Vaqif Səmədoğlu xatirələrdə
MUSİQİDƏN AYRILMADI
Vaqif səmədoğlu haqqında
VAQİF SƏMƏDOĞLU YETMİŞİ HAQLADI
Bu maraqlı insan şair və dramaturq üçün əbəs yaşanmamış bir ömür ilə qürur duya bilər
Bizim günlərin sayılıb-seçilən şairi və dramaturqu Vaqif Səmədoğlunun 70 yaşı tamam olur. Səməd Vurğun ocağından pərvazlanan ikinci fenomen. Bizim bənzərsiz Xalq Şairimiz. Günümüzün ovqatını, təzadlarını, bizim görüb fərqinə varmadığımız hallarını özünə xas bir üslubda teleekranlara daşımağı, teletamaşaların mövzusuna çevirməyi bacaran istedadlı dramaturqumuz. Poeziyası ilə onu bu gün tam haqlı olaraq tək Azərbaycanın deyil, Türk Dünyasının böyük şairlərindən biri hesab edənlər də var və bizcə, onlar yanılmırlar.
Və 70 yaş. Özəlliklə də Şair üçün, Söz adamı üçün bu az yaş deyil. Bu maraqlı insan şair və bir dramaturq üçün əbəs yaşanmamış bir ömür ilə qürur duya bilər. Bu halda özgə bir söz deməyə çətinlik çəkirik.
Əgər atasının və qardaşının yaşı ilə müqayisə etsək, tale ömür sarıdan onun üzünə gülüb. Bu ocağı qalayan atası – bizim böyük Səməd Vurğun həyata 50 yaşında vida etmişdi. Amma klassik olaraq milli ədəbiyyatımızda özünə əbədi yer tutmağı bacardı. Vaqifin böyük qardaşı Yusif Səmədoğlu 1998-ci ildə ömrünün 63-cü ilində – peyğəmbər yaşında həyata gözlərini yumdu. O da ədəbiyyatımızda dərin izlər buraxaraq getdi.
İndi onların hər ikisinin yarımçıq ömrünü də yaşayan Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də – dünya ədəbiyyatının ünlü isimlərindən olan Qarsia Lorka və bizim Mikayıl Müşfiqin doğum günündə dünyaya göz açıb. Bu da, bəlkə, onun gələcək həyat yolunu cızan bir əlamət idi. Vaqif Səmədoğlu da atası və böyük qardaşı kimi ədəbiyyatımızda özünə hər halda, uzun bir ömür qazanmağı bacarmışdır. Biz indidən bunu söyləyə bilərik.
Qələm əlindədir, yorulmadan çalışır, vaxtaşırı olaraq nəsə uğurlu və nəsə yeni, orijinal bir ədəbi örnəklə söz səhnəsinə çıxmağı bacarır.
Mənə görə Vaqif – yalnızca şeir yazmır, Vaqif – sözün geniş anlamında Şairdir. Yəni, şeir yazanların çox, şair olanların isə az olduğu bir zəmanədə Şairdir. Özü də Füzulidən bu yana milli ədəbiyyatımızda 20 ən böyük Şairdən biri. Bu nəticəyə ilk dəfə tənqidçi dostumuz Vaqif Yusifli gəlib və ona haqq qazandırmamaq mümkün deyil. Vaqifin söz dünyası, pyeslərinin mənalı yumorla yoğrulmuş ruhu mənə yaxın olduğundan bu adamın şeirlərinin vurğunuyam və bir çox şeirlərini əzbər bilirəm.
Vaqif Səmədoğlu ilə bizim çox söhbətlərimiz, görüşlərimiz olub. Onun söz dünyasına və təfəkkürünün gücünə və işığına bələdəm. Bu 70 yaşının tamamında da onunla söhbətləşmək və qəzetimizin oxucularına yeni və yaxşı bir yazı təqdim etmək fikrimiz vardı (onunla hər söhbət yaxşı alınır). Fəqət bu niyyətimiz baş tutmadı, boyun qaçırdı və mən onu başa düşdüm. Sevimli bacısı Aybəniz xanımın səhhət durumu yaxşı olmadığından öz 70 illiyi heç gözünə görükmür. Fəqət yubiley yubileydir, ürəyimizdən Vaqifi bu yazı ilə təbrik etmək keçdi. Ona uzun və mənalı bir ömür arzulayırıq. Qoy atasından və qardaşından kəsilən ömür payı onun ömrünə calansın. Və bu ədəbiyyatımız üçün də məhsuldar bir ömür olsun. Aybəniz xanıma isə Ulu Tanrıdan şəfalar diləyirik.
