqasının zəhləsi gedir
hər sözümdən, fikrimdən.
Bilmirəm,
bilmək də istəmirəm
kim cırıb atacaq,
kim əzbərləyəcək məni.
Vaqif səmədoğlu şeirləri
Kulis.az İradə Musayevanın “Doğuldum 1939-da, 1937-də tutuldum. ” yazısını təqdim edir.
III yazı
Vaqif Səmədoğlunun ilk şeirləri.
S.Vurğunun qanını daşıyan, onun tərbiyəsi ilə böyüyən, poeziyada zaman etibarilə atasının davamçısı olan V.Səmədoğlu Vurğun ədəbi təsirindən uzaq idi. Doğrudur, bəzi şeirlərdə S.Vurğunu xatırladan misralar, obrazlar, təbiət lövhələri var. Lakin bu nə təkrar, nə də təqlid deyil. Ümumiyyətlə, V. Səmədoğlu özünəməxsusluğu bütün təsirləri kölgədə qoyur.
Kölgəsiz baxtımın boz səhrasında,
Sərin yer gəzirəm, sığınım deyə,
Belindən gəlsəm də girə bilmirəm,
Ata heykəlindən düşən kölgəyə.
Çünki damarımla qan yox, tər axır,
Qorxuyla yüklənmiş ömrümün təri,
İçimdə bərəlib, yaşarır hər gün,
Özümün özümə baxan gözləri.
Özünə, bəxtinə, ömür yoluna daxilindən boylanan heyrətli gözlər yolunu və taleyini dərk etmiş insanın qorxuyla yüklənmiş ömür tarixçəsini kövrək, ümidsiz nəzərlərlə izləyir.
Şəxsi həyatında və yaradıcılığında Vurğun fenomenindən sui –istifadə etməyən Vaqif ilk addımlarındaca özünü, “mən”ini, daxili potensiyalını ifadə etməyə başlamışdı.
XX əsrin birinci yarısında Azərbaycan şeirində coşqun, pafoslu əzəmət, qürur nümayiş etdirən S.Vurğunun fəlsəfi düşüncələrini əsrin ikinci yarısında V.Səmədoğlu daha real, obyektiv şəkildə davam etdirirdi.
“Böyük Sabirin xəstə, ağrılı yerindən sancaraq özünə baxmağa məcbur etdiyi, özünü dərk etməyə çağırdığı xalqı özünə inandırmaq lazım idi. Səməd Vurğun poeziyası bu işi gördü. O, silkələnmiş, müəyyən qədər ayılmış xalqa qürur, özünəinam aşıladı”. (T.Hüseynoğlu)
V. Səmədoğlunun ilk şeirləri 1963-cü ildə “Azərbaycan” jurnalında çap olunub. Onu ilk şeirlərindən tanıyırıq, bu gün tanıdığımız kimi.
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər.
Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk.
İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə,
Sapsarı son adamlar.
Doğulur sonuncu insan,
Sonuncu insan ölür,
Yenə son dəfə ağlayan,
Son dəfə gülən olur.
Şeirin poetik cazibəsi rəngsiz, ağ- qara bir tablo qarşısına çəkir bizi. Hətta “sarılıqlar” belə qara görünür. Yenə dönəcəklər tinə, sapsarı son adamlar. Dünya sonuncu insana, onun son nəfəsinə bənddir.
Müəllif söz yoluna çıxanda həyatın zahirindən doğan alabəzəkliyə meyil etmədi. Daxili, daha dərin qatlarda baş verən prosesləri izlədi və gəldiyi əqli nəticənin poetik ifadəsində özünəməxsus rənglərdən istifadə etdi. Ümidsizliyin, qəmin, kədərin yeni – həyatın özü kimi təzadlı rənglərini kəşf etdi. “Son səhər”, bir tikə yelə bənd olub sürünən sonuncu qayıq, axırıncı ağac, sonuncu yol və bu yolu kəsən sonuncu fələk. Sonuncu küçədə ölümə doğru gedən saralmış adamlar gözdən itir. Və nəhayət, doğulan sonuncu insan sonuncu ölən olur. Son dəfə ağlayan isə son dəfə güləndir.
Sanki “Dünyanın sonu” adlı heyrətamiz və düşündürücü bir tablo yaradır. Dünyaya sonuncu dəfə, son nəfəsdə baxan insanın nəzərindəki bu mənzərə ilə həyatı sevən də, sevməyən də hər kəs nə vaxtsa qarşılaşa bilər. Əlbəttə son dəfə, son nəfəsdə.
Vaqif Səmədoğlunun bütün şeirləri üçün xarakterik olan xoşagəlimli cəhətlərdən biri də odur ki, ibrətamiz, ağıllı fikir heç vaxt nəsihət, öyüd şəklində söylənilmir. Ona görə də bu poeziyada publisistik, çağırış ruhlu şeirlər aramaq əbəsdir. Burada nə konkret tənqid hədəfi var, nə tərif obyekti, fikir var –oxucunu düşündürən, özünə qaytaran, özünü özündən utandıran, kimliyini düşünməyə vadar edən, Allahından qorxudan, nəhayət insanı İnsan olmağa çağıran xeyirli bir fikir. Vətəndaş yanğısı, ictimai kədər, ümumbəşəri duyğular nə qədər güclü olsa da haray, qışqırıq yoxdur.
Vaqif Səmədoğlu lirikasında gəncliyə məxsus fərdi, intim hisslərlə, şəxsi kədərlə yazılmış şeirlərlə üzləşmədik.
Nəyin istisindən yananlar
Hansı rənglə çəkəcəklər
Nə parlayıb sönəcək
son günümün yaxasında?
Bazarda ətin qiyməti düşəcək,
qoyduğu qiymətdə qalacaq?
düşünəcəklərmi yenə qaranlıqda?
İnsan xoşbəxt olacaqmı
məhəbbətin doğduğu bir anlıqda?
