Press "Enter" to skip to content

Səməd Vurğunun Vaqif dramında Vaqif və Qacar surətlərinin təhlili inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz

Qacarın «nə oldu?» sualından məlum olur ki, o, Vaqifi unutmamışdı və bəlkə də Şuşaya daxil olduğu elə ilk gün onun həbsi barədə tapşırıq vermişdi. «Nə oldu?» sualını verməklə isə əvvəl verdiyi tapşırığın icrasının vəziyyətini yoxlayırdı.
Səməd Vurğun isə Vaqifi bu cür xatırlatmaqla qarşısına xüsusi məqsədlər qoymuşdur. Bunlardan biri Vaqifin hökmdarla – Qacarla qarşılaşdırılması səhnəsinə hazırlıq, digəri isə Vaqifin görkəmli bir şəxsiyyət olması, el-oba tərəfindən sevilməsi barədə məhz onun düşmənlərinin dili ilə məlumat verilməsi ilə bağlıdır.
Əsərdən göründüyü kimi, Qarabağı pəncəsinə keçirən Qacar kef məclisi düzəltmişdir. Qalib hökmdar böyük bir qürurla qələbəsini qeyd edir, özünü «şahlar şahı», «yer üzünün allahı» sayır. Vəzir və şeyx də şahın dediklərini təsdiqləyir, ona xeyir-dua verirlər.
Xanəndə Vaqifin adını çəkdikdən sonra isə söhbətin səmti dəyişir və məhz onun üzərində cəmləşir. Qacar Vaqifin doğrudan da böyük bir sənətkar olduğunu etiraf edir. Şeyx isə Vaqifi şəriətin düşməni, bir də qaçaq Eldarın dostu kimi təqdim edir. Bununla yanaşı, o, el-obanın Vaqifi çox sevdiyini də etiraf etməli olur.
Düşmənlərinin də Vaqif haqqında dedikləri onu tamaşaçının və oxucunun gözündə ucaldır.

Molla Pənah Vaqif və “Vaqif” pyesi

Səməd Vurğunun «Vaqif»i, hər şeydən əvvəl, bədii əsərdir və buna görə də pyesə bədii əsər kimi baxılmalı, onun bədii məziyyətləri önə çəkilməlidir. Pyesi oxuyanlar və tamaşaya baxanlar bilirlər ki, burada Vaqiflə İbrahim xan arasında, daha sonra isə Vaqiflə Qacar arasında dərin bir konflikt yaşanır.

Vaqif İbrahim xana Vətənin işıqlı gələcəyi barədə xoş arzularını bildirir:

Kor kimi qalmasın insan.
Qalxsın cəhalətin qaranlığından!
Açılsın hər yerdə məktəb, mədrəsə,
Balalar quş kimi versin səs-səsə.