MUSİQİDƏN KİNOYA VƏ ŞEİRƏ
Vaqif ədəbiyyata, şeirə kənddən və ya orta məktəbdən deyil, klassik Avropa musiqisindən gəlmişdi. Bizlərdən kimsənin şeirə, ədəbiyyata bu çətin yoldan keçib gəlmiş olduğunu nəsə xatırlaya bilmədim. Onun ədəbi səhnədə belə bir möhkəmlik və sarsılmazlıqla dayanmasının səbəbini mənə görə bəşəri Avropa musiqisinin dərin köklərində aramaq gərəkdir.
Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyası yanında 10 illik musiqi məktəbini əlaçılıq diplomu ilə bitirmişdi (1956). Həmin il Konservatoriyanın fortepiano şöbəsinə daxil olmuşdu. Buranı 1961-ci ildə başa vurduqdan sonra iki il – 1962-63-cü illərdə Moskva Dövlət Konservatoriyasında təcrübə keçmişdir.
ADK-da fortepiano üzrə ixtisas müəllimi kimi 1972-ci ilə qədər dərs demişdi. Müəllimlik fəaliyyəti ilə yanaşı, 1968-71-ci illərdə Azərbaycan Ensiklopediyasında incəsənət şöbəsinin müdiri, “Yazıçı” nəşriyyatında redaktor işləmişdi. 1982-85-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ədəbi hissə müdiri olmuşdu.
“YEDDİ ŞEİR” və “YOLDAN TELEQRAM“
İlk şeirlərini hələ orta məktəbdə oxuyarkən yazmış, lakin heç kəsə, o cümlədən atasına göstərməmişdi. Bəlkə, atası onu danlayacaqdı, bəlkə, tərifləyəcək, həvəsləndirəcəkdi – bilinmir. Ciddi şeir yaradıcılığına isə 1959-cu ildən – atasının vəfatından xeyli sonra başlamışdı. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc edilmişdi. İlk şeirlər kitabı “Yoldan teleqram” 1968-ci ildə işıq üzünə çıxmışdı və bu çox balaca bir kitab idi. Maraqlı burasıydı ki, bu bapbalaca kitab ədəbi mühitə səs salmışdı. Onu tərifləyənlər də, Səməd Vurğun yolundan kənara çıxdığına görə qınayanlar da çox idi. Fəqət bir şey aydın idi: əgər mübahisə doğurubsa, adamları yerindən oynadıbsa, demək bu bapbalaca kitabda nəsə vardı.
Sonra – fasilə. “Günün baxtı” nı (Bakı, “Gənclik”, 1972) V.Səmədoğlu kitab saymadı. Səbəbini belə izah edirdi ki, bu kitab böyük həcmdə çıxmalı imiş, ondan xəbərsiz balaca bir kitabça buraxmışdılar. Müəllif özü bu kitabına bir qədər “insafsız” münasibət bəsləsə də, fikrimizcə, onun poeziya aləmində yeni bir addımı idi və bir şair olaraq Vaqif Səmədoğlu haqqında müəyyən təəssürat yaradırdı (çox olur ki, kiloqramlıq kitablarda şeir adına beş kəlmə söz tapmırıq, yəni məsələ həcmdə deyildi).
Bu kitaba “Günün baxtı” başlığı altında 12 şeiri, “Yollarda yazılmış şeirlərdən” 4-ü, “Uşaq sözlərindən doğulmuş şeirlər”dən 4-ü və 2 kiçik poeması – o cümlədən, Nazim Hikmətə həsr etdiyi “Divin nağılı” salınmışdı.
Burada “Atamın məktublarına cavab”ı Səməd Vurğun haqqında yazılan ən yaxşı şeirlərdən biri kimi qiymətləndirilə bilər:
Yanından keçənlər,
ayaq saxlayıb bir an
baxırlar sənə,
Səməd Vurğuna.