çay paylayacaqlarmı içməyə?
gərək olacaqmı sərhədlərdən keçməyə?
Andersenin nağıllarını oxuyacaqlarmı?
Əlifba biləcəkmi hamı?
yoxsa bəndlər ovcundan
İnsan bir ömrü boyu
öləcək neçə kərə?
Məsciddə yuyacaqlarmı meyidləri?
Şeirin məna dərinliyinə, fikir incəliklərinə nəzər salaq: Nəyin istisindən yananlar arzulayacaqlar kölgəmi? Məni şair kimi kim qəbul edəcək? Həqiqəti dərk edib kədərlənənlər. Ölkəmi xəritələrdə necə çəkəcəklər? İllər öncə verilən bu sual bu gün necə səslənir? Sərhədləri yaralanmış, yaralarından qan sızan vətənimizin xəritədəki görünüşü necə ola bilər?
Divarlar arxasındakı məhbus şeirlərimi (müəllif yəqin ki, çap olunmamış, işıq üzü görməyən şeirləri nəzərdə tutur) sevəcəklərmi? Həbs olunmuş azadlıq aşiqinin nisgilli nəğmələrini dinləmək hər kəs üçün əzizdir.
Bazarda ətin qiyməti yenəcək? – Bəlkə də məişət problemi kimi görünən bu sualdakı istehza, yumor şeirə bir az da şirinlik gətirir.
Öpüşmək, öldürmək, düşünmək – bir-birindən uzaq bu anlamlar qaranlığa aid edilir, zülmətlə əlaqələndirilir.
Qatarlarda çay paylayacaqlarmı?- Günümüzün bir qatar lövhəsində əks olunan reallığı kim bilir, bəlkə də yüz il sonra hansısa oxucunu təəccübləndirəcək. Sərhədlər, qadağalar, rəsmiliklər buxovu ləğv olacaqmı?
Ölə-ölə yaşamaq əzabından qurtulan insanları dəfn etməzdən öncə məscidlərdə yuyacaqlarmı? Buna bənzər ikinci qəribə və gözlənilməz sual-kim sulayacaq bulvardakı söyüdləri? Meyidlərin yuyulması – söyüdlərin suvarılması. Burada qanunauyğun bənzərlik varmı, ya bu da bir təzaddır?
Bu maraqlı, ilk baxışdan bir-biri ilə əlaqəsi olmayan suallardan yaranan şeirdə müəllif mühitini özünəməxsus poetik ifadə üsulları ilə canlandırır. Burada fikir, ideya nə qədər yığcam, konkretdirsə, bu fikri açıqlayan lövhələr, məqamlar daha artıq dəyişkən və çoxşaxəlidir. Bu gözlənilməzlik isə şeirin ovqatına, təsir gücünə, düşündürücülüyünə xələl gətirmir.
İlk qələm təcrübələrindən olan başqa bir şeirdə oxuyuruq:
gəminin suya atılan
kənara atıram ümidlərimi.
Məhv olduğunu görüb ümid yükünü – gələcəyə inam, həyat eşqi ağırlığını çiynindən atır.Yaşamaq ehtirası yox olanda ömrün divarında açılan, çıxış yolu olan qapılar dar ağacına çevrilir. Kəndir – intihardır. Özün öz əlinlə ümid bağlamasını atırsan və özünü mənəvi cəhətdən süquta yetirirsən. Belə bir ömür bağlaması ilə daha başqa bir şeirdə rastlaşırıq:
çarpaz düyünlənən bağlamasında
beş–on yaxşı günümün
üçü çıxacaq bəlkə.
Ümidlərimi buza qoyun,
fəqir – füqəraya paylayın
Arzu, ümid “düyünçə”sindən yenə də imtina olunur. 1960-cı illərin nümunəvi sovet tənqidçisi bu yozuma necə baxır? Bu ki sovet adamına xas arzu – istək deyil. Bu ki, ittihamdır, etirazdır, nəyisə inkardır. Sosializm quruculuğu illərinin qaynar təbiətli, qəhrəman obrazları sırasında bu cür qəhrəmanlar necə baş qaldıra bilib? Doğrudur, bu şeirdə xoşbəxt sovet adamının yüksək həyat tərzini əks etdirən heç nə yoxdur. Ancaq bu o demək deyil ki, batan, məhv olan bu qəhrəman poeziyamıza da yaddır. Onda, onun qəzəbində, istehzasında Nəsiminin, Füzulinin, Vaqifin, Sabirin şeirlərindən boylanan neçə – neçə lirik – fəlsəfi düşüncəli obrazların qüssəsi, faciəsi görünür. Vaqif ilk şeirlərindəcə Füzuli dərdinin varisi kimi çıxış etdi. Poeziyada Füzuli kədərinin ağırlığını daşımaq isə hər şairə nəsib olmur. Dövrünə məxsus dəbdəbəli və ritorik üslubdan, reallıqdan uzaq təsvir və tərənnümlərdən imtina edən V.Səmədoğlu poeziya tariximizdə daha yüksək zirvələrə üz tutmuşdu. Sevgisi də Füzuli kimi təmənnasız və dözümlü idi. Mübarizəsində onuntək inadlı və qətiyyətli, əqidəsində dönməz idi. Küskünlükdə, tərki-dünyalıqda isə daha çox Nəsimiyə bənzəyirdi.
Dünya duracaq yer deyil, ey can səfər eylə!
Aldanma onun felinə, onnan həzər eylə!
Zəmanədən şikayət motivli şeirlərində V. Səmədoğlu yenə də Füzulini xatırladır:
Zəmanə fitnəsinə adət etmişəm nə edim,
Edər zəmanəyə tabe adamları dünya.
