Mühacirət ədəbiyyatı
XX əsrin əvvəllərindən etibarən Azərbaycan Mühacirət ədəbiyyatı tam formalaşmağa başlamışdır. Azərbaycan Mühacirət ədəbiyyatını müxtəlif ictimai-siyasi səbəblərlə bağlı ölkəmizdən ayrı-ayrı xarici ölkələrə gedərək orada yaşamağa məcbur olan yaradıcı qüvvələr formalaşdırmışlar. Bu səbəblər sırasında çar Rusiyasının müstəmləkəçilik siyasətinə əks mövqedə dayanmaq, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarının bolşeviklər tərəfindən təqib edilməsi mühüm yer tutur. İkinci Dünya Müharibəsi zamanı meydana çıxmış əsirlik və sürgünlük həyatı da mühacirət ədəbiyyatının inkişafında müəyyən rol oynamışdır.
Haqqında
Vaqif Sultanlı 1958-ci il martın 26-da Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur. Köhnəbazar kənd orta məktəbini bitirmişdir (1964–1974), Kürdəmir rayon elektrik şəbəkəsində fəhlə işləmişdir (1974–1976). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1981). Əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. Sonra isə ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının aspiranturasında təhsilini davam etdirmişdir. “Azərbaycan dramaturgiyasında xarakter problemi (1970–1980)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1984). Orada müəllim, baş müəllim, dosent işləmişdir (1984–1991). Hazırda Universitetin Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor vəzifəsində işləyir (1999). “Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1997). İctimai fəaliyyətlə ardıcıl məşğul olmuşdur. Ümumdünya Azərbaycanşünaslar Assosiasiyasını təşkil etmiş və onun sədri seçilmişdir (1991). Amerikanın “Azadlıq” və “Azad Avropa” radiostansiyalarının Azərbaycan redaksiyasında ədəbi verilişlər üzrə müxbir işləmişdir (1995–1998). Türkiyədə nəşr edilən “Durnalar” jurnalının Azərbaycan üzrə təmsilçisidir. Polşada (“Xudafərin” –1995), İsveçdə (“Araz” – 1996–1997) nəşr olunan dərgilərin baş redaktoru olmuşdur. Hazırda “Filoloji araşdırmalar toplusu”nun (Bakı –1995-ci ildən), “Dünya azərbaycanlıları” jurnalının (ABŞ – 2000-ci ildən) baş redaktorudur. Kipr-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Qurumunun (Türkiyədə) üzvü seçilmişdir.
Ədəbi yaradıcılığa çox erkən başlasa da “Yovşan ətri” adlı ilk hekayəsi 1980-ci ildə “Azərbaycan qadını” jurnalında nəşr olunmuşdur. Həmin dövrdən başlayaraq hekayələri, tərcümələri, elmi-publisistik məqalələri ilə müntəzəm olaraq mətbuatda çıxış edir. Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” romanını, Sergey Jitomirskinin “Sirakuzlu alim” tarixi povestini, habelə E.Ştritmatter, Y.Haşek, V.Meri, Q.Stopka və başqalarının əsərlərini doğma dilə çevirərək nəşr etdirmişdir. Çoxlu sayda publisistik yazıların, tənqid və ədəbi proseslə bağlı 1000-dən artıq elmi-publisistik məqalənin müəllifidir. Bir sıra əsərləri İranda, Türkiyədə, Ukraynada nəşr olunmuşdur. İstanbulda keçirilən I millətlərarası Azərbaycan türk dərnəkləri qurultayında iştirak etmişdir (1990). 1991-ci ilin avqustunda Edinburq Universitetinin dəvəti ilə Böyük Britaniyada olmuşdur. Sonra bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq konfrans, simpozium və forumlarda iştirak və çıxış etmişdir. H.Zərdabi adına mükafata (1995), Kipr-Balkanlar və Avrasiya Türk Ədəbiyyatları Qurumunun (KİBATEK) Uluslararası Ədəbiyyat ödülünə (2003) layiq görülmüşdür. 2010-cu ilin dekabrında Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin Azərbaycandan üzvü seçilmişdir
Mühacirət ədəbiyyatı
Çoxşaxəli ictimai inkişaf yolu keçmiş, rəngarəng, üslubca, ideyalarla zəngin Azərbaycan ədəbiyyatının tarixində mühacirətdə yaranmış bədii ədəbiyyat nümunələri əhəmiyyətli yer tutur.