Vaqifin fikrincə, bu arzuların reallaşması bir şeylə bağlıdır:
Vicdan azadlığı lazımdır elə.
Məhz bunun nəticəsidir ki, İbrahim xan Vaqifi bu cür ittiham edir:
Sən elin dostusan, elin yarısan.
Bu, doğrudan da belədir. Vaqif kimi böyük təbiətli adamlar məhz elin dostu, sirdaşı olmalıdırlar. Özünün dediyi kimi:
Dünya yaranmamış ötərgi bir səs,
Günəş qaranlıqda yaşaya bilməz.
İbrahim xan pyesdə əlindən heç nə gəlməyən, fərsiz, qorxaq, hətta öz vəziri Vaqifin həyat yoldaşına pis gözlə baxan bir şəxs kimi verilmişdir. Əslində isə tarixi şəxsiyyət olan İbrahim xan uzun müddət Qarabağ xanlığına başçılıq etmiş, şan-şöhrətli bir hökmdar olmuşdur.
Əlbəttə, «Vaqif»in yazıldığı dövrdə və şəraitdə İbrahim xanı müsbət bir surət kimi vermək mümkün deyildi və bunu şairdən tələb etmək də olmazdı. Bununla yanaşı, Səməd Vurğun bu barədə o dövrün ədəbi tənqidinin fikri ilə razılaşmış və 1946-cı ildə belə yazmışdır: «Mən çox sevdiyim «Vaqif» əsərinin gələcək taleyini düşündüyüm zaman orada yol verdiyim bir çox təhriflər, xüsusən İbrahim xan surətinin təhrifi məni çox yandırır, lakin əsər elə bir vəhdət təşkil edir ki, mən hələ də bu təhrifi, əsərin bədii təsirini azaltmamaq şərtilə, düzəltməyə çox çətinlik çəkirəm».
Səməd Vurğun hiss edirdi ki, elə bir dövr gələr, elə bir şərait yarana bilər ki, İbrahim xan surətinə görə «Vaqif» kimi sənət incisi zərbəyə məruz qalar. Şairin oğlu Vaqif Səmədoğlu xatırlayır: «Ay Vaqif, qoy bir ayağa qalxım, «Vaqif»i təzədən yazacağam. O zaman çox şeyi düz deyəmmədim. İbrahim xan elə olmayıb. » Bu sözləri mənə Səməd Vurğun 1956-cı ilin may ayında deyib. Təəssüflər olsun ki, bir neçə gündən sonra Səməd Vurğun köçdü bu dünyadan. Ancaq yaxşıdır ki, dram yenidən yazılmadı. «Vaqif» əsəri də, Molla Pənah Vaqif də nağıl dünyamızın bir guşəsində sağ qaldılar».
Əlbəttə, şairin «o zaman çox şeyi düz deyə bilməməsinin» əsas səbəbi əsərin yazıldığı dövr olmuşdur.
İbrahim xan surətinin təhriflərindən biri Vaqifin həyat yoldaşı Xuramanla bağlıdır. Əsərdə göstərilir ki, İbrahim xanın «elçiləri» Xuramanın zəif damarını tutur, xanın arvadı olmasına razılıq verməsinə nail olurlar.
Xuramanın xəyanəti Vaqifi sarsıdır. Bu hadisə düşmənləri ilə qarşı-qarşıya durduğu vaxt baş verdiyi üçün daha ağır olur. Lakin o özünü ələ almağı bacarır. Ağır günlərdə daha çox elin, obanın, yurdun taleyini düşünür. Qarabağın müdafiəsinə başçılıq edir. Məhz buna görə də oğlu Əli bəy vasitəsilə Eldara belə bir sifariş göndərir:

Eldar! Bir qulaq as, qulaq as, Eldar!
Basqına keçmişdir Məhəmməd Qacar.
Atam çıxmışsa da vəzirliyindən,
Deyir, yad əllərə keçməsin vətən.
Bilirsən, o yanır pərvanələr tək,
İndi nəyin varsa Əsgərana çək
Qacarla vuruşun arxa tərəfdən, –
Atamın fikrini söyləyirəm mən.

Əsərin ən dramatik yerlərindən biri Xuramanın zindana – Vaqifin yanına gəlməsi səhnəsidir. Şairin tədqiqatçıları belə bir fikrə gəlmişlər ki, Xuraman Vaqifin yanına özünün bağışlanılması üçün deyil, haqq dünyasına rahat getməsi üçün müsəlman adətinə uyğun olaraq öz həyat yoldaşından halallıq almağa gəlmişdi:

Uydum bu dünyada nazü-nemətə,
Özüm də bilmədən uydum şöhrətə.
Bilmədim axırı zəhrimarımış,
Hər qızıl xəzinə bir şahmarımış.
İndi öz əlinlə gəl öldür məni,
Nə qədər alçaldım, alçaltdım səni.

Azərbaycanlı üçün həyat yoldaşının xəyanətinin bağışlanılması mümkünsüzdür. Bu, xalqımızın milli xüsusiyyətləri ilə bağlıdır. Qədimlərdən üzü bəri arvad kişinin namusunun əsas atributlarından sayılır. Çox hallarda bu cür xəyanətin cəzası çox ağır olmuşdur. Bəlkə də Xuraman istəyirdi ki, Vaqaf onu öz əlləri ilə öldürsün. Vaqif isə hər şeydən əvvəl humanist bir insan, şairdir. Ona görə də Əli bəyin «Ata, qoy öldürüm o mürvətsizi!» sözlərinə cavabı birmənalıdır:

Əli bəy, alçaldar cinayət bizi:
Bir bax əllərinə yaraşarmı qan?
Oğlum, yaşatmağa yaranmış insan.