Şeirimizin ədəbi-tarixi qaynaqlarından bəhrələnən şair öz orijinal dəsti-xətti ilə müasir poeziyamızda Füzuli ənənələrini davam etdirir. İntellektual səviyyəsinə görə V. Səmədoğlunun şeirləri Füzulinin “elmli şeir” prinsiplərinə cavab verir: “Füzulinin “şeir elmliyi” müddəası, qısaca desək aşağıdakı prinsipləri əhatə edir:
1. bədii obrazın real əsası;
2. təsvir mütənasibliyi;
3. zəngin elmi fikir və həyati təcrübə.
. Füzulinin ədəbi deviz kimi alimanə irəli sürdüyü “elmli şeir” anlayışını biz sözün tam mənasında indiki intellektual şeir tələbi kimi başa düşməliyik”.
V. Səmədoğlunu Füzuliyə yaxınlaşdıran cəhətlərdən biri də odur ki, o da sələfi kimi həyatı filosof tək dərk edir, şair kimi qələmə alır.
Qeyri-adi poetik istedada malik olan Vaqifin 1960-cı illərdə ədəbiyyatımıza gəlişi yeni bir hadisə idi. Şeirə öz dəsti-xətti, fəlsəfi düşüncələri, yadda qalan obrazları ilə qədəm qoyan gənc şairi isə ədəbi tənqidimiz soyuq qarşıladı, onu vaxtında lazımınca qiymətləndirib, tutarlı təhlil və obyektiv mülahizələrlə şeirsevərlərə təqdim etməkdən sanki boyun qaçırdı. Bu laqeydliyi nə şairin “anlaşılmazlığı”, nə də 1960-cı illər ədəbi tənqidinin elmi-nəzəri səviyyəsizliyi ilə əlaqələndirmək düzgün deyil. Sadəcə tənqidçi də dövrün “nəbzini” tutan bir çox şair və yazıçılar kimi çap olunmaq, “tanınmaq”, ad-san sahibi olmaq istədi. Vaqifin şeirlərinin “sirrini” açmaq mövcud siyasi rejimin, ictimai mühitin eyiblərini açmaq demək idi. Bu isə “irəli” getmək istəyən tənqidçi üçün perspektivli yol deyildi. Şair heç nəyə baxmadan həqiqəti yazdı, hazır həqiqəti göstərməyə isə tənqidin gücü, cəsarəti çatmadı. Vaqif isə həyatın hər üzünü-yaxşısını, pisini, sevgisini, kədərini, ağrısını, əzabını içinə götürüb səbrinə, təmkininə sığınıb şair aləmi xoşbəxtliyində daxili “mən”i ilə baş-başa verib dözməyi, şair faciəsi yaşamağı bacardı. Şeirlərinin birində deyir:
İçimə məhəbbət yazır,
içimə həsrət yazır,
yazır, yazır, yazır həyat.
köksü məsafə ilə dolu düzlər,
gecə tək qaranlıq,
gündüz kimi aydın üzlər,
qalın səbr dəftərində.
25 yaşında V. Səmədoğlu dözümünü “qalın səbr dəftəri”nə bənzədirdi. Dünya boyda nəhəngi təmkininə, dözümünə sıxışdırıb özü ilə, tənhalığı ilə gəzdirdi. Sonrakı illərdə (yəqin ki, səbr dəftərində ağ yer qalmayanda), dözümünün başqa bir məqamında:
bu səssiz bağırtı içində
pıçıltıya ehtiyacı var insan oğlunun.
Nə yaman çətindir, İlahi,
dillənmədən eşidilmək ondan da çətin!
Susmaq, eləcə susmaq.
deyirdi. “Səbr kasası” dolub daşanda isə “tükənmişəm, partlayıram”-deyib hay salmaq məcburiyyətində oldu. Xeyli keçəndən sonra, 57 yaşında ikən tərəddüd içində:
Bəxt deyilən zəhrimar
Bizi hara atacaq?
Gedək, daldan ya bir daş,
Ya bir xoş gün çatacaq.
Onun şeirlərində klassik və xalq ədəbiyyatının poetik ənənələrinə rast gəlmək olur, yeni formada – sərbəstdə yazdığı şeirlərdə belə bayatı avazı, xalq ədəbiyyatından gəlmə musiqili dil elementləri duyulurdu. “Şeirimizə əlində “Diogen çırağı”, dilində “hey” nidası ilə gələn Vaqif Səmədoğlu folklor söz düzümünün zahiri ahəngindən çox daxili aləminin musiqisini tutdu. Şair qəlbinin səsi bu dəryanın min səsli musiqisinə qarışıb əks-səda kimi geri-bizə döndü”.
Bu poeziyada misraların emosionallığı, ovsunu oxucunu daha diqqətli, həssas edir:
Tənbəl istinin qapısında
Qara açar gözü tək
Sabah itmiş açarlarla
açılacaq insan dərdi.
Sabah dirildəcəklər ölənləri,
bağlanacaq yenə dərd. (1965)
“Bir zamanlar “sərbəst” şeir yazdıqlarına görə yenilikçi adlandırılan V. Səmədoğlunun və R. Rövşənin yaradıcılığında bizcə əsl yenilik duyğuları onların kökə, xalq ədəbiyyatı ruhuna qayıdışlarından sonra yazdıqları şeirlə gəldi. Sərbəst şeirlər yazdığı zamanlarda da V. Səmədoğlu “Azərbaycan şeirinin ən böyük sənətkarı Aşıq Abbas Tufarqanlıdır!” deyirdi”. ( M. İsmayıl)
Öz elmi işində V. Səmədoğlu yaradıcılığı haqqında dəyərli mülahizələr söyləyən Məmməd İsmayıl bəzi məqamlardakı subyektiv mülahizələri ilə mübahisə doğurur: “Nə qədər Anar V. Səmədoğlunu əvvəldən sona kimi eyni yolun yolçusu olduğunu iddia etsə də, Vaqifin yaradıcılığının ümumi mənzərəsi başqa şey deyir. Onun “Yoldan teleqram” kitabı ilə son zamanlarda çap olunan “Mən burdayam, İlahi. ”ni müqayisə etsək, birinci kitabdakı sərbəst şeirlərin çoxluğunu ikinci kitabda heca ilə yazılan şeirlər əvəz edir”.