Azərbaycan mühacirət ədəbiyyatı zəngin olduğu qədər də qədimdir. Hələ orta əsrlərdə Azərbaycanın görkəmli qələm sahibləri Xətib Təbrizi və İmadəddin Nəsimi Vətəndən kənarda yaşayıb-yaratmışlar.
XX əsrin əvvəllərindən etibarən Azərbaycan Mühacirət ədəbiyyatı tam formalaşmağa başlamışdır. Azərbaycan Mühacirət ədəbiyyatını müxtəlif ictimai-siyasi səbəblərlə bağlı ölkəmizdən ayrı-ayrı xarici ölkələrə gedərək orada yaşamağa məcbur olan yaradıcı qüvvələr formalaşdırmışlar. Bu səbəblər sırasında çar Rusiyasının müstəmləkəçilik siyasətinə əks mövqedə dayanmaq, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarının bolşeviklər tərəfindən təqib edilməsi mühüm yer tutur. İkinci Dünya Müharibəsi zamanı meydana çıxmış əsirlik və sürgünlük həyatı da mühacirət ədəbiyyatının inkişafında müəyyən rol oynamışdır.
Mühacirət ədəbiyyatında vətən həsrəti, qürbət duyğuları, tarixi hadisələrə fərqli ədəbi baxış meylləri qüvvətlidir. Çətin şəraitdə yaranan mühacirət ədəbiyyatı eyni zamanda Azərbaycanı dünyaya tanıtmağa da xidmət etmişdir.
Azərbaycan mühacirət ədəbiyyatı dörd mərhələdə inkişaf etmişdir.
I mərhələ
1909-1910-cu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirməyə başladı və bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli ziyalılarının fəaliyyətinə güclü nəzarət edirdi. Bu səbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk etməyə məcbur oldular. I mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər. Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məmməd Əmin Rəsulzadənin adını çəkmək olar. Qeyd etmək lazımdır ki, İranda yaşadığı müddətdə M.Rəsulzadə Şərqdə ilk Avropa standartlarına uyğun “İrani-novin” qəzetinin nəşrinə başlamışdı. Sonralar Azərbaycanda və Türkiyədə nəşr olunmuş bir sıra əsərlərini də məhz ədib İranda olduğu dövrdə qələmə almışdır. Ə.Hüseynzadə və Ə.Ağaoğlu bu dövrdə İstanbulda yaşayırdılar, “Türk ocağı” və “İttihad və tərəqqi” cəmiyyətlərində fəaliyyət götərirdilər.
II mərhələ
Bu mərhələ sovet hakimiyyətinin ilk illərindən II Dünya Müharibəsinə qədər olan dövrü əhatə edir. Həmin dövrdə bolşeviklər müsavatçılara, ittihadçılara və azad fikirli şəxsiyyətlərə qarşı güclü terror və repressiya tədbirləri həyata keçirirdilər. Bunun nəticəsində bir çox görkəmli ziyalılar Azərbaycanı tərk etdilər. Onların sırasında M.B.Məmmədzadənin, Ə.Yurdsevərin, Ə.Topçubaşovun, Y.V.Çəmənzəminlinin, C. Hacıbəyovun, Ə. Cəfəroğlunun, K.Ödərin, H. Baykaranın, A. İldırımın və başqalarının adlarını çəkmək olar. Bu mərhələdə, Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələri qürbətdə haqsevərlik duyğuları, vətən həsrəti ilə əzab-əziyyətli, acı bir tale yaşamışlar.
Sovet dövründə adları çəkilən şəxsiyyətlər öz vətənlərində vətən, millət xaini elan edilir, onlar haqqında düşmən təsəvvürü yaradılırdı. Sovet mətbuatında müntəzəm olaraq “məktublar” təşkil olunur, onlar “xalq düşməni”, “vətən xaini” damğası ilə “ifşa” edilirdi.
1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına böyük təkan verdi. Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar. “Yeni Qafqasya”, “Azəri-Türk”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “Qurtuluş” kimi jurnallar, “Bildiriş”, “İstiqlal” və s. kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu.