Əgər Vaqif, yaxud Əli bəy Xuramanı qətlə yetirsəydi, bu, bir obraz kimi onların bütövlüyünə xələl gətirərdi. Bu problemi isə Səməd Vurğun çox ustalıqla həll etmişdir. Xuraman cəzanı özü-özünə verir. Zindanın qapıçısı belə bir xəbər gətirir: «Özünü qayadan atdı Xuraman!» Lakin bu xəbərdən bir az qabaq Vaqif Xuramanı geri çağırtdırmışdı. Buradan o nəticə çıxırmı ki, o, xəyanətkar qadını bağışlamaq, əfv etdiyini bildirmək üçün çağırırdı? Əlbəttə, yox! Vaqifin Xuramanı çağırmasının əsas səbəbkarı isə onun qəmli nəğməsi, yəni poeziyanın qüdrəti idi və təbii axardan doğurdu:

Bir ceyrandım, ürkütdülər yatağımdan,
Bir quş idim, ayrı düşdüm budağımdan.
Külək əsər, yarpaq düşər, çiçək solar.
Viran qalmış mənim bu can otağımdan.

Həmin hissi Vaqifdə, həm də Səməd Vurğunda Xuramanın bu qəmli nəğməsi yaratmışdı.
Səməd Vurğunun yaradıcılığına həsr olunmuş dəyərli monoqrafiyanın müəllifi, mərhum şair Atif Zeynallı Xuramanın hərəkətini nəzərə alaraq onun azərbaycanlı olmadığı mülahizəsini irəli sürmüş və müəllifin də bu obrazı Azərbaycan qadını kimi yaratmadığına işarə etmişdir. O, Xuramanın Vaqifə dediyi «. heç, bir az incidir məni qürbət» sözlərinə işarə edərək “Səməd Vurğun sənəti” (1990) adlı kitabında yazmışdır: «Niyə qürbət? Qəribə deyilmi? Xuraman Şuşaya başqa bir məmləkətdənmi gəlib. Axı Səməd Vurğun «qürbət» sözünü, hətta Xuramanın dilindən belə işlədə bilməzdi. Xuraman öz mənfi cəhətlərinə görə nənələrimizə oxşamırdı. Səməd Vurğun bunu bizdən yaxşı duyurdu. Bəlkə «qürbət» sözü ilə. axı, çoxdilli, çoxləhcəli müsəlman Şərqində Xuraman ən kütləvi qız adlarından biridir».
Əlbəttə, bir sözə görə insanın milli mənsubiyyəti barədə dəqiq fikir söyləmək çətindir. «Qürbət» xalqımızın çox işlətdiyi sözlərdəndir. Azərbaycanın bu tərəfində yaşayan yurdun o biri tərəfini qürbət hesab edir. Folklorumuzda buna istənilən qədər misal gətirmək olar. Atif Zeynallının özünün də qeyd etdiyi kimi, vaxtilə şair Qasım bəy Zakir Bakıda sürgündə olduğu vaxt özünü qürbətdə hiss etmiş və bunu «Durnalar» qoşmasında göstərmişdir. Səməd Vurğunun özündə də buna təsadüf olunur («Ah, bu qürbət məni dağıtdı, sökdü. »).
Xuraman isə öz əməlindən asılı olmayaraq, hətta «nənələrimizə oxşamasa» belə, azərbaycanlıdır. Əgər belə olmasa idi, o, intihar etməsi barədə qərar qəbul etməz, haqq dünyasına səfəri üstündə ərindən halallıq almağa gəlməzdi.
Vaqifin «hökmdarın hüzurunda», yəni Qacarla görüşündə özünü ləyaqətlə aparması, ağıllı cavabları ilə düşməni susdura bilməsi onun mənəvi qələbəsi kimi diqqəti cəlb edir. Qacar Vaqifi bu görüşdən qabaq, ona yazdığı kəskin cavab məktubundan tanımışdı. Vaqif bu məktubunda Azərbaycan xalqının cəsurluğuna və qəhrəmanlığına işarə edərək yazmışdı ki, tərlan oylağında sar ola bilmədiyi kimi, bu ellər də baş əyib xar ola bilməz. Onun Qacardan tələbi də xalqın qəhrəmanlığına inamı ilə köklənmişdir:
Basma ayağını bizim torpağa,
İlandan, əqrəbdən yar ola bilməz!
Vaqifin öz xalqına və Vətəninə böyük sevgisi bu səhnədə daha qabarıq üzə çıxır. Bu səhnədə onun milli qüruru ilə ümumbəşəri xüsusiyyətləri birləşir. Bu isə obrazı daha da canlandırır. Vaqif hökmdarın «Gərək fars dilində yazsın sənətkar» tələbinə qarşı böyük qürur hissilə «Azəri yurdunun oğluyam mən də, az-az uydururam yeri gələndə» – deyir. O bununla yanaşı farsların qüdrətli sənətkarlarını da yüksək qiymətləndirir.
Vaqif özü Qacarın hüzurunda baş əymədiyi kimi, Vidadiyə də məsləhət görür ki, ona yalvarmasın, çünki, «hələ baş əyməmiş bu böyük Vətən. »
Səməd Vurğunun tədqiqatçıları Vaqiflə Qacarın qarşılaşdığı səhnə ətrafında maraqlı mülahizələr söyləmiş, əsərin bu yerini yüksək qiymətləndirmişlər. Bununla birlikdə bu səhnənin ayrı-ayrı məqamları ilə bağlı tənqidi fikirlər də mövcuddur. Xalq şairi, Səməd Vurğun yaradıcılığına həsr olunmuş namizədlik və doktorluq dissertasiyalarının, bir neçə dəyərli monoqrafiyanın müəllifi Bəxtiyar Vahabzadə “Səməd Vurğun” (1968) adlı kitabında yazır: «Çox vaxt Vaqiflə Qacarın üzləşdiyi səhnəni əsərin ən gözəl, ən mənalı və tutarlı səhnəsi hesab edirlər. Ancaq realizm baxımından yanaşdıqda, bu səhnə qüsurludur. Elə təsəvvür yaranır ki, bu səhnə yalnız Qacarla Vaqifin deyişməsi, Vaqifin məntiqi, kəskin sözlər deməsi naminə yaradılmış, hadisələrin təbii axımından doğmamışdır. Fikrimizi aydınlaşdırmaq üçün bu səhnədən əvvəlki hadisəyə qayıdaq: Ağa Məhəmməd şah Qacarın təslim olmaq təklifinə qarşı Vaqif ona bir şeir göndərir və. Qacarı təhqir edir. Qəzəblənən Ağa Məhəmməd şah Qacar hücum əmri verir və nəhayət, Şuşa qalasını tutur. İbrahim xan Dağıstana qaçır. Vaqif isə evində oturub, Qacarın çağırışını gözləyir. VIII şəkildə Qacar Vaqifin «Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır» misrasını (əslində bu qəzəlin müəllifi Səməd Vurğun özüdür: «Keçər aylar, keçər illər, yaz, ey Vurğun, ömür azdır. ») xanəndənin dilindən eşidəndən sonra onu hüzuruna çağırır. Vaqif də əmrə görə Qacarın hüzuruna gəlir və deyişmə başlanır».
Doğrudanmı Vaqif həmin məclisdə yada düşməsə Qacar onu həbs etdirməyəcəkdi? Doğrudanmı Vaqifin VIII şəkildə yada düşməsi bir təsadüfdür?
Əsərin həmin yerinə müraciət edək:

Qacar
. Belə deyirlər ki, ağladır yeri
Sizin Qarabağın xanəndələri.
Hünəriniz varsa, bir «Rast» oxuyun!
Xanəndə
(oxuyur)
. Keçər aylar, keçər illər, yaz,
ey Vaqif, ömür azdır,
Düşər bir gün laçın könlün
şeir-sənət marağından.
Qacar
Qəzəl Vaqifindir?
Şeyx
Bəli, Vaqifin!
Qacar
Nə oldu?
Onu tez tapıb gətirin!
(Sərkərdə baş əyib çıxır)
Vəzir! Bu doğrudan böyük qüdrətdir,
Hər sözü, söhbəti canlı sənətdir.
Böyük təhlükədir bu şair bizə.