Mən də baxıram.
cavan ölmüş Məhbub nənəmin
Salahlıdan gedib
heykəl olmuş
qarayanız oğluna.
YER KÜRƏSİNDƏN DÜŞMƏK İSTƏMİŞDİ
Vaxt gəlib yetişdi və Vaqif Səmədoğlu dünya və zaman haqqında öz sözünü deməyə başladı və bu halda da başqalarından fərqləndi. “9 may”, “Cənab U Tana”, “Yunan allahları”, “Vyetnam dərdi”, “Avqust və avqustlar”, “Anna səkidə qaldı” və s. kimi sosial-siyasi məzmunlu şeirlərində Vaqif Səmədoğlu dünya problemlərinə yeni yanaşma tərzi ilə seçilirdi.
Bilirik ki, 1963-cü ildə yazdığı “Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm” misraları o vaxtlar Moskvada, Polşada çox populyar olub. Bu söz hətta Amerika zənci hərəkatında plakatlara yazılırdı. Onun şeirləri Latviyada yuxarı siniflər üçün latış dili dərsliklərinə salınmışdı.
Poeziya aləmində atdığı bu uğurlu addımlarından sonra Vaqif Səmədoğlu 1970-ci ildə Yazıçılar İttifaqına üzv qəbul edilir. Bu artıq onun ədəbiyyatda özünütəsdiqi idi. Sərt ədəbi rəqabətin hökm sürdüyü bir mühitdə Vaqif bunu bacarmışdı.
“Günün baxtı”ndan sonra Vaqif nadir hallarda çap olunardı, bu halı onun ədəbi fəaliyyətində xalturaçılıq etmədiyi, şeirə müqəddəs bir duyğu kimi baxdığı ilə izah edənlər haqlıdırlar. İstəsəydi, bu müddət ərzində onlarca kitab nəşr etdirə bilərdi. Fəqət istəməmişdi və bunu istəməməkdə də müasirləri olan şairlərdən fərqlənirdi.
UZAĞA GETMƏMİŞDİ
“Şairləri susan şəhərdə” o da susmuş kimi görünürdü, əslində isə, o yazır, amma şeirlərini üzə çıxarmırdı. Həmin vaxtlarda bir əlyazma şeir toplusunu Əkrəm Əylisliyə oxumağa veribmiş, Əkrəm götürüb onları çap eləmişdi, hamısı gözəl şeirlər idi, halbuki, özü onları çapa layiq bilmirmiş.
İlk böyük şeir kitabı “Mən burdayam, ilahi. ” aradan xeyli keçmiş – 1996-ci ildə cəmi 1500 tirajla çap olunmuşdu (həm o günlər, həm də bizim günlər üçün sanballı tirajdır). Burada müəllifin 1963-1996-cı illər arasında yazdığı şeirləri toplanmışdı. Kitaba salınan şeirlərin 75 faizi ilk dəfə çap olunurdu.
“Mən burdayam, ilahi. “, sözsüz ki, onun bir şair olaraq özünü qəti şəkildə təsdiq etməsi idi, onun təsdiqi idi ki, o doğrudan da, Füzulidən üzübəri Azərbaycanın 20 ən böyük şairindən biridir. Bu kitab ədəbi hadisə sayıldı, poeziyaya laqeyd bir münasibətin hökm sürdüyü bir zəmanədə sürətlə satılıb qurtardı və böyük əks-səda doğurdu.
Növbəti “Uzaq yaşıl ada” (1999) şeirlər toplusu da eyni xoş ədəbi tale yaşadı. Buraya onun 1962-1998-ci illəri əhatə edən şeirləri və poemaları salınmışdır. Bu şeirlərin çoxunu ölmüş, itib-batmış hesab edirmiş, demə o vaxtlar bunların ilk oxucusu olmuş yazıçı Anar onları toplayırmış. Onların hamısını bütün bu illər ərzində arxivində saxlamış, arada öz yaradıcılığından və ailə qayğılarından, ictimai fəaliyyətindən vaxt taparaq makinada üzünü çıxarmış və müəllifin özünə qaytarmışdı.