III mərhələ
Bu mərhələnin başlanğıcı II Dünya Müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdür. Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi səbəblər üzündən Vətənə dönə bilməmişdilər. Sovet hökuməti almanlara əsir düşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiklərini zənn edirdi. Ona görə də əsirlikdən Vətənə dönən əsgərlərin bir çoxu ya yenidən sürgün olunur, ya da həbs olunurdular. Onların arasında müharibədən sonra Sovet İttifaqına dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən yazıçılar və şairlər də var idi. Onu da qeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə bu dövrün yaradıcı potensialı o qədər də böyük deyildir. Lakin bütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli də ədəbiyyatımızın inkişafında az iş görməmişdir. Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan “Azərbaycan” qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü. Ən görkəmli nümayəndələri M. Kəngərli, A.Dağlı, S.Təkinər, M.Musazadə və başqaları hesab olunurlar.
IV mərhələ
Qeyd etmək lazımdır ki, bu dövr mühacirət ədəbiyyatının kamilləşməsi üçün müəyyən zamana ehtiyac vardır. Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Qulamhüseyn Saedi, Məhəmmədəli Mahmud, Həmid Nitqi və başqa yazıçı və şairlər İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət etmişdilər. Bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra baş vermişdi. Bununla da Azərbaycan ədəbiyyatında “Cənub mövzusu” yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzu hesab olunur.
“AZƏRBAYCAN MüHACiRƏT NƏSRi”
Azərbaycan mühacirət ədəbiyyatı. Artıq bu anlayış müasir ədəbiyyatşünaslığımızın tərkib hissəsinə daxil olmuşdur. İndi yeni yazılan ədəbiyyat tarixi dərsliklərində də ayrıca “Mühacirət ədəbiyyatı” adlı bölmələr, fəsillər vardı. Ancaq mühacirət ədəbiyyatı deyilən prosesin öz tarixi bu anlayışın tam formalaşmasından çox-çox əvvəllər yaranmışdır. İndi qarşıda o vəzifə durur ki, mühacirət ədəbiyyatı sistemli şəkildə tədqiq olunsun, Azərbaycandan kənarda yaranan , lakin hər sətrində Azərbaycan həqiqətlərini əks etdirən əsərlər təhlil olunsun.Çünki bu əsərlər uzun müddət oxucuların əksəriyyətinə bəlli olmamışdır. Əlbəttə, bu sahədə indiyə kimi müəyyən araşdırmalar aparılıb; Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Şamil Qurbanov, Vaqif Sultanlı, Asif Rüstəmli, Azər Turan, Bədirxan Əhmədov, Aybəniz Kəngərli və b. öz məqalə və monoqrafiyalarında mühacirət ədəbiyyatının ayrı-ayrı nümunələrindən söz açmışlar.
Filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının “Azərbaycan mühacirət nəsri” monoqrafiyasını isə bu problemlə bağlı ilk sistemli elmi tədqiqat işi hesab etmək olar.
Kitaba ön söz yazan akademik Bəkir Nəbiyevin təbirincə desək: “Nikpur Cabbarlı Azərbaycan mühacirətşünaslığında mötəbər söz sahibi olan bir alim kimi tanınmışdır.Azərbaycan, Türkiyə və Almaniyanın müxtəlif arxiv və kitabxanalarında mühafizə edilən kitabların, dövri mətbuatın, əlyazmaların minlərlə saralmış və yıpranmış səhifələrindəki zəruri informasiyaları təfəkkür süzgəcindən keçirib dəyərləndirən bu alim 3 monoqrafiyanın, nüfuzlu elmi nəşrlərdə dərc olunmuş 40-a yaxın orijinal məqalənin müəllifidir”.
Müasir ədəbiyyatşünaslıq üçün çox dəyərli olan bu monoqrafiya mühacirət ədəbiyyatının bir qolunu-nəsr əsərlərini tədqiq edir. Monoqrafiyanın ayrı-ayrı fəsillərinin adlarına diqqət yetirəndə də müəllifin tədqiq etdiyi mövzuya dərindən bələdliyini hiss edirsən: “Azərbaycan mühacirət ədəbiyyatı: elmi-nəzəri statusu və xronoloji sərhədləri”, “Milli istiqlal hərəkatının inikası”, “Azərbaycanlıların soyqırımı ümumbəşəri faciə kimi”, “Totalitar sovet rejiminin ifşası”, “Vətəndaş cəmiyyəti probleminin bədii-fəlsəfi dərki”, “Atatürkün bədii-sənədli obrazı”. Göründüyü kimi, mühacirət nəsrində əhatə olunan problemlər çoxşaxəlidir.