Qacarın «nə oldu?» sualından məlum olur ki, o, Vaqifi unutmamışdı və bəlkə də Şuşaya daxil olduğu elə ilk gün onun həbsi barədə tapşırıq vermişdi. «Nə oldu?» sualını verməklə isə əvvəl verdiyi tapşırığın icrasının vəziyyətini yoxlayırdı.
Səməd Vurğun isə Vaqifi bu cür xatırlatmaqla qarşısına xüsusi məqsədlər qoymuşdur. Bunlardan biri Vaqifin hökmdarla – Qacarla qarşılaşdırılması səhnəsinə hazırlıq, digəri isə Vaqifin görkəmli bir şəxsiyyət olması, el-oba tərəfindən sevilməsi barədə məhz onun düşmənlərinin dili ilə məlumat verilməsi ilə bağlıdır.
Əsərdən göründüyü kimi, Qarabağı pəncəsinə keçirən Qacar kef məclisi düzəltmişdir. Qalib hökmdar böyük bir qürurla qələbəsini qeyd edir, özünü «şahlar şahı», «yer üzünün allahı» sayır. Vəzir və şeyx də şahın dediklərini təsdiqləyir, ona xeyir-dua verirlər.
Xanəndə Vaqifin adını çəkdikdən sonra isə söhbətin səmti dəyişir və məhz onun üzərində cəmləşir. Qacar Vaqifin doğrudan da böyük bir sənətkar olduğunu etiraf edir. Şeyx isə Vaqifi şəriətin düşməni, bir də qaçaq Eldarın dostu kimi təqdim edir. Bununla yanaşı, o, el-obanın Vaqifi çox sevdiyini də etiraf etməli olur.
Düşmənlərinin də Vaqif haqqında dedikləri onu tamaşaçının və oxucunun gözündə ucaldır.

Adilxan Bayramov
filologiya elmləri doktoru

(I yazı “Mədəniyyət” qəzetinin 13.03.2016 tarixli sayında dərc olunub)

Səməd Vurğunun “Vaqif” dramında Vaqif və Qacar surətlərinin təhlili inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz

Xalq şairi Səməd Vurğun Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi ən müqtədir simalardan biri, XX əsr Azərbaycan şeirinin ən qüdrətli nümayəndəsidir. Azərbaycan ədəbiyyatının bu əsrdəki inkişafının mühüm bir mərhələsi onun adı və çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Xüsusən poeziyamızın inkişafında onun mövzu və məzmunca zənginləşməsində Səməd Vurğunun mühüm xidmətləri olmuşdur.
Səməd Vurğun yaradıcılığa çox gənc yaşlarından başlamış, «Şairin andı» adlı ilk şeirlər kitabını 1930-cu ildə çap etdirmişdir. Şairin yaradıcılığı lirik və dramatik növlərin müxtəlif janrlarını əhatə edir.
S.Vurğun bir dramaturq kimi də şöhrətlənmiş, «Vaqif», «Fərhad və Şirin», «insan» və s. kimi ölməz səhnə əsərləri yaratmışdır. Şairin dram əsərləri içərisində «Vaqif» xüsusi yer tutur. 1937-ci ildə yazılmış bu əsərdə S.Vurğun Azərbaycanın XVIII əsr tarixinə, şair M.P.Vaqifin həyat və fəaliyyətinə üz tutaraq Azərbaycanın yaradıcı ziyalısı və onun vəzifəsi, şairlə xalq kütlələrinin mənəvi birliyi probleminin bədii həllini verməyə çalışmışdır.
Əsərin əsas qəhrəmanı Vaqifdir. Biz onu həm vəzir kimi, həm şair kimi, həm də əyilməz bir şəxsiyyət kimi görür, onunla fəxr edirik. Əsərdə Vaqif özü səhnəyə çıxmadığı hallarda belə müəllif onun haqqında söhbət açılmasına imkan yaradır və bu söhbətlər Vaqifin hörmət və şöhrəti, saraydan şikayəti və s. haqqında təsəvvür oyadır. Vaqifin düşmənləri də onun el arasındakı nüfuzundan, diplomatik hünərindən, cəsarətindən və eyibləri ifşa edən kəskin istehzasından qorxurlar.
Vaqifi təqdim üsullarından biri də onun qəzəl, qoşma və məktublarının oxunmasıdır. Toy və məclislərdə xanəndələrin Vaqifin qəzəllərini muğam üstə ifa etməsi, çobanların onun qoşmalarını böyük məhəbbətlə oxuması göstərir ki, Vaqifin şeirləri musiqinin əkiz qardaşı, toy və ziyafətlər bəzəyi könül oxşayan mənəvi sərvətdir.
Vaqif «bütün cənnətləri quracaq insan» etiqadına əsaslanır və bu etiqadla da təbiəti və gözəlləri vəsf edir, xeyir işə, şadlığa can atır, insanlan azad və xoşbəxt görmək istəyir. O, əsərdə üç gərgin dramatik vəziyyətə düşür, üç konfliktlə qarşılaşır və üç dəfə sınaqdan çıxıb özünün şairlik əzəmətini, insanlıq ləyaqətini təsdiq edir. Vaqif mənən sadə və zəngin olduğu qədər də, düşmən qarşısında xalq qüvvəsini, xalq hikmətini nümayiş etdirən məğrur və əyilməz bir insandır. O, Qacarın təəccübünə rəğmən onun qarşısında əyilmir, məğrur duraraq:

Əyilməz vicdanın böyük heykəli! – deyir.

Vaqif xarici işğalçılara qarşı mübarizədə də əsas aparıcı qüvvə kimi çıxış edir. O, Qarabağ üzərinə hücuma keçən işğalçı orduya qarşı xalqın mübarizəsini təşkil edir. Xalq hərəkatına Eldar adlı xalq qəhrəmanı başçılıq etsə də, mənəvi rəhbərlik məhz Vaqifin üzərinə düşür. Müəllif Vaqif simasında Azərbaycan xalqının mənəvi ifadəsini, yüksək güc və qüdrətini, dərin ağıl və zəkasını əks etdirərək ümumiləşdirir.
Vaqif dramının əsas mənfi surətlərindən biri Qacardır. Qacar, demək olar ki, Vaqifin tam əksi olan bir obraz kimi verilmişdir.
Qacar qandan doymayan bir qəsbkar, bütün bəşəriyyətə qarşı kinli olan məhdud ehtiraslar sahibidir. Dünyanın hər gözəlliyi ona sevinc gətirmək əvəzinə, daha da qəzəbləndirir. Qacar yalnız öz qılıncına arxalanır, heç kimə inanmır. Çünki hamının qəzəb və nifrətinə bais olduğunu özü də bilir. Etiqadsız və etibarsız yaşadığı üçün qılınc və qan kəlmələri Qacarın dilində tez-tez təkrar olunur:

Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə birxanimandır.
Bir boynu olsaydı bəşəriyyətin,
Onu bir qılıncla vurardım yəqin!

Qacar özünün nəsil-nəcabəti ilə öyünür, lakin şərəfsiz, məsləksiz bir fateh kimi başını Qarabağda yerə qoymalı olur. Bu qudurmuş baş Koroğlunun Misri qılıncı ilə vurulur.
«Vaqif» dramı həm mövzu aktuallığına, həm məzmun keyfiyyətinə, həm də ideya-bədii xüsusiyyətlərinə görə təqdirəlayiq bir əsərdir. Bu mükəmməl sənət nümunəsi oxucu və tamaşaçıları öz keçmiş tarixinə, babalarımızın qəhrəmanlıq ənənəsinə qaytarır, onlarda vətənpərvərlik, humanizm kimi keyfiyyətlər aşılayır.

Vaqifin abidəsi önündə – Məti OSMANOĞLU

Səməd Vurğunun “Vaqif” dramından söz düşəndə Mustafa Süleymanovu xatırlayıram. Azdramanın – Akademik Milli Dram Teatrının aktyoru idi. Onunla məni jurnalist dostum İnqilab Həsənli tanış eləyəndə yaşı xeyli keçmişdi. İkinci Dünya müharibəsindən sonra Quba teatrında Vaqif rolunun əsas ifaçısı olduğunu deyirdi. O vaxt ifası Səməd Vurğunun xoşuna gəlir və şairin tövsiyəsi ilə onu Bakıya dəvət edirlər. Lakin nə qədər səy göstərsə də, arzusu ürəyində qalır, Azdramada ona heç vaxt Vaqif rolu verilmir. Bunu özünə qarşı qısqanclıqla əlaqələndirib, dərindən ah çəkirdi: “Varımdan-yoxumdan keçib, maya qoyub Vaqifi mütləq oynayacağam!” – deyirdi.