HƏR ŞEİRİNDƏ BİR OBRAZ
Vaqif Səmədoğlu şairliyində heç kəsə bənzəmir. Onu XX yüzil Azərbaycan poeziyasındakı sərbəst şeir qoluna aid edənlər yanılırlar. Hər iki üslub – sərbəst şeir də, heca vəzni də Vaqif üçün doğmadır, hər iki üslubda müvəffəq ola bilir. Lakin bununla belə, poeziyada onun nəsə ayrıca, yalnız özünəməxsus bir yolu var və həmin yolla inamla irəliləyir.
Vaqif Səmədoğlunun hər şeirində bir obraz var (elə şair var, uzun bir sicilləmə yazır, amma orada bir obraz belə tapammazsan). Məsələn, atasının ölümü ilə bağlı bir şeirində telefon dəstəyini dünyanın ən ağır qantelinə bənzətmişdi.
Vaqif Səmədoğlu sözünün bir sinonimi də tənhalıqdı. Qapalılıq, altqatlar, ovqat, əhval-ruhiyyə, qaraqabaqlıq – Vaqif Səmədoğlu poeziyasının özümlü xüsusiyyətləridir. Əbülfəz Elçibəy onu çağdaş poeziyamızın ilk müxalifətçilərindən – yenilikçilərindən , yeni poeziyanın təməl daşını qoyanlardan biri adlandırmaqda haqlı idi.
MUSİQİDƏN AYRILMADI
Şeir aləminə bağlı olsa da, musiqidən də ayrılmadı və ayrılmır. Öncə onu deyək ki, Vaqif Səmədoğlu Azərbaycanda ən tanınmış və ən dərin caz mütəxəssislərindən biri sayılır. Bu musiqini çox sevdiyindən bir ara televiziyanın populyar “Caz həvəskarları klubu”nu aparmışdı. 1988-ci ildə milli hərəkat başlananda, çox təəssüf ki, bu populyar veriliş dayandırıldı.
Vaqif Səmədoğlu bir çox mahnı mətnlərinin müəllifidir. Bunların arasında “Uzaq yaşıl ada” populyar mahnı kimi nə zamandan bəridir radio və televiziyanın repertuarından düşmür. Bir sıra televiziya tamaşalarında xeyli mahnının mətni məhz Vaqif Səmədoğlu qələmindən süzülmüşdür.
Qələmindən şeirlərlə yanaşı, 20-dək pyes çıxmışdır. Vaqifin güclü nəsr qələmi var və nəsrdə də, poeziyada olduğu kimi müvəffəq ola bilir. Pritçaları, pyesləri buna örnək göstərilə bilər. Bu pyeslərdən bəziləri müxtəlif teatrlarda müvəffəqiyyətlə tamaşaya qoyulmuş, televiziya tamaşalarına çəkilmiş və xeyli vaxtdan bəridir repertuarlarda yer tutmuşdur. Bunlardan “Uca dağ başında”, “Bəxt üzüyü”, “Yaşıl eynəkli adam”, “Yayda qartopu oyunu”, “Lotereya”, “İntihar”, “Cənubda qış nağılı”, “Mamoy kişinin yuxuları” və s. göstərmək olar.
Pyesləri Bakı, Naxçıvan, Şəki dövlət dram teatrlarında tamaşaya qoyulmuş “Bəxt üzüyü”nün əsasında bədii film çəkilmişdir. Dram sənəti sahəsində məhsuldar fəaliyyətinin nəticəsi olaraq 1989-cu ildə onu əməkdar incəsənət xadimi fəxri adına layiq gördülər. Son illərdə bir-birinin ardınca bir neçə yeni kitabı nəşr edilmişdir. Ədəbiyyatımız qarşısındakı xidmətlərinə görə isə, 1999-cu ildə ona “Xalq şairi” fəxri adı verilmişdir.
İsmayıl UMUDLU
Ayna.-2009.-5 iyun.-S.15.