Nikpur Cabbarlı ilk növbədə diqqəti “mühacir və mühacirət” sözlərinin mənasına yönəldir. Yazır ki: “. mühacirət dedikdə siyasi, iqtisadi, dini və s. motivlərlə könüllü, yaxud məcburi olaraq vətəni tərk edib, xarici ölkəyə köçmək və orada məskunlaşıb yaşamaq başa düşülür. ” Daha sonra Azərbaycanın XX əsr tarixində baş verən siyasi mühacirətlərin səbəblərini izah edir. Mühacirətşünaslığın müstəqil bir elm sahəsi kimi öyrənilməsi tarixini də müəyyənləşdirib bunu Mirzə Bala Məhəmmədzadənin xidmətləri ilə bağlayır.
Kimlər mühacir sayılır, hansı əsərləri mühacirət ədəbiyyatının nümunələri kimi qəbul etmək olar? Kitabın başlıca məğzini ifadə edən bölgülər bunlardır:
A) Vətəndəki quruluşa və qayda-qanuna münasibətdə açıq müxalifət mövqeyində dura bilir;
B) Hər zaman, heç olmasa, zəif də olsa, nostalgiyanın acısını ifadə edir;
C) Vətən mühiti ilə bilavasitə deyil. Yaddaş vasitəsi ilə bağlıdır və mənsub olduğu xalqın çağdaş həyatından zaman və məkan baxımından ayrı düşmüşdür;
Ç) Vətəndəki tarixi dəyişiklikləri öncədən duyur və kəskin hiss edir;
D) İkidilliliyə və ikimədəniyyətliliyə (məs: V.Nabokovun yaradıcılığı), yaxud ən azı bir dili digər dillə və ya doğma (milli) mədəniyyəti yaşadığı ölkənin mədəniyyəti ilə zənginləşdirməyə meyllidir;
E) Vətəni həm daxildən, həm də xaricdən görür (çıxış və yeni sığınacaq nöqtələrindən dünyanın miqyaslı görünüşü);
Ə) Ölkələr, xalqlar, mədəniyyətlər arasında körpü salır. (Qeyd edək ki, N.Cabbarlı bu bölgünü görkəmli rus alimi Yuri Borevin təsnifatından əxz etmişdir).
N.Cabbarlı yazır: “Azərbaycan mühacirət ədəbiyyatı XX əsr hadisəsidir. Bir qədər də konkretləşdirsək, bu ədəbiyyatın xronoloci sərhədləri 1920-1991-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan Azərbaycan Respublikasının müstəqilliyinin bərpasına qədər olan dövrü əhatə edir”.
Əlbəttə, Azərbaycan mühacirət ədəbiyyatı Azərbaycançılıq ideologiyasına əsaslanır və milliyyətçi, türkçü, vətənçi, istiqlalçı, xalqçı, hürriyyətçi və cümhuriyyətçi bir ədəbiyyatdır. Nikpur Cabbarlının tədqiqatında məhz bu başlanğıc nöqtə onun bütün fikir və mülahizələrinin başlıca trayektoriyasını müəyyənləşdirir. Mühacirət nəsrini kimlər və hansı əsərlər təşkil edir. Mən istəyirəm ki, oxucuların əksəriyyətinin tanış olmadığı əsərləri, onların müəlliflərini sizə tanıdım. Əlbəttə, N.Cabbarlının tədqiqatına istinad edərək.
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ. Onun “Qəzetəçi Seyyid” hekayəsi həyatını milli istiqlal hərəkatına həsr etmiş bir insandan-qəzetəçi Seyyiddən söz açır. “Heç bir mükafat və işrət bəkləməyən həqiqi xalq vətənpərvəri”-qəzetəçm Seyyid 1920-ci il 27 aprel işğalından sonra bolşeviklər tərəfindən “qurşuna düzülür”.
FUAD ƏMİRCAN. “İntiqam alan kölgə” hekayəsində Azərbaycanın müxtəlif bölgələrində qızıl istilaya qarşı baş verən çoxsaylı üsyanlardan birinin-Zaqatala üsyanın təsviri öz əksini tapmışdır. Əsərin qəhrəmanı Murad düşmənə əsir düşməkdənsə, şərəfli ölümü intixab edir.