Göründüyü kimi, “sərbəst”lə “heca” qarşılaşdırılması bu gün də ədəbi-nəzəri fikir obyektini tərk etməyib. Sərbəst vəznə mənfi münasibətini gizlətməyən Məmməd İsmayıl V. Səmədoğlunun “sərbəst”də yazmasını bəlkə də təcrübəsizlik hesab edir və hətta sərbəstdən hecaya keçməyi “haqq yoluna dönmək” kimi dəyərləndirir: “Qarşısını kimsənin ala bilməyəcəyi bu proses başlanmışdı, hətta bu proses “qoşmaçı”ları yox, “sərbəstçi”ləri də “haqq yolu”na döndərmişdi”.
V. Səmədoğlu yaradıcılığının ilk mərhələsində 1960-cı illər ədəbi mühitinə məxsus yenilik həvəsi, mövzu rəngarəngliyi, poetik axtarışlar, lirik emosional şeir dili yaratmaq cəhdi, ədəbi təsirlərdən çıxmaq daha orijinal, özünəməxsus cizgilərlə yadda qalmaq təşəbbüsü, xalq ədəbiyyatından gəlmə fəlsəfi-ictimai düşüncə tərzini müasir etik-mənəvi düşüncə tərzinə uyğunlaşdırmaq təcrübəsi ilə çıxış etdi və böyük uğurlar qazandı.
Sabahdan axşamacan gözüm yolda.
Nə bir yoldaş gözləyirəm,
Nə qız gözü. Nə kağıza yapışan söz,
nə də ki, bir baxt.
Sabahdan gözüm yolda.
Nə bir Günəş möhürləyən səhər,
nə də axşam imzası gözləmirəm.
Heç kimi gözləmirəm.
gözlərimi yol çəkməyə öyrədim.
Bəlkə lazım olacaq.
Sabahdan axşamacan gözüm yolda.
Gəncliyinə baxmayaraq ictimai-siyasi durumu daha düzgün, fantastik dərəcədə real təhlil edən şairin həyata, dünyaya hər kəs üçün sirr olan ümidlərdən asılı gələcəyə-şəxsi taleyinin qeyri-adi axarına münasibət-konkretlik də təəccüb doğurur. Məsələn, şair hardan bilirdi ki, gələcək “yanıq” çıxacaq?
Vaqifin yozumunda ömür-yoldur, gözləmək yaşamaqdır. Gözləri yol çəkmək-son ucu ölüm olan ömür yolunun o başına-son mənzilə ümidlə irəliləməkdir. Şeirdə sənətkarlıq baxımından bir çox tapıntı ilə rastlaşırıq. Lakin əvvəlcə qəhrəmanın vəziyyəti ilə tanış olaq: həyat və ömür həmdəmlərindən, dostdan da, sevgilidən də əlini üzmüş lirik qəhrəmanımızın gözləri yol çəkir. Bəxtini də gözləmir. Nə işıqlı, ümidli bir səhər, nə xeyirli, nəticəli bir axşam gümanında da deyil. Heç kəsi, heç nəyi gözləməyən gözlər yollara dikilməkdən yorulur. Ancaq bu yorğunluğa öyrəşmək lazımdır. Gələcəyin gələcəyini gözləməyə dözmək üçün. Yollarında göz yorduğu gələcəkdən isə heç nə ummur, yenə də gözləyir.
Gənc şair ilahi-fəlsəfi fikri yüksək poetik formada təqdim edir. Obrazlı ifadə və deyimlər şeirdəki emosional mühitin ovqatına köklənir. Bəlkə də hər gün eşitdiyimiz sözlər yeni məna çalarları, yeni rənglər, yeni xüsusiyyətlər qazanır. Bu sözlər təzə-tər, könül oxşayan və daha çox “yük”lənmiş olur. Məsələn, “qız gözü” bu şerdə həm sevgili, həm nakam məhəbbət, həm həsrətlə və ümidsizliklə xatırlanan gözəllik, həm də gözlənilməyən, ancaq eyni zamanda arzulanan bir varlıq anlayışlarının hamısını əvəz edir, şeirin ideyası üçün əsas atributa çevrilir, üstəlik “gözləyirəm”, “gözləmirəm”, “gözüm”, “gözlərim” sözləri ilə fonetik tərkib baxımından həmahənglik yaradır. “Günəş möhürləyən səhər” ifadəsinə diqqət yetirək. Səhər sözü poeziyamızda bəlkə də ən çox işlənən və saysız-hesabsız təşbehlərlə təqdim olunan bir ifadədir. Ancaq “günəşin möhürlədiyi səhər”, eləcə də “axşam imzası” yeni və uğurlu tapıntıdır. Digər ifadələrə baxaq: gözüm yorğun. yorğanları qapanır. Göz uyuyur, göz qapaqlarını-yorğanını başına çəkir. Göz qapaqları yatanda örtülür. Yorğan qiyafəsində təqdim olunan “qapaqlar” qalxan kimi gözlər yenə yollara dikiləcək, gözləməyə başlayacaq.
Dənizdən ayrılmış qupquru qaya,
Qədim xatirətək əyib başını,
Ayrılıq illərin indi kim saya,
Kim bilir kədərin qoca yaşını?
Bəlkə yer altına qaçan Xəzərdən,
Yer üzündə qalan daş izdir qaya?
Bəlkə də fırtına içindən qopmuş
Bir parça qurumuş dənizdir qaya?
Birdaş-birdaş illər düşür üstündən,
Kiçilir hey yaşa dolduqca qaya,
Bostandan quşları qovacaq bir gün,
Xırdaca daş qalıb bu uca qaya.