Vaqif Səmədoğlu xatirələrdə
Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu haqq dünyasına qovuşdu. Şairin vida mərasimində sayılıb, seçilən mədəniyyət xadimləri, sənət adamları , elm və siyasət dünyasının parlaq simaları iştirak etdilər. Vaqif Səmədoğlunun vida mərasimində bütün dostları danışırdı. Azərbaycan ədəbiyyatının Vaqif Səmədoğlu zirvəsini itirdik. Böyük Səməd Vurğun ocağının son yadigarını itirdik. Böyük şair Vaqif Səmədoğlunu son mənzilə yola salmağa gələn hər kəsin dilindən bu sözlər səslənirdi. Xalq şairi Söhrab Tahir “Report”a açıqlamasında bildirib ki, Vaqif Səmədoğlu hələ yaşamalıydı: “Amansız xəstəlik olmasaydı, hələ 20 il Vaqif Səmədoğlu poeziyasından bəhrələnə bilərdik. Vaqif böyük Səmədin oğluydu. Amma atasının yolu ilə getmədi. Vaqifdə poetik cəsarət güclü idi. Ona görə də özünə yeni yol, yeni cığır seçdi. Azərbaycan ədəbiyyatına yeni poetik zövq, yeni nəfəs gətirdi. Sonda atasının çatdığı zirvəyə çatdı. Səməd Vurğun qədər böyük, uca şair oldu. Təəssüf ki, Vaqif aramızdan tez getdi”. Xalq şairi Nəriman Həsənzadə belə məqamlarda susmaq və öz-özünlə danışmaq lazımdır dedi: “Vaqif Vurğun ocağının yadigarı, böyük şair, dramaturq idi. Onun itkisi ədəbiyyatımız üçün böyük itkidir. Təsəlli odur ki, Vaqifin özündən sonra böyük irsi qaldı. Səməd Vurğun irsi kimi. Bizlər dünyadan köç edib gedirik. İrsimiz yaşayır, ədəbiyyat yaşayır. Vaqif yaşayan ədəbiyyatımızın yaşayan canlı şairidir”. Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov yanaşı dayanmışdılar. “Bəxt üzüyü”nün Söylü və Moşu obrazlarını canlandıran iki sənətkar bu əsəri yaradan Vaqif Səmədoğluna minnətdarlıq edir, onu sayğı ilə anırdılar. “Mənim bəxtimin açılmasında, xalqa tanınmağımda Vaqif Səmədoğlunun böyük rolu oldu. Onun yazdığı “Bəxt üzüyü” əsəri bizim bəxtimizə yazılmışdı. Ömrümüz yaşadıqca biz onu xatırlayacağıq. Bizi bütün Azərbaycan “Bəxt üzüyü” ilə tanıdı, “Bəxt üzüyü” ilə sevdi”, – Valeh Kərimov bildirib. “”Bəxt üzüyü” hər ikimizin həyatına günəş kimi doğdu, sanki bəxtimizin əsəri oldu. Sol illər itkilərimiz çoxdur. Yaxşıları, istedadları, dəyərləri itiririk”, – Afaq Bəşirqızı deyib. Vaqif Səmədoğlunun ən yaxın dostlarından biri olan rejissor Ramiz Həsənoğlu və bəstəkar Cavanşir Quliyev əziz dostlarının xatirəsini gələcəkdə də yaşadacaqlarını söyləyiblər. “Vaqifin neçə-neçə əsərlərini televiziyada hazırlamışam. Akademik Milli Dram Teatrının səhnəsində onun son əsərinə quruluş verdim. Bu əsərin hazırlanmasını çox istəyirdi. “Generalın son əmri” Vaqifin son vəsiyyəti idi. Səhnədə qoyulacaq son əsər, son vəsiyyət. Bu vəsiyyəti yerinə yetirdik. Allah dostumuza rəhmət eləsin”, – Ramiz Həsənoğlu belə deyib. Uzun illərdir Türkiyədə yaşayan və yaradıcılığını qardaş ölkədə davam etdirən bəstəkar Cavanşir Quliyev isə Vaqif Səmədoğlu barəsində bunları söyləyib: “Dostum dünyasını dəyişdi. Onu son mənzilə yola salanlar arasında mən də varam. Türkiyədən Bakıya məzuniyyətə gəlmişəm və dostumun dünya ilə vidalaşdığı son günündə onun yanındayam. Azərbaycan xalqına başsağlığı verirəm. Böyük şairi, böyük insanı itirdik. Onunla son işim “Generalın son əmri” əsərində oldu. Həmin tamaşanın musiqisini mən yazdım. Bu yaxınlarda isə Vaqifin “Son yelkən” şeirinə musiqi bəstələmişdim. Elə bu gün radioda səsləndi. “Son yelkən”lə dostumla vidalaşdım. Bu mahnı mənim Vaqifə gülə-gülə mesajım olsun. Cənnətə doğru gedən yolda Vaqifi yola salırıq”. Vaqif Səmədoğlunun bütün səhnə personajlarını canlandıran aktyorlar şairin vida günündə onu tək qoymadılar. Hamı gəldi və son dəfə Vaqif Səmədoğlu ilə vidalaşdılar. Buna halallaşma da demək olardı. Böyük şair dünyasını dəyişdi, əbədiyyətə qovuşdu. Allah ona rəhmət eləsin!