MİRZƏ BALA MƏHƏMMƏDZADƏ. “Vətən qaldı. ” hekayəsində müəllif mühacirətdə yaşayan bir həmyerlisinin (Rəşidin) Vətəndə baş verən hadisələrlə maraqlandığını təsvir edir. Məlum olur ki, istiqlal mücahidlərinin əksəriyyəti ya öldürülmüş, ya da yerləri bəlli deyil.
NAĞI ŞEYXZAMANLI. “Azərbaycan istiqlal mücadiləsi xatirələri” bəddi-sənədli əsərində Xalq Cümhuriyyətinin süqutuna qədər bir dönəmdə ən mühüm hadisələri əks etdirir. (Yeri gəlmişkən qeyd edək ki, N.Cabbarlı haqqında söz açdığı əsərlərin müəlliflərinin də tərcümeyi-halını, aqibətini unutmur. Məsələn,Nağı Şeyxzamanlı Müsavtın Gəncə təşkilatının yaradılmasında böyük rol oynamışdır. O, 1918-ci ilin əvvəllərində Gəncə Milli Komitəsinin nümayəndə heyəti ilə İstanbula gedərək, Osmanlı dövlətinin Azərbaycana hərbi yardım göstərməsi üçün uğurlu danışıqlar aparmışdı . Nağı Şeyxzamanlı 1919-cu ilin avqustundan 1920-ci ilin 27 aprelinədək Azərbaycan Milli Təhlükəsizlik təşkilatının rəisi vəzifəsində çalışmış, işğaldan sonra Türkiyəyə mühacirət etmiş, 1967-ci ildə orada vəfat etmişdir.-səh. 52).
MƏHƏMMƏD ALTUNBAY. “Hürriyyətə uçan türk” xatirələrimndə müəllif uşaqlıq dövrü xatirələrini qələmə almış, 1920-ci il Gəncə üsyanından söz açmışdır.
B.E. AĞAOĞLU. “Solovkidə gördüklərim” əsərində müəllif bolşevik rejiminin mənfurluğunu tənqid edir. Bu əsər tədqiqatçının qeyd etdiyi kimi, “Azərbaycan davası”nın sürgün cəbhəsi barədə şəxsi müşahidələr əsasında yazılmışdır. Solovki məhbusları vətənlərin azadlığı, millətlərinin istiqlalı uğrunda bolşevik rejiminə qarşı mücadilə yürüdən və məhz buna görə də ukraynadan, Türküstandan, Qafqazdan, Krımdan, Tatarıstan və Başqırdıstandan bu “buzlu cəhənnəmə” sürgün edilən insanlar-alimlər, ədiblər, şairlər, jurnalistlər, mühəndislər, həkimlər, müəllimlər, zabitlər, vəkillər, kəndlilər və fəhlələrdir (səh. 79).
ABAY DAĞLI. “Onlar türklərdi” əsərində müəllif Sibirə sürgün edilən türklərin taleyindən söz açır. (Yeri gəlmişkən qeyd edək ki, N.Cabbarlı mühacirətdə yaşayan bu yazıçı haqqında ayrıca bir monoqrafiya da yazmışdır.
Heç şübhəsiz, Azərbaycan mühacirət nəsri içərisində MƏHƏMMƏD ƏMİN RƏSULZADƏnin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” əsəri mühüm yer tutur. Tədqiqatçı yazır: “M.Ə.Rəsulzadə əsərin ön sözündə, Stalini bütün yönləri ilə təsvir etmək, onunla bağlı həqiqətləri təkrarlamaq niyyəti olmadığını nəzərə çarpdırır. Çünki “ən qorxunc rus çarlarına nəsib olmayan bir iqtidarla otuz ilə yaxın bir müddətdə sovet imperatorluğundakı iki yüz milyon insanın müqəddəratına hökm verən, yer kürəsinin üçdə birini kontrolu altına almış, bütün dinləri inkar edən kommunist dininin bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir rejimin ən böyük müməssili Stalini. Onun necə bir demaqoq, bir diplomat, bir diktator və necə bir terrorist, bir generalissimus, Fironlara, Neronlara, Çingizlərə rəhmət oxutduran bir tiran, bir qızıl çar olduğunu hürr millətlər cəmiyyətində bilməyən kimsə yoxdur”.