Hecada yazılmış bu şeir də “ilk qələm təcrübələri” silsiləsinə daxildir. Doğrudur, burada da dolğun, ibrətamiz bir hikmətlə qarşılaşırıq: Bəlkə də qurumuş dənizin yer altına qaçan Xəzərin nişanəsi olan, birdaş-birdaş kiçilən bu uca qaya nə vaxtsa quşa atılan xırdaca daşa çevriləcək. Yaşa dolduqca kiçilən və haçansa “heç nəyə” çevrilən qaya obrazı mənalı və yeni-çalarlıdır. Lakin buradakı qafiyə düzümü-“qaya-saya”, “başını-yaşını”, “izdir-dənizdir”, “dolduqca-uca”-bu poeziya üçün bəsit, sönük və yad görünür. “Kim bilir qədərin qoca yaşını” misrası isə eyni ilə S. Vurğun seirini xatırlatdı.
Ürəyin yeganə yeridir
yer altının zülmətindən axır.
inək əmcəyinin qaranlığından.
Ana bətninin gecəsindən gəlir dünyaya
Bəlkə elə yaşayırıq
o birinə keçmək üçün.
Sona gecikmək üçün.
Gecə-təzadlı əlamətlərlə izah olunur. Qaranlıq həm xeyrə, həm də şərə yozulur. “Şikəst pencəyinin boş qolu gecəylə dolu. ” Burada gecə sarsıdıcı boşluq deməkdir. (Üç nöqtə qoyulur, sonra fikir davam etdirilir). İnsanın varlığına dəlalət edən ürək də, səs də içimizin zülmətində qərarlaşır. Bu dünyanın ən gözəl nemətləri – ruzisi, bərəkəti – suyu yer altının zülmətindən, südü inək əmcəyinin qaranlığından çıxır. Ən ali varlıq-İnsan da ana bətnin gecəsindən qopub dünyaya gəlir. Yeni fəlsəfi həqiqətlə üzləşirik: görünür dünyada hər şey zülmət boşluğunun bağrında peyda olur. Deməli, ömür bir gecədən o biri gecəyə yoldur. Bu yolda az və ya çox ləngimək isə ömrümüzün müddətini təyin edir.
Hələ ilk şeirlərindən qəlib poetik obrazlarda qaçmağa çalışan müəllif özü yaratdığı bədii obrazlarda məntiqə, fikrə, milliliyə, bənzəyənlə bənzədilənin uyğunluq reallığına daha çox diqqət yetirirdi.
İlk qələm təcrübələri sırasında “Mavzoley” şeiri ilə rastlaşdıq.
nə metr etalonu saxlanır,
nə üstü tozdan qorunan
Lenin saxlanır burda.
Açıq sinəli məzarda.
Ağ günün əvvəli,
qara günün sonu
Əsil insan etalonu!
Şeir Leninə həsr olunub. Düzdür, burada R. Rzanın “Lenin” poemasındakı pafos, ritorik təmtaraq, bitib-tükənməyən bənzətmələr və s. yoxdur. Ancaq Leninə elə bir münasibət var ki, bu günün prizmasından baxanda belə düşünməli olursan: “Ağıl. Vicdan! Əsil insan etalonu!(?)
Bunu ədəbi güzəşt hesab etmək olmaz. Misralardakı səmimilik sübut edir ki, bu şeir təsirdən deyil, həqiqi inamdan yaranıb. Nəşr olunan şeirlərin içərisində bu müstəsna hal kimi görünür. Ancaq çox az çap olunan müəllifin arxivində bu məzmunlu şeirlər çoxdurmu, və yaxud varmı?- sualı bizi də düşündürür.
Bu payız da başlandı,
Dirilərim dolanır içimdə.
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək.
Payız yağışlarının, səyriyən xatirələrin qüssəsi ilə köklənib, ekspreslər dayanmayan kiçik stansiyalar tək ötüb keçən ömür qəhramanımızın tənhalığını attək minib çapsa da, özü kimsəsizliyin, təkliyin pəncəsində əzilir, ölgünləşir. Təklik və ömür ikiliyində bir-birinə həmdəmlik də, bir-birinə qənimlik də var. Tənhalıq ata bənzədilir. Ömür bu atı mənzil başına qovur, at isə sahibinin əsiri olaraq qalmır, onu mənzil başına istədiyi kimi aparır. Fikir aydındır: ömür tənhalıqda keçir. Bu sadə məntiqin ifadə tərzindəki poetik-fəlsəfi tapıntılar, dərinlik, düşündürücülük həmin şeiri bu mövzuda yazılmış onlarla şeirdən fərqləndirir.
Vaqif lirikasındakı qəm-kədər romantikasının tarixi-milli kökləri çox qədimdir. Ancaq şairin kədər fəlsəfəsinin ilk rüşeymləri ilə konkret olaraq XX əsrin əvvəllərində Azərbaycan romantizimində, xüsusilə H. Cavid yaradıcılığında rastlaşırıq. Vəli Osmanlının “Azərbaycan romantikləri” kitabında oxuyuruq: “Qüssə-bizim romantiklərin hamısının gənclik, bəlkə lap körpəlik nisgilidir. Onlardan hər biri ələ qələm alanda qəlbindən qopub gələn nalədən yazmağa ehtiyac hiss edib. Biri nalədən az yazıb, digəri çox. Romantiklərdə qüssə doğuran həyati səbəblər müxtəlifdir”.
Vaqif Səmədoğlunun bəlkə də hər şeirində rastlaşdığımız Ümid obrazının H. Cavid yaradıcılığındakı yozumu ilə tanış olaq: “Ümid əvvəlcə cazibəli, vədedici; işvəlidir. Əlbəttə, müəyyən həddə qədər. Ümid həddi aşanda, sadəcə ümid olaraq qalanda artıq yorucu, usandırıcıdır. Bunu dərk edən lirik qəhrəmanın daha dözməyə qərarı gəlmir:
Ey nəşvəli, ey işvəli ümid!