1938-ci ildə ilk dəfə tamaşaya qoyulduğu vaxtdan Azərbaycan teatrının və tamaşaçısının yaddaşında fərqli yer tutan, dövrdən-dövrə, zamandan-zamana yeni keyfiyyətlərlə müşyiət olunan bu əsərə qeyri-adi rəğbətin izahı mənə xeyli mürəkkəb və çətin görünür.

Orta məktəbdə “Vaqif”i başdan-ayağa əzbər öyrənmişdim və təsəvvürümdə səhnədə görmədiyim bir tamaşa gəzdirirdim. 1976-cı ildə əsəri azdramanın səhnəsində gördüm, baş rolu SSRİ xalq artisti İsmayıl Dağıstanlı (Lenin rolunun əvəzedilməz ifaçısı idi) oynayırdı. Vaqifi siyasi xadim kimi təqdim edən həmin tamaşa mənim təsəvvürümdəki tamaşadan çox fərqli idi və düzü, “Vaqif”in dövranının başa çatdığını zənn edirdim.

Keçən il Şəki teatrının Bakıda göstərdiyi “Vaqif” də məni “tutmadı”. Xüsusilə Səməd Vurğunun mətninin “rekonstruksiyasını”, mətnə müdaxilələri, siyasi “düzəlişləri” məqbul hesab edə bilmədim və bilmirəm. Əslində, bu, yolverilməzdir!

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin gənc dekanı Elçin Məmmədovun Vaqifin 300 illik yubiley tədbirlərindən biri kimi tələbələrin ifasında “Vaqif”i səhnələşdirmək təşəbbüsü ədəbiyyat təsəvvürü və zövqü yaşlı və orta nəsildən xeyli fərqli olan, çox vaxt sözə, sənətə laqeydliklərinə görə qınadığımız ən yeni nəslin Səməd Vurğunun üzdən sadə görünən “Vaqif” dramını necə başa düşəcəyi, başa düşdüyünü necə təqdim edəcəyi baxımından çox maraqlı, həm də təhrikedici görünürdü: “Vaqif”in yaşamağa qadir olub-olmadığı aydın olacaqdı.

Tamaşaya quruluş vermək üçün respublikamızın xalq artisti, Prezident təqaüdçüsü, teatrımızın ağsaqqalı professor Ağakişi Kazımov dəvət olundu.

Və tələbələrin universitetin böyük akt zalının səhnəsində göstərdikləri tamaşa yüksək səviyyədə alındı. Özü də necə? Salona toplaşanlara sadəcə əsərin süjeti, yaxud Səməd Vurğun dilinin şeiriyyəti, Azərbaycanın, Qarabağın XVIII əsri əks etdirən dramatik tarixi, Vaqifin taleyinin və həyatının faciəli hekayəsi deyil, mükəmməl, bütöv bir səhnə əsəri təqdim olundu. Tamaşaçı saat yarım ərzində nəfəsini tutub ayrı-ayrı ifaçılara, dekorasiyalara, kostyumlara deyil, bütöv bir tamaşaya baxdı. Elə tamaşanın başlıca keyfiyyəti də bu bütövlükdə idi. Mətnlə oyun arasında bütövlük var idi. Peşəkar rejissor yozumu ilə həvəskarlardan ibarət aktyor ifası arasında bütövlük var idi. Yaşlı nəslin nümayəndəsi ilə 17-18 yaşlı tələbələrin estetik maraqlarının bir səhnə fəzasındakı təmasında bütövlük var idi. Ən əsası isə səhnə ilə salon arasında, tamaşa ilə tamaşaçı arasında bütövlük, harmoniya var idi. Səhnədən ötürülən enerji salondakılara sirayət edirdi.