Tədqiqatçı bu əsərin janrı ilə bağlı mübahisələrə də öz münasibətini bildirir. Yazır ki: “Stalinlə ixtilal xatirələri” memuar ədəbiyyatının kamil bir nümunəsidir.
Stalini yaxından müşahidə edən M.Ə.Rəsulzadənin bir müqayisəsi son dərəcə maraqlıdır. O, Stalinlə İvan Qroznı arasında bənzərlikdən söz açır. Bu qəddar rus çarı Stalinin dünyagörüşündə dərin iz buraxmışdı. Stalinə görə “Müdhiş İvan da bir növ, inqilabçı idi”. Stalinin Rəsulzadəyə söylədikləri də bu fikri təsdiq edir: “-Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz; bir çox adamı birdən öldürməli ki, kütləvi bir təsiri olsun, dedi və əlavə etdi: Biz tərbiyə etmək üçün xalqı kütlə halında təlim edəriz, bu təlimatımıza kolayca uymaları üçün onları icabında kütlə halında tədib edəriz” (səh. 95-96).
ƏHMƏD AĞAOĞLUnun “Sərbəst insanlar ölkəsində” əsərindən söz açan tədqiqatçı onu fəlsəfi bir əsər adlandırır, ayrı-ayrı müəlliflərin əsərlə bağlı fikir və mülahizələrinə də münasibətini bildirir (Qeyd edək ki, Nikpur Cabbarlı öz əsərində müəlliflərə tez-tez istinad edir və bu cəhət, qətiyyən onun monoqrafiyasının əhəmiyyətini azaltmır, ədəbiyyatşünas üçün bu, vacib və zəruri bir keyfiyyətdir ki, bizim bütün qüdrətli ədəbiyyatşünaslarımız bu üsula əl atmışlar. Çünki istənilən bir əsərlə bağlı çoxlu mübahisələr olur və bu məqamda sənin hansı mövqedən çıxış etməyin vacibdir).
N.Cabbarlı yazır ki, “Sərbəst insanlar ölkəsində” əsəri M.F.Axundzadənin “Kəmalüddövlə məktubları” əsərini xatırladır. Hər iki əsər, müəlliflərinin fəlsəfi, siyasi, sosioloji baxışlarının bədii ifadəsi kimi, ədəbiyyatşünaslarla yanaşı, filosof və sosioloqların da araşdırmalarının predmeti olmuşdur (səh. 101).
Tədqiqatda bir fəsil də Atatürkün bədii -sənədli obrazının Azərbaycan mühacirət nəsrində işıqlandırılmasına həsr olunmuşdur. Burada müəllif, Əhməd Ağaoğlunun “Sərbəst Firqə xatirələri” əsərindən söz açır. Bu xatirələrdə Atatürkün canlı obrazının konturları əks olunmuşdur. Təkcə Atatürkün deyil, o zamankı türk cəmiyyətinin, Atatürkün dostlarının və düşmənlərinin obrazları da göstərilən əsərdə öz təcəssümünü tapıb.
Təbii ki, Nikpur Cabbarlının “Azərbaycan mühacirət nəsri” monoqrafiyası haqqında yalnız müəyyən təsəvvür yarada bildik. Biz də o fikrə şərik oluruq ki: “Araşdırmaya cəlb olunan bədii örnəklər yalnız ideoloji-siyasi tutumu ilə deyil, bədii-estetik dəyəri ilə də milli ədəbiyyatımızın “qızıl fondu”na daxil olmuşdur. Azərbaycan milli hərəkatının müxtəlif mərhələlərinin ən önəmli hadisələri ədəbiyyatımızda ilk dəfə məhz M.Ə.Rəsulzadənin, Ə.Ağaoğlunun, M.B.Məhəmmədzadənin, F.Əmircanın, Ə.Yurdsevərin əsərlərində canlandırılmış, istiqlal mücahidləmizin dolğun bədii obrazları da ilk dəfə bu əsərlərdə yaradılmışdır. Ona görə də bir ədəbiyyatşünas kimi mənim təklifim budur ki, Nikpur Cabbarlının bu monoqrafiyası heç bir düzəliş olmadan yeni yaradılan ədəbiyyat tarixi dərsliklərində yer tutsun.
Comments are closed, but trackbacks and pingbacks are open.