Lənət sana, ey afəti-cavid!
Artıq yetər, əl çək, mən usandım;
Arxan sıra gəzdim yapayalnız,
Hər məkrinə uydum sənin, ey qız!
Lirik qəhrəman əvvəl ümidi bakirə sanırmış, onun arxasınca gəzib dolanırmış. İşvəli ümidsə əmələ çevrilmir ki, çevrilmir. Onu bu hal usandırır. Ümid onun gözündə fitnəyə dönür. O, nifrətlə ümiddən üz çevirir. Çünki ümidlə həmişə yaşamaq olmurmuş.
Ümiddən usanıb o üzünü yəsə tutur:
Ey yəs! Sən ey hüsni-Sərazad!
Ağuşuma gəl, qıl məni dilşad!
Gəl qəlbimə gir, ey sarı yıldız!
Ruhimlə bərabər yaşa yalnız.
Sevdim səni ey sevgili dilbər!
Gəl, ağlayalım indi bərabər.
Lirik qəhrəman ümiddən yəsə ərklə, inamla dönmürmü? Sanki ümidlə yəsin elə bir fərqi yoxmuş. Yəsə də “gəl qıl məni dilşad” deyir”.
V. Səmədoğlu poeziyasının “ümidi”ə münasibətində Cavid fəlsəfəsinin izi görünür. Caviddə yəs canlı obraz, sevgili dilbər qiyafəsində təqdim olunur. Onunla görüşmək, ona qovuşmaq sanki xoşbəxtlik hesab edilir. Vaqifdə isə bu xoşbəxtlik, bu mənada müraciət obyekti daha çox ölüm anlamında özünü biruzə verir. Şeirlərinin birində, “Ölüm gəlir, ömür, sonun mübarək!”-deyən Vaqif kədərinin fəlsəfi hikməti Cavid lirikasının fəlsəfiliyi ilə sanki üst-üstə düşür. Yaradıcılığının ilk dövründən kədərlə qol-boyun olan hər iki şairin dünyaya baxışında, həyat fəlsəfəsində, “İnsan və dünya” konfliktinə münasibətdə ideya paralelləri və başqa bənzərliklər tapmaq olar.
V. Səmədoğlu poeziyasını orijinal, özünəməxsus cizgiləri ilə şərh etmək istəsək də, ənənəyə, milli-mənəvi poetik yaddaşa qayıdışı inkar edə bilmərik. Nəsimi, Füzuli, Cavid, Hadi irsinə məxsus fəlsəfi dərinlik, bədii-estetik baxış, tərkidünyalıq, “Dünya-İnsan-Ölüm” reallığını məntiqi-əqli mühakimələrlə təsvirə çəkmək, poeziya ilə fəlsəfənin, elmin, məntiqin sintezini yaratmaq, dünya malına Nəsimi etinasızlığı, gözəlliyə Füzuli məftunluğu, dərdə, kədərə Cavid, Hadi munisliyi bu poeziyanın özülüdür.
Xalq ədəbiyyatından gəlmə sadə, anlaşıqlı, şirin dil, yığcamlıq, ideya aydınlığı, yumor-dərdi gülə-gülə faş etmək üsulları isə bu poeziyanın ruhudur.
Bundan başqa bəzən bu poeziyada Səməd Vurğun romantizminin, pafosunun, emosionallığının genetik təzahürü ilə də rastlaşırıq, hecada yazılan şeirlərdə bu daha çox hiss olunur.
Nəhayət özünün ilk müəllimi hesab etdiyi R. Rza ədəbi məktəbindən bəhrələnmələr. Təkcə sərbəstdə yazdığına görə deyil, fikri ifadə formasına, poetik obyektə orijinal münasibət, mahiyyətə varmaq, yeni rənglər, çalarlar aşkarlamaq istedadına, başqalarının görmədiyini görmək və göstərmək, yada salmaq fəallığına, əqidəsində inadlı mübarizəsinə və s. yüksək keyfiyyətlərinə görə də Vaqif Rəsul Rza ədəbi yolunun layiqli davamçısıdır.
V. Səmədoğlunu sələflərindən və müasirlərindən fərqləndirən özünəməxsus novator yaradıcılıq uğurlarından növbəti hissədə danışacayıq. Lakin bu gün bizi bir şey təəssüfləndirir. 1960-cı illər Azərbaycan poeziyası üçün Vaqif Səmədoğlu kim olmuşdur? Bunu zamanında, vaxtında dərk edən, görən və göstərən olmadı. Vaqif həmin illərin ədəbi-tənqidi-nəzəri təhlil məcmuələrində, kitablarında, ədəbi-ictimai mühitdə olduğu səviyyədə görünmədi.
Mən bir gün üfiq olmuşdum,
duman çökdü dənizə.
Mən bir gün cığır olmuşdum,
Gedib-gələn olmadı, ot basdı üstümü.
Mən bir gün təbəssüm olmuşdum,
Vaqif Səmədoğlunun həyat yoldaşı: “. Onda mənim də həyatım dayanacaq” -Müsahibə
-Yanvarın 28-i Vaqif müəllimin vəfatının 5 ili tamam oldu. Bu 5 ildə şairin xatirəsinin əbədiləşməsi istiqamətində nə kimi işlər görülüb?
7-8 aydır, Vaqif Səmədoğlu Mərkəzində ədəbi gecələr keçiririk. Burada tək Vaqif müəllimin yox, digər şairlərin də gecələri qeyd olunur. Düzdür, ilk gecəni V.Səmədoğluna həsr etdik. Daha sonra onun vəfatının 5 illiyi qeyd olundu.
Ayda bir dəfə ədəbi, bəzən isə musiqili gecələr təşkil olunur. Yəni, musiqi ilə müşayiət olunan gecələr keçirilir. Əsas yük isə iki nəfərin- Kamran M. Yunis və Xəzər Süleymanlının üzərinə düşür. Onlar bu gecələrin təşəbbüskarlarıdır.