Dərindən fikir verəndə Səməd Vurğunun “Vaqif” dramında dialoqlar səhnədəki qəhrəmanların bir-biri ilə ünsiyyətindən daha çox, şairin tamaşaçıya müraciəti üzərində qurulub. Əsər boyu obrazlarla bərabər şair özü də əsərdə iştirak edir, öz tendensiyasını açıq şəkildə bildirməklə dialoqları müşayiət edir. Dialoqların məzmunu və quruluşu elədir ki, səhnədəki obrazlar yalnız bir-birləri ilə deyil, tamaşaçı ilə də ünsiyyətə cəlb olunurlar. Bunun dramaturgiya sənətkarlığı baxımından müsbət, yaxud mənfi hadisə olması başqa söhbətin predmeti ola bilər. Ancaq işin maraqlı cəhəti budur ki, həm rejissor, həm də ifaçılar bundan bir imkan kimi istifadə etməyi bacarmışdılar. Yəni səhnədəki obrazlar əsər boyu bir-birlərinin üzlərinə baxıb, pafosla deklomasiya oxumur, tamaşaçı ilə birbaşa ünsiyyətə girirdilər, səhnədəki tərəfdaşlarına demək istədiklərini tamaşaçıya yönəldirdilər və bununla mətndəki pafosu əhəmiyyətli şəkildə aradan götürürdülər. Səməd Vurğun poeziyasının qeyri-adi sirayətedici gücü ilə tamaşaçı da əsərin içinə daxil olmağa və səhnədəki dramı yaşamağa təhrik edilirdi.

. Və tamaşaçılar səhnədəkiləri yaşadılar. Bunu qəhərlənmiş üzlərdən, dolmuş gözlərdən oxumaq o qədər də çətin deyildi. Müxtəlif yaşlı tamaşaçıların üzlərindəki oxşar ifadələrdən ayrı-ayrı nəsillərin “Vaqif”də kəsişən zövqlərinin bir-birinə nə qədər doğma olduğunu da aydınca oxumaq olurdu.

Xuraman (Nərminə Xanəliyeva), Vaqif (Cavid Quliyev), Qacar (Elnur Soltanlı), Təlxək (Fərid Kərimov) obrazlarına baxanda aktyorların həvəskar olduqları yada düşmürdü. Heç onların peşəkar olub-olmadıqları da əhəmiyyət daşımırdı: çünki səhnədə diqqəti cəlb edən aktyorlar yox, dolğun obrazlar idi. Nərminə nəfsinə uyub, ər namusuna xəyanət edən, sonradan bunun mənəvi əzabını çəkən Xuramanın daxili tərəddüdlərini yaşından və təcrübəsindən çox-çox qabağa gedən bir ustalıqla yarada bildi. Tamaşada Xuraman sevimli qadın kimi yadda qaldı. Düzü, heç peşəkar səhnədə də belə Xuraman görməmişdim.

Tamaşaya ilkin baxışda universitetin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova (tamaşanın ərsəyə gəlməsində Səhər xanımın misilsiz xidməti var), fakültə dekanı Elçin Məmmədov və mən iştirak edirdik. Hələ səhnə hazır deyildi. Ağakişi müəllimə “Vaqif”lə bağlı xatirə danışmaq istədiyimi bildirdim. “Danışmayın, – dedi. – Yadımda qalmayacaq. İndi beynim səhnə ilə məşğuldur”. Mən də: “Eybi yoxdur, yazaram”, – dedim. Danışacağım xatirə Mustafa Süleymanov barədə idi. Düşünürəm ki, bu günümüzün əsl mədəniyyət hadisəsi olan tamaşa ömrünün sonuna qədər Vaqifi oynamaq növbəsi gözləyən bir aktyorun inadının təsadüf olmadığını bir daha təsdiqləyir: Səməd Vurğunun Molla Pənah Vaqifi mənəvi edamdan – unudulmaqdan xilas edib səhnəyə gətirdiyi “Vaqif” yaddaşımızın ölməz abidəsidir.

Tələbələrin göstərdiyi tamaşa haqqında söhbət bəlkə də hissə qapılmağım kimi qiymətləndirilə bilər. Düşünürəm ki, mənim hissə qapılmağım da tamaşanın möhtəşəm keçdiyinin bir göstəricisidir. Gərək bunu yaddan çıxarmayaq ki, milli teatrımızın tarixi də məktəb səhnəsindən – 1873-cü ildə Bakı realnı gimnaziyasında böyük maarifçi ziyalımız, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ilə onun şagirdi Nəcəf bəy Vəzirovun birgə hazırladıqları tamaşadan başlayır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.