Qızını aktrisa olmağa qoymadı, içkiyə görə qardaşından küsülü qaldı, hamını öz yasına dəvət etdi – Vaqif Səmədoğludan maraqlı faktlar
Vaqif Səməd oğlu Vəkilov 5 iyun 1939-cu ildə Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.
Vaqif Səmədoğlu Bülbül adına musiqi məktəbində, daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1962-ci ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.
Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. 2000 və 2005-ci illərdə iki dəfə Azərbaycanın Milli Məclisinə deputat seçilib.
Vaqif Səmədoğlu iki dəfə ailə qurub. İlk evliliyi musiqiçi xanımla olub. Onların birlikdəliyi yeddi il çəkib. Bu evlilikdən iki qızı doğulub. Ailə həyatı sona çatandan sonra Vaqif qarşıdakı binada yerləşən mənzillərdən birinə köçür. O, qızları ilə çox vaxt eyvandan söhbət edər, danışarmış. Vaqif Səmədoğlunun ikinci evliliyi Nüşabə adlı xanımla olur. Bu evlilik qızı Nigarın 19 yaşına təsadüf edir. Nigar Vəkilova xatirələrində deyir ki, atasının ikinci dəfə evlənmə xəbəri ona pis təsir edir və o, həmin gün hönkür-hönkür ağlayır.
Qızı Nigarın aktrisa və müğənni olmasına qəti şəkildə qarşı çıxaraq deyib: “Ay qız, yox e, yox, olmaz, sən hara, səhnə hara, mənə müğənni qız lazım deyil. Oxumaq istəyirsən, gəl bizə, anam Xavəri də çağıraq, oturaq sənə qulaq asaq, əl çalaq, amma səhnədə olmaz. Aktrisa da olmağını istəmirəm, mənim bir Afaq Bəşirqızım var, ikinciyə ehtiyac yoxdur”.
Çoxu bilmir ki, şairin qardaşı Yusif Səmədoğlu bir müddət Vaqif Səmədoğludan küsülü gəzib. Hətta onu yubileyinə də dəvət etməyib. Səbəbsə, Vaqifin çox içməsi olub.
Qardaşı Yusifin doğum günləri həmişə qonaqlı, səs-küylü və ədəbi kəsimin nümayəndələri ilə bol olardı. Xan Şuşinskidən tutmuş böyük yazıçı və şairlər, bəstəkarlar, tanınmış şəxslərin hamısı gələrmiş. Vaqifin isə atasından tək tələbi bütün bu şəxslərin onun doğum günündə gəlməməsini istəməsi olub. Atası da onunla razılaşaraq heç zaman evdə olan demokratiyanı pozmayıb. Vaqif öz doğum günümə həyat dostlarını, tanışlarını, sinif uşaqlarını, daha sonra tələbə yoldaşlarını dəvət edib.
Məclislərin birində şair Qəşəm Nəcəfzadənin oğlu Kəramət Böyükçöl Vaqif Səmədoğlunun sözünü tez-tez kəsir. Birdən Vaqif müəllim əsəbiləşir:
– Bala, dədəm dədəndən böyük şairdir, özüm özündən, sözümü niyə kəsirsən?
Aşıq şeirini sevən Qazax sakinlərindən biri hansısa toy məclislində yaxşıca vurmuş Vaqif Səmədoğlunun üstünə qışqırır:
– Moşu Göyəzənli səndən istedadlıdır! Vaqif Səmədoğlu bu sözdən inciyir və toydan çıxıb gedir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.