-Yanılmıramsa, Vaqif Səmədoğlu Mərkəzinin nəzdində Poeziya Teatrı yaradılıb. Bu ideya haradan doğdu?
-Bəli, belə qərara gəldik ki, bu gecələri təşkil etməklə yanaşı Vaqif Səmədoğlu Mərkəzinin nəzdində Poeziya Teatrı yaradaq. Azərbaycanda belə bir Poeziya Teatrı yoxdur. İlk poeziya teatrı məhz Vaqif Səmədoğlunun adı ilə bağlıdır. Burada yalnız Vaqif müəllimin şeirləri yox, Azərbaycan və dünya ədəbiyyatından olan poeziya nümunələri təqdim olunacaq. Həyata keçən və keçməyən xeyli ideyalarımız var. Təəssüf ki, yerimiz yoxdur.
-Öncə, reallaşdırdığınız ideyalardan danışaq. Hansı ideyanı gerçəkləşdirmisiniz?
-Məsələn, ötən il Vaqif müəllimin 80 illiyi ilə bağlı onun şeirlərindən ibarət audio kitab buraxıldı. Şeirləri Kamran M. Yunis səsləndirib. Həm də bilirsiniz ki, Vaqif müəllim hərtərəfli şəxsiyyət idi. O yalnız şair deyildi. Vaqif Səmədoğlu yaxşı drammaturq, professional musiqiçi və peşəkar fotoqraf idi. Piterdə oxuyan gənc rəssam Elşad bəy belə bir ideya verdi ki, Vaqif müəllimin çəkdiyi fotolardan ibarət sərgi təşkil edək. Və bunu həyata keçirdik. Sərgi ötən il dekabrın 25-də “Qalereya 1969”da baş tutdu. Xeyli maraq doğurdu.
Mən o şəkillərə başqa bir bucaqdan, başqa bir rakursdan yanaşıram, baxıram. Onun çəkdiyi şəkillər, sanki, poeziyasının davamıdır. Vaqif müəllimin çəkdiyi elə şəkillər var ki, həmin fotoların məzmunu ilə qələmə aldığı şeirlərin məzmunu uyğunlaşır. Mən həmin şəkilləri seçdim və onun müxtəlif şeirləri ilə eyniləşdirdim. Amma son zamanlar vaxt edə bilmirəm deyə, o iş də yarıda qaldı. Amma yavaş- yavaş gerçəkləşdirəcəyik.
-Şairin yarımçıq qalan, işıq üzü görməyən əlyazmaları vardımı və onların aqibəti necə olacaq?
-İndi onun kitabları ilə məşğulam. Demək olar, iki kitabı hazırdı. Vaqif müəllim gedəndən sonra 2016-cı ildə çap olunmayan şeirlərindən ibarət kitabı işıq üzü gördü.
-İndi də növbəti şeirlər kitabı çapa hazırlanır?
Xeyr! Vaqif müəllimin poemaları da vardı. O həmişə təəssüflə deyirdi: “Mənim poemalarım populyar olmadı”. Onun təəssüf dolu bu sözləri daim beynimdə fırlanırdı. Ona görə də poemalarını yığdım. Başqa bir poeması da var ki, o da çap olunmayıb . Onu da çapa vermək istəyirik. Sağ olsun, gənc şair Fərid Hüseyn. Vaqif müəllimin poemaları haqqında geniş bir məqalə yazdı. O poemalar Fərid bəyin ön sözü ilə işıq üzü görəcək.
-Kitabın adı müəyyənləşibmi?
-Hələ ki yox. Adlar beynimdə fırlanır. Birdən yeni ideya gələrsə, son məqamda onu qoyacağıq. Ona görə bəri başdan ad demək istəmirəm. Bu gün bir ad deyə bilərik, sabah ağlıma başqa bir ideya gələr və adı dəyişməli olarıq. Ona görə də bəri başdan nəysə demək istəmirəm.
-Şair xəstəliklə mübarizə ərəfəsində verdiyi müsahibədə qeyd etmişdi ki, beyni, ürəyi, sanki, şeir qəbiristanlığıdı. Şeirlər, sözlər gəlir, amma yaza bilmir.
-Bəli, xəstəlik öz sözünü deyirdi. Allah hər kəsdən uzaq eləsin. Ağrıları olanda o ağrıların təsiri altında şeir yazmaq olmurdu. Bax belə! (qüssələnir).
-Ötənlərdə Vaqif Səmədoğlu Ankarada anıldı.
– TÜRKSOY–un təşəbbüsü ilə Ankarada tədbir təşkil olundu. Olduqca gözəl toplantı idi. Təşkilatçıların hər birinə minnətdaram. Əsas məsələlərdən biri də odur ki, Vaqif müəlimin 80 illiyi ilə bağlı “Vaqif Səmədoğlu Medalı” təsis etdik. Və bu medallar ötən il öz doğum günündə layiq olanlara təqdim edildi. Medal o kəslərə verilir ki, doğrudan da, onlar Vaqif Səmədoğlu yaradıcılığını qiymətləndirir və şairin təbliğində rolları var. Sağlıq olsun, proses davam edəcək.
-Tam mübaliğəsiz demək olar ki, Vaqif Səmədoğlu gənclərin sevimlisidir. Gənclər, gənc oxucular onu yad edirlərmi?
-Vaqif müəllim bir şeirində yazdığı misradan təsirlənərək onun məzarı üstünə gənc bir xanım ayaqqabı qoymuşdu. Bundan sonra məndə ideya yarandı və onun qəbrini tam fərqli formada, həmin şeirindəki misralarına uyğun düzəltdirdik. Mənə elə gəlir ki, onun qəbri elə belə olmalı idi, oldu da. Düzdü, bu ağırdır, amma o şeirində belə yazmışdı. Deyim ki, həmin şeiri 24 yaşında qələmə almışdı:
Məzarıma nə baş daşı qoyun, nə heykəl
Bir cüt ayaqqabı qoyun, ayağı yalın geyinib getsin.
Sən demə, onun 24 yaşında yazdığı şeiri 50 ildən sonra özünə qismət olacaqmış. Xaraktercə qeyri-adi, fərqli insan idi. Bu fərqliliyi, orijinallığı düşüncəsində, davranış və şeirlərində aydın görmək olur. Belə fərqli insanın məzarı da fərqli olmalı idi. Mən belə düşünürəm. Onun bir sözü vardı: “Mən burdayam, İlahı”. Deyirdi ki, mən harada oluramsa, olum o misra mənim yerimi göstərəcək. Mənə elə gəldi ki, o misra da qəbir daşına yazılmalı idi, yazıldı da. (kədərlənib, köks ötürür)
-Vaqif müəllimin çox mükəmməl yumoru vardı. Elə adamlar var, evdə sərt olur, çölə çıxan kimi yumorunu işə salır. Bəs, şair ailədə necə idi?
-Əlbəttə, o evdə də yumorla danışırdı, davranırdı. Onun üçün yumorsuz yaşamaq mümkün deyildi. Xəstə vaxtı da, sağlam vatdı da yumordan istifadə edirdi. Onu sevdirən də elə bu xarakteri idi. Vaqif müəllim yumordan silah kimi istifadə edirdi. Özü də hansısa bir fikrinə yumor qatanda gülmürdü, əksinə ciddi görkəm alırdı. Onun ciddiliyi də gülüş, ovqat doğururdu. Bu da insanı cəlb edirdi. Hər şeyi sakit-sakit, aramla danışırdı.
-Ötən 5 il Vaqif Səmədoğlusuz necə keçdi?
-Bu 5 ildə xeyli işlər gördük. İlk növbədə Səməd Vurğun Muzeyində Vaqif müllimin guşəsini yaratdıq. Onunla bağlı gördüyüm bütün işlər həyatımın mənasıdır. Mənə elə gəlir ki, bu işlər mənə təskinlik verir və istiqamətləndirir. Ki, bunu da etməlisən. Əgər dayansam, onda mənim də həyatım dayanacaq.
-Şairin qələm dostları sizinlə maraqlanırmı, onun məzarını ziyarət edirlərmi?
-Anar müəllim, (AYB sədrini nəzərdə tutur) maraqlanır. Həyatın bir qanunu var. Heç kəsdən umub-küsmək olmaz. Həyatda hər şey olur. Mənim də həyatımda yaşanıb. Yaxın rəfiqələrimi itirəndə kədərləndim. Hər dəfə onlardan danışılanda qəhərlənirəm, amma müəyyən vaxt keçdikdən sonra həyat öz axarına dönür. Şairin dostlarından Anar müəllim sağ olsun! Vaqif müəllimlə bağlı təşkilatı işlər Anar müəllimsiz olmazdı. İnsan hər şeyə qiymət verməyi bacarmalıdır.
Anar müəllimin Vaqifə Səmədoğluna, onun da Anar müəllimə çox böyük hörməti olub, var. Gənclikdən, cavanlıqdan gələn əlaqələr idi. Çox minnətdaram Anar müəllimə. Ankarada baş tutan tədbirdə Anar müəllimin rolu böyük oldu. Qismət olsa, Rusiyada da analoji toplantı təşkil etmək fikrimiz var. Bu işlər Anar müəllimin səyi nəticəsində reallaşır.
-Vaqif müəllim digər yaşlı həmkarlarından fərqli olaraq, gənc yazarlarla dostluq edirdi. Gənclərdən kimlər şairi və sizi yada salır?
-Bəli, ilk dəfə muzeyə gələn, məndən müsahibə alan Fərid Hüseyn oldu. Fərid vəfalı çıxdı. Onunla tez-tez danışırıq. Səlim Babullaoğlu maraqlanır. Arada Kəramət Böyükçöl zəng edir. Məndən müsahibə də almışdı. Zəng edəndə Vaqif müəllimə öz hörmətlərini ifadə edirlər. Yazıçı Ülviyyə Heydərova, Pərvin və başqaları maraqlanırlar. Vaqif müəllimlə tanışlıqları vardı, mən də onlarla daha yaxından tanış oldum. Bu cavanların hər birinə minnətdaram. İlk gündən dedim ki, muzeyin qapıları bütün cavanlara açıqdır. Çünki gələcək cavanlarındı. Bütün şairləri, yaradıcı insanları da yaşadan cavanlardır. Yenə deyirəm, qapılar açıqdı.
-Sizə şeir həsr edibmi?
-Əlbəttə! Özü mənə deyirdi ki, sən həyatımda yeganə qadınsan ki, sənə ünvanlı şeir yazmışam. Vaqif müəllim mənə bir deyil, bir neçə şeir ithaf edib.
-Şair Feysbukda çox aktiv idi. İndi onun profilini kim işlədir?
-Sözün düzü, hərdənbir girib, baxıram, amma sosial şəbəkədə aktivliyi xoşlamıram. Arada izləyirəm ki, görüm kimlər nə yazıb. Deyim ki, Vaqif müəllimin Feysbuk və İnstaqram səhifələri var.
Həmin səhifələrə Vaqif Səmədoğlunun oxucusu olan bir xanım nəzarət edir. Nəzrin adlı, birinci kurs tələbəsidir. Vaqif müəllim onun kumiridir. O xanımla bu il tanış olmuşam. Hər şeyi özü təşkil edib, yaradıb. Çox sağ olsun. Mən belə insanlara minnətdaram.
-Şeirləri adətən, günün hansı hissəsində yazırdı?
-Gecə yazırdı. Gündüz də onu maşında yığırdı. Yenə deyirəm, Vaqif Səmədoğlu şeirləri ancaq və ancaq gecə yazırdı.
Comments are closed, but trackbacks and pingbacks